DÜnya əhaliSİNİn məskunlaşmasi




Yüklə 97.13 Kb.
tarix30.04.2016
ölçüsü97.13 Kb.
DÜNYA ƏHALİSİNİN MƏSKUNLAŞMASI
“Məskunlaşma” termini çox mürəkkəb anlayış olub, əhalinin tarixən məskunlaşması və yerdəyişməsi, onun hansısa yeni əraziləri tutması prosesini və bu proses nəticəsində məskunlaşmış yerlər məcmusunu, hətta cəmiyyətin məkanca təşkili formasını da bildirə bilər.

Məskunlaşma əhalinin ölkə, yaxud region ərazisində tarixən yayılma prosesidir. O, məskunlaşmış yerlər sisteminin yaranması və sonrakı dəyişmələri - cəmiyyətin məkanca təşkili forması; əhalinin ərazidə məskən adlandırılan müəyyən yerlərdə lokallaşması (cəmləşməsi); müəyyən ərazi hüdudlarında məskənlərin məcmusu və əhalinin digər daimi və müvəqqəti yaşayış formaları; qarşılıqlı surətdə bağlı, nizamlanmış ərazi ünsürlərinin - məskənlərin daxil olduğu tarixən təşəkkül tapmış dinamik sistem ilə müşaiyət edilir. Məskunlaşma sistemi bütövlükdə məskünlaşma formalarını və məskən tiplərini müəyyənləşdirən coğrafi mövqeyi, təsərrüfatı, ərazinin əhalisini yaradır. Məskunlaşma sosial-iqtisadi, coğrafi və demoqrafik amillərlə (istehsal münasibətlərinin xarakteri, məhsuldar qüvvələrin səviyyəsi və yerləşdirilməsi, iqlim, relyef, yer təkinin ehtiyatları, əhalinin təkrar istehsal rejimi və s.) şərtlənir. O, əhalinin təbiətlə sosial-iqtisadi əlaqə imkanlarını müəyyənleşdirən məhsuldar qüvvələrin yerləşdirilməsi prosesinin tərkib hissəsidir.

Əhalinin məskunlaşması - yaşayış məntəqələri şəbəkəsinin yerləşməsi ilə əlaqədar əhalinin ərazidə yerbəyer edilməsidir.

Yer üzərində insan məskəni olan hər hansı ərazini yaşayış məntəsi adlandırmaq mümkündür.

Beləliklə, yerləşdirməni həm məskunlaşdırma prosesi, həm onun nəticəsi, həm də əhali coğrafiyası üçün xüsusi maraq doğuran və onun başlıca tədqiqat obyekti olan bütün yaşayış yerlərinin məcmusu kimi dəyərləndirmək olar.

Məskunlaşma formaları :

İnsanların əsas məskunlaşma forması bəzi bölgələrdə sıx, digərlərində isə seyrək şəbəkə yaradan daimi yaşayış məntəqələri - şəhərlər və kəndlərdir. O, bəzən, digər xüsusi yerləşmə formaları ilə də tamamlana bilər.

Məskənlərin şəhər və kənd yerlərinə ayrılması üçün əsas tarixən ictimai-ərazi əmək bölgüsü olmuşdur. Bu,hər şeydən əvvəl sənaye və ticarət əməyinin əkinçilik əməyindən ayrılmasına gətirib çıxarır ki, bu da iki əsas məskən tipinin - şəhər və kənd məskənlərinin inkişafını şərtləndirir.



Şəhər məskənləri - bir,yaxud bir neçə müxtəlif xalq təsərrüfatı funksiyalarını :

1)sənaye ;

2)nəqliyyat ;

3)təşkilat-təsərrüfat, mədəni ,siyasi və inzibati ;

4) istirahətin və müalicənin (kurortlar) təşkili funksiyalarını yerinə yetirən yaşayış məntəqələrıdır . Şəhər məskənlərinin müəyyənləşdirilməsi ücün əhalinin sayı , məşğulluğu , vüxtəlif ölkələrin və bölgələrin yerli xüsüsiiiətləri nəzərə alınmaqla , yaşayış məntəqəsinin iqtisadi və mədəni əhəmiyyəti kimi əlamətlər məcmu şəkildə əsas tutulmalıdır .

Kənd məskənlərinə, əsasən, sakinləri ərazicə hissələrə ayrılmış kənd təsərüfatı fəaliyyəti ilə məşğul olan kiçik yaşayış məntəqələri aid edilə bilər . Kənd məskənlərinin çoxlu adları mövcuddur . Təkçə Rusiyda kənd , xutor , stantitsa , viselki və s . adlar vardır .Digər ölkələrdə özlərinə məxsus spesifik adlar (aul ,qışlaq ,şenlik və s . ) işlədilir . Bu adlar . müəyyən dərəcədə , kənd məskənlərinin funksional spesifikliyini əks etdirsə də buna əsasən kənd məskənlərinin elmi tipologiyasından danışmaq çətindir . İctimai əmək bölgüsünün öncül funksiyalarına görə , kənd məskənlərinin iki iri tipi fərqləndirlə bilər : kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məskənləri .Bura aqrosənaye qəsəbələri tipi aid edilir .

“Kənd təsərrüfatı” və ”qeyri-kənd təsərrüfatı” kənd məskənləri tipinin istehsal istiqamətlərini konkretləşdirən anlayışdır . Birinci halda bu , sakinləri , başlıca olaraq , kənd təsərrüfatı əməyi ilə məşğul olan məskənlərdir . İkinci halda isə , sakinləri kənd təsərrüfatı sahəsində çalışmayan , ərazicə bölünmüş digər funksiyaların (meşə təsərrüfatı , nəqliyyata qulluq , rekreasiya ehtiyatlarının istismarı və s. ) yerinə yetirilməsində iştirak edən yaşayış məntəqələridir . “Aqrosənaye qəsəbəsi “ anlayışı əvvəlki iki tipin əlamətlərini özündə birləşdirir . Qəsəbənin özü kənd yerində , ilk növbədə , kənd təsərrüfatı xammalını emal edən sənayenin inkişafi əsasında təşəkkül tapır .

Şəhərin və kəndin sistemli öyrənilməsi ancaq bir meyara əsaslana bilməz , çünki onların hər biri anlayışları ancaq bir cəhətini əks etdirir . Şəhər və kənd məskənlərinin hərtərəfli öyrənilməsi üçün meyarlar sistemi tətbiq olunmalıdır .

“Şəhər” və ”kənd” meyarlarının təqribi sxemini nəzərdən keçirək :

1) əhalinin sayı və sabitlik dərəcəsi , əhalinin təbii və mexaniki hərəkətlərinin xarakteri ;

2) ictimai istehsalın sahə və peşə strukturunun xarakteri və mürəkkəbliyi . sənayenin, tikintinin və nəqliyyatın inkişaf dərəcəsi ;

3) maddi-məkan mühitinin təşkilinin səviyyəsi , məskənin abadliq dərəcəsi ;

4) xidmət sahəsinin inkişaf səviyyəsi , yəni sosial istehsalın bütün formalarının təşkili ;

5) məskənin sosial funksiyaları (cəmiyyətin və xalq təsərrüfatının idarə olunmasında onun rolu , ətrafdakı yaşayış məntəqələrinə münasibətdə funksiyaları) ;

6) əhalinin həyat tərzi ;

7) tələbat fərqlərini səciyyələndirən şüurluluq fəaliyyəti (həmin yaşayış məntəqəsi üçün spesifik norma və dəyərlər) ;

8) yaşayış məntəqəsinə şəhər , yaxud kənd kimi münasibət .

Məskənlərin “şəhər”ve “kənd”lərə görə təsnifatını əməli səviyyəyə çatdırmaq üçün nəzəri meyarların düsturlaşdırılmasından əlavə:

1) hər bir meyara müvafiq konkret göstəricilər sistemi;

2) ”kənddən” “şəhərə” keçidi səciyyələndirən “hədd” göstəriciləri sistemi;

3) bu göstəricilərin öyrənilən məskənlər toplusu üçün kəmiyyət göstəriciləri haqqında informasiya lazımdır.

Perspektivdə şəhər və kənd məskənləri arasında fərqlər azalacaqdır . Lakin onlar hələlik aradan qaldırılmadığından məskənlərin əsas tipologiyasını yeni şəraitə - kəndin getdikcə urbanizasiyalaşmasına və kənd yerlərində qeyri-kənd təsərrüfatı işlərinin yayılmasına uyğunlaşdırmaqla dəyişmək (sakinlərin ictimai istehsalın əsas sahələrinə münasibəti meyarı üzrə) məqsədəuyğun olardı. Məskənlərin hamısını şəhər (şəhər tipli) və qeyri-şəhər məskənlərinə bölmək olar. Həm birincinin tərkibində iki – şəhərlər və şəhər qəsəbələri, həm də digərinin tərkibində iki – qəsəbələr (qeyri-kənd təsərrüfatı profilli məskənlər) və kəndlər – dərəcəsi ayırd etmək mümkündür.

Aydın məsələdir ki, əhalinin məskunlaşma tiplərinin dəyişməsi, hər şeydən əvvəl, əsas inkişaf qanunauyğunluqları və ictimai-iqtisadi formasiyaların dəyişməsi ilə bağlıdır. Məskunlaşmanın özü istehsal üsulunun mühüm xarakteristikası olmaqla, hakim istehsal münasibətlərindən və ictimai- iqtisadi formasiyanın məqsədlərindən irəli gəlir.

Lakin bəzi əsərlərdə irəli sürülən nəzəriyyəyə görə, tarixi perspektivdə urbanizasiya və məskən şəbəkəsinin mürəkkəbləşməsi prosesi köç – kənd – kiçik şəhər – böyük şəhər – aqlomerasiya - meqapolis sxemi üzrə baş vermiş və verməkdədir.

Hər formasiyanın özünəməxsus tarixi məskunlaşma tipi olmuşdur.



I tipi – “dispers (dağınıq, pərakəndə) qəbilə məskunlaşması” adlandırmaq olar. Bu, oturaq həyata keçmək meylinin artıq üstünlük təşkil etdiyi və daimi məskənlərin yayıldığı ibtidai icma quruluşu dövrüdür . Bununla yanaşı, uzun müddət ərzində, nadir hallarda isə bugünədək gəlib çıxan və yalnız müvəqqəti yaşayış yerləri yaradan köçəri çoban qəbilələri də olmuşdur. Bu qəbil məskunlaşma üçün bir-birindən xeyli aralı olan kiçik məskənlər tipikdir. Bir çoxu qarşılıqlı surətdə düşmənçilik edən müxtəlif qəbilələrin məskənləri arasında əlaqə olduqca zəif idi. Hər bir qəbilənin gücündən asılı olaraq, mərkəzi məskənin ətrafında yerləşən və bir növ, onun nüfuz zonası sayılan dirrik yeri vardı.

II tip – “antik polis” (şəhər) üçün dəniz və çay sahillərində yerləşən, - bəzən, hətta 1 milyonadək əhalisi olan iri, - şəhər – dövlətlər səciyyəvidir. Əhalinin hərəkəti, miqrasiya, əsasən, hərbi yürüşlərlə məhdudlaşmışdır.

III tip – “feodal kəndi”dir. Burada kiçik kənd məskənləri üstünlük təşkil edir, şəhərlər böyük deyil. Əhalinin mütəhərrikliyi aşağıdır (hər hansı digər səbəblərlə - müharibələr, dini təqiblər və s. Nə deyim iqtisadi səbəblərlə bağlı miqrasiya nəzərdə tutulur).

IV tip – “urbanizasiyalı məskunlaşma” yüksək dərəcədə şəhərləşmiş, bir sıra (xüsusilə şəhər-kənd) cəhətdən qütbləşmiş məskunlaşmadır. Bu tipdə iri şəhərlərin, ən yüksək mərhələdə isə aqlomerasiyaların, meqapolislərin mövcudluğu, əhalinin yüksək mütəhərrikliyi nəzərdə tutulur. Məskunlaşmanın dağınıqlığı prosesinə keçid yüksək mütəhərrikliyin nəticəsidir.

Yeni V tip məskunlaşma gələcəkdə əhalinin çox yüksək mütəhərrikliyinin onun ərazidə daha bərabər şəkildə bölgüsünə aparan müxtəlif funksional tipli məskənlərdə həyat şəraitinin və sivilizasiya nemətləri bölgüsünün bərabərliyinin təmin ediləcəyi məskunlaşma demək olacaqdır.

İstehsal fəaliyyətinin ayrı-ayrı növləri məskunlaşma qarşısında müxtəlif tələblər qoyur. Onların bəziləri (emal sənayesi, elm, bank işi, ticarət) əhalinin cəmləşməsini, digərləri (ovçuluq, maldarlıq) isə, əksinə, pərakəndə məskunlaşma tələb edir. İstehsal fəaliyyəti konkret tarixi və təbii şəraitdə keçir ki, bu da Yer kürəsinin hər bir ayrıca regionunda məskunlaşmanın spesifikasında, məsələn, yaşayış məskənlərinin qələbəliyində, Yer üzünün müəyyən elementlərinə bağlılığında, onların planlaşdırılmasında, ev tiplərində və s. əks olunmaya bilməz. Qütb dairəsindəki şəhər və kəndlər çöl zonasında olanlara bənzəmirlər. Orta Asiya vahələrinin kənd yaşayış məntəqələri Nil vadisindəki məskənlərdən xeyli fərqlənirlər. Halbuki, həm burada, həm də orada əsas əkinçilik sahəsi pambıqçılıqdır. Tarixi, etnoqrafiq və təbii şərait Yer üzünün ayrılıqda hər bir regionunun məskunlaşma spesifikasını müəyyən edir.

Təbii şərait texniki amil kimi çıxış etdikdə, - məsələn, yaşayış məntəqəsi üçün sahə seçilərkən, - məskunlaşmaya birbaşa təsir də göstərə bilər. Yerin meylliliyi, faydalı qazıntı yataqları, su təchizatı və çirkab sularının axıdılması şəraiti yaşayış məntəqələrinin yerləşdirilməsini, onların planlaşdırılmasını və bu yaşayış məntəqələrinin müxtəlif təyinatlı hissələrinin qarşılıqlı surətdə yerləşməsini müəyyənləşdirir. Dünyada mövcud olan məskunlaşmanın bütün müxtəlifliyini nəzərdən keçirsək, onun bir neçe əsas formasını fərqləndirmək mümkündür. Onların hər birinə istehsalın təşkilinin müəyyən məkan tipi uyğun gəlir.


1. Ayrıca həyəti – mülkü olan dispers (dağınıq) kənd məskunlaşması insanları təbii ehtiyatlara (əkinçilik üçün baza olan torpaq fondu, təbii bitki ürtüyü, ovçuluq yerləri və s.) daha da yaxınlaşdırır. Bunlardan əldə edilən maddi nemətlər onlar üçün təsərrüfatın əsasını təşkil edir. ABŞ-da homsted zonasındakı pərakəndə formalar, malikanələr, xutorlar və s. Belə pərakəndə məskunlaşmaya bariz nümunə ola bilər.

Torpaq payları kiçik həcimli olduqda təkhəyətlilər sıxlışma mərkəzli və səpələnmə zonalı qrup formasını xatırladan silsilə dağınıq məskunlaşma forması yarada bilərlər. Bəzən təkhəyətli məskunlaşma istehsal şəraitindən, - meşə mühafizəsi (meşəbəyilər, mühafizə dəstəsi), nəqliyyat (yol nəzarətçisi postları, baken gözətçiləri), qaz-neft kəməri nəqliyyatı (vurma stansiyaları), hirometeorolji xidmət (stansiyalar, postlar), rabitə və s., - irəli gəlir.



2. Dağınıq-qrup kənd məskunlaşması. Burada insanlar artıq ayrı-ayrı mülklərdə yerləşməyib, bir qrupda toplanmışlar; bu qruplar, adətən, istifadə etdikləri ərazidə az və ya çox dərəcədə bərabər halda səpələnmişlər və hər biri, sanki müəyyən təbii ehtiyatlar (şum yerləri, heyvandarlıq üçün otlaqlar və s.) sahəsində lokallaşırlar. Onlardan istifadə, birinci halda olduğu kimi, təsərrüfat həyatının əsasıdır. Kənd məskunlaşması dünyanın əksər ölkələrində - Çində, Hindistanda, Avropanın, demək olar ki, bütün ölkələrində, Afrkada və s. Kənd məskunlaşmasının üstün formasıdır.

Kənd məskunlaşması ayrı-ayrı mülklərin formalaşması ilə başlasa da, dağınıq-qrup halında məskunlaşma bəşəriyyət üçün tarixən əzəli olmuşdur. Arxeologiya inadırıcı şəkildə göstərir ki, insanlar hələ tarixəqədərki dövrlərdə qruplaşaraq, düşərgələr, köçəbələr yaratmışlar. Axı cəmiyyətin qəbilə quruluşu kollektiv istehsal formaları (yığıcılıq, ovçuluq, əkinçiliyin rüşeymləri) ilə uzlaşmışdır. Buna görə də qrup halında məskunlaşma təbii idi.



3. Şəhər qrup məskunlaşması ticarətin və sənətkarlığın əkinçilikdən və maldarlıqdan ayrılması ilə təşəkkül tapmağa başlamışdır. İlk şəhərlər hələ çox uzaq keçmişlərdə yaransalar və o vaxtdan xeyli dəyişikliklərə uğrasalar da, bu ayrılmanın əsası - ərazi əmək bölgüsü indiyədək əhəmiyyətini saxlamaqdadır. Bir sıra tarixi dövrlər ərzində kənd həyatının təsərrüfat əsasını insan tərəfindən yönəldilən və idarə edilən bioloji proseslərin istehsalda istifadə edilməsi olmuşdur. Kənd məskunlaşması daha çox ərazicə təşkilatı həmişə “sahə” olan kənd təsərrüfatı əkinçiliyi, yaxud heyvandarlıqla qırılmaz surətdə bağlı idi. Əhali cəmləşməsi zonasının şəhər məskənləri qonşu ərazi ilə daha mürəkkəb ərazi əmək bölgüsü ilə bağlıdır, həm də bu ərazi bəzən xeyli geniş olmuşdur.

Şəhərlinin əmək fəaliyyəti yeri və yaşadığı yer, adətən, eyni yaşayış məntəqəsində olur. Qeyri-əkinçilik əmək növləri əhalini məhdud ərazidə cəmləşdirməyə imkan vermişdir. Şəhərin ətraf yerlərlə əlaqəsi dəyişmişdir. O, qonşu vilayətlərdən xammal və yanacağın gətirilməsindən, hazır məhsulun satışından , istirahət yerlərinə getməkdən asılı vəziyyətə düşmüşdür. Beləliklə, şəhərin ətrafla əlaqəsi digər yaşayış məntəqələri vasitəsilə həyata keçirilməyə başlamışdır.

Əvvəlki tarixi dövrlərdə məlum olmayan yeni qrup məskunlaşma forması – tərkibinə həm şəhər, həm də kənd yaşayış məntəqələri daxil olan aqlomerasiya meydana gəlmişdir. Aqlomerasiya yaradan məskənlər öz aralarında müntəzəm əmək səfərləri, mədəni-məişət və istehsalın kombinə edilməsi kooperativləşdirilməsi üzrə əlaqələrdə birləşmişlər. Onlar tez-tez ümumi istehsal-sosial infrastrukturuna və bir-birilə qovuşmaq meylinə malik olurlar. Bunların arasında gecələmə qəsəbələrini, yaylaq, bazar günü istirahəti tipli yaşayış məntəqələrini və s. ayırd etmək mümkündür.

“Şəhər” anlayışı tərifinin spesifikası, əlbəttə, problemə hansı mövqedən yanaşmaqdan asılıdır. Ən ümumi şəkildə şəhər əhalisinin mütləq əksəriyyəti kənd təsərrüfatında deyil, sənaye, ticarət, xidmət, elm və mədəniyyət sahələrində çalışan iri yaşayış məntəqəsidir.

Müasir şəhərlərin aşağıdakı səciyyəvi xüsusiyyətlərini ayırd etmək olar:

İqtisadi - əhalinin kənd təsərrüfatı ilə deyil, başqa sahələrdə məşğul olması:

Ekistik - əhalinin xeyli hissəsinin nisbətən böyük olmayan ərazidə cəmləşməsi və beləliklə, yüksək əhali sıxlığı (şəhər ərazisinin 1 km 2-nə bir neçə on minədək sakin) formalaşması;

Demoqrafik - əhalinin təkrar istehsalının və onun strukturunun spesifik şəhər xüsusiyyətlərinin formalaşması;

Memarlıq – səciyyəvi şəhər memarlıq – planlaşdırma mühitinin yaranması;

Sosioloji – şəhər həyat tərzinin formalaşması;

Hüquqi – şəhərlər, bir qayda olaraq, bitişik ərazinin inzibati mərkəzləridir.

Şəhərin bu və ya digər cəhətdən əlverişli inkişaf dərəcəsi onun iqtisadi-coğrafi mövqeyi ilə müəyyən edilir.

Sosioloqlar şəhərin “sosial məkan”. “şəhər həyat tərzi” strukturunda onun spesifik əlamətlərinin axtarılıb tapılmasını təklif edirlər. Bu hər şeydən əvvəl şəhər sakinlərinin daha yüksək mobilliyində və onlar arasında potensial qarşılıqlı insani fəaliyyətin ölçüsü kimi dəyərləndirilən əlaqələrin artmasında ifadəsini tapır.

Ədəbiyyatda şəhər həyat tərzinin aşağıdakı xarakteristikasına rast gəlmək mümkündür: əhalinin mütəhərrikliyininartması: öz mühitini seçmək, habelə ondan asanlıqla təcrid olunmaq sərbəstliyi; iş vaxtını tənzimləmək və asudə vaxtı planlaşdırmaq imkanı: ailənin dezinterqrasiyası: ailənin və ev təsərrüfatıhəcminin azalması.

Coğrafi əmək bölgüsü sistemində hər bir şəhər , ilk növbədə , bu əmək bölgüsündə iştirak edənlərin funksiyalarının mürəkkəb təmərküzləşmə yeridir . Şəhərin sosial-iqtisadi funksiyaların mürəkkəb təmərküzləşmə məkanı kimi iqtisadi-coğrafi tərifi də buradan irəli gəlir .

Əhalinin öyrənilməsi mövqeyindən , geniş anlamda , şəhər spesifik sosial-demoqrafik xarakteristikası və əhali inkişafı amilləri ilə seçilən təmərküzləşmiş əhali kütləsinin fəaliyyət göstərdiyi yerdir .

Bizim fikrimizcə , şəhərlərin xalq təsərrüfatı strukturu və funksional profili şəhər əməkçilərinin şəhəryaratma kontingentinin ,yəni onun xalq təsərrüfatının şəhəryaratma sahələrində , həmin məntəqənin hüdudlarından kənara çixan mühim müəsisə və idarələrdə (sənaye , xarici nəqliyyat , tədarük və təchizat təşkilatlarının anbar və bazarları , inzibati idarələr ,elmi-tədqiqat institutları və tədris müəsisələri , tikinti təşkilatları , kənd təsərrüfatı , şəhərdənkənar əhəmiyyətli digər idarələr) çalışan hissəsi ayırd edildiyi təqdirdə sayca daha düzgün səciyyələndirilə bilər .

Hazırda "şəhər" anlayışı xeyli transformasiyaya uğrayır . Əhalinin ərazidə məskunlaşma formasi olaraq , şəhər əzəldən təsəvvürümüzdə təkcə qeyri-kənd təsərrüfati fəaliyyətinin (sənaye , ticarət , nəqliyyat və s.) cəmləşdiyi yer deyil , həm de əhalinin toplaşdığı , evlərin təmərküzləşdiyi , yolların qovuşduğu məkan kimi , müxtəlif funksiyaların yerinə yetirilməsi şəhərlərin industrial rolundan az əhəmiyyətli deyil . Bu mənada, şəhərlər mərkəz kimi, ta qədimdən məskunlaşmanın ərazi strukturunun özəyində durmuş, bununla belə, xəritədə yalnız ayrı-ayrı nöqtələr – fokus nöqtələri olsalar da, - kimi qeyd olunmuşlar. Şəhərlərin inkişafına təsir göstərən yeni dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, nöqtə formasında məskunlaşmanın yerini şəhər aqlomerasiyaları tutur.

Məhsuldar qüvvələrin müəyyən, kifayət qədər yüksək inkişaf səviyyəsində şəhərlə onun ətrafı arasında istehsal və əmək əlaqələri, mədəni əlaqələr o qədər sıxlaşır ki, nə şəhər, nə də ona bitişik yaşayış məntəqələri bir-birindən ayrı fəaliyyət göstərə bilmirlər. Bu qaynayıb-qarışma, qovuşma prosesi o qədər sürətlə və intensiv gedir ki, bəzi alimlər “şəhər” anlayışının, köhnəlmiş anlayış kimi, əvəz olunmasını təklif edirlər.

Şəhərlər müxtəlif iqtisadi və üstqurum funksiyaları daşıyırlar. Müxtəlif tarixi dövrlərdə onların məzmunu əhəmiyyətli dərəcədə dəyişmişdir. Bununla əlaqədar, “şəhər” anlayışının özü də tarixən dəyişmışdir. XIX əsrin sonunda və XX əsrin əvvəllərində şəhərin tərifində ticarətə üstünlük verilir, sənayeyə isə daha az rol ayrılırdı.

İnqilabaqədərki Azərbaycanda şəhərin tərifi Rusiya imperiyasının inzibati-ərazi və ya silki strukturuna uyğun idi. Əvvəllər, şəhər adı möhkəmləndirilmiş məskən, hasarlanmış yer, şəhərin ərazisi isə qala mənası ilə məhdudlaşırdı. Şəhər, tədricən, ondan aralı, lakin qala divarlarının bilavasitə yaxınlığında yaşayan əhali “əldə edir”. Bir müddətdən sonra bu məskənlər şəhərin tərkib hissələrinə çevrilirlər. Həm də “şəhər” termini iki məna kəsb edir: həm qala həm də yaşayış yeri, yəni qala və onu əhatə edən şəhər ətrafı.

XX əsrin əvvəlinə qədər “aqlomerasiya” termini sənaye müəssisələrinin cəmləşdiyi ərazi mənasında işlənmişdir. Əhalinin şəhərlərdə təmərküzləşməsi prosesini isə A.Veber tətbiq etmişdir (1903). İri şəhərlər böyüdükcə və yeni-yeni şəhər və kəndlər onların nüfuz dairəsinə düşdükcə bu termin yeni ərazi birləşmələrini bldirmək üçün tətbiq edilməyə başlamışdır. Belə birləşmələrin əsas əlamətləri bunlardır:

1) Sənaye müəssisələrinin sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı və istehlakı arasında kombinasiya və kooperasiyası üzrə sıx iqtisadi əlaqələr, Xarici yük axını ilə müqayisədə aqlomerasiya hüdudlarında daha güclü yük axını bu əlaqələrin möhkəmlik göstəricisidir:

2) Əmək əlaqələri. Məskənin müəssisə və idarələrində işləyənlərin bir hissəsi digər məskənlərdə yaşayır, yəni aqlomerasiya çərçivəsində qarşılıqlı surətdə asılı məskunlaşma müşahidə edilir və baş şəhərlə şəhərətrafı zona məskənləri, habelə bu məskənlər arasında gündəlik kəfkirsayağı əmək miqrasiyası baş verir.

3) Mədəni-məişət və rekreasiya əlaqələri. Bir, yaxud bir neçə məskənin idarələri və ya istirahət yerləri, qismən, digər məskənlərin də sakinlərinə xidmət göstərir, mədəni-kütləvi, yaxud rekreasiya məqsədləri ilə gündəlik və ya həftəlik kəfkirsayağı miqrasiyalar baş verir.

4) Sıx inzibati-siyasi və təşkilat – təsərrüfat əlaqələri (aqlomerasiya məskənləri arasında istehsalatla, xidmətlə və ictimai işlərlə əlaqədar gündəlik işgüzar səfərlər).

Göstərilən bütün səciyyəvi əlamətlər aqlomerasiyanın xalq təsərrüfatının ən mütərəqqi sahələrində ixtisaslaşma ilə milli əhəmiyyətə malik çoxsahəli, çoxfunksiyalı mərkəz kimi spesifikasını şərtləndirir. Beləliklə, aqlomerasiya, eyni zamanda, həm istehsalın yerləşdirilməsi sisteminin yarımsistemi, həm də ölkənin ümumi məskunlaşma sisteminin yarımsistemi hesab olunmalıdır.

Aqlomerasiyanın sürətli inkişafının iqtisadi əsası istehsalın və məskunlaşmanın bu formasının üstünlükləri məhz istehsalın maksimum səmərəliliyini şərtləndirən yüksək təmərküzləşməsi və diversifikasiyasında, ixtisaslı kadrların toplanmasında, istehsalatın elm və təhsil mərkəzləri ilə sıx əlaqəsində, istehsal və sosial infrastruktura sistemlərindən maksimum səmərəli istifadədir.

Bir deyil, iki, yaxud bir qrup şəhərin “lider” rolu oynadığı məskunlaşma formasıda mövcuddur. Bəzi müəlliflər bu halda “konurbasiya” termininindən istifadə edirlər. Digər müəlliflər isə “aqlomerasiya” və “konurbasiya” terminlərini bərabərhüquqlu anlayışlar sayırlar. Fərq ondadır ki, aqlomerasiya iri şəhərin ətrafındakı əraziləri “ilhaq” etməsi”, konurbasiya isə daha çox həm iqtisadi, həm də əhali baxımından bərabər səviyyəli şəhərlərin qovuşması nəticəsində təşəkkül tapmışdır. Bu anlamda konurbasiya yüksək inkişaf etmiş polisentik (çox mərkəzli) şəhər məskənləri sisteminə aid edilməlidir. Lakin belə sistemlər monosentrik (bir mərkəzli) sistemə çevrilirlər ki, bu halda konurbasiya ilə aqlomerasiya arasında fərqlər aradan qalxır.

Aqlomerasiya əhalisi dinamikasının mərhələləri aşağıdakılardır:

1) özək əhalisinin sayı artır, xarici (şəhərətrafı) zonanın əhalisi isə özəyə miqrasiya hesabına azalır, bütövlükdə, aqlomerasiya əhalisinin sayı artır;

2) özək sürətlə böyüyür, xarici zona da böyüyür, bütün aqlomerasiyada təmərküzləşmə yaranır;

3) özək böyüməkdə davam edir və şəhərətrafı zonada ən yüksək təmərküzləşmə yaranır, aqlomerasiya böyüməkdə davam edir;

4) özəyin əhalisi azalmağa başlayır, şəhərətrafı zonada isə çoxalır, bütövlükdə, aqlomerasiya böyüyür;

5) özəyin əhalisi azalır, şəhərətrafı zonada isə artım davam edir, lakin aqlomerasiya əhalisinin sayı azalır (bu mərhələ hazırda bir sıra ölkələr üçün səciyyəvidir);

6) özəyin və xarici zonanın əhalisi azalır, aqlomerasiyanın da əhalisi azalır.

Əhalinin məskunlaşmasını düzgün – onun ayrı-ayrı vəsilələri (şəhər, kənd və s.) deyil, bütöv ərazi sistemləri əsasında öyrənmək səyləri ticarət və xidmət sahələrinin qeyri-istehsal funksiyalarının həddindən artıq qiymətləndirilməsinə gətirib çıxarmışdır. Xüsusi “mərkəzi yerlər nəzəriyyəsi meydana gəlmişdir. Bu nəzəriyyənin yaradıcıları – alman coğrafiyaşünasları V. Kristaller və A. Leş hesab edirdilər ki, bu və ya digər ərazidəki bütün yaşayış məntəqələri müəyyən məskənlər qrupuna meyl edirlər. V. Kristaller onları mərkəzi məskənlər qrupu adlandırırdı.

Bu nəzəriyyəyə görə, yaşayış məntəqəsinin əhalisi və orada xidmət və ticarət müəssisələrinin sayı nə qədər çoxdursa, onun “mərkəzlik” şansı da bir o qədər yüksəkdir. Buna müvafiq olaraq, böyük ərazilər ona meyl edirlər. Lakin bu meyletmə zonası daxilində dar meyletmə zonaları olan “yerli”, mərkəzi və daha cüzi xidmət növləri dəsti olan məntəqələrdə vardır. Beləliklə, bütün məskunlaşma sistemi, bir növ, “bir-birinə qatılan” meyletmə ərzilərinin birinci, ikinci, üçüncü və i.a. dərəcəli “mərkəzi yerlərə” cəzb olunması kimi meydana çıxır. Həm də, “mərkəzlik dərəcəsi” xidmət sahələri müəssisələrinin xidmət dəstinin əhəmiyyəti və onların fəaliyyətininvüsəti ilə müəyyən edilir: yaşayış məntəqələrinin – “mərkəzi yerlərin” əhalisinin çoxluğu da buna müvafiq olmalıdır. Onlarda, adətən, ilkin məhkəmə instansiyası, bank şöbələri, ibtidai məktəb, kitabxana, ixtisaslaşdırılmış mağazalar olur. Hər bir növbəti “mərkəzi yer” tipi daha mürəkkəb funksiyalar yerinə yetirir və onların əraziləri daha geniş olur. Beləliklə, “mərkəzi yer” lərin nüfuzunu və dərəcəsini nə əhalinin sayı, xüsusilə nə də məskənlərin məkanca təşkilində V. Kristallerin, demək olar ki, nəzərə almadığı sənayenin inkişaf səviyyəsi deyil, əmtəənin və xidmətlərin satış radiusu və onların mürəkkəbliyi müəyyən edir.

Müxtəlif əmtəənin və ayrı-ayrı həcmə və mürəkkəbliyə malik xidmətlərin satış radiuslarını təmin etmək üçün kiçik kəndlərdən tutmuş , paytaxtlara qədər müxtəlif dərəcəli mərkəzi yerlər olmalıdır . Onlar hesab edirlər ki , ən kiçik mərkəzi yer hər həftə bazarlarına , polis sahəsinə , xırda emalatxanalara malik 100 nəfərlik qəsəbə ola bilər . Növbəti , daha iri mərkəzi yer ilkin məhkəmə instansiyası, bankı, ibtidai məktəbi, kitabxanası ,ixtisaslaşdırılmış mağazaları olan məskən olacaqdır . Beləliklə , hər bir yeni mərkəzi yer tipi daha mürəkkəb funksiyalr yerinə yetirməli və ona meyl edən ərazi daha geniş olacaqdır.

Bu konsepsiyada ərazidə səpələnmiş halda yaşayan kənd əhalisinə xidmət etmək üçün yerli mərkəzlərin müəyyən iyerarxiyasının formalaşmasının qanunauyğunluğu doğru aşkar edilmişdir. “Mərkəzi yerlər” göstərilən “heksaqonal” sxem üzrə yerləşdiyi təqdirdə onların hər birinə qədərki məsafəni minimuma endirməyin mümkünlüyü fikri də etiraz doğurmur. Kristallerin və onun ardıcıllarının səhvi bu amillərə həlledici əhəmiyyət verilməsində, “mərkəzi yerlər”in düzülüşünün və xidmətin məskunlaşmanın əsas qanunu elan olunmasındadır. Məskənlərin lokallaşmasının digər mühüm elementlərinə - onların faydalı qazıntı yataqlarının yaxınlığında, tranzit yolların üstündə və onların kəsişdiyi yerlərdə, dəniz sahillərində və çay keçidlərinin yaxınlığında salınmasına, bir sözlə, xidmət sahəsindən başqa, bütün iqtisadi amillərə etinasızlıq göstərilirdi. Ona görə də Kristallerin modeli məhdud məna daşıyır, onun konsepsiyası isə məskunlaşmanın qanunauyğunluqlarından ancaq birini əks etdirir.

Qərbdə hər şey xidmətlər, ticarət üzərində qurulur, iri istehsal əlaqələrindən, inzibati aparatdan deyil, kiçik məskənlərin və ayrı-ayrı adamların ehtiyaclarının hesaba alınmasından başlanırdı. Bizdə isə insanları xidmətə dartıb aparır, hər şeyi baş-ayaq qoyur, perspektivsiz adlandırılan kəndlərin sakinlərini çoxminli qəsəbələrə köçürür, insanları torpaqdan ayırmaqla, itkilərə, - o cümlədən iqtisadi, - yol verilirdi.

Məskunlaşmanın regional xüsusiyyətləri :

Müasir əhali tərkibinin və məskunlaşmış yerlərin formalaşması və inkişafında hər bir qitənin, ayrıca dövlətin, konkret regionun özünəməxsus məkan xüsusiyyətləri vardır. Onlar cəm halda əhali məskunlaşmasının xarakterinə təsir göstərən sosial, iqtisadi və təbii şəraitlə müəyyən edilir.

Əhalinin məskunlaşması cəmiyyət həyatının bir çox sahələrini əks etdirən mürəkkəb sosial-iqtisadi prosesdir. Ona görə də əhali məskunlaşması bir çox elmlər: demoqrafiya, sosiologiya, əhali coğrafiyası, geosiyasət, tarix, şəhərsalma və s. elmlər tərəfindən öyrənilir. Demoqrafiya əhalinin məskunlaşdığı ərazidə təbii və mexaniki artımı, sayının dinamikasını, yerləşməsini və yerdəyişməsi proseslərini tədqiq edir. Sosiologiya cəmiyyətin məkanca təşkili formasının öyrənilməsinə yönəlmişdir. Coğrafiya əhalinin məskunlaşmasını təbii mühitlə qarşılıqlı əlaqədə işıqlandırır. Geosiyasət məskunlaşmanın spesifikasını xarici siyasi amillərlə bağlı izah edir. Tarixi-coğrafi yanaşma cəmiyyətin müxtəlif inkişaf mərhələlərində məskunlaşmanın formalaşmasının xarakterini açmağa imkan verir. Şəhərsalma yanaşması istehsalın, kommunikasiyaların, iqtisadi, memarlıq-tikinti, mühəndis-texniki amillərin və şəraitin optimal yerləşdirilməsi yolu ilə konkret regionun ərazisindən (ərazi ehtiyatlarından) səmərəli istifadə olunması axtarışlarına istiqamətlənmişdir. İnsan məskənlərinin ümumi formalaşma və təkamül prosesini öyrənən ekistika (ingiliscə Ekistics, yunanca Oikia – ev, mənzil sözündən) elmi tədqiqatların xüsusi istiqamətidir.

Məskunlaşma dedikdə, adətən, əhalinin ərazidə yerləşməsi və yenidən yerləşməsi və onun nəticəsi – məskənlər şəbəkəsi başa düşülür. Əhalinin məskunlaşmasına onun yerləşməsi, yaşayış yerlərinin qarşılıqlı funksional ərazi əlaqələri və əhali miqrasiyaları daxildir. Ümumiləşdirilmiş şəkildə demək olar ki, əhalinin məskunlaşması onun ərazicə təşkilidir. Onun tərkibinə həm əhalinin yerləşməsi, həm də ona immanent şəkildə xas olan bütün əlaqələr sistemi daxildir.

Əhalinin məskunlaşması konkret ərazinin sosial-iqtisadi mənzərəsini əks etdirir. Sosial-iqtisadi inkişafın xüsusiyyətlərinə görə əhalinin məskunlaşması barədə, əksinə, əhalinin məskunlaşmasına görə, ərazinin sosial-iqtisadi vəziyyəti haqqında fikir yürütmək olar. Əhali məskunlaşmasının çoxsaylı sosial-iqtisadi amillərinə istehsalın xarakteri, məhsuldar qüvvələrin inkişaf səviyyəsi və yerləşmə xüsusiyyətləri, habelə əhalinin gəlir səviyyəsi, infrastruktur təminatı və s. sahələrdə bölgələrarası fərqlər daxildir. Əhalinin ölkə ərazisində məskunlaşması prosesinin inkişafını sosial-iqtisadi amillərdən əlavə, daha iki amillər qrupu, - təbii və demoqrafik, - müəyyən edir.

Təbii amillər – relyef, iqlim, yer, torpaq və digər təbii ehtiyatlardır. Məhsuldar qüvvələrin inkişafı nə qədər yüksəkdirsə, təbii amillərin birbaşa təsiri də bir o qədər azdır. Lakin əhali məskunlaşmasının təhlilində onlara etinasızlıq göstərmək olmaz. Demoqrafik amillər qrupuna, hər şeydən əvvəl, miqrasiya proseslərində regional fərqlər, habelə əhalinin təbii təkrar istehsalı proseslərinin intensivliyindəki fərqlər aiddir.

Əslində, əhali məskunlaşmasının inkişafı haqqında yalnız bütün əsas amillər kompleks şəkildə götürüldükdə tam təsəvvür əldə etmək mümkündür. Həm də, nəzərə almaq lazımdır ki, bu və ya digər amilin təsiri zaman etibarilə dəyişə bilər. Məsələn, telekommunikasiyanın meydana gəlməsi, informasiyanın təhlilinin qat-qat sürətlənməsi ilə bağlı iqtisadi fəallıq istənilən yerə yönəldilə bilər. İnsanların yaşayış mühitinin keyfiyyəti özlüyündə istehsal ehtiyatına çevrilir, yəni istehsalın sosiohumanitar amili aparıcı rol kəsb edir.

İnsanlar həmişə bir-birlərinə, xüsusilə soydaşlarına meyl edirlər. Bu və ya digər səbəbdən ayrılıqda tikilən ilk evin ətrafında, əlverişli şəraitdə başqalarıda inşa edilir. Beləliklə, lokal ərazidə meydana gələn toplu evlər ayrıca məskən təşkil edirlər. Sonralar bir- birinin yaxınlığındakı bir sıra məskənlər məskunlaşmanın özəyini yaradırlar. Məskənlər arasında əlaqələr artdıqca, əvvəlcə, məskənlər toplusu, sonra isə şəbəkəsi meydana gəlir. Öz inkişaflarında bir-biri ilə qarşılıqlı surətdə bağlı və asılı olan məskənlər şəbəkəsi artıq məskənlər sistemi, yaxud məskunlaşma sistemidir.

Tarixi demoqrafiyaya və tarixi coğrafiyaya dair tədqiqatlar göstərir ki, eramızın əvvəlində bəşəriyyətin təqribən ¾-ü, XVI əsrdə 80%-ə qədəri, 1970-ci ildə 75%-i, XX əsrin sonunda təqribən 70%-i hazırda ən sıx məskunlaşmış Şərqi, Cənub-Şərqi, Cənubi, Cənub-Qərbi Asiya, Qərbi və Mərkəzi Avropada yaşayırdı. Bu məlumatlar bütün Yer kürəsi miqyasında uzun vaxt kəsimində əhalinin “qatılaşması”nın xeyli davamlı qaldığını göstərir. Əhalinin regional, xüsusən lokal səviyyədə ərazi yerdəyişməsinə gəldikdə isə burada əhali sayının daim dəyişməsi müşahidə edilir. Bunun iki səbəbi vardır: əvvəla, dünya regionlarında təbii əhali artımının qeyri-bərabər sürətdə, ikincisi, miqrasiya nəticəsində əhalinin yerdəyişməsi.

Birinci üç arealdan fərqli olaraq, bu regionda sıxlıq daha çox sənayenin təmərküzləşməsi nəticəsində yaranmışdır.

Beşinci əhali sıxlığı arealı ABŞ-ın şimal-şərqində və Kanadanın cənub-şərqində - Atlantik okeanı sahili ilə Böyük göllər arasında müşahidə olunur. Qərbi Avropada olduğu kimi, burada da əhalinin cəmlənməsi sənayenin yüksək inkişafı ilə izah edilir.

Xarakterizə edilən sıxlıq göstəricilərini Azərbaycandakı sıxlıq göstəriciləri ilə müqayisə etsək, görərik ki, əhali sıxlığının hər km2-də 300 nəfərdən çox olduğu göstərici Abşeron yarımadasında (Bakı və Bakı aqlomerasiyası) müşahidə edilir. Dıgər sıx məskunlaşmış Lənkəran ovalığında və Naxçıvan MR-ın Şərur rayonunda isə həmin göstərici 1 km2-də 150 nəfərdən çoxdur.



Dünya əhalisinin orta sıxlığı 1 km2–də 41 nəfərdir və qeyri-bərabər məskunlaşıb. Belə ki, dünya əhalisinin 4/5-ü şərq yarımkürəsində (qərb yarımkürəsi ilə müqayisədə), 9/10 hissəsi isə şimal yarımkürəsində (cənubla müqayisədə) yaşayır. Həm də əhalinin əsas hissəsi mülayim, subtropik və subekvatorial iqlim qurşaqlarında, okean səviyyəsindən 500 m-ə qədər hündürlükdə yerləşən düzən sahələrdə, Nil, Dəclə, Yanszı, Xuanxe, Qanq çaylarının sahillərində yaşayırlar. Əhali tərəfindən çox az məskunlaşan ərazilər isə daimi donuşluq zonaları, qütb və yüksək dağlıq sahələr, səhralar, isti və rütubətli ekvatorial meşələrdir.
Əhalinin yerləşməsinə relyef və iqlim kimi təbii şəraitdən başqa, tarixi, demoqrafik və sosial-iqtisadi amillər də güclü təsir göstərir.
Dünyanın siyasi xəritəsində əhalinin cəmləşdiyi bir necə başlıca areal fərqlənir:

1. Şərqi Asiya (1,5 mlrd nəfər)

2. Cənubi Asiya (1,4 mlrd nəfər)

3. Cənub-Şərqi Asiya (0,5 mlrd nəfər)

4. Qərbi Avropa

5. ABŞ-nın şimal şərqi
Mikro dövlətləri çıxmaq şərti ilə Banqladeş əhalinin sıxlığına görə dünyada 1-ci yeri tutur. (1 km2-də 850 nəfər)
Iqlimi sərt, yamacları çox meylli, təbii şəraiti əkinçilik üçün əlverişsiz olan yüksək dağ yamaclarında əhali çox seyrək məskunlaşıb. Boliviya, Əfqanıstan, Nepal, Butan, İsveçrə kimi ölkələrin əhalisi əsasən dağlarda məskunlaşıb.
Kanada-Arktika arxipelaqı, Böyük Səhra, Şimali-Şərqi Sibir və Turan ovalığı dünyanın çox az məskunlaşmış əraziləridir. Burada eskimos, yakut, Avstraliya aborigenləri kimi xalqlar yaşayır.
Hal-hazırda dünya əhalisinin 60%-dən coxu , 4.1 milyard əhalisi Asiya qitəsində məskunlaşıb və buna görə də ona ən gur qitə deyilir . Təkcə Çində və Hindistanda yaşayan əhali dünya əhalisinin 37%-ni təşkil edir . Afrikada isə dünya ehalisinin 15%-i , 1 milyardı məskunlaşıb . Latın Amerikası və Karib  rayonlarında  589  milyon (9%) , Avropada 733 milyon insan məskən salıb ki bu da dünya əhalisinin 11%-ni təşkil edir . Şimali Amerikada 362 milyon (5%) , Okeaniyada isə cox az 35 milyon ( 0,5%) əhali vardır .

ƏDƏBİYYAT SİYAHISI

Əfəndiyev Vüsət Əmir oğlu . Əhali Coğrafiyası 2006



Http://Az.wikipedia.org/wiki/D%C3%BCnya_%C9%99halisi#D.C3.BCnya_.C9.99halisinin_art.C4.B1m.C4.B1

Http://En.wikipedia.org/wiki/World_population#cite_note-15

Http://En.wikipedia.org/wiki/World_population#Population_by_continent

Http://En.wikipedia.org/wiki/World_population#Modern_era

Http://En.wikipedia.org/wiki/Population_density

Http://En.wikipedia.org/wiki/Population_density#Biological_population_densities

Http://En.wikipedia.org/wiki/File:World_Population_by_Continent_and_10_Most_Populated_Coun

Http://En.wikipedia.org/wiki/File:World_Population_(UN).svg

Http://En.wikipedia.org/wiki/World_Population

Http://En.wikipedia.org/wiki/World_population#Growth

Http://En.wikipedia.org/wiki/World_Population#Most_densely_populated_countries

Http://En.wikipedia.org/wiki/World_Population#Largest_populations_by_country

Http://Ru.wikipedia.org/wiki/Население_Земли

Http://www.Worldatlas.com/aatlas/populations/ctypopls.htm

Http://www.Infoplease.com/ipa/A0934666.htlm

Http://www.Citymayors.com/statistics/largest-cities-density-125.html

Http://www.Nationmaster.com/graph_geo_pop_den-geography-population-density

Http://www.Studentsoftheworld.info/infopays/rank/densite2.html

Http://www.Photius.com/wfb1999/rankings/population_density_0.html


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə