Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə7/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   27

BÖYÜK BRİTANİYA VƏ ŞİMALİ

İRLANDİYA BİRLƏŞMİŞ KRALLIĞININ

XARİCİ İŞLƏR VƏ BİRLİK İŞLƏRİ ÜZRƏ

DÖVLƏT KATİBİ MALKOLM RİFKİNDİN

ŞƏRƏFİNƏ RƏSMİ ZİYAFƏTDƏ NİTQ
Respublika Prezidentinin iqamətgahı
4 yanvar 1995-ci il
Hörmətli cənab dövlət katibi, hörmətli xanımlar və cənablar!

Mən sizi Azərbaycanda ürəkdən salamlayıram, ölkəmizə xoş gəlmisiniz! Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin çox qədim tarixi var. XIX əsrin sonu - XX əsrin əvvəllərində Böyük Britaniyanın şirkətləri Azərbaycana, xüsusən onun neft sənayesinə böyük maraq göstərmişlər və burada Azərbaycan sənayeçiləri ilə müştərək neft hasilatı və başqa böyük işlərlə məşğul olmuşlar. Sizin gördüyünüz gözəl Bakı şəhərində xarici neft şirkətlərinin Azərbaycana sərmayə qoyduğu dövrdə, yəni XIX əsrin sonu - XX əsrin əvvəlində çox gözəl binalar, saraylar tikilmişdir. Onlardan bəziləri də Böyük Britaniyanın sənayeçiləri tərəfindən tikilmişdir.

Birinci dünya müharibəsindən sonra Azərbaycanda ilk demokratik respublika yaranarkən Böyük Britaniya 1919-cu ildə Azərbaycanı müstəqil dövlət kimi ilk tanıyanlardan olmuşdur. Bundan sonrakı illərdə də Böyük Britaniya ilə Azərbaycan arasında iqtisadi, elmi-mədəni əlaqələr mövcud idi.

1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etmiş və Böyük Britaniya yenə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdəndir. Bundan sonra Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr daha da sürətlə inkişaf etmişdir və bu gün biz həmin əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edə bilərik.

Azərbaycan Respublikası öz dövlət müstəqilliyinin beşinci ilini yaşayır. Ötən dörd il ərzində biz Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməyə, onu dünya birliyinə daha da sıx bağlamağa və dünya birliyində Azərbaycanın özünə layiq yer tutmasına çalışmışıq. Bununla əlaqədar Böyük Britaniya ilə bütün sahələrdə əlaqələrimizin inkişaf etdirilməsinə xüsusi fikir vermişik, bunu xarici siyasətimizdə mühüm istiqamət hesab etmişik və indi də əlaqələrimizi bu istiqamətdə qururuq.

Böyük Britaniya dünyanın ən böyük və ən qədim dövlətlərindən biridir və bu ölkə, onun xalqı dünya tarixinə, mədəniyyətinə, sivilizasiyasına böyük töhfələr vermişdir. Bu gün Böyük Britaniya dünya iqtisadiyyatında görkəmli yer tutur, dünya birliyində onun özünəməxsus yeri var və dünyada bütün siyasi məsələlərin həll olunmasında Böyük Britaniyanın sözü, fikri həlledici xarakter daşıyır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünya birliyində görkəmli yer tutan Böyük Britaniya ikinci dünya müharibəsindən sonra yer üzündə sülhün və əmin-amanlığın bərqərar olması və ümumiyyətlə, dünyanın tərəqqisi üçün çox səylər göstərmişdir. İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbə çalınmasında və bəşəriyyətin faşizm kimi dəhşətli bəladan xilas edilməsində Böyük Britaniyanın xüsusi rolu olmuşdur. Ona görə də dünyanın dövlət və hökumət başçıları, o cümlədən mən də böyük məmnuniyyət hissi ilə keçən ilin mayında ikinci dünya müharibəsindəki qələbənin 50 illiyini Londonda - Böyük Britaniyanın paytaxtında birlikdə, təntənəli surətdə qeyd etdik.

Son illərdə dünyanın ayrı-ayrı ölkələrində mövcud olmuş hərbi münaqişələrin aradan qaldırılması üçün də İngiltərə çox böyük səylər göstərmiş və bu gün də göstərir.

1994-cü ilin fevralında Londonda Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə, bir çox başqa sənədlər imzalanmışdır. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın inkişaf etməsi üçün çox yaxşı əsaslar yaradır. Biz bu əməkdaşlığın əməli nəticələrini artıq görürük. Bu, xüsusən Azərbaycanın neft və qaz yataqlarının müştərək işlənməsində Böyük Britaniyanın "Britiş Petroleum" şirkətinin konsorsiumda tutduğu yer ilə əlaqədardır. Başqa sahələrdə də iqtisadi əlaqələri inkişaf etdirmək üçün bir neçə sazişimiz var və bunlar da əməli surətdə həyata keçirilir. Böyük Britaniyanın bir sıra hökumət rəhbərləri ilə Azərbaycanın dövlət rəhbərləri arasında keçirilən görüşlər və aparılan danışıqlar bu əlaqələrin inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyət kəsb edir. Baş nazir cənab Con Meycorla, cənab Hezeltaynla, cənab Rifkindlə, cənab Eqqar ilə və Böyük Britaniya hökumətinin başqa üzvləri ilə görüşlərimiz və danışıqlarımız əlaqələrimizin bu gün və gələcək inkişafı üçün çox yaxşı əsaslar yaradır.

Bu mənada Böyük Britaniyanın xarici işlər naziri cənab Rifkindin Azərbaycana rəsmi səfəri çox böyük əhəmiyyət kəsb edir. Bu, Böyük Britaniyanın xarici işlər nazirinin Azərbaycana ilk səfəridir. Biz buna çox əhəmiyyət veririk. Hesab edirəm ki, bu gün çox səmərəli danışıqlar aparmışıq və lazımi sənədlər imzalamışıq. Bunlar ölkələrimiz arasında əlaqələrin inkişafı üçün yeni mərhələdir.

Danışıqlar zamanı Ermənistan ilə Azərbaycan arasında hərbi münaqişəyə son qoyulması, Azərbaycanın Ermənistanın təcavüzündən xilas olması və regionumuzda sülh yaranması məsələsi xüsusi yer tutmuşdur. Böyük Britaniyanın yüksək səviyyəli dövlət, hökumət dairələrinin Azərbaycana diqqət və marağı daim olmuşdur. O cümlədən Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması, Azərbaycan torpaqlarının işğaldan azad olması üçün böyük Britaniyanın beynəlxalq təşkilatlardakı fəaliyyətini və səylərini biz yüksək qiymətləndiririk. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu səylər davam edəcək və 1996-cı ildə biz ölkəmizdə, regionumuzda sülh və əmin-amanlıq yaranmasına nail ola biləcəyik.

Mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycan müharibənin yenidən başlanmasının əleyhinədir. Azərbaycan sülh istəyir. Qarabağ probleminin dinc yolla həll olunmasını istəyir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qayıtması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi bizim əsas məqsədimizdir və buna sülh yolu ilə nail olmaq istəyirik. Təkcə bizdən ötrü deyil, dünya ictimaiyyəti üçün də çox mühüm olan bu problemin həllində, ümidvaram ki, Böyük Britaniya, onun dövlət dairələri bundan sonra da öz səylərini əsirgəməyəcəkdir.

Bir sözlə, cənab nazirin Azərbaycana səfəri Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafına kömək edəcəkdir. Biz buna ümidvarıq. Şübhəsiz, indən belə bu istiqamətdə daha da çox çalışacağıq. Ümidvaram ki, Böyük Britaniya ilə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri günü-gündən irəliyə gedəcəkdir.

Böyük Britaniya ilə Azərbaycan arasmda dostluq və əməkdaşlığın şərəfinə, Böyük Britaniyanın, onun xalqının gələcək inkişafı şərəfinə, Böyük Britaniya kraliçasının şərəfinə, Böyük Britaniyanın baş naziri cənab Con Meycorun şərəfinə, cənab Rifkindin, onun xanımının və hörmətli qonaqlarımızın şərəfinə. Sağ olun!

MİLAD BAYRAMI MÜNASİBƏTİLƏ

BAKIDAKI KAMERA MUSİQİSİ

SALONUNDA KEÇİRİLƏN MƏRASİMDƏ

REŞPUBLİKANIN PRAVOSLAV

XRİSTİANLARINA MÜRACİƏT
7 yanvar 1995-ci il
Hörmətli xanımlar və cənablar, bacılar ,və qardaşlar, Azərbaycan vətəndaşları! Sizi müqəddəs gün - İsa Məsihanın Milad günü münasibətilə ürəkdən təbrik edir, sizə və sizin şəxsinizdə Azərbaycanın bütün xristian vətəndaşlarına xoşbəxtlik, firavanlıq, sevinc, sülh və mərhəmət arzulayıram.

Bu müqəddəs gün hamımızı sülhə, əmin-amanlığa, başqa dinlərə münasibətdə dözümlü olmağa çağırır. Bu gün həm xristian pravoslavlar, həm də Azərbaycanda hamı üçün eyni dərəcədə müqəddəs və xoş gündür. Bu gün Azərbaycanda hamıya əzizdir. Bu anda biz tarixi köklərimizə müraciət edirik. İslam dini, Məhəmməd Peyğəmbər (ə) İsa Peyğəmbərə ehtiramla yanaşmışdır. Məlum olduğu kimi, İslamın müqəddəs kitabı Qurani-Kərimin surələrindən biri xristianlığa, İsa Məsihaya həsr edilmişdir. Başqa sözlə, bizim tarixi köklərimiz dərinlərə gedib çıxır, dostluğumuz və qardaşlığımız hələ dinlərimizin meydana gəldiyi vaxtdan başlayır. Biz də buna sadiq olmalıyıq.

Azərbaycanın bütün vətəndaşları bərabər hüquqlardan istifadə edirlər. Xristian dininə sitayiş edən vətəndaşlara da bizdə həmişə ehtiram göstərilmiş və onlar digər vətəndaşlarla bərabər hüquqlardan istifadə etmişlər. Azərbaycanda xristian pravoslav icmasının iki yüz illik tarixi var. Müxtəlif dinlərə mənsub olan xalqlarımız iki əsr ərzində vahid dostluq ailəsinə qovuşmuşlar, onların kədəri də, sevinci də bir olmuşdur. Azərbaycanda beynəlmiləlçilik hissi, bir-birinə qarşı dözümlü olmaq, Azərbaycan xalqının başqa xalqlara, xristianlara hörməti həmişə nümunəvi xarakter daşımışdır.

Biz də, siz də yaxın keçmişi xatırlayır və iki əsrlik tariximizi - birgə ömür, dostluq tariximizi, xoş həyat, sülh və əmin-amanlıq uğrunda mübarizə tariximizi yaxşı bilirik. İndi, Azərbaycan müstəqil dövlət olduğu bir vaxtda dilindən, dərisinin rəngindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşların hüquq bərabərliyi Azərbaycan dövləti üçün, bir prezident kimi məndən ötrü birinci dərəcəli əhəmiyyətə malikdir. Mən dəfələrlə demişəm və bu müqəddəs gündə bir daha deyirəm: Azərbaycanın bütün vətəndaşları qəti əmin ola bilərlər ki, onların hüquqları eyni dərəcədə qorunacaq, onlar müdafiə ediləcəklər. Azərbaycan prezidenti kimi mən dilindən və dinindən asılı olmayaraq hər bir adamın, hər bir vətəndaşın hüquqlarının təminatçısıyam.

Bugünkü bayram bizi həqiqətən sülhə səsləyir. Leonid atanın haqlı olaraq dediyi kimi, qoy sülh hər birimizin ürəyində, qəlbində olsun. Bəli, indi bu, çox lazımdır, çünki biz tariximizin çox mürəkkəb, ağır dövrünü yaşayırıq. Biz bu mərhələni birlikdə keçməliyik. Bundan ötrü isə hər birimizdə sülh hissi, başqasına hörmətlə yanaşmaq hissi gərək həmişəkindən daha çox olsun.

Bilirsiniz ki, Azərbaycan altı ildən artıqdır Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Biz böyük itkilər vermişik. Azərbaycan ərazisinin iyirmi faizindən çoxu erməni qəsbkarları tərəfindən işğal edilmişdir. İyirmi mindən artıq vətəndaşımız həlak olmuş, yüz mindən çoxu yaralanmış, xəsarət almışdır. Onların bir qismi həmişəlik əlil, şikəst olmuşdur. Bir milyondan artıq sakinimiz doğma yurdunu tərk etməyə məcbur olmuşdur və qaçqın kimi Azərbaycanın başqa regionlarında yaşayır. Onların bir çoxu bu ağır qış dövründə çadırlarda yaşayır, böyük məşəqqət çəkir.

Təbii ki, bütün bunlar Azərbaycanda keçid dövrü ilə əlaqədar onsuz da mürəkkəb olan vəziyyəti daha da çətinləşdirir. Belə bir şəraitdə xeyirxahlıq, sülh, bir-birinə hörmətlə yanaşmaq, qardaşlıq, dostluq hissləri çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, biz tariximizin bu ağır mərhələsindən daha uğurla, nisbətən az ağrı-acı ilə çıxa bilək, davam gətirə bilək, hamımız birləşərək Azərbaycanın ərazi bütövlüyünü, müstəqil dövlətimizin suverenliyini təmin edə bilək. Biz buna nail olmalıyıq.

Bilirsiniz ki, doqquz aya yaxındır döyüşlər getmir, atəşkəsə nail olmuşuq. Biz atəşkəs rejiminə sadiqik, gələcəkdə də buna çalışacağıq. Lakin bizə uzunmüddətli möhkəm sülh lazımdır, sülh haqqında Böyük Siyasi Saziş imzalanmalıdır. Biz buna çalışırıq. Lakin buna nail olmaq üçün çox iş görülməlidir. Biz bu üşi görürük. Bu mürəkkəb dövrdən hamımızın birlikdə çıxmağımız üçün daha sıx birləşməli, bir-birimizə daha çox hörmət etməliyik, sülh və dostluq hisslərinə əsaslanmalıyıq.

Bu müqəddəs, işıqlı gündə, bu xoş bayram günündə sizi sülhə, həmrəyliyə, dini dözümlülüyə, dostluğa və qardaşlığa çağırıram. Azərbaycan çoxmillətli dövlətdir və belə dövlət olaraq qalacaqdır. Biz hər şeyi edəcəyik ki, hər hansı millətdən olan Azərbaycan vətəndaşları özlərini nəinki bərabərhüquqlu hiss etsinlər, həm də özlərinin bu günü, sabahı üçün həqiqətən arxayın olsunlar. Əmin ola bilərsiniz, bir prezident kimi mən elə vəziyyət yaranmasına çalışacağam ki, Azərbaycanın hər bir vətəndaşı, o cümlədən ruslar - pravoslavlar, slavyanlar Azərbaycanda malik olduqları hüquqların hamısını mütləq saxlasınlar. Daim əmin olsunlar ki, özləri, uşaqları və nəvələri bu gün də, gələcəkdə də Azərbaycanda normal şəraitdə yaşayacaqlar, rifahdan və bütün hüquqlardan bəhrələnəcək, özlərini müstəqil Azərbaycan Respublikasının tam hüquqlu vətəndaşları hiss edəcəklər.

Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimiz, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun.

Sizə cansağlığı, firavanlıq, xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram. Müqəddəs gün - Milad bayramı münasibətilə sizi bir daha təbrik edirəm.

DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN

1994-cü İLDƏKİ FƏALİYYƏTİNİN

YEKUNLARINA HƏSR OLUNMUŞ

MUŞAVİRƏDƏ GİRİŞ SÖZÜ
Prezident Sarayı
9 yanvar 1995-ci il
Bu gün geniş tərkibdə çağırılmış müşavirə mühüm bir məsələyə həsr olunub: Dövlət Gömrük Komitəsinin 1994-cü ildə gördüyü işlər və əldə etdiyi nəticələr haqqında hesabatı dinləniləcəkdir.

Bildiyiniz kimi, Dövlət Gömrük Komitəsi, ümumiyyətlə, gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir. Gömrük orqanlarının, gömrük xidmətinin dövlətin iqtisadiyyatında, ümumiyyətlə, dövlətçilikdə çox böyük rolu vardır. Azərbaycan üç ildən artıqdır ki, müstəqil dövlətdir. Respublikada iqtisadi dəyişikliklər gedir. Azərbaycanın dünya birliyi ilə, xarici ölkələrlə iqtisadi əlaqələri genişlənir, inkişaf edir. Bu baxımdan gömrük xidməti mühüm əhəmiyyət kəsb edir.

Gömrük orqanları Azərbaycan öz müstəqilliyini əldə edəndən sonra yaranmışdır. Onlar fəaliyyət göstərir, ancaq mən ümumən deyə bilərəm ki, müstəqillik dövründə əldə etdiyimiz nailiyyətlərlə yanaşı, böyük nöqsanlarımız, çatışmazlıqlarımız da var. Bunların başlıcası iqtisadiyyatın belə vəziyyətə düşməsi, xarici ölkələrlə iqtisadi əlaqələrin sağlam, düzgün əsasda qurulmamasıdır. Bu çatışmazlıqların mövcud olmasının əsas səbəblərindən biri gömrük orqanlarının işindəki nöqsanlardır.

Ona görə də biz gömrük orqanlarının işi ilə ciddi məşğul olmalıyıq. Buna əsaslanaraq mən bu gün həmin məsələnin geniş tərkibdə müzakirə olunmasını luzumlu hesab edirəm. Buraya müvafiq nazirliklərin rəhbərləri, bir neçə sərhəd rayonlarının icra hakimiyyəti başçıları, gömrük orqanlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri dəvət olunublar. Bu da onunla əlaqədardır ki, gömrük işi həyatımızın çox sahələri ilə bağlıdır. Bizim çox işlərimiz gömrük orqanlarının fəaliyyətindən asılıdır. Digər tərəfdən, indi xarici ölkələrlə əlaqələrimiz intensivləşdiyinə görə həm iş adamlarının əlaqələri, həm dövlət istehsal orqanlarının, müəssisələrinin, nazirliklərin, dövlət bölməsinin xarici ölkələrlə əlaqələri, həm də vətəndaşların xaricə gediş-gəlişi çox artdığından gömrük orqanlarının işi çoxalmışdır.

Ancaq təəssüf ki, gömrük orqanlarının işindən çoxlu şikayətlər, narazılıqlar gəlir. Mən bəzən xaricdə olarkən, respublikada iş adamları ilə rastlaşarkən onların Azərbaycana gəlib iş görməsi barədə söhbət edərkən, xarici investisiyaların respublikamıza gətirilməsi haqqında danışıqlar apararkən məni çox sarsıdan, narahat edən sözlər eşidirəm.

Onlar mənə deyirlər ki, sizdə gömrük işləri, sərhəddə olan xidmətlər (təkcə gömrük deyil, başqa xidmətlər də var, o cümədən bu sözlər sərhədçilərə, polis orqanlarına da aiddir) elə vəziyyətdədir ki, bir dəfə gəlib-gedəndən sonra ikinci dəfə gəlməyə həvəsimiz olmur: bizi incidirlər, rüşvətxorluq, soyğunçuluq və başqa bu kimi hallar çox geniş yayılıbdır. Görünür, bunlar həqiqətdir. Çünki biz bunları həm Azərbaycan vətəndaşlarından, həm də xarici ölkələrin vətəndaşlarından, iş adamlarından, Azərbaycanda iş görmək istəyənlərdən və respublikamız üçün ürəyi yanan adamlardan eşidirik. Bax, bunların hamısını nəzərə alaraq, Dövlət Gömrük Komitəsinin hesabatını dinləmək üçün bu gün bu müşavirəni çağırmışam və məsələnin səmərəli müzakirə olunması üçün rəhbər vəzifəli şəxsləri buraya dəvət etmişəm.


YEKUN SÖZÜ
Mənə belə gəlir ki, məsələ tamamilə aydındır. Bu gün müşavirəni başlayarkən qeyd etdim ki, gömrük xidməti müstəqil dövlətin iqtisadiyyatının, həyatının əsas hissəsidir. Müşavirədə çıxış edənlərin əksəriyyəti Azərbaycanın müstəqil dövlət olduğu dövrdə, istehsalın çox ağır vəziyyətə düşdüyü, başqa iqtisadi çətinliklərlə üzləşdiyimiz bir vaxtda gömrük xidmətinin iqtisadi baxımdan Azərbaycan üçün nə qədər əhəmiyyət kəsb etdiyini bildirdi.

Güman edirəm, ilk dəfədir ki, gömrük xidməti haqqında belə geniş müzakirə gedir. Təəssüflər olsun ki, Azərbaycan Respublikasında gömrük xidməti yaranandan indiyə qədər cürbəcür nadanların əlindədir. Gömrük Komitəsi onun qarşısında qoyulmuş yüksək vəzifələri yerinə yetirmək əvəzinə, ayrı-ayrı adamlar üçün qeyri-qanuni yolla pul əldə etmək mənbəyinə çevrilmişdir. Müstəqil respublikamız üçün gömrük xidmətinin nə qədər böyük və nüfuzlu bir təşkilat olduğunu dərk etməyərək, burada işləməyə can atanlar ancaq və ancaq şəxsi mənfəət əldə etmək istəyirlər. Təəssüf ki, Azərbaycanda gömrük orqanları belə qeyri-sağlam əsaslar üzərində qurulmuşdur.

Keçmişdə Azərbaycan müstəqil deyildi və onun gömrük orqanları olmamışdır. Düzdür, Bakı dəniz limanında, yaxud da Culfada balaca gömrük idarələri var idi. Ancaq respublikamızın iqtisadiyyatı üçün onların heç bir əhəmiyyəti yox idi. Onlar İttifaqın, yəni SSRİ-nin gömrük xidmətinin müəyyən məntəqələri idi. Başqa sözlə, ötən 70 il ərzində bizim respublikada gömrük işi, gömrükxanaçı peşəsi olmamışdır. Müstəqillik əldə edildikdən sonra isə gömrük orqanları yaranmış və buraya can atanların, burada işləmək istəyənlərin əksəriyyəti müstəqil dövlətimizin naminə çalışmaq barədə deyil, ancaq öz şəxsi mənafeləri haqqında düşünmüşdür.

Xatirimdədir, 1991-ci ilin sentyabrında mən Naxçıvanda Ali Məclisin sədri işləməyə başlayarkən orada da bir-iki kiçik gömrük məntəqəsi vardı: biri Culfada, digəri Sədərək körpüsü açıldıqdan sonra orada idi. O zaman mənim yanıma çox adam gəlirdi. Biri oğlunun, digəri qardaşının orada işə götürülməsini xahiş edirdi. Deyirdim, niyə gömrük işinə belə həvəs -göstərirsiniz, bu nə hörmətli peşədir axı. Həm də gömrük məntəqəsində, sərhəddə olan adam evindən təxminən yetmiş kilometr uzaqda işləməlidir, oraya gedib-gəlməlidir, bunun çətinliyi var. Şübhəsiz ki, mən bunun səbəbini başa düşürdüm. Ancaq istəyirdim onları başa salam ki, axı görürsünüz, sizin xahişinizin əsası sağlam deyil. Demək, bu xahişi etməklə, qeyri-sağlam əhval-ruhiyyə ilə yaşayırsınız. Amma bu, təkcə Naxçıvana aid deyildir, mən bunu orada bilavasitə görmüşdüm. Lakin hər yerdə belədir. Ona görə də Azərbaycanda Gömrük Komitəsi yaranandan onun tərkibi zibillənmiş, orada rəhbərlik bir neçə dəfə dəyişmişdir. Hər yeni təyin olunan rəhbərlik də müstəqil dövlətin gömrük xidmətini, gömrük orqanlarını yaratmaq, bu sahədə Azərbaycan iqtisadiyyatının inkişafını müəyyən qədər təmin etmək əvəzinə, xarici ölkələrlə əlaqələrdə respublikamızın iqtisadiyyatına nüfuz qazandırmaq əvəzinə vəzifələrindən ancaq və ancaq öz şəxsi məqsədləri üçün istifadə etmişlər. Əvvəlkilər də belə olub, bugünkülər də belədir.

Ona görə də bu müzakirədən çıxarılan əsas nəticə budur ki, biz Azərbaycanda gömrük orqanlarının işini kökündən dəyişdirməliyik, sağlam əsaslar üzərində qurmalıyıq. Həqiqi gömrük orqanları qurulmalıdır. Bu, bizim bugünkü dövrümüz və müstəqil Azərbaycanın gələcəyi üçün ən zəruri vəzifələrdən biridir. Elə bir gömrük orqanı yaratmalıyıq ki, o xarici iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, xarici əlaqələrdə, bütün başqa əlaqələrdə müstəqil Azərbaycanın nüfuzunu təmin etsin, bizə biabırçılıq, ləkə gətirməsin. Amma hələ ki, iqtisadi zərər, oğurluq, rüşvətxorluq, korrupsiya bir tərəfdən, eyni zamanda gömrük orqanlarının belə vəziyyətdə olması siyasi baxımdan Azərbaycan Respublikasının ləkələyir. Xaricdən gəlmiş hər bir vətəndaş gömrük orqanından narazı gedirsə, o həm də dövlətimizdən, xalqımızdan narazı olur. Amma bu, təkcə gömrük orqanlarına aid deyildir. Burada deyildi və onsuz da məlumdur, - bütün başqa orqanlara da aiddir. Hamı - polis, prokurorluq orqanları, sərhədçilər, sərhəd məntəqələrində dayanan digər adamlar da özləri üçün nəticə çıxarmalıdırlar. Yenə də qeyd edirəm, dediklərim hamıya, bütün bu orqanlara aiddir. Ancaq indi biz Gömrük Komitəsinin işini müzakirə edirik, ona görə də gömrük xidməti haqqında danışıram.

Bu vəzifələrə nail olmaq üçün, şübhəsiz ki, Azərbaycan Respublikasının məqsədyönlü, çox dərin, ətraflı, məzmunlu, bu günümüz və gələcəyimiz üçün yararlı gömrük siyasəti olmalıdır. Mən güman edirdim ki, vəzifə tutmağı çox istəyən, buna can atan, Milli Məclisin, parlamentin üzvü olan Tahir Əliyev ona göstərilən etimaddan sonra işlə məşğul olacaq, gömrük siyasəti üzərində işləyəcək, lazımi normativ sənədlər, qanun layihələri hazırlayacaq, gömrük işini sivilizasiyalı səviyyəyə qaldırmağa çalışacaqdır. Lakin təəssüf ki, o da əvvəlkilər kimi, vəzifəsindən ancaq burada danışılan çirkin məqsədlər üçün istifadə etmək yolu ilə getmişdir. Ona görə də biz bu üç ili nəinki itirmişik (bunu sadəcə olaraq itirsəydik, boşluq olsaydı, dərd yarı idi), həmin müddətdə gömrük orqanları o qədər zibillənib, o qədər hörmətdən düşüb ki, indi ilk növbədə bunlar təmizlənməlidir. Eyni zamanda dərhal, təcili olaraq bizim gömrük siyasətimiz hazırlanmalıdır. Onu hazırlayıb təcili surətdə həyata keçirmək lazımdır. Bu işi gecikdirmək olmaz.

Ona görə də bu müzakirənin nəticəsi olaraq birinci növbədə Nazirlər Kabinetinə, Gömrük Komitəsinə və başqa müvafiq orqanlara göstərişlər verilir. Müzakirənin yekunu olaraq mən fərman verəcəyəm və həmin göstərişlər bu fərmanda öz əksini tapacaqdır. Gömrük siyasəti haqqında hansı sənədlərin və nə vaxt qəbul ediləcəyi barədə təkliflər qısa müddətdə, on beş gün ərzində hazırlanıb təqdim olunmalıdır.

Məsələn, burada Vahid Axundov bir neçə fikir söylədi. Bizim gömrük siyasətimiz həqiqətən respublikanın iqtisadi mənafeyinə uyğun gəlsəydi, ola bilərdimi ki, öz spirtimiz qala-qala başqa ölkədən gətirib burada spirt satsınlar? Biz özümüz spirt istehsal edən respublikayıq, onu ixrac etməliyik, amma gətirib burada spirt satırlar. Yaxud, doğru deyirlər, bizdə üzüm məhsulu boldur - əvvəlki kimi çox olmasa da, hər halda keçən il 196 min ton üzüm istehsal edilmişdir. Belə olan halda xaricdən min ton üzüm gətirib satmağın nə əhəmiyyəti vardı? Qoy elə öz kəndlilərimizin üzümü satılaydı, onlar pul qazanardılar və məhsul istehsal etməyə stimul yaranardı.

Təkcə Qubada deyil, Xaçmazda da, Zaqatala zonasında da keçmiş alma bağlarından savayı, çox böyük ərazidə palmet meyvə bağları salınmışdır. Doğrudur, baxımsızlıqdan onların bir çoxu batmışdır. Amma yenə də bizim alma məhsulu əldə etmək imkanımız var. Lakin kəndlilərimiz öz bağlarından yığdıqları almanı sata bilmədilər, çünki bazara başqa yerdən alma gəldi, öz əhalimizin məhsulu isə çürüdü.

Başqa fikirlər də demək olar. Məsələn, keçən dəfə mən çay barədə söhbət saldım. Biz çay istehsal edirik. Vaxtilə ildə 26-28 min ton yaşıl çay yarpağı yığılırdı. O zaman Azərbaycan Çayı Sovetlər İttifaqında ən keyfiyyətli çay hesab olunurdu və biz bununla fəxr edirdik. İndi bizdə çay istehsalı dayanıb, çünki çay satılmır. Respublikaya xaricdən çay gətirib satırlar və onun keyfiyyəti daha üstündür. Əlbəttə, keçmişdə də Hindistan, Seylon çayı gətirilirdi. Amma onu varlı adamlar alırdı, hər adam bu çayları alıb içə bilmirdi. Bəziləri də Hindistan Çayını alıb Azərbaycan çayı ilə qarışdırırdı. Fabrikdə də bizim Çayı Hindistan çayı ilə qarışdırırdılar ki, keyfiyyəti yaxşı olsun.

Mən öz fikrimi deyirəm, ola bilsin, kimsə bunu daha düzgün ifadə edə bilər: buraya gətirilən xarici çaylara elə yüksək gömrük rüsumu qoyaq ki, həm bundan xeyir götürək, həm də bizim çayın satılmasına kömək edək.

Başqa konkret faktlar da demək olardı, lakin mən geniş danışmaq istəmirəm. Hesab edirəm ki, bunu mütəxəssislər, bizim iqtisadçılar edəcəklər. Ancaq gömrük siyasəti iqtisadiyyatın əsasını təşkil edən məsələlərdəndir. Şübhəsiz ki, iqtisadiyyat birinci növbədə istehsalla bağlıdır. İndi bizdə istehsal aşağı düşmüşdür. Yol bağlıdır, ona görə istehsal daha da azalmışdır.

Bunun başqa səbəbləri də var. Bunlar həm obyektiv, həm də subyektiv səbəblərdir. Subyektiv səbəblər ondan ibarətdir ki, çox yerdə iş yaxşı təşkil olunmur, insanlar öz vəzifələrini yerinə yetirmirlər. Amma obyektiv səbəblər də çoxdur.

Belə vəziyyətdə xüsusən xarici ölkələrlə mal mübadiləsindən vergi şəklində alınan vəsaitin miqdarı nə qədər artıq olsa, bu, həm maliyyə vəziyyətimizə, həm də ümumən iqtisadiyyatımıza kömək edər. Öna görə də gömrük bizdən ötrü böyük vasitədir.

Birincisi, gömrük siyasəti işlənib hazırlanmalıdır. Bu barədə lazımi normativ sənədlər, qanun layihələri, qərar layihələri təcili surətdə hazırlanmalıdır və mən bu tapşırığı verirəm. İkincisi, gömrük orqanlarının işində ciddi dəyişikliklər əmələ gəlməlidir. Gömrük Komitəsinin sədri Tahir Əliyev, onun müavinləri və bir neçə gömrük məntəqəsinin işçiləri buradadırlar. Mən buradakı çıxışlarla tam razıyam və özüm də bu fikirdəyəm ki, məhz Gömrük Komitəsi sədrinin və onun müavinlərinin qeyri-qənaətbəxş işi nəticəsində və onların yerlərdəki kadrlarının qənaətbəxş işləməməsi nəticəsində, vəzifələrindən sui-istifadə etdiklərinə, qanun pozuntularına yol verdiklərinə görə belə vəziyyət yaranmışdır. Bunun başqa səbəbi yoxdur. Bu sistem zibillənmiş, korlanmışdır. Təəssüflər olsun, bu zibillənmə, korlanma 1994-cü ildə də davam etmişdir. Orada qayda-qanun yaratmaq barədə arzularımız nəinki yerinə yetməmiş, hətta vəziyyət daha da xarablaşmışdır. Ona görə də bugünkü müzakirədən çrxarılan ikinci nəticə belədir - bu da mənim fərmanımda öz əksini tapmalıdır - Dövlət Gömrük Komitəsinin 1994-cq ildəki işi qeyri-qənaətbəxş hesab olunsun. Qeyd edilsin ki, Gömrük Komitəsinin işində çox ciddi nöqsanlar var. Üçüncü, Gömrük Komitəsinin sədri Tahir Əliyev haqqında: mən qeyd etdim ki,

vaxtilə Tahir Əliyev vəzifə tutmağa can atırdı. Uzun müddətdir ki, Milli Məclisin üzvüdür. O vaxtlar biz burada təzəcə işə başlayanda, mən hələ Ali Sovetdə işləyərkən Tahir Əliyev bir neçə dəfə mühüm bir sahədə işləmək arzusunu bildirmişdi. Bəziləri - bir neçə adam ona söz vermişdi ki, o, daxili işlər naziri olacaq, - bu arzu ilə yaşamışdı. Daxili işlər naziri vəzifəsinə başqası təyin olunduqdan sonra o, yenə də vəzifə almaq istədi.

Sizə düzünü deyim, belə hesab etdim ki, o, Milli Məclisin üzvüdür, uzun müddət inzibati orqanlarda işləmişdir, təcrübəsi var, istəyir ki, respublikanın bu ağır vəziyyətində işin bir tərəfindən tutsun. Ona görə də Tahir Əliyevin Gömrük Komitəsinin sədri təyin olunması barədə fərman verdim. Ancaq bu gün mən çox böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, o, etimadı, şəxsən bir prezident kimi mənim ona göstərdiyim etimadı doğrultmamış, orada vəziyyəti daha da pisləşdirmişdir. Ümumiyyətlə, onun haqqında cürbəcür xoşagəlməz söhbətlər getmişdir və bu gün burada da danışıldı. Ən dəhşətlisi isə orada rüşvətxorluğun yayılması və Tahir Əliyevin özünün bu məsələyə qoşulması haqqındakı söhbətlər, - əgər əvvəllər Milli Məclisin Üzvü kimi Tahir Əliyevin bir hörməti vardısa, - indi onu tamamilə nüfuzdan salmış və tamamilə ləkələmişdir.

Mən bunu çox təəssüf hissi ilə qeyd edirəm. Çünki o vaxt mən Tahir Əliyevi dəyərli bir adam kimi oraya təyin etmişəm, ancaq bu gün həmin qətiyyətlə də onu işdən azad edirəm. Tahir Əliyev bu vəzifədə işləməyə mənəvi hüququnu artıq itirmişdir. Əgər onun özünün ağlı başında olsaydı, belə vəziyyət yarandığını görəndə gərək gəlib özü müraciət edəydi ki, mən bu işi bacarmadım, məni azad edin. Lakin məsələ təkcə bunda deyil ki, o, işi bacarmadı. Bacarığı var, təəssüf ki, bundan çox vaxt başqa istiqamətdə istifadə etmişdir. Çox təəssüflər olsun. İşin öhdəsindən gələ bilmədiyinə, işdə buraxdığı nöqsanlara görə, Gömrük Komitəsində yol verilmiş qanun pozuntularına və başqa-başqa şeylərə görə mən bu gün Tahir Əliyevi fərmanla Gömrük Komitəsinin sədri vəzifəsindən azad edirəm. İşçilərimiz bunu fərmanın mətnində ifadə edərlər. Lakin əsas məzmun belədir. Onu işdən azad edirəm. Güman edirəm ki, o, Milli Məclisin üzvü olduğuna görə Məclis də bu məsələyə öz münasibətini bildirəcəkdir.

Gömrük komitəsində işləyən başqa adamlar - buraya dəvət edilənlər və edilməyənlər də bugünkü müzakirədən nəticə çıxarmalıdırlar. Ya nəticə çıxararaq düzgün yol tutmalısınız, yaxud da siz həmin orqanda işləyə bilməyəcəksiniz. Mən bunu burada iştirak edənlərə də deyirəm, iştirak etməyənlərə də.

Eyni zamanda, bu məsələnin müzakirəsi ilə əlaqədar bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə xəbərdarlıq edirəm. Bəli, bizim sərhəd məntəqələrində, keçid məntəqələrində vəziyyət bərbaddır. Orada gömrük orqanlarının buraxdığı səhvlər, törətdikləri cinayətlərlə yanaşı, polis orqanları, sərhədçilər, prokurorluq orqanları və - burada başqa bir neçə orqanları sadaladılar, onların adları indi heç yadımda da deyil, - hərə özü üçün nəticə çıxarmalıdır. Tələb edirəm ki, sərhəd və keçid məntəqələrində vəziyyəti kökündən sağlamlaşdırmaq, dəyişdirmək üçün hər bir nazirlik, hər bir komitə, hər bir idarə lazımi tədbirlər görsün.

Ümumiyyətlə, hesab edirəm ki, mühüm sərhəd-keçid məntəqələrindəki vəziyyətə kompleks şəkildə baxılmalıdır. Ona görə də Prezident Aparatındakı müəyyən şəxslər, Nazirlər Kabineti bu barədə fikirləşməlidir, bizim şöbələr bu işlə məşğul olmalıdır və bu məsələlərə kompleks şəkildə baxılması barədə təkliflər verməlidirlər. Burada mən nəyi nəzərdə tuturam? Birincisi, respublikamızdan xarici ölkələrə büttün çıxış qapılarında vəziyyəti bir tərəfdən ciddiləşdirmək, digər tərəfdən isə adamların gedib-gəlməsi üçün asanlaşdırmaq lazımdır. Adamları incitmək olmaz. Burada Ədalət Əliyev müəyyən sözlər danışdı. Belə şey olmaz, bunların qarşısı alınmalıdır. Aeroportda bir gündə 1300-1500 nəfər adam nəzarət işi ilə məşul olsun? Təkcə aeroportda deyil, başqa yerlərdə də belədir. Kimin harada və nəyə nəzarət etməsi ilə Nazirlər Kabineti məşul olmalı və Prezident Aparatı ilə birlikdə mənə kompleks təkliflər verməlidir. Ancaq bu təklifləri gözləmədən hərə öz sahəsində lazımi tədbirlər görsün.

"Azərbaycan Hava Yolları" Konserninə gəldikdə isə, Ədalət Əliyev buradakı çıxışında müvafiq orqanları tənqid etdi və o haqlıdır. Amma konsernin özünün işində də bu cür və bundan da çox nöqsanlar var. Ona görə elə çıxmasın ki, nöqsanlar ancaq nəzarət edən orqanlardadır, onlar günahkardırlar. Konsernin özünün, dəmir yolunun, digər nəqliyyat orqanlarının işində çox ciddi nöqsanlar var və bunlar aradan qaldırılmalıdır. Hərə öz sahəsində lazımi tədbirlər görməli və bugünkü müzakirədən nəticə çıxarmalıdır.

Bununla da müşavirəmizi bitmiş hesab edirəm.

1   2   3   4   5   6   7   8   9   10   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə