Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə12/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   27

Milli Bankın prezidenti: Yanvar ayının məvacibi verilib. Fevral ayının maliyyələşdirilməsinə isə başlanmışdır.

Heydər Əliyev: Mən sizə tapşırıram, başqa sahələr də təmin olunmalıdır, amma həm şəhərlərdə, həm də kəndlərdə müəllimlərin dekabr və yanvar ayları üçün məvacibləri təcili surətdə bir həftənin içində ödənilməlidir. Aydındırmı? Bir həftənin içində ödəyib, mənə şəxsən məlumat verməlisiniz!

İşğal olunmuş ərazilərdən qaçqın düşən müəllimlərin, habelə onların yerləşdirildiyi məktəblərin vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Ona görə də maliyyə nazirinə, Milli Bankın prezidentinə, təhsil nazirinə tapşırıram ki, məsələyə birlikdə baxsınlar, həmin müəllimlərin məvaciblərinin ödənilməsi gecikdirilirsə, belə hallar aradan qaldırılsın, onların maddi vəziyyətini müəyyən səviyyədə saxlamaq üçün əlavə nə kimi tədbirlər lazımdırsa həyata keçirilsin. Şübhəsiz ki, bunların hamısına Nazirlər Kabineti nəzarət etməlidir. Fuad Quliyev, Səməd Sadıqov, Elçin Əfəndiyev bu məsələləri nəzarət altında saxlamalıdırlar. Prezident Aparatından Fatma xanım Abdullazadə bu işlərə ciddi nəzarət etməlidir. Xahiş edirəm bu məsələyə də baxın. Mən indi konkret bir şey deyə bilmərəm.

Amma eşitdiyimə görə, həmin məktəblərin təminatında da çox gərginlik var, müəllimlərin məvacibləri də gecikdirilir. Xahiş edirəm bunu da nəzərə alın.

Bu gün sizin çıxışlarınızı, fikirlərinizi dinləyərkən mən belə qənaətə gəldim ki, əlavə tədbirlər görmək lazımdır. Fikirləşirəm ki, bəlkə biz Təhsil Fondu yaradaq. Siz bu təklifə necə baxırsınız?



Yerdən səslər: Təhsil Nazirliyinə Firudin Cəlilov rəhbərlik edərkən belə bir fond var idi.

Heydər Əliyev: İndi nə təhsil naziri Firudin Cəlilovdur, nə də Təhsil Fondu var. Belə hesab edirəm ki, keçmişdə nə olubsa, kim nə edibsə, bunlar bir kənarda qalsın. Biz Təhsil Fondu yaratmalıyıq. Fikirləşməliyik ki, bu fonda haradan vəsait toplayaq və vəsaiti nəyə sərf edək? Çıxış edənlərdən kimsə dedi ki, kommersiya strukturlarının gəlirindən 0,1 faiz ayrılıb məktəb üçün yönəldilsin. Ola bilsin ki, bu təklifdə də müəyyən bir əsas var. Amma məsələ tək bundan ibarət deyildir. Təhsil Fonduna müxtəlif mənbələrdən vəsait yönəltmək olar. Təhsilimizin problemlərini, çətinliklərini aradan qaldırmaq üçün dövlət büdcəsinin vəsaiti ilə yanaşı, Təhsil Fondunun vəsaitindən də istifadə etmək olar. Necə bilirsiniz? Yaxşımı olar? Onda mən Ramiz Mehdiyevə, Fatma Abdullazadəyə, Elçin Əfəndiyevə tapşırıram ki, Təhsil Fondu yaratmaq üçün təcili surətdə mənim fərmanımı hazırlasınlar. Bəri başdan deyirəm, sərəncam verirəm ki, bu fonda Prezident Fondundan 10 milyard manat köçürülsün. 10 milyard manat!

Hesab edirəm ki, biz Təhsil Fondunu lazımi səviyyədə təşkil edə bilsək, onun başqa mənbələrdən maliyyələşdirilməsini təmin etsək, onda bu fondun geniş imkanları olar və o, təhsilin, məktəbin, müəllimlərin çətinliklərinin aradan qaldırılmasında bir vasitəyə çevrilər. Mən bu qərarı qəbul etdim və indi sadəcə olaraq fərmanı hazırlayıb mənə vermək lazımdır. Təhsil Fondunun hüquqi cəhətlərini işləməyi Şahin Əliyevə tapşırıram. Buna baxmayaraq, mən bu fondun əsasını qoyaraq 10 milyard manat ayırıram.

Burada çıxış edənlər təklif verdilər ki, keçmişdəki kimi yenə də yerli hakimiyyət orqanları məktəblərə, uşaq bağçalarına və digər uşaq tərbiyə ocaqlarına qayğı göstərsinlər, lazımi işlər görsünlər. Zənnimcə, bu da məqsədəuyğun təklifdir. Təhsil Fondu haqqında mənim fərmanımda belə bir bənd də ola bilər ki, şəhər, rayon icra hakimiyyəti orqanlarına bu barədə tapşırıq verilsin. Amma bunu fərmanda rəsmiləşdirmək lazımdır. Qoy onlar kömək etsinlər. Şübhəsiz ki, icra hakimiyyəti orqanları da büdcə hesabına yaşayırlar. Amma hər bir rayonun, hər bir şəhərin ərazisində geniş imkanlar var, özəl sektor da imkanlara malikdir. Bu imkanlardan istifadə etməklə təhsil ocaqlarının bəzi çətin problemlərini aradan qaldırmaq mümkündür. Ona görə gərək bu işdə də bir sistem yaradaq. Məncə bu da vacibdir.

Mən bu qərarları qəbul etdim və düşünürəm ki, bunların hamısı qəbul olunduğu andan həyata keçirilməlidir. İndi iş sizdən, yəni Nazirlər Kabinetindən, Prezident Aparatından, Təhsil Nazirliyindən, Müəllimlər Şurasından, müəllimlərdən və ictimaiyyətdən asılıdır. Bir tərəfdən, çalışmalısınız ki, mənim qəbul etdiyim bu qərarlar təcili olaraq həyata keçirilsin və onlardan səmərəli istifadə edilsin. Digər tərəfdən isə, bizim bu görüşümüzdən istifadə edərək, ictimaiyyətin diqqətini bir daha məktəbə, müəllimin həyatına, tələbənin həyatına qayğının artırılmasına cəlb etmək lazımdır. Hesab edirəm ki, bizim səsimizə səs verəcəklər və məktəb, müəllim indiyədək olduğu kimi, bundan sonra da həm dövlətin, həm də ictimaiyyətin diqqət mərkəzində, qayğısı altında olacaq. Əminəm ki, biz bu çətinliklərdən çıxacağıq.

Dövlətçiliyimiz haqqında, mənim fəaliyyətim haqqında bu gün burada dediyiniz sözlərə görə minnətdaram və bildirmək istəyirəm ki, mənim bütün fəaliyyətim yalnız və yalnız Azərbaycan xalqını bu ağır vəziyyətdən çıxarmağa həsr olunmuşdur və bundan sonra da buna həsr ediləcəkdir. Həyatda mənim məqsədim, amalım ancaq bundan ibarətdir və bu sahədə bütün cəmiyyətimizin, bütün xalqın həmrəy olmasını arzuladığımı bir daha bildirirəm və xalqımızı, cəmiyyətimizi bu həmrəyliyə dəvət edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu sahədəki fəaliyyətimdə müəllimlərə, təhsil sahəsinin bütün işçilərinə bel bağlaya bilərəm, onlar dövlətçiliyimizin dayağı olacaqlar.

Sağ olun, gələn görüşlərədək!



RESPUBLİKADA YAŞAYAN LƏZGİ

İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ

GÖRÜŞDƏ GİRİŞ SÖZÜ
Prezident Sarayı

20 fevral 1995-ci il


Bizim Azərbaycanın müsbət xüsusiyyətlərindən biri də odur ki, respublikamız çoxmillətli, beynəlmiləl dövlətdir. Mən öz rəsmi bəyanatlarımda, nitqlərimdə dəfələrlə qeyd etmişəm ki, bu, respublikamızın üstünlüyüdür, milli sərvətidir, ümumi sərvətidir. Biz bununla fəxr edirik və bu tərkibi qoruyub saxlamalıyıq.

Məlumdur ki, XX əsrin əvvəllərinədək Azərbaycan müstəqil bir dövlət olmadığı halda ölkəmizin ərazisində başqa millətlər də olub və burada məskunlaşıblar. Bildiyiniz kimi, ilk dəfə müstəqil Azərbaycan Demokratik Respublikası öz fəaliyyətinə başlayarkən, müstəqil demokratik dövlət kimi bütün millətlərin təmsil edilməsini və Azərbaycanın çoxmillətli olmasının əsas amillərdən biri kimi qəbul edib. İndi biz müstəqil dövlət olarkən ərazimizdə əsrlər boyu, bəlkə də təbii obyektiv proseslər əsasında yaranmış bu çoxmillətlilik, beynəlmiləlçilik ənənələrini qoruyub saxlamalıyıq. Bir daha qeyd edirəm ki, biz bunu respublikamızın üstünlüyü kimi qiymətləndirməliyik.

Hələ Sovet İttifaqı vaxtında , - baxmayaraq ki, biz vahid sovet sosialist dövlətinin tərkibindəydik, kommunist partiyası hakim idi, beynəlmiləlçilik kommunist partiyası ideologiyasının əsaslarından biri idi, - o vaxtlar, məsələn, qonşu Ermənistanda respublika rəhbərlərinin apardığı siyasət o istiqamətdə gedirdi ki, onların sözləri ilə desək, Ermənistan "mononasional respublika" olmalı idi və buna da nail oldular. Bütün başqa millətləri dağıtdılar, əziyyət verdilər, vurub çıxardılar. Xatirimdədir, mən Moskvada rəsmi işdən gedəndən sonra parlamentin üzvü kimi qalırdım. 1989-cu ildə bir dəfə SSRİ Ali Sovetinin sessiyasında çox yüksək vəzifəli bir şəxslə görüşüb söhbət edirdim. O danışırdı ki, bu yaxınlarda Ermənistanda olarkən çox iftixar hissi ilə mənə dedilər ki, uzun illər apardığımız siyasət artıq başa çatıb - Ermənistan Sovetlər İttifaqının tərkibində olan on beş respublika arasında yeganə mononasional, yəni təkmillətli respublikadır. Onlar bununla fəxr edirdilər. Biz isə, - mən bunu dəfələrlə demişəm, güman edirəm, bütün ictimaiyyətin ümumi fikrini söyləyirəm, - onunla fəxr edirik ki, respublikamız çoxmillətli respublikadır. Ölkəmizdə yaşayan, hər bir millətə məxsus olan adam Azərbaycanın bərabərhüquqlu vətəndaşıdır.

Mən prezident seçilərkən də, prezident vəzifəsini həyata keçirməyə başlayarkən and içdiyim zaman da əsas andlarımdan biri bu olub ki, mən milli mənsubiyyətindən, dilindən, dinindən, siyasi dünyabaxışından asılı olmayaraq, respublikanın bütün vətəndaşlarının hüquqlarının qorunmasının təminatçısı kimi çıxış edəcəyəm. Biz bu siyasəti ardıcıl surətdə həyata keçiririk və həyata keçirəcəyik.

Azərbaycanın bir xüsusiyyəti də ondan ibarətdir ki, - bunu hətta keçmişdə də respublikamıza qeyri-obyektiv münasibət göstərən, kənarda olan yüksək səlahiyyətli şəxslər də deyirdilər, - doğrudan da, Azərbaycan Sovet İttifaqı tərkibində başqa respublikalara nisbətən ən beynəlmiləl respublikadır. Bu da onunla əlaqədardır ki, respublikamızda bütün dövrlərdə, - mən özüm işlədiyim dövrü daha yaxşı bilirəm və onu da qeyd edirəm, - bütün dövrlərdə kimin hansı millətdən, kimin kökünün haradan olmasına fikir verilməyib.

Respublikamızın əhalisinin tam əksəriyyəti azərbaycanlıdır. "Azərbaycanlı" məfhumu çox genişdir. Düzdür, azərbaycanlıların minillik kökünə baxsan, bir qismi o kökdən, bir qismi bu kökdən gəlib. Amma onlar hamısı əsrlər boyu azərbaycanlı kimi formalaşıb. Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, başqası da -bütünlükdə hamısı azərbaycanlıdır. Bu "azərbaycanlı" sözü bizi həmişə birləşdirib.

Mənim xatirimdədir, hətta 70-ci illərdə bəzi alimlərimiz, yazıçılarımız cəmiyyətimizi, ərazimizdə olan xalqları birlikdə saxlayan bu "azərbaycanlı" sözünə bir az təcavüz etməyə çalışırdılar.

Mən o zaman bu proseslərin şahidi olmuşam və vaxtilə bunların qarşısını almışam. Amma yaxşı ki, elə bunların qarşısı alınıb. Çünki hamımız azərbaycanlıyıq.

Təəssüf edirəm ki, 1992-ci ildə də bütün azərbaycanlıların birliyinə bir az toxunan proseslər gedib və onlar bizim bu tarixi ənənələrimizə müəyyən zərər vurub. Ancaq, - hesab edirəm, etiraf edə bilərsiniz ki, bunu deməyə mənim əsasım var, - 1993-cü ilin iyun ayından mən buraya yenidən dönmüşəm, respublikaya rəhbərliyi xalq mənə etibar edibdir. Mən həmişə respublikamızda hamıya azərbaycanlı demişəm. Biz azərbaycanlıyıq. Ancaq yenə də deyirəm, dünyada insanların, insan cəmiyyətinin inkişafı elə mərhələlərdən keçib, elə ərazi dəyişiklikləri olub ki, bunlar hamısı ayrı-ayrı kökdən olan millətləri, xalqları bir-biri ilə birləşdirib. Eyni zamanda istər böyük, istər kiçik xalq olsun, fərqi yoxdur - onlarm özünəməxsus adət-ənənələri, folkloru, dilinin müəyyən ayrılığı - yaşayıb və yaşamalıdır. Bu da göstərir ki, onlar yaşamağa qadir olan adət-ənənələrdir.

Mən hesab edirəm ki, müstəqil Azərbaycan Respublikasında bu gün də, gələcəkdə də bu istiqamətdə fəaliyyət göstərməliyik. Ancaq eyni zamanda son vaxtlar - bir-iki il deyil, son beş-altı ildə - keçmiş Sovetlər İttifaqında, eləcə də dünyada gedən bir sıra ictimai-siyasi proseslər, ayrı-ayrı xalqların, etnik qrupların arasında baş verən ziddiyyətlər, hərəkətlər yeni bir şərait yaradıb. Bəziləri də bundan istifadə edərək həmin münasibətləri, ziddiyyətləri, prosesləri daha da dərinləşdirməyə, kəskinləşdirməyə çalışırlar. Bunların nəyə gətirib çıxardığını biz keçmiş Sovetlər İttifaqının ərazisində də görürük, dünyanın bir çox digər regionlarında gedən proseslərdə də görürük.

Respublikamızda bütün başqa xalqlarla, millətlərlə, etnik qruplarla yanaşı, ermənilər də yaşayırdılar. Biz tarixən bir yerdə yaşamışıq. Doğrudur, ermənilərlə azərbaycanlılar arasında XX əsr ərzində toqquşmalar, ziddiyyətlər də olub. Lakin sonralar belə hallar ötüb keçib, xalq tərəfindən unudulub və birlik yaranıb.

Hesab edirəm ki, gərək bu birlik qorunaydı, saxlanılaydı. Dünyanın inkişaf etmiş böyük demokratik adət-ənənələrə malik dövlətləri var - Avropa dövlətləri, Amerika qitəsində olan

dövlətlər. Burada nə qədər millətlər hamısı bir yerdə yaşayırlar. Şübhəsiz ki, orada ayrı-ayrı xalqlara mənsub olan insanların adət-ənənələri yaşayır, amma onlar bir dövlətin vətəndaşlarıdır. Məhz ona görə də həmin ölkələrdə, dövlətlərdə ümumxalq həmrəyliyi, ümumi vətəndaşlıq məfhumu çox möhkəmdir, əmin-amanlıqdır, sakitlikdir, həyat səviyyəsi, mədəniyyət yüksəkdir, demokratik prinsiplər yüksək səviyyədədir. Amma o yerlərdə ki, bax bu ziddiyyətləri qabardırlar, meydana çıxarırlar, o cümlədən indi dünyanın bir çox regionlarında və keçmiş Sovetlər İttifaqının ərazisində bu ziddiyyətlər, bu toqquşmalar baş verir - onlar xalqlara bəladan, qandan, faciədən savayı heç nə gətirmir.

Mən Ermənistanla Azərbaycan arasında münasibətlərə, Azərbaycanda ermənilərin, Ermənistanda azərbaycanlıların yaşaması məsələsinə bir daha qayıdıram. Vaxtilə Azərbaycan da, Ermənistan da müstəqil dövlət deyildi, yaxud Sovetlər İttifaqı vaxtında dövlət olmasa da müttəfiq respublikalar idi. Amma vaxtilə nə Azərbaycanda, nə də Ermənistanda bu vəziyyət var idi. Tutaq ki, çar Rusiyası dövründə bütün ərazi quberniyalara bölünmüşdü. Həmin quberniyaların bəzilərində sonralar əmələ gəlmiş Ermənistan Respublikasının ərazisindən olan hissələr var idi, Azərbaycan Respublikasının ərazisindən olan hissələr var idi. Orada ermənilər də, azərbaycanlılar da yaşayırdılar. Ancaq baxmayaraq ki, guya biz inkişaf etdik, irəliyə getdik və ümumbəşəri dəyərləri mənimsəməyə başladıq, bunlar gətirib bax belə qanlı hadisələrə çıxardı.

Mən sözümün əvvəlində dedim, Ermənistanda təkmillətli respublika, dövlət yaratmaq, "Böyük Ermənistan" xülyası gətirib ona çıxardı ki, yüz minlərlə azərbaycanlılar əsrlər boyu Ermənistanda yox, öz doğma torpaqlarında, öz ərazisində yaşadıqları yerlərdən qovuldular, əzildilər, didərgin salındılar. Biz Azərbaycanda bunlara dözdük. Məsələn, 1918-1920-ci illərdə nə qədər azərbaycanlılar sonra Ermənistan adlandırılan respublikanın ərazisindən didərgin düşdülər. Daha sonra oradakı müəyyən təzyiqlərə görə məcburi köçməyə başladılar. Sonrakı dövrlərdə - 1948-1950-ci illərdə dövlət tərəfindən xüsusi köçürmə həyata keçirildi. Daha sonrakı dövrdə - 1988-ci ildən başlayaraq azərbaycanlılar oradan tamamilə çıxarıldı.

Bu günlərdə mən televiziyada baxdım, - burada bir elmi konfrans keçirilib, azərbaycanlıların öz yerlərindən məcburi köçməsindən və onların başına gələn hadisələrdən danışılıb. Yenə də deyirəm, bunların hamısı bəladan, qandan, faciədən savayı heç bir şey gətirmədi. Amma təkcə Azərbaycan üçün yox, yalnız azərbaycanlılar üçün yox, ermənilərin özləri üçün də.

Ermənilər Bakıda da, Gəncədə də, Sumqayıtda da, başqa yerlərdə də yaşayırdılar və onlar üçün burada hər bir şərait var idi. Bəlkə də onlar burada Ermənistanda olan ermənilərdən də yaxşı yaşayırdılar. Azərbaycanlıları Ermənistandan zorla qovmağa, qırmağa, belə bir münaqişə yaratmağa nə ehtiyac var idi? Sonra da ermənilərin buradan çıxması, köçməsi, yaxud da ki, qovulması. Amma buna baxmayaraq, deyirlər ki, yenə də Bakı şəhərində 18 min erməni yaşayır. Deyilənə görə, Azərbaycanda 40 minə yaxın erməni yaşayır.

Yəni demək istəyirəm ki, həqiqət naminə, obyektivlik naminə qeyd etmək lazımdır ki, bizim regionda əmələ gəlmiş münaqişələri, faciələri, hadisələri meydana çıxaran əsas səbəblər Ermənistan tərəfindən olan səbəblərdir. Siz Dağlıq Qarabağı yaxşı tanıyırsınız, hamımız tanıyırıq. Çoxunuz vaxtilə oralarda olmusunuz, mən də olmuşam. Dağlıq Qarabağda ermənilər çox rahat, çox gözəl yaşayırdılar, şəraitləri də yaxşı idi. Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı Azərbaycanın bütün digər regionlarından üstün idi. Bu həqiqətdir, buna heç bir söz ola bilməz. Ancaq bəhanələr gətirdilər ki, nə bilim, Yerevanla əlaqələri azdır, filandır və sairə. Müharibəni başladılar. İndi altı ildir ki, müharibə gedir. Əgər Ermənistan silahlı qüvvələri bəzi üstünlüklərdən istifadə edərək ərazilərimizi işğal ediblərsə, bu o demək deyil ki, onlar böyük bir nailiyyət qazanıblar, xeyr. Bunun özü də onlar üçün böyük bir faciədir ki, belə işğalçılıq yoluna düşüblər. Ancaq tarix buna heç vaxt yol verməyəcək, şübhəsiz ki, Azərbaycanın torpaqları azad olunacaq. Amma müharibə nəticəsində yüz minlərlə insan bəla içərisinə düşdü - elə ermənilər də, azərbaycanlılar da.

Ölkəmizdən gedən ermənilər indi harada yaşayırlar, nə cür yaşayırlar? Burada onların hər cür şəraiti var idi. Ermənistandan qovulan azərbaycanlılar ağır vəziyyətdə yaşayırlar. Amma orada onların hüquqları, imkanları buradakı şəraiti kimi deyildi. Bunu həqiqət naminə demək lazımdır. Amma necə olsa, azərbaycanlılar öz doğma ata-baba yurdunda, kəndində, öz torpağında yaşayırdılar və torpağını buraxıb getmək istəmirdilər. Nə qədər çətin olsa da, atasının, babasının, ulu babasının qəbirlərini atıb heç yerə getmək istəmirdilər. Ancaq bu zorakılıq, təcavüzkarlıq, qəsbkarlıq gətirib bu nəticəyə çıxardı.

Məsələn, Rusiya çoxmillətli böyük bir dövlətdir. İndi orada müəyyən proseslər gedir. Mən hesab edirəm ki, bütün bunlar Rusiya dövlətini narahat etməyə bilməz. Çünki əgər bu proseslərin qarşısı alınmasa, müəyyən tədbirlər görülməsə, ola bilər, onlar daha da genişlənsin, daha da inkişaf etsin. Bunlar heç bir millətə, heç bir xalqa böyük bir üstünlük, yaxud nailiyyət verməyəcək, onu xoşbəxtliyə çatdırmayacaqdır. Gətirib faciəyə çıxaracaqdır. Başqa yol yoxdur.

Elə Şimali Qafqazda biz faciələrin şahidiyik. İndi nə qədər qanlar tökülür. Nə qədər insanlar həlak olur. Bir evi, binanı tikmək, qurmaq nə qədər vaxt tələb edir. Amma onu dağıtmaq üçün bir-iki bomba bəsdir.

Mən bunları nə üçün deyirəm? Ona görə ki, biz bunların hamısından özümüz üçün nəticə çıxarmalı və dərk etməliyik ki, Azərbaycan Respublikası bu milli tərkibini tarixi bir nailiyyət kimi qeyd etməlidir və həmin milli tərkibi, milli nisbətləri qoruyub saxlamalıdır. Azərbaycan vətəndaşlarının hamısı, hər biri Azərbaycanın tam hüquqlu vətəndaşı kimi yaşamalı, özünü məhz belə hiss etməlidir. Biz müstəqil Azərbaycan Respublikasını indiki ağır mərhələdən bu yolla çıxara bilərik. Ümidvaram ki, biz bu ağır dövrləri keçib gedəndən sonra Azərbaycan Respublikasının müstəqil dövlət kimi çox gözəl gələcəyi olacaq və burada yaşayan hər bir insan, milli mənsubiyyətindən, milli köklərindən asılı olmayaraq, - Amerika Birləşmiş Ştatlarındakı kimi, inkişaf etmiş başqa dövlətlərdəki kimi, - özünü bir azərbaycanlı, Azərbaycanın bərabərhüquqlu vətəndaşı hesab edib yaşayacaqdır. Biz bunu bu gün də təmin etməliyik və nə qədər yaxşı təmin etsək, bu çətinliklərdən də əl-ələ verib daha tez çıxa bilərik.

Bu gün mən Azərbaycanda yaşayan ləzgi xalqının bir qrup nümayəndəsi ilə görüşə gəlmişəm. Çoxdan idi ki, belə bir görüş keçirmək istəyirdim. Ancaq bir sıra hadisələr, proseslər olmuşdu. Təəssüf ki, indi bəzi məsələlər o qədər təcili xarakter daşıyır ki, planlaşdırılan məsələ görürsən bir-iki, üç, bəzən altı ay təxirə düşür. Nəhayət, mən bu gün bu imkanı əldə etmişəm və ona görə də sizi dəvət etmişəm. Respublikanın rəhbər vəzifəli şəxsləri də buradadırlar. Mən istəyirəm, sizə elan etdiyim bax bu müddəalar əsasında söhbət aparaq: nə etməliyik ki, dediyim kimi, ölkəmizdə hər bir Azərbaycan vətəndaşı özünü tam hüquqlu vətəndaş kimi hiss etsin, bütün imtiyazlardan istifadə edə bilsin, cəmiyyətimizdə özünə layiq, şübhəsiz ki, öz fəaliyyətinə münasib olan yer tuta bilsin.

Bax bu məqsədlə mən bu gün sizinlə görüşürəm. Ona görə də kimin bu barədə nə sözü, məlumatı, yaxud təklifi, arzusu varsa, sərbəst surətdə söhbət edə bilərik.

YEKUN SÖZÜ
Öncə qeyd etmək istəyirəm ki, bugünkü səmimi söhbət belə bir görüşün çox zəruri olduğunu sübut edir. Əvvəldə dediyim kimi, mən belə görüşdə çoxdan iştirak etmək istəyirdim, ancaq vaxt imkan vermirdi. Nəhayət, biz buna nail olduq və çox məmnunam belə bir görüş baş tutdu.

Burada açıq söhbət getdi. Hərə öz fikrini dedi. Söylənilən fikirlərin, təkliflərin çoxu dəyərli, əhəmiyyətlidir və gələcək işlərimiz üçün çox faydalı olacaqdır. Hesab edirəm, ən əsas nəticə ondan ibarətdir ki, bugünkü görüş bir daha təsdiq edir, sübut edir və nümayiş etdirir ki, Azərbaycanda ləzgi problemi, azərbaycanlı - ləzgi münasibətləri problemi yoxdur. Bu, çox vacibdir. Ona görə ki, belə bir problemi süni surətdə yaratmaq istəyən adamlar var. Belələri Azərbaycanın özündə -azərbaycanlılar arasında da, ləzgilər arasında da var. Eyni zamanda Azərbaycandan kənarda ölkəmizə qarşı təxribat etmək niyyəti ilə yaşayan, Azərbaycanı parçalamaq istəyən qüvvələr belə bir problem yaratmağa çalışırlar. Onlar bizim respublikaya mənsub olmayan qüvvələrdir.

Açıq danışaq, Dağlıq Qarabağ problemini qaldıran, Azərbaycana qarşı təcavüzə başlayan Ermənistanın qatı millətçi dairələri indi Azərbaycanı başqa tərəfdən də parçalamağa çox cəhd göstərirlər. Bu baxımdan onlar ən çox ləzgi məsələsini ortaya atırlar. Ancaq bunu edən təkcə onlar deyil. Belələrinin arasında Azərbaycana xəyanət edən və indi qaçıb kənarda yaşayan adamlar da var. Bu, heç də təəccüb doğurmur. Çünki biz həmin adamların xalqa nə qədər xəyanət etdiklərini görürük. Vaxtilə Azərbaycanda vəzifə tutan və hazırda ondan kənarda yaşayan Ayaz Mütəllibov, Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov kimi cinayətkarlar öz şəxsi məqsədlərinə nail olmaq üçün həm açıq mətbuatda, həm də gizli surətdə yazılıb orada-burada paylamağa cəhd göstərilən vərəqələrdə Azərbaycanın şimalında problem yaradaraq ölkəni dağıtmaq istədiklərini gizlətmirlər.

Ona görə də bugünkü görüşümüzün əsas mənası, nəticəsi ondan ibarətdir ki, bu düşmənlər, xainlər, Azərbaycana xəyanət edən qüvvələrin, təşkilatların, insanların heç birisi buna nail ola bilməyəcəkdir. Çünki Azərbaycanda bu problem yoxdur. Burada arvadı azərbaycanlı olan ləzgi, yaxud arvadı ləzgi olan azərbaycanlı çıxış etdilər. Belələri o qədərdir ki, saymaq mümkün deyildir. Ən dəyərli söz ondan ibarət idi ki, Azərbaycan ləzgilər üçün doğma Vətəndir, doğma torpaqdır və onlar heç bir yerdə özlərini bu qədər rahat hiss etmirlər. Ali məktəbləri, akademiyanı götürün. Bunlarda milliyyətcə ləzgi olan nə qədər alim var. Amma onların ləzgi olduğunu heç kəs bilmir və buna ehtiyac da yoxdur. Çünki indiyədək heç kim bu məsələni qurdalamamışdır. Professor Əli Musayevi götürün. Çox dəyərli insandır. İnstitutda çalışır. Azərbaycan dilində təhsil almışdır. Bundan yaxşı nümunə olarmı?

Yaxud ordumuzda xidmət edən adamları götürək. Keçmişə nəzər salsaq, Azərbaycanın elə bir nöqtəsi yox idi ki, orada ləzgilər xidmət etməsinlər. Bu gün də belədir. Bu gün burada Hacıbalayev çıxış etdi. Mən əvvəlcə onu tanımadım, vaxt keçib, çoxdan görməmişdim. O, öz fəaliyyətinə Naxçıvanda başlamışdır. Naxçıvanda ləzgilər yaşamır. Amma o, rəhbər işçi kimi oraya göndərilmiş və çox yaxşı da işləmişdir. Xatirimdədir, o, vilayət partiya komitəsində şöbə müdiri idi. Biz onu Qusar rayonuna göndərdik, orada partiya komitəsinə rəhbərlik etdi. Mən on dörd il respublikada işlədim, o da on dörd il orada işlədi. Hələ məndən sonra da xeyli işləmişdir.

Belə misallarla vaxtınızı almaq istəmirəm. Mən bir dəfə demişəm, indi də təkrar edəcəyəm. O zaman mən çox gənc idim. Naxçıvan Nazirlər Sovetinin - həmin dövrdə xalq komissarları soveti deyirdilər - sədri milliyyətcə ləzgi olan Balamet Balametov idi. Kim onda deyirdi ki, o, ləzgidir? Deyəsən indi onun oğlu haradasa işləyir, eşitmişəm. Balametov gedəndən sonra Orduxanov Nazirlər Soveti sədrinin birinci müavini işləyirdi. Halbuki, yenə deyirəm. Naxçıvanda ləzgi yaşamır. Demək istəyirəm ki, onlar işləyir, özü də çox yaxşı işləyirdilər. Böyük izlər də qoymuşlar. Naxçıvan əhalisi də onlara çox hörmətlə yanaşırdı. Onlarla bir yerdə işləyənlər, tanıyanlar onlara indi də hörmət edirlər.

Yəni bizim aramızda azərbaycanlı - ləzgi söhbəti olmamışdır. Bunu süni surətdə yaratmaq istəyirlər. Bugünkü görüş göstərir ki, bunu yaratmaq istəyən adamların cəhdi puça çıxacaqdır. Bir daha deyirəm ki, bu, görüşümüzün əsas nəticəsidir.

Eyni zamanda professor Əli Musayev, başqa natiqlər bir neçə məsələ qaldırdılar. Çıxış edənlərin bəziləri doğru dedilər ki, bu problemlər hər yerdə var. Bunlar təkcə ləzgi üçün deyil, azərbaycanlı üçün də, rus üçün də, yaxud başqasından ötrü də problemlərdir. Bunlar bizim ümumi problemlərimizdir, bu çatışmazlıqlar hər yerdə var. Məsələn, professor Əli Musayev sərhədin bağlanması ilə ləzgilərin ağır vəziyyətə düşdüyünü deyir. Bu, doğrudur. Ləzgilər Dağıstanın ərazisində də yaşayırlar. Azərbaycanda isə təkcə Qusarda, Xaçmazda, Qubada

deyil, başqa yerlərdə - Şəkidə, İsmayıllıda, Qəbələdə də yaşayırlar. Onların da Dağıstanda qohumları var. Asya xanım da dedi ki, bəzilərinin orada uşaqları da oxuyur. Bəli, doğrudur.

Ancaq təsəvvür edin, sərhədin bağlanmasından Azərbaycanın çəkdiyi zərər, ona vurulan zərbə ayrı-ayrı adamların həyatında yaranmış çətinliklərdən, elə ləzgiləri götürsək, onların həyatında yaranmış çətinliklərdən qat-qat çoxdur. Bizim nəqliyyat əlaqələrimiz, mal mübadiləmiz, sənayemizin işləməsi ən çox Rusiya ilə və onun vasitəsilə Şimal dövlətləri ilə, bir sözlə, dünya ilə bağlıdır. Şimaldan gələn dəmir yolunun bizdən ötrü həmişə böyük əhəmiyyəti olmuşdur, bəlkə də onun rolunu bağlanandan sonra bilirik. Amma biz bu yolun əhəmiyyətini həmişə bilmişik. Eyni zamanda avtomobil yolu da bağlanmışdır. Hətta, - bunun ləzgilərə heç bir dəxli yoxdur, - hava yolu, dəniz yolu da bağlanmışdır. Xəzər dənizindəki adalarda ləzgilər yaşamır ki, deyək, onlardan ötrü bağlanmışdır, yaxud bundan ötrü ləzgilər əziyyət çəkir. Bütün yollar bağlanmışdır.

Ona görə də buna ləzgilərin problemi kimi baxmaq olmaz. Bu, indi respublikamızın iqtisadiyyatına ən çox zərər vuran bir amildir. Bunu aradan qaldırmağa çalışırıq, amma mümkün olmur. Obyektiv səbəblərlə yanaşı, bunun subyektiv səbəbləri də var. Ali Sovetin sədri Rəsul Quliyev tamamilə doğru dedi. Bilirsiniz, indi Şimali Qafqazda proseslər gedir. Mən bu gün görüşümüzü başlayanda dedim ki, ümumiyyətlə milli, etnik ziddiyyətlərlə əlaqədar cürbəcür proseslər gedir. Şimali Qafqaz müxtəlif köklərdən, müxtəlif xalqlardan ibarət olan regiondur. İndi ora qaynayır. Bu, onların özlərinin, Rusiyanın problemidir. Bəli, biz dəfələrlə demişik, həm də ona görə yox ki, bu hadisələr baş vermişdir. Bu, beynəlxalq normalara, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə əsaslanan prinsipdir: hər bir dövlətin ərazi bütövlüyünün, suverenliyinin təmin olunması. Bu prinsipə, ümumbəşəri dəyərlərə və beynəlxalq normalara söykənən prinsipə əsasən dəfələrlə demişik ki, biz hər bir dövlətin, xüsusən Şimal qonşumuz, böyük qonşumuz Rusiyanın ərazi bütövlüyü prinsipinin nəinki tərəfdarıyıq, həm də onu müdafiə edirik və axıradək müdafiə edəcəyik. Biz istəyirik ki, müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipini hamı tanısın, müdafiə etsin. Şübhəsiz, tək buna görə yox. Rusiyanı, yaxud başqa bir dövləti, Gürcüstanı götürək. Yenə də deyirəm, hər birinin ərazi bütövlüyü beynəlxalq hüquq normalarına əsaslanan prinsipdir və bunu rəhbər tutaraq biz Rusiyanın ərazi bütövlüyünə tərəfdarıq. Bu, dövlətimizin mövqeyidir. Biz bunu demişik.

Fevralın 10-da Almatıda görüş zamanı Rusiyanın prezidenti cənab Boris Yeltsinlə danışarkən mən bizim bu mövqeyimizi bir daha bildirdim. Ancaq Rəsul Quliyev doğru deyir, Azərbaycanın, xalqımızın bəlalarından biri də odur ki, son illərdə meydana İsgəndər Həmidov kimi xalqa zərbə vuran adamlar çıxmışdır. Onun keçmişdə nə qədər zərbə vurduğunu indi hamı bilir. Amma o, respublikanın indiki vəziyyətinə belə təxribatçı hərəkətləri ilə, qəzetlərdə verdiyi təxribat xarakterli müsahibələrlə Azərbaycana nə qədər zərbə vurur. Ancaq və ancaq ona görə ki, hansı təbəqələrdəsə guya özünə şöhrət qazansın. Ona görə də Rusiyanın informasiya orqanları bir neçə dəfə məlumat vermişdir ki, guya Azərbaycandan Çeçenistana yaraqlılar gedərək döyüşlərdə iştirak etmişlər. Amma mən isə həm cənab Boris Yeltsinlə, həm də cənab Viktor Çernomırdinlə danışarkən demişəm ki, axı kimdir bu yaraqlılar, göstərin görək. Almatıda görüşəndə də demişəm. Kimsə, haradasa ucuz şöhrət naminə, özünə xal qazanmaq üçün gəvəziyirsə, boş-boş sözlər danışırsa, bunun heç bir əsası yoxdur. Amma nə edəsən ki, belə şeylər ictimai rəj yaradır. Azərbaycana mənfi münasibət bəsləyən cürbəcür dairələr - belələri var - bundan dərhal istifadə edirlər. Beləliklə, Rusiyanın bəlkə də obyektiv səbəblərdən doğan tədbirlərini - sərhədlərin bağlanması ilə əlaqədar tədbirləri daha da ciddiləşdirirlər. Ona görə də bu problemlərin yaranmasının günahkarı öz daxilimizdə olan, Azərbaycan xalqına xəyanət edən adamlar, ayrı-ayrı qruplardır.

Amma eyni zamanda sərhədin bağlanması bir-iki adamın danışdığı sözlərlə əlaqədar deyildir. Bu, Şimali Qafqazda baş verən hadisələrlə bağlıdır. Bu hadisələrlə əlaqədar Rusiya Dağıstanın Çeçenistanla sərhədini də çox ciddi bağlamışdır. Rəsmi şəkildə elan etmişlər ki, Rusiyanın Azərbaycan ilə də, Gürcüstanla da sərhədi bağlanır. Bununla əlaqədar mən Rusiyanın prezidenti cənab Boris Yeltsinə rəsmi məktubla müraciət etdim. Vəziyyətimizin nə qədər ağır olduğunu bildirdim. O, mənə rəsmi cavab verdi ki, onlar bizim vəziyyətimizi başa düşürlər, ancaq indi hələ bir qərar qəbul etməyə imkanları yoxdur. Bir müddət öncə, mən belə bir cavab aldım.

Ancaq buna baxmayaraq, fevralın 10-da Almatı toplantısında cənab Boris Yeltsinlə xüsusi görüşdüm, danışdım və vəziyyəti ona ətraflı bildirdim, dedim ki, bu, bizim iqtisadiyyatımızı çox ağır vəziyyətə salmışdır. O, mənim xahişimə çox diqqətlə yanaşdı, elə yanımdaca Rusiya Sərhəd Qoşunlarının komandanı general Nikolayevə göstəriş verdi ki, bu məsələyə baxılsın. General söz vermişdir ki, yaxın günlərdə Azərbaycana gələcək, sərhəddə olacaq və bu məsələni bizimlə müzakirə edəcəkdir. Biz çox xahiş edəcəyik ki, sərhəd açılsın.

Fürsətdən istifadə edərək mən təkcə sizə yox, ümumiyyətlə vətəndaşlarımıza, xalqımıza müraciət edirəm ki, gərək biz bu məsələlərdə respublikamızın, dövlətimizin, xalqımızın mənafeyini hər şeydən üstün tutaq, təxribatçı şayiələrə, danışıqlara, hərəkətlərə yol verməyək. Təəssüf ki, belə sözləri bir yerdə deyirlərsə, qalanları da onu bəzəyib qəzetlərdə yazırlar. Guya bununla böyük qəhrəmanlıq edirlər və Azərbaycan xalqına xidmət göstərirlər. Bir daha deyirəm, biz Rusiya dövlətinin başçıları ilə danışıqları davam etdirəcəyik ki, yollarımız açılsın. Bayaq dediyim kimi, dənizlə, hava ilə də yük gətirə bilmirik. Digər tərəfdən, özümüz gərək çalışaq ki, daxildə təxribatçılıq edən adamları zərərsizləşdirək, onların belə hərəkətlərinin qarşısını alaq.

Şübhəsiz ki, ləzgi əhalisi gediş-gəliş baxımından müəyyən qədər çətinlik çəkir. Ancaq respublika da çətin vəziyyətdədir. Biz bunu nəzərə alaraq həmin məsələ ilə məşğul oluruq və bundan sonra da məşğul olacağıq.

Professor Əli Musayev dedi ki, parlament seçkilərində ləzgilərə, ümumiyyətlə, milli azlıqlara xüsusi yer verilsin. Biz indi seçkilərə hazırlıq görürük. Seçki haqqında qanunun layihəsi hazırlanır, yaxın vaxtlarda ona baxacağıq. Qərar qəbul edildikdən sonra seçkilərin dəqiq vaxtı elan olunacaq və bu il seçki keçiriləcəkdir. Fürsətdən istifadə edərək demək istəyirəm ki, biz çalışırıq və bundan sonra da çalışacağıq ki, Azərbaycanda seçki qanunu dünyanın ən demokratik prinsiplərini özündə cəmləşdirən bir qanun olsun. Çünki biz demokratik hüquqi dövlət qurmaq yolu ilə gedirik, demokratik hüquqi cəmiyyət formalaşdırırıq. Düzdür, bu, uzun prosesdir. Heç kim düşünməsin ki, biz bunu elan edən kimi ona nail olacağıq. Belə bir demokratik hüquqi dövlət qurmaq üçün hələ çox iş görməliyik və şübhəsiz, bu, həm də çox vaxt aparacaq. Cəmiyyətimizdə həqiqi sivilizasiyalı şərait yaratmaq, ümumbəşəri dəyərlərdən faydalanan dünyəvi cəmiyyət yaratmaq üçün hələ çox işləməliyik. Bunun da əsasını qoyan amillərdən biri, şübhəsiz ki, bizim yeni parlament seçkilərimiz olacaqdır. Həmin seçkilərin də bu səviyyədə keçməsi üçün gərək onu təmin edən qanun olsun.

Ancaq mən dünya təcrübəsində hələ elə bir şey görməmişəm ki, seçkilərdə hansısa millətə yer vermək lazımdır. Əgər biz demokratiyadan danışırıqsa, heç yerdə belə şey yoxdur. Eyni zamanda bu, bizim əsas fikrimizə ziddir. Yəni biz doğrudan da, həqiqətən Azərbaycanda vətəndaşların hüquqlarının bərabərliyini təmin ediriksə, hər bir vətəndaşın hüquqlarını qoruyuruqsa, azadlığını təmin ediriksə, o, milliyyətindən, dilindən, dinindən, siyasi əqidəsindən və sairədən asılı olmayaraq seçki hüququna malikdir. Həm seçmək, həm də seçilmək hüququna malikdir. Ona görə də mən hesab edirəm ki, burada narahat olmağa əsas yoxdur.

Mən səslənən təklifi belə başa düşürəm ki, sadəcə olaraq seçki qanununda da, seçkilərin təşkilində, keçirilməsindədə elə şərait yaradılsın ki, milliyyətindən asılı olmayaraq hər bir vətəndaş seçilə bilsin. Mən tam əminəm ki, ləzgilər də seçiləcəkdir. Ləzgiləri bir qrup kimi təsəvvür etmək olmaz ki, onları norma ilə seçək. Bir vaxtlar bəzi yerlərdən olan gəncləri, o cümlədən ləzgi uşaqlarını da institutlara müsabiqədənkənar qəbul etdirirdik. Bu, təbii idi. Çünki Azərbaycanın ayrı-ayrı rayonları, regionları eyni səviyyədə deyildi. Biz istəyirdik ki, bu səviyyələri bərabərləşdirək.

Yaxud da xatirinizdədir, keçmişdə Sovetlər İttifaqının Moskva, Leninqrad və başqa şəhərlərinin ali məktəblərinə Azərbaycandan müsabiqədənkənar tələbə göndərilməsinə nail olmuşduq. Nə üçün? Ona görə ki, Azərbaycan gənclərinin bir çoxu yüksək biliyə malik olsa da, rus dilini zəif bilirdi və gedib həmin ali məktəblərdə imtahan verərkən biliyini lazımınca nümayiş etdirməkdə çətinlik çəkirdi. Biz isə istəyirdik ki, onlar Moskvada, Leninqradda, Kiyevdə, Sverdlovskda və başqa yerlərdə oxusunlar.

Amma indi hansısa bir milli qrupu, milləti, xalqı, əhalinin bir hissəsini, hesab edək ki, seçkilərdə iştirak edib öz hüququ ilə keçə bilməz, ona bir şərait yaradaq - bu, əhalinin həmin hissəsi üçün də yaxşı deyil, sonra deyəcəklər ki, demokratik yolla seçilməyib, onlara xüsusi yer veriblər ki, gəlib otursunlar.

Keçmişdə Sovet İttifaqında ölkə parlamentinə və respublikaların parlamentlərinə, o cümlədən Azərbaycan parlamenti nə seçkilərdə qayda belə idi: bu qədər kolxozçu olmalıdır, özü də gərək, məsələn, sağıcı, yaxud traktorçu və ya pambıqçı olsun və s. Mən bu işlərlə vaxtilə məşğul olmuş adamam. Keçmişi təhlil edərək sizə deyə bilərəm ki, bəzən necə çətinliklərlə rastlaşırdıq. Məsələn, SSRİ parlamentinə üç-dörd rayondan bir deputat seçilirdi. Deyək ki, oradakı çox qabaqcıl kolxozçunu təqdim edə bilmirdik, çünki sağıcı lazım idi. Amma başqa yerdə sağıcım təqdim edəndə o, kolxozçular arasında o qədər də tanınmamış, savadı da olmayan namizəd alınırdı. Bu, o dövrün, o cəmiyyətin, həmin sistemin qüsurları idi. Bunları görmüşük. İndi biz bunlardan uzaqlaşmalıyıq. Mən tam əminəm ki, həm seçki qanunumuz, həm də seçkilərin təşkili hər bir vətəndaşa seçib-seçilməyə imkan verəcəkdir. Şübhəm yoxdur ki, Asya xanım kimi parlament üzvləri gələcək parlamentdə də olacaqdır.

Abbas Abbasov Piral hadisələri haqqında məlumat verdi. Etiraf etdi ki, doğrudan da komissiyanı toplamamışdır. Mən də belə fikirdəyəm ki, o vaxt böyük iş görüldü. Ola bilərdi ki, onda da kiçik bir hadisədən istifadə edərək böyük bir münaqişə yaratsınlar. Təsadüfi deyildi ki, o zaman mən dövlət komissiyası yaratdım və baş nazirin birinci müavinini onun sədri təyin etdim, başqa vəzifəli şəxslər də iş gördülər və məsələni həll etdilər. Mən o vaxt görülən işləri qiymətləndirir və hesab edirəm ki, problem həll olundu. Ancaq bunun sonra axıra çatdırılması, komissiyanın toplanması unudulmuşdur. İndi Abbas Abbasova tapşırıram ki, komissiyanı toplayıb məsələni müzakirə etsin, yekunlaşdırsın və prezident kimi mənə də, ictimaiyyətə, rayon əhalisinə də, bu təşəbbüsü qaldıran şəxslərə də məlumat versin. Bu, şübhəsizdir.

Professor Əli Musayev 1992-ci ildə prezidentin azsaylı xalqlar haqqında verdiyi fərmanın həyata keçirilməsi ilə bağlı məsələyə də toxundu. Bilirsiniz doğrusu, mən bu fərmanı görməmişəm, onun barəsində də bir şey deyə bilmərəm. "Azsaylı xalqlar" ifadəsini kimin dilə daxil etdiyini bilmirəm, ancaq mən də belə bir fikirdəyəm ki, "azsaylı", "çoxsaylı" ifadələrinə baxmaq lazımdır, məsələləri həll etmək lazımdır. Mən dövlət müşaviri Hidayət Orucova, Ramiz Mehdiyevə, Nazirlər Kabinetinə - Abbas Abbasova tapşırıram ki, fərmanı götürüb baxsınlar, əgər onda daxili işlərimizi yaxşılaşdırmaq üçün doğrudan da dəyərli şeylər varsa, fərmanın adından, onun kimin verməsindən asılı olmayaraq, həmin məsələləri həyata keçirmək lazımdır. Mən hesab edirəm ki, dediyim adamlar professor Əli Musayevlə və bu məsələ barədə təşəbbüs qaldıran başqa şəxslərlə birlikdə fərmana baxaraq lazımi tədbirlər görərlər və istərdim ki, mənə də bu haqda məlumat verilsin.

Əli Musayev dedi ki, kimsə Milli Qəhrəman adına təqdim olunub, lakin verilməyib. Hərbi hissələrin birindən olan Ağakişiyev haqqında da danışdı. Mən bunu Ramiz Mehdiyevə, müdafiə məsələləri üzrə dövlət müşaviri Nurəddin Sadıqova tapşırıram - özü indi burada yoxdur - bu sənədlərlə tanış olsunlar və lazımi tədbirlər görülsün. Ancaq professor Əli Musayev çıxış edəndə də mən fikrimi qısaca bildirdim, sonrakı natiqlərin çıxışlarında da bu məsələlər səsləndiyinə görə demək istəyirəm ki, Azərbaycan Respublikası altı ildən artıqdır müharibə şəraitindədir. Müharibəni də Azərbaycan başlamayıb, bilirsiniz ki, bu, Ermənistanın təcavüzüdür. Siz burada qiymətləndirdiniz ki, doqquz aydan çoxdur atəşkəsə nail olmuşuq. Bu, doğrudan da çox müsbət hadisə, böyük nailiyyətdir. Məqsədimiz də ondan ibarətdir ki, bunun əsasında böyük sülh müqaviləsi bağlayaq, müharibənin yenidən başlanmasına yol verməyək, işğal edilmiş torpaqlarımız sülh yolu ilə azad olunsun, respublikanın tam ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilsin. Mən belə fikirdəyəm ki, gələcək nəsillər Azərbaycanda da, Ermənistanda da yaşayacaqlar, vaxt gələcək, bütün bu yaralar, ziddiyyətlər də aradan qalxacaq, qonşu dövlətlə sülh şəraitində yaşayacağıq.

Biz bu sahədə çalışır, işləyirik. Ancaq indiyə qədər torpaqlarımızın müdafiəsində Azərbaycan vətəndaşları, qəhrəman insanları şəhid olmuşlar, yaralanmış, əlil olmuşlar. Minlərlə ailələrə böyük zərbələr vurulmuşdur. Şəkidən gəlmiş hörmətli dostumuz burada çıxış edəndə dedi ki, onun da ailəsindən şəhid olanlar var. Bəli, indi çox az ailə tapmaq olar ki, şəhid verməsin, yaralanan olmasın, müharibənin ağrı-acısı ona toxunmasın.

Böyük məmnuniyyət hissi ilə qeyd edirəm ki, Azərbaycan Respublikasının bütün regionlarının əhalisi bu müharibədə iştirak edir. Ola bilər, biri az, başqası çox, amma hamısı iştirak edir. Özü də bütün xalqlar iştirak edir, azsaylı, çoxsaylı söhbəti yoxdur. O cümlədən Azərbaycanın ləzgi əhalisi torpaqlarımızın müdafiəsində, erməni işğalçılarına qarşı müharibədə qanlarını tökmüş, şəhidlər vermişdir. Mən bunu yüksək qiymətləndirirəm, xalqımız yüksək qiymətləndirir, tarix də yüksək qiymətləndirəcəkdir. Mən şəhidlərimizin, o cümlədən respublikamızın ləzgi əhalisindən olan şəhidlərin ruhu qarşısında baş əyir və ləzgi əhalisinə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Milliyyətindən, sayından asılı olmayaraq Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu gün də ordumuzun sıralarında sıravi əsgərdən tutmuş komandirə, generala qədər müxtəlif səviyyələrdə xidmət edirlər. Azərbaycanın ləzgi əhalisinin nümayəndələri də xidmət edirlər və gələcəkdə də xidmət edəcəklər. Biz bunu da yüksək qiymətləndiririk.

Ancaq konkret məsələlər ki, qaldırıblar, onlara baxılsın və lazımi tədbirlər görülsün, - əgər bu təkliflər doğrudan da məqsədəuyğundursa, lazımi qərar da qəbul edə bilərik.

Burada "Samur" ləzgi mədəniyyət mərkəzinə bina verilməsi barədə məsələ qaldırıldı. Bu barədə qərar var, lakin indiyədək bina ayrılmamışdır. Mən hesab edirəm ki, onları bina ilə təmin etmək lazımdır. Bakı şəhər icra hakimiyyətinin başçısı Rəfael Allahverdiyevə tapşırıram ki, bu məsələyə baxsın, qısa müddətdə münasib bina ayrılsın və tapşırığın icrası barədə mənə məlumat verilsin.

Asya xanım Dağıstanla Azərbaycan arasında konsulluq yaratmaq haqqında məsələ qaldırdı. Bilirsiniz, bu, bir az mürəkkəb məsələdir. Ancaq, şübhəsiz ki, nümayəndəlik yaratmaq lazımdır. Sizə bildirmək istəyirəm ki, Dağıstanın rəhbərliyi ilə bizim çox sıx əlaqəmiz var. Onlarla telefonla danışıram. Hələ Şimali Qafqazdakı hadisələr başlanmazdan əvvəl danışmışdıq ki, onlar sərhədə gələcək, mən də gedəcəyəm, görüşəcəyik. Ancaq ara qarışdı, bu məsələ bir az təxirə düşdü. Lakin mütləq görüşəcəyik. Mənim fikrim var ki, Dağıstana da gedim, onları da dəvət etmişəm. On gün öncə mən Dağıstanın rəhbəri Məhəmmədəli Maqomedovla telefonla danışdım, bu məsələləri müzakirə etdik. Bizim çox yaxşı münasibətlərimiz var və bunları inkişaf etdiririk. Ləzgilər Dağıstana mənsub deyil, bunu bilin. Məgər Azərbaycanda ləzgilər Dağıstandakından azdırlar? Ləzgilər Azərbaycana mənsubdurlar. Dağıstanda 150 minədək azərbaycanlı yaşayır, özü də çox yaxşı yaşayırlar. Vaxtilə Dağıstanda azərbaycanlılar indikindən də çox olub. 1920-ci ildən, sovet hakimiyyəti qurulandan sonra bir çox azərbaycanlı Dağıstana rəhbərlik etmişdir. Ona görə Dağıstanla Azərbaycanın əlaqəsi çox sıxdır. Bu elaqələr təkcə ləzgilərlə deyil, avarlar, kumıklar, laklar, tabasaranlar və başqaları ilə Azərbaycam elə sıx bağlamışdır ki, indi bizim ailəvi birliyimiz, dən əl çəksinlər. Vərəqələr yayaraq camaatı harayasa dəvət edirlər, - bundan əl çəksinlər. Heç bir şeyə nail ola bilməyəcəklər. Ola bilər, yeni bir böhranlı vəziyyət yaratsınlar, amma xalqımız buna cavab verəcəkdir. Xalqımız oktyabrın 4-də dövlət çevrilişi cəhdinə cavab verdiyi kimi, yenə də cavab verəcəkdir.

Bir halda ki, ləzgi əhalinin nümayəndələri buradadır, mən xüsusi qeyd edirəm: oktyabrın 4-də ləzgi əhali Azərbaycan xalqının bütün təbəqələri ilə, bütün bölgələri ilə həmrəj idi. Mən bunu qiymətləndirir və əmin olduğumu bildirirəm ki, - burada çıxışlarda da dedilər - onlar Azərbaycanın dövlətçiliyini qorumaq üçün, ölkədə daxili ictimai-siyasi sabitliyi saxlamaq, respublikamızın müstəqilliyini müdafiə etmək üçün əllərindən gələni əsirgəməyəcəklər. Ona görə də həmin o təxribatçılara, Moskvada oturaraq, yaxud oraya-buraya gedərək cürbəcür vərəqələr, şayiələr yaymaqla Azərbaycanın daxili sabitliyini pozmağa çalışan xainlərə xəbərdarlıq edirəm ki, bu əməllərindən əl çəksinlər. Onlar heç nəyə nail ola bilməyəcəklər.

Burada dedilər, güman edirəm ki, bizim şimal zonamızda, Rusiya ilə sərhəd zonasında yaşayan vətəndaşlarımız, Azərbaycan Respublikasının vətəndaşları milliyyətindən, milli kökündən asılı olmayaraq sərhədlərimizin keşiyində, müstəqilliyimizin, dövlətçiliyimizin keşiyində dayanacaqlar.

Bu sözlərlə görüşümüzü bitirmək istəyirəm. Görüşə dəvət olunan vətəndaşlarımıza, alimlərimizə, dostlarımıza bugünkü səmərəli, mehriban söhbət üçün təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, işgüzar, mehriban əməkdaşlığımızı bundan sonra da davam etdirəcək və qarşımızda duran problemləri aradan qaldıracağıq. Sağ olun.

1   ...   8   9   10   11   12   13   14   15   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə