Chf international




Yüklə 30.08 Kb.
tarix21.04.2016
ölçüsü30.08 Kb.
Milli İcma İnvestisiya Konfransı

Təqdimatçı: Səbuhi Həsənov, İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis, “CHF International” BQHT, Əhməd Rzayev, Təklə icması, Masallı

Fasilitator: Akif Kərimli

Assistent: Bahar Məmmədova
Azərbaycan Kənd İnvestisiya Layihəsinin “İcma Şəbəkələşməsi” proqramı çərçivəsində 17-18 Yanvar 2007-ci il tarixdə təşkil edilmiş Milli İcma İnvestisiya Konfransının birinci günü iki sessiya keçirildi. Birinci sessiya “İnvestisiyalardan səmərəli istifadə” mövzusuna həsr olunmuşdu və eyni vaxtda 3 paralel qrupda icma təqdimatları və mövzu ətrafında müzakirələr aparıldı.
CHF təşkilatının əməkdaşlıq etdiyi Masallı rayonu Təklə icmasının təqdimatı CHF-in İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssis Səbuhi Həsənovun layihə barədə qısa təqdimatı ilə başladı. S. Həsənov iştirakçılara layihənin məqsədi, başlama və icra müddəti, əhatə etdiyi coğrafi ərazi, layihə çərçivəsində bu günə qədər həyata keçirilmiş və nəzərdə tutulan fəaliyyətlər haqqında ümumi məlumat verərək bildirdi ki, ABŞ-ın Beynəlxalq İnkişaf Assosiasiyası tərəfindən maliyyələşdirilən “İcma İnkişafı Fəaliyyəti” 2005-ci ilin Sentyabr ayında fəaliyyətə başlamış, Azərbaycanın Şimal-Şərq, Şimal-Qərb və Cənub zonalarını əhatə etməklə 12 rayonun 90-dan artıq icmasında fəaliyyət göstərməkdədir. Bu müddət ərzində 800-dən artıq kənddə məlumat yayımı aparılmış, 12 rayon üzrə 65 icma səfərbər olunmuş və 77 qrant layihəsi həyata keçirilmişdir. Əldə olunan uğurlardan biri də icma ilə hökumət arasında icma səviyyəsində dialoqa nail olunmasıdır. 2007-ci ildə daha 22 yeni icma ilə əməkdaşlıq etmək planlaşdırılır.
Təklə icmasının lideri Əhməd Rzayev icma haqqında ümumi məlumat verərək bildirdi ki, kənd rayon mərkəzindən 16 km kənarda yerləşir, əhalinin sayı 1672 nəfərdir. Sonra proqrama qoşulma, aparılan sorğu səfərləri, məlumatın yayılması, kənd yığıncaqları və İcma İnkişaf Şurasının seçilməsi, CHF tərəfindən edilən texniki dəstək, layihələrə hazırlıq mərhələsi və layihələrin icrası, CHF təşkilatının maliyyə dəstəyi ilə, müstəqil və Dövlətlə birgə həyata keçirilən layihələr barədə məlumat verdi. İcma CHF təşkilatı ilə “İçməli su” və “Kənddaxili yolların bərpası” layihələrini həyata keçirmişdir. Yol layihəsinin davamı olaraq, icma müstəqil şəkildə öz daxili vəsaiti hesabına yolun müxtəlif hissələrini iki dəfə bərpa etmişdir. Bundan əlavə, icma dövlətlə birgə iki layihə (”3 km Kənd Arası Yolların Asfalt örtüklə döşənməsi” və ”Kənddə Qaz Xəttinin Bərpası”) həyata keçirmişdir. İcma fəaliyyətlərində gender və bərabər iştirak, yəni gənclərin, qadınların iştirakı və qərar qəbul etmədə bütün təbəqələrin bərabər iştirakı təmin edilir. Təqdimat zamanı qeyd edildi ki, sərmayə icmanın səfərbər olunmasında və daha da mütəşəkkil olmasında bir alət kimi istifadə edilir.
Sessiyanın müzakirə hissəsində iştirakçıları maraqlandıran suallar ətrafında müzakirə aparıldı və maraqlı təkliflər irəli sürüldü. Arif Quliyev (Muğan-Salyan zonası İmişli rayonu Muradalılar icması) yol layihəsinin iki dəfə təkrar həyata keçirilməsi barədə sual verdi ki, bunu bir layihə çərçivəsində etmək olmazdımı? Ə. Rzayev bildirdi ki, bu layihələr icmanın daxili vəsaiti hesabına həyata keçirilib və yolun müxtəlif hissələri təmir olunub. Vəsait toplandıqca yol hissə-hissə bərpa olunub. Yevlax rayonu Gülövşə icmasının İLK üzvü Ananqız Sadıqova qeyd etdi ki, bu, bizim təşkilatlardan öyrəndiyimiz bilik və bacarıqların tətbiq edilməsidir. Xumar Zeynalzadə (DŞ RƏO İİ İşçisi) səfərbərliklə bağlı sual verdi ki, icmada səfərbərliyə necə nail olunub və hansı çətinliklər olub. Ə. Rzayev sualı belə cavablandırdı ki, əvvəlcə icmada inamsızlıq var idi, sonra məlumat yayımı, təbliğat nəticəsində inam yaranmağa başladı. Quba rayonu II Nügədi icmasının nümayəndəsi Şərif Süleymanov, Saatlı rayonu Qazanbatan icmasının nümayəndəsi Güloğlan Süleymanov, LKH təlimçisi Gülmirə Məmmədova, Saatlı rayonu Şirinbəy icmasının İLK sədri Rüstəm Xəlilov and Gülövşə icmasının İLK üzvü Ananqız Sadıqova icma fondu, fonda yığım mexanizmi, dayanıqlıq və şəffaflıq barədə suallar verdilər. LİQ Ətraf Mühit üzrə Məsləhətçi Telman Zeynalov “İçməli su” layihəsi zamanı təmin edilən suyun Dövlət və ya Beynəlxalq standartlara uyğun gəlib-gəlmədiyi barədə sual verdi. Ə. Rzayev bildirdi ki, suyun tərkibi analiz edilərək içmək üçün yararlı hesab edilmişdir.
İştirakçılar Təklə icmasına uğurlar arzuladılar və fasilitator Akif Kərimli plenar qrupa sessiyanın xülasəsi barədə məlumat verdi.
Yekun:

  1. İcma İnkişafı fərdi yanaşma tələb edir.

  2. Təklə icması yeni səfərbər olunmuş icmadır, düzgün istiqamət götürüb və əlavə dəstək verilərsə ulduz icmaya çevrilə bilər.



Milli İcma İnvestisiya Konfransı

Təqdimatçı: MKSİF - Solmaz Zeynəddinova /Sumqayıt “Kimyaçılar-3” icmasından Mikro-layihə Komitəsinin lideri

Fasilitator: Rəfiqə Kərimova

Assistent: Almaz Məmmədova
Mövzuya giriş verən Gülşən xanım təşkilat haqqında, təşkilat daxili fəaliyyətlər haqqında məlumat verdi. MKSİF 1999-cu ildə Nazirlər Kabineti yanında yaradılmışdır. Təşkilatın əsas məqsədi məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdırmaq, problemlərini həll etməkdən ibarətdir. Gülşən xanım bildirdi ki, MKSİF-in xətti ilə 31 icma layihəsi tamamlanmış, 22 layihə icra mərhələsindədir, 14 icmada tender keçirilmişdir, 40 icmada artıq ilkin qiymətləndirmə aparılmışdır.
MKSİF-in həyata keçirilən layihədən faydalanan ailələrin sayı 30- dan az olmamalıdır. Həmin ailələrin 30 % -ni məcburi köçkünlər təşkil etməlidir. MKSİF-in layihələri müşahidə şurası tərəfindən təsdiq olunur.
Təbliğat kampaniyası icma mikro-layihə dövriyyəsinin başlanğıc mərhələsidir. MKSİF-in təbliğat kampaniyası respublika və yerli səviyyədə keçirilir. Təbliğat kampaniyası ilk növbədə Məcburi Köçkünlərin sıx məskunlaşdığı rayonlarda və icmalarda keçirilir. Həmin proses zamanı əməliyyat planına və büdcəyə uyğun olaraq yerli məsləhətçilər də dəvət olunur. Təbliğat kampaniyasının ümumi rəyindən sonra icmalar seçilir və digər mərhələlər davam etdirilir.
MKSİF-ə mikro-layihələr üzrə ərizə formasını təqdim etmək üçün Mikro-layihə Komitəsi yaradılır. Komitənin tərkibi ən azı 5 nəfərdən ibarət olmalıdır. Üzvlərdən 2-nin qadın olması vacibdir. Üzvlər mikro-layihə başa çatdıqdan sonra onun davamlığı üçün məsuliyyət daşıyırlar.

2002- ci ildən MKSİF Dünya Bankı və Azərbaycan Hökumətinin birgə layihəsi çərçivəsində Məcburi Köçkünlərin mikro-kreditləşməsi proqramını həyata keçirir. Layihənin əsas məqsədi Məcburi Köçkünlər arasında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi , yeni iş yerlərinin yaradılması , sosial gərginliyin aşağı salınması olmuşdur. 2002 - 2006-cı illərdə MKSİF mikro-kredit proqramı çərçivəsində 1670 hüquqi şəxsə və 10687 fiziki şəxsə kreditlər vermişdir. Verilən kreditlər əsasən heyvandarlığın inkişafı, ticarət, kiçik sahibkarlıq fəaliyyəti üçün ayrılmışdır.


Hazırda Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilən, ümumi məbləği 2,1 mln ABŞ dolları həcmində olan 3 mikro-kredit proqramı fəaliyyət göstərir. Təşkilatın nümayəndələri müzakirə zamanı verilən suallara ətraflı cavablar verdilər. AzKİL-in Düzən Şirvan ofisinin işçisi Telli xanım belə bir sualla müraciət etdi” Bərdənin Xam torpaq qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə işləmək planınız varmı? “Həmin köçkünlər yaxın günlərdə yeni qəsəbələrə köçürüləcək. Buna görə də həmin qəsəbələrdə işləmək nəzərdə tutulmamışdır”
MKSİF-ə əməkdaşlıq edən “Kimyaçılar-3” icmasından Mikro-layihə Komitəsinin lideri Solmaz Zeynəddinovanın çıxışı qrup iştirakçılarının marağına səbəb oldu. “Kimyaçılar- 3” icması 2000 - ci ildə Sumqayıt şəhərində, Kimyaçılar qəsəbəsində yaradılıb. İcma öz təşəbbüsü ilə yaradılıb və ərazidəki qaçqın, məcburi köçkün ,aztəminatlı və uzun müddət zavodun yataqxanasında yaşayan sakinləri təmsil edir. “ Kimyaçılar-3” icma əsaslı təşkilatın məqsədi icma sakinlərinin sosial, iqtisadi, təhsil və səhiyyə problemlərinin həllinə kömək etməkdir. Kimyaçılar-3 icmasında bir neçə layihə həyata keçirilmişdir: İdman və əyləncə mərkəzi, su bulağının tikintisi, kitabxana layihəsi, məhəllə daxili yollara asfalt örtüyün döşənməsi və sair.
Solmaz xanım öz çıxışında bildirdi ki, təşkilatlarla əməkdaşlıq sahəsində bir çox bacarıqlar əldə edilmişdir. Səmərəli şəkildə birgə iş, təşəbbüskarlıq, icma üzvlərinin birgə dəstəyi hər an özünü büruzə verir. Öz təqdimatı zamanı maliyyə axtarışında olduğunu bildirən icma lideri bugünkü konfransda bunun üçün gözəl şans yarandığını bildirdi. 3 donor təşkilatın nümayəndələrinə öz koordinatlarını verdiyini və həmin təşkilatlarla əməkdaşlıqdan bəhrələnmələrinə ümid bəslədiyini bildirdi. Təqdimat zamanı verilən məlumatlar qrup iştirakçıları arasında müzakirəyə səbəb oldu. Saatlı rayonu Kamallı icmasından Əhliman müəllim belə bir sualla müraciət etdi: ”Əldə etdiyiniz nailiyyətlərin qorunub saxlanılması üçün hansı tədbirlər görürsünüz ?” –“Davamlı icma fondu yaradılıb, onun şəffaf, məqsədyönlü istifadəsi nəzərdə tutulub. Fondun uzunmüddətliliyi təmin edilir.” İştirakçılar tərəfindən verilən suallar cavablandırıldı və təqdimat yekunlaşdı.
Təqdimatın sonunda fasilitator Rəfiqə xanım toplanmış məlumatı konfrans iştirakçılarının nəzərinə çatdırdı.
Milli İcma İnvestisiya Konfransı

Təqdimatçı: AzKİL - Naxçıvan Sədərək rayonu, Heydərabad icması

Fasilitator: Yəməntac Əmirova

Assistent: Əşrəf Nəsirov
Təqdimatçı Ə. Fərəcov giriş sözünü Naxçıvan MR haqqında məlumatla başladı. Belə ki, Naxçıvan MR 5,5 min km2 əraziyə malikdir, 379800 nəfər əhalisi, 7 rayonu, 215 kəndi var. Əmiraslan müəllim AzKİL- in Naxçıvan MR-da gördüyü işlər, Sədərək rayonu Heydərabad icması və bu icmada həyata keçirilən “Tibb məntəqəsinin təmiri” layihəsi haqqında məlumat verdi. Belə ki, Heydərabad icması 1980-cı ildə Ermənistanla sərhəd zonasında məskunlaşmışdır. Təcavüz nəticəsində işğal edilmiş Kərki kəndinin qaçqına çevrilmiş əhalisi də Heydərabadda yaşayır. Heydərabad əhalisinin sayı 1823 nəfərdir. İcma 2006-cı il yanvar ayında AzKİL-in XT tərəfindən səfərbər edilmiş, İLK yaradılmışdır. Səfərbərlik zamanı “Tibb məntəqəsinin təmiri” layihəsi vacib ehtiyac kimi göstərilmişdir. Layihənin dəyəri 29198 $. Bu, məbləğin 26278 $ AzKİL tərəfindən 2920 $ isə icma töhfəsi kimi qoyulmuşdur. Bundan əlavə layihənin başa çatması üçün yerli hökumət 34091 $ əlavə töhfə vermişdir. Layihənin icra müddəti 3 ay olmuşdur.
Təqdimatçı təlimlər, şəffaflığın təmin olunması, dayanıqlıq tədbirləri, ətraf mühitə təsir, mübadilə görüşləri haqqında danışdı. İLK-in üzvlərinə verilən təlimlər bacarıqların artırılmasında böyük rol oynamışdır. Şəffaflığın təmin olunması məqsədi ilə icma monitorinq qrupu yaradılmışdır. Həyata keçirilən layihənin dayanıqlığını təmin edilməsini icma ilə yanaşı Sədərək rayon Səhiyyə Şöbəsi öz üzərinə götürmüşdür. Əmiraslan müəllim icmanın, bələdiyyə və Sədərək r-nu İH- ilə tərəfdaşlığını xüsusilə vurğuladı. Layihənin açılışında Naxçıvan MR MM-nin sədri cənab Vasif Talıbovun iştirak etdiyini söylədi.
Təqdimatdan sonra mövzu ətrafında müzakirələr aparıldı. Konfrans iştirakçıları investisiyadan səmərəli istifadə etmək üçün müxtəlif fikirlər söylədi:

  • Naxçıvan Culfa rayonu Saltaq İLK- sədri Azad Kərimov

Layihənin prioritetliyi

  • Akstafa rayonu Saloğlu icması Maarif Məmmədov

Layihənin məqsədli olması

  • Saatlı rayonu Qaralar icması Rizvan Ramazanov

Podratçının düzgün seçilməsi və işin keyfiyyətli olması

  • Göyçay rayonu Qaraxıdır icması Qurban İbrahimov

Dayanıqlığın təmin olunması

  • Naxçıvan RQTK üzvü Nurəddin Balayev

İcra orqanları ilə tərəfdaşlıq

  • Saatlı rayonu Kamallı icması Əhliman Teymurov

Ətraf mühitin yaxşılaşdırılması

Faydalananların sayının çox olması

  • Naxçıvan Babək rayonu Yarımca icması Kənan Məmmədov

Şəffaflığın və iştirakçılığın təmin olunması təklifləri ilə çıxış etdilər.
Təqdimatçı müzakirələr zamanı yaranan suallara və deyilən təkliflərə münasibət bildirərək mövzunu yekunlaşdırdı.
Müzakirədə səslənən fikirlər fasilitator Yəməntac xanım tərəfindən ümumiləşdirilib konfrans iştirakçılarına çatdırıldı.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə