Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə23/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   19   20   21   22   23   24   25   26   27
ABŞ-ın BAKIDAKI SƏFİRLİYİ BİNASININ

AÇILIŞINDA ÇIXIŞ
4 may 1995-ci il
Hörmətli cənab səfir Kozlariç və xanım Kozlariç!

Hörmətli səfirlər, diplomatik işçilər və rəsmi qonaqlar!

ABŞ-ın Bakıdakı səfirliyi binasının təmir olunub abadlaşdıqdan və avadanlıqla təmin edildikdən sonra açılması münasibətilə cənab Kozlariçi və səfirliyin bütün işçilərini təbrik edirəm. Mən bunu böyük hadisə hesab edirəm.

Müstəqil Azərbaycan Respublikasında ABŞ səfirliyinin açılması ölkələrimiz arasında əlaqələr üçün şübhəsiz ki, ilk və böyük addım idi. Ancaq Amerika Birləşmiş Ştatlarına layiq olan binanın əldə olunması və səfirliyin tam fəaliyyəti üçün onun lazımi səviyyəyə çatdırılması da böyük hadisədir.

Əminəm ki, səfirliyin işçiləri bu binada yerləşdikdən sonra daha səmərəli fəaliyyət göstərəcəklər. Çünki burada deyildiyi kimi, onlar üçün yüksək səviyyədə şərait yaranıbdır. Binanın hazırlanması və burada digər şöbələrlə yanaşı, kitabxana da yaradılması belə bir fikir söyləməyə əsas verir ki, səfirlik binası təkcə ABŞ-ın Azərbaycandakı diplomatik nümayəndəliyi kimi yox, həm də elm və mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcəkdir. Əminəm ki, bundan həm Amerikanın Azərbaycana gələn vətəndaşları - güman edirəm ki, indən sonra onların sayı daha çox olacaqdır, - həm də Azərbaycan vətəndaşları istifadə edəcəklər.

Səfirliyin binasının təmiri və onun avadanlıqla təmin edilib bugünkü səviyyəyə çatdırılması üçün çox iş görülübdür. Ancaq buna çoxlu vaxt sərf olunubdur. ABŞ-da belə işləri adətən, qısa müddətdə həyata keçirirlər. Ola bilsin ki, bizim işlərimiz ləng getdiyi kimi, bu səfirliyin binasının təmiri də ləng olubdur. Ancaq hər halda işlər başa çatıb və mən bu münasibətlə cənab Kozlariçi təbrik edirəm. Bu binanı təmir edib onu belə səviyyəyə çatdıran şirkətlərin və adamların hamısına təşəkkür edirəm.

ABŞ-ın Azərbaycandakı ilk səfiri olmuş cənab Riçard Maylsın bu gün burada iştirak etməməsinə mən də təəssüflənirəm. Güman edirəm ki, o, bu çatışmamazlığı özünün Moskvadakı fəaliyyəti ilə əvəz edəcəkdir. O, ABŞ prezidenti cənab Bill Klintonun Moskvaya qarşıdakı səfəri ilə bağlı məsələlərlə məşğuldursa, güman edirəm ki, həmin səfər zamanı və cənab Bill Klintonun Rusiya prezidenti cənab Boris Yeltsinlə görüşlərində və söhbətlərində şübhəsiz ki, Azərbaycan mövzusu da öz yerini tapacaqdır. Ona görə də hesab edirəm ki, cənab Riçard Maylsın buraya gəlməməsini bağışlamaq olar.

Mən cənab Kozlariçin söylədiyi bir fikrə də öz münasibətimi bildirmək istəyirəm. O dedi ki, cənab Mayls Bakıdan gedərkən buradakı ağacların qorunmasını tövsiyə etmişdir. Bu fikir mənim üçün də çox əzizdir. Bu, əhəmiyyətli məsələdir. Çünki Bakının vətəndaşları, xüsusən də 70-ci illərdə paytaxtda yaşamış adamlar yaxşı bilirlər ki, həmin vaxtlar mən burada işləyərkən şəhəri yaşıllaşdırmaq, ağac əkmək məsələsi ilə çox ciddi məşğul olurdum. Yaşıllıqların qorunması demək olar ki, dövlət səviyyəsinə gəlib çatmışdı. Bu gün iftixar hissi ilə deyə bilərəm - güman edirəm ki, buna mənim ixtiyarım var - indi Bakıda mövcud olan ağacların əksəriyyəti mənim burada işlədiyim vaxtlar bu məsələyə çox ardıcıl səj göstərməyim nəticəsində əkilibdir.

Uzun müddət Moskvada yaşadıqdan sonra mən 90-cı illərdə Azərbaycana qayıdarkən, Bakı hava limanından şəhərə gələrkən yolun kənarlarındakı ağacların boy atdığını gördükdə çox sevindim və onların hər birini öz doğma övladım kimi qəbul etdim. Çünki mən həmin ağacların hər birinin əkilməsi, becərilməsi, suvarılması məsələləri ilə şəxsən məşğul olurdum.

Təəssüf ki, son illər Bakıda o vaxt əkilmiş ağacların bəziləri qırılıb, dağıdılıb. Məsələn, şəhərin Bakıxanov qəsəbəsində o vaxtlar saldığımız yaşıllıqların dağıdılması haqqında mənə verilən məlumatı çox ürək ağrısı ilə dinlədim. Mənə dedilər ki, 1991-1993-cü illərdə onların bir çoxunu kəsib məhv ediblər, bildirdilər ki, Badamdardakı ağacları da kəsib dağıdıblar. Çox can atıram ki, gedib həmin yerlərə baxım. Şübhəsiz ki, mən bunun səbəbkarlarını axtarıb tapacağam və imkan daxilində çalışacağam ki, onlar cəzalandırılsınlar.

Bunları deməklə mən bəlkə də vaxtınızı alıram, ancaq bu, Bakı üçün çox mühüm məsələdir. Ona görə də cənab Riçard Maylsın burada bir dənə də olsun ağaca toxunulmaması barədə sizə verdiyi tövsiyə ən gözəl hallardan və fikirlərdən biridir. Çox şadam ki, siz cənab Maylsın bu tövsiyəsinə əməl etmisiniz. Bugünkü mərasimdə onu qeyd etməyiniz məni daha çox sevindirir. Biz bu məsələdə həmfikirik. Nə qədər siyasi plüralizm olsa da, burada fikirlərimiz eynidir.

ABŞ-ın Bakıdakı səfirliyinin bu cür şəraitdə fəaliyyət göstərməsi şübhəsiz ki, prezident Bill Klintonun Azərbaycana bəslədiyi xüsusi diqqət və marağı nümayiş etdirir.

Cənab Kozlariç qeyd etdi ki, səfirliyin binasınınu bu şəkildə açılışı ilə Azərbaycana dəstək verirlər. Mən də deyə bilərəm ki, Azərbaycan Respublikasının belə çətin vəziyyətində Bakıda ABŞ səfirliyi üçün bu gözəl binanın ayrılması və onun təmirinə şərait yaradılması Azərbaycan dövlətinin Amerika Birləşmiş Ştatlarına, onun xalqına olan yüksək münasibətini nümayiş etdirir. Güman edirəm ki, bu, ABŞ ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin rəmzidir. Əmin olduğumu bildirmək istəyirəm ki, ABŞ səfirliyi işləmək üçün lazımi şərait əldə etdikdən sonra, yəni belə gözəl binada fəaliyyətini davam etdirdiyi vaxtda ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmlənməsi üçün daha səmərəli çalışacaqdır.

Biz ABŞ səfirliyi işçilərinin və bu ölkənin bütün nümayəndələrinin burada sərbəst fəaliyyət göstərməsi üçün lazımi şəraiti yaratmışıq və indən sonra da bunu edəcəyik.

Bu fürsətdən istifadə edib Azərbaycan dövləti adından, Azərbaycan xalqı və vətəndaşları adından Amerika xalqına, onun dövlətinə və cənab prezident Bill Klintona bir daha hörmət və ehtiramımızı bildirmək istəyirəm. Sizi bir daha təbrik edirəm və bütün işlərinizdə uğurlar arzulayıram.
1941-1945-ci İLLƏR BÖYÜK VƏTƏN

MÜHARİBƏSİNDƏ FAŞİZM ÜZƏRİNDƏ

QƏLƏBƏNİN 50 İLLİYINƏ HƏSR EDİLMİŞ

TƏNTƏNƏLİ GECƏDƏ NİTQ
Respublika Sarayı
5 may 1995-ci il
Hörmətli veteranlar, Böyük Vətən müharibəsinin qəhrəmanları! Sizi İkinci dünya və 1941-45-ci illər müharibəsində Hitler faşizmi üzərində qələbə çalınmasının 50 illik yubileyi münasibətilə təbrik edirəm, hamınıza cansağlığı, uzun ömür, səadət və bütün işlərinizdə uğurlar arzulayıram!

İkinci dünya müharibəsi bəşər tarixində ən dəhşətli müharibə olmuşdur. Bu müharibə milyonlarla insanın həlak olmasına, şəhərlərin və ölkələrin dağıdılmasına gətirib çıxarmışdır. İkinci dünya müharibəsində, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Hitler faşizmi üzərində qələbə çalınmasında Azərbaycan Respublikasının, xalqımızın, respublikamızın vətəndaşlarının böyük rolu olmuşdur. Məhz buna görə bu günlər qələbənin 50 illik yubileyini böyük iftixar hissi ilə qeyd edir və onu xalqımız üçün, müstəqil Azərbaycan dövləti üçün böyük bayram hesab edirik.

Müharibənin ilk günlərindən Azərbaycan xalqı, respublikamızın vətəndaşları da Hitler faşizminə qarşı döyüşlərə başladılar. Müharibənin ilk günlərində 40 min nəfərdən artıq Azərbaycan vətəndaşı könüllü olaraq cəbhəyə getməyə yazıldı. Həmin dövrdə 180 min adam xalq ordusuna yazılmışdır. 1941-45-ci illərdə və ondan da qabaq Azərbaycanın oğul və qızları döyüşlərdə vuruşmuş, böyük rəşadət və qəhrəmanlıqlar göstərmişlər. Həmin illərdə Azərbaycan Respublikasından 700 min nəfərə qədər adam cəbhəyə getmişdir. Onlardan 300 min nəfəri həlak olmuşdur. Azərbaycanlılar, bizim respublikadan cəbhəyə gedənlər igidliklə vuruşmuş, alman faşizminə qarşı müharibənin son gününə qədər amansız və cəsarətli mübarizə aparmış, qəhrəmanlıq nümunələri göstərərək qələbənin əldə olunmasına öz paylarını vermişlər. Respublikamızın on minlərlə vətəndaşı, azərbaycanlılar döyüşlərdə fərqləndiklərinə, qəhrəmanlıq göstərdiklərinə görə yüksək orden və medallarla təltif edilmişlər. Azərbaycandan cəbhəyə getmiş, döyüşlərdə qəhrəmanlıq göstərmiş 130 nəfər ən yüksək ada - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Vətəndaşlarımızın bir qismi müharibədən əlil və şikəst qayıtmış, sonralar bunun nəticəsində də həyatdan getmişdir. Bu gün bizim aramızda müharibənin ağrılarını və dərdlərini öz üzərlərində daşıyanlar da çoxdur. Bir sözlə, Hitler faşizminə qarşı müharibədə Azərbaycan xalqı, respublikamızın vətəndaşları qəhrəmanlıq, şücaət göstərmiş və tariximizə çox dəyərli səhifə yazmışlar.

Müharibənin uğurla aparılmasında və düşmən üzərində qələbə çalınmasında Azərbaycan Respublikasının xidmətləri arxa cəbhədə görülmüş işlərlə də bağlıdır. Müharibənin ilk günlərindən Azərbaycan Respublikasının bütün şəhər və kəndlərində, hər bir iş yerində insanlar qələbə naminə gecə və gündüz çalışmışlar.

Bu qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi. Azərbaycan neftçiləri gecə-gündüz neftin çıxarılması, emal olunması və çətin yollarla cəbhəyə göndərilməsi ilə məşğul idilər. Onların hər biri bu yolda canlarını qoyaraq faşizm üzərində qələbə çalınmasında səj göstərirdi. O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq respublikamızda istehsal edilirdi. Azərbaycan Respublikasının sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növ silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi.

Beləliklə, Azərbaycan Respublikasının vətəndaşları, azərbaycanlılar bu qələbənin çalınması üçün həm bilavasitə döyüşlərdə, həm də arxa cəbhədə çox işlər görmüş, böyük fədakarlıq nümayiş etdirmişlər.

Azərbaycanda 416-cı Taqanroq, 223-cü Belqrad, 77-ci Simferopol diviziyaları təşkil olunmuşdur. Şəxsi heyətinin əksəriyyəti azərbaycanlılar olan bu diviziyalar Azərbaycandan, Qafqaz dağlarından döyüşə-döyüşə Berlinə qədər gedib çıxmış və qələbənin əldə olunmasına öz paylarını vermişlər.

Mən böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, 416-cı Taqanroq diviziyasının qəhrəmanlığını əbədiləşdirmək üçün Rostov vilayətində bu diviziyanın döyüş şücaətinə böyük abidə ucaldılmışdır. Bu abidəni Rusiya torpağında məhz Azərbaycan Respublikası, xalqımız yüksəltmişdir.

Krımda, Sapun dağında 77-ci Simferopol diviziyasının qəhrəmanlığını əbədiləşdirmək üçün böyük abidə qoyulmuşdur. Bunu da Azərbaycan Respublikası etmişdir.

Böyük Vətən müharibəsində qəhrəmanlıq göstərib həlak olmuş adamlara Azərbaycan Respublikasının hər yerində abidələr ucaldılmış, xatirə lövhələri vurulmuşdur. Onlar daim bizim qəlbimizdədir.

Biz bu gün qələbə bayramının 50 illiyini respublikamızın həyatında fəal işlər görmüş və indi bizimlə birlikdə olan insanlarla qeyd edirik. Mən çox sevinc hissi keçirirəm ki, bizim bu Respublika sarayının salonunda sinələrində orden və medallar, qəhrəmanlıq nişanları olan veteranlar toplaşıblar. Yarım əsr bundan öncə qələbə çalıb, daha 50 il yaşayıb və bu gün qələbənin 50 illiyini bayram etmək böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik sizə nəsib olubdur. Mən bu münasibətlə sizi xüsusi təbrik edirəm.

Bu müharibə haqqında çox danışmaq olar. Ancaq bu gün buna ehtiyac yoxdur. Çünki buraya toplaşanların əksəriyyəti həmin müharibəni görmüş adamlardır. Gənclərimiz isə kitablardan və filmlərdən həmin müharibənin nə qədər dəhşətli olduğunu, digər tərəfdən, insanların qəhrəmanlıq zirvəsinə yüksəldiyini bilirlər. Bu müharibədə insanlar qəhrəmanlıq və rəşadət göstərməklə yanaşı, bir-biri ilə daha sıx yaxınlaşıb dost olmuşlar. Həmin müharibədə müxtəlif millətlərin nümayəndələri iştirak etmişlər. O vaxt Sovet İttifaqının tərkibində olan respublikaların, xalqların, millətlərin hamısının nümayəndələri bu müharibədə iştirak etmiş və bu insanlar cəbhədə, döyüş meydanlarında, səngərlərdə bir-biri ilə daha da yaxınlaşmış, dost olmuşlar. Bu dostluq bizim bu günümüz və gələcəyimiz üçün çox lazımdır.

Qələbənin əldə olunmasında dünya xalqlarının, mütərəqqi qüvvələrin əvəzsiz rolu vardır. 1941-45-ci illər Böyük Vətən müharibəsində qələbədə rus xalqının rolu yüksək qiymətə layiqdir. Rusiya Federasiyası xalqlarının, keçmiş Sovet İttifaqında yaşayan xalqların hər birinin bu müharibədə Hitler faşizmi üzərində qələbə çalınmasında fəaliyyəti və rolu var. Ona görə də bu gün burada, müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində, qələbənin 50 illiyini qeyd edərkən mən xalqımız adından, buraya toplaşmış veteranlarımızın adından keçmiş Sovet İttifaqının bütün respublikalarının xalqlarına, rus xalqına Azərbaycan xalqının salamını, təbriklərini göndərirəm və onların hər birinə uğurlar arzulayıram.

İkinci dünya müharibəsində Hitler faşizmi üzərində qələbə faşizm əleyhinə qalxmış bütün dünya xalqlarının, dövlətlərinin ümumi və birgə səyi nəticəsində əldə olunmuşdur. Məlumdur ki, o vaxtlar əsas qüvvə "Böyük koalisiya" - Sovet İttifaqı, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və Fransa idi. Onların birgə fəaliyyəti və faşizm əleyhinə koalisiyası bu qələbənin qazanılmasında xüsusi yer tutur.

Avropa ölkələrinin müqavimət hərəkatları, faşizm əleyhinə qalxmış insanlar, siyasi qüvvələr, döyüşçülər fədakarlıq göstər miş, özlərini qurban verərək faşizmin qarşısını almış və onun məhv olmasına öz paylarını vermişlər. Ona görə də bu gün qələbənin 50 illiyini qeyd edərkən bütün dünya xalqlarına Azərbaycan xalqının səmimi salam və təbriklərini çatdırıram. Xüsusən Amerika Birləşmiş Statları, Böyük Britaniya və Fransa xalqlarına Azərbaycan xalqı adından salamlar və təbriklər göndərirəm.

İkinci dünya müharibəsinin, Böyük Vətən müharibəsinin qurtarmasından 50 il keçibdir. Bu 50 il Azərbaycan xalqının tarixində böyük və görkəmli yer tutur. Ötən 50 ildə onun müəyyən, indi bizim üçün ümumi olmayan cəhətləri ilə yanaşı, Azərbaycan xalqının həyatında böyük dəyişikliklər əmələ gəlmişdir.

Ümumiyyətlə, bu dövrdə dünyada bir çox dəyişikliklər olmuş, böyük proseslər getmişdir. Azərbaycan xalqı bu 50 ildə böyük, şərəfli yol keçmişdir. Həmin illərdə, Azərbaycan Respublikasının böyük iqtisadi, elmi, mədəni potensialı, geniş təhsil sistemi yaranmış və bu gün respublikamız ötən 50 il ərzində əldə etdiyi nailiyyətlərin əsasında yaşayır və irəli gedir. Əgər bu gün desək səhv etmərik ki, faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyinə gedən yol olmuşdur. Böyük

iftixar hissi ilə qeyd edə bilərəm ki, Azərbaycan xalqı öz milli azadlığına nail olub, dövlət müstəqilliyini əldə edib və Azərbaycan Respublikası müstəqil dövlət kimi dünya birliyində layiqli yerini tutubdur.

Əziz veteranlar, Azərbaycan Respublikasının müstəqilliyinin əldə olunmasında sizin böyük xidmətləriniz var. Faşizmin qarşısı məhz sizin qəhrəmanlığınızın nəticəsində alındı. Məhz sizin fədakar əməyiniz sayəsində 50 il ərzində Azərbaycan yüksək inkişaf yolu keçdi və böyük iqtisadi, intellektual potensial topladı. Bunların əsasında Azərbaycan öz müstəqilliyini əldə etdi və dünya birliyində öz yerini tutdu.

Ona görə də, əziz veteranlar, əziz həmvətənlər, bacılar və qardaşlar, sizə dövlətimiz adından və şəxsən öz adımdan hörmət və təşəkkürümü bildirirəm!

Təəssüflər olsun ki, Azərbaycanın başına son illər böyük bəlalar gəlmiş, respublikamız, xalqımız Ermənistan tərəfindən təcavüzə məruz qalmışdır. Yeddi ildir ki, müharibə gedir. Bu müharibədə də bizim böyük itkilərimiz olmuş və o, Azərbaycan xalqına böyük faciələr gətirmişdir. Azərbaycan Respublikasının ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız qaçqın düşmüşdür.

Eyni zamanda onu da demək lazımdır ki, Azərbaycanın igid oğulları Vətənin, ərazimizin müdafiəsində veteranların təcrübəsindən istifadə edərək qəhrəmanlıq nümunələri göstərmiş, həlak olmuş, canlarını qurban vermiş, şəhid olmuş, torpağımızı qorumuşlar.

Bu bayram günündə mən İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin əldə edilməsi naminə həlak olmuş insanların hamısının ruhu qarşısında baş əyirəm. Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü qoruyaraq həlak olmuş qəhrəman döyüşçülərimizin ruhu qarşısında baş əyirəm.

Respublikamızın düşdüyü indiki vəziyyət, Ermənistan tərəfindən ölkəmizə qarşı edilən hərbi təcavüz bizi dəvət edir ki, Böyük Vətən müharibəsinin, veteranlarımızın təcrübəsindən torpaqlarımızı, respublikamızın müstəqilliyini qorumaq, ordumuzu möhkəmləndirmək üçün səmərəli istifadə edək. Ona görə də belə hesab edirəm ki, Böyük Vətən müharibəsi veteranlarının gənc nəslə tövsiyələrinin, onlar arasında apardıqları işin müstəqil Azərbaycan dövlətinin qurulmasında, torpaqlarımızın qorunmasında, müdafiə olunmasında əvəzsiz rolu vardır. Əmin olduğumu bildirmək istəyirəm ki, veteranlarımız bu gün də sıradadırlar, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq üçün fədakarcasına çalışmağa hazırdırlar. Mən veteranların indiyədək gördükləri işləri yüksək qiymətləndirirəm və qarşıdakı işlərdə onlara böyük uğurlar arzulayıram.

Azərbaycan xalqı sülhsevər xalqdır. Hitler faşizminə qarşı müharibədə xalqımız sülhsevər xalq kimi sülhü, əmin-amanlığı qorumaq, bəşəriyyəti faşizmdən xilas etmək üçün döyüşə qalxmışdı. Azərbaycan xalqı bu gün də yalnız və yalnız öz ərazisini, torpaqlarını, Vətənini, dövlətinin müstəqilliyini qorumaq naminə döyüşür, vuruşur.

Biz müharibə istəmirik. Biz müharibə tərəfdarı deyilik. Biz heç kəsin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da heç kəsə verməyəcəyik.

Biz Ermənistanla Azərbaycan arasında gedən müharibədə on bir ay bundan əvvəl atəşin kəsilməsi haqqında məhz sülhsevər prinsiplər əsasında saziş əldə etmişik. Biz ötən müddətdə atəşkəs rejiminə riayət edirik. Sizin qarşınızda bu gün bir daha deyirəm ki, Azərbaycan dövləti Böyük Sülh Müqaviləsi imzalananadək bu atəşkəsə riayət edəcəkdir. Biz Ermənistanla Azərbaycan arasındakı müharibəyə son qoymaq, bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Biz bu yolu seçmişik və bu yolla da gedəcəyik.

MDB Parlamentlərarası Məclisinin böyük nümayəndə heyəti bu gün Azərbaycana gəlibdir. Onlar bizi ziyarət ediblər. Görüşlər keçirmişik, danışıqlar aparmışıq. Qələbənin 50 illiyi bayramını onlar bu gün burada bizimlə birlikdə qeyd edirlər. Bu salondadırlar. Mən onları salamlayıram. Azərbaycan xalqı adından, sizin adınızdan bu qələbə münasibətilə onları təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onların fəaliyyəti bölgədə sülhün, əmin-amanlığın bərpa olunmasına yönəldiləcəkdir və onlar da Azərbaycanın bu sülh məramlı siyasətinin uğurla sona çatmasına çalışacaqlar.

Biz atəşkəs rejiminə riayət edəcəyik. Biz sülh istəyirik. Ancaq sülh yalnız və yalnız Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması, ölkəmizin dövlət sərhədlərinin, müstəqilliyinin və suverenliyinin toxunulmazlığı şərtləri əsasında ola bilər. Biz bu şərtlər əsasında danışıqlar aparırıq və aparacağıq. Güman edirəm ki, bütün dövlətlər, bu işə qoşulmuş bütün beynəlxalq təşkilatlar da bu məsələlərə daim ədalətlə yanaşacaq, respublikamızın vəziyyətini anlayacaqlar, biləcəklər ki, biz məhz bu prinsiplər əsasında regionumuzda uzunmüddətli sülhün təmin olunmasına çalışacağıq.

Mən bu gün bir qrup veterana qələbənin 50 illiyi münasibətilə təsis olunmuş medallar təqdim etdim. Bu medalları alarkən onların hamısı eyni sözlər dedilər: gün o gün olsun ki, biz yeni bir qələbəni qeyd edək və onu bayram edək. Mən də belə fikirdəyəm.

Gün o gün olsun ki, Azərbaycan torpaqları işğalçılardan azad olsun!

Gün o gün olsun ki, işğal olunmuş torpaqlardan qaçqın düşmüş Azərbaycan vətəndaşları öz evlərinə, yurdlarına, obalarına qayıtsınlar!

Gün o gün olsun ki, Azərbaycanın ərazi bütövlüyü tamamilə, əbədi olaraq təmin edilsin! Bir daha qeyd edirəm, biz bunların hamısına sülh yolu ilə nail olmaq istəyirik. Mən əminəm ki, biz buna nail olacağıq. Əminəm ki, o gün gəlib çatacaq. Əminəm ki, biz belə bir bayramı qeyd edəcəyik.

Əziz veteranlar!

Əziz bacılar, qardaşlar!

Sizin hamınızı bir daha səmimi-qəlbdən təbrik edirəm. Hər birinizi, müharibə veteranlarını qucaqlayıram, öpürəm, sizə öz hörmət və ehtiramımı bildirirəm. Hamınıza cansağlığı, xoşbəxtlik, uzun ömür arzulayıram. Sağ olun.



AZƏRBAYCAN RESPUBLİKASI

PREZİDENTİNİN BƏYANATI
Azərbaycan Respublikası məcburən cəlb edildiyimiz müharibənin ağır

nəticələrinə, respublika ərazisinin iyirmi faizindən çoxunun işğal edilməsinə və bir milyondan çox azərbaycanlının doğma torpaqlardan qovulmasına və qaçqın vəziyyətinə düşməsinə baxmayaraq həmişə Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə, siyasi yolla aradan qaldırılmasına tərəfdar olmuşdur.

Sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü haqqında BMT nizamnaməsinin tələbləri və ATƏT-in prinsipləri, müharibə qurbanları haqqında beynəlxalq konvensiyalar, bizim fikrimizcə, münaqişəyə son qoyulması və onun ağır nəticələrinin aradan qaldırılması üçün etibarlı əsasdır.

Azərbaycan Respublikası bu prinsipial mövqeyi əsas tutaraq, habelə Rusiya Federasiyasının prezidenti Boris Yeltsinin, MDB-nin Parlamentlərarası Assambleyasının, ATƏT-in indiki sədarətinin, Beynəlxalq Qırmızı Xaç Komitəsi sədrinin və başqa nüfuzlu beynəlxalq təşkilatların müraciətlərinə səs verərək Ermənistan - Azərbaycan cəbhəsində atəşkəs haqqında saziş bağlanmasının ildönümündə Azərbaycan ərazisindəki bütün hərbi əsirləri, digər əsaslarla tutulub saxlanmış Ermənistan Respublikası vətəndaşlarını və milliyyətcə erməni olan başqa şəxsləri birtərəfli qaydada azad edir.

Biz həmçinin təəssüfləndiyimizi bildiririk ki, Beynəxalq Qırmızı Xaç Komitəsi Ermənistan ərazisində və Azərbaycan torpaqlarının işğal edilmiş hissəsində olan yüzlərlə azərbaycanlı girovu və hərbi əsiri Azərbaycan tərəfinin təqdim etdiyi siyahılar üzrə hələ də müəyyənləşdirə bilməmişdir.

Biz ümidvar olduğumuzu bildiririk ki, Ermənistan tərəfi bu işin aparılması və tutulmuş bütün azərbaycanlı vətəndaşların azad edilməsi üçün lazımi şərait yaradacaqdır.

Azərbaycan Respublikası Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına tərəfdar olduğunu bir daha təsdiq edir və ümidvar olduğunu bildirir ki, onun atdığı humanist addımlar tezliklə sülh əldə edilməsinə kömək göstərəcəkdir.
HEYDƏR ƏLİYEV

Bakı şəhəri

12 may 1995-ci il

AZƏRBAYCANIN ƏMƏKDAR İNCƏSƏNƏT

XADİMİ, YAZIÇI

MAQSUD İBRAHİMBƏYOVA
Hörmətli Maqsud!

Sizi - müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, respublikamızda və onun hüdudlarından çox-çox kənarlarda tanınmış gözəl yazıçı və kinodramaturqu 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

XX əsr Azərbaycan ədəbiyyatının inkişafında siz öz yaradıcılığınızla yeni bir ədəbi istiqamətin əsasını qoyanlardan birisiniz. Ədəbiyyatımızın dünya miqyasında yayılması yə sevilə-sevilə oxunmasında sizin çox böyük payınız vardır. İki mədəni fəzanın, iki dilin qovuşduğu bir məkanda yaşayan qəhrəmanlarımız Azərbaycan nəsrinə yeni ab-hava gətirmişlər. Onlar müasir olduqları qədər millidirlər. Məhz buna görə də sizin yaradıcılığınız heç kimi laqeyd qoymamışdır.

Azərbaycan kinematoqrafiyasının inkışafında da sizin xidmətləriniz böyükdür. Dünyanın teatr səhnələrində və kino ekranlarında yeni həyat qazanmış əsərləriniz sərt gerçəkliyi real əks etdirməklə yanaşı hər bir insanda sabaha inam, yüksək ideallara sədaqət tərbiyə edir.

Əminəm ki, bundan sonra da siz müstəqil Azərbaycanın gələcəyi naminə fədakarcasına yazıb-yaradacaq, ədəbiyyatımızın inkişafı və onun dünya miqyasında təbliği üçün əlinizdən gələni əsirgəməyəcəksiniz. Bu yolda sizə cansağlığı və uğurlar diləyirəm.
HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

14 may 1995-ci il




GÖRKƏMLİ AZƏRBAYCAN YAZIÇISI VƏ

KİNODRAMATURQU MAQSUD

İBRAHİMBƏYOVUN 60 İLLİK YUBİLEYİ

GECƏSİNDƏ ÇIXIŞ
"Gülüstan" Sarayı
14 may 1995-ci il
Hörmətli Maqsud!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Ölkəmiz və xalqımız üçün əlamətdar bir hadisə -

Maqsud İbrahimbəyovun anadan olmasının 60 illiyi münasibətilə sizi bu gün burada, "Gülüstan" sarayında ürəkdən təbrik edirəm. Bu gün burada başqa yerlərdən gəlmiş qonaqlar da iştirak edirlər, ona görə də çıxışımı rus dilində başladım. Azərbaycanda rus dilini yaxşı bilirlər, amma bizim doğma dilimiz Azərbaycan dilidir. Bu gün ədəbiyyat gecəsi, mədəniyyət gecəsidir. Ədəbiyyat və mədəniyyətimizdə isə dilin yeri əvəzsizdir.

Hörmətli Maqsud, hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar!

Bu gün doğrudan da çox əlamətdar bir gündür. Biz Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin görkəmli nümayəndəsi, böyük ictimai-siyasi xadim, respublikamızın həyatında, xalqımızın qarşısında böyük xidmətləri olan Maqsud İbrahimbəyovun 60 illik yubileyini qeyd edirik.

Mən prezident kimi, Maqsud İbrahimbəyovu rəsmi təbrik etmişəm və onun respublikamızın ən yüksək mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunması haqqında fərman imzalamışam. Yəni dövlət tərəfindən, rəsmi tərəfdən həm təbrik, həm təltif artıq ictimaiyyətə məlumdur. Ancaq mən bu gün buraya Maqsudun dəvəti ilə gəlmişəm. Məhz ona görə ki, bu, təkcə Maqsudun yubileyi deyil, bizim Azərbaycan xalqının, Azərbaycan Respublikasının mədəniyyətinin, ədəbiyyatının həyatında xoş gündür, əlamətdar gündür, deyə bilərəm ki, tarixi gündür.

Biz xalqımızın tarixi, keçmişi ilə, əldə etdiyi nailiyyətlərlə həmişə fəxr edirik. Bu sahədə xalqımızın tarixində ən görkəmli yeri mədəniyyət, ədəbiyyat tutur. Çoxəsrlik tariximizdə məhz mədəniyyət, ədəbiyyat, incəsənət xalqımızı çətin yollarla bu günə gətirib çıxarıbdır və xalqımızın mənəviyyatını, zənginliyini dünyaya nümayiş etdirib, dünya xalqlarına çatdırıbdır. Keçmişdə də, indi də xalqımız, respublikamız ən çox öz mədəniyyəti, ədəbiyyatı, öz intellektual səviyyəsi ilə dünyada tanınır. Məhz buna görə də bugünkü məclis xüsusi xarakter daşıyır.

Doğrudur, bizim adət-ənənəmizə görə indiyə qədər belə yubileylər bir formada keçirilibdir. Müəyyən bir stereotip formalaşıbdır. Ancaq həyat inkişaf edir, bizə yeniliklər gətirir. Bu gün biz yubileyi keçmişdə olan ənənə kimi yox, Maqsudun təşəbbüsü ilə bu formada keçiririk. Mənə belə gəlir ki, bunun da özünə görə həm əhəmiyyəti var, həm də, deyə bilərəm, ləzzəti var. Məhz bu günü, bu yubiley gecəsini mən bütün ədəbiyyatımız üçün, bütün mənəviyyatımız üçün, bütün mədəniyyətimiz üçün böyük bir gün hesab edərək buraya gəlmişəm və Maqsudla, onun dostları, qonaqları ilə bərabər bu günü qeyd edirəm.

Maqsud İbrahimbəyovun xidmətləri böyükdür. Ədəbiyyatımızda, incəsənətimizdə onun özünəməxsus yeri var. Ədəbiyyatımızın, incəsənətimizin, mədəniyyətimizin ən böyük və fərqləndirici xüsusiyyətlərindən biri də odur ki, zaman-zaman istedadlı insanlar mədəniyyətimizdə yeni yollar, yeni cığırlar açırlar, yeni formalar meydana gətirirlər. Məhz bunlardan biri də Maqsud İbrahimbəyovdur. Onun yaradıcılığı, əsərləri özünəməxsus formada, məzmunda, mənadadır və bizim başqa yaradıcı adamlarımızın əsərlərindən fərqi onun məhz bu xüsusiyyətlərindədir.

Maqsud haqqında, onun yaradıcılığı haqqında çox söz demək olar. Mən bu gün onun yaradıcılığına təhlil vermək istəmirəm. Ancaq onun əsərləri bizim həyatımızı, reallığımızı, yaşadığımız dövrü həqiqi əks etdirən əsərlərdir. Maqsud İbrahimbəyovun və onunla bərabər Rüstəm İbrahimbəyovun ictimaiyyətə tanınması dövrü, onların ədəbiyyatda, mədəniyyətimizdə ilk addımları mənim yaxşı xatirimdədir. Bunlar adi deyildi. Müəyyən qədər qeyri-adi idi. Bəzən də mövcud formalara uyğun gəlmədiyinə görə birmənalı qəbul olunmurdu. Hətta bir vaxt bu qardaşlar dissident kimi tanınmırdılar. Yəni bunlar dissident deyildi. Azərbaycanda heç vaxt dissident olmayıbdır. Mənə Moskvada istefada olduğum vaxt bir sual verdilər. Ağır dövrdə olduğum vaxt - 1989-cu ildə bir müxbir mənimlə müsahibə aparırdı. O zaman mənə çox böhtanlar yağdırırdılar.

O vaxtlar kim dissident olub, kim olmayıb məsələsi dəbdə idi. Məndən soruşdular ki, siz rəhbərlik etdiyiniz vaxt Azərbaycanda dissidentlər vardımı? Mən dedim yox idi. Dedilər nə üçün? Dedim ki, sadəcə olaraq biz onları axtarmırdıq. Əgər doğrudan da biz o vaxt dissident axtarmaq istəsəydik elə Maqsud İbrahimbəyovu da, Rüstəmi də dissident kimi damğalamaq olardı. Bəziləri də bunları belə damğalayırdılar və bu cür qələmə verirdilər. Ancaq bunlar heç vaxt dissident olmayıblar. Azərbaycanın mədəniyyətində, incəsənətində, ədəbiyyatında həmişə öz görkəmli yerlərini tutublar, bizim xalqımız, yaşadığımız dövr, o zamanlar, o illər üçün və bu gün, gələcək üçün çox dəyərli əsərlər yaradıblar. Həmin əsərlər bu gün də çox maraqla oxunur, sabah da oxunacaq, güman edirəm ki, gələcək nəsillər də bu əsərləri oxuyaraq 60-cı, 70-ci, 80-ci illərdə Azərbaycan xalqının həyatının nə cür olduğunu çox yaxşı dərk edə biləcəklər.

Maqsudun yaradıcılığı - bilirsiniz, Maqsud deyəndə Rüstəm də yada düşür. Çünki bunların yaradıcılığı, həyat yolu da bir-birinə çox bənzəyir. Ancaq bu gün mən yalnız Maqsud haqqında deyirəm, amma Maqsud ilə Rüstəmin yaradıcılıq yolu bir-birinə çox yaxındır, eyni vaxtda başlayıblar, qardaşdırlar - məhz ona görə xüsusi əhəmiyyət kəsb edir ki, onlar həmin bu illərin həqiqətini, bir daha qeyd edirəm, açıq-aydın əks etdirirlər. Həqiqət də bizim həyatımızın həm dəyərli cəhətləri idi, müsbət cəhətləridir, həm də şübhəsiz ki, həyatımızın, ictimaiyyətin, cəmiyyətin mənfi, neqativ cəhətləridir. Bu baxımdan Maqsudun və Rüstəmin yaradıcılığı ədəbiyyatda, deyə bilərəm ki, mənim siyasətdə ilk dəfə fəaliyyətə başlayarkən atdığım addımlara bənzəyir.

İndi biz Maqsudun 60 illik yubileyini qeyd edirik. 60-cı illər mənim xatirimdədir. Maqsud 25-30 yaşında gənc oğlan idi. Rüstəm bundan da gənc idi. Yaradıcılıqda ilk addımlar atırdılar. 1969-cu ildə mən Azərbaycan Respublikasına rəhbərlik etməyə başladım. Bunlar o vaxt gənc yazıçılar, ədəbiyyatımızın gənc nəslinin nümayəndələri idilər. Bu yolu 30 il bir yerdə keçmişik. İndi mən Maqsuda baxanda onu yenə gənc hesab edirəm. Çünki mənim yaddaşımda o dövr qalıbdır ki, o vaxtlar Yazıçılar İttifaqı ilə, yazıçılarla məşğul olanda deyirdik gənc yazıçılarla ayrı görüşək. Xatirimdədir. Yazıçılar İttifaqının qurultayları ərəfəsində bir ittifaqın rəhbərliyi ilə, bir də gənc yazıçılarla görüşürdük. Gənc yazıçılar Maqsud idi, Rüstəm idi, başqaları idi - ona görə də bunlar mənim üçün elə gənc qalıblar. İndi mən təsəvvür edə bilmirəm ki, Maqsudun 60 yaşı var və biz də gəlmişik bunu qeyd edirik. Amma eyni zamanda bu onu göstərir ki, 60 yaş da böyük bir yaş deyil. Elədirmi? Sən necə hiss eləyirsən özünü?


1   ...   19   20   21   22   23   24   25   26   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə