Deyəsən yenə onu söyməyi gəlirdi




Yüklə 37.48 Kb.
tarix24.04.2016
ölçüsü37.48 Kb.
SƏRÇƏLƏR

Əli əsdi, ya fikri dağıldı, nə oldusa, yenə çayla dolu fincan apardığı yerdə ağzı üstə döşəməyə düşüb sındı. Fincanla bir ürəyi də döşəmənin işıltılı, bərk üzünə dəyib çilik-çilik oldu. Dağılan yenə şirin çay idi.


Dəhlizdə anasının əsəbilikdən əyilən üzü göründü. Anasının üzü əsəbiləşəndə elə vahiməli olurdu, adamın az qalırdı bağrı yarıla.
Anası bu vahiməli üzüylə günaşırı yuxusuna da girirdi. Həmin o əcaib üzüylə gözünü ağarda-ağarda dəmir addımlarla tufan kimi üstünə yeriyirdi. Onda anasının nəhəng kölgəsindən elə bil gecə düşürdü, hər yana qatı zülmət çökürdü. Anasının bu vahiməli kölgəsi altında, zülmət qaranlığın içində təmtək qalırdı, dəhşətdən, qorxudan bağrı yarıla-yarıla yığılıb-yığılıb balaca su damlasına dönürdü... Onda anası yekə, ağır ayaqlarıyla onun üstündən keçib gedirdi. Onu tapdayıb, əzib, döşəməyə yayıb gedirdi… O da döşəməyə yayılan minlərlə sulu nöqtəsindən heysiz səsiylə kimisə köməyə çağırırdı...
Birdən nənəsi üçün ürəyi gizildədi, başını, bədənini ovuc kimi yığıb onun qarnında gizlənmək istədi. Fikirləşdi ki, ora girə bilsəydi, daha çıxmazdı. Elə oradaca oturub qalardı, orda dərsini oxuyardı, yazardı, yatıb-durardı. Nənəsinin qarnı okean kimi nəhəng və dərin idi. Orda istəsəydi, lap velosiped də sürərdi.
Anası hələ də dəhlizin o başından baxırdı. Baxdıqca deyəsən dişləri bir-birinə sıxılırdı, yumruqları düyünlənirdi, başının tükü bir barmaq yuxarı qalxırdı...
Deyəsən yenə onu söyməyi gəlirdi.
Fikirləşdi ki, görən niyə anası onu söyməkdən yorulmurdu?!. Əksinə, söydükcə, bir az da elə bil güclənirdi, rəngi-ruhu açılırdı?!. Anası elə bil kiminsə heyfini alırdı ondan. Anası görən kimin heyfini alırdı ondan?!.
…Fincanın qırıqlarını döşəmədən yığdıqca fikirləşirdi ki, nəyə heyfsilənirdi görən anası?..
Hərdən bir onu söyməyə gücü çatmayanda, anası evin içində o yan-bu yana yeriyib kiməsə qarğış eləyirdi, kimisə söyürdü.
Fikirləşdi ki, ümumiyətlə anası elə bil nə isə istəyirdi, amma o istədiyini eləyə bilmirdi.
Nə istəyirdi görən anası?!.
...Stəkanın qırıqlarını tələm-tələsik yığdıqca, iti şüşələr ətinə keçib əllərini qanatdı.
Anası bir müddət ağır-ağır nəfəs ala-ala uzaqdan ona baxdı. Deyəsən onu söymək həvəsi yox idi. Ya yorulmuşdu, ya da bəlkə əlinin qanını görüb hirsi soyumuşdu?..
- Əlin bişib?..
Anasının səsi həmişəki kimi quru və kobud idi.
...Titrəyib ayağa qalxdı, qırıqlar ətəyində mətbəxə getdi. Yeridikcə, arxadan anasının nifrət dolu baxışlarından bədəninə bir xeyli zəhərli oxlar sancıldı.
Anası bu oxlardan ona o biri otaqlarda olanda da atırdı. Qara makinasını ikiəlli əsəbi-əsəbi düyə-düyə elə bil güllələyirdi onu.
Anası bir də yuxuda güllələyirdi onu. Həmin o qara makinasına minib tank kimi guruldaya-guruldaya üstünə yeriyirdi. Sonra makinanın dillərini basıb onun bədənini güllələrlə doldururdu, aşsüzən kimi deşib tökürdü. O da yaralı bədəninə baxıb görürdü ki, ətinə dolan sən demə, güllə deyilmiş, makinanın üzü kimi qapqara hərflərmiş. Bədəni, əl-ayağı başdan-ayağa qara hərflərlə dolu anasının əlindən qaçıb ürəyi əsə-əsə hardasa gizlənirdi. Sonra bir də baxıb görürdü bayaqdan bəri içinə girib gizləndiyi iri bir "Ğ" hərfidi...
...Ətəyi şüşə qırığıyla dolu qalxıb dizlərini bir-birinə sürtə-sürtə mətbəxə keçdi, qulağı dəhlizdə, ətəyini dünə-dünə zibil qutusuna çırpdı, təmizlədi, şüşənin nöqtə boyda qırıqlarını bircə-bircə hövsələ ilə ətəyindən ovcuna yığdı.
...Anası hələ də dəhlizdəydi, əsəbilikdən qıvrılan nəfəsi dəhlizə dolub ağır dalğa kimi mətbəxə axırdı, onu dövrəyə alırdı...
...Anasını bir dəfə lap dəhşətli görmüşdü yuxuda. Yuxu ondan başlayırdı ki, anası üzü pəncərəyə, arxası ona oturmuşdu. O da barmaqlarının ucunda arxadan ona yaxınlaşırdı, anasını çağırırdı... Anası isə hay vermirdi, əlləri dizlərinin üstə, gözünü qırpmadan pəncərədən harasa uzaqlara baxırdı. Onda o, anasının çiyninə toxunurdu... Anası içi boş müqəvva kimi laxlayırdı, böyrü üstə döşəməyə düşürdü, onun başsız kuklası kimi uzun-uzadı mələyirdi... Qorxu içində ağlaya-ağlaya anasını qaldırmaq istəyəndə, anasının qolu çıxırdı, başı yerindən qopub döşəməyə düşürdü... Onda o, bədəni əsə-əsə anasının qol-qıçını qucağına yığıb otağına aparırdı, orda qorxudan əl-ayağı keyiyə-keyiyə, tələm-tələsik bu qol-qıçı yerə sərirdi nə qədər çalışıb yerinə yığmaq istəyirdisə də, anasını ha təmir elədisə də heç nə alınmırdı...
...Anasının otağının qapısı çırpıldı və çox keçmədi ki, yenə makinanın əsəbi çıqqıltıları eşidilməyə başladı.
İçini çəkib dərindən nəfəs aldı.
Fikirləşdi ki, anası bu qədər nə yazır görən?!.
Bir dəfə oğurlanıb anasının otağına girmişdi, yazıb üst-ütə yığdığı yazılarını oxumuşdu və qətiyyən heç nə başa düşməmişdi. Anası nə isə sərçələrdən yazırdı...
Fikirləşdi ki, bəlkə anası sərçələri sevir?!. Ya bəlkə anası da sərçədi, ona görə onu sevmir?!. Ya bəlkə əksinə, o, sərçə olmadığına görə onu sevmir?!.
Ya bəlkə anası onu sevirdi?!. Hə, hərdən elə bil sevirdi. Bu, əsasən o xəstələnəndə olurdu. Ələlxüsus qızdırması yüksələndə... Onda anası daha makinanı çaqqıldatmırdı, deyinmirdi, fikirli gözlərini bir nöqtəyə zilləyib yorğun üzüylə çarpayısının yanında otururdu, ona mehriban gözlərlə baxırdı, arada bir soyuq dodaqlarını alnına toxundurub istiliyini yoxlayırdı. Onda da anasının dodaqlarından heç bir hərarət duymurdu. Anası həmin o soyuq dodaqlarıyla eyni ilə beləcə dəmir ütünün qızmağını yoxlayırdı, zivədən yığdığı təmiz pal-paltarın nəmliyini yoxlayırdı.
Fikirləşdi ki, yəqin ölsə, anası daha çox sevər onu. Sonra gözünün qabağına gətirdi necə ölür, necə onu tabuta qoyurlar, necə anası tabutun üstünə yıxılıb hönkür-hönkür ağlayır...
Anası bütün bədəniylə onun üstünə yıxılırdı… Onda anasının bədəninin çəkisini, istiliyini, iyini hiss eləyirdi və yuxusu gəlirdi...
Bunu son vaxtlar tez-tez gözünün qabağına da gətirirdi. Yaxşı idi...
Ölümdən qorxmasaydı, bir də bilsəydi ki, diriləcək, ölərdi. Hə, yəqin ki, ölərdi...
Bunu fikirləşib içini çəkdi, balaca əllərini qoltuğuna soxub oturdu və uzun müddət ölümün nə olduğu barədə fikirləşdi. Ölüm, çox qəribədi ki, qaranlıq deyildi. Dumanlı yaz səhəri kimi ağappaq və soyuq idi. Fikirləşdi ki, öləndən sonra orda - o qatı dumanın içində bu balaca canıyla neyləyəcəkdi?!. Oturacaqdı, uzanacaqdı, ya qanad açıb sərçə kimi uçacaqdı?!. Bunu bilmirdi. Bir də bu aydın otaqdan ora - o dumanlı yerəcən necə gedəcəkdi?!. Harasısa ağrıyacaqdı, ya nəfəsi daralacaqdı, yoxsa əli-ayağı qarışıq ət maşınının içiylə çəkilə-çəkilə qıymaya dönüb gedəcəkdi?!. Burası qorxulu idi...
...Belə fikirləşdikcə, elə bil axşam düşürdü, otağın işığı azalırdı...
...Barmaqlarının ucuna qalxıb işığı yandırdı.
Anası onun üçün ağlayacaqdı, hönkürüb lap dəli kimi ulayacaqdı.
Anasının belə hönkürtü ilə ağlamağını, nənəsi öləndə görmüşdü. Anası qollarını tabuta sarıyıb batmış səsiylə "Ana...a!" - deyib qışqırırdı.
Sonra anasının ölməyini gətirdi gözünün qabağına. Anası solğun bəniziylə, sürməli gözləriylə, üzündəki həmin o hövsələsiz ifadəylə tabutda uzanacaqdı. Onda o, tabutun lap yanında oturub anasının solğun yanağını istədiyi qədər sığallayacaqdı.
...Bura çatanda üzüylə bacarmırdı, gözləri dolub-boşalırdı.
...Anası səssiz addımlarla dəhlizdən keçib mətbəxə girdi. Orda deyəsən özünə qəhvə bişirirdi. Sonra əlində fincan otağa qayıtdı və daha makinanın səsi eşidilmədi.
Fikirləşdi ki, qəribədi, anası elə bil tək deyildi. Otağında saatlarla oturanda da, fikirli-fikirli dəhlizdən keçəndə də, onun üzbəüz dayananda da həmişə anasının beyni elə bil kiminləsə, nə iləsə məşğul idi. Elə bil nə uzun-uzadı uzanan saatları, nə evin adamöldürən sakitliyini hiss eləmirdi.
Divanın küncünə qısılıb fikirləşdi ki, anasının beyni bu qədər nə ilə məşğul ola bilərdi?!.
…O biri otaq sakit idi. Fikirləşdi ki, görən indi anası orda neyləyir?!.
Bəlkə anası beləcə saatlarla orda - o qapısı bağlı otaqda tək-tənha otura-otura heç nə eləmir, oturub elə-belə divara baxır?!.
Anası otağına girib orda elə bil kimdənsə gizlənirdi. Ondan gizlənirdi, ya atasından gizlənirdi, burası dəqiq deyildi. Amma bir dəfə atasıyla nə haqdasa mübahisə eləyəndə anası gözləri irilə-irilə vəhşi bir səslə:
- Əl çək yaxamdan!.. İcazə ver ölüm!.. - demişdi.
Onda, o, üzünü balışa soxub ağlamışdı.
Fikirləşdi ki, anası bəlkə elə düz deyirdi?.. O otağa ölmək üçün girirdi və bəlkə elə orda ölürdü?!.
Anası ölmək istəyirdi. Burası yüz faiz dəqiq idi.
Sonra da fikirləşdi ki, axı anası niyə ölmək istəyirdi?!.
Bəlkə anasını öldürən, gün-gündən saraldan, ona nifrət elətdirən, həmin o gecə-gündüz, dəli həvəslə yazdığı o yazılarıydı?!.
Atası da nifrət eləyirdi o mənfur yazılara, bunu da dəqiq bilirdi. Çünki atası bir dəfə elə belə də demişdi. Gecədən xeyli keçmiş yatağından qalxıb anasının otağına getmişdi, qapısını açıb:
- Nifrət eləyirəm, - demişdi, - sənin bu yazılarına!..
Fikirləşdi ki, qəribədi, anası heç nə eləməyə-eləməyə, həm də elə bil nə isə eləyirdi atasına. Hə, qəribədi...
Sonra fikirləşdi ki, yəqin anası atasını da elə üz otağından, divarın o üzündən makinasıyla güllələyirdi.
Atası son vaxtlar anasına kədərli gözlərlə elə bixırdı, elə bil dişi ağrıyırdı. Sonra atası da, əlacı kəsilib qızdırırdı, yorğan-döşəyə düşüb zarıya-zarıya anasının üzünə baxırdı, "mənə yazığın gəlir?" - deyirdi.
Anasınınsa ona yazığı gəlmirdi. Xəstələnəndə də gəlmirdi. Və hətta...
Ora gəlib çatanda əti ürpəşdi.
Və hətta atası ölsəydi belə, anasının ona yazığı gəlməyəcəkdi. Bir dəfə atası əsəbiləşib "Ölsəydim, canım qurtarardı!.." - deyəndə, anası həmişəki laqeyd üzüylə, səsini qaldırmadan "Ölmürsən axı?!." - demişdi və onda anasının üzündən dəqiq bilmişdi, istədiyi nədi.
...Belə fikirləşdikcə, damarlarını sızıldadan soyuq giziltini hiss etdi.
Sakitlikdən az qala qulaqları batdı.
…Bir dəfə anasının otağına, beləcə sakitlik düşəndə, barmaqlarının ucunda getmişdi, qapını azca aralamışdı, gördüyündən ayaq üstə donmuşdu…
…Anası stolüstü güzgünün qabağında oturub dinməz-söyləməz üzünə baxırdı. Anası uzun müddət beləcə üzünə baxdı-baxdı, sonra başını qoluna qoyub sakitcə ağladı.
O gündən bəri ha fikirləşirdisə də, başa düşə bilmirdi ki, anası onda niyə elə ağlayırdı?!.
Fikirləşdi ki, bəlkə anası indi yenə ağlayır?!. Sonra elə bil qulağına o biri otaqdan hıçqırtı səsləri gəldi. Ürəyi döyündü...
Qalxıb barmaqlarının ucunda asta-asta dəhlizə çıxdı, gəlib anasının otağının qapısını azca araladı.
...Anası pəncərənin qabağında, əli qoltuğunda dayanıb harasa baxırdı. Onun gəldiyini hiss edib çöndü:
- Nədi?..
- Heç... elə bildim ağlayırsan.
- Ağlamıram... - anası sakit, sərt səsiylə dedi -...özü də bəsdi güddün məni…
Anasının bayaqdan bəri qabağında durduğu pəncərənin ağzı sərçəylə doluydu. Anası, demək bayaqdan bura sərçələrə baxırdı...
Dəhlizə çıxıb qapını örtdü, üzbəüzdəki güzgünün qabağında dayanıb uzun müddət diqqətlə üzünə, gözlərinə, ağzına baxdı.
Qətiyyən sərçəyə oxşamırdı...
Fikirləşdi ki, əslinə qalsa, anası onu heç olmasa gündə bir dəfə öpməlidi, ya da heç olmasa, günaşırı öpməlidi. Necə ki, körpəlikdə öpürdü. Yəqin bezib onu öpməkdən.
Yaxşı, öpməkdən bezib, onda heç olmasa üzbəüz oturub danışsın onunla?!.
Anasıyla üzbəüz ancaq səhər yeməyində otura bilirdi. Söhbətləri də təxminən belə olurdu:
- Üzün yenə qaşığa dönüb...
Bunu anası deyirdi. O da gülümsəyib çiyinlərini çəkirdi.
- Niyə əməlli yemirsən?!.
- İştahım yoxdu.
- Dünən qiymət almamısan?..
- Ədəbiyyatdan "beş" almışam.
Anasının üzünün ifadəsi bu cavabdan qətiyyən dəyişmirdi:
- Afərin.
Sonra anası həmin o ifadəsiz üzüylə, fikri yenə sərçələrin yanında, işə gedirdi. Ya bəlkə sərçələrin yanına gedirdi?!.
…Axşamlarsa anası lap əsəbi olurdu. Əvvəl soyunub bir müddət yataq otağında gözüyumulu uzanırdı, sonra ayaqüstü nə isə yeyib otağına girirdi və yenə, yəqin sərçələrdən yazırdı.
Fikirləşdi ki, elə bil uzun müddətdən bəridi, anası nə isə eləmək istəyir. Görən anası neyləmək istəyir?.. Bəlkə sərçələri çoxaltmaq istəyir?..
Sonra fikirləşdi ki, bunun anasına xeyri nə ola bilər, görən?..
Balaca ürəyindən nə isə xoşagəlməz ilıq su axdı elə bil… Ürəyi sıxıldı.
Başını divanın söykənəcəyinə söykəyib səssiz-səssiz ağladı...
Çox keçmədi ki, qara makina yenə işə düşdü. Anası indi kimisə, ayrı adamı güllələyirdi.
Anası makinada yazanda elə bil bütün dünyanı unudurdu. Özü dəyişirdi, saçları pırpızlaşırdı, barmaqları ucuiti qələmlərə dönürdü, üzü də hansısa vəhşi quşa oxşayırdı.
Quşa yox, şirə... Hə, anası yazanda şirə oxşayırdı.
...Qalxıb pəncərəyə yaxınlaşdı. Axşam düşürdü. Bir azdan anası onun otağının qapısını azıb quru səsiylə:
- Yatmaq vaxtıdı… - deyəcəkdi və o, bu uzunsov, qaranlıq otaqda boz timsaha bənzəyən heyvərə divanında, uzanıb tavana baxa-baxa uzun müddət yuxusunun gəlməyini gözləyəcəkdi.
Yuxusu da anasıyla gələcəkdi...
Anası hərdən mehriban olurdu yuxuda. Makinanın əvəzinə paltartikən maşını çaqqıldadıb ona bir ucdan çəhrayı, narıncı paltarlar tikirdi. Sonra bu paltarları ona geyindirib qucağında oturdurdu, başını tumarlayırdı... Anası onun başını tumarladıqca, saçı tökülürdü… Saçı dizlərinə, döşəməyə tökülürdü, anasının əllərində qalırdı... Qəribəydi ki, saçı töküldükcə, heç bir ağrı hiss eləmirdi, əksinə, yuxusu gəlirdi...
...Qapı cırıltıyla açıldı. Dəhlizin işığından bir parça içəri düşdü.
Gələn anasıydı… Əvvəl başını, sonra bədənini içəri salıb otaq boyu barmaqlarının ucunda yeridi… Gəlib başının üstündə dayandı… Bir müddət beləcə, dinməz-söyləməz dayanıb ona baxdı... Elə bil onun yatıb-yatmadığını bilmək istəyirdi…
...Ürəyi qorxu içində çırpındısa da, gözünü açmağa ürək eləmədi. Anası bir müddət beləcə səssiz-nəfəssiz dayanıb -durdu, sonra əyilib onun qulağına pıçıltıyla:
- Yenə güdürsən məni?.. - dedi.
...Qorxudan gözüyumulu başını yelləyib "yox" dedi. Onda anasının əli, ağız-burnunu elə qapadı ki, boğulub dik atıldı...
Kitab dizinin üstündən sürüşüb döşəməyə düşdü…
Yuxuya getmişdi nədi?!.
Üşüyüb əllərini qoltuğuna soxdu. Sonra birdən ağlına gələn fikirdən içi atıldı. Divandan sıçrayıb o biri otağa qaçdı, qapını aralayıb başını içəri saldı.
Anası yenə sevgi dolu gözləriylə nə isə yazırdı deyə, onun gəldiyini eşitmədi.
Ürəklənib içəri girdi, gəlib anasıyla üzbəüz durdu. Anası onu görən kimi gözündəki sevgi yoxa çıxdı.
- Nədi?.. - deyib eynəyini saçına keçirdi, əsəbi üzüylə ona baxdı.
- Xəstələnmişəm...
Anası köks ötürüb soyuq əlini onun alnına qoydu.
- Qızdırman yoxdu...- deyib yenə bayaqkı ifadəylə üzünə baxdı...
- Bəlkə ölçüm?..
- Lazım deyil.
- Onda demək qalxacaq... - deyib anasının gözünün içinə baxdı. Anasının üzü dəyişmədisə də, rəngi tutuldu elə bil:
- Qalxar, baxarıq...
...Başını aşağı salıb otaqdan çıxmaq istədi, sonra nə fikirləşdisə, geriyə çönüb:
- Özümü pis hiss eləyirəm... - üşüyürəm, ürəyim bulanır... - dedi.
- Limon ye, isti geyin…
Anası axırıncı sözləri robot kimi dedi.
...Otaqdan çıxıb qapını örtdü. Balaca yumruqları düyünlənib sıxıldı. Otağına qayıdıb pəncərənin laylarını taybatay açdı. Pəncərənin qabağı sərçəylə doluydu deyə, "prrr" eləyib havaya qalxdılar.
Yaz gəlsə də, havada qışın soyuqluğu hələ hiss olunurdu.
...Bir müddət beləcə, əynindəki nazik paltarda, soyuqdan titrəyə-titrəyə, külək saçlarını qarışdıra-qarışdıra dayanıb fikirləşdi ki, qoy xəstələnsin, elə xəstələnsin ki, qızdırmaölçənin civəsi, şüşəsini deşib fəvvarə vursun. Ya bəlkə özünü aşağı atsın?!. Onda anası onun yanına qışqırıb ağlaya-ağlaya, ayaqları bir-birinə dolaşa-dolaşa gələcəkdi. Ya da bəlkə heç gəlməyəcəkdi?! Aşağıdakı səs-küyə qalxıb pəncərədən çölə baxacaqdı, sonra köks ötürüb dünyadan bezmiş üzüylə pəncərəni bağlayacaqdı, eynəyini gözünə keçirib yerinə qayıdacaqdı və yenə, dəli kimi yazacaqdı…
...Barmaqlarının ucuna qalxıb aşağı boylandı. Başı elə hərləndi ki, ayağı büdrədi, az qaldı döşəmədən qırılıb onu başı üstə aşağı uçurub nizə kimi yerə sanca. Məhəccərdən tutub özünü zorla saxladı, pəncərəni örtüb ürəyi yerindən qopa-qopa yenə divanda büzüşdü.
...Pəncərənin qabağı yenə sərçəylə doldu. Anasının hər səhər məhəccərə tökdüyü quru çörəyi dənləyib başlarını tez-tez o yan-bu yana buran sərçələr indi də, bir-birinin üstündən atıla-atıla elə bil ənzəli oynayırdılar. Hərdənbir də şüşənin o üzündən balaca gözləriylə dinməz-söyləməz ona elə baxırdılar, elə bil üzünə gülümsəyirdilər.
...Hər səhər anası yerindən qalxıb yuxulu, kal üzüylə birbaş mətbəxə gedirdi, ordan çörək qırığı götürüb bir-bir otaqları gəzirdi, pəncərələri açıb çörəyi ovurdu, sonra başını pəncərənin şüşəsinə söykəyib həmin o yuxulu üzüylə sərçələrin çörək qırıntılarını dənləməsinə baxırdı.
...Sərçələrin dimdik səsləri, o biri otaqdan gələn makinanın çaqqıltısına qarışıb eybəcər bir uğultuya çevrilirdi.
...Bədəni yığıldı... Ayağa qalxıb ova çıxan pişik kimi asta-asta pəncərəyə yaxınlaşdı, səssiz hərəkətlərlə, ehtiyatla cəftənin birini burub pəncərənin bir layını açdı…
Sərçələr lap yaxındaydı. Ona məhəl qoymadan cükküldəyə-cükküldəyə atılıb düşürdülər.
...Əlini göz qırpımında məhəccərə atdı.
...Sərçələr fəvvarə vurub havaya qalxdılar.
...Ovcu boş deyildi. Sərçələrdən biri axır ki, keçmişdi əlinə. Sərçənin isti, yumşaq bədəni ovcunda, çevik, noxud başı yuxarıdaydı, balaca, qara gözlərini üzünə zilləyib dinməz-söyləməz yenə elə baxırdı, elə bil gülümsəyirdi.
...Bədəni boyu qapqara, zəhərli acıq dolaşdı sərçəni tutan ovcuna yığıldı. Ovcu necə sıxıldısa, sərçənin balaca başı cansız halda geri qatlandı.
Ölü sərçəni əlinin içində o üz-bu üzə çevirib baxdı. Sərçənin bayaqkı təbəssümü hələ də üzündəydi. Odu ki, iki barmağıyla quşun başını, açarı buran kimi burub kökündən qopartdı. Aparıb mətbəxə, zibil vedrəsinə atdı.
Otağına qayıdanda hiss elədi ki, dizləri əsir. Divana oturub əllərinə baxdı. Əlləri də əsirdi.
...Çox keçmədi ki, atası gəldi. Atasının qanı yenə qara idi. Özü də deyəsən içmişdi. Tüklü üzüylə onu öpüb azca ləngər vurdu, sonra keçib həmişəki yerində, televizorla üzbəüz oturdu.
...Gəlib atasının böyründə oturdu, başını onun sinəsinə söykədi. Atasının köynəyi elə bil nəm idi.
- Ev yaman soyuqdu...-atası dedi, sonra onun başından öpdü. Atasından tər iyi gəlirdi...
...Səhər makinanın çıqqıltısı kəsmişdi. Televizorun da səsi gəlmirdi. Elə bil evdə heç kim yox idi.
...Yerindən qalxıb başmaqlarını geydi, gərnəşə-gərnəşə dəhlizə çıxdı.
...Anasının otağının qapısı açıq idi. Gəlib içəri boylandı.
Otaq elə bil dəyişmişdi. Makina yoxa çıxmışdı. Makinanın stolu da yerini dəyişib lazımsız əşya kimi küncə dirənmişdi. Anasının, saatlarla üzünə baxdığı güzgüsü də yox idi. Və ümumiyyətlə, otaqda anasına aid elə bil heç nə yox idi. Anasının kreslosu otağın ortasındaydı və orda indi atası oturmuşdu. Tüklü üzünü əliylə gizlədib siqaret çəkirdi, onun gəlişini hiss eləyib dikəldi. Onda gördü ki, atasının gözləri qıpqırmızıdı.
- …O hara getdi?..
Atası çiyinlərini çəkib üzündəki bədbəxt ifadəylə ona baxdı.
- Bilmirəm… - dedi, sonra ata-bala qucaqlaşıb dinməz-söyləməz yellənə-yellənə oturdular.
…Pəncərənin qabağı sakit idi, sərçələrin səsi gəlmirdi.
…Başa düşdü anası onları atıb hara getmişdi...Gözləri doldu.
…Anası sərçələrlə getmişdi…


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə