Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə25/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   27

İKİNCİ BEYNƏLXALQ

"XƏZƏRNEFTQAZ-95"

SƏRGİ-KONFRANSININ AÇILIŞINDA ÇIXIŞ
Bakı İdman-Sərgi Kompleksi
23 may 1995-ci il
Hörmətli xanımlar, cənablar!

Hörmətli qonaqlar!

Azərbaycanda beynəlxalq "Xəzərneftqaz - 95" sərgisinin açılması münasibətilə sizi ürəkdən təbrik edirəm. Güman edirəm, biz hamımız dərk edirik ki, bu sərginin hazırlanması çox böyük kömək və fəaliyyət tələb edibdir. Ona görə də bu sərginin hazırlanmasında xüsusi xidmət göstərən "Spirhed eksibişnz LTD" şirkətinə, onun burada fəaliyyət göstərən icraçı direktoru xanım Süzan Krauça və Azərbaycan Respublikasının Ticarət-Sənaye Palatasına, onun rəhbəri Tatlıyevə təşəkkürümü bildirirəm.

Əmin olduğumu bildirmək istəyirəm ki, sərginin iştirakçıları buradan gələcək işləri üçün çox böyük mənfəətlər götürəcəklər. Güman edirəm ki, bu sərginin eksponatları və bu sərgi əsasında keçirilən konfranslar, ümumiyyətlə, burada aparılan işlər Azərbaycanın Xəzər dəniz neft-qaz yataqlarının istifadəsi üçün yeni bir addım olacaqdır.

Bildiyiniz kimi, bu, Azərbaycanda keçirilən ikinci belə beynəlxalq sərgidir. Ötən ilin mayında keçirilmiş sərgidən indiyədək biz bu sahədə böyük yol keçmişik və əminəm ki, həmin dövrdə baş vermiş yeni hadisələr bu sərgidə öz əksini tapıb.

Belə böyük neft-qaz sərgisinin Azərbaycanda keçirilməsi heç də təsadüfi hal deyildir. Azərbaycan, Bakı qədim zamanlardan neft, odlar diyarıdır. Azərbaycanda, Bakıda 150 il bundan əvvəl neftin sənaye üsulu ilə hasilatına başlanıbdı və bu müddətdə Azərbaycan nefti böyük və şərəfli yol keçibdir.

XIX əsrin ikinci yarısında Azərbaycanda neftin sənaye üsulu ilə istehsalında ilk işlər görülüb, Qərb ölkələrinin böyük neft şirkətləri burada fəaliyyət göstərib. Bu işlər XX əsrin əvvəlində də davam edib və beləliklə, ölkəmizdə böyük neft şənayesi yaranıb. Ondan sonrakı dövrdə Azərbaycan Sovetlər İttifaqı dövlətinin tərkibində olub və respublikamızın neft-qaz sənayesi, hasil olunan neft SSRİ kimi böyük bir dövlətin sənayesinin, iqtisadiyyatının inkişafında mühüm rol oynayıb.

Mayın əvvəlində biz İkinci dünya müharibəsinin başa çatmasının, Hitler faşizmi üzərində qələbənin 50 illik yubileyini geniş miqyasda - Londonda, Parisdə, Moskvada və dünyanın başqa ölkələrində bayram etdik. Qələbənin yarıməsrlik yubileyini keçirərkən biz böyük iftixar hissi ilə qeyd etdik ki, bu qələbənin əldə olunmasında Azərbaycan neftçilərinin, ölkəmizin neft sənayesinin böyük rolu olmuşdur. Bildiyiniz kimi, o zaman, o illərdə Sovetlər İttifaqı kimi böyük bir dövlətdə neft istehsalının 70 faizini Azərbaycan təmin edirdi. Demək, Hitler faşizmi üzərində qələbənin əldə olunmasında, cəbhənin neftlə təmin edilməsində Azərbaycan neftçilərinin xüsusi xidmətləri olmuşdur.

Azərbaycan Respublikası 1991-ci ildən öz müstəqilliyini əldə edib, müstəqil dövlət kimi yaşayır, özü öz taleyinin, öz sərvətlərinin sahibidir. Bunun əsasında biz respublikamızın neft yataqlarından, təbii sərvətlərindən, Xəzər dənizinin Azərbaycan sektorunda, ölkəmizin ərazisində olan neft yataqlarından istifadə edilməsində sərbəstik və sərbəst olaraq dünyanın böyük neft şirkətləri ilə əməkdaşlığa başlamışıq. Məhz buna görə də dünyanın iri neft şirkətləri, neft və qaz sənayesi ilə əlaqədar olan şirkətlər Azərbaycana böyük maraq göstərir, ölkəmizə gəlirlər. Biz burada əməkdaşlığa başlamışıq.

Bunların nəticəsidir ki, Azərbaycanda ikinci ildir belə gözəl, geniş miqyaslı və çox böyük əhəmiyyətli sərgi keçirilir. Bu il bu sərgidə 13 ölkəni təmsil edən, dünyanın neft və qaz sənayesi ilə əlaqədar olan 165-dən artıq çox nüfuzlu şirkətlər, elmi idarələr və başqa təşkilatlar iştirak edir. Bu, Azərbaycanın neft sənayesində, Xəzər dənizinin neft yataqlarından istifadə olunması sahəsində böyük və əlamətdar hadisədir.

Bu sərgiyə göstərilən marağı, onun əhəmiyyətini nümayiş etdirən amillərdən biri də odur ki, sərgiyə təkcə neft şirkətlərinin prezidentləri, rəhbərləri yox, bu şirkətlərin təmsil etdiyi böyük ölkələrin dövlət nümayəndələri də gəliblər və burada bizim aramızdadırlar, sərginin açılışında iştirak edirlər.

Mən Amerika Birləşmiş Ştatlarının sərgidə iştirak edən energetika naziri hörmətli xanım Hezl olirini, onun simasında Amerika Birləşmiş Ştatlarını, ABŞ-ın hörmətli prezidenti cənab Bill Klintonu salamlayıram.

Böyük Britaniyanın energetika naziri hörmətli cənab Timoti Eqqarı və onun simasında Böyük Britaniyanı, ölkənin baş naziri cənab Con Meycoru salamlayıram.

Türkiyə Respublikasının energetika naziri hörmətli cənab Veysəl Atasoyu, onun simasında Türkiyə Respublikasıın və Türkiyə Respublikasının prezidenti hörmətli Süleyman Dəmirəli və baş nazir Tansu Çilləri salamlayıram.

Norveçin energetika naziri hörmətli cənab Yens Stoltenberqi və onun simasında Norveç ölkəsini, baş nazir, hörmətli xanım Harlem Brundtlandı salamlayıram.

Qazaxıstan Respublikasının neft və qaz sənayesi nazirinin müavini hörmətli cənab Baltabəy Kuandıkovu və onun simasında Qazaxıstanı, onun prezidenti hörmətli Nursultan Nazarbayevi salamlayıram.

Həmin ölkələrin yüksək səviyyəli dövlət xadimlərinin bu sərgiyə gəlmələri, sərgiyə böyük diqqət göstərmələri münasibətilə onlara Azərbaycan Respublikasının prezidenti kimi öz hörmət və təşəkkürümü bildirirəm.

Bu sərgidə iştirak edən bütün neft və qaz sənayesi şirkətlərinin, elmi idarələrinin nümayəndələrini, rəhbərlərini səmimi qəlbdən salamlayıram və onlara bu sərgidə gördükləri işlərdə və gələcəkdə öz sahələrində görəcəkləri işlərdə böyük uğurlar arzulayıram.

Əminəm ki, bu sərgidə nümayiş etdirilən eksponatlar və burada aparılacaq işlər nəinki Azərbaycan ərazisində olan neft və qaz yataqlarından, Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarından, ümumiyyətlə, Xəzər dənizindəki bütün neft-qaz yataqlarından istifadə edilməsində çox faydalı olacaqdır. Ümidvar olduğumu bildirmək istəyirəm ki, biz bu işlərin müsbət nəticəsinin şahidi olacağıq. Böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, artıq bu sahədə mühüm işlər görülüb və onlar öz nəticələrini verib. Bildiyiniz kimi, bir neçə il ərzində aparılan gərgin danışıqlar nəticəsində 1994-cü il sentyabrın 20-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı üç neft yatağının müştərək istifadə edilməsi üçün respublikamızın Dövlət Neft Şirkəti ilə dünyanın böyük neft şirkətləri arasında müqavilə imzalanıb və bu müqavilə artıq əməli surətdə həyata keçirilir. Bu müqavilə qeyri-adi, nadir bir müqavilədir. Təsadüfi deyildir ki, onu "Əsrin müqaviləsi" adlandırırlar. Bu müqavilənin qeyri-adiliyi, nadirliyi ondan ibarətdir ki, o, on bir böyük neft şirkətinin birləşdiyi konsorsium əsasında yaranıb. Həmin şirkətlər dünyanın neft sənayesi sahəsində böyük nailiyyətlər əldə etmiş altı ölkəsini təmsil edir.

Bildiyiniz kimi, bu müqavilənin əldə olunması çox uzun, ağır və çətin yollardan keçib. Bu müqavilənin imzalanmasına, əldə edilməsinə mane olan qüvvələr də az deyildi. Ancaq müstəqil Azərbaycan Respublikası öz taleyinin, ərazisinin sahibi olduğu bir vaxtda, onun iradəsi nəticəsində, eyni zamanda konsorsiuma daxil olan şirkətlərin ölkəmizin neft sənayesində iştirakının gözəl perspektivlərini dərk etməsi, həmin şirkətlərin mənsub olduğu ölkələrin Azərbaycanla əməkdaşlığa göstərdikləri böyük maraq nəticəsində maneələrin hamısı aradan götürüldü və bu müqavilə imzalandı.

Qeyd etmək istəyirəm ki, müqavilə imzalandıqdan sonra da, indi də onun həyata keçirilməsinə mane olmaq istəyən qüvvələr, ayrı-ayrı dövlət dairələri var. Ancaq böyük məmnuniyyət hissi ilə demək istəyirəm ki, müqavilə imzalandıqdan sonra konsorsiumun yaratdığı rəhbər Beynəlxalq Əməliyyat Şirkəti çox fəal işləyir və ötən səkkiz ay müddətində xeyli iş görülüb. Hər halda, nəzərdə tutulan tədbirlərin hamısı vaxtında yerinə yetirilib.

Bu müqavilənin imzalanması və əməli surətdə həyata keçirilməsi bir daha sübut edir ki, müstəqil Azərbaycan Respublikası öz həyatını, siyasətini, iqtisadi siyasətini dünyanın təcrübədən keçirdiyi demokratik prinsiplər əsasında qurur və ölkəmiz, onun iqtisadiyyatı dünya ölkələri üçün açıqdır və bütün ölkələrlə bərabər hüquqlu, qarşılıqlı surətdə faydalı əməkdaşlıq etməyə hazırdır.

Mən bu gün bu fürsətdən istifadə edib müstəqil Azərbaycan Respublikasının daxili və xarici siyasəti haqqında öz fikirlərimi qısaca bir daha demək istəyirəm. Müstəqil Azərbaycan Respublikası günü-gündən, aybaay öz müstəqilliyini möhkəmləndirməyə çalışır, demokratik, hüquqi dövlət qurur, cəmiyyətin bütün sahələrində demokratik prinsiplərin bərqərar olmasına çalışır, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedir. Azərbaycan bütün xarici investisiyalar üçün açıqdır. Bu sahədə 1995-ci ildə bir çox mühüm tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu ilin payızında Azərbaycanda demokratik prinsiplər, çoxpartiyalı sistem əsasında yeni parlament seçkiləri keçiriləcəkdir. Müstəqil Azərbaycan Respublikasının ilk dəfə demokratik prinsiplər əsasında konstitusiyası qəbul ediləcəkdir. Müstəqil Azərbaycan dövləti daim demokratiya yolu ilə gedəcəkdir.

Biz iqtisadiyyatda bu prinsipləri həyata keçirərək neft və qaz sənayesində, iqtisadiyyatın digər sahələrində dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq etməyə xüsusi əhəmiyyət veririk. Bu sərgi də buna əyani sübutdur. Mən fürsətdən istifadə edib onu da demək istəyirəm ki, biz dünyanın bütün sülhsevər mütərəqqi dövlətləri ilə qarşılıqlı surətdə faydalı, ikitərəfli əlaqələr qurmaq əzmindəyik və bu sahədə bundan sonra da öz fəaliyyətimizi göstərəcəyik.

Bu baxımdan mən bu gün sərgidə iştirak etməyə gələn dövlətlərin nümayəndələri vasitəsilə həmin ölkələrə, dövlətlərə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasına göstərdikləri marağa görə, bu çətin, ağır dövrümüzdə ölkəmizi dəstəklədiklərinə görə onlara minnətdarlığımı bildirirəm.

Mən qeyd etdim ki, 1994-cü ilin sentyabrında imzalanmış müqavilə artıq müvəffəqiyyətlə həyata keçirilir. Ancaq buna mane olmaq istəyən qüvvələr, ayrı-ayrı dövlət dairələri də olmuşdur. Güman edirəm ki, onlar səhv edirlər. Çünki belə bir gözəl, dünya standartlarına uyğun olan müqavilənin həyata keçirilməsinə sevinmək lazımdır. Mənə elə gəlir ki, həmin müqaviləyə mane olmaq heç bir çərçivəyə sığışa bilməz. Mən əmin olduğumu bildirmək istəyirəm ki, konsorsiumda iştirak edən dünyanın böyük neft şirkətləri və həmin şirkətlərin mənsub olduğu dövlətlər - biz hamımız birlikdə bu maneələri aradan qaldıra biləcəyik. Mən buna əminəm. Müqavilə 30 il müddətinə bağlanmışdır. Biz bu yolu birlikdə keçəcəyik və heç şübhə etmirəm ki, bu 30 il müddətində yeni-yeni müqavilələr meydana çıxacaq, Azərbaycanın neft sənayesi inkişaf edəcək, Xəzər dənizindəki yataqlardan faydalı surətdə istifadə olunacaqdır.

Son zamanlar, xüsusən neft müqaviləsi imzalandıqdan sonra Xəzər dənizinin statusu haqqında məsələlər ortaya atılmışdır və bəzi dövlətlər çox cidd-cəhdlə bu məsələnin müzakirə olunması barədə təklif irəli sürürlər. Biz buna heç vaxt etiraz etməmişik və etmirik. Xəzər çox nadir bir dənizdir. Onun çox böyük təbii sərvətləri var. Bu sərvətlər təkcə dənizin təkindəki neft və qaz yataqlarından ibarət deyildir. Xəzərin bioloji sərvətləri də zəngindir. Bundan əlavə, gəmiçilik üçün geniş imkanları var. Şübhəsiz ki, bu məsələlər kompleks şəkildə müzakirə oluna bilər və biz buna tam tərəfdarıq. Dünya yaranandan bəri Xəzər dənizi də var, əsrlər boyu ondan istifadə edilmişdir. Ancaq təəccüb doğuran cəhət bundan ibarətdir ki, Xəzər dənizinin statusunun müəyyən edilməsi məsələsi məhz Azərbaycan neft müqaviləsini imzaladıqdan sonra meydana atılmışdır.

Bildirmək istəyirəm ki, Xəzər dənizində neft yataqlarını ilk dəfə Azərbaycan alimləri, mütəxəssisləri, geoloqları kəşf etmişlər. Bu işə ilk dəfə XX əsrin 20-ci illərində başlanmışdı. 45 il öncə, 1949-cu ildə Azərbaycan alimlərinin, mütəxəssislərinin və geoloqlarının böyük fəaliyyəti nəticəsində Xəzər dənizində - "Neft Daşları"ında ilk dəfə quyu qazılmış və neft fontan vurmuşdur. O vaxtdan indiyə qədər Azərbaycan neftçiləri Xəzərdən neft çıxarırlar. Xəzər dənizinin təkcə Azərbaycan sektorunda deyil, digər hissələrindəki neft və qaz yataqları da Azərbaycan alimləri, neftçiləri tərəfindən kəşf olunmuşdur. Vaxtilə Xəzər dənizi iki dövlətə - Sovetlər İttifaqına və İrana məxsus idi. İndi isə Xəzəryanı ölkələr Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan ibarətdir və Sovetlər İttifaqı dövründən hərənin özünəməxsus sektoru var. Biz özümüzə aid olan sektorda fəaliyyət göstəririk, başqa hissələrdə yerləşən və vaxtilə istifadə etdiyimiz neft yataqlarından uzaqlaşmışıq. Biz bütün beynəlxalq normalara, Xəzər dənizindən istifadə olunmasına dair yaranmış praktikaya, ənənəyə riayət edirik. Xəzərin statusunun qarşılıqlı anlaşma yolu ilə, bərabər hüquqlu zəmində Xəzəryanı dövlətlərlə müzakirə olunmasına hazırıq.

Alimlərimiz, mütəxəssislərimiz Xəzərin Azərbaycan sektorunda daha böyük neft və qaz yataqları kəşf etmişlər. Biz həmin yataqların da istifadə olunması üçün dünyanın iri şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq. Bir daha qeyd edirəm ki, Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən hər bir ölkə və şirkətlə əməkdaşlığa hazırıq.

Əmin olduğumu bildirmək istəyirəm ki, bu sərgi ənənəvi xarakter daşıyacaq, burada hər il belə sərgilər keçiriləcək və bütün bunlar təkcə Azərbaycanın deyil, Xəzəryanı dövlətlərin hamısının neft və qaz yataqlarının işlənməsi üçün çox əhəmiyyətli olacaqdır.

Sərginin işinə uğurlar diləyir, burada iştirak edən şirkətlərin hamısına öz fəaliyyətlərində müvəffəqiyyətlər arzulayır, buraya toplaşan iş adamlarını, alimləri bir daha salamlayır, hamınıza hörmət və ehtiramımı bildirirəm. Sağ olun!

RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ

KEÇİRİLƏN TƏNTƏNƏLİ YIĞINCAQDA NİTQ
Respublika Sarayı
27 may 1995-ci il
Hörmətli həmvətənlər, bacılar və qardaşlar!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Sizi, Azərbaycan xalqını, bütün Azərbaycan vətəndaşlarını bu bayram - Respublika günü münasibətilə ürəkdən təbrik edir, ölkəmizə sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayıram.

Yetmiş yeddi il öncə, 1918-ci il mayın 28-də ilk dəfə Azərbaycan torpağında Azərbaycan Demokratik Respublikası yarandı. Bu, tarixi bir hadisədir. Azərbaycan Demokratik Respublikasının yaranması əsrimizin əvvəlindən Azərbaycan xalqında, onun mütəfəkkir insanlarında oyanmış müstəqillik, milli azadlıq ideyalarının, arzularının, istəklərinin həyata keçirilməsi idi.

Azərbaycan Demokratik Respublikası gərgin bir tarixi dövrdə yaranmışdır. Çar üsul-idarəsi devrildikdən, Rusiya imperiyası dağıldıqdan sonra Rusiyanın ərazisində gedən proseslər cürbəcür dəyişikliklər meydana çıxarmışdı və bunların nəticəsində də Azərbaycanda demokratik respublika yaranmış, Azərbaycanı müstəqil bir dövlət kimi tanıtmaq imkanı olmuşdur. Demokratik respublikanın yaranması Azərbaycanın müstəqilliyini ilk dəfə olaraq dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının öz dövlətçiliyinə nə qədər bağlı olduğunu əks etdirdi.

Azərbaycan Demokratik Respublikasının ömrü az oldu. İyirmi üç aydan sonra o, süqut etdi. Ancaq demokratik respublikanın yaranması, mürəkkəb tarixi proseslər içərisində görülən işlər xalqımızın gələcək həyatında, tarixində böyük iz buraxdı. Azərbaycan Demokratik Respublikası ilk dəfə milli azadlıq, müstəqillik toxumlarını bütün Azərbaycana səpdi. Bu toxumlar uzun müddətdən sonra cücərdi, boy atdı və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən öz dövlət müstəqilliyini əldə etdi. Ona görə də Azərbaycan Demokratik Respublikasının fəaliyyəti ölkəmizin, xalqımızın tarixində parlaq bir səhifədir və biz bu günü bayram kimi - Respublika günü kimi qeyd edirik. Biz o günlərə, aylara, o dövrə böyük hörmət və ehtiram bəsləyirik.

Bu gün, Respublika günü bayramında Azərbaycanda ilk demokratik respublikanın yaradılmasında fəaliyyət göstərənlərin hamısını, xüsusən Azərbaycan Demokratik Respublikasının başçıları Məmməd Əmin Rəsulzadəni, Fətəli xan Xoyskini, Əlimərdan bəy Topçubaşovu, Nəsib bəy Usubbəyovu və başqalarını böyük hörmət və ehtiramla, minnətdarlıqla yad edirik. Onların fəaliyyəti, gördüyü işlər xalqımızın xatirəsində əbədi yaşayacaqdır.

Demokratik respublika süquta uğrayandan sonra xalqımız yetmiş illik bir dövr yaşamışdır. Bu dövr XX əsrin çox hissəsini təşkil edir, Azərbaycan xalqının tarixinin böyük bir dövrüdür. Həmin dövr təkcə Azərbaycan üçün yox, keçmişdə Rusiya imperiyasına, sonra isə Sovetlər İttifaqına daxil olan bütün xalqlar, bütün respublikalar üçün mürəkkəb, ağır, çətin ictimai-siyasi proseslər, dəyişikliklər dövrü olmuşdur. Biz bu dövrü də yaşamışıq. Bu dövrün ziddiyyətləri də var, böyük bəhrələri, müsbət nəticələri də var. Bu, bizim tariximizdir, Azərbaycan xalqının bir neçə nəslinin yaşadığı, qurub-yaratdığı bir dövrdür. Biz bunu həmişə qiymətləndirməliyik, daim dərk etməliyik.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Demokratik Respublikasının süqutundan sonra ölkəmiz kommunist hakimiyyəti altında yaşamışdır. Ancaq 1920-ci il aprelin 28-dən 1922-ci il dekabrın 30-dək olan müddətdə də Azərbaycan müstəqil respublika olmuşdur. O zaman müstəqillik tam deyildi, məhdud idi, kommunist rejiminin təsiri altında idi. Amma hər halda, Azərbaycan müstəqil olmuşdur. Bunu da qeyd etmək lazımdır. Heç vaxt unutmaq olmaz ki, ilk dəfə, 1918-ci ildə Azərbaycanda yaranmış demokratik respublika demokratik dövlət kimi süqut etsə də, respublika yaşamışdır. O vaxtdan bəri bizim respublikamız yaşayır. 1922-ci il dekabrın 30-da Sovetlər İttifaqı yaranana qədər Azərbaycan Respublikası müstəqil fəaliyyət göstərmişdir. Doğrudur, o vaxt kommunist ideologiyası tətbiq olunurdu, çox gərgin proseslər, dəyişikliklər gedirdi. O vaxt xalqımızın həyatı çox ağır idi, repressiyalar, çətinliklər dövrü idi. Amma eyni zamanda respublikamız olmuşdur. Respublikamızda vicdanlı, namuslu, xalqını sevən insanlar olmuş, onlar bu çətin dövrdə respublikanı yaşatmışlar.

Sonra isə, dediyim kimi, Azərbaycan Sovetlər İttifaqının tərkibində idi. Bu dövrdə də respublikamız olmuşdur. Həmin dövrdə Azərbaycan müstəqil deyildi, müstəqil surətdə xarici əlaqələr yaratmaq imkanı yox idi. Ancaq respublikamız, onun parlamenti, dövlət bayrağı, dövlət himni var idi. Bir sözlə, respublikamızın dövlətçiliyi olmuşdur. Yəni 1918-ci ildə yaranmış dövlətçilik, ideologiya dəyişikliyinə baxmayaraq, yaşamış, davam etmiş yə nəhayət, 1991-ci ilin sonunda dünyada və o vaxt Sovetlər İttifaqında gedən tarixi, ictimai-siyasi proseslər nəticəsində SSRİ dağıldığına görə Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdi. 1991-ci ilin oktyabrında dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilmiş, həmin il dekabrın 30-da referendum keçirilmiş və Azərbaycan müstəqil dövlət kimi dünyaya elan olunmuşdur.

O vaxtdan indiyədək biz müstəqil dövlət kimi yaşayırıq. Azərbaycanın müstəqilliyi beynəlxalq aləmdə tanınmış, dünya dövlətləri tərəfindən qəbul edilmişdir. Azərbaycan beynəlxalq təşkilatların əksəriyyətinin üzvüdür, Birləşmiş Millətlər Təşkilatına daxildir. Bir çox ölkələrlə qarşılıqlı surətdə faydalı əlaqələr yaradılmışdır. Dünyanın bir çox ölkəsi ilə bizim diplomatik münasibətlərimiz var. Bir çox böyük dövlətlərlə dövlətlərarası müqavilələr, sazişlər imzalanmışdır. Azərbaycan müstəqil dövlət kimi yaşayır, yaşayacaq və bu gün - Respublika günündə mən bir daha bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır.

Azərbaycanın dövlət müstəqilliyi dövrü ağır, çətin bir dövrdür. Bunun səbəbləri məlumdur: bir tərəfdən Azərbaycana qarşı Ermənistanın yeddi il davam edən təcavüzü, ikinci tərəfdən ölkədə gedən ictimai-siyasi proseslər, iqtisadiyyatda, sosial həyatda, dövlət quruculuğunda zəruri olan dəyişikliklər. Bütün bunlar keçmiş Sovetlər İttifaqına daxil olmuş, indi müstəqil dövlət kimi yaşayan respublikaların hamısında çətin bir böhran dövran yaratmışdır. Biz bu dövrü yaşayırıq, bu dövrü keçirik və keçməliyik. Əgər bu dövrü keçməsək, istədiyimizə naıl ola, müstəqil dövlət kimi daim yaşaya bilməyəcəyik.

Eyni zamanda qeyd etmək lazımdır ki, bizim müstəqil dövlət kimi yaşamağımız üçün keçmişdə, yəni əsrin 20-ci ilindən indiyə qədər Azərbaycanın keçdiyi tarixi yol ölkəmizin bugünkü müstəqilliyinin əsasını yaratmışdır. Bunu mütləq qeyd etməliyik, heç vaxt unutmamalıyıq. Tarkimizə heç vaxt xor baxmamalıyıq, tariximizi qiymətləndirməliyik, kiçik bir müsbət hadisəni də unutmamalıyıq. Çünki tariximiz zəngindir, eyni zamanda çox əzab-əziyyətli tarixdir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. Öna görə də tarixi təhrif etmək xəstəliyi, - bu, keçən dövrə qədər bizdə var idi və təəssüflər olsun, indi də mövcuddur, - aradan götürülməlidir. Biz bundan xilas olmalıyıq. Tariximizin hər bir səhifəsi - istər lap qədim dövrə, orta əsrlərə, istərsə də XIX əsrə, XX əsrə aid olsun, - bizim üçün qiymətlidir.

Biz XX əsrin son illərini yaşayırıq. Əsrin əvvəlinə nəzər salsaq, o vaxtdan başlayan proseslər, milli azadlığa, müstəqilliyə yönəldilmiş proseslər ancaq və ancaq XX əsrin sonunda müəyyən qədər məqsədə yetmək səviyyəsinə gəlib çatmışdır. Görürsünüz, bunlar asan deyil, ağır, çətin proseslərdir. Ona görə də tariximizə hörmətlə, ehtiramla yanaşmaq lazımdır. Bu baxımdan Azərbaycanda müstəqil dövlətçilik əldə olunana qədər keçilən tarixi yol şərəfli, böyük yoldur. Şübhəsiz, bu yolun qara səhifələri, repressiya dövrü, insan azadlıqlarının məhdudlaşdırılması, bu azadlıqların insanların əlindən alınması, adamların böyük əzab-əziyyətlərə salınması dövrü də var. Bunlar da unudula bilməz. Biz bunları da yadda saxlamalıyıq ki, həyatımızda bir də təkrar olunmasın.

Ancaq bu dövrün parlaq səhifələri, mərhələləri, gözəl nəticələri də var. Bunları da heç vaxt unuda bilmərik. Xalqımız bu dövrdə - XX əsrin əvvəlindən indiyədək çox şərəfli bir yol keçmişdir. Bu yol da ondan ibarətdir ki, xalqımızın mədəni, təhsil səviyyəsi artmış, mədəniyyətimiz yüksəlmiş, elmimiz, böyük iqtisadi potensialımız yaranmışdır. Xalqımızın həyat tərzində, dünyagörüşündə böyük dəyişikliklər əmələ gəlmiş, böyük bir siyasi-ictimai proses başlanmışdır. Bunlar hamısı keçdiyimiz dövrün, onun mərhələlərinin bəhrəsi, nəticəsidir. Bu gün çox şey demək olar. Ancaq bayram günüdür, hamısını deməyə ehtiyac yoxdur. Onu demək lazımdır ki, respublikamızın bütün əhalisi, vətəndaşları savadlıdır, böyük bir hissəsi ali təhsillidir. Universitetlər, ali məktəblər fəaliyyət göstərir. Əgər 1919-cu ildə Azərbaycanda ilk universitet yarandısa sonrakı dövrlərdə onlarca ali və orta ixtisas məktəbləri, ümum-təhsil məktəbləri yarandı. İnsanlarımız təhsil aldı, elmə, mədəniyyətə bağlandı. Biz bu il Azərbaycan Elmlər Akademiyasının 50 illik yubileyini qeyd edirik. Bu, dərin iftixar hissi doğurur ki, Azərbavcanın böyük elmi yaranmışdır. Bu elm dünya elmi sırasında özünəməxsus yer tutmuşdur. Azərbaycanın dünyada tanınmış alimləri yaranmış, onlar dünya elminə, mədəniyyətinə böyük töhfələr vermiş, bunları zənginləşdirmişlər.

Azərbaycanın mədəniyyəti öz milliliyini saxlayaraq, bu zəmin əsasında klassik mədəniyyət səviyyəsinə gəlib çatmışdır. Ədəbiyyatımız, incəsənətimiz - rəssamlıq, heykəltəraşlıq məktəbimiz, musiqimiz, teatr mədəniyyətimiz dünya səviyyəsində yüksək zirvələrə qalxmışdır. İndi biz müstəqillik əldə etdikdən, sərhədlərimiz açıldıqdan sonra, xalqımız bütün ölkələrə azad, asudə gedib-gəlmək imkanı qazandıqdan sonra müqayisə edə bilir və görürük ki, harada nə var və Azərbaycanın elmi, xalqımızın təhsil səviyyəsi, mədəni səviyyəsi - bir sözlə, Azərbaycanın mədəniyyəti hansı səviyyədədir. Bunlar hamısı böyük iftixar hissi doğurur. Bütün bunlar milli sərvətimizdir, Azərbaycan Respublikasının dövlət müstəqilliyini təmin etmək üçün, müstəqil dövlət kimi yaşamağımız üçün böyük zəmindir.

O dövrlərdə yaranmış iqtisadi potensial da bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Güman edirəm ki, biz müstəqilliyimizi tam bərqərar etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqdır.

Ancaq müstəqillik əldə etdiyimiz gündən indiyə qədər biz böyük iqtisadi, sosial, siyasi böhran içərisində yaşayırıq. Bunu da deməli, etiraf etməliyik. Ona görə deməliyik ki, bu dövrü birlikdə, əl-ələ verərək müvəffəqiyyətlə keçməyə nail ola bilək. Bu böhranın səbəbi bir tərəfdən Ermənistanın Azərbaycana qarşı təcavüzü, ikinci tərəfdən isə ölkəmizin daxilində gedən ictimai-siyasi proseslər, iqtisadiyyatdakı zəruri dəyişikliklər, eyni zamanda, şübhəsiz ki, daxili həyatımızda olan bəzi qarışıqlıqlar və bu qarışıqlığı salmaq istəyən bəzi qüvvələrdir. Bunlar hamısı bu günümüzün reallığıdır.

Ancaq mən bu bayram günündə tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı keçmişdə bütün böyük sınaqlardan çıxdığı kimi, bu sınaqlardan da çıxacaq, bu dövrü də yaşayacaqdır, nə qədər itkilər, qurbanlar vermiş olsaq da, bu dövrü müvəffəqiyyətlə keçəcəyik və xalqımız geniş müstəqillik yolu ilə irəliyə gedəcəkdir. Mən buna tam əminəm və bu gün bunu bir daha bəyan edirəm.

Bizim ən böyük problemimiz Ermənistanın təcavüzüdür. Bu təcavüz bizə böyük bəlalar gətirmişdir, böyük itkilər, şəhidlər vermişik. Azərbaycanın qəhrəman, cəsur oğulları öz Vətənini, torpağını qoruyaraq həyatlarını qurban vermişlər. Bir ildən çoxdur ki, atəş kəsilmişdir. Bu, bizim apardığımız siyasətin, danışıqların, beynəlxalq təşkilatlarla gördüyümüz işin, böyük dövlətlərlə əlaqələrimizin və onlarla apardığımız işlərin nəticəsidir. Bu, müsbət haldır və biz onu qiymətləndirməliyik. Ancaq xalqımızın verdiyi şəhidləri heç vaxt unuda bilmərik. Torpaqlarımızın müdafiəsi, suverenliyimiz, milli müstəqilliyimiz, dövlət müstəqilliyimiz uğrunda həyatlarını qurban vermiş adamları heç vaxt unutmamışıq və unuda bilmərik. Onların xatirəsi bu gün də qəlbimizdədir, onların ruhu bu gün də bizimlədir. Bu gün, bu bayram günündə də rica edirəm ki, Azərbaycan dövlətinin, torpaqlarımızın müdafiəsində canlarından keçmiş oğullarımızın, vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bir il davam edən atəşkəs onu sübut edir ki, Ermənistan ilə Azərbaycan arasındakı münaqişəni sülh yolu ilə həll etmək mümkündür. Biz bu yolla gedirik. Hərbi əməliyyatların bir daha başlanmasını istəmirik, sülh yolu ilə gedirik. Doğrudur, bu, bizim üçün ağır, çətin yoldur. İtkilər vermişik, ərazimizin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazilərdən zorla qovulmuş bir milyondan artıq vətəndaşımız, soydaşlarımız qaçqın vəziyyətindədir. Çoxları çadırlarda yaşayır, ağır həyat tərzi keçirir. Bunlar hamısı bizim üçün ağır yaradır, sızıldayan, qaysaqlanmayan yaradır. Bu yaralarla yaşayırıq.

Ancaq bütün bu çətinliklərə, itkilərə, bizə dəymiş zərərlərə baxmayaraq, biz sülhsevər millət, xalqıq. Biz yenə də məsələni sülh yolu ilə həll etmək, danışıqlar aparmaq, bunları davam etdirmək istəyirik. Bu sahədə öz tərəfimizdən lazımi addımlar atmışıq və yenə atırıq.

Bilirsiniz ki, bu məsələnin həll olunması üçün keçən ilin dekabrında ATƏT-in Budapeşt Zirvə toplantısı ATƏT çərçivəsində danışıqlar aparılması, Minsk qrupunun fəaliyyəti haqqında qətnamə qəbul etmişdir. Minsk qrupunun fəaliyyəti nəticəsində Böyük Sülh Sazişinin əldə olunması nəzərdə tutulmuş və bundan ötrü münaqişə zonasına çoxmillətli beynəlxalq sülhü mühafizə qüvvələrinin göndərilməsi qərara alınmışdır. Minsk qrupu çərçivəsində danışıqlar gedir. Moskvada danışıqların bir mərhələsi başa çatmışdır, kiçik də olsa, müəyyən bir irəliləyiş var. Müəyyən ümidlər görünür. Danışıqların ikinci mərhələsi iyunun 15-də Helsinkidə başlanacaqdır. Biz bu danışıqlara hazırlaşırıq. Öz mövqelərimizi bilirik və prinsipial mövqelərimizdən heç vaxt geri çəkilməyəcəyik. Eyni zamanda biz əməli mövqe tuturuq, bəzi güzəştlərə də gedirik ki, məsələni sülh yolu ilə həll edək. Ancaq bütün bu məsələlərin həll olunmasında bir dəyişməz prinsip var. Bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının təmin olunması prinsipidir. Bu, bizim üçün əsas prinsipdir və ondan bir millimetr də olsun geriyə çəkilə bilmərik. Biz məsələnin bu prinsip əsasında sülh yolu ilə həllinə nail olmağa çalışırıq.

Bilirsiniz və hamıya məlumdur ki, Şuşa və Laçın rayonlarının azad olunması bu təkliflərin içərisində xüsusi yer tutur. Həmin rayonların, Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlarımızın azad edilməsi işin birinci mərhələsidir və biz bunun əsasında Böyük Sülh Müqaviləsinin bağlanmasına hazırıq. Bu işimizi davam etdirəcəyik. Sizi əmin etmək istəyirəm ki, şəxsən bir prezident kimi mən bu sahədə bütün imkanlardan istifadə edirəm və etməyə çalışıram. Biz bundan sonra da çalışacağıq ki, birillik atəşkəs əbədi olsun, bir daha müharibəyə qayıtmayaq, məsələlərimizi sülh yolu ilə həll edək. Ancaq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü təmin olunsun, müstəqilliyi möhkəmlənsin, qaçqın düşmüş vətəndaşlarımız öz yerlərinə, yurdlarına, obalarına qayıtsın və biz quruculuq işi ilə məşğul olaq. Bu, qarşımızda duran əsas vəzifədir və biz bunu həll edirik.

Dövlətçiliyimizi, müstəqilliyimizi möhkəmləndirmək üçün qarşımızda bir çox başqa mühüm vəzifələr də durur. Bunlarla da məşğul oluruq. Ümumiyyətlə götürsək, bu vəzifələr dövlətçiliyi möhkəmləndirmək üçün islahatlar keçirməkdən, iqtisadi, siyasi ictimai sahələrdə islahatlar aparmaqdan, respublikamızda həqiqi demokratik dövlət qurmaqdan, cəmiyyətimizi tam demokratik bir cəmiyyətə çevirməkdən, insan hüquqlarının qorunmasını, adamların azad-asudə yaşamasını təmin etməkdən ibarətdir. Bu sahədə böyük işlər görülür və belə hesab edirəm ki, 1995-ci il bu vəzifələrin həyata keçirilməsi sahəsində çox həlledici il olacaqdır. Bunların çoxu bu il həll ediləcəkdir.

İqtisadiyyatda yaxşı nəticələr əldə olunması yalnız və yalnız bu sahədə islahatların keçirilməsi ilə bağlıdır. Biz bu barədə qanunlar qəbul etmişik. İndi bunların icra edilməsi prosesi başlanmışdır. Bu proses sürətlə davam etdirilməlidir. Özəlləşdirmə proqramı hazırlanmışdır, biz ona baxırıq. Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının nümayəndələri də bu günlərdə Parisdə həmin proqramın layihəsinə baxacaqlar. Biz bu layihəni müzakirə edəcək və özəlləşdirməyə gedəcəyik, iqtisadi islahatları aparacağıq.

Respublikamızda demokratiyanı bərqərar etmək, inkişaf etdirmək üçün demokratiyaya xas olan tədbirlərin hamısı həyata keçirilir və keçiriləcəkdir. Qarşıda duran əsas vəzifələrdən biri bu il parlament seçkilərinin keçirilməsidir. Payızda, güman edirəm ki, oktyabrda respublikanın yeni parlamenti seçiləcəkdir. Seçkilər tam demokratik prinsiplər, çoxpartiyalı sistem əsasında aparılacaqdır. Seçkilər elə keçiriləcək ki, hər bir vətəndaş bu tədbirdə tam azad, sərbəst iştirak edə bilsin, seçib-seçilmək hüququnu tam həyata keçirə bilsin. Buna hamı əmin ola bilər. Heç kəs buna şübhə etməsin. Biz bu yolla gedirik. Ona görə də heç bir əyintiyə, dəyişikliyə yol verməyəcəyik. Ona görə də heç kəs buna şübhə etməsin və gördüyümüz işləri ləkələməyə çalışmasın.

Bu il ümumxalq referendumu yolu ilə Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olunacaqdır. İndi layihə hazırlanır, biz onu iki-üç dəfə müzakirə edəcəyik. Konstitusiya elə bir sənəddir ki, o, bir neçə il üçün yox, on illər üçün, bəlkə də, - əgər doğrudan da hüquqi, güclü bir dövlət olsa, - yüz illər üçün yazılır. Biz boynumuza tarixi məsuliyyət götürmüşük: ilk dəfə müstəqil Azərbaycan dövlətinin demokratik Konstitusiyasını yaradırıq. Bu, asan iş deyildir. Ancaq biz bunu edəcəyik, buna nail olacağıq. Şübhəsiz ki, bunu hamımız birlikdə, ümumxalq referendumu vasitəsilə edəcəyik.

İndi iqtisadiyyatda ağır, çətin bir dövr yaşayırıq. İslahatlar, iqtisadiyyatın sərbəstləşdirilməsi prosesi, şübhəsiz ki, bəzi çətinliklər, dəyişikliklər insanların həyat tərzində çətinlik yaradır. Kasıblıq artır, bəzi təbəqələr, xüsusən işsizlər, qaçqınlar çox ağır vəziyyətdə yaşayır. Biz bunların hamısını dərk edirik və bütün imkanlardan istifadə edərək həmin təbəqələrə kömək etməyə, ümumiyyətlə, xalqımızı, cəmiyyətimizi indiki ağır mərhələdən çıxarmağa çalışırıq.

Bunun üçün biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik.

Azərbaycanda demokratik proseslərin, iqtisadiyyatda sərbəstləşdirmə prosesinin getməsi və demokratik islahatların həyata keçirilməsi beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuşdur. Onlar bunu görür, müşahidə edir və təsdiq edirlər. Ona görə də biz bu beynəlxalq təşkilatlar vasitəsilə artıq müəyyən yardımlar almağa nail olmuşuq. İndi bizim böyük bir nümayəndə heyətimiz - baş nazir, bir neçə nazirimiz Parisdədir. Beynəlxalq Valyuta Fondunda, Dünya Bankında, Avropa Birliyində Azərbaycanın təkliflərini irəli sürür, müzakirə edirlər. Güman edirəm ki, bunlar da öz müsbət nəticələrini verəcəkdir.

Biz iqtisadiyyatı, idxal-ixrac əməliyyatlarını sərbəstləşdirərək, ölkəmizi bütün dünya iqtisadiyyatına tam açaraq, xarici investisiyaların gəlməsinə şərait yaradaraq eyni zamanda müəyyən çətinliklərlə rastlaşırıq. Bu çətinlikləri aradan qaldırmaq üçün beynəlxalq təşkilatların, o cümlədən maliyyə təşkilatlarının köməyinə ehtiyacımız var. Onlar da bu köməyi Azərbaycanda məhz islahatların həyata keçirilməsi, xarici investisiyaların ölkəmizə gəlməsi üçün edirlər və edəcəklər. Güman edirəm ki, bunlardan da istifadə edərək Azərbaycan iqtisadiyyatını yeni bir mərhələyə qaldıracağıq.

Keçən ilin sentyabrında imzalanmış neft müqaviləsi buna əyani sübutdur. Artıq onu "Əsrin müqaviləsi" adlandırmışlar. Bir neçə gün öncə Azərbaycanda neft-qaz sənayesinə həsr olunmuş ikinci beynəlxalq sərgi keçirildi. Sərgidə dünyanın 165 iri şirkəti iştirak edirdi. Onlar dünyanın 13 böyük dövlətini təmsil edirdi. Bu, bizim ictimai, siyasi və iqtisadi həyatımızda böyük bir hadisədir.

Bilirsiniz ki, bu sərgi sadəcə şirkətlərin iştirakı ilə yox, böyük dövlətlərin, Azərbaycanın neft yataqlarına maraq göstərən dövlətlərin yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçdi. ABŞ-ın, Böyük Britaniyanın, Norveçin, Türkiyənin energetika nazirləri, Qazaxıstanın energetika nazirinin müavini bu sərgidə iştirak etdilər, çıxış etdilər, sözlərini dedilər, Azərbaycanın bu günü və gələcəyini, ölkəmizin neft sənayesinin problemlərini bərabər müzakirə etdik.

Mən dünən Minsk şəhərində idim. Orada Müstəqil Dövlətlər Birliyi ölkələrinin dövlət başçılarının növbəti toplantısı keçirilirdi. Bir çox mühüm məsələlər müzakirə edildi, bu məsələlər barədə qərarlar qəbul olundu. Respublikamızın müstəqilliyinə zərər gətirməyən qərarlarla biz razılaşırıq və onları təsdiq edirik, imza atırıq. Ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi ilə əməkdaşlığın Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Biz bu əməkdaşlığı qiymətləndiririk.

Dünən orada MDB ölkələrinin dövlət başçıları, prezidentləri ilə mənim görüşlərim, danışıqlarım oldu. Biz çox faydalı söhbətlər apardıq. O cümlədən, xüsusən Rusiya Federasiyasının prezidenti cənab Boris Yeltsinlə, Rusiyanın baş naziri cənab Viktor Çernomırdinlə bizim çox maraqlı və əhəmiyyətli söhbətlərimiz, danışıqlarımız oldu. Bunun nəticəsində Rusiyanın energetika naziri Yuri Şafranik sabah respublikamıza gəlir. Biz onunla da neft sənayesi, xüsusən Xəzər dənizində neft yataqlarının istismarı məsələlərini birlikdə müzakirə edəcəyik.

Əziz həmvətənlər, görürsünüz, Azərbaycan Respublikasının müstəqilliyi hər sahədə özünü göstərir. Görürsünüz, Azərbaycan Respublikasının bütün dünya investisiyası üçün açıq olması, ölkəmizin bütün dövlətlərlə bərabər hüquqlu, bərabər səviyyədə danışıq aparmaq imkanı əldə etməsi və bu danışıqlar nəticəsində iqtisadiyyatımızın qarşılıqlı əlaqələrinin yaradılması belə böyük hadisələrə gətirib çıxarır. Yenə də qeyd edirəm, bu günlərdə Bakıda keçirilmiş beynəlxalq neft-qaz sərgisi böyük hadisədir. Böyük dövlətlərin nazirləri ilə bizim görüşlərimiz böyük hadisədir. Bunların hamısı bir daha sübut edir ki, Azərbaycan müstəqil dövlətdir, öz sərvətlərinin, taleyinin, öz ərazisinin sahibidir və öz taleyini özü istədiyi kimi həll edir. Bundan artıq nailiyyət ola bilməz. Bu, XX əsrdə ən böyük nailiyyətimizdir. Bizim borcumuz odur ki, bu nailiyyəti göz bəbəyi kimi qoruyaq və saxlayaq.

Almaniyanın iqtisadi əməkdaşlıq və inkişaf naziri Karl-Diter Şpranger dünən ölkəmizə, Azərbaycana gəlmişdir. O, bu gün bu salondadır, bayramımızı bizimlə bölüşür, bayramımızda iştirak edir. Bu gün onunla çox maraqlı danışıqlarımız və söhbətlərimiz olub. O, Almaniyanın prezidentindən bizə təbrik, eyni zamanda əlaqələrimizi bir daha təsdiq edən məktub gətirib. O, bu gün bayramımızda iştirak etmək arzusunda olub. Ona görə də biz onu buraya dəvət etmişik. Güman edirəm ki, biz hamımız onu burada dost ölkənin nümayəndəsi kimi salamlamalıyıq.

Bir daha qeyd edirəm, bunlar hamısı həyatımızda yeni bir keyfiyyət şəraiti yaradıb. İnsanlarımızın çoxu həmin insanlardır. İndi gənclər meydana çıxır. Görün, indi həyatımızda nə qədər böyük dəyişikliklər əmələ gəlib, nə qədər böyük, maraqlı hadisələr baş verir. Biz bunları qiymətləndirməliyik, qorumalıyıq, saxlamalıyıq. Bunun üçün də - müstəqilliyimizi saxlamaq, qorumaq üçün daxilimizdə olan vəziyyətə həmişə diqqət yetirməli, fikir verməliyik.

Son iki il ərzində Azərbaycan xalqı, vətəndaşlarımız, respublikamız üç dəfə vətəndaş müharibəsinin astanasında olub. Bilirsiniz ki, müharibə edən bir dövlət, ölkə, Ermənistanın təcavüzünə məruz qalan ölkə, xalq üçün bu, çox ağır bir haldır. Torpaqlarının 20 faizi işğal olunmuş bir ölkə üçün iki il müddətində üç dəfə vətəndaş müharibəsinin astanasına gəlib çıxmaq böyük bir bəladır. Biz bunu deməliyik, etiraf etməliyik. Respublikamızda daxili sabitliyi pozmaq, daxili həyatı qarışdırmaq istəyən adamlara qarşı daha prinsipial, daha ciddi yanaşmalıyıq.

Biz bu vətəndaş müharibələrindən xilas olduq. 1993-cü ilin iyun ayında (bu günlərdə iki ili tamam olacaq) qan töküldü, vətəndaş müharibəsi başlandı. Bunun qarşısı alındı. Belə düşünmək olardı ki, insanlar hansı partiyaya, təşkilata, qrupa, hansı cəmiyyətə mənsubluqlarından asılı olmayaraq dərk etməli idilər ki, artıq buna yol vermək olmaz. Bunun üçün şərait də yarandı. Ancaq bəziləri yenə də öz təxribatçı hərəkətlərindən, xalqa xəyanət niyyətlərindən əl çəkmədilər.

Bundan sonrakı hadisələr sizə məlumdur: 1994-cü ilin oktyabrında, bu ilin mart ayında dövlət çevrilişinə cəhd. Bilirsiniz, bu il mayın 23-də Bakıda "Xəzərneftqaz - 95" beynəlxalq sərgisi açılarkən ABŞ-ın energetika naziri xanım Hezl o'Liri ABŞ prezidenti cənab Uilyam Klintonun mənə məktubunu gətirdi. Bu məktub mətbuatda dərc olunub, siz onu oxumusunuz. Çox dəyərli, olduqca dəyərli məktubdur. Mən bu məktubdan ancaq iki-üç kəlməni sizə demək istəyirəm, O yazır ki, mən 1992-ci ildən bəri Azərbaycanı vəba xəstəliyi kimi bürüyən daxili siyasi qarmaqarışıqlığı narahatlıqla izləmişəm. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti yazır. Mən bu barədə fikirlərimi dəfələrlə bəyan etmişəm, ancaq bu sözü tapıb deyə bilməmişəm. Bu, doğrudan da vəba xəstəliyidir. Ona görə ki, bu xəstəlik sirayət edir, yayılır, insanların əxlaqını pozur. Bizi doğrudan da gətirib qarmaqarışıqlığa çıxarır.

1993-cü ilin iyun ayında da, ondan sonrakı dövrdə də, 1994-cü ilin oktyabrında dövlət çevrilişinə cəhd göstəriləndə də, 1995-ci ilin martında xəyanətkarlar tərəfindən Azərbaycanda dövlət çevrilişinə cəhd olunanda da xalqımız öz müdrikliyini nümayiş etdirdi. Azərbaycan xalqı birləşdi, birliyini göstərdi və təxribatçı qüvvələrə, vəzifə hərislərinə, heç bir əsas olmadan, zor gücü, silah gücü ilə, banditliklə, quldurluqla hakimiyyəti ələ keçirməyə çalışan adamlara xalq öz gücünü, öz qüdrətini, mənəviyyatını göstərdi. Bütün bu cəhdlər məhz xalqın gücü ilə dəf edildi, biz bunların qarşısını xalqın gücü ilə aldıq.

Xalqımız əzab-əziyyətlərə, çətinliklərə dözmüş xalqdır. Bəzən isə içindən özü-özünü didən xalqdır. Ancaq eyni zamanda əyilməz xalqdır. Məhz xalqın birliyi, müdrikliyi nəticəsində biz üç dəfə vətəndaş müharibəsinin qarşısını ala bildik. Ona görə də mən bu gün bütün Azərbaycan xalqına, xüsusən Vətənini sevən, vətənpərvər, Azərbaycanın müstəqilliyini qorumağa çalışan, onun keşiyində duran adamlara, ölkəmizin müdrik insanlarına, ziyalılarına, ağsaqqallarına, respublikamızın müstəqilliyini qoruyan qəhrəman oğullarına, bütün xalqımıza öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Bu dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. İnsanların bəziləri cəmiyyətdən təcrid olunub. Bəziləri həlak olub, bəziləri qaçıb gizləniblər. Bir qismi Moskvaya yığışıb özlərinə sığınacaq tapıb. O mənada yox ki, Moskvada kimsə onlara sığınacaq verib, - bu şəhər çox böyük şəhərdir. Onlar da həmin imkanlardan istifadə ediblər. Ancaq bütün bunlar onlar üçün, heç kəs üçün heç bir nəticə verməyəcəkdir. Bunlar faydasız bir şeydir.

Azərbaycan dövləti möhkəm dövlətdir. Biz Azərbaycanın dövlətçiliyini qorumağa qadirik və bundan sonra da qoruyacağıq.

Günahkarlar, xəyanətkarlar, cinayətkarlar ədalət məhkəməsində öz cəzalarını alacaqlar. Orada-burada qaçıb gizlənənlər, bizə hədə-qorxu gələnlər, yenidən haradasa aranı qarışdırmaq istəyənlər, - onların bəziləri terrorçuluq yolu ilə gedir, -dövlət terroru etmək yoluna düşən adamlar anlasınlar, dərk etsinlər, bilsinlər: onların getdiyi yol çox yanlış, xəyanətkar yoldur, bu yoldan çəkinsinlər. Mən martın 16-da əfv fərmanı vermişdim və elan etmişdim ki, kim bu cinayətkar əməllərindən əl çəkərsə, onları əfv edirəm. Bunu bu gün də deyirəm: bu hərəkətlərdən əl çəksinlər. Ermənistanın təcavüzünün Azərbaycan xalqının, respublikamızın başına gətirdiyi bəlalar bəsdir. Bu, bizim üçün nəinki bu gün, sabah bəladır, gələcək nəsillərimiz üçün də böyük bəladır. Müharibə o qədər dağıntıya, insan tələfatına səbəb olmuş, ailələr o qədər şəhid vermişdir ki, bunların yarası hələ bundan sonra on illər də sızıldayacaq, qaysaqlanmayacaqdır.

Ona görə də insanlar başa düşsünlər ki, respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə, vətənpərvər insanların gücü ilə qoruyuruq və qoruyacağıq. Bir prezident kimi mən hər bir vətəndaşın təhlükəsizliyinin, hüquqlarının qorunmasının təminatçısıyam. Ona görə də heç vaxt yol verməyəcəyəm ki, o cür cinayətkarlar haradasa qruplaşsınlar, yenidən təxribat etsinlər. Oradan-buradan səslər gəlir ki, guya haradasa nə isə edəcəklər. Kim isə haradasa çıxış edir, söz deyir. Bunlar əhəmiyyətsiz, mənasız şeylərdir. Onların ən çirkin işi dövlət terrorudur. Bu da bizi qorxutmur. Bunu hamı bilməlidir.

Mən tam əminəm ki, biz respublikamızda əmin-amanlıq yaratmışıq. Əminəm ki, bu əmin-amanlıq bundan sonra günü-gündən daha da möhkəmlənəcək. İctimaiyyətimizdə milli həmrəylik, vətəndaş həmrəyliyi günü-gündən inkişaf edəcək, möhkəmlənəcək. İnsanlar bir-birini daha yaxşı anlamağa başlayacaqlar, daha da yüksələcəklər, daha da ucalacaqlar. Mən əminəm ki, biz bu çətin və ağır yolu birlikdə, bərabər keçəcəyik.

Azərbaycanın bütün vətəndaşları dövlətimiz üçün, bir prezident kimi mənim üçün çox əzizdir. Hər bir vətəndaşın taleyi mənim üçün əzizdir, məni narahat edir, maraqlandırır, düşündürür.

Məni xalqımızın taleyi narahat edir, düşündürür. Eyni zamanda mən əminəm ki, biz hamımız birləşib bu çətin yolu məharətlə, şərəflə, uğurla keçəcəyik.

Mən əminəm ki, müstəqil Azərbaycan Respublikası yaşayacaq və demokratiya prinsipləri, insan azadlığı, demokratik iqtisadiyyat sahəsində başqa dövlətlər üçün nümunə olacaqdır. Nə qədər ağır və çətin olsa da biz buna nail olacağıq. Hamımız birlikdə, əl-ələ verərək, bir-birimizə kömək edərək, bir-birimizə dayaq olaraq bu yolu keçəcəyik və buna nail olacağaq.

Sizin hamınızı bu böyük bayram münasibətilə bir daha təbrik edirəm, hər bir Azərbaycan vətəndaşına səadət, xoşbəxtlik arzu edirəm. İşlərinizdə uğurlar arzulayıram. Azərbaycan Respublikasına azad, müstəqil dövlətimizə xoşbəxt gələcək arzu edirəm. Sağ olun.



1   ...   19   20   21   22   23   24   25   26   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə