Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə6/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

29 dekabr 1994-cü il



BAKIDAKI XARİCİ ÖLKƏ

SƏFİRLİKLƏRİNİN BAŞÇILARI,

BEYNƏLXALQ VƏ HUMANİTAR

TƏŞKİLATLARIN NÜMAYƏNDƏLƏRİ İLƏ

GÖRÜŞDƏ YENİ İL TƏBRİKİ
30 dekabr 1994-cü il
Biz 1995-ci ili qarşılayırıq. Mən bu gün, Yeni il ərəfəsində xarici ölkələrin Azərbaycanda olan səfirləri ilə görüşməyi özüm üçün zəruri hesab etdim. Azərbaycan hər ay, hər il öz dövlət müstəqilliyini təsdiq etmək, inkişaf etdirmək istəyir və buna görə də xarici ölkələrlə əlaqələri daim genişləndirməyə çalışır.

Hesab edirəm ki, 1994-cü il bu baxımdan çox əhəmiyyətli olubdur. Bu il Azərbaycanın xarici ölkələrlə əlaqələri genişlənib, inkişaf edib, möhkəmlənibdir. Bu işdə xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə əlaqələr, onlarla aparılan iş və onların fəaliyyəti yüksək qiymətə layiqdir. Ona görə də mən bu gün sizinlə görüşüb, sizi salamlamağı lüzumlu hesab etmişəm. Sizinlə çox səmərəli əməkdaşlıq etdiyimizə görə məmnun olduğumu bildirmək istəyirəm.

Sizə - xarici ölkələrin buradakı səfirliklərinə, beynəlxalq təşkilatların təmsilçilərinə, müxtəlif ölkələrin Azərbaycanda fəaliyyət göstərən nümayəndəliklərinin hamısına bu əlaqələrin inkişaf etməsi üçün göstərdikləri fəaliyyətə görə təşəkkürümü bildirirəm.

Sizi Yeni il - 1995-ci il münasibətilə ürəkdən təbrik edirəm, işlərinizdə uğurlar, həyatınızda xoşbəxtlik, səadət və əmin-amanlıq arzulayıram, təmsil etdiyiniz ölkələrin xalqlarını, dövlətlərinizin, hökumətlərinizin başçılarını təbrik edirəm. Ölkələrinizə, xalqlarınıza və dövlətlərinizin başçılarına Yeni il təbriklərimi və salamlarımı göndərirəm.

Yeni iliniz mübarək olsun! Hamınıza Yeni ildə xoşbəxtlik diləyirəm. Sağ olun.

DÜNYA AZƏRBAYCANLILARININ

HƏMRƏYLİK GÜNÜ MÜNASİBƏTİLƏ

AZƏRBAYCAN XALQINA TƏBRİK
Əziz soydaşlarımız!
Dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəyliyi günüdür.

Azərbaycan xalqı uzun əsrlər boyu yadelli işğalçıların zülmlərinə məruz qalmış, öz şərəfli tarixini şəhidlərinin al qanı ilə yazmışdır. Bu ağır zərbələrə ləyaqətlə sinə gərən soydaşlarımız bir çox hallarda doğma torpaqlarından uzaq düşmüş, Vətəndən ayrı yaşamağa məcbur olmuşlar. Lakin öz xalqının taleyini, gələcəyini düşünən qardaş və bacılarımız Azərbaycanın istiqlal mücadiləsini bir an belə yaddan çıxarmamış, müstəqil dövlətçiliyimiz uğrunda fəal mübarizə aparmışlar.

Xaricdə yaşayan həmvətənlərimiz bu gün də müstəqil Azərbaycan Respublikasının ictimai həyatı ilə dərindən maraqlanır, Vətənimizin çiçəklənməsi naminə əllərindən gələni əsirgəmirlər. İşğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda apardığımız mübarizə, ölkədəki iqtisadi və sosial dəyişikliklər, respublikamızın yeritdiyi ardıcıl müstəqillik xətti daim onların diqqət mərkəzindədir.

Bu əlamətdar gündə bütün Dünya azərbaycanlılarını Milli Həmrəylik günü münasibətilə ürəkdən təbrik edir, müstəqil Azərbaycan dövlətinin daha işıqlı gələcəyi, xalqımızın birliyi və həmrəyliyi naminə hamınıza uğurlar arzulayıram.


HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

30 dekabr 1994-cü il



"REKLAMNI VESTNİK"in

MÜXBİRİNƏ MÜSAHİBƏ
- Artıq bir ildən çoxdur ki, bu vəzifədəsiniz. Amma bir neçə il əvvəl çoxları əmin idi ki, Heydər Əliyevin siyasi karyerası bitmişdir...

- 1987-ci ildə SSRİ rəhbərliyi ilə, o cümlədən şəxsən Qorbaçovla kəskin fikir ayrılığına görə Siyasi Büro tərkibindən çıxarkən mən heç güman etməzdim ki, böyük siyasətə qayıdacağam. 1990-cı ilin sonunda mənə Bakıda yaşamağa icazə vermədilər və onda Naxçıvanda sığınacaq tapdım. 1991-ci ildə orada mürəkkəb vəziyyət yaranmışdı - muxtar respublika blokadaya alınmışdı. Xalq bir neçə gün meydanlarda mitinq keçirir, tələb edirdi ki, mən Ali Sovetə başçılıq edim. Mən də məcbur olub bu işi görməli oldum. Çətin şəraitdə yaşayırdıq, lakin hər halda nisbətən sakitlik idi. Elə düşünürdüm ki, Naxçıvan mənim son dayanacağımdır. Lakin 1993-cü ilin iyununda Bakıda hakimiyyət uğrunda mübarizə kəskinləşdi, respublika vətəndaş müharibəsi həddinə gəlib çatdı. Onda president Əbülfəz Elçibəy mənə müraciət etdi - onun özü dövləti böhrandan çıxara bilmirdi. Mən qayıtmaq istəmirdim. Lakin qərara aldım ki, kənarda qalmaq düzgün olmaz. Təyyarə ilə uçub Bakıya gəldim. Elə hesab edirəm ki, vəziyyəti sabitləşdirə bildim. Vətəndaş müharibəsinin qarşısı alındı. Təəssüf ki, mən

Azərbaycan Ali Sovetinin sədri vəzifəsini ifa etməyə başlayandan iki gün sonra Elçibəy Bakını tərk etdi. Və o vaxtdan Naxçıvanın Kələki kəndindədir. Mən tək qaldım.

- Azərbaycan prezidenti indiyədək "döyüş meydanında tək qalan döyüşçü"dür?'

- Mən özümlə heç bir komanda gətirməmişəm və hazırlamamışam. Özümün siyasi strukturum da yoxdur, hərçənd prezident seçilənə qədər "Yeni Azərbaycan" partiyasına başçılıq edirdim. Hələ 1982-ci ildə buradan getsəm də, öz respublikamı yaxşı tanıyıram, o vaxtdan bir neçə rəhbərlik dəyişmişdir. Ümumiyyətlə, necə deyərlər, əlimin altında olan səlahiyyətli adamlarla işləyirəm.



- Bununla belə, bəzi müxalif əhval-ruhiyyəli siyasətçilər yüksək ixtisaslı kadr işçilərini öz müasirlərinizlə, dostlarınız, hətta qohumlarınızla əvəz etdiyinizi söyləyirlər.

- Məndən qabaq məsul vəzifələrə təyin olunan adamların hamısı öz yerində işləyir. Təbiidir ki, Surət Hüseynovu və onunla birlikdə oktyabrın əvvəllərində dövlət çevrilişi etmək istəyənləri, habelə həmin vəzifələrdən könüllü çıxanları istisna edirəm. Belə ki, respublikanın indiki rəhbərliyində heç bir "Naxçıvan klanı" yoxdur. Bir halda ki, siz müxalifətdən söz açdınız, onda icazə verin bir şeyi xatırladım: Azərbaycanda indinin özündə də 40-dan çox siyasi partiya mövcuddur ki, onların da əksəriyyəti müxalifət partiyalarıdır. Müxtəlif əqidəli 600-dən çox qəzet nəşr olunur. Əgər bütün bunları "demokratiyanın ləğvi" kimi qəbul edirlərsə - müxalifətdə olanların bəziləri mənim tutduğum islahat yoluna məhz belə münasibət bəsləyirlər - onda onlar məni günahlandırmaqda haqlıdırlar.



- Sizin və köməkçilərinizin işləyib hazırladığınız siyasətə təsir göstərən başlıca amillər hansılardır?

- Biz müstəqilliyin bərqərar olması yolunda çox mürəkkəb yol keçirik. Məlum olduğu kimi, keçmiş SSRİ-nin bütün respublikaları hər bir sahədə, xüsusilə iqtisadi sahədə bir-biri ilə sıx bağlı olmuşdur. Respublikalar ayrıldıqdan sonra əlaqələrin kəsilməsi Azərbaycan üçün ən xoşagəlməz nəticələr vermişdir.

Azərbaycanın sosial-iqtisadi vəziyyətini mürəkkəbləşdirən daha bir səbəb isə müharibədir. Bu müharibə altı ildir davam edir, respublika ərazisinin 20 faizindən çoxu işğal olunmuşdur və indiyədək 1 milyondan artıq adam qaçqın halında yaşayır.

Bu adamlar hər şeylərini itirmişlər.

Azərbaycan böyük iqtisadi potensiala malikdir. Bu həm yeraltı sərvətlər, hər şeydən əvvəl neft, habelə sənaye, kənd təsərrüfatı və əmək ehtiyatlarıdır. Lakin yuxarıda göstərilən proseslər onlardan səmərəli istifadə etməyə mane olur. Bütün qüvvələr ölkəni ağır iqtisadi vəziyyətdən çıxarmağa, həmçinin müdafiə ehtiyaclarına yönəldilir.

- Əlaqələrin pozulması. Bu problemi 2 ildir ki, MDB yaratmaqla həll etməyə cəhd göstərirlər. Sizcə bu struktur həyat qabiliyyətlidirmi?

- Mən deyə bilmərəm ki, MDB artıq təşəkkül tapmışdır və səmərəli fəaliyyət göstərir. Məncə, vəziyyət belədir: dövlət başçılarının bir-iki gün davam edən görüşü zamanı adama elə gəlir ki, ittifaq var, amma qalan vaxtlarda sanki bu ittifaq yoxdur. Məncə, MDB-nin müvafiq beynəlxalq təşkilatlar kimi fəaliyyət göstərməsi üçün çox ciddi tədbirlər görülməlidir.

- Bəlkə bunun üçün dövlətlərarası hakimiyyət institutu lazımdır?

- Mən bunu məqsədəuyğun saymıram. Belə münasibət vahid dövlətin dirçəldilməsinə səbəb olar və nəticədə milli mənafelərə zərər toxunar.



- Qarabağ münaqişəsinin səbəbləri və nəticələri haqqında nə deyə bilərsiniz?

- Bütün hadisələr başlanarkən Azərbaycan İttifaqın tərkibində idi. Fikrimcə, İttifaq rəhbərliyi münaqişənin genişlənməsinin qarşısını ala bilərdi. Lakin bunu etmədi.

İndi Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün müharibə aparır. Lakin bu vaxt ərzində biz münaqişəni sülh yolu ilə həll etməyə cəhd göstərmişik. Hər halda, nə isə edə bilmişik

- necə olsa da, mayın 10-dan atəş dayandırılmışdır. İndi danışıqlar gedir. Danışıqların gedişində bəlkə də nəhayət, hansısa razılığa gələ biləcəyik. Lakin bir şərtlə. Erməni silahlı birləşmələri işğal olunmuş bütün torpaqlarımızdan çıxarılmalıdır.



- Bütövlükdə Qafqazda hökm sürən vəziyyət haqqında sizin rəyinizi bilmək istərdik. Rusiyanın indiyədək bu regionda vahid siyasi konsepsiya işləyib hazırlamaması barədə deyilən ziddiyyətli fikirlərlə siz razısınızmı?

- Rusiyanın hansısa aydın mövqeyinin olub-olmadığını söyləməkdə çətinlik çəkirəm. Digər dövlətin hakimiyyət strukturları içərisində nə baş verdiyini heç kəs dəqiq deyə bilməz. Lakin elə bilirəm ki, Qafqaz çox mürəkkəb regiondur: Rusiya Federasiyasının burada fəaliyyəti ölçülüb-biçilmiş olmalıdır.

Məncə, Rusiya Zaqafqaziya ölkələrinin hər birinə eyni münasibət bəsləməlidir. Onlardan hər hansı birinə üzgörənlik etmək nəticə etibarı ilə Rusiya rəhbərliyinin bu regiondakı əhali arasında nüfuzdan düşməsinə səbəb olardı. Təkrar edirəm, bu gün dini və ya hər hansı digər amillərdən asılı olmayaraq, bütün münasibətlər diqqətlə ölçülüb-biçilməlidir.

- Üzgörənlikdən söhbət getdisə, onda Azərbaycana münasibətdə bunun dərəcəsi necədir? Belə çıxır ki, Moskva ilə Bakı arasındakı münasibətlər yalnız dostluq münasibətləridir.

- Bütövlükdə götürdükdə bizim aramızda həll olunması qeyri-mümkün olan problem yoxdur. Axı başqa cür ola bilərmi? Bizim xalq bu məsələdə sadəcə olaraq çətinlik yaratmaq istəmir. Hərçənd hakimiyyət strukturlarında çox şey ola bilər. Mən Bakıya qayıtmazdan əvvəl başqa siyasət yeridirdilər və Rusiya ilə münasibətlər soyuq, bəzən hətta ağır xarakter almışdı. Lakin bu münasibətlər dəyişmişdir. İndi təkcə sizin XİN-lə deyil, həm də prezident Yeltsinlə münasibətlərimiz yaxşıdır. Biz onunla sıx əlaqə saxlayırıq: görüşürük, hər ikimizin qarışmalı olduğumuz məsələlərlə bağlı telefon söhbətləri edirik.

- Dediklərinizdən belə çıxır ki, müdaxilə etməli olduğunuz məsələlər o qədər çoxdur ki, sizin istirahət üçün vaxtınız qalmır.

- Vətənə qayıtdığım vaxtdan bəri istirahət üçün sadəcə olaraq vaxtım qalmır. Vəziyyət elə gətirmişdir ki, gündəlik iş vaxtım 15-18 saat çəkir. Şəxsən müdaxilə etməyim lazım gələn dövlət işləri həddindən artıq çoxdur. Elə indi də sizdən üzr istəməliyəm - görüş saat 18-ə təyin olunsa da, indi gecə yarıdır.

Bərk məşğul idim.

- "Reklamnı vestnik"in oxucularına nə demək istərdiniz?

- Çox şadam ki, bizim və sizin işgüzar adamlar əl-ələ verib

işləmək imkanına malikdirlər. Mən bütün qüvvəmi sərf edəcəyəm ki, xalqlarımız dost olaraq qalsınlar, iki respublika arasındakı münasibətlər isə əsl dostluq münasibətləri olsun. Axı biz 200 ildir ki, birgə yaşayırıq.

Söhbəti Andrey Vasilyev aparmışdır. "Reklamnı vestnik", N48, 1994-cü il



AZƏRBAYCAN XALQINA YENİ İL TƏBRİKİ
31 dekabr 1994-cü il
Hörmətli həmvətənlər, əziz bacılar və qardaşlar,

Azərbaycan Respublikasının vətəndaşları!

1994-cü il sona çatır. Biz 1995-ci ili qarşılayırıq, Yeni ilə qədəm qoyuruq. Yeni il münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Hamınıza səadət, xoşbəxtlik, bütün işlərmizdə uğurlar diləyirəm!

1994-cü il Azərbaycan Respublikasının, Azərbaycan xalqının həyatında yeni mühüm bir mərhələ oldu. 1994-cü ildə biz dövlət müstəqilliyimizi möhkəmləndirmək yolunda böyük addımlar atdıq. Azərbaycan dövləti öz müstəqilliyini həm dünya miqyasında, həm də ölkəmizin həyatında möhkəmləndirmək üçün çox işlər görüb və böyük nailiyyətlər əldə edib. Doğrudur, qabaqkı illər kimi, 1994-cü il də çətin və ağır ildir. Biz onu böyük əzab-əziyyətlə sona çatdırırıq. Ancaq eyni zamanda bu il xalqımız üçün, dövlətimiz üçün böyük uğurlar ili olub.

Altı ildir ki, Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb və bunun nəticəsində respublikamız böyük bəlalara düşüb, xalqımız böyük itkilər veribdir. Lakin 1993-cü ilin son aylarından etibarən Azərbaycanda torpaqlarımızı müdafiə etməyə, hərbi təcavüzün qarşısını almağa qadir olan Milli Ordunun formalaşması başladı və biz bu istiqamətdə uğurlu addımlar ata bildik. Bizim ordumuz erməni təcavüzkarları, işğalçıları ilə cəsarətlə vuruşdu. İşğal olunmuş torpaqlarımızın bir qismi geri qaytarıldı. Ən mühüm cəhət ondan ibarətdir ki, Azərbaycan xalqı hiss etdi ki, onun öz ordusu var və bu ordu torpaqlarımızı müdafiə etməyə qadirdir, Azərbaycan ərazisinin qorunmasını təmin edə bilər.

Ancaq bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Həmin iş bu gün də davam edir. Biz isə düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik. Ona görə də ordumuzu yaradaraq, erməni işğalçılarına bir çox yerlərdə layiqli cavab verərək, zəbt edilmiş torpaqlarımızın bir qismini geriyə qaytararaq, eyni zamanda daim sülh vasitələrindən istifadə etməyə, danışıqlar aparmağa və məsələnin sülh yolu ilə həll olunmasına çalışmışıq. Bunların nəticəsində bu il may ayının 12-də atəşin dayandırılması haqqında saziş əldə olundu. Həmin sazişi əldə etmək üçün biz həm Azərbaycan xalqının, Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdik və eyni zamanda beynəlxalq təşkilatlar vasitəsilə, bizim məsələlərin həll olunmasına cəlb edilmiş dövlətlərin vasitəsilə bütün dünyaya sübut etdik ki, Azərbaycan müharibə etmək istəmir, bütün itkilərə, bütün çətinliklərə baxmayaraq, məsələni sülh yolu ilə həll etmək istəyir.

Biz Azərbaycan ilə Ermənistan arasında müharibənin dayandırılması, bu münaqişənin həll olunması üçün fəaliyyət göstərən beynəlxalq təşkilatların, ATƏM təşkilatının, böyük ölkələrin və o cümlədən Rusiyanın, ATƏM-in Minsk qrupunun vasitəçiliyi nəticəsində atəşin dayandırılmasına nail olduq. Yeddi aydan çoxdur ki, atəşkəs davam edir. Altı il gedən müharibədə ilk dəfədir ki, atəş dayanıbdır, artıq şəhidlər yoxdur. Ancaq bu bizi qane edə bilməz. Biz dəfələrlə bəyan etmişik ki, atəşkəs rejiminə riayət edəcəyik. Lakin atəşkəs rejimi yalnız və yalnız Böyük Sülh Sazişini əldə etmək üçündür və bu saziş də Azərbaycan Respublikasının milli mənafelərinin təmin olunması əsasında imzalana bilər.

İşğal edilmiş torpaqlarımız azad olunmalıdır, həmin torpaqlardan qaçqın düşmüş bir milyondan artıq Azərbaycan vətəndaşı öz yerinə-yurduna qayıtmalıdır, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təmin olunmalıdır. Bu şərtlər əsasında biz Böyük Sülh Sazişinin hazırlanmasına çalışırıq, bundan sonra da çalışacağıq və əmin olduğumu bildirmək istəyirəm ki, 1995-ci ildə buna nail ola biləcəyik.

Azərbaycanın müstəqilliyi Azərbaycan Respublikasının dünya birliyində tutduğu yer ilə bağlıdır. 1994-cü ildə respublikamızın apardığı məqsədyönlü xarici siyasət, bütün sahələrdə gördüyü işlər nəticəsində Azərbaycanın dünya miqyasında, beynəlxalq aləmdə mövqeləri möhkəmlənib, respublikamızın adı artıq tanınıb, Azərbaycan Respublikasının problemləri dünyanın demək olar ki, bütün böyük ölkələrində, bütün beynəlxalq təşkilatlarda müzakirə olunub və biz bunların müsbət nəticələrini görürük.

1994-cü ildə böyük ölkələrlə, qonşu dövlətlərlə, dünyanın bir çox ölkələri ilə əlaqələrimiz genişlənib, inkişaf edibdir. Xarici ölkələrə bir çox səfərlər, bir çox dövlətlərin başçılarının, nümayəndə heyətlərinin Azərbaycanda qəbul olunması, respublikamızın bu ölkələrlə bir sıra müqavilələr, sazişlər, sənədlər imzalaması - bunlar hamısı Azərbaycan Respublikasının müstəqilliyinin inkişaf etməsinə sübutdur və onun dünya miqyasında mövqelərinin möhkəmləndiyini nümayiş etdirir.

Respublikamız beynəlxalq təşkilatlarda, onların fəaliyyətində iştirak edir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 49-cu sessiyasında Azərbaycan Respublikası ölkəmizin mövqelərini bütün dünyaya açıq-aydın elan etdi. ATƏM təşkilatı Azərbaycanın vəziyyəti ilə ciddi məşğuldur.

Ermənistan - Azərbaycan müharibəsinin dayandırılması sahəsində bu təşkilatın və xüsusən onun çərçivəsində olan Minsk qrupunun fəaliyyətini biz yüksək qiymətləndiririk. Bu nüfuzlu və böyük təşkilat bu ilin dekabr ayında Budapeştdə keçirdiyi Zirvə toplantısında - dövlət başçılarının görüşündə Azərbaycan Respublikasının həyatı ilə əlaqədar, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı və bu məsələnin sülh yolu ilə həll olunması üçün mühüm qətnamə qəbul etmişdir. Bu məqsədlə Azərbaycana beynəlxalq, çoxmillətli sülhü mühafizə qüvvələri gəlməlidir. Budapeşt görüşündə qəbul olunmuş bu qətnamə Azərbaycanın müharibə vəziyyətindən çıxması üçün ilk böyük addımdır.

Dekabr ayında daha bir böyük beynəlxalq təşkilatda - İslam Konfransı Təşkilatı dövlət başçılarının Mərakeşdə keçirilən görüşündə Azərbaycanın vəziyyəti müzakirə olunubdur. Azərbaycan bu təşkilatın da üzvüdür. 52 dövləti təmsil edən ATƏM təşkilatında və İslam Konfransı Təşkilatında - buraya da 52 dövlət daxildir - Azərbaycanın məsələsinin müzakirə olunması beynəlxalq aləmin ölkəmizə nəzər-diqqətinin xeyli artmasını göstərir. Kasablankada İslam Konfransı Təşkilatının Zirvə toplantısında Azərbaycan haqqında qətnamələr qəbul edildi. Ermənistanın Azərbaycana təcavüzü pislənildi və bu təcavüzün aradan qaldırılması haqqında qərar qəbul olundu. Azərbaycanın düşdüyü ağır sosial-iqtisadi vəziyyət təhlil edildi və bununla əlaqədar xüsusi qətnamə qəbul olundu. İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərə müraciət olundu ki, Azərbaycanın bu ağır vəziyyətində ölkəmizə yardım göstərilsin.

Bunlar və bütün başqa tədbirlər, görüşlər - beynəlxalq aləmdə apardığımız işlərin hamısı, bir daha qeyd edirəm, Azərbaycanın dünya miqyasında nüfuzunun artdığım göstərir, dövlətimizin müstəqilliyinin möhkəmləndiyini sübut edir.

Altı il davam edən müharibə nəticəsində, respublikamızda gedən iqtisadi-siyasi dəyişikliklər nəticəsində Azərbaycan Respublikası böyük iqtisadi böhran içərisindədir. Həmin böhran davam edir. Bu, həm dediyim şərtlərlə, həm də Azərbaycan Respublikasının keçid dövrü yaşaması ilə əlaqədardır. Böhranın qarşısını almaq, Azərbaycanın iqtisadi potensialından səmərəli istifadə etmək üçün 1994-cu ildə xeyli iş görülmüşdür. Əsas istiqamət ondan ibarətdir ki, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir və bu məqsədlə də ötən müddətdə iqtisadi islahatlar hazırlanmış, bazar iqtisadiyyatına keçmək üçün bir neçə fərman verilmiş, bir neçə qərar qəbul olunmuşdur. Həm aqrar bölmədə, həm də iqtisadiyyatın başqa bölmələrində 1995-ci ildə ciddi dəyişikliklər aparmaq üçün yaxşı əsas, yaxşı zəmin yaranmışdır. Bunlar, güman edirəm ki, 1995-ci ildə öz bəhrələrini verəcəkdir. Mən əminəm ki, bizim addımlarımız, yəni nəzərdə tutduğumuz bu planlar həyata keçirilsə, 1995-ci ildə Azərbaycanın iqtisadiyyatında, xalqımızın rifah halında böyük dəyişikliklər baş verə biləcəkdir.

Qeyd etdiyim kimi, respublikamızda böyük çətinliklər yaranıbdır. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, onlar ağır vəziyyətdə yaşayırlar. Bununla əlaqədar biz beynəlxalq təşkilatlar, ayrı-ayrı dünya birlikləri, ölkələri tərəfindən humanitar yardımlar alırıq. Bu yardımların əhaliyə, xüsusən qaçqınlara və şəhid ailələrinə, tənha, imkansız adamlara çatdırılması da əsas vəzifələrdən biridir. Bu sahədə də 1994-cü ildə çox işlər görülmüşdür və bundan sonra da görüləcəkdir.

İli başa çatdırarkən bir məsələni də qeyd etmək lazımdır. 1994-cu il Azərbaycanda daxili ictimai-siyasi vəziyyətin möhkəmlənməsi, sabitləşməsi ili olubdur. Xatirinizdədir, 1993-cü il Azərbaycan üçün çox bəlalı il oldu. Həmin ilin may-iyun aylarında Azərbaycanda böyük bir dövlət böhranı, ictimai-siyasi böhran yarandı. Bu böhran Azərbaycanda vətəndaş müharibəsini meydana gətirdi. İyun ayının əvvəlində vətəndaş müharibəsi baş verdi, qardaş qanı töküldü. Bəzi cinayətkar qüvvələrin və respublikanı idarə etməyə qadir olmayan adamların günahı nəticəsində vətəndaş müharibəsi artıq başlanmışdı və Azərbaycanın parçalanması göz qabağında idi. Bu cinayətkar qüvvələr, öz şəxsi məqsədləri üçün vəzifələrindən sui-istifadə edən ayrı-ayrı şəxslər ölkəmizin milli mənafeyini, dövlətçiliyini tapdalayaraq, Azərbaycanı parçalamaq əzmində idilər. Bildiyiniz kimi, böyük səylər nəticəsində bunun qarşısı 1993-cü ildə alındı. Ancaq həmin vəziyyətin yaraları yaşayırdı və bu gün də yaşayır.

Biz 1993-cü ili başa vuranda belə hesab edirdik ki, Azərbaycanın bu ağır şəraitində adamlar daxili ictimai-siyasi vəziyyəti pozmaqdan daha əl çəkəcəklər. Ancaq təəssüf ki, belə olmadı. 1994-cü ildə respublikamızda dövlətçiliyimizə qarşı, müstəqilliyimizə qarşı, Azərbaycan xalqının milli mənafeyinə qarşı cürbəcür cərəyanlar meydana çıxdı. Ayrı-ayrı mafioz qruplar, cinayətkar dəstələr keçən illərdə olduğu kimi, Azərbaycanın bu ağır vəziyyətindən istifadə edərək öz şəxsi məqsədlərinə nail olmaq, vəzifə tutmaq, hakimiyyət əldə etmək üçün ən çirkin üsullara, yollara əl atdılar. Bunlar hamısı Azərbaycanda yenidən vətəndaş müharibəsi meydana çıxmasına əsas yaratdı, şərait yaratdı.

Bilirsiniz ki, Azərbaycan, qeyd etdiyim kimi, bazar iqtisadiyyatı yolu ilə gedir, dünya birliyində bütün sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində öz layiqli yerini tutmaq istəyir. Azərbaycan dövlətinin məqsədi iqtisadiyyatımızı dünya iqtisadiyyatı ilə bağlamaq, ölkəmizi dünya iqtisadiyyatı üçün, xarici investisiyalar üçün açmaqdır. Bu sahədə 1994-cü ildə çox işlər görüldü. Ən mühüm işlərdən biri xarici ölkələrin neft şirkətləri ilə uzun illər aparılan danışıqların başa çatması və sentyabrın 20-də həmin şirkətlərlə Azərbaycan Dövlət Neft Şirkəti arasında, Azərbaycan Respublikası arasında böyük neft müqaviləsinin imzalanmasıdır.

Azərbaycanın bu günü, gələcəyi üçün çox əhəmiyyətli olan bu addımlardan sonra Azərbaycanın daxilindəki və xaricindəki cinayətkar qüvvələr, ölkəmizə düşmən çıxan, Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr bütün bu addımları pozmaq niyyətinə düşdülər. Məhz bunların nəticəsi idi ki, böyük neft müqaviləsi imzalanandan sonra Azərbaycanın həyatında da çox acınacaqlı, çox dəhşətli hadisələr baş verdi. Dövlətçiliyimizə xəyanət etmiş cinayətkarlar sentyabr ayının axırlarında həbsxanadan çıxarıldı, qaçırıldı. Azərbaycanın iki dövlət xadimi siyasi terror nəticəsində qətlə yetirildi. Nəhayət, Azərbaycanın dövlətçiliyini pozmaq üçün, müstəqilliyimizə xəyanət etmək üçün, Azərbaycanda yenidən vətəndaş müharibəsi törətmək və dövləti zəbt etmək üçün bəzi qüvvələr oktyabr ayının əvvəllərindən dövlət çevrilişinə başladılar. Bu, Azərbaycanın əleyhinə olan xarici və daxili qüvvələrin birgə səyi, birgə fəaliyyəti nəticəsində olmuşdur.

Nəhayət, oktyabrın 4-də dövlət çevrilişi başlandı. Ancaq xalqımızın birliyi, həmrəyliyi, qüdrəti və cəsarəti dövlət çevrilişinin, cinayətkarların hərəkətlərinin qarşısını aldı. Azərbaycan dövlətini devirmək istəyən cinayətkarların bəziləri qaçdı, bəziləri həbs olundu və xalq onlara bir daha öz nifrətini bildirdi.

Şübhəsiz ki, bunlar hamısı Azərbaycanın daxili ictimai-siyasi vəziyyətinə təsir etmişdir və öz təsirini bu gün də göstərir. Ancaq bunlar bir daha sübut edir ki, 1994-cü il Azərbaycan xalqı üçün, müstəqil Azərbaycan Respublikası üçün bizim dövlətçiliyimiz üçün böyük sınaq və imtahan ili oldu. Bu imtahandan Azərbaycan xalqı ləyaqətlə çıxdı və deyə bilərəm ki, 1994-cü ildə Azərbaycanın dövlətçiliyi qorundu, saxlanıldı, müstəqilliyimiz möhkəmləndi. Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı mübarizə aparan xarici və daxili qüvvələr layiqli cavablarını aldılar və bildilər ki, xalqımız artıq öz müstəqilliyini, öz dövlətçiliyini qorumağa qadirdir və bundan sonra da qoruyacaqdır.

Bunlarla yanaşı, biz heç vaxt sayıqlığımızı itirməməliyik. Cəbhədə atəş dayanıbdır. Ancaq eyni zamanda bizim ordumuz daim Azərbaycanı müdafiə etməyə, ərazimizi qorumağa və işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmalıdır. Azərbaycanın daxilində ictimai-siyasi sabitliyi pozan qüvvələrin qarşısı alınıbdır. Ancaq onlar hələ də öz çirkin əməllərindən əl çəkməyiblər. Xalqımız sayıq olmalıdır, xalqımız bilməlidir ki, biz müstəqil dövlət kimi öz taleyimizin, öz dövlətimizin sahibiyik və özümüz-özümüzü qorumalıyıq, xalqımızı qorumalıyıq, cəmiyyətimizi qorumalıyıq. Həmin cinayətkar qüvvələr öz bəd əməllərini yenə də davam etdirirlər. Dövlət çevrilişinin təşkilatçıları, dövlətimizə qarşı xəyanət əməllərinin təşkilatçıları qaçıblar, əvvəldən orada olan Mütəllibov, indi isə

həm də Surət Hüseynov, Rəhim Qazıyev, Azərbaycanı parçalamaq istəyən Əlikram Hümbətov, Vaqif Hüseynov və başqa cinayətkarlar Moskvada özlərinə sığınacaq tapıblar. Oradan yenə də Azərbaycanın dövlətçiliyinə xəyanət etmək istəyirlər, cürbəcür şayiələr yayırlar. Ancaq onlar bilməlidirlər ki, bizim xalqımız, dövlətimiz onların hamısına cavab verməyə qadirdir və onların bu çirkin əməlləri heç vaxt nəticə verməyəcəkdir. Çünki onlar Azərbaycan qarşısında xəyanətkardırlar və bir xəyanətkar kimi, cinayətkar kimi haqq-ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Onlar bunu nə qədər tez anlasalar, bəlkə cəzaları da bir o qədər yüngül ola bilər. Ancaq bu cinayətkar əməllərini davam etdirsələr, xalqımız heç vaxt onları bağışlamayacaqdır.

Mən hesab edirəm ki, biz 1994-cü ili başa çatdırarkən bunların hamısından nəticə çıxarmalıyıq. Nəticə də ondan ibarətdir ki, xalqımız, bütün vətəndaşlarımız bir olmalıdır, həmrəy olmalıdır. Azərbaycan Respublikası demokratik prinsiplər əsasında qurulur. Biz Azərbaycanda demokratik hüquqi dövlət qururuq. Demokratik cəmiyyət formalaşır. Bazar iqtisadiyyatı yolu ilə gedirik. Yəni Azərbaycan bir suveren dövlət kimi öz müstəqil yolu ilə gedir və dünya birliyində öz layiqli yerini tutmaq istəyir. Qeyd etdiyim kimi, 1994-cü ildə bu sahədə çox işlər görülüb, böyük nailiyyətlər əldə olunubdur. Ancaq qarşımızda hələ böyük vəzifələr, böyük çətinliklər, ağır yol durur. Bu yolu getmək üçün, bu çətinliklərə sinə gərmək üçün, bütün maneələri aradan qaldırmaq üçün, bütün məqsədlərimizə nail olmaq üçün xalqımızın birliyi, həmrəyliyi əsas şərtdir. Məhz xalqımızın birliyi, həmrəyliyi, dövləti qorumaq əzmi nəticəsində oktyabrın əvvəlində respublikamızda dövlət çevrilişi cəhdləri dəf olundu, cinayətkarların hərəkətlərinin qarşısı alındı. Mən əminəm ki, bu həmrəylik bundan sonra da olacaqdır.

Bizim həmrəyliyimiz ərazimizi etibarlı müdafiə etmək üçün, işğal olunmuş torpaqlarımızı azad etmək üçün lazımdır. Bu həmrəyliyimiz Azərbaycanın milli mənafeyinə cavab verən etibarlı xarici və daxili siyasət aparmaq üçün lazımdır. Bu həmrəyliyimiz Azərbaycanı ağır sosial-iqtisadi böhrandan çıxarmaq üçün lazımdır. Mən güman edirəm ki, Azərbaycanın hər bir vətəndaşı bu sahədə öz vəzifəsini başa düşür. Vəzifəmiz əl-ələ verib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaqdır, vəzifəmiz əl-ələ verib Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, işğal olunmuş torpaqlarımızı geriyə qaytarmaqdır. Vəzifəmiz əl-ələ verib Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək, onu əbədi etməkdən ibarətdir. Bunun üçün hamı sayıq olmalıdır. Bunun üçün hər kəs öz vəzifəsini, vətəndaşlıq borcunu layiqincə yerinə yetirməlidir. Mən əminəm ki, 1994-cu ilin böyük sınaqlarından keçən Azərbaycan xalqı, Azərbaycan vətəndaşları 1995-ci ildə qarşıda duran bütün vəzifələrin həll olunması üçün öz səylərini daha da sürətlə birləşdirəcək və biz bu vəzifələri layiqincə yerinə yetirə biləcəyik.

Həyatımız çətindir, ağırdır. Ancaq mən 1995-ci ilə böyük nikbinliklə baxıram. Ümidvaram ki, 1995-ci il Azərbaycan xalqı üçün, Azərbaycanın vətəndaşları üçün, bizim dövlətimiz üçün uğurlu il olacaqdır. Ümidvaram ki, 1995-ci ildə biz işğal edilmiş torpaqlarımızın azad olunmasına və ərazi bütövlüyümüzə nail olacağıq, qaçqınlar öz yerlərinə-yurdlarına qayıdacaqlar. Əminəm ki, 1995-ci ildə qarşımızda duran iqtisadi məsələlərin bir çoxu həll olunacaq və xalqımızın rifah halı yüksələcəkdir. Mən əminəm ki, 1995-ci ildə respublikamızın dünya miqyasında hörməti, nüfuzu daha da artacaq, müstəqilliyi daha da möhkəmlənəcəkdir. Mən buna əminəm və buna əsas verən də xalqımızın mə'nəvi kökləri, mənəvi dayaqları, tarixi keçmişi, ənənələri və qüdrəti, xalqın tarixi qəhrəmanlığı və bugünkü birliyidir. Mən bu birliyi çox yüksək qiymətləndirirəm.

Bu gün Dünya azərbaycanlılarının həmrəyliyi günüdür. Dünyanın bütün qitələrində - Avropada da, Asiyada da, Amerikada da, Afrikada da, Avstraliyada da azərbaycanlılar yaşayır. Tarix azərbaycanlıları bütün dünyaya səpələmişdir. Ancaq bizi sevindirən cəhət ondan ibarətdir ki, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız öz azərbaycanlılıq hissiyyatlarını, azərbaycanlılıq xüsusiyyətlərini qoruyub saxlamışlar və öz azərbaycanlılıq, milli hissləri ilə müstəqil Azərbaycana böyük ümidlə baxırlar, dövlətimizlə öz əlaqələrini möhkəmləndirirlər. Müstəqil Azərbaycan dövləti bütün Dünya azərbaycanlılarına öz hörmət və ehtiramını bildirir. Bu gün mən dövlətimiz adından bütün Dünya azərbaycanlılarını bu həmrəylik günü münasibətilə bir daha təbrik edirəm və onların hamısına bundan sonra daha çox həmrəylik diləyirəm. Üzümüzə gələn 1995-ci il münasibətilə sizin hamınızı bir daha təbrik edirəm.

Bizim torpaqlarımızı etibarlı qoruyan, sərhədlərdə sayıq duran, erməni işğalçıları ilə üz-üzə gələn ordumuzun əsgərlərini, zabitlərini təbrik edirəm, onlara birbaşa səngərlərə təbrik salamlarımı göndərirəm. Əsgərlərə, bütün sərhəd boyunca erməni işğalçıları ilə üzbəüz duran Azərbaycan vətəndaşlarına salam göndərirəm və ümidvar olduğumu bildirmək istəyirəm ki, onlar bundan sonra da Azərbaycan torpaqlarının müdafiəsində etibarlı duracaqlar və ölkəmizin ərazi bütövlüyünü, müstəqilliyini qəhrəmancasına qoruyacaqlar.

Altı il gedən müharibədə xalqımız şəhidlər veribdir. Bu gün, bu bayram axşamı şəhidlərin ruhu bizimlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərin ailələrinə Allah səbr versin. Mən şəhid ailələrinə Yeni il təbrikimi göndərirəm, onları təbrik edirəm. Əziz bacılar və qardaşlar, sizin övladlarınız, qardaşlarınız, ərləriniz qəhrəmancasına həlak olublar. Siz bununla fəxr edə bilərsiniz. Sizin qəminiz bizim qəmimizdir, sizin iftixarınız bizim iftixarımızdır. Biz fəxr edirik ki, Azərbaycan xalqının qəhrəman oğulları şəhid olmağa hazırdırlar və siz - bu şəhidlərin valideynləri, ailələri fəxr edirsiniz və daim fəxr edə bilərsiniz ki, Vətənimizi qorumaq üçün siz qurbanlar vermisiniz, Azərbaycan xalqı qurbanlar veribdir.

Altı il gedən müharibədə Azərbaycanın qəhrəman oğulları yaralanıb, şikəst olublar. Onların bəziləri indiyədək bu şikəstliyin əziyyətini çəkirlər, əlildirlər. Mən Yeni il münasibətilə onları xüsusi təbrik edirəm və üzümü onlara tutaraq deyirəm ki, sizin xidmətləriniz xalq, dövlət tərəfindən heç vaxt unudulmayacaqdır.

Bir milyondan artıq vətəndaşımız qaçqın vəziyyətindədir. Onların çoxu ağır şəraitdə, çadırlarda yaşayır. Qışın bu ağır vaxtında onların çətin yaşayışı bizi sıxır, qəlbimi incidir, məni narahat edir. Bilin, əlimizdən gələni edirik, şəxsən mən bütün imkanlarımdan istifadə edirəm ki, qaçqınların vəziyyəti yaxşılaşsın və əsas məqsəd qaçqınları öz yerlərinə, yurdlarına qaytarmaqdır. Mən bütün qaçqınları, çadırlarda yaşayan qardaş və bacılarımızı, həmvətənlərimizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Əgər 1995-ci ili çadırlarda, sığındığınız ayrı-ayrı yerlərdə qarşılayırsınızsa, əminəm ki, tez bir zamanda öz yer-yurdunuza, doğma ocaqlarınıza qayıdacaqsınız və bu əzab-əziyyəti unudacaqsınız.

Müstəqil Azərbaycan Respublikasının daxili ictimai-siyasi sabitliyini bizim hüquq-mühafizə orqanları qoruyur. Müstəqil dövlət kimi Azərbaycanın bir neçə ölkə ilə sərhədləri var. O sərhədləri indi biz özümüz qoruyuruq. Bu orqanlarda çalışan, əsgəri xidmət edən azərbaycanlılar şərəfli iş görürlər. İşlərində olan nöqsanlarla yanaşı, bunların xidmətləri təqdirəlayiqdir. Mən bu böyuk ordunu təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, onlar 1995-ci ildə öz işlərini daha da səriştə ilə, daha da cəsarətlə görəcəklər.

Bütün Azərbaycan xalqını bir daha təbrik edirəm. Hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm, bir daha əmin olduğumu bildirmək istəyirəm ki, 1995-ci il Azərbaycan üçün uğurlu il olacaqdır və biz əl-ələ verib bu yol ilə gedəcəyik, Azərbaycanın müstəqilliyini daha yüksəklərə qaldıracağıq. Sağ olun, xoşbəxt olun. Hər bir ailəyə, hər bir kəsə xoşbəxt həyat arzulayıram.

Yeni iliniz mübarək olsun!

1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə