Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə17/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   27

MÜŞAVİRƏDƏN SONRA JURNALİSTLƏRİN

SUALLARINA CAVAB
S u a 1: Gələcəkdə bu cür dövlət çevrilişi cəhdlərinin təkrar olunmaması üçün siz Azərbaycan dövlətçiliyini, dövlətin təhlükəsizliyini möhkəmləndirmək üçün nə etmək fikrindəsiniz?

C a v a b: Bilirsiniz, çox tədbirlər görmək lazımdır, özü də bunlar birdəfəlik tədbirlər olmamalıdır. Dövlət orqanlarımızı, dövlətçiliyimizi möhkəmləndirmək üçün daim işləmək lazımdır. Baş verən hadisə bizdən ötrü fəlakət, faciə olsa da, zənnimcə, o, eyni zamanda sübut edir ki, biz dövlətçiliyimizi möhkəmləndirməyə qadirik.

S u a 1: İkincisi, deyirlər ki, bu günlər siz aparıcı xarici dövlətlərin rəhbərləri ilə dövlətlərarası səviyyədə gərgin danışıqlar aparmısınız. Bu barədə bir qədər danışın. Sizi necə dəstəkləmişlər?

C a v a b: Kiminlə görüşmüşəmsə, kiminlə danışmışamsa hamı bizi dəstəkləmişdir. Hamı narahat olduğunu bildirmişdir. Hamı bir şey istəyirdi: respublika bu çətin günləri, bu çətin dövrü aradan qaldırsın. Allaha şükür ki, biz bunları aradan qaldırdıq, baxmayaraq ki, zərər böyükdür, qurbanlar var. Nə edəsən? Özlərini bu vəziyyətə gətirib çıxaran adamlar özləri də zərər çəkdilər, respublikamıza da çox böyük zərər vurdular.

S u a l: Heydər Əliyeviç, bu hadisələrə Rusiya Federasiyası rəhbərliyinin münasibəti necə idi, sizin onlarla əlaqəniz olmuşdurmu?

C a v a b: Bilirsiniz, konkret əlaqəm olmamışdır. Lakin bilirəm ki, onlar burada, Azərbaycanda gedən prosesləri çox diqqətlə izləyirdilər. Əminəm ki, onlar Azərbaycanda vəziyyəti sabit görmək istəyirlər, sabitliyin pozulmasını istəmirlər.

S u a 1:. Müşavirədəki çıxışlarda belə bir fikir səsləndi ki, "İzvestiya" qəzeti sizin əleyhinizə nə isə yazmışdır.

C a v a b: Bilmirəm. Əgər kimsə nə isə demişdirsə, mən buna cavabdeh deyiləm. Əgər hətta "İzvestiya" da mənim əleyhimə nə isə yazmışdırsa, əsla incimirəm: qəzet azaddır, mətbuat azaddır. Kim istəyir, qoy yazsın. Əlbəttə, yaxşı olar ki, obyektiv, ədalətli yazsınlar. Lakin həyatımın elə mərhələləri olmuşdur ki, mənim barəmdə qeyri-obyektiv çox şey yazmışlar. Mən buna adət etmişəm və fikir vermirəm.

S u a 1: Sağ olun, Heydər Əliyeviç. Əgər bu adamın cinayətkar qruplaşmalarla, mafioz dairələrlə əlaqələri məlum idisə, nə üçün son anadək öz vəzifəsində qalmışdı?

C a v a b: Bilirsiniz, müşavirənin əvvəlində çıxışımda mən bu suala müəyyən dərəcədə cavab vermişəm. Ola bilsin, fikrimi tuta bilməmisiniz, yaxud sizə tərcümə etməmişlər. İş burasındadır ki, bu adamlar neçə müddətdir hansısa xüsusi vəziyyətdə idilər. Başa düşürsünüzmü, bəziləri onlara himayədarlıq göstərir, digərləri onlardan istifadə edir, bir başqaları özlərinin mafioz işlərini onlarla birlikdə görürdülər. Onlar özləri də, necə deyərlər, belə hesab edirdilər ki, hansısa xüsusi statusları var, hətta cinayət törədəndə də toxunulmazdırlar. Fikir verin, dünən daxili işlər naziri mənə dedi ki, onlar həmin Mahir Cavadovu həbs etmək üçün onun mənzilinə getmişdilər. Sən demə, bir binada onun bir neçə mənzili var, bütöv bir mərtəbəni tutmuşdur. Halbuki bu adam yalnız rayon prokuroru idi. Şəxsi mühafizə və ya nə isə buna bənzər iş üçün çoxlu adam saxlayır. Bu qədər vəsait haradandır? Deməli, əyri yolla əldə edilmişdir.

Təəssüf ki, bizim ölkəmizin və keçmişdə Sovet İttifaqına daxil olan digər ölkələrin həyatının son dövrü üçün belə hallar xarakterikdir. Bu, yeganə hadisə deyildir. Lakin onlar, mən Rövşən Cavadovu nəzərdə tuturam, o birisinin üzünü də görməmişəm, sizə deyim ki, tamamilə həyasızlaşmış adamlardır. Mən onların cinayətkar əməllərindən xəbərdar idim. Lakin respublikadakı daxili vəziyyəti nəzərə alaraq, sabitliyi qorumağa çalışıb ümummilli mənafelər naminə ona çox güzəştlər etdim. Lakin, görünür, belələri bunu başa düşmürlər.



S u a 1: Bu o deməkdirmi ki, respublikada onların təsiri var idi?

C a v a b: Yox, təsiri yox idi. Mən bu günlərdə XTPD-nin üzvləri ilə bir neçə dəfə görüşmüşəm. Onlar mənə açıq dedilər ki, orada hər şey iki prinsipə - pula və qorxuya əsaslanırdı. O XTPD-nin üzvlərindən ibarət saxladığı qrupdakıların hər birinə çox böyük məbləğdə pul verirdi. Şübhəsiz ki, bu pul cinayət yolu ilə əldə edilmişdir. İkincisi, orada elə bir vəziyyət yaradılmışdı ki, onun dediklərini yerinə yetirməyəni ya öldürür, ya da olmazın işgəncə verirdilər. Bax bu günlərdə biz onları qanunlara, hakimiyyət orqanlarının tələblərinə tabe etməyə çalışdıqda, mənim müraciətimdən sonra bəziləri XTPD-dən gedirdilər. Lakin o, Rövşən Cavadov onların ardınca evlərinə adam göndərib geri qaytarırdı. Onları döyürdülər. Bəzilərini hətta yaralamışlar. Bilirsiniz, nə isə çox iyrənc bir vəziyyət yaranmışdı.

S u a 1: Heydər Əliyeviç, burada güc nazirliklərinin rəhbərləri öz çıxışlarında bildirdilər ki, Rövşən Cavadov başqalarının əlində yalnız oyuncaq idi və onun fəaliyyəti xaricdən istiqamətləndirilirdi. Bununla bağlı onun keçmiş prezident Mütəllibovla və Surət Hüseynovla əlaqədə olduğu qeyd edildi.

C a v a b: Bilirsiniz, onu adicə oyuncaq adlandırmaq olmaz. Mən keçən dəfə, ayın 15-dəki çıxışımda da, bu gün də dedim ki, o müxtəlif qütblərdə olan cürbəcür adamların əlində əlverişli alətə çevrilmişdi. Deyək ki, Moskvada məskən salanlar - Mütəllibov, Surət Hüseynov, Qazıyev - bunlar bir qrupdur. Deyək ki, o, Xalq Cəbhəsinə lazım idi, eyni zamanda bəzi başqa partiyalara da lazım idi. Hərəyə özlərinin mənafeyi baxımından lazım idi. Hələ tam yetkinləşməmiş və zənnimcə, özünün əqli və bütün başqa qabiliyyətlərini həddindən artıq qiymətiəndirən bu adam sadəcə olaraq pozulmuşdu, onu qudurtmuşdular, həddən artıq qudurtmuşdular. Bir sözlə, o belə hesab edirdi ki, guya hamının ona ehtiyacı var və onlardan dəstək almaq üçün istifadə edirdi. Beləliklə, öz məqsədinə nail olmağa çalışırdı. Onlar isə Rövşən Cavadovdan sabitliyi pozmaq və öz məqsədlərinə yetmək üçün istifadə edirdilər. Bir sözlə, burada hər şey qarşılıqlı əlaqədə idi.

S u a 1: Sizcə o, nəyə ümid bəsləyirdi? Axı, zənnimcə, vəziyyət tamamilə qeyri-real idi.

C a v a b: Bilirsiniz, o, nəyə isə ümid bəsləyirdi. Səhv etmirəmsə, iki gün əvvəl "Vesti" proqramı onun bəyanatını vermişdi. Özü də onu həddən artıq təmtəraqla təqdim etmişdi. Mən özüm bu verilişə baxmışam. O deyirdi ki, məqsədinə çatmışdır və indi qanuni hakimiyyəti süpürüb atacaq, burada öz hakimiyyətini quracaqdır. O deyəndə ki, "Əliyev elə bilir real qüvvə onun əlindədir, əslində isə real hərbi qüvvə mənim əlimdədir", o, xhəqiqətən böyük silahlı quldur dəstəsi olan XTPD-ni nəzərdə tuturdu. İndi həmin dəstə Azərbaycan daxili işlər nazirinin əmri ilə ləğv edilmişdir. Bu adamlar cəbhədə vuruşsalar da, onlardan bir çoxu müxtəlif cinayətlər törətmişdir. Mənə danışmışlar ki, o, deyək ki, kiminsə cinayətindən xəbərdar idi. Lakin bunu ört-basdır edirdi və həmin adam buna görə ona minnətdar olurdu. Hərə bir şeyə görə ona borclu idi. Təxminən 400-500 nəfərlik, özü də döyüşkən, açığını deyim ki, yaxşı silahlanmış və üstəlik oktyabrın 2-də prokurorluğun binasını tutanda cəzalandırılmadıqlarını hiss edən adamlardan ibarət belə bir qüvvəyə malik olan Rövşən Cavadova elə gəlirdi ki, onun qarşısına heç kim çıxa bilməz. Ona görə də belə bəyanatlar verir, buna ümid bəsləyirdi. Gecə hakimiyyəti devirmək üçün son cəhdə əl atanda o belə hesab edirdi ki, buna nail olacaqdır. Lakin gördüyünüz kimi, yanılmışdı.

S u a l: Heydər Əliyeviç, axı buna nail olmaq üçün təkcə silahlı qüvvə azdır, sosial dayaq da olmalıdır.

C a v a b: Bilirsiniz, bunlar pozulmuş adamlardır, onlardan ötrü sosial dayaq məfhumu yoxdur. Axı onlar ümumxalq hiddətinin, özlərinə qarşı nifrətin təzahürünü televiziya vasitəsilə görürdülər. Bununla belə, o güman edirdi ki, silah gücünə hakimiyyəti ələ alacaq və ölkəni idarə edəcək.

S u a l: Heydər Əliyeviç, bəs vətəndaş birliyi deyilən bədnam qurumun Moskvadakı liderləri necə? Onların Azərbaycana qaytarılması üçün, başqa dövlətdə yaşayaraq Azərbaycan əleyhinə antidövlət fəaliyyəti göstərmələrinə son qoymaq üçün hansısa tədbirlər görmək niyyətindəsinizmi?

Cavab: Azərbaycan prokuroru Rusiya Federasiyasının prokurorluğuna rəsmi qaydada müraciət etmişdir. Lakin belə bir bürokratik cavab almışdır ki, onların harada yaşadıqlarını müəyyənləşdirirlər. Halbuki yerləri məlumdur (jurnalistlər onların yanına gedirlər, onlar müsahibə verirlər). Mən bu məsələ barədə prezident Boris Yeltsinə müraciət etdim. Mənə dedi ki, o da göstəriş verəcəkdir. Lakin hələlik heç nə etməmişdir. Bəlkə də, onların orada qalması kiməsə sərfəlidir.

S u a 1: Heydər Əliyeviç, zəhmət olmasa deyin, necə bilirsiniz, əllərdə hələ silah çoxdurmu və daha hansı profilaktik iş görmək lazımdır?

C a v a b: Təəssüf ki, əllərdə silah çoxdur. Bu, təkcə XTPD-yə məxsus silah deyil, başqa silahlar da var. Məsələn, Qazaxda XTPD-çilər polis şöbəsindən birdəfəyə 267 avtomat götürərək müxtəlif adamlara, lap cavan uşaqlara paylamışlar. Bu gün dedilər ki, 160 və ya 170 nəfəri həbs olunmuşdur. Lakin orada həmin polis dəstəsindən olanlar cəmi 60 nəfər idi, qalanları isə bu işə cəlb olunmuş adamlardır. Amma hamısı həbs edilməmişdir. Deməli, əllərdə silah var. Cürbəcür yollarla əldə edilmiş başqa silahlar da var. Lakin biz bunların hamısını yığmaq üçun tədbirlər görürük və görəcəyik.

Sağ olun.




RESPUBLİKADA DÖVLƏT ÇEVRİLİŞİ

CƏHDİ VƏ ONUN QARŞISININ ALINMASI

İLƏ BAĞLI KEÇİRİLƏN MÜŞAVİRƏDƏ

GİRİŞ SÖZÜ
Prezident Sarayı

19 mart 1995-ci il

Martın 17-də çağırılan müşavirədə biz ayın 16-dan 17-nə keçən gecə respublikamızda dövlət çevrilişi cəhdi və bu cəhdin qarşısının alınması haqqında ətraflı danışdıq, həmin müşavirədə məsələlər həm onun iştirakçıları üçün, həm də respublika ictimaiyyəti üçün aşkar oldu. Ayın 18-də bu dövlət çevrilişi cəhdinin qarşısını alan əsas qüvvələr - Müdafiə Nazirliyi və hərbi hissələr, hüquq-mühafizə orqanları - Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Milli Təhlükəsizlik Nazirliyi, Xüsusi İdarə və başqa orqanlar lazımi tədbirlər görmüşlər. Artıq bu gün bir çox məsələlərə aydınlıq gəlir və dövlət çevrilişinin necə hazırlanması, həyata keçirilməsi haqqında da sənədlər əldə edilməkdədir.

Görülmüş tədbirlər barəsində məlumat vermək üçün, habelə bəzi tədbirlərə dair lazımi qərarlar qəbul etmək üçün mən bu müşavirəni labüd bilmişəm. İstərdim ki, birinci növbədə Müdafiə Nazirliyinin rəhbərləri, bu dövlət çevrilişi cəhdinin qarşısını alan komandirlərimiz qısa məlumat versinlər. Baş prokurorun vəzifəsini icra edən Eldar Həsənovun rəhbərliyi ilə istintaq işinə başlanmışdır. Onu da, daxili işlər nazirini də dinləmək olar. Başqa da kimin sözü olsa, onları da dinləyə bilərik.

Bu hadisə respublikamızın həyatında çox ağır, ciddi və faciəli hadisədir, həm də indi respublikanın həyatında böyük bir dönüş yaradan hadisədir. Ona görə də bu gün müəyyən məsələləri müzakirə etmək lazımdır.

YEKUN SÖZÜ
Bugünkü müşavirədən nə kimi nəticə çıxarılmalıdır? Birincisi, heç kəs hesab etməsin ki, hər şey bitmişdir. Azərbaycanın dövlətçiliyinə qəsd edən qüvvələr təkcə XTPD-nin bazasında olan adamlar deyil. Onları istiqamətləndirən, onlara havadarlıq edən, onları maliyyələşdirən, cinayətkar yola sövq edənlər var. Bunlar həm Azərbaycanda, həm də onun xaricindədirlər.

Ona görə də Vətəninə sadiq olan hər bir vətəndaş bilməlidir ki, bu gün Azərbaycanın həyatında çox gərgin vəziyyət yaranmışdır və bu gərginlik hələ aradan qalxmamışdır. Doğrudur, Azərbaycanda təxribat etmək istəyən, təcavüz etmək istəyən, onun dövlətçiliyini dağıtmaq istəyən qüvvələrin istinad etdiyi, istifadə etdiyi ən qorxulu hərbi hissə dağıdılmışdır. Ancaq yenə deyirəm, onları bu işə istiqamətləndirən qüvvələrin hamısı öz yerindədir. Şübhəsiz ki, indi onlar boyük zərbə almışlar, lakin öz çirkin niyyətlərindən əl çəkmirlər.

Ona görə də bütün vətəndaşlar həm sayıq olmalı, həm də cəmiyyətimiz, vətəndaşlarımız sıx birləşməlidir. Azərbaycanın dövlətçiliyini qorumaq üçün hər kəs öz xidmətini göstərməlidir. Səhv yola düşən adamları bir daha doğru yola dəvət edirəm. Rövşən Cavadovun yanına gedərək onu qızışdıranlar, onu maliyyələşdirənlər, faciəli vəziyyətə salanlar artıq gördülər ki, belə əməllərin nəticəsi yoxdur. Bu gün burada bizim generallar, zabitlər çrxış etdilər. Dövlətçiliyimizi qorumaq üçün Azərbaycanın silahlı qüvvələrinin, dövlətin gücü var, bu güc də nümayiş etdirildi.

Ancaq özlərini guya müxalifət hesab edərək cinayətlə məşğul olanlar müxalifət deyil. Müxalifət siyasi müxalifət olmalıdır, amma onlar cinayətkarlardır. Bir yerdə cinayət etdilər - bağışlandı. İkinci yerdə cinayət törətdilər - bağışlandı. Görün, indi nələrə əl atırlar! Əgər biz bu gün soruşaq ki, "Kimdir tökülən qanların günahkarları?", deyə bilərik ki, onlardır və onlardır! Həmin cinayəti həyata keçirən adamlarla haqq- ədalət məhkəməsində birlikdə cavab verəcəklər. Mən buna əminəm. İnanıram ki, istintaq ədalətli gedəcək və onların hamısının iç üzü açılacaqdır.

Eyni zamanda XTPD-dən kənarda qalaraq könüllü surətdə gətirib silahları təhvil verənlərə, hökumətə təslim olanlara da təklif edirəm ki, xalqa xəyanət, cinayət hərəkətlərindən əl çəksinlər. Kim siyasi müxalifətdə dayanır-dayansın, ancaq cinayətlə məşğul olmasın. İnsanları silahlı dəstələrdə birləşib cinayət törətməyə sövq etməsinlər. Onlar - həmin o Tofiq bəylər, Fərman bəylər - bu cinayəti törədənlərdən də artıq cinayətkardılar. Güman edirəm ki, onlar ən böyük düşmənlərdir, bu qanın ən böyük günahkarlarıdır. Bu fikri biz başqa yerdən götürmədik. Rövşən Cavadovun atası Bəxtiyar Cavadovun məktubundan götürdük. Bu sənəddir, elə-belə söz, şayiə deyildir. Çox sənədlər var. Hamısı açılacaqdır.

Amma eyni zamanda mən martın 17-də dediyim kimi, bu gün də deyirəm: milli həmrəyliyi, vətəndaş həmrəyliyini təmin etmək üçün hər kəs ayılsın, başa düşsün. Bəxtiyar Cavadovun oğluna yazdığı məktubda dediyi kimi, ziyanın yarısından qayıtmaq da böyük işdir. Tamamilə müdrik sözlərdir, ata sözləridir. Əsrlərdən-əsrlərə keçən bir ifadədir. Mən indi o sözləri həmin bu işlərə qoşulmuş adamlara deyirəm: ziyanın yarısından qayıtmaq da qazancdır, qayıdın!

Eyni zamanda hüquq-mühafizə orqanlarına bir daha tapşırıram ki, ciddi tədbirlər görsünlər. Daxili İşlər Nazirliyinin polis orqanlarının işi zəifdir. Onlar öz vəzifələrini layiqincə yerinə yetirə bilmirlər, qaçan adamları tuta bilmirlər. Aralarında xəyanət edənlər, satqınlar da var. Güman edirəm ki, əgər bunlar tam xəyanətkar deyildirsə, sadəcə olaraq həm o tərəfə, həm də bu tərəfə baxanlardırsa, onlar da özləri üçün nəticə çıxarsınlar. Ancaq mən daxili işlər naziri Usubova tapşırıram ki, bütün bu deyilənlərdən nəticə çıxarsın. Nazirlikdəki xəyanətkar adamlar tezliklə ifşa edilib kənarlaşdırılmalıdır. Daxili İşlər Nazirliyinin tam əksəriyyəti sağlam qüvvə kimi bu tədbirlərin həyata keçirilməsinə səfərbər edilməlidir. Mən bu tapşırığı bütün hüquq-mühafizə orqanlarına verirəm. Ciddi axtarışlar aparılmalıdır. Baş prokuror vəzifəsini icra edən Eldar Həsənov məsələləri tamamilə düzgün qoyur. Bunları təcili olaraq və ciddi həll etmək lazımdır. Ona görə ki, kənarda qalan hər bir cinayətkar yeni cinayət törədə bilər. Nə qədər ki, belələrinin hamısı tutulmamışdır, cəmiyyətdən təcrid olunmamışdır, cinayət etmək təhlükəsi göz qabağmdadır. Bu, bizim polis orqanlarının ümdə vəzifəsidir və onu həyata keçirmək lazımdır.

Nəhayət, bir daha bildirmək istəyirəm ki, Azərbaycan dövlətinin özünü qoruya bilməsi, Azərbaycan dövlətinin iradəsi nümayiş etdirildi. Biz haqq yolundayıq, ədalət yolundayıq. Biz müstəqil dövlətimizi qoruyuruq, onun inkişafını təmin edirik və bu yolda kim bizə mane olacaqsa, öz cəzasını alacaqdır. Buna xalqımız da, işlərimizə mane olan ünsürlər, qüvvələr də əmin ola bilərlər.

Xalqımıza bəyan edirəm ki, heç kimdə çaşqınlıq yaranmasın. Dövlət Azərbaycan xalqının hüquqlarının qorunması üçün əlindən gələni edəcəkdir. Bunu bəyan edir və xalqı buna əmin edirəm.

NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ

AZƏRBAYCAN XALQINA TƏBRİK
Hörmətli həmvətənlər!

Əziz bacılar və qardaşlar!

Sizi, bütün Azərbaycan xalqını, respublikamızın bütün vətəndaşlarını qədim milli bayramımız - Novruz bayramı münasibətilə təbrik edirəm!

Novruz bayramı həmişə özü ilə yeni il, yeni arzular, yeni ümidlər gətirir. Mən inanıram ki, bu yeni ildə Azərbaycan torpağında sülh və əmin-amanlıq nəhayət, bərqərar olacaqdır.

Novruz bahar bayramı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqillik və dövlətçilik rəmzidir. Yalnız öz müstəqilliyini qazandıqdan, öz dövlətçiliyini bərpa etdikdən sonra bu bayram rəsmi status almış və dövlət bayramı kimi qeyd olunmağa başlamışdır.

Əsrlər boyu Novruz Azərbaycan xalqı üçün barış və saf niyyətlər bayramı olmuşdur. Bu gün də Azərbaycan xalqının milli barışa və saf niyyətli insanların həmrəyliyinə böyük ehtiyacı var. Bu Novruz günlərində mən yenə də bütün Azərbaycan vətəndaşlarını milli barışa, vətəndaş həmrəyliyinə dəvət edirəm.

Əziz həmvətənlər! Ulu Tanrıdan sizin hər birinizə xoşbəxtlik, səadət diləyir, həyatınızda, işinizdə uğurlar arzulayıram!

Bayramınız mübarək olsun!


HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

20 mart 1995-ci il



ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜ

MÜNASİBƏTİLƏ BAKIDAKI 5 SAYLI

KLİNİKİ DOĞUM EVİNİN

İŞÇİLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞ
7 aprel 1995-ci il
Sağlam nəsil böyüdülməsi dövrümüzün ən başlıca sosial vəzifəsi kimi qarşımızda durur. Son illərin təcrübəsi göstərir ki, Ümumdünya Səhiyyə Təşkilatı və YUNİSEF tərəfindən bu vəzifənin irəli sürülməsi və onun həyata keçirilməsindən ötrü lazımi şərait yaradılması, bu işin zəruri səhiyyə xidmətləri, tibbi preparatlar və dərmanlarla görülməsi böyük hadisədir.

Bu gün Azərbaycanda da Ümumdünya Sağlamlıq gününü və poliomielit xəstəliyinə qarşı mübarizənin bir gününü qeyd edirik. Burada verilən məlumatlardan aydın oldu ki, bu sahədə YUNİSEF təşkilatı Azərbaycana yaxından kömək edir. Mən bu beynəlxalq təşkilatın xidmətlərini yüksək qiymətləndirirəm. Mən ötən ilin sentyabrında Nyu-York şəhərində olarkən YUNİSEF-in rəhbərliyi ilə görüşüb, Azərbaycanın bu təşkilatın proqramına qoşulması üçün zəruri sənədlərin hazırlanmasında iştirak etmişəm və həmin sənədləri respublikamızın adından imzalamışam.

YUNİSEF təşkilatının ölkəmizdə fəaliyyəti görünür və xalqımız buna görə öz minnətdarlığını bildirir. Böyük sosial bəlanın, yəni poliomielitin tamamilə ləğv olunması, o cümlədən Azərbaycanda bu xəstəliklə mübarizə və 2000-ci ilə qədər onun ləğv edilməsi sahəsində YUNİSEF-in fəaliyyətinə yüksək qiymət verərək bu təşkilata öz təşəkkürümü bildirirəm.

Fürsətdən istifadə edib Azərbaycanın səhiyyə işçilərinə müraciət edərək bir daha bildirmək istəyirəm ki, səhiyyə respublikamızın sosial sahəsinin ən mühüm hissəsidir. Azərbaycanda səhiyyəyə daim diqqət göstərilib və bu, indən sonra da belə olacaqdır. Səhiyyə işçilərinin borcu Azərbaycanın bu dar, böhran dövründə bütün qüvvələrini səfərbər edərək respublikamızın vətəndaşlarının sağlamlığı üçün mübarizəni daha da gücləndirməkdən ibarətdir.

Aydındır ki, indi səhiyyə sahəsində də problemlərimiz vardır. Maddi-texniki bazanın bəzi sahələrdə zəifliyi, yaxud zəruri ləvazimatla, cihazlarla təmin edilə bilməməsi və digər obyektiv səbəblər səhiyyədə çalışanları heç də işdən soyutmamalı, ruhdan salmamalıdır. Əksinə, tarix sübut edir ki, səhiyyə işçiləri çətin vəziyyətlərdə, ağır şəraitdə daha da fədakar olur, əzmlə çalışır və fəaliyyət göstərirlər.

Əgər səhiyyənin tarixinə nəzər salsaq, bunu dünyada, o cümlədən də Azərbaycanda aydın görmək mümkündür. Ona görə də biz səhiyyənin inkişafı üçün bütün dövrlərdə öz imkanlarımızdan istifadə edərək zəruri şəraiti yaradacağıq. Çünki səhiyyə vətəndaşlarımızın, xalqımızın sağlamlığı və gələcəyidir. Ancaq çətinlikləri nəzərə alaraq səhiyyə işçiləri gərək daha fəal olsunlar və ağır vəziyyətdən çıxmaq üçün lazım olan bütün tədbirləri görsünlər. Mən bu gün belə bir müraciətlə üzümü səhiyyə işçilərinə tuturam və güman edirəm ki, onlar mənim bu müraciətimə səs verəcəklər.

Azərbaycanda səhiyyə işçilərinə daim hörmət və ehtiramla yanaşıblar, onlar dövlətin, ictimaiyyətin qayğısı altında olublar və bu, indən sonra da belə olacaqdır. Güman edirəm ki, səhiyyə işçiləri də öz şərəfli vəzifələrini həmişə vicdanla yerinə yetirəcəklər.

Sizi Ümumdünya Sağlamlıq günü münasibətilə bir daha təbrik edirəm, Azərbaycan vətəndaşlarına möhkəm sağlamlıq, səhiyyə işçilərinə isə öz işlərində uğurlar diləyirəm.



5 SAYLI KLİNİKİ DOĞUM EVİNƏ - UZUN MÜDDƏT BU

TİBB OCAĞINA RƏHBƏRLİK ETMİŞ SOSİALİST ƏMƏYİ

QƏHRƏMANI ŞAMAMA ƏLƏSGƏROVANIN ADININ

VERİLMƏSİ TƏKLİFİ İLƏ BAĞLI ÇIXIŞ
Əgər kollektiv belə bir təklif irəli sürürsə, mən də buna etiraz etmirəm. Mən Şamama Ələsgərovanı yaxşı tanıyıram. Bildiyimə görə, Şamama Ələsgərova 31 il bu doğum evinə rəhbərlik etmiş, hətta İkinci dünya müharibəsi dövründə bura hərbi qospital olan vaxtdan burada çalışmışdır. Şamama Ələsgərova bütün səhiyyə işçilərinə örnək və nümunə idi. Onun gecəsi-gündüzü elə burada keçirdi. Doğum evi binasının abadlaşması, müasir avadanlıqla təchiz edilməsi, həkimlərin biliklərinin təkmilləşdirilməsi, elmi işlər aparılması və başqa sahələrdə o, çoxlu işlər görübdür.

Bu doğum evi mənim üçün də çox əzizdir. Çünki hər iki övladım - qızım və oğlum burada anadan olublar. Bir şeyi deyə bilərəm ki, 1954-cü ildə qızım anadan olarkən mən bütün gecəni burada keçirdim. Lakin Şamama xanım mənə yuxarı qalxmağa icazə vermədi. Qızım olması münasibətilə məni təbrik etdi, amma mənə onu görməyə icazə vermədi. Üç gün ərzində uşağı görmək mümkün olmadı. Mən mərhum həyat yoldaşım Zərifə xanıma məktub yazırdım, Şamama xanım onu aparırdı və cavab gətirirdi.

Oğlum olanda isə Şamama xanım məni aldatdı. Mən axşam həyat yoldaşımı doğum evinə gətirəndə Şamama xanım dedi ki, uşaq hələ gec olacaqdır, sən burada qalma. Mən də ona inandım və evə getdim. Təxminən üç saatdan sonra zəng vurub məni təbrik edərək dedi ki, oğlun olubdur. Mən çox sevindim. Səhərisi günü yenə bura gəldim. Amma Şamama xanım yenə də məni yuxarı buraxmadı. Mən bunları ona görə deyirəm ki, o, çox nizam-intizam sevən adam idi. Heç kəsə güzəşt etmirdi. Siz bilirsiniz ki, Şamama xanım mənim qohumumdur. O mənim həyat yoldaşım Zərifə xanımın bibisi idi. Buna baxmayaraq o, nə qohumluğu, nə tanışlığı, nə dostluğu, nə vəzifəni, nə də başqa bir şeyi nəzərə alan adam deyildi. Şamama xanım deyirdi: qanun hamı üçün qanundur, kimsəyə güzəşt olmayacaqdır. Nə vaxt həyat yoldaşınız buradan çıxacaqsa, onda gəlib uşağı görərsiniz.

Şamama xanım haqqında xatirələr çoxdur. O vaxtlar o, ən yüksək ada - Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü, respublika Ali Sovetinin deputatı idi. O, çox fədakar insan idi. Onun şəxsi həyatı yox idi, bütün ömrü burada keçirdi. Çox gözəl insan, xeyirxah adam idi. Həyat yoldaşım bəzən mənə danışırdı ki, Şamama xanım üç gündür evə gəlmir, ağır xəstələri var. Mən Şamama xanıma sağlığında da böyük hörmətlə yanaşmışam, onun xatirəsi də mənim üçün həmişə əzizdir. Azərbaycanın səhiyyə tarixində Şamama xanımın görkəmli yeri vardır.




FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN

50 İLLİYİNƏ HAZIRLIQLA ƏLAQƏDAR

MÜHARİBƏ, ƏMƏK VƏ SİLAHLI

QÜVVƏLƏRİN VETERANLARI İLƏ

GÖRÜŞDƏ ÇIXIŞ
Prezident Sarayı
7 aprel 1995-ci il

Əziz veteranlar!

1941-1945-ci illər müharibəsinin veteranları, bizim hörmətli, dəyərli dostlarımız!

Müharibənin başa çatmasından 50 il keçir. Mayın 9-da 1941-1945-ci illər müharibəsində əldə edilmiş qələbənin 50-ci ildönümü qeyd olunacaqdır. Bu yubileyi bütün dünya, xüsusən qələbənin çalınmasında iştirak etmiş dövlətlər yüksək səviyyədə bayram edəcəklər. Biz də bunu qeyd etmək fikrindəyik. Bilirsiniz ki, bu məqsədlə lazımi hazırlıq işləri görülür.

Bu qələbənin 50 illiyinin layiqincə qeyd olunması üçün Azərbaycanda dövlət komissiyası yaradılıb. Dövlət komissiyasına baş nazirin vəzifəsini icra edən Fuad Quliyev başçılıq edir, yüksək vəzifəli bir sıra şəxslər, müharibə veteranları bu komissiyanın tərkibindədirlər. Qələbənin 50 illiyinin qeyd olunmasına, əlamətdar günə az vaxt - bir ay qalır. Mən arzu etdim ki, sizinlə görüşüb söhbət edək, məsləhətləşək. Şübhəsiz ki, dövlət komissiyası sizin fikirlərinizi öyrənir, onları nəzərə alır. Ancaq güman edirəm, komissiya veteranları bu cür geniş tərkibdə dəvət etməyib. Mən istədim ki, şəxsən görüşüb söhbət edək.

Əvvəla, mən sizi ürəkdən salamlayıram. Sizə və sizin, şəxsinizdə 1941—1945-ci illərin Böyük Vətən müharibəsində, İkinci dünya müharibəsində iştirak edənlərin hamısına hörmət və ehtiramımı bildirirəm. Əminəm ki, Azərbaycan xalqı, ictimaiyyət bu 50 ildə sizi yüksək qiymətləndirdiyi kimi, sizin fəaliyyətinizi, əməyinizi, xidmətlərinizi, rəşadətinizi bu gün də qiymətləndirir və bundan sonra da qiymətləndirəcəkdir.

Müharibədə sizin xidmətləriniz, rəşadətiniz, qəhrəmanlığınız bu müharibənin, Azərbaycan xalqının tarixində əks olunub. Siz xoşbəxt adamlarsınız ki, 50 il bundan əvvəl qələbənin əldə olunmasına və bu 50 ildə xalqınıza, ölkənizə, millətinizə xidmət etmisiniz, indi sizə qələbənin 50 illik yubileyində iştirak etmək nəsib olub.

Mən sizi qələbə münasibətilə təbrik edirəm. O qələbədən keçən 50 ilin hər biri xalqımız üçün böyük bir mərhələ olub. Xalqımız bu 50 il içərisində böyük bir tarix yaşayıb və nəhayət, milli azadlığına nail olub. Azərbaycan xalqı öz müstəqil dövlətini yaradıb. İndi Azərbaycan müstəqil dövlətdir və nə qədər çətin olsa da, xalqımız müstəqillik şəraitində özü öz taleyinin sahibidir.

Sizin xoşbəxtliyiniz bir də ondan ibarətdir ki, 50 il bundan əvvəl Azərbaycanın bugünkü gələcəyi üçün döyüşmüsünüz, vuruşmusunuz, qan tökmüsünüz, rəşadət göstərmisiniz. 50 ildən sonra bu gün Azərbaycanı müstəqil bir dövlət kimi görürsünüz. Bu, böyük xoşbəxtlikdir, səadətdir və bu da sizə nəsib olubdur.

Bax, bunların hamısı münasibətilə mən sizi ürəkdən təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik arzu edirəm. Sizin simanızda 1941-1945-ci illər müharibəsində iştirak edənlərin, o qələbənin çalınmasında xidmət göstərənlərin hamısını ürəkdən təbrik edirəm, hörmət və ehtiramımı bildirirəm.

Mən istərdim ki, bu gün bizim sərbəst söhbətimiz olsun. Bir neçə məsələ ətrafında, şübhəsiz ki, əsasən qələbənin 50 illik yubileyinin hazırlanması, keçirilməsi ətrafında söhbət edək.

Bu sizin yubileyinizdir. Ona görə də bu yubileyin necə, hansı şəkildə keçirilməsi üçün sizin fikriniz əsasdır. Sizin nə arzunuz olsa, şübhəsiz ki, biz hamısını nəzərə almalıyıq və onların əsasında öz tədbirlərimizi qurmalıyıq.

Bir daha qeyd edirəm ki, dövlət komissiyası bu işlə məşğul olur. Ancaq mən bu məsələyə xüsusi münasibət göstərdiyimə, fikir verdiyimə görə istərdim ki, sizinlə şəxsən görüşəm.

Bu qələbə haqqında son illərdə cürbəcür söhbətlər gedir. Hətta xatirimdədir ki, deyəsən, ya 1991-ci, ya da 1992-ci ildə bu bayramı Azərbaycanda heç qeyd etməmişdilər. Hər halda dəqiq xatirimdədir ki, demişdilər belə bir qələbə yoxdur. Ancaq mən o vaxt Naxçıvanda yaşayırdım və biz bu qələbəni orada qeyd edirdik. Sovet İttifaqı Qəhrəmanı, hörmətli Ziya Bünyadov da gördü ki, burada qeyd etmirlər, Naxçıvana gəldi ki, bayramı heç olmasa orada keçirsin.

Yəni belə yaramaz fikirlər də meydana çıxmışdı.

Fuad Quliyev indi mənim yanıma gəlib məsləhət almaq istəyir ki, bu qələbənin adını necə yazmaq lazımdır. Çünki komissiyada cürbəcür fikirlər söylənilir. Rusiyada 1941-1945-ci illərin Böyük Vətən müharibəsində qələbə yazılır. Kimsə hesab edir ki, bu, Böyük Vətən müharibəsi olmayıb. Yaxşı, bəs nə müharibəsi olub? Ona görə də komissiya üzvləri çaşbaş qalıblar ki, bunu nə cür yazaq.

Bu, nədən əmələ gəlir? Son illərdə tariximizi təhrif etməyə cəhdlər çox olub. Ancaq bu da yeni bir şey deyil. Təəssüf ki, elə XX əsrin əvvəllərindən, daha dəqiq desək, ola bilər, 1920-ci ildən tariximizi təhrif edə-edə gəlmişik. Tariximizi müəyyən dövrdə bir qüvvələr təhrif edirdi, son illərdə, xüsusən 1991, 1992, 1993-cü illərdə isə başqa cür təhrif etməyə başladılar. Yenə də deyirəm, 1992-ci ildə eşitdik ki, bu qələbə bayramını Azərbaycanda heç yerdə qeyd etmirlər. Mən təəccübləndim. Naxçıvanda biz veteranlarla görüşdük, danışdıq, hazırlıq gördük və bayramı qeyd etdik.

Sonra mən araşdırmağa başladım ki, bəs bunu niyə qeyd etmirlər? Bildirdilər ki, o vaxt hakimiyyətdə olan adamlar deyirdilər ki, bu, Vətən müharibəsi, qələbə deyil. O vaxt mən də ordan-burdan eşidirdim, bəziləri deyirdilər ki, faşistlər gəlib Azərbaycanı tutsaydı, yaxşı olardı. Belə sözlər də danışanlar var idi. Yəni belə ideoloqlar meydana çıxmışdılar və tarixi təhrif edirdilər. Axı bundan da böyük cinayət ola bilməz.

Özü də biz gərək tarixi təcrübədən dərs götürək. Əgər 1920-ci ildən sonra - kommunist, sosialist rejimi vaxtında keçmiş tariximiz təhrif olunmuşdursa, marksizm-leninizm ideologiyasına uyğunlaşdırılmışdısa, uyğun gəlməyənlər tarix kitablarımızdan çıxarılmışdırsa və biz indi bunu etiraf ediriksə, demək, bundan sonra təhrifə yol vermək olmaz.

Tariximiz o vaxt bir cür təhrif olunub, indi isə meydana yeni ideoloqlar çıxıb. Hansılar ki, dünyanı görməyiblər, əgər bizim veteranların sözü ilə desək, barıt qoxusu iyləməmiş, oddan keçməmiş adamlar gəlib başlayıblar ki, yox, müharibə də olmayıb, müharibədə qələbə də olmayıb, heç bu, Vətən müharibəsi də deyildir və sairə.

Fuad Quliyev gəlib mənə deyəndə, doğrusu, təəccübləndim. Axı bundan niyə narahat olursunuz? Bu qələbəni indi bütün dünya qeyd edir. Onu da bilməlisiniz ki, bu qələbəni Rusiya, MDB-yə daxil olan dövlətlərin hamısı qeyd edir. Biz dekabrın 10-da Almatıda MDB ölkələri dövlət başçılarının görüşündə qərar qəbul etdik ki, qələbənin 50 illiyi geniş qeyd olunsun.

Bu, bizim birgə qərarımızdır. Doğrudur, orada söhbət düşdü ki Rusiya MDB-nin bütün ölkələrinin dövlət başçılarının mayın 9-da toplaşmasını istəyir. Bir az mübahisə getdi, sonra razılıq əldə olundu. Axı dövlət başçıları öz ölkələrində də bu bayramda iştirak etməlidirlər. Söhbət ondan gedirdi ki, bəs bu necə olsun?

Qələbənin 50 illiyi, məsələn, İngiltərədə də qeyd olunur. Bizim ölkəmizə, şəxsən mənə rəsmi dəvət gəlibdir. Bu bayram mayın 6-7-də Böyük Britaniyada, Londonda, mayın 8-də Fransada, habelə Amerika Birləşmiş Ştatlarında qeyd olunacaqdır. Avropa Şurasına daxil olan 52 dövlətin başçılarının hamısı İngiltərəyə, Fransaya dəvət edilib. O cümlədən Azərbaycan dövlətinin başçısı da dəvət olunub.

Televiziyadan, mətbuatdan aldığmız məlumatlardan sizə məlumdur ki, mayın 9-da keçmiş koalisiya dövlətləri başçılarının hamısı Moskvaya gedəcək, Qələbə günü orada qeyd ediləcəkdir. Qələbənin bir neçə böyük mərkəzlərdə qeyd olunması barədə Almatıda söhbət getdi. Bəs nə cür olsun ki, hərə öz ölkəsində də bunu qeyd edə bilsin? Bu, başqa məsələ. Hər halda bunu müzakirə və həll etmək olar. Ancaq qələbəni şübhə altına almaq, yaxud adının dəyişdirilməsinə cəhd etmək tamamilə yaramaz bir şeydir.

Ona görə də mən istədim ki, bu barədə öz fikirlərimi sizə deyəm və sizin də fikirlərinizi bilək, komissiya da bu barədə öz prinsipial mövqeyini tutsun, öz işini aparsın.

Şübhəsiz ki, qələbənin 50 illik yubileyi münasibətilə veteranlara müəyyən güzəştlər, mükafatlar, yardımlar da olmalıdır. Komissiya bu barədə öz təkliflərini hazırlayıbdır. Yəqin ki, bunları da indi müəyyən qədər nəzərdən keçirmək olar. Sonra komissiya bu təklifləri tamamilə hazırlayıb təqdim edər və bütün bunlar mənim fərmanımda öz əksini tapa bilər.

Kimin ürəyində başqa nə söz varsa, deyə bilər. Şübhəsiz ki, sizin də, bizim də o qədər vaxtımız yoxdur. Ona görə də çox vaxt sərf etmədən bu gün ancaq yığcam fikir mübadiləsi aparıb, söhbət edib qarşıdakı bir ay müddətində görüləcək hazırlıq işlərini gücləndirmək məqsədi ilə mən bu gün sizi buraya dəvət etmişəm.

Müharibənin bitməsindən 50 il keçib. Azərbaycan xalqı bu müharibədə iştirak edib, qurbanlar verib. 1941-1945-ci illər müharibəsində həlak olmuş soydaşlarımızın, vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi rica edirəm.

Allah bütün həlak olanlara rəhmət eləsin!
YEKUN SÖZÜ
Bilirəm ki, burada söz demək istəyən çoxdur. Hamının Ürəyində səmimi sözlər var, ancaq əsas təkliflər olundu. Mən hiss edirəm ki, bu təkliflər əsasında işləmək olar. Gələcəkdə öz işlərimiz olacaq, yenə də görüşəcək, danışacağıq. Bu gün kim danışa bilmədisə, gələcək görüşlərimizdə danışa bilər. Etiraz etmirsinizsə, bu görüşü sona çatdıraq.

Mən bir daha məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu görüş bizə nəsib oldu, biz Azərbaycan xalqının çox dəyərli insanları ilə görüşdük. Şəxsən mənim üçün bu, böyük bir hadisədir. Burada hamımızın eyni bir fikri hasil oldu ki, 1941-45-ci illər müharibəsi Azərbaycan üçün də Böyük Vətən müharibəsidir. Bu, İkinci dünya müharibəsidir. Dünya tarixində, bəşəriyyət tarixində bu, ən dəhşətli, ən ağır, ən genişmiqyaslı müharibə olubdur. Burada nə qədər insanlar tələf olubdur. O vaxt biz hamımız Sovet İttifaqına daxil idik. Son tədqiqatlar göstərir ki, Sovet İttifaqının ərazisindən 27 milyon adam bu müharibədə həlak olubdur. Şübhəsiz ki, Avropa ölkələrindən də, digər ölkələrdən də çox adamlar həlak olublar.

Bu müharibə Hitler faşizminə qarşı müharibə idi. Bu qələbə Hitler faşizmi üzərində qələbə idi. Bu, böyük qələbədir. Tarixdən bunu heç kəs silə bilməz və silməyə haqqı da yoxdur. Bu gün söhbətimizə başlayarkən mən dedim ki, tarixi təhrif edənlər keçmiş tariximizdən özlərinə dərs götürməlidirlər. Tarixi heç kəs təhrif etməməlidir. Heç kəs tarixi dəyişdirməyə çalışmamalıdır. Tarix necə varsa, elə də var. Həyatda nə olubsa, olubdur. Tarixin o parlaq səhifələrini bu gün kimsə utana-utana, çəkinə-çəkinə xatırlamamalıdır, əksinə, biz bu bayramı qürur hissi ilə qeyd etməliyik. Elə olmamalıdır ki, qələbə, müharibə haqqında söhbət gedəndə kimsə hansı sözü necə demək haqqında fikirləşsin. Dürrə xanım burada çıxışında söylədi: ona deyiblər ki, bu medallarını ayaqlarının altına sal, tapdala. Bilirsiniz, belə insanlar sadəcə olaraq ya həyatı başa düşməyən adamlardır, ya da xalqına, millətinə xəyanət edənlərdir. Nə cür ola bilər ki, insanların canı, qanı bahasına aldığı mükafatlar, ordenlər bu gün gözdən düşsün?

Bilirsiniz, hər dövlətin öz medalı, öz ordeni var. Yenə də tarixə qayıdaq. 1917-ci il oktyabr inqilabından, Azərbaycanda da sovet hakimiyyəti qurulduqdan sonra çar dövlətinin bütün ordenlərin, medalları, mükafatları qadağan, yasaq olundu. Bunlar kimdə var idisə, yazıq qorxusundan gizlədirdi, aşkara çıxarmırdı. Qohumu-əqrəbası olanlar onun adını çəkməyə də qorxurdular. Məgər bu düz idimi? Xeyr. Bu da ədalətsizlik idi Bəs sonra nə oldu? Birinci dünya müharibəsində rus ordusunda, çar Rusiyası ordusunda qəhrəmanlıq göstərən adamlar sonra həmin bu Böyük Vətən müharibəsi vaxtında, İkinci dünya müharibəsində də qəhrəmanlıq göstərdilər və onların çar Rusiyası ordusunda aldığı orden və medallar böyük hörmətlə qaldı.

Doğrudur, bütün bu təhriflərin çoxu oktyabr inqilabından, sovet hakimiyyəti qurulandan, bolşevizmin qələbəsindən sonra oldu. Amma eyni zamanda bilirsiniz ki, Kremldə böyük-böyük salonlar var. Onlardan biri də Georgiyevsk salonudur. Məsələn, Georgiyevsk salonunda olanlar bilirlər, - hansı hərbi hissənin hansı döyüşdə iştirak etdiyi, hansı ordeni, medalı, nişanı aldığı orada həkk olunub və heç kəs də bunu pozmur.

Tarix tarixdir və 1941-1945-ci illər Azərbaycan xalqının tarixində də çox görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələridir. Biz bunları böyük hörmət və ehtiramla xatırlamalıyıq. Bu dövrün insanlarını - həm həmin dövrdə döyüşən, həlak olanları, cəbhədə yaralananları, həm də rəşadət göstərib bu gün yaşayanları həmişə xatırlamalı, onlara böyük hörmət və ehtiramımızı bildirməliyik.

Burada tamamilə doğru deyildi ki, 1941-1945-ci illər müharibəsində Azərbaycan xalqının iştirakı təkcə cəbhədə döyüşməkdən ibarət olmayıb. Bəli, Azərbaycanın nefti həmin müharibədə qələbənin əldə olunmasının əsasını təşkil edən amillərdəndir. Təsadüfi deyildir ki, Hitler və Hitler ordusu gəlib Bakını işğal etməyə, zəbt etməyə can atırdı. Hitler ordusu Bakını işğal edə bilsəydi, vəziyyət bəlkə də bambaşqa ola bilərdi. Tamamilə doğru deyildi ki, o vaxt Sovet İttifaqında hasil olunan neftin 75 faizini Azərbaycan verirdi. Bizim Azərbaycan neftçiləri bu nefti nə qədər əzab-əziyyətlə çıxarırdılar.

Bilirsiniz ki, Qafqaza yol bağlanmışdı, Hitler ordusu gəlib Mozdokda durmuşdu. Burada dəmir yolu yox idi. Ancaq Xəzər dənizi, Orta Asiya vasitəsilə o dövrdə - o dövrü indiki dövrlə müqayisə etmək olmaz, çünki çətinliklər daha da çox idi - bütün çətinliklərin öhdəsindən gələrək neft də çıxarılırdı, cəbhəyə də göndərilirdi. Təkcə neft deyildi. O vaxt Azərbaycanın maşınqayırma zavodlarında silah istehsal olunurdu. Bu, Azərbaycan xalqının tarixidir.

Azərbaycanın tarixində ən çox neft 1941-1945-ci illərdə çıxarılmışdır. Burada bizim insanlar - fəhlələr, mühəndislər, texniklər çalışıblar, bunları unutmaq olarmı? Həzi Aslanovu, Azərbaycan xalqının o cür qəhrəmanlıq göstərmiş nümayəndəsini biz unuda bilərikmi? Bu gün deyə bilərikmi ki, Həzi Aslanov canını elə-belə veribdir? Yox, o, canını Vətən yolunda veribdir.

Siz Stalinqradda, Mamay təpəsindəki muzeydə yəqin ki, olmusunuz. Məsələn, mən həmin muzeyi ziyarət edərkən Həzi Aslanovun familiyasını başqa Sovet İttifaqı qəhrəmanları ilə bir yerdə görəndə çox böyük fəxr etdim ki, burada bizim azərbaycanlının da adı var. Yaxud Mehdi Hüseynzadəni götürün: o vaxtlar döyüşdü, döyüşdü, əsir düşdü, əsirlikdən qaçıb Yuqosloviyada, İtaliyada böyük igidliklər göstərdi və qəhrəmancasına da həlak oldu. Biz onu unuda bilərikmi? Amma təkcə bunlar deyil. Vaxt alıb hamısının adını çəkmək istəmirəm. Güman edirəm ki, bu bayram ərəfəsində, yubiley günlərində Böyük Vətən müharibəsinin qəhrəmanları mütləq təbliğ olunmalı, yada salınmalıdır. Onlar haqqında televiziyada, radioda verilişlər təşkil edilməli, qəzetlərdə yazılar verilməlidir. Yenə də deyirəm, bunlar tariximizin ən parlaq, ən gözəl səhifələridir. Biz onları heç vaxt unuda bilmərik.

Yaxud neftçilər, ümumiyyətlə, arxa cəbhədə çalışanlar unudulmamalıdır. Məsələn, yadınızdadır ki, o vaxtlar böyük alimlərimiz Yusif Məmmədəliyev, Əli Quliyev yüksək keyfiyyətli benzin ixtira etdikləri üçün Dövlət mükafatı almışdılar. Biz bunu unuda bilərikmi? Unuda bilmərik. Mənim xatirimdədir ki, böyük neftçi, çox təcrübəli insan Süleyman Vəzirov, Rüstəm İsmayılov müharibə vaxtı məhz neft hasilatı və cəbhəni neftlə təmin etmək sahəsindəki xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adı almışdılar.

Bilmirəm, Əliş Ləmbəranski buradadır, ya yox? Mən onu buraya dəvət etmişdim (yerdən səs: xəstədir). Xahiş edirəm, mənim salamımı ona çatdırasınız. Məsələn, Əliş Ləmbəranski o vaxtlar cəbhədə olmuşdu. Bakıya qayıtdıqdan sonra neft sənayesində çox böyük fəaliyyət göstərmişdir. İndi də yaşayır. Çoxlarının adlarını çəkmək olar.

Bəs necə demək olar "bu qələbə bizim qələbə deyil" ki, böyük bəstəkarımız Üzeyir Hacıbəyov o vaxt öz şəxsi məvacibi, pulu ilə bir təyyarə alıb cəbhəyə göndərmişdi? Məgər Üzeyir Hacıbəyov bilmirdi ki, bunu nədən ötrü edir? Azərbaycandan müharibəyə tank alıb göndərənlər var idi. Respublikanın qabaqcıl əmək adamları, kəndlilər öz pulları ilə tank alırdılar, təyyarə alınmasına pul verirdilər, nə qədər vəsait toplanırdı. Bunların hamısını unutmaqmı olar? Bunlar bizim qardaşlarımız, atalarımız, babalarımız, vətəndaşlarımızdır, azərbaycanlılardır.

Burada dedilər ki, Böyük Vətən müharibəsində 400, 500, 600 min nəfər azərbaycanlı həlak olub. Onların xatirəsini unutmaqmı olar? Yenə də deyirəm, o vaxtlar arxa cəbhədə, Azərbaycanda ağır şəraitdə neft çıxarılırdı, sənaye işləyirdi, kənd təsərrüfatı məhsulları istehsal olunurdu. Şairlərimiz, bəstəkarlarımız Vətən müharibəsinin qəhrəmanlarına həsr olunan, xalqı döyüşə çağıran, xalqda vətənpərvərlik ruhu yaradan nə qədər gözəl mahnılar yazdılar, əsərlər yaratdılar. Bunlar hamısı bizim tariximizdir.

İndi mövcud olmuş, küçədən gəlib hakimiyyəti müvəqqəti olaraq əlinə keçirmiş iki-üç nəfər gəlib onu da, bunu da qaralayır.

Azərbaycanın tarixində heç nə qalmır. Özü də Azərbaycan xalqı üçün bir qəpiklik iş görməyib. Əgər bir qəpiklik iş görmüş olsaydı, deyərdim ki, bəli, o da bu işi görüb, ona görə də onun nəyisə qaralamağa haqqı var. Hakimiyyətdə müvəqqəti olan bu adamlar tariximizə zərbə vurmaq istədilər, öz hərəkətləri ilə Azərbaycan xalqı qarşısında böyük cinayətlər etdilər. Eyni zamanda gedib o dövrdə faşizmin yuvası olan Berlində Hitlerlə, Göbbelslə görüşüb söhbət edən adamları təbliğ etməyə başladılar. Axı bu yaramaz! Tarix tarixdir. O da olub, bu da olub. Ancaq azərbaycanlı kimi biz burada özümüzü qorumuşuq, öz Vətənimizi qorumuşuq. Bizim o vaxt da bir vətənimiz var idi. Bəli, 1922-ci ildə Azərbaycan başqa respublikalarla birlikdə Sovetlər İttifaqına daxil olmuşdu. O vaxt Azərbaycana rəhbərlik edən adamlar bunu münasib bildilər, bu da oldu və o dövrdə Azərbaycan böyük nailiyyətlər əldə etdi. Bunu nə unutmaq olar, nə də qaralamaq, pozmaq olar.

Ona görə də güman edirəm ki, bu cür hallar tamamilə aradan qaldırılacaqdır. Cəmiyyətimizdə belə hallara yol vermək olmaz. Heç də mübahisə aparmaq lazım deyildir ki, medalın üzərində nə yazılsın. Necə var, elə də yazılsın: 1941-1945-ci illərin Böyük Vətən müharibəsində qələbə. Ancaq olanı geriyə qaytarmaq mümkün deyil. O vaxt nə cür olub, olub. Adı da nə cür olub, onu dəyişdirmək mümkün deyil. Orada kim necə vuruşub, onu da dəyişdirmək mümkün deyil. Kimin hansı ordeni, medalı, nişanı var, onu böyük iftixar hissi ilə daşıya bilər. Heç kəs nə utansın, nə çəkinsin. O qədər böyük bir ölkənin, savaşın, vuruşun, böyük bir müharibənin qəhrəmanı olub fərqlənəsən, orden, medal alasan, 50 ildən sonra fikirləşəsən ki, mən bunu bu gün saxlamalıyam və ya saxlamamalıyam? Əksinə, onları siz də daşımalısınız, sizdən sonra nəvələriniz də böyük yadigar kimi saxlamalı və nəsillərdən-nəsillərə çatdırmalıdırlar.

Bizim tariximiz elə belə olub. Götürək çar Rusiyası ordusunu, orada bizim nə qədər generallarımız olmuşdur. Sovet İttifaqı vaxtında bunların hamısının üstündən qələm çəkildi. Sonradan-sonraya, o da Böyük Vətən müharibəsindən sonra iki general - Mehmandarov və Şıxlinski yada düşdü. O vaxta qədər onların adı heç yerdə çəkilmirdi. Onlar xalq düşməni kimi idilər. Böyük Vətən müharibəsindən, 1941-1945-ci illər müharibəsindən sonra ab-hava bir az dəyişildi, onlar yada düşdü və onların haqqmda yazmağa başladılar. Amma bizim generallarımız tək bunlar idimi? Xeyr. Hüseyn xan Naxçıvanski, Kəlbəli xan Naxçıvanski, Talışınski - çar Rusiyasında bizim nə qədər generallarımız olub. Şıxlinski Port-Arturda olmuşdurmu? İndi gəlin, Əliağa Şıxlinskini günahlandıraq ki, Port-Artur müharibəsində iştirak edib, çar Rusiyasını müdafiə edib. Biz onu günahlandırmalıyıqmı? Rus ordusunda Əliağa Şıxlinskiyə "Artilleriya allahı" deyirdilər. O bizim fikrimizdir. Eləcə də 1941-1945-ci illər müharibəsində iştirak edən qəhrəmanlar - generallar da, zabitlər, adi döyüşçülər də - burada kimsə mənə Gəncədən Məhərrəm Ocaqverdiyevi təqdim etmək istədi, Məhərrəm Ocaqverdiyev də, - hamısı fəxrimizdir.

Biz Qələbə bayramına böyük iftixar hissi ilə hazırlaşmalıyıq, bu bayramı layiqincə keçirməliyik. Bu bayramın keçirilməsi, qələbənin təbliğ olunması Azərbaycan xalqının qəhrəmanlıq nümunələrinin gənc nəslə çatdırılmasına, müstəqil Azərbaycan Respublikasının Milli Ordusunun yaranmasına, inkişaf etməsinə çox böyük fayda verəcəkdir. Bəli, gənclərimiz bilməlidirlər ki, vaxtilə çar Rusiyası ordusunda da bizim çox görkəmli zabitlərimiz, generallarımız, çox böyük şücaət, qəhrəmanlıq göstərən insanlarımız, azərbaycanlılar var idi.

Gənclər bilməlidirlər ki, 1941-1945-ci illər müharibəsində, dünya, bəşəriyyət tarixində ən dəhşətli müharibədə Azərbaycan xalqının qəhrəmanlıq göstərən generalları, zabitləri, sıraviləri olub.

Onlar öz qəhrəmanlıqları ilə xalqımızın hörmətini qaldırıblar, Azərbaycan xalqını tanıdıblar. Bunların hamısı gənc nəslimiz üçün örnəkdir və örnək olmalıdır. İndi yaratdığımız, qurduğumuz Milli Ordunun yaranmasında, qurulmasında bu təcrübədən istifadə edilməlidir.

Bunlar hamısı bir-birinə silsilə ilə bağlı tariximizdir və biz bu tariximizə həmişə böyük hörmətlə yanaşmalı, onu qiymətləndirməliyik.

Qələbənin 50 illiyi ilə əlaqədar mənim fərmanımla yaradılan, Fuad Quliyevin başçılıq etdiyi komissiya müharibə, əmək veteranlarına əlavə güzəştlər, qayğılar, maddi yardımlar göstərilməsi və başqa tədbirlər üzərində işləyir. Fuad Quliyev burada qısa məlumat verdi. Güman edirəm ki, yaxın günlərdə onlar sizinlə birlikdə (bu komissiyanın tərkibində veteranlar da var) bu təklifiəri tamamlayacaq, təqdim edəcəklər və mən bu barədə xüsusi fərman verəcəyəm. Mən fikirləşirəm ki, müharibə, əmək veteranlarına indi maksimum imkanlarımız daxilində - siz bunu da bilməlisiniz - maddi yardım edək, onların həyat tərzini, yaşayışını yüngülləşdirmək, yaxşılaşdırmaq üçün lazımi tədbirlər görək. Bunu mütləq edəcəyik.

Burada muzey haqqında söhbət qaldırıldı. Bilirsiniz, Səlimov tamamilə doğru deyir, o muzeyin necə yaranmasının indi böyük əhəmiyyəti yoxdur. Həmin muzey 1974-cü ildə yarandı, adı da 18-ci ordunun Döyüş Şöhrəti muzeyi oldu. Bu muzey Fəvvarələr meydanının yanındakı döngədə xırda bir otaqda yarandı. Amma ilbəil muzeydən xahiş etdilər, biz də göstəriş verdik, əlavə yer ayrıldı, muzey genişləndi, əlavə ekspozisiyalar toplandı. Böyük Vətən müharibəsində Azərbaycan xalqının iştirakı burada çox yaxşı əks olunurdu.

Bilirsiniz, o muzeyi qurmaq üçün bir çox il lazım oldu. Amma onu dağıtmaq üçün böyük qəhrəmanlıq lazım deyildi. Bir-iki günün, bir ayın içərisində o muzeyi vurub dağıtdılar.

Mən hesab edirəm ki, muzey yaranmalıdır. Onun adı necə olacaq - bunu özünüz müəyyən edərsiniz. Hər halda 1941-45-ci illər müharibəsində Azərbaycan xalqının həm ön cəbhədə, həm də arxa cəbhə tarixinə həsr olunmuş muzey yaranmalıdır, eksponatlar toplanmalıdır. Mənə elə gəlir ki, veteranların da bir çoxu bu işdə həvəskardırlar, həvəskar da olacaqlar və bu muzeyin işində yaxından iştirak edəcəklər.

Həmin muzeyin yeri münasib olsa - elə orada olsun, yaxud başqa təklif də olsa komissiya bunu müzakirə etsin. Biz lazımi tədbir görərik. Yadımdadır ki, vaxtilə Səlimov böyük həvəslə bu muzeyin yaradılması ilə məşğul olurdu. Hələ indi də deyəsən həvəsi var. Bizim aramızda Səlimov kimilər çoxdur, bu muzeyi yaradarlar, düzəldərlər.

Moskvada qələbənin bayram edilməsinə respublikamızdan 30 nəfərlik nümayəndə heyəti dəvət edilib, onlar müəyyən olunub. Londona mən və beş nəfər veteran dəvət olunmuşuq. Həmin beş nəfəri biz müəyyən edəcəyik. Oraya Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov, Məlik Məhərrəmov gedəcəklər, gərək Məzahir Abbasov da getsin. Üç nəfərin adını dedim, qalanlarını da deyəcəyəm.

Digər nümayəndə heyətlərinin tərkibi də yaxın günlərdə müəyyən olunar. Respublikada da bu tədbirləri keçirərik. Çalışarıq ki, başqa ölkələrdə də Azərbaycanı yaxşı təmsil edək.

İndi burada qələbə münasibətilə respublikamızda keçiriləcək tədbirlər haqqında da, təntənəli yığıncaq haqqında da söhbət oldu. Bəziləri dedilər olsun, bəziləri dedilər olmasın. Moskvada qələbənin 50 illiyi münasibətilə parad olacaq, bizdə olmayacaq. Şübhəsiz ki, buna ehtiyac da yoxdur. Amma nəsə bir tədbir lazımdır. Xatirinizdədir ki, bizdə adətən mayın 9-da Həzi Aslanovun qəbrini, Mehdi Hüseynzadənin abidəsini, bu müharibədə həlak olanların qəbirlərini ziyarət edirdik. Görünür, bizim proqramda bunlar da olmalıdır.

Ancaq Moskvadakı kimi hərbi parad keçirməsək də, respublikamızda nəsə bir mərkəzi tədbir olmalıdır. Əgər veteranların hamısı belə bir arzudadırlarsa, onda respublikada təntənəli yığıncaq keçirmək mümkündür. Bu, çətin bir şey deyil. Biz veteranlar üçün belə bir tədbirin keçirilməsindən çəkinməməliyik.

1   ...   13   14   15   16   17   18   19   20   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə