"Əbubəkr" məscidi haqqında təəssüratlarım Əkrəm Həsənov




Yüklə 33.39 Kb.
tarix26.04.2016
ölçüsü33.39 Kb.
“Əbubəkr” məscidi haqqında təəssüratlarım

Əkrəm Həsənov


Bismillah. Mənim dediklərim qəlbində insanlıq və mehribanlıq olan, ədalət sahibi insanların fayda əldə edəcəyi, təcrübəmə əsasən dediklərim sözlər olacaq. Qəlbində heç bir islam məzhəbinə və heç bir məscidə qarşı kini olmayan insanlar sözlərimdən fayda əldə edəcəklər. Bu barədə bizi yaradan Allah belə buyurmuşdur: “O kəslər ki, sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!” (əz-Zumər (Zümrələr) surəsi, 18). Allah təala buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət (Müfəssəl izah edilmiş) surəsi, 34). Yazılarımı oxuyan hər bir kəsə ədalətli olmağı arzu edirəm. Mən Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinin məzunuyam. 2004-cü ildə fakultəni bitirmişəm. Bizə orada islam dinini geniş şəkildə öyrədiblər. Əsasən müəllimlərimiz Türkiyədən gələn ilahiyyatçıar olublar və həqiqətən də bildikləri və bacardıqları qədər bizə islamı öyrədiblər. İslam dininin bir çox qayda-qanunları var və bunun öyrənilməsi həqiqətən də vacib olduğu qədər də çətindir. Çünki əsl islam dininində məsələlər çoxdur və bu məsələlərin öyrənilməsi ayrıca xüsusi bir təhsil almağın vacibliyini özündə birləşdirir. Biz demək olar ki, türk müəllimlərimizin də dediyi kimi islami elmlərin açarını əlimizə aldıq. Lakin içəri girmək üçün bizə hələ də şərait yaradılmadı. Şərait də budur ki, biz fakultəni bitirdikdən sonra hərəmiz müəyyən yerlərə dağıldıq. Bir iş olaraq bizim sahədə heç bir idarə və təşkilat olmadı. Biz məscidləri tanıdıq, doğru, düzgün dinin əsaslarını öyrəndik. Biz öyrənməklə yanaşı praktik olaraq öyrəndiklərimizi həyata keçirməyə başladıq. Azərbaycanda fəaliyyət göstərən bütün məscidləri, ibadət ocaqlarını, hətta dinlər tarixini öyrəndiyimizə görə kilsələri də praktik şəkildə gəzib gördük. Biz tələbəlik illərində əsasən İlahiyyat fakultəsinin məscidinə gedib namazlarımızı qılırdıq. Fakultəmizə yaxın olduğu üçün biz o məscidə bir az daha çox gedirdik. Bəzən elə vaxtlar olurdu ki, biz Cəfəri məzhəbindən olan müsəlman şiyə qardaşlarımızın məscidlərinə də gedirdik. Amma biz əsasən oxuduqlarımızla və islam dini ilə müqayisə edəndə, aramızda hansı məscidin daha təmiz və daha islama uyğun olduğunun müzakirəsini aparırdıq. Əsasən biz şiyə məscidinə gedəndə orada camaat namazlarında iştirak edirdik. Baxırdıq ki, məsələn camaat namazına qatılırsan, onlarla bərabər səcdəyə gedirsən və rükudan qalxırsan. Amma birdən hamının dilindən islama uyğun olmayan xor səs gəlirdi və bəzən namazımıza mane olduğunu görürdük. Şiyə qardaşlarımız namazın müəyyən hissələrində uca səslə, hamısı birdən Peyğəmbərə (s.ə.s) salavat oxuyurdular. Halbuki namaz vaxtı Peyğəmbərə salavat ancaq 2-ci rəkatın təşəhhüdündən sonra və son rəkatların təşəhhüdündən sonra oxunmalıdır və sakit bir səslə oxunmalıdır. Heç bir səhih hədisdə bu cür varid olmamışdır. Hətta bir neçə dəfə biz əli bağlı namaz qıldığımız üçün də söz eşitmişik. Amma biz İlahiyyatda oxumuşduq və müəllimlərimiz türklər idi, bizə Hənəfi məzhəbinə uyğun mamazı tədris edirdilər, sonra bizə deyirdilər ki, biz bunu sizə öyrədirik, amma özünüz daha geniş oxuyun, hədislərə, alimlərin kitablarına baxın. Bu illər ərzində dini cəhətdən savadı olmayan insanlar tərəfindən “vəhhabi” adlandırılan məscidə də gedirdik. Oranın abu-havası daha fərqli idi. Orada insanlar daha mülayim, daha gülərüz, daha mehriban idi. Orada namaz sakit qılınırdı. Orada bir müsəlman digərinə əziyyət verimirdi. Əgər kimsə bir səhv edirdisə ona çox mülayim, çox yaxın yaxınlaşıb səhvini düzəldirdi. Mən hələ heç bir məsciddə görməmişəm ki, ibadət zamanı səhvim olanda mənə yanımda olan biri desin ki, bax qardaş sən namazın bu yerini səhv etdin. Bunu həqiqətən də nə şiyə məscidlərində, nə də digər İlahiyyat fakultələri üçün tikilən məscidlərdə bizə demirdilər. Bir dəfə hələ ilk dəfə “Əbubəkr” məscidinə gedəndə, camaatla namaz qıldım və qurtaran kimi, mənimlə bərabər yanımda namaz qılanlardan biri mənə dedi ki, qardaş sən namazda qollarını yerə qoyursan, çalış belə etmə. Bununla bağlı hətta mənə hədis də dedi. Mən səhvimin olduğunu mənə xatırlayan insana nə deyəcəyimi bilmədim. Ona çox təşəkkür etdim. “Əbubəkr” məscidi haqqında kənarda bəzi sözlər eşidirdim. Bir neçə dəfə qrup yoldaşlarımla həmin məsciddən söhbət düşmüşdü. Onlardan bəziləri qeyd edirdi ki, həmin məsciddə pul paylayırlar və xüsusi ilə həmin pulu yalnız orada olan əməkdaşlar əldə edə bilir. Məni bu sözlər narahat edirdi. Bunun həqiqətmi, yalanmı olduğunu bilmək istəyirdim. Amma özümdə bu sözlərə inanıb həmin məscidə getmirdim. Mənim bibim həmin məscidin yanında qalırdı və o da mənə həmin məscidin vəhhabi məscidi olduğunu deyirdi. Mən həqiqətən də məscidin nə insanlarını, nə də iş metodunu biliridm. Qənaətə gəlmişdim ki, bir dəfə həmin məscidə gedəcəm. Mən həmin məscidə gedəsi oldum. İlk dəfə bibimgildə olanda məsciddən Azan səsi gəldi. Azan çox xoşuma gəldi. Qərara gəldim ki, həmin məscidə gedim. Mən qorxurdum. Çünki oranın insanları barədə mənə elə təsəvvür yaratmışdılar ki, hamısı vəhhabi, silahları, sursatları, padvalda gizlin tankları və s. avadanlıqları var. Mən şalvarımız uzun və saqqalımın olmamaı üçün təlaş edirdim. Düşünürdüm ki, mənə tənə edəcəklər. Yaxud da mənə qarşı xoşagəlməz nəzərlərlə baxacaqlar. Digər tərəfdən də qorxurdum ki, mənə qarşı hörmətsizlik edəcəklər. Bütün bu fikirləri məndə yaradan dini cəhətdan savadı olmayan cəmiyyətimiz idi. Buna görə mənim bu yazılarımı oxuyan müsəlman bacı və qardaşlarım haqqlarını halal etsinlər. Çünki ilk məscidə daxil olmağım, insanların üzümə xoş baxması, məscid sakinlərinin mənə münasibəti adi bir hal kimi keçdi. Bununla mən həmişə yolum bibimgilə düşəndə həmin məscidə gedirdim. Hər dəfə məscidə gedəndə həqiqətən də səhvlərimi düzəldirdim və İlahiyyat fakultəsini oxumağıma baxmayaraq hələ də dini cəhətdən nə qədər çox şeyləri bilmədiyimi dərk edirdim. Məscidə daxil olanda qəlbimə rahatlıq gəlirdi. Digər məscidlərə daxil olanda məscidin bəzəkləri insanı Allahı xatırlamaqdan yayındırır. Amma “Əbubakr” məscidinə daxil olanda yalnız bir şey düşünürdün. Yalnız Allaha yönəlməli və yalnız Allahdan kömək istəməlisən. Allah peyğəmbərləri də bunun üçün göndərdi. Həqiqətən də mən namazımı qılıb dərhal çıxırdım, çünki məscid barəsinə eşitdiklərim məni həm qorxudurdu, həm də diqqətimi cəlb etmişdi. Nəhayət mən bir neçə dəfə məscidə getdim və demək olar ki, məscid sakinlərini tanımağa başladım. Amma mən məsciddə müsəlmanların bir yerə toplaşmalarını görürdüm. Cəmiyyətdə danışılan sözlər məni narahat edirdi. Həm də qorxurdum ki, hansısa bu müsəlmanların toplandığı yerə gedəm, məni rədd edərlər. Qorxurdum ki, mənə deyələr ki, sən bura nəyə gəlirsən, bəlkə bizim gizlin söhbətlərimiz var. Beləliklə bütün qəlbimdə olan bu şübhələri araşdırmaq üçün, həmçinin cəmiyyətin sözlərini dəqiqləşdirmək üçün bir gün toplantının birinə qatılmaq qərarına gəldim. Namaz bitəndən sonra bir az gözlədim. Mütləq toplanacaqlarını fikirləşirdim. Doğrudan da namazdan sonra mən əllərimi açıb Allaha dua etməyə başladım, duamı qurtardım və 7-8 nəfərlik bir müsəlmanın toplandığını gördüm, məndə qərara gəldim ki, onların yanında oturacağam. Oturanda baxdım ki, bu müsəlman qardaşlar ərəb-dilini öyrənirlər. Onlara dərsi orada yaşlı bir müsəlman qardaş keçirdi. Çox maraqla dərsi sona qədər izlədim. Ərəb-dilini öyrənirdilər. Sonra bir dəfə də yolum məscidə düşəndə fərz namazdan sonra dərhal müsəlman qardaşların məscidin aşağısına endiklərini gördüm, məndə bu izdihama qatılıb məscidin padvalına endim. Orada nə olduğunu indi yazacam. Cəmiyyətin dediyi tank, qumbara və s. heç nə yox idi. Məscidin dirəkləri və Qurani Kərim kitabları var idi. Məscidin yuxarısından fərqli olaraq aşağısında tən ortadan qara çadır çəkilmişdi. Bunun nə olduğunu bilmirdim. Sonradan bildim ki, orada da müsəlman xanımlar olurmuş. Sonra yuxarıdan namazlarını bitirib aşağı düşən qardaşların sayı çoxalırdı. Mənim üçün də maraqlı idi. Onların nə üçün toplandığını bilmək istəyirdim. Heç kimdən cürət edib soruşmurdum. Həm də fikirləşirdim ki, ən yaxşısı özüm görüm sona qədər nə olacaq. İzdiham artırdı. Demək olar ki, məscidi tanıyanlar bilirlər aşağı dolmuşdu. Qapının ağzına qədər dolu idi. Sonra dedilər Qamət gəlir. İlk dəfə onda gördüm Qamət qardaşımızı. Allah onu qorusun və ona kömək dursun. Amin! Qamət gəldi və Quranın təfsirini oxumağa başladı. O, oxuyur və izah edirdi. Mən İlahiyyat fakultəsində təfsirlə bağlı dərslər keçmişəm. Yəni Təfsir elminin nə olduğunu bilirəm. Qamət qardaş əsl təfsir elminə uyğun olaraq Quranı toplanan müsəlmanlara izah edirdi. Ərəb-dilində oxuyur və təfsirini də ərəbcə oxuyub tərcümə edirdi. Qamət Süleymanov insanlara Allahdan qorxmağı tövsiyyə edirdi, ata-anaya yaxşılıq etməyi bildiridi. Dövlətə, xüsusi ilə Prezidentə qarşı çıxmağı qadağan edirdi. Buyururdu ki, bütün alimlər deyiblər ki, sizin ölkənin başçısı kimdirsə ona tabe olmalısınız. Onun ölkədə qoyduğu qayda-qanunlara riayət etməlisiniz. Mən sona qədər dinlədim. Onun dəvəti mənə yaxşı təsir göstərirdi. Dövlət əleyhinə, valideyn əleyhinə, qohum-əqrəba əleyhinə, digər məzhəblər əleyhinə olmamağı, əksinə, dövlətə qarşı itaətkar olmağı, valideynlərinə yaxşı baxmağı, qohum-əqrəbalarla əlaqəni yaxşı tutmağı camaata nəsihət edirdi. Mən onun bir çox dərslərini və xütbələrini dinləmişəm. O heç kimin əleyhinə, heç bir məzhəbin əleyhinə heç nə demirdi. O, yalnız bir qrup gəncin məsciddən uzaqlaşıb, camaat namazlarına gəlməyən, Cümə namazlarına gəlməyən, orada-burada toplaşıb dövlət əleyhinə danışan gənclərə nəsihət edirdi. Onlara deyirdi ki, sizin yolunuz doğru deyil. Çünki o fikirdə olan təkfirçi gənclər müsəlman kütləyə kafir deyir, hətta məscidə gəlib namaz qılanlara və onlara kafir deməyənlərə də kafir deyirdilər. Bu əlbəttə təhlükədən xəbər verir. Çünki bu cür gənclər gələcək xalqımızın düşmənləridir. Onlar indidən bu islamı yeni-yeni öyrənən xalqa kafir deyib sabah partlayış və fitnə törədən gənclərdir. Allah təala onların şərrindən bizim millətimizi, dövlətimizi və hər birimizi qorusun. Amin! Hər bir vicadanı olan kəs məsciddə keçirilən dərsləri dinləyə bilər. Çünki orada keçirilən hər bir yığıncaq və dərs hamı tərəfindən qeyd olunub yazılırdı. Xüsusi ilə indi vurğulamaq istərdim ki, müsəlman dükanlarında məsciddə keçirilən bütün dərslər kasetlərdə, disklərdə və dvd-lərdə vardır. Buyurun zəhmət olmasa alıb dinləyin. Mən bunu bilmirdim. Sadəcə həmin dərsdə baxdım ki, Qamət Süleymanovun səslərini yazılar. Hətta Qamətin yaxasında çoxlu səs yazan şunurlar var idi. Həmin gün sona qədər dərsdə oturdum.

Sonra hər dəfə yolum düşəndə Cümə namazını da orada qılırdım. Bizim fakultədə Cümə xütbəsini 3-5 dəqiqəlik verirdilərsə, orada 20-30 dəqiqəlik camaata islam dininin əsasları xütbə vasitəsi ilə çatdırılırdı. Əgər bu barədə məlumatı olan yoxdursa Cümə xütbəsinin kasetlərini və dərslərini məscidin yanında fəaliyyət göstərən islam dükanlarından alıb dinləyə bilərlər. Cümə namazında izdihamdan məscidin qarşısında dayanmağa yer olmurdu. Bəlkə də bütün bunlar kiminsə paxıllıq hisslərini qıcıqlandırıb bu məscidə qarşı hədsiz dərəcədə cəfəngiyyat sözlər danışılmasına gətirib çıxarıb. Bəlkə də bilməyənlər bilmədikləri məsələlərdən danışırlar. Allah təala Qurani Kərimdə buyurur ki; “Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz (bu aydındır) Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz?! Əlbəttə, (həqiqəti) Allah bilir, siz bilməzsiniz!” (Ali-İmran (İmran ailəsi) surəsi, 66). Mən bütün yazarları Allahın bu ayəsini oxumalarını və Allahdan qorxmalarını nəsihət edirəm. Bilmədikləri məsələlərdən, xüsusi ilə əgər həmin məsələ şəriətə aiddirsə danışmamalrı daha gözəldir. Həmçinin bütün jurnalistlərə Allahın bu ayəsini xatırladıram, Allah təala buyurur ki: “(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qular, göz və ürək–bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır” (əl-İsra (gecə vaxtı seyr) və ya Bəni–İsrail (İsrail oğulları) surəsi, 36). Bunlar Allahın sözləridir. Əziz xalqımız, dəyərli jurnalistlərimiz, Allahın ayələrinə qarşı tutumlu, itaətkar və hörmətlə yanaşmalıyıq. Buna görə məsuliyyət daşıyırıq. Allah təala buyurur: “Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyandır!” (əl-Ənam (Davar) surəsi, 119). Buna bənzər ayələr çoxdur.



Sonra yenə hər dəfə yolum düşəndə çalışırdım ki, namazı məsciddə qılam. Çünki məscid Allahın evidir və Allaha ibadət etmək üçündür. Allah təala məsciddə ibadət etmək haqqında buyurur: “Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!” (əl-Cinn (Cinlər) surəsi, 18). Məscidin böyük bir ibadətgah olduğu Allah təala tərəfindən bizə bildirilmişdir. Allah təala buyurmuşdur: “- Allahın məscidlərində Onun (Allahın) adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə (dağılmasına) çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!” (əl-Bəqərə (İnək) surəsi, 114). Allah təala məscid əhlini qorumuşdur və onlara üstünlük vermişdir. Əgər məscidə qarşı haqsızlıq olarsa, bu haqsızlığın qarşısı alınmalıdır və hər bir Allah bəndəsi məscidə qarşı olan haqsızlığın qarşısını kəsməlidir, bu barədə Allah təala buyurmuşdur: “O kəslər ki, haqsız yerə, ancaq “Rəbbimiz Allahdır” - dediklərinə görə yurdlarından (Məkkədən) çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (əl-Həcc (Həcc) surəsi, 40). Biz hər birimiz bacardığımız qədər məscidlərə qarşı hörmətli davranmalı, məscid düşmənləri ilə mübarizə aparmalıyıq. Mən bunları “Əbubəkr” məscidinə qarşı olan haqsızlığa görə qeyd etdim. Mən “Əbubəkr” məscidinə təzə gedən vaxtlar məsciddə keçirilən dərslərin vaxtını öyrənmək istəyirdim. Lakin cəmiyyətin vəhhabi sözünü yenə eşidirdim. Düşünürdüm ki, görəsən niyə vəhhabi deyirlər. Axı mən Bakı Dövlət Universitetində, İlahiyyat fakultəsində 5 il təhsil almışam, Diplom müdafiəsində Vasim Məmmədəliyev, Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, bizim Türkiyədən gələn İlahiyyatçı müəllimlər, Türkiyə Diyanət Vəqfinin Azərbaycandakı təmsilçisi və s. rəsmi alimlər mənə yaxşı qiymət veriblər. Həqiqətən də müdafiədə də əla qiymət aldım. Biz hamımız dövlətin yetişdirmələriyik. Biz orada 5 il “Məzhəblər Tarixini” öyrəndik, amma bizim cəmiyyətin ad verdiyi “Vəhhabi Təriqətini” eşitmədim. Mənə maraqlıdır bunu niyə edirlər. Bunu kimlər sifariş edir ki, məzhəblər tarixində, islam məzhəbində yeni məzhəb icad etsinlər, özü də indi icad etsinlər. Bunu bizim xalqın düşmənlərimi edir. Bizim xalqın bir-birinə qarşı olmasını istəyənlərmi edir, yoxsa dini bilmədiklərindən, məzhəbi tanımadıqlarından ötərimi belə edirlər? Əgər bunu Məhəmməd bin Ədülvəhhaba bağlı olaraq edirlərsə, onda xahiş edirəm bu barədə dissertasiya işi yazılmışdır, oxusunlar. İslam tarixində “Vəhhabi Təriqəti” adlı təriqət yoxdur. Bunu xüsusi ilə işlədənlər dini cəhətdən savadı olmayan jurnalistlərdir. Dövlətin bu məsələ barəsində qərar qəbul etməsi lazımdır. Orta məktəblərdə olmasa da ali məktəblərdə dini dərslər tədris olunmalıdır. Bu dərslər xüsusi olaraq seçmə fənn kimi də salına bilər. Əmin olun ki, gənclərimiz dini öyrənmək üçün cəhd edirlər. Bununla bağlı dövlət proqramı hazırlanmalıdır. Ali təhsil almış bir jurnalist dinin nə olduğunu, xüsusi ilə islam təriqətlərini öyrənməlidir. Belə olmasa cəmiyyətdə insanları bir-birinə qarşı qoyan jurnalistlər də olacaq, dini savadı olmayan xalq da jurnalistlərin dediyi kimi deyəcəklər. Mən hər bir kəsə bu məsələ barədə ölçü götürmələrini xahiş edirəm. Bizim güclü dövlətimiz, hörmətli, alicənab Prezidentimiz, məscidə bağlı olan, qəlbində Allah qorxusu olan, mənəviyyatımızı, dinimizi öyrənən gənclərimiz var. Bunun üçün məscidlərimiz fəaliyyət göstərməlidir. Heç bir məscidi bağlamaq olmaz. Heç bir məscid haqqında yalan danışmaq olmaz. Çünki məscidlərin hamısı Allaha aiddir. Allaha aid olan bir evi dağıtmaq böyük cinayətdir. Mən bütün məscidlərə yolum düşəndə gedib namaz qılıram. Heç bir məsciddə heç bir haqsızlıq görməmişəm. Amma yadımdadır bir dəfə İlahiyyat məscidində mənim paltarımı, cibimdə pul, telefon oğurlamışdılar. Məndə buna görə məscidə qarşı soyuqluq olmayıb. Mən arzu edirəm ki, bütün məscidlərimizin qapısı açılsın. Gənclər təlim-tərbiyə və Allah qorxusunu məscidlərdə öyrənməyə davam etsinlər. Məscidin düşmənləri isə məhv olsunlar. Amin! Amin! Amin!

Mənim yazılarımdan heç bir şəxs inciməsin. Buna əmin olsun ki, İlahiyyatçı, xüsusi ilə əgər onu dövlət yetişdiribsə xalqın içərisində olan çatışmamazlığı deməlidir. Cəmiyyət, kütləvi informasiya vasitəsləri bu işə ciddi yanaşmalıdırlar. Cəmiyyətdə sakitlik və rifah yaradılmalıdır. Allahdan hamımızın bağışlanmağını və xeyirli aqibətə qovuşmamızı istəyirəm. Salam Aleykum Va Rahmatullahi Va Barakatuhu.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə