Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə18/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

Y e r d ə n səslər: Veteranlar sizinlə görüşmək üçün belə bir tədbirin keçirilməsini istəyirlər.

Heydər Əliyev: Söhbət təkcə mənimlə görüşməkdən getmir, yəqin ki, həm də bir-birləri ilə görüşmək, gəlib orada qürur hissi ilə oturmaq istəyirlər. Bunu da etmək olar, fikirləşmək lazımdır. Hər halda bu tədbirləri ümumiləşdirib son qərar qəbul edəcəyik.

Yerdən səs: Hörmətli prezident, 9 May iş günü hesab olunacaqmı?

Heydər Əliyev: Yaxşı, bu məsələyə də baxarıq. Dövlət komissiyasının sədri Fuad Quliyev bu təklifi qeyd etsin, ona baxarıq.

Yerdən səs: Hörmətli prezident, bizim belə bir təklifimiz də var ki, 1941-45-ci illərdə arxa cəbhədə çalışanların da statusu qaldırılsın və onlara müharibə iştirakçısı statusu verilsin.

Heydər Əliyev: Yaxşı, qoy komissiya bu məsələyə də baxsın.

Yerdən səs: Hörmətli prezident, müharibə dövrünün orden və medallarının satın alınması barədə qəzetlərdə tez-tez elanlar verilir. Məncə, bu, düzgün məsələ deyildir.

Yerdən səs: Burada heç bir qanunsuzluq yoxdur. Kolleksiyaçılar və bu işlə məşğul olan təşkilatlar belə elanlar verirlər. Kim istəyir satsın, kim istəyir satmasın, bu işə müdaxilə etmək olmaz.

Yerdən səs: Hörmətli prezident, müharibə iştirakçıları üçün Jukov ordeni və medalı yüksək təltiflər hesab olunur. Görəsən biz müharibə iştirakçılarına da Jukov ordeni və medalı veriləcəkmi?

Heydər Əliyev: Dekabrın 10-da Almatıda MDB ölkələri dövlət başçılarının görüşündə bu məsələ qaldırıldı. Jukov ordenini və medalını Rusiya Federasiyası təsis edib. Yəqin ki, Sovet İttifaqı qəhrəmanları Jukov ordeni ilə təltif olunacaqlar.

Yerdən səs: Hörmətli prezident, respublikadakı müvafiq qanunvericilikdə vəfat etmiş müharibə veteranlarının dəfninin təşkili üçün müəyyən imtiyazlar nəzərdə tutulur. Lakin bəzən yerlərdə buna lazımınca əməl edilmir.

Heydər Əliyev: Əgər qanunun hansı hissəsisə yerinə yetirilmirsə, dövlət komissiyası bu məsələyə də baxsın. Yoxlasın görək, əlavə nə tədbir görmək lazımdır ki, qanun həyata keçirilsin. Yaxud o qanunu bir az da təkmilləşdirmək lazımdır.

Başqa sözünüz varmı? Gələcək bayram münasibətilə sizi bir daha təbrik edirəm. Hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Gələn görüşlərədək!



BEYNƏLXALQ MÜSABİQƏLƏR

LAUREATLARI VƏ DİPLOMANTLARI İLƏ

GÖRÜŞDƏ ÇIXIŞ
Üzeyir Hacıbəyov adına Musiqi Akademiyası
8 aprel 1995-ci il
Öncə mən bizim gənc istedadları təbrik edirəm. Çox sevindirici haldır ki, Azərbaycanın böyük tarixə malik olan incəsənəti, musiqi sənəti hər il yeni istedadlar yetişdirir. Bu, xalqımızın mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirir. Eyni zamanda xalqımızın içində böyük, fitri istedadlı insanların daim olmasını, yaşamasını göstərir.

Bilirsiniz, xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir. Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir. Mədəniyyət bir tərəfdən bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları zənginləşdirir və onların mədəniyyəti bu yolla inkişaf edir. Amma bundan əvvəl, bundan əsas xalqın, millətin içində o fitri istedadların olmasıdır. Bizim böyük və dahi şairlərimiz, yazıçılarımız, mütəfəkkir adamlarımız, dünya mədəniyyətini zənginləşdirmiş insanlar - Nizami Gəncəvi, Füzuli, onlardan sonra gələnlər xalqımızın öz kökü, geni ilə böyük mədəniyyətə malik olduğunu sübut edir.

XX əsrdə mədəniyyətimiz yeni bir inkişaf mərhələsi keçibdir. Xüsusən, incəsənətimizin böyük bir sahəsi olan musiqidə professional musiqi yaranıbdır. Bu sahədə də, şübhəsiz ki, dünya miqyasında yüksək zirvələrə çatmış professional musiqi nümunələrindən istifadə edən, eyni zamanda fitri istedada malik olan şəxsiyyətlərimiz tərəfindən böyük bir məktəb yaradılmışdır. Əsasını mərhum Üzeyir Hacıbəyovun qoyduğu böyük bir məktəb. Bu məktəb əsrin əvvəlində yaranıb. İndi, XX əsrin axırlarında biz bu məktəbin nə qədər böyük yol keçdiyini, eyni zamanda xalqımız üçün nə qədər faydalı olduğunu, onun hörmətini, şərəfini nə qədər yüksəklərə qaldırdığını və xalqımızın ümumi mədəniyyətinə necə böyük təsir etdiyini görürük və bunun şahidiyik.

Bu dövrdə Azərbaycanda incəsənət sahəsində, musiqi sahəsində böyük şəxsiyyətlər - bəstəkarlar, ifaçılar, müğənnilər yetişib. Onların adları məşhurdur və bizim tariximizə yazılıbdır, həyatdan gedənləri də bizim üçün əzizdir, bu gün yaşayanları da xalqımızın, cəmiyyətimizin hörməti və qayğısı ilə əhatə olunublar. Ancaq bu gün məni çox sevindirən odur ki, bizim bu böyük mədəniyyət yolu davam edir və gənc istedadlar meydana çıxır. Doğrudur, son illər xalqımız, respublikamız ağır şəraitdədir. Yeddi ildir müharibə şəraitində yaşayırıq. Cəmiyyətdə böyük ictimai-siyasi proseslər, dəyişikliklər gedir. Belə bir vaxtda mədəniyyətə bəzən diqqət də azalır. İnsanların əksəriyyəti ancaq özlərini dolandırmağa çalışır, mədəniyyətə bəzən o qədər də fikir verilmir. Ancaq belə bir dövrdə də mədəniyyətimizin, incəsənətimizin durmadan inkişaf etməsi və bunun nəticəsi olaraq gənc istedadların meydana çıxması çox sevindirici haldır.

Bilirsiniz ki, mən uzun müddət respublikadan aralı idim. 1982-ci ildən sonra respublikada gedən prosesləri şübhəsiz ki, izləyirdim, uzaqdan da olsa görürdüm. Ancaq bura dönəndən sonra, xüsusən Vətənimizin, torpağımızın müdafiəsi ilə məşğul olduğumuz dövrdə, respublikamızda ictimai-siyasi proseslərin gərgin olduğu bir vəziyyətdə mən vaxtaşırı mədəniyyətimizdə, incəsənətimizdə gənc istedadları görərkən həddindən artıq sevinirəm və bir daha özüm-özümə deyirəm ki, doğrudan da, xalqımız nə qədər ağır vəziyyətdə də olsa mədəniyyəti, incəsənəti unutmayacaq və nə qədər çətin şəraitdə yaşasa da, o istedadlar cücərəcək, meydana çıxacaqlar. Necə ki, bəzən qarın altından çiçək çıxır. Yaxud, bir də görürsən ki, asfaltın altından ot cücərib çıxır. Bax, bu istedadlar da bizim indiki çətin dövrdə, şəraitdə meydana çıxırlar. Bu özü çox səciyyəvidir, çox sevindiricidir. Ona görə mən sizi təbrik edirəm və hamınıza uğurlu yollar arzulayıram.

Bu gün sizin ifanızda incəsənət, musiqi nümunələri çox yüksək professional səviyyəni nümayiş etdirir. Bizim musiqimiz - xalq musiqisi, folklor musiqisi çox rəngarəngdir, çox zəngindir. Elə hər bir kənddə yaşayan adam da atadan-babadan qalmış mahnıları oxuyur. Biri yaxşı ifa edir, biri nisbətən zəif. Ancaq bu folklor musiqisi, xalq musiqisi daim yaşayır.

Amma həm ifa üçün, həm də qavramağa görə mürəkkəb olan professional musiqi nümunələrini yaratmaq, şübhəsiz ki, bundan çox fərqlidir və bu da bizim üçün daha qiymətlidir.

Biz Azərbaycanda professional musiqini inkişaf etdirməliyik. Bunun üçün böyük əsas var. Dediyim kimi, böyük bəstəkarlarımızın, musiqiçilərimizin, ifaçılarımızın qoyduğu irs böyük əsasdır. Onunla yanaşı, bu gün bizim böyük məktəbimiz var. Bu məktəb yeni-yeni istedadları cəlb eləyib, tərbiyə edib həyata gətirəcəkdir. Bizim böyük istedadlarımız var. Buradakı gənclərə baxanda mən sevinirəm. Cavan qızlar, oğlanlar həm zərif, həm incə, eyni zamanda nə qədər istedadlıdırlar. Bu, çox gözəl haldır. Sizi təbrik edirəm və bu gün məni buraya dəvət etdiyinizə görə təşəkkür edirəm. Ümidvaram ki, bizim musiqimiz daha da inkişaf edəcəkdir. Əmin ola bilərsiniz - dövlət çalışacaq ki, sizin kimi istedadlı adamların inkişaf etməsi üçün yollar açılsın və qarşınızda duran çətinliklər aradan götürülsün.

Şübhəsiz ki, istedad qayğı istəyir. Qayğı olmayanda istedad bəzən özünə yol tapa bilmir, yaxud da ki, onun inkişaf yolu çətin olur. Bilin ki, indi həyatımız nə qədər çətin olsa, dövlət işləri başımızı nə qədər çox qarışdırsa da, biz istedadlara daim qayğı göstərəcəyik. Buna əmin ola bilərsiniz.

Mən Fərhad Bədəlbəyliyə baxıram. 25 il bundan öncə Fərhad Bədəlbəyli gənc bir pianoçu idi, gəlib konsertlərdə musiqi ifa edirdi. Şübhəsiz ki, fitri istedadı onu gətirib o dərəcəyə çatdırmışdı, ancaq o vaxt o, sizin kimi gənc bir pianoçu idi. Onun yetişməsində rəhmətlik Niyazinin xidmətləri çoxdur. Mənim xatirimdədir, 70-ci ilin əvvəllərində ilk dəfə böyük simfonik konsertlərdə Niyazi Fərhadı təqdim etdi və gördük ki, Fərhad aybaay, ilbəil, hər yeni görüşdə inkişaf eləyir, daha da yüksəlir, öz ixtisasını artırır və nəhayət, böyük yola çıxdı. Bunlar hamısı şəxsən mənim gözümün qabağındadır. Fərhad da yəqin unutmayıb ki, onun inkişafı üçun biz nə qədər qayğı göstərdik. Nə üçün? Çünki mən görürdüm ki, belə bir istedad meydana çıxıb. Ona kömək etmək, qayğı göstərmək, irəli çəkmək lazımdır və onun yolu geniş açılsa, o öz istedadım daha da parlaq göstərə biləcəkdir. İndi sən xatırlatdın ki, 72-ci ildə sənə ilk dəfə əməkdar artist adı verdik. Bu, şübhəsiz ki, o vaxtlar bizim Azərbaycanda incəsənət sahəsində böyük bir ad idi. Amma Fərhad bunu çox gənc ikən aldı. Bilmirəm, neçə yaşın vardı sənin?



Fərhad Bədəlbəyli: İyirmi dörd.

Heydər Əliyev: Hə, iyirmi dörd yaşında əməkdar artist adı aldı. Ondan sonra da hər il görüşlərimiz davam edirdi. Atası rəhmətlik Şəmsi Bədəlbəyli ilə də mənim çox dostluq əlaqəm vardı. O, uzun müddət bizim Teatr Cəmiyyətinin sədri idi. Ümumiyyətlə, teatrın inkişafında, Teatr Cəmiyyətinin fəaliyyətində çox böyük xidmətləri olmuşdur. Şübhəsiz ki, həm incəsənət ustası kimi, həm rejissor kimi, həm teatrımızın böyük bir xadimi kimi və eyni zamanda Teatr Cəmiyyətinin sədri kimi son vaxtlara qədər böyük işlər görürdü.

Xatirimdədir, bir vaxt Sovetlər İttifaqında "Drujba narodov" teatrı yaranmışdı. Şəmsi Bədəlbəyli cürbəcür şəhərlərin, ölkələrin, respublikaların yüksək səviyyəli teatrlarını dəvət edib gətirdirdi bura. Moskvadan da, Leninqraddan da, Gürcüstandan da, hətta indi bizim üçün düşmən olan Ermənistandan da bura teatrlar gəlir, tamaşalar göstərirdilər. Bunlar hamısı xatirimdədir.

Ancaq mən Fərhad Bədəlbəylinin yaradıcılıq yolunu yadıma salıram və o da xatirimdədir ki, bizim büro iclasında yenə də bir qrup incəsənət xadiminə ad verirdik. O vaxtlar mən təklif elədim Fərhada xalq artisti adı verilsin. Neçənci il idi?

Fərhad Bədəlbəyli: 78-də.

Heydər Əliyev: Bəli, 78-ci ildə. Təklif elədim ki, ona xalq artisti adı versinlər. Bizim bəzi yoldaşlar, şübhəsiz ki, Fərhadın istedadını qiymətləndirməklə bərabər, mənə dedilər ki, çox cavandır, o biri adı da tez vermisiniz, bunu da tez verirsiniz, ola bilər, onu korlasın. Yox, pis fikirlə demirdilər bunu, xeyirxahlıqla deyirdilər bəziləri. Mən onları dinlədim, dedim, eybi yoxdur, mən belə güman edirəm ki, əksinə, bu ad onu özünə daha da tələbkar olmağa məcbur edəcəkdir. 78-ci ildə o adı verdik.

İndi bax, onun həyat yolu göz qabağındadır. Sizin üçün də örnəkdir. Bəzən tarixdə belə olubdur: böyük istedadlar meydana çıxıb, amma qısa bir müddətdə sönüblər. Ona görə yox ki, onların istedadı birdən kəsilibdir. Yox, ona görə ki, bəzi səbəblərdən onlar o yolu düz seçə bilməyiblər, o yolla inamla gedə bilməyiblər.

Ona görə də mən demək istərdim ki, bu gün sizin həyatınızda yeni bir mərhələ başlanır. Adlar almısınız, qalib gəlmisiniz, məşhurlaşmısınız. İstərdim ki, bununla kifayətlənməyəsiniz. Öz üzərinizdə çox çalışasınız, işləyəsiniz. Mənə belə gəlir ki, sizin hər biriniz böyük yaradıcılıq yolu ilə gedəcəksiniz. Hər birinizin böyük gələcəyiniz var. Mən buna ümid bəsləyirəm, mən bunu arzu edirəm.

Burada Fərhad dedi ki, biz incəsənət adamıyıq, siyasətə qarışmırıq. O qədər də düz demədi. O özü siyasətə qarışır, cür-bəcür təşkilatlarda iştirak edir. Bəzisində sədrdir, bəzisində müavindir. Bəzisində üzvdür. Demək istəyirəm ki, heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır. Bir var dövlət işi ilə məşğul olan adamlar, bir var siyasətlə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da, əgər həqiqətən vətəndaşdırsa, Vətəninin övladıdırsa, demək, öz Vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz.

İndi Azərbaycan dövləti çox ağır sınaq dövrü keçirir. Üç ildən bir az artıqdır ki, müstəqillik əldə etmişik. Biz müstəqil dövlətik. Yeni dövlət qururuq, irəliyə gedirik. Keçdiyimiz yollar sizin bu yaradıcılıq yollarınızdan bilirsiniz nə qədər ağırdır, nə qədər çətindir! Çox çətindir. Bu müstəqillik yolu qədər çətin yol yoxdur. Kim belə hesab edirsə ki, biz müstəqilliyi elan etdik, deməli, hər şey qurtardı, - belə deyil. Bizim müstəqilliyimizi xaricdən də boğmaq istəyənlər var, daxildən də buna qarşı təxribat etmək istəyənlər var.

Son illərdə Azərbaycanda gedən ictimai-siyasi proseslər bunu sübut edir. Bunlar hamısı göz qabağındadır və heç bir vətəndaş, o cümlədən mədəniyyət işçiləri, mədəniyyət xadimləri, incəsənət sahəsində çalışan vətəndaşlar bu işlərə biganə qala bilməzlər. Necə biganə qala bilərsiniz ki, əgər sabah bu müstəqil dövlət dağılsa siz nə olacaqsınız, başınıza nə iş gələcəkdir?

Bu son mart hadisələri ilə əlaqədar mənə danışırlar ki, çox yerlərdə, bütün kollektivlərdə müzakirələr gedir, insanlar öz fikrini bildirirlər, müraciətlər qəbul edirlər. Yaxın günlərdə mədəniyyət xadimlərinin böyük bir toplantısı keçirilmişdir. Orada bəstəkarlar da, teatr xadimləri də, yazıçılar da olmuşlar. Hətta televiziyada da bir balaca göstərdilər. Mənə danışdılar və mən bunu çox tutarlı bir söz kimi qəbul etdim. Bizim çox dəyərli bir şairimiz var - Qabil, çox orijinal bir adamdır, durub deyib ki, ay camaat, gəlin bir dəqiqə təsəvvür eləyək ki, Rövşən Cavadov və onun ətrafında olan o cinayətkar OMON adamları gəldilər bu dövləti dağıtdılar, gəlib girdilər bu teatra, gəlib girdilər bu Yazıçılar Birliyinə, elə təsəvvür eləyin ki, bu cinayətkarlar, bu vəhşilər gəlib girdilər konservatoriyaya. Neyləcəkdiniz? Bu, Qabil İmamverdiyevin sözüdür. Çox orijinal söz olduğuna görə mən bunu təkrar eləyirəm.

Doğrudan da belədir. Bu adamlar nə mədəniyyət anlayırdılar, nə incəsənət, nə insanlıq - heç bir şey yox. Ancaq cinayətkarlıqla məşğul idilər, və cinayət yolu ilə də gəlib dövləti devirmək istəyirdilər. İndi tutaq ki, dövləti devirdilər, kimi isə öldürdülər, nəyi isə dağıtdılar. Bu bir tərəfə. Axı bu xalq var, bu cəmiyyət var, yüz illərlə toplanmış mədəniyyət, incəsənət sərvətlərimiz var, bu insanlar var, yeni-yeni addım atan, parlaq gələcəyi olan bu gənc qız, gənc oğlan var. Bunlar gəlib burada fortepiano və ya skripka çalır. Birdən kimsə avtomat əlində gəlib vurdu dağıtdı. Neyləyəcəksən?

Ona görə də siz bilməlisiniz, biz bu cür cinayətkarların qarşısını alarkən, dövləti qoruyarkən hər bir vətəndaşı qoruyuruq. Hər birinizi bu bəlalardan qoruyuruq. Ona görə də bu işlərə biganə qalmaq olmaz. İncəsənətlə də məşğul olun, mədəniyyətlə də məşğul olun, əsərlər də yazın, ifaçılıq işini də inkişaf etdirin. Ancaq həyatda heç nəyə biganə olmayın. Həyatınızın hər bir sahəsi sizin üçün doğma olmalıdır və belə də var, belə də olacaqdır.

Bax bu son vaxtlar bir dəfə 93-cü ilin iyun ayında dövlət çevrilişi oldu, biz vətəndaş müharibəsinin qarşısını aldıq, böyük bir bəladan qurtardıq Azərbaycanı. Parçalanmışdı Azərbaycan, qan tökülmüşdü. Keçən ilin oktyabr ayında da, bu ilin mart ayında da yenə dövlət çevrilişinin qarşısını aldıq. Qan töküldü. İnsanlar həlak oldu.

Mən o gün fərmana imza atırdım, fərqlənmiş adamları mükafatlandırırdım. Bizim ordumuzun 27 gənc zabiti, əsgəri həlak olubdur. Mən onlara Milli Qəhrəman adı verdim. Bir gecənin içində həlak olublar. Nə üçün? Gənc insanlardır, bunların 18-19-20-21-22 yaşı var. Qarşıda onların nə qədər böyük həyat yolu var idi. Amma həlak oldular. Doğrudur, onların ölümü şərəfli ölümdür, çünki Vətən yolunda, Azərbaycanın müstəqil dövlətçiliyini qoruyarkən şəhid olublar. Ancaq bir var ki, erməni işğalçıları bizə hücum ediblər, biz müharibə aparırıq, Vətənimizi qoruyuruq. Ermənini biz idarə edə bilmirik, erməni bizim torpaqlarımızı almaq istəyir, Azərbaycanı dağıtmaq istəyir Ermənistan. Biz onunla müharibə aparırıq. Orada həlak olmaq, aydındır ki, Vətəni qorumaq, şəhid olmaq deməkdir. Amma kimsə gəlib öz Vətəninin, dövlətinin içində, öz şəxsi iddialarına, şəxsi məqsədlərinə, cinayətkar məqsədlərinə görə qan töksün və bir belə adam şəhid olsun, - bunlar, bilirsiniz, çox ürəkağrıdıcıdır, çox incidicidir.

Təəssüf ki, bizim həyatımız bax, belə çətinliklərlə rastlaşır. Amma mən sizi əmin etmək istəyirəm ki, bizim dövlətimiz indi o qədər güclüdür və xalq tərəfindən o qədər müdafiə olunur ki, dövlətçiliyimizə qarşı hər bir qəsdin qarşısı alınacaqdır. Ancaq mən heç də istəməzdim ki, belə qəsdlər olsun. Çünki belə qəsdlər faciəli hadisələrə, insan tələfatına gətirib çıxarır. Şübhəsiz ki, qəsd edən adamlardan da həlak olanlar var. Onların da atası var, anası var, qohum-əqrəbası var. Onlar da bizim vətəndaşlarımızdır. Ancaq onları o cinayətkar yola salanlar var və bu yolla gedirdilərsə, şübhəsiz, onların aqibəti elə olmalı idi, elə də olacaqdır. Başqa cür ola bilməz.

Bu hadisələr münasibətilə o cinayətkarlar, şübhəsiz ki, həbs olunublar. Ancaq mən dünən baş prokurora göstəriş verdim ki, çox ciddi yanaşsın. O adamlar ki, doğrudan da cinayət ediblər, - onlar cəzalanmalıdırlar, cəzasını almalıdırlar. Amma elə adamlar var ki, ola bilər, yolunu azıblar, yanılıblar, yaxud təsadüfən gəlib cinayətkarların təsiri altına düşüblər. Şübhəsiz ki, onlara münasibət başqa cür olmalıdır. Yəni mən istəyirəm deyəm ki, bu cinayətkarlar nə qədər ağır cinayət etmiş olsalar da, onların haqqında qəbul ediləcək qərarlar tam ədalətli olacaqdır və ədalətli də olmalıdır. Birinci növbədə qatı cinayətkarlar cəzalanacaq və cəzalandırılmalıdırlar.

Bunları sizə, bizim gənc istedadlara deməkdə məqsədim ondan ibarətdir ki, arxayın olun. Hər bir vətəndaşın hüququ, həyatı qorunur və biz çalışacağıq ki, dövlətimizi də, cəmiyyətimizi də, hər bir vətəndaşı da, onun hüququnu da qoruyaq. Kim bizim dövlətçiliyimizə, vətəndaşların hüququna, insanlara qəsd edəcəksə, biz onlara qarşı amansız olmuşuq və şübhəsiz ki, bundan sonra da amansız olacağıq.

Ancaq mən söhbətimi yenə də incəsənət mövzusu ilə bitirmək istərdim. Çox sevinirəm ki, bu gün bu gənclərlə bərabər bizim dostumuz Tofiq Quliyev də burada göstərdi ki, o yenə də gəncdir. Çünki onun ifa etdiyi musiqi mənə belə gəlir ki, sizinkindən heç geri qalmadı.

Fərhad Bədəlbəyli: Yox, bizdən yaxşı oldu.

Heydər Əliyev: Siz hələ gərək o səviyyəyə çatasınız. Bu göstərir ki, bizim nəsillər estafeti, öz təcrübəsini, biliyini gənclərə verir, amma özü də yerində durmur. İrəliyə gedir. Tofiq də inkişaf edir, irəliyə gedir. Fərhad da, baxmayaraq ki, bu gün özünü başqalarına nisbətən ağsaqqal hesab edir, onu mən gənc vaxtında görəndə bir cocuq kimi baxırdım. Amma indi böyük bir kişidir. Bax, bu yaradıcılıq yolu gənclər üçün örnəkdir və güman edirəm ki, bütün bu müsbət təcrübələrdən siz faydalı istifadə edəcəksiniz. Hamınıza yeni-yeni uğurlar arzulayıram. Cansağlığı, xoşbəxtlik arzu edirəm. Sağ olun.


AZƏRBAYCAN VƏ TÜRKİYƏ

RESPUBLİKALARI ARASINDA NEFT

SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA

DAİR SAZİŞİN YÜKSƏK SƏVİYYƏDƏ

İMZALANMASI MƏRASİMİNDƏ ÇIXIŞ
"Gülüstan" Sarayı
12 aprel 1995-ci il
Türkiyə Cümhuriyyətinin hörmətli baş naziri, bacımız xanım Tansu Çillər!

Türkiyə Cümhuriyyətinin nazirləri, hörmətli qonaqlar, xanımlar və cənablar! Türkiyənin baş naziri hörmətli xanım Tansu Çillər bu gün Azərbaycana qısamüddətli işgüzar səfərə gəlibdir. Bu səfərin məqsədi həm qısa görüşlər keçirib danışıqlar aparmaq, həm də, xüsusən, Azərbaycan Dövlət Neft Şirkəti ilə "Türkiyə petrolları anonim ortaqlığı" şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı yataqların istifadə olunması üçün bir sazişin imzalanması ilə əlaqədardır. Mən sizin adınızdan və öz adımdan Türkiyə Cümhuriyyətinin Azərbaycana ilk dəfə gəlmiş baş naziri, qardaş ölkənin tanınmış dövlət xadimi, respublikamızın hörmətli və əziz dostu, bacımız xanım Tansu Çilləri səmimi qəlbdən salamlayıram və Azərbaycana gəlişi münasibətilə ona təşəkkürümü bildirirəm.

Məlumunuzdur ki, 1994-cü il sentyabrın 20-də burada, "Gülüstan" sarayında "Əsrin müqaviləsi" adlanan bir müqavilə imzalanmışdır. Həmin müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda üç neft yatağının - "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dünyanın böyük şirkətləri ilə müştərək istifadə olunması ilə əlaqədardır. Bu müqavilədə Türkiyənin şirkəti də iştirak edir. O vaxt həmin sənəd imzalanarkən Türkiyə şirkəti bu müqavilənin layihəsinin 1,75 faizinin sahibi olmuşdur. Yəni Türkiyə bu müqavilədə əvvəldən var. Sonradan isə Azərbaycan Respublikasının öhdəsində qalmış 20 faiz haqqında fikirləşdik. Türkiyənin bu barədə bizə müraciəti olmuşdur. Türkiyə prezidenti, əziz dostumuz və qardaşımız hörmətli Süleyman Dəmirəl mənə məktub göndərmiş və xüsusi müraciət etmişdir. Baş nazir, hörmətli xanım Tansu Çillərin də mənə bu barədə müraciəti olmuşdur. Bunları və Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrini nəzərə alaraq, onların daha da inkişaf etdirilməsini istəyərək, respublikamız həmin müqavilədə öz payından 5 faizin əlavə olaraq Türkiyə Cümhuriyyətinə, bu ölkənin şirkətinin sərəncamına keçməsinə razılıq vermişdir. Artıq bu barədə danışıqlar aparılıb, müəyyən sənədlər hazırlanıb və bu gün bura həmin sənədlərin imzalanması üçün toplaşmışıq. İndi mən istərdim ki, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və "Türkiyə petrolları" şirkətinin prezidenti Sidqi Səncər bu sənədləri imzalasınlar.

Hörmətli baş nazir xanım Tansu Çillər! Hörmətli nazirlər, qonaqlar, xanımlar və cənablar! Bu gün burada - Bakının "Gülüstan" sarayında yeni, həm də tam cəsarətlə deyə bilərəm ki, tarixi bir hadisə baş verir. Xəzər dənizinin Azərbaycan sektorundakı yataqların işlənməsi haqqında imzalanmış müqavilə daha da genişlənir, onun dairəsi böyüyür. Dost və qardaş Türkiyənin neft şirkətləri, bütün Türkiyə Cümhuriyyəti bizim bu böyük işimizə, 30 il müddətinə bağlanmış müqaviləmizə qoşulur. Bu məsələ indi imzalanmış sazişlərlə həll olundu. Mən sizin hamınızı, xüsusən də Türkiyədən gəlmiş qonaqlarımızı, baş nazir xanım Tansu Çilləri bu hadisə münasibətilə təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etməsi üçün böyük bir addım olacaqdır.

Dostluq və qardaşlıq əlaqələrimizin çoxəsrlik tarixi vardır. Bizim köklərimiz, adət-ənənələrimiz, tarixi keçmişimiz birdir. Bunların hamısı keçmiş zamanlarda da bizi bərabər yaşamağa, torpaqlarımızı qorumağa gətirib çıxarmışdır. Son illərdə bu, öz yeni bəhrələrini verir. Doğrudan da, əsrlər boyu bir yerdə, bir kökdən olmuş xalqlarımız, xanım Tansu Çillərin ifadəsi ilə desək, bir ananın uşaqları 70 ildən sonra bir də qovuşub, əl-ələ verib birlikdə irəliyə gedirlər. Ayrılıq bizi nə qədər incitmiş, əziyyətlər vermiş, çətinliklər yaratmış olsa da bizi tamamilə bir-birimizdən ayıra bilməmişdir. Bütün tarixi əlaqələrimiz qısa müddət ərzində bərpa olunmuş, dostluğumuz, qardaşlığımız göz qabağında, bütün dünyada nümayiş etdirilmiş və etdirilir.

Bu gün bir daha deyə bilərəm ki, Azərbaycan üçün Türkiyə ən yaxın dost, qardaş ölkədir. Eyni kökdən olmağımız, eyni dinə və mədəniyyətə mənsubluğumuz bizim bu günümüz və gələcəyimiz üçün böyük əsas və təməldir. Ötən il və bu il biz bütün Şərqin, bütün türk xalqlarının böyük şairi Məhəmməd Füzulinin 500 illik yubileyini qeyd edirik. Təsadüfi deyildir ki, bu yubiley həm Azərbaycanda, həm Türkiyədə, həm də digər türkdilli ölkələrdə təntənəli şəkildə keçirilir. Bu faktın özü onu göstərir ki, 500 il əvvəl də bir yerdə olmuşuq. Füzuli kimi böyük şairimiz var. O, böyük mədəni irs qoyub gedib. Həmin mədəni irsdən bugünkü nəsillər həm Türkiyədə, həm də Azərbaycanda istifadə edərək mədəniyyətimizi, elmimizi, bütün həyatımızı inkişaf etdirməyə çalışırlar.

Azərbaycan müstəqil dövlət kimi gənc bir ölkədir. Üç ildən bir az artıqdır ki, biz müstəqil dövlət kimi yaşayırıq. Ancaq bu gün böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, respublikamız müstəqillik uğrunda çalışarkən Türkiyə həmişə onu dəstəkləmiş, bizə dayaq olmuş və Azərbaycan öz müstəqilliyini elan edən kimi dünya ölkələri içərisində Türkiyə birinci olaraq Azərbaycanın müstəqilliyini tanımış, bununla da respublikamızın dünya dövlətləri tərəfindən tanınmasına yol açmışdır.

Hörmətli xanım Tansu Çillər tamamilə doğru buyurdu ki, Azərbaycanın hələ bir çox ölkələrdə səfirlikləri, nümayəndəlikləri olmadığına görə biz Türkiyə nümayəndələrinin və səfirlərinin xidmətlərindən istifadə edirik. Mən minnətdarlıq hissi ilə deyə bilərəm ki, hər yerdə və həmişə Türkiyə Cümhuriyyətinin nümayəndələri, elçiləri, səfirləri Azərbaycan nümayəndələrinə kömək edirlər və beynəbxalq təşkilatlarda respublikamıza aid bütün məsələlərin həll olunmasında Türkiyə çox prinsipial mövqe tutur, bizi dəstəkləyir və bizə kömək edir.

Azərbaycan yeddi ildən artıq bir müddətdir ki, Ermənistanın təcavüzünə məruz qalmışdır. Ermənistan torpaqlarımız işğal etmək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün respublikamıza hərbi təcavüz etmişdir. Ermənistan silahlı qüvvələri bəzi səbəblərdən Azərbaycan torpağının bir qismini işğal edə bilibdir. Hazırda respublikamızın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan bir milyondan çox vətəndaşımız qaçqın düşübdür. Həmin illərdə Azərbaycanın öz haqq səsini dünyaya yaymaq, Ermənistanın hərbi təcavüzünü dünyanın bütün ölkələrinə, xalqlarına, beynəlxalq təşkilatlara çatdırmaq üçün çox böyük köməyə, yardıma ehtiyacı olmuşdur. Bu məsələlərdə də və ümumiyyətlə, Azərbaycana Ermənistanın təcavüzü barədə Türkiyə həmişə çox prinsipial, çox ardıcıl mövqe tutub, respublikamızı həmişə dəstəkləyib, Ermənistanın təcavüzünü daim pisləyib, Ermənistana bir təcavüzkar ölkə kimi öz münasibətini bildirib.

Bunların hamısı təbiidir, ona görə ki, biz, bir daha deyirəm, yaxın dost, qardaş ölkələrik, keçmiş və bugünkü əlaqələrimiz bizi bu cür münasibətlərlə yaşamağa dəvət edir. Türkiyədə də yaxşı bilirlər ki, Azərbaycanda bu ölkəyə və onun xalqına böyük hörmət və ehtiram var. Bizim bu münasibətlərimiz gündən-günə artır, iqtisadi, təhsil, elmi, mədəni və digər sahələrdə olan əlaqələrimiz daim inkişaf edir. Bu həm Azərbaycan xalqının, həm də Türkiyə xalqının bu günü və gələcəyi üçün çox gərəklidir.

Bu gün biz bu sazişi imzaladıq. Güman edirəm ki, burada Türkiyə vəsaitinin Azərbaycan neftinin çıxarılmasına qoyulması və Türkiyənin bu müqavilədə fəal iştirak etməsi iqtisadi cəhətdən həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyətə malikdir. Ancaq bunun mənəvi əhəmiyyəti, ölkələrimizin bu günü və gələcəyi üçün, dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi və inkişafı üçün qiyməti əvəzsizdir. Güman edirəm ki, bu da indi imzaladığımız sazişin əsasını təşkil edir.

Bu saziş əsasında 30 il müddətində Xəzər dənizində "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından neft çıxarılacaq, ixrac və istifadə olunacaq və Azərbaycanın iqtisadiyyatı üçün çox fayda gətirəcəkdir. Şübhəsiz ki, bu neftin ixrac olunması məsələsi də var. Bu barədə də müəyyən danışıqlar aparırıq. Bizim fikrimiz belədir ki, neftin ixracı üçün boru xəttinin Türkiyədən keçməsi hər şeydən üstün və bizim üçün hər şeydən əlverişli ola bilərdi. Biz bu sahədə də öz fikrimizi demişik və bundan sonra da deyəcəyik.

Beləliklə, ölkələrimiz və xalqlarımız arasında olan əlaqələrin gələcək inkişafı üçün yeni bir addım atılıbdır. Bu münasibətlə sizin hamınızı bir daha təbrik edirəm.

Hörmətli Tansu xanım, sizi təbrik edirəm və Azərbaycan xalqına göstərdiyiniz hörmət və ehtirama, köməyə və səmimi münasibətinizə görə sizə öz təşəkkürümü bildirirəm. Əmin ola bilərsiniz ki, Türkiyənin baş naziri, böyük bir alim, ictimai-siyasi xadim kimi sizi Azərbaycanda çox sevirlər və sizin respublikamıza gəlişinizdən çox məmnundurlar. Güman edirəm ki, siz Azərbaycanda daim böyük hörmət və ehtirama layiq olacaqsınız.

Bu səfəriniz çox qısamüddətlidir. Mən sizi Azərbaycana rəsmi dəvət etmişəm və səbirsizliklə sizin respublikamıza böyük rəsmi səfərinizi gözləyəcəyik. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Türkiyə xalqına öz hörmət və ehtiramımı bildirirəm. Buradan, Xəzər dənizinin sahilindən, "Gülüstan" sarayından Ankaraya, İstanbula və bütün Türkiyəyə Azərbaycan xalqının salamlarını çatdırıram.

1   ...   14   15   16   17   18   19   20   21   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə