Ceyranım AŞiq mustafa şixlinski ceyranim " Elm və təhsil" Bakı 2014




Yüklə 0.56 Mb.
səhifə3/4
tarix22.02.2016
ölçüsü0.56 Mb.
1   2   3   4

GEDİRƏM
Oğlanlarıma nəsihət
Vədə yaxınlaşıb, əziz balalar,

Daha bu məhlədən köçüb-gedirəm.

Yamanca acıymış əcəl şərbəti,

Mən də öz payımı içib-gedirəm.


Toyda-mağarlarda keçirtdim ömrü,

Bilmədim zamanı, bilmədim dövrü.

Hər yerdə, hər zaman danışdım doğru,

Yaxşını yamandan seçib-gedirəm.


Arxa-dayaq olun bir-birinizə,

Olub-keçənləri çəkməyin üzə.

Yığılın son dəfə bir baxım sizə,

Atım yəhərlənib, uçub-gedirəm.


Baş çəkin qəbrimə toyda-bayramda,

Yad edin siz məni olsanız harda.

Heç kəs qalan deyil fani dünyada,

Çatdırın məzara, qaçıb-gedirəm.


Səmada durnalar tökərlər lələk,

Qaldırar göylərə əsdikcə külək.

Yaxasız köynəyi bu qanlı fələk,

Aşıq Mustafaya biçib-gedirəm.

MUSTAFA VƏ ƏSMƏR” DASTANI

A

şıq Mustafa Qarnet oğlu 1929-cu ildə Qazax maha­lı­nın Şıxlı kəndində Şıxlinskilər ailəsində dün­yaya göz açmışdı. Balaca Mustafa körpə ikən atası Qarnet ağa qohumları ilə birlikdə 1931-ci ildə Şura hökuməti tərəfindən sürgün edilib. Atasız qalan balaca Mustafa çətinliklə də olsa həddi-buluğa çatana kımı Şıxlıda yaşamış və gecənin birində Gürcüstanın Bor­çalı mahalının Təkəli kəndində yaşayan Əsmər xanım tərəfindən Aşıq Mustafaya buta verilir. O, səhər oyanan kimi anası Sənubər xanıma bildirir ki, ay ana, mənə bu gecə buta verildi, izn ver mən gedim. Mustafa ananın tək oğlu olduğuna görə ona izn vermək istəmir və deyir ay bala, nə çoxdu kəndimizdə su sonası kimi gözəl-göyçək qızlar, hansını istəsən alaq toyunu edək. Ana çox yalvardı, Mustafa razılaşmadı, bunu görən ana əlacsız qalıb dedı,ondakı gedirsən dayan, xərclik gətirim lazımın olar.

Mustafa sazını götürüb el-el gəzib gəlib çatdı Borçalının Təkəli kəndinə. Soraqlaya-soraqlaya gəlib tapdı Gözəl oğlu Paşanın evini. Evin qarşısında dayanıb o yana-bu yana boyla­nırdı, bir də gördü bir qarı gəlir, tez qarıya yaxınlaşıb Əsmər xanımı xəbər aldı, qarı Mustafanı tanıdı, çünki Əsmər xanım əhva­latı qarıya danışmışdı və tapşırmışdı ki, Mustafa gəlsə onun yerini desin. Odu ki, qarı Əsmər xanımın Calal­oğluda (Ermənistanın indiki Stepanavan şəhəri), Çuvuxluda dincəl­diyini söylədi, bunu görən Mustafa sazı sinəsinə basıb görək qarıya nə dedi, qarı ona nə cavab verdı:

Mustafa:
Başına döndüyüm, ay Sultan ana,

Göstərginən qızlar hansı bağdadı?

Səni yetişəsən imana, kama,

Göstərginən qızlar hansı bağdadı?


Sultan qarı:
Oğlan, deyən nabələdsən buraya,

Bizim qızlar nə burda, nə bağdadı.

Əsmər xanım köç eyləyib yaylağa

Bütün qızlar Çuvuxluda dağdadı.


Mustafa:
Yalançılıq yaraşarmı qarıya,

İncikliyi salmaginən araya.

Torvadakın sənlə bolləm yarıya,

Göstərginən qızlar hansı bağdadı?



Sultan qarı:
Belə şeylər olmalıdır yavaşdan,

Nə çıxacaq qalmağaldan, savaşdan.

Torvadakın gəlsən bölək bu başdan

Çünki bizdə nisyə yoxdu, nağdıdı.


Mustafa:
Mustafayam gəl bir əyləş yanımda,

Mən də intizaram, Əsmər xanım da.

Torva da qurvandı, sənə canım da

Göstərginən qızlar hansı bağdadı?


Sultan qarı:
Sultan deyər, xoş gəlmisən bu kəndə,

Qonağım ol buralardan keçəndə.

O gördüyün gözəl bağın içində

Bir azca get sağ tərəfdə, sağdadı.


Mustafa Sultan qarının dediyi kimi Çuvuxluya gedir, bağ çox olduğundan bağı tapa bilmir, bir də baxan­da görür ki, bir palıd ağacının altında bir qəssab ət satır. Bunu görən Mustafa qəssaba yaxınlaşıb Paşa­nın qızı Əsmər xanımın dincəldiyi bağı xəbər alır. Qəssab isə Gözəl oğlu Paşanın qonşusu olduğun­dan Əsmər xanımın yerini demək istəmir. Mustafa başa düşür ki, qəssab demək istəmir. Mustafa işi belə görüb onu hədəliyir, qəssab İsə qorxusunnan bağın yerini deməli olur. Mustafa sazı sinəsinə basıb görək nə deyir, qəssab ona nə cavab verir.

Mustafa:
Canım qəssab, sənə zəhmət olmasın,

Göstərginən qızlar hansı bağdadı?

Qış zamanı yasəməni solmayan,

Yayda kölgəsində qar olan bağı.



Qəssab İsə:
Səd afərin, mərfətinə əzəldən,

Xoş gəlmisən, bizim yerə, əzizim.

Yayın ortasında qardan danışıb,

Zəhmət vermə şirin dilə, əzizim.



Mustafa:
Nəzakət bağından geri qalmayan,

Yasəməni, qızıl gülü solmayan,

İllər boyu yarpağı saralmayan,

Hər gözəl meyvəsi var olan bağı.



Qəssab İsə:
Bu yerlərdə gözəl meyvə çox olub

İgidlərdə əmud, nizə çox olub.

Altı aydır bağban qaçıb, yox olub,

Çor düşübdür qızıl gülə əzizim.



Mustafa:
Mustfayam mənə satmayın yalan,

Yoxsa kı malını eylərəm talan.

Zimistan görməyən növbahar olan,

Baxçasında 40 qız var olan bağı.



Qəsab İsə:
İsəyəm qəssabam , məndə nə varkı,

Sənə kömək olsun bizdən yuxarkı.

Gəlməyinə sözüm yoxdu, o var ki,

İmran uyub Əsmərgilə, əzizim.


Aşıq Mustafa qəssab İsə göstərdiyi bağa yaxın­laşanda ba­xıb gördü ki, 40 incə belli qızla Əsmər xanım çarhovuzun ət­ra­fın­da söhbət edirlər. Elə bu anda Əsmər xanım çevrilib baxır ki, bir cavan oğlan dayanıb onlara baxır, o sahat Mustafanı ta­nıyır.

Ən yaxın rəfiqəsi Qara qıza yaxınlaşıb onun Mus­tafa ilə görüşməsinə şərait yaratmasını ondan xahiş edir, onlar birlikdə Mustafanın yanına gəlib xoş gəldin deyirlər.

Mustafa sevgilisini görən kimi eşqə gəlib sazı sinəsinə basıb görək Əsmər xanıma nə deyir və Əsmər xanım ona nə cavab verir.
Mustafa:
Başına dondüyüm can alan gözəl,

Qərib bir oğlanam sizə gəlmişəm.

Müxənnət, namərdə sirr, bac verməyib,

Ağır ellər keçə-keçə gəlmişəm.



Əsmər xanım:
Başına döndüyüm, ay cavan oğlan,

Əcəb edib bizim bağa gəlmisən.

Qonaq allahındı , gələr də gedər,

Nədən bizi qonaq sevər bilmisən?!



Mustafa:
Mustafayam adım düşüb hər yana,

Meydanda kal ilə bacarmaz dana.

Xəbər yetir əmin oğlu İmrana,

Qoy bilsin ki, səni almağa gəlmişəm.



Əsmər xanım:
Anam zorla verir ,Əsmərdi adım,

Nə mənə yaraşmır , nə də döy babım.

Sənə yar olmağa qurbandı canım,

Dur qalx gedək hansı yolla gəlmisən?


Söz yetir. Mustafa Əsmər xanımı aparmaq istə­yəndə Əs­mər xanım öz əmisi oğluna deyikli olduğuna görə Qara qız ona mane olmaq istəyir. Bunu görən Əsmər xanım barma­ğından üzüyü çıxarıb Qara qıza verir, görək ona nə deyir:
Buraxginən barmağımı

Sayaqlama, ay Qara qız.

Üzüyümü , boyunbağımı

Verim sənə pay ,Qara qız!


Dilindən sızmasın qəti,

Oyadarsan məmləkəti.

Arada olan hörməti,

Ayaqlama, ay Qara qız.


Anama de, ağlamasın,

Bacıma de qarğamasın.

Əsmər yandı Mustafasız,

Sən də dön get, ay Qara qız.


İki sevgili əl-ələ verib bağdan çıxıb getməkdə olsun sizə kim­dən xəbər verim Namaz adlı bir çovan­dan, bu çovan Babakər dağlarından başqa heç yeri görməmişdi. Yaşı 30-31 olardı, evlənmək yadına düş­mürdü. Anası Qızxanım arvad adda bir aparıb pal­tarını dəyişdikcə hey deyərdi ki, ay bala, qocal­mışam daa, gələ bilmirəm, nə vaxtacan subay qalacaqsan, ev­lən, sənə də baxsın mənə də.

Günorta vaxtı idi çovan sürünü gətirib yatağa salıb, otu­rub fikirləşirdi ,bir də gördü dağın ətəyi ilə bir oğlan yanında da bir qız gedir. Öz-özünə dedi şükür sənə allahım, bu neçə vaxtda evlənmək yada düşmürdü, bu gün Allah qismətimi göndərib. Tez ayağa durub yapıncısını çiyninə saldı, çomağını əlinə alıb, gəlib kəsdi qabaqlarını salamsız-kəlamsız görək çovan nə dedi, Mustafa ona nə cavab verdi.



Çovan:
Kef -damaxla gələn oğlan,

Söylə haradan gəlirsən?

Dağlar mənim məskənimdir,

Niyə buradan gəlirsən?



Mustafa:
Qərib ellərdən gəlmişəm

İncitmə məni, mən gedim.

Nişannılı qız almışam,

İncitmə məni, mən gedim.


Çovan:
Cavansan hoya yetginən,

Çovana hörmət etginən.

Qızı qoy, özün getginən

Sonra gəlib apararsan.


Mustafa:
Mustafayam nərəm burda,

Əmliyi vermərəm qurda.

Atam, anam gözü yolda,

İncitmə məni, mən gedim.


Söz tamama yetişir Mustafa ilə çovan dostlaşır, görüşüb ayrılırlar. Sizə kimdən xəbər verim Əsmər xanımın əmisi oğlu İmrandan. O, xəbəri eşidən kimi özünü əmisi Paşanın yanına yetirir ki, Əmi, Əsməri qaçırdılar. Bunu eşidən ata tez qoşunun başçısı Şükür Qulu oğlunu hüzuruna çağırıb tez onları tutub gətir­məyi əmr etdi. Bunu görən İmran dedi, əmi, bu mənim işimdi. Afərin, oğul, onda qoy bir neçə atlı sənlə getsin.

Əsmər xanımla Mustafa Qırmızı körpüyə yaxınlaşırdı, bir də dönüb arxaya baxdılar, bir neçə atlının onlara yaxınlaşdığını gördülər. Əsmər xanım əmisi oğlu İmranı Mustafaya nişan verib ondan ehtiyatlı olmasını bildirdi. Dəstə yaxınlaşan kimi İmran əl qaldırıb onu saxladı.Mustafa ilə təkbətək dalaşmaq təklif etdi və dedi ki, kim qalib gəlsə qız da onundur. Oydu ku Mustafa bir dəli nərə çəkib İmranın arxasını yerə vurub əl-qolunu bağlayır. Bunu görən dəstə kor-peşiman geri dönür.

Mustafa Əsmər xanımı götürüb el-obasına gedir, elin adəti ilə 40 gün, 40 gecə toy edib xoşbəxt yaşayırlar.

Mustafadan xəbər alırlar ki, necə getdin-gəldin, onda deyir izin veri sazla deyim:



Müxəmməs
Babakərdən gələn zaman,

Yanımda bir canan mənim,

Gəlibən kəsdi yolumu,

Namaz adlı çovan mənim.

Çox söylədim o,qanmadı

Düşdü möhkəm davam mənim,

Yaman yerdə yada düşdü

Yerim, yurdum ,obam mənim


Mustafa çovana deyir:

Qazaxda anadan olub,

Borçalıda ucalmışam.

Təbli bir qazaxlı kimi

Şeyrə həvəskar olmuşam.

Uşaqlıqdan saz götürüb

Elin toyunu çalmışam

Ən çox məni istəyirmiş

Şixlinski babam mənim.
Eşitmişdim görməmişdim

Düzü doğrusu çovanı,

Hər şeyin qanmazı olur,

Çovanın da var qananı,

Çovan sazı görən kimi,

Qucaqladı Mustafanı.

O gündən bu günə kimi,

Sirdaşımdır çovan mənim.


AŞIQ MUSTAFAYA HƏSR EDİLMİŞ “SARITEL” VERİLİŞİ

Ə

ziz dinləyicilər, “Sarıtel”in səyyar səfəri qocaman Borçalının Təkəli elin­dədi. Təkəli elində kimin evində, kimin ocağında? Təkəli Mustafa deyilən aşığı­mı­zın, ozanımızın ocağındayıq. Oturmuşuq onun hə­yətində. Biz gəlmişik Bakıdan bura ki, Aşıq Mustafanın səsini, sö­zünü, üşəncini qurdalıyaq görək bizim dinləyicilərimizə nə deyir. Ürəyindən nə keçir? Dərdi, qəmi, sevinci, kədəri, arzu­ları nədi? Ona görə bu gün ona zəhmət verəsi olacağıq. İndi ustad Mus­tafa kişinin, Aşıq Mustafanın ürəyindən nə keçsə bizim “Sarıtel” verilişinə, digər verilişləri­mizə, bizim Azərbaycan dinləyicilərinə, Azərbaycan radiosunun həvəs­kar­larına, daimi dinləyicilərə ürək sözünü deyə bilər. Ona görə ki, səs qalarğıdı və bizim dinləyicilərimiz də bilməlidilər ki, hansı mahalda, han­sı obada bizim ağsaqqal­larımız var, aşıqlarımız var, ozan­larımız var, sənətkarlarımız var, bundan hamının məlu­matı ol­ma­lıdır. Beləcə, sözü verirəm ustad sənətkarımıza:


Dubeyt” havası üstə
Atalardan bir misaldı,

Xəcalətlik tər gətirər.

Arvad evdə xəzinədar,

Qazancını ər gətirər.


Oğul eşidər atanı,

Elə oğul varmı, hanı?

Çox zaman da bəd xətanı,

Acı dil, boş sər gətirər.


Mustafa, kim qədir bilsə,

Yanana ver canı gəlsə.

Aparanlar gətiribsə,

Əsirgəmə, ver-gətirər.


Elxan Məmmədli: Aşıq Mustafa, mən istəyirəm dinləyicilərə sizin haq­qı­nızda məlumat verim. Bayaq qeyd elə­dim ki, Borçalıda bu son qırx ildə yetişən sənətkarların sı­ra­sın­da biri də sizsiniz. Son dövrlərdə eşitdiyimə görə o qədər də məc­lislərə çıxmırsınız. Amma bu sənət sizinlədi, beyniniz­dədi, saz sinənizdədi. Dövr elə gətirib ki, onun da obyektiv səbəbləri var. Ailə qayğılarıdı, dolanmaqdı, bunlar hamısı sənətə təsir edir. Sənətkara elə bir şərait yoxdu ki, sənətkar ancaq sənətlə məş­ğul olsun. O, sizdən asılı deyil. Mən istəyirəm Siz din­lə­yi­ci­lərə bir az danı­şasınız. Sizin ustadınız kim idi? Kimlərlə otu­rub-durursunuz sənət dünya­sında? Özlüyümdə mən bilirəm, amma istərdim ki, dinləyicilərimiz də bilsin. Həm də eşitmşəm ki, siz məclislərdə şirin söhbətlərin şakərisiniz. Sözü mə­qa­mın­da işlədən adamsınız. Məclisin özündə ağır, çıxılmaz vəziyyət ya­rananda vəziyyətdən çıxış yolunu tapırsınız. Bir sözlə, rəvayətlə, hekayətlə məclis üzvlərinə çatdırmağı bacaran adam­sınız, sənətkarsınız. Qısaca tərcümeyi-haldan sonra din­lə­yi­ci­lə­ri­miz­lə söhbət edə-edə təmasda olasınız. Burda onu da qeyd edim ki, Aşıq Mustafanın hə­yətində oturmuşuq biz. Bayırdan da ola bilsin başqa səslər gəlsin, qonşunun hə­yətin­dən bir səs gəlsin, bir toyuğun, bir quşun cikkiltisi gəlsin. Yəni biz açıq təbiətin qucağındayıq. Ona görə də dinləyicilər birdən təəccüb eli­yər ki, burdan bir quş səsi gəldi. O da təbiətin səsidi. Aşıq özü də təbiətin səsini saza gətirir, öz səsilə verir. Musiqinin özü də təbiətdi. Bu mənada dinləyicilərə ona görə məlumat ver­dim ki, yəni qıraq məhəllələrin də səsi verilişdə eşidilə bilər. İndi istə­yirəm sözü sizə verim, dediyim o məqamla, ovqatla din­lə­yi­ci­lər­lə danışın, söhbət edin. Buyurun.

Aşıq Mustafa: A qardaşım, təsadüfi qonağıq da bu düzün or­tasında, yaşerıx. Bunun da bir səfası var, bunun da bir ya­ra­şı­ğı var, bunun da bir gözəlliyi var. Düzü, mən usta yanında ol­ma­mışam, amma Allah rəhmət eləsin, yoldaşlığım Sadıq Sultanovdan başdıyır. Əmrah kişiynən, Nurəddin kişiynən mə­nim yoldaşlığım olub. Bir günnəri Kosalı kəndində toydayam, əmə getmək istəmerəm toya. Çünki deyir­lər orda bir Aşıq Alxan var, gələn aşığın hamısını pisikdirir. Mənim də cavan vax­tım­dı, bərkə-boşa düşməmişəm. Sadıxlıda toydayam, burda gejə odun almağa gələnnər, yəni səhəri toyları var, gəlib odun aparıllar hazırrıx üçün. Məclisdə elə məni görörlər, deyirlər bizim aşığımız budu ki, bunu aparajıyıx. Gejə mən bulara söz verirəm, sabah sizin aşığınız olacam. Bundan sonra Kosa Yu­sufdan xəbər aldım, ay Yusuf əmi, mən Nazarrıda, Kosalıda toy­da olmamışam. Bə məni oruya dəvət eliyiblər, gedə bilərəm­mi? Dedi, oğul, gedərsən, əmə orda Aşıx Alxan var, deyillər, gəlif-gedənin hamısını pisikdirir. Dedim onda mən o məclisə getmijəm. Söz vermişəm, mənim halım yoxdu. Dünənki uşax, mən gedim bir kal aşığın məclisində gedim özümü pisikdirim. Yox, onda mən öyümüzə getdim. Gələn kimi diyərsən ki, vallah, gejə yaman ağrıdı, çıxdı getdi.

Mən gəldim Rustaviyə, getmədim toya. Bular gedellər mə­nim arxamca, dedilər axşamnan nasazdadı, vardı çıxdı getdi. Ca­van vaxtımdı da. Öz mamam evində dincəlerdim, onda gö­rdüm üstümü kəsdilər, öyrəniblər harda­yam. Nəqqədər boğa­zımı-başımı sarıdım, day deyəmmirəm ki, Aşıx Alxana görə get­me­rəm. Dedim vallah səsim batıf, gedəmmerəm. Dedilər eləjə saz çalmağın da bizə bəsdi, söhbətin də bizə bəsdi. Əmə sən olajan bizim aşığımız. Oydu ki, məni apardılar. Bulara da bu sirri açmadım. Qara Nəsif deyillər Kosalıda. Buların üst ota­ğın­da qocalar yığılıf başıma, mən isə söhbət elerəm. Bir az da çaldım, oxudum, söhbətdən sonra sazı qoydum akuşkanın qa­ba­ğı­na, yenijə bir stəkan çay işmək istiyirdim, bir də gördüm eşikdən bir uzun aşıx girdi. Əynində də bir sarı şinel, hündür adamdı. Tez böyrümdəkindən xəbər aldım, ayə, bu kimdi? Dedi bu Aşıx Alxan. Mənim qarannığıma qan damdı. Axı mən öy yiyəsinə diyəmmerəm, mən buna görə gəlmirdim. İndi bular ayaxlarını dirədilər ki, Alxannan məni barabar oxutsunnar. Alxan kişi gətdi sazını qoydu sazımın yanına. Otdu bir istəkan çay içənnən sora dedi, aşıx qardaş, olarmı bir çıxax bağda-baxçada gəzək? Dedim baş üstə. Çıxdıq bir az bağda gəzməyə. Sən mana sual verən kimi dərhal bir sual verdi ki, aşıx, ustanız kim oluf? Mən isə dedim heş kəs. Mənim ustam olmof. Bə niyə? Ustasız da aşıx olarmı? Dedim haqq aşığı olduğumuza görə ustuya ehtiyacımız olmadı. “Haqq aşığı oldu­ğumuza görə ustuya ehtiyacımız olmadı” sözü bunu yaman tutdu. A bala, haralı­san? Dedim vallah biləmməzsiniz. Yerriyim Qazaxdandı, Borçalıda yaşıyıram. Qazax­dan kimlər­dənsiniz? Dedim bəlkə tanıyammadın? Əşşi, mən tanıyaram, aşıx adamam, niyə tanımeram? “Mən Qarnet ağanın oğluyam” - deyəndə bu məni elə qucax­lıyar, elə qucaxlıyar, ayə, sən mənim qardaşım oğlusan. Sənə də qurvan olum, atana da qurvan olum, sən düz deyirsən ki, mən haqq aşığıyam da. Bəyaxları Alxanın qorxusunnan ürəyi əsən aşıx, indi vallah qırqovul beçəsi kimi fır-fır fırraneram. Alxan əmi deyif ürəyim düşər yerinə. Alxan əmi, bə buranın məclisində mən olma­mışam. Dedi oğul, indi baravar oxuyajiyıx. Məxləsi, ürəyim düzələr, girərik içəri, camaat gələr dolar. El-oba, tanış. Məni orda kimdi tanıyan? Hamısı Alxanı tanı­yıllar. Qərib sevən bir el, toysun (yəni cürətli və enerjili vaxtımdı – E.H.) vaxtımdı. Əyağımı yerə döyüf oxuyuram. Qısqancım Alxan əmidən idi, Alxan da ki əmim oldu, kimnən qısqanajam. Qəşəng oxuyaram. Dəli, dolu, istiyən, hamısı dolar içəri. İçəridə yer yoxdu. Axırda eşikdən toy babası gələr ki, indi aşıxların biri o otağa keçsin. Dedim, Alxan əmi, bura istiləşifdi, burda sən oxu, mən o biri otaxda oxuyum. Mən keçərəm o biri otağa, bəyax dedim, dəli-dolu, qanan, qanmaz, yekə, iri, hamı mənim arxamca gələr mənim ota­ğıma. Qojalar qalar Alxanın yanında. İndi hərrənməyimə yer yoxdu. Elə vaxtımdı ki. O zaman da paprus kimi şeylər mənim sinəmə, səsimə ziyan eləmerdi. Bircə xayiş elədim, Nəsif var idi, dəllək Nəsif, o da ağa oğluydu. Bircə onnan xayiş elədim ki, imkan yarat, bir balaja, genlik olsun, mənim meydanım gen olsun, paprus çəkən çəksin, amma səs-səmir olmasın. Qəşəng oxuyaram, məclisə xoş gəler. Oydu ki, dövran vaxtı mənim dövranımı ayrı yığmaq istədilər. Dedim yox, o dövranı yığdırıf Aşıq Alxana göndər­dim ki, qoy pul onda olsun. Mən eşqinən, hə­vəsimə görə oxuyuram. Yeni atılan vaxtımdı. Oydu ki, ona da ağsaqqalar çox razılıx söylüyəllər. Gejə Alxangildə qalaram. Savax həmin puldan bir az artıx Aşıx Alxan qırmızı kəlağeyin ara­sına bağlıyar, köhnə “Moskviç”i var idi. Onun da yaxşı vaxtı idi, cavan idi. Gətirər məni Rustavidən özü yola salar, ağrın alem. Bax mən haqq aşığı olmuşam, mən usta yanında ol­ma­mı­şam, əmə ustalarnan oxumuşam.

Elxan Məmmədli: Allah sizə də uzun ömür versin, Aşıq Alxana da. Bu yaxın­larda, yəqin ki, siz radiodan da eşitdiniz, bu­ra­larda elə bütün Borçalı bilir, 90 yaşı keçdi. Mən də orda idim. Yaxşı verilişlər də verdik. O vaxtı döş-döşə oxuyur­dunuz. İndi sənəti atmısınız deyə oxumaq bir az sizə çətin gəlir. Amma çətin də olsa elə bilirəm ki, şövqlə o günləri yada salıb din­lə­yi­ci­lərimiz üçün nəsə oxuya bilərsiniz.

Aşıq Mustafa: Mən sənəti tullameyjeydim. Gənə tul­la­ma­mışam, intəhası, başıma qəzalar gəldi. Sora mənim uşax­larım tələf oldular. Ara vermədilər. 5 il bir buraxdım sənəti. 7 il bir. Aşıxların hamısı mənnən dərdə, qəmə şərik ol­du­lar. Məni də­fə­lərnən Bakıya aparmaq istədilər. Gedəm­mədim. Çünki aşıx elədi ki, həvəsnən, ürəknən oxuyur, əyağını yerə döyüf oxumu­ya­nnan sora aşıxda o qədər gözəllik olmur. İndi nə oxuyum, bir şey oxuyum da. Bacararam elə bilirəm ki.

Elxan Məmmədli: Aşıq Mustafa, siz sazı kökləyənə qə­dər mən dinləyicilərə onu da çatdırım ki, bu gün sizin ocağa, da­ha doğrusu, verilişə mənimlə bələdçi olan Borçalının tanın­mış aşıqları gəlib. Məni sizin ocağa gətirən onlardı. Aşıq Cəmil Borçalıdı, Nurəddin Qasımlıdı, onun oğlu Həvəskar Qasımlıdı, onlar da burdadı. Bir məclisdə olan adamlardı və sizi çox gözəl ta­nıyırlar. Mən istəyirəm siz sazı kökləyənə qədər ilk öncə yaxın qonşunuz Cəmil kişi (o Qaçağanda, siz Təkəlidə) sizin haqqınızda bir-iki kəlmə desin və onun arxasınca bir hava bi­zim dinləyicilərimizə çatdırın.

Aşıq Cəmil: Aşıq Mustafaynan lap cavannığınnan yoldaş olmuşux. Musta­fanın indi oxumağı yaşnan əlaqədardır. Bir balaca qəza-qədər, qəmli həyatı oldu. Mustafanın onda oxumağı ayrıydı. Mustafaynan biz toyda oxuyanda mən deyir­dim nola Mustafa aşağı pərdəyə enmiyə. O beçə pərdədə oxu­yan­da mən ona çata bilmirdim.

Günnərin bir günü, ömür uzundu, mən uzax düşdüm, qürbət ellərdə oldum. Mustafa burda oldu, başına hadisələr gəldi. Görüşdük. Günnərin bir günü bizim qonşuda bir balaca məc­lis vardı. Oruya gəlmişdi. Oğlu Maarif də yaxşı oxuyandı. Çox qəşəng çalıb oxuyandı, sazda, qarmonda. Mustafanın uşax­la­rının hamısı oxu­yandı. Nurəddinin uşaxları kimi. Nəsə bizə döndülər, qardaşımı görmək istədi. Otdux qapıda söhbət elədik. Mən Mustafanın o illərdən oxuduğunu eşitməmişdim. Elə bilird­im həmən Mustafadı. Mən balaca saz çaleram öydə, gətirdim, Maarif bir az çaldı-oxudu. Mən bir az qımıldadım. Mus­tafa oxuyanda gördüm o Mustafa döy. Mən elə oldum ki, orda demək mən indi oturub həmən o cahallıx vaxtı toylarda, dağda Mustafanın dabanını qaldıranda tozunnan batmax olurdu. Burda ona balaca şeir dedim. Aradan bir az keçir. Maarif dedi ki, ay Cəmil əmi, o ki mənim atamnan belə indiyətən dosduğunuz oluf, hələ aranız dəymiyif, sizin münasibətə mən heyranam. Sən Allah, Bakıya gəl babamnan barabar mana bir qonağ olun. Dedim bala, biz qocalmışıx, ağrıyırıx, nağarajıyıx orda? Dedi vallah, gəlin oruya, sizin dərdinizə dərman məndə.


Cavannıx yoldaşım Aşıx Mustafa,

Kaş ki görmiyəydim səni mən belə.

Harda qaldı o səs, nejoldu nəfəs,

Şikəstə deyəndə yatardın telə.


Doğrudan, şikəstə oxuyurdu, “Qarabağ şikəstəsi”, bunun dalına çatmax hər məni kimi oğuluun ağzı döyüldü. Onnan sora deyir ki:
Yadındamı toy eylədik Çataxda,

Axşam çağı aran köçü yaylaxda.

Bir xanım oynuyur o biri otaxda,

O başda qallannar demirəm hələ.


Cəmiləm, çox gördüm alim, arifi,

Dəymiyənə diyəmmirəm tərifi.

Gəl gedək Bakıya, tapax Maarifi,

Bəlkə dərdimizə bir çarə bilə.


Hələ getməmişik, gedəjiyik. Amma bizim dərdimizə Maarif çarə eləməlidi. İndi bilmirəm kurorta aparajax, onun öz işidi. Allah onun da canını sağ eləsin, Mustafıya da Allah-tala bunnan sora yaxşı eşq versin.

Elxan Məmmədli: Aşıq Mustafa, buyur.

Aşıq Mustafa: Məndə günah döyül, a Cəmil. O şeirin birində yazmışam ki:
Bu gün sənin toy günündü,

Çox mübarək, Ayna xanım.

Bəy oynasa bolluq olar,

Dur qalx özün oyna, xanım.

Marağın var sözə, saza,

Oxşarın var quba qaza.

Yazı yazan düzgün yaza,

Hər kəsdəni tayna, xanım.


Mustafayam, ağa, bəyəm,

İstəmərəm qəlbə dəyəm.

Yetmiş yaşın içindəyəm,

Ayna xanım, Ayna xanım.


İndi Cəmil, mənim yetmiş yaşım var, innən sora mən nə oxuyasıyam?

Aşıq Cəmil: Məzəli yeri buradı, deyirdin ki, əgər aşığın çay-çörəyin vaxtında verməsən oturarsan vayına, xanım.

Aşıq Mustafa: Gördüm yox, Ayna bunnan düzəlmer, götürdüm son bəndi belə tamamladım:
Gözündəsən bəyin, xanın,

Dilindəsən el-obanın.

Bügün-savah Mustafanın,

Oturarsan vayna, xanım.


Bir dənə “Ruhani” oxuyum.
Bilmirəm bəz adam niyə az qaner,

Hərənin öz dostu, tayı var, bala.

Allahın verdiyinə naşükür olma,

Hər kəsin qisməti, payı var, bala.


Qanannan qanmazı baravar tutma,

Sağalan yaramı vurub qanatma.

Xətiri, hörməti gəl sən unutma,

Surfanın çörəyi, çayı var, bala.

Adam zəhər qatmaz yağlı aşına,

Qatannarın çox iş gəldi başına.

İçifsən zəhəri, vurma başına,

Yollarda milis var, QAİ var, bala.


Sənətkar ol, hörmət bəslə peşiyə,

Lazım olar, yığşır tulla yeşiyə.

Daldalanma çox qarannıx meşiyə,

Meşədə canavar, ayı var, bala.


Eşidin sözünü ata-babanın,

Xeyri yoxdu qalmaqalın, davanın.

Aşıx Mustafeynan elin, obanın,

Arasında haqqı-sayı var, bala.


Elxan Məmmədli: Aşıq Mustafa, çox sağ olun. Mən dü­zü, istəməzdim sizi əziyyətə salım. Özünüz də dediniz, Aşıq Cəmil də dedi ki, çoxdandı sazla məclis keçirmirsiniz. Çətindi də, aralanandan sonra hamı bilir bunu. Xüsusilə, bizim din­ləyicilər də yaxşı bilir ki, dəmir dəmirdi, adi dəmir, işlənmə­yəndə pas atır. Allaha çox şükür ki, siz özünüz də Aşıq Cəmil kimi sazı atsanız da, məclisə getməsəniz də şeirlə oturub-durursunuz, şeir yazırsınız. Bizim aşıq poeziyasını zənginləş­dirir­­siniz. Bayaqdan oxuduğunuz o bir neçə şeir də sübut eliyir ki, sənətin bir qolu dayanıbsa da, o biri qolu öz işindədi. Sözlə saz əkiz doğulub. Necə Koroğlunun qılıncı, atı, sazı, yaradıcı aşığın da sazı dayananda sözü dayanmır. Ömrünün axı­rına qədər, son ana qədər. İndi təəssüflənməyə dəyməz. O məclislər yola gedib artıq. O toylar olub. İndi o toyların nəvələri var, nəticələri var. Siz toyunu elədiyiniz gəlinlərin indi nəvələrinin toyudu. Siz fəxr eliyə bilərsiniz ki, filan gəlinin toyunu mən elə­mişəm, filan igid kişinin toyunu mən eləmişəm. Onlar indi ba­badı. Bu, sizin keçdiyiniz şərəfli bir yoldu. Mən indi is­təməzdim siz təzədən əziyyətə düşəsiniz, yenə oxu­ya­sınız. Amma arzulayardım ki, dinləyicilərimiz üçün də bu xoş olardı ki, şeirləriniz­dən bir neçəsini dilcavabı oxuyasınız, yavaşca-yavaşca deyəsiniz, dinləyiciləri­miz də eşitsin. Aşıq Nurəddinlə aranızda on yaş fərq olsa da, onun da sizin sənət haqqında, sizin haqqınızda ürək sözü var. Bir neçə şeir siz deyəndən sonra madam ki, bir yerdəyik, bir yerdə sizə baş çəkməyə gəlmişik sizin ocağa, bu məqamda mən istərdim ki, Aşıq Nurəddin də bir-iki kəlmə danışsın. Əgər Həvəskar balanın da, onun oğlu ürəyi qızışsa Mustafa babasının bu verilişində gözəl bir hava oxuyar bizim dinləyicilərimiz üçün. Mənə belə gəlir lap gözəl olar. İndi söz sizindi. Ürəyinizdən keçən şeirinizi deyin, sonra sözü verəcəm Aşıq Nurəddinə. Buyurun.
1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə