Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə19/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   27

TÜRKİYƏNİN İŞ ADAMLARI İLƏ

GÖRÜŞDƏ ÇIXIŞ
"Gülüstan" Sarayı
12 aprel 1995-ci il
Hörmətli baş nazir xanım Tansu Çillər! Türkiyənin iş adamlarını özünüzlə birlikdə Bakıya gətirdiyinizə görə sizə təşəkkür edirəm. Çünki bizim buna böyük ehtiyacımız var. Demək olar ki, 1990-cı ildən, bəlkə də ondan bir az öncə Azərbaycanla Türkiyə arasında işgüzar əlaqələr qurulmasına, ayrı-ayrı iş adamlarının burada fəaliyyət göstərməsinə baxmayaraq, mən etiraf etmək istəyirəm ki, bu sahədə iş çox zəif gedir. Bu həqiqətdir.

Türkdilli dövlətlərdən Türkiyə və Azərbaycan bir-birinə daha yaxındır. Ancaq Türkiyənin iş adamlarının Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayə - mən bunu açıq demək istəyirəm - digər türkdilli dövlətlərin iqtisadiyyatına qoyulan sərmayədən çox azdır. Azərbaycana çoxlu iş adamları gəlib-gedir. Amma çox güclü iş görülmür. Bunu da açıq demək lazımdır. Ola bilsin ki, bunun günahı bizdədir. Mənə bəzi iş adamları deyirlər ki, guya burada gömrük qanunları və bəzi başqa qanunlar Azərbaycanda iş görməyə şərait yaratmır. Mən bir dəfə Ankarada, İstanbulda olanda iş adamları bu barədə mənə deyiblər.

Ola bilsin ki, bizim belə qüsurlarımız var. Biz çalışırıq ki, bu qüsurları aradan götürək. Bilin ki, biz gənc dövlətik. Keçmişdə bizim nə müstəqil gömrüyümüz, nə də bazar şəraitinə uyğun başqa bir iqtisadiyyatımız olubdur. Biz keçmiş sosialist iqtisadiyyatı şəraitində yaşamış adamlarıq. Bu qanunları dəyişdirmək və digər işləri görmək üçün siz gərək kömək edəsiniz. Yəni siz deməlisiniz ki, bu qanun düzgün deyil, onu dəyişdirmək lazımdır və yaxud da nəyi isə əlavə etmək lazımdır ki, Azərbaycana investisiya gəlsin. Məsələn, mən Aşqabatda olarkən mənim dostum, Türkmənistan prezidenti Saparmurad Niyazov dedi ki, Türkiyənin iş adamları onun ölkəsinə külli miqdarda sərmayə qoyublar. Mən, əlbəttə, sevindim, çünki Türkmənistan bizə qardaş olan ölkədir.

Amma içimdə dedim ki, bəs niyə Azərbaycana bu qədər sərmayə qoymurlar?

Ola bilsin ki, Azərbaycan müharibə şəraitində olduğuna görə bəzi adamlar respublikamızda iş görməyə ehtiyat ediblər. Belə hesab ediblər ki, indi müharibədir, kim bilir, sabah nə olacaq, əgər bura sərmayə qoysam nə olar? Bəzən də iş adamları Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabit olmadığına görə - mənə belə gəlir ki, təkcə Türkiyənin yox, digər ölkələrin də iş adamları - bura gəlib sərmayə qoymaqdan çəkinirlər. Ancaq hörmətli bacımız Tansu Çillərin yanında sizə demək istəyirəm ki, arxayın olun. Birincisi, biz çalışacağıq ki, Türkiyənin köməyi ilə, dünyanın mütərəqqi ölkələrinin, beynəlxalq təşkilatlarının köməyi ilə, əlbəttə, ilk növbədə də öz işimiz və fəaliyyətimizlə müharibə vəziyyətindən çıxaq. Biz atəşkəsi davam etdirəcəyik və sülh yaranmasına çalışacağıq. Siz bu məsələdən narahat olmayın. O ki qaldı respublikamızın daxilində ictimai-siyasi vəziyyətin sabitliyinə, doğrudan, bu məsələdə də müəyyən əsas var. Çünki üç il ərzində burada üç dəfə dövlət çevrilişi cəhdi olubdur. Ona görə də bu barədə Azərbaycan dünyada rekord vura bilər. Ancaq sizə demək istəyirəm ki, artıq bunlara da son qoyulub, arxayın olun.

Bir dəfə 1993-cü ildə çevriliş etdilər, Xalq Cəbhəsini hakimiyyətdən yıxdılar. O vaxt məni dəvət etdilər və mən gəlib vətəndaş müharibəsinin, qardaş qanı axıdılmasının qarşısını aldım. Sonra ötən ilin oktyabrında mənim əleyhimə dövlət çevrilişinə cəhd etdilər. Xalqa müraciətimlə bir gecədə Bakının bir milyondan çox sakini mənim ətrafıma toplaşdı. Bunun qarşısında heç bir top, heç bir tank dura bilmədi. Bir dəfə də dövlət çevrilişinə cəhd etdilər. Siz bilirsiniz ki, mən çox çalışdım, - bu barədə mətbuatda da yazılıbdır, - mən televiziya və radio vasitəsilə müraciət etdim, xahiş etdim, adamları qəbul etdim, fərman verdim, o cinayətkarları əfv etdim. Ancaq onlar buna baxmadılar, onların başları çox qızmışdı və bizim əsgərlərin üzərinə hücum etdilər. Əsgərlər də atəş açıb bu məsələni qurtardılar. Dövlət çevrilişinə cəhd etmək istəyənləri vurub dağıtdıq. Onlara da, dünyaya da göstərdik ki, müstəqil Azərbaycan dövlətinin özünü qorumaq üçün, xalqını qorumaq üçün gücü var və buna qadirdir. Siz buna arxayın ola bilərsiniz. Azərbaycanda bir daha dövlət çevrilişi olmayacaqdır. Siz buna əmin ola bilərsiniz.

Azərbaycan demokratiya yolu ilə, sərbəst bazar iqtisadiyyatı yolu ilə gedir. Biz indi özəlləşdirmə proqramı hazırlamışıq. Özəlləşdirməni həyata keçirəcəyik, torpaq islahatı aparırıq, kolxoz və sovxozları ləğv edirik, özəl bölməyə geniş imkanlar veririk. Yəni Azərbaycan keçmiş sosialist iqtisadiyyatından, sosialist quruluşundan, kommunist ideologiyasından tamamilə əl çəkibdir. Buna arxayın olun. Nə qədər ki Azərbaycanda Heydər Əliyev var, Azərbaycanın müstəqilliyi də var. Amma arxayın olun, Heydər Əliyev də çox olacaqdır.

Ona görə də hörmətli baş nazir, bacımız Tansu Çillərin sözlərini, sizə göstərişlərini çox məmnuniyyətlə qarşılayıram. Həqiqətən, bizdə böyük sənaye potensialı var. Respublikamızın böyük fabrikləri, kimya, maşınqayırma, toxuculuq, metallurgiya müəssisələri var. Bizim başqa imkanlarımız da var. Məsələn, neft sahəsində bu, bizim birinci müqaviləmizdir. Bizim bir neçə yatağımız da var. Onların işlənməsinə başlayacağıq. Həmin yataqlardan neftin çıxarılması, qaz yataqlarının işlənməsi, bunların əsasında kimya sənayesində istehsalın genişləndirilməsi, başqa məhsullar istehsalının artırılması nəzərdə tutulur. Yəni Azərbaycanın təbii sərvətləri də, sənaye potensialı da böyükdür. Respublikamız geniş işçi qüvvəsi imkanlarına malikdir.

Eyni zamanda bizim mühəndislərimiz, texniklərimiz də çoxdur. Sadəcə olaraq gəlib bizimlə birgə işləmək lazımdır. Hörmətli baş nazirin dediyi kimi, bir ay ərzində - mən göstəriş verirəm bizim baş nazirin vəzifəsini icra edən Fuad Quliyevə və başqa rəhbər şəxslərə - birgə işləmək üçün danışıqlar aparaq və kim bizimlə birgə işləmək istəyirsə, buyursun gəlsin. Əgər bu birgə iş şərtlərini yüngülləşdirmək lazımdırsa, biz bunu da edə bilərik. Yəni biz çalışacağıq ki, Azərbaycana sərmayə gəlsin. Onun Azərbaycana gəlməsinə nə mane olursa, onu aradan qaldırmağa hazırıq. Mən sizi Azərbaycana dəvət edirəm.


RESPUBLİKADA AQRAR İSLAHATLARIN

GEDİŞİ VƏ KƏND TƏSƏRRÜFATINDA

VƏZİYYƏTƏ HƏSR OLUNMUŞ

MÜŞAVİRƏDƏ GİRİŞ SÖZÜ
Prezident Sarayı
14 aprel 1995-ci il
Hörmətli müşavirə iştirakçıları! Bugünkü müşavirə həyatımızın mühüm məsələlərinə həsr olunub. Bildiyiniz kimi, respublikada iqtisadi islahatların keçirilməsi 1995-ci ildə əsas vəzifəmizdir. Odur ki, biz bu sahədə əməli fəaliyyətə başlamışıq. Bununla yanaşı, aqrar bölmədə iqtisadi islahatların keçirilməsi haqqında iki qanun qəbul edilib. Bu qanunların həyata keçirilməsi ilə əlaqədar islahatlar komissiyası yaradılıb. Mən lazımi fərmanlar vermişəm.

Bir sözlə, əməli iş gedir. Bəs bu iş necə, hansı sürətlə gedir? İşin sürəti bizi nə dərəcədə qane edə bilər? Bu məsələləri araşdırmaq və işi müəyyən qədər sürətləndirmək üçün indi belə bir müşavirənin keçirilməsi zəruri hesab olunubdur. Şübhəsiz ki, islahatların keçirilməsi xeyli vaxt aparan bir tədbirdir. Eyni zamanda cari məsələləri də unutmamalıyıq. Söhbət kənd təsərrüfatı məhsulları istehsalının təmin olunmasından gedir. Son illər kənd təsərrüfatında istehsalın azalması göz qabağındadır. 1994-cü ildə də bu sahədə istehsal respublikanın potensial imkanlarından xeyli aşağı səviyyədə olub. İndi 1995-ci ilin birinci rübü sona çatıb. Kənd təsərrüfatı işlərinin çox gərgin və qızğın bir dövrü başlayıb. İndiki dövrdə kənd təsərrüfatı işlərinin aparılması, qarşıya çıxan problemlər, bu sahədə də işlərin sürətləndirilməsi məsələsi müşavirəmizin gündəliyindədir.

Beləliklə, aqrar sahədə iqtisadi islahatlar aparılmasının, o cümlədən cari kənd təsərrüfatı işlərinin vəziyyəti, bu sahədə görülən lazımi tədbirlərin, yəni yaz tarla işlərinin, xüsusən çiyid səpininin, taxıl zəmilərində aparılan işlərin vəziyyəti, üzümçülükdə, ümumiyyətlə kənd təsərrüfatının başqa sahələrində işlərin vəziyyəti ilə bağlı məsələləri müzakirə etmək üçün biz sizi buraya dəvət etmişik. Məqsədimiz çox konkret danışmaqdan ibarətdir. Adətən çıxış edənlər nə kimi işlər gördükləri, nələr yaratdıqları barədə hesabat verirlər. Belə hesabatlara o qədər də böyük ehtiyac yoxdur. Əsasən vəziyyəti təhlil etmək və qarşımızda duran problemləri, çətinlikləri göstərmək lazımdır ki, burada müzakirə zamanı onların, eləcə də müxtəlif maneələrin, əngəllərin aradan qaldırılması üçün lazımi tədbirlər müəyyənləşdirək. Müşavirə bu məqsədlə çağırılıbdır. Ona görə də istərdim ki, siz bunu nəzərə alasınız.
YEKUN SÖZÜ
Güman edirəm ki, çıxışlar eyni xarakter daşıyır, vəziyyət hamımıza aydındır. Ona görə də çıxışları davam etdirməyə ehtiyac görmürəm. Necə bilirsiniz? Bir halda ki, toplaşmışıq, əgər kimdəsə xüsusi məlumat varsa, mühüm bir şey demək istəyirsə, buyursun. Əgər indiyədək olan çıxışlardakı fikirlər deyiləcəksə, mənə belə gəlir ki, məsələ aydındır, elədirmi?

Başlanğıcda mən bugünkü müşavirənin məqsəd və vəzifələrini bildirdim. Bir daha qeyd etmək istəyirəm ki, bu gün buraya toplaşmağımızın səbəbi və məqsədi aqrar bölmədə islahatların gedişinə nəzarət etmək, bu işlərin hansı səviyyədə olmasını aydınlaşdırmaq və bunları sürətləndirməkdən ibarətdir. Eyni zamanda kənd təsərrüfatı işlərinin indiki vəziyyətini aydınlaşdırmaqdan, bu sahədəki çətinlikləri aradan qaldırmaqdan, lazımi tədbirlər görməkdən və nəyin bahasına olursa-olsun bu il kənd təsərrüfatı istehsalının artmasını təmin etməkdən ibarətdir.

Burada verilən məlumatlardan belə nəticə çıxarmaq olar ki, aqrar bölmədə islahatlar çox ləng gedir. Deyə bilərəm ki, indiyədək görülən işləri qənaətbəxş hesab etmək olmaz. Biz bu məsələyə çox ağır yollarla gəlib çıxmışıq. Qanunların qəbul olunması ərəfəsində, layihələrin müzakirəsi vaxtı dəfələrlə qeyd edilmişdir və bu gün bir daha xatırlatmaq istəyirəm ki, obyektiv və subyektiv səbəblər üzündən Azərbaycan Respublikasında iqtisadi islahatların keçirilməsi gecikmişdir. O cümlədən aqrar sahədə islahatlar aparılması həddindən artıq ləngimişdir. Bu da bizim xeyrimizə deyil, zərərimizədir. Dəfələrlə aydınlaşdırmışıq ki, biz kənd təsərrüfatını, aqrar bölməni keçmiş sistem əsasında, keçmiş prinsiplər əsasında idarə edib istənilən nəticəyə nail ola bilmərik. Çünki 1990-cı ildən, deyə bilərəm ki, hətta 1989-cu ildən başlayaraq, Azərbaycanda kənd təsərrüfatında, ümumiyyətlə, istehsal sahələrində gedən proseslər, istehsalın ilbəil aşağı düşməsi, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalının azalması onu göstərir ki, ciddi, prinsipial dəyişikliklər aparılmalıdır.

Azərbaycanın təbiəti, torpağı, aqrar bölmənin imkanları kənd təsərrüfatında yüksək məhsul istehsal etməyə şərait yaradır. Hələ keçmiş sistemdə, yəni sosialist quruluşu dövründə, kolxoz və sovxozların mövcud olduğu dövrdə biz taxıl, pambıq, üzüm, meyvə, tərəvəz, başqa məhsullar istehsalında, digər sahələrdə bugünkündən üç-dörd dəfə çox məhsul istehsal etmişik. Amma bunlar da Azərbaycan Respublikasının təbiətinin, torpaqlarının, kənd təsərrüfatı istehsalının son həddi deyildir. Lakin indi biz 70-ci illərdə istehsal etdiyimizdən daha çox məhsul istehsal edə bilərik. Bunun da yolu yeni istehsal üsullarından istifadə etməkdir. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən də istifadə etmək, islahatlar aparmaq, bazar iqtisadiyyatı yolu ilə getmək, sərbəstlik vermək, torpağı kəndlilərə vermək, onları torpağın sahibi etmək, mülkiyyət formasını dəyişdirmək lazımdır. Bunun zəruriliyi aydındır. Bunu bir daha, hər dəfə sübut etməyə, təsdiq etməyə ehtiyac yoxdur. Geriyə də yol yoxdur. Ona görə də əgər biz istəyiriksə doğrudan da, həqiqətən respublikamızın təbiətindən, torpağından, suyundan, havasından, kənd təsərrüfatı imkanlarından maksimum istifadə edərək xalqımızın rifahını yaxşılaşdıraq, iqtisadiyyatı yüksəldək, kənd əhalisinin rifahını yaxşılaşdıraq, onda biz bu yolla getməliyik. Başqa, üçüncü yol yoxdur.

Bir yol kolxoz-sovxoz yolu idi, onun ən yüksək zirvəsini biz 70-ci illərdə gördük. Təəssüf ki, bunu ondan sonra saxlaya bilmədik. Sonrakı proseslər kənd təsərrüfatı istehsalını ilbəil aşağı saldı. İndi, demək olar ki, quyunun dibinə düşmüşük.

Bundan o tərəfə yol yoxdur. Ona görə də aydındır ki, bu sistemlə, bu iqtisadi münasibətlərlə, yəni indiyə qədər olan iqtisadi münasibətlərlə kənd təsərrüfatı sahəsində yüksəliş əldə edə bilməyəcəyik. İsmayıllının icra hakimiyyəti başçısı dedi ki, süd, ət istehsalı bir qədər artmışdır. Bu, ola bilər. Amma böyük dəyişikliklər əldə edə bilməyəcəyik. Bu böyük dəyişikliklərin yolu islahatlar yoludur.

Bunu dəfələrlə demişik. Mən bu gün bir daha deməyə məcburam, ona görə ki, qanunlar qəbul ediləndən indiyədək olan müddətdə bunların həyata keçirilməsi üçün lazımi iş görülməmişdir. Səbəb nədir, nə üçün belə olmuşdur? Mühafizəkarlıq, yeniliyi qəbul etməmək, digər tərəfdən də bürokratizm, səhlənkarlıq, tapşırılan vəzifəni pis yerinə yetirmək və bir çox başqa hallarda vəzifədən sui-istifadə etməkdir. Bu hallar bizim idarəetmə sistemimizdə çox dərin kök salmışdır. Bütün bunlar işimizin yerinə yetməsinə əngəl törədir. Mən bugünkü müzakirədən bu nəticəni çıxarıram. Əgər qanun qəbul edilmişdirsə, əksəriyyət onun həyata keçirilməsi üçün can yandırmır.

Həm mərkəzi, həm də yerli komissiyalar fəaliyyətlərini keçirdikləri müşavirələrin, iclasların, ayrı-ayrı tədbirlərin sayı ilə qiymətləndirirlər. Lakin bunlar nəticə deyil, hadisədir. Nəticə ondan ibarət olacaqdır ki, bu islahatlar doğrudan da əməli şəkildə həyata keçirilsin. Bunun özü də son nəticə deyildir. Bu da vasitədir ki, islahatlar həyata keçiriləndən sonra tamamilə öz nəticəsini versin. Son nəticə isə istehsalın artmasıdır. Bunun üçün qarşıda hələ çox yolumuz var, dəfələrlə demişik ki, bu, uzun yoldur. Ancaq biz bunu qısalda, daha sürətlə gedə, istədiyimiz mərhələyə tez çata bilərik. Bu şərtlə ki, biz bu işdən yapışaq, onu irəliyə aparaq və bunun nəticə verəcəyinə inanaq.

Lakin bu işlərlə məşğul olan rəhbər şəxslərin dediklərindən görürük ki, biz yaxın vaxtlarda bu nəticəyə nail ola bilməyəcəyik. Bunlara əsasən deyirəm ki, qanunların həyata keçirilməsini qənaətbəxş hesab edə bilmərəm, aqrar bölmədə islahatların aparılmasında nəzərdə tutulmuş tədbirlər tam həyata keçirilməmişdir. Bu isə ümumi işimizə çox böyük zərər vurur. Ona görə də mərkəzi islahat komissiyasının sədri Abbas Abbasovdan, onun müavini İrşad Əliyevdən, komissiyanın üzvlərindən, yerli komissiyalardan (bunlara rayon icra hakimiyyətlərinin rəhbərləri başçılıq edirlər) bu işə ciddi yanaşmağı tələb edirəm. Biz qanunda icra başçılarının bu işə rəhbərlik etməsini ona görə nəzərdə tutduq ki, onlar rayonlarda səlahiyyətli adamlardır, dövlət nümayəndələridir, dövlətin siyasətini yerinə yetirməlidirlər. Ancaq yenə deyirəm, mən bunu görmürəm. Ona görə yerli komissiyalardan, icra hakimiyyəti başçılarından tələb edirəm ki, işdə ciddi dönüş yaratmaq lazımdır. Biz bu sürətlə razı ola bilmərik. Mən bu müşavirənin keçirilməsini dünən zəruri hesab-edirdimsə, bu gün artıq mənə məlum olub ki, bu, həddindən çox lazımdır.

Mən bu gün Abbas Abbasova dedim və dünən bu müşavirənin keçirilməsi haqqında İrşad Əliyevlə telefonla danışarkən o mənə dedi ki, əlbəttə, müşavirəni keçirsəniz yaxşı olar. Ancaq biz bu işi də görmüşük, o ışi də görmüşük. Belə çıxır ki, müşavirəni keçirmək də olar, keçirməmək də. Ancaq mən görürəm ki, bu nə qədər lazımdır.

Doğrudur, şəxsən mənim proqramım olduqca gərgindir. Bu gün bir neçə saat bu işlə məşğul olmaq üçün başqa məsələləri, problemləri kənara qoymuşam. Ancaq indi dərk edirəm ki, bu, nə qədər lazım imiş ki, görək iş nə yerdədir, nə vəziyyətdədir. Bu, oradan-buradan gələn məlumatların təəssüratı deyil. Lakin bu gün burada keçirilən müşavirə tam təəssürat yaratdı və məndə çox böyük həyəcan, çox narazılıq hissi doğurdu ki, biz bu sürətlə işləyə bilmərik. Nəticə çıxarmaq, islahatların həyata keçirilməsini sürətləndirmək, sənədləri qısa müddətdə hazırlamaq lazımdır. Mənə dedilər və bu gün Abbas Abbasov müraciət etdi ki, həmin normativ aktların hazırlanmasının vaxtı bir qədər uzadılsın. Əgər 5-6 gün uzatmaq lazımdırsa, uzadılsın. Ola bilər, bir həftə də uzadaq, lakin bundan o yana keçmək olmaz. Çünki yenə də deyirəm, sənədlər hələ öz-özlüyündə islahat demək deyildir. Mən bunu sizdən tələb edirəm və zənnimcə, bundan sonra həm mərkəzi, həm yerli islahat komissiyaları hər gün bu işlərlə məşğul olmalı, özlərinə hesabat verməlidirlər. Görürəm ki, bu islahatların keçirilməsi haqqında izahat işinə də böyük ehtiyac var.

Mən əvvəl belə başa düşür və belə fikirləşirdim ki, izahata daha ehtiyac yoxdur, biz ictimaiyyəti, kənd zəhmətkeşlərini inandıra bilmişik ki, bu islahat lazımdır. Ancaq bugünkü əhval-ruhiyyədən mən belə bir qənaətə gəlirəm ki, yox, izahat işi aparmaq lazımdır. Yerli hakimiyyət orqanları, yəni icra hakimiyyəti başçıları təkcə bu işlərlə, komissiyalara rəhbərlik etməklə yox, praktiki işlə məşğul olmalı, eyni zamanda izahat aparmalıdırlar. Bəli, dəfələrlə demişik ki, bu məsələlərin hamısı tamamilə sərbəst, təzyiqsiz, könüllü surətdə həyata keçirilməlidir. Biz bu islahatları keçmişdə, kollektivləşməni aparan kimi zorakılıqla, repressiyalarla həyata keçirmək fikrində deyilik. Ancaq köhnə üsul-idarədən əl çəkə bilməyən mühafizəkarlar var ki, onlara izah etmək və ya başa salmaq lazımdır. Əgər onlar başa düşmürlərsə, bu işdən kənarlaşdırılmalıdırlar. Bu iş elədir ki, onu həyata keçirmək üçün bugünkü göstərişdən savayı insanların özündə də inam olmalıdır. Əgər kimdəsə bu işə inam yoxdursa, bu iş ürəyindən deyilsə, yaxşı olar ki, kənara çəkilsin, bir qədər gözləsin, baxsın görsün bundan nə çıxır. Bəziləri hesab edir ki, bir şey çıxmayacaq, yaxşı, onda sevinər, gəlib deyər ki, onun istədiyi kimi olmur. Lakin belə deyildir.

Ona görə yenə də deyirəm, bu məsələlərin hamısı çox demokratik şəraitdə, könüllülük şəraitində getməlidir. Bu tədbirlərin keçirilməsinin zəruriliyini insanlar özləri dərk etməlidirlər. Ən əsası isə, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün bunun yeganə yol olduğunu dərk etməlidirlər.

Ancaq kimsə bunu anlaya bilmirsə, mühafizəkardırsa, yaxud bu işlərin əleyhinə çıxırsa, onları kənarlaşdırmaq lazımdır. Bu adamlar bizə sadəcə mane olurlar.

Birinci məsələ haqqında mən bunları dedim və güman edirəm ki, söylədiklərimi dərk edə bildiniz. Tələb edirəm ki, bu işlərlə ciddi məşğul olasınız.

Kənd təsərrüfatında cari işlərin həyata keçirilməsi haqqında. Şübhəsiz ki, bu islahatlar, tədbirlər kənd təsərrüfatı sahəsində görüləcək işləri irəlilətməli, bunlara mane olmamalıdır. Ola bilər ki, bu islahatları bəhanə edərək kənd təsərrüfatının bəzi sahələrini planlaşdırsınlar. Biz indi bir tərəfdən islahatlar keçirməli, ikinci tərəfdən mövcud imkanlardan istifadə edərək 1995-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına nail olmalıyıq. Bundan ötrü tam əsas var. Bu il kənd təsərrüfatı işləri üçün ümumiyyətlə çox əlverişli ildir. Müqayisə üçün onu da demək istəyirəm ki, əgər 1993-cü ilin payızını və 1994-cü ilin yazını götürsək, o dövrdə şiddətli müharibə gedirdi. Başımız buna qarışmışdı. Bilirsiniz ki, 1993-cü ilin sonunadək Ermənistan silahlı qüvvələri bölgələrimizə hücum edirdilər. 1994-cü ilin əvəvlində də çox qanlı döyüşlər gedirdi. Bilirsiniz ki, ordumuz bir neçə istiqamətdə öz qüdrətini göstərdi. Bəzi bölgələrdə əvvəllər işğal olunmuş torpaqlar geri alındı. Şübhəsiz ki, bu, Ermənistan silahlı qüvvələrini daha da hiddətləndirdi. Onlar bir neçə məğlubiyyətdən sonra qüvvələrini topladılar və xatirinizə salmaq istəyirəm ki, məhz 1994-cü ilin aprelində ən şiddətli döyüşlər oldu. Yadınıza salıram, hətta bizi qorxudur, bizə deyirdilər ki, siz artıq məğlub olmusunuz, təslim olmalısınız. Çünki bilirsiniz ki, bir neçə protokol var idi və biz onlara imza atmadıq. Ona görə də bizə, Azərbaycan dövlətinə qarşı narazılıq var idi. Təsadüfi deyildi ki, apreldə və mayın 12-dək Ermənistan Silahlı Qüvvələri demək olar bütün cəbhə bölgələrində hücuma keçmişdi- Xatırladıram ki, onların planları aprelin axırınadək, xüsusən mayın əvvəlində Tərtər, Bərdə rayonlarını işğal edərək Yevlaxa çıxmaq, Gəncəni işğal etmək və Azərbaycanı təslim etməkdən ibarət idi. Bunu unutmaq lazım deyil. Bu planlar açıq şəkildə deyilirdi. O zaman bu döyüşlərdə əsir götürdüyümüz Ermənistan hərbçiləri deyirdilər ki, onlar mayın 1-də Tərtərdə bayram edəcəklər, mayın 9-da Bərdədə, Gəncədə qələbə bayramı keçirəcəklər.

Bir il bundan əvvəl biz belə dövrdə yaşayırdıq, belə bir vəziyyətdə idik. Bu gün məmnuniyyətlə, qürur hissi ilə deyə bilərəm ki, həmin güclü, şiddətli hücumların qarşısı alındı. Ö zaman Ermənistan silahlı qüvvələrinə göstərə bildik ki, Azərbaycan Ordusu artıq əvvəlki ordu deyildir, öz torpaqlarını müdafiə etməyə qadirdir. Biz itkilər verdik, qan töküldü, amma bilin ki, Ermənistan tərəfinin itkiləri qat-qat artıq oldu. Onlar məhz buna görə, öz planlarını həyata keçirə bilmədiklərinə görə mayın 12-də atəşkəsə razılıq verdilər. Bu təşəbbüs bizim tərəfimizdən deyil, qarşı tərəfdən idi. Biz də bununla razılaşdıq və hər iki tərəfin razılığı və vasitəçilik nəticəsində mayın 12-də atəşkəs haqqında saziş imzaladıq. Mən bu barədə sonra deyəcəyəm. Ancaq indi xatırladaraq bildirmək istəyirəm ki, o vaxt biz belə bir şəraitdə kənd təsərrüfatı işləri apardıq. Xatirinizdədir ki, müharibə şəraitində biz burada yaz kənd təsərrüfatı işləri haqqmda müşavirə keçirmişdik.

Amma bu il ondan tamamilə fərqlidir. On bir aydır ki, müharibə getmir, atəşkəs rejimi davam edir, sakitlikdir, rayonlara şəhidlər gətirilmir. O zaman rayon rəhbərlərinin, o cümlədən kobxoz-sovxoz rəhbərlərinin başı daha çox Azərbaycan torpaqlarının müdafiəsi məsələlərinə qarışır, cari məsələlərlə məşğul olmağa o qədər də vaxtları qalmırdı. İndi bu problemlər yoxdur. Bizdən ötrü bir çox problemlər var, amma kənd təsərrüfatı sahəsində çalışanlar - həm hakimiyyət orqanları, həm də kənd təsərrüfatı orqanları, kənd əhalisi üçün indi həmin Problemlər artıq yoxdur. Ona görə də bu ilin yazında kənd təsərrüfatı işlərinin aparılması üçün şərait keçən ildəkindən qat-qat fərqlidir, yəni çox əlverişli, yaxşıdır. Bu şəraitdən istifadə etməmək cinayət olardı. Əgər belə bir şəraitdə bizim Kənd təsərrüfatımız keçən ilin səviyyəsində qalarsa, bu, biabırçılıq, cinayət olacaqdır. Bu o demək olacaqdır ki, biz keçən ildəkindən də pis işləyirik, halbuki şəraitimiz əvvəlki ilə nisbətən qat-qat yaxşıdır. Şübhəsiz, belə şəraitdə hamımızın haqqı var sizdən tələb edək ki, kənd təsərrüfatı işlərini indikindən daha yaxşı aparasınız.

Lakin demək istəyirəm ki, bu gün kənd təsərrüfatı işlərinin gedişindən razı qala bilmərəm. Şübhəsiz ki, verilən məlumatlar təəsüratı müəyyən qədər genişləndirdi, ancaq məni qane etmədi. Ona görə də tələb ediriəm ki, siz kənd təsərrüfatı işlərinin aparılmasında ciddi dönüş yaradasınız. Bizim nəyimiz varsa əlimizdə olan imkanlarımızdır. Amma bu imkanlar da genişdir. Biz bu il keçən ildəkindən qat-qat artıq kənd təsərrüfatı məhsulları istehsal etməliyik. Bir tərəfdən islahatlar aparacağıq, bu kömək edəcək, digər tərəfdən də ətraflı izah etdim ki, şərait keçən ildəkindən xeyli yaxşıdır.

Burada bir neçə məhsul haqqında söhbət gedir. Birincisi, taxıl haqqında 600 min hektardan çox sahədə taxıl əkilmişdir. Bu, böyük sahədir. Ola bilər kimsə şübhə etsin ki, buradan yüksək məhsul götürmək olar və ya olmaz. Hər halda yüksək məhsul götürmək üçün əsas var. Ancaq bu qısa müddətdə - o qədər də çox vaxt qalmamışdır, indi aprelin 14-dür, iyunda biçin başlayacaq - zəruri aqrotexniki tədbirlər görülməli, əkin sahələrinə lazımi qulluq edilməlidir. Bunu deyərkən mən suvarmanı, becərmə işlərini, gübrə verilməsini nəzərdə tuturam. Əvvəlki vaxt deyil ki, gübrəmiz də, su mənbələrimiz də bol olsun. Nə var - odur. Keçmiş dövrdən əsas fərqimiz də ondan ibarətdir ki, belə bir ağır şəraitdə kənd təsərrüfatı məhsulları istehsal edirik. Ona görə də mövcud imkanlardan istifadə edərək taxıl istehsalını artırmaq lazımdır.

Taxılçılıqda çalışan kənd zəhmətkeşlərinin həvəsləndirilməsi, onlarla vaxtında müqavilələrin bağlanması, məhsulun satış qiymətinin artırılması məsələləri, şübhəsiz ki, böyük rol oynayır. Yəni indi iqtisadi stimullar əsas, həlledici şərtlərdir. Bunlardan səmərəli istifadə etmək lazımdır. Mühafizəkarlığa yol vermək lazım deyildir. Kənd Təsərrüfatı Nazirliyi və Taxıl Məhsulları Dövlət Şirkəti - İrşad Əliyev və Kamil Məmmədov bir də götür-qoy etməlidirlər ki, taxılçılıqla məşğul olan adamların məhsul yetişdirilməsi üçün daha ürəkdən çalışmaları, biçinə yaxşı hazırlaşmaları, taxılı dövlətə təhvil vermələri üçün hansı şərait yaradılsın. Şübhəsiz ki, bunu təmin etmək lazımdır. Siz deyirsiniz ki, ötən vaxtlarda taxıl tədarükü indikindən artıq olmamışdır. Olmuşdur, dövlətə 400 min ton taxıl da təhvil verilmişdir. Lakin şübhəsiz ki, indiki vəziyyət keçmişdəki deyildir. İndi başqa üsullardan istifadə etmək lazımdır. Bilirsiniz ki, taxılın çatışmadığı böhranlı vaxtda biz nə qədər çətinlik çəkdik, necə ağır vəziyyətə düşmüşdük. Son aylar Avropa İqtisadi Şurası bizə kömək edir, onun hesabına vəziyyətimizi müəyyən qədər düzəltmişik. Lakin bu o demək deyil ki, biz daim bu köməklə yaşayacağıq. Öz imkanlarımızdan istifadə edərək Azərbaycan Respublikasının əhalisini taxıl məhsulları və çörəklə daim təmin etməliyik.

Son vaxtlar həm çörəyin qiymətinin sərbəstləşdirilməsi, həm də bir neçə məsələnin həll edilməsi ilə əlaqədar əhalinin çörəklə təmin olunmasında elə bir problem yoxdur. Amma bir neçə ay əvvəl nə qədər çətin problemlərlə qarşılaşmışdıq, keçən ilin oktyabr - noyabr aylarında necə böhranlı vəziyyətdə idik. Elə olurdu səhərədək fikirləşirdik ki, Bakını bir gün çörəklə təmin etmək üçün un gəlib çıxacaq, ya yox. Həmin günləri unutmaq lazım deyildir. Bundan nəticə çıxararaq işi elə etibarlı qurmaq lazımdır ki, biz belə böhranlı hallarla bir də rastlaşmayaq. Onsuz da vəziyyətimiz çətindir. Şimaldan sərhəd, dəmir yolu, avtomobil yolu bağlıdır. Doğrudur, son vaxtlar mənim apardığım danışıqlardan, Rusiya prezidenti Boris Yeltsinə müraciətimdən, Rusiyanın baş naziri Viktor Çernomırdinlə Kopenhagendəki görüşümdən, eləcə də telefon danışıqlarından sonra müəyyən qərarlar qəbul edilmişdir. Bizim nümayəndə heyətimiz Moskvada, Dağıstanda da olmuş, müəyyən iş görülmüşdür. Ancaq bunlar hələ sərhədin, kommunikasiya xətlərinin tam açılması demək deyildir. Ona görə də biz ağır blokada şəraitindəyik. Belə bir halda biz gərək respublika əhalisinin taxılla, çörəklə təminatını etibarlı şəkildə quraq. Özü də bu təminat bir-iki aylıq yox, bütün 1995-ci il ərzində və 1996-cı ildə də olmalıdır, o vaxta qədər ki, xalq təsərrüfatının başqa sahələrində istehsalımız artacaqdır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyindən, yerli hakimiyyət, kənd təsərrüfatı orqanlarından, taxıl məhsulları şirkətindən tələb edilir ki, bu işlə cidd məşğul olsunlar. Bu gün buraya icra hakimiyyəti başçıları ilə bərabər rayonların kənd təsərrüfatı, kimya, suvarma idarələrinin rəhbərləri və başcıları da dəvət olunmuşlar. Ona görə ki, biləsiniz vəziyyət necədir, sizdən nə tələb olunur, yaxşı nəticələr əldə etmək üçün bundan sonra işi necə qurmaq lazımdır.

Güman edirəm ki, əgər biz indi işimizi gücləndirsək, bu il keçən ildəkindən xeyli çox taxıl məhsulu əldə edə bilərik. Buna əsas var və bu gün, aprelin 14-də bu vəzifəni bir daha sizin qarşınızda qoyur və ümidvar olduğumu bildirmək istəyirəm ki, həmin vəzifə həyata keçiriləcəkdir.

Pambıq əkini gedir və burada verilən məlumatlardan görünür ki, işlərin gedişi ümumən normaldır. Ancaq çiyid səpinini aprelin 25-dək qurtarmaq lazımdır. Bu, optimal vaxtdır. Bundan o yana qalarsa, şübhəsiz ki, yaxşı məhsul götürməyə imkan olmayacaqdır. Çiyid səpinini çox səriştəli, diqqətlə aparmaq lazımdır. Hamımız bilirik, xüsusən pambıqçılıqla məşğul olan rayonlarda bilirlər ki, aprel həmişə pambıqçılıq sahəsində bizdən ötrü çox əhəmiyyətli və məsuliyyətli ay olmuşdur. Əgər səpini yaxşı apara, normal çıxışı təmin edə bilsək, bu, gələcək məhsulun əsasıdır. Ona görə də mən bu müşavirənin məhz bu gün keçirilməsini lazım bildim ki, qarşımızda duran vəzifənin nə qədər ciddi və məsuliyyətli olduğunu sizə və pambıqçılıq rayonlarında bu sahədə çalışan vətəndaşlarımıza bir daha çatdıram.

Biz keçən il çox az - 285-286 min ton pambıq məhsulu götürdük. Bu, Azərbaycan üçün biabırçı rəqəmdir. Ondan əvvəlki ildə də belə olmuşdur. Ümumiyyətlə, son illərdə belədir. Bu gün burada kənd təsərrüfatı naziri bildirdi ki, 212 min hektar sahədə çiyid səpini aparılır. Bu halda şübhəsiz ki, yüksək məhsul götürməyə imkanımız var. Orta hesabla hər hektardan ən azı 20 sentner məhsul alsaq, görün nə qədər olacaqdır. Bu, 400 min tondan çox pambıq məhsulu deməkdir. Mən burada sizin qarşımızda heç bir qəti rəqəm qoymaq istəmirəm. Sadəcə olaraq bildirmək istəyirəm ki, imkanlarımız böyükdür. Onu da bilmək lazımdır ki, respublikamızın iqtisadiyyatının indiki ağır dövründə, dönərli valyutaya böyük ehtiyacımız olan bir dövrdə pambıq bizdən ötrü ən lazımlı məhsuldur. Təsəvvür edin, məsələn, burada dedilər ki, 60 min ton mahlıc satılması barədə müqavilə bağlanmışdır. Bunun satışından 100 milyon dollar, bəlkə də bir az artıq gəlir götürüləcəkdir. Həmin gəlirin böyük bir hissəsi pambıqçılara, kənd təsərrüfatına gedəcəkdir. Bunu əldən buraxmaq olarmı?

Ancaq kənd təsərrüfatı naziri dünən mənə dedi ki, xarici bazara ümumən 75 min ton mahlıc satmaq nəzərdə tutulmuşdur. Demək, 15 min ton da əlavə satılacaqdır. Ondan da xeyli valyuta gələcəkdir. İndi maliyyə vəziyyətimizin ağır olduğu bir vaxtda - buradakı çıxışlardan başa düşdüm ki, borclar var, məsələn, taxılçılara da, pambıqçılara da, tütünçülərə də, hamısına borclar var - bizə valyuta, dönərli valyuta lazımdır. İndiki vəziyyətimizdə Azərbaycanda dönərli valyutanın əsas mənbələrindən biri pambıq məhsuludur. İstərdim ki, bu məhsulun təkcə pambıqçılar üçün, pambıqçılıq rayonlan üçün deyil, ölkəmizin iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu hamı dərk etsin.

Ona görə də bu il mövcud imkanlardan istifadə edərək yüksək pambıq məhsulu götürmək lazımdır. Şübhəsiz ki, bu, kənd təsərrüfatının inkişafına, islahatların aparılmasına kömək edəcək və 1996-cı il üçün böyük zəmin yaradacaqdır. Güman edirəm ki, bu mümkündür və siz bununla ciddi məşğul olmalısınız. Kənd təsərrüfatı naziri, rayon icra hakimiyyəti başçıları, Nazirlər Kabineti bu işi ciddi nəzarətə götürməlidirlər. Çiyid səpini, becərmə ilə əlaqədar bütün məsələlər vaxtında həll olunmalı, Nazirlər Kabinetində baxılaraq lazımi tədbirlər görülməlidir. Əgər bunu mənim səviyyəmdə müzakirə etmək lazım olarsa, istənilən vaxt bu məsələlərə baxılmasına hazıram. Ona görə ki, yenə də deyirəm, bu il bizim yüksək pambıq məhsulu götürməyə imkanımız var və bunu əldən buraxmamalı, ondan səmərəli istifadə etməliyik. Bir daha tapşırıram ki, bu məsələlərlə ciddi məşğul olasınız.

Qeyd etdim ki, 60 min ton mahlıc satmaq haqqında müqavilə bağlanmışdır, 15 min ton da əlavə satılacaqdır. Amma bunun ixrac olunması məsələsi çox zəifdir. Vaxtını dəqiq bilmirəm, amma mənə belə gəlir ki, müqavilə üç ay əvvəl bağlanmışdır. Lakin kənd təsərrüfatı nazirinin bu gün verdiyi məlumat yenə də qənaətbəxş hesab edilə bilməz. Biz bu mahlıcı tezliklə ixrac etməliyik. Onu nə qədər tez ixrac edə bilsək, ondan alınacaq valyuta da bir o qədər tez gələcəkdir. Kənd təsərrüfatı naziri bu gün deyirsə ki, artıq üç milyon dollar gəlmişdir və ondan istifadə edirsə, demək, bu onu göstərir ki, müqavilədə nəzərdə tutulan məhsul tezliklə emal olunmalı və mahlıc təcili ixrac edilməlidir. Məhsul nə qədər tez ixrac olunarsa, onun dəyərini bir o qədər tez alaraq öz işinizdə istifadə edəcəksiniz. Bunu geniş izah etməyə ehtiyac yoxdur. Bir halda ki, müqavilə bağlanmışdır, onun icrsını niyə gecikdirirsiniz?

Burada dedilər ki, lent çatışmır, ip çatışmır və sairə. Bu, sizin öz işinizdir. Bir halda ki, siz məhsul satıb valyuta alırsınız, bir qismini artıq almısınız, demək, bu işi qurmalısınız. Haradansa lent tapmalısınız, haradansa ip tapmalısınız. İndi keçmiş vaxt deyil ki, Dövlət Plan Komitəsinə və ya Təchizat Komitəsinə deyim ki, bunları haradansa tapıb sizə versin. Bu işlərlə özünüz ciddi məşğul olmalısınız. Ancaq mənim tələbim ondan ibarətdir ki, müqavilə bağlanmış, mahlıc təcili ixrac olunmalıdır.

Bizə gələn məlumatlardan belə də başa düşmək olar ki bəzi rayonlarda icra hakimiyyəti başçıları, pambıqtəmizləmə zavodlarının direktorlan bu işi qəsdən gecikdirirlər. Bəziləri şəxsi mənfəət götürmək üçün, bəziləri başqa məsələlərdən ötrü gecikdirirlər. Hər halda çox təəssüf. Bu gün müşavirənin gedişində də dedim ki, indi həyatımızda bizə mane olan ən böyük amillərdən biri vəzifəli adamların tutduqları mövqedən sui-istifadə edərək ümumi işimizə zərər vurmalarıdır. Bu, mahlıcın ixrac olunmasında da görünür, hiss olunur. Ona görə də Fuad Quliyevə, Abbas Abbasova, İrşad Əliyevə göstəriş vermişəm ki, bu məhsulun



ixracı hər gün nəzarət altında olmalıdır. Deyirdilər ki, guya Astara gömrükxanasında maneçilik törədirlər. Gömrük Komitəsinin sədri buradadırmı? Sənə tapşırıram: nəzarət et, hər gün gömrük məntəqəsinə gələn mal həmin gün də oradan keçməlidir. Bütün maneələr aradan götürülməlidir. Yenə də deyirəm, indi Azərbaycanda valyutanın çox qıt olduğu bir vaxtda bu məhsulun ixracı bizdən ötrü olduqca zəruridir.

Pambıqtəmizləmə zavodlarının direktorları buraya dəvət olunmuşlar. Onların hamısına öz fikrimi deyirəm: bilin, siz pambığı nə qədər tez emal edib mahlıcı ləngimədən göndərsəniz, zavodun işini bir o qədər tez sahmana salacaq, yeni məhsulun qəbuluna hazırlaşacaqsınız. Bundan təsərrüfatlar da, pambıqtəmizləmə zavodları da öz xeyrini götürəcəkdir. Bunlar hamısı göz qabağındadır. Ona görə də bu işə əngəl törətmək lazım deyildir.

Burada tütün məhsulu barədə məsələ qalxdı. Son dövrdə, son aylarda keçirilən müşavirələrimizdə bu məsələ dəfələrlə qoyulmuşdur. Mən hər dəfə göstəriş verirəm, ancaq təəssüf ki, bu məsələ həll olunmur. Nə üçün belədir, mən bunu başa düşə bilmirəm. Bizim dövlətimiz, hökumətimiz məgər acizdir ki, bunu həll edə bilmir? Tütün məhsulu var, onu ixrac etməkdə acizlik çəkirik. Burada kimsə yenə öz şəxsi mənfəətini güdür, kimsə şəxsi mənfəəti olmadığına görə bu işlə məşğul olmaq istəmir. Amma əvəzində respublikamız zərər çəkir, iqtisadiyyatımıza zərbə vurulur. Tütünçülər də zərər çəkirlər. Axı biz yaxşı bilirik ki, tütün istehsal etmək doğrudan da çətindir. Əgər tütün istehsal edən adam məhsulu indiyədək təhvil verə, pulunu ala bilməmişdirsə, əvvəla, tütün xarab olur, keyfiyyəti aşağı düşür, ikincisi, həmin adam bu il tütün əkmək istəməyəcəkdir. Nəyinə lazımdır?

Mən bu məsələyə çox vaxt sərf etmək istəmirəm. Ona görə də Fuad Quliyevə, Abbas Abbasova, İrşad Əliyevə, maliyyə nazirinə, bilmirəm daha kim lazımdırsa, onlara tapşırır və beş gün vaxt verirəm, bu müddətdə respublikadakı tütün məhsulunun hamısının ixrac olunması məsələsini həll edərək mənə raport verməlisiniz. Sizi xəbərdar edirəm, əgər bu tapşırığın yerinə yetirilməsini kim ləngitsə, tutduğu vəzifəsindən asılı olmayaraq, çox ciddi cəzalanacaqdır. Daha buna dözmək olmaz.

İrşad Əliyev burada şərab məhsullarının, çayın satılması ilə bağlı məsələlər də qaldırdı. Bunlar aydındır, mən bir daha izah etmək istəmirəm. Həmin adamlara tapşırıram ki, beş gün ərzində bu məsələləri də həll etsinlər və mənə yazılı şəkildə raport versinlər: nə etdilər, nəticəsi nə oldu? Elə etməliyik ki, Azərbaycanda çay istehsalı da artsın, bu il üzüm istehsalını da artırmalıyıq. Üzüm bağlarında ciddi iş görülməlidir. Mövcud üzüm bağlarından keçən ildəkinə nisbətən qat-qat artıq məhsul götürüb, bundan kənd təsərrüfatında çalışan adamlar üçün, dövlətimiz üçün çox böyük gəlir əldə edə bilərik. Bununla məşğul olmaq lazımdır. Ona görə bu sahədə olan problemlərin həll edilməsinə də mən beş gün vaxt verirəm. Bu məsələləri həll edin və aprelin 20-dən gec olmayaraq mənə məlumat verin.

Gömrüklə əlaqədar, ümumiyyətlə, bir çox məsələlər var. Bunu keçən görüşlərimizdə də demişəm. Əgər gömrüklə əlaqədar ya qanun, ya qərar və ya nəsə hazırlanırsa, nədənsə gecikir, vaxt keçir. Bu gün tənəffüs vaxtı Fuad Quliyevə də dedim. Elə məsələlər var ki, bunları böyük sənədlərin quyruğuna bağlamaq lazım deyil. Bir məsələnin bir günün içərisində həll edilməsi üçün operativ qərar qəbul etmək olar. Bu halda həmin məsələ həll ediləcək, yol açılacaq, iş gedəcəkdir. Amma bizdə köhnə adət var: hər bir məsələni böyük qərara bağlayırıq, onun qəbul edilməsi də bir ay, iki ay çəkir, orada razılaşdırılır, burada razılaşdırılır, axırda vaxtın itirilməsi ilə nəticələnir. Bilirsiniz, bazar iqtisadiyyatının əsas prinsiplərindən biri də odur ki, hər şey təcili həll olunmalıdır. Ola bilər, bu xasiyyət camaatımızda hələ yaranmamışdır. Keçmiş quruluş vaxtında hər şey dövlətin idi. Məsələn, məhsulu yığıb dövlətə satırdın. Pulunu nə vaxt, necə verəcəkləri barədə fikirləşmirdin - onsuz da verəcəkdilər, narahatçılıq yox idi.

Amma indi bazar iqtisadiyyatıdır, alış-verişdir. Məhsulu nə qədər tez satsan, dəyərini nə qədər tez alıb istifadə etsən, bir o qədər çox gəlir götürəcəksən. Bu işləri, yeni iqtisadi formaları bilmək lazımdır. Bilmək, bunlardan nəinki istifadə etmək, həm də bunlara alışmaq lazımdır. Biz keçmiş bürokratik yollarla yeni şəraitdə işləyə bilmərik. Beləliklə, mən yenə də bu fikrin üzərinə gəlirəm ki, bürokratizmi aradan qaldırmaq lazımdır. Bürokratizm bizi boğur. O, hər yerdə - Prezident Aparatında da, Nazirlər Kabinetində də, nazirliklərdə də - İqtisadiyyat Nazirliyində də, Maliyyə Nazirliyində də, icra orqanlarında da var. Bir var ki, bəzi adamlar köhnə xasiyyətlərinə görə bürokratizmə vərdiş ediblər, amma bəziləri, - bunu bayaq dedim, bir də təkrar edirəm, - bunu qəsdən, şəxsi mənfəətlərindən, məqsədlərindən ötrü edirlər. Bu, ən dəhşətlisi, ən təhlükəlisi və bizim üçün ən zərərlisidir.

Bir-iki gün öncə Türkiyənin baş naziri xanım Tansu Çillər Bakıya gəlmişdi. Bildiyiniz kimi, onunla söhbətlərimiz, görüşlərimiz oldu. Onunla birlikdə iş adamlarının böyük bir qrupu da gəlmişdi. Bu söhbətlər və görüşlərdə də, əvvəllər Türkiyədə -İstanbulda, Ankarada iş adamları ilə görüşəndə də hiss etmişəm ki, onların çoxu gəlib burada işləmək istəyir. Ancaq bir tərəfdən bunun üçün şərait yaradılmır, o biri tərəfdən də onlar gəlib burada investisiya qoymaq üçün addım atanda bizim vəzifəli şəxs birinci növbədə deyir ki, bundan mənə nə çatacaq, filan qədər verməlisən. Əgər vermirsənsə, çıx get. Gələn də deyir ki, ay qardaş, ay yoldaş, ay dost, mən burada yatırım yapmaq, sizə mənfəət vermək istəyirəm. Məgər sizə mənfəət vermək istəyəndə gərək sizə rüşvət verəm?

Axı bu biabırçılıqdır! Bu bizim iqtisadiyyatımıza zərbə, xalqımıza ləkədir, millətimizi də nə qədər çirkin vəziyyətdə göstərir! Buna dözməkmi olar? Deyəsən oktyabr ayında idi, Türkmənistanın müstəqillik günü münasibətilə Aşqabata getmişdim. Orada yeni, çox müasir bir hava limanının tikildiyini gördüm. Prezident Saparmurad Niyazovla danışanda mənə dedi ki, bunu bir neçə şirkət kreditlə tikmişdir, amma özləri gedib Avropada bəzi banklardan alıb tikmişlər, sonra biz bunu verəcəyik. Mən də Türkiyədə bir neçə iş adamına dedim ki, bu üsuldan bizim üçün də istifadə etmək lazımdır. Dünən mənim yanıma bir iş adamı gəlmişdi. Deyir ki, iki nəfər gedib haradansa doğrudan da belə bir maliyyə mənbəyi taparaq gəlib burada kiməsə təklif edib, bizimkilər isə deyiblər ki, bizə lazım deyildir. Düzdür, konkret olaraq kimə təklif etdiklərini o mənə deyə bilmədi. Ancaq mən bunu arayıb tapacağam.

İqtisadiyyat Nazirliyi haqqında danışmaq iştəyirəm. Mənə çox deyirlər ki, investisiya haqqında təkliflərlə İqtisadiyyat Nazirliyinə gəlirlər, lakin ya onları qəbul etmirlər, ya da qəbul edərkən qarşılarına elə şərtlər qoyurlar ki, onlar bu şərtlərlə razılaşa bilmirlər. Çox hallarda da rüşvət tələb edirlər. Onlar da deyirlər ki, biz gəlib burada investisiya qoyaq, iş görək, hələ bu işi görməmişdən də sizə rüşvət verək? Deyirlər ki, heç olmasa imkan verin iş görək, həmin işin nəticəsindən, ola bilər, siz nə isə götürəsiniz. Bu cür biabırçılıq olar?

Bilirsiniz, belə hallarla nəinki mübarizə aparmaq, bunları aradan qaldırmaq lazımdır. Bunlar indiki keçid dövründə bizə vurulan ən böyük zərbələrdir. Ola bilər bu sizlərə aid deyildir. Amma bu bizi narahat edən məsələdir. Yenə də dünən danışıqlarımdan aydınlaşdırdım, burada Türkiyənin bəzi iş adamları müştərək müəssisə yaratmışlar. Başlayırlar işləməyə, deyirlər ki, sonra da buradan qaçırlar. Nə üçün qaçırlar? Mənə dünən danışdılar. Ona görə ki, Azərbaycan tərəfdən olan adam müştərək müəssisədən gələn gəliri özünə götürür, o birisinə vermir. Sonra da avadanlığı və sairəni ondan xəbərsiz götürüb satır. Dünən mənə belə hallar danışdılar. Ona görə də deyirlər ki, biz buraya gəlməyə qorxuruq.

Buraya gələn heç kəs, necə deyərlər, qaş-gözümüzə aşiq olub gəlmir. Hər bir iş adamı hara gedirsə, öz mənfəətindən ötrü gedir. Ancaq həqiqi iş adamının ən yüksək keyfiyyəti də ondan ibarətdir ki, şübhəsiz, öz mənfəətini gözləməklə yanaşı, müqabil tərəfə də mənfəət verir. O bilir ki, müqabil tərəfə mənfəət verməsə, özü mənfəət götürə bilməyəcəkdir. Bu, ümumiyyətlə, iş adamlarının prinsipidir. Bəs bizdə? Bizdə belədir ki, bəli, gəlin danışaq, müştərək təşkilat yaradaq, sonra da çıxarıb qovsun, yaxud avadanlığı satsın. Bunların hamısı respublikamıza investisiya gəlməsinin qarşısını alan şeylərdir.

Bu məsələlər bəlkə də kənd təsərrüfatı mövzusundan kənardır, ancaq kənarda da deyil. Siz özünüz də bunlarla rastlaşırsınız, rastlaşacaqsınız. Ona görə də bunları qeyd etməklə bir də demək istəyirəm ki, respublikada, ümumiyyətlə ictimaiyyətdə, cəmiyyətdə olan vəziyyətə, camaatın əhval-ruhiyyəsinə ən çox mənfi təsir göstərən rüşvətxorluqdur. Təəssüf ki, rüşvətxorluq bizim dövlət orqanlarında, iqtisadiyyat orqanlarında, hüquq mühafizə orqanlarında, bütün sahələrdə geniş yayılmışdır.

Rüşvətxorluğun tarixi böyükdür, bunu yaxşı bilirsiniz. Tarixi bilən adamlar, keçmiş dövrün şahidləri bilirlər ki, mən 1969-cu ilin iyulunda ilk dəfə Azərbaycan Respublikasına rəhbər seçilən kimi birinci addımlarım rüşvətxorluqla mübarizədən başladı. Rüşvətxorluq o vaxt da var idi. Ancaq o vaxtla indikini müqayisə etmək mümkün deyil. Əgər o vaxtkı rüşvətxorluq indi olsa, mən deyərəm ki, rüşvətxorluq yoxdur. İndi bu, dəhşətli bir vəziyyət almışdır. Bəzən təskinlik tapırıq ki, bu, təkcə bizdə deyil, hər yerdə - Rusiyada da, başqa ölkələrdə də belədir. Biz bununla necə təskinlik tapa bilərik? Axı bu bizi içimizdən yeyir, dağıdır. Cəmiyyətdə əxlaqı pozur, insanların mənəviyyatını pozur. Bunların hamısı da həm iqtisadi islahatların aparılmasına, həm ümumi işimizin getməsinə maneçilik törədir, həm də cəmiyyətimizdə zərərli ünsürlərin baş qaldırmasına şərait yaradır. Ona görə də rüşvətxorluqla mübarizə, belə halların qarşısının alınması, bu sahədə ciddi tədbirlərin görülməsi bizim əsas vəzifələrimizdəndir.

Fürsətdən istifadə edərək bir-iki məsələ haqqında da bəzi fikirlər söyləmək istəyirəm. On bir aydır ki, respublikamız atəşkəs rejimi şəraitində yaşayır. Bu, 1988-ci ildən başlanmış müharibə dövründən indiyədək ilk böyük fasilədir. Azərbaycan Respublikası Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalandan bəri heç vaxt belə uzunmüddətli atəşkəs rejimi olmamışdır. Biz buna nail olduq. Aprelin 12-də on bir ay tamam oldu, mayın 12-də biz bunun bir illiyini qeyd edəcəyik. Biz çalışmışıq, çalışırıq və bundan sonra da çalışacağıq ki, atəşkəs rejimi davam etsin. Ona görə yox ki, biz bununla qane olmuşuq. Ona görə ki, atəşkəs rejimi şəraitində biz respublikanın müharibə vəziyyətindən çıxmasına, böyük sülhün yaranmasına, Azərbaycanıni ərazi bütövlüyünün təmin edilməsinə, işğal altındakı torpaqlarımızın geri qaytarılmasına nail ola bilək.

Biz bu sahədə çox iş görürük. Bəzən mətbuatdan məlumat alırsınız. Məsələn, Ermənistan - Azərbaycan münaqişəsinin ATƏT çərçivəsində aradan qaldırılması və bununla əlaqədar beynəlxalq sülhü mühafizə qüvvələrinin yaradılması və həmin qüvvələrin Azərbaycana göndərilməsi haqqında keçən ilin dekabrında Budapeşt görüşündə qəbul edilmış qətnamə tarixi əhəmiyyətli bir sənəddir. Doğrudur, onun həyata keçirilməsi ləng gedir. Qətnamənin qəbul edilməsindən artıq dörd ay ötsə də, həyata keçirilməsi üçün istənilən tədbirlər görülməmişdir. Ancaq siz də bilməlisiniz, respublikanın ictimaiyyəti də bilməlidir ki, biz bu sahədə çox çalışırıq.

Dünən mən Minsk qrupunun yeni missiyasını qəbul etdim. Bilirsiniz ki, Minsk qrupu 1992-ci ildə bu münaqişənin aradan qaldırılması üçün yaradılmışdır. O, ATƏT-in tərkibindədir. Vaxtilə Minsk qrupuna İtaliya, sonra İsveç nümayəndələri rəhbərlik edirdilər. Bilirsiniz ki, İsveç nümayəndələri Yan Eliasson, Anders Bürner yə başqaları ilə dəfələrlə görüşlərim olmuşdur. İndi qrupa Finlandiya tərəfi rəhbərlik edir. Dünən mən Finlandiyanın nümayəndə heyətini qəbul etdim. Finlandiya prezidenti bu barədə mənə xüsusi məktub göndərmişdir. Onların bu işə qoşulacağını bildiyim üçün, ötən ilin dekabrında Budapeştdə olarkən Finlandiyanın prezidenti ilə görüş keçirdim, çox ətraflı danışıqlar apardıq. Nəhayət, indi onların nümayəndə heyəti Bakıya gəldi. Dünən onlar işə başladılar. Danışıqlar apardıq və ümidvaram ki, bu, yeni mərhələ olacaq, məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün yeni tədbirlər həyata keçiriləcəkdir.

Ancaq bir bu deyil. Dünyanın böyük dövlətləri ilə danışıqlar aparırıq, başqa imkanlardan istifadə edirik. Rusiya prezidenti cənab Boris Yeltsinin xarici siyasət məsələləri üzrə köməkçisi Ryurikov ələxüsus Azərbaycan - Rusiya münasibətlərinin inkişaf etdirilməsi üçün muəyyən tədbirlərin hazırlanması məqsədi ilə bu yaxınlarda Azərbaycana gəlmişdi. Mənim onunla danışıqlarım, görüşlərim oldu. Güman edirəm ki, Azərbaycan ilə Rusiya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün bu da öz nəticəsini verəcəkdir. Bizim buna ehtiyacımız var. Çünki xüsusən iqtisadi sahədə Rusiya ilə Azərbaycan əlaqələrinin inkişaf etməsi və genişlənməsi iqtısadiyyatımızın inkişafına böyük kömək göstərəcəkdir. Bu məqsədlə də biz həmin tədbirləri həyata keçiririk.

Türkiyənin baş naziri Tansu Çillərlə bizim ətraflı danışıqlarımız oldu. Bu günlərdə o, Amerikaya gedəcək, bu bölgə - Qafqaz haqqında orada müəyyən danışıqlar aparacaqdır Bunlar hamısı, ümumiyyətlə, bizim xarici siyasətimiz birinci növbədə Ermənistan - Azərbaycan münaqişəsinə son qoyulmasına, Dağlıq Qarabağ probleminin həllinə yönəldilmişdir. Biz bu istiqamətdə çalışırıq və bundan sonra da çalışacağıq.

Ancaq yaranmış bu əlverişli şərait, yəni müvəqqəti olsa da bu sülh şəraiti hər bir təşkilat, hər bir dövlət orqanı, dövlət vəzifəli hər bir şəxs tərəfindən çox səmərəli istifadə olunmalıdır. Birinci növbədə iqtisadiyyatımızı, dövlətçiliyimizi inkişaf etdirmək, qarşımızda duran vəzifələri həyata keçirmək üçün istifadə edilməlidir. Bilməlisiniz ki, biz bu sahədə lazımi tədbirlər görürük. Bu gün bir də qeyd etmək istəyirəm ki, bizim tutduğumuz yol dəyişməzdir, yəni Azərbaycan demokratiya yolu ilə, demokratik dövlət qurmaq yolu ilə gedir, dövlət quruculuğu proseslərini həyata keçirir. İqtisadiyyat sahəsində bazar münasibətləri, dünya iqtisadiyyatına qoşulmaq, islahatlar aparmaq yolu ilə gedirik və bu yolla da gedəcəyik.

Aqrar sahədə islahatların aparılması haqqında biz çox danışdıq. Amma digər sahələrdə islahatların keçirilməsi, özəlləşdirmənin aparılması barədə də bilirsiniz ki, bir neçə tədbir görmüşük. Əmlak Komitəsi, baş nazirin müavini Tofiq Əzizov bu məsələlərlə məşğul olur və bundan ötrü biz ona xüsusi status vermişik. Özəlləşdirmə ilə bağlı məsələ bir ay öncə, martın 7-də geniş müzakirə olundu. Özəlləşdirmə proqramının hazırlanması üçün bir ay vaxt verdik. Ancaq bu, həmin müddətdə hazır olmadı. Mən bu işə nəzarət edirəm. Tofiq Əzizov mənə müraciət etdi ki, bu vaxtı on gün də artırın və imkan verin Orta Asiya ölkələrinin və Qazaxıstanın təcrübəsi ilə tanış olub bundan istifadə edək. Mən bu vaxtı on gün də artırdım və Tofiq Əzizova göstəriş verdim ki, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstanın bu sahədəki təcrübəsini mütləq öyrənsin. Çünki bir halda ki, biz gecikmişik, bu proseslərin gedişi başqa ölkələrdə vaxt etibarı ilə bizdən irəlidədir, - həmin təcrübəni öyrənmək, həm müsbət, həm də mənfi cəhətini bilmək lazımdır. İndi mən gözləyirəm ki, özəlləşdirmə proqramı təqdim olunsun. Bunu da gecikdirmək olmaz, bayaq dediyim kimi, on gün də vaxt artırmışam.

Ancaq bu elə proqram olmalıdır ki, biz onu qəbul edək. Elə olmasın ki, keçən dəfəki təkrarlansın. O zaman bizə proqram kimi təklif etdilər, ancaq o, proqram deyildi, sadəcə olaraq bəzi fikirlər idi. Lakin biz geniş müzakirə apardıq, proqramın nə cür olması barədə aydınlıq yaratdıq. Artıq biz bu proqramı qəbul etməliyik və bundan sonra özəlləşdirmə prosesini aparmalıyıq. Özəlləşdirmə iqtisadi islahatlar prosesinin əsas istiqaməti, əsas hissəsidir. Sənayedə, nəqliyyatda, ticarətdə, məişət xidmətində və bütün başqa sahələrdə özəlləşdirməni məhz bu proqram əsasında keçirməliyik və mən gözləyirəm ki, həmin proqram təqdim olunsun.

Respublikamızda demokratik dəyişikliklər aparmaq üçün dövlət quruculuğu sahəsində də müəyyən işlər görürük və bunu davam etdirəcəyik. Yəni biz bu il, 1995-ci ildə Azərbaycan Respublikasının yeni demokratik konstitusiyasını qəbul etməliyik. Məlumdur ki, indiyə qədər biz Sovet İttifaqı dövründə, 1978-ci ildə qəbul olunmuş konstitusiya əsasında yaşayırıq. Düzdür, həmin konstitusiyaya bir çox dəyişikliklər, əlavələr edilmişdir. Ancaq yeni konstitusiya qəbul olunmamışdır. Respublikamız elə bir dövrə gəlib çatmışdır ki, həmin konstitusiya bu il qəbul edilə bilər. Mən bu yaxınlarda hüquqşünaslarımızdan bir qrupunu qəbul edib onlarla danışdım, göstəriş verdim. Onlar konstitusiyanın layihəsi üzərində işləyirlər. Əvvəllər konstitusiya komissiyası bir balaca heyətdə yaranmışdır. Ancaq bu yaxın vaxtlarda Milli Məclisdə tam konstitusiya komissiyası təşkil olunacaqdır. Layihə hazır olan kimi konstitusiya komissiyası işə başlayacaq, sonra biz layihəni geniş müzakirəyə verəcəyik.

Parlament seçkiləri haqqında çox söhbət gedir. Demək istəyirəm ki, bəzi siyasi partiyalar cəmiyyətdə özlərinə, necə deyərlər, böyük bir yer tuta bilmədikləri halda, böyük hörmət qazana bilmədikləri halda orada-burada "Azərbaycanda seçkilər olmayacaq, seçkilər keçirilməyəcək, Azərbaycanda diktatura rejimi mövcuddur" kimi boş-boş sözlərlə, - mən bunu cəsarətlə deyə bilərəm, - axmaq, yaramaz sözlərlə çıxış edirlər. Şübhəsiz ki, biz bunlara fikir vermirik. Çünki gördüyümüz işin mənasını da, hansı yolla getdiyimizi də bilirik və tutduğumuz yoldan da dönməyəcəyik. Biz seçkiləri keçirməliyik. Ona görə yox ki, bu, müxalifətdə olan hansısa partiyaya lazımdır, yox! Əgər ona lazımdırsa, bizə isə lazım deyildirsə, mən sizə açıq deyirəm, biz bunu keçirməzdik. Amma seçkilər özümüzə, cəmiyyətimizə, dövlətimizə lazımdır. Ona görə lazımdır ki, sadəcə olaraq indiki parlamentin səlahiyyət müddəti bu ilin axırında qurtarır. Ona görə də oktyabrda parlament seçkiləri keçirəcəyik.

Bununla əlaqədar seçki qanunu da hazırlanır. Şəxsən mən onun bir neçə variantı ilə tanış olmuşam. Hüquqşünaslara göstəriş vermişik ki, bunların üzərində daha da işləsinlər. Elə variant var ki, seçkilərin partiya sistemi ilə keçirilməsi təklif olunur. Bizdə 50-yə qədər partiya var. Düzdür, onlar cəmiyyətin az bir hissəsini təmsil edirlər. Yaxud da seçkilərin majoritar və proporsional sistemlə keçirilməsi təklif olunur. Bəziləri seçkilərin ancaq dairələr sistemi ilə keçirilməsini təklif edirlər. Biz bu layihələrə baxacaq, ən əlverişlisini seçib ümumxalq müzakirəsinə verəcəyik. Yaxın vaxtlarda bu da olacaqdır. Bunu sizə kiminsə narahatçılıq keçirdiyinə görə demirəm. Ona görə yox ki, bəzi qüvvələr orada-burada bir xarici ölkənin nümayəndəsini tapıb deyirlər ki, Azərbaycanda seçkilər keçirilməyəcək, burada demokratiya yoxdur, - bunlar bizi narahat etmir. Ona görə deyirəm ki, bu il iqtisadiyyat, dövlət quruculuğu, siyasi sahədə hansı tədbirlər gördüyümüzü və görəcəyimizi ictimaiyyət bilsin. Bir də ona görə ki, siz bütün bu tədbirlərin iştirakçısınız və iştirakçısı olmalısınız. Güman edirəm ki, biz bunlara birlikdə nail olacağıq.

İndi bu tədbirlərin keçirilməsi üçün daha da əlverişli şərait yaranmışdır. Bildiyiniz kimi, son illər bir yandan Ermənistanın Azərbaycana qarşı təcavüzü, ikinci tərəfdən daxildə gedən ictimai-siyasi proseslər, cürbəcür mafioz qrupların, ayrı-ayrı dəstələrin dövlətçiliyə zidd hərəkətləri respublikamızın vəziyyətini həddindən artıq ağırlaşdırmışdır. Deyə bilərəm ki, keçmiş Sovet İttifaqına mənsub olan, indi müstəqillik qazanmış respublikalar arasında belə bir çətin vəziyyətə düşənini tapmaq olmaz. Bir tərəfdən Ermənistan təcavüz etmiş, torpaqlarımızın 20 faizi işğal olunmuşdur, bir milyon qaçqın var, ikinci tərəfdən daxildə oradan bir qrup, buradan bir qrup vəzifə uğrunda mübarizə aparır, buradan biri qalxır, oradan digəri qalxır. Şübhəsiz ki, daxildə olan belə qeyri-sabitlik Azərbaycanın beynəlxalq nüfuzuna da toxunur, buraya investisiyaların gəlməsinə də maneçilik törədir. Allaha şükürlər olsun, mənə belə gəlir ki, artıq biz bu prosesləri də keçib getdik. Düzdür, bu o qədər də asan olmadı. Ancaq bunlar bizim tariximizdir, respublikamızın, xalqımızın başına gələn hadisələrdir.

1993-cü ilin yayında – iyunda baş vermiş hadisələr, vətəndaş müharibəsi zamanı Azərbaycan nə qədər böhranlı vəziyyətdə idi. Biz Azərbaycanı bu vəziyyətdən xilas etdik. Bundan sonra isə Azərbaycanı bu vəziyyətə gətirib salmış adamlar özləri üçün nəticə çıxarmaq əvəzinə, bizə təşəkkür etmək əvəzinə ki, - bəli, Azərbaycanı parçalamaqdan, vətəndaş müharibəsindən xilas etdiniz, gəlin əl-ələ verək, xalqımızı düşdüyü ağır vəziyyətdən çıxarıb irəliyə aparaq, - kənara çəkildilər, qütbləşdilər, Xalq Cəbhəsi yenə də hakimiyyət uğrunda mübarizə üçün dəstə düzəltdi. Hakimiyyətə gəlmişdi, qala bilmədi, Azərbaycanı fəlakətli vəziyyətə gətirib çıxardı. Respublika vətəndaş müharibəsi vəziyyətinə çatdı. Baş nazir istefa verib qaçdı, parlamentin sədri istefa verib çəkildi, prezident dağlara qaçdı. Bundan artıq nə lazımdır? Gördülər ki, bir az sakitlik yaranmışdır, yenə də başladılar ki, yox, biz hakimiyyətə gəlməliyik. Ay balam, hakimiyyətə gəlmişdiniz də, qalaydınız, qala bilmədinizsə çəkilin durun kənarda, qoyun başqaları işləsinlər.

Digər qüvvələrə - Azərbaycanı dağıtmaq istəyən həmin o Surət Hüseynova, Rəhim Qazıyevə və başqalarına da, necə deyərlər, çox böyük hörmət göstərildi. İmkan yaradıldı ki, özlərini respublikada bəlkə müəyyən qədər göstərə, müəyyən xidmət edə bilsinlər. Yox, bunlar da xidmət göstərmək fikrində deyildilər. Cürbəcür mafioz qruplarla əlaqədə vəzifə davasında idilər. Onlar da oktyabr ayında çevriliş etmək istədilər, bunun da qarşısı alındı. Qaçdılar, dağıldılar, indi Moskvada oturublar, dəstə, nə bilim, ittifaq düzəldirlər, yenidən mübarizə aparmaq istəyirlər.

Ən nəhayət, bu ilin martında baş vermiş hadisələr. Bu, yeni bir şey deyildi, oktyabrın əvvəlində Azərbaycanda dövlət çevrilişinə göstərilən cəhdin davamı idi. Sadəcə olaraq o zaman bir hissəsi ləğv olundu, o biri hissəsi də əfv edildi. Amma onlar bunu başa düşmədilər. Onların bu qeyri-qanuni hərəkətlərini müşahidə edən müxalifət qüvvələrinin - həm Moskvada toplaşanların, həm də burada, Azərbaycanın daxilində olanların, nə bilim, ayrı-ayrı partiyaların, Xalq Cəbhəsinin, filanın ümidləri bu oldu ki, bəli, Xüsusi Təyinatlı Polis Dəstəsi, bu silahlı cinayətkarlar çevriliş edəcəklər. Şübhəsiz, həmin dəstədə çox layiqli adamlar da var idi, vaxtında onu tərk etdilər, sonra da bu proseslər zamanı özlərini çox müsbət göstərdilər. Amma əksəriyyət cinayətkarlardan ibarət idi.

İndi əgər həmin siyasi partiyalar, Azərbaycandan qaçıb Moskvada oturan ayrı-ayrı adamlar, dağda - Kələkidə oturan adamlar, yaxud da ki, burada Xalq Cəbhəsinə daxil olan və sair adamlar doğrudan da Azərbaycanın müstəqilliyini istəyirlərsə, onun dövlətçiliyini qoruyurdularsa, nə üçün arı pətəyə toplaşan kimi, XTPD-nin ətrafında toplaşdılar? Onlar da ağılsız adamlar idilər. Hesab elədilər ki, oradan da dəstək aldılar, buradan da. Çox qəribə cəhət də bundan ibarətdir ki, bir-birinə tamamilə zidd olan qüvvələr gəlib həmin cinayətkar XTPD ətrafında toplaşdılar, onları qızışdırdılar, dövlətə qarşı cinayət etdilər. Cinayət etdilər, cəzalarını da aldılar. Doğrudur, qan töküldü, bizim dəyərli övladlarımız həlak oldu. Azərbaycan Ordusundan 27 nəfər gənc həlak oldu. Onların qanı həmin bu cinayəti törədən adamların üstündədir. İndi bəziləri orada-burada kiməsə bəraət qazandırmaq istəyirlər ki, nə bilim, ağ bayraq nə vaxt qaldırıldı, atəş nə vaxt dayandırıldı. Ağ bayraq qaldıran adam nə üçün atəş açırdı? Ağ bayraq nə vaxt qaldırıldı? Bu qüvvə gecə saat 2-də Azərbaycanın Silahlı Qüvvələrinə qarşı atəş açdı və dövlətçiliyimizi devirmək üçün hərəkətə başladı. İndi kim onlara bəraət qazandırmaq istəyir?

Mən bunu demişəm, səhər saat 8-də Türkiyənin səfiri telefonla mənə zəng etdi ki, bunlar təslim olmaq istəyirlər. Mən dedim ki, ağ bayraq qaldırsınlar. Amma ağ bayrağı da saat 9-dan sonra qaldırıblar. Bundan sonra da ordumuzun gənc əsgərlərini vəhşicəsinə öldürmüşlər. Kim indi bunlara bəraət qazandıra bilər? Kimsə gedib onların qohum-əqrəbasına başsağlığı verir və sairə. Bunlar hamısı cinayətkarlardır, Azərbaycan xalqına xəyanət etmiş adamlardır.

Burada düşmən mövqedə dayanan partiyalar var. Mən onları siyasi partiya hesab edə bilmərəm. Həmin Xalq Cəbhəsini bir siyasi cəmiyyət hesab edə bilmərəm. Çünki heç bir mədəni, sivilizasiyalı siyasi partiya, cəmiyyət qiyamçıya, cinayətkara bəraət verməməli, ona havadarlıq etməməlidir.

Ancaq bu dövrdə də "orada dövlət çevrilişi olacaq, burada dövlət çevrilişi olacaq" deyə söhbətlər gedəndə bizim dövlət orqanlarında iki stulda oturan adamlar var idi. Mən bunu əvvəllər də demişdim. Xatirinizdədir, oktyabr hadisələrindən sonra bizim Respublika sarayında böyük bir ümumxalq toplantısı oldu. Mən orada da dedim: bilirsiniz, artıq bəsdir, bundan hərə özü üçün nəticə çıxarsın. Mən istəmirəm indi kimisə cəzalandıraq, ona görə ki, bəlkə o öz mövqeyini müəyyənləşdirməmişdir. Həmin toplantını noyabrın axırında keçirirdik. O zaman dedim ki, artıq vaxt gəlib çatmışdır, qoy hərə özü üçün nəticə çıxarsın. Amma bəziləri nəticə çıxarmadılar. Yenə ara qızışandan sonra "fevralda çevriliş olacaq, nə bilim, filan ayda çevriliş olacaq" kimi söz-söhbət meydana çıxanda bəziləri, lap vəzifədə olan şəxslər yenə başladılar baxmağa ki, külək hansı tərəfə əsir. Bu cür də dəhşətli yaşamaq olarmı? Axı insan gərək insan olsun, onda bir əqidə olsun! İnsan gərək əqidə ilə yaşasın, lazım gələrsə əqidə ilə də həlak olsun! Yoxsa "mən elə bu padşahın vaxtında da burada oldum, başqasının da vaxtında oldum, sabah ayrısı gələcəksə, buradan çəkilib o tərəfə keçim"... Bu, əxlaqsızlıq, mənəviyyatsızlıqdır!

Təsəvvür edin. XTPD-çilərin hakimiyyətə gəlmək cəhdlərinə oradan-buradan baxır, boylanırdılar ki, bəli, onlar gələndə burada olsunlar. Əgər doğrudan da mənəviyyat sahibləridirlərsə, həmin cinayətkarların yanında özlərini nə cür hiss edəcəkdilər? Ancaq belə hiss edirəm ki, onlarda heç bir mənəviyyat yoxdur. Onlar da həmin cinayətkarların tayıdırlar, lakin maskalanmış, öz sifətlərini gizlətmiş adamlardırlar. Ona görə də mən bu gün bu barədə kəskin danışıram.

İndi cürbəcür şayiələr yayırlar. Dünən baş prokuror Eldar Həsənov mətbuat konfransı keçirmiş, bu vəziyyət haqqında məlumat vermişdir. Qəzetdə bu barədə qısa yazılmışdır, ancaq mən ona dedim ki, mətbuat konfransını televiziya vasitəsilə bütünlüklə vermək lazımdır. Çünki orada bütün suallara cavablar verilmişdir. Yaxşı, 70-ə qədər adam böyük bir fəaliyyəti, günahı olmadığına görə buraxılmışdır. Ancaq o adam ki, günahkardır, şübhəsiz ki, cəzasını çəkməlidir. Amma bəzi cinayətkarlar, oktyabr hadisəsində cinayət edənlərin bəziləri də qaçıb gizlənmişlər. O vaxtdan altı ay keçmişdir. İndi bu hadisənin cinayətkarlarının da bəziləri qaçıb gizlənmişdir. Siz bunu mətbuatdan bilirsiniz.

Mən martın 16-da axşam son addım olaraq bir fərman verdim ki, əgər XTPD-dən olan adamlar silahı yerə qoyub gəlsələr bütün cinayətlərini bağışlayıram. Bundan sonra XTPD -nin komandiri Nizami Şahmuradovu və müavini Cəfərovu onların xahişi ilə qəbul etdim. Onlarla saat yarım söhbət etdim, ikisi də mənə dedi ki, bilirsiniz, siz bu XTPD-ni birtəhər saxlayın, çünki başqa heç bir yerdə işləyə bilmərik. Bunu mənə XTPD-nin komandiri deyirdi. Dedim axı niyə işləyə bilməzsən, sənə polisdə yaxşı vəzifə - şöbə rəisi, yaxudda idarə rəisi vəzifəsi verək. Dedi ki, yox, hörmətli prezident, mən orada işləyə bilmərəm. Biz yazıb-pozmağı təzəcə öyrənmişik. İndi-indi arayış-filan yaza bilirik, mən gedib orada necə işləyərəm? Mən polisdə istintaq, əməliyyat işi apara bilmərəm. Demək, sənin işin nədir? Düzdür, onların bəziləri müharibədə vuruşmuş, avtomat atmışdı, düşmənlərimizi öldürmüşdülər. Belələri var idi. Amma bunların savadı yox idi. Mən onların komandirinə deyirdim ki, çıxın oradan, bu fərmanı da vermişəm, XTPD-nin komandiri kimi sənə də polisdə yüksək vəzifə verəcəyəm. Deyirdi ki, mən heç bir vəzifədə işləyə bilmərəm, ancaq XTPD-də ola bilərəm.

Demək istəyirəm ki, bu cür səviyyəsiz, savadsız adamlar indi gəlib, - dünyada təsadüf ola bilər, - Azərbaycanda adamları qıraraq hakimiyyəti ələ alsaydılar, onların ətrafında o tərəfə-bu tərəfə baxan adamlar özlərini bu savadsızların əlinin altında necə hiss edəcəkdilər? Onlar bunu düşünürlərmi?

Hələ bu proseslər gedir, mən yenə deyirəm, dünən Eldar Həsənov mətbuat konfransında geniş məlumat vermişdir, ona görə də bu məsələnin üzərində dayanmaq istəmirəm. Ancaq hamı bilməlidir: Azərbaycan dövləti özünü qorumağa qadirdir. Bizi çox vaxt qorxudanlar oldu, çox gəldilər ki, ay belə olacaq, ay elə olacaq. Mən dedim ki, biz heç kəsə dəymirik, hamını ağıla, dərrakəyə dəvət edirik. Ancaq kim isə dövlətin əleyhinə çıxacaqsa, dövlətçiliyimizə qarşı silah qaldıracaqsa o, cavabını alacaqdır. Oktyabrda Gəncədə də cavabını aldılar, indi burada da cavabını aldılar. Güman edirəm ki, bunlar hamıya dərs olmalıdır və hamı özü üçün bundan nəticə çıxarmalıdır. Kim nəticə çıxarmayacaqsa, onlara nəinki bizim aramızda, cəmiyyətdə də yer olmayacaqdır. Onlar cəzalanacaqlar. Belələri var, mən tapşırmışam ki, onları araşdırsınlar.

Salyan rayonunun icra hakimiyyəti başçısı buradadırmı, familiyan nədir, Əzizov? Hə, gəl buraya. Sənə göstərilən etimadı niyə anlamadın, nə üçün anlamadın? Sən o vaxt, həmin iyun hadisələrində Surət Hüseynovun dəstəsi ilə gələrək Salyanda o vəzifəni tutmuşdun. O vaxt gəlib mənə dedilər ki, eybi yoxdur, bunu təyin etmək olar. Mən səni dəvət etdim və başa saldım ki, nə cür, nə təhər gəlmisən, o qaldı geridə. İndi mən səni icra hakimiyyəti başçısı təyin edirəm, get, ağlını başına yığ, işlə. Yadındadırmı?

1   ...   15   16   17   18   19   20   21   22   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə