ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ FÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ azərbaycan




Yüklə 1.46 Mb.
səhifə4/15
tarix22.02.2016
ölçüsü1.46 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Orijinal mətndə: Boz atlı Xızı maηa gəldi. Üç kərrə yaramı sığadı (13, 39).

Uyğunlaşdırılmış mətndə: Boz atlı Xızır yanıma gəldi, üç dəfə yaramı sığadı (13,.137).

Sarp. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanında” Dirsə xan oğlı Buğac xan boynı bəyan edər, xanım, hey!...” boyunda rast gəlinir:

Görərmişin, ay oğul, nələr oldı?!



Sarp qayalar oynanmadı, yer oyruldı.

Eldə yağı yağkən səniη babaηın, üstinə yağı gəldi.

Ol qırq namərd – babaηıη yoldaşları babaηı tutdılar.

Ağ əllərin ardına bağladılar.

Qıl sicim ağ boynına taqdılar (13, 40).

Bu şeir parçasında işlənmiş sarp aşağıdakı formada müasirləş­dirilmşidir.

Görürsənmi, ay oğul, nələr oldu?!

Sərt qayalar oynamadı, yer ovuldu.

Eldə düşmən yoxkən atanın üstünə düşmən gəldi.

Atanın o qırx namərd yoldaşı onu tutdu.

Ağ əllərini ardına bağladılar.

Ağ boynuna qıl sicim taxdılar (13, 138).

Məhərrəm Ergin türk dilinə uyğun olaraq “sarp”ın, “dik”, “sərt”, “çətin”, “şiddətli” mənasını bildirdiyini göstərir (21, 260).

Əvəz Sadıqov “sarp” sözünü “Kitabi-Dədə Qorqud”un izahlı lüğə­ti”n­də sarb formasında “çətin, asan olmayan” kimi izah etmişdir (14, 152).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda sarp “sərt, dik” mənasına malik olduğu göstərilir (15, 192).



Sarp Azərbaycan dilinin dialekt və şivələrində sarf, sarp, sərp fonetik formalarında işlənir.

Qazax dialektində işlənən sarp “sel yumuş yerlərdə əmələ gələn uçurum” mənasını bildirir (1, 355).

“Azərbaycan dilinin izahlı lüğəti”ndə sarp “keçilməsi, üstünə çıxıl­ması çox çətin”, “çox dik”, “sıldırım”, “yalçın” kimi mənalandırılmışdır ki, (5, 32) bu da həqiqətə uyğundur, sözün mənasının düzgün izahıdır.

Qərbi Azərbaycanın Hamanılı şivəsində “uçurum” mənasında sarf sözü işlənir (2, 420). Fikrimizcə, sarf ədəbi dildə işlənən sarp sözünün dialekt variantıdır. Eyni zamanda Qərbi Azərbaycanın Çəmbərək, Meğri şivələrində “çıxılmaz, dik yer”, “uçurum” mənalarında sərp sözünə də rast gəlinir (7, 325). Məhz sərp ilə sarp sözü eyni mənanı bildirən müxtəlif fonetik formalı sözlərdir.

“Kitabi-Dədə Qorqud” dastanındakı fikri düzgün anlaşılması üçün “sarp qayalar oynamadı, yer ovuldu” şeirinin misrası müasirləşdirilərkən sarp” sözünün olduğu kimi saxlanılması məqsədəuyğundur və həmin misra –

Sarp qayalar oynamadı, yer ovuldu

– formasında verilə bilər. Çünki sarp qayaya aid olub sıldırım deməkdir.



Aya. Bu söz “Salur Qazanın evi yağmalandığı boyını bəyan edər” boyunda işlənmişdir və bilavasitə Qaraca Çoban obrazı ilə bağlıdır.

Ərənlər əvrəni Qaraçuq Çoban sapanıη ayasına taş qodı, atdı (13, 43). Çobanın üçyaşar tana dərisindən sapanınıη ayasıydı, üç keçi tüyindən sapanınıη qollarıydı (13 , 48).



Aya “sapanın ayası” birləşməsində işlənir və müasir Azərbaycan dilinə “ağız” (İgidlər igidi Qaraca Çoban sapandının ağzına daş qoydu, atdı) kimi (13, 142), “daşlıq” (Çobanın sapandının daşlığı üçyaşar dana dərisindən, sapandının qolları isə üç keçi tükündən düzəlmişdi) kimi (13, 146) uyğunlaşdırılmışdır.

Məhərrəm Ergin “Kitabi-Dədə Qorqud” dastanının dilində “aya” sözünü “sapanın daş qoyulan yeri” mənasında işləndiyini göstərmişdir (21, 26). M.Ergin aya sözünə izah verərkən elə “aya” sözünü olduğu kimi saxlayaraq onun qarşısında mötərizədə sapan ayası “sapanın taş konan yeri” (sapanın daş qoyulan yeri – İ.B.) kimi şərh vermişdir (21, 26).

1999-cu ildə çap olunmuş “Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə Əvəz Sadıqov dastanın dilində işlənmiş “aya” sözünün “sapanın gözü” mənası verdiyini göstərmişdir (14, 13). Bu izah həqiqətə uyğun gəlmir, aya sözünün mənasını ifadə edə bilmir. Müasir Azərbaycan dilində göz çoxmənalı söz olub həqiqi mənası ilə yanaşı “görmə qabiliyyəti, görmə”, “nəzarət, baxım”, “hər hansı bir şeydə xırda dəlik, deşik”, “bulağın baş­ladığı yer, suyun çıxdığı yer”, “qaynaq, mənbə, “kiçik pəncərə”, “yaranın, şişin irin axan yeri, deşiyi”, “hissələrə ayrılmış bir şeyin ayrı-ayrı böl­mə­ləri”, “qoşa və ya üçlüləli tüfəngdə lülənin hər biri”, “tərəzi qablarından hər biri”, “adətən saylara qoşularaq, evdə, mənzildə neçə otaq, ya pəncərə olduğunu göstərən” (numerativ söz kimi – İ.B.), məcazi mənada “alov”, “körpünün bir özülündən o biri özülünə qədər olan hissəsi, bölməsi” mənalarını bildirir (3, 174-175). Göründüyü kimi, sapanın ayasında “aya”, “göz” sözünün ifadə etdiyi mənalardan heç birinə uyğun gəlmir.

Müasir Azərbaycan dilində aya isimi nitq hissəsi kimi “barmaqlar daxil olmadan əlin içi, açıq yeri mənasını bildirir (2a., 67).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası” adlı kitabda aya “iç, əlin ayası-əlin içi”, “sapanın ayası – içi” kimi məna ifadə etdiyi göstərilir (15, 130).

Von Gabainin “Altürkische Grammatik”, Hamit Zübeyr ve İshak Refetin “Anadilden Derlemeler”, M.Kaşğarinin “Divani-lüğat-it-türk”, Esirüddin Edi Hayyan el-Endülüsinin “Kitabül-İdrak li-lisanl-Etrak, Məhəmməd Mehdi xanın “Sengülah”, Wilhelm Radloffun “Versush Eines Wörterbuches” əsərində “ovuc, ovuç içi”, Hüseyn Kazım Kandrinin “Türk Lüğati” kitabında “əl içi”, “ayaq dabanı ortasındakı düzlük”, “əlin və ayağın düz və açıq yeri” mənalarında işləndiyi göstərilmişdir (15, 130).

Deməli, aya “əl içi”, “ovuc içi” mənasını bildirir və sapanın ayası da “sapanın içi” deməkdir. Məhz buna görə də “Kitabi-Dədə Qorqud” dasta­nının mətnində işlənmiş “Ərənlər ərəηi Qaracuq Çoban sapanıη ayasına taş qodı, atdı”, Çobanıη üçyaşar tana dərisindən sapanıη ayasıydı cüm­lələri müasir Azərbaycan dilinə uyğunlaşdırılanda aya olduğu kimi saxlanılımadı və ya “sapanın ayası”, “sapanın içi” kimi verilməlidir.

Abdəst. Oğuzların islam dininə qulluq etdiyini göstərən element­lərdən biri “Kitabi-Dədə Qorqud” dastanında işlənmiş fars mənşəli abdəst sözüdür. Məsələn, Ari sudan abdəst aldılar (13, 50); Qalın oğuz bəgləri arı sudan abdəst aldılar (13, 66). “Dastan”ın mətni müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən F.Zeynalov və S.Əlizadə abdəst sözünü yuyunmaq kimi müasirləşdirmişlər: Təmiz suda yuyundular (13, 148); Qalın Oğuz bəyləri təmiz suda yuyunub, ağ alınlarını yerə qoydular (13, 164).

Yuyunmaq “öz əl-üzünü, bədənini yumaq”, “çimmək” mənasını bildirir (3, 563).

İlk olaraq qeyd edək ki, abdəst nitq hissəsinə görə isimdir. Bu məna­da həmin söz müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən qarşılığı kimi də elə ismə məxsus sözlə əvəz edilə və ya elə olduğu kimi saxlanıla bilərdi.

Türkiyənin görkəmli qorqudşünaslarından olan Məhərrəm Ergin abdəst sözünü elə abdəst kimi izah edir (21, 1).

“Kitabi-Dədə Qorqud”un izahlı lüğəti”ndə Ə.Sadıqov abdəst sözü­nə belə bir izah vermişdir: Abdəst is.fars.  Abdəst almaq – namazdan qabaq əl-üzünü yuma, dəstəmaz (14, 8).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda abdəst sözünün həm müa­sir Azərbaycan dilində ifadə etdiyi mənası həm də sözün izahı verilmişdir.

Abdəst (f) – Dəstəmaz alma. Qurani-Kərimi oxumaq, başqa ibadət və dini vəzifələri yerinə yetirmək üçün əvvəlcədən yuyunma; Abdəst almaq (15, 125).

Abdəst sözü dilimizdə işlədilərək mənası çox asanlıqla anlaşılır və dini ibadətləri, xüsusilə namaz qılınarkən işlədilən ümumişlək sözlərdən biridir.

Eyni zamanda namaz qılmağa hazırlaşan hər bir din adamı əlini yumalı, sonra həm ayaqlarına, həm də əlini alnından başlayaraq üzünə yuyulmuş yaş əli ilə çəkir ki, bu dəstəmaz adlanır. Dəstamaz mənşəcə fars dilinə məxsus olub dini termindir. Dəstəmaz müsəlmanlarda: namazdan, bəzən də Quranı ələ alıb oxumaqdan əvvəl yuyunma (üzü, dirsəyə qədər qolu yuma və başın ortasına, eləcə də ayaqların üst tərəfinə su çəkmə) ayini mənasını bildirir (3, 83).

Dəstəmaz bir dini söz kimi Azərbaycan bədii ədəbiyyatında işlən­mişdir:

Dedi: – Bəs mən gedim bulağa tərəf;

Dəstəmazım mənim olubdu tələf (S.Ə.Şirvani).

Məhz “Kitabi-Dədə Qorqud”un mətnində işlənmiş abdəst müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən olduğu kimi saxlanılmalıdır. Abdəst sözünün müasir dilə uyğunlaşdırılmış mətndə işlədilməsi mənada heç bir dolaşıqlıq yaratmır: Təmiz suda abdəst aldılar; Qalın oğuz bəyləri təmiz suda abdəst aldılar.



Gödəlmək. “Kitabi-Dədə Qorqud” dastanında işlənən sözlərdən biri də “gödəlmək” sözüdür:

Çalışanda qara polat uz qılıcıη gödəlməsün (13, 51). Gödəlməsün

“Qazan bəg oğlı Uruz bəgiη tutsaq oldığı boyı bəyan edər, xanım, hey!” boyunda güdəlməsün fonetik formasında işlənmişdir:

Çalışanda qara polat uç qılıcıη güdəlməsün,

Allah verən umızıη üzülməsün! (13, 78)

İstər gödəlməsün, istərsə də güdəlməsün müasir Azərbaycan dilinə gödəlmək kimi uyğunlaşdırılmişdir:

Vuruşanda iti polad qılıncın gödəlməsin! (13, 149)

Vuruşanda iti polad qılıncın gödəlməsin! (13, 178)

Fikrimizcə, “Kitabi-Dədə Qorqud” dastanının mətnində gödəlməsüngüdəlməsün sözlərinin müasir Azərbaycan dilinə gödəlmək formasında uyğunlaşdırılması sözün leksik mənasının və cümlədə söylənilən fikrin təhrif edilməsi deməkdir. İlk baxışda gödəlməsüngüdəlməsün müasir Azərbaycan dilində işlənən gödəlmək, yəni qısalmaq, balacalaşmaq sözlə­rinə uyğun gəlir. Əslində isə “Dastan”da işlənmiş gödəlməkgüdəlmək sözünün müasir Azərbaycan dilində “qısalmaq, balacalaşmaq” mənasını verən gödəlmək sözü ilə bağlılığı yoxdur.

“Kitabi-Dədə Qorqud”da işlənmiş gödəlmək və ya güdəlmək sözlərini Məhərrəm Ergin gedil formasında oxumuşdur.

Çalışanda kara polat, öz kılıcuñ gedilmesün (20, 115, 176)

Məhərrəm Ergin gedilmesün sözünün kökü kimi gedil sözünü götürərək belə izah edir:



gedil –gedik açılmak, yarık açılmak, çentilmek, kesici şeylərin ağzı diş-diş olmak, kırılıp körleşmek ve kısalmak (21, 111) (Sınıq-salxaq olmaq, rəhnə eləmək, kərtlənmək, kəsici alətlərin ağzı diş-diş olmaq, qırılıb korlaşmaq, kəsərdən düşmək və qısalmaq).

“Kitabi-Dədə Qorqud” dilinin izahlı lüğəti”ndə (1999) F.Əhmədov “Çalışanda qara polat uz qılıcın güdəlməsün” cümləsində işlənmiş güdəlmək sözünü “gödəlmək, qısalmaq” kimi izah etmişdir (14, 128).

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda mətndə gödəlmək sözünün işləndiyinə əsaslanılaraq onu “qısalmaq, gödəlmək” kimi izah edilmişdir (15, 157).

Ş.Cəmşidov “Kitabi-Dədəm Qorqud” əsərində gödəlmək (və ya güdəlmək) sözünü kütəlmək kimi oxumuşdur və əslində cümlədə ifadə edilən fikrin tamam anlaşılması üçün bu oxunuş həqiqətə daha uyğundur və fikrimizcə, daha doğrudur.



Çalışanda qara polat uz qılıcın kütəlməsin! (8, 311, 354).

Onu qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanının mətnində işlən­miş gödəlmək (və ya güdəlmək) sözünün müasir Azərbaycan dilində “qısal­maq, balacalaşmaq” mənası bildirən gödəlmək sözü ilə heç bir bağlılığı yoxdur. Bizim fikrimizcə, dastanda işlənmiş gödəlməsün (və ya güdəlməsün) qılıncın kəsərdən düşməsini bildirir. Çünki qılıncla vuruşan­da qılınc gödəlməz, kəsərdən düşər, korşalar. Aydın bir həqiqətdir ki, vuruş­dan sonra qılınc itilənər. Müasir Azərbaycan dilində korşalmaq sözü var. Korşalmaq danışıq dilində işlənən söz olub “Kütləşmək, itiliyini itirmək, küt olmaq” mənasını bildirir (4, 97).

“Kitabi-Dədə Qorqud” dastanında işlənmiş gödəlməsün (və ya güdəlməsün) müasir Azərbaycan dilində işlənən korşalmaq sözünün mənasını ifadə edir. Məhz buna görə də

Çalışanda qara polat uz qılıcıη gödəlməsün cümləsi Azərbaycan dilində aşağıdakı kimi müasirləşdirilməlidir:

Vuruşanda iti polad qılıncın korşalmasın.



Oηarmaq. Bu sözə “Kitabi-Dədə Qorqud” dastanının “Qazılıq Qoca oğlı Yegnək boyını bəyan edər, xanım, hey!” boyunda rast gəlirik:

Qara tonlu kafərə at dəpərəm

işümi sən oηar! – dedi (13, 96).

Bu, müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən oηar (maq) “başa vurmaq”, “kömək etmək” sözü ilə əvəzlənmişdir. Yəni oηar (maq) “başa vurmaq”, “kömək etmək” sözü ilə uyğunlaşdırılmışdır.

Qara donlu kafirə qarşı at sürürəm,

İşimi sən başa vur, sən kömək et! (13, 194)

Tədqiqatçılar “Kitabi-Dədə Qorqud”la bağlı tədqiqatlarda, eləcə də tarixi leksikologiyaya aid yazılarda oηar(maq) sözünə, onun leksik mənasına toxunmuşlar. Məhərrəm Ergin “Kitabi-Dədə Qorqud”da işlən­miş oηar sözünün “onarmaq”, “düzəltmək”, “bərpa etmək, abadlıq et­mək”, “yoluna qoymaq” mənalarında işləndiyini göstərir (21, 236) .

“Kitabi-Dədə Qorqud Ensiklopediyası”nda göstərilir ki, onarmaq “işi aşırmaq, düzəlmək” mənasını bildirir (15, 187).

R.Rüstəmov Azərbaycan dili dialekt və şivələrinə əsasən yazır ki, öηər//öηəl “yaxşılaşmaq, sağalmağa başlamaq, sağalmaq” mənasını bildi­rir. Müasir Azərbaycan ədəbi dilində, dialekt və şivələrimizdə feldəki məna­da saxlanmayan öη (oη) sözündən düzəltmədir. Öηər – (öηəl) felinin öη (oη) sözünə - ər şəkilçisinin əlavəsindən düzəldiyi aydın olur (17, 118).

Oηar felinə M.Füzulidə, Yunis İmrədə rast gəlirik:

Mərhəm qoyub onarma sinəmdə qanlı dağı,

Söndürmə öz əlinlə yandırdığın çirağı (M.Füzuli).

Birinin alır kardaşın, rəvan dögər gözü yaşı,

Hiç onarmaz bağrı başın xəbərsizcə gəlir ölüm (Yunis İmrə).

Oηar M.Füzulidə “sağaltmaq, yaxşılamaq”, Yunis İmrədə “islah et­mək, yaxşılaşdırmaq, yoluna qoymaq” mənalarında işlənmişdir (6, 90-91).

Q.Bağırov yazır: “...onar – ön+ər felinin özülü sayılan on, ön, un, onq kökü hər dilin daxili qanuni inkişafına əsasən bəzi fonetik dəyişikliyə məruz qalmasına baxmayaraq (oöu; nqηn), bir omonim söz kimi əsas məna çalarları etibarı ilə bir-birinə yaxın mənaların (sağaltmaq; dirçəltmək; islah etmək, düzəltmək, avand olmaq (iş), bərpa etmək və s. mənaların) ifadəsinə xidmət etmişdir. On//ön felinin keçər-keçməzliyi də ta qədimdən belə müvafiq şəkilçilər ilə (ar//ər; il; qıl; ül) formalaşıb gəlmişdir (6, 91). Oηar qədim türk dilində “sağalmaq, yaxşılaşmaq” mənasında işlənmişdir (22, 368) və bu söz öη sözü əsasında yaranmışdır. Qədim türk dilində öη “sağalmaq, yaxşılaşmaq” (uluçşitğsə, popravlətğsə) mənasını bildirir (22, s. 367).

E.Əzizov öηəlmək sözünün “yaxşılaşdırmaq, sağalmağa başlamaq” mənasını bildirdiyini və “öηəl” sözü ilə “öηər” sözünün eyni mənalı söz olduğunu göstərir.

Fikrinin davamı kimi qeyd edir ki, öηəl// öηər feli eyni mənada (yax­şı­laşdırmaq, sağalmağa başlamaq – İ.B) Azərbaycan dilinin Tovuz, Xanlar ( Göygöl – İ.B) və Kəlbəcər şivələrində işlənir (10, 252).

Ə.Tanrıverdi oηmaz sözünün işlənməsi, etimologiyası üzərində dayanır və qeyd edir ki, oηmaz “Kitabi-Dədə Qorqud” dastanında “düzəl­məz” mənasında işlənmişdir. Fikrini təsdiq üçün dastandan “Allah-allah diməyincə işlər oηmaz” cümləsini nümunə kimi göstərir (18, 270). Ə.Tan­rı­verdi həmin sözü öηarmaz sözünün fonetik variantı hesab edir. O, Q.Bağırovun öηar feli ilə bağlı etimoloji təhlilinə istinad edərək yazır ki, “Dastan”dakı “öηmaz” sözü “öηarmaz” felinin dəyişikliyə uğramış şəklidir – fikrinə gəlmək mümkündür. Lakin “Dastan”da “öηmaz” və “öηəlmək” sözlərinin paralel işlənməsi (oη// öη) “onmaz” sözünə başqa istiqamətdən yanaşmağı tələb edir. Qeyd edək ki, həmin paralellik qərb ləhcəsində eynilə saxlanmışdır.

Belə ki, qərb ləhcəsində “öηalmaq” (Uşağın işdəri oηalmer) və “öηəlmək” (Yeηi-yeηi öηəler) sözləri qədim forma və mənasına uyğun işlənir. Qərb ləhcəsində “öηalmaq” sözü qeyri-qəti gələcək zamanın inkarında işlədilərkən (2-ci və 3-cü şəxslərdə) “öηalmaz” formasına düşür. Bu mənada “Dastan”dakı “öηmaz” sözü “öηnalmaz” felinin fonetik dəyi­şikliyə uğramış şəklidir fikri real görünür (“al” heca düşümü mümkündür) (18, 271).

Qərbi Azərbaycanın Çəmbərək şivəsində öηarmaq sözü işlənir və bu söz “düzəlmək, işi düz gətirmək” mənasında işlənir (7, 291).

Yuxarıda qeyd olunanları ümumiləşdirərək bu qənaətə gəlirik ki, “Kitabi-Dədə Qorqud” dastanındakı

Qara tonlu kafərə at dəpərəm,

İşümi sən öηar! – dedi cümləsinin (şeir parçasındakı misrada) işlən­miş öηar “düzəlmək, işi gətirmək” mənasında işlənmişdir. Məhz buna görə də həmin cümlə müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən öηar “düzəlt” kimi verilməli və həmin misra

Qara donlu kafərə qarşı at çaparam,

İşimi sən düzəlt! – dedi

formasında uyğunlaşdırılmalıdır.

“Kitabi-Dədə Qorqud”da işlənmiş hər bir söz dilimizin tarixini əks etdirir, onun mükəmməlliyini, incə mətləbləri ifadə etmə gücünə malik olduğunu göstərir. Bu sözlərin böyük əksəriyyəti müasir dildə ya olduğu kimi, ya da müəyyən fonetik dəyişikliyə uğramaqla işlədilir. Dastanda işlənmiş sözlərin bir hissəsi isə dialekt və şivələrimizdə qalır və bu gündə istifadə edilir. “Kitabi-Dədə Qorqud” dastanı müasirləşdirilərkən dilimizin qədimliyini saxlamaqla yanaşı, dialekt və şivələrimizdə işlənən sözlərdən və yaxud həmin sözün müasir Azərbaycan dilində işlənən qarşılığından düz­gün istifadə etmək lazımdır. Məhz bunun sayəsində “Kitabi-Dədə Qorqud” dastanının orijinal mətnindəki məzmununun tam mənim­sənil­məsi, anlaşılması təmin oluna bilər.


İşin elmi nəticəsi. “Kitabi-Dədə Qorqud” das­tanının Azər­baycan ədə­­bi dilinə uyğynlaşdırılması zamanı bəzi söz və ifadələrin çoxməna­lılığının nəzərəalınması zərurəti elmi dəlillərlə əsaslandırılmışdır..

İşin elmi yeniliyi. Das­tanının Azər­baycan ədə­bi dilinə uyğynlaşdı­rıl­ması zamanı yol verilmiş təhriflər ortaya qoyulmuş və onların uyğun kəlmələrlə əvəzlənməsi zərurəti əsaslandırılmışdır.

İşin tətbiqi əhəmiyyəti. Das­tanının Azər­baycan ədə­bi dilinə uyğyn­laş­dı­rılması zamanı yol verilmiş təhriflərin düzəldilməsi dastandakı bir sıra mətləblərin daha düzgün anlaşılmasına səbəb olur ki, bunun da gələ­cək tədqiqatlar üçün ciddi elmi-metodoloji əhəmiyyəti var.
ƏDƏBİYYAT
Azərbaycan dilində

1. Azərbaycan dilinin dialektoloji lüğəti, I c., Bakı: Azərb.SSR EA, 1964, 479 səh.

2. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Şərq-Qərb, 2007, 568 səh.

2 a.Azərbaycan dilinin izahlı lüğəti. I c., Bakı: Elm, 1964, 595 səh.

3. Azərbaycan dilinin izahlı lüğəti. II c., Bakı: Elm, 1980, 576 səh.

4. Azərbaycan dilinin izahlı lüğəti. III c., Bakı: Elm, 1983, 555 səh.

5. Azərbaycan dilinin izahlı lüğəti. IV c., Bakı: Elm, 1987, 544 səh.

6. Bağırov Q. Azərbaycan dilində fellərin leksik-semantik inkişafı. Bakı: Maarif,1971, 160 səh.

7. Bayramov İ. Qərbi Azərbaycan şivələrinin şivələrinin leksikası. Bakı: Elm və təhsil, 2011, 440 səh.

8. Cəmşidov Ş. “Kitabi-Dədə Qorqud” (Tarixi,coğrafi,tekstaloji tədqiq Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni), Bakı: Elm,1999, 680 səh.

9. Ərəb və fars sözlər lüğəti. Bakı: Azərb.SSR EA, 1966, 1036 səh.

10.Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası (Dialekt sisteminin təşəkkülü və inkişafı). Bakı: Bakı Universiteti, 1999, 354 səh.

11. Hacıyev T., Məmmədov İ. Kitabi-Dədə Qorqudun izahlı lüğəti. Kitabi-Dədə Qorqud Ensiklopediyası, I c., Bakı: Yazıçı nəşrlər evi, 2000, s.113-214

12. Kaşğari M. Divanü Lüğat-it-Türk. I c., Bakı: Ozan, 2006, 512 səh.

13. Kitabi-Dədə Qorqud (Tərtib edənlər: F.Zeynalov, S.Əlizadə). Bakı.Yazıçı, 1988, 265 səh.

14. Kitabi-Dədə Qorqud dilinin izahlı lüğəti, Bakı: Elm, 1999, 204 səh.

15. Kitabi-Dədə Qorqud Ensiklopediyası. I c., Bakı: Yazıçı nəşrlər evi, 2000, 624 səh.

16. Qeybullayev Q. Azərbaycanlılarda ailə və nigah (XIX və XX əsrin əvvəlləri). Bakı: Elm , 440 səh.

17. Rüstəmov R. Azərbaycan dili dialekt və şivələrində fel. Bakı: Azərb.SSR EA,1965, 320 səh.

18. Tanrıverdi Ə. “Kitabi-Dədə Qorqud”un söz dünyası, Bakı: Nurlan,2007, 456 səh.

19. Zeynalov F., Əlizadə S. Tükənməz xəzinə. Kitabi-Dədə Qorqud (Tərtib edənlər: F.Zeynalov , S.Əlizadə), Bakı.Yazıçı, 1988, s.5-28
Türk dilində

20. Muharrem Ergin. Dede Korkut kitabı, I c., Ankara: Türk Tarih Kurumu Basım evi,1989, 251 səh. (əlavə faksimile)

21. Muharrem Ergin. Dede Korkut kitabı, II c., Ankara: Türk Tarih Kurumu Basım evi,1991, 483 səh.
Rus dilində

22. Древнетюркский словарь, Л.:Наука, 1969, 676 стр.


Kitabi-Dədə Qorqud” dastanının müasir Azərbaycan

ədəbi dilinə uyğunlaşdırılması haqqında

XÜLASƏ

“Kitabi-Dədə Qorqud”un müasirləşdirilməsi Azərbaycan qorqudşü­nas­larının diqqət mərkəzindədir. Belə ki, dastan mətninin müasir Azər­bay­­can ədəbi dilinə, sözlərin fonetik-orfoqrafik normaya uyğunlaşdırıl­ma­sı, arxaizmlərin tərcüməsi, onların leksik-semantik uyğunlaşdırılması və “Kitabi-Dədə Qorqud” mətninin həm də müasir formada saxlanılması – məqalədə bu məsələlər təhlil olunur.



Açar sözlər: “Kitabi-Dədə Qorqud” dastanı, Azərbaycan dili, qədim sözlər, müasirləşdirmək, uyğunlaşdırmaq
О приспособлении дастана “Китаби –Деде Коргуд” к современному литературному азербайджанскому языку

Р Е З Ю М Е

Осовременивание “Китаби –Деде Коргуд” стоит в центре внимания азербайджанских горгудоведов. Так, текст дастана приспосабивая, к сов­ременному литературному азербайджанскому языку, происходит приспо­соб­­ление слова к современным фонетико-орфографических нор­мам, архаиз­мы переводятся, даются их лексико-семантические соответствия, “Китаби –Деде Коргуд” должен быть сохранен с осовремененным текстом наряду с древними слщвами и оборотами. В статья анализируются данные вопросы.



Ключевые слова: Дастан “Китаби-Деде Горгуд”, азербай­джанский язык, древние слова, осовременивание, приспосабливать.
On the Adaptation of the Legend “Kitabi-Dede Qorqud” to

the Modern Azerbaijan Literary Language

SUMMARY

Modernization of the legend “Kitabi-Dede Qorqud” is in the centre of the qoqud’s investigators. During the adaptation of the legend text to our Literary language the words are adapted to the modern phonetic-orthographical stan­dards, the archaic words are translated or lexical-semantic opposites are given.

In modernization of the text of “Kitabi-Dede Qorqud” legend we are tried to safe our language’s antifuity, the words and expressions fineness. These problems are investigated in the article.

Key words: The dastan “Kitabi-Dede Korkud”, Azerbaijan language, ancient Words, to moderniz, to identificate

Ramil ƏLIYEV

Filologiya üzrə elmlər doktoru, dosent

Azərbaycan Müəllimlər İnstitutu

Azərbaycan ədəbiyyatı və onun tədrisi



metodikası” kafedrasının müdiri

ramill.aliyev@gmail.com
ŞİFAHI XALQ ƏDƏBİYYATI DƏRSLƏRİNDƏ MƏRASİM

FOLKLORUNUN TƏDRİSİ HAQQINDA

(Metodik-nəzəri aspektlər)
Məsələnin qoyuluşu. Mərasim folkloru şifahi xalq ədəbiyyatında ge­niş təhlil olunsa da, onun tədrislə bağlı medodik-nəzəri aspektləri işlən­məmişdir. Mərasim folklorunun tədrislə bağlı xüsusiyyətlərini tələbələrə çatdırmaq metodoloji hazırlıq tələb edir. Yeni təlim texnologiyalarının kö­məyi ilə mərasim folklorunu, onun məzmununu, nəğmə sistemini slayd və s. texniki imkanlarla mühazirəçi müəllim auditoriyaya təqdim etməlidir.
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə