ÇƏKƏNƏ QƏm dünya çƏKMƏYƏNƏ DƏm dünya baki-2008




Yüklə 4.44 Mb.
səhifə1/47
tarix27.02.2016
ölçüsü4.44 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   47
ŞİRİN XANIM KƏRİMBƏYLİ ŞADİMAN

Bu kitabı məndən maddi və mənəvi

köməyini əsirgəməyən həyat yoldaşım

Abdulov Əli Əli oğluna ithaf edirəm!



ÇƏKƏNƏ QƏM DÜNYA


ÇƏKMƏYƏNƏ DƏM DÜNYA


BAKI-2008

Yeni çapdan çıxan kitab təkrar nəşrdir. Bu kitabda 1991-ci ildə yayımlanmış «Ürək niyə ağrıyırsan?» şerlər toplusu və 2000-ci ildə çapdan çıxmış «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya» kitabının cəm halında çapı qərara alınıb. Bu iki kitabın təkrar nəşrinin ideyasını irəli sürən və belə iri həcimli kitabın işıq üzü görməsində mənə maddi və mənəvi yardımçı olmuş həyat yoldaşım Abdullov Əli Əli oğluna minnətdarlığımı bildirirəm. Bu kitabı əlinə götürəcək hər bir oxucuya Allahdan can sağlığı arzulayıram. Hörmətli oxuculardan məndən aslı olan və olmayan səbəblər üzündən kitabda üzləşəcək hər bir xətaya görə üzr diləyirəm. Kitabda gedən bütün ünvansız şeirləri Neft Daşlarında yazmışam. Uca Tanrıya şükürlər edirəm ki, bu kitabın işıq üzü görməsi üçün mənə yol açdı və bu günü mənə qismət etdi.


Müəllif

VƏTƏNLƏ DÖYÜNƏN ÜRƏK
90-cı illərdə mətbuat səhfəsində tək-tək imzası görünən Şirin xanım Kərimbəyli Şadimanın şeirlərində vətənə, torpağa coşqun bir məhəbbət duyulurdu. Gənc şairin sevgi-məhəbbət duyğularını ifadə edən poetik düşüncələri də bu duyğudan kənarda deyildi. Qarabağ hadisələri gərginləşdikcə, Topxana meşələrində mənfur ermənilərin baltaları işlədikcə Şirin xanım Kərimbəylinin Şadimanın poeziyasında Vətən daha geniş çalarlarla tərənnüm edilməyə başladı.

Hələ ilk şeirlərində torpağa bağlılıq, vətən həsrəti, cənub dərdi, narahat dünyanın bu günü və sabahı ilə bağlı qayğılar şairi düşündürürdü. Zaman keçdikcə torpağın daha ciddi ağrıları onun poeziyasında əks olunmağa başladı. Şirin xanım vətənlə, torpaqla bağlı daha ünlü problemləri qələmə almağa başladı, şeirdən-şeirə püxtələşdi. «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya» poetik düşüncələri də məhz bu narahat, qayğılı dünyamızın gələcəyinə dərin nikbin baxışın nəticəsi kimi meydana gəldi.

Şirin xanım Kərimbəyli Şadimanın oxucu ilə bu son görüşü daha geniş və əhatəlidir. «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya » kitabında şairin son illərdə yazdıığı lirik şeirləri ilə yanaşı, iri həcimli əsərləri, poema və dramları da toplanmışdır. Bütün bu əsərlər müxtəlif bölmələr altında verilmişdir. Gənc şairin kitabı «Böyük Yaradana» ithafı ilə başlayır. Burada toplanan «Qoru, Allahım», «Fələk», «Rəbbə», «Apar məni», «Verilir haqqa cəza», «Dünya beş gün» və başqa şeirlərində Şirin xanımın Böyük Yaradana bəslədiyi ülvi duyğular, onun kərəm sahibi olması, insanların böyük ümid yeri olan xeyirxah duyğular tərənnüm edilir. Kitabın «Toxunma torpağıma» bölməsində toplanan şeirlər torpaqları işğal altında olan, yeni-yeni ərazilərin əldən getməsindən nigaran olan vətəndaşın ürək çırpnıtılarıdır. «Bayrağım», «Darıxma, Qarabağ», «Salatın», «Bu millət», «Şəhid qaradaş, şəhid bacı», «Şəhidlər Xiyabanı» şeirlərində bu duyğular yuksək poetik ifadəsini tapır. «Özümü axtarıram» bölməsində silsilə şeirləri Şirin xanım Şadimanın özü ilə dioloqudur. «Qanunsuz doğulmuş qızcağaz», «Daş ürəklər», «Gecikməyin», «Yol gedirik» və başqa nümunələrdə müəllifin özünəməxsus dünyası, həyata, cəmiyyət hadisələrinə baxışı, insanlar arasında yer tapa bilməməsi, narahat duyğuları əks olunmuşdur.

«Sevgi duyğuları» şeirlər silsiləsi oxucunun qəlbini daha çox oxşayır. Bu nümunələrdə ifadə edilən poetik duyğular öz saflıığı və səmimiliyi ilk diqqəti cəlb edir. «Yar-yar», «Sən yadıma düşürsən», «Məni səndən ayıran» və başqa şeirlər bu cəhətdən daha çox diqqət çəkəndir.

Şirin xanımın dödlüklərində, rübai və qəzəllərində dərin bir lirizm, insanı düşündürən kədər vardır. Bu gənc şairin vətəninin, torpağının işğal altında olmasından doğan kədərdir. Bu kədər onun mənəvi dünyasından qar olub bütün yaradıcılığından süzülüb keçir. Müxtəlif janrlarda yazmağa həvəs göstərən, qələmini poema və mənzum dramda da sınayan Şirin xanımın «Xocalı soyqırımı», «Dünya hələ yatır deyən», «Burdan bir atlı geçdi» vətənlə döyünən ürəyinin çırpıntıları aydın eşidilməkdədir.

Mənzum dramları və poemaları sənətkarlıq baxımından şairin vətəndaş mövqeyini özündə əks etdirir. «Çəkənə qəm dünya, çəkməyənə dəm dünya» kitabında Şirin xanım Ağabala qızı Kərimbəyli Şadimanın bədii yaradıcılığı dünyanın min bir dərdindən, həsrətindən soraq verir. Haqqa, ədalətə kəc baxıb zülmə qahmar çıxanların, dünyanın məhvərini geriyə hərləyənlərin tarix qarşısında bir gün cavab verəcəyinə dərin ümid bəslənilir.

Kitabdan-kitaba, əsərdən-əsərə qələmi püxtələşən Şirin xanımın oxuculara təqdim etdiyi yeni kitabı onun sənətin çətin iriziylə zirvələrə doğru addımladığını göstərir. Coşğun fitri istedada, zəngin müşahidə qabiliyyətinə, dərin lirizmə malik olan Şirin xanıma yeni yaradıcılıq uğurları diləyirik.
professor Azad Nəbiyev


BÖYÜK YARADANA

BÖYÜK YARADANA


Ey böyük Yaradan, ey qadir Allah,

Doğulduq… İşlətdik nə qədər günah?


Coşdu içimizdə saysız diləklər,

İblis hiylələrlə doldu ürəklər.


Öncə nizə, qalxan, qılınc yaratdıq,

Ov tək bir-birinin köksünə atdıq.


Əsirlər ötdükcə coşdu ehtiras,

Vəhşi əlimizlə quruldu min yas.


Bizə Əzrayılla əcəl göndərdin,

Miskin cəsədləri torpağa sərdin.


Böldün bəndələri neçə qisimə,

Sonda məzar qıydın yalnız cisimə.


Anlaya-anlaya öləriyik biz,

Tanrı hüzurunda qatlamadıq diz.


Vəhşi tək hey qırdıq biri-birini,

Sən bizdən qorudun haqqın sirrini.


Böyük Yaradanım, səbr ilə yerə,

Hey dinlər göndərdin inansın hərə.


Sonuncu dininsə oldu pak İslam!

Müqəddəs peyğəmbər Mühəmməd-salam.


O gül çöhrəsinə nur bəxş eylədin,

Quranı köksünə Sən nəqş eylədin.


Ərəb səhraları, Məkkə, Mədinə,

Tapındı rəhminə, tapındı dinə.


İslamın işığı dünyanı tutdu,

Diz çöküb səcdənə, özün unutdu.


Fəqət, parçalandı cahanda dinlər,

İnsan da bu sitəm içində inlər…


Xaçpərəst, müsəlman, yəhudi, yezdi…

Torpaq, su üstündə el-eli əzdi.


Böyük Yaradanım, töküldü qanlar,

Məzara gömüldü əcəlsiz canlar.


Sənsə yüksəklikdən baxıb bəndənə,

Saldın ölərləri çox çəndən-çənə.


Qopartdın yerlərin min yol bağrını,

Məzara döşədin acı-ağrını.


Neçə yurd torpağın altında qaldı,

Hökmünlə bəndələr min yol alçaldı.


Gah sellər yaratdın, gahsa zəlzələ,

Qurdun ölərlərə, ey Tanrım, tələ.


Unudub qəzəbi coşdular yenə,

Bəzən xor baxdılar Haqqa və Dinə!


Qılınclar gülləylə əvəz olundu,

Tanklarla, toplarla qeyrət alındı.


Basıldı vicdanlar raketlər ilə,

Cahanda hökm etdi iblis və hiylə.


Sənsə qəh-qəh çəkdin ünsüz fələkdən,

Güldün bəndələrə min yol ürəkdən.


İnsanlar dinlərlə fitnə qurdular,

Savaşa yollandı saysız ordular.


Qanlar su yerinə axdı dünyada,

Atdılar namusu, qeyrəti oda,


İsanın, Musanın müqəddəs ruhu,

Böyük Mühəmmədin (s) naləsi, ahı .


Qırdı dünyamızı hey qəzəb ilə,

Məzara göndərdi min əzab ilə.


Bizsə unutqanlıq yolunu tutduq,

Allahı, Quranı, Haqqı unutduq.


Özümüzü səndən qüdrətli bildik,

Sildik içimizdən inamı, sildik.


Namus da, qeyrət də qiymətdən düşdü…

Bəndənin ayağı hər dəm sürüşdü.


Ölüm qapımızda gülləyə döndü,

Söndü evimizin çırağı, söndü.


Böyük Yaradanım, adil hökmünlə,

Döndərdin ağılı, ürəyi külə.


Allahım, ey Tanrım, yuvam-məmləkət,

Başının üstündə qara fəlakət.


Yağı başımıza tökür gülləni,

Qurur torpağıma min bir hiyləni…


Yanır diri-diri ana, bacılar,

Dolaşır yurdumda ağrı-acılar.


Sitəmdən usanmış könlümüz talan,

Yenə taxtı-tacda oturub yalan.


Hökmüylə namərdi bütə döndərir,

Tülkünü quduza, itə döndərir.


Adilim, Kərimim, Haqqım İlahi,

Qoyma məhkəməsiz naleyi-ahi,


Müqəddəs hökmünlə özün divan qur,

Yalanın, fitnənin sən boynunu vur.


Bir azca işıq ver qaranlıq yurda,

Amandır, quzunu tapşırma qurda.


Hökmü-fərmanınla zülmət nur olsun,

Yetər, içimizə halallıq dolsun.


Böyük Yaradanım, ümidim sənə,

Şahlıq quşu göndər sadiq ölkənə.


Ayılıb binəva millət yuxudan,

Özün qurtar onu qara-qorxudan.


Şirin Xanım sənə sadiq bəndədi,

Özün də görürsən yaman gündədi.


Gəl qoluzorluğu vermə yetənə,

Son qurbanlıq eylə məni Vətənə!


Hazıram, cismimi məzara döndər,

AZƏRBAYCANIMA AZADLIQ GÖNDƏR!!!

13.12.1991

  1   2   3   4   5   6   7   8   9   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə