Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə26/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   27

RESPUBLİKA MİLLİ QVARDİYASININ

QƏRARGAHINDA AZƏRBAYCANIN MİLLİ

QƏHRƏMANI ƏFQAN HÜSEYNOVUN

BÜSTÜNÜN AÇILIŞI MƏRASİMİNDƏ ÇIXIŞ
28 may 1995-ci il
Hörmətli bacılar və qardaşlar!

Hörmətli həmvətənlər, hörmətli dostlar!

Bu gün Azərbaycanın Respublika günüdür, bayram günüdür. Bu bayram münasibətilə sizi ürəkdən təbrik edirəm, hər birinizə səadət və xoşbəxtlik arzulayıram. Bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və xoşbəxtlik diləyirəm.

Bu bayram günündə biz buraya Azərbaycanın Milli Qəhrəmanı Əfqan Hüseynovun xatirəsini yad etmək üçün, onun qəhrəmanlığına hörmət və ehtiramın rəmzi olan büstünün açılması münasibətilə toplaşmışıq. Mən bu toplantıda iştirak etməyimdən çox məmnunam. Çox məmnunam ki, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canını qurban vermiş, şəhid olmuş Əfqan Hüseynovun büstünün açılması mərasimində iştirak etmək mənə nəsib olub.

Bu hadisə - Əfqan Hüseynovun büstünün açılması münasibətilə sizi təbrik edirəm. Ümidvar olduğumu bildirirəm ki, Milli Qəhrəman Əfqan Hüseynovun xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Bu büstün açılması bir daha nümayiş etdirir və etdirəcək ki, Azərbaycan xalqı əyilməzdir, yenilməzdir, qəhrəmandır. Əminəm ki, xalqımız öz ərazi bütövlüyünü təmin edəcək, öz torpaqlarını azad edəcək və Əfqan Hüseynov kimi qəhrəmanların qanı yerdə qalmayacaq.

Əfqan Hüseynovun həyat yolu haqqında burada onun müəlliməsi və silahdaşları çox gözəl danışdılar. Doğrudan da, Əfqan Hüseynovun həyatı çox ibrətamizdir. Azərbaycanda hər bir kəs belə bir həyat yaşaya bilsə, xoşbəxt olar. Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır. Əfqan Hüseynov kimi qısa bir ömür sürmüş insanın həyatı doğrudan da nümunədir, hər bir adam üçün ibrət məktəbidir, hər bir gənc üçün təcrübə, mənəviyyat mənbəyidir.

Əfqan Hüseynov orta məktəbin 8-ci sinfini bitirəndən sonra Azərbaycanda yaranan və bu gün bizim üçün daha böyük əhəmiyyətli olan C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuşdur. Oranı bitirdikdən sonra Bakıdakı ali hərbi məktəbə daxil olub, onu qurtardıqdan sonra isə hərbi xidmətdə olub, rütbələr alıb, öz əsgərlik, zabitlik borcunu şərəflə yerinə yetirib. Vətənimiz ağır vəziyyətə düşdüyü vaxt, Ermənistan silahlı qüvvələri ölkəmizə təcavüz etdiyi zaman, respublikamızın müdafiəsi zəruri olduğu bir dövrdə Əfqan Hüseynov fikirləşmədən, heç bir tərəddüd etmədən qəti qərar qəbul edib, cəbhəyə gedib, döyüşüb. Azərbaycan torpaqlarını - Füzulini də, Qubadlını da, Laçını da qorumaq uğrunda vuruşub və döyüşdə həlak olub, əbədiyyətə qovuşub. Bu, çox böyük və şərəfli yoldur.

Burada dedilər ki, Əfqan Hüseynov ailə qurub, övladı olub. Övladının bir ayı tamam olmamış həlak olub. Həqiqətən bu, yüksək vətənpərvərlik, vətəndaşlıq, qəhrəmanlıq nümunəsidir. Bax, bunlara görə Əfqan Hüseynovun qəhrəmanlığı, şücaəti, onun büstü qarşısında mən bu gün Azərbaycanın prezidenti kimi baş əyirəm. Allah ona rəhmət eləsin. Azərbaycanın belə qəhrəmanları, şəhidləri ilə butün xalqımız kimi mən də fəxr edirəm.

Əfqan Hüseynovun ailəsi, qohum-əqrəbası var, yəqin ki, onlar buradadırlar. Mən onlara minnətdarlığımı və təşəkkürümü bildirirəm ki, belə bir övlad yetişdiriblər, vətəndaş tərbiyə ediblər, bu ailədən belə bir insan çıxıb. Əfqan Hüseynovun qəhrəmanlığı və qəhrəmancasına şəhid olması həmin ailədəki mühiti əks etdirir. Mən onlara təşəkkür edirəm. Əfqan Hüseynovun ailəsinə, qohum-əqrəbasına cansağlığı, xoşbəxtlik arzulayıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövlətinin və xalqının qayğısı həmişə sizin üzərinizdə olacaqdır.

Siz övladınızı, doğma adamınızı itirmisiniz. Əfqan Hüseynov başqalarına nisbətən xeyli ucalıb. Siz də mənəviyyatca ucalmısınız. Bu, böyük sərvətdir. Bu, bütün dünyada olan sərvətlərin hamısından böyük sərvətdir. Hamımız bilməliyik ki, məhz bu cür sərvətlərə malik olan adamlar daim cəmiyyətimizin hörmət və ehtiramını qazanacaqlar. Bizim cəmiyyətdə məhz bu cür sərvətə malik olanlar ən zəngin adamlardır. Ona görə də belə insanlara, ailələrə mən daim hörmət etmişəm və hörmət edəcəyəm. Mən onlara bu gün də öz hörmət və ehtiramımı bildirirəm.

Bu gün biz Azərbaycan dövlətinin Milli Qvardiyasının qərargahındayıq. Milli Qvardiyanın şəxsi heyəti buradadır. Mən onların hamısı ilə görüşəcəyəm. Milli Qvardiya Azərbaycan dövlətçiliyinin qorunması, Azərbaycan dövlətçiliyinin rəmzi olan prezidentinin qorunması üçün yaradılıb. Milli Qvardiya öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir və əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da layiqincə yerinə yetirəcək. Milli Qvardiya xüsusi hərbi hissədir. Ancaq bizim artıq böyük milli ordumuz var. Ordumuz Azərbaycan torpaqlarının keşiyində durur. Milli ordumuz döyüşlər aparmış, qurbanlar, şəhidlər vermişdir.

Mən bu gün böyük iftixar hissi ilə demək istəyirəm ki, milli ordumuzun yaranması haqqında biz vaxtilə düşünmüşük. Nəinki düşünmüşük, on illər bundan əvvəl tədbirlər görmüşük yə onlar indi öz nəticəsini verir. Xatirimdədir, 1970-ci ildə, 25 il bundan öncə mən Azərbaycanda əvvəllər heç vaxt oxşarı, analoqu olmayan ixtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu təşəbbüsü o dövrdən artıq 25 il keçəndən sonra şəxsən özüm çox yüksək qiymətləndirirəm.

Mən belə bir addım atarkən, təşəbbüs irəli sürərkən, o vaxt Sovetlər İttifaqının çərçivəsində belə bir qeyri-adi qərar qəbul edərkən təkcə o günləri yox, Azərbaycanın gələcəyini düşünürdüm. Mən çox istəyirdim ki, Azərbaycanın milli ordusu olsun. Əgər o vaxt milli ordu yaratmaq mümkün deyildisə, Sovetlər İttifaqı ordusunun tərkibində Azərbaycanın güclü zabit korpusu, zabitləri olsun. Mən istəyirdim ki, Azərbaycan zabitləri Sovetlər İttifaqı ordusunun tərkibində özlərinə layiq yer tutsunlar, respublikamızın mövqeyini müdafiə etsinlər və Azərbaycanın təsirini bütün Sovetlər İttifaqına yaya bilsinlər. Mən istəyirdim ki, zabitlər korpusumuz olsun, çünki bu, Azərbaycanın gələcəyi üçün lazım idi. O vaxt bunu dərk edə bilməyən adamlar da, buna adicə bir hadisə, tədbir kimi baxanlar da indi yəqin artıq bilirlər ki, bu addımı atarkən nə qədər böyük uzaqgörənlik olmuşdur.

Deməliyəm ki, o vaxt biz məktəbi yaradanda onun əleyhinə Moskvadan, Sovetlər İttifaqının mərkəzindən çox etirazlar edirdilər. Buraya bir neçə dəfə komissiyalar göndərdilər, yoxladılar, bunun qeyri-qanuni olması barədə qərarlar çıxardılar. Təkliflər verdilər ki, mənim bu qərarım Sovetlər İttifaqında mövcud olan qərarlara ziddir, uyğun deyil, onu ləğv etmək lazımdır. O vaxt mənə deyirdilər ki, Suvorov adına, Naximov adına məktəblər var, əgər siz gənclərinizi, uşaqlarınızı, hərbi təhsilə cəlb etmək istəyirsinizsə bu məktəblərdən istifadə etmək olar, belə bir ixtisaslaşdırılmış hərbi məktəbin yaranması isə lazım deyil. Ancaq mən öz fikrimdən dönmədim. Heç bir təzyiq mənə güc gələ bilmədi. Mən tutduğum işi davam etdirdim. İxtisaslaşdırılmış bu hərbi məktəb - Azərbaycanın böyük sərkərdəsi, generalı Cəmşid Naxçıvanskinin adını daşıyan məktəb yaşadı, inkişaf etdi, kadrlar hazırladı.

İndi mən hərbi hissələrdə, döyüş bölgələrində, cəhbədə olarkən zabitlərlə rastlaşdım. Çoxları mənə yanaşır, xatırlayırlar ki, həmin C.Naxçıvanski adına hərbi məktəbdə oxuyublar, orada mənimlə görüşüblər. Doğrudan da mən həmin məktəbi nəinki yaratdım, hər il, bəlkə ildə bir neçə dəfə oranı ziyarət edirdim. O məktəbin yaşaması, maddi-texniki bazasının yaradılması, inkişaf etməsi, genişlənməsi üçün lazım olan bütün tədbirləri görürdüm, heç bir şeyi əsirgəmirdim. Ona görə də mən orada oxuyan və təhsil alan gənclərin hamısı ilə görüşmüşdüm. Elə bir gənc ola bilməz ki, onunla görüşməyim. Çünki mən oraya hər il gedirdim. Hər dəfə 13, 14, 15 yaşında oğlanlar orada hərbi paltarda, hərbi intizamla, əsgəri addımlarla bizim önümüzdən keçib gedəndə bəzən gözlərimdən yaş gəlirdi. Mən onlara baxdıqca düşünürdüm ki, nə qədər gözəl bir iş görmüşük və bu iş Azərbaycanın gələcəyi üçün nə qədər lazımdır!

İndi, 25 il keçəndən sonra biz bunun nəticələrini görürük, hər yerdə görürük. Bu hərbi məktəbin hazırladığı, yetirdiyi, təhsil, tərbiyə verdiyi Əfqan Hüseynov sonra Ali Hərbi Məktəbdə öz təhsilini davam etdirib, Azərbaycan xalqına sədaqətlə, mərdliklə, ləyaqətlə xidmət edib, torpaqlarımızın müdafiəsi üçün döyüşüb, yaralanıb, son nəfəsinədək vuruşub və cəbhədə həlak olub.

Ona görə də mən bu gün çox böyük həyəcan keçirirəm. Bilirsiniz, bu görüşlər məndə yeni-yeni çox xoş hissiyyatlar yaradır. Məni bir tərəfdən sevindirir, ancaq insanların həlak olması məni kədərləndirir. Eyni zamanda bu, həyatımızın reallığıdır.

Biz müstəqil Azərbaycan Respublikası qururuq. Dövlətimizi, torpaqlarımızı qorumaq lazımdır. Torpaqlarımızı qorumaq üçün şübhəsiz ki, şəhid də verməliyik. Əgər qan tökülməsə Vətən vətən deyil. Şəhid olmasa o Vətən müstəqil dövlət ola bilməyəcək. Bunlar təbiidir. Hər bir itki, hər bir vətəndaşımızın şəhid olması qəlbimizi sıxır, bizdə kədər hissi doğurur. Eyni zamanda şəhidlik səviyyəsinə çatmış insanların qəhrəmanlığı bizdə qürur hissi, iftixar hissi doğurur.

Mən çox sevinirəm ki, gənc nəslimiz bu əhval-ruhiyyədə tərbiyə olunur. Burada Əfqan Hüseynovun müəlliməsi çıxış etdi. Çox gözəl danışdı. Mənəviyyatca nə qədər zəngin insandır! Məktəb belə məktəbdir, belə insanlar tərbiyə edir. Məni ən çox sevindirən, eyni zamanda, sizə açıq deyirəm, çox kövrəldən qızların buradakı çıxışları oldu. Şübhəsiz ki, Əfqan Hüseynova həsr olunan şerlər çox məzmunludur, təsirlidir. Sağ olsun məktəb, sağ olsun bu şerləri yazanlar! Demək, onlar Vətən qayəsi ilə, hissiyyatları ilə yaşayırlar, şəhidlərimizi unutmurlar. Burada qızlar necə böyük qəlblə, hissiyyatla şerlər söylədilər, dedilər! Onlar bu sözləri bizə adicə çatdırmadılar, öz daxili hissiyyatlarını bizə nümayiş etdirdilər. Nə qədər gözəldir, nə qədər təsirlidir, nə qədər sevindiricidir! Balaca bir qız ingilis dilində şer deyir və onu nə qədər ürəkdən, nə qədər candan, nə qədər hissiyyatla deyir! Bilirsiniz, bu məni sevindirir. Bu, hər birimizdə yeni-yeni hissiyyatlar yaradır. Bu onu sübut edir ki, Azərbaycan xalqı dərin mənəviyyata malik xalqdır, qəhrəman xalqdır. Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini qoruyacaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır.

Bu onu göstərir ki, biz Vətənimizin ərazi bütövlüyünü təmin etməyə qadirik. Torpaqlarımızı azad edəcəyik. Torpaqlarımızdan didərgin düşmüş vətəndaşlarımız, soydaşlarımız öz yerlərinə, yurdlarına, elinə-obasına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tamamilə bərpa olunacaq, qorunacaq, saxlanılacaqdır. Bunu birinci növbədə biz özümüz edəcəyik. Öz qüdrətimizlə, zəkamızla, ağlımızla, diizgün siyasətimizlə və xalqımızın iradəsi, qəhrəmanlığı ilə edəcəyik. Əziz bacılar və qardaşlar, əziz həmvətənlər, sizinlə birlikdə edəcəyik. Biz bu çətinliklərdən sizinlə birlikdə çıxacağıq. Sizinlə birlikdə Azərbaycan Respublikasının suverenliyini, müstəqilliyini təmin edəcəyik.

Bayram münasibətilə, Əfqan Hüseynovun büstünün açılması münasibətilə sizi bir daha təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

"VƏTƏNƏ, DÖVLƏTƏ, XALQA SƏDAQƏT

ANDI" MİNİATÜR KİTABININ

TƏQDİMAT-SƏRGİSINDƏ ÇIXIŞ
M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası
3 iyun 1995-ci il
Hörmətli xanımlar və cənablar, hörmətli dostlar! Bu gün biz buraya -Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.

Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm. Bugünkü hadisə çox əlamətdardır. Burada Azərbaycanın miniatür kitablarının sərgisi keçirilir. Zənnimcə, biz Azərbaycanda belə bir sərginin ilk dəfə şahidi oluruq. Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın keçmişdə Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə məzmununa və formasına görə müxtəlif, çox maraqlı nəfis kitablar buraxılmışdır. Bu nəşrlər dünyanın bir çox ölkələrində də Azərbaycanı təmsil edir, onun haqqında biliklər verir. Ancaq Azərbaycanda miniatür kitab nəşrinin tarixi çox qısadır. Mən çox məmnunam ki, bu gün biz Azərbaycanda yazıçılarımızın, şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də görürük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiyyətdir. Bununla əlaqədar mən sərginin təşkilatçılarını, Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətini, buraya toplaşanları təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, bu iş, təşəbbüs gələcəkdə də davam etdiriləcəkdir.

Burada mənim Azərbaycan prezidenti vəzifəsinə başlayarkən andiçmə mərasimində nitqimin də miniatür nəşri nümayiş etdirilir. Bu gün həmin kitabı mənə təqdim etdilər. Mən buna çox məmnunam. Doğrudan da, mən nitqləri söyləyirəm, lakin bunların kitab şəklində çıxmasını o qədər də gözləmirəm, hesab edirəm ki, haradasa dərc olunur. Ancaq indi belə bir təşəbbüs göstərmişlər. Güman edirəm ki, ölkəmiz, respublikamız üçün, o cümlədən mənim üçün də çox əhəmiyyətli olan andiçmə mərasimində söylənilmiş nitq nəfis şəkildə buraxılmışdır və bu, mənim üçün də əlamətdar hadisədir. Bu işin təşəbbüsçülərinə, kitabı nəşr edənlərə - ilk növbədə Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətinə və onun rəhbəri Zərifə xanım Salahovaya təşəkkür edirəm. Eyni zamanda Amerikanın "Stark enterprayz" firmasının bu işdə fəaliyyətini, təşəbbüsünü qiymətləndirir və təşəkkürümü bildirirəm.

Burada Zərifə xanım xoş sözlər söylədi və arzularını bildirdi. Güman edirəm ki, bunlar bizim ümumi arzularımızdır və hamımız çalışmalıyıq ki, bu arzular yerinə yetsin, Azərbaycanda kitab nəşri inkişaf etsin, miniatür kitablar kolleksiyası da genişlənsin. "Stark" firmasının nümayəndəsi, həmvətənimiz cənab Nisanovun nitqində məni sevindirən cəhət ondan ibarətdir ki, Azərbaycan vətəndaşları, burada böyümüş, yaşamış, onunla bağlı olan insanlar Azərbaycanı unutmurlar və indi buradan uzaqlarda olsalar da, ölkəmizə kömək edir, Azərbaycanla əlaqələrini saxlayırlar.

Nisanovlar ailəsi Bakıda məşhur ailədir. Onlann bir neçə nəsli mənim xatirimdədir. Güman edirəm ki, siz də Nisanovlar ailəsindənsiniz. Mən bu ailənin keçmişini də bilir, onları tanıyıram. Indi belə başa düşdüm ki, Nisanovlardan biri Amerika Birləşmiş Ştatlarında yaşayır, ancaq doğma Vətəni kimi Azərbaycanı unutmamışdır və mənsub olduğu firma ilə bərabər ölkəmizə kömək edir, iqtisadi və başqa əlaqələr qurur. Mən bu təşəbbüsü bəyənir və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu iş davam edəcək, Azərbaycanda doğulub-böyümüş, indi ondan kənarda olan adamlar Azərbaycanı unutmayacaq, doğma Vətən kimi həmişə yad edərək ölkəmizlə əlaqələrini genişləndirəcəklər.

Bu, indi bizim üçün çox lazımdır. Çünki biz Azərbaycanı dünyaya açmışıq, indi Azərbaycanın həm ərazisi, iqtisadiyyatı, həm də intellektual potensialı dünya üçün açıqdır. Iqtisadi və ticarət əlaqələrimizdə tam açıqlığı təbliğ edirik və bunu genişləndirməyə çalışacağıq. Bayaq qeyd etdiyim addımlar, böyük olmasa da, xarici ölkələrlə, dünya iqtisadiyyatı, dünya mədəniyyəti ilə birləşməyə, əlaqələri inkişaf etdirməyə olan meyllərimizə kömək edir. Ona görə də mən bu təşəbbüsü bəyənir və güman edirəm ki, o, gələcəkdə də davam edəcəkdir.

Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram.

Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə, respublikamızın iqtisadiyyatında yaranmış çətinliklərlə əlaqədar və başqa ölkələrlə əlaqələrimizin məhdudlaşdığı bir vaxtda nəşriyyat işi də çox çətinliklərlə qarşılaşır. Bu, təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq, bunun üçün yeni-yeni yollar axtarmalıyıq. Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişikliklər prosesinin içindəyik. Keçmişdə nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox genişlənmişdi. İndi, dövlətin imkanları məhdudlaşdığı, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda, özəl bölməyə geniş imkanlar yaratmağa çalışdığımız və Azərbaycanda, kiçik də olsa, özəl bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün imkanlarını nəşriyyat işinin canlandırılmasına, inkişaf etdirilməsinə, xüsusən kitab nəşrinin genişləndirilməsinə cəlb etməli, yönəltməliyik;

Bu sahədə başqa ölkələrdə, xüsusən Rusiyada yaxşı təcrübə var. Məsələn, Rusiyada bəzi firmalar, şirkətlər uşaqlar, gənclər üçün, ümumiyyətlə cəmiyyət üçün, o cümlədən məktəblilər üçün lazım olan kitabların nəşrini öz üzərinə götürür, bu işə sponsorluq edirlər. Mən bir neçə nümunə ilə tanış oldum və deyə bilərəm ki, keçmişdəkindən də yaxşı kitablar buraxırlar.

İndi respublikamızda xeyriyyəçilik fəaliyyəti genişlənir. Arzu edərdim ki, bizim iş adamları, imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik fəaliyyəti göstərdikləri kimi, bu işdə kitabların yazılması və nəşri sahəsində də köməklərini əsirgəməsinlər. Zənnimcə, bu, xeyriyyəçilik sahəsində ən yaxşı iş ola bilər. Mən iş adamlarını buna dəvət edirəm. Şübhəsiz ki, dövlətin imkanlarından da daha səmərəli istifadə olunmalıdır. Ancaq, bayaq dediyim kimi, indi biz mülkiyyət formasını dəyişdiririk, bazar iqtisadiyyatı yolu ilə gedirik, özəl bölməyə geniş imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona görə də bunların hamısı ümummilli əhəmiyyət kəsb edən kitab nəşrinə səfərbər edilməli, cəlb olunmalıdır. Ümidvaram ki, belə də olacaqdır.

Buradakı sərgidə Azərbaycanın görkəmli yazıçı və şairlərinin, alimlərinin əsərlərinin miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd edirəm ki, bu, əlamətdar hadisədir. Yazıçı və şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz böyük potensiala malikdirlər. Onların indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu oynamışdır. Ancaq xalqımız Azərbaycanın elmi, mədəni potensialından, ümumiyyətlə intellektual potensialından bundan sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək etməliyik, şərait yaratmalıyıq.

Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına qalmalıyıq. Bilirəm ki, yazanlar və yazmaq istəyənlər çoxdur. Bu adamlar - alimlər, yazıçılar, mədəniyyət xadimləri yazdıqlarının bir çoxunu çap etdirə bilmirlər. Bu çətinliyi hamımız dərk etməliyik. Ancaq bununla kifayətlənmək olmaz. Hər bir çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bunu birlikdə axtarmalıyıq. Dövlət də bütün imkanlardan istifadə edəcəkdir. Ancaq ayrı-ayrı cəmiyyətlər, təşkilatlar, iş adamlarımız da bu işə qoşulmalıdırlar. Arzu edərdim ki, bu tövsiyənin əməli nəticələri olsun.

Bugünkü mərasim münasibətilə hamınızı bir daha təbrik edirəm. Belə hesab edirəm ki, bu, təkcə mənim nitqimin miniatür nəşrinin təqdimatına yox, ümumiyyətlə, respublikamızda miniatür kitabların sərgisinə həsr olunmuşdur. Bu sərgini təbrik edirəm və çox böyük məmnuniyyətlə onunla tanış olmaq istəyirəm.

Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli olan, ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona kitablar bağışlayacaqlar. Bilirəm, bizim bu kitabxananın çox böyük fondu var. Kitabxananın direktoru bu barədə məlumat verdi. Ancaq kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumat gətirir. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun. Vaxtilə biz bunu planlı şəkildə edirdik. Dövlət planı var idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf etdirmişdik və o, indi də fəaliyyət göstərir. Ancaq gərək indi buraya hərə öz payını versin. Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm.

Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən Səudiyyə Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq. Orada - İslam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxələrini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət kitabxanasına verirəm.

Hamınıza bir daha hörmət və ehtiramımı bildirirəm. Sizinlə, xarici ölkələrin burada iştirak edən nümayəndələri, səfirləri ilə görüşdüyümə görə məmnun qaldığımı qeyd edirəm. Sağ olun.



AŞURA GÜNÜ İLƏ ƏLAQƏDAR KEÇİRİLƏN

MƏRASİMDƏ ÇIXIŞ
Təzəpir məscidi
9 iyun 1995-ci il
Hörmətli bacılar, qardaşlar!

Azərbaycanın əziz övladları!

Bu gün müsəlmanlar üçün matəm, Aşura günüdür. Bu gün biz dinimizə, adət-ənənələrimizə sadiq olaraq Təzəpir məscidinə toplaşmışıq və haqq-ədalət yolunda şəhid olan Həzrət Hüseynin xatirəsini yad edirik. Bu münasibətlə mən sizə, bütün Azərbaycan müsəlmanlarına başsağlığı verirəm və hamınıza səbir diləyirəm. Allahdan onu diləyirəm ki, hər bir azərbaycanlıya, hər bir müsəlmana səbir versin.

Bu gün biz haqq yolunda şəhidliyin müqəddəs olduğunu qeyd edirik. Xalqımız əsrlər boyu özünün yaşaması, torpağının qorunması, haqq, ədalət üçün şəhidlər vermişdir. Son illərdə də Azərbaycan xalqı şəhidlər verir. Vətən, torpaq yolunda şəhid olan hər bir Azərbaycan vətəndaşı, müsəlman əbədiyyətə qovuşur, necə ki, bizim müqəddəs imamlarımız əbədiyyətə qovuşublar. Ona görə də biz bu tarixi günü qeyd edərkən, eyni zamanda şəhidlərin müqəddəsliyini qeyd edirik və onlara dua oxuyuruq.

Son illər xalqımız Ermənistanın təcavüzü ilə əlaqədar olaraq çox şəhidlər verib. Azərbaycanın qəhrəman övladları - oğlanları, qızları həyatlarını qurban veriblər, şəhid olublar. Biz bu gün onların ruhunu yad edirik. Onlar bizim bu günümüzün, gələcək nəsillərimizin həyatı üçün, Vətənimizin, torpaqlarımızın qorunması üçün şəhid olublar. Biz bu gün onların ruhuna dua oxuyuruq. Mən bu gün bütün şəhid ailələrinə Allahdan səbir diləyirəm, Allahdan bütün şəhidlərə rəhmət diləyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü, torpaqlarımızın bütövlüyü uğrunda mübarizəmiz müvəffəqiyyətlə sona çatacaq, şəhidlərimizin, verdiyimiz qurbanların xatirəsi qəlbimizdə əbədi yaşayacaq, ölkəmizin ərazi bütövlüyü təmin olunacaq, işğal olunmuş torpaqlarımız azad ediləcək, həmin torpaqlardan qaçqın düşmüş bacı və qardaşlarımız öz obasına, evinə, yerinə-yurduna qayıdacaqlar.

Bu gün, bu müqəddəs gündə siz də, biz də Allahdan bunu diləyirik. Bu gün şəhidlərin xatirəsini yad edərək Allaha dua edirik ki, xalqımıza daha da səbir, güc, qüdrət versin ki, torpaqlarımızın azad olunmasına, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsinə nail olaq, ölkəmiz azad bir dövlət kimi yaşasın.

İndi dinimiz azaddır. Hər bir azərbaycanlı, hər bir müsəlman öz dininə itaət etməkdə sərbəstdir. Bu Məhərrəmlik ayında, xüsusən son günlərdə dinimizə itaət, etiqad, məscidlərdə, o cümlədən bu gün Təzəpir məscidində keçirilən mərasim onu göstərir ki, müstəqil dövlətimizdə din azaddır və hər kəs öz vicdanının hökmünü, istəyini ifadə edə bilər. Xalqımızın belə azad, sərbəst şəraitdə yaşaması bizim üçün nailiyyətdir, eyni zamanda gələcəyimiz üçün böyük əsasdır.

Bu gün burada, sizin qarşınızda bir daha deyirəm ki, biz Azərbaycanın müstəqilliyi yolunda bundan sonra da çalışacağıq və var qüvvəmizi əsirgəməyəcəyik. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün bütün qüvvələrimizi cəmləyib müstəqil Azərbaycanı yaşadacaq, onun ərazi bütövlüyünü təmin edəcəyik. Müstəqil Azərbaycan Respublikası şəhidlərin, verdiyimiz qurbanların həyatının, yəni onların xatirəsinin əbədi olması üçün yaşamalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz bunların hamısını edəcəyik. Bunlara nail olmaq, bunları əldə etmək üçün biz Allaha dua edərək, bu gün öz müsəlmanlıq borcumuzu yerinə yetirərək, eyni zamanda birləşməli, əl-ələ verməliyik, xalqımızın birliyini, həmrəyliyini təmin etməliyik.

Allahdan bir daha rəhm diləyirəm. Allah şəhidlərə rəhmət eləsin. Mən Azərbaycanda xalqımızın, hər bir müsəlmanın dinə sərbəst etiqad etməsi imkanlarından məmnun olduğumu bildirmək istəyirəm.

Allah rəhmət eləsin.


1   ...   19   20   21   22   23   24   25   26   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə