Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə14/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   27

AZƏRBAYCAN MİLLİ YIĞMA

KOMANDALARININ 26-cı YAY OLİMPİYA

OYUNLARINA (ATLANTA ŞƏHƏRİ, 1996)

HAZIRLIĞINI NÜMAYİŞ ETDİRMƏK

MƏQSƏDİLƏ KEÇİRİLMİŞ

İDMAN BAXIŞINDA ÇIXIŞ

Bakı Əl Oyunları Sarayı

5 mart 1995-ci il

Əziz gənclər!

Bacılar, qardaşlar, qızlar, oğlanlar, əziz idmançılar!

Sizi əldə etdiyiniz böyük nailiyyətlərə görə, bu gün nümayiş etdirdiyiniz yüksək səviyyəli, gözəl idman ustalığı münasibətilə ürəkdən təbrik edirəm!

Azərbaycan xalqının çoxəsrlik tarixində idman, bədən tərbiyəsi həmişə görkəmli yer tutub və xalqımız həmişə idmanla məşğul olaraq özünü fiziki cəhətdən inkişaf etdirib, möhkəmləndirib, gücləndiribdir. Tariximizdə igidlik nümunələri göstərmiş xalq qəhrəmanları fiziki cəhətdən də güclü olublar. Onların həyatı, qəhrəmanlığı, keçdikləri böyük yol eyni zamanda Azərbaycan xalqında fiziki gücün nə qədər böyük və qüdrətli olduğunu nümayiş etdiribdir.

Azərbaycanda idman və bədən tərbiyəsi XX əsrdə daha böyük inkişafa çatıbdır. Azərbaycan idmanı elmi əsaslar üzərində və xarici ölkələrin təcrübəsi əsasında daha da inkişaf edibdir. Respublikamızda idman təhsili təşəkkül tapıbdır. 1930- cu ildə Azərbaycanda bədən tərbiyəsi və idman üzrə ali məktəb yaranıbdır. Orta ixtisas məktəbləri təşkil edilib, bədən tərbiyəsi və idman üzrə elmi tədqiqat işləri aparılıb, alimlərimiz meydana çıxıb, idmana dair əsərlər yazıblar. Bunların hamısı onu göstərir ki, idman, bədən tərbiyəsi hər bir sivilizasiyalı xalqda, ölkədə olduğu kimi, Azərbaycan xalqının da, Azərbaycan vətəndaşlarının da həyat tərzinin mühüm bir hissəsidir.

Bir sözlə, respublikamızda idman və bədən tərbiyəsi böyük və şərəfli yol keçib və məhz bunun nəticəsində bu gün burada adları çəkilən və Azərbaycana dünya şöhrəti gətirən idmançılar, idman ustaları, dünya çempionları, Avropa və olimpiya çempionları yetişibdir. Belə idmançılarımız bu gün də var və gələcəkdə də olacaqdır.

İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaranıbdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. Bu imkanlar ondan ibarətdir ki, xalqımız idmanı, bədən tərbiyəsini sevir və bu gün bu salonda müşahidə etdiyimiz çıxışlar bir tərəfdən idmanın və bədən tərbiyəsinin Azərbaycanda dərin köklərini göstərir, digər tərəfdən xalqımızın yüksək mədəniyyətini və yüksək səviyyəli həyat tərzinə malik olduğunu nümayiş etdirir. Bunlar indən sonra müstəqil Azərbaycan Respublikasında idmanın inkişafı üçün yaxşı təməl qoyur və əlverişli zəmin yaradır.

Ötən onilliklərdə Azərbaycanda idmanın inkişafı üçün gözəl maddi-texniki baza yaranıbdır. Doğrudur, son illərdə bu baza bəzən dağıdılıb, ayrı-ayrı əllərə keçibdir. Ancaq həmin baza respublikamızdadır və mövcuddur. Hamısı Azərbaycan xalqının əlindədir və vətəndaşlarımızın, idmanımızın, bədən tərbiyəsinin inkişafı üçün istifadə olunmalıdır və olunacaqdır. Biz istəyirik ki, xalqımız həm mənəvi, həm də fiziki cəhətdən sağlam olsun.

Azərbaycan xalqı öz genetik əsaslarına görə gözəl, fiziki və mənəvi cəhətdən sağlam xalqdır. Tarixi, milli və dini adət və ənənələr xalqımızı həmişə fiziki və mənəvi cəhətdən sağlam həyat tərzi keçirməyə sövq edibdir. Ona görə də xalqımızda mənfi hallara meyl az olubdur. Əgər indi belə meyllər haradasa meydana çıxırsa, bu da onu göstərir ki, əsrlər boyu yaranmış milli və dini ənənələrimizə riayət edilmir və onlar pozulur. Güman edirəm ki, ictimaiyyətimiz bunlara yol verməyəcəkdir və biz xalqımızın fiziki, mənəvi sağlamlığını qoruyub saxlayacağıq, gələcək nəsillərimiz daha sağlam, güclü və möhkəm olacaqdır.

Bunun üçun bədən tərbiyəsi və idmanın xüsusi yeri var. Respublikamızda bədən tərbiyəsi geniş yayılmalıdır. Mən hamını bədən tərbiyəsi ilə məşğul olmağa çağırıram. Yaşından asılı olmayaraq hamını - gəncləri, orta yaşlıları və yaşlı adamları buna dəvət edirəm. Çünki dünya tarixi və təcrübəsi göstərir ki, bədən tərbiyəsi ilə geniş məşğul olan xalq, ölkə həmişə fiziki və mənəvi cəhətdən sağlam olur. Xalqımızın sağlamlığını təkcə səhiyyə və adət-ənənələrimiz vasitəsilə yox, eyni zamanda bədən tərbiyəsi ilə qoruyub saxlamalıyıq, möhkəmləndirməliyik və gələcək nəsillərə çatdırmalıyıq. Bədən tərbiyəsi geniş vüsət alan yerdə, şübhəsiz ki, yüksək idman nəticələri də olacaqdır. Bu idman nailiyyətləri müstəqil Azərbaycan Respublikasının şan-şöhrətini indən sonra da dünyaya yayacaqdır.

Biz indi müstəqil bir dövlət kimi, dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan Azərbaycan idmançılarının cürbəcür beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir. 1996-cı ildə ABŞ-ın Atlanta şəhərində XXVI Yay Olimpiya oyunları keçiriləcəkdir. Respublikamız artıq bu yarışlara hazırlaşır. Bununla əlaqədar mən xüsusi sərəncam vermişəm və təşkilat komitəsi yaratmışam. Bu istiqamətdə lazımi tədbirlər görülür və görüləcəkdir.

Bu gün burada, bu sarayda gördüklərimiz bizə inam verir ki, 1996-cı ilin olimpiya oyunlarında Azərbaycan idmançıları uğurla iştirak edəcək və ləyaqətli yer tutacaqlar. Mən buna əminəm. Bu gün burada gördüklərim məni buna daha çox inandırır.

Dediyim kimi, idman, bədən tərbiyəsi gənclərimizin daha da sağlam olması üçün lazımdır. Bu, müstəqil Azərbaycanın gələcəyi üçün əsasdır. Eyni zamanda gənclərimiz fiziki cəhətdən nə qədər güclü, nə qədər hazırlıqlı və sağlam olsalar, bir o qədər yaxşı işləyəcək, öz vəzifələrinin öhdəsindən bacarıqla gələcəklər və müstəqil Azərbaycanın müstəqilliyinin təmin olunmasında ləyaqətlə iştirak edəcəklər.

Bizim milli ordumuz yaranıbdır. Ordumuz Azərbaycan torpaqlarının müdafiəsində durur. Təəssüf ki, altı ildən artıqdır Ermənistan tərəfindən ölkəmizə qarşı təcavüz edilibdir və biz müharibə içərisindəyik. Bu gün böyük iftixar hissi ilə qeyd etmək olar ki, gənclərimiz məhz yüksək fiziki hazırlıqlarına görə, idmanla, bədən tərbiyəsi ilə müntəzəm məşğul olduqlarına görə ordumuzda gənclərin əksəriyyəti ləyaqətlə xidmət edir, döyüşür, qəhrəmanlıq nümunələri göstərir, onların bir çoxu Vətən yolunda şəhid olmuşdur. Güman edirəm ki, ordumuzun qurulması və gələcəkdə də inkişaf etməsi üçun, möhkəmlənməsi üçün gənclərimizin bədən tərbiyəsi və idmanla məşğul olması və respublikamızda idman işlərinin geniş miqyasda aparılması çox əhəmiyyətlidir. Biz buna xususi fikir veririk. Yəqin ki, gənclərimiz də buna diqqətli olacaqlar.

Müstəqil Azərbaycanın xoşbəxt və işıqlı gələcəyi var. Bu gələcək gənclərindir, sizindir, əziz gənclərimiz! Siz müstəqil Azərbaycanın gələcəyini təmin etmək üçün fiziki cəhətdən də hazır olmalısınız. Sağlam həyat tərzi keçirməlisiniz, sağlam olmalısınız. Ona görə də idmanla və bədən tərbiyəsi ilə məşğul olmalısınız. Bu baxımdan biz Azərbaycan Gənclər və İdman Nazirliyinin işinə xüsusi əhəmiyyət veririk. Bu nazirliyi məhz ona görə yaratmışıq ki, Azərbaycan gənclərinin işi ilə dövlət tərəfindən lazımi səviyyədə məşğul ola bilək və respublikamızda idman işini daha yaxşı apara bilək. Mən yenə deyirəm, biz bu nazirliyin işinə xüsusi əhəmiyyət veririk. Bu nazirliyin işinə hamı komək etməlidir. Güman edirəm ki, nazirlik özü də qarşısında duran vəzifələri layiqincə yerinə yetirəcəkdir.

İdmana xüsusi qayğı göstərərək, bu gün mən İdman Fondunun yaradılması haqqında və həmin fonda iki milyard manat pul ayrılması barədə fərman imzalamışam. Güman edirəm ki, bu, başlanğıcdır. Hesab edirəm ki, ictimaiyyətimiz idmana çox maraq göstərir. Ona görə də bu fərman, İdman Fondunun yaradılması, onun təməlinin qoyulması və iki milyard manat ayrılması ilə yanaşı, idmana maraq göstərən bütün adamları, idman pərəstişkarlarını bu fondun inkişafı üçün öz paylarını verməyə, öz münasibətlərini göstərməyə dəvət edirəm. Əminəm ki, idman pərəstişkarları, respublikamızın ictimaiyyəti, Azərbaycan gənclərinin qayğısına qalanlar və onların bu günü və gələcəyi haqqında düşünənlər İdman Fonduna qayğı göstərəcəklər. Əminəm ki, bu fond Azərbaycanda idmanın inkişafı işində layiqli yer tutacaqdır.

Əziz gənclər, mən bugünkü nailiyyətləriniz və göstərdiyiniz idman nümunələri münasibətilə sizi bir daha təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Hamını bədən tərbiyəsi ilə məşğul olmağa dəvət edirəm.

Hamını idmanla məşğul olmağa dəvət edirəm.

Azərbaycanın idmanına uğurlar olsun!

Sağ olun!



RESPUBLİKADA ÖZƏLLƏŞDİRMƏNİN

HƏYATA KEÇİRİLMƏSİ MƏSƏLƏLƏRİNƏ

HƏSR OLUNMUŞ MÜŞAVİRƏDƏ ÇIXIŞ
Prezident Sarayı
7 mart 1995-ci il
Bugünkü geniş müşavirə respublikada iqtisadi islahatların həyata keçirilməsinə həsr olunub. Dəfələrlə bəyan edilib ki, Azərbaycan dövlətinin iqtisadi sahədə siyasəti iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə qurmaqdan və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatı ilə bağlamaqdan ibarətdir. Məhz bunun üçün də müvafiq iqtisadi islahatların keçirilməsi vacibdir. Son illər bu barədə danışıqlar, çıxışlar, bəyanatlar çox olub və müəyyən sənədlər də var. Ancaq təəssüf ki, konkret tədbirlər az həyata keçirilib.

Bilirsiniz ki, son vaxtlar biz bu işi gücləndirmişik. Aqrar bölmədə islahatların həyata keçirilməsi ilə əlaqədar son aylarda çox güclü iş görüldü, müzakirələr aparıldı. Təyin olunmuş komissiya layihələr təqdim etdi. Bu layihələr yerlərdə kənd təsərrüfatında, aqrar bölmədə müzakirə olundu, ümumrespublika müşavirəsi keçirildi. Həmin tədbirlərin yekunları ilə əlaqədar məsələləri komissiya müzakirə etdi və nəhayət, iki böyük qanun layihəsi Milli Məclisə təqdim olundu. Bu layihələr Milli Məclisdə müzakirə olunub qəbul edildi, onlar qanun kimi mənim tərəfimdən imzalandı.

Bu qanunların həyata keçirilməsi üçün artıq əməli iş başlanıbdır. Kolxozların, sovxozların islahatını aparmaq üçün mərkəzi komissiya yaradılıb. Bu komissiyanın verdiyi məlumata görə, artıq fəaliyyət göstərir, yerlərdə komissiyalar yaranır. Güman edirəm ki, bu sahədə islahatların aparılması üçün artıq hüquqi əsaslar vardır, sənədlər hazırlanıb, təşkilati işlər görülüb. İndi iş həmin sənədlərin əməli surətdə həyata keçirilməsindən asılıdır.

Son aylarda aparılan müzakirələr göstərdi ki, ictimaiyyətin tam əksəriyyətinin rəyi bu islahatların xeyrinədir. Bu rəylər islahatların aparılmasının zəruri olduğunu əks etdirir, təsdiq edir. Ona görə də güman edirəm ki, bu islahatlar həyata keçiriləcək və keçirilməlidir. Şübhəsiz ki, bunun üçün çox güclü, ardıcıl təşkilati iş lazımdır. Bu təşkilati işi bizim mərkəzi komissiya, yerlərdəki komissiyalar aparmalıdır. Aqrar bölmədə islahatların aparılmasına bilavasitə və yaxud dolayısı ilə bağlı olan təşkilatlar, nazirliklər, idarələr, elmi dairələr bu qanunların həyata keçirilməsini təmin etməlidirlər.

Bu, iqtisadiyyatımızın bir sahəsidir. İqtisadiyyatımızın böyük bir sahəsi də sənayedir, nəqliyyatdır, ticarətdir, məişət xidmətidir və digər sahələrdir. Bu sahələrdə də iqtisadi islahatların aparılması haqqında dövlətin mövqeyini dəfələrlə bildirmişik. Həmin sahələrdə iqtisadi islahatların aparılması birinci növbədə özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədardır.

Azərbaycan parlamenti özəlləşdirmə haqqında 1993-cü ilin yanvarında qanun qəbul edib. Bu qanun qəbul edilən vaxtdan iki ildən çox vaxt keçib. Həmin qanuna bu gün bir daha baxsaq, hesab edirəm ki, özəlləşdirməni həyata keçirmək üçün o, yaxşı hüquqi əsas yaradır. Ancaq qanunda nəzərdə tutulmuş tədbirlər qanun qəbul olunandan sonra təəssüf ki, həyata keçirilməyib. Bu gün demək olar ki, bunların obyektiv və subyektiv səbəbləri var. Həmin səbəbləri mən indi o qədər də təhlil etmək fikrində deyiləm. Ancaq bir neçə kəlmə demək məcburiyyətindəyəm. Onu qeyd etmək istəyirəm ki, bu qanunun həyata keçirilməsinin ləngiməsi bəzi dairələrdə - müxalifət dairələrində, yaxud bizim dövlət strukturunda olan ayrı-ayrı dairələrdə belə fikirlər yaradır ki, guya özəlləşdirməni kimsə həyata keçirmək istəyir, kimsə istəmir, kimsə bunu ləngidir, mane olur, kimsə canfəşanlıq edərək bunun tərəfdarıdır.

Güman edirəm ki, bunların heç birinə əsas yoxdur. Respublikamızda daxili ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvələr, yaxud dövlətin ümumən siyasətinə, o cümlədən iqtisadiyyat sahəsindəki siyasətinə ləkə salmaq istəyən qüvvələr belə şayiələri, sözləri meydana atırlar. Bir prezident kimi, dövlət başçısı kimi mənim mövqeyim məlumdur. Mən Azərbaycanda dövlət başçısı, prezident vəzifəsini həyata keçirməyə başlamamışdan bir neçə il öncə də, ümumiyyətlə Sovetlər İttifaqı dağılandan, Azərbaycan müstəqillik qazanandan, hətta Azərbaycan müstəqilliyə can atan vaxt özəlləşdirmənin, iqtisadi islahatların tərəfdarı olmuşam; nəinki tərəfdarı olmuşam, hətta onların Azərbaycanda həyata keçirilməsinin həddindən ziyadə zəruri olduğunu bildirmişəm.

Sovetlər İttifaqının saxlanılıb-saxlanılmaması haqqında Azərbaycan parlamentində 1991-ci ilin martında gedən müzakirələr zamanı - hələ o vaxt Sovetlər İttifaqı mövcud idi, kommunist partiyasının hakimiyyəti var idi - mən bu barədə öz fikirlərimi burada, Azərbaycanda da demişəm, Naxçıvanda işlədiyim vaxtlar da bu barədə öz fikirlərimi açıq-aydın söyləmişəm. Bunlar ondan ibarətdir ki, Azərbaycan keçmiş iqtisadi sistemlə yaşaya bilməz. Ölkəmizin böyük təbii sərvətləri, iqtisadi, intellektual, elmi potensialı Azərbaycan üçün çox yaxşı gələcək yarada bilər. Bu gələcək də yalnız və yalnız iqtisadiyyatın aparılması sisteminin, mülkiyyət formasının dəyişdirilməsindən, sərbəst iqtisadiyyata, təşəbbüskarlığa geniş yer verilməsindən, bazar iqtisadiyyatı yolu ilə getməkdən ibarətdir.

Mənim bu mövqeyim dəyişilməyib. Bir neçə il bundan əvvəl ifadə etdiyim bu mövqeyi mən bu gün daha kəskin surətdə bir daha bəyan edirəm. Güman edirəm ki, dövlət orqanlarımızda rəhbər işlərdə çalışan vəzifəli şəxslərin əksəriyyəti belə fikirdədir. Baxmayaraq ki, 94-cü ilin sonunda bu məsələlər müzakirə edilərkən bizim içərimizdə iqtisadi islahatların keçirilməsinə, ölkəmizin bazar iqtisadiyyatına keçməsinə müxalif olan səslər də gəlirdi, müxalif mövqelər də bəyan edilirdi, ancaq bu o vaxt azlıq təşkil edirdi, həlledici bir amil deyildi. Əksəriyyət, yəni dövlət orqanlarında çalışan vəzifəli adamların əksəriyyəti də, mənə məlum olduğu kimi, bu prinsiplərin həyata keçirilməsinin tərəfdarıdır. Ancaq bir var tərəfdar olmaq, bəyan etmək, bir də var onu əməli surətdə həyata keçirmək.

Təəssüf ki, bu məsələlərin həyata keçirilməsində biz istənilən nailiyyətləri əldə edə bilməmişik. Qeyd edirəm ki, bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər - bu amillər çox vaxt ortaya çıxır - ölkənin müharibə şəraitində olması (doğrudur, son vaxtlar atəş kəsilib, ancaq başımız çox vaxt müharibəyə qarışırdı, bu hamıya məlumdur), qaçqınlar problemi və s. vaxtımızı çox alır. Subyektiv səbəblər isə ondan ibarətdir ki, bəzi vəzifəli şəxslər bu prosesin həyata keçirilməsinə aşkar da olmasa, qeyri-aşkar mane olmağa çalışıblar, tədbirləri vaxtında hazırlamayıblar, bu layihələrin hazırlanmasında səhlənkarlığa yol veriblər, yaxud onları elə hazırlayıblar ki, bunları o cür həyata keçirmək olmaz. Bu da müəyyən qədər vaxt alır.

Ancaq bir həqiqəti də bildirmək lazımdır ki, 1993-cü il iyunun sonundan 1994-cü il oktyabrın əvvəllərinədək Nazirlər Kabinetində bu barədə mövqe bizim ümumi mövqedən fərqli olmuşdur. Düzdür, əgər biz bu işi cəsarətlə aparmış olsaydıq, həmin mövqe heç bir maneçilik törədə bilməzdi. Ancaq cür-bəcür əhval-ruhiyyə, şayiələrin yaranması və Nazirlər Kabinetinin başında duran, sizə məlum olan şəxsin həm savadsızlığı, həm də bu işi qəsdən pozması nəticəsində şübhəsiz ki, nazirliklərdə, müəyyən iqtisadi orqanlarda, təsərrüfat orqanlarında bir qədər qeyri-müəyyənlik olmuşdur. Bunları inkar etmək olmaz. Çünki bunlar bizim keçmiş vaxtımızın həqiqətləridir.

Ancaq bütün bunlara baxmayaraq müəyyən işlər görülür. Mən bu gün istərdim ki, görülən işlərin hansı səviyyədə olduğunu biz birlikdə müşahidə edək və onu birgə müzakirə edib bu məsələlərin sürətləndirilməsi üçün lazımi tədbirlər görək.

İqtisadiyyatda ümumiyyətlə dəyişikliklər aparılması təkcə Azərbaycanın müstəqilliyinin əldə olunduğu vaxtdan deyildir. Bilirsiniz ki, hələ Sovetlər İttifaqı mövcud olan vaxtda, təxminən 1984-1985-ci illərdə həm o dövlətin iqtisadiyyat sahələri ilə məşğul olan başçıları, həm də iqtisadçılar, alimlər iqtisadiyyatın səmərəliliyini təmin etmək üçün yollar axtarırdılar. Cür-bəcür təkliflər, proqramlar hazırlanırdı. Ola bilər, bu proqramların bəzisi uğurlu, bəzisi uğursuz olurdu. Hər halda təxminən 1985-ci ildən başlayan proseslər bir tərəfdən axtarış yolları idisə, ikinci tərəfdən iqtisadiyyatın get-gedə tənəzzülə uğramasına şərait yaratdı və iqtisadiyyatı tənəzzülə apardı - həm Sovetlər İttifaqında, həm də sonra SSRİ-dən ayrılmış respublikalarda, o cümlədən Azərbaycan Respublikasında.

Amma eyni zamanda vaxt - aylar, illər keçdikcə daha çox dərk olunurdu ki, artıq iqtisadiyyat keçmiş formalarla aparıla bilməz. Bu məsələlərdə Azərbaycanda da respublikamızın rəhbərliyi məşğul olub. Bu gün burada o rəhbərlikdən bir çox şəxslər iştirak edirlər. Əgər 1990-1991-ci illəri götürsək, o dövrdə Nazirlər Sovetinin sədri olmuş Həsən Həsənov buradadır və o, bu işlərlə məşğul olubdur. Ondan sonra Nazirlər Sovetinin sədri Rəhim Hüseynov olub, mən onu da buraya dəvət etmişəm, buradadır. Rəhim Hüseynovdan sonra gərək ki, bu işlərlə Əli Məsimov məşğul olub. Mən demişdim ki, bir iqtisadçı kimi onu da dəvət etsinlər. Dəvət ediblər, gəlməyib, özü bilər. Bu işlərlə sonra alimlər, məsələn, Ziyad Səmədzadə məşğul olub. Mən demişdim onu da dəvət etsinlər, yəqin ki, buradadır. Sonralar, məsələn, Pənah Hüseynov baş nazir olub, amma bilmirəm bu işlərlə nə qədər məşğul olub, yaxud olmayıb. Ancaq o yoxdur. Yəqin ki, olsaydı da ondan bir şey öyrənmək mümkün deyildi.

Başqaları da bu işlə məşğul olublar. Hərə öz dövründə müəyyən iş görüb, bu prosesləri müəyyən qədər irəliyə aparıb. Amma nəticə etibarilə biz hələ istədiyimizə nail ola bilməmişik və istənilən səviyyəyə gəlib çata bilməmişik.

Qeyd etdiyim kimi, 1993-cü ilin yanvarında parlament, Milli Məclis özəlləşdirmə haqqında qanun qəbul edib. Dövlət Əmlak Komitəsi yaradılıb. O vaxtdan da Əmlak Komitəsinə Qüdrət Əbdülsəlimzadə rəhbərlik edib. Mən xahiş etmişdim ki, onu dəvət etsinlər, buradadırmı? Buradadır, çox sağ olun ki, gəlmisiniz. Doğrusu, mən bu gün etiraf etməliyəm ki, həmin komitənin işi ilə o qədər tanış ola bilməmişəm. Ancaq mən işlədiyim dövrdə komitə özü də elə bir təşəbbüs etməyib ki, bir təklif irəli sürsün, biz ona baxa bilək. Yəni məndə belə təsəvvür olub ki, bu komitə çox passiv vəziyyətdə olubdur. Nəsə iş görüb, nəsə hazırlayıb, amma onu üzə çıxara bilməyib, yaxud üzə çıxarmaq istəməyib, yaxud kimsə ona mane olub. Bunları nəzərə alaraq 1994-cü il yanvarın 13-də Tofiq Əzizov Əmlak Komitəsinə sədr təyin olunub, eyni zamanda bu sahəyə xüsusi əhəmiyyət vermək üçün o, baş nazirin müavini təyin edilib: baş nazirin müavini, Əmlak Komitəsinin sədri.

Tofiq Əzizovun verdiyi məlumata görə, bu müddətdə xeyli iş görülüb, müəyyən layihələr, sənədlər hazırlanıb. Mən Tofiq Əzizovla görüşmüşəm, ətraflı söhbət etmişəm, onun məruzəsini dinləmişəm. Tofiq Əzizov özəlləşdirmə haqqında proqram təqdim edib. Düzdür, bu konsepsiyadır, amma mənə proqram kimi təqdim olunub.

Mən istəməzdim ki, bəzi fikirlərimi deyim, öz fikirlərimlə müzakirənin gedişinə təsir edim. Bu gün mən bura həm vəzifəli şəxsləri, həm müəssisə rəhbərlərini, həm də alimləri, nəzəri sahədə çalışanları dəvət etmişəm ki, biz sərbəst fikir mübadiləsi aparaq. Ona görə də mən bu barədə heç bir şey demək istəmirəm. Ancaq onu qeyd etmək istəyirəm ki, yəqin bu müddətdə ciddi bir taktiki səhv buraxılıb. Bu səhv də ondan ibarətdir ki, 1993-cü ilin yanvarında qəbul edilmiş qanunun həyata keçirilməsi təşkil olunmayıb. Mən o qanuna diqqətlə baxdım. Ümumiyyətlə, bu qanun məqsədəuyğun sənəddir. Mən onu bu gün də aktual bir qanun hesab edirəm. Ancaq o qanundan irəli gələn vəzifələrin, tədbirlərin həyata keçirilməsi təmin olunmayıb.

Qanun özəlləşdirməni həyata keçirmək üçün özəlləşdirmə proqramının olmasını nəzərdə tutur. Bax bu əsas sənədi - özəlləşdirmənin proqramını Əmlak Komitəsi hazırlayıb meydana çıxara bilməyib. Özəlləşdirmənin proqramı olmadığına görə, onun hansı yollarla getməsi müəyyən edilmədiyinə görə və özəlləşdirmənin mərhələləri müəyyənləşdirilmədiyinə görə özəlləşdirmə prosesi həyata keçirilməyib.

Hesab edirəm ki, bu gün bu müzakirədə əsas məqsədimiz ondan ibarət olmalıdır ki, həmin qanunun müddəalarını biz nə cür həyata keçirməliyik. Şübhəsiz ki, indiyədək görülən işləri nəzərdən keçirərək, təhlil edərək, əldə olan sənədlərə, yaxud tədbirlər planlarına nəzər salaraq biz özəlləşdirməni əməli surətdə həyata keçirmək üçün hansı müddətdə hansı işləri görmək lazım olduğunu müəyyənləşdirməliyik. Bunun üçün də, şübhəsiz, özəlləşdirmənin proqramı olmalıdır.

Əgər 1993-cu ilin yanvarında bu qanun qəbul ediləndən bir, iki, üç, dörd ay sonra proqram hazır olsaydı, şübhəsiz ki, özəlləşdirməni həyata keçirmək mümkün olardı. Mən demək istəmirəm ki, özəlləşdirməni bir, yaxud beş ayda, bir ildə həyata keçirmək olar. Bu, böyük prosesdir. Başqa ölkələrin, məsələn, Şərqi Avropa ölkələrinin özəlləşdirmə, iqtisadi islahatlar aparmaq təcrübəsi, yaxud Rusiyada bu sahədə çox böyük işlər görülüb - onların təcrübəsi göstərir ki, iqtisadi islahatların həyata keçirilməsi müəyyən vaxt tələb edir.

Ancaq bu vaxt bizdə müəyyən qədər itirilibdir. Eyni zamanda güman edirəm ki, əgər bu tədbirlərin əməli surətdə həyata keçirilməsi vaxtı itirilibsə, bu müddətdə yəqin müəyyən qədər də təcrübə toplanıb, hazırlıq işləri görülübdür. Xüsusən Tofiq Əzizovun verdiyi məlumatdan mən belə başa düşdüm ki, bu müddətdə xeyli hazırlıq işləri görülüb və biz bu işlərin əsasında həmin proqramı müəyyən etməliyik. Güman edirdim ki, təqdim olunan bu sənəd bir proqram olacaqdır və biz bu proqramı müzakirə edəcəyik. Təəssüf ki, bunun adı da konsepsiyadır və tanış olandan sonra mən gördüm ki, bunu proqram kimi yəqin, qəbul etmək olmaz. Ancaq müzakirə etmək lazımdır. Bəlkə də onun üzərində işləyib proqram kimi qəbul etmək olar. Ona görə də mən heç bir konkret söz demək istəmirəm.

Bir sözlə, özəlləşdirməni aparmağımız üçün hüquqi baza var, müəyyən iş görülür. Eyni zamanda biz çox ləngimişik. Bunların əsasında gərək bundan sonra ardıcıl tədbirlər həyata keçirək. Güman edirəm ki, ictimaiyyət də, cəmiyyətimiz də bunlara hazırdır. Hesab edirəm ki, 1995-ci il bu sahədə bizim üçün çox məhsuldar il olmalıdır.

Qeyd etdim ki, aqrar sahədə islahatların keçirilməsi üçün hüquqi baza və təşkilati işlər artıq görülüb və bu islahatlar aparılmalıdır. Başqa sahələrdə də özəlləşdirmə proqramını qəbul edib onun təcili surətdə həyata keçirilməsinə başlamalıyıq. Eyni zamanda biz başqa sahələrdə də islahatlar aparmalıyıq.

Biz bu il parlamentə seçkilər keçirməliyik. Artıq bu barədə ictimaiyyət arasında söhbətlər gedir, mətbuatda yazılar verilir. Bu da təbiidir. Çünki mövcud parlamentin səlahiyyəti bu ilin sentyabrında bitir. Parlament öz işinə 1991-ci ilin əvvəlində başlayıb. Hər halda hesab edirəm ki, bu ilin sentyabrı parlamentin fəaliyyətinin başa çatması vaxtıdır. Seçki qanununun layihəsi hazırlanıbdır. Bu layihəyə baxılacaq, müzakirə olunacaq. Mən bu barədə öz fikrimi demişəm və bu gün bir daha bildirirəm ki, biz qısa müddətdə seçki qanununun layihəsinə baxmalıyıq. Şübhəsiz ki, bundan sonra o, Milli Məclisdə müzakirə olunacaq, xalqın müzakirəsinə veriləcək və qəbul ediləndən sonra seçkilər keçiriləcəkdir.

Mən bunu xüsusi qeyd edirəm, ona görə ki, burada da bəzi qüvvələr - onlar Azərbaycanın sabit yaşamasına, inkişaf etməsinə mane olmaq istəyən qüvvələrdir - orda-burda şayiələr yayırlar ki, seçkilər olacaq, ya olmayacaq, seçki qanunu nə təhər olacaq? Hətta seçki qanunu heç müzakirə olunmadan, meydana çıxmadan "seçki qanunu belə olmamalıdır, belə olmalıdır" kimi söhbətlər aparırlar. Mən bu barədə öz fikrimi yenə də deyirəm: parlament seçkiləri vaxtında, demokratik şəraitdə, bütün partiyaların iştirakı ilə keçirilməlidir. Biz seçkilərin demokratik prinsiplər əsasında keçirilməsi üçün münasib qanun qəbul etməliyik və bu qanun da həm demokratik seçkilər aparılmasının əsasını qoymalıdır, həm də demokratik seçkilər keçirilməsini təmin etməlidir. Öz tərəfimdən deyə bilərəm ki, mən bütün imkanlarımdan istifadə edəcəyəm ki, seçkilər həm vaxtında, həm də tam demokratik şəraitdə keçirilsin. Bu barədə beynəlxalq təşkilatlardan da təkliflər var. Yəni onlar bu seçki qanununun hazırlanmasında bizə kömək etmək istəyirlər, seçkilərin demokratik qaydada aparılması barədə də bizə öz köməklərini təklif edirlər. Şübhəsiz ki, biz bunların hamısından istifadə edəcəyik. Bir sözlə, 1995-ci il bu sahədə bizim üçün həm məhsuldar il olacaq, həm də qeyd etdiyim bu tədbirlərin müvəffəqiyyətlə həyata keçirilməsi üçün çox əhəmiyyətli il olacaqdır.

İndi isə mən istərdim ki, məsələnin konkret müzakirəsinə başlayaq. Əvvəlcə təklif edərdim ki, özəlləşdirmə haqqında qanunu bir də yadımıza salaq. Çünki qanun 1993-cü ilin yanvarında qəbul olunub. Mən şəxsən özüm onu diqqətlə oxumuşam. Amma ola bilər ki, həmin qanun bu gün kiminsə xatirindədir, kiminsə xatirində deyil. Bu qanun bizim üçün hüquqi əsasdır. Ona görə də mən istərdim ki, həmin qanun burada oxunsun - çünki bizim bu barədə başqa qanunumuz yoxdur -görək bu qanuna əsasən nə iş görməliyik. Şübhəsiz ki, o qanunda da müəyyən dəyişikliklər, əlavələr ola bilər. Ancaq hesab edirəm ki, bu qanun əsas kimi götürülə bilər: mən Şahin Əliyevə söz verirəm ki, həmin qanunu oxusun və bu, bizim üçün başlanğıc olsun...

Bir daha qeyd edirəm ki, fikrimcə qanun özəlləşdirməni həyata keçirmək üçün hüquqi əsas yaradan bir sənəddir. Şübhəsiz ki, bugünkü müzakirədə dəyərli təkliflər irəli sürülərsə, qanuna əlavələr və ya dəyişikliklər etmək olar və bu da mümkündür. Ancaq güman edirəm ki, özəlləşdirməni aparmaq üçün bu qanun tam hüquqi əsas verir. İndi isə Tofiq Əzizovu dinləyək. Qoy o, görülən işlər barədə məlumat versin və öz təkliflərini bildirsin.

YEKUN SÖZÜ
Bu gün biz xeyli vaxt sərf edərək respublikamızın iqtisadiyyatı, bu günü, gələcəyi üçün ən vacib məsələlərdən biri haqqında çox səmərəli müzakirə apardıq, fikir mübadiləsi etdik. Mən müşavirəni başlayarkən dedim və yekunlaşdırarkən da demək istəyirəm ki, bu müşavirəni çağırmaq qərarı qəbul edərkən açıq-aydın bilirdim ki, müşavirədə müzakirə etmək üçün, hətta təxminən hazır olan bir sənəd yoxdur. Eyni zamanda Tofiq Əzizovun təqdim etdiyi konsepsiya ilə, 1993-cü ilin yanvar ayında qəbul edilmiş qanunla və o qanundan sonra gedən proseslərlə bir daha tanış olandan sonra mən belə bir fikrə gəldim ki, mütləq bu müşavirə keçirilməlidir, fikir mübadiləsi aparılmalıdır. İndi, müşavirə sona çatarkən hesab edirəm ki, bu, çox zəruri imiş.

Birincisi, biz hamımız bir daha eyni fikirdə olduq. Mən bunu dövlət adından bəyan edirəm ki, respublikada özəlləşdirməni sürətlə keçirmək lazımdır. Bu barədə başqa bir fikir ola bilməz. Özəlləşdirmənin keçirilməsi və yaxud keçirilməməsi artıq müzakirə olunmamalıdır. Biz çoxdan da belə fikirdə idik, amma bu gün bunu bir daha qeyd edirik.

Mən prezident kimi deyirəm ki, özəlləşdirmə keçirilməlidir və özəlləşdirmənin keçirilməsində respublika gecikibdir. Təhlil etdik və müəyyən olundu ki, 1993-cü ilin yanvarında qanun qəbul ediləndən sonra müəyyən cəhdlər göstərilməsinə baxmayaraq, özəlləşdirmənin aparılması üçün proqram əldə olunmayıbdır və lazımi tədbirlər həyata keçirilməyibdir. Doğrudur, proqram layihələri olub. Burada Əbdülsəlimzadə dedi ki, onlara bir ay vaxt verilmişdi və onlar bu müddətdə proqram layihəsi hazırladılar, ancaq buna baxıla bilmədi. Sonra belə bir proqram layihəsi hazırlanıb, 1994-cü ilin aprelində Milli Məclisin müzakirəsinə verilib, ancaq mən belə başa düşdüm ki, o layihə uyğun hesab olunmadığına görə müzakirə edilməyib. Bundan sonra da o layihə tələblərə cavab vermirsə, onu təkmilləşdirmək, yaxud yeni bir proqram hazırlamaq məsələsi həll olunmayıbdır. Baş nazirin müavini, Dövlət Əmlak Komitəsinin sədri Tofiq Əzizov yanvar ayında bu vəzifəyə təyin olunandan sonra bu işə ciddi girişib, bir çox sənədlər, habelə konsepsiya hazırlayıbdır. Ancaq proqramın hazırlanması ilə məşğul ola bilməyibdir. Ona görə də cürbəcür layihələr var, ancaq proqram yoxdur. Təqdim olunan konsepsiya da proqram tərtib etmək üçün istənilən səviyyədə əsas yaratmır.

Hesab edirəm ki, bugünkü müzakirə çox əhəmiyyətlidir. Güman edirəm ki, bu, gələcək işlərimizə çox kömək edəcəkdir və bu müzakirənin əsasında indi biz öz işlərimizi qurmalıyıq, tədbirləri sürətlə həyata keçirməliyik.

Birinci növbədə özəlləşdirmə haqqında proqram tərtib olunmalıdır. İndiyə qədər olan proqram layihələrindən də, təqdim olunan konsepsiyadan da istifadə edilə bilər. Burada irəli sürülən təkliflərdən mütləq istifadə etmək və bunların əsasında proqram tərtib etmək lazımdır. Çünki özəlləşdirmə haqqında qanun da birinci növbədə özəlləşdirmənin proqramını tələb edir. Ancaq təkcə ona görə yox ki, qanun tələb edir və biz kortəbii olaraq bu qanunu həyata keçiririk. Yox, qanun bunu tələb edir, ancaq qanun qəbul olunandan sonra bizim keçdiyimiz yol və bu barədə olan araşdırmalar, bugünkü müzakirələr bir daha onu göstərir ki, özəlləşdirməni kompleks şəkildə həyata keçirmək üçün kompleks xarakterli proqram olmalıdır.

Qanundan irəli gələn tələblər, özəlləşdirmənin prinsipləri bu proqramda öz əksini tapmalıdır. Burada bütün çıxışlarda cürbəcür fikirlər söylənildi, ancaq yekdil fikir olmadı. Şübhəsiz ki, özəlləşdirməni keçirmək üçün bizim özəlləşdirilməli olan fondlarımız qiymətləndirilməlidir. Müəyyən olunmalıdır ki, hansı sahələr mütləq özəlləşdirilməli, hansı sahələr dövlətin mülkiyyəti kimi saxlanılmalıdır. Özəlləşdirilən sahələrin hamısı qiymətləndirilməlidir. Qanunda göstərildiyi kimi, bugünkü müzakirələrdən göründüyü kimi, şübhəsiz ki, hər bir vətəndaşın payı olmalıdır. Ancaq bu pay hansı şəkildə olmalıdır, vətəndaş bu dövlət mülkiyyətinin özəlləşdirilməsindən nə götürəcək və nə cür iştirak edəcək - bunlar hamısı proqramda müəyyən olunmalıdır.

Burada Tofiq Əzizovun təklifi var ki, vauçer olsun. Vauçerin əleyhinə təkliflər var, vauçerin qiymətinin olub-olmaması barədə təklif var, vauçerin qiymətinin göstərilməməsi barədə təklif var. Əvvəlki layihədə, burada deyildiyi kimi, vauçer yox, ancaq hər bir vətəndaşa müəyyən məbləğdə vəsait ayrılması var. Vauçer məsələsinin də həyata keçirilməsində Tofiq Əzizovun təklifləri əsasında çox böyük texniki işlər görülməsi lazım olacaqdır - vauçerlərin istehsal olunması, yaxud hazırlanması, depozitarinin yaranması, vauçerlərin paylanması üçün şəbəkələr və cürbəcür başqa məsələlər. Bunların hamısı da həm vaxt, həm də vəsait tələb edəcəkdir.

Ona görə də mən görürəm ki, bu barədə fikir ayrılığı tamamilə təbiidir və qəti bir fikir də demək çətindir. Şəxsən mən bunu demək istəmirəm. Ancaq bir şey aydındır ki, özəlləşdirmə zamanı vətəndaşların payı olmalıdır, hər bir vətəndaş öz payını almalıdır, bu payından istədiyi kimi istifadə etməlidir. O, ya özəlləşdirilən müəssisənin bir hissəsinin sahibi olacaqdır, yaxud öz payını başqasına verəcək və ya satacaqdır. Bunlar hamısı gələcək proseslərdə olacaqdır. Amma vətəndaşın payı olmalıdır.

Burada çıxış edənlərin bir çoxu dedi - özəlləşdirmədə əhalinin sosial müdafiəsi təmin olunmalıdır. Bu da proqramda öz əksini tapmalıdır. Şübhəsiz, burada deyildiyi kimi, özəlləşdirmə uzun bir müddətdə aparıla bilməz. Əbdülsəlimzadə dedi ki, xalqımızın xüsusiyyəti, mentaliteti və başqa amillər imkan vermir ki, biz özəlləşdirməni qısa müddətdə aparaq. Bəlkə bir neçə ilə onun 30 faizini apara bilərik, ondan sonra daha bir hissəsini. Yəni bu özəlləşdirmə 10 il, 15 il, 20 il çəkəcəkdir. Belə olan surətdə əgər biz bu gün hesab ediriksə ki, dövlət əmlakı özəlləşdiriləcək və insanlar ondan bu payı alacaq, bəs bu payı nə vaxt alacaq? Belə çıxır ki, biri payını bu gün alacaq, biri bir ildən sonra, biri də 15 ildən sonra, 20 ildən sonra alacaq. Bəs bu, necə müəyyən olunacaq?

Buradakı bəzi fikirlərdən mən belə anladım ki, kiçik müəssisələr özəlləşdirilsin, böyük müəssisələr qalsın. Yaxşı, böyük müəssisələr artıq elə vəziyyətdədir ki, onların fəaliyyəti günü-gündən çətinləşir. Dövlət də onları dövlət müəssisəsi kimi əvvəlkitək dotasiya və başqa köməklərlə saxlamaq imkanından məhrumdur. Ona görə də bunun yolu müəssisəni ancaq özəlləşdirərək istifadə etməkdən ibarətdir.

Şübhəsiz, burada deyilən belə bir fikir aydındır ki, böyük müəssisələr səhmdar cəmiyyətlərə çevriləcək. Bu, təbiidir. Həm də bu, özəlləşdirmənin əsas formalarından biridir. Ona görə də bu proqram kompleks şəkildə olmalıdır, bütün sahələri əhatə etməlidir. Bu proqramda mütləq göstərilməlidir ki, hansı sahələr dövlət bölməsində qalacaq ki, onlar haqqında dövlət xüsusi plan tərtib etsin və onların fəaliyyəti dövlət tərəfindən idarə olunub, bu fəaliyyətin iqtisadi cəhətdən səmərəliliyini artırmaq üçün xüsusi bir plan tərtib edilsin. Özəlləşdiriləcək və özəlləşdirilməli olan digər sahələrdə isə, şübhəsiz, bu işlərin müddəti göstərilməlidir - özəlləşdirmə nə vaxt, hansı müddətdə getməlidir.

Hesab edirəm ki, belə bir proqramın indi yaranması ən zəruri vəzifədir və bu proqramı təcili yaratmaq lazımdır. Mənim fikrimcə, bir ay müddətində belə bir proqram yaradılmalıdır. Bu bir ay 1992-ci ildə verilən bir ay deyil. Yəni biz artıq iki ildir ki, bu işlə məşğul oluruq. Təcrübə də toplamışıq, cürbəcür layihələr də var. Bu gün altı saatdır müzakirə gedir. Bu proqram bir ay müddətində tərtib edilib təqdim olunmalıdır.

Proqramı tərtib etmək üçün komissiya yaranmalıdır. Mən Tofiq Əzizovu komissiyanın sədri təyin edirəm. Burada mənə komissiyanın tərkibi haqqında siyahı veriblər. Ancaq mən bunu indi elan etmək istəmirəm və buna ehtiyac da yoxdur. Birincisi, mən sadəcə olaraq ona baxmamışam. İkincisi isə, burada gedən müzakirələrə görə çalışarıq bu komissiyanın tərkibi elə olsun ki, bu işə bütün sahələrdən yaxşı, səmərəli kömək edə bilən, ona qadir olan şəxslər buraya daxil edilsinlər. Həm dövlət strukturunda olan adamlar, həm alimlər, həm də müəssisələrin, ictimaiyyətin nümayəndələri komissiyaya daxil olsunlar.

Bu komissiya mənim fərmanımla təşkil ediləcək və onun tərkibi sabah elan olunacaqdır.

Ona görə də özəlləşdirmə prosesi bəzi çıxışlarda deyildiyi kimi uzun bir müddətdə gedə bilməz. Aydındır ki, bunu çox qısa müddətdə də keçirmək mümkün deyil. Ancaq nəzərdə tutulurdu ki, 15-20 ilə özəlləşdirmə keçirilsin. Mənə elə gəlir ki, bu heç ola bilməz. Bu, iqtisadiyyatımızı ağır vəziyyətə sala bilər. Bir şeyi də anlamaq lazımdır. Belə çıxacaq ki, bizim iqtisadiyyatda iki sistem uzun müddət davam edəcək. Əgər biz deyiriksə ki, özəlləşdirmə prosesində bir sahəni dövlət mülkiyyətində saxlayacağıq, iqtisadiyyatımızın çox sahəsi isə özəlləşdiriləcək, bu, təbiidir. Onda biz dövlət mülkiyyətində olan sahələrlə özəl bölmədə olan sahələrin münasibətlərini aydınlaşdırıb təşkil etmək imkanına malik olacağıq. Amma özəlləşdirmənin vaxtını həddindən artıq uzatsaq, bu da bizim tərəfimizdən idarə olunmayan bir prosesə çevrilsə, onda belə olacaq: müəssisələrin bir qismi özəlləşdiriləcək, qalan hissə isə özəlləşdirilməyəcəkdir və onda biz hansı iqtisadi qanunlar əsasında yaşayacağıq?

Biz deyirik ki, bazar iqtisadiyyatına gedirik. Şübhəsiz, bazar iqtisadiyyatı elə bir şey deyil ki, bu sahildən o sahilə 5 metr tullanıb o tərəfə düşəsən. Bu, belə deyil. Amma eyni zamanda bazar iqtisadiyyatına gedən yol elə bir uzun yol deyil ki, bir adamın ömrü ona çatmasın. Belə şey ola bilməz. Bəziləri ayrı-ayrı ölkələrdə uzunmüddətli özəlləşdirmə prosesinin tarixini misal gətirirlər. Bəli, bu ölkələrdə sosialist sistemi olmayıb, dövlət mülkiyyəti olmayıb. Mülkiyyətin cürbəcür formaları olub, müəyyən müddətdə onun bir hissəsi dövlət mülkiyyətinə keçib. Amma özəl bölmə həmişə üstün mövqedə, üstün vəziyyətdə olub. Ona görə də həmin prosesin müəyyən bir tarixi var. Amma indi biz sosialist iqtisadi sistemindən bazar iqtisadiyyatına keçiriksə, bunu bəzi çıxışlarda deyildiyi kimi həddindən artıq uzatmaq bizə çox böyük çətinliklər yaradar, iqtisadiyyatımızı daha da pis vəziyyətə sala bilər. Bununla heç cür razılaşmaq olmaz. Tofiq Əzizov komissiyanın sədri kimi artıq işə başlamalıdır. O cümlədən burada mübahisəli olan, ayrı-ayrı fikirlər doğuran məsələlər də bu komissiyada müzakirə edilməlidir. Əgər bu komissiyaya bir ay vaxt verilərsə, ola bilər ki, on beş gündən sonra o mübahisəli məsələlər haqqında fikirləri bizim müzakirəmizə çıxarsınlar. On beş gündən sonra həmin mübahisəli məsələlər haqqında hansı fikrə gələrlərsə, gətirib bizə təqdim edərlər, biz də bir yerdə yığışıb o barədə son sözümüzü deyərik. Bundan sonra on beş gün də vaxt lazım olacaq ki, mübahisəli məsələlər aydınlaşandan sonra tam bir ay müddətində proqram tərtib olunub təqdim edilsin.

Bu gün burada nazirlər, dövlət komitələrinin sədrləri, böyük müəssisələrin rəhbərləri müzakirə vaxtı respublika sənayesinin, ümumiyyətlə iqtisadiyyatımızın, istehsalın vəziyyəti haqqında da bəzi fikirlər söylədilər. Fürsətdən istifadə edib demək istəyirəm ki, biz bu islahatları keçiririk və keçirəcəyik. Ancaq indi oturub düşünək, əlimizi-əlimizin üstünə qoyub gözləyək ki, bu islahatlar nə vaxt həyata keçəcək və bundan sonra biz nəsə əldə edəcəyik, - bu, qətiyyən yaramaz. Hərə öz sahəsində çox ciddi tədbirlər görməlidir.

Sənayemizdə, ümumiyyətlə, iqtisadiyyatımızda mövcud potensial, imkanlar - hətta blokada şəraitində olmağımıza, başqa çətinliklərə baxmayaraq, (şimal tərəfdən yollarımız bağlıdır) -istehsalın xeyli yaxşı işləməsinə imkan verir. Ancaq qeyd etməliyəm ki, nazirliklər, şəxsən nazirlər, komitələr, komitə sədrləri, Nazirlər Kabineti, müəssisə, idarə rəhbərləri, təəssüf ki, son vaxtlar əməli işi zəiflədiblər, lazımi tədbirlər görmürlər. Daxili imkanlardan səmərəli istifadə etmirlər.

Ona görə də mən bu gün həm Nazirlər Kabinetindən, həm nazirlərdən, komitə sədrlərindən, müəssisə rəhbərlərindən, həm də iqtisadiyyatla məşğul olan bütün vəzifəli şəxslərdən tələb edirəm ki, işdə ciddi dönüş yaratmaq lazımdır. Bir də qeyd edirəm ki, Azərbaycanın iqtisadi, sənaye potensialı mövcud şəraitdə sənaye istehsalının xeyli artırılmasına imkan verir. Bu imkanlar hər bir müəssisədə, hər bir zavodda, fabrikdə, hər nazirlikdə, hər komitədə var. Əgər bu imkanlardan istifadə olunmursa, demək, bu rəhbər şəxslər öz vəzifələrini layiqincə yerinə yetirə bilmirlər, ya da yerinə yetirmək istəmirlər.

Mən hər kəsin nəzərinə çatdırmaq istəyirəm ki, belə vəziyyətə dözməyəcəyəm. İşində dönüş yaratmayan adamlar, şübhəsiz ki, öz vəzifəsindən kənarlaşdırılacaqdır. Ancaq mən bunu sadəcə xəbərdarlıq etmək üçün deyirəm, heç kəsə də hədə-qorxu gəlmirəm. Mən hər bir vəzifəli şəxsi vicdanla işləməyə dəvət edirəm. Respublikamız elə bir vəziyyətdədir ki, hər bir vəzifəli şəxs, kollektiv rəhbəri, idarə rəhbəri, nazirlik rəhbəri başa düşməlidir ki, onun işindən nəinki rəhbərlik etdiyi sahədə çalışan adamların maddi vəziyyəti, respublikamızın iqtisadi vəziyyəti asılıdır.

Respublikamızı ağır iqtisadi böhran vəziyyətindən çıxarmaq üçün biz bu böyük tədbirlərlə yanaşı, yəni iqtisadi islahatlar aparmaqla yanaşı - onların nəticəsini bir ildən sonra alacağıq - indi mövcud olan imkanlardan səmərəli istifadə etməliyik. Səmərəli istifadə etmək üçün isə, mən bir də deyirəm, hər bir yerdə imkanlar var. O imkanlardan istifadə edilməlidir.

Müxtəlif pillələrdə, cürbəcür təbəqələrdə iqtisadiyyata rəhbərlik edən, məsul vəzifə daşıyan şəxslər təşəbbüskar olmalıdır. Hərə öz sahəsində çevik hərəkət etməli, axtarışlar aparmalıdır. Bu, yeni iqtisadi formalardan istifadə edərək, iqtisadiyyatın səmərəliliyini təmin etməlidir, istehsalı irəliyə aparmalıdır. Zavodun, fabrikin, müəssisənin işini yaxşı təşkil etməlidir. Mən güman edirəm ki, bu imkanlar var. Həmin imkanları həyata keçirmək üçün şübhəsiz ki, Nazirlər Kabineti öz işini gücləndirməli və bu sahələrə daha mütəşəkkil rəhbərlik etməlidir.

Bir çox sahələrdə başqa qanunlar da qəbul olunmalıdır. Bunu bir neçə dəfə demişəm, - xüsusən gömrük sahəsində. Gömrük rüsumları sahəsində qanun, tə'limat, əsasnamə və nə lazımdırsa, tezliklə təmin etmək lazımdır. Biz burada gecikirik və çox şey itiririk. Dəfələrlə deyilib, bəlkə də bunu təkrar etməyə ehtiyac yoxdur. Bizim gömrük, siyasətimizdə daxili bazarımıza zərər vuran çox hallar var. İxrac, idxal siyasətimizdə çox böyük qüsurlar var. İqtisadiyyatımız bundan çox böyük zərərlər çəkir. Ancaq nədənsə biz bunun qarşısmı almırıq, yaxud ala bilmirik. Bu zərərlər də iqtisadiyyatımızı ümumiyyətlə geriyə salır.

Mən tələb edirəm ki, Nazirlər Kabineti, Prezident Aparatı tezliklə bu məsələlər haqqmda öz təkliflərini versinlər. Giiman edirəm ki, əgər qanunlar qəbul olunmalıdırsa, bunlar Milli Məclis tərəfindən də tezliklə qəbul ediləcəkdir.

Bir sözlə, biz islahatların həyata keçirilməsi ilə ciddi məşğul olmalıyıq. Ancaq islahatlar, özəlləşdirmə təkcə özəlləşdirmə, mülkiyyət formasınm dəyişdirilməsi naminə deyil, ən son nəticə olaraq respublika iqtisadiyyatınm səmərəliliyinin artırılması naminədir. Ona görə də bütün tədbirlərimiz bu məqsədin yerinə yetirilməsinə yönəldilməli və özəlləşdirmə haqqında proqram da bu məqsədi əsas tutmalıdır.

Güman edirəm ki, bununla da bugünkü müzakirəni sona çatdırmaq olar. Sabah qadınların bayramıdır. Bu bayram Azərbaycanda da qeyd olunur. İş günü deyil. Ancaq güman edirəm ki, qadınlar istirahət edəcək, kişilər işləyəcəklər. Qadınları bayram münasibətilə təbrik edirəm, onlara cansağlığı, xoşbəxtlik arzulayıram.

Biz Novruz bayramı ərəfəsindəyik, bu gün mən istəyirəm bütün dövlət orqanlarına tapşıram, güman edirəm, ictimai, xeyriyyəçi təşkilatlar da buna qoşularlar, - Novruz bayramına ciddi hazırlaşmaq lazımdır. Yəni hazırlaşmaq o mənada yox ki, xüsusi tədbirlər keçirilməlidir, yox. Novruz bayrammı adətən, dövri qədimdən xalqımız milli bayram kimi keçirib. Bu bayramda insanlar sadəcə olaraq baharı qarşılayırlar, hər şeyi yeniləşdirirlər. Bu bayramda bayram süfrəsi arxasında otururlar. Mənim ən böyük arzum ondan ibarətdir: biz hamımız çalışaq, Azərbaycan vətəndaşlan Novruz bayrammı yaxşı əhval-ruhiyyə ilə qarşdasınlar və yaxşı bayram süfrəsi ətrafmda Novruz bayrammı keçirə bilsinlər. Mən bütün vəzifəli şəxslərə müraciət edirəm və güman edirəm ki, hərə öz sahəsində lazımi işlər görməlidir.

Sağ olun. Bununla da bugünkü müşavirə başa çatır.

1   ...   10   11   12   13   14   15   16   17   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə