Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə9/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   27

O m ə r Eldarov: Bəli, buradayam.

Heydər Əliyev: Yadındadır, mən sənin eskizinə baxan kimi dedim, sən də razı oldun mənim fikrimlə. Elədirmi?

Ömər Eldarov: Bəli, elədir.

Heydər Əliyev: Ömər böyük heykəltaraşdır.

Onun sənətinə mənim böyük hörmətim var. Mən baxdım, kiçik miqyasda bir eskiz düzəltmişdi. Doğrudan da çox təsirlidir. Amma yalnız faciəni göstərir. Təkrar etmək istəmirəm, axı hər bir abidə gərək insanları nikbinliyə dəvət etsin. Bilirsiniz, elə keçmişdə də, dinimizdə də elə olub ki, biz çox ağlamışıq. Doğrudur, keçmiş əsrlərdə də, indi də dinimizə çox böyük hörmətimiz var, din bizim mənəviyyat mənbəyimizdir. Amma dinimizdə də ağlamaq yeri çoxdur.

Faciəni də, xalqın qəhrəmanlığını da, təcavüzü də göstərmək lazımdır. Mən demirəm ki, böyük bir kompozisiya yaradılsın. Ola bilər ki, bunun üçün o qədər böyük abidə lazım deyil. Qoy hərə özü fikirləşsin. Mən sadəcə öz fikrimi deyirəm. Amma bizə bu hadisəni, tariximizin bu mərhələsini tam əks etdirən bir abidə lazımdır.

Siz əmin olun ki, böyük abidə qurmağa indi imkan yoxdur. Ola bilər, gələcəkdə olsun. Amma indi çox təsirli, yüksək sənət əsəri kimi, bu hadisəni hərtərəfli əks etdirən bir abidə yaratmaq lazımdır. Mən arzu edərdim ki, tez bir müddətdə layihələr hazırlansın və ola bilər ki, dediyim şəxslər bu barədə xüsusi müşavirə keçirsinlər. Biz dərhal baxıb həyata keçirməyə hazırıq. Mənim tövsiyəm bundan ibarətdir.

Hesab edirəm ki, bu gün burada ziyalılarımızın bir qrupu ilə görüşmək də mənim üçün çox əhəmiyyətlidir. Çünki işimiz indi çox ağırdır. Ona görə də belə görüşlər az-az olur. Amma bunlar nə qədər çox olsa, sizin üçün də, bizim üçün də əhəmiyyətli olar. Mən bu görüşümdən məmnunam. Hamınıza yaradıcılığınızda uğurlar diləyirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim ziyalılarımız dövlətçiliyimizin qorunması uğrunda , müstəqilliyimiz uğrunda, torpaqlarımızın işğaldan azad olunması üçün, ərazi bütövlüyümüzün təmin edilməsi üçün Azərbaycan dövlətinin apardığı fəaliyyətdə bundan sonra da həmişə fəal iştirak edəcəklər və keçmişdə, tarixin bütün mərhələlərində olduğu kimi, cəmiyyətimizin aparıcı qüvvəsi olacaqlar. Hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm.
QANLI YANVAR FACİƏSİNİN 5-ci

İLDÖNÜMÜ İLƏ BAĞLI ŞƏHİDLƏR

XİYABANINDA JURNALİSTLƏRİN

SUALINA CAVAB
20 yanvar 1995-ci il
S u a l: - Cənab prezident, məhz milli hiss 20 Yanvarda xalqı tankların qabağına əliyalın çıxartdı. Beş il ötəndən sonra - keçən ilin oktyabr gecəsində ölümdən, qandan qorxmadan, Sizin bir çağırışınızla xalqın ayağa qalxması, bu, milli şüurun inkişafı deyilmi?

C a v a b: - Əlbəttə, şübhəsiz. Bu insanlarda milli hisslər - mən bunu iki gün bundan qabaq ziyalılar qarşısında çıxış edəndə dedim - 80-ci illərdə daha da inkişaf edib, oyanıb, baş verən proseslər nəticəsində get-gedə aşkara, zahirə çıxıbdır. Milli hisslərin, milli azadlıq arzularının, niyyətlərinin inkişafı Yanvar hadisələri ilə bağlıdır. Bu hisslər insanları oyatdı, adamlar öz milli haqları, öz respublikasının, torpağının haqlarını müdafiə etmək üçün ayağa qalxdılar və bunları təmin edə bilməyən o vaxtkı Azərbaycan rəhbərliyinin - respublikanı idarə edən dairələrin, şəxslərin, orqanların xalqın bu milli hisslərini anlamadıqlarını gördükdə üsyan etdilər, mitinqlərə çıxdılar.

Bu mitinqləri boğmaq üçün də o hərbi təcavüzə, siyasi təcavüzə əl atıldı və xalqımız qurbanlar verdi. Bu qurbanlar şübhəsiz ki, bizim üçün böyük dərddir, ağrıdır. Amma eyni zamanda bu qurbanlar xalqımızın milli ruhunun, milli hisslərinin oyanmasının böyük bir rəmzidir, nümayişidir. Ondan sonrakı dövrdə proseslər nə qədər də mürəkkəb, ziddiyyətli olsa da, bir tərəfdən bu milli hisslər inkişaf edirdi, ikinci tərəfdən isə onu boğmağa çalışırdılar. Ancaq boğanlar gücsüz oldu, milli hisslər güclü oldu və bunun nəticəsidir ki, keçən il 4 oktyabrda mənim çağırışımla xalq çox qısa müddətdə ayağa qalxdı.

Siz yəqin bir şeyi də müşahidə edirsiniz ki, əgər 88-ci ildən başlayan proseslər - xalqın mütəşəkkil, ya qeyri-mütəşəkkil, kortəbii, yaxud da ki, hər bir insanın öz hisslərini bütün cəmiyyətin hisslərinə qovuşdurması nəticəsində mitinqlər, nümayişlər, etiraz tədbirləri dövlətin rəhbərlərinə qarşı olmuşdursa, 4 oktyabrda isə xalqı bu milli hissləri dövlətin siyasəti ilə o qədər bağlı idi ki, dövlətin çağırışı ilə xalq ayağa qalxdı. 20 Yanvar gecəsi, yaxud da ki, 20 Yanvar ərəfəsində prezident sarayı qarşısında dövlətə, idarəetmə orqanlarına, rəhbərlərə nifrət hissi ilə toplaşmış adamlar əvəzinə, 4 oktyabr 1994-cü ildə həmin adamlar dövləti müdafiə etmək üçün gəldilər. Bax, çox prinsipial fərq bundan ibarətdir.

20 YANVAR FACİƏSİNİN 5-ci İLDÖNÜMÜ

İLƏ BAĞLI ÇIXIŞ
Şəhidlər Xiyabanı
20 yanvar 1995-ci il
Əziz bacılar, qardaşlar, əziz vətəndaşlar, şəhid ailələri, onların qohum-qardaşları! Bu gün Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin ən yüksək zirvəyə qalxdığı günün - 20 Yanvar hadisələrinin 5-ci ildönümünü qeyd edirik. Bu gün Azərbaycanın müstəqilliyi uğrunda, xalqımızın hüquqlarının müdafiəsi uğrunda, milli azadlıq uğrunda mübarizəyə qalxmış, həlak olmuş, şəhid olmuş övladlarımızın, soydaşlarımızın qəhrəmanlıq gününü qeyd edirik. 20 Yanvar hadisələrinin 5-ci ildönümü münasibətilə bütün Azərbaycan xalqı, Azərbaycan vətəndaşları o faciəli günləri yad edir. Şəhidlərin ruhuna dua oxuyur. Şəhidlərin qəhrəmanlığı ilə fəxr edir və Bakıda, Azərbaycanın bütün şəhərlərində, bütün məntəqələrində şəhidlərin ruhu qarşısında baş əyir.

Əziz bacılarım, biz sizinləyik. Sizin dərdiniz bizim dərdimizdir. Bütün Azərbaycan xalqının dərdidir.

... Bura minlərlə adam toplaşıbdır. Axı, dərdimiz birdir. Bu dərdimizi qeyd edək. Ondan sonra bu məsələyə baxarıq. Bilin ki, bu gün biz böyük tarixi hadisəni qeyd edirik. Bu gün biz şəhidlərin məzarı qarşısındayıq. Biz bu gün gəlmişik onların ruhu qarşısında baş əyək. Olarmı ki, belə bir zamanda, belə bir məqamda ayrı-ayrı hissiyyatlarınızla bu məsələdə qarışıqlıq yaradasınız?

Mən sizin heç birinizi günahlandırmıram. Hərənin öz dərdi var, həyatımız çətindir. Şəhid ailələrinin problemləri çoxdur. Bu beş il ərzində siz də qəm içərisindəsiniz, biz də qəm içərisindəyik. Ancaq bilin, biz bu gün tarixi hadisə münasibətilə bura toplaşmışıq. Hər bir şəhidin tökülən qanı Azərbaycanın müstəqilliyini təmin edibdir. İndi Azərbaycan müstəqil dövlətdir. Siz bu müstəqil dövlətin azad vətəndaşlarısınız. Bu azadlıq bizim üçün hər şeydən üstündür, bizim böyük nailiyyətimizdir, böyük qələbəmizdir və bu azadlıq naminə, bu müstəqillik naminə biz qurbanlar vermişik. Bundan sonra da verəcəyik. Hər bir adam şəhid olmağa hazır olmalıdır ki, xalqımız daim azad olsun, daim müstəqil olsun. Ona görə də dərdinizi anlayıram. Mən sizdən də çox dərd çəkirəm. Ancaq gəlin bu gün ümummilli, ümumxalq hadisəsini qeyd edək, ayrı-ayrı məsələlərə isə sonra baxaq.

Azərbaycan xalqı üçün bu gün həm qəhrəmanlıq səhifəsidir, həm də böyük faciə səhifəsidir. 20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları o dövrdə xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. Üsyan etmək istədilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi, Azərbaycanı sıxmaq, xalqımızı bölmək istədi. Azərbaycan xalqı qurbanlar verdi. O gün faciəli gün oldu, biz şəhidlər verdik, qan töküldü. Azərbaycanın torpağı, Bakı şəhəri qana bələndi. Ancaq eyni zamanda bizim qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar.

O şəhidlər burada - Azərbaycanın, Bakının ən mötəbər, gözəl guşəsində əbədiyyətə qovuşublar. Biz onların məzarları qarşısındayıq. Biz bu məzarları daim yad edəcəyik. Bura Azərbaycan xalqı üçün böyük bir ziyarətgaha çevrilibdir. Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər Xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlıq uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları, Azərbaycan Respublikasının, Azərbaycan torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir.

Biz bu gün bu abidəyə, bu məzarların qarşısına gəlmişik. Bu gün biz bu qəhrəman, cəsur, rəşadətli Azərbaycan övladlarının məzarı qarşısındayıq. Onların qəhrəmanlığının əbədi yaşayacağını bir də bəyan edirik və onlara deyirik ki, sizin qəhrəmanlığınız nəticəsində, şəhidliyiniz nəticəsində indi xalqımız öz milli azadlığına nail olubdur. Azərbaycan müstəqil dövlətdir, öz ərazi bütövlüyünü qorumağa çalışır, öz müstəqilliyini möhkəmlətməyə çalışır.

Bu şəhidlərdən sonra Azərbaycan öz torpaqlarını qorumaq üçün bir çox şəhidlər veribdir. Ona görə də 20 Yanvar şəhidləri ilə yanaşı, Azərbaycanı erməni təcavüzündən qorumaq uğrunda mübarizəyə qalxan, döyüşlərə gedən Azərbaycanın qəhrəman oğulları, şəhid olanlar da burada, bu Şəhidlər Xiyabanındadır. Şəhidlər şəhidlərlə yan-yanadır. Bu da təbiidir. Çünki hamısı Azərbaycanın xoşbəxt gələcəyi uğrunda həlak olublar, şəhid olublar və bu məzarlarda uyuyurlar. Mən bu hadisələr münasibətilə 20 Yanvar şəhidlərinin ruhu qarşısında, məzarları qarşısında, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda erməni təcavüzkarları ilə mübarizəyə qalxaraq həlak olanların məzarları qarşısında bütün Azərbaycan xalqına başsağlığı verirəm. Şəhidlərin ailələrinə başsağlığı verirəm. Buraya toplaşan Azərbaycan vətəndaşlarına başsağlığı verirəm. Azərbaycan dövləti özü-özünə başsağlığı verir.

Biz bu dərdi, bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnək olub. Bundan sonra da örnək olacaqdır. Mən tam əminəm ki, Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, Respublikamızın müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərik nümunələri göstərəcəklər.

Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün, qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır. Biz bu gün buraya həm qəm hissi ilə, həm də böyük iftixar hissi ilə gəlmişik. Biz fəxr edirik ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı öz milli mənliyini, öz milli azadlığını qorumaq üçün həlak olmağa, şəhid olmağa hazırdır. Biz fəxr edirik ki, bizim qəhrəmanlarımız var, biz fəxr edirik ki, bu azadlıq yolunda özünü qurban etmiş şəhidlərimiz var, onların qəhrəmanlığı, onların ruhu bizim qəlbimizdə daim yaşayacaq. Onlar əbədiyyətə qovuşublar. Onların xatirəsi bizim üçün əbədidir.

Ona görə də mən sizə başsağlığı verərək, eyni zamanda sizi təbrik edirəm ki, Azərbaycan xalqı bundan sonra özünü qorumağa qadirdir. Azərbaycan xalqı öz mənliyini müdafiə etməyə

qadirdir. Azərbaycan xalqı öz müstəqilliyini müdafiə etməyə qadirdir.

Sizə bir daha başsağlığı verirəm. Başınız sağ olsun. Allah bu xiyabanda uyuyan övladlarımıza rəhmət eləsin. Allah Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda həlak olmuş, şəhid olmuş adamların hamısına rəhmət eləsin. Allah Azərbaycan xalqına səbr versin. Allah sizə, valideynlərə, şəhidlərin ailələrinə, qohum-əqrəbasına səbr versin. Səbr versin ki, biz xalqımızı daha xoşbəxt gələcəyə apara bilək, səbr versin ki, biz xalqımızı bu bəladan çıxara bilək. Səbr versin ki, Azərbaycan xalqı öz müstəqilliyini möhkəmləndirib əbədi edə bilsin. Allah şəhidlərə rəhmət eləsin.

NEFT MÜQAVİLƏSİNİ HƏYATA KEÇİRƏN

RƏHBƏR KOMİTƏNİN İLK İCLASININ

AÇILIŞINDA ÇIXIŞ
Azərbaycan Tarixi Muzeyi
24 yanvar 1995-ci il
Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bir neçə il müddətində hazırlanmış və artıq imzalanmış neft müqaviləsinin - Əsrin böyük müqaviləsinin həyata keçirilməsi üçün bu gün əməli iş başlanır. Bu müqavilənin bağlanması üçün aparılan danışıqlar, görülən hazırlıq işləri və nəhayət, onun imzalanması ərəfəsindəki proseslərin hamısı, bir daha qətiyyətlə deyə bilərik ki, hamar, asan olmamışdır. Bu tarixi hadisə böyük zəhmətin, əməyin və eyni zamanda inadla həyata keçirilən işin nəticəsi olmuşdur.

Azərbaycan neft ölkəsidir. Qədim zamanlarda bizim ölkəmizə, Vətənimizə "Odlar diyarı" deyərdilər və biz bu adla fəxr edirik. Məlumdur ki, XIX əsrin ikinci yarısından başlayaraq bizdə, ola bilər ki, dünyada ilk dəfə olaraq neft istehsalına başlanıb. Azərbaycanın neft sənayesi böyük tarixə malikdir. O, bir çox mühüm mərhələlərdən keçibdir. Neft sənaye üsulu ilə çıxarılmağa başlananda Qərb ölkələrinin neft şirkətləri Azərbaycanda fəaliyyət göstərib, burada neft hasilatı və emalı sahəsində müştərək işlər aparıblar. Sonra bu şirkətlərin Azərbaycanda fəaliyyəti dayandırılıb, neft sənayesi sovet dövləti tərəfindən milliləşdirilibdir. İstehsal edilən neft uzun illər Sovetlər İttifaqının ehtiyaclarını təmin etmək üçün istifadə olunubdur.

Xalqımız üç il bundan əvvəl öz müstəqilliyini, milli azadlığını əldə edib. Azərbaycan xalqı, Azərbaycan dövləti öz sərvətlərinin tam sahibi olub. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin neft yataqlarından müstəqil, özü istədiyi kimi istifadə etməsi üçün imkanlar yaradıb. Məlumdur ki, Azərbaycan neftçilərinin neftçıxarma sahəsində həm elmi, həm texniki, həm də əməli iş aparılmasında böyük təcrübəsi, potensialı vardır. Azərbaycan alimlərinin, mühəndislərinin, geoloqlarının, neftçilərinin, neft ustalarının gərgin əməyi və böyük fəaliyyəti nəticəsində 45 ildən artıqdır ki, Xəzər dənizində neft hasil olunur.

Bunlar hamısı müstəqil Azərbaycan dövlətinin öz sərvətlərindən, o cümlədən onun ən zəngin sərvəti olan neft yataqlarından istifadə etməsi üçün çox gözəl əsas yaratmışdır. Ancaq eyni zamanda indiki mərhələdə biz bu neft yataqlarından səmərəli istifadə etmək üçün dünyanın böyük təcrübəyə, böyük potensiala malik olan neft şirkətləri ilə əməkdaşlıq etməyi də lüzumlu və zəruri hesab etdik. Məhz bunların nəticəsində Xəzər dənizinin Azərbaycan bölməsindəki neft yataqlarından xarici ölkələrin böyük neft şirkətləri ilə müştərək istifadə olunması barədə üç ildən çox müddətdə danışıqlar aparılıb. Böyük məmnuniyyət hissi ilə qeyd etməliyəm ki, bu danışıqlar nə qədər çətin də olsa, müvəffəqiyyətlə başa çatıb və neft yataqlarından birlikdə istifadə olunması üçün böyük neft müqaviləsi imzalanıbdır.

Neft yataqlarından istifadə olunması üçün dünyanın iri neft şirkətləri ilə üç ildən artıq bir dövrdə aparılan danışıqlar Azərbaycan və demək olar ki, dünya ictimaiyyətinin daim diqqət mərkəzində olub. Bu müqavilənin hazırlanmasına və danışıqların aparılmasına çox böyük maraq göstərilibdir. Azərbaycan xalqı, ictimaiyyəti bu danışıqlara, nəhayət müqavilənin hazırlanıb imzalanmasına böyük ümidlə baxıblar. Bu işə dünya ictimaiyyətinin bəzi dairələrində çox qısqanclıqla yanaşan və mənfi münasibət bəsləyən qüvvələr də olub, bu müqavilənin hazırlanmasına və imzalanmasına cürbəcür istiqamətlərdən maneçilik törədən çox güclü qüvvələr də olubdur. Ancaq müstəqil Azərbaycan Respublikası dövlətinin iradəsi və xarici ölkələrin neft şirkətləri ilə bizim sağlam əsasda olan əməkdaşlığımız bütün bu maneçiliklərin aradan götürülməsinə imkan verib. Nəhayət, 1994-cü il sentyabrın 20-də neft müqaviləsi imzalanıbdır. Müqavilə imzalanan kimi xarici ölkələrin ayrı-ayrı dairələrindən bu sənədi pozmağa cəhdlər də göstərilib, hücumlar da olub. Bunlar artıq məlumdur. Biz bunların hamısının qarşısını almışıq. Müqavilə hazırlanarkən mən əmin idim ki, bütün bu maneələrin, hücumların, təzyiqlərin qarşısını biz öz iradəmizlə alıb, onlara layiqli cavab verə biləcəyik və biz bunu etdik. Müqavilə artıq işləyir, "Əsrin müqaviləsi" kimi dillərə, tarixə düşüb.

İmzalanmış müqavilə Azərbaycan parlamentində müzakirə edilib, Milli Məclis tərəfindən qəbul olunub. 1994-cü il dekabrın 2-də mən bu müqavilənin təsdiq olunması haqqında xüsusi qanun imzalamışam. Beləliklə, müqavilənin əməli surətdə həyata keçirilməsi üçün siyasi, iqtisadi və hüquqi əsaslar yaranıbdır. İndi əməli iş getməlidir. Əvvəllər görülmüş işlərin hamısını yüksək qiymətləndirərək, mən bu gün əmin olduğumu bildirmək istəyirəm ki, artıq bu miiqavilə sürətlə həyata keçirilməlidir. Bunun üçün xüsusi işçi qrupları, müqavilənin rəhbər komitəsi yaradılıb, əməli işlər aparılması üçün başqa təşkilati tədbirlər görülüb. Mən bunların hamısını bəyənirəm və əməli işə başlamağınız münasibətilə sizi və bu müqavilədə indən sonra işləyəcək adamların hamısını təbrik edirəm.

Qeyd etmək lazımdır ki, müqavilənin hazırlanması prosesi nə qədər ağır, çətin yollardan keçmiş olsa da, onun həyata keçirilməsi bundan da çətin olacaqdır. Qarşıda çox gərgin, çox mühüm işlər durur. Mən əminəm ki, müqavilədə iştirak edən konsorsiumun, şirkətlərin nümayəndələri və rəhbərləri Azərbaycan Dövlət Neft Şirkəti ilə bərabər, bu məsələlərin ardıcıl surətdə, davamlı olaraq, gecikmədən həll olunmasını təmin edəcəklər.

Müqavilə 30 il müddətinə nəzərdə tutulmuşdur. Şübhəsiz ki, birinci illər çətin, ağır olacaq. Bizi - Azərbaycan tərəfini, prezident kimi şəxsən məni ilk illərin işi xüsusi maraqlandırır. Hesab edirəm ki, birinci illər üçün nəzərdə tutulan proqram vaxtından əvvəl yerinə yetirilməlidir. Siz bu gün burada 1995-ci ilin proqramını, büdcəsini müəyyənləşdirəcək, görüləcək işlər haqqında müzakirələr aparıb qərarlar qəbul edəcəksiniz. Mən arzu edərdim ki, birinci il - 1995-ci il üçün nəzərdə tutulan işlər yüksək səviyyədə olsun və onların ardıcıl olaraq günbəgün, aybaay həyata keçirilməsi üçün lazımi tədbirlər görülsün.

Bilirsiniz ki, bu müqavilə haqqında, onun ətrafında indi də müxtəlif dairələrdə, mətbuatda, ayrı-ayrı ölkələrdə danışıqlar davam edir. Haradasa belə fikirlər yayırlar ki, müqavilə bağlanıbsa da, ancaq guya, Qərb şirkətləri onun həyata keçirilməsinə tələsməyəcəklər. Bəziləri deyirlər ki, müqavilənin həyata keçirilməsi birinci illərdə - 1995-1998-ci illərdə Azərbaycan iqtisadiyyatı üçün o qədər də xeyirli olmayacaqdır. Bu qüvvələr nıüqavilənin imzalanmasına mane ola bilmədilərsə də, onun həyata keçirilməsinə cürbəcür zərbələr vurmaq istəyirlər. Güman edirəm ki, Qərb neft şirkətləri, konsorsiuma daxil olan neft şirkətlərinin rəhbərləri bütün iftiralara, yalanlara, bu müqavilənin əleyhinə çıxan qüvvələrin hamısına cavab vermək üçün öz səylərini əsirgəməyəcəklər. Bunları nəzərə alaraq, sizdən rica edirəm ki, müqavilənin həyata keçirilməsi sahəsində birinci illərin, üç-dörd ilin proqramı çox dəqiq olsun və onun əvvəllər nəzərdə tutulandan da tez yerinə yetirilməsi üçün lazımi tədbirlər görülsün.

Bu müqavilənin həyata keçirilməsi üçün Azərbaycan Dövlət Neft Şirkətinin, neftçilərimizin, alimlərimizin üzərinə çox böyük və şərəfli vəzifələr düşür. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan neftçiləri, Dövlət Neft Şirkətində çalışan məsul şəxslər, alimlərimiz, bu sənədin yerinə yetirilməsinə qoşulmuş bütün adamlar Azərbaycanın bu günü və gələcəyi üçün müqavilənin nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha dərk edəcək və onun həyata keçirilməsinə çalışacaqlar.

Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, biz bu müqaviləni hazırlayarkən, onu imzalayarkən və mən bir prezident kimi müqavilənin hüquqi qüvvə alması Uçün qanun imzalayarkən Azərbaycanın bu günü və gələcəyi haqqında düşünmüşük. Hamı da bilməlidir ki, biz bu arzularla, niyyətlərlə müqavilənin işə başlamasını istəyirik. Müqavilənin həyata keçirilməsi respublikamızın böhran vəziyyətində olan iqtisadiyyatında qarşıdakı illərdə böyük dəyişikliklər etmək üçün mühüm əhəmiyyət kəsb edir. Müqavilənin həyata keçirilməsi eyni zamanda Azərbaycanın gələcək inkişaf perspektivi üçün çox əhəmiyyətlidir. Bu müqaviləni imzalayanda da biz Azərbaycanın gələcək nəsillərinin həyatı barədə düşünürdük. Müqavilənin həyata keçirilməsi üçün aparılan işlər Azərbaycan Respublikası neft sənayesinin başqa sahələrinə də təsir edəcəkdir. Azərbaycan torpaqlarında yerin təkində hələ istifadə olunmamış çox böyük neft və qaz sərvətlərimiz var. Alimlərimiz, geoloqlarımız tərəfindən Xəzər dənizinin Azərbaycan bölməsində kəşf olunmuş başqa zəngin neft və qaz yataqları da var. Biz bu müqaviləni həyata keçirərək, təcrübə toplayaraq o yataqların da - həm dənizdə, həm də quruda olan neft yataqlarının istifadə edilməsi üçün lazımi tədbirlər görəcəyik. Bu məsələlərin həll olunması üçün biz xarici ölkələrin neft şirkətləri ilə də əməkdaşlıq etməyə hazırıq. Bu baxımdan, müqavilənin həyata keçirilməsi təcrübəsi gələcək işlərimiz üçün daha əhəmiyyətli olacaqdır. Hesab edirəm ki, konsorsiuma daxil olan neft şirkətləri, Azərbaycan Dövlət Neft Şirkəti bütün bu perspektivləri nəzərə alaraq işlərini yaxşı təşkil edəcəklər.

Konsorsiumun iştirakçısı olan xarici ölkələrin neft şirkətlərinin burada iştirak edən nümayəndələrini bu müqavilənin həyata keçirilməsinə başlaması münasibətilə ürəkdən təbrik edirəm. Onları əmin edirəm ki, dövlət tərəfindən, Azərbaycan prezidenti kimi mənim tərəfimdən bu müqavilənin həyata keçirilməsi həm daim nəzarət altında olacaqdır, həm də bu işlərin vaxtlı-vaxtında aparılması üçün lazımi tədbirlərin görülməsi təmin olunacaqdır.

Azərbaycan Dövlət Neft Şirkətini, onun rəhbərliyini, neftçiləri, xalqımızı bu müqavilənin əməli surətdə həyata keçirilməsinə başlanması münasibətilə təbrik edirəm.

Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar, bu mühüm əhəmiyyətli işdə sizin hamınıza uğurlar arzulayıram. Xeyirli olsun, uğurlu olsun!



İSVEÇRƏDƏ YAŞAYAN

SOYDAŞLARIMIZLA GÖRÜŞDƏ ÇIXIŞ
Bern
29 yanvar 1995-ci il

Öncə mən hamınızı və sizin simanızda İsveçrədə yaşayan bütün azərbaycanlıları ürəkdən salamlayıram. Hamınıza doğma Vətəninizdən - Azərbaycan torpağından salamlar gətirmisəm. Sizə işlərinizdə uğurlar, həyatınızda səadət və xoşbəxtlik arzulayıram.

İndi, müstəqil dövlətimizin olduğu bir vaxtda biz azərbaycanlılar həm dövlətimizin bugünü və gələcəyi haqqında, həm də dünyada yaşayan bütün azərbaycanlılar barəsində düşünməliyik. Odur ki, məni bir azərbaycanlı kimi, Azərbaycan Respublikasının prezidenti kimi, şübhəsiz, hər bir ölkədə yaşayan azərbaycanlı, onun həyatı, yaşayışı, vəziyyəti, durumu maraqlandırır.. Ona görə də sizə suallar verdim və çox məmnun oldum ki, İsveçrədə yaşayan azərbaycanlıların güzəranı yaxşıdır, burada yaşamaq, işləmək üçün şəraitiniz var. Allah eləsin, bundan da yaxşı olsun.

İstərdim ki, Avropada, ümumən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hamısı ilk növbədə yüksək təhsilə, mədəniyyətə, yaxşı sənətə malik olsun, özləri üçün bəlkə indikindən də yaxşı şərait yarada bilsin. Siz azad, demokratik bir ölkədə yaşayırsınız. Bu ölkədə yaşamaq həm çətindir, həm də asandır. Ona görə çətindir ki, burada rəqabət güclüdür, hər bir millətdən olan adamlar var, hər kəs çalışıb cəmiyyətdə özünə yer tutmaq istəyir. Eyni zamanda demokratik ölkələrin, o cümlədən sizin yaşadığınız ölkənin qanunları sərbəstliyə çox imkanlar verir, yəni insanın istəyi olsa, bacarığı olsa, öz potensialını reallaşdırmağa şərait var. Ona görə də burada hər bir insan özünə layiq yer tuta bilər. Mən istəyirəm ki, azərbaycanlılar harada yaşayırlar-yaşasınlar, əhalinin, cəmiyyətin aşağı təbəqəsində, orta təbəqəsində yox, yüksək təbəqəsində olsunlar, bu, mənim istəyim, arzumdur.

Doğrudur, azərbaycanlılar tarixən öz torpaqlarına möhkəm bağlıdırlar, başqa ölkələrə getməyə çox meylləri olmamışdır. Bilirsiniz ki, mən 14 il - 1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan Respublikasına rəhbərlik etmişəm. O vaxt Azərbaycan Sovetlər İttifaqının on beş respublikasından biri idi. Xatirimdədir, o vaxt çalışırdım ki, azərbaycanlılar, xüsusən gənclər təkcə Azərbaycanda qalmasınlar, Sovetlər İttifaqının başqa şəhərlərində, respublikalarında da yaşasınlar (o dövrdə Sovetlər İttifaqından kənara çıxmaq mümkün deyildi), yayılsınlar, səpələnsinlər. Öz torpağımızda azərbaycanlı onsuz da çoxdur. Qoy hər yerdə Azərbaycanın diasporu olsun, lobbisi olsun. Bunu bəlkə də siz bilmirsiniz, mən o vaxt Azərbaycan gənclərinin Sovetlər İttifaqının hər yerinə səpələnməsi, yayılması üçün hətta Moskvadan razılıq almışdım, ildə 800-900 gənc SSRİ-nin başqa yerlərinə - Moskva, Leninqrad, Sverdlovsk və digər şəhərlərin universitetlərinə, institutlarına təhsil almağa göndərilirdi. Mən elə şərait yaratmışdım ki, Azərbaycan gənclərinin həmin universitetlərə daxil olmaları üçün çətinlik yox idi. Çünki bəziləri rus dilini yaxşı bilmədiyinə görə gedib orada imtahan verə bilməzdi, bəziləri imtahan verəndən sonra müsabiqədən keçə bilmirdilər. Ancaq mən onlardan ötrü güzəştli şərait yaratmışdım və bayaq dediyim kimi, hər il yüzlərlə gənci Sovetlər İttifaqının böyük ali məktəblərinə təhsil almağa göndərirdim.

Nə üçün? Birincisi, mən etiraf etməliyəm ki, o vaxt Moskva Universitetində təhsilin səviyyəsi Bakı Universitetinə nisbətən yüksək idi. İstəyirdim ki, azərbaycanlılar daha yüksək səviyyədə təhsil alsınlar. İkincisi, ona görə ki, Rusiya vasitəsilə dünya mədəniyyətinə, dünya elminə qovuşsunlar. Yəni təkcə öz evində, öz kəndində yaşamasınlar, dünyanı görsünlər. Əgər o zaman İsveçrəyə, Almaniyaya, Fransaya getmək imkanı yox idisə, heç olmasa Sovetlər İttifaqının hər yerində olsunlar. Üçüncüsü də ona görə ki, qoy azərbaycanlılar hər yerdə yaşasınlar. Hər yerdə azərbaycanlılar olanda Azərbaycan Respublikasının dayağı da daha çox olur.

Bu gün nahar vaxtı İrlandiyanın prezidenti xanım Meri Robinson ilə yanaşı əyləşmişdik. Söhbət zamanı o mənə dedi ki, İrlandiyanın iki xüsusiyyəti var. Biri odur ki, İrlandiya heç vaxt imperiya olmayıb, həmişə müstəmləkə olmuşdur. İkinci xüsusiyyəti odur ki, 150 il bundan öncə İrlandiyada kartof aclığı düşmüşdü. Bu səbəbdən 4 milyon irlandiyalı ölkəni tərk edib başqa yerlərə getmişdi. Ona görə də indi kənarda yaşayan irlandiyalıların sayı ölkədəkindən daha çoxdur. Xanım Robinson bildirdi ki, bu il həmin hadisənin 150 illiyini qeyd edəcəklər. Mən dedim ki, bilmirəm, siz bunu hansı səpkidə qeyd edəcəksiniz, ancaq belə hesab edirəm ki, o hadisə 150 il bundan əvvəl sizdən ötrü bir faciə idisə, eyni zamanda xalqınız üçün böyük xoşbəxtlik olmuşdur. Çünki xalqınız bütün dünyaya, xüsusən Amerika Birləşmiş Ştatlarına, Avropanın müxtəlif ölkələrinə yayılmışdır. İndi irlandiyalılar çox böyük lobbi yaratmışlar, kiçik dövlət olan İrlandiyanın xaricdə böyük lobbisi var.

Mən də o vaxtlar azərbaycanlıları faciə nəticəsində deyil, başqa yolla Sovetlər İttifaqına səpələyib Azərbaycana dayaq yaratmaq istəyirdim. İndi isə sərhədlər açılmışdır, azərbaycanlı hər yerdə yaşaya bilər. Hər bir ölkədə nə qədər çox azərbaycanlı yaşasa, bir o qədər yaxşı olar. Əlbəttə, bununla onu demək istəmirəm ki, Azərbaycanda yaşayan adamlar başqa ölkələrə çıxıb getsinlər, yox, ancaq tale kimi isə gətirib bir ölkəyə çıxarıbsa və orada o, yaxşı yaşayırsa, yaxşı təhsil alıbsa, yaxşı işi varsa, bu, Azərbaycanın xeyrinədir. Bir şərtlə ki, gərək milliyyətini, dinini, torpağını, ana Vətəni unutmayasan. Bəzən elələri də olub ki, o vaxtlar 20-30 il Rusiyada yaşayıb, azərbaycanlılığını da, dinini də unudaraq assimilyasiyaya uğrayıblar. Bu, şübhəsiz ki, bizim üçün yaramaz.

Ona görə də çox məmnunam ki, səbəbindən asılı olmayaraq - bu, indi önəmli bir şey deyildir - siz İsveçrədə yaşayırsınız, bura da yaşayışınız rahatdır, azərbaycanlıların cəmiyyəti var, lobbisi var. Azərbaycanın dayağı var. Mən sizi təbrik edirəm, həyatınızda, işinizdə, təhsilinizdə uğurlar arzulayıram. Amma onu da bilin ki, indi sizin arxanızda Azərbaycan Respublikası kimi müstəqil bir dövlət var. Əgər öncə bu yox idisə, indi var.

Üç ildən artıqdır ki, Azərbaycan müstəqil dövlətdir. Doğrudur, bu müstəqillik Azərbaycana çox baha başa gəlmişdir, ölkəmiz böyük itkilər, çoxlu şəhidlər vermişdir. Məsələn, yanvarın 20-də biz 1990-cı ildə sovet qoşunlarının Azərbaycana təcavüzü nəticəsində baş vermiş faciənin beş illiyini qeyd etdik. Biz Şəhidlər Xiyabanına gedərək, həmin təcavüz nəticəsində həlak olanların xatirəsini yad etdik. Mən Bakıdakı çıxışlarımda qeyd etdim və bu gün burada sizə də deyirəm ki, həmin faciənin beş illiyini biz bir tərəfdən şəhidlərin xatirəsini əziz tutaraq, onların şəhidliyinə minnətdarlığımızı bildirərək qeyd edirik. Eyni zamanda Azərbaycanın milli azadlığı uğrunda, müstəqilliyi uğrunda mübarizəyə qalxmış xalqımızın qəhrəmanlıq, rəşadət nümunəsinin beş illiyini qeyd edirik.

Bəli, Azərbaycanın müstəqillik yolu çətin olub, böyük bəlalardan keçmişik. Birincisi, Ermənistan altı ildən artıqdır ki, Azərbaycana qarşı hərbi təcavüz etmişdir. Altı ildir ki, Azərbaycan müharibə şəraitindədir. Bu müddətdə 20 mindən çox azərbaycanlı həlak olmuş, 100 mindən artıq adam yaralanmışdır. Təəssüf ki, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bir milyon azərbaycanlı öz yurdundan, el-obasından qaçqın düşmüşdür və respublikamızın başqa bölgələrində ağır şəraitdə, çadırlarda yaşayır. Bu, bizim bir bəlamızdır.

İkinci bəlamız ondan ibarətdir ki, indi Azərbaycanın iqtisadiyyatı ağır vəziyyətə düşmüşdür. Azərbaycan bir iqtisadi-siyasi sistemdən başqasına, yəni sərbəst iqtisadiyyata, bazar iqtisadiyyatına keçir, dünya iqtisadiyyatına bağlıdır. Ona görə də bu keçid yolu asan deyildir. Həmin yolu da keçmək, müstəqillik naminə bu çətinliyə də dözmək lazımdır. Bu da bizim üçün böyük problemlər yaratmışdır. Körpə uşaq yenicə ayaq açanda ata-anası baxır ki, o, necə addım atır, yıxılırmı. Azərbaycan dövləti indi belə vəziyyətdədir. Gənc Azərbaycan dövləti gərək daxildə özü-özünü qorusun. Ancaq ən çətini, bizi daxilən ağrıdan odur ki, gənc dövləti möhkəmlətmək əvəzinə çəkişmələr, dartışmalar gedir, ayrı-ayrı adamlar vəzifə, mənsəb, hakimiyyət uğrunda mübarizə aparır, Azərbaycanı içəridən dağıdırlar.

Son üç ildə Azərbaycanda üç dəfə hakimiyyət dəyişikliyi olmuşdur. Bunlar hamısı Azərbaycana böyük təsir etmişdir. Bu dəyişikliklərin təbii səbəbləri də var, belə də olmalı idi. Məsələn, 1992-ci ildə Azərbaycanın rəhbərləri dəyişildi. Nə üçün? Çünki xalqın etimadını doğrulda bilmədilər. O vaxt kommunist rejimi dövründən qalmış və özünü prezident seçdirmiş Mütəllibov və onun ətrafındakı adamlar Azərbaycana xalqın tələblərinə uyğun rəhbərlik edə bilmirdilər. Xalq buna dözə bilmədiyinə görə onları rədd etdi. Sonra Xalq Cəbhəsi hakimiyyətə gəldi. Xalq buna çox ümidlə baxırdı. Mən də keçmiş siyasi xadim, təcrübəli adam kimi, Azərbaycana 14 il rəhbərlik etmiş bir adam kimi onlara ümid bəsləyirdim ki, bəlkə doğrudan da Azərbaycanın milli müstəqillik məqsədlərini həyata keçirən qüvvə olacaqlar. Ancaq onlar da bunu edə bilmədilər. Ona görə də 1993-cü ilin iyununda Azərbaycanda yeni bir dövlət çevrilişi oldu, vətəndaş müharibəsi başlandı. Mən o vaxt Naxçıvanda idim, orada yaşayırdım, oraya bir növ sürgünə getmişdim. Yəni Moskvada yaşamağım mümkün olmamışdı, odur ki, Bakıya gəldim. On dörd il Bakı şəhərini, Azərbaycanı qurub-yaradan adamı Bakıda yaşamağa qoymadılar. Getdim Naxçıvana, çünki orada doğulmuşam, atamın qəbri də oradadır.

Xalq cəbhəsi hakimiyyətə gəlmək istəyirdi. Mən də onlara kömək etdim. Onlara ümid bəsləyirdim. Ancaq onlar da ümidləri doğrulda bilmədilər. 1993-cü ildə dövlət çevrilişi başlandı. Azərbaycan parçalanırdı. Məni Naxçıvandan Bakıya dəvət etdilər. Sizə düzünü deyirəm, - gəncsiniz, övladlarım yaşdasınız, sizə övladlarım kimi baxıram, - mən incimişdim, küsmüşdüm, ona görə də gəlmək istəmirdim. Hesab edirdim, bir halda ki, mənə qarşı bu qədər ədalətsizlik olub, Bakıya dönməyəcəyəm, nə qədər çətin də olsa, blokada şəraitində də olsa, həyatımın sonunadək Naxçıvanda yaşayacağam. Orada yaşayan adamlar mənim həmvətənlərimdir, əgər onlar üçün çətindirsə, mən də o şəraitdə yaşayacağam. Şaxta iyirmi dərəcəyə çatırdı, qaz, elektrik işığı yox idi, evlər qızdırılmırdı, əhali də donurdu, mən də donurdum. Səhərlər əl-üz yumağa isti su yox idi. Gecə saat ikiyə qədər neft lampasının işığında işləyirdim. Ancaq özümü heç də narahat hiss etmirdim, - yəni o biri insanlar, xalq necə, mən də elə.

Lakin 1993-cü ilin iyununda Azərbaycanda baş verən hadisələr məni çox ağrıtdı. Bir tərəfdən ermənilər bizi qırır, digər tərəfdən daxildə özümüzünkülər bir-birini qırmağa, Azərbaycanı parçalamağa başlamışdılar. Cənub tərəfdə guya Talış Respublikası, şimal tərəfdə başqa bir respublika yaratmaq istədilər. Azərbaycan məhv olurdu, parçalanırdı.

Mənə bir neçə gün ardıcıl surətdə müraciət etdilər. Azərbaycanın parçalanmasından qorxaraq mən Bakıya gəldim və yeni bir həyat başladı. Çətinlikləri aradan qaldırmağa başladıq və aradan qaldırırıq. Məsələn, səkkiz ay öncə atəşin kəsilməsinə nail olduq. Altı il gedən müharibədə ilk dəfədir ki, atəşkəs uzun müddətdir davam edir. Əvvəllər atəş kəsilmirdi, kəsiləndə də beş-on gün davam edir, sonra bu razılaşma pozulurdu. İndi səkkiz aydır ki, atəş dayandırılmışdır, qan tökülmür, döyüşlər yoxdur.

Lakin torpaqlarımız işğal altındadır, biz bununla razılaşa bilmərik. Amma atəşkəs rejimi Azərbaycana bir rahatlıq gətirmişdir. Yaşayış nə qədər çətin olsa da, insanlar üçün rahatlıqdır. Buna nail olmaq üçün nə qədər səj göstərdik, danışıqlar apardıq, beynəlxalq təşkilatlardan, ATƏT-dən, onun Minsk qrupundan, Rusiyanın, Amerikanın vasitəçiliyindən istifadə etdik. Bir sözlə, bütün imkanlardan istifadə edərək atəşi dayandırdıq. Demək, vətəndaş müharibəsinin qarşısını aldıq, Azərbaycanı parçalanmağa qoymadıq və atəşi kəsdik ki, qüvvələrimizi toplayaq, görək müharibə edəcəyikmi, yaxud torpaqlarımızı sülh yolu ilə qaytaracağıq? Əvvəllər belə imkan yox idi, hər gün cəbhədə atışma gedirdi, evlərə şəhidlər gəlirdi, fikirləşməyə də imkan yox idi.

Belə bir şəraitdə yenə də bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmaq istədi. Bilirsiniz ki, biz Qərb şirkətləri ilə böyük bir neft müqaviləsi imzaladıq. Azərbaycanın bu günü üçün, həm də gələcəyi üçün çox böyük əhəmiyyəti olan bu müqavilə otuz il müddətinə imzalanmışdır. Ola bilər, bu müqavilə ilk illər, məsələn, 1995-1997-ci illərdə o qədər böyük nəticə verməsin. Amma sonra onun çox böyük nəticələri olacaqdır. O, Azərbaycanın iqtisadiyyatını qaldıracaqdır. Otuz il müddətində Azərbaycanın üç yatağından 500 milyon ton neft çıxarılacaq. Qərb şirkətləri bu müqavilənin həyata keçirilməsi üçün 7,5 milyard dollar kapital qoyacaqlar. Bu müqavilədən Azərbaycan 33 milyard dollar mənfəət götürəcəkdir.

Bu hələ bir müqavilədir. Ancaq bizim başqa neft yataqlarımız da var, onları da işlədəcəyik. İndi bunu ona görə deyirəm ki, siz biləsiniz, - biz belə iqtisadi addımlar atmışıq. Bunu Amerikada da, İngiltərədə də, eləcə də bütün Avropada çox yüksək qiymətləndirmişlər. Düzdür, Rusiya bizə mane olmaq istəyir (indi də Moskvanın müxbirləri yanına gəlmişdilər, mən onların suallarına cavab verdim). Rusiya notalar verdi ki, bu müqaviləni tanımır. Biz bunlara da cavab verdik. Başqa maneçiliklər də törətdilər, bunlara da cavab verdik. Yəni xaricdən olan maneələrin qarşısını aldıq.

Ancaq daxilimizdə nə etdilər? Neft müqaviləsinin imzalanmasından bir gün sonra təcridxanadan Azərbaycanın dövlətçiliyinə xəyanət etmiş adamları qaçırdılar. Mən Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sessiyasında çıxış etmək üçün Nyu-Yorka getmişdim. Həmin günlərdə Bakıda Azərbaycanın iki siyasi xadimini - parlament sədrinin müavini Cəlilovu və xüsusı idarənin rəisi polkovnik Rəhimovu qətlə yetirdilər. Bundan iki-üç gün sonra Azərbaycanda yeni bir dövlət çevrilişi etmək istədilər. Mən Surət Hüseynov adlı bir adamı Gəncədən gətirib baş nazir qoymuşdum. O, 1993-cü ilin yayında dövlət çevrilişi edən adamlardan biri idi. Cavan adam idi, istədim tərbiyə edim, işlədim. Ancaq tərbiyə olunmadı, beynində başqa fikirlər yarandı, başqa iştahalar əmələ gəldi. Keçən il oktyabrın 4-də yeni bir dövlət çevrilişi etmək istədi. Yəqin siz bunu televiziya verilişlərində gördünüz.

Mən bunun qarşısını silahla, ordu ilə almadım. Gecə ikən xalqa müraciət etdim. Bir saat ərzində adamlar yatağından qalxdılar. Prezident sarayının qarşısına bir milyondan artıq insan toplaşdı. Çevriliş etmək istəyən adamların bəziləri yaxalandı, bəziləri qaçdı. Ondan sonra biz Azadlıq meydanında mitinq keçirdik. Oraya da bir milyondan artıq adam gəlmişdi. Adamların dövləti dəstəkləməsini və daxildəki cinayətkarların hərəkətlərini özünüz müqayisə edin.

Bunu ona görə deyirəm ki, bizim bu üç illik həyatımız, görürsünüz, nə qədər ağır, nə qədər çətindir. Ancaq Azərbaycan bütün bu çətinliklərdən keçdi. Gələcəkdə də keçəcək, irəliləyəcəkdir, müstəqilliyimizi saxlayacağıq. Buna arxayın olun. Azərbaycan bundan sonra heç vaxt müstəqilliyini əldən verməyəcəkdir. Amma müstəqil dövlət kimi yaşamaq üçün gərək daxildə də sabitlik olsun, xaricdə yaşayan azərbaycanlılar da bizə kömək etsin, dəstək versin.

Daxildə dövlətçiliyimizə qarşı çıxan qüvvələrin bir qismini həbs etdik, bir qismi qaçıb Moskvaya yığışmışdır. Orada bir il, iki il qalacaqlar, sonra nə edəcəklər? Onlar Azərbaycanın düşmənləridir. Mütəllibov da oraya qaçmışdır. Azərbaycanı dağıdan, onun torpaqlarını, Azərbaycanın qədim, tarixi şəhəri, incisi, gözü olan Şuşa şəhərini ermənilərə satan Rəhim Qazıyev də Moskvadadır. O, vaxtilə müdafiə naziri olmuşdur, guya müharibə edən adam idi. Nə müharibə, - o, alverlə məşğul olan adamdır. Mən onu həbs etdirdim. Lakin dövlət çevrilişi etmək istəyən adamlar onu təcridxanadan qaçırdılar.

Ancaq belə halların heç biri Azərbaycan xalqının iradəsini sarsıda bilməyəcəkdir. İndi xalqımız çətin iqtisadi şəraitdə yaşayır. Adamların bir çoxunun vəziyyəti çətindir, kasıb dolanırlar. Problemlərimiz çoxdur. Ancaq xalqımızın iradəsi möhkəmdir. Heç kəs bizə mane ola bilməyəcəkdir. Azərbaycan xalqının taleyi indi etibarlı əllərdədir, bunu bilin. Azərbaycanın müstəqilliyi qorunacaqdır. Xalqın milli azadlıq ruhu bundan sonra da yüksələcək və Azərbaycan bütün bu bəlalardan keçərək qısa müddətdə zəngin bir dövlət olacaqdır. Buna tam əmin olun.

Ona görə də burada yaşayın, işləyin, amma Vətən həmişə qəlbinizdə olsun, onu unutmayın. İndi yollar açıqdır, həmişə Vətənə gələ bilərsiniz. Hər birinizin gəlib Vətəndə yaşamağa, onu ziyarət etməyə, qohum-əqrəbanızla görüşməyə imkanınız var.

Biz Müstəqil Dövlətlər Birliyinə daxilik. Amma bu da sizi narahat etməsin. Keçmiş Sovet İttifaqının bir hissəsi kimi bizim həmin birlikdə olmağımız lazımdır. Lakin, bu, müstəqilliyimizə heç bir zərər gətirə bilməz. Bundan da tam arxayın olun. Bəzi adamlar böhtan, iftira atmaq üçün deyirlər ki, nə üçün Müstəqil Dövlətlər Birliyinə daxil oldunuz? Biz NATO-nun "Sülh naminə tərəfdaşlıq" sənədini də imzaladıq. Mən Amerikaya gedib prezident Klintonla görüşdüm, İngiltərədə baş nazir Meycorla görüşdüm, Fransaya gedərək prezident Mitteranla görüşdüm, Türkiyədə, İranda, Çində, Səudiyyə Ərəbistanında, Misirdə də oldum. 52 dövlətin təmsil olunduğu ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında iştirak etdim. ATƏT-in 20 illik tarixi ərzində Azərbaycan üçün ən önəmli bir qərar - ATƏT-in çoxmillətli sülhü mühafizə qüvvələrinin yaradılmasına və Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması üçün regiona göndərilməsinə dair qərar qəbul olundu. Bundan əvvəl belə şey yox idi, deyirdilər ki, bu problemi ancaq Rusiya qoşunları gəlib həll edə bilər. Biz buna razılıq vermədik. Mən Budapeşt Zirvə toplantısında çıxış edərək sözümü dedim. Qərarın qəbul edilməsi çox çətin idi. Bizə mane olanlar da vardı. Biz bu çətinliklərdən də keçdik. Sonra Mərakeşdə İslam Konfransı Təşkilatının Zirvə toplantısında iştirak etdim. Orada da 52 dövlət təmsil olunmuşdu. Müsəlman dünyası ölkələrinin rəhbərləri ilə görüşdüm. Orada da Ermənistanın Azərbaycana təcavüzünü pisləyən, islam ölkələrini Azərbaycana yardım göstərməyə çağıran qərarlar qəbul edildi. Səudiyyə Ərəbistanına - Məkkəyə, Mədinəyə getdim, müqəddəs yerləri ziyarət etdim. Sizin də burada bir hacınız var, mən gördüm, təbrik edirəm.

Biz Azərbaycanı bütün dünyaya tanıtmalıyıq. Üç gündür buradayam, danışıqlar aparır, görüşlər keçiririk. Mən o vaxt, hələ Sovetlər İttifaqının tərkibində olan Azərbaycana rəhbərlik edəndə də Azərbaycanı dünyaya tanıtmağa çalışmışdım.

İndi də çalışmaq lazımdır. Ciz də çalışmalısınız, biz də çalışmalıyıq.

Əminəm ki, Azərbaycanın gözəl, xoşbəxt gələcəyi var. Ona da əminəm ki, Azərbaycanın sərhədlərindən kənarda yaşayan soydaşlarımız da öz səviyyələrini yüksəldəcək, təhsillərini artıracaq, yaşadıqları ölkələrdə biznesdə, başqa sahələrdə yaxşı yer tutacaq və Azərbaycana dayaq olacaqlar.

Sizə bir daha uğurlar, səadət və xoşbəxtlik arzulayıram. Sağ olun!


1   ...   5   6   7   8   9   10   11   12   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə