Əbdürrəhmanov Fuad Həsən oğlu




Yüklə 7.68 Kb.
tarix27.02.2016
ölçüsü7.68 Kb.
Əbdürrəhmanov Fuad Həsən oğlu

Əbdürrəhmanov Fuad Həsən oğlu  11 may 1915-ci ildə Nuxa, indiki Şəki şəhərində anadan olmuşdur.

Azərbaycan heykəltəraşı, Azərbaycan heykəltəraşlığının banilərindən biri. Azərbaycan xalq rəssamı (1956).

Azərbaycan əməkdar incəsənət xadimi (1943). SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1949). Azərbaycan Dövlət mükafatı laureatı (1947, 1951).

Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1929–32) və İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Me‘marlıq İnstitutunda (1935-39) oxumuşdur.

Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlamış, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Ə. B. Haqverdiyev, M. F. Axundov, Ü. Hacıbəyov, A. Zeynallı və b.), həmçinin «Atıcı» (1934), «Gənc aşıq» (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami ad. Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaratmışdır. Sovet İttifaqı Qəhrəmanları G. Əsədovun, İ.Məmmədovun, Q. Məmmədovun, Böyük Vətən müharibəsi qəhrəmanı H. Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

Əbdürrəhmanov mahir portret ustası kimi tanınmışdır. S. Bəhlulzadə (1947), R. Mustafayev (1947), H. Aslanov (qəbirüstü abidə, 1949), B. Bağırova (1951), S. Vurğun (1957), kubalı Xesus (1962) və b.-nın portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.

Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltəraşlıq mühüm yer tutmuşdur. Nizaminin Gəncədə və Bakıdakı abidələri (hər ikisi tunc, qranit, 1946, 1949; memarlar S. Dadaşov və M. Hüseynov), Bakıda S. Vurğunun abidəsi (tunc, qranit, 1961, me-mar M. Hüseynov) və s. əsərləri Azərbaycan monumental heykəltəraşlığının ən yaxşı nümunələrindəndir. 1950-1960-cı illərdə yaratdığı «Çoban» (gips, 1950, Azərbaycan İncəsənət Muzeyi; tunc , 1951, Tretyakov qalereyası, Moskva), «Azərbaycanlı qadın» (gips, 1951), «Azadlıq» (tunc, 1957; hər ikisi Azərbaycan İncəsənət Muzeyi), «Azad qadın» (tunc, qranit, 1960, memar M. Hüseynov) və s. əsərlərində milli xüsüsiyyətlər zəngindir.

Geniş yaradıcılıq diapazonuna malik Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, həmçinin müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaratmışdır.

Suxe-Bator və marşal X. Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S. Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rüdəkinin (tunc, qranit, 1964, memar M. Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H. Muxtarov) abidələri və s. monumental əsərləri Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində Sovet İttifaqı Qəhrəmanı M. Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; me‘mar M. Hüseynov) yaratmışdır.

Əbdürrəhmanov 1942-48 illərdə Ə. Əzimzadə ad. Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs demişdir.

2 «Şərəf nişanı» ordeni ilə təltif edilmişdir. Bakıda xatirə muzeyi var.



15 iyun 1971-ci ildə Bakıda vəfat etmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə