Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə8/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   27

RESPUBLİKA PROTEZ-ORTOPEDİK BƏRPA

MƏRKƏZİNİN KOLLEKTİVİ İLƏ

GÖRÜŞDƏ ÇIXIŞ
17 yanvar 1995-ci il
İnsanların, dövlətin, cəmiyyətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə yüksək səviyyədə olmalıdır. Bu, insan mənəviyyatının əsas xüsusiyyətlərindən biridir. Həyatda insanlar adətən sağlam yaşayır, həyat sürürlər. Ancaq cürbəcür hadisələr, təbii fəlakətlər nəticəsində cəmiyyətimizin üzvlərinin bəziləri insana lazım olan ayrı-ayrı fiziki və ruhi xüsusiyyətlərdən məhrum olurlar. Qədim vaxtlardan mənəviyyatın ən yüksək ənənələrindən biri də odur ki, insanlar, cəmiyyət belə şəxslərə, insanlara həmişə qayğı göstərməlidirlər. Bu, Azərbaycan xalqına da xas olan xüsusiyyətdir. Tarixdən bu barədə çoxlu məlumatımız var. Belə ənənələr yaşayır, davam edir.

Ancaq Azərbaycan Respublikası son illər bir neçə fəlakətlə üzləşdiyinə görə cəmiyyətimizdə şikəst olmuş, yaxud qeyri-sağlam halda dünyaya gəlmiş insanların sayı çoxalmışdır. Ermənistanın təcavüzü nəticəsində aparmağa məcbur olduğumuz müharibə bizə böyük itkilər verib, eyni zamanda yaralananların, xəsarət alanların, əlil olanların sayı çoxalıb. Cəmiyyətin həyatının təbii axarında belə hallar, şübhəsiz, olur, bunların müəyyən təbii səbəbləri, yaxud ayrı-ayrı hadisələrlə əlaqədar səbəbləri varsa da, müharibə şəraitində insanların şəhid olması ilə yanaşı, xəsarət alması, şikəst, əlil olması halları həddindən çox artıb.

Biz torpaqlarımızı müdafiə etmək üçün altı ildir müharibə aparırıq. Müharibə itkisiz, qansız olmaz - itkilər də, şəhidlər də vermişik. Müharibədə xəsarət almış, yaralanmış, şikəst olmuş, bədəninin bir hissəsini itirmiş adamlar da var. Onlar yaşayır, cəmiyyətimizin üzvüdürlər. Müharibə nəticəsində cəmiyyətimizdə belə adamların sayı artıb. Bu da bizim qarşımıza yeni vəzifələr qoyur. Cəmiyyətimizdə olan məhrumiyyətlərə məruz qalmış bütün insanlara, xüsusən müharibə əlillərinə komək etmək, onların yaşaması, əmək fəaliyyəti ilə məşğul olması üçün şərait yaratmaq, onların şikəstliyini aradan götürmək başlıca vəzifəmizdir.

Biz Qanlı yanvar faciəsinin beşinci ildönümü ərəfəsindəyik. Xatirinizdədir ki, beş il bundan əvvəl Azərbaycana qarşı edilmiş hərbi təcavüz nəticəsində də xalqımız şəhidlər verdi, yaralananlar, şikəst olanlar oldu. Onların bəziləri ömürlü şikəst kimi qaldılar. Onlar da, torpaqlarımızı qoruyarkən şikəst, əlil olanlar da, təbii fəlakətlər nəticəsində xəsarət alanlar da, yaxud bəzi xəstəliklər nəticəsində ayrı-ayrı çətinliklərə, məhrumiyyətlərə məruz qalmış adamlar da, anadangəlmə bəzi fiziki, ruhi çatışmazlıqları olan insanlar da cəmiyyətimizin, dövlətimizin xüsusi qayğısı altında olmalıdırlar. Biz bu qayğının dövlət tərəfindən daim təmin olunmasına çalışırıq.

Bu baxımdan sizin, yəni səhiyyə orqanlarının gördüyü iş - bu qəbildən olan insanların fiziki çatışmazlıqlarını aradan qaldırmaq, onlara yardım etmək, onları sağaltmaq, tamamilə əmək fəaliyyətinə qabil etmək üçün görülən işlər, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillərə, şikəstlərə, xəstələrə göstərilən qayğı, dövlətin ayırdığı vəsait əsasında həm onların maddi cəhətdən təminatını təşkil etmək, həm də belə bərpa, müalicə mərkəzləri yaratmaq, bununla da xəstələrin, şikəstlərin həyatını yüngülləşdirmək, onlara kömək etmək xüsusi vəzifələrdir. Bu sahədə sizin gördüyünüz işlər şərəflidir, cəmiyyətimiz, xalqımız, dövlətimiz üçün gərəklidir.

Ona görə də mən prezident kimi bu işlərə xüsusi diqqət yetirirəm və bundan sonra da xüsusi diqqət yetirəcəyəm. Bu sahədə müəyyən işlər görmək üçün keçən ilin avqust ayında fərman vermişəm. Valyuta imkanlarımızın məhdud olmasına baxmayaraq bu məsələlərin həyata keçirilməsi üçün xeyli miqdarda vəsait ayrılması haqqında sərəncamlar vermişəm və maliyyə məsələlərinin, yaxud digər maddi məsələlərin həll olunması üçün lazımi tədbirlər görülməsini təmin edəcəyəm. Bu sahədə çalışan səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinin, bu bərpa mərkəzinin işçiləri bilməlidirlər ki, bütün bu imkanlardan səmərəli, çox qayğı ilə, çox insafla, vicdanla istifadə etmək lazımdır. Çünki, yenə də deyirəm, bunlar cəmiyyətimizdə müəyyən səbəblərə görə öz insani fəaliyyətlərini həyata keçirməkdən məhrum olan adamlar üçündür. Bu adamlara kömək etmək çox böyük xeyirxahlıqdır. Hər bir insan xeyirxahlıq etmək istəyirsə, birinci növbədə belə adamlara kömək etməlidir. Dövlətin qayğısı isə şübhəsiz ki, bunlardan üstündür.

Bu sahədə dövlətin apardığı siyasətdən, ayırdığı vəsaitlərdən səmərəli istifadə etmək, bir daha deyirəm, vicdanla istifadə etmək sizin borcunuzdur, sahədə çalışanların hamısının borcudur. Bilməlisiniz ki, cəmiyyətimizin hər bir həyat sahəsində insanların fəaliyyəti çox gərəklidir. Ancaq bu sahədə çalışanların işi, sizin işiniz çox şərəflidir. Təsəvvür edin, əlil bir adamın əli, ayağı, yaxud başqa orqanı olmadığı bir halda onu bərpa etmək, buna imkan yaratmaq, belə adamları əmək qabiliyyəti olan bərabər hüquqlu insan etmək, yəni bərabər yaşayış, əmək fəaliyyəti səviyyəsinə çatdırmaq nə qədər xeyirxah, nə qədər şərəfli işdir!

Mən şikəst olmuş, bədəninin bəzi üzvlərini itirmiş bir neçə gənc adamla görüşdüm. Məsələn, gənc bir əsgərimiz könüllü olaraq cəbhəyə gedib. Füzuli bölgəsində torpaqlarımızı düşməndən azad edərkən, erməni işğalçılarına qarşı döyüşərkən qıçının bir hissəsini itirib. Belə adamlara mənim böyük hörmətim var. İtirilmiş qıçının bərpa edilməsinə, onun istədiyi kimi yaşaya bilməsinə, əmək fəaliyyəti ilə məşğul olmasına şərait yaratmaq şərəfli işdir.

Yaxud, başqa bir gənc. O da cəbhəyə könüllü gedib. Ağdamın mühafizəsində iştirak edərkən qıçının birini itirib. Şükür olsun ki, sizin apardığınız iş nəticəsində onun qıçının itirilmiş hissəsi bərpa olunub, o özünü yaxşı hiss edir. Bilirsiniz, belə adamlar nə qədər hörmətə layiqdir! Bu adamlar Vətəni, torpağı müdafiə edərkən canlarından keçməyə hazır olublar. Ancaq indi sağ qalıblar, şikəst olublar. Onların şikəstliyini aradan götürmək nə qədər şərəfli, nə qədər xeyirxah bir işdir! Ona görə də mən sizin işinizi çox şərəfli iş hesab edirəm. Sizin fəaliyyətinizi cəmiyyətimiz üçün çox gərəkli, əhəmiyyətli hesab edirəm. Güman edirəm ki, siz də bu sahədə çalışarkən belə düşünür, belə hesab edirsiniz. Ümidvaram ki, bundan sonra da bu hissiyyatla işləyəcəksiniz.

Sizin burada işləməyiniz sadəcə əmək fəaliyyəti ilə məşğul olub özünüzə yaşayış üçün imkan qazanmaqdan ibarət deyil. Sizin buradakı işiniz insanlara qayğı göstərmək, özü də belə çətin vəziyyətdə, müəyyən qədər şikəst olmuş, mənəviyyatca sıxıntı içərisində yaşayan adamlara kömək etməkdir, bu isə mənəvi cəhətdən başqa sahələrdə çalışmaqdan çox üstündür.

Burada sizin bir işçinizlə tanış oldum. Mən onun həm işləməyinə heyran oldum, həm də onun şəxsində insanın nəyə qadir olduğunu gördüm. 12 il bundan öncə təbii fəlakət nəticəsində hər iki əlini, demək olar, dirsəkdən yuxarı itirib. Ola bilər, belə bir adam fikirləşsin ki, ömürlük şikəstdir, otursun və onun-bunun ümidinə qalsın. Ancaq bu adamda nə qədər iradə var! O, gedib müalicə olunub, əlinin ikisini də bərpa edib və indi tam əmək fəaliyyəti ilə məşğuldur. Özü də başına gələn hadisə nəticəsində belə vəziyyətə düşdüyünə görə gəlib burada işləyir, şikəst olan digər adamlara, xəsarət alanlara, əlini, qolunu, yaxud bədəninin başqa üzvlərini itirənlərə xidmət edir. Mən bu adamı görəndə heyran oldum. Doğrudan da, belə adamların qarşısında baş əymək lazımdır. Belə insanlar sadə insan deyil. İradəli insanlardır. Onlar xalqımızın nə qədər yüksək mənəviyyata, möhkəm iradəyə malik olduğunu nümayiş etdirən insanlardır.

Güman edirəm ki, belə insanlar az deyil. Ancaq mən bu gün görüşdüyüm adamlar əsasında öz fikirlərimi söyləyir və bunları cəmləyərək, ümumiləşdirərək tam əsasla demək istəyirəm ki, xalqımız mərddir, mətanətlidir, mənəviyyatlıdır. Bax, belə insanlar xalqımızm əksəriyyətini təşkil edirlər. Məhz belə insanlar xalqımızın mənəviyyatını əsrlər boyu yaşadıb və bundan sonra da yaşadacaqlar. Belə insanlardan hamı nümunə götürməlidir. Siz də nümunə götürməlisiniz, başqaları da. Belə insanlar bizim üçün örnək olmalıdır. Belə insanlara yardım etmək, onlarla bir yerdə, bərabər işləmək şərəflidir.

Ona görə mən fəaliyyətinizə görə təşəkkür edirəm. Gördüyünüz işlərə görə sağ olun. Ancaq hələ görüləsi işlər də çoxdur. Çünki həyatımız çox gərgin şəraitdə gedir. Səkkiz aydır ki, atəşi dayandırmışıq, müharibə yoxdur. Təsəvvür edin, bu səkkiz ayda biz nə qədər şəhid vermiş olardıq, nə qədər əlil, şikəst, yaralanmış adamlar olardı. Atəşin kəsilməsi, şübhəsiz ki, nailiyyətdir. Ancaq biz bununla qane ola bilmərik. Biz işğal olunmuş torpaqlarımızı azad etməliyik. Qaçqınlar yerlərinə qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Bu, bizim məqsədimizdir. Bu, mənim fəaliyyətimin əsas istiqamətidir. Sizə deyə bilərəm ki, hər gün iş vaxtımın çoxu bu məsələlərə gedir. Belə hesab edirəm ki, bu belə də olmalıdır.

Çalışacağam ki, bu məsələlər sülh yolu ilə həll edilsin. Ancaq biz müstəqil dövlətik. Heç vaxt zəmanət verə bilmərik ki, daim belə yaşayacağıq və başımıza heç bir hadisə gəlməyəcək. Yaşadığımız dövr, coğrafi-siyasi şərait elədir ki, biz hər şeyə hazır olmalıyıq. Müharibəni sona çatdırmaq, torpaqlarımızı azad etmək, sülh yaratmaq, müstəqil dövlətimizi qorumaq üçün biz hər bir şeyə hazır olmalıyıq. Daim düşünməliyik ki, hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizi, dövlətimizi, torpaqlarımızı, Vətənimizi qorumağa hazır olmalıdır. Şübhəsiz ki, belə bir şəraitdə keçmiş dövrlərə nisbətən bizim həyatımızda bundan sonra da həm yaralı, şikəst ola bilər, həm də həyat çətin olduğu üçün təbii səbəblərə görə biz insan üçün lazımlı xüsusiyyətlərdən məhrum olan adamlarla da rastlaşa bilərik. Ona görə də sizin işiniz bu gün nə qədər çoxdursa, gələcəkdə bundan da çox ola bilər. Bu sahə bizim üçün çox mühümdür. Mən istərdim ki, siz gördüyünüz bu işlər, təcrübə əsasında fəaliyyətinizi daha da genişləndirəsiniz ki, biz cəmiyyətimizdə insanların bu sahəyə tələbatını tamamilə ödəyə bilək. Əmin olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifələrin nə qədər mühüm, məsuliyyətli və şərəfli olduğunu dərk edirsiniz və öz sahənizdə bundan sonra da fəaliyyət göstərəcəksiniz.

Sağ olun. Sizə işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

"QANLI YANVAR"

RƏSSAMLIQ SƏRGİSİNİN AÇILIŞINDA

ÇIXIŞ
Rüstəm Mustafayev adına

Azərbaycan Dövlət İncəsənət Muzeyi


18 yanvar 1995-ci il
Hörmətli xanımlar və cənablar, bacılar və qardaşlar, soydaşlarımız! 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. O dəhşətli günlərdən beş il keçir. İndi biz bu hadisələrin beşinci ildönümünü qeyd edirik. Bununla əlaqədar respublikamızda tədbirlər keçirilir, o günlər bir daha yad olunur, həmin günlərin, o dövrün məzmunu, mənası bir daha təhlil edilir, dərk olunur. Güman edirəm ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər.

Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvan Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 Yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət veririk. Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, bunda həqiqət var. Ancaq faciə hansısa səbəbdən baş verir, beləcə durduğu yerdə baş vermir, - bu, ola bilər, təbii fəlakət olsun. Amma cəmiyyətdə baş verən faciənin, şübhəsiz ki, səbəbi olur. Ona görə də bu hadisələrə geniş mənada yanaşmaq lazımdır. Getdikcə biz bu hadisələrin daha geniş mənasını dərk edirik.

Bildiyiniz kimi, 1990-cı ilin 20 yanvarından sonra respublikamızda siyasi proseslər Azərbaycan xalqının, ölkəmizin tam müdafiəsi istiqamətində getməmişdir. Elə buna görədir ki, 20 Yanvar hadisələrinə sonrakı illərdə doğru-düzgün, həqiqi siyasi qiymət verilməmişdir. Doğrudur, yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqında bir təlatüm, coşğunluq, həyəcan əmələ gətirdi, elə bil vulkan püskürdü. İnsanların qəlbində güclü hissiyyat oyandı. Məhz bunlara görə yanvarın 22-də Azərbaycan Respublikasının o vaxtkı rəhbərlərinin iradəsinə zidd olaraq ölkəmizin qeyrətli adamları, deputatları, ziyalıları Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasını topladılar. Ağır şəraitdə, böyük təzyiqlər, qorxu altında, böyük təhlükə qarşısında bu məsələ müzakirə olundu. Mən hesab edirəm ki, həmin gecə, elə bir ağır şəraitdə layiqli qərar qəbul edildi. Bu gün xüsusi qeyd etmək lazımdır ki, həmin sessiyanın da aparıcı qüvvəsi bizim ziyalılar, Vətənə, torpağa bağlı adamlarımız idi. Təsadüfi deyil ki, Ali Sovetin sessiyasını Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə idarə edirdi. Ali Sovetin rəhbərliyi kənarda qalmışdı, onlardan bir neçəsi salonda idi, ancaq sessiyanı Bəxtiyar Vahabzadə və səhv etmirəmsə, İsmayıl Şıxlı aparırdılar. Bu işə onlar ikisi rəhbərlik edirdi. Ağır, çox ziddiyyətli bir şəraitdə - sovet ordusunun Azərbaycandakı hökmranlığı şəraitində, Sovet İttifaqı Kommunist Partiyasının Azərbaycana təzyiq göstərdiyi bir vaxtda gecə belə qərar qəbul olundu. Bu, doğrudan da yüksək qiymətə layiqdir.

Ancaq bundan sonra nə oldu? Təəssüf ki, o vaxt Azərbaycanı idarə edən, xalqın etimad göstərdiyi və xalqa xidmət etməli olan adamlar - əgər xalq etimad göstərməsəydi, onlar belə yüksək vəzifə tuta bilməzdilər- get-gedə bu məsələni ört-basdır etməyə çalışdılar. Ona görə də bu məsələ dörd il lazımi səviyyədə müzakirə olunmadı, həqiqi, geniş hüquqi-siyasi qiyməti verilmədi. Günahkarlar kənarda qaldılar, öz şəxsi məqsədləri, mənafeləri üçün, xalqın tarixi faciəsini ört-basdır etməyə çalışdılar.

Mən buraya - salona girərkən birinci tabloya baxdım, gərək ki, Kamil Nəcəfzadənin əsəridir. Fikrimcə bu, çox dəyərli əsərdir. Tabloda Şeyxülislamın da surəti var. Təsadüfi deyil ki, bu gün Şeyxülislamın nə üçün burada olmadığını soruşdum. Dedilər ki, xəstədir, ona görə gələ bilməmişdir.

... Mən o vaxt Moskvada yaşayırdım, bunu bilirsiniz. Televiziya vasitəsilə bir neçə kadrlara baxa bilmişdim. Çox ağır şəraitdə yaşayır, həyəcan keçirirdim. Bizim Dağüstü parkda, Çəmbərəkənddə şəhidləri dəfn edirdilər. Mən hesab edirəm ki, Azərbaycan Respublikasının tarixində belə izdihamlı dəfn mərasimi olmamışdır. Siz o zaman burada idiniz, yəqin ki, iştirak etmisiniz, bunu məndən yaxşı bilirsiniz. Mən televiziya Kadrlarından aldığım təəssüratı deyirəm, - o qədər izdihamlı dəfn olmamışdı. Bütün xalq matəm içində idi, şəhidləri dəfn edirdi, oraya getmək, yaxın düşmək mümkün deyildi.

Mən yanvarın 21-də Moskvada azərbaycanlıların toplaşdığı mitinqdə çıxış etdim, sonra böyük bir mətbuat konfransında çıxış etdim. Moskvada keçirilən tədbirlərdə bu hadisələrə öz münasibətimi, hiddətimi bildirdim, öz qiymətimi verdim, Azərbaycan xalqına qarşı təcavüz haqqında sözlərimi açıq, çəkinmədən dedim və dərhal Azərbaycana başsağlığı teleqramı göndərdim. Onun məzmununu mənim yanımda telefonla Bakıya çatdırdılar. Şübhəsiz ki, o vaxt burada rəhbərlik hələ məlum deyildi, ancaq müəyyən adamlar vardı və mən teleqramı onların ünvanına göndərərək çox xahiş etdim ki, mənim başsağlığımı matəm mərasimində oxusunlar. Sonra maraqlanıb öyrəndim ki, teleqramı heç yaxına da qoymamışlar. Bunun o qədər də əhəmiyyəti yoxdur. Ancaq mən izləyirdim, gördüm ki, xalq, həm də təkcə Bakı əhalisi deyil, Azərbaycanın başqa şəhərlərindən, rayonlarından, məntəqələrindən axışıb gəlmiş adamlar da xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsinin, təcavüzün qurbanlarını nə qədər ehtiramla, onların ruhunu əziz tutaraq dəfn edirdilər.

Bu dəfn mərasimində Azərbaycanın rəhbərləri də olmalı idi. Mən bununla çox maraqlandım, öyrəndim ki, olmayıblar. İştirakçılar arasında Şeyxülislam, başqa din xadimləri, ziyalılarımızın əksəriyyəti, adi adamlar var idi. Axı, bu təcavüz Azərbaycan xalqına qarşı edilmişdi. Həlak olanlar Azərbaycanın milli azadlığı uğrunda qurban getmişdilər. Ancaq respublikanın rəhbərləri həmin dəfn mərasimində olmadılar. Bəziləri indi deyirlər ki, gəldilər, keçdilər, amma onlar matəm mərasiminin başında durmalı idilər, əvvəldən axıradək orada olmalı idilər. Əgər onlar xalqın rəhbərləri idilərsə, xalqa başçılıq edirdilərsə, gərək gəlib orada duraydılar. Bu da təsadüfi deyil, çünki yəqin mənəvi hüquqları yox imiş, onlarla xalq arasında böyük bir uçurum var idi. Mən belə hesab edirəm ki, bu səbəbə görə həmin hadisənin üstündən dörd il keçəndən sonra da onu ört-basdır etməyə çalışmışlar. Bunu ancaq öz şəxsi məqsədləri naminə etmişlər.

Bildiyiniz kimi, 1994-cü il yanvarın 5-də bu hadisə ilə əlaqədar mən fərman verdim, fikrimi bildirdim ki, dörd il keçir, ancaq bu məsələlər müzakirə olunmalıdır. Təklif etdim ki, Azərbaycan parlamenti - Milli Məclis bu məsələni müzakirə etsin. İki-üç ay müddətində bu məsələ müzakirə olundu. Bu müzakirələr televiziya vasitəsilə göstərilmişdir, xatirinizdədir. Təəssüf etdim ki, o vaxt hakimiyyətdə olanların bir hissəsi də, hətta hakimiyyətə qarşı müxalifətdə olan, milli azadlıq hərəkatında iştirak edən, habelə ona rəhbərlik edən adamlar da bu hadisələrin müzakirə olunmasını istəmədilər.

Xatirinizə salın, bəziləri dedi ki, bu hadisələrə gərək bir otuz ildən sonra qiymət verilsin. Biri dedi ki, buna gərək əlli ildən sonra qiymət verilsin. Başqa birisi dedi ki, buna qiymət verə bilmərik. Bu nə cür ola bilər? Hadisələrin canlı şahidləri indi burada ola-ola gözləyək ki, onların hamısı dünyadan getsin, sonra kimsə gəlsin, kiminsə yazdığı hansısa arxiv materiallarını götürsün və bundan sonra qiymət versin? Şübhəsiz ki, bunlar hamısı bəhanə idi. Çünki hərə bir tərəfdən qorxurdu. Hakimiyyətdə olanlar qorxurdular ki, onların günahlarının üstü açılar. Milli azadlıq uğrunda mübarizə aparanlar isə, təəssüf, nədənsə qorxurdular ki, onları xalqı ayağa qaldırmaqda, qırğına verməkdə günahlandıracaqlar. Bilirsiniz, bu da dəhşətli haldır.

Ancaq bunlara baxmayaraq, bildiyiniz kimi, müzakirə getdi. Doğrudur, çox çətinliklər oldu, şəxsən mən bir neçə dəfə parlamentin iclaslarına getdim, öz fikirlərimi dedim. Nəhayət, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar geniş, hesab edirəm ki, ədalətli, müfəssəl qərar qəbul olundu.

Ancaq bununla iş qurtarmır. İndi biz bu hadisələrin beşinci ildönümünü qeyd edirik. Azərbaycan xalqının tarixində qəhrəmanlıq nümunələri çox olmuşdur, xalqımızın başına çox bəlalar gəlmişdir. Xalqımız əsrlər boyu belə mərhələlərdən keçərək bu günə gəlib çatmışdır. Əgər XX əsri götürsək, 1918-ci ildə, 1920-ci ildə Azərbaycan xalqının başına gələn bəlalar, faciələr məlumdur. 1937-1938-ci illərin faciələri də məlumdur. Ancaq 1990-cı ilin yanvarında, əsrimizin sonuna yaxın baş vermiş hadisələr əvvəlkilərin heç biri ilə müqayisə oluna bilməz. Çünki bu dövr Azərbaycan xalqının artıq milli oyanış, öz mənliyini sübut etmək, milli azadlıq hisslərini aşkara çıxarmaq, büruzə vermək mərhələsi idi.

Biz 20 Yanvar hadisələrinə faciə kimi baxırıq. Doğrudur, faciədir. Ancaq bu faciənin səbəbi nədir? Səbəbi bir tərəfdən odur ki, Azərbaycan xalqı öz milli azadlığı uğrunda mübarizəyə qalxmışdır. Bu, çox böyük, tarixi bir hadisədir. Azərbaycan xalqında milli ruh yüksəlmiş, milli oyanış, dirçəliş hissləri baş qaldırmışdır. Ayrı-ayrı mütəfəkkir adamlarımızın qəlbində illərlə yaşayan bu hisslər artıq üzə çıxmış, özünü büruzə vermiş, aşkar olmuş, ayrı-ayrı qrupların deyil, bütün xalqın iradəsinə çevrilmişdir. Xalqın iradəsi ilə 1988, 1989, 1990-cı illərdə bu hərəkat qalxmışdır. Azərbaycanın ərazi bütövlüyünə, xalqımıza, dövlətimizə qarşı Ermənistan tərəfindən edilən təcavüz və bir dövlətin tərkibində olan bir respublikanın, bir xalqın başqa xalqa etdiyi bu təcavüzdə ümumi dövlətin Azərbaycan xalqının hüquqlarını qorumaması həmin hərəkata təkan vermişdir.

İnsanlarda bu hisslər sürətlə inkişaf etmişdir. Milli azadlıq istəyi, arzusu, qəlblərdə uzun müddət yaşayan bu arzular həmin illər bütün bu proseslərin nəticəsində kükrəyib üzə çıxmış, xalqın iradəsinə dönmüşdür. Ona görə də gərək heç kəs qorxub çəkinməsin.

20 Yanvar faciəsində insanlar qırıldı. Aydındır, bu, sovet ordusunun, Kommunist Partiyası rəhbərliyinin Azərbaycan xalqına qarşı etdiyi hərbi, siyasi təcavüzdür. Bu təcavüzün nəticəsində xalqımız qurbanlar vermişdir. Amma xalq həmişə azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır.

Şəhidlərimiz əbədiyyətə qovuşmuşlar. Çünki onlar Azərbaycan xalqının milli azadlığı yolunda şəhid olmuşlar. Xalqımızın bu mübarizəsinə qarşı kommunist rejiminin, Sovet İttifaqının rəhbərliyinin, sovet ordusunun hərbi təcavüzü nəticəsində qurban getmiş, şəhid olmuşlar. Bizim adətimizcə desək, onlar əbədi behiştə qovuşmuşlar.

Ona görə də bu hadisələri bundan sonra da o tərəfdən də, bu tərəfdən də gizlətməyə çalışmağın özü də xalqa xəyanətdir. Allaha şükürlər olsun ki, hər şey açıldı. Tarix həmişə hər şeyi öz yerinə qoyur. Bir il bundan öncə həmin hadisələrə qiymət verildi. İndi şəhidləri nəinki ayrı-ayrı qruplar, ziyalılar gedib yad edirlər, dövlət başda olmaqla bütün xalqımız tariximizin, deyə bilərəm ki, ən yüksək zirvəyə çatmış bir hadisəsini qeyd edir. Biz bunu qəhrəmanlıq nümunəsi, qəhrəmanlıq salnaməsi kimi, eyni zamanda xalqımızın başına gəlmiş faciə kimi qeyd edirik.

Yanvar hadisələri zamanı 130-140 nəfər həlak olmuş, 600-700 nəfər yaralanmışdır. Bundan çox da, az da ola bilərdi, yenə də deyirəm, həlak olmuş hər bir insan onun ailəsi üçün əziz olduğu kimi, xalqımız, millətimiz, üçün də əzizdir. Ancaq bu hadisənin tariximizdəki yeri, qiyməti ayrı-ayrı insanların taleyi ilə məhdudlaşa bilməz. Bu, ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir.

Bax, bu hisslərlə də biz Yanvar hadisələrinin beşinci ildönümünü qeyd edirik. Ona görə də müxtəlif tədbirlər keçirilir. Bu günkü sərgini də mən bu baxımdan yüksək qiymətləndirirəm. Güman edirəm ki, yaradıcı ziyalılarımız bundan sonra həmin hadisələri əks etdirmək üçün daha çox səy göstərəcəklər.

Sərgidən aldığım təəssürat barədə bir neçə kəlmə demək istəyirəm. Buradakı əsərlər, şübhəsiz ki, Azərbaycan rəssamlarının, heykəltaraşlarının, memarlarının yüksək səviyyəyə malik yaradıcılığını nümayiş etdirən əsərlərdır. Mən öz fikrimi dəfələrlə, o cümlədən sonuncu dəfə Səttar Bəhlulzadənin yubileyi qeyd olunarkən demişəm. Azərbaycan rəssamlıq məktəbi çox yüksək səviyyəyə malikdir. Mədəniyyətimizin nailiyyətlərindən biri də XX əsrdə Azərbaycanda böyük rəssamlıq məktəbinin yaranması, çox görkəmli rəssamlarımızın, heykəltaraşlarımızın, memarlarımızın yetişməsi və onların yaratdığı əsərlərdir. Ola bilər, yaşadığımız dövrlərdə onlara o qədər də qiymət verilməmişdir. Ancaq biz yaşadıqca və dünyanın başqa ölkələrini gördükcə, başqa xalqların sənət adamlarının əsərləri ilə tanış olduqca özümüzə də, xalqımızın, o cümlədən rəssamlarımızın yaratdığı əsərlərə də daha doğru-düzgün qiymət verə bilirik. Bu əsərlərin hamısı çox dəyərlidir. Bu münasibətlə mən rəssamlarımızı, heykəltaraşlarımızı, memarlarımızı təbrik edirəm. Sağ olun. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu sahədə işlərinizi davam etdirəcəksiniz.

Ancaq eyni zamanda bir neçə fikrimi də söyləmək istəyirəm. Mən artıq qeyd etdim, ancaq rəssamlığa, ümumiyyətlə, təsviri sənətə, yaradıcılığa aid bəzi fikirlərimi təkrar edəcəyəm.

20 Yanvar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir.

Ona görə də qəhrəman Azərbaycan balalarının tankın altına düşüb əzilməsi faktını göstərməklə kifayətlənməyib, onların qəhrəmanlığını, cəsurluğunu, ölümün gözünə dik baxaraq təcavüzkarın qarşısına çıxmalarını da təsvir etmək lazımdır. Bəlkə də bu, daha çox lazımdır. Təəssüf ki, buradakı əsərlərin arasında mən belələrini görmədim. Ola bilər, bu ondan irəli gəlir ki, biz Yanvar hadisələri baş verəndən indiyədək bununla əlaqədar ancaq ağlayırıq. Şübhəsiz ki, kədərimiz, qəm-qüssəmiz böyükdür. Ancaq kədərlənməklə yanaşı, xalqımız göstərdi ki, Azərbaycanın qəhrəman oğulları o böyüklükdə Sovet İttifaqının ordusu qarşısında dayanmağa qadirdirlər.

O dövrdə gedən prosesləri götürün. Azərbaycanın nə qədər vətənpərvər, milli ruhlu insanları - ziyalıları, fəhlələri, kəndliləri də, adi adamları da Kommunist Partiyasından çıxdılar, kommunist rəhbərliyinə öz nifrətini, etirazlarını bildirdilər. Bəs o mitinqlər, prezident sarayının qarşısında qurulmuş rəmzi dar ağacı? Məgər bunlar Azərbaycan xalqının ona edilən ədalətsizliyə qarşı etirazı, nəinki etirazı, üsyanı deyildimi? Əgər belə üsyan olmasaydı, o qədər böyük ordu hissəsi Azərbaycana gələrdimi? Təsəvvür edin, Sovetlər İttifaqının müdafiə naziri, daxili işlər naziri, Milli Təhlükəsizlik Nazirliyinin böyük bir generalı, nə qədər generallar gəlib oturmuşdular burada. Nəyə gəlmişdilər. Əgər burada bu təhlükə yox idisə? Təhlükə nədən ibarət idi? Təhlükə xalqın üsyanı idi, xalqın iradəsi idi. Xalqın milli dirçəlişi idi. Onu boğmaq istəyirdilər. Onu müəyyən qədər boğa bildilər. Amma tamam boğa bilmədilər. Bəs bu xalq, o qəhrəman, o üsyankar xalq, milli azadlıq uğrunda çalışanlar haradadırlar? Onlar nəyə öz əksini tapmayıblar bu əsərlərdə? Tankın altında ölən, əzilən var, amma tankın qarşısında cəsarətlə duran azərbaycanlı balası haradadır? Niyə onun surəti yoxdur?

Bilirsiniz, bu, sizin günahınız deyil. Mən heç kəsə irad tutmaq istəmirəm. Ümumiyyətlə, 20 Yanvar hadisələrindən sonra bu hadisələrə münasibət əks etdirilməlidir. Burada əgər mən görsəydim ki, məsələn, bizim hörmətli ziyalılar bu hadisəyə etiraz, üsyan əlaməti olaraq gəlib çıxış edirlər, söz deyirlər, partiya biletlərini atırlar, - bu, çox gözəl bir əsər ola bilərdi.

Məsələn, o mitinqləri təsvir etsəydiniz, bunlar da çox gözəl əsərlər olardı. Onda aydın olardı ki, həmin hadisələr nə ilə bağlıdır. Yoxsa, məlum deyil axı, bu tank niyə buraya gəlib, bu adam niyə tankın altında qalıb. Mən öz fikrimi deyirəm. Ola bilər, kimsə razı olsun, kimsə razı olmasın. Mən bunu hökm kimi demirəm. Mən də bir vətəndaşam, özü də bu yaradıcılıq məsələləri ilə müəyyən qədər tanış olan adamam və şübhəsiz ki, siyasi xadiməm. Siyasi nöqteyi-nəzərdən öz fikrimi deyirəm və güman edirəm ki, burada bir boşluq var.

Ümumiyyətlə, hər yerdə var bu boşluq. Bizim yazıçıların da əsərlərində bax, elə rəssamların da əsərlərində bu boşluq var. Mən arzu edərdim ki, siz gələcək əsərlərinizdə bu unudulmuş sahəyə fikir verəsiniz.

İndi, şübhəsiz ki, bizim yazıçıların, şairlərin əsərləri haqqında mənim məlumatım yoxdur və onlara təhlil vermək istəmirəm, ancaq məlumdur ki, bu hadisələrə ilk dəfə səs verən Bəxtiyar Vahabzadə çox gözəl "Şəhidlər" poeması yazdı. Onu televiziya ilə dəfələrlə oxudular, mənim xatirimdədir. Gərək başqaları da yazaydılar. Yəqin ki, bu barədə də fikirləşmək lazımdır.

Ümumiyyətlə, bu mövzu lazımi qədər işlənilməyib. Bilmirəm nəyə görə. Bəlkə də o vaxt dövlət rəhbərlərinin bu sahədə mövqeyindən çəkinərək bizim sənət adamlarımız bu mövzuya girişməyiblər, yaxud soyuq yanaşıblar. Bax, buradakı əsərləri mən yüksək qiymətləndirərək hesab edirəm ki, rəssamlarımız - özü də çox rəssamımız var axı bizim - o mövzuya aid çox gözəl əsərlər yarada bilərlər.

Mən 90-cı ildə o hadisələrdən bir neçə ay sonra yayda gəldim Bakıya. Burada imkan olmadı yaşamağa, getdim Naxçıvana. Orada məni bir sərgiyə dəvət elədilər. Sərgidə yerli rəssamların o hadisələrlə, 20 Yanvarla əlaqədar o qədər təsirli əsərlərini gördüm ki! (Baxmayaraq ki, o hadisələr Bakıda olmuşdu). Mən heyran oldum. Ola bilər, orada rəssamlar bir az azad olublar. Amma mən güman edirdim ki, burada gərək daha çox əsər görəm. Bunu hamımız, bütün xalq görməlidir. Həmin hadisələri əks etdirmək lazımdır. Ona görə mən arzu edərdim ki, bu sahədə işləyəsiniz.

Mən bilirəm, indi rəssamlar üçün yaşamaq çətindir. Maddi vəziyyət ağırdır. Ümumiyyətlə, yaradıcı ziyalılarımız üçün çətindir. Keçmişdəki kimi dövlət sifarişi yoxdur. Ancaq inanın ki, bizim Vətən müharibəmiz, yəni torpaqlarımızın müdafiəsi ilə əlaqədar mövzularda yaxşı əsərlər yaradılsa, dövlət onlara müəyyən qayğı göstərə bilər, vəsait ayıra bilər və belə dəyərli əsərləri biz lazımi dərəcədə qiymətləndirə bilərik, onları dövlət üçün ala da bilərik.

Düzdür, indi bizim yaşayışımız çətindir. Siz bilirsiniz ki, iqtisadiyyat çox ağır vəziyyətdədir. Amma buna baxmayaraq, bu əsərlər üçün biz hər halda vəsait tapa bilərik. Ancaq lazımdır ki, bizim yaradıcı adamlarımız işləsinlər. Çünki müasir rəssamlarımız, heykəltaraşlarımız, yazıçılarımız bu hadisələrin canlı şahididirlər. Əgər indi onlar bu əsərləri yaratmasalar, gələcək nəsillər bu hadisələri ancaq ayrı-ayrı kitablardan, xatirələrdən öyrənəcəklər. Halbuki biz hamımız bunun canlı şahidiyik. Ona görə bu əsərləri yaratmaq lazımdır.

Yenə də deyirəm. Bu yaradıcılığın əsas istiqaməti Azərbaycan xalqının qəhrəmanlığı, milli azadlıq uğrunda mübarizəsi, bununla əlaqədar Azərbaycana edilmiş hərbi təcavüz və bu təcavüz nəticəsində baş vermiş faciəli hadisələr olmalıdır. Yəni biz yeni bir şey tələb etmirik, - bu, belə olubdur və onu əks etdirmək lazımdır.

Mən demişəm və bu gün bir daha deyirəm: 1989-cu ildə başlanmış milli azadlıq hərəkatı Azərbaycan tarixində görkəmli yer tutur. Bu hərəkatı heç kəs, heç vaxt qiymətdən sala bilməz və o, bütün əsərlərimizdə öz əksini tapmalıdır.

Şübhəsiz ki, hər bir belə prosesdə mənfi cəhətlər də olur, yaxud bu proseslərdən öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən adamlar da olur. Belələri olub. Məsələn, dövlətimizin, xalqımızın düşməni olan Rəhim Qazıyev kimi adam da guya bu hərəkatda iştirak edib. Ancaq kim hansı məqsəd üçün iştirak edirdisə, bunu sonra tarix göstərdi. Sonrakı satqınlıqlar, xalqa xəyanətlər göstərdi ki, bu hərəkata bəzi adamlar öz şəxsi məqsədləri üçün girmişdilər, maskalanmışdılar, bu hərəkatdan istifadə edərək öz şəxsi çirkin məqsədlərinə nail olmaq istəyirdilər. Belələri var, belələrini xalq özü meydana çıxarır və çıxaracaq da.

Ancaq bu, ümumiyyətlə bizim xalqımıza şamil deyildir, böyük xalq hərəkatına şamil deyil. O meydanlara yığışan yüz minlərlə adam - sadə adamlar, fəhlələr, kəndlilər, ziyalılar, alimlərimiz, yazıçılarımız, rəssamlarımız, görkəmli adamlarımız - onlar oraya saf ürəklə, saf niyyətlərlə, doğrudan da milli ruhla, Azərbaycan xalqını bu bəlalardan, erməni təcavüzündən xilas etmək üçün, xalqımıza qarşı bu ədalətsizliyə etirazını bildirmək üçün gəlirdilər və bunlar da şübhəsiz ki, xalqımızın tarixinin ən parlaq səhifələridir və bunu qiymətləndirməliyik.

Siz bilirsiniz, mən bunu demişəm. Bu gün bir daha yada salmaq istəyirəm ki, mən - uzun illər Kommunist Partiyasında olan və Azərbaycan Kommunist Partiyasına uzun müddət rəhbərlik edən adam 1991-ci ilin yayında Kommunist Partiyasından çıxmaq haqqında Moskvada bəyanat verərkən (orada 4 bənd var. Bəyanatım dərc olunub) həmin bu Yanvar hadisəsi ilə əlaqədar Azərbaycan xalqına qarşı təcavüzü birinci səbəb kimi göstərdim. Bəli, 1990-cı il yanvarın 21-də mən Moskvada mitinqə Kommunist Partiyasından çıxmaq niyyəti ilə getmişdim. Ancaq mən elə bir sima idim ki, o vaxt fikirləşdim -bu addımı atmaq bəlkə indi lazım deyil. Bəlkə çalışıb xalqıma bir kömək edə bilərəm? Sonrakı fəaliyyətimdə isə gördüm ki, bu heç bir nəticə vermir. Ona görə də bundan bir il sonra Moskvada, Kremldə partiyadan çıxmaq barədə bəyanat verdim və onun birinci bəndində Kommunist Partiyasının rəhbərliyini Azərbaycan xalqına qarşı etdiyi təcavüzə görə və o təcavüzü boynuna almadığına görə, o təcavüzü özü pisləmədiyinə görə, o təcavüz üçün özü-özünü cəzalandırmadığına görə məhkum etdim.

O dövrdə bizim bəzi rəhbərlərimizin, Azərbaycan rəhbərlərinin xəyanətkarlığı xalqa çox böyük zərbələr vurdu. Təsəvvür edin. 1989-cu ilin aprel ayında Tbilisi hadisələri oldu. Orada qoşunlar gəlib mitinqdəki adamlara divan tutmuşdular, 16 adam həlak olmuşdu. Gürcü xalqı bu hadisəni nə qədər yüksək səviyyəyə qaldırdı! O vaxt mən Moskvada yaşayırdım. Xatirimdədir, Azərbaycanın nümayəndələri də gedib Tbilisidə matəm mərasimində iştirak etmişdilər, güllər qoymuşdular və bu, çox gözəl hal idi. Mən bunların hamısını izləyirdim. O zaman Gürcüstan ictimaiyyəti, gürcü ziyalıları Qorbaçovu və onun kimi adamları elə sıxışdırdılar ki, onlar 16 nəfərin həlak olmasına görə gürcü xalqından üzr istədilər.

Amma Azərbaycanın o vaxtkı rəhbərlərinin xəyanətkarlığı nəticəsində Azərbaycan xalqından üzr istəmədilər. Bax, budur xalqla rəhbərlik arasında uçurum. Elə hesab elədilər ki, Azərbaycan xalqını əzmək də olar. Xatirimdədir, o vaxt Qorbaçov bir dəfə dedi və bunu televiziyada da verdilər: "Mən gürcü xalqını tanıyıram, onlarla belə rəftar etmək olmaz". Məgər Azərbaycan xalqı ilə belə rəftar etmək olardı?

1989-cu ilin aprel hadisələrindən nəticə çıxarmadılar. 1990-cı ilin yanvarında Azərbaycan xalqının başına bu bəlanı gətirdilər. Ona görə ki, orada onlar üzr istədilər, amma burada nəinki üzr istəmədilər, hətta bu məsələnin üstünü örtdülər, basdırdılar. Düzdür, bizim deputatlarımızın bəziləri (ziyalılardan bəzilərinin xatirindədir. Mən onda televiziya ilə izləyirdim) çıxış etmək istədilər. Ali Sovetin sessiyasında sözlərini dedilər, amma onların ağzından vurdular. Halbuki xalqımızın üsyanı dövlətin, respublikanın rəhbərlərinin üsyanına çevrilməli idi. Amma bunu elə rəhbərlər edə bilərdi ki, özü günahkar olmasın. Özünün mənəvi haqqı olsun. Bunu edə bilmədilər.

Bir neçə gün bundan qabaq Moskva televiziyası ilə Vilnüs hadisələrinin dördüncü ildönümü haqqında veriliş göstərildi. Vilnüsə elə böyük qoşun hissələri getməmişdi. O vaxt Sovet İttifaqının XTMD dəstələri gedib orada bir neçə əməliyyat keçirmişdilər, insanlar həlak olmuşdu. Bu hadisələrin dördüncü ildönümünü Litva özü nə cür, nə miqyasda keçirdi.

Ancaq elə Moskva televiziyasının kiçik verilişindən də mən gördüm ki, bu xalq o təcavüzə qarşı öz etirazını necə bildirir.

Amma bizdə özlərinin vəzifədə qalmaları üçün bunların üstünü örtüb-basdırmağa çalışdılar. Mənim gürcü xalqına da, Litva xalqına da, rus xalqına da böyük hörmətim var. Ancaq hər xalqın, o cümlədən də Azərbaycan xalqının öz milli mənliyi var. O milli mənliyi də xalqın qabaqda gedən adamları ifadə etməli, təmsil etməlidirlər. Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basırlarsa, bax bu, xalqın ən böyük faciəsidir.

Bütün bunlara görə də biz bu hadisələri heç vaxt unutmamalıyıq. Bizim tariximizdə bu faciəli günlər yaşamalıdır, o qəhrəmanlıq nümunələri yaşamalıdır və mən çox arzu edərdim ki, yaradıcı ziyalılarımız - şairlərimiz, bütün yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız, heykəltaraşlarımız o yüksək zirvəyə qalxmış mənəviyyat səviyyəsində əsərlər yazsınlar. Çünki o günlər Azərbaycan xalqının mənəviyyatı ən yüksək zirvəyə çatmışdı.

Mən hesab edirəm ki, bizim xalqımızda bu böyük potensial var və bu potensialdan indən sonra istifadə olunması üçün geniş imkanlar açılıb və istifadə olunacaqdır. Keçən il biz Yanvar faciəsinin dördüncü ildönümünü qeyd edərkən, sonra Milli Məclis bu hadisələrə qiymət verərkən qərar qəbul etdik ki, 20 Yanvar şəhidlərinin xatirəsinə və bu hadisə münasibətilə bir abidə yaradılsın. İndi burada mənə iki layihə göstərdilər. Bir dəfə heykəltaraş, çox böyük sənətkar Ömər Eldarovun emalatxanasında olanda onun da bir balaca eskizinə baxdım. Bilirsiniz, nümayiş etdirilən bu eskizlər, yaxud layihələr hərəsi özünə görə əhəmiyyətlidir. Ancaq mən hesab edirəm ki, indi bu mərhələdə bu hadisəyə çox böyük həcmdə və böyük xərc aparan abidə yaratmağa imkanımız yoxdur. Gərək həqiqəti nəzərə alaq. Bu birincisi.

İkincisi də bu abidənin təsirliliyi, həmin hadisələri tam əks etdirməsi həcmindən asılı deyil. Keçmişdə - sovet dövründə böyük-böyük heykəllər, abidələr yaradıblar. Amma bəzən çox da böyük olmayan bir abidə öz təsirliliyinə, məzmununa, səviyyəsinə görə böyük həcmli əsərdən də çox qiymətlidir.

Ona görə də mən arzu edərdim ki, heykəltaraşlarımız, memarlarımız bu mövzu üzərində işləsinlər. Amma bu işi gecikdirmək lazım deyil. Bu məsələ ilə Elçin Əfəndiyev, İzzət Rüstəmov və Fatma xanım Abdullazadə ciddi məşğul olsunlar. Bir neçə belə layihə verilsin ki, siz özünüz müsabiqə keçirə biləsiniz. Sonra biz də görək onların hansını seçə bilərik. Mənim şəxsən tövsiyəm belə olardı ki, həmin abidə təkcə faciəni təsvir etməsin, dediyim kimi, bu hadisənin bütün istiqamətlərini, bütün tərəflərini təsvir etsin. Ömər Eldarov buradadırmı?

1   ...   4   5   6   7   8   9   10   11   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə