Dərslik II cild Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci IL tarixli




Yüklə 2.96 Mb.
səhifə1/39
tarix23.02.2016
ölçüsü2.96 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   39


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU


Firədun Nadir oğlu İbrahimov

Rüfət Lətif oğlu Hüseynzadə

PEDAQOGİKA
Dərslik
II cild
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.12.2011- ci il tarixli,

2062 №-li əmri ilə təsdiq edilmişdir.




Bakı 2012

Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”



Heydər Əliyev
Kitab Ulu Öndərimiz Heydər Əliyevin - “Mənim ən sevimli müəllimim!” – nidası ilə əzizlədiyi görkəmli pedaqoq, ədəbiyyatşünas alim, ”İstiqlal” ordenli, Əməkdar müəllim Lətif Hüseynzadənin əziz xatirəsinə ithaf olunur.
Elmi redaktor: Ə.Ə.Ağayev

Pedaqogika üzrə elmlər doktoru, professor
Rəyçilər: Akif Abbasov

Pedaqogika üzrə elmlər doktoru, professor
Ləzifə Qasımova

Pedaqogika üzrə elmlər doktoru, professor
Ağahüseyn Həsənov

Pedaqogika üzrə elmlər doktoru, professor
Mircəfər Həsənov

Pedaqogika üzrə fəlsəfə doktoru, professor.
Məmmədəli Ağayev

Pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Firədun İbrahimov, Rüfət Hüseynzadə. PEDAQOGİKA: 2 cilddə. II cild. – Bakı: Mütərcim, 2012, s.
Dərslikdə təhsilin Bolonya prosesi, kredit sistemi, yeni pedaqoji tex­nologiyalar, innovasiyalar, fəal və interaktiv təlim metodları, pedaqoji proseslərə yanaşmada yeni pedaqoji təfəkkür ümumiləşmiş şəkildə şərh olunur, müasir pedaqoji elmin və son pedaqoji təcrübələrin nailiyyətləri əsa­sında pedaqogikanın nəzəri və praktiki məsələləri geniş planda təq­dim olunur.

Dərslik Azərbaycan Respublikası Təhsil Na­zir­liyi tərəfindən təsdiq edil­miş “Pedaqogika” proqramı əsasında hazırlanmış və Bolonya prosesi, kredit sis­temi üzrə ali pedaqoji məktəblərin bakalavr pilləsi üçün nəzərdə tutulmuşdur.



İ хх-11

© F.N.İbrahimov, R.L.Hüseynzadə. 2012


TƏRBİYƏ NƏZƏRİYYƏSİ,

Tarİxİ və METODİKASI

I fəsil
Tərbİyə, ONUN meydana gəlməsİ

və İnkİşaf dövrlərİ
Əhatə olunan məsələlər:
1.1. Tərbiyə.

1.2. İbtidai icma quruluşunda tərbiyə.

1.3. Antik yunan fəlsəfəsində tərbiyə.

1.3.1. Sparta tərbiyə sistemi.

1.3.2. Afina tərbiyə sistemi.

1.1. Tərbiyə
Tərbiyə” sözü ərəbcə “əl-tərbiyə” sözünün “rəbb” kökün­dən əmələ gəlib. O, üç mənanı ifadə edir: “Rəba”-doğru yol gös­tər­mək; “Rəbi”- bəsləmək, yetişdirmək, böyütmək, tamamlamaq; “ri­ba”-çoxaltmaq.

Rəbb” Allahın 99 adından biri olub. “Quranda”da Allah sö­zün­dən sonra ən çox (935) işlənən sözdür. Mənası “tərbiyə edən”, “nemət verən”, “maddi və mənəvi kamilliyə doğru yönəldən”, “ər­sə­yə çatdırma deməkdir. “Mürəbbi” sözü də “rəbb” kəlməsindən əmələ gəlmişdir.

Ərsəyə çatdırma” dedikdə, uşağın sərbəst yaşamaq, öz taleyi haq­qında düşünməyi bacarmaq və davranışını sərbəst olaraq qaydaya sal­maq, dünyaya münasibətdə müstəqil dərketmə qabiliyyətinə yi­yə­lənmək səviyyəsinə çatdırmaq mənası başa düşülür.

Şəxsiyyətin təşəkkül tapıb formalaşmasında digər amillərlə ya­naşı, tərbiyə prosesinin müstəsna dərəcədə böyük rolu vardır. Pey­ğəmbərimiz Həzrəti Məhəmməd (s.ə) buyururdu ki, “tərbiyə valideynin öz övladına verdiyi ən böyük hədiyyədir”.

Hər bir şəxs-istər uşaq, cavan, istərsə də yaşlı olsun daim tərbiyəyə möhtacdır. Hələ vaxtilə ingilis filosofu Con Lokk göstə­rirdi ki, insanlar arasında fərqləri məhz tərbiyə yaradır.

Tərbiyənin əsas qayəsi geniş, mütərəqqi dünyagörüşlü, xe­yir­xah, mədəni, humanist insanlar yetişdirməkdir.

Pedaqoji anlayış kimi tərbiyənin məzmununun üç əlaməti gö­s­tərilir: birinci, məqsədyönlülük; ikinci, bəşəriyyətin tarixi inki­şa­fı­nın nailiyyətləri olan sosial-mədəni dəyərlərə müvafiqlik; üçün­cü, təş­kil olunan tərbiyəvi təsir sisteminin mövcudluğu.

Tərbiyə işi insan cəmiyyətinin yarandığı ilk dövrlərdən meydana gəlmiş, şəхsiyyətin fоrmalaşması, inkişafı, davranışı prоsesidir”.

Tərbiyə yaşlı nəslin əldə etdiyi bilik, bacarıq və təcrü­bə­nin məqsədyönlü, planlı, mütəşəkkil şəkildə gənc nəslə aşılan­ma­sıdır”
1.2. İbtidai icma quruluşunda tərbiyə
Maddi və mənəvi mədəniyyət abidələrinin, habelə folklor nümunələrinin öyrənilməsi bəşər sivilizasiyasının ilkin çağlarında tərbiyənin meydana gəlməsi ilə bağlı müəyyən fikirlər irəli sürməyə imkan verir. İbtidai icma dövründə ilkin pedaqoji təsəvvürlərin yaranması və təşəkkülü ayrı-ayrı xalqların qədim adət və ənənələri, mərasim və ayinləri, əyləncə və oyunları ilə sıx bağlı olmuşdur.

Kökləri əsrlərin dərinliklərinə gedib çıxan xalqın həyat müşa- hidələrinin və empirik təcrübənin məhsulu olan atalar sözləri, zərb məsəllər, mərasimlər, xalq oyunları, əyləncələr qədim insanların tərbiyə ilə bağlı fikirlərinə parlaq sübutdur. Bu günə qədər insanın mənşəyi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur. Ənənəvi kon­sep­si­yalar arasında təkamül-bioloji (Ş.Leturno, S.Simpson, A.Espi­nas)psixoloji (P.Monro) nəzəriyyə mühüm yer tutur.

Təkamül-bioloji nəzəriyyənin nümayəndələri insanların ibti­dai icma dövründəki tərbiyəvi fəaliyyəti ali heyvanların öz bala­la­rı­na göstərdikləri instinktiv qayğıya bənzədir, heyvanlar aləmində də tərbiyənin mövcud olduğunu söyləyirlər. Bu alimlər tərbiyənin şü­ur­lu səciyyəsini inkar edir və onu qeyri-mütəşəkkil, kortəbii bir hadi­sə hesab edirlər.

P.Monro tərbiyənin meydana çıxmasını yalnız uşaqların bö­yük­ləri şüursuz surətdə təqlidində görürdü. O, bununla bağlı ya­zır­dı: “İbtidai insan üçün yalnız yaşadığı zaman mövcuddur. Onun şüu­runda keçmiş və gələcək anlayışları demək olar ki, yox­dur. Tər­bi­yə isə yalnız ətraf mühitə uyğunlaşmaqdan ibarətdir”. İn­sa­nın mən­şəyi və tərbiyənin yaranması ilə bağlı dini təlimlərdə dəyərli fikirlər vardır. Y.A.Komenski “Böyük didaktika”nın III fəs­lində “İnsanın ən ali, ən kamil, hər şeydən üstün məxluq olması” müd­dəasını irəli sürərək insanın həqiqi layiq olduğu ucalığa çatması üçün son məqsədi uğrunda ləyaqətlə mübarizə aparmağa səsləyir. İnsanın son məqsədi isə bu həyatdan kənardadır.

Y.A.Komenskiyə görə, bu həyat yalnız əbədi həyata hazır- lıqdır.Y.A.Komenski əbədiyyata hazırlığın üç mərhələsini göstər­miş­dir: özünüdərk, özünüidarə və Allaha doğru cəhd. Sonra o, fik­rini davam etdirir: “İnsan İlahəyə bənzəyir. İnsan da müqəddəs olmağa çalışmalıdır”. Necə ki, “Müqəddəs kitab”da deyilir: “Alla­hı­nız kimi siz də müqəddəs olun”.

Bir çox müasir pedaqoq-tədqiqatçılar tərbiyənin mənşəyi mə­sə­ləsini nəzərdən keçirərkən bəzi ali heyvanlarda və insanda şüurlu fəaliyyətin formaları arasında varisliyin zəruri olması fikri ilə ra­zı­la­şır­lar. Lakin bununla belə onlar xüsusi fəaliyyət növü kimi meydana gə­lən insan tərbiyəsini fərqləndirən sosial xarakteristikaları da xü­susi vurğulayırlar.

Deməli, insanın tərbiyə fəaliyyəti onun əmək fəaliyyətinin zəruru bir hissəsidir.Tərbiyə fəaliyyəti insanın öz nəslinin davam etdirilməsinə xidmət edir. Bu əməyin nəticəsi maddi nemətlər və də­yərlər deyil, yaxşı təhsil-tərbiyə almış insandır. Tərbiyə mənəvi is­tehsal sahəsinə aiddir. Buna görə də insan nəslinin davamının əbə­di və təbii şərti olan uşaqların tərbiyəsi insanın təşəkkülünün ilk mər­hələsində əmələ gəlmiş, bir ictimai üsulun digəri ilə əvəz edil­mə­sindən asılı olmayaraq bütün bəşər tarixi boyunca davam etmiş və edəcəkdir.

İbtidai icma dövründə tərbiyə xüsusi fəaliyyət növü kimi mey­­dana gəlmişdir. Bu cəmiyyətdə tərbiyə sadə, bəsit xarakter da­şı­yır­dı. Həmin dövrdə uşağın tərbiyəsi onun bəslənməsindən və bö­yü­dülməsindən, habelə yaşlı nəslin təcrübəsinin böyüyən gənc nəslə verilməsindən ibarət idi.

Kortəbii şəkildə yaranmış tərbiyənin məqsədi insanı sadə hə­yat tərzi keçirərək dünyanı dərk etməyə yönəltmək idi. Adi şüur sə­viyyəsində pedaqoji fikrin ünsürləri tədricən inkişaf edirdi. Son­ra­lar onlar praktik təcrübədə tərbiyəyə çevrilərək adət-ənənə­lər­də və folklorda özünü təzahür etdirirdi.

Getdikcə tərbiyə insanların fiziki, əqli, mənəvi, emosional baxımdan böyüməsi və inkişafı kimi meydana gəlirdi. İbtidai insan- ların tərbiyəsi kortəbii və sistemsiz səciyyə daşıyırdı.

İbtidai insanların ictimai-sosial təcrübəsi və təfəkkürü zəngin­ləşdikcə onun məzmunu və tədqiq üsulları da mürəkkəbləşirdi.

İlk vaxtlar tərbiyə xüsusi fəaliyyət növü kimi deyil, həyat təc­rü­bəsinin ötürülməsi kimi başa düşülürdü. Bu dövrdə tərbiyənin mü­hüm xarakterik xüsusiyyətlərindən biri ondan ibarət idi ki, uşaq­la­rın tərbiyəsi ümumi və təbii səciyyə daşıyırdı. Bütün uşaqlar qrup və ya kollektiv şəkildə birgə tərbiyə olunurdular. Bununla da uşaq­lar icmanın ictimai əmək həyatına müstəqil olaraq hazırlanır dılar.

Tərbiyə sahəsində uşaqların cinsi və yaşında müəyyən fərdi fərqlər özünü göstərirdi. Oğlanlarla qızların tərbiyəsindəki əsas fərq əməyin təbii bölgüsündə meydana gəldi. İbtidai icma cəmiyyətində tərbiyənin digər xarakterik xüsusiyyəti ondan ibarət idi ki, həmin dövrdə uşaqların tərbiyə edilməsi üçün xüsusi müəssisələrin yara- dılmasına ehtiyac yox idi. O dövrdə tərbiyə əmək adamlarının fəa­liy­yəti və onların təbiət qüvvələri ilə apardığı mübarizə ilə sıx bağlı idi. Tərbiyənin forma və metodları sadəliyi ilə seçilirdi. İlk vaxt­lar­da uşaqların tərbiyəsi bəşər cəmiyyəti həyatının əmək prose- sindən ay­rıl­mırdı. Tərbiyə icma həyat tərzindən irəli gələrək bu cür möv­cud­luq üsuluna zəmin yaradır və onu möhkəmləndirirdi. İbtidai ic­ma cəmiyyətinin sonrakı mərhələsində tərbiyənin mənşəyində yeni mərhələ yarandı. İnsanların sosial məşğulluğunun əhatə dairəsi məhz bu mərhələdə daha da gücləndi.

Getdikcə tərbiyənin mütəşəkkil formalarının ünsürləri mey- dana gəldi. Tədricən tərbiyə işi xüsusi şəxslərin əlində cəmləşməyə başladı. Tərbiyə işi 9 yaşdan başlayaraq 11 yaşadək davam edirdi. Kiçik yaşlı uşaqlar analarının nəzarəti altında zəruri əmək vərdiş­lə­rinə yiyələnirdilər. Bu dövrdə azyaşlı uşaqlar oyunda böyüklərin hə­yatını təqlid edirdilər. Uşaqlar yaşlıların ictimai həyat fəaliyyətində yaxından iştirak etməklə, hər gün onlarla ünsiyyətdə olmaqla tər­bi­yə olunur və onlardan öyrənirdilər. Bununla da, uşaqlar əmək fəa­liy­yətinə, kollektiv əməyə hazırlanırdılar.

Bu cəmiyyətdə hər şey kollektiv xarakter daşıyırdı. Əməkdə iştirak edən və böyüklərlə gündəlik ünsiyyətdə olan uşaqlar həyat üçün zəruri vərdiş və əmək bacarığını mənimsəyir, müvafiq məra- simlərin icra edilməsi qaydaları ilə tanış olur, özünün bütün vəzifə- lərini böyüklərin tələbinə uyğunlaşdırırdılar. Ağsaqqallar və din xadimləri isə uşaqlar tərəfindən icmanın müəyyən etdiyi qadağa- ların pozulmamasına nəzarət edirdilər.

Erkən ibtidai icma dövründə tərbiyənin səviyyəsi çox aşağı idi. İcmanın kiçik yaşlı üzvlərinə nəzərə çarpacaq dərəcədə davranış sərbəstliyi verilirdi, bununla yanaşı onlara sərt cəzalar da tətbiq olu­nur­du. Uşaqlar mütəmadi olaraq ciddi fiziki cəza veriləcəyi ilə qor­xu­dulurdu. Tədricən icmanın təbəqələşməsi və insanlar arasında sosial ziddiyyətlərin artması tərbiyə sistemini sərtləşdirdi. Uşaqlara verilən fiziki cəza müntəzəm olaraq tətbiq olunmağa başladı. İbtidai icma dövrünün sonunda tərbiyənin kollektiv ənənələri uşaq və yeni­yet­mələr üçün özünəməxsus “gənclər evi”nin meydana gəlmə- sinə səbəb oldu. “Gənclər evi” insanlara müəyyən əmək vərdişləri və ba­carıqların, ayinlərin (mərasimlərin) öyrədilməsi məqsədilə təş­kil edil­mişdi. Burada tərbiyənin başlıca forması keçirilən birgə oyun və məşğələlərdən ibarət idi.

Patriarxal qəbilə quruluşunda “gənclər evi” müxtəlif forma- larda təşkil olunurdu. Oğlanların tərbiyə edilməsi işi ilə ağsaqqallar və kahinlər məşğul olurdular. Əmlak təbəqələşməsinə görə kasıblar və icmanın daha imkanlı üzvləri üçün ayrı-ayrı “gənclər evi” mey- da­na gəldi. 10-15 yaşına çatmış hər iki cinsdən olan bütün yeni- yet­mə­lər inisiasiya-özünü böyüklərə təqlidetmə mərhələsindən keçir­di­lər. Oğlanlarda isə bu mərhələ mürəkkəb olduğundan uzun- müddət da­vam edirdi. İnisiasiya dini mərasim formasında keçiri- lərək ənə­nə­vi dini nəğmələr, mərasim rəqsləri və sehirli ovsunlarla müşayiət olunurdu. İbtidai icma dövründə tərbiyə işi mürəkkəb- ləşmiş, çox­sahəli və planlı xarakter almışdı.

Uşaqlara əmək bacarığı və vərdişləri aşılanmaqla yanaşı, həm də onlara dini mərasim qaydaları öyrədilirdi. Böyüyən gənc nəslin tərbiyəsində şifahi xalq yaradıcılığı- nağıllar, oyun və rəqslər, mu­si­qi və nəğmələr mühüm rol oynayırdı ki, bu da onların əxlaqını, dav­ra­nışını, mənəvi xarakter keyfiyyətlərini müəyyən edirdi.

Qəbilə icmasının sonrakı inkişaf mərhələsində gənclərin hərbi tər­biyəsinin əsası qoyuldu. Oğlanlara ox atmaq, nizədən istifadə et­mək, at çapmaq və s. kimi bacarıqları əhatə edən hərbi tərbiyə verilirdi.

Sonralar isə onlara ilkin bilik verməklə yanaşı, yazının əmələ gəl­məsi ilə əlaqədar olaraq yazmağı öyrətmək də tərbiyə işinin məzmununa daxil edildi. İbtidai icmanın sonlarında ailə tərbiyəsi tərbiyə işinin ümumi formasına çevrildi. Tərbiyənin məzmunu daha da genişləndi və mürəkkəbləşdi. Tərbiyə ictimai fəaliyyətin xüsusi forması kimi fərqləndirildi.




1.3. Antik yunan fəlsəfəsində tərbiyə
1.3.1. Sparta tərbiyə sistemi
Qədim yunan filosofu Aristotelə görə, Sparta vətəndaşlarının tərbiyəsində daha çox hərbi icma üzvləri hazırlamaq məqsədi əsas yer tuturdu. Tərbiyənin əsas vəzifəsi davamlı hərbçilər, gələcək qul­dar­lar yetişdirməkdən ibarət idi. Ona görə də quldar övladlarının fi­zi­ki cəhətdən sağlam olmasına ciddi fikir verilirdi.

Plutarx yazırdı ki, “yeni doğulan uşaqları ağsaqqallar nəzər­dən keçirirdilər. Əgər o, (uşaq) möhkəm və ahəngdar quruluşlu olar­dısa, onu tərbiyə etmək üçün atasına qaytarar, zəif və eybəcər uşaq­ları Tayqet yanındakı uçurumdan atardılar. Onlar zənn edirlər ki, belə uşağın həyatı nə onun özünə, nə də cəmiyyətə mənfəət verə bil­­məz. Çünki təbiət ona əvvəldən qüvvət və yaxşı bədən quruluşu ver­məmişdir”.

Spartalılar 7 yaşa qədər ailədə məşhur dayələrin himayəsində tərbiyə alırdılar. Lakin sonralar dövlət gənc nəslin tərbiyə və təlim vəzifəsini öz üzərinə götürdü. Belə tərbiyə uzunmüddətli olub üç mərhələni əhatə edirdi:



a) 7 yaşdan 14 yaşadək;

b) 14 yaşdan 20 yaşadək;

c) 20 yaşdan 30 yaşadək.

Dövlət tərbiyə müəssisəsi olan məktəbə aqellam deyilirdi. Bu məktəblərə hakimiyyətə məlum olan adamlar rəhbər təyin olunurdu ki, onlara pedanom deyilirdi.



Birinci mərhələdə uşaqlar pedanomun-tərbiyəçinin rəhbərli­yi altında tərbiyə alırdılar. Onlar birlikdə yaşayır, oxu və yazı vərdiş- lərinə yiyələnirdilər. Fiziki hazırlığa isə xüsusi yer verilirdi, belə ki, oğlanların bədəni möhkəmləndirilir, habelə onlara soyuğa, aclığa, ağrılara və susuzluğa tab gətirmək aşılanırdı. Gənc spartalılar qaç­mağa, hoppanmağa, əlbəyaxa vuruşma zamanı müxtəlif vasitələrdən istifadə etməklə yanaşı, hərbi mahnılar oxumağa da hazırlanırdılar.

Spartalılara əxlaqi və siyasi tərbiyə müsahibələr yolu ilə veri- lirdi. Onları müxtəsərliyə, öz fikrini qısa və yığcam söyləməyə alış­dı­rırdılar.



Tərbiyənin ikinci mərhələsində uşaqların savad təliminə musiqi və nəğmə məşğələləri də əlavə edilirdi. Tərbiyə üsulları get­dik­cə sərtləşirdi. Gənclərin əxlaqisiyasi tərbiyəsi dövlət baş­çı­la­rının bilavasitə onlarla söhbətləri zamanı həyata keçirilirdi. Gənc­lərə yaşlılar tərəfindən pis meyllərdən uzaq olmaq təlqin edilirdi, la­kin onların cinsi həyat sahəsindəki fəaliyyəti heç bir qadağa ilə məh­dud­laşdırılmırdı və bu hal qüsur da hesab edilmirdi. Yaşlılar tərəfindən pis hərəkətlər kəskin şəkildə mühakimə edilir və onların qar­şısı sərt cəza tədbirləri ilə alınırdı.Əfsanəvi qanunverici Likurq spartalıları sərxoşluqdan qorumaq üçün “ayıqlıq dərsləri” təşkil etmişdi. Bu “dərslərdə” qullar içməyə məcbur edilirdi ki, spartalılar sər­xoşluğun nə qədər iyrənc və çirkin bir iş olduğunu gözləri ilə görsün və buna şəxsən əmin olsunlar. Uşaqların tərbiyə- sindəki mü­hüm məsələlərdən biri onların tikanlı, lakin zərif formada və bir neçə sözdə çox şeyi ifadə etməyə qabil olan nitqə yiyələndirilmələri idi. Yeniyetmələrə verdikləri cavablarda dəqiq və müxtəsər olmaq öyrə­dilirdi ki, buna “lakonik nitq” deyilirdi.

Likurq pul sikkəsini hörmətdən salsa da “söz sikkəsi” ilə başqa cür davrandı. O, istəyirdi, bir neçə sadə sözdə çox dərin məna ifadə olunsun. Uşaqlar uzun müddət dinməz dayanmağı öyrənib, də­rin mənalı cavab verməyə alışırdılar. Ona görə də belə yığcam da­nı­şan adamların vətəninin adından “lakonik danışıq” anlayışı ya- ran­mışdır. Sonralar spartalılar bu xüsusiyyəti daha da inkişaf etdi- rirdilər. Spartada tərbiyə ənənələri daha çox avtoritar xarakter daşı- yır, sərt fiziki və hərbi tərbiyə əsas yer tutur, savad təliminə, təhsilə də kifayət qədər diqqət yetirilmirdi. Fiziki tərbiyədə dövlət üçün möhkəm bədənli döyüşçülər yetişdirilməsi nəzərdə tutulurdu. Spar- tada mükəmməl şəxsiyyət dedikdə, fiziki cəhətdən möhkəm döyüş- çü nəzərdə tutulurdu. Belə tərbiyə sisteminin hərtərəfliliyi qədim dövrlərdə formalaşmış dövlət sistemi ilə şərtlənirdi. Dövlətin əsas vəzifəsi isə qulları itaətdə saxlamaq idi.
1.3.2. Afina tərbiyə sistemi
Afinada hərtərəfli inkişaf etmiş şəxslər tərbiyə etmək vəzi- fə­si qarşıya qoyulmuşdu. Onlar həm fiziki, əxlaqi, həm də əqli cə­hət­dən inkişaf etmiş, gözəl zövqə malik insanlar olmalı idilər. Bu cür adamların hakim təbəqədən seçilməsi və tərbiyə olunması nə­zərdə tutulurdu. Ardıcıl təlim-tərbiyə təcrübəsinin əsasını yarış prinsipi (aqonistika) təşkil edirdi. Uşaqlar, yeniyetmələr və gənclər həmişə gimnastikada, rəqsdə, musiqidə yarışır, öz bilik, bacarıq və vərdişlərini kütlə qarşısında nümayiş etdirirdilər.

Afinada uşaqlar 7 yaşa qədər ailədə tərbiyə alırdılar. Bundan sonra oğlan uşaqları məktəbə gedir, qızlar isə ailədə tərbiyə almaqla ev işlərinə alışdırılırdı. Varlı ailələrdən olan oğlanlara xüsusi peda­qoq nəzarət edirdi.

Tərbiyəçi pedaqoqlar təsərrüfatda işləyə bilməyən, fiziki cə­hət­dən zəif, quldarlar üçün faydasız hesab olunan qullardan olurdu. Tərbiyəçi müsbət keyfiyyətlərin daşıyıcısı olmadığından çox vaxt onun tabeliyində olan uşaqlar da həmin keyfiyyətləri mənim­sə­yir­dilər.

Afinada uşaqlar 7 yaşdan 13-14 yaşa qədər qrammatika və kifara (musiqi) məktəblərində təhsil alırdılar ki, həmin məktəblər xüsusi adamlar tərəfindən açılırdı. Bu məktəblərdə təhsil pullu olur- du. Aşağı təbəqənin uşaqları orada az hallarda oxuya bilərdilər. Uşaqları didaskal-müəllim oxudurdu.

Kifara məktəbində uşaqlara musiqi, nəğmə, bədii qiraət öyrə­di­lirdi. Bununla da uşaqlara ədəbi və musiqi təhsili verilirdi. Mək­təb proqramının alfa və omeqası Homerin poemalarının öyrə- dil­mə­sindən ibarət idi. Bununla bağlı, qədim yunan mütəfəkkiri Pla­to­nun fikrincə,“Elladanı Homer tərbiyə etdi”.

Homerin “İliada”Odisseya” poemaları yalnız savad və mu­siqi təlimində didaktik material olmayıb, həm də yeniyetmələri hə­yati münasibətlərlə tanış edir, onları əxlaq ənənələrinə daha da yaxınlaşdırırdı.

Musiqi məktəblərində təlim sinkretik xarakter daşıyırdı. Yəni Homerin poemalarının hekzamentləri musiqinin müşayiəti ilə uza­da-uzada söylənilirdi. Oğlanlar 13-14 yaşlarında palestra adlanan mək­təblərdə oxumağa davam edir, fiziki təmrinlərlə ciddi məşğul olurdular. Orada onlara beş bacarıq-qaçmaq, hoppanmaq, güləş­mək, ox atmaq, üzmək öyrədilirdi. Bütün bunlar gələcək döyüşçü üçün vacib şərtlər idi.

“İdeal vətəndaşlıq məktəbini”- kifara (musiqi) va palestranı (gimnastika) bitirənlər üçün təhsilin növbəti pilləsi-gimnasi (son­ralar gimnaziya) hesab olunurdu. Afinada qadın təhsili və tər­bi­yə­si­nin məzmunu və vəzifələri olduqca sadə idi. Afina tərbiyə sis­te­mində qızların ailə qurana qədər evdə tərbiyə alması nəzərdə tutulurdu. Onlar ailədə sadə oxu və yazı vərdişlərinə yiyələnir, musiqi təlimi keçirdilər.

Qızlar adamlar arasında çox nadir hallarda, məsələn, dini mərasinlərdə görünərdilər. Onlar yalnız ev işləri ilə məşğul olur- dular. Spartada olduğu kimi, Afinada da qullar “danışan alət” ad- landırılırdı. Afina ilə Sparta təhsil sisteminin arasındakı bir fərq odur ki, spartada tərbiyə müəssisələri dövlətin əlində olduğu halda, Afi­nada qrammatika, kifarapalestra məktəbləri xüsusi adamların ixtiyarında idi. Spartada tərbiyə daha çox hərbi-fiziki xarakter daşı­dığı halda, Afinada isə əksinə, zehni və estetik tərbiyəyə üstünlük verilirdi. Afina məktəblərində özünütəkmilləşdirmə amillə­rinə üs­tün­lük verilirdi. Afina təhsil sistemi hərtərəfli şəxsiyyət kimi fiziki cəhətdən sağlam, zahiri və daxili gözəlliyi özündə birləşdirən adam­lar yetişdirməyi bir vəzifə kimi qarşıya qoymuşdu. Bu vəzifənin yerinə yetirilməsində Afina dramı mühüm rol oynamışdır.

Afina dramları şəxsiyyətin intellektual və mənəvi inkişafına müsbət təsir göstərmişdir. Dramlarda dövrün əsas idealı-quldarlıq dövrünün azad vətəndaşı, polisin siyasəti və etikasının müdafiəçisi, onun mənəvi sərvətlərinin daşıyıcısı obrazı öz əksini tapmışdır. Dramlardakı qəhrəmanlar öz vətənləri yolunda canından keçməyə hazır olan vətənpərvərlərdir. Bu da Afina təhsil sisteminin müsbət məziyyətlərindəndir.
Tapşırıqlar
Aşağıdakıların hər biri üzrə elmi şərh verməyə çalışın:


  1. İbtidai icma quruluşunda tərbiyə.

  2. Quldarlıq dövründə tərbiyə.

  3. Sparta tərbiyə sistemi.

  4. Sparta tərbiyə sistemində yaş bölgüsü.

  5. Afina tərbiyə sistemi və bu sistemdə yaş dərəcələri.

  6. Sokrat, Platon və Aristotel şəxsiyyətin inkişafı və tərbiyəsi haqqında



Ədəbiyyat
1. Qasımova L.N., Rəhimova R.M. Pedaqogika (dərs vəsaiti). Bakı: Bakı Universiteti, 2003.

2. Rüstəmov F.A. Pedaqogika tarixi . Bakı: Nurlan, 2010.

3. Rüstəmov F.A. Şərqdə pedaqogika tarixi. Bakı: Nurlan, 2002.

4. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlan, 2010.

5. Hüseynzadə R.L. Qədim və orta əsrlərdə Azərbayсanda tərbiyə, təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007.

6. Məmmədov T. M. Azərbaycan psixoloji fikir tarixində şəxsiyyət problemi. Bakı: Mütərcim, 2011.



7. Məmmədov K.A. Şərq pedaqoji fikir tarixindən (tədris vəsaiti). Bakı: Mütərcim, 2011.

8. Əlibəyzadə E.M. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi (İslamaqədərki dövr). Bakı: Gənclik, 1998.

9. Seyidov Ə. Pedaqogika tarixi. Bakı: Maarif, 1968.

10. Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004.


II fəsil
QƏDİM VƏ ORTA ƏSR SİVİLİZASİYALARINDA TƏRBİYƏ VƏ TƏHSİL

Əhatə olunan məsələlər:
2.1. Qədim Şumerlerdə tərbiyə.

2.2. Qədim Misir, Çin, Hindistanda tərbiyə və təhsil.

2.3. Qədim Türklərdə - Hunlarda və Göytürklərdə tərbiyə.


2.1. Qədim Şumerlerdə tərbiyə
Yaxın və Uzaq Şərq dövlətlərində məktəb və pedaqoji fikir iqtisadi, sosial, mədəni, etnik, coğrafi amillərin təsirilə inkişaf edir­di. Mütəşəkkil təlim-tərbiyə müəssisəsi olan məktəb icma-qəbilə quruluşundan sosial təbəqələrə ayrılmış yeni cəmiyyətin yaranması­nın obyektiv nəticəsi idi. Təхminən b.e.ə. III minillikdən başlayaraq infоrmasiyanın ötürülməsinin əsas üsulları kimi nitq və piktоqrafik (piktоs – şəkil, qrafо – yazı deməkdir) yazı qismən miхi və herоqlif yazıları ilə əvəz оlundu. Yazının yaranması və inkişafı məktəbin genezisinin ən mühüm amili oldu. Yazı sistemi Şumer mixi yazıları, Misir və Cin heroqliflərinin simasında daha da mürəkkəb­ləşdi­yin­dən xüsusi təlim tələb edirdi. Əqli əməyin fiziki əməkdən ayrılması prо­sesində yeni peşə – müəllimlik meydana gəldi.

İlk tədris müəssisələrinin yaranması üçün bəşəriyyət din xadimlərinə borcludur. Din təlim-tərbiyə, xeyirxah fikir, xeyirxah danışıq və xeyirxah əməl ideyasının daşıyıcısı idi. Qədim Şərq si­vi­li­zasiyasında təlim və tərbiyənin əsas mərkəzi ailə və kilsə idi. Ailə cəmiyyəti kifayət qədər oxumağı və yazmağı bacaran adam­larla tə­min edə bilmədiyindən din xadimləri məktəbləri yaratdılar. Tərbiyə tədricən mütəşəkkil xarakter daşımağa başladı.

Dünyanın ən qədim mədəniyyətlərindən biri olan Şumer-akkad mədəniyyəti müasir İraq ərazisində yerləşən Dəclə və Fərat çaylarının arasındakı vadidə, yunanların Mesopotamiya adlandırdıq­ları yerdə yaranmışdır. Şumer-akkad mədəniyyəti qədim Şərq mə­də­niy­yətinin bir nümunəsidir.

B.e.ə. III minillikdən əvvəl yaranan və b.e. yüzüncü ilinə qədər bir-birini əvəz edən dövlətlər (Şumer, Akkad, Babil, Assuriya və b.) kifayət qədər sabit və davamlı mədəniyyətə malik idilər. Ame­rika alimi Samuel Kramer qədim mənbələrə əsaslanaraq qəti hökm verir ki, tarix Şumerdən başlanır. İlk yazı növləri piktoqrafiya və heroqlif qədim şərqlilərə məxsusdur.Amma onun bu hökmünü bu gün qəbul etməyənlər də vardır. Bu gün Azərbaycanın qədim və tarixi yerlərindən olan Qobustanda, Gəmiqayada, Azıx mağarasında və digər yerlərdə ən qədim yazı nümunələrinə mixi və piktoqrafik işarələrə rast gəlinməkdədir.

Şumerlərdə təhsilin başlıca ocağı məktəb idi. Məktəblər təhsil verməklə yanaşı, həm də dəftərxana funksiyasını yerinə yetirirdilər. Qədim yazılı abidələr Şumer şəhəri Urukun xarabalıqları arasında aşkar edilmişdir. Orada üzləri şəkilli yazı ilə örtülmüş mindən çox gil kitabələr (lövhəciklər) mövcuddur. B.e.ə. III minilliyin ortaların­da Şumerdə artıq məktəb təhsili mövcud idi.

Şumer məktəblərində təlimin əsas məqsədi sənət öyrətmək­dən ibarət idi. Bu məktəblərdə mirzələr hazırlanırdı və mixi yazı sistemi və əsas riyazi biliklər öyrədilirdi. Şumerdə təlim ümumi və icbari xarakter daşımırdı və bu məktəblərdə ancaq oğlanlar təhsil alırdılar. Şumer məktəbləri aşağıdakı qaydada təşkil olunmuşdu: məktəb (edubba) “kitabələr evi” adlanırdı. Məktəbə “kitabələr evinin” atası – müəllim başcılıq edirdi. Müəllimin köməkçisi “böyük qardaş” ad­la­nırdı.

Təlim iki əsas proqram əsasında həyata keçirilirdi. Birinci proqramda elm və texnikaya, ikincidə isə ədəbiyyata, yaradıcılıq qabiliyyətinin inkişafına xüsusi fikir verilirdi. “Kitabələr evi” tədricən təkamülə məruz qaldı və onlar mədəni-maarif mərkəzlərinə çevrildilər. Şəhərin daha yaxşı yerlərində zikkuratlar adlanan bilik evi kompleksləri yaradılırdı. Bu dövrdə tanınmış ailələrin qızları üçün də edubbalar (məktəblər) yaradıldı. Tapılmış gil lövhəciklər üzə­rində yazılmış hekayələrdə 4 min il əvvəl tərbiyə haqqında de­yilmiş qiymətli fikirlər vardır. Bu hekayələri S.Kramer peda­qo­gi­ka tarixində ilk nadir sənəd hesab etmişdir.

Şərq xalqlarını ictimai-pedaqoji və fəlsəfi fikrinin inkişafında dünya ədəbiyyatının ilk şah əsəri sayılan “Bilqamıs” dastanı mühüm yer tutur. Dastan b.e.ə III minillikdə qədim Şumer dilində şifahi şəkildə yaranmış, II minillikdə akkad dilində gil lövhələrə köçü­rül­müş­­dür. Dastan Şumerlərin qayda-qanunları, danışıq mədə­niy­yəti, ata-anaya, ağsaqqallara, dosta hörmət, əxlaq normaları haqqında dolğun təsəvvür yaradır. Dastan qəhrəmanı Bilqamıs ən gözəl insani keyfiyyətləri özündə birləşdirmişdir.

Şumerlərin əхlaq tərbiyəsi ilə bağlı fikirləri müdrik Aхikar haq­qında he­kayədə öz bariz əksini tapmışdır. Burada tərbiyə ilə bağlı yüzdən çох nəsi­hət verilmişdir. Müasir dövrün əхlaq və dav­ra­nış qaydaları ilə səsləşən nəsihətlərin bəzilərinə diqqət yetirək:

 Sirri açma. Sarayda eşitdiyin hər bir söz qоy sənin qəlbində çürüsün.

 Sakit danış, səsini ucaldıb səs-küylə danışma. Əgər səs-küylə ev tikmək mümkün оlsaydı, оnda eşşək gündə iki ev tikərdi.

 Ağıllı adam ilə daş daşımaq, aхmaqla şərab içməkdən yaхşıdır.

 Həddindən artıq şirin оlma, yохsa səni udarlar. Həddindən artıq acı da оlma, yохsa səni atarlar.

 Dilini yamanlıqdan saхla, əlini оğurluqdan.

 Ağıllı adama qulaq asmaq, isti havada sərin su içməyə bənzəyir.

 Heç kəsə ayağını basmağa imkan vermə, sоnra bоynuna minə bilər.

 Bir sərçəni əldə tutmaq, min quşun göydə uçmasından sərfəlidir.

 Nə zaman su yuхarı aхsa, quş qanadsız uçsa, qarğa ağarsa, acı bal kimi şirin оlsa, о zaman aхmaq da ağıllanar.

 Öz sahibini tərk edən və sənin arхanca gedən iti daşla qоv.

 Başqasına gоr qazan özü düşər.

Göründüyü kimi Şumerdə güclü məktəb sistemi, yüksək mə­nəvi keyfiyyətlər, ciddi surətdə qorunan əxlaqi-didaktik norma­lar, bitgin tərbiyə nəzəriyyəsi mövcud olmuşdur.

  1   2   3   4   5   6   7   8   9   ...   39


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə