Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə13/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

AKADEMİK İMAM MUSTAFAYEVƏ
Hörmətli İmam Mustafayev!
Sizi 85 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı sizi həyatını kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinə sərf etmiş görkəmli alim, tanınmış ictimai xadim, fəaliyyətini Vətəninə, xalqına xidmətə həsr etmiş böyük vətəndaş kimi tanıyır.

Siz 65 illik yorulmaz, məhsuldar fəaliyyətiniz sayəsində geniş xalq kütlələrinin məhəbbət və ehtiramını qazanmışsınız. İnanıram ki, siz bundan sonra da elmi və ictimai fəaliyyətinizi davam etdirəcək, yeni-yeni nailiyyətlər əldə edəcəksiniz. Sizə bu şərəfli yolda uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram.



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

23 fevral 1995-ci il



ESTONİYA RESPUBLİKASININ

FREZİDENTİ ZATİ-ALİLƏRİ

LENNART MERİ CƏNABLARINA
Zati-aliləri!

Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə sizi və bütün dost eston xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmim-qəlbdən təbrik edir, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan ilə Estoniya arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir,
Hörmətlə,
HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

24 fevral 1995-ci il




KÜVEYT DÖVLƏTİNİN ƏMİRİ

ƏLAHƏZRƏT ŞEYX CABİR ƏL-ƏHMƏD

ƏS-SABAHA
Əlahəzrət!

Küveyt dövlətinin milli bayramı münasibətilə sizi və bütün dost Küveyt xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmim-qəlbdən təbrik edir, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan ilə Küveyt arasında dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə inkişaf edəcəkdir.

Hörmətlə,



HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

24 fevral 1995-ci il



XOCALI SOYQIRIMININ ÜÇÜNCÜ

İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR

AZƏRBAYCAN XALQINA MÜRACİƏT
Əziz həmvətənlərim!

Xalqımızın milli müstəqillik uğrunda mübarizə tarixində ən qanlı səhifələrdən biri olan Xocalı faciəsindən üç il keçir. Xaricdəki imperiyapərəst qüvvələrin dəstəyi ilə törədilən bu soyqırımı erməni qəsbkarlarının müstəqil Azərbaycan dövlətinə qarşı yeritdiyi məqsədyönlü təcavüz planının ən amansız həlqəsi, misli görünməmiş vəhşilik aktı, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş cinayət kimi XX əsrin tarixinə daxil olmuşdur. Günahsız dinc əhaliyə tutulmuş amansız divan, ağlasığmaz qəddarlıq erməni irticasının və onun xaricdəki havadarlarının iç üzünü beynəlxalq ictimaiyyət qarşısında bütün çılpaqlığı ilə açıqladı.

Bu ağır faciənin baş verməsinə respublika daxilində gedən hakimiyyət davaları da əlverişli zəmin yaratmışdı. O zamankı iqtidarın siyasi səbatsızlığı, ümummilli mənafelərə zidd mövqeyi Xocalı faciəsinin törədilməsində az rol oynamamışdır.

Milli varlığımızı və istiqlaliyyət uğrunda dönməz mübarizəmizə qarşı yönəldilmiş belə məqsədyönlü cinayətlər nə qədər amansız olsa da, xalqımızın mübarizə əzmini qıra bilməmiş, onun mətin iradəsini sarsıtmamışdır.

Bu milli hüzn günündə də Azərbaycan xalqını öz iradə və əzmini qoruyub saxlamağa, milli dövlətçiliyimiz və tam müstəqilliyimiz uğrunda gələcək mübarizələrə səfərbər olmağa çağırıram. Bunu bizdən şəhidlərimizin müqəddəs ruhları tələb edir.

Xocalı faciəsinin günahsız qurbanlarının müqəddəs ruhu qarşısında bir daha baş əyir, xalqımıza başsağlığı verirəm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.
HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

25 fevral 1995-ci il



XOCALI SOYQIRIMININ ÜÇÜNCÜ

İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR KEÇİRİLƏN

MƏRASİMDƏ ÇIXIŞ
Təzəpir məscidi
26 fevral 1995-ci il
Hörmətli həmvətənlərimiz! Hörmətli müsəlmanlar!

Bu gün biz Təzəpir məscidinə, Allah evinə matəm günü münasibətilə toplaşmışıq. Xocalı soyqırımının, faciəsinin üçüncü ildönümünü qeyd edirik.

Azərbaycan xalqı çoxəsrlik tarixində, öz həyat yolunda öyük qələbələr çalmış, yüksək zirvələrə qalxmış, dünya mədəniyyətini zənginləşdirmişdir. Müsəlman aləmi dünya mədəniyyətinə Qurani-Kərim kimi müqəddəs bir-kitab bəxş etmişdir. Azərbaycan xalqı çoxəsrlik tarixində böyük bəlalarla da rastlaşmış, müxtəlif mərhələlərdə faciələr də baş vermişdir.

Həmin faciələrdən biri də erməni qəsbkarlarının, işğalçılarının xalqımıza qarşı altı ildən bəri davam edən təcavüzüdür və bu təcavüz nəticəsində torpaqlarımızın parçalanması, bir qisminin əldən getməsi, vətəndaşlarımızın həlak olması, qan tökülməsidir. Amma bu ümumi bəlanın içərisində Xocalı faciəsi ən dəhşətlisidir, bizim üçün ən ağır yaradır.

Tarixdə insanın insana qarşı vəhşilik etməsi halları dəfələrlə qeyd olunub. Soyqırımı da dünyanın bir çox yerlərində baş veribdir. Azərbaycana qarşı Ermənistan qəsbkarları, təcavüzkarları tərəfindən edilən soyqırımı bunların ən dəhşətlilərindən biridir. Uzun müddət, demək olar ki, XX əsr ərzində Azərbaycan xalqına, millətinə qarşı Ermənistan təcavüzkarları tərəfindən olunan soyqırımları xalqımıza böyük yaralar vurmuşdur. Onların arasında ən böyük, ən ağır yaralardan biri Xocalı soyqırımıdır, altı il davam edən müharibədir.

Müharibəni erməni təcavüzkarları başlayıblar. Azərbaycan xalqı öz torpaqlarını qoruyur. Şübhəsiz ki, müharibədə qan da tökülür, şəhidlər də veririk, böyük əzab-əziyyətlər də çəkirik. Ancaq üç il bundan əvvəl xocalılara, dinc əhaliyə qarşı, qadına, uşağa, qocaya, xəstəyə qarşı qəsbkarlar tərəfindən vəhşicəsinə aparılmış hərbi əməliyyat, soyqırımı altı illik müharibənin ən dəhşətli mərhələsidir və ən ağır, qara səhifəsidir.

Xocalı hadisələri bir də onu göstərdi ki, ermənilər Azərbaycanın təkcə torpaqlarına göz dikmək, ərazimizi qəsb etmək yox, xalqımıza qarşı soyqırımı törətmək kimi vəhşi bir yola düşmüşlər. Bu, Xocalı hadisələrində özünü açıq-aşkar büruzə verdi. O dəhşətli gecədə Azərbaycan xalqının ürəyinə bir süngü taxıldı. O süngü indiyədək bizi sızıldadır. Bu yara hələ sağalmayıb, bağlanmayıb, bu yara qəlbimizdə həmişə olacaqdır. Qeyd etdiyim kimi, gecə vaxtı dinc əhaliyə hücum etmək, uşağı, qadını, qocanı, xəstəni vəhşicəsinə yerindəcə məhv etmək, öldürmək və onlara görünməmiş qəddarlıqla əzab-əziyyət vermək düşmənlərimizin nə qədər vəhşi olduğunu bir daha sübut edir.

Xocalı soyqırımı, ermənilərin xalqımıza qarşı təcavüzü, vəhşiliyi, insana qarşı ən rəzil üsullardan istifadə etməsi bəşəriyyət tarixinə daxil olub və olacaqdır. O gecə, o günlər həlak olanlar, dünyadan gedenlər Azərbaycanın əziz vətəndaşlarıdır, onlar respublikamızın ərazi bütövlüyü yolunda qurban olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır, şəhiddirlər. Onların faciəli surətdə həlak olması, şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir.

Altı ildən artıq gedən müharibədə biz çox şəhidlər vermişik. Bir də qeyd edirəm ki, Xocalı şəhidləri də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi yolunda şəhid olmuş vətəndaşlarımızdır. Bu gün biz burada onların xatirəsini qeyd edirik, onların ruhu qarşısında baş əyirik, onlara dua edirik. Mən bütün Azərbaycan xalqı adından, Azərbaycan dövləti adından bu matəm günündə xalqımıza bu faciəli hadisə münasibətilə bir daha başsağlığı verirəm. Xocalıda şəhid olanların ailələrinə, qohum-əqrəbalarına dərin hüznlə başsağlığı verirəm. Allah Xocalı şəhidlərinə rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Xocalı şəhidlərinin ailələrinə səbr versin. Allah bütün xalqımıza səbr versin. Allah səbr versin ki, biz bütün bu bəlalardan qurtaraq, müstəqil Azərbaycanın tam müstəqilliyini, ərazi bütövlüyünü təmin edək, müstəqil Azərbaycanı əbədi olaraq yaşadaq.

Xocalı faciəsi bizim dərdimizdir, kədərimiz, qəmimizdir. Ancaq eyni zamanda Azərbaycan xalqının əsrlər boyu keçdiyi mübarizə yolu, milli azadlıq yolu şanlı, uğurlu yoldur. Keçmişdə də bizim yolumuzda çətinliklər olub. Çətinliklər bu gün də var. Ancaq heç bir şey Azərbaycan xalqının iradəsini sındırmayıb və sındırmayacaqdır. Biz belə hadisələrdən onu götürməliyik ki, daha da cəsur olmalıyıq, daha da mətin, daha da bir olmalıyıq. Dərk etməliyik ki, biz özümüz öz taleyimizin sahibi olduğumuz kimi, özümüz də öz taleyimizi, öz müstəqilliyimizi qorumalı, Allahın bizə buyurduğu yolla gedərək öz yolumuzu açmalı və bu yolla irəliləməliyik.

Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə ümidlə baxmalı, ümidlə yaşamalıyıq. Mən tam əminəm ki, Azərbaycan xalqı bu ağır mərhələlərdən də keçəcəkdir. Çətinliklər təkcə müharibə, torpaqlarımızın işğal edilməsi, qaçqınlarımızın ağır vəziyyətdə olması ilə bağlı deyil. İndi xalqımız keçid dövründə yaşayır. Sosial-iqtisadi böhran içərisindəyik. İnsanların həyatında, yaşayışında çətinliklər həddindən artıq çoxdur. Ancaq bizim xalqımız əsrlər boyu belə çətin mərhələlərə dözüb, onlardan keçib və ona görə də min illərlə yaşayıb, bundan sonra da min illərlə yaşayacaqdır.

Biz öz inamımızı itirməməliyik, məsləkimizdən, tutduğumuz yoldan çəkinməməliyik. Tutduğumuz bu yol Azərbaycanın müstəqilliyidir, milli azadlığıdır, müstəqil Azərbaycanın müstəqil dövlət kimi əbədi olmasıdır. Tutduğumuz yol bizim mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, dinimizə, dilimizə, tariximizə sədaqətimizdir. Bunlara nə qədər sadiq olsaq, bugünkü ağır şəraitin səbəblərini bir o qədər dərk edəcək, bir-birimizə əl tutacağıq, kömək edəcəyik, erməni qəsbkarlarının qarşısını da alacağıq. Torpaqlarımızı da azad edəcəyik və xalqımızı, respublikamızı bu böhran vəziyyətindən də çıxaracağıq.

Mən əminəm ki, tutduğumuz yol şərəfli, doğru yoldur, xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol ilə də gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə əmindir, onun mətanətinə inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdən çıxaracaqdır.

Mən Xocalı şəhidlərinə bir daha Allahdan rəhmət diləyirəm. Bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Sizi bir daha əmin etmək istəyirəm ki, Azərbaycan dövləti xalqımızın hüquqlarının qorunmasında, torpaqlarımızın, ərazilərimizin qorunmasında möhkəm duracaq və Azərbaycan xalqını bu bəlalardan çıxaracaqdır.



AZƏRBAYCAN XALQININ MİLLİ MATƏM

GÜNÜ - XOÇALI SOYQIRIMININ ÜÇÜNCÜ

İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MATƏM

MƏRASİMİNDƏ ÇIXIŞ
Müslüm Maqomayev adına

Azərbaycan Dövlət Filarmoniyası


26 fevral 1995-ci il
Hörmətli bacılar, qardaşlar, hörmətli həmvətənlər!

Biz, burada toplaşanlar - hamımız bu matəm mərasiminin təsiri altındayıq. Xocalı faciəsinin üçüncü ildönümü münasibətilə bütün Azərbaycan xalqına bir daha başsağlığı verirəm. Xalqımıza səbr diləyirəm. Allah Xocalı faciəsinin bütün qurbanlarına rəhmət eləsin. Onlar Azərbaycan xalqının milli azadlığı uğrunda, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həlak olublar, şəhid olublar. Bu gün biz hamımız o şəhidlərin ruhu qarşısında bir daha baş əyirik. Allah onlara rəhmət eləsin. Allah onların ailələrinə, buraya toplaşanların hamısına səbr versin. Allah Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olanların hamısına rəhmət eləsin.

Bugünkü ədəbi matəm mərasimi, güman edirəm ki, bu salona toplaşanların hamısını həyəcanlandırdı. Xocalı faciəsi gözümüzün önündə bir daha canlandı. Biz kədər içindəyik, qəm içindəyik. Üç ildir ki, biz bu qəm-dərdi çəkirik. Bu gün biz Xocalı faciəsinin nə qədər dəhşətli faciə olduğunu və Azərbaycan xalqına nə qədər böyük zərbə vurduğunu bir daha dərk etdik, bir daha hiss etdik. Ancaq eyni zamanda, bu gün burada səslənən sözlər onu göstərir ki, bu faciə də, bu soyqırımı da, son altı ildə Azərbaycanın başına gələn bəlalar da xalqımızın iradəsini qırmayıbdır və qıra da bilməz! Əksinə, hər belə hal - Xocalı soyqırımı, Xocalı faciəsi, başqa faciələrimiz bu gün burada deyilən sözlər kimi, bizim hamımızda daha çox inam yaradır. Hamımızı daha cəsarətli, rəşadətli, mətanətli olmağa dəvət edir. Hamımızı dəvət edir ki, biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək.

İnanıram ki, Azərbaycan xalqı belə qüdrətə malikdir. İnanıram ki, Azərbaycan xalqı buna nail olacaq yə inanıram ki, bugünkü gecə də hamımızı buna dəvət edir. İnanıram ki, bu gün burada səslənən sözlərdən hər kəs özü üçün nəticə çıxaracaqdır və mən də sizin kimi, gələcəyə nikbin baxıram.

Xalqımız uzun, çoxəsrlik tarixində belə bəlalardan çox keçibdir. Belə qaranlıq günlərin işıqlı günləri olur, xoşbəxt günləri olur. Onlar qabaqdadır. Biz o günlərə doğru gedirik və heç vaxt başımızı aşağı salmamalıyıq. Biz qəmlənərək, eyni zamanda gücümüzü toplamalıyıq və toplayırıq da. Əminəm ki, haqq-ədalət öz yerini tutacaq. Azərbaycan xalqının haqq işi başa çatacaq. Azərbaycan xalqı müstəqilliyini tam bərqərar edəcək, bütün ərazisinin sahibi olacaq, bütün taleyinin sahibi olacaq, ölkəmiz müstəqil dövlət kimi əbədi yaşayacaqdır. Mən buna inanıram və əminəm ki, siz də inanırsınız. Əminəm ki, bütün Azərbaycanın həqiqi vətənpərvər insanları da, vətəndaşları da buna inanırlar.

Mən bu inamla bu gecədən ayrılıram və bu gecəni hazırlayanlara, onu tərtib edənlərin hamısına təşəkkür edirəm. Hörmətli şairimiz Zəlimxan Yaquba, hörmətli sənətkarımız Mikayıl Mirzəyə və bu mərasimdə iştirak edənlərin hamısına təşəkkür edirəm. Siz bizi həm kədərləndirdiniz, həm də bizə güc verdiniz, bizi nikbin etdiniz. Sağ olun. Bir daha, Allah Xocalı faciəsinin qurbanlarına rəhmət eləsin.

Sağ olun.

YAZIÇI GƏRAY FƏZLİYƏ
Hörmətli Gəray Fəzli!

Sizi 70 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı sizi, həyatını ədəbiyyatımızın və mədəniyyətimizin inkişafına həsr etmiş vətənpərvər şair, görkəmli nasir və publisist kimi tanıyır. Siz dəyərli yaradıcılıq nümunələrinizlə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmısınız. Müxtəlif illərdə çap etdirdiyiniz bir çox şep və nəsr kitabları xalqımızın mədəni-əxlaqi tərbiyəsi işində böyük rol oynamış, Azərbaycanda gedən ictimai proseslərin bədii inikası kimi xüsusi maraq doğurmuşdur.

Sizə uzun ömür, cansağlığı, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin inkişafı naminə fəaiiyyətinizdə uğurlar arzulayıram.
HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

2 mart 1995-ci il



RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ

AZƏRBAYCAN XALQINA TƏBRİK
Mərhəmətli, rəhmli Allahın adı ilə!
Əziz bacı və qardaşlar! Müqəddəs kitabımız Qurani-Kərimin insanlar üçün nazil edildiyi mübarək Ramazan ayının başa çatması və İslam dünyasının ən əziz bayramlarından olan Ramazan bayramının başlanması münasibətilə sizi ürəkdən təbrik edirəm.

Xalqımız Ramazan bayramını mürəkkəb bir şəraitdə, lakin gələcəyə inamla qeyd edir. Bu, öz azadlığına qovuşaraq müstəqil inkişaf yoluna qədəm qoymuş xalqın gələcəyə inamıdır.

Azərbaycanın müstəqilliyinə qarşı çıxan qüvvələr xalqımızın azadlıq əzmini imtahana çəkir. Lakin bütün bunlar əbəs cəhdlərdir. Əminəm ki, torpaqlarımızda sülh və əmin-amanlıq bərqərar olacaqdır. Xalqımızın düşmüş olduğu ağır vəziyyətdən çıxması üçün mübarək Ramazan ayında edilmiş niyyət və diləklər Allah-təalanın köməyi ilə, xalqın iradəsi və əzmi ilə tezliklə gerçəkləşəcəkdir.

Əziz Ramazan bayramı münasibətilə hamınıza cansağlığı, xoşbəxtlik, Vətənin azadlığı və tərəqqisi yolunda böyük uğurlar arzulayıram.


HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

2 mart 1995-ci il



RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ

KEÇİRİLƏN MƏRASİMDƏ ÇIXIŞ
"Gülüstan" Sarayı
3 mart 1995-ci il
Hörmətli bacılar, qardaşlar, gənclər, əziz balalarımız,

Azərbaycanın əziz övladları!


Biz bu gün Ramazan bayramını qeyd edirik. Ramazan bayramı dünya müsəlmanlarının, o cümlədən azərbaycanlıların ən müqəddəs, ən böyük bayramıdır. Azərbaycan xalqı bu bayramı dərd-qəm içərisində qeyd edir. Burada deyildiyi kimi, respublikamız altı ildən artıqdır ki, Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmışdır. Azərbaycan böyük itkilər vermişdir, respublikamızın qəhrəman vətəndaşları torpaqlarımızı müdafiə edərək, vətəni qoruyaraq şəhid olmuşlar, həlak olmuşlar. Ərazimizin bir qismi işğal edilmiş, əhalimizin bir milyondan çoxu yerindən-yurdundan didərgin düşmüşdür, qaçqın, köçkün vəziyyətində yaşayır, ağır şəraitdədir. Ümumiyyətlə xalqımız, respublikamız ağır şərait içərisindədir.

Biz bayramı belə bir dövrdə qeyd edirik. Eyni zamanda Azərbaycan xalqı Ramazan bayramını öz müstəqil dövlətinin bayrağı altında keçirir. Xalqımız üç ildən çoxdur ki, milli azadlığa çıxıb, Azərbaycan öz müstəqilliyini əldə edib, müstəqil bir dövlətdir. Müstəqillik, milli azadlıq yolu asan, hamar olmayıb, çox əzab-əziyyətli olub. Həmin yol bundan sonra da çətin olacaqdır. Ancaq itkilərimizlə bərabər, əldə etdiyimiz dövlət müstəqilliyi, suverenliyi, milli azadlıq bizi sevindirir, hamımızda qürur hissi yaradır və bu bayramı böyük nikbinliklə qeyd etməyə imkan verir.

Xalqımız əsrlər boyu yaşamaq, yaratmaq üçün mübarizə aparıb, milli azadlıq uğrunda vuruşub, qurbanlar verib, öz torpağında milli ənənələri, tarixi kökləri əsasında, öz dini, mənəviyyatı əsasında müstəqil dövlət qurmaq arzusunda olub. İndi xalqımız bunlara nail olub. Dediyim kimi, bu yolda itkilər də olub, bu da təbiidir. Biz bundan sonra da şübhəsiz ki, çətin yolla gedəcəyik, böyük maneələrlə rastlaşacağıq. Ancaq ən əhəmiyyətlisi ondan ibarətdir ki, əsrlər boyu həsrətində olduğumuz müstəqil Azərbaycan dövləti mövcuddur. Biz əsrlər boyu həsrətində olduğumuz milli azadlığa gəlib çıxmışıq.

İndi hər şey bizim əlimizdədir, yəni Azərbaycan xalqının, vətəndaşlarının əlindədir. Hər şey bizim hamımızdan asılıdır. Biz bu nailiyyətləri lazımi qədər qiymətləndirə bilsək, onu əlimizdə saxlayıb əbədiləşdirəcəyik. Bu bayram günü mən bir daha tam əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan xalqında belə inam var. Azərbaycan xalqında artıq belə möhkəm mənəviyyat mövcuddur, xalqımız bu tarixi nailiyyətləri bundan sonra heç vaxt əlindən verməyəcəkdir.

Bunun üçün şübhəsiz ki, biz çox iş görməliyik, xalqımızın mənəvi birliyini təmin etməliyik. Gücümüzün hamısını bir yerə toplamalıyıq. Biz yətəndaş həmrəyliyini, milli həmrəyliyi, xalqın bütün təbəqələrinin həmrəyliyini bir məqsəd üçün -Azərbaycanım müstəqilliyini qoruyub saxlamaq, respublikamızı bu ağır vəziyyətdən çıxarmaq üçün təmin etməliyik. Bu gün sizə bəyan edirəm ki, Azərbaycanın dövləti, hakim dairələri, o cümlədən prezident kimi mən bunu qarşıma məqsəd qoymuşam, bu məqsədə nail olmaq üçün əlimdən gələni etmişəm və bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.

Qeyd etdiyim kimi, biz bu bayramı çətin şəraitdə, ancaq böyük nikbinlik əhval-ruhiyyəsi ilə keçiririk. Bu nikbinlik də Azərbaycanın hər bir vətəndaşının qəlbində olan vətənpərvərlik hissindən, Vətəninə, torpağına, xalqına, tariximizə bağlılıq hissindən doğur. Ona görə də mən inanıram ki, biz bu birliyi əldə edə biləcək, onu möhkəmləndirəcək və nailiyyətlərimizi birlikdə qoruyub saxlayacağıq.

Azərbaycan xalqının yaxşı yaşaması üçün ölkəmizin böyük imkanları - təbii sərvətləri, iqtisadi potensialı, gözəl ərazisi, iqlimi, ənənələri və çox zəngin tarixi, mədəniyyəti var. Bunlar hamısı bizim milli sərvətlərimizdir. Bunlar əsas verir bu gün bir daha deyək ki, Azərbaycanın çox gözəl, xoşbəxt, işıqlı gələcəyi var. Bu gələcəyə biz hamımız birlikdə, hamımız əl-ələ verərək getməliyik. Əgər bu məqsədə nail olmaq üçün hämı öz sahəsində namusla, qeyrətlə çalışsa, biz bu gələcəyə çatacağıq. Güman edirəm ki, biz buna nail olacağıq.

Bu gün Azərbaycanın hər yerində Ramazan bayramı qeyd olunur. Hər bir müsəlman azərbaycanlı bu bayramı kimi evində, kimi qonşusu ilə, qohum-əqrəbası ilə qeyd edir. Eyni zamanda şəhərlərdə, rayonlarda, qəsəbələrdə, kəndlərdə yerli icra hakimiyyəti orqanları, ictimai və xeyriyyəçi təşkilatlar, cəmiyyətlər bu bayramın geniş miqyasda keçirilməsi üçün fəaliyyət göstərirlər. Ehsanlar verilir, şəhidlərin ruhuna dua oxunur. Beləliklə, bizim milli, dini ənənələrimiz bayram günündə də, matəm günündə də bərpa olunur, cəmiyyətdə, qəlbimizdə öz yerini tutur və güman edirəm ki, bu, ən müsbət hallardan biridir.

Bununla əlaqədar olaraq biz bu gün "Gülüstan" sarayına toplaşmışıq. Bu saray çox böyük mərasimlər görüb. Azərbaycan dövlətinin bu sarayda böyük görüşləri, mərasimləri, ziyafətləri olub. Ancaq burada, artıq deyildiyi kimi, bu mərasimlərdə, görüşlərdə, adətən respublikamızın rəhbər vəzifəli şəxsləri, hörmətli adamlar, tanınmış ziyalılar iştirak edirlər. "Gülüstan" sarayı şübhəsiz ki, xalqın üzünə açıqdır. Adi adamlar da gəlib burada bayramlarını, şənliklərini, toylarını qeyd edirlər. Bu da təbiidir.

Ancaq bu gün burada əvvəlkilərin hamısından fərqli olan bir məclis toplaşıb. Əsas fərq ondan ibarətdir ki, müqəddəs bayramımız - Ramazan bayramı Azərbaycanın ən möhtəşəm sarayı olan "Gülüstan"da qeyd olunur. Digər fərq ondan ibarətdir ki, bu gün buraya toplaşanlar əvvəlki mərasimlərin iştirakçıları deyillər. Çoxları bəlkə də bu qapıdan ilk dəfə giriblər, buraya addımlarını atıblar, bu masaların arxasında oturublar, bu bayramı burada qeyd edirlər. Bu dəvət olunanlar şəhid ailələridir. Xocalı faciəsinin dəhşətlərini görənlərdir. Xocalıda həlak olanların balalarıdır, uşaqlarıdır, qohum-əqrəbalarıdır. Vətən yolunda şəhid olanların ailə üzvləridir. Vətən yolunda vuruşub xəsarət alanlardır - sadə insanlardır. Ola bilər ki, əksəriyyəti özləri üçün bu gün belə süfrə düzəltməyə imkam olmayan adamlardır. Ancaq eyni zamanda, bu salona toplaşanlar Azərbaycan xalqının, respublikanın dəyərli, hörmətli insanlarıdır. Onlar vətənpərvər, təmiz qəlbə malik, əzab-əziyyət içərisində olduqlarına görə hörmətli, dəyərli insanlardır. Mənim yanımda oturan balaca Murad Xocalıda valideynlərini itirib, Samirə Xocalıda itkilər verib. Başqaları da belədir. Burada oturanların əksəriyyəti əhalimizin bu təbəqəsindən olanlardır. Güman edirəm, toplaşanların mənəvi haqqı var ki, bu gün Ramazan bayramını məhz burada keçirsinlər, bir yerdə qeyd etsinlər, bir-birilə görüşsünlər, ünsiyyətdə olsunlar, həyat nə qədər çətin keçsə də, heç olmasa bu çətin həyatın bir neçə saatını xoş anlarını yaşasınlar. Amma eyni zamanda hesab edirəm ki, biz heç vaxt bədbinliyə qapılmamalıyıq. Həyat həmişə inkişafdadır. Ona görə də nə qədər ağır itkilərimiz, nə qədər çətinliklərimiz olsa da biz həmişə nikbin olmalıyıq, başımızı həmişə dik tutmalı, irəliyə həmişə inamla baxmalıyıq, ümidlə yaşamalıyıq.

Şübhəsiz, ən böyük arzumuz, ən böyük ümidimiz, ən böyük istəyimiz müharibəyə son qoyulmasıdır, torpaqlarımızın azad edilməsidir, əsirlikdə olan vətəndaşlarımızın geri qayıtmasıdır. Ən böyük arzumuz Azərbaycanın ərazi bütövlüyünün, respublikamızın sərhədlərinin toxunulmazlığının, ölkəmizin suverenliyinin təmin olunmasıdır. Güman edirəm ki, o günlər də uzaqda deyil. Biz o günlərə gəlib çatacağıq. Çatacağıq ona görə ki, xalqımızda olan mərdlik, cəsarət, qəhrəmanlıq, tariximizdə xalqımızın göstərdiyi qəhrəmanlıq nümunələri bizim bu ağır vəziyyətdən çıxmağımıza şübhəsiz ki, kömək edəcəkdir. Tam imkanımız vardır ki, bu ağır vəziyyətdən çıxaq və bütün məqsədlərimizə nail olaq.

Doqquz aydan artıqdır ki, müharibədə atəş dayandırılıbdır. Şübhəsiz ki, bu, böyük hadisədir. Altı il davam edən müharibədə ilk dəfədir ki, belə uzunmüddətli atəşkəs əldə olunub. Ancaq bu atəşkəs müharibəyə sülh yolu ilə son qoymaq, Azərbaycanın işğal olunmuş bütün ərazilərini azad etmək üçün sadəcə bir vasitədir. Bilirsiniz ki, bu sahədə biz çox istiqamətdə iş görürük, tədbirlər həyata keçiririk, diplomatik addımlar atırıq, danışıqlar aparırıq və danışıqları bundan sonra da davam etdirəcəyik. Güman edirəm ki, görülən işlər öz nəticəsini verəcəkdir. Şübhə etmirəm ki, biz istədiyimizə nail olacağıq. Bu gün bayramı qeyd edərkən biz şəhidləri də xatırlayırıq. Dünyasını dəyişən bütün qohum-əqrəbamızı, dostlarımızı, tanışlarımızı, vətəndaşlarımızı da xatırlayırıq. Hamımız şəhidlərin ruhu qarşısında baş əyirik, onlara rəhmət diləyirik, xalqımıza səbr diləyirik. Eyni zamanda bir daha bəyan edirik ki, Azərbaycan xalqı bundan sonra istədiyi kimi, müstəqil yaşamağa, müstəqil dövlətini qurub inkişaf etdirməyə qadirdir və xalqımız buna nail olacaqdır. Bu yolda Azərbaycan dövləti bütün tədbirləri görür və bundan sonra da görəcəkdir. Buna tam əmin ola bilərsiniz. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti hər bir vətəndaşın hüquqlarının keşiyində durub, onun hüquqlarının toxunulmazlığını təmin edir və edəcəkdir. Azərbaycanın prezidenti kimi mən verdiyim anda həmişə sadiq qalacağam, hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunmasına çalışacağam və bunun üçün bütün imkanlarımdan istifadə edəcəyəm.

Gərək hər bir vətəndaş da dövlətinə, torpağına sədaqətli olsun, sədaqətlə yaşasın, xidmət etsin və çalışsın ki, xalqla dövlətin vəhdəti möhkəmlənsin, respublikamız bu ağır vəziyyətdən çıxsın. Mən buna inanıram və əminəm ki, belə də olacaqdır.

Sizi Ramazan bayramı münasibətilə bir daha təbrik edirəm. Hər birinizə cansağlığı, xoşbəxtlik arzu edirəm, işlərinizdə, fəaliyyətinizdə uğurlar diləyirəm. Sağ olun, bayramınız mübarək olsun!


1   ...   9   10   11   12   13   14   15   16   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə