Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə2/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   27

İORDANİYA KRALI HÜSEYN İBN TƏLAL

İLƏ SÖHBƏTDƏN
... Azərbaycanın üzləşdiyi iqtisadi-siyasi problemlərin əsas səbəbi Ermənistanın təcavüzündən irəli gəlir. Altı ildən çox davam edən bu müharibə Azərbaycanı iqtisadi böhran həddinə, ərazimizin 20 fazindən çoxunun işğalına və qaçqınlar ordusunun yaranmasına gətirib çıxarmışdır.

Lakin çox təəssüf ki, son vaxtlara qədər bu təcavüzə lazımi hüquqi-siyasi qiymət verilməmişdir. Son zamanlar ATƏM xətti ilə görülən diplomatik tədbirlər və eləcə də bir sıra İslam dövlətlərinin bu problemə fəal müdaxiləsi nəticəsində Ermənistanın yaratdığı informasiya blokadasını yarmaq və əsl həqiqətləri dünyaya çatdırmaq mümkün olmuşdur. Bununla belə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa hələ də böyük ehtiyac vardır. Bu mənada mən İordaniya kralının dünyada olan nüfuzuna və siyasi təcrübəsinə böyük ümid bəsləyirəm. Şübhə yoxdur ki, İordaniya bu problemin sülh yolu ilə həllinə lazımi kömək göstərə bilər. Mübahisəli beynəlxalq məsələlərin həllində kifayət qədər təcrübəsi olan İordaniya kralı Fələstin problemi kimi düyünlü məsələnin açılmasında çox böyük rol oynamışdır. Ona görə də, zənnimizcə Siz Qarabağ münaqişəsinin həll olunmasında da yaxından iştirak edə bilərsiniz. Mən vəziyyəti öz gözləri ilə görmək, düçar olduğumuz ağır problemlərin həllinə kömək göstərmək üçün hörmətli kral Hüseyn ibn Təlalı Azərbaycana dəvət edirəm.


BRUNEY SULTANI MUDA HƏSƏN ƏL-BOLKİAH

MÜİZZƏDDİN VƏDDAULLAH İLƏ SÖHBƏTDƏN
...Bruney ilə Azərbaycanın bir-birinə yaxınlaşması, sıx əlaqələr yaratması üçün imkanlar çoxdur. Azərbaycan Respublikası İslam Konfransı Təşkilatının üzvüdür və bütün İslam aləmi ilə geniş əlaqələr qurmaq yolundadır. Mənə elə gəlir ki, ölkələrimiz arasında əməkdaşlıq üçün burada, Mərakeşdə faydalı zəmin yaratmaq olar. Mən bu görüşdən çox məmnunam. Belə hesab edirəm ki, gələcək qarşılıqlı münasibətlərimiz üçün bu görüş yaxşı bir başlanğıc olacaqdır...

Ermənistanın Azərbaycana təcavüzü xalqımız üçün ağır problemlər yaratmışdır. Bu müharibə xalqımıza böyük bəlalar gətirmişdir. Bütün bunlara baxmayaraq biz müharibənin nəticələrinin sülh yolu ilə aradan qaldırılmasının tərəfdarıyıq. Bu məqsədlə də atəşkəsə razı olmuşuq. Müharibənin sülh yolu ilə dayandırılması istiqamətində ATƏM-in fəaliyyətini müsbət qiymətləndiririk. Bu mənada bölgəyə sülhməramlı qüvvələrin göndərilməsi barədə ATƏM-in Budapeşt Zirvə toplantısında qəbul edilmiş qətnamənin əhəmiyyəti böyükdür və mən əminəm ki, Kasablanka toplantısında da Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul olunacaqdır. Ona görə də biz çox istərdik ki, Bruney sultanı bu qətnaməni müdafiə etsin. Mən, həmçinin, ümidvar olduğumu bildirmək istərdim ki, Bruney sultanlığı Zirvə toplantısında qəbul olunacaq digər bir qətnaməyə - Azərbaycana iqtisadi və humanitar yardım göstərilməsi barədə sənədə də öz müsbət münasibətini bildirəcəkdir.



İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ

OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ

HÖKUMƏT BAŞÇILARININ KASABLANKA

ZİRVƏ TOPLANTISINDA ÇIXIŞ
13 dekabr 1994-cü il
Hörmətli cənab sədr!

Hörmətli dövlət başçıları və nümayəndə heyətlərinin rəhbərləri!

İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin başçılarının görüşünün çox gözəl təşkil edildiyinə görə mən hər şeydən əvvəl, Mərakeş məliki əlahəzrət II Həsənə ürəkdən təşəkkür edirəm.

Azərbaycan xalqı adından sizi - bu mötəbər məclisin iştirakçılarını böyük məmnuniyyətlə salamlayıram. Sizə və xalqlarımıza səadət və firavanlıq arzulayıram, hörmət və ehtiramımı bildirirəm.

Biz haqlı olaraq fəxr edə bilərik ki, islam dünyası ümumbəşəri sivilizasiyaya öz layiqli töhfəsini vermişdir və neçə əsrdir ki, onun mənəvi inkişafına və təkmilləşdirilməsinə kömək edir.

Bu gün dünyada mürəkkəb, ziddiyyətli proseslər getməkdədir: viranedici qlobal müharibənin qarşısının alınması, dünyanın təhlükəsizliyinin yeni təməlinin qoyulması kimi müsbət meyllər regional münaqişələrin artması ilə, yırtıcı millətçiliklə və dövrün başqa bəlaları ilə qarşılaşır. Bizim ölkələrimiz bu proseslərin qaynağındadırlar və biz beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə, sülh və tərəqqi qüvvələrinin qələbəsinə layiqli yardım etməliyik, öz səylərimizi göstərməliyik. Bunun naminə biz müsəlman ölkələrinin inkişafına mane olan əngəlləri aradan qaldırmalı, bir-birimizə yardım əli uzatmalıyıq, parçalanmanın və təklənmənin qarşısını almalıyıq, dara düşmüş qardaşlarımıza birlikdə kömək etməliyik, qanlı müharibələrin və silahlı münaqişələrin alovunu söndürməliyik.

Biz fəxr edə bilərik ki, İslam Konfransı Təşkilatı da məhz bu nəcib məqsədlərə xidmət edir. Asiyanın, Afrikanın və Avropanın 52 dövlətini birləşdirən bu təşkilat bir milyard nəfərdən çox əhaliyə, böyük mənəvi, siyasi, iqtisadi, elmi və mədəni potensiala malikdir.

Ölkələrimiz arasında həmrəylik, hərtərəfli əməkdaşlıq, sülhü və təhlükəsizliyi qoruyub saxlamaq üçün ədalətə əsaslanan zəruri tədbirlər görülməsi İslam Konfransı Təşkilatının əsas prinsipləridir və onun nizamnaməsində öz ifadəsini tapmışdır. Ötən 25 il ərzində bizim təşkilatımız dünya siyasətinin mühüm amilinə çevrilmişdir, müasir dünyanın qlobal və regional problemlərinin həllinə sanballı təsir göstərir. Amma etiraf etmək lazımdır ki, biz islam dünyasının və öz təşkilatımızın nəhəng potensialından hələ heç də tam, istənilən səviyyədə istifadə edə bilməmişik. Biz nəinki təkcə öz xalqlarımızın, həm də bütün dünyanın tərəqqisi işində daha sanballı, daha təsirli rol oynaya bilərik və oynamalıyıq. Hörmətli cənablar! Bildiyiniz kimi, çoxəsrlik tarixi, zəngin mənəvi və maddi irsi olan Azərbaycan xalqı hələ miladın yeddinci əsrindən islam dünyasının bir hissəsini təşkil edir. Avropa ilə Asiya arasında, Qafqaz ilə Yaxın Şərq arasında mühüm coğrafi-siyasi məkanda yerləşən Azərbaycan həmişə bir çox dövlətlərin diqqət mərkəzində olmuş, müxtəlif sivilizasiyalar arasında körpü rolunu oynamışdır.

XIX əsrin əvvəllərində Azərbaycan uzunmüddətli dövlətlərarası müharibələr nəticəsində öz dövlətçiliyindən məhrum olmuş, sonra isə keçmiş Sovet İttifaqının bir hissəsinə çevrilmişdir. Bu illər ərzində bizim müsəlman məsləkimiz ciddi sınaqlardan keçmiş, Azərbaycan xalqı öz dini hisslərini açıq ifadə edə bilməmişdir. Amma bu hissləri biz içimizdə yaşatmışıq, qoynumuzda saxlamışıq, hətta ən ağır dövrlərdə öz dinimizə etiqad bəsləmişik.

Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ildə istiqlaliyyət əldə etməklə biz yenidən öz kökümüzə qayıtmış, din azadlığımıza nail olmuşuq. Elə həmin il Azərbaycan İslam Konfransı Təşkilatına daxil olmuşdur, onun tədbirlərinin fəal iştirakçısıdır və onun bütün strukturları ilə əməkdaşlıq edir.

Müstəqil Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra mən müsəlmanlıq borcuma əməl edərək, Məkkə və Mədinə şəhərlərinə gedib müqəddəs ziyarətgahlara səcdə qılmışam, ümrə mərasimini yerinə yetirmişəm.

Azərbaycan Respublikasının prezidenti kimi mən öz qardaşlarımla - müsəlman dövlətlərinin başçıları ilə şəxsi münasibətlər yaratmağa, aramızda həmrəyliyi möhkəmlətməyə böyük əhəmiyyət verirəm. Əminəm ki, Mərakeşdəki Zirvə görüşü Azərbaycanın bütün islam dünyası ilə əməkdaşlığının genişlənməsinə və dərinləşməsinə kömək edəcəkdir.

Hörmətli cənablar!

Sizə məlum olduğu kimi, Azərbaycan xalqı qonşu Ermənistan Respublikasının təcavüzünə məruz qalmış, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu işğal edilmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasında işğal etdikləri Dağlıq Qarabağ regionunda və ona bitişik yeddi digər rayonda ən qədim mədəniyyət abidələri məhv edilmiş, bütün məscidlər dağıdılmış, müsəlman məzarları təhqir olunmuş, Qurani-Kərimin nüsxələri yandırılmışdır. Ən qədim müsəlman sivilizasiyasının bütün izləri yer üzündən silinir.

Mənim həmvətənlərimin 20 min nəfərindən çoxu öldürülmüş, təqribən 100 min nəfəri yaralanmış və şikəst olmuş, bir milyondan artıq azərbaycanlı öz doğma yurdundan qovulmuş, onların evləri viran edilmiş və yandırılmışdır. Bu adamlar, o cümlədən uşaqlar, qadınlar və qocalar erməni təcavüzkarlarının törətdikləri soyqırımının bütün dəhşətlərini görmüş, qohum-əqrəbalarını itirmişlər. İndi isə sərt qış şəraitində çadır şəhərciklərində dözülməz vəziyyətdə yaşayırlar, soyuqdan donurlar, yoluxucu xəstəliklərə tutulurlar, ərzaq, dərman, pal-paltar sarıdan korluq çəkirlər.

Öz qətnaməsində Ermənistan Respublikasının müstəqil Azərbaycana qarşı təcavüzünü pisləmiş İslam Konfransı Təşkilatının fəaliyyətini biz yüksək qiymətləndiririk. O bu münaqişənin aradan qaldırılması işində iştirak edən beynəlxalq təşkilatlara müvafiq müraciətlər göndərmişdir. Hesab edirəm ki, belə tədbirləri davam etdirmək lazımdır və biz çox ümidvarıq ki, İslam Konfransı Təşkilatının hər bir üzvü bu tədbirləri dəstəkləyəcəkdir.

Görüşümüzə Ermənistan - Azərbaycan münaqişəsinə dair qətnamə layihəsi təqdim edilmişdir. Mən hamınızı bu layihəni bəyənməyə dəvət edirəm.

Son vaxtlar Ermənistan ilə Azərbaycan arasında atəşkəs əldə olunmuşdur. Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirənin Budapeştdəki Zirvə görüşü çoxmillətli sülhü mühafizə qüvvələrinin təşkil olunub münaqişə zonasına göndərilməsi haqqında mühüm qərar qəbul etmişdir. Bu, Avropada Təhlükəsizliyə və Əməkdaşlığa dair Müşavirənin iştirakçısı olan dövlətlərin səyləri və bizim onlarla konstruktiv əməkdaşlığımız sayəsində mümkün olmuşdur.

Münaqişənin tamamilə aradan qaldırılması üçün ermənilərin bütün silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını, qaçqınların doğma yurdlarına qaytarılmasını, Azərbaycanın bütün ərazisi üzərində onun suveren hüquqlarının bərpa edilməsini nəzərdə tutan siyasi saziş bağlanmalıdır.

Lakin Ermənistan Respublikası işğal olunmuş ərazilərin azad edilməsinə dair Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirməkdən boyun qaçırır.

Hazırda sülhə nail olmaq üçün beynəlxalq həmrəyliyin, təcavüzkara beynəlxalq səviyyədə təzyiq göstərilməsinin çox böyük əhəmiyyəti var. İslam Konfransı Təşkilatı kimi nüfuzlu təşkilat və onun hər bir üzvü tərəfindən təzyiq göstərilməsi də son dərəcə vacibdir. Ona görə də, hörmətli görüş iştirakçıları, mən sizə üz tutub xahiş edirəm ki, siyasi iradənizi qətiyyətlə bildirəsiniz və Azərbaycan dövlətinin ərazi bütövlüyü uğrunda bizim ədalətli mübarizəmizə tərəfdar çıxasınız.

Bu mötəbər kürsüdən mən öz qardaşlarıma - Türkiyənin, İranın, Pakistanın, Səudiyyə Ərəbistanın və bir çox başqa ölkələrin, islam xeyriyyəçiliyi təşkilatının rəhbərlərinə təşəkkür edirəm. Onlar xalqımızın müsibətinə öz münasibətlərini dərhal bildirərək qaçqınları ən zəruri əşyalarla təmin etmişlər və bu gün də bizə yardım göstərməkdədirlər.

Mən bizi dar ayaqda tək qoymayanların hamısına minnətdaram. Amma indi ölkəmizin sakinlərinin hər yeddi nəfərindən biri qaçqındır. Humanitar vəziyyət son dərəcə ağırdır, bizim yardıma çox böyük ehtiyacımız var və mən kömək üçün sizə müraciət edirəm.

Altı illik müharibə nəticəsində Azərbaycan Respublikası ağır iqtisadi və sosial böhran keçirməkdədir. Müharibənin xalqımıza və ölkəmizin iqtisadiyyatına vurduğu yaralara, böyük maddi zərərə baxmayaraq, biz sülhə və sabitliyə nail olmaq naminə əlimizdən gələni edirik.

Bu il sentyabrın 20-də biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlədilməsi üçün dünyanın bir sıra iri şirkətləri ilə müqavilə imzalamışıq. Bu, Azərbaycanın xarici investisiyalar, iqtisadi əməkdaşlıq və dünya iqtisadiyyatına inteqrasiya üçün açıq olduğunu nümayiş etdirir. Müharibə ilə əlaqədar yaranmış ağır şəraitə baxmayaraq, biz islahatlar aparmaq, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat yaratmaq yolu ilə əzmlə irəliləyirik, xalqımızın güzəranını yaxşılaşdırmağa çalışırıq.

Zati-aliləri!

Öz çıxışımda mən xalqımın ağrı-acılarından və iztirablarından danışdım. Bununla yanaşı, Bosniya və Herseqovinada, Kəşmirdə, Fələstində, dünyanın bütün qaynar nöqtələrində milliyyətindən və dinindən asılı olmayaraq başqa xalqların da dərdi və iztirabları məni narahat edir. Bosniya və Herseqovinada son vaxtlar yaranmış vəziyyət xüsusi təşviş və ürək ağrısı doğurur. Orada qırğın və dağıntılar dəhşətli miqyas almışdır. Ona görə də biz qanlı qırğının dərhal dayandırılması üçün və bu münaqişənin ədalətlə aradan qaldırılmasına nail olmaq üçün bütün imkanlarımızdan istifadə etməliyik, var qüvvəmizi sərf etməliyik.

Nitqimi bitirərək, mən aramızdakı həmrəyliyə, İslam Konfransı Təşkilatının prinsiplərinə və məqsədlərinə sadiq olduğumu bildirirəm, sülh, sabitlik və tərəqqi naminə hamını öz səylərini birləşdirməyə çağırıram. Mən sizin hamınıza və xalqlarınıza səadət və əmin-amanlıq arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

KASABLANKA ZİRVƏ TOPLANTISINDA

ÇIXIŞDAN SONRAKI GÖRUŞLƏR
14 dekabr 1994-cü il
İRANIN XARİCİ İŞLƏR NAZİRİ

ƏLİ ƏKBƏR VİLAYƏTİ İLƏ SÖHBƏTDƏN
... Azərbaycan İslam Konfransı Təşkilatının Zirvə toplantısında ilk dəfədir ki, iştirak edir. Bu isə müstəqil Azərbaycan Respublikasının İslam aləmi tərkibində olmasına bəslənilən şübhələrin bir daha aradan qaldırılması deməkdir... Mən Kasablanka Zirvə toplantısının işinə çox böyük əhəmiyyət verirəm və ümidvar olduğumu bildirirəm ki, burada qəbul ediləcək qətnamələr Azərbaycanın haqq işinin müdafiə olunmasında mühüm rol oynayacaqdır. Bu qətnamələr hazırlanarkən Azərbaycanın mövqeyini müdafiə etmək sahəsində İran İslam Respublikası Xarici İşlər Nazirliyinin göstərdiyi səyləri yüksək qiymətləndirirəm.
MİSİR PREZİDENTİ

HÜSNİ MÜBARƏKLƏ SÖHBƏTDƏN
... Mənim Zirvə toplantısındakı çıxışım barədə səmimi sözləriniz üçün sizə təşəkkür edirəm və bildirirəm ki, mən də sizin çıxışınızı çox böyük maraqla dinlədim. Siz də öz çıxışınızda bizi narahat edən məsələlərə geniş yer ayırdınız.

Bildirmək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü gənc müstəqil respublikamız üçün çoxlu problemlər yaratmışdır: ərazimizin 20 faizi işğal edilib, qaçqınlarımızın sayı bir milyon nəfərdən çoxdur. Bizi daha çox narahat edən qaçqınların olduqca ağır şəraitdə yaşamasıdır və qışın yaxınlaşması onların çətinliklərini daha da artırmışdır. Lakin bütün çətinliklərə baxmayaraq biz münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdarıq və bu istiqamətdə bir sıra mühüm addımlar atmışıq...

Mən sizi Azərbaycana səfərə gəlməyə dəvət edirəm.

FƏLƏSTİN DÖVLƏTİNİN BAŞÇISI

YASİR ƏRƏFATLA SÖHBƏTDƏN
... Fələstin dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər yaradılması üçün yaxşı əsas vardır.

Fələstin xalqının vəziyyəti, onun öz milli dövlətini yaratmaq uğrunda mübarizəsi haqqında mənim ətraflı məlumatım var. Sizinlə bugünkü söhbət bu məlumatları daha da dərinləşdirdi.

... Təzəcə müstəqillik qazanmış Azərbaycan Respublikası da Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Bu təcavüz nəticəsində Dağlıq Qarabağ regionu və onun hüdudlarından kənarda yerləşən daha yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bu torpaqlarda yaşayan bir milyondan çox azərbaycanlı isə qaçqına çevrilərək ağır vəziyyətdə çadırlarda yaşayır.
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALININ

QARDAŞI ƏBDÜL ƏZİZLƏ SÖHBƏTDƏN
... Sizdən xahiş edirəm ki, mənim salamlarımı, hörmət və ehtiramımı Səudiyyə Ərəbistanının kralı əlahəzrət Fəhd ibn Əbdül Əzizə çatdırasınız.

Bildirirəm ki, Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyinin açılması olduqca vacibdir və bu məqsədlə konkret tədbirlər görülməsi vaxtı çoxdan çatmışdır. Səfirliyin açılması ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bərabər, Azərbaycanın bütün İslam dünyası və İslam təşkilatları ilə daha sıx əlaqələr saxlaması üçün mühüm əhəmiyyət kəsb edir.


PAKİSTANIN BAŞ NAZİRİ

BƏNƏZİR BHUTTO İLƏ SÖHBƏTDƏN
...Azərbaycan Respublikası həm İslam Konfransı Təşkilatı daxilində, həm də digər beynəlxalq təşkilatlar çərçivəsində Pakistanla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Mənim fikrimcə, bu əməkdaşlıq daha da inkişaf etdirilməli və gücləndirilməlidir. Müstəqilliyini yenicə əldə edən, təcavüzə məruz qalan, müharibə ilə əlaqədar dərin böhran vəziyyəti keçirən gənc Azərbaycan Respublikasının böyük və nüfuzlu dövlət olan Pakistanın dəstəyinə həmişə ehtiyacı var. Azərbaycan Respublikası müharibənin sülh yolu ilə başa çatdırılması üçün BMT, ATƏM çərçivəsində böyük iş aparır. Biz bu münaqişənin yalnız beynəlxalq təşkilatların iştirakı ilə həll olunmasına üstünlük veririk.
MALDİV ADALARININ PREZİDENTİ

MƏMUN ABDUL QƏYYUM İLƏ SÖHBƏTDƏN
Ölkələrimiz arasında əlaqələr qurulması üçün bu görüşün böyük əhəmiyyəti vardır. Buna görə də Azərbaycanın coğrafi-siyasi vəziyyəti, müasir ictimai - iqtisadi durumu haqqında Sizə bir qədər müfəssəl məlumat vermək istəyirəm.

... Bildirirəm ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın bir qismi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bir milyondan çox müsəlman qaçqın vəziyyətinə düşmüşdür. Onlar indi qışın soyuğunda çadırlarda əzab-əziyyət içərisində yaşayırlar. Hazırda qaçqınların ərzaq məhsullarına, ən adi gündəlik tələbat mallarına və ümumiyyətlə humanitar yardıma çox böyük ehtiyacı vardır...


MALAYZİYANIN BAŞ NAZİRİ MAHADİ

MÜHƏMMƏD İLƏ SÖHBƏTDƏN
... Ermənistanın Azərbaycana təcavüzü respublikamızın əhalisi üçün çoxlu problemlər yaratmışdır...

Buna görə də əmin olduğumu bildirmək istəyirəm ki, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar Kasablanka Zirvə toplantısında qəbul ediləcək qətnaməyə Malayziya da tərəfdar çıxacaqdır.

Mən Sizi Azərbaycana səfərə dəvət edirəm.

İSLAM KONFRANSI TƏŞKİLATININ

KASABLANKA ZİRVƏ TOPLANTISININ

YEKUN İCLASINDA ASİYA DÖVLƏTLƏRİ

ADINDAN TƏBRİK NİTQİ
15 dekabr 1994-cü il
Hörmətli sədr! Əlahəzrətlər! Zati-aliləri!

Əziz bacılar və qardaşlar! İslam Konfransı Təşkilatında Asiya dövlətləri adından söz demək üçün mənə imkan yaradılmasından böyük şərəf duyur və bunu yüksək qiymətləndirirəm. Bu imkandan istifadə edərək İslam Konfransı Təşkilatının banilərindən biri, bütün dünyada tanınmış görkəmli siyasi xadim, əziz qardaşımız, əlahəzrət kral II Həsənə, habelə onun simasında dost və qardaş Mərakeş xalqına Zirvə toplantısının təşkilinə çəkdikləri böyük zəhmətə görə, bizə göstərdikləri diqqət və qayğı üçün dərin minnətdarlığımızı bildiririk.

Biz bu günlər İslam Konfransı Təşkilatının baş katibi Həmid-əl-Qabidin, bütövlükdə katibliyin ölkələrimiz arasında qardaşlığın daha da möhkəmləndirilməsi sahəsində çox səmərəli və faydalı işlərinin şahidi olduq və bütün bunlara görə də səmimi təşəkkürlərimizi bildirirəm. Ümidvaram ki, Yeddinci Kasablanka Zirvə toplantısı dünya müsəlmanlarının həmrəyliyinin daha da möhkəmlənməsində, İslam dövlətlərinin nüfuz və qüdrətinin artmasında yeni bir mərhələ olacaqdır. Konfrans həm də İslam aləminin qarşılaşdığı çətinliklərin və problemlərin dünya ictimaiyyəti tərəfindən daha dəqiq başa düşülməsinə geniş imkanlar yaradır.

Dərin məmnuniyyət hissi ilə qeyd etməliyəm ki, Yeddinci Zirvə toplantısı bütün müsəlman dövlətlərinin, xüsusilə Asiya qitəsində olan ölkələrin artan fəallığı, onların İslam Konfransı Təşkilatında daha geniş təmsil olunması ilə səciyyələnir. Son üç ildə İslam Konfransı Təşkilatının sıralarının 45-dən 52-yə çatması dediklərimə əyani sübutdur.

Şübhəsiz ki, bizim burada qəbul etdiyimiz qərarlar bütün İslam aləminin, xüsusən Asiya qitəsinin müsəlman ölkələrinin qarşısında duran problemlərin həllinə sanballı töhfə olacaqdır. Asiya qitəsinin müstəqilliyini yenidən qazanmış bir sıra müsəlman ölkələri, o cümlədən Azərbaycan İslam Konfransı təşkilatının diqqət və qayğısına böyük ehtiyac duyur. Çünki bu ölkələr həm keçmişdən miras qalmış ağır problemlərlə, həm də möhkəmlənməkdə olan müstəqilliyin doğurduğu təbii çətinliklərlə üzləşirlər. Buraya dərinləşməkdə olan iqtisadi böhran, ictimai-siyasi sistemin dəyişməsi ilə bağlı keçid dövrünün yaratdığı çətinliklər, bəzi dövlətlərin məruz qaldığı müharibələr, iqtisadi blokada və müxtəlif siyasi təzyiqlər daxildir.

Tacikistanda və Əfqanıstanda qardaş qanının axıdılması, Kəşmir və Fələstin problemləri, Ermənistanın Azərbaycana qarşı altı ildən bəri davam edən təcavüzü və onlarca digər problemlər bu gün çox ciddi narahatlıq doğurur. Asiya qitəsinin bütün ağrılı problemlərinin konfransda dərin ürək ağrısı ilə qeyd edilməsi bizə xeyli təskinlik, həm də onların həlli ilə bağlı nikbinlik verir.

Üzləşdiyimiz bu problemlərin həlli dost və qardaş müsəlman ölkələrinin iqtisadi və siyasi yardımı ilə xeyli asanlaşa bilər. Arzu edərdik ki, İslam Konfransı Təşkilatı mövcud gərginliyin aradan qaldırılmasına, müharibə ocaqlarının söndürülməsinə, doğma yurdlarından didərgin düşənlərin el-obasına qayıtmasına kömək etmək, günahsız insanların qanının axıdılmasına son qoymaq üçün öz nüfuz və səylərini daha da artırsın.

İcazə verin, sizi əmin edim ki, Asiya regionunun müsəlman dövlətləri, o cümlədən Azərbaycan İslam Konfransı Təşkilatının fəaliyyətində, habelə Zirvə toplantısında qəbul edilmiş qərarların ardıcıllıqla yerinə yetirilməsində öz səylərini durmadan artıracaq, bu təşkilatın nüfuzunun daha da yüksəlməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

İslam Konfransı Təşkilatının Yeddinci Zirvə toplantısının uğurla başa çatması münasibətilə sizi bir daha təbrik edirəm. Sizə və sizin xalqlarınıza, müsəlman bacı və qardaşlarımıza səadət və əmin-amanlıq arzulayıram.

Tam əmin olduğumu bildirmək istəyirəm ki, İslam Konfransı Təşkilatı gələcəkdə daha da fəallaşacaq, güclənəcək və dünya siyasətində özünəməxsus layiqli yer tutacaqdır.



KASABLANKA ZİRVƏ TOPLANTISI BAŞA

ÇATDIQDAN SONRA MƏTBUAT ÜÇÜN

BƏYANAT
15 dekabr 1994-cü il
Mən Asiya dövlətləri adından Zirvə toplantısının yekunu münasibətilə sözlərimi dedim. Hesab edirəm ki, bu, Azərbaycan Respublikasına, xalqımıza göstərilən diqqət və hörmətdir. Mən bunu belə qəbul edirəm. Çox məmnunam ki, belə bir imkan yarandı və mən Asiya dövlətləri adından burada çıxış etdim...

Burada çox böyük, ciddi qətnamələr qəbul olundu. O cümlədən Azərbaycan ilə əlaqədar üç qətnamə qəbul edildi: birincisi Ermənistanın Azərbaycana təcavüzünün pislənməsi, ikincisi Azərbaycanın düşdüyü ağır vəziyyətlə əlaqədar İKT-nin və onun üzvü olan dövlətlərin respublikamıza iqtisadi və humanitar yardımı haqqındadır, üçüncüsü isə yekun bəyannaməsində Ermənistanın Azərbaycana təcavüzü haqqında geniş bir bölmə var. Həmin bölmədə bu təcavüzün Azərbaycana nə qədər zərər vurduğu, insanları həyatından məhrum etdiyi, ərazimizin dağıldığı geniş əks olunmuşdur. Burada eyni zamanda tələb olunur ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpağını qeyd-şərtsiz tərk etsin. O cümlədən Şuşa və Laçın rayonlarının azad olunması məsələsi də oraya salınıbdır. Bunlar hamısı bizim üçün çox əhəmiyyətlidir...

Bu toplantıda bütün İslam aləminə aid olan, qaynar nöqtələrlə əlaqədar bir çox qətnamələr qəbul edildi. Yekun bəyannaməsi də çox böyükdür, çoxbölməlidir. Orada bütün məsələlər öz əksini tapmışdır. Ona görə də mən şübhə etmirəm ki, bu, bütün dünyada böyük əks səda doğuracaq. Dünya siyasətinə bunun müəyyən təsiri olacaqdır...

Zirvə toplantısı başa çatdıqdan sonra Mərakeş kralı II Həsənlə görüşüm oldu. Biz toplantının yekunları, eyni zamanda Mərakeşlə Azərbaycan arasında ikitərəfli əlaqələr barədə söhbət etdik. Kral II Həsən məni Mərakeşə rəsmi səfərə dəvət etdi. Qeyd etdi ki, bu səfərin ramazan ayı başa çatandan sonra həyata keçirilməsini çox arzu edərdi. O bildirdi ki, bu səfər Azərbaycanla Mərakeşin əlaqələrinin inkişaf etdirilməsi üçün çox lazımdır. Bir çox problemlər var və onları müzakirə etmək vacibdir. Mən bu təklifi məmnuniyyətlə qəbul etdim və dedim ki bu dəvətdən mütləq istifadə edəcəyəm.

Eyni zamanda mən Mərakeş kralını Azərbaycana rəsmi səfərə dəvət etdim. Bildirdim ki, Azərbaycan ilə onun tanışlığı bizim İslam aləmində problemlərin həll olunmasına çox kömək edəcəkdir. O da mənim təklifimi məmnuniyyətlə qəbul etdi və dedi ki, çalışacaq dəvətimi mütləq qəbul edərək Azərbaycana səfər etsin.

KASABLANKADAN VƏTƏNƏ

1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə