Diasporumuzun gələcəyi uğurlu və işıqlıdır




Yüklə 22 Kb.
tarix22.02.2016
ölçüsü22 Kb.
Diasporla İş üzrə Dövlət Komitəsi bütün soydaşlarımızı müstəqil Azərbaycan ətrafında birləşdirir
Nazim İbrahimov: "Diasporumuzun gələcəyi uğurlu və işıqlıdır"
Diaspor quruculuğu və lobbiçilik xaricdə təmsil olunan xalqın və dövlətin maraqlarının müdafiəsində, həmin xalqa mənsub soydaşların təşkilatlanmasında əsas rol oynayır. Bu baxımdan Azərbaycan diasporunun gənc olmasına baxmayaraq, qazandığı uğurlar, dünyanın müxtəlif regionlarında yaşayan soydaşlarımızın ölkəmizdə baş verən dəyişiklikləri beynəlxalq ictimaiyyətə çatdırması, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında rolu yüksək qiymətləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi diaspor siyasətinin uğurla həyata keçirilməsi diasporumuzun mütəşəkkil təşkilatlanmasında mühüm rol oynayır. Başa çatmaqda olan il Azərbaycan diasporunun həyatında mühüm işlər və fəaliyyətlərlə yadda qalıb.

Hər il olduğu kimi, bu ildə də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, onların ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə, diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Görülən işləri bir neçə istiqamətdə dəyərləndirmək olar. Birinci istiqamət diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı fikir və əməkdaşlığın müzakirəsi ilə bağlıdır. Bu il İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı, Türkiyə Cünhuriyyətinin Baş Nazirliyi və DİDK-in dəstəyi ilə "Türk Şurası, türk diasporu və sosial-iqtisadi əməkdaşlıq" mövzusunda keçirilmiş Dünya Türk Forumu onlardan biridir. Altmış ölkədən türk dünyası və diaspor nümayəndələrinin iştirak etdiyi Forum faydalı fikir mübadiləsi ilə yadda qaldı. Forumda qəbul olunmuş yekun Qətnaməyə görə, Azərbaycan, türk, ingilis, özbək, qırğız, türkmən dillərində ortaq internet portalı yaradılması qərara alındı. Bu, türksoylu xalqların diaspor əlaqələrinin daha da güclənməsində və informasiya mübadiləsində əhəmiyyətli rol oynaya bilər.

Diaspor təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə bağlı beynəlxalq aləmin daha çox məlumatlandırılması və bu faktın dünya dövlətlərinin parlamentlərinin müzakirəsinə çıxarılmasına nail olunması Dövlət Komitəsinin diqqət yetirdiyi əsas məsələlərdən olub.

Xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ökəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir. Diaspor quruculuğunda və Azərbaycan lobbisinin yaradılmasında gənclərin fəal iştirakı daha ciddi nailiyyətlər qazanmağa imkan yaradır. İlin yekunlarına dair keçirilmiş konfransda DİDK-in sədri Nazim İbrahimovun son illər gənclərin diaspor quruculuğu işində və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəallığını qeyd etməsi artıq bu sahədə gələcəkdə mühüm rol oynaya biləcək diasporçuların yetişməsindən xəbər verir.

İslam Konfransı Təşkilatının (İKT) üzvü olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya Ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası bu il də bir sıra ölkələrdə etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlərlə öz işini davam etdirib və kampaniyada diaspor təşkilatlarımız da fəal şəkildə iştirak ediblər. Rusiyanın ictimai-sosial həyatında fəallıq göstərən Rusiya Azərbaycan Gəncləri Təşkilatı həmçinin orada yaşayan və təhsil alan gənclərimizin təşkilatlanmasında və onların cəmiyyətə inteqrasiyasında əsaslı addımlar atır.

Yadda qalan uğurlardan biri də bir sıra diasporçuların mükafata layiq görülməsi oldu. Azərbaycanlı alim, Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri Natiq Atakişiyevin Meksikanın inkişafına töhfə vermiş şəxsiyyətlərin sırasına daxil edilməsi, Meksikanın Milli Miqrasiya İnstitutunun dərc etdiyi "Dünyanın bizə hədiyyə etdiyi 200 meksikalı" adlı kitabda onun barəsində məlumatın yer alması, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzovun millətlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsi, inkişafı və milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi işində ictimai fəaliyyətinə görə Moldovanın Dövlət mükafatı olan "Gloria Muncii" ordeni ilə təltif edilməsi buna nümunədir.

Gürcüstanda-öz tarixi Vətənlərində yaşayan azərbaycanlıların həmin cəmiyyətə inteqrasiyası və orada yaşayan gənclərin ölkəmizlə əlaqələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərləri, mədəniyyəti haqqında daha da geniş şəkildə məlumatlandırılması da diqqət mərkəzində olub. Bu məqsədlə yay tətilinin səmərəli keçirilməsi məqsədi ilə bu il iyulun 26-dan 31-dək Gürcüstandan 80 nəfər azərbaycanlı tələbənin və gənclər təşkilatı fəallarının Novxanı qəsəbəsindəki "Aquapark" Əyləncə Mərkəzində istirahətinin təşkili və Türkiyənin Şimali Kipr Yaxın Doğu Universiteti ilə Dövlət Komitəsi arasında anlaşma əldə edilməsi həmin gənclərin Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə və hərtərəfli inkişafına xidmət edir. Anlaşmaya əsasən yeni tədris ilindən etibarən hər il Gürcüstandan olan 20 azərbaycanlı gəncin bu universitetdə ödənişsiz əsaslarla təhsil almasına şərait yaradılıb. Məqsəd Gürcüstanda yaşayan azərbaycanlı gənclərin cəmiyyətə inteqrasiyasına dəstək vermək, habelə, yüksək ixtisaslı gənc kadrların hazırlanmasına yardım göstərməkdir. Protokolda nəzərdə tutulmuş 20 yerə namizədlər qəbul imtahanlarında yüksək bal toplayan, lakin müsabiqədən keçməyən gənclər arasından seçilib. Artıq 18 nəfər soydaşımız müxtəlif ixtisaslar üzrə təhsil almaq üçün universitetə göndərilib. Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanda yaşayan soydaşarımızın gürcü dilini mənimsəməsinə daha yaxşı şərait yaratmaq məqsədilə müvafiq dərsliklərin, əyani vəsaitlərin hazırlanması istiqamətində də tədbirlər həyata keçirib. Belə ki, Dövlət Komitəsinin dəstəyi ilə gürcü dilinin tədrisi üçün "Gürcü dilini öyrənənlər üçün dərslik", "Gürcücə-Azərbaycanca danışıq lüğəti", "Gürcü dilinin qrammatikası" kitabları Azərbaycandilli məktəblərə və gürcü dili kurslarına təqdim edilib. Gürcüstan azərbaycanlı gənclərinin həyatında ən əlamətdar hadisə isə mayın 15-də onların I qurultayı oldu.

Gənclərimizin fəallığının artırılması istiqamətində digər ölkələrdə də mühüm işlər görülüb. 2010-cu il aprelin 24-də Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşəbbüsü ilə bu şəhərdə Ukraynada yaşayan azərbaycanlı gənclərin I forumunun keçirilməsi gənclərin həmrəyliyinin artırılmasında bir addım oldu. 2010-cu ildə Koreya Respublikasının Xarici Dillər Universitetinin Türk-Azərbaycan Dilləri fakültəsində "BUTA Azərbaycan Mədəniyyət Dərnəyi"nin fəaliyyətə başlaması isə ölkəmizlə bağlı Koreyalı gənclərin daha ətraflı bilik almasına müsbət töhfə oldu. İlin ən yadda qalan və mötəbər hadisələrindən biri isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Gəncliyi Dövlət Proqramı"na uyğun olaraq, noyabrın 27-28-də Almaniyanın Frankfurt şəhərində keçirilmiş Dünya Azərbaycanlı Gənclərinin I Konqresi oldu. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə xaricdə yaşayan azərbaycanlı həmvətənlərin diaspor quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması, mədəni irsimizin təbliğində, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin daha fəal iştirakı ilə bağlı bir sıra məsələlər müzakirə olundu. Azərbaycandan 41 və 23 ölkədən 131 gənclər təşkilatının nümayəndəsinin, diaspor təşkilat rəhbərlərinin qatıldığı toplantının yekununda qəbul edilmiş üç mühüm sənəd - "Dünya azərbaycanlı gəncləri I Konqresinin Qətnaməsi", "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət" və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət" diqqəti cəlb edir.

İlin yekunlarına dair konfransda çıxış edən komitə sədri konqresin nəticələrini yüksək dəyərləndirdiyini və tədbirə qatılan gənclərimiz haqqında yüksək təəssüratlara malik olduğunu vurğulayıb: "Sizi əmin edirəm ki, Azərbaycan diasporunun gələcəyi həqiqətən də çox uğurlu və işıqlıdır. Konqresə toplaşan gənclərin fikirlərindən, çıxışlarından, göstərdikləri təşəbbüskarlıqdan gəldiyim qənaətə əsasən söyləyə bilrəm ki, Azərbaycan gəncliyi həqiqətən də gələcəkdə ölkəmizin reallıqlarını dünyaya çatdırmaqda çox böyük işlər görəcək." Konqres çərçivəsində Dövlət Komitəsinin AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu ilə birgə hazırladığı və təqdim edilən "Virtual həftəsonu məktəbi" isə xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqların və gənclərin müasir informasiya texnologiyaları vasitəsilə ana dili, Azərbaycan tarixi, mədəniyyəti və coğrafiyasını öyrənməsi baxımından mühüm addımdır. 2010-cu il həm də Almaniya, İsveç, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Cənubi Koreya və başqa ölkələrdə yeni diaspor təşkilatlarının fəaliyyətə başlaması ilə əlamətdar oldu. Həmin ölkələrdə ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib.

Gələn il diasporumuzun həyatında çox mühüm hadisələr gözlənilir. Bunlardan ən vacibi Dünya Azərbaycanlılarının III Qurultayıdır. Dünya azərbaycanlılarının II qurultayının Qətnaməsində növbəti qurultayların hər beş ildən bir keçirilməsi nəzərdə tutulub. Tədbirin gələn ilin mart ayında keçirilməsinin nəzərdə tutulduğunu bildirən Dövlət Komitəsinin sədri əlavə edib ki, bununla bağlı dövlət başçısının müfaviq sərəncam imzalaması gözlənilir. II Qurultaydan keçən dövr ərzində Azərbaycan diasporunun həyatında kifayət qədər böyük dəyişikliklər baş verib. Gələnilki qurultaydan sonrakı növbəti 5 ildə Azərbaycan diasporunun daha da yüksəliş dövrünün olacağı gözlənilir. Gələn il həm də Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis konfransının keçirilməsi nəzərdə tutulur.



Diasporumuzun qarşısında duran və həyata keçiriləsi işlər hələ çoxdur. Onların fəaliyyət istiqamətinin təhlili gələn il də bu sahədə böyük nailiyyətlər qazanmağa ümid verir.
Əfsanə BAYRAMQIZI,
Xalq qəzeti.-2010.-24 dekabr.-S.3.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə