Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə21/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   27

SOYDAŞLARIMIZLA

GÖRÜŞDƏ ÇIXIŞ
Brüssel
17 aprel 1995-ci il
Belə hesab edirəm ki, siz azərbaycanlılar buraya mənim Brüsselə gəlməyim

münasibətilə toplaşmısınız və mənimlə görüşmək istəyirsiniz. Mən bundan çox məmnunam. Sizə müstəqil Azərbaycan Respublikasından, Azərbaycan torpağından səmimi salamlar gətirmişəm. Mən sizi sevimli xalqımız adından, dövlətimiz adından salamlayıram və hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

Şübhəsiz ki, siz, yəni Avropada yaşayan azərbaycanlılar, türklər Azərbaycanla, ölkəmizin vəziyyəti ilə maraqlanırsınız. Ancaq bilməlisiniz ki, biz - Azərbaycandakı soydaşlarımız, azərbaycanlılar da bütün dünyada yaşayan azərbaycanlılarla çox maraqlanırıq. İndi müstəqil bir dövlət olan Azərbaycan bütün dünyadakı azərbaycanlıların qayğısına qalır, onların barəsində fikirləşir, düşünür. Bəzi səbəblərə görə bir çox azərbaycanlılar Vətəndən kənarda yaşayırlar. Avropada, Amerikada, başqa qitələrdə də yaşayanlar var. Bu, müəyyən dərəcədə təbiidir, çünki bir millətdən olan adamların hamısı həmişə öz torpağında yaşaya bilməz. Bunun müsbət cəhəti də var. Həmin cəhət ondan ibarətdir ki, əgər Brüsseldə və onun ətrafında azərbaycanlılar yaşamasaydı, mən gəlib burada bir azərbaycanlı görməsəydim, özümü, şübhəsiz, pis hiss edərdim. Amma görürəm ki, bizim azərbaycanlılar Avropada yaşayır, işləyir, həyat sürürlər. Bu, sevindirici haldır.

Doğrudur, hələ keçmiş zamanlarda da adamlar öz Vətənindən köçüb başqa ölkədə yaşayanda deyirdilər ki, onlar qürbətdədir. Bu söz - "qürbət sözü qəmginlik yaradan kəlmədir. Qürbətdəki adamlar daim Vətənin həsrətini çəkir və çox çalışırlar ki, Vətəndə olsunlar. Ona görə də qürbətdə yaşayanlar qəriblikdə Vətənini, torpağını, xalqını, millətini, dinini, dilini, adət və ənənələrini unutmursa, insanın harada yaşaması elə böyük əhəmiyyət kəsb etmir. İndi bizim müstəqil bir ölkə kimi xaricdə, məsələn, Avropa, Amerika dövlətlərində güclü lobbiyə, güclü diaspora ehtiyacımız var. Bilirsiniz ki, yeddi ilə yaxındır Ermənistanla Azərbaycan arasında müharibə gedir. Bu müharibəni Ermənistan bizim Azərbaycan torpaqlarını ələ keçirmək üçün başlamışdır. Təəssüf ki, bəzi böyük ölkələrin dəstəyi, köməyi ilə və çox təəssüflər olsun, bir çox səbəblərdən bu müharibədə Azərbaycan torpaqlarının, bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan isə vətəndaşlarımız qaçqın və köçkün düşmüşlər. İndi bir milyondan artıq qaçqın Azərbaycanın başqa məntəqələrində yaşayır.

Belə bir şəraitdə biz beynəlxalq təşkilatların imkanlarından çox istifadə edirik. Çalışırıq ki, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq işini və Ermənistanın təcavüzkar olduğunu daha sanballı surətdə sübut edək, bütün bu məsələləri sülh yolu ilə aradan qaldıraq. Amma hansı bir beynəlxalq təşkilatda işə başlayırıqsa, görürük ki, orada erməni lobbisi çox güclüdür. Erməni millətindən olan bu adamlar çox vaxt heç Ermənistanda yaşamayıblar. Onlar həm güclü və varlıdırlar, həm də dövlət orqanlarına təsir göstərə bilirlər. Ermənilərin Azərbaycana qarşı apardıqları müharibədə haqsız olduqlarına baxmayaraq, erməni lobbisi öz imkanlarından istifadə edərək bizim haqq işimizin, haqlı təkliflərimizin eşidilməsinə maneçilik törədir.

Mən təkcə buna görə demirəm ki, başqa ölkələrdəki azərbaycanlılar güclü olmalıdırlar. Ümumiyyətlə, hər hansı bir xalq öz çərçivəsinə qapanıb yaşasa, dünyanı görməsə, dünya ilə əlaqəsi olmasa, çox inkişaf edə bilməz.

İndi dünyanın həyatı elədir ki, hər bir ölkədən nəsə görüb-götürmək, hər bir ölkənin təcrübəsindən nəsə öyrənmək olar. Mən belə deməklə onu əsaslandırmaq istəmirəm ki, siz niyə, məsələn Azərbaycandan, yaxud Türkiyədən gəlib Avropada -Belçikada, Almaniyada yaşayırsınız. Hərənizin buraya gəlməyinin bir səbəbi var. Mən bilirəm, Vətən üçün ürəyiniz darıxır. Bu da təbiidir. Amma eyni zamanda, yenə də qeyd edirəm ki, mən gəlib burada, Brüsseldə azərbaycanlılarla görüşəndə özümü yaxşı hiss etdim. Sevindim ki, bizim burada soydaşlarımız, həmvətənlərimiz var. Onlar Azərbaycan haqqında həqiqəti burada, Avropada yaymağa qadirdirlər. Ona görə də hər birinizin burada Azərbaycanın xeyrinə, yəni Azərbaycanın müstəqilliyi naminə, bugünkü və gələcək həyatı naminə gördüyünüz bütün işlər ölkəmiz üçün qiymətlidir.

Şübhəsiz ki, hər bir insan öz Vətəninə, millətinə, dininə, dilinə nə qədər bağlı olursa, mənəviyyatca da bir o qədər yüksək olur. Mən güman edirəm ki, siz Avropada yaşasanız da, Vətəninizə bağlısınız, ata-babalarınızın, ulu babalarınızın ruhuna, onların verdikləri nəsihətlərə bağlısınız. Kimin harada yaşamasından, işləməsindən asılı olmayaraq, o, Azərbaycanı unutmur, Vətəni yad edir, təbliğ edir.

Bir müstəqil dövlət kimi Azərbaycanın indi Avropada da, Asiyada da, Amerikada da təbliğ olunmağa çox ehtiyacı var. Bu sahədə Avropanın müxtəlif dövlətlərində yaşayan və müxtəlif cəmiyyətlərdə birləşən soydaşlarımız böyük və səmərəli iş görə bilərlər. Bir sıra səbəblər üzündən Azərbaycanın vəziyyəti indi ağırdır və bu çətinliklərdən başqa Azərbaycanın şimal tərəfdən yollarının bağlanması ilə daha bir problem yaranıb. Əslində Azərbaycan blokada vəziyyətinə düşüb.

Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətindir, müşküldür. Çünki Azərbaycanın müstəqilliyi ilə razılaşmayan qüvvələr var və bu quvvələr bütün imkanlardan istifadə edirlər ki, ölkəmiz yenidən təsir dairəsinə düşsün. Lakin nəyin bahasına olursa-olsun, Azərbaycan prezidenti və xalqı öz müstəqil dövlətini qoruyub saxlayacaqlar.

Bizim həm həyatımızı, həm də müstəqilliyimizi qoruyub saxlamağa maneçilik törədən məsələ Azərbaycanın Ermənistanla müharibə vəziyyətində olmasıdır. Bilirsiniz ki, bu müharibə 1988-ci ildə başlayıb. O vaxtlar Azərbaycan da, Ermənistan da Sovetlər İttifaqının tərkibində idi. Təəssüf ki, onda Azərbaycanda hakimiyyətdə olan adamlar bu müharibənin qarşısını ala bilmədilər, halbuki ala bilərdilər. Çünki Azərbaycan da, Ermənistan da bir dövlətin tərkibində idi. Şübhəsiz ki, o vaxtlar Sovetlər İttifaqında hakimiyyət başında duran şəxslər, xüsusən Mixail Qorbaçov Azərbaycana xəyanət edib və Dağlıq Qarabağ məsələsinin qaldırılmasına, Ermənistanın Azərbaycana hücum etməsinə imkan verilibdir. Lakin bunun da qarşısı alına bilərdi. Çünki Sovetlər İttifaqı çox qüdrətli və güclü bir dövlət idi, böyük orduya, böyük imkanlara malik idi. Sadəcə olaraq bunların qarşısını alıb deyə bilərdi ki, Ermənistan da öz yerində otursun, Azərbaycan da. Bu da olmadı. Azərbaycanın rəhbərləri gərək öz torpaqlarını qoruyaydılar və Sovetlər İttifaqının imkanlarından istifadə edəydilər. Onlar bunu etmədən müxtəlif proseslər gedib və təəssüf ki, Azərbaycanda daxili sabitlik də olmayıb. Bir tərəfdən ermənilər Azərbaycana təcavüz edib torpaqlarımızı ələ keçirmək istəyir və 1990-91-ci illərdə Dağlıq Qarabağı tamamilə ələ keçirmişlər. Digər tərəfdən isə Azərbaycanın daxilində adamlar hakimiyyəti ələ almaq və vəzifələri tutmaq üçün bir-biri ilə mübarizə aparmağa başlayıblar. Bax, içimizdə olan bu ixtilaflar, davalar, vəzifə və hakimiyyət mübarizəsi Azərbaycanı bu günə gətirib salmışdır.

Bunları nəzərə alaraq biz son vaxtlar çalışırıq ki, həm Ermənistanla müharibədə müəyyən bir dönüş yaradaq, həm də Azərbaycanın daxilində vəziyyəti sabitləşdirək. Siz Azərbaycandan uzaqlarda olduğunuza görə bilməlisiniz ki, torpaqlarımızın bir qisminin erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi azərbaycanlıların o qədər də aciz olması ilə bağlı deyildir. Yox, azərbaycanlılar aciz millət, aciz və gücsüz adamlar deyildirlər. Sadəcə olaraq Azərbaycanda hakimiyyətdə olan adamlar, Azərbaycan rəhbərliyi xalqın gücündən, qüdrətindən istifadə edə bilmədilər. Məsələn, Ermənistan ordu yaratdığı halda, Azərbaycanda ordu yaradılmadı. Ermənistana nə lazım idi ki, ordu yaradaydı? Axı ona heç kəs hücum etmirdi. Amma Azərbaycan artıq 1988-ci ildə Ermənistanın təcavüzünə məruz qalmışdı. Gərək Azərbaycanda ordu, silahlı qüvvələr yaradılaydı. Adamlar səfərbərliyə alınaydı. Lakin bunun əvəzinə daxildə didişmələr, dedi-qodular, vəzifə mübarizəsi və digər ixtilaflar gedirdi. Bax, bunların nəticəsində Azərbaycan torpaqlarının bir qismi işğal edildi. Məhz bunların nəticəsində. Məsələn, Azərbaycanın bir neçə rayonu işğal edilibdir. EIə bilirsiniz orada döyüş, vuruşma gedib? Məsələn, 1993-cü ilin mart ayının sonunda - aprel ayının əvvəlində Kəlbəcər rayonu işğal edildi. Amma bunu hamı bilir, tarix də göstərir, şahidlər də deyirlər ki, Kəlbəcər rayonunda heç bir vuruşma olmayıb. Bəziləri gəlib camaatı qorxuya, vahiməyə salıb, bəziləri də döyüşçüləri heç bir vuruşma getmədiyi halda oradan çıxarıblar. Ermənilər də gəlib oraya girmişlər.

Hamımızın əzizi olan Şuşa şəhərini deyim. Bildiyiniz kimi, Şuşa Azərbaycanın incisi, Qarabağın gözüdür, bizim qədim abidələrimiz olan, qədim dövlətçiliyimizin şəhəridir. Şuşa böyük tarixə malik şəhərdir. Şuşa və Laçın rayonlarının Ermənistan tərəfindən işğal edilməsi döyüşlərlə əlaqədar deyil. Bu rayonların müdafiəsi zamanı xəyanət etmiş adamların ittiham

olunması ilə əlaqədar hazırda məhkəmə gedir. Məhkəmə açıq-aydın göstərir ki, Şuşa əsla müdafiə edilmirdi.

Şuşanın işğalı vaxtı mən Naxçıvanda yaşayırdım. Siz bilirsiniz ki, o vaxtlar - mən Moskvadan gedəndən sonra məni Bakıda yaşamağa qoymadılar. Gedib Naxçıvanda yaşadım. Naxçıvanın da Azərbaycanla əlaqəsi kəsilmişdi və o, blokada şəraitində idi. Biz çox ağır bir vəziyyətdə yaşayırdıq. Orada mən eşitdim ki, Şuşa ermənilər tərəfindən işğal olundu. O vaxtlar İran nümayəndələri Azərbaycanla Ermənistan arasında müəyyən qədər vasitəçilik edirdilər. İran hökumətinin nümayəndələri mənim də yanıma gəlib-gedirdilər. Onlar gəlib mənə bildirdilər ki, ermənilər bizə deyir: "Biz Şuşanı zəbt etmədik, biz Şuşa şəhərini almaq uğrunda vuruşmadıq, azərbaycanlıların özləri Şuşanı sinidə bizə verdilər"...

Lakin son dövrdə, yəni 1993-cü ilin payızından başlayaraq biz böyük bir dönüş yarada bildik. Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamaq üçün əsas vasitələrdən biri kimi ordu quruculuğu işinə əgər son illər diqqəti artırmasaydıq, ölkəmiz daha böyük faciə ilə üzləşə bilərdi. Məhz bunun nəticəsində, əvvəllər atəşkəs haqqında müqavilə imzalamaq istəməyən Ermənistan keçən il mayın 12-də bu sənədə imza atdı.

Biz müharibəyə sülh yolu ilə son qoyulmasına tərəfdarıq, bunun üçün beynəlxalq təşkilatların, ilk növbədə də ATƏT-in və onun Minsk qrupunun fəaliyyətinə ümidlər bəsləyirik. Bu mənada ATƏT-in Budapeşf Zirvə toplantısının qərarları mühüm əhəmiyyət kəsb edir. ATƏT-in Minsk qrupunun fəaliyyətindəki lənglik, təbii ki, respublikamızı və onun prezidentini razı sala bilməz. Azərbaycan bütün hallarda məsələnin sülh yolu ilə həll olunmasına tərəfdardır. Bir şərtlə ki, onun ərazi bütövlüyü və suverenliyi təmin edilsin...

Bilirsiniz, görürsən yeni dəbdə bir paltar - çıxanda hamı - yaraşan da, yaraşmayan da, pulu olan da, olmayan da çalışır ki, ondan geysin. Bizim bəzi adamlar da indi belə bir xəstəliyə tutulublar - hamı partiya yaratmaq istəyir. Hamıya şərait yaradılmışdır və bu partiyaların heç birinin fəaliyyətinə etirazımız yoxdur. Açıq deyə bilərəm ki, partiyalar sayca çox olsa da, üzvləri azdır. Bu partiyaların gücləri yoxdur, lakin belə hesab edirlər ki, gücləri böyükdür.

Məsələn, bu yaxınlarda Amerika Milli Demokratiya İnstitutunun direktoru Letski Bakıya gəlmişdi. Mən də onunla gorüşdüm. O, əvvəlcə xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə ilə görüşüb söhbət etmişdi. Vəfa Quluzadə mənə dedi ki, qonaq müxalifət partiyalarının hamısının nümayəndələri ilə görüşmüşdür. Onların verdikləri məlumatdan belə görünür ki, indi Azərbaycanın əhalisi 300 milyon nəfərdir. Çünki onlar öz partiyalarına daxil olan üzvlərin sayı haqqında o qədər şişirdilmiş məlumat veriblər ki, bunları cəmləyəndə amerikalı qonaq deyir ki, sizin əhaliniz gərək 300 milyon nəfər olsun. Amma Azərbaycanın əhalisi 7 milyon yarımdır. Yəni bunlar öz partiyalarının həm fəaliyyətini, həm də üzvlərinin sayını çox şişirdiblər. Amma bu da keçib gedəcəkdir. İnsanlar gərək bəzi mərhələlərdə bu xəstəliyə tutulsunlar. Bəziləri indi buna tutulsalar, gələcəkdə ona məruz qalmazlar.

Şübhəsiz, o partiyalar ki, xalqın müəyyən təbəqəsinin nüfuzunu qazana biləcəklər, onlar yaşayacaq, inkişaf edəcəklər.

Məlum olduğu kimi, ölkəmizdə üç dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir.

Mən 1993-cü ilin iyun hadisələri zamanı respublikada vətəndaş müharibəsinin qarşısını almaq və ölkənin parçalanmasına yol verməmək üçün xalqın tələbi və çağırışı ilə yenidən hakimiyyətə qayıtmağa razılıq verdim. Məqsədim Azərbaycanın tam müstəqilliyinə nail olmaqdır. Lakin bəzi qüvvələr bunu lazımınca qiymətləndirmir və ibrət dərsi götürmürlər.

O vaxt Azərbaycanı parçalamaq istəyirdilər. Bir tərəfdən guya Talış Respublikası, o biri tərəfdən Ləzgi Respublikası yaratmaq istəyirdilər. Ermənistan bundan istifadə edərək torpağımızın xeyli hissəsini işğal etdi. Lakin gərginliyi aradan qaldırdıq. Fikirləşirdim ki, bu, hamıya dərs olar, hakimiyyət mübarizəsinə son qoyular. Lakin belə olmadı.

Mən o zaman şəraiti nəzərə alaraq qüvvələri parçalamamaq üçün, dövlətə qarşı Gəncədə qiyam etmiş və müəyyən qədər qalib olmuş Surət Hüseynovu baş nazir təyin etdim. Mən istədim ki, bu qüvvələri birləşdirək, Azərbaycan parçalanmasın. Əslində o bu vəzifəyə layiq deyildi, 35 yaşında bir adam idi, savadı çox az idi, təcrübəsi də yox idi. Başına da bəzi silahlı qüvvələri toplamışdı. Doğrudan da ona kömək etmək istədim ki, bəlkə işləyərək fayda verə bilsin. Amma bu adamlar bir müddətdən sonra yenə hakimiyyət mübarizəsinə qoşuldular. Digər qüvvələr də baş qaldırdı. Xalq Cəbhəsi də hakimiyyət mübarizəsinə başladı. Halbuki əvvəl hakimiyyətə gəlmişdi, lakin əldə saxlaya bilmədi. Prezident qaçdı, Ali Sovetin sədri, baş nazir istefa verdilər. Lakin bir neçə aydan sonra yenə hakimiyyət mübarizəsinə qalxdılar və bundan ötrü ayrı-ayrı cinayətkar ünsürlərdən, gizli silahlı qüvvələrdən istifadə etməyə başladılar.

Əvvəlki prezident Ayaz Mütəllibov da Moskvaya qaçmışdır. Orada bəzi qüvvələr ondan istifadə etmək istəyirlər. O da oradan Azərbaycanı parçalamaq istəyirdi. Bunların hamısı çalışırdı ki, ölkə daxilində olan cinayətkar qüvvələri qaldırsınlar. Azərbaycanda bir tərəfdən Ermənistanla müharibə gedirdi, bir tərəfdən də öz içərimizdə. Bilirsiniz ki, bu, keçən il oktyabrın əvvəlində və demək olar, ondan da bir az qabaq başlandı. Oktyabr hadisələri zamanı keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin əfv edilməsi onunla bağlı idi ki, Azərbaycanda qüvvələr parçalanmasın, müharibə şəraitində milli həmrəyliyə nail olunsun. Lakin Rövşən Cavadov Prezident Aparatı qarşısında keçirilən mitinqə gələrək prezidentin tərəfində olduğunu söyləsə də, sonradan yenə də dövlət çevrilişi cəhdinə əl atdı.

Mart ayında mən Kopenhagenə getmişdim. Dünya ölkələrinin dövlət başçıları oraya toplaşmışdılar. Bilirsiniz ki, dünyanın sosial problemləri ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatı orada böyük bir toplantı keçirirdi. Mən də Azərbaycanın dövlət başçısı kimi orada iştirak edirdim. Bu müddətdə həmin Xüsusi Təyinatlı Polis Dəstəsi dövlət çevrilişi etmək istəyirdi. Amma bunu edənlər təkcə onlar deyildi. Xalq Cəbhəsi, Moskvada olan Mütəllibov, Surət Hüseynov, Azərbaycandakı "Boz Qurd" Partiyası, başqa müxalifət partiyaları bu cəhdə qoşulmuşdular.

Xüsusi Təyinatlı Polis Dəstəsi Daxili İşlər Nazirliyinin tərkibində silahlı dəstə idi. Onun üzvlərinin çoxu vaxtilə Ermənistan silahlı qüvvələri ilə vuruşmuş, yəni döyüşlərdən çıxmış adamlar idi. Sonra isə çoxları cinayət yoluna düşmüş, adamları soymuş, öldürmüşdülər. Artıq belə bir dəstənin polisdə qalmasına ehtiyac yox idi. Ancaq yenə də qarşıdurma yaranmaması üçün mən bu dəstənin ləğvini ləngidirdim, lakin onu ləğv etmək lazım idi.

Bayaq dediyim qüvvələrin hamısı bu dəstənin ətrafına toplaşaraq onu qızışdırmışdılar ki, bəli, dəstə dövlət çevrilişi edəcək, prezidenti öldürəcək, hakimiyyəti ələ keçirəcək və hamısı birlikdə yenidən hakimiyyətə gələcəkdir. Mən Kopenhagendə olarkən məlumat aldım ki, onlar artıq bu çevrilişə hazırlaşıblar. Hətta mən Bakıya dönəndən sonra dəqiq məlumat gəldi ki, onlar hava limanında sui-qəsd edib məni öldürmək istəyirmişlər. Lakin görünür, vaxt dəyişdiyinə görə buna nail ola bilmədilər. Dövlət çevrilişinin qarşısı alındı və bütün günahkarlar cəzalandırılacaqdır. Heç şübhəsiz, bu dövləti cinayətin qarşısının alınması çoxları üçün ibrət dərsi olacaqdır. İndi Azərbaycanda vətəndaşlar rahat nəfəs almağa başlayıb, sakitlik yaranıb. Lakin hələ görüləsi çox işlər, həll ediləsi çox problemlər var.

Sözümün sonunda onu demək istəyirəm ki, Azərbaycanın müstəqilliyi tarixi hadisə, xalqımızın tarixində olan ilk imkandır. Bunu qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq bizim borcumuz, şərəfli vəzifəmizdir. Mən də bir prezident kimi bu vəzifəni heyata keçirməyə çalışıram. Sağ olun.

Mən sizi dinləməyə hazıram. Yəqin ki, sizin sözünüz, sualınız var. Buyurun.



S u a l: Azərbaycanda rüşvətxorluğun qarşısının alınması üçün nə kimi işlər görülür?

C a v a b: Rüşvətxorluğun harada çox, harada az olmasının o qədər də əhəmiyyəti yoxdur. Hər bir dövlət, millət, xalq üçün rüşvətxorluq böyük bəlalardan biridir. Siz gəncsiniz, bəlkə də bunları bilmirsiniz. Mən 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilmişəm. Bir-iki aydan sonra o vaxtdan 26 il keçəcək. O vaxt - kommunist rejimi, sosialist dövləti vaxtında da rüşvətxorluq var idi. Sovetlər İttifaqı dövründə rüşvətxorluğa keçmişin, burjuaziya sisteminin qalığı deyirdilər. Deyirdilər ki, rüşvətxorluq həm keçmişin qalığı, həm də burjuaziya sistemindən bizə keçmiş xəstəlikdir. İzah edirdilər ki, Sovet İttifaqında, sosialist quruluşunda rüşvət ola bilməz. Halbuki var idi. Həm də Kommunist Partiyası dövründə rüşvətxorluq haqqında danışmırdılar. Çünki belə düşünürdülər - əgər desək ki, bizdə rüşvətxorluq var (o vaxt burjuaziya dövlətləri ilə sosialist dövlətləri arasında siyasi mübarizə gedirdi) onda Almaniyada, Münxendə yerləşən "Azadlıq" radiostansiyası bildirəcək ki, Sovetlər İttifaqı içəridən dağılır, çünki burada rüşvətxorluq, korrupsiya var.

Bəli, rüşvətxorluq var idi. Ancaq bunu adamlar yalnız bir-biri arasında deyirdilər. Heç bir rəhbər işçi demirdi ki, bizim cəmiyyətdə rüşvətxorluq var. Fikirləşirdilər ki, bunu desək, kapitalistlər bundan istifadə edəcək, ölkəmizi hörmətdən salacaq, imicini korlayacaqlar.

Mən Azərbaycana rəhbər seçiləndən bir ay sonra böyük bir məruzə etdim. Həmin məruzəmdə Azərbaycandakı rüşvətxorluq haqqında açıqca danışdım. Bildirdim ki, respublikada rüşvətxorluq var və bununla mübarizə aparmaq lazımdır. Vəzifəli adamlar vəzifələrindən öz şəxsi məqsədləri üçün istifadə edirlər və sair.

Bütün xarici radiostansiyalar - "Azadlıq", "Amerikanın səsi" və başqaları mənim fikirlərimi bir ay təkrar etdilər və dedilər ki, Azərbaycanda böyük bir inqilab əmələ gəlib, nə olub? Yeni bir rəhbər gəlib açıqca deyir ki, respublikada rüşvətxorluq var. Onlar da bundan istifadə etdilər. Sovetlər İttifaqının o vaxtkı başçısı Leonid Brejnev təxminən bir aydan sonra mənə telefonla zəng etdi, dedi ki, sən orada nə edirsən? Soruşdum ki, nə barədə? Dedi ki, xarici qəzetlər, radiostansiyalar Azərbaycandan çox şeylər yazırlar. Yazırlar ki, sən orada adamları həbs edirsən. Cavab verdim ki, bəli, bəzi adamları həbs etmişik. Soruşdu ki, nəyə görə? Dedim ki, onlar rüşvət alıblar, ona görə də həbs olunublar. Soruşdu ki, bəs belə şeylər danışmısan? Dedim ki, bəli, danışmışam.

Mən ondan soruşdum ki, siz bunları haradan bilirsiniz? Dedi ki, həmin xarici qəzetlərin, radiostansiyaların materiallarının xülasəsini mənə veriblər, oradan bilirəm. Soruşdum ki, bəs öz işçiləriniz bu barədə sizə məlumat verməyiblər? Axı mən belə addım atarkən onlar bunu bilirdilər. Dedi ki, yox, onlar mənə heç nə deməyiblər. Mən bu barədə ona telefonda təxminən 45 dəqiqə ətraflı danışdım. Axırda o dedi ki, düz etmisən. Bundan bir il sonra ilk dəfə Moskvada Kommunist Partiyasının qurultayında Brejnev öz məruzəsində dedi ki, bizim cəmiyyətdə rüşvətxorluq var və onunla mübarizə aparmaq lazımdır.

Bütün bunları ona görə deyirəm ki, rüşvətxorluq o vaxt da var idi. Mən o şəxsəm ki, Sovetlər İttifaqı kimi böyük bir ölkədə ilk dəfə olaraq rüşvətxorluğun əleyhinə çıxmışam və rüşvətxorların bir qismini də həbs etmişəm. Amma onu da deyim ki, mən 1987-ci ildə Moskvada öz vəzifəmdən istefa verəndən sonra mənim əleyhimə yazılar yazmağa başladılar. Azərbaycanda vaxtilə mənim həbs etdirdiyim rüşvətxorları gətirib televiziyaya çıxardılar və qəhrəman kimi göstərdilər. Dedilər ki, onlar Əliyev hakimiyyətinin qurbanlarıdır. Mənim başıma belə işlər də gəlib.

Sizə bunları bildirməklə onu demək istəyirəm ki, bu bəla xəstəlik var: bir yerdə çox, bir yerdə az. Bununla mübarizə aparmaq lazımdır. Rüşvətxorluqla ən çox mübarizə aparanlardan biri də Heydər Əliyevdir. Əgər 26 il bundan əvvəl Sovetlər İttifaqı kimi böyük bir dövlətdə, o cür rejimdə cəsarətim çatıb rüşvətxorluq haqqında bütün dünyaya bəyanat verib mübarizə aparmışamsa, indi, müstəqil Azərbaycan Respublikasının prezidenti kimi bu işdə əl-qolumu bağlayan yoxdur, mübarizə aparacağıq.

S u a 1: Hörmətli prezident, Azərbaycanda iqtisadi islahatların gedişi barədə nə deyə bilərsiniz?

C a v a b: Biz iqtisadi islahatların həyata keçirilməsi ilə məşğuluq. İki ay bundan əvvəl bu məsələ ilə əlaqədar, yəni kənd təsərrüfatında iqtisadi islahatların aparılması üçün iki qanun qəbul etmişik, indi kolxozların, sovxozların tədricən ləğv olunması, torpaqların kəndliyə verilməsi, mülkiyyət formalarının dəyişdirilməsi, şəxsi mülkiyyətin yaranması məsələləri ilə məşğuluq. Respublikamızda özəlləşdirmə proqramı hazırlanıb, bu proqrama yaxın vaxtlarda baxacağıq. Həmin proqram əsasında sənaye, nəqliyyat, ticarət, məişət xidməti sahələrini mərhələ-mərhələ özəlləşdirəcəyik. Yəni mülkiyyətin formaları dəyişdikcə, insanlarda sahibkarlıq hissi yarandıqca, qiymətlər sərbəstləşdikcə belə hesab edirəm ki, respublikamızın iqtisadiyyatında da müsbət dəyişikliklər olacaqdır. Biz iqtisadi islahatlar aparırıq və bundan sonra da aparacağıq.

S u a l: Xaricdə Azərbaycan lobbisinin yaranmasına nə kimi kömək göstərilə bilər?

C a v a b: Güman edirəm ki, burada gərək xaricdə yaşayan azərbaycanlıların özləri fəal, təşəbbüskar olsunlar. Çünki lobbi süni surətdə yaranmır. Xarici ölkələrdəki lobbilər insanların öz vətəni, milləti ilə bağlılığından asılıdır. Amerikanın erməni millətindən olan ən zəngin adamlarından biri, - adını çəkmək istəmirəm - bəlkə də heç vaxt Ermənistanı görməyib, orada yaşamayıb, amma daim Ermənistana maddi yardım edir. Eyni zamanda Amerikada, Avropada Ermənistan haqqında hansı fikri istəyir, onu da yaradır.

Bilirsiniz ki, ABŞ konqresi Azərbaycan haqqında azadlığı dəstəkləmə aktının 907-ci maddəsini tətbiq edərək respublikamıza kömək göstərilməsinə məhdudiyyət qoyub. Bu, 1992-ci ilin payızında olub. Həmin qərar ona görə qəbul edilib ki, guya Azərbaycan Ermənistanı blokadaya salıb. Bundan sonra Ermənistan gəlib Azərbaycan torpaqlarının bir qismini, bütün dəmir yolunu tutub, təcavüzkarlıq edib, ancaq konqresin qəbul etdiyi qərar öz gücündədir və onu aradan götürməyə bizim imkanımız yoxdur. Soruşarsınız ki, bəs bu necə olub? Həmin erməni lobbisinin nümayəndələri gəlib konqresdəki bəzi adamlarla danışıb, onlara təsir edib, razılığını alıb. ABŞ konqresi üzvlərinin çoxu bilmir ki, Ermənistanla Azərbaycan arasında münasibətlər necədir. Bir layihə hazırlayıblar, onlar da səs veriblər, bununla da həmin məsələ həll olunub. Konqresin üzvlərindən bəziləri Bakıya gəlmişdilər, onlarla danışdım, başa saldım ki, axı bu ədalətsizlikdir. Deyirlər ki, yox, biz bunu belə qəbul etmişik. Niyə? Ona görə ki, erməni lobbisi konqresin bəzi üzvlərini ələ ala bilib.

Erməni lobbisinə Ermənistandan heç kim rəhbərlik etmir. Onlar öz vətənlərinə, millətlərinə, torpaqlarına o qədər bağlıdırlar ki, orada da öz imkanlarından istifadə edirlər. Şübhəsiz ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların belə imkanları yoxdur. Mən bunu bilirəm. Ancaq hətta ən kiçik imkandan da istifadə etmək lazımdır. Demək, təşəbbüs birinci növbədə gərək sizin özünüzdən olsun. Axı siz niyə gərək üç ildən bir görüşəsiniz? Tez-tez görüşün.

Ermənilər hara gedirlər, özlərinə bir məktəb, kilsə və sair açırlar. Kimin harada işləməsindən asılı olmayaraq, mütləq bu kilsəyə gəlməlidir, məktəbdə erməni dilində oxumalıdırlar, erməni dilində qəzet buraxmalıdırlar. Təəssüf ki, bu xüsusiyyət bizim millətimizdə yoxdur.

Digər tərəfdən, xarici ölkələrdəki Azərbaycan lobbisinin fəaliyyətini gücləndirmək üçün gərək bizim nümayəndəliyimiz, səfirliyimiz lazımi iş görsün. Burada respublikamızın səfiri neçə ildir işləyir, özü də təcrlibəli adamdır. Gərək o, gecə-gündüz bu işlərlə məşğul olsun. Baxsın, harada azərbaycanlı var, ona kömək etmək lazımdırsa - kömək etsin, onu başqa azərbaycanlı ilə bağlamaq mümkündürsə - bu əlaqəni qursun. Burada, əlbəttə, səfirlikdən çox şey tələb olunur. Səfir buradadır, mən ondan tələb edirəm ki, bu işlərlə Almaniyada ciddi məşğul olsun. İndi buraya, Belçikaya səfir təyin etdik. O da məşğul olsun. Başqaları da məşğul olmalıdırlar. Əl-ələ vermək, iş görmək lazımdır.

Avropa ölkələrinin müxtəlif şəhərlərində yerləşən Azərbaycan cəmiyyətlərinin bir mərkəzdə birləşdirilməsinin vacibliyi təklifinə gəlincə onu deyə bilərəm ki, bunlar doğru fikirlərdir, amma bu cəmiyyətləri bir mərkəzdə birləşdirmək üçün siz də təşəbbüs göstərməlisiniz, səfir də işləməlidir. Xarici ölkələrdə yüksək ixtisaslı azərbaycanlı kadrlar hazırlanması işinə xüsusi diqqət yetirilməsi təklifi olduqca böyük maraq doğurur. Respublika baş nazirinin müavini, professor İzzət Rüstəmov bu görüşdə iştirak edir. Mən ona tapşırıram ki, bu məsələlərlə məşğul olsun və bu işin gedişinə nəzarət etsin.

Çıxış edənlərin xarici ölkələrdə lobbimizin təşkili üçün Azərbaycanda da müəyyən bir mərkəz yaradılması, respublika Teleradio Verilişləri Şirkətində xarici ölkələr üçün proqramlar hazırlayan şöbənin açılması və onun verilişlərinin Avropa ölkələrinə yayılması, xaricdə yaşayan soydaşlarımızın vətəndaşlığı məsələsi barədə də arzu və təkliflərinə gəlincə, mən bu məsələlər barədə baş nazirin vəzifəsini icra edən Fuad Quliyevə, xarici işlər naziri Həsən Həsənova, baş nazirin müavini İzzət Rüstəmova lazımi tapşırıqlar verirəm və onların yerinə yetirilməsinə nəzarət edəcəyəm.

1   ...   17   18   19   20   21   22   23   24   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə