Çingiz ƏLİOĞlu talistan dastani, cavanşİr yurdu




Yüklə 88.25 Kb.
tarix22.04.2016
ölçüsü88.25 Kb.
Çingiz ƏLİOĞLU

TALISTAN DASTANI, CAVANŞİR YURDU

Dostlarım, yol yoldaşlarım Eynulla,

Rafiq, Babək, Aqil və o urvatlı torpağın

ağır camaatı üçün
1
Qədim bir dastandır dadlı Talıstan,

Əfsanə, nağıldır müqəddəs məkan!

Orda hər cığıra qədəm bas asta,

Hər qaya önündə kirimiş dayan...


Cavanşir qalası... Qafqaz qartalı,

Adında, yaşında sirli gümanlar...

Ağ-qara buludlar yapıncı-şalı,

Cəngində çözülür çəngə dumanlar.


O dağlar qəlbidir, qalxa bilməsən

Güneydə boylanıb quzeyi seyr et.

Yox, işdir, gücənib qeyrətə gəlsən,

Dırmanıb o qala-muzeyə bir get...


... Heç ağlı yox bizə torba tikənin,

Qurğunu özümüz qurmuşuq, qardaş.

Dərsini verməmiş qırıb-tökənin,

Qeyrəti muzeyə vermişik, qardaş...


Bu nırxı kim qoyub, dəbi kim salıb,

Bəxt belə gətirsə vaxt gedəsidir?!.

Qayanın qaşında qeyrət timsalı

O qala bir hünər abidəsidir.


Hər sözün yüz mətləb, min bir qayəsi...

Bizi kimlər sürüb, kim minəsidir?!

Sementi dəyanət, dözüm mayesi,

O qala güc-qüdrət nümunəsidir.

Üstünə qanadı duman-çən gərib,

Hər yazı bir sirdir əcdad izində.

Vaxt yorub, yorğundur hörgü-səngəri,

Gizli səslər yatır quyu gözündə...

... Döşən daş döşəyə, yastana yastıq,

Görək nə söyləyir o səda, o səs.

Astaca fısıldar qocaman fıstıq,

Palıdda pıçıltı, vələsdə nəfəs...

O kimdir dağlara yaşıl don biçib,

Hər cığır itmiş bir ölçü lentidir.

O dərzi baltaya sonradan keçib,

Biçib parça-tala... balta itidir!

"Kəsilmiş palıdın yarası yanır

Ocaq yeri kimi, köz yeri kimi.

Qırılmış talada kötük qaralır

Quru kəllədəki göz yeri kimi".

Qaralan hər kötük qırılmış pilək,

Qopulmuş düymədir çılpaq yaxada.

Doğranmış hər budaq kəsilmiş bilək,

O şırım talalar çapıq yaxada!..

Meşə qırıldıqca çırmanıb donu,

Ayağı bürküdə bişib dağların.

Ətəkdə ayna var bulaqlar sanı,-

Eynəyi gözündən düşüb dağların...

Mehrli, mehriban dostdur sübh mehi,

Sənə ürkək-titrək toxunar otlar.

Qarışqa gözündə yaş sandım şehi,

Hər şehdə min qövsi-qüzeh rəngi var.

Gün qalxar, dağların qarlı başları

Alışar, min gözdən min su qaynayar.

Sellənib dağ çayı qovar daşları,

Dağ özü-özüylə "beşdaş" oynayar.

Göydə bir parlaq gün, bir aydı cında

Doğmadır bir ayrı dəyərlər sənə.

Yarpaqlar şeh-muncuq tutub ovcunda,

Uzadıb "Tap görüm!" deyərlər sənə...

... Eh, nəsə, doğmadır Cavanşir yurdu,

Burda sən yenidən doğuldun əlbət!

Burda hər kəs sənə dost-qardaş, yardı,

Bitib-tükənməyir şirin söz-söhbət.

Enir asta-asta göylərin tağı,

Yoxsa bu göy tala göyə qalxırmı?!

Qaralır batdıqca gün Hasan dağı,

Titrəşir səmada ulduz salxımı...

...Axır ki boşalır o son yeşik də...

Bulaq gözündəki qab da tükənir.

Yığışır səs-səmir, hay-küy eşikdən,

Kətildə huşlanan hərdən səksənir.

Dağılıb gedən kim, yatıb qalan kim,

Hakim uduzubdu, daşları qatır.

Aradan çıxıbdı Aqillə həkim,

Sizin də Rafiqlə növbəniz çatır...

... Bu da şam qoxulu şahanə daxma,

Zövq ilə bəzənmiş xudmani otaq.

Yerinə girsən də yatmırsan amma,

Sanki tikanlıdır gen, rahat yataq.

Gözünə qor dolub, bilmirsən nədən,

Səbrində əsər yox tükcə qərardan.

Meşədə ayıdan sən xatircəmsən,

Nigaran qalmısan körpə maraldan.

Bir də nigaransan cavan çinardan,

Qocaya onsuz da cəza kəsilib.

O maşın qatarı daşdandır hardan,

Oğranıb-doğranır ormanın nəsli.

Orda sən qardaşsan bir qız qayına,

Söyüdlər ardınca saçın yolandır.

Meşəni baxımsız, yalqız qoyana,

Eh, deyən kimdir ki, get keşikdə dur.

Toxlara dərd olmur dərdi acların...

Ormanın dərdi var ağaclar sanı.

Bilsən əlacını qarağacların,

Canından keçsən də tapardın onu.

Qovağı qovsan da çətin qaçandır...

Həsrət yaxşı şeydir, düşmənin çəkə.

Alıb sorağını, gör bir haçandır

Çöküb bir cığıra gözləyir cökə.

Gözəllik təkcə boy-buxunda deyil,

Doğmadır gəndəlaş, qaratikanı.

Orda hər yulğuna, mamıra əyil,

Boşla, qoy fırlansın vaxtın sükanı...

...Beləcə, o gecə yaman uzandı...

Xalqı da qınamaq olmur bu yerdə.

Qıraqdan danışmaq, deyir, asandır...

Bir əlac tapılsın gərək bu dərdə.


Düzələn deyildir bu dərd öyüdlə,

Nə qonaq qınağı, nə dost danlağı.

Ağac cənazəsi, meşə meydilə

Təpili-doluydu maşın banları...


...Boşla yaxamı, çıxım gedim,

səhər küləyi!

Ay sübh mehi, boşla məni...

Boşla məni, ocaq daşı,

Boşla, boşla yaşıl meşə,

Saytal qaya, şıltaq çay

Boşla məni, çıxım gedim.

Vaxt çatdı, heyhat!

Mən sağ... mən sağ, siz də salamat!

O dağ sağ, o bağ sağ,

Bu sol sağ, o sağ salamat!

A mərcan boyunbağ gəlin həmərsin,

Sən verdin dəlinin yaxşı dərsini...

Sən də boşla məni, a çaytikanı,

Zoğaldan qırmızı təsbeh aparım.

Damar-damar yaşıl mamır,

Özümdən mən giley, tənbeh aparım...

Boşla məni, Hasan dağı!

Boşla məni, çıxım gedim.

Əlimdəki son badəni,

Sal daşlara çaxım gedim!

Axar suda çilik-çilik

Parçalanan öz əksimə

Qoy son dəfə baxım gedim...

Bəlkə, elə o şəkil də

Mənim əsl düz rəsmimdir,-

Ağız əyri, burun əyri, göz əyri...

O əkstək yüngüləm mən

Çəksən elə gözəyarı.

Yüngülləşdim... boşla məni,

Uçub gedim gecəyarı bir böcəyin qanadında.

Bu ocağın atəşindən inad alım,

And yerimsən Hasan dağı,

Göz yaşım Əlləz bulağı,

Çidar vurma ayağıma.

Sən nəfəs ver yelkənimə,

Ləpə göndər qayığıma,

Dönüm şəhərə,-

O havasız məskənimə, yel kəmimə...

Boşla məni, gedim, dostum,

Boşla məni, qədim dastan!

İstəyə bax, bax həvəsə,

Qoy könüllü qayıdım mən,

Dönüm o asfalt məhbəsə,

Atım özümü dəmir-beton qəfəsə...

Zirvəsində qar tarrayan,

Köklü tarım Talıstan,

Boşla məni... qal salamat.

Sən də kiri, ay dağ çağı,

Kiri... kiri...

Mən qalandım qəm oduna,

Yandım... yandım diri-diri...

Mən dizimlə yer eşmədim,

Dırmanmadım sal qayaya,

Kənardanca durub baxdım,

Görəmmədim, heyhat, piri...

Bu torpağın qeyrət piri

Qədim qala, boşla məni.

Heç bilmirəm neynir axı

O gur şəhər

İtirilmiş başla məni...

Boşla məni, qədim qala,

İzlərimi oda qala!

Bu dünyada dövlət sarı

Bircə kövrək ürəyim var,

Sən istərsən o da qalar...

Bu ocaqdan od aldım,

Qalada qəlb qalandı!

Enib getsəm ucalıqdan,

Qəlb qəlbidə qalandı...

Binələri ağ tala,

Qara tala Talıstan!

Əlvida de, vida de,

Bu qədim adama, bu qart qartala...

Boşla məni... boşla... boşla...

Yox, görsən ki, gedəmmirəm,

Dirənmişəm, insaf elə,

Çıx get denən, get denən...

Sən Allah, daşla məni... daşla... daşla...
2
GEDİRƏM
Bəzi kənd cavanları iş-güc ardınca doğma yurd-yuvalarını tərk edib gedirlər. Təəssüf ki, Talıstanda da bu mənzərənin şahidi olduq.
Gedirəm, ardımca hey çağır... çağır...

Nabələd yolçuyam, daşdı yol, cığır.

Sən ağla, sən çağla, ha çığır... çığır...

Bizim göz yaşından, axı nə çıxır...


Səki bay olmuşduq, duvaq qapmışdıq,

Yeni yurd salmışdıq, suvaq yapmışdıq.

Qoşa, min suala cavab tapmışdıq...

Sağırı yağır mən, sən yorğun fağır...


İndi günəş batıb, ay çopur-çopur,

Minib külək məni, yel çapır... çapır...

Əlimdən tikəni tufan, sel qapır,

Təpkeşi təpəmə kül təpən təpir.


Elə hey dağ aşdım, dərəsi yoxdur...

Bu azğın çayların bərəsi yoxdur.

Mən gedən yolların bərisi yoxdur,-

Qaçıb balam gəlsin yaz tıppır-tıppır!


Daş yağın, a göylər, hey səpir... səpir...

İzimi tutubdu qar ləpir-ləpir.

Yazdım bu naməni yar, sətir-sətir,

Selləndi gözümdən yaş şıppır-şıppır...


3
YAD ETSİN MƏNİ
Qürbətdə qəribəm, dağlara deyin...

Baxıb ağ yollara ağlara deyin.

Vətəndə sağolmuş sağlara deyin

Sadəcə soraqla yad etsin məni.


Mən qoyub gəlmişəm bəxt ulduzumu,

Yazan bəd yazıbdır alın yazımı.

Bir rəhmə gətirin yelmar qızını,

Quruca vərəqlə yad etsin məni!


Qadasın aldığım bizim ellərdən

Mən həsrət qalmışam şana tellərdən.

Bir axşam ismarıc alıb yellərdən,

Bir sabah daraqla yad etsin məni.


Mən ki heç deyildim qürbət aşiqi,

Yad eldə nə işi kənd uşağının?!

Bilirəm, tez sönür kəndin işığı,

Bir qara çıraqla yad etsin məni.


Yasəmən əkmişdim yarın bağında,

Çiçəklər partdaşır bahar çağında!

Üç salxım saxlayıb bir budağında

Yaz salxım budaqla yad etsin məni...


4
OVÇU AQİL
Deməyin qızışıb ustad sirr satır,-

Şair var yanşaqdı aşıqdan betər...-

Bir ovçu dostum var, silah-sursatı

Bəlkə də bir rota adama yetər!


Pompalı vinçestr, dəri patrondaş,

Zağlı polad qəmə, nə bilim, nələr.

Bakıdan tərpənib yola düşən baş,

Düşündüm, dağları qoyacaq mələr!..


Qalmaz Talıstanda ta ayı, fələk,

Qalmaz quş-filan da, qırıb-çatacaq!

Sonuncu maralı eyləyib tələf,

Nallayıb alnından qaban atacaq...


... Arxada gedirdim ondan mən ovda,-

Belə tələb edir hörmət, ehtiram!

Bu boyda ovçuynan bu boyda qovda

Axı mən kiməm ki, yanaşı duram...

Utandım, özümü sandım lap çağa

Dostum dırmananda qaya qaşına.

İlk atəş vəlvələ salanda dağa,

Dedim ki, ayını aşırdı aşnam!..


Titrədi atəşdən meşə, çöl-bayır,

Əmdiyin süd sənə halaldır, halal!

Bu sən öl, gözündən atıldı ayı,

Ən azı qabandı, ya da ki, maral...


Bilməzdim özümdə belə fərasət,-

Dostumun yanına dördayaq qaçdım!

Bəs necə, əlimə düşmüşdü fürsət,

Mən şəkil çəkdirib forslanacaqdım...


...Havayı əziyyət çəkmişəm, demə,-

Başımın üstündə fişəng açıldı.

Gül açıb gülləndi qəfildən səma,

Fişənglər güldən də qəşəng açıldı!..


...Sən demə, bu ovçu Piri sandığım

Heç quşa-heyvana qıyan deyilmiş!

Boşaldıb havaya fişəng sandığın,

Qımışıb gülürdü bığaltı bic-bic.


Qəsdənmi ürküdüb ovu meşədən,

Sakitcə oturub indi gülürdü?!

...Daha nə söylənib-deyəcəkdim mən,

O, sanki, nəsə bir sirri bilirdi...


5
NƏRD
Baş qatmaq istəsən, gedək nərd ataq,

Zər-zad tutmaq nədir, zəri mərd ataq!

Bizimki qumar yox, quru azartdı,

Bəlkə çiynimizdən bir az dərd ataq...


Lap bəri başdanca kəsək şərt, ataq,

Nə güzəştlə ataq, nə də sərt ataq.

Uduzan uduzsun mərdi-mərdanə,

Daha olmaq nədir dilxor, pərt... ataq.


Gətir stəkanı, bir az qənd ataq,

Uduzsan bənd olma, bilsin kənd, ataq.

Bizimki, hələ ki, bəduğur gəlir,

Bəlkə biz də bir gün uğur səmt ataq.


Di, bir az əlli ol, bir az cəld ataq,

Bəxtindən çox umma, etmə əhd, ataq.

Udmağa, sən məni uda bilməzsən,

Bəlkə, özüm edəm buna cəhd... ataq!..


6
DESİN
Eynulla və Babək üçün
Ey hakim, hökm elə qəddar həkimə,

Bu cındır canıma dərmanı desin.

Bir candar dərd alıb canı tərkinə,

Cıdırdan sağ çıxmaq gümanı desin.


Mən səmənd seçmişəm, gəlib day çıxıb,

Sərvət axtarmışam zibil lay çıxıb.

Dəst-dəst dost tutmuşam sonu zay çıxıb...

Ayırsın yaxşını-yamanı desin.


Özüməm özümdən zəncir gəmirən,

Əcaba, mən daşam, yoxsa dəmirəm?!

Olurmu sükansız bir gün gəmi ram,

Tufanlı dənizdə limanı desin.


Çağlayan nəhrdə dalğa aşıram,

Tapdanmış yollardan iraq qaçıram.

Tufanla tutaşır, cığır açıram...

Son süqut gizlənən ümmanı desin!


Hakim dost, sənin də qayğın az deyil,

Qayığın ləngərli, yol taraz deyil.

Çox da ki hörmətin, sayqın az deyil...

Azmıdır o səndən umanın, desin!


Mən cavan deyiləm, ixtiyaram, yox,

Boş-bekar hap-gopa ixtiyarım yox!

Çox vaxt əl tutmağa iqtidarım yox...

Gələrmi dövrün bir zamanı desin.


Zaman çox qarışıb, gic gedir başım,

Sən demə, bu dünya deyilmiş açım!

Mən başqa ölçüyəm, bir başqa arşın...

Dünyanı düzəldən sahmanı desin.


Bu oyun dünyanın sehrbazı var,

Zirvə yollarının kəndirbazı var...

Bizim ki taledə belə yazı var,

Bu sehri açacaq şamanı desin!


Qutanla məşuqsa bir oranqutan,

Tapılar könüllü usta şamtutan.

Yaman çoxalıbdır indi dəmtutan...

O tənha inləyən kamanı desin.


Mən zurna çalmıram, "sluxum" yoxdur...

Aclar hər zaman ac, toxlarsa toxdur.

Düz sözüm özümə saplanan oxdur! -

Bir gün alışacaq nişanı desin.


Gülümü tən tutur rəqib qanqala!

Bir qəmim çınqıdır, bir qəmim qalaq.

Şeytanlar daşıyır odun, qamqalaq...

Varmı bir insanın imanı, desin!


Sözü uzatmayaq, qafiyə boldur,

Yol içrə qısa yol urvatlı yoldur.

Yazan ozandırsa, söz ona quldur...

Sözündə azmayan azmanı desin!


...Ey hakim, bu həkim, deyən, arifdir,

Dostun danlağı da elə tərifdir.

Xəstə də bir ayrı, ayıq hərifdir...

Qorxmasın, qəlbinə damanı desin!


7
* * *
Əladır o məclis ki, əhli-haldır...

Mən lalam, ey saqi, bir badə qaldır!

Bilməm bu ruhumda nə qeylü-qaldır...

Al məni özümdən, ələmdən ayır.


Ələmdir aləmi bələyən bəla,

Mən ələm əlindən ləlöyün belə...

Qəlbimdən atıram, dırmanır belə,

Elə bil, o, mənnən ata-baladır...


Mən elə bir məclis görmədim hələm,

Yaxamdan əl çəksin bu bəla ələm!

Bəyəm, sələmçidir, istəyir sələm...

De, onnan mən necə öhd edə billəm...


Yox, qardaş, fırla o şüşəni gəlsin,

Dillən, de dilinə düşəni gəlsin.

Səslə o gülzardan Gülşəni gəlsin,

Bəlkə, gül deyə o, mən də bir güləm...


...Di tərpən, əlli ol, sitəm eləmə,

Ələmin üstündən ələm ələmə!

Bir sirri var idi yazıq Çingizin,

Faş oldu, yayıldı o da aləmə...


8
DÜNYA, SƏN MƏNİMDİN, İNDİ KİMİNSƏN?
Küləyə qoşulub qarşıma gələn,

Yaşarmış gözünün yaşını silən.

Çəkingən boylanıb utancaq gülən,

Dünya, sən mənimdin, indi kiminsən?


Şahiddi bu eşqə Bilgəh, Novxanı,

İndi o bağ hanı, o arx, nov hanı?!

Məni kim dansa da, barı sən tanı...

Dünya, sən mənimdin, indi kiminsən?


Ötənlər düşərmi heç bir də ələ...

Gizli məskən idi o Qax, Qəbələ.

Xaçmazı, Göyçayı demirəm hələ...

Dünya, sən mənimdin, indi kiminsən?


Danışa bilmirəm həyadan, ardan,

Yardan gördüyümü görməzdim sardan.

Neçə kəs yol saldıq Quba, Qusardan?!

Dünya, sən mənimdin, indi kiminsən?


Mənim ağrılarım ağrı-acındı...

Üstümdə tük görsəm sarı saçındı.

Ən uzaq rəfiqən yaxın bacımdı,

Dünya, sən mənimdin, indi kiminsən?


Danışıb-demişdin, nə var bilərdim,

Xalannan, bibinnən xəbər bilərdim.

Yolunda nə dövlət, nə var bilərdim...

Dünya, sən mənimdin, indi kiminsən?


Eh, nələr danışdın, dastan qalmadı,

Daha bir it-pişik, məstan qalmadı!

Dərdim şamamanı, bostan qalmadı...

Dünya, sən mənimdin, indi kiminsən?


İlk günlər utanıb özün-özündən,

İşığı üzərdin lampa gözündən.

Duz kimi yaladın öpüb üzümdən...

Dünya, sən mənimdin, indi kiminsən?


Bir gün gec gələndə məndən küsərdin,

Telfonda güdərdin, yolda pusardın.

Sümürüb qanımı candan üzərdin...

Dünya, sən mənimdin, indi kiminsən?


Fikrimin-zikrimin yurdu Bayıldı...

Yuxuda oyaqdım, ayıq bayıldım!

Mən haçan yatmışdım, haçan ayıldım,

Dünya, sən mənimdin, indi kiminsən?


Ayıldım, guya ki, bay oldummu mən,

Ya, yeni bir müjdə, pay aldımmı mən?!

Atılmış aşiqə tay oldummu mən...

Dünya, sən mənimdin, indi kiminsən?


Demirəm zay oldu gülüm-gülzarım,

Tükəndi həvəsim, getdi azarım!

Yenə yol azaram sənnən, a zalım,

Dünya, sən mənimdin, indi kiminsən?


Yenə də arzumdur o pünhan guşə...

O şehli biçənək, dumanlı meşə!

Sallanıb o döşdən cənnətə düşəm...

Dünya, sən mənimdin, indi kiminsən?


...Hər təzə eşq köhlən, ayqır minmisən!

Hayqır: unut, Çingiz, köhnə dəmi sən.

Mən susdum... susacam... buna əminsən...

Dünya, sən mənimdin, indi kiminsən?


9
TƏZƏ KÖHNƏ DOST
Təzadla doludur həyat səhnəsi...

Xalq gözü tərəzi, el sözü dəqiq.

Hər şeyin təzəsi, dostun köhnəsi...

Yüz köhnə dostdan da üstündür Rafiq!


O, hörmət gətirən, xətir biləndi,

Dost-yoldaş yolunda canından keçər!

Hərçənd öz canına qədirbiləndi,-

Sən deyən, nə vurar, nə də ki, içər...


Nə papros çəkəndi, nə də tələsən,

Çox yemək-filanla arası yoxdur.

Bu kəndli balası, pir olmuş, desən,

Sanki bəy oğludur, gözləri toxdur.


Adi bir insandı, sadə, səmimi,

Nə çəkər özünü, nə də ki boğar.

Tükünü yandırdın, Səməndər kimi,

Ay olub, gün olub yanında doğar.


Ayağa gedəndi düşmən deyilsə,

Dostu axtarandı, tapandı Rafiq.

Yanında lağviyyət bir söz deyilsə,

Görərsən, tez susdu, qapandı Rafiq.


Uçmağa qanadı... var... bilmir hələ,

Torpağın üstündə möhkəm dayanır.

Dilinə yenicə söz düşür... təzə...

Qəlbində uçuşa həvəs oyanır!


Bəzən bir himindən qanıram onu,

Elə bil yüz ildir tanıram onu.

Mən təzə köhnə dost sanıram onu,

Hərdən uzaqda da anıram onu...


... Daşı da əlində əzib mum edər,

Onunla hər dərdə çarə asandır.

Hələlik bu dostum haqda bu qədər,

Rafiq Kürmahmudlu belə insandır...

10
BU XALQA DEMƏLİ BİR SÖZÜM VARDI...
Bu xalqa deməli bir sözüm vardı...

Bilməm, bacardımmı, bacarmadımmı?!

O dil dirriyində öz gözüm vardı,

Bir söz becərdimmi, becərmədimmi...


Elə hey şötdəyib bir ucdan yazar,

Kəlamı seçməyən kələmdən şair!

Çəkər də bazara, qiymətdə azar,

Qələmi tapmayan qələmdan şair...


Nə döydüm döşümə, nə də bağırdım...

Sözü... daşla döydüm, balla yoğurdum!

Hər sözün ardınca qarabağırdım...

Əgər bu doğmaqsa... elə doğurdum.


Arıyam... arayıb gül... dil dalayan,

Mən bu söz mülkünün dalandarıyam.

Yek ləlçün bir xırman darı arayan

Tək mənəm... dil yarı, söz dildarıyam!


Gah qartal qocayam, gah qart qarıyam,

Gah yurdun Qoşqarı, gah Qarqarıyam.

Gah dərə tərəsi, zirvə qarıyam,

Gah odam, gah da ki, qar qarrayıram.


Bu söz süfrəsinin dürlü ruzisi,

Sarfa sünbülüyəm, sarı darısı,

Mən dilin quluyam, sözün qazisi,

Tam tamam dad-tama, dürrəm yarısı!


Tutdum zər ilməyə dil tirməsini...

Mən hürr məhbusuyam söz türməsinin!

Hansı it qaldı ki, mənə hürməsin...

Bilmirmi, tarımdı tarımda hər sim!


Bilmirsə, qoy deyim, bala, çək dala,

Dil nəsib deyil hər tülkü-çaqqala.

Ərik ki, balaca dəydi - çaqqala,

Tam dəydi, lalıxdı ləllikdi, bala!..


Körpəsən... get, oğul,.. beşik içi var,

Devin dev, beçənin beçə işi var.

Dilə dirrik dedik, keşikçisi var,

Qıymaz urra ilə xır uralansın!..


Tarımı hər dəm dost, min həmdəm çaldı...

Xalqı mar çalanda, məni bit çaldı!

Çalağan baxmaz ki, ov cavan, çaldı...

Yaladım yaramı... dildən yarıdım!


Bəli, dil-dirrikdə dürrü-dirhəməm,

Həm sözdə ayığam, həm dildə dəməm.

Qəmu-şər qənimi qəməlti-qəməm

Qoymaz qımıldansın qınında qəvi!


Arifə sadəcə him bəsdir, vallah,

Qışqırtı nə gərək... pıçıldayıram...

...Dirrikdə dirçəlir, söz göyərir, bax,

Hər bahar budaqtək puçurlayıram!


Yanvar - fevral, 2008
* * *
İlhamım qanadlı at çapmayanda,

Mənəm bu dünyanın sadə, miskini.

Özümü qoymağa yer tapmayanda

Göylərdir sonuncu xilas məskənim.


Elə ki qəfildən dəyişir halım,

Elə ki əlac bir gülləyə qalır,

Bir lələk işıqdır sehirli xalım,

Canımı bataqlıq cəngindən alır.


Bir parça buludla qalxıb uçuram,

Gözlərim nur içir sübhün nurundan.

Qərib göy qübbəsin gərib keçirəm,

Qəlbim qubarlanır qürub qorundan.


Qitələr qatarı misra, qitətək,

Qütblər bitməyən şeir dəftərim...

Şimalda əl donur, cənubda ətək,

Bəzən bir an çəkir uzaq səfərim.


Bir sıçram atəşin uçan ox tayı,

Teylənən tənimdə sürət duyuram.

Mən göydə təskinlik tapıb-toxdayıb,

Torpağa dönməyə cürət duyuram...


Yanvar, 2008
AD GÜNÜ SƏHƏRİ YAZDIĞIM ŞEİR
Ovcunda şeh tutan yarpağam bu gün,

Bir içim şəbnəməm qaranquş üçün.

Quzu uyqusuyam bəlkə bir çimir,

Bəlkə də ay çimən lal çayam bu gün.


Qoy açım bu sirri, gülsün bilməyən,

Gül-çiçək şəhdidir damarda qanım.

Dəvənin dabanı altda ölməyən,

Qarışqa canından diridir canım.


Böcəyəm bir ocaq daşının üstə,

İllərlə öcəşən yaşımın üstə.

Bir yaş da cocuyub ucadan gəlir,

O müdrik lütfkar Qocadan gəlir...


İyun, 2008
QUŞ DİLİ
Dostcasına
Yenə pıçıldaşır mənimlə göylər,

Göylərin öz dili, öz deyimi var.

Mənim lüt çiynimdə bulud köynəyim,

Göylərin əynində söz geyimi var.


Hər quş səs toxumu səmada bitər,

Quşlarla göylərin dilləri birdi.

Sərçə ləhcəsini öyrənsən yetər,

Qanarsan göy sənə nələr deyirdi.


O müdrik göylərdən kimlər nə dərdi,

Buludlar çaxnaşsa, demək, qəsdi var.

Quş dili bilənin daha nə dərdi,

Gör onu anlayan neçə dostu var?


İnsanlar qanmasa səni, nə eybi,

Uç göyə, quşların böyrünü kəsdir.

Yerdəsə özünlə bir lüğət gəzdir,

Səni bir Xanəmir anlasa bəsdir...


İyun, 2008
TÜRKÜN SİRRİ
Qədim qazmalardan çıxan bir küpəm,

Dilimdən söz qaçmaz, ağızdan kipəm.

Mən də belə sərtəm, ayrı bir tipəm,

Sirrimin sirkəsi çatdadar məni.


Gör bir nə sirdir o, itib açması,

Axtar Xaçınçayı, öt keç Xaçmazı.

Sərvaxt ol, gözündən tük də qaçmasın,

Yad qatar al dilə bal, dadar səni.


Dərbədər düşərsən diyarbadiyar,

Dərbənddən dəbərib Uralda bənd al.

Ciyarlı igidə neylər dəryalar,

Min bədöy atları addadar səni.


Dön qıpçaq çölünə, bozqırlara get,

Nə gözəl ötür o Tütüçevlə Fet!

Qıyıqgöz afətin qələtin əfv et,

Çox qalma yanında, aldadar səni.


Axtar dərin qatda, ara alt layda,

Yüz sənə tapmasan, bir altı ay da.

Gəz, ara, taparsan axır Altayda...

Tap, toxta, yoxsa zor qatdadar səni!


Toxta ki, nəbadə, noxta tanıma.

Özünü taxtda an, yoxda tanıma.

Qoy ötsün ox tayın, nöqtə tanıma,

Yayı tarım türkə arxadı, Tanrım!


Yol gedən gərək bir geri qanrılsın...

Türkün türkdən başqa yoxdu anrısı.

Türkə qardaş desin, dosttək tanısın,

Türkü türk ürpədən tanır tanrısı!


Tarixdə qazılı hər cüng, səhifə,-

Bax o tük ürpədən türk həm də körpə,

Körpüdür ülfətli qəlblərə töhfə...

Türkün tərk qılmayıb ruhunu tanrı.


Qatlanmaz biləyim, sarsılmaz dizim,

Əzilməz dözümdür, özümdür, gözüm!

Qəzadan uzaqdır qazavatlı türk,

Əzmilə güclüdür əzəmətli TÜRK!..


İyun, 2008
ARIÇI
Elə bil kim isə tutub əlimdən,

Mənim əvəzimdən bu mətni yazır?!

Söz tamam bitməmiş hələ dilimdən,

Baxıram, dəftərdə şeir hazırdır.


O nə sirdir, onu bu əlli ildə,

Nə qədər çalışdım aça bilmədim.

O necə gücdür ki, onun əlindən,

Heç zaman heç yerə qaça bilmədim.


Mən söz axtarmıram, söz məni gəzir

Ən yaxın dost-qardaş, simsarı kimi.

Bəzən söz basqısı məni bezdirir,

Qəfil vızıldayan o arı kimi.


Salxımnan sallaşır qulağımdan söz,-

O arı yığnağı anamı seçir?!

Yoxsa ki, dəyişməz marşrutları

Gəlib düz beynimin içindən keçir?!


Dilimin altında yuva qurublar,

Sirrdən baş açmıram, arıma gəlir.

Mən susub duranda dildən vurublar,

Ağzımı açanda karıma gəlir!


Uçuşub çöldə bal divanələrim,

Gül-çiçək şəhdini çəkir canına.

Sonra da fədakar söz pərvanələrim

O dadlı sovqatla dönür yanıma.


Odur, bax, biri də yuvaya dönür,

Günəşdə balaca qarnı işarır.

Dilimin ucunda söz bala çönür!

Gözlərim bəs niyə qəfil yaşarır...


İyul, 2008
* * *
Mən ağız açmıram...

Qapı açıram.

Dəmirdən tökülmüş,

Dəstəyi qaranlıqda tapılmayan,

Dalı bel sapıyla vurulmuş qapı...

Mən ağız açmıram...

İllərlə bu əl-qol, qıç çidarlayan

Kəndiri açıram, ipi açıram.

Könlümə gömülüb zülmətdə yatan,

Azadlıq cilvəli şərabla dolu

Küpü açıram...

Mən ağız açmıram...

Sökürəm, əynimə o dar, kip gələn

Mühit köynəyindən sapı açıram.

Zamanın asdığı qaynar qazandan

Eynim açılmağa imkan verməyən

O kəfi yığıram, köpü açıram.

Mən ağız açmıram...

Deyirsən, gözlə ha, güclü dostları,

Nüfuzlu zatları

İncitmə özündən, kənar qaçdırma!

Sus, sus, deyirəm,

Ağzımı açdırma!..
İyul, 2008
YOL GEDƏN ADAM
Cəncəl cəngəllikdə əngəl cığırda,

Cıqqırım çıxmayıb, cıbrığım çıxıb.

Çayır çatal çidar çatıb qıçıma,

Dişimi qıcayıb qandal qanqalı

Qırmışam, atmışam qol-qanadımdan.

Haqqım yox dönəm mən öz inadımdan.

Haqqımı verənlər hıqqanıb çox vaxt,

Çığırda-çığırda aldım onu, bax!

Vaxt bada vermədim görsəm bədini,

Budumu budayan budaq budumu,

Buldumu bu dağı basan o buğa

Bir anlıq rahatlıq, heç toxdadımı?!

Çox tıxan qoy tıxsın, halalı olsun,

Səninsə qismətin elat yolunda

Bir güllə dadımı, ox dadımıdır.

Toxtama tox adla, toxmağını çal,

Axmağa baş qoşma, zülmətdə çaxan

Qığılcım, od saçan çaxmağını çal.

Çal cümlə çayırı çöl-çəmənindən,

Gündüzlər günəşə o güzgü tutan,

Gecələr qoynunda ay çimənindən!

Dodağa qısılan sükunət tutqun,

Bir az da qorxuncdu, dağıt sükutu.

Qoy kimlər istəyir yükünü tutsun,

Heç belə tərpətmə bir tükünü də!

Allah yaranışdan boy-buxununa

Baxıb da veribdir çiyin yükünü.

Ünvanı gələcək, təyinatı da

Xoşüzlü sabahlar, gözəl günlərdir

Sənin o çiyninə düşən çəkinin.

Yol verin, çəkilin, ondan çəkinin,

Sanmayın yük altda bir qozbel gedir! -

O gedən Çingizdir, yolu sabaha,

Çiynində bütöv bir elat, el gedir...


İyul, 2008
* * *
Cənubda doğulmuş şimal adamı...

Qəddi əyilməyən şimal adamın

Daşlıq şumlamaqdır işi-peşəsi,

Şam nurlu tək sözdən gəlir nəşəsi.

Mən qədim adamam, gəldim qədimdən...

Bu dədə yurdumdan üzülməz rəddim.

Bugünkü rəhmimdir dünənki rəddim!

Qələmtək qəddənmiş qədim qəddimdən

Ürkür həddin aşan buqələmunlar.

Nə qədər ki əldə yatmır bu qələm

Qanıma qənimlər mənnən hər an var!

Mən qədim adamam, sarsılmaz qəddim,

Bu dədə yurdumdan silinməz rəddim.

Hər dadda bədlərdən badalaq daddım...

Toxunma, toxumdur atdığım addım!

Qədəmim, qələmim yol-riz göyərdir.

Bu yolda çox dözdüm dost-yad ərkinə...

Tutsam da üzümü torpaq tərkinə,

Yenə də yolumun yönü göyədir...
İyul 2008

E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=933







Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə