"Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları"nın təsdiq edilməsi haqqında




Yüklə 22.13 Kb.
tarix18.04.2016
ölçüsü22.13 Kb.
"Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 496 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 23 fevral 2007-ci il



№ 39

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin



2007-ci il 23 fevral tarixli 39 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 496 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə məxsus bank hesablarından büdcə və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin kassa icrasının xarici valyuta ilə həyata keçirilməsini və hesab qalıqlarının dövri olaraq yenidən qiymətləndirilməsi mexanizmini tənzimləyir.



1.2. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xəzinə hesablarına xarici valyutada daxil olan gəlirlərin və bu hesablardan ödəniləcək xərclərin kassa icrasının bu Qaydalara uyğun olaraq həyata keçirilməsi büdcə vəsaitləri üzrə xarici valyutada daxilolmaların həcminin artması nəticəsində yaranan valyuta qalıqlarının daha çevik və məzənnə fərqinə görə yarana biləcək itkilərə yol verməməklə istifadə edilməsi, uçot və hesabat prosesində ayrı-ayrı dövlət orqanları arasında uyğunluğun təmin edilməsi və valyuta qalıqlarının yenidən qiymətləndirilməsi üzrə beynəlxalq uçot standartlarının tətbiq edilməsi məqsədini daşıyır.

 

2. ƏSAS ANLAYIŞLAR

 

2.1. Bu Qaydalarda istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:



2.1.1. xarici valyutada daxil olan büdcə gəlirləri - Azərbaycan Respublikasında neft yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən xarici hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə və Naxçıvan MR-in büdcəsinə köçürülən vergi ödənişləri və xarici dövlətlərdən və təşkilatlardan dövlət borcu kimi daxil olan vəsaitlər, xarici dövlət və təşkilatlara verilən borclardan qaytarılan vəsaitlər və xarici valyutada alınan əvəzsiz yardımlardır.

2.1.2. xarici valyutada aparılan büdcə xərcləri - dövlət büdcəsindən və Naxçıvan MR-in büdcəsindən maliyyələşən təşkilatların aldıqları mal, iş və xidmətlərə, xarici beynəlxalq maliyyə qurumlarına və digər qurumlara ödənilən üzvlük haqlarına, beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdə pay iştirakına və bu kimi digər xərclərə görə Azərbaycan Respublikasının hüdudlarından kənara edilən ödənişlər, həmçinin xarici dövlət borclarına görə qaytarmalardır.

 

3. XARİCİ VALYUTADA BÜDCƏ GƏLİRLƏRİNİN VƏ XƏRCLƏRİNİN KASSA İCRASI

 

3.1. Dövlət Xəzinədarlığından büdcə vəsaitləri üzrə gəlir və xərclərin xarici valyuta ilə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçün Azərbaycan Respublikasının Milli Bankında müvafiq xarici valyutalar üzrə hesablaşma hesabları açılır.



3.2. Xarici valyutada daxil olan büdcə gəlirləri həmin gün vahid büdcə təsnifatına əsasən həm daxil olduğu valyuta, həm də Azərbaycan Respublikası Milli Bankının əməliyyat günü üçün müəyyən etdiyi rəsmi mübadilə məzənnəsi ilə milli valyutada xəzinədarlıq tərəfindən qeydə alınaraq, büdcənin icrasına dair hesabatlarda əks etdirilir.

3.3. Xarici valyuta ilə ödənilən büdcə xərcləri kredit sərəncamçısı olan büdcə təşkilatlarının sifarişi əsasında həyata keçirilir və bu əməliyyatlar həm onların icra olunduğu valyuta, həm də Azərbaycan Respublikası Milli Bankının əməliyyat günü üçün müəyyən etdiyi rəsmi mübadilə məzənnəsi ilə milli valyutada xəzinədarlıq tərəfindən qeydə alınaraq, büdcənin icrasına dair hesabatlarda əks etdirilir.

3.4. Xarici valyuta ilə aparılan xərc əməliyyatları yalnız ölkə xaricinə yönəldilən maliyyə ödənişləri ilə məhdudlaşdırılır (xarici valyuta qalıqlarının milli valyutaya çevrilməsi əməliyyatları istisna olmaqla).

3.5. Azərbaycan Respublikasında neft yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər çərçivəsində fəaliyyət göstərən xarici hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə və Naxçıvan MR-in büdcəsinə köçürülən vergi ödənişlərindən geri qaytarmalar xarici valyutada aparıla bilər.

3.6. Hər hesabat ayının sonunda xarici valyuta hesablarının qalıqları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən Beynəlxalq mühasibat hesabatlığının prinsiplərinə riayət olunaraq yenidən qiymətləndirilir və məzənnə fərqindən yaranan və milli valyuta ilə ifadə edilən qazanc və ya itkilər müvafiq uçot qaydalarına uyğun olaraq qeydə alınır.

3.7. Valyuta qalıqlarının yenidən qiymətləndirilməsindən əmələ gələn qazanc və ya itkilər barədə dövri hesabatlar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2000-ci il 8 dekabr tarixli İ-182 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına dair hesabatların qəbulu və baxılmasının təşkili Qaydaları"na əsasən tərtib olunur və müvafiq orqanlara təqdim edilir.

3.8. İlin yekunlarına görə xarici valyuta qalıqlarının yenidən qiymətləndirilməsindən yaranan qazanc və ya itkilər toplu maliyyə balansında əks etdirilir və büdcə icrasına dair hesabatlar toplusuna daxil edilərək, təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur.

 

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282)



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

16 aprel 2009-cu il tarixli 64 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 282) ilə «Dövlət büdcəsi gəlirlərinin xarici valyutada daxil olan hissəsinin xarici valyuta ilə ödəniləcək dövlət büdcəsindən maliyyələşdirilən xərclərinin konvertasiya edilmədən xarici valyutada icrası Qaydaları»nın 1.1-ci və 3.6-cı bəndlərində ismin müvafiq hallarında «Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Baş Dövlət Xəzinədarlığı» sözləri ismin müvafiq hallarında «Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi» sözləri ilə əvəz edilmişdir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə