Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə15/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

BEYNƏLXALQ QADINLAR GÜNÜ

MÜNASİBƏTİLƏ KEÇİRİLƏN TƏNTƏNƏLİ

BAYRAM MƏRASİMİNDƏ TƏBRİK NİTQİ
Rəşid Behbudov adına

Azərbaycan Dövlət Mahnı Teatrı


8 mart 1995-ci il
Əziz qadınlar, əziz bacılar!

Sizin hamınızı bugünkü bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, hamınıza cansağlığı, xoşbəxtlik və bütün arzularmızın həyata keçməsini diləyirəm.

Mən uzun illərin fasiləsindən sonra burada qadınlar bayramında iştirak edirəm. Azərbaycanda bu bayram vaxtilə çox keçirilib. Bu bayramı çoxlarınızla birlikdə qeyd etmişik. Bilirsiniz ki, bir çox illər mən vətəndən - Azərbaycandan, Bakıdan ayrı idim. Mən Moskvada olanda da şübhəsiz ki, qadınlar bayramında iştirak etmişdim. Uzun fasilədən sonra yenidən burada, öz torpağımızda bacılarımızla birlikdə bu bayramı qeyd edirik. Mən bundan çox məmnunam. Düzü, mən bu mərasimi belə təsəvvür edə bilmirdim. Mənə dünən axşam dedilər ki, belə bir bayram mərasimi olacaq və məni də dəvət ediblər. Mən dedim ki, mütləq gedəcəyəm. Ancaq bu tədbirin bu qədər təsirli, möhtəşəm və təntənəli olacağını təsəvvür etmirdim.

İndi mən həyəcan içərisindəyəm. Çünki burada, bu kiçik salonda Azərbaycanın görkəmli xanımlarını görürəm. Mən onları görməkdən çox məmnunam. Biz uzun illər bir yerdə çalışmışıq, işləmişik, əlaqələrimiz və münasibətimiz olubdur. Mən indi burada, xalqımızın bu ağır, çətin dövründə qadınları yenə də bayram əhval-ruhiyyəsində görəndə çox sevinirəm.

Bu gün biz burada gözəl konsertə baxdıq: Bizim incəsənətimiz zəngindir, - bunu bütün dünya bilir. Biz də bilirik. Ancaq bəzən biz özümüzün qədrini bilmirik, nəyə qadir olduğumuzu dərk edə bilmirik. Burada çıxış edənlərin bəziləri gənclərdir. Biz səhnədə eyni zamanda incəsənət ustalarımızı, sönməyən ulduzlarımızı, Azərbaycan mədəniyyətini uzun illər yaşadanları, inkişaf etdirənləri gördük. Bu salonda onların bir çoxu əyləşibdir. XX əsrin tarixini - keçmişi, bu günü və gələcəyi burada bu salonda əyləşənlərin timsalında, həyat və yaradıcılıq yolunda görürük. Bu, böyük xoşbəxtlikdir.

Burada Azərbaycan qadını haqqında xoş sözlər dedilər. Ola bilər ki, mən deyilənlərə bir şey əlavə edə bilməyim. Ümumiyyətlə, qadın cəmiyyətin ən hörmətli üzvüdür. Hamı qadının qarşısında baş əyməlidir, hamı qadına hörmət etməlidir. Mən bütün həyatım boyu qadına hörmət etmişəm və cəmiyyətimizi, millətimizi, xalqımızı qadına hörmət etməyə dəvət etmişəm.

Bu gün bir daha görürəm ki, Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlara hörmət, qadınlara təşəkkür, qadınlara can-sağlığı!

Mən bu gün sizinlə bir yerdə olduğuma görə çox sevinirəm. Bir daha sizi təbrik edirəm, cansağlığı və xoşbəxtlik arzulayıram!

Burada Elmira ana çıxış etdi. Mən bilmirdim ki, cəbhədə bizim belə analar var. Şübhəsiz ki, Azərbaycan qadını həmişə qəhrəman olubdur. Onların cəsarətli olduğunu hamı, o cümlədən mən də bilirəm. Ancaq mən bilmirdim ki, cəbhədə sizin kimi Elmira ana var. Mən sizə təşəkkür edirəm. Bəlkə, bu, gözlənilməz bir qərar olacaq, ancaq mənim bir prezident kimi buna səlahiyyətim var. Mən buradaca sizi respublikamızın ən yüksək ordeni - "Azərbaycan Bayrağı" ordeni ilə təltif edirəm.

Azərbaycanın ulduzları bizim gözümüzün önündən keçdilər. Leyla xanım, Sara xanım, Tükəzban xanım, Firəngiz xanım, Gülxar xanım, Şəfiqə xanım burada əyləşiblər. Mən sizin yaradıcılığınızın həmişə pərəstişkarı olmuşam. Sizi səhnələrdə də görmüşəm, şəxsən də görüşmüşük. Mən həmişə sizinlə fəxr etmişəm. Çox fəxr edirəm ki, siz bu gün bu məclisə də yaraşıq verirsiniz. Hamınızı, xüsusən ulduzlarımızı təbrik edirəm. Leyla xanım, söylədiyiniz xoş arzular üçün təşəkkürümü bildirirəm. Sizinlə üzbəsurət görüşməyimə çox sevinirəm. Çünki adətən sizi ekranlarda görürük. Yəqin ki, sizdə məni bəzən ekranlarda görürsünüz.

Salondan səslər: Biz sizin üçün darıxmışıq.

Heydər Əliyev: Amma mən sizdən ötrü daha çox darıxmışam. Sara xanım, xatirinizdədirsə, sizin yubileyiniz zamanı mən Naxçıvanda idim. Sizə təbrik göndərdim. Çox sevindim. Mən Naxçıvanda blokada şəraitində idim. Mən sizə telefon etdim. Burada sizinlə görüşdüyümə görə çox şadam. Hamınızı görməyimə çox məmnunam.

Burada xarici ölkələrin səfirləri öz xanımları ilə birlikdə iştirak edirlər. Bilmirəm, bu bayram Amerikada, Türkiyədə, İngiltərədə, başqa ölkələrdə qeyd olunur, yoxsa yox? Fərqi yoxdur, onların bu gün burada iştirak etməsi və bu bayramı bizim qadınlarla birlikdə qeyd etmələri çox gözəl haldır. Mən sizin adınızdan və öz adımdan xarici ölkələrin səfirlərinin xanımlarını bizimlə birlikdə olduqlarına görə təbrik edirəm, səfirlərə, diplomatik nümayəndəliklərin başçılarına təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

Bu gün mənim həyəcanlanmağımın səbəbi odur ki, xalqımız çətin, ağır vəziyyətdə, müharibə şəraitində yaşayır - bunların hamısını mən bilirəm, bu çətinliklərə görə qəlbən əzab-əziyyət çəkirəm, çünki bunların hamısına cavabdehəm. Ancaq eyni zamanda sizi şən, xoşbəxt görəndə, bu çətinliklərə baxmayaraq, sizi xoş əhval-ruhiyyədə, nikbin görəndə mən bir daha inamram ki, xalqımız bu çətinliklərin hamısından çıxacaqdır. Bizim qələbəmizin dayağı qadınlardır, qadınlardır, qadınlardır!

Qadınlara hörmət, qadınlara məhəbbət! Qadınlar bizim qəlbimizdədir!

Sağ olun, təbrik edirəm!



AZƏRBAYCAN RESPUBLİKASININ

TEATR XADİMLƏRİNƏ
Əziz teatr xadimləri!
Sizi Azərbaycan Milli Teatr günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycanın teatr xadimləri bütün mütərəqqi fikirli ziyalılarla birlikdə həmişə milli azadlıq hərəkatımızın ön cərgəsində getmiş, xalqın ağır günlərində ona mənəvi dayaq olmuşlar, bu gün də qədim mədəniyyətimizin dünyaya tanıdılmasında böyük işlər görürlər. .

Bu əlamətdar gündə milli teatrımızın çiçəklənməsi, daha da inkişaf etdirilməsi naminə sizin hamınıza cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayıram.
HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

KOPENHAGENDƏ SOSİAL TƏRƏQQİ

NAMİNƏ YÜKSƏK SƏVİYYƏDƏ

ÜMUMDÜNYA GÖRÜŞÜNDƏ ÇIXIŞ
12 mart 1995-ci il
Hörmətli cənab sədr!

Hörmətli dövlət və hökumət başçıları, ümumdünya görüşünün iştirakçıları!

İcazə verin, sosial tərəqqi naminə yüksək səviyyədə ümumdünya görüşünün işi üçün yaradılmış çox gözəl şəraitə görə Danimarka hökumətinə təşəkkür edim. Bu görüşün hazırlanmasında böyük zəhmət çəkdiklərinə görə hazırlıq komitəsinə, şəxsən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə minnətdarlığımı bildirirəm.

Bəşər tarixində ilk dəfədir ki, dünyanın dövlət və hökumət başçıları dünyanın bütün xalqlarının sosial rifahına nail olmaq naminə razılaşdırılmış siyasət yürütmək məqsədi daşıyan məclisə toplaşmışlar. Bu sübut edir ki, bəşəriyyət soyuq müharibə, qlobal hərbi və ideoloji qarşıdurma başa çatandan sonra öz inkişafının yeni, daha yüksək mərhələsinə qədəm qoyur.

İlk dəfədir ki, dünya birliyi insanın harada yaşamasından, hansı irqə və ya dinə mənsub olmasından asılı olmayaraq onun həyatının sosial şəraitinə görə öz kollektiv məsuliyyətini başa düşdüyünü parlaq şəkildə nümayiş etdirir. Hörmətli xanımlar və cənablar!

Öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası demokratik hüquqi dövlət quruculuğu yolu ilə gedir, mükəmməl bazar islahatları həyata keçirir.

Respublikamızda böyük çətinliklərlə müşayiət edilməsi labüd olan bu keçid dövrü Ermənistan tərəfindən hərbi təcavüz, altı ildən çox davam edən müharibə nəticəsində daha da mürəkkəbləşmişdir. Azərbaycanın ərazisinin iyirmi faizindən çoxu işğal olunmuş, həmin ərazidə bütün iqtisadi potensial və sosial infrastruktur dağıdılmışdır. Bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən qovulmuş və indi çadır şəhərciklərində yaşayır, ərzaq, dava-dərman sarıdan korluq çəkir, həyat üçün ən zəruri və ən adi vasitələrə kəskin ehtiyac duyur.

Bu çətin şəraitdə biz respublika vətəndaşlarının sosial müdafiəsi sahəsində mümkün olan bütün tədbirləri görürük. Lakin təcavüzün vurduğu çox böyük iqtisadi zərər Azərbaycanın bütün əhalisinin vəziyyətini son dərəcə pisləşdirmiş, vətəndaşlarımızın böyük bir hissəsinin həyat səviyyəsini kəskin surətdə aşağı salaraq onları yoxsulluq həddinə yuvarlatmışdır.

Bütün bunlar sosial inkişaf vəzifələri ilə dünyada siyasi sabitlik, beynəlxalq hüququn müəyyən edilmiş normalarına, BMT nizamnaməsinə dönmədən əməl olunması məsələləri arasında qırılmaz əlaqəni sübut edir.

Buna görə də dövlət tərəfindən vətəndaşların sosial müdafiəsinə təminat verilməsi dövlətlərin özlərinin suverenliyinin, ərazi bütövlüyünün kənardan təhlükəyə məruz qalmayacağına beynəlxalq təminatlar verilməsi ilə tamamlanmalıdır.

İnsanın sosial müdafiəsinə siyasi, iqtisadi və humanitar cəhətdən vəhdət şəklində beynəlxalq təminat normaları işlənib hazırlanmalıdır.

Bununla əlaqədar olaraq mən Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli məclisinin tribunasından beynəlxalq birliyi Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsində səyləri gücləndirməyə çağırıram.

Biz münaqişəyə ATƏT çərçivəsində son qoyulmasının sülh yolunun tərəfdarı olaraq qalırıq, ATƏT-in Minsk qrupunun fəaliyyətini və Budapeşt Zirvə toplantısının prinsipial qərarlarını müdafiə edirik. Ayrı-ayrı hallarda atəşkəs rejiminin pozulmasına baxmayaraq bundan sonra da bu rejimi saxlamaq niyyətindəyik. Lakin Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə hələ də məhəl qoymur və bu, münaqişənin tamamilə aradan qaldırılması yolunda başlıca maneədir. Beynəlxalq birlik münaqişənin həllində müsbət nəticələr əldə etmək üçün öz yüksək nüfuzundan istifadə edib sülh danışıqları prosesinə təsir göstərməlidir.

Hörmətli xanımlar və cənablar!

Azərbaycan keçid dövrünün və xarici təcavüzun mürəkkəb şəraitində dünya birliyinin əməli köməyinə ehtiyac duyur.

Biz təcavüzdən zərər çəkənlərə humanitar yardım göstərdiklərinə görə Birləşmiş Millətlər Təşkilatına, müxtəlif beynəlxalq təşkilatlara və ayrı-ayrı ölkələrə minnətdarıq. Bununla yanaşı Azərbaycandakı sosial vəziyyət hələ də son dərəcə mürəkkəb olaraq qalır və belə yardımın gücləndirilməsini tələb edir.

Biz aqrar islahatı, dövlət mülkiyyətinin özəlləşdirilməsi və iqtisadiyyatın struktur cəhətdən yenidən qurulması sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsinə başlamışıq.

Biz xarici sərmayə üçün böyük imkanlar açırıq. Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənilməsi sahəsində dünyanın ən iri şirkətlərinin konsorsiumu ilə "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanmışdır.

Bu il Azərbaycanda ilk dəfə olaraq çoxpartiyalı əsasda azad, demokratik parlament seçkiləri keçiriləcəkdir.

Ümid edirəm ki, bu planların həyata keçirilməsi Azərbaycan cəmiyyətinin əsas sosial problemlərini həll etməyə kömək edəcək və bizə sosial inkişaf sahəsində beynəlxalq səylərdə fəal iştirak etməyə, ehtiyacı olan ölkələrə kömək göstərməyə imkan verəcəkdir.

Görüşün iştirakçılarına səmərəli iş arzulayıram və əmin olduğumu bildirirəm ki, bizim qəbul etdiyimiz qərarlar bütün dünyada milyonlarla binəsibin ümidlərini doğruldacaq. XXI əsrdə beynəlxalq sabitliyin, tərəqqinin və inkişafın əsas dayaqlarından birinə çevriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.


MİLLİ TELEVİZİYA VƏ RADİO İLƏ

XALQA MÜRACİƏT
15 mart 1995-ci il
Hörmətli həmvətənlər, bacılar və qardaşlar! Axşamınız xeyir olsun. Bu axşam respublikamızın həyatına aid bəzi mülahizələrimi, fikirlərimi sizinlə bölüşmək üçün bilavasitə televiziya və radio ilə sizə müraciət edirəm.

Xalqımız, respublikamız dövlət müstəqilliyinin dördüncü ilini yaşayır. Bahar gəlir, biz böyük bayram, milli bayramımız olan Novruz ərəfəsindəyik. Şübhəsiz ki, hər bir bayram, şadlıq, sevinc gətirir və güman edirəm, bu Novruz bayramı da xalqımıza, millətimizə sevinc, şadlıq gətirəcəkdir. Ancaq dərdimiz də çoxdur, kədərimiz də böyükdür. Respublikamız altı ildən artıqdır ki, müharibə şəraitində yaşayır. Bu müddətdə itkilərimiz olub, şəhidlər vermişik. Dünən axırıncı çərşənbə axşamı idi, buna xalqımız arasında ilaxırı deyirlər. Bu günlər şəhidlərimizi xatırlayırıq, onların ruhuna dualar oxunur. Sizinlə görüşünün əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü yolunda şəhid olanların hamısının xatirəsini yad edirəm və Tanrıdan onlara rəhmət diləyirəm.

Altı ildən artıq gedən müharibədə xalqımız böyük sınaqlardan çıxmış, ağır mərhələlərdən keçmişdir. İndi də böyük bir sınaq içərisindəyik, böyük bir tarixi mərhələni yaşayırıq. Son vaxtlar, respublikamızın həyatında şübhəsiz ki, müəyyən müsbət dəyişikliklər var, bəlkə də bəzi nailiyyətlər var. Ancaq bunlar azdır. Ümumiyyətlə, respublikamız, onun iqtisadiyyatı ağır sosial böhran içərisindədir. Bir milyondan artıq qaçqın, nıüharibədə əlil olmuş adamlar, iqtisadi-sosial böhran nəticəsində ağır iqtisadi vəziyyətdə yaşayanlar - bunlar hamısı bizi, Şəxsən bir Prezident kimi məni narahat edir, ağrıdır, eyni zamanda bütün bu problemlərin həll olunması üçün daha da ciddi fəaliyyət göstərməyə dəvət edir.

Bütün bu həyatımızın içərisində mühüm hadisələrdən biri ondan ibarətdir ki, on aydan artıqdır atəşin kəsilməsinə və onun pozulmamasına nail olmuşuq. On aydan artıqdır ki, cəbhədə atəş yoxdur, qan tökülmür, şəhidlər verilmir, matəmlərin arası kəsilmişdir. Güman edirəm ki, 1988-ci ildən başlayan və indiyə qədər davam edən müharibədə ilk dəfə belə bir uzunmüddətli sülh xalqımız üçün böyük qənimətdir. Biz bu fürsətdən, müddətdən səmərəli istifadə etməyə çalışırıq. Məqsədimiz də ondan ibarətdir ki, müharibəyə danışıqlar yolu ilə son qoyaq, işğal olunmuş torpaqlarımızı sülh yolu ilə azad edək, respublikamızın ərazi bütövlüyünü təmin edək. Bunları indi bir daha, təkrarən, geniş surətdə sizə çatdırmağa ehtiyac yoxdur. Məhz apardığımız məqsədyönlü, ciddi, prinsipial siyasət nəticəsində, xüsusən xarici siyasət sayəsində, Ermənistanla münasibətlərimiz barəsində apardığımız konstruktiv, eyni zamanda prinsipial siyasət nəticəsində atəşkəsə nail olmuşuq və məsələnin sülh yolu ilə həlli üçün bir çox yeni nailiyyətlər əldə

etmişik.

Xatirinizdədir, keçən ilin dekabrında Budapeşt Zirvə görüşündə Azərbaycanın həyatı üçün çox böyük tarixi əhəmiyyəti olan bir qətnamə qəbul olundu. Bu, Ermənistan - Azərbaycan münaqişəsinin dayandırılması üçün ATƏT-in çoxmilli beynəlxalq sülhü mühafizə qüvvələrinin yaranması, Minsk qrupunun fəaliyyətinin daha da artırılması, Minsk qrupunun iki sədrinin seçilməsi və bunların vasitəsilə də Böyük Sülh Müqaviləsinin hazırlanıb həyata keçirilməsi barədədir. Keçən ilin dekabrından indiyə qədər bu sahədə çox iş görülmüşdur. Görüşlər, danışıqlar, müzakirələr olmuşdur. Bu günlərdə Stokholmda, Vyanada Minsk qrupunun görüşləri olacaqdır. Bizim nümayəndələr orada iştirak edir, iş görürlər. Böyük dövlətlərin başçıları, onların nümayəndələri ilə, diplomatik missiyaların rəhbərləri ilə mütəmadi olaraq danışıqlar aparırıq. Bunlar hamısı sizə məlumdur, bu barədə vaxtaşırı məlumat alırsınız.

Bildiyiniz kimi son günlərdə mən Danimarkanın Kopenhagen şəhərində oldum. Orada bu gün üçün və dünyanın, bəşəriyyətin gələcəyi üçün əhəmiyyətli bir toplantı keçirildi. Dünyanın sosial problemlərinin həlli ilə bağlı Birləşmiş Millətlər Təşkilatının keçirdiyi bu Zirvə görüşündə bütün ölkələrin dövlət və hökumət başçıları iştirak edirdi. Birləşmiş Millətlər Təşkilatının əlli illik tarixində bu səviyyədə və bütün dünya üçün hər bir vətəndaş, xalq üçün mühüm olan belə bir tədbir keçirilməmişdi. Bu tədbirdə mən də iştirak etdim, Azərbaycan xalqının sözlərini o böyük məclisin tribunasından dünyaya bildirdim, Azərbaycanın bugünkü vəziyyətini, bizim tələblərimizi, xahişlərimizi bəyan etdim. Orada dövlət rəhbərləri, hökumət başçıları ilə bir çox görüşlər oldu. Bunlar mətbuatdan sizə məlumdur. Bu görüşlərin məqsədi birinci növbədə Azərbaycanın beynəlxalq aləmdə mövqelərini möhkəmləndirmək, Azərbaycan həqiqətini dünya ölkələrinin rəhbərlərinə bilavasitə çatdırmaq, ölkəmizi tanıtmaq, onun bugünkü imkanlarını bir daha bildirmək və bunların əsasında Azərbaycanla dünya ölkələri arasında əlaqələri inkişaf etdirmək və möhkəmləndirmək, Azərbaycanı dünyaya daha da geniş açmaqdan ibarət idi. Güman edirəm ki, mənim orada olan görüşlərim, danışıqlarım, söhbətlərim bu istiqamətdə apardığımız siyasətdə yeni bir addımdır və bunun da müsbət nəticələri mütləq olacaqdır. Mən buna ümidvaram.

Şübhəsiz ki, bu görüşlərdə, danışıqlarda yenə də əsas mövzu Azərbaycanın müharibə vəziyyətindən çıxarılması, Ermənistanla Azərbaycan arasında olan münaqişəyə son qoyulması, Ermənistanın Azərbaycana qarşı təcavüzünə bizim etirazımız idi. Dünyaya bir daha bildirdik ki, Ermənistan Azərbaycana təcavüz edib, torpaqlarımızın bir qismini işğal edib, Azərbaycanın bir milyondan artıq vətəndaşını qaçqın, didərgin vəziyyətinə salmışdır. Hesab edirəm ki, həmin görüşlərdə bütün imkanlardan istifadə edərək bunları dünya ictimaiyyətinə çatdıra bildim.

Martın 12-dən 13-nə keçən gecə mən oradan qayıtdım və 13-də Pakistana yola düşməli idim. Bu günlərdə İslamabadda da bizim üçün çox əhəmiyyətli olan bir toplantı - on müsəlman ölkəsi başçılarının görüşü keçirilir. Bu, iqtisadiyyatla əlaqədar ənənəvi bir görüşdür. Mən həmin görüşə getməli idim, orada deyiləsi sözlərimiz, müzakirə olunacaq məsələlər var idi. Təəssüf ki, respublikamızda yaranmış vəziyyət - bir qədər sonra bu barədə öz fikirlərimi deyəcəyəm - məni bu səfərdən məhrum etdi. Çox təəssüf. Çünki İslamabad toplantısı respublikamız üçün çox əhəmiyyətli bir Zirvə görüşüdür. Lakin nümayəndə heyətimiz orada iştirak edir.

1995-ci ilin birinci rübü başa çatır. Bu müddətdə gördüyümüz işlər təkcə Dağlıq Qarabağ ilə, yaxud Ermənistanla Azərbaycan arasındakı münaqişə ilə, Azərbaycanın müharibə şəraitindən çıxarılması ilə əlaqədar deyildir. Hesab edirəm ki, başqa sahələrdə də bizim fəaliyyətimiz çox ciddi, çox sürətlə gedir. Mən bu ilin əvvəlində demişəm ki, 1995-ci il Azərbaycan üçün çox böyük dəyişikliklər ili olmalıdır. Biz bu il iqtisadiyyatda, dövlət quruculuğunda, cəmiyyətdə demokratik prinsiplərin hamısının tam qətiyyətlə həyata keçirilməsinə nail olmalıyıq. Dövlət quruculuğunun bütün sahələrində islahatlar keçirməli, respublikamızı demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə daha sürətlə irəli aparmalıyıq.

Bu sahədə bəzi işlər görülmüşdür və onlar göz qabağındadır. Bildiyiniz kimi, bizim məqsədimiz iqtisadiyyatı bazar münasibətləri yolu ilə aparmaqdır. Şübhəsiz ki, bu, asan məsələ deyil. Yetmiş ildən artıq müddətdə sosialist sistemi əsasında qurulmuş iqtisadiyyatı dəyişdirmək, bazar iqtisadiyyatı yolu ilə aparmaq çətin bir məsələdir. Bu, bir günün, bir ayın işi deyildir. Artıq bir neçə ildir ki, bu proses davam edir, ancaq hələ bir nailiyyət yoxdur. Lakin mənə belə gəlir ki, nailiyyətlər uzaqda deyil, biz bunlara çatacağıq. Ona görə də biz iqtisadi islahatlar aparmalıyıq.

Bu baxımdan bir çox işlər görülmüşdür. Bilirsiniz ki, bir neçə ay müddətində respublikanın aqrar bölməsində - kənd təsərrüfatında islahatlar aparılması məsələsini müzakirə etdik. Komissiyalar yarandı, yerlərdə müzakirələr oldu, ümumrespublika müşavirəsi keçirildi. Qanun layihələri hazırlandı, mən onlara dəfələrlə baxdım, komissiyalarla məsləhətləşmələr aparıldı. Nəhayət, mən iki böyük qanun layihəsini Milli Məclisə təqdim etdim, onlar qəbul olundu. Mən həmin qanunları təsdiq etmişəm və onlar işləməyə başlamışdır. Aqrar islahatın əsasları, kolxoz və sovxozların islahatı haqqında bu qanunların həyata keçirilməsi üçün dövlət komissiyası yaradılmışdır və artıq fəaliyyət göstərir. Kənd təsərrüfatı rayonlarında rayon komissiyaları, kəndlərdə kənd komissiyaları yaradılır. Aqrar islahat artıq praktiki şəkildə həyata keçirilir və güman edirəm ki, bu bizə böyük nailiyyətlər gətirəcəkdir.

Bazar iqtisadiyyatına keçmək üçün maliyyə məsələlərinin də tənzimlənməsi lazımdır. Bilirsiniz ki, qiymətlərin sərbəstləşdirilməsi, valyuta tənzimlənməsi, maliyyə işlərinin dünya standartlarına, bazar iqtisadiyyatına uyğun olaraq qurulması sahəsində bir sıra fərmanlar vermişəm. Burada bizim çox çətinliklərimiz olmuşdur. Məlumdur ki, 1994-cü ilin son aylarında böyük inflyasiyaya uğradıq. Bu da təsadüfi deyildi. Görülən tədbirlər təbii olaraq belə vəziyyət yaratmalı idi. İkinci tərəfdən isə buna təxribat səbəb oldu. Ölkəmiz təkcə Ermənistanın hərbi təcavüzü ilə qarşılaşmamışdı. Bizə qarşı hər tərəfdən təxribat edən qüvvələr var: daxildə də, xaricdə də; iqtisadiyyatda da, ictimai-siyasi həyatımızda da. Bunların hamısını gördük, qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirdik. Bu gün məmnuniyyət hissi ilə qeyd edə bilərəm ki, artıq maliyyə sistemində müəyyən sabitlik yaranır. Üç aydan artıqdır ki, manatın dollara, yəni dönərli valyutaya nisbətən məzənnəsi sabitdir. Bu gün maliyyə naziri mənə məlumat verdi ki, son bir həftədə manatın məzənnəsi dollara nisbətən hətta 80 manat artmışdır, yəni manat möhkəmlənir. Bunlar iqtisadiyyatımızda baş verən cox mühüm və hesab edirəm ki, müsbət hadisələrdir.

Ancaq bu, işimizin başlanğıcıdır. Biz bu yolla getməliyik. Bundan ötrü isə bütün sahələrdə islahatlar aparılmalıdır. İslahatlar da özəlləşdirmə yolu ilə aparılmalıdır. Bilirsiniz ki, biz bu barədə komissiya yaratmışıq. Mən Əmlak Komitəsinin rəhbərliyini dəyişdirmişəm, oranı möhkəmləndirmişəm. Əmlak Komitəsinin sədri eyni zamanda baş nazirin müavini təyin olunmuşdur ki, bu sahə daha da güclənsin. İş gedir, onlar müəyyən layihələr təqdim ediblər. Martın 7-də geniş müşavirə keçirdik və demək olar, səkkiz saat ərzində bu məsələni müzakirə etdik. Xahiş etdim ki, televiziya, mətbuat vasitəsilə bu müşavirə, müzakirə bütün ictimaiyyətə çatdırılsın, hamı bilsin. Çünki dövlət mülkiyyətinin xüsusi mülkiyyətə çevrilməsindən, mülkiyyət formasının dəyişilməsindən söhbət gedir. İndi dövlətin əlində olan mülkiyyət, bu iqtisadi potensial xalqın zəhməti, vəsaiti ilə yaranmışdır, xalqa məxsusdur. Ona görə də özəlləşdirmə elə getməlidir ki, xalq bundan bəhrələnsin, hər bir vətəndaş öz payını götürə bilsin və bu iqtisadiyyatımızda böyük inkişafın əsasını qoysun, onu dünya iqtisadiyyatına bağlaya bilsin, biz dünya iqtisadiyyatında layiqli yerimizi tuta bilək.

Mən hesab edirəm ki, martın 7- də keçirilən müşavirə bu sahədə çox önəmli bir yer tutur. Mən yaranmış komissiyaya bir ay möhlət verdim və o, bu müddət ərzində özəlləşdirmə proqramını hazırlayıb təqdim etməlidir. Həmin proqram təqdim olunan kimi baxılıb Milli Məclisin müzakirəsinə veriləcək, sonra isə mənim tərəfimdən təsdiq ediləcək və həyata keçiriləcəkdir. Güman edirəm ki, biz bu yolla cürətlə, cəsarətlə və tam inamla gedirik və gedəcəyik. Ancaq mənim mövqeyim ondan ibarətdir ki, bu özəlləşdirmə, bu islahatlar elə getsin ki, hər bir vətəndaş bundan mənfəət götürsün, ümumi mülkiyyətdən öz xüsusi mülkiyyəti üçün payını ala bilsin. Əmin ola bilərsiniz ki, bir prezident kimi mən bunu təmin edəcəyəm və hər bir vətəndaşın hüquqlarının qorunması keşiyində indiyə qədər dayandığım kimi bundan sonra da dayanacağam.

Ancaq bizim həyatımızda ciddi dəyişikliklər yaratmaq, demokratiyanı daha sürətlə inkişaf etdirmək üçün ictimai-siyasi tədbirlər də görülməlidir. Mən qeyd etdim, dövlət quruculuğu sahəsində biz bir çox işlər görürük və görməliyik. Bunlardan ən başlıcası demokratik əsasda yeni parlament seçkilərinin keçirilməsidir. Mən hesab edirəm ki, bu il sentyabr, yaxud oktyabr ayında Azərbaycan Respublikasının yeni parlamentinə seçkilər keçirilməlidir. Seçkilərin tam demokratik şəraitdə keçirilməsi üçün əsas şərait yaradılmalıdır. Bunu isə şübhəsiz ki, seçkilər haqqında qanun yarada biləcəkdir. Hesab edirəm ki, əlimizdə olan layihə daha da təkmilləşdirilməlidir. Biz gərək ümumxalq müzakirəsinə elə bir layihə təqdim edək ki, o respublikamızda həqiqi demokratiyanın bərqərar olması üçün yaxşı zəmin, yaxşı əsas yaratsın. Mənim mövqeyim bundan ibarətdir və onu həyata keçirmək üçün bütün imkanlardan istifadə edəcəyəm.

Bir sözlə, bu yaxınlarda seçki qanunu müzakirəyə veriləcək, seçkilərə hazırlıq gedəcək və payızda Azərbaycan Respublikasının parlamentinə yeni, demokratik seçkilər keçiriləcəkdir. Şübhəsiz ki, seçkilərdə bütün partiyaların, hər bir vətəndaşın sərbəst iştirak etməsinə şərait yaradılacaqdır. Mən öz tərəfimdən bu gün bunu bəyan edirəm və bütün imkanlarımdan istifadə edəcəyəm ki, hər bir vətəndaş seçmək və seçilmək hüququndan sərbəst istifadə edə bilsin. Şübhəsiz ki, biz seçkiləri bütün dünya ictimaiyyəti qarşısında açıq-aşkar keçirəcəyik. Beynəlxalq təşkilatlardan bizə müraciətlər olmuşdur və biz də onlara müraciət etmişik. Onlar, habelə demokratiya sahəsində böyük nailiyyətləri olan ayrı-ayrı dövlətlər bizə kömək edəcəklər. Biz bu köməkdən istifadə edərək müşahidəçilər dəvət edib seçkiləri keçirəcəyik.

Respublikamızın demokratiya yolu ilə getməsi üçün ölkəmizə yeni, demokratik konstitusiya lazımdır.

Bildiyiniz kimi, konstitusiya komissiyası yaradılmışdır və mən onun sədriyəm. Konstitusiyanın layihələri hazırlanır və artıq bəzi layihələr var. Güman edirəm ki, yaxın vaxtlarda konstitusiya komissiyası bu layihələrə baxacaq, respublikamızın həm milli ənənələrinə, həm tarixi ənənələrinə, həm bugünkü vəziyyətinə, həm də yaxın gələcəyinə, uzaq gələcəyinə uyğun olan layihə ümumxalq müzakirəsinə veriləcəkdir. Əminəm ki, xalqımız müdriklik göstərəcək, hərə öz səyini əsirgəməyəcəkdir və biz tariximizdə ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının demokratik konstitusiyasını qəbul edəcəyik. Bu da bu il görəcəyimiz böyük işlərdən biridir.

Başqa işlər də var. Şübhəsiz ki, digər sahələrdə də islahatlar aparılmalı - məhkəmə islahatı keçirilməli, təhsil qanunu qəbul edilmişdir, bu sahədə bəzi islahatlar keçirilməlidir və s. Biz bunların hamısının üzərində işləyirik və bundan sonra da işləyəcəyik.

Bunlarla yanaşı biz 1994-cü ildə və bu ilin ötən aylarında çox fəal xarici siyasət aparmışıq. Dünyanın ən böyük dövlətləri ilə sıx əlaqələr yaratmışıq, müqavilələr, ayrı-ayrı sazişlər imzalamışıq. Böyük dövlətlərin, demək olar, hamısının başçıları ilə mənim şəxsi görüşlərim, rəsmi səfərlərim, beynəlxalq təşkilatlarda görüşlərim olmuşdur. Bunlar hamısı respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirmişdir. Kopenhagendə olan son görüşlərim haqqında da sizə məlumat verdim. Bu işlər gələcəkdə də davam edəcəkdir. Mən bir çox ölkələrdən dəvətlər almışam, bir çox dövlətlərin başçılarını Azərbaycana dəvət etmişəm. Biz bu sahədə də böyük işlər görəcəyik və mənə belə gəlir ki, bunlar beynəlxalq aləmdə Azərbaycanın mövqelərini möhkəmləndirəcəkdir.

İqtisadiyyatda daxili imkanlardan istifadə etmək, istehsalı qaldırmaq, iqtisadi potensialı hərəkətə gətirmək tədbirləri, şübhəsiz, zəruridir və biz bu sahədə işləyirik. Ancaq çətinliklərimizin üzərinə çətinlik gəlir. Müharibə bizə bir çətinlik yaratmışdır, bir milyondan artıq qaçqın Azərbaycana digər çətinlik yaratmışdır. Bu tərəfdən də altı-yeddi aydır ki, Rusiya ilə dəmir yolu, avtomobil yolu bağlanmışdır. Hava yolu, dəniz yolu da bağlanmışdır. Rusiya ilə sərhədimiz də bağlanmışdır. Mən məlumat vermişdim ki, Rusiya ilə sərhədimizin bağlanması bizə çox böyük iqtisadi zərər vurur. Çünki bizim iqtisadiyyatımız Rusiya və Rusiya ərazisi ilə, MDB-nin başqa ölkələri ilə, Avropa ölkələri ilə bağlıdır. İqtisadiyyatımız həmin ölkələrin sənayesi, ümumən iqtisadiyyatı ilə çox inteqrasiyadadır. İndi bu əlaqələr qırılmışdır. Bunları hərəkətə gətirmək üçün bizə yol, kommunikasiya lazımdır.

Əvvəllər dediyim kimi, Almatı görüşü zamanı mən bu barədə Rusiyanın prezidenti cənab Boris Yeltsinə müraciət etmişdim. Kopenhagendə olarkən Rusiyanın baş naziri cənab Viktor Çernomırdinlə görüşdüm. Onunla ümumən, o cümlədən sərhədin tezliklə açılması haqqında ətraflı söhbət etdim. Bu gün mənə məlumat verdilər ki, oradan qayıtdıqdan sonra cənab Çernomırdin öz müavinlərinə müvafiq göstərişlər vermişdir. Biz əlaqəyə girmişik və bu məsələlərin həlli üçün lazımi tədbirlər görürük. Amma eyni zamanda daxili imkanlarımızdan istifadə edərək, şübhəsiz ki, beynəlxalq təşkilatların imkanlarından da istifadə etməyə çalışırıq.

Bu baxımdan Avropa Şurasının Azərbaycana indiyə qədər etdiyi və bundan sonra edəcəyi kömək çox əhəmiyyətlidir. Bu da ondan ibarətdir ki, biz Avropa Şurasından 300 min ton taxıl, un göndərilməsi haqqında qərar almışıq. Bunun bir qismi göndərilmişdir. Mən sizə açıq deyə bilərəm ki, indi respublikamızın çörək təminatı əsasən Avropa Şurasından alınan buğdanın, unun hesabınadır. Həmin taxılın, unun qalan hissəsi də göndəriləcəkdir. Bundan əlavə, Avropa Şurasından iki min tonadək yağ, 2500 tona qədər ət gəlmişdir. Bunlar hamısı respublikanın təchizatına yönəldilmişdir. Bütün bunlar Avropa Şurasının respublikaya maddi yardımıdır, əvəzsiz yardımıdır. Eyni zamanda Avropa Şurası respublikamıza təxminən 80 milyon dollar kredit ayırmışdır. Həmin kredit hesabına təxminən 25 milyon dollar dəyərində dava-dərman almışıq və bunlar respublikamıza gəlir. Kreditin bir hissəsini taxıl və başqa ərzaq məhsulları alınmasına yönəltmişik. Bunlar da Azərbaycana gətirilir. Bütün bunlar respublikanın iqtisadiyyatına köməkdir. Şübhəsiz ki, dünyanın humanitar təşkilatları mütəmadi olaraq bizim qaçqınlara kömək edirlər. Bu işlə məşğul olmaq üçün xüsusi olaraq baş nazirin bir müavinini təyin etmişəm. İzzət Rüstəmov bu məsələlərlə ciddi məşğul olur. Beynəlxalq təşkilatlardan bundan sonra da kömək gələcəkdir.

Biz Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə geniş əməkdaşlıq edirik. Bazar iqtisadiyyatına keçməyimizə, islahatlar aparmağımıza kömək göstərəcəkləri barədə onların bəyanatları var. Onlar müəyyən şərtlər də irəli sürmüşlər və biz bunları həyata keçirmişik. Mən özüm həm Davosda olarkən, həm də keçən il İngiltərəyə səfərim zamanı, Nyu-Yorkda olarkən həm Avropa Yenidənqurma və İnkişaf Bankının, həm də Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun rəhbərləri ilə danışıqlar aparmışam. Onların nümayəndələri Azərbaycana gəlmiş və biz görüşmüşük. Bunların nəticəsində Beynəlxalq Valyuta Fondu Azərbaycana kredit verməyi qərara almışdır. Güman edirəm ki, artıq aprel ayında Azərbaycana 70 milyon dollardan çox kredit veriləcəkdir. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı Yenikənd su elektrik stansiyasının tikintisi üçün 60 milyon dollardan artıq, Bakının su təchizatından ötrü 40 milyon dollardan çox kredit ayrılması haqqında qərar qəbul etmişdir. Şübhəsiz ki, bunların hamısı Azərbaycanın iqtisadi-sosial problemlərinin həlli üçün atılan addımlar, gördüyümüz işlərin nəticəsidir və gələcək üçün də böyük bir zəmin, əsas yaradır. Biz bu istiqamətdə hərəkət edirik yə edəcəyik.

Ötən il sentyabrın 20-də imzalanmış neft müqaviləsi fəaliyyətdədir. Neft şirkətləri konsorsiumu bu il üçün yüz milyon dollardan artıq vəsait ayırmışdır və onlar artıq işə başlayırlar. Mən Kopenhagenə getməkdən öncə konsorsiumun rəhbəri cənab Terri Adamsla görüşdüm. O mənə dedi ki, biz gözlədiyimizdən də çox nailiyyətlər əldə edirik. Məsələn "Çıraq" yatağında bizim bir platformamız var, onun istifadə ohmması konsorsiumla imzalanmış müqaviləyə daxil edilmişdir. 18 ay müddətində ondan istifadə edilərək oradan ilk neftin çrxarılması nəzərdə tutulmuşdur. Lakin görülən işlər göstərir ki, biz orada bundan xeyli əvvəl neft çıxaracağıq. Yəni müqavilə artıq fəaliyyətdədir, konsorsiumun iştirakçıları bu işə həvəslə girişmişlər. Düzdür, bu müqavilə bizə çox baha oturdu: itkilər də verdik, bizə çox təzyiqlər də oldu. Təzyiqlərə davam gətirdik, indi də davam gətiririk. Təzyiqlər bu gün də var, ancaq neft müqaviləsi işləyir və işləyəcək, Azərbaycanın həm yaxın, həm də uzaq gələcəyi üçün çox böyük mənfəət verəcəkdir.

Ancaq Xəzər dənizinin Azərbaycana aid hissəsində daha bir neçə zəngin yatağımız var: "Şahdəniz", "Qarabağ", "Naxçıvan" yataqları və sairə. Artıq dünyanın ən böyük neft şirkətləri Azərbaycana üz tutur, onların prezidentləri dalbadal ölkəmizə gəlirlər. Mənimlə görüşürlər, görüşmək istəyirlər. Davosda, Budapeştdə, Kopenhagendə olanda da mənimlə görüşmək istədilər. Onlar bizimlə əməkdaşlığa can atırlar. Yəni dünyanın böyük şirkətlərinin Azərbaycana etibarı, inamı artmışdır. Onlar bizimlə əməkdaşlıq etmək istəyirlər və biz də bu əməkdaşlığı edirik. Dediyim həmin neft yataqlarından birgə istifadə olunması üçün danışıqlar gedir. Güman edirəm ki, yeni müqavilələr bağlanacaq və bunlar hamısı Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük imkanlar yaradacaqdır.

İndi neft müqaviləsindən alınan ilkin bonusdan valyutanın tənzimlənməsi üçün istifadə olunması iqtisadiyyatımız üçün böyük bir dayaqdır. Yəni həyatımızın çətinlikləri ilə yanaşı, bu günümüz, gələcəyimiz üçün, necə deyərlər, müsbət işlərimiz də göz qabağındadır. Bu işlər bu gün də, sabah da həyata keçiriləcəkdir. Tam əminəm ki, biz bu ağır vəziyyətdən çıxacaq, Böyük Sülh Müqaviləsinə nail olacağıq. Tam əminəm ki, torpaqlarımızın hamısını geriyə qaytaracağıq, qaçqınlarımız öz yerlərinə qayıdacaqlar.

Ancaq təəssüflər olsun ki, biz bütün bu çətinliklər içərisində yaşayaraq ağır problemləri həll edərkən həm xaricdən, həm də daxildən təxribatlarla rastlaşırıq. Xaricdən bizə qarşı cürbəcür təzyiqlər var. Ən böyük təzyiq ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyini laxlatmaq, onu necə deyərlər, müəyyən qədər azaltmaq istəyirlər. Mən dəfələrlə demişəm və bu gün vətəndaşlarımın, xalqımın qarşısında bir daha deyirəm ki, prezident kimi Azərbaycanın müstəqilliyinin qorunmasını bu günə qədər təmin etdiyim kimi bundan sonra da təmin edəcəyəm. Böyük-kiçikliyindən asılı olmayaraq heç bir dövlət Azərbaycanın müstəqilliyini dayandırmaq üçün göstərdiyi təzyiqdən heç bir nəticə əldə etməyəcəkdir. Çünki mən Azərbaycan xalqının iradəsinə arxayınam və özümün də iradəmə əsaslanıram. Özümün də iradəm budur ki, Azərbaycan xalqı daim müstəqil dövlət çərçivəsində yaşamalıdır, öz taleyinin sahibi olmalıdır və taleyini özü həll etməlidir. Azərbaycanın təbii sərvətləri, təbiəti, Azərbaycan xalqının intellektual imkanları, respublikamızın iqtisadi potensialı ölkəmizin müstəqil yaşamağına imkan verir. Ona görə də biz bu müstəqilliyi qoruyub saxlayacağıq.

Müstəqilliyimizə qarşı olan təzyiqlər təkcə ayrı-ayrı dairələrin təzyiqi deyil. Təəssüf ki, Azərbaycanın öz içərisindən çıxan adamların, vəzifə hərislərinin də müstəqilliyimizə zərbə vurmaq cəhdlərinin şahidisiniz. Keçən il oktyabrın 4-də dövlət çevrilişi etmək istəyən adamlar, həbsxanadan qaçanlar Moskvada toplaşmışlar. Əvvəl qaçanlar da oradadırlar. Mən, Moskvanı günahlandırmıram. Bu işdə Rusiyanı da günahlandırmıram. Sadəcə olaraq onların toplaşdıqları yeri deyirəm. Onlar Azərbaycan haqqında düşünmürlər, şəxsi məqsədlərinə nail olmaq üçün Azərbaycanı qurban verməyə hazır olduqlarını bildirirlər. Bu, mətbuatdan məlumdur. Son günlər Mütəllibovla Surət Hüseynov "Arqumentı i faktı" qəzetində əl-ələ verərək bəyanat verirlər ki, guya onlar vətəndaş ittifaqı yaratmışlar. Bu bir daha göstərir ki, Azərbaycanın müstəqilliyi onlar üçün heç bir şeydir, şəxsi məqsədlərinə nail olmaq üçün hansı dövlətə, hökumətə, hansı dairəyə istəsən söz verirlər. Belə quvvələr var, onlar Azərbaycanda sabitliyi pozmaq istəyirlər.

Bəli, ayrı-ayrı ölkələrdə bizə düşmən olan dairələr Ermənistanın bizə qarşı təcavüzünü daha da gücləndirmək üçün, Azərbaycanı parçalamaq, dağıtmaq üçün cəhdlər göstərirlər. Dövlət dairələrində, ayrı-ayrı ictimai dairələrdə, siyasi dairələrdə belə cəhdlər göstərirlər. Təəssüf ki, Azərbaycandan olan, onun hüdudlarından kənarda yaşayanlar da, daxildə yaşayanlar da onlara rəvac, dəstək verirlər. Bütün bu mühafizəkar qüvvələr, Azərbaycanın müstəqilliyinə təcavüz etmək əzmində olan bütün bu qüvvələr birləşirlər. Çünki görürlər ki, Azərbaycan artıq dördüncü ildir müstəqil dövlət kimi yaşayır, bütün bu təzyiqlərə sinə gərir və möhkəm dayanmışdır. Onlar Azərbaycan xalqının iradəsini görürlər. Ona görə də içəridən dağıtmaq istəyirlər, cürbəcür qüvvələri hərəkətə gətirirlər. Görürlər ki, əgər tutduğumuz proqram bu il həyata keçirilərsə, iqtisadiyyatda böyük dəyişikliklər əmələ gələcək, xalqın rifahı yaxşılaşacaq, demokratiya yolu ilə daha da irəliyə gedəcəyik, iqtisadi islahatlar, seçkilər keçiriləcəkdir, yeni, əminəm ki, demokratik parlament yaranacaqdır. Azərbaycanın xoşbəxt gələcəyi üçün böyük bir sənəd olan yeni konstitusiya qəbul olunacaqdır.

Bunlara mane olmaq istəyən qüvvələr var. Həm xaricdəki, həm də daxildəki qüvvələr bundan ötrü cürbəcür çirkin yollara əl atırlar. Oktyabrın əvvəlində çevriliş etmək istədilər, baş tutmadı. Ondan sonra yenə də niyyətlərindən əl çəkmədilər. Qəzetlərdə yazırlar ki, nə bilim, on gündən sonra orada çevriliş olacaq, on beş gündən sonra burada çevriliş olacaq, Novruz bayramında, ondan əvvəl, ondan sonra çevriliş olacaq və sairə. Təəssüf ki, daxildəki ayrı-ayrı müxalifət qüvvələri də bunlardan istifadə edirlər. Anlamırlar ki, əgər Azərbaycanın müstəqilliyi əldən getsə, respublika dağılsa onlar özləri bundan da pis vəziyyətə düşəcəklər. Təəssüf ki, bunu anlamırlar. Ona görə də daxildə ictimai-siyasi sabitliyi pozmaq istəyirlər. Bəli, dünyanın iqtisadi mərkəzləri, maliyyə mərkəzləri, böyük ölkələri, böyük şirkətləri Azərbaycana üz tutmuşlar. Azərbaycana investisiya gəlir, Azərbaycan yüksələ, inkişaf edə bilər. Bunun qarşısını almaq, bunu pozmaq istəyirlər. Bundan ötrü də daxili sabitliyi pozmağa çalışırlar. Bəli, əgər ictimai-siyasi sabitlik pozularsa, həmin şirkətlər buraya investisiya qoymayacaq, gəlib bizimlə əməkdaşlıq etməyəcəklər. Çünki gərək onların ümidi, inamı olsun ki, bir il, beş il, on il yox, iyirmi, otuz, əlli il burada fəaliyyət göstərəcək və bizimlə müştərək işləyərək mənfəət götürəcəklər. Bu, təbiidir, dünya iqtisadiyyatının qanunudur.

Ona görə də bizə düşmən olan qüvvələr artıq 1995-ci ildə üfüqdə sezilən dəyişiklikləri görüb vahiməyə düşmüşlər və həmin dəyişiklikləri pozmaq üçün cürbəcür çirkin yollara əl atır, ictimai-siyasi sabitliyi pozmaq istəyirlər. Ancaq mən əminəm, inanıram ki, xalqımız buna yol verməyəcəkdir. Dözümlü xalqımız - bu isə onun ən yüksək mənəvi keyfiyyətlərindən biridir - nə qədər ağır vəziyyətdə yaşasa da buna yol verməyəcəkdir. Mən buna əminəm, inamram ki, bizim sağlam qüvvələrimiz buna yol verməyəcək, biz tutduğumuz yolla gedəcək və bu məqsədlərə nail olacağıq.

Amma eyni zamanda bilmək lazımdır və mən bu gün açıq demək istəyirəm ki, bəzi qüvələr həddindən artıq cızığından çıxmışlar, həddən artıq cinayət edir və daxildə ictimai-siyasi vəziyyəti pozmaq istəyirlər. Mən bir-iki saat əvvəl Amerika Birləşmiş Ştatlarının səfirini onun xahişi ilə qəbul etdim. O da narahatdır. Deyir ki, bəli, siz böyük çətinliklə Ermənistanla sülh yaratmaq istəyirsiniz, biz də bunu istəyirik, sizə kömək edirik. İstəyirik ki, burada sülh, əmin-amanlıq olsun. Ancaq sabitlik pozulsa, şübhəsiz ki, bütün bunlar baş tutmayacaqdır. Aydındır, mən də belə fikirdəyəm, Amerika Birləşmiş Ştatları da bu fikirdədir, onun nümayəndəsi də bunu mənə deyir.

Təəssüf ki, bəzi qüvvələr bunların heç birisini nəzərə almırlar. Ancaq öz məqsədləri, qazancları, çirkin niyyətləri, nəyin bahasına olursa-olsun vəzifə tutmaq barədə düşünürlər. Onlar dağıtmağa, parçalamağa doğru aparırlar, başqa mənəviyyatla yaşayırlar, xalqın mənəviyyatı ilə yaşamırlar. Ona görə də mən bu gün hər şeyi açıq-aydın demək istəyirəm.

Bəzi qüvvələr baş qaldırır və son günlər respublikada sabitliyi pozmağa çalışırlar. Qabaqda gedən guya Rövşən və Mahir Cavadov qardaşlarıdır. Onlar Xiisusi Təyinatlı Polis Dəstəsindən istifadə edirlər. Bir dəfə bundan istifadə etməyə çalışdılar. Bəzi qüvvələrin əlində alət oldular. Bir az başa düşdülər, bir az da biz onları bağışladıq. Ancaq indi yenə baş qal

dırmışlar. Nə üçün, nə istəyirlər? Açıq demək istəyirəm ki, 1994-cü il oktyabrın əvvəlində dövlət çevrilişinə cəhd göstərən qüvvələrin biri də Rövşən Cavadov olmuşdur. O, Xüsusi Təyinatlı Polis Dəstəsinin bəzi adamlarını ələ keçirərək Surət Hüseynovla birlikdə hərəkət etmişlər. Dövlət çevrilişi də məhz oradan başlandı. Gəlib prokurorluğu tutdular, qanunsuz hərəkətlər etdilər. Respublika prokurorunu döydülər, prokurorluğun binasını dağıtdılar, cinayət etdilər.

Ondan sonra çevrilişin ikinci mərhələsi başlandı. Lakin mən xalqa müraciət etdim. Xalq Prezident Aparatının qarşısına toplaşdı. Rövşən Cavadov başa düşdü ki, o uduzmuşdur, bir şeyə nail ola bilməyəcək. İki gün idi ki, onunla danışıq aparılırdı. Mən onunla hər şeyi danışdım. Mən bu məsələni sülh yolu ilə həll etmək istəyirdim. O, danışıq aparmaq üçün hər gün söz verirdi, lakin gəlmirdi. Ancaq xalq bura toplaşanda o, özü çıxıb buraya gəldi və bəyan etdi ki, o da Azərbaycanın dövlətçiliyinin tərəfdarıdır, respublikanın prezidentini müdafiə edir. Mitinqdə çıxış etdi və bəyanatlar verdi. Çox yaxşı. Ancaq mənə də, hamıya da məlumdur ki, həmin hadisələrin başında o dururdu və Surətin Gəncədə apardığı fəaliyyətlə onların hərəkətləri bir-birinə bağlı idi. Şahidlər var ki, o buraya gələndən sonra, bu binadan Gəncəyə zəng edib, orada çevrilişə rəhbərlik edən Səfixanova bildirib ki, biz artıq öz tədbirlərimizi dayandırmışıq, siz də dayandırın. Biz Prezidentin tərəfindəyik. Yəni bütün bunlar hamısı əlaqəli işdir. O, mənim yanıma gəldi, danışdıq. Hesab etdim ki, gəncdir, başa düşdü. Yolunu azıb, düzəlib. Bəlkə qanunu müəyyən qədər pozub, - çünki prokurorluq binasının dağıdılması haqqında qaldırılmış cinayət işi indiyə qədər davam edir, - dedim ki, gəlin bu məsələnin uzərindən keçək. Bir halda ki, səhv etmiş adam öz səhvini başa düşüb, anlayıbsa, onu bağışlamaq lazımdır. Mən də bağışladım, xalq da bağışladı. Xalq bunu çox yaxşı qəbul etdi. Mən də hesab etdim ki, məsələlər həll olundu.

Sonra mən onu da, Usubovu da dəvət etdim, ikisi də bir yerdə gəlmişdi. Dedim ki, gedin əl-ələ verib işləyin. Nə olubsa, o keçmişdə qalsın. Bizim nə qədər dərdimiz var, ən əsası isə Ermənistanın təcavüzüdür.

Azərbaycanı parçalamaq istəyən qüvvələr çoxdur: biri içərimizdədir, o birisi başqa yerdədir. Bəzi şeylərdə güzəştə getməliyik, bəzi şeyləri bağışlamalıyıq. Bu gün sizə bir daha deyirəm ki, mən çox şeyləri bağışlamışam. Hətta bəziləri təəccüblənirlər ki, biz Heydər Əliyevi tanıyırıq, 70-ci illərdəki Heydər Əliyevlə indiki arasında fərq var. Fərq ondan ibarətdir ki, o vaxt o, daha qətiyyətli, daha ciddi, daha kəskin idi. Amma indi həm yumşaqdır, həm də bəzi şeyləri bağışlayır.

Bunların bir sıra səbəbləri var. Bu səbəb də ondan ibarətdir ki, biz demokratiya şəraitində yaşayırıq. O vaxtkı dövlət quruluşu ilə indiki dövlət quruluşu arasında fərq var. Mən demokratiya yolu ilə gedirəm, Azərbaycanda demokratiya prinsiplərini bərqərar edən bir adam kimi çox şeyləri güzəştə gedirəm. Demokratiya yolu ilə getmək, insanlar arasında sülh, əmin-amanlıq, vətəndaş həmrəyliyi, birliyi yaratmaq lazımdır.

Mən hesab edirəm ki, oktyabr hadisələrində əsas cinayətkarlar Surət Hüseynov və onun ətrafında olan adamlardır. Onlar cinayət məsuliyyətinə cəlb olunacaqlarını bildilər, qaçdılar. Bir hissəsi tutuldu, 170-ə qədər adam həbs olundu. Nəyə lazım idi ki, dövlət çevrilişi üçün 170 adam həbsxanada yatsın? Bir qismi qaçıb gizlənib. O cümlədən dövlət çevrilişi edən, Surət Hüseynovun ətrafında olan adamlardan bəziləri orda-burda gizləniblər. Bu, nəyə lazımdır? Nəyə lazımdır ki, onlar gedib mühacirətdə yaşasınlar? Oturub işləmək, əl-ələ vermək, xalqın dərdlərini həll etmək lazımdır. Ancaq bu insanlar həmin yolla gedə bilmədilər. Onlar iqtisadiyyatı dağıtmaq, şəxsi məqsədlərini təmin etmək, çirkin işlər görməklə məşğul idilər. Mən onların bəzilərini, mənim fəaliyyət dairəmə yaxın olanları tərbiyə etməyə çalışdım, ancaq tərbiyə edə bilmədim. Çox təəssüf. Onlar indı öz cəzalarını alacaqlar. Qaçıb Moskvada oturanlar heç bir şey edə bilməyəcəklər, onlar da cəzalarına çatacaqlar. Haqq-ədalət hamısının cəzasını verəcəkdir, mən buna əminəm.

İndi Rövşən Cavadov yenidən ayağa qalxıb. Son vaxtlar orada bir bəyanat verir, burada bir bəyanat verir, özünü həddindən artıq yaramaz aparır. Birincisi Rövşən Cavadov kimdir - daxili işlər nazirinin müavini. Hərə öz vəzifəsi çərçivəsində fəaliyyət göstərməlidir. Azərbaycanda heç kəsə ərköyünlük etməyə imkan verilə bilməz, heç kəs özünü ərköyün uşaq kimi hiss etməməlidir. Yenə də deyirəm, hərə öz vəzif əsi çərçivəsində işləməlidir. Rövşən Cavadov isə daxili işlər nazirinin müavini kimi işləməyib, cürbəcür işlərlə məşğul olub.

Həmin bu Xüsusi Təyinatlı Polis dəstəsi 90-cı ildə, hələ Sovet hakimiyyəti dövründə yaranıb. Ancaq bunun fərqi yoxdur: o, Azərbaycanın erməni təcavüzündən qorunması üçün yaradılıb. Bəli, çox sağlam əsasda yaranıb. Ancaq onu yaradanlar Rövşən Cavadov deyil, başqaları olub. O dəstələr vuruşublar, döyüşüblər, fəaliyyət göstəriblər, şəhid veriblər. Bunlar hamısı xalqın tarixində əks olunub. Mən o şəhidlərin ruhu qarşısında bu gün də baş əyirəm.

Orada bu gün də çox sağlam fikirli, xalqına, millətinə, dövlətçiliyimizə sədaqətli adamlar, gənclər var. Onlar qiymətləndirilir və qiymətləndiriləcəklər. Ancaq Rövşən Cavadov və onun qardaşı Mahir Cavadov bu dəstəyə heç bir münasibəti olmayan adamlardır. Yəni dövlət, vəzifə nöqteyi-nəzərindən heç bır əlaqəsi olmayan bir adam bu dəstəyə rəhbərlik edir. Amma nə cür rəhbərlik edir? Onlar öz şəxsi məqsədləri, qazancları üçün bundan istifadə edirlər, bu dəstənin içərisində olan bəzi adamları pozurlar. Bəziləri özləri pozulublar. Bəzilərini bunlar pozublar. Bu barədə Rövşən Cavadova dəfələrlə deyilib. Həmin oktyabr hadisələrindən sonra deyilib ki, sən özün düz yolda deyilsən. XTPD-də əyri yolla gedən adamları da düz yola gətirmək lazımdır. Biz heç kəsi itirmək istəmirik. Biz indi o qədər də zəngin deyilik ki, hər addımda bir adam itirək.

Bunlar hamısı ona deyilib. Ancaq o öz işi ilə məşğul olmaq əvəzinə siyasətlə məşğul olmağa başlayıb, cürbəcür bəyanatlar verib. Bizim qanunumuz var: dövlət orqanında, hüquq-mühafizə orqanlarında, Daxili İşlər Nazirliyində işləyən adam heç bir siyasi partiyaya mənsub ola bilməz, siyasətlə məşğul ola bilməz. Amma Rövşən Cavadov məşğul olur. Orada onu hədələyir, burada başqasını hədələyir: "Bunu edəcəyik, onu edəcəyik". Beləliklə də respublikada çaşqınlıq yaranır.

Necə olur ki, daxili işlər nazirinin müavini nazirə, daxili nizam-intizama tabe olmur? Özünü həddindən çox sərbəst, yaramaz aparır. Heç bir qanuna tabe deyil. Nəyə görə? Nə haqqı var, bu haqqı ona kim verib? Əgər güzəşt varsa, güzəştdən nəticə çıxarmaq lazımdır. Əgər güzəşt olunandan sonra daha pis yola gedəcəksənsə, onda bu güzəşt olmayacaq. O, son vaxtlar bu sahədə fəaliyyətini, öz cinayət hərəkətlərini artırıb. Məhz bunun nəticəsidir ki, XTPD-nin bəzi üzvləri son aylar qatı cinayətkarlıq edirlər. Onların bir çoxu son dörd-beş ay içərisində həbs edilib, indi istintaq altmdadırlar. Onların bəziləri, o cümlədən XTPD-nin Qazax bölgəsində olan dəstəsinin üzvləri daim cinayətlə məşğuldurlar.

Burada "Cənub" mehmanxanası var, onlar bu mehmanxananın bir hissəsini zəbt ediblər. Məlumat veriblər ki, 60 nəfərdirlər və Qazax rayonundan gəliblər. Onlar orada nə edirlər? Axı bu XTPD nə ilə məşğuldur? İndi cəbhədə bunların mövqeyi yoxdur. Cəbhədə ordu var, daxili qoşunlar var. Onlar cəbhəni gözləyirlər və müharibə aparırlar. Əgər XTPD daxili asayişi qorumaq üçün lazımdırsa, daxili işlər nazirinin əmrini, göstərişlərini yerinə yetirməlidir. Lakin onlar nazirin göstərişlərinə əməl etmirlər. Özləri nə istəyirlər, onu da edirlər, mafioz qruplara xidmət edirlər, oradan öz mənfəətlərini götürürlər və cürbəcür cinayətlər törədirlər.

Həmin dəstənin Qazaxda yerləşən üzvləri və o bölmənin başçısı Elçin adlı bir adam qatı cinayətkardırlar. Mən bunu sizə deməliyəm, etiraf etməliyəm ki, qarşısı alınmadığına görə, biz onlara çox güzəşt etdiyimizə görə, bəzi hallarda vəziyyəti gərginləşdirməmək üçün, cinayətlərinə qanun nöqteyi-nəzərindən bəzən ciddi xarakter vermədiyimizə görə onlar qudurublar. Belə hesab edirlər ki, hər şey, hətta dövlət çevrilişi də edə bilərlər.

Martın 12-dən 13-nə keçən gecə mən Bakıya saat 1-də gəldim. Gecə saat 4-də heç yatmamışdım, gələndən sonra bir neçə işlə məşğul idim. Pakistana getməyə hazırlaşırdım. Saat 4-də mənə telefonla zəng etdilər ki, Xüsusi Təyinatlı Polis Dəstəsi Qazaxda və Ağstafada icra hakimiyyəti orqanlarını zəbt edib, Ağstafada döyüş gedib, qan tökülüb. Bu işlə məşğul olmağa başladım. Aydınlaşdırdıq ki, bəli, onlar Qazax rayon polis idarəsini tamamilə zəbt ediblər. Orada olan bütün silahları ələ keçiriblər. Rayon icra hakimiyyətini zəbt ediblər, icra hakimiyyəti başçısını qovublar, gətirib oraya öz dəstələrini qoyublar və heç kimi buraxmırlar. Rabitəni ələ keçiriblər, rabitə yoxdur. Ağstafa rayonunda da vəziyyət belə idi.

Düzdür, Qazaxda polis müqavimət göstərməyib, Ağstafada polis müqavimət göstərib, nəticədə, qan tökülüb. Onlar qan töküblər. Polis əməkdaşı həlak olub. Onlar tərəfdən də həlak olan var. Sonra onlar hərəkətlərini gücləndirməyə başlayıblar ki, Tovuzu da, Gəncəni də zəbt etsinlər.

Mən bu işlə səhərə qədər məşğul oldum, məsələni sülh yolu ilə həll etmək istədim. Daxili işlər nazirinin birinci müavini Zahid Dünyamalıyevi, Müdafiə Nazirliyinin rəhbər vəzifəli işçisi İsa Sadıqovu oraya göndərdik. Rövşən Cavadovun özünə də təklif edildi ki, oraya getsin - çünki bu adamların hamısı onunla bağlıdır - danışıqlar aparsın. Ancaq danışıqlar o yana qalsın, məlumat verdilər ki, gəlib Ağstafa ilə Tovuz arasındakı "Cavanşir" restoranı deyilən yeri zəbt ediblər, oranı tamamilə ələ keçiriblər, postlar qoyublar, heç kəsi buraxmırlar, hakimiyyəti devirirlər.

Rövşən Cavadov orada nə iş görüb-görməyib, - bilmirəm. Özbaşına çıxıb gəlib. Gələndən sonra da gedib buradakı XTPD-nin içərisində oturub.

Bizim nümayəndələr orada üç dəfə danışıqlar aparıblar. Bu danışıqlar nədən ibarət olmuşdur? Yaxşı, cinayət eləmisiniz, bunu sonra aydın edərik. Silahları qaytarın. Yerinizə qayıdın. Sizin bazanız Qazaxdadır. Ancaq nə yerlərinə qayıdırlar, nə də silahları qaytarırlar. Nəhayət, dünən axşam söz veriblər ki, səhər saat 9-da bütün silahları qaytaracağıq. Bizimkilər də deyiblər ki, səhər saat 9-a qədər dözürük. Amma gecə yarısı onlar Tovuzdakı hərbi hissəyə hücum ediblər. Şübhəsiz ki, hərbi hissə də cavab verib, döyüş başlanıb.

Onlar böyük xülya ilə yaşayırdılar ki, dövlət çevrilişi ediblər və hətta guya 1993-cü ilin iyun ayında Gəncədən buraya hücum olunduğu kimi, onlar da oradan hücum edəcəklər. Saat 2-dək davam edən döyüşdə onlar darmadağın olunublar. Bizim oradakı qəhrəman, cəsarətli döyüşçülərimiz onlara cavab veriblər, beş zirehli texnikanı geri alıblar. XTPD bölməsi 50-60 adamdan ibarət imiş. Onlardan 49 nəfərdən artıq adam həbs olunub, ancaq onlar zəbt etdikləri silahları oradakı ayrı-ayrı adamlara paylayıblar, indi bu silahlar kimin əlindədir -məlum deyil.

Bu döyüşlərdə yenə qan tökülüb. Bu qanı onlar töküb. Bizim dörd nəfər gənc döyüşçü əsgərimiz Azərbaycanın dövlətçiliyini, müstəqilliyini, konstitusiyasını qoruyaraq qəhrəmancasına həlak olub. Allah onlara rəhmət eləsin. Onların şücaəti unudulmayacaqdır. Dövlət onların, bu keçən gecə həmin quldur dəstəsini dağıdanların xidmətini yüksək qiymətləndirəcəkdir. Mən bu gün bunu bəyan edirəm.

O quldur dəstəsinin qalan üzvləri qaçıb ora-bura dağılıblar. Mənə dedilər ki, onlar Gürcüstana keçmək istəyirlər. Bu döyüşlər Ermənistanla bizim sərhədimizin beş-altı kilometrliyində olan yerlərdə gedib. Quldurlar sərhəd kəndlərinə gediblər ki, orada gizlənsinlər. Mən bu gün Gürcüstan dövlətinin rəhbəri cənab Eduard Şevardnadzeyə zəng vurdum, ondan xahiş etdim. O dərhal göstəriş verdi. Axşam mənə xəbər verdilər ki, qaçıb Gürcüstana keçən iki nəfər həbs olunub və buraya göndərilir.

Sonra mən hiss etdim ki, bunlar, ola bilər, cəbhədə atəşkəsi pozsunlar, çünki belə adamlar üçün müqəddəs bir şey yoxdur. Onlar canidirlər, cinayətkardırlar. Mən bu gün Ermənistan prezidenti cənab Levon Ter-Petrosyana telefon etdim, onunla danışdım. O məni əmin etdi ki, hər şeyi başa düşürəm və biz eşidirik, hiss edirik, orada - Qazaxda, Tovuzda olan hadisələri izləyirik, əmin ola bilərsiniz ki, biz atəşkəs rejiminə sadiq olacağıq və heç bir təxribata yol verməyəcəyik.

Görürsünüz, nələr baş verir. O dəstənin üzvləri Tovuzu, Gəncəni almaq və buraya gəlmək istəyirdilər. Burada da Rövşən Cavadov qayıdıb, gedib XTPD-yə, dünəndən orada oturub, dəstə yığır, dövlət çevrilişi edəcəyini bəyan edir, prezidentin, Ali Sovetin sədrinin istefasını tələb edir və hədələyir ki, əgər istefa olmasa buna zorla nail olacaqlar, prezidenti də öldürəcəklər, vətəndaş müharibəsi olacaq...

Onlar bu vətəndaş müharibəsinə başlayıblar. Rövşən Cavadov və onun dəstəsi tökülən qanların günahkarıdırlar. Bilirsiniz, XTPD-nin yerləşdiyi 8-ci Kilometrdəki bazaya cinayətkarları toplayırlar. Bu ağır vəziyyətimizdə gəncləri tərbiyə etmək əvəzinə cinayətə sövq edirlər, onlara silah paylayırlar, dövlət əleyhinə çıxmaq istəyirlər. Onlar Nizami Rayon Polis İdarəsinə hücum ediblər. Polis əməkdaşları o hücumun qarşısını alıblar, qəhrəmanlıq göstəriblər. İki nəfər polis əməkdaşı yaralanıb. Beləliklə, Ağstafada, Qazaxda da, gəlib Bakıda da qan töküblər. Düzdür, XTPD-dən də biri həlak olub və bəlkə də o, günahsız bir zavallıdır. Allah ona da rəhmət eləsin. O da vətəndaşımızdır, o da Azərbaycan Prezidenti kimi mənim vətəndaşımdır. Onun cinayət yoluna düşməsi özünün günahı deyil, Cavadovların günahıdır. Bütün o tökülən qanlarda günahkar onlardır.

İndi dəstə yığırlar, bəyanatlar verirlər. Bəli, müxalifətdə olan cürbəcür adamlar özlərini oraya soxurlar, oraya müxbirlər də gedirlər. Dünyaya bəyanat verirlər ki, Azərbaycanda sabitlik pozulub, Azərbaycanla əlaqələri kəsmək lazımdır. Belə danışıqlar gedir. Görün nə zərbələr vururlar. Nədən ötrü, nə üçün? Rövşən Cavadov nə iddia ilə yaşayır, o kimdir? Dövlət başçısı olmaq istəyir. Hətta bu gün onun bütün dünyaya yayılmış bəyanatını gətirib mənə oxudular: o, hakimiyyətə gələndən sonra hansı partiyaların onunla bir yerdə respublikanı idarə edəcəklərini deyəcəkdir.

Bilirsiniz, vay Azərbaycan xalqının gününə ki, bu bədbəxt, zavallı insanları, xalqın malını oğurlayaraq, qanını soraraq qudurmuş, zənginləşmiş, harınlaşmış adamlar gəlib bu xalqa rəhbərlik etmək istəyirlər. Bu xalq nə qədər bədbəxt ola bilərmiş. Əslində belə deyil, onlar belə düşünürlər. Tarix boyu xalqımızın dahi rəhbərləri, siyasi xadimləri, sərkərdələri olub - xalqın içərisindən çıxıb Azərbaycanın tarixinə düşmüş adamlar. İndi görün vəziyyət nə yerə gəlib ki, Rövşən Cavadov və onun kimi heç bir şeyə qadir olmayan adamlar belə iddialarla yaşayırlar. Məgər onlar başa düşmürlər ki, indiyədək Azərbaycanı, bu xalqı soyduqları bəs deyil? İndi gəlib dağıtmaq istəyirlər.

Təəssüf ki, bəzi adamlar hərəsi öz mövqeyini təmin etmək üçün istəyirlər ki, yenə də onlara havadarlıq etsinlər. Bəli, xəlvətdə onlara silah aparanlar da var, biz bunu müşahidə edirik. Başqa şeylər etmək istəyənlər də var. Ancaq bunlar əbəsdir, bunların heç biri nəticə verməyəcəkdir.

Ona görə də mən bu gün sizə həqiqəti çatdırıram. Azərbaycanda Cavadov qardaşlarının cinayəti nəticəsində, onların himayəsindəki, XTPD-dən olan cinayətkar adamların cinayəti nəticəsində qan tökülübdür, Qazax, Ağstafa rayonlarında hakimiyyət orqanlarına təcavüz olunubdur. Bu gün də Azərbaycan dövlətçiliyinə təcavüz etmək haqqında, vətəndaş müharibəsi başlanması haqqında bəyanatlar verilir.

Mən əminəm ki, Azərbaycan dövləti, onun dövlət orqanları bu təcavüzlərin hamısına cavab verməyə hazırdır. Əminəm ki, xalqımız, vətəndaşlarımız dərk edirlər ki, Azərbaycanın başına gətirilən bu bəlalar bəsdir. 20 yanvarda, ondan sonrakı vaxtlarda, nəhayət, keçən ilin oktyabr ayında nə bəlalar gətirdilər, bəsdir. Oktyabr hadisələrindən sonra Azərbaycan Respublikasının bütün təbəqələrindən, regionlarından mənə Azərbaycan Prezidentini müdafiə edən, dəstəkləyən on minlərlə məktub, teleqram gəlib və bu gün də gəlir.

Azərbaycanda etnik ziddiyyətlər yaratmağa çalışırdılar. Rəhim Qazıyev, Surət Hüseynov, Mütəllibov kimi və burada oturan Rövşən Cavadov kimi adamlar etnik qrupları bir-birinə vurmağa çalışırlar. Ancaq bu, olmayacaq. Xatirinizdədir ki, mən ləzgi xalqının nümayəndələri ilə burada görüş keçirmişəm. Onlardan indiyədək mənə minnətdarlıq məktubları gəlir. O birilərindən də, hamısından məktublar gəlir. Mən demişəm və bu gün bir daha deyirəm: Azərbaycan çox millətli demokratik bir dövlətdir. Hər bir insan, hər bir Azərbaycan vətəndaşı bərabər hüquqa malikdir. Milliyyətindən asılı olmayaraq hər bir vətəndaşımız üçün Azərbaycan ana vətəndir. Mən bir Prezident kimi bax, bu prinsiplərin keşiyində durmuşam və duracağam. Heç kəs də ümid etməsin ki, kimisə kimləsə toqquşduracaqdır. Heç kəs heç kəslə toqquşmayacaq. Çünki bu xalq bir-biri ilə birləşmiş bir xalqdır. Hamısı azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır.

Güman edirəm ki, xalqın milli birliyi, həmrəyliyi, vətəndaş birliyi bu çətinliklərin aradan götürülməsinə şərait yaradır və bizim üçün kömək olacaqdır.

İndi belə bir şərait yaranıb ki, Rövşən Cavadov 8-ci Kilometr qəsəbəsində oturub, cinayətkar adamları başına yığıb. Düzdür, orada - həmin o bazada da, yəni XTPD-də xidmət edənlərin içərisində sədaqətli, namuslu Azərbaycan oğulları var. Mən onlara hörmət və ehtiramımı bildirirəm. Bizə məlumdur ki, onlar Rövşən Cavadovun bu cür çirkin hərəkətlərini bəyənmirlər, qəbul etmirlər. Ancaq onlar orada qorxu altındadırlar, onları hədələyirlər, deyirlər ki, kim bizdən deyilsə, onu öldürəcəyik. Bax orada bu cür atmosfer yaranıb. Bunlar hamısı bizə məlumdur. Güman edirəm ki, heç kəs, namuslu, qeyrətli azərbaycanlı canından qorxmamalıdır. Vətən, dövlət yolunda hər kəs öz xidmətini göstərməlidir.

Şübhəsiz ki, nə qədər qan tökülübsə, nə qədər cinayət ediblərsə də mən bu gərginliyin davam etməsinin tərəfdarı deyiləm. Əksinə, mən tələb edirəm ki, onlar bu cinayət əməllərindən əl çəksinlər.

Son vaxtlar Rövşən Cavadov orada-burada bildirmişdir ki, guya mənimlə görüşmək istəyir. Bilirsiniz ki, mənim iş rejimim çox gərgindir. İctimaiyyət bilir ki, mənim həyatım işlə bağlıdır. Güman edirəm ki, bunu sübut etməyə ehtiyac yoxdur. Həyatımı sərf etmişəm, son nəfəsimə qədər də xalqımın bu vəziyyətdən çıxmasına sərf edəcəyəm. Vaxtım azdır, məhduddur. Mənimlə görüşmək istəyən adamlar - xaricdən gələnlər, daxildə olan adamlar, mənim özümün görüşmək istədiyim adamlar çoxdur. Buna baxmayaraq, mən dedim ki, yaxşı, əgər doğrudan da Rövşən Cavadovu nəsə narahat edirsə, mən qəbul edib onunla görüşərəm.

Türkiyənin burada olan səfiri hörmətli Altan Karamanoğlu - o da bu işdən çox narahatdır - mənim yanıma gəldi ki, siz Rövşən Cavadovla danışın, söhbət edin, o nədənsə narazıdır. Mən dedim ki, biz axı ona hörmət etmişik, ona bu qədər güzəştə getmişik. Nədən narazıdır - mənim yanıma gəlsin. Dedi yaxşı qəbul edin. Dedim qəbul edərəm. Bir dəfə vaxt təyin etdim - olmadı. Hörmətli Altan Karamanoğlu sonra bir dəfə də telefon etdi. Mən dəqiq vaxt təyin etdim: mart ayının 9-da saat 4-də - baxmayaraq ki, martın 10-da Kopenhagenə uçmalı idim, işlərim də çox idi. Gündüz saat 4-də Rövşən Cavadov gəlmədi. Bu qədər hörmətsizlik olar? Sən kimsən? Daxili işlər nazirinin müavini. Mənim hər bir göstərişim sənin üçün qanundur. Türkiyənin səfiri məndən xahiş edib, mən də qəbul etmişəm. Vaxt təyin etmişəm, amma Rövşən Cavadov gəlməkdən imtina edir, iddialarla yaşayır. Yəni demək istəyirəm ki, onun günahlarına baxmayaraq, - onun qanunsuz hərəkətləri mənə məlum idi, ancaq mən yaşca ondan çox böyük bir adam kimi başqa şeyləri kənara qoyuram - dedim ki, yaxşı, söhbət edək, danışaq. Nə aydın deyilsə, mən onun üçün aydınlaşdırım, nə dərdi varsa, mənə desin. İmtina etdi. Çünki böyük iddialarla yaşayır.

Ancaq onu bu günə salan bəzi adamlardır. Onun qoltuğuna verirlər, qızışdırırlar. Gedib onun üçün müsabiqə, nə bilim nə keçirirlər. Burada camaat acından ölür, insanlar yaşaya bilmir. Rövşən Cavadovun şərəfinə turnir keçirirlər. Bunu təşkil edənlər də onun özünə düşmən olan adamlardır ki, onu bu günə salırlar. Bunların hamısını bağışlayıram, üstündən keçirəm. Yaxşı, gəl, nə dərdin var danışaq.

İndi son bəyanatlarında daha böyük iddialar edir. Bunların hamısına baxmayaraq, mən hər bir vətəndaşın hüququnun keşiyindəyəm və hər bir vətəndaşa qayğı göstərməliyəm. Xalq mənə etimad göstərdiyinə görə mən bu vəzifəni öhdəmə götürmüşəm. Bu mənim borcumdur və bu borcu yerinə yetirmək üçün mən hər şeyə gedirəm. Ona görə də əgər bu gün də onlar çirkin əməllərindən əl çəksələr, silahları yerə qoysalar, şübhəsiz ki, cinayətkarların bir qismini bağışlayacağam. Bunları da bağışlayacağam. Yəni mən, baxmayaraq ki, çox kəskin vəziyyət yaranıb, ictimaiyyət Rövşən Cavadova və onun ətrafında olan o quldurlara çox nifrət edir - yenə də bu addımı atıram.

8-ci Kilometr böyük bir qəsəbədir. Orada yüz minlərlə adam yaşayır. Mənə məlumdur ki, o ətrafda yaşayan adamlar XTPD-də olan o cinayətkarların əlindən boğaza yığılıblar, onlara nifrət edirlər, qorxu altında yaşayırlar. Bu gün mənə deyirlər ki, quldurlar oradan çıxıblar, polis idarəsinə basqın ediblər. Bir mağazadan zorla şey götürürlər, gəlib bir adamın əlindən zorla şey alırlar. Buna kim dözər? Əhmədli qəsəbəsində də yüz minlərlə adam yaşayır, onlar da bu cinayətkarların əlindən boğaza yığılıblar.

İndi nə edək? Demək, bir dəstədən ötrü yüz minlərlə adamın hüquqlarını tapdalayaq? Buna hansı qanun yol verir? Allah da, qanun da, vicdan da buna yol verməz.

Mahir Cavadov oktyabrın əvvəlində cinayət edib, prokuror kimi işdən çıxarılıb, gecə-gündüz eyş-işrət içindədir. Mənə deyirlər ki, onun evinin qarşısında XTPD-nin 25-30 nəfər silahlı adamı durur. Nə üçün? Hara gedirsə 25-30 nəfər onu müşayiət edir, nədən ötrü? XTPD dövlət orqanında olan bir dəstədir. Nə üçün o, Mahir Cavadova xidmət etməli, onu qorumalıdır? Nə üçün Mahir Cavadovun arxasınca bu qədər adam gəzməlidir? Rövşən Cavadovun arxasınca 15 nəfər qoruqçu gəzir. Nazirin cəmi iki mühafizəçisi var. Burada, Bakıda 2 milyondan artıq adam yaşayır. Məgər onlar insan deyilmi? Onları ana doğmayıbmı? Onlar Azərbaycan vətəndaşı deyilmi? Onları kim mühafizə edir? Hansı əsasa, nə əsasa, nə hüquqa görə Mahir Cavadov cəmiyyətdə belə bir yer tutsun, istədiyini etsin? Nə üçün bu XTPD dəstəsi iki qardaşın əlində olsun, nə üçün onlara xidmət etsin?

Ona görə də mən hesab edirəm ki, daxili işlər naziri general Usubov dünən tamamilə düzgün əmr verib. Birincisi ona görə ki, bu dəstənin indi ümumiyyətlə fəaliyyət göstərmək zərurəti artıq itib, yoxdur. İkincisi ona görə ki, bu dəstənin içərisində çoxlu cinayətkar adamlar yığışıblar. Üçüncüsü ona görə ki, bu cinayətkar adamlardan öz cinayətkar məqsədləri üçün istifadə edirlər. Şübhəsiz ki, bu, əmrdə yazılıb. Mən də onu dəstəkləyirəm, tərəfdarıyam. Bu dəstənin içərisində olan sağlam adamlar, dövlətə xidmət etmək istəyən adamlar Daxili İşlər Nazirliyinin ayrı-ayrı bölmələrində, strukturlarında ondan yaxşı vəzifələr alacaqlar, xidmət edəcəklər və onların hüquqları qorunacaqdır. Cinayət etmiş adamlar əgər cinayətlərini boyunlarına alsalar, onlar da bağışlana bilərlər, ancaq bu vəziyyətdə XTPD-ni artıq saxlamaq olmaz. Mən belə hesab edirəm ki, bu əmr tamamilə düzgündür.

Bunların hamısını nəzərə alaraq mən Rövşən Cavadovun qeyri-qanuni hərəkətlərinə ümumi işimizin xatirinə, milli həmrəylik xatirinə uzun müddət dözmüşəm. Artıq bu gün dözə bilmədim. Mən bu gün Rövşən Cavadovun vəzifəsindən azad edilməsi haqqında sərəncam verdim. Artıq Rövşən Cavadov daxili işlər nazirinin müavini deyil. XTPD də yoxdur, ancaq o dəstədə olan adamlar Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır. Həmin nazirlik də üç gün müddətində onların yerini müəyyən edəcəkdir. Bunun üçün isə onlar gərək daxili işlər nazirinə tabe olsunlar. Halbuki əmr dünəndən verilib, onlar isə tabe olmurlar, əksinə, guya XTPD-nin şöhrətini qorumaq üçün dəstə yığıb mübarizə aparmaq istəyirlər.

Bilirsiniz, Azərbaycanın tarixində cürbəcür qurumlar, dəstələr, müxtəlif ordular olub. Hərəsinin öz vaxtı, tarixdə hərəsinin öz yeri var. XTPD-nin də Azərbaycan tarixində öz yeri var. O öz missiyasını vaxtilə şərəflə yerinə yetirib və o yeri, tarixi nailiyyəti, xidməti heç kəs unutmayıb və unutmayacaqdır. Ancaq bu gün bu vəziyyətə dözmək mümkün deyil. Rövşən Cavadov da bunu anlamalıdır və XTPD-də olan şəxsi heyətin hamısı anlamalıdır.

8-ci Kilometr qəsəbəsində verləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə - Daxili İşlər Nazirliyinin əməkdaşlarına, Azərbaycanın vətəndaşlarına müraciət edirəm: bu əməlinizdən, cinayətkar niyyətlərinizdən əl çəkin, bu yoldan çəkinin, düz yolda deyilsiniz. Tökdüyünüz qanlar, etdiyiniz cinayətlər bəsdir! Təklif edirəm, kim mənim bu çağırışıma səs verirsə, oradan çıxsın və o, cəmiyyətdə də, Daxili İşlər Nazirliyində də öz yerini alacaqdır. Ümumiyyətlə, dəstəyə və Rövşən Cavadova deyirəm: bu cinayətkar əməllərinizdən əl çəkin, təslim olun! Silahlar bu gün təhvil verilməli, oradan çıxıb hərə öz yerinə getməli, təslim olmalıdır. Dövlətlə dövlətlik etmək olmaz. Azərbaycanın dövləti var, xalq tərəfindən seçilmiş Prezidenti var.

Mən dəfələrlə demişəm, bu gün, gərginlik yaranan vaxtda bir daha deyirəm: Azərbaycanın dövlətçiliyini son damla qanımadək qoruyacağam və Azərbaycanın dövlətçiliyinə təcavüz edən adamların cəzasını da qanun çərçivəsində verəcəyəm. Bunu bilmək lazımdır. Ancaq mən heç kimi cəzalandırmaq istəmirəm. İstəyirəm ki, heç kim cinayət törətməsin, heç kim dövlətçiliyə xəyanət etməsin. Bunu istəyirəm, müraciət edirəm, yol göstərirəm. Yol da dediyim yoldur, başqa yol yoxdur. Güman edirəm ki, mənim bu müraciətimi Azərbaycan ictimaiyyəti qəbul edəcək, Azərbaycanın hörmətli adamları, ağsaqqalları, ağıllı adamları bugünkü müraciətimi dərk edəcək, qəbul edəcək və qiymətləndirəcəklər. Gliman edirəm ki, Azərbaycan xalqı mənim səsimə səs verəcəkdir.

Bu gün biz yenə də vətəndaş müharibəsinin astanasındayıq. Bu vətəndaş müharibəsini Rövşən Cavadov bizə açıq-aydın elan etmişdir. Qan tökmüşdür və yerli müxbirlərə, xarici müxbirlərə verdiyi bəyanatlarda elan etmişdir ki, onlar vətəndaş müharibəsi törətməyə hazırdırlar. Mən isə hesab edirəm ki, bu, Azərbaycan xalqı üçün yeni bir faciədir. Son illərdə Azərbaycan xalqının çəkdiyi faciələr bəsdir. Ona yeni faciələr yaratmaq lazım deyildir. Belə adamlar şəxsi hikkələrindən əl çəksinlər və hamı birləşərək Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxarmağa çalışsın. Mən hamını buna dəvət edirəm. İnanıram ki, xalqın müdrikliyi, inamı, müstəqilliyə bağlılığı bu gün də bizi bu vəziyyətdən çıxaracaqdır.

Ona görə də mən 8-ci Kilometr qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə bir daha müraciət edirəm. Onlara təklif edirəm: bütün bu niyyətlərdən əl çəkin, silahı yerə qoyun, ev-eşiyinizə gedin, sizin bütün təhlükəsizliyiniz təmin olunacaqdır. Əks təqdirdə dövlətin qanunları tətbiq ediləcəkdir. Əgər ötən gecə həmin polis dəstəsinin üzvləri bizim danışıqlara qulaq assaydılar, öz yerlərinə getsəydilər, onlar bağışlanacaqdılar və biz də bu vəziyyətdən çıxacaqdıq. Ancaq onlar azğınlaşdılar, qudurdular və hesab etdilər ki, gəlib Bakını tutacaqlar. Lakin heç bir şey edə bilmədilər və bu gecə dağıldılar. İndi Rövşən Cavadov da, ətrafındakı adamlar da fikir formalaşdırır ki, Elçin, Qazaxdakı Xüsusi Təyinatlı Polis Dəstəsi oraları tutub gəlir. Yalandır! Mən sizə dedim, 50 nəfər adam, o cümlədən ikisi Gürcüstanda həbs edilmişdir. Qalanları da axtarılır və bu gecə səhərədək hamısı həbs olunacaqdır. Orada Xüsusi Təyinatlı Polis Dəstəsi yoxdur. Rayonlar normal vəziyyətdə işləyir. Qazaxda, Ağstafada, Tovuzda tam sabitlik təmin edilmişdir. Bütün şəhər və rayonlarda tam sabitlikdir.

Rövşən Cavadov orada deyir ki, Lənkəran qalxır. Heç kəs qalxmır. Lənkəran Azərbaycan Prezidentini müdafiə edir. Bu gün bütün bölgələrdən mənə telefon zəngləri olur və deyirlər ki, biz Azərbaycan dövlətçiliyini müdafiə edirik, Azərbaycan Prezidentinin arxasındayıq. Deyirlər ki, Naxçıvan qalxır. Naxçıvan Azərbaycan dövlətçiliyinin, Azərbaycan Prezidentinin arxasında möhkəm dayanmışdır, əmin olsunlar. Rövşən Cavadov şayiə yayır ki, guya Sumqayıtda onu müdafiə edirlər. Heç kəs onu müdafiə etmir.

Mənə məlumdur ki, onun elçiləri bu gün Kəlbəcərdən, Laçından, Qubadlıdan, başqa yerlərdən olan qaçqınların yanına getmişlər. Lakin qaçqınlar onlan qovmuşlar. Əminəm ki, qaçqınlar mənim səsimi eşidirlər, bilirlər ki, mənim gecəm-gündüzüm onları bu vəziyyətdən çıxarmağa həsr olunmuşdur və bundan sonra da həsr ediləcəkdir. Mən özümü daim o çadırlarda görürəm. Gecə yatanda da hesab edirəm ki, o çadırda qaçqın uşaqla qucaqlaşıb yatıram. Amma bunlar xalqı soyub, qudurub və harınlayaraq indi gedib qaçqınlara müraciət edirlər. Nə üzünüz var qaçqınlara müraciət edəsiniz? O dövləti, varı, silahları xalqın qanını soraraq yığmısınız. İndi bundan xalqa qarşı istifadə etmək istəyirsiniz. 8-ci Kilometr qəsəbəsindəki Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvlərinə aydın olmalıdır ki, onların dedikləri şayiədir, yalandır. Azərbaycanın bütün bölgələrində, bütün şəhərlərində, rayonlarında tam sakitlikdir. Adamlar hər yerdə Azərbaycanın dövlətçiliyini müdafiə etməyə hazırdırlar. Bakıda da, hər yerdə də buna hazırdırlar. Ona görə də dəstənin üzvlərinə deyirəm: reallığı nəzərə alın, bilin ki, sizi aldatmışlar, yoldan çıxarmışlar. Aldandığınıza, yoldan çrxdığınıza görə sizi əfv edirəm, bağışlayıram. Ancaq silahlarınızı qoyub oradan çıxın, əks təqdirdə qanun tətbiq olunacaqdır.

Mən hesab edirəm ki, bu gün verdiyim məlumat, mənim mülahizələrim Azərbaycan Respublikasının ictimaiyyətinə və bütün dairələrə müəyyən aydınlıq gətirir. Eyni zamanda ümidvar olduğumu bildirmək istəyirəm ki, torpağım, Vətənini sevən hər bir insan, vətəndaş bu gün gərək düşünsün. Vətən nə vəziyyətdədir və bu vəziyyətdə onun rolu nədən ibarətdir. Ona görə də kim müxalifətdədir, hansı siyasi platformadadır -bunun əhəmiyyəti yoxdur. Azərbaycanda siyasi plüralizmdir, qəzetlər istədiyini yazır, partiyalar fəaliyyət göstərir və tam zəmanət verirəm ki, bu partiyalar parlament seçkilərində iştirak edəcəklər. Hər halda mən bu zəmanəti bir Prezident kimi öz tərəfimdən verirəm. Güman edirəm ki, bu, az zəmanət deyildir. Ona görə də bu qarışıqlıqdan heç kəs öz məqsədləri üçün istifadə etməsin, - heç bir şey çıxmayacaqdır. oktyabrda bəziləri çalışdılar, lakin bir şey çıxmadı.

Gəlin hər şeyi bir kənara qoyaq, dövlətçiliyimizi, müstəqilliyimizi müdafiə etmək yolunda əl-ələ verərək irəliyə gedək. Mən bütün Azərbaycan xalqını milli birliyə, milli həmrəyliyə dəvət edirəm. Əminəm ki, mənim səsimə milyonlarla adam səs verəcəkdir. Mən əminəm ki, xalq Azərbaycan dövlətçiliyini, Azərbaycan Prezidentini müdafiə edəcəkdir. Mən əminəm ki, xalq, bütün vətəndaşlar bu cinayətkarlara öz nifrətini bildirəcəkdir.

Son olaraq bir də deyirəm: 8-ci Kilometrdə silahlar tezliklə yerə qoyulmalı, hamı öz yerinə getməlidir.

Novruz bayramı ərəfəsində Azərbaycan vətəndaşlarına bir daha sülh, əmin-amanlıq, xoşbəxtlik arzulayır, hər bir vətəndaşa hörmət və ehtiramımı bildirirəm. Bu günlərdə həlak olmuş Azərbaycan vətəndaşlarının ruhunu yad edirəm, onlara Allahdan rəhmət diləyirəm.

Gecəniz xeyrə qalsın. Xoşbəxt günlər naminə! Sağ olun.


1   ...   11   12   13   14   15   16   17   18   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə