Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə10/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

DAVOS (İSVEÇRƏ) İQTİSADİ FORUMUNDA

DÜNYANIN ENERGETİKA

PROBLEMLƏRİNƏ HƏSR OLUNMUŞ

SESSİYADA ÇIXIŞ
30 yanvar 1995-ci il
Hörmətli cənab sədr, möhtərəm xanımlar və cənablar! Azərbaycan Davos forumunda ilk dəfə iştirak edir. Ona görə də ən əvvəl dəvət üçün və Davos - 95 kimi maraqlı görüşün təşkili üçün təşəkkürümü bildirirəm. Bütünlükdə bu forumda, xüsusən də energetika problemlərinin müzakirə olunduğu bugünkü görüşdə iştirak etməyimizi respublikamız üçün çox faydalı sayıram.

Azərbaycan üç il bundan əvvəl müstəqillik qazanmış respublikadır və öz istiqlaliyyətini möhkəmləndirmək, demokratik hüquqi dövlət yaratmaq yolu ilə, bazar iqtisadiyyatı yolu ilə, azad sahibkarlığa, xarici investisiyalara şərait yaratmaq, dünya iqtisadiyyatına sıx bağlanmaq, Azərbaycanla əməkdaşlığa maraq göstərən bütün ölkələrlə qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələr qurmaq yolu ilə gedir. Azərbaycanın həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahəsində böyük iqtisadi potensialı var. Neft sənayesi və neft kimyası kompleksi bu potensialda mühüm yer tutur.

Sizə məlum olduğu kimi, Azərbaycanda ta qədimlərdən neft və qaz çıxarılır. Ölkəmizdə sənaye üsulu ilə neft çıxarılmasına hələ ötən əsrin ortalarında - 1848-ci ildə başlanmışdır. Əsrimizin əvvəlində neft sənayemiz öz inkişafının yüksək mərhələsinə çatmışdı. Bu zaman dünya neft hasilatının çox hissəsi Azərbaycanın payına düşürdü. Bütün ötən dövr ərzində Azərbaycanda 1 milyard 400 milyon ton neft çıxarılmışdır. Lakin Azərbaycanda bu gün də zəngin neft və qaz yataqları var. Müstəqil dövlət kimi dünya birliyinə daxil olduğumuz indiki dövrdə biz enerji ehtiyatlarımızdan - neft yataqlarından istifadə etmək üçün tədbirlər görürük.

Bu istiqamətdə xeyli iş görülmüşdür. Bildiyiniz kimi, ötən ilin sentyabrında Azərbaycan ilə xarici neft şirkətləri konsorsiumu (buraya on şirkət - "AMOKO", "Pennzoyl", "Makdermott",

"Yunokal", "Britiş petroleum", "Statoyl", "LUKoyl" və başqaları daxildir) arasında böyük müqavilə imzalanmışdır. İndi həmin müqavilənin praktiki olaraq həyata keçirilməsinə başlanmışdır. Müqavilə 30 il müddətinə imzalanmışdır və bu vaxt ərzində 500 milyon tondan artıq neft çıxarılması nəzərdə tutulur. Biz bunu Azərbaycanın dünya iqtisadiyyatına fəal inteqrasiyası yolunda ilk addım sayır, ölkəmizin xarici investisiyalar üçün, biznes üçün, qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün açıq olduğunu nümayiş etdiririk.

Neft müqaviləsi Xəzər dənizinin Azərbaycana aid hissəsindəki üç yatağı əhatə edir. Həmin yataqların ikisi yeni kəşf olunmuşdur, üçüncü yatağı isə biz çoxdan istismar edirik. Sizə məlumdur ki, dənizdə neft çıxarılması sahəsində Azərbaycanın zəngin təcrübəsi var. Respublikada bu işə 45 il əvvəl başlanmışdır. Neft sənayesi, neft elmi, geologiya sahəsində böyük təcrübəsi olan Azərbaycan mütəxəssisləri həm də güclü kadr potensialı yaratmışlar. Azərbaycan keçmiş ittifaqın neft akademiyası sayılırdı. Sovet İttifaqındakı bütün neft yataqları bizim mütəxəssislərin iştirakı ilə kəşf olunmuş və istismar edilmişdir. Azərbaycanın bu sahədəki elmi-praktiki kadr potensialı indi də mövcuddur və gələcəkdə ondan daha geniş istifadə etmək mümkündür.

Azərbaycanda neft və qaz sənayesinin böyük infrastrukturu yaradılmışdır. Elmi tədqiqat institutlarından, elmi potensialdan əlavə, güclü neftayırma sənayemiz var. Hazırda respublikada ildə 9 milyon ton neft çıxarılır, neftayırma zavodlarımızın gücü isə təxminən 23-25 milyon tondur. Azərbaycanda güclü neft kimyası və neft maşınqayırma kompleksləri var. Keçmiş Sovet İttifaqında buraxılan neft mədən avadanlığının 70 faizə qədəri Azərbaycanın neft maşınqayırma zavodlarında istehsal olunurdu.

Təbii ki, indi Azərbaycanda çıxarılacaq neftin respublikadan kənara, xüsusən Qərb ölkələrinə aparılması məsələsi gündəlikdə durur. Konsorsiumun əsas iştirakçıları da Qərbin neft şirkətləridir. Neft müqaviləsində nəzərdə tutulan yataqlardan əlavə, Xəzər dənizinin Azərbaycana aid hissəsində çox perspektivli başqa yataqlar da var. Həmin yataqların neft və qaz ehtiyatları müəyyənləşdirilmişdir. Hazırda biz bu yataqların işlənilməsi barədə xarici neft şirkətləri ilə danışıqlar aparırıq. Şübhəsiz, həmin yataqlar xarici kapitalı cəlb etməklə, xarici şirkətlərlə birlikdə, xarici maliyyə təşkilatlarının iştirakı ilə işlənilə bilər. Biz buna ümid bəsləyirik. Müvafiq sazişlər bağlamaq üçün həmin yataqlar yaxın vaxtlarda tender əsasında təqdim olunacaqdır.

Mühüm məsələlərdən biri də çıxarılan neftin nəql edilməsidir. İki ildən artıqdır ki, alim və mütəxəssislərimiz xarici şirkətlərlə, beynəlxalq bank təşkilatları ilə birlikdə neft kəmərinin keçəcəyi marşrutun bir neçə variantını hazırlamışlar. Mən indi bunun üzərində dayanmaq istəmirəm. Hər halda, biz bu variantları birlikdə nəzərdən keçirməyi və neft kəmərinin marşrutunun ən məqsədəuyğun variantını müəyyənləşdirməyi zəruri sayırıq. Eyni zamanda biz bunu əsas tuturuq ki, bu halda neft kəmərinin iqtisadi cəhətdən sərfəliliyi, uzunmüddətli istifadə baxımından təhlükəsizliyi və möhkəmliyi, həmçinin, təbii ki, kəmərin marşrutu üzərində olan dövlətlərlə münasibətlər əsas götürülməlidir. Bununla əlaqədar Qazaxıstan neftinin də Xəzər dənizi və Azərbaycan, İran, Türkiyə və başqa ölkələrin ərazisi vasitəsilə Cənuba daşınmasını mümkünlüyü barədə cənab Nursultan Nazarbayevin fikrinə tamamilə şərikəm. Biz bu məsələ ilə bağlı müvafiq söhbətlər, danışıqlar aparmışıq və zənnimcə, bunlar gələcəkdə də davam etdiriləcəkdir.

Bir sözlə, zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır.

Diqqətinizə görə təşəkkür edirəm.
GÖRKƏMLİ AZƏRBAYCAN BƏSTƏKARI

ARİF MƏLİKOVUN MÜƏLLİF GECƏSİNDƏ

ÇIXIŞ
Rüstəm Mustafayev adına

Azərbaycan Dövlət İncəsənət Muzeyi


5 fevral 1995-ci il
Hörmətli Arif Məlikov, bu gün bizə təqdim etdiyin çox gözəl maraqlı əsərlərə görə səni ürəkdən təbrik edir, sənə cansağlığı və gələcək yaradıcılığında uğurlar diləyirəm.

Son illər respublikamızın, xalqımızın həyatında ağır dövrdür. Ancaq çətinlik içində keçən bu dövrdə də mədəniyyətimiz, incəsənətimiz yaşayır, inkişaf edir, incəsənətimizi yaradan istedadlı, görkəmli şəxsiyyətlər Azərbaycan mədəniyyətini dünyaya nümayiş etdirirlər.

Bir azərbaycanlı kimi mən öz xalqımın nailiyyətləri ilə - harada oluramsa-olum, - fəxr etmişəm. Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Mən bununla daim fəxr etmişəm.

Arif Məlikov Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin ən görkəmli xadimlərindən, sənətkarlarındandır. Onun yaradıcılıq yolunun çox hissəsi mənim gözümün qarşısında keçib. Mən Arif Məlikovun yazdığı əsərləri həmişə yüksək qiymətləndirmişəm və onun sənətə bağlılığını, yaradıcılığı ilə yaşadığını, öz əsərləri ilə Azərbaycan incəsənətini, musiqisini zənginləşdirdiyini həmişə hiss etmişəm. Arif bu gün də bizi sevindirdi, bu gün də bizi öz istedadı, öz musiqisi ilə cəlb etdi, cəzb etdi. Mən bu uğurlu müəllif gecəsi münasibətilə səni bir daha ürəkdən təbrik edirəm.

Yüksək professional səviyyəli musiqi əsəri, sənət əsəri yazmaq, ortaya çıxarmaq, şübhəsiz ki, böyük istedad tələb edir. Arif Məlikov belə bir fitri istedada malik insandır. Bu fitri istedadı ilə yanaşı, öz sənətini sevməsi, sənətinə sadiq olması və fədakarcasına çalışması ona belə böyük əsərlər yaratmağa imkan verir.

Belə yüksək professional səviyyəli, mürəkkəb xarakterli musiqi əsərlərini dinləyicilərə çatdırmaq onu yazmaqdan bəlkə də çətindir. Mən bu gün burada çox istedadlı ifaçılarımızı gördüm. Uzaqdan Bakıya gəlmiş Fövziyə xanım, burada Arif Məlikovun əsərlərini skripkada məharətlə ifa edən Rəsul Abbasov və nəhayət, bizim gənc azərbaycanlımız, həmvətənimiz Araz Elsəsin çıxışı mənim üçün böyük bir hadisədir. Şübhəsiz ki, mən incəsənət ustalarının tam əksəriyyətini şəxsən tanıyıram, onların əsərləri ilə tanışam. Ancaq bugünkü ifaçılarla ilk dəfədir ki, üzbəüz görüşürəm. Ona görə də mən onları da, bu gün Arif Məlikovun əsərlərini pianoda, royalda və başqa alətlərdə ifa edənləri də ürəkdən təbrik edirəm. Sağ olun.

Əlamətdar bir hadisədir ki, bugünkü müəllif gecəsi böyük bəstəkarımız, Azərbaycan xalqının fəxri, ölməz Qara Qarayevin anadan olduğu gündə keçirilir. Mənə elə gəlir, bəlkə bu axşam Qara Qarayevin anadan olması gününə həsr olunub. Mən Qara Qarayevin musiqisini böyük hörmət və ehtiramla yad edirəm.

Mən Qara Qarayevlə gənc yaşlarımızdan yoldaşlıq, dostluq etmişəm. Biz çox yaxın olmuşuq. Düzdür, sənətimiz bir-birindən tamamilə fərqlidir - o, bəstəkar, musiqiçi, incəsənət ustası idi, mən isə gənc yaşlarımdan siyasətlə məşğul olan adamam. Ancaq məlumdur ki, mən həmişə incəsənəti sevmişəm, hörmət etmişəm. Hələ gənc yaşlarımdan Qara Qarayevin sənətinin pərəstişkarı idim, onun ağlına, zəkasına hörmət edirdim. Sonralar mən Azərbaycana rəhbərlik edəndə Qara Qarayev respublika Bəstəkarlar İttifaqının sədri idi. Təkcə buna görə yox, böyük bir bəstəkar, sənətkar olduğuna görə mən onunla çox sıx əlaqədə olmuşam, yaradıcılığını həmişə izləmişəm. Onun yaradıcılığının daha geniş tanınması üçün əlimdən gələni etmişəm.

Bu gün biz Qara Qarayevin anadan olduğu günü qeyd edirik. Qara Qarayevin 60 illik yubileyi yaxşı xatirimdədir. Bu yubileyi bərabər keçirdik, mən orada böyük məmnuniyyətlə iştirak etdim. Bu gün böyük fəxrlə deyə bilərəm ki, mənim təklifimlə o vaxt Qara Qarayev Sovetlər İttifaqının ən yüksək mükafatı olan "Qızıl Ulduz"la təltif olundu. Biz Qara Qarayevin yubileyini Bakıda keçirdik. Sonra onun yubileyini Moskvada Dövlət Konservatoriyasının böyük salonunda keçirmək nəzərdə tutulmuşdu. Mən bundan ötrü xüsusi olaraq oraya getdim. Təəssüf ki, o axşam Qara Qarayevin səhhəti yubiley gecəsində iştirak etməyə imkan vermədi. Ancaq mən mərhum həyat yoldaşım Zərifə xanımla bərabər o gecədə iştirak etdim. Qara Qarayevin həyat yoldaşı Tatyana xanım və ailə üzvləri də orada idi. O vaxt Sovetlər İttifaqı mədəniyyətinin, incəsənətinin böyük xadimləri də orada iştirak edirdilər. SSRİ Bəstəkarlar İttifaqının sədri Tixon Xrennikov yubiley gecəsini giriş sözü ilə açdı. Mədəniyyət naziri Pyotr Demiçev və dövlət rəhbərləri də orada idi. Əlbəttə, bunlar xatirələrdir.

Təəssüflər olsun ki, biz Qara Qarayevi itirdik, o, dünyadan getdi. Mən dost kimi, onun sənətinə çox yüksək qiymət verən bir adam kimi, eyni zamanda respublikanın rəhbəri kimi Qara Qarayevin cənazəsini çiynimdə apardım. Mən adətən matəm mitinqlərində nitq söyləməmişdim. Ancaq Qara Qarayevin matəm mitinqində, onun qəbri yanında nitq söylədim. Ona rəhmət oxudum.

Bu ailəyə həmişə qayğı göstərmişəm. Mən Moskvada işləyəndə Tatyana xanımla telefonla əlaqə saxlamışam. Ancaq bilirsiniz ki, sonralar mən özüm "sürgünə" düşmüşdüm, özümə qayğı göstərmək lazım idi. Odur ki, əlaqələr kəsilmişdi.

Bunları ona görə deyirəm ki, bu gün Qara Qarayevin anadan olduğu gündür. Mən Moskvada işləyərkən bunu yüksək səviyyələrdə də demişəm, bir də qeyd etmək istəyirəm ki, Qara Qarayev müasir dünyanın ən dahi bəstəkarlarından biri idi. O vaxtlar biz hər şeyi Sovetlər İttifaqı miqyasında ölçürdük. Mənim aləmimdə o zaman Sovetlər İttifaqında Dmitri Şostakoviçdən sonra ikinci yerdə Qara Qarayev idi. Qara Qarayev Şostakoviçin tələbəsi idi. Yenə də deyirəm, bu, bizim üçün böyük iftixar mənbəyi idi.

Azərbaycanın musiqisi, xüsusən professional musiqisi böyük tarixə malikdir. Üzeyir Hacıbəyovun Azərbaycanda yaratdığı musiqi məktəbi elə bir məktəb olub ki, ondan sonra xalqımız dünyaya bir çox görkəmli bəstəkarlar, musiqiçilər, mədəniyyət xadimləri verib. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli, başqaları və bu məktəbin yetişdirməsi olan görkəmli sənətkar Arif Məlikov.

Şübhəsiz ki, hərə öz janrında musiqi yazır. Arifin musiqisi professional musiqidir, klassik musiqidir. Azərbaycan klassik, professional musiqisi - bəstəkarlarımızın yaratdığı bu əsərlər

Şərq aləmində demək olar ki, ilk professional, klassik musiqi nümunələridir və burada Azərbaycan birinci yerdədir. Bu məktəbin baniləri dahi Üzeyir Hacıbəyov və Müslüm Maqomayev olublar.

O vaxtlar - 20-ci, 30-cu, hətta 40-cı illərdə Sovetlər İttifaqına daxil olan bəzi Şərq ölkələrində başqa millətdən olan böyük bəstəkarlar əsərlər yazırdılar. Böyük bəstəkar Qliyer də Azərbaycanda fəaliyyət göstərib, Azərbaycanın həyatına aid bir opera yazıb. Orta Asiya ölkələrində isə Qliyer və başqaları o xalqlar üçün professional musiqi əsərləri yazıblar. Ancaq Azərbaycanda əsrimizin əvvəlində Üzeyir Hacıbəyovun yaratdığı musiqi məktəbi böyük bəstəkarlar yetişdirib. Bu məktəbin fəaliyyəti indi də davam edir. Gənc nəsil meydana çıxır, özünü göstərir. Ümidvaram ki, gələcəkdə yenə də böyük bəstəkarları öz aramızda görəcəyik. Bütün bunların içərisində Arif Məlikov həm əvvəllər, həm də bu gün xüsusi yer tutur.

Arifin yazdığı "Məhəbbət əfsanəsi" baleti bütün dünyanın professional opera və balet teatrlarında nümayiş etdirilir. Dünyanın hər yerini dolaşmış belə əsərlər azdır, nadir bir hadisədir.

İndicə Arif xatırlatdı. Gərək ki, 1986-cı ildə böyük bir tədbir var idi. O tədbirin sonunda Böyük Teatrın yeni mövsümünün açılışı münasibətilə Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti Yuri Qriqoroviçin quruluşunda tamaşaya qoyulmuşdu. O vaxt Sovetlər İttifaqının rəhbərləri orada idi. Mən də o rəhbərlikdə idim. Nəhəng Sovetlər İttifaqının rəhbərlərindən bir qrupu, o cümlədən də mən Böyük Teatrın lojasında əyləşmişdik. Təsəvvür edin, mən nə qədər sevinirdim ki, Moskvada, Rusiyanın mərkəzində, zəngin tarixə malik olan Böyük Teatrın səhnəsində belə bir böyük tədbirdə, teatr mövsümünün açılışında Arif Məlikovun "Məhəbbət əfsanəsi" əsəri göstərilir. Mən orada həm sevinirdim, həm də həzz alırdım, həm də fəxr edirdim. Oturmuşduq yan-yana - dövlət rəhbərləri dəfələrlə mənə tərəf dönürdülər və məni təbrik edirdilər. Mən də sevincimi onlara bildirirdim. Nəhayət, tamaşa başa çatandan sonra Arif Məlikovu Yuri Qriqoroviçlə bərabər səhnəyə dəvət etdilər. Biz onları alqışladıq və mən onu təbrik etdim. Belə xatirələr çoxdur.

Arif görüşlərimiz barədə danışdı, amma çox maraqlı olan birini demədi. Mən incəsənət xadimlərinə, musiqiçilərə həmişə böyük diqqət yetirmişəm. Xatirimdədir, mən onlarla vaxtaşırı görüşüb danışarkən bir-biri ilə münasibətlərinin gərgin olduğunu hiss edirdim və bunları aradan götürməyə çalışırdım. Biri yanıma gələndə deyirdim ki, filankəs də gəlmişdi, səni çox tərifləyirdi. Bu birisi gələndə deyirdim ki, o da mənim yanıma gəlmişdi, səni daha çox tərifləyirdi. Bilirsiniz ki, istedadlı adamlar həmişə qəribə olurlar. Onlar adi deyillər, adi olsalar, istedadlı ola bilməzlər. İstedadlı olanların hər birinin özünəməxsus xüsusiyyəti var. Mənim kimi siyasət adamı, respublikaya rəhbərlik edən adam gərək hərənin öz dilini bilsin, hərəni öz dili ilə dindirsin. Çalışsın ki, münasibətlər yaxşı olsun, mehriban olsun. Mən buna çalışırdım. Biz dəfələrlə yığışırdıq, otururduq, söhbət edirdik.

1973-cü ildə mən belə qərara gəldim ki, onları bazar günü Zuğulbada dəniz kənarındakı dövlət bağına dəvət edim, bir gün onlarla birlikdə olum. Dəvət etdim. Rəhmətlik Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Soltan Hacıbəyov xanımları ilə gəlmişdilər. Tofiq Quliyev, Arif Məlikov və başqaları da orada idilər. Biz bütün günü söhbət etdik, musiqidən danışdıq. Xatirimdədir, Tofiq Quliyevlə Niyazi pianoda çox gözəl çaldılar. Biz xeyli söhbət etdik. Hesab edirəm ki, bu, çox böyük bir görüş oldu. Bundan sonra münasibətlər xeyli düzəldi. Yaxşı əsərlər də meydana gəldi. Mən sizə deyə bilərəm ki, rəhmətlik Fikrət Əmirovun "Min bir gecə" baleti çox gözəl əsərdir və elə o dövrün bəhrəsidir. O cümlədən də Qara Qarayevin sonra yazdığı əsərlər.

Arif Məlikovla biz sonralar da görüşürdük. Onun həm də rəssam olduğunu mən 7-8 il bundan əvvəl bilirdim. Ancaq öz rəsm əsərlərini mənə göstərməmişdi. Bu yaxınlarda mənim yanımda olanda dedi ki, bu əsərləri sizə təqdim edəcəyəm. Mən indi baxdım, gördüm ki, təkcə musiqi sahəsində yox, bu sahədə də onun böyük istedadı var. Mən Arifi bu münasibətlə də təbrik edirəm.

Həyatın bu çətin, ağır dövründə musiqi bəstələmək və xüsusən simfonik əsərlər, professional, mürəkkəb əsər yaratmaq çox çətin məsələdir. Arif bunun öhdəsindən gəlir. Özünün dediyi kimi, az yatır, - bu yaramaz, - çox işləyir. Bu, xalqımız üçün lazımdır. Arif yeddinci simfoniyanı son vaxtlarda təqdim edib. Mənim böyük dostum, professor İhsan Doğramaçı Azərbaycan musiqisinə çox qayğı göstərən bir insandır. O, Bilkənddə Arif Məlikovun yeddinci simfoniyasının ilk ifasının açılışı mərasimini apardı, özü də çox gözəl apardı. Mən onu təbrik etdim. İhsan Doğramaçını mart ayında Azərbaycana dəvət etmişəm, görüşəcəyik. Yəqin ki, Arif Məlikov o görüşdə də yeni bir əsər təqdim edər.

Arif Məlikov Azərbaycan üçün böyük milli sərvətdir. Mən bunu heç də şişirtmədən, tam qətiyyətlə deyirəm. Biz onu qorumalıyıq, ona qayğı göstərməliyik. Onun imkanları çoxdur. Arif bundan sonra da yaratmalıdır. Şübhəsiz ki, o da bu fikirlərlə, hisslərlə yaşayır. Bizim bugünkü görüşümüz, bu müəllif gecəsi şübhəsiz ki, ona daha çox ilham verəcək və o, yeni əsərlər yaradacaqdır.

Mən Arif Məlikov yaradıcılığının bu salona toplaşan pərəstişkarlarını da bu gecə münasibətilə təbrik edirəm. Hamınızı salamlayıram, hamınıza xoşbəxtlik arzulayıram. Arif, səni bir daha təbrik edirəm, sənə uğurlar arzulayıram.



RESPUBLİKANIN XALQ ARTİSTİ

POLAD BÜLBÜLOĞLUNA
Hörmətli Polad Bülbüloğlu!

Sizi ömrünüzün yarıməsrlik yubileyi münasibətilə ürəkdən təbrik edir, sizə cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.

Azərbaycan incəsənətinin bu gün dünya şöhrəti qazanmasında sizin layiqli payınız vardır.

Yaratdığınız müxtəlif janrlı musiqi əsərləri sizin çoxşaxəli yaradıcılığınızı əks etdirir, müasir milli musiqi mədəniyyətimizi zənginləşdirir. Xalqımız sizi el-el dolaşan şirin nəğmələrin müəllifi və bu mahnıların əvəzsiz ifaçısı kimi yüksək qiymətləndirir. Sizin Azərbaycan mədəniyyətində tutduğunuz görkəmli yer ölməz sənətkarımız Bülbülün həyat və yaradıcılıq mühiti ilə sıx bağlıdır. Ümidvaram ki, siz dahi Bülbülün sənətinin ənənələrinə daim sadiq qalacaqsınız.

İnanıram ki, sizin ictimai xadim kimi fəaliyyətiniz də müstəqil Azərbaycanın mədəni həyatında silinməz iz qoyacaqdır.

Sizi anadan olmağınızın 50 illiyi münasibətilə bir daha təbrik edir, sizə yaradıcılıq yollarında yeni-yeni uğurlar diləyirəm.


HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

5 fevral 1995-ci il



"AZƏRNEFTYAĞ" İSTEHSALAT

BİRLİYİNDƏ ELOU -AVT-2 QURĞUSUNUN

AÇILIŞINA HƏSR OLUNMUŞ MİTİNQDƏ

ÇIXIŞ
7 fevral 1995-ci il
Hörmətli bacılar, qardaşlar!

Hörmətli qonaqlar!

Bu gün Azərbaycan Respublikasının və onun paytaxtı Bakı şəhərinin həyatında əlamətdar bir hadisə baş verir. Müasir tələblərə uyğun yeni böyük sənaye müəssisəsinin tikintisi başa çatıb və o, istismara buraxılır. Azərbaycanın sənaye potensialı yeni bir müəssisə ilə zənginləşir. Bu münasibətlə mən sizi və sizin simanızda bütün neftçiləri, emalçıları, neft sahəsində çalışanların hamısını və bütün vətəndaşlarımızı səmimi qəlbdən təbrik edirəm.

Bu sənaye müəssisəsi - neft məhsulları istehsal edən yeni ELOU-AVT-2 qurğusu Amerikanın "Petrofak" firmasının layihəsi ilə Koreyanın "Laki injinirinq" firması tərəfindən hazırlanmış, onların layihələri, texnologiyası əsasında yaranmışdır. Bu qurğunun tikilməsi, başa çatması Azərbaycan Respublikasının xarici ölkələrlə və xüsusən, sənaye sahəsində, texnologiya, texnika sahəsində inkişaf etmiş Koreya ilə münasibətlərinin parlaq təzahürüdür. Bu birgə işin nəticəsində Bakıda belə bir yeni sənaye müəssisəsinin meydana gəlməsi onu göstərir ki, müstəqil Azərbaycan Respublikası xarici ölkələrlə əməkdaşlıqda müvəffəqiyyətlər, nailiyyətlər əldə edir və bu yol bizim üçün açıqdır, biz bu yolla gedə bilərik.

Bu hadisə münasibətilə, ELOU-AVT-2 qurğusunun tikilib başa çatdırılması və istismara verilməsi münasibətilə mən Koreyanın "Laki injinirinq" firmasını, onun burada çalışan mütəxəssislərini, mühəndislərini və Koreyanın bizimlə əməkdaşlıq edən bütün vətəndaşlarını xüsusi təbrik edirəm, onlara öz adımdan, Azərbaycan dövləti adından təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Ancaq burada əsas işi görən Azərbaycanın mühəndisləri, mütəxəssisləri, fəhlələri, "Azərneftyağ" İstehsalat Birliyinin və "AzQUR" Səhmdar Şirkətinin kollektivləridir. Azərbaycan Respublikası iqtisadiyyatının belə ağır böhran şəraitində olduğu bir dövrdə müasir səviyyədə, yüksək texnologiya səviyyəsində olan yeni bir müəssisənin yaradılması, şübhəsiz, çox böyük təqdirəlayiqdir və ona görə də mən bu qurğunun yaranmasında - onun inşasında, tikilməsində, qurulmasında, bu gün istismara verilməyə hazırlanmasında iştirak edən bütün həmvətənlərimizə, vətəndaşlarımıza - hamıya ürəkdən təşəkkür edirəm və sizi bu nailiyyətiniz münasibətilə təbrik edirəm.

Azərbaycan neft diyarıdır. Neft hasilatı və emalı Azərbaycan iqtisadiyyatının, sənayesinin əsas sahələrindən biridir. Ona görə də Azərbaycanda neft emalı ilə əlaqədar olan müasir tipli belə yeni sənaye müəssisələrinin yaranması təbii haldır. Bu, eyni zamanda Azərbaycanın iqtisadi potensialının inkişaf etdirildiyini, zənginləşdirildiyini nümayiş etdirir. Bizim indi toplaşdığımız yer dövri-qədimdən Bakının Qaraşəhəri adlandırılırdı. Vaxtilə - hələ XIX əsrin sonunda, XX əsrin əvvəlində Bakıda neft sənayesi geniş miqyasda inkişaf edərkən burada zavodlar tikilmişdi, həmin müəssisələrdə neft emal olunurdu. O vaxt texnologiya şübhəsiz ki, aşağı səviyyədə olduğuna görə neftin emalı zamanı havaya çoxlu qara toz buraxılırdı. Ona görə də bu yerə Qaraşəhər deyirdilər.

Biz bu Qaraşəhərdə daim yaşamışıq. Burada insanlar çalışıblar, fədakarlıq göstəriblər, vətənlərinə, xalqına xidmət ediblər. Ancaq bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, bu yer indi Qaraşəhər deyil. Bura güllər, çiçəklər şəhəridir. Bura yaşıllıqlar şəhəri, abadlıq şəhəridir. Bu da ondan irəli gəlir ki, vaxtilə - 70-ci illərdə biz Azərbaycan sənayesinin yenidən qurulması, tamamilə modernləşdirilməsi, müasirləşdirilməsi sahəsində çox işlər gördük. Bunların nəticəsində Qaraşəhərdə Bakının havasını korlayan, zibilləyən qurğular, zavodlar söküldü və onların yerində yeni texnologiyalı zavodlar tikildi. Nəinki zavodlar, həm də müasir tipli yaşayış binaları tikildi, bura zavod şəhərciyindən Bakının böyük yaşayış məntəqəsinə çevrildi. Artıq burada gözəl ağaclar da var, qızılgüllər də, çiçəklər də var.

Xatirimdədir, indi olduğumuz bu yer vaxtilə XXII partiya qurultayı adına neftayırma zavodu idi. Biz Xəzər dənizinin sahilindəyik. Mən buraya dəfələrlə gəlmişdim. Burada torpaq da, hava da qara idi. Dənizin sahilinə gedəndə suyun üzərində böyük bir qara örtük görünürdü. Bunlar hamısı o köhnə qurğuların havaya buraxdığı çirkli, zəhərli maddələrin nəticəsi idi. Biz bunların hamısını dağıtdıq. O vaxt bu yerdə həmin dövrə görə yeni texnologiyalı ELOU-AVT-6 qurğusu quruldu. İndi buraya toplaşanların bir çoxu o zaman orada işləyirdi, həmin qurğunun yaranmasında, inşasında iştirak edirdi. O qurğunun 1981-ci ildə tikilib başa çatdırılması, istismara verilməsi Azərbaycanın həyatında mühüm hadisə oldu. Bəli, altı milyon ton və ondan da çox neft məhsulları istehsal edə bilən yeni bir zavodun istismara verilməsi böyük bir hadisə idi. O vaxt da biz bura toplaşmışdıq, sevinirdik, bir-birimizi təbrik edirdik.

O vaxtdan on beş il keçib. Mən bu gün böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, o zaman əsası qoyulmuş bu mükəmməl, böyük zavod indiyədək işləyir, fəaliyyət göstərir, Azərbaycanın iqtisadiyyatında böyük rol oynayır, xalqımızın iqtisadi həyatında öz görkəmli yerini tutubdur. Mən o vaxtdan burada işləyənlərin hamısına xüsusi minnətdaram. Ona görə ki, bu zavodu qoruyublar, saxlayıblar, dağıtmağa qoymayıblar və bu müəssisədən həm Azərbaycan Respublikası, həm xalqımız, həm də zavodun kollektivi üçün səmərəli istifadə ediblər.

Bilirsiniz ki, son illər sənayemizdə böhran vəziyyəti yaranıb. Böyük-böyük sənaye müəssisələri istehsal gücündə çalışmır, bəziləri hətta dayanıb, insanlar işsiz qalıb, vəziyyət ağırlaşıbdır. Neft hasilatı azaldığına görə mövcud qurğuların gücündən istifadə edə bilməməyinizə baxmayaraq, sizin zavod işləyir, fəaliyyətdədir, öz mövqeyini saxlayır. Bu, böyük hadisədir. Respublikamızda, keçmiş Sovetlər İttifaqının ərazisində yaranmış bu böhran vəziyyətində zavodun belə səviyyədə yaşaması çox əlamətdar hadisədir. Ancaq bundan sonra burada yeni bir qurğu qurulub, siz onu istifadəyə vermisiniz və işlədirsiniz. Nəhayət, bu gün zavodun içərisində demək olar ki, yeni bir zavod istismara verilir. Bu, elə bir dövrdə baş verir ki, başqa yerlərdə inşaat yox, dağılma gedir, böyük sənaye müəssisələrimiz lazımi səviyyədə işləmir. Burada isə yeni bir zavod istismara verilir. Bu, çox gözəl, diqqətəlayiq, təqdirəlayiq bir hadisədir. Mən buna görə sizi təbrik edirəm, sizə çox sağ ol deyirəm ki, bunu etmisiniz və bu işi axıra çatdırmısınız.

Şübhəsiz ki, neftçilərimiz, neftayırma zavodlarında çalışan mühəndislər, texniklər, mütəxəssislər, fəhlələr Azərbaycan neftçilərinin ənənələrinə sadiq qalıblar və həmin sədaqəti bu gün də davam etdirirlər. Mən burada bir faktı da qeyd etmək istəyirəm. O vaxt biz ELOU-AVT-6 qurğusunu, əslində isə zavodu tikib qurtararkən gənc mühəndis Rəsul Quliyev bu zavoda başçılıq edirdi. Rəsul Quliyev o vaxtdan son zamanlara qədər bu zavoda, sonra birliyə rəhbərlik edib. Onun fəaliyyəti burada xüsusi qeyd olunmalıdır. Çünki məhz onun fəaliyyəti nəticəsində bu zavodun kollektivi də yaşayır, zavod da yaşayır. Hətta zavod öz daxili imkanlarından istifadə edərək yeni istehsal müəssisələri yaratmaq, genişlənmək imkanı əldə edib. Bundan əvvəl tikilmiş iki milyon tonluq qurğunun və bu qurğunun yaranması, xarici ölkələrlə iqtisadi əlaqələrin qurulması, xarici şirkətlərin buraya cəlb edilməsi şübhəsiz ki, Rəsul Quliyevin məharəti, bacarığı və fəaliyyəti nəticəsində mümkün olmuşdur. Biz 1981-ci ildə o zavodu istismara verdikdən sonra Rəsul Quliyevin oradakı fəaliyyətini də, buradakı fəaliyyətini də bu gün qiymətləndirirəm və sizin qarşınızda onun xidmətlərini xüsusi qeyd edirəm.

Bugünkü hadisənin Azərbaycanın indiki və gələcəyi üçün çox böyük əhəmiyyəti var. Bilirsiniz ki, biz artıq müstəqil bir dövlət kimi öz sərvətlərimizin, öz taleyimizin sahibiyik. Bunlara əsasən biz Azərbaycanın ən böyük sərvətlərindən biri olan neftdən istifadə məsələsini özümüz həll edirik. Sizə məlum olduğu kimi, keçən ilin sentyabrında Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorundakı üç yatağın birgə işlənməsi və istismarı haqqında dünyanın böyük neft şirkətləri ilə müqavilə imzalamışıq. Bu müqavilə indi "Əsrin müqaviləsi" adlandırılır. Ona uyğun olaraq Azərbaycan 30 il müddətində müasir texnika və texnologiyalardan istifadə edərək, bu yataqlardan müştərək surətdə neft çrxaracaq və ölkəmizdə neft hasilatı ildən-ilə artacaqdır.

Şübhəsiz ki, çıxarılan neftin bir hissəsi xarici şirkətlər tərəfindən xaricə nəql ediləcəkdir. Amma bir hissəsi Azərbaycanın özündə qalacaqdır və onun dünya standartlarına müvafiq yüksək səviyyədə emal olunması və bu neftdən dünya standartlarına uyğun məhsullar alınması bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu qurğunun yaradılması həmin iş üçün yol açır. Söz yox ki, biz bundan sonra da neftin emalı üçün yeni istehsal qurğuları yaratmalıyıq. Lakin bu qurğu imzaladığımız müqavilə nəticəsində istehsal ediləcək neftdən yüksək keyfiyyətli məhsullar almaq üçün çox böyük əsas yaradır.

Burada hörmətli Fatma xanım çıxış etdi. O, zavodda uzun müddət ərzində fəaliyyət göstərən işçidir, necə deyərlər, müəssisənin veteranlarından biridir. Mən onun sözlərini çox məmnuniyyətlə qəbul etdim. Çox sevinirəm ki, zavodda belə adamlar işləyir, öz xidmətlərini göstərir, bu kollektivin möhkəmlənməsi üçün çalışmışdır və bu gün də çalışır. O dedi ki, bundan sonra da yüksək keyfiyyətli yağlar istehsal etmək mümkündür. Böyük təcrübəyə malik olan belə mütəxəssislər üçün, şübhəsiz, yeni texnologiya, yeni texnika, müvafiq istehsal imkanları da gərəkdir. Şübhə yoxdur ki, belə qurğu bizim mütəxəssislər üçün geniş meydan açır və biz bu imkanları gələcəkdə də genişləndirəcəyik. Əmin ola bilərsiniz ki, Azərbaycan neft sahəsində gələcəkdə yüksək səviyyələrə qalxacaqdır.

İmzaladığımız müqavilə, əlbəttə, dərhal nəticə verməyəcəkdir, - siz bunu bilməlisiniz. Müqavilə 30 il müddətində bağlanıbdır. O, Azərbaycanın bu günü üçün və gələcəyi üçündür, gələcək nəsillər üçündür. Buna baxmayaraq, biz həmin müqavilənin hər il bəhrəsini görəcəyik. Bu müqavilə Azərbaycanda neft hasilatını, neft məhsulları emalını ilbəil artıracaqdır, onların keyfiyyətini yüksəyə qaldıracaqdır. Bütün bunlar isə sizin, Azərbaycan xalqının, vətəndaşlarımızın rifah halım gündən-günə yaxşılaşdıracaqdır.

Bu gün vəziyyət ağırdır, çətindir. Bunu siz də bilirsiniz, biz də bilirik. Əlimizdən gələni edirik ki, vəziyyəti müəyyən qədər yüngülləşdirək. Ancaq nə etməli, bir tərəfdən, altı ildir müharibə gedir, ərazimizin 20 faizini erməni silahlı qüvvələri işğal edib, bir milyondan artıq vətəndaşımız qaçqın düşübdür. Torpaqlarımızı itirmişik, insanlar itirmişik, sevimli adamlarımızı, vətəndaşlarımızı, övladlarımızı itirmişik. Bütün bunlar Azərbaycana, iqtisadiyyatımıza böyük zərbələr vurubdur. Digər tərəfdən, respublikada gedən proseslər, keçmiş Sovet İttifaqında gedən proseslər iqtisadiyyatda, sənayedə gərgin vəziyyət, böhran vəziyyəti yaradıbdır.

Azərbaycanın sənayesi, bütün iqtisadiyyatı keçmiş Sovet İttifaqının müxtəlif respublikalarının sənayesi ilə, iqtisadiyyatı ilə sıx bağlı idi. İndi bu inteqrasiya əlaqələri, bu tellər qırılıbdır. Ona görə də sənaye müəssisələrimizin çoxunun işləmək imkanları azalıbdır. İstehsal azaldığından şübhəsiz ki, adamların dolanışığı da çətinləşibdir.

Üçüncü tərəfdən, biz bir iqtisadi sistemdən başqa iqtisadi sistemə, bazar iqtisadiyyatına, yeni iqtisadi qurumlara keçirik. Mülkiyyət formaları dəyişir. Bunların da hamısı əzab-əziyyətli, çətin proseslərdir. Bu prosesləri keçmək bizim taleyimizə düşübdür. Ancaq bilin ki, biz bu çətin yollardan keçəcəyik. İşıqlı gələcəyə, - geniş yola çıxacağıq. Azərbaycan iqtisadiyyatı yüksək səviyyəyə qalxacaqdır. Amma ona gəlib çatmaq üçün biz bu əzab-əziyyətli yolu keçməliyik.

Ola bilər ki, kimsə bizimlə bu yolu axıradək gedə bilməsin. Ancaq biz yolumuzu davam etdirərək, xalqımızı irəli aparacağıq. Odur ki, indiki vəziyyəti dərk etmək lazımdır, buna dözmək gərəkdir. Amma eyni zamanda bu vəziyyətdə də imkanlarımızdan daha səmərəli istifadə etməliyik.

Vəziyyətimizi ağırlaşdıran dördüncü amil bundan ibarətdir ki, Şimal dəmir yolu altı aydan artıqdır bağlıdır. Çeçenistanda baş verən hadisələr nəticəsində nəinki dəmir yolu, avtomobil yolu, hətta Rusiya ilə sərhədlərimiz də tamamilə bağlanıbdır. Biz heç bir yükü nə o tərəfə apara bilirik, nə də bu tərəfə gətirə bilirik. Azərbaycan demək olar, blokada şəraitindədir. Buna nə edə bilərik? Bizdən heç nə asılı deyildir. Rusiya kimi böyük bir dövlət öz daxilindəki Çeçenistan kimi kiçik bir respublikada vəziyyətin öhdəsindən gələ bilmir, orada normal şərait yaratmağa müvəffəq olmur. Müharibə gedir, qan tökülür, insanlar qırılır. Bunun nəticəsində də iqtisadi vəziyyətimiz çox çətinləşibdir. Bütün bunlar respublikamızın iqtisadiyyatında yaranmış ağır vəziyyətin səbəbləridir.

Lakin bununla yanaşı, indiki şəraitdə də mövcud imkanlardan hərə öz sahəsində səmərəli istifadə etsə, biz çətinliklərin əksəriyyətinin öhdəsindən, şübhəsiz, gələ bilərik.

Əgər hər sahədə bir qrup adam belə təşəbbüskar olsaydı, onda biz çox şeyə nail olardıq. Bəziləri təşəbbüs göstərir, axtarıb-arayır, tapır və çətin vəziyyətdən də çıxır. Amma bizim bəzi müəssisə, təsərrüfat, fabrik və zavod rəhbərlərimiz, yaxud nazirlərimiz oturub elə hey fikirləşirlər ki, bu iş də çətindir, o iş də çətindir. Onlar ancaq başlarını girləyirlər. Nə gizlədəsən, belələri də var. Bu da bizim həqiqətimizdir, həyatımızın reallığıdır. Mən bunu sizə açıq-aydın deyirəm.

Məsələn, dünən mən müdafiə nazirini vəzifəsindən azad edib, yeni müdafiə naziri təyin etdim. Nə üçün? Düzdür, 1993-cü ilin payızından bəri ordumuzda çox işlər görülüb. Lakin ordumuzda məqsədlərə istədiyimiz səviyyədə nail ola bilməmişik. Müdafiə nazirinə göstərdiyimiz etimadı o, tamamilə doğrultmadı. Buna görə də mən onu işdən azad etdim. Yaxud, təxminən ay yarım bundan qabaq Gömrük Komitəsinin sədri Tahir Əliyevi nəinki işdən azad etdik, həm də onu ciddi nöqsanlarına, buraxdığı çox ciddi səhvlərə görə tənbeh etdik. T. Əliyev ona göstərilən etimadı nəinki doğrultmayıb, həm də tapşırılan sahəni bərbad hala salmış, batırmışdır. Bəli, aramızda belə adamlar var, amma əslində bunlar olmamalıdır. Odur ki, biz belə adamlardan uzaqlaşırıq, onları vəzifələrindən çıxarırıq. Bununla yanaşı, biz birini cəzalandıranda, işdən çıxaranda, bu, gərək o birilərinə ibrət olsun, onlar özləri üçün nəticə çıxarsınlar ki, necə işləmək lazımdır.

Mən bunu ona görə deyirəm ki, indi bizim iqtisadiyyatımızda, xüsusən sənayemizdə istifadə edilməmiş böyük imkanlar var. Mən bütün səbəbləri açıb göstərdim. Bunlar həqiqətdir. Amma bunlarla yanaşı, əgər istehsalçılarımız, müəssisə rəhbərləri, sənaye və ümumən iqtisadiyyat sahəsində işləyən yüksək vəzifəli adamlar təşəbbüskar olsalar, bu çətin vəziyyətdə lazımi yollar axtarıb tapa bilsələr, onda işimiz daha səmərəli olar. Ona görə də mən bu gün sizin qarşınızda və bütün Azərbaycan ictimaiyyəti qarşısında vəziyyəti açıq-aydın şəkildə deyirəm və eyni zamanda, təşəbbüs göstərməyən adamları bugünkü hadisədən ibrət götürüb təşəbbüskar olmağa dəvət edirəm.

Mən belə hesab edirəm: iqtisadi potensialımız elədir ki, biz bu ağır vəziyyətdən də çıxa biləcəyik, gələcəkdə böyük nailiyyətlər də qazanacağıq. Amma biz gərək dözümlü olaq, bir-birimizə kömək edək, əl tutaq və daxili ictimai-siyasi vəziyyəti öz şəxsi məqsədləri naminə pozmaq istəyən adamlara cavab verək, onların qarşısını alaq. Həyatımızın ağır dövrüdür. Odur ki, bu dövrdə biz gərək bir-birimizə dayaq olaq, kömək edək, xalqımızı birləşdirək. Bu, bizim üçün əsas şərtlərdən biridir.

Burada mən yenə də Fatma xanımın sözlərinə istinad edirəm. O arzu etdi ki, Qarabağ məsələsi də həll olunsun, müharibə də qurtarsın. Bəli, mənim bir prezident kimi əsas məqsədlərimdən biri Azərbaycanı müharibə vəziyyətindən qurtarmaqdır. Altı ildən artıqdır ki, müharibə gedir. Fatma xanım dedi ki, biz böyük itkilər vermişik. Ancaq eyni zamanda, fevralın 12-də doqquz ay tamam olacaqdır ki, cəbhədə atəş yoxdur. Müvəqqəti atəşkəs haqqında Ermənistanla rnüqavilə bağlamışıq, biz bu atəşkəs rejiminə əməl edirik. Bu, asan məsələ deyil, altı il gedən müharibədə heç vaxt belə uzunmüddətli sülh olmayıbdır. Heç qısamüddətli də sülh olmayıbdır. Doqquz aya yaxındır ki, şəhid yoxdur, qan tökülmür. Doğrudur, biz məsələni həll etməmişik, torpaqlarımız işğal altındadır, respublikanın ərazi bütövlüyü pozulubdur. Bununla bərabər bütün dünyaya nümayiş etdiririk ki, biz sülh tərəfdarıyıq, məsələləri sülh yolu ilə həll etmək istəyirik. Biz istəyirik ki, regionumuzda əmin-amanlıq olsun. Müharibənin gələcəyi yoxdur. Müharibə heç vaxt heç kəsə müsbət nəticə verməyibdir. Müharibəni biz başlamamışıq. Bizə qarşı hərbi təcavüz olubdur. Biz hərbi təcavüzə cavab vermişik. Ancaq təəssüf ki, bu altı il müddətində cavabımız layiqli olmayıbdır. Ona görə də təcavüzkarlar bizə üstün gəliblər. Bunun nəticəsində də respublikamız belə vəziyyətə düşmüşdür. Bilin ki, atəşi dayandırmaq, doqquz ay müddətində sülh şəraitində yaşamaq üçün biz çox işlər görmüşük. Beynəlxalq təşkilatların imkanlarından istifadə etmişik, onlarla nə qədər danışıqlar aparmışıq, bu məsələləri onlarla nə qədər müzakirə etmişik, Birləşmiş Millətlər Təşkilatına, ATƏT-ə, onların rəhbərlərinə, dünyanın böyük ölkələrinin rəhbərlərinə, ABŞ prezidentinə, Rusiya prezidentinə, İngiltərənin baş nazirinə, Fransa prezidentinə, Türkiyə prezidentinə və digər böyük adamlara müraciət etmişik. Onların hamısı Azərbaycanın bu məsələsinə qarışıblar. Bütün bunların nəticəsində biz bu sülhü əldə etmişik. İndi çalışırıq ki, bu sülh daimi olsun. Dünən Moskvada bu barədə yeni danışıqlar başlanıbdır. Keçən ilin dekabrında Budapeştdə Azərbaycan üçün çox əhəmiyyətli bir qərar qəbul olunubdur ki, Azərbaycanda sülh yaratmaq üçün, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçun çoxmillətli, beynəlxalq sülhü mühafizə qüvvələri yaradılsın və bunun vasitəsilə uzunmüddətli sülh müqaviləsi imzalansın.

İndi biz bu yolla gedirik və məhz bu yolla da gedəcəyik. Çalışacağıq ki, müharibə bir daha baş verməsin, daha qan tökülməsin. Amma bir şərtlə, bu da ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi təmin edilməli, işğal olunmuş torpaqlarımızın hamısı geri qaytarılmalıdır, qaçqın düşən vətəndaşlarımız öz yerlərinə dönməlidirlər, o cümlədən, bizim üçün müqəddəs olan Şuşa şəhəri, habelə Laçın rayonu geri qaytarılmalıdır. Bir sözlə, bütün rayonlarımız geri qaytarılmalı və bütün qaçqın vətəndaşlarımız oraya getməlidirlər. Bax, bu sahədə də işlər vaxtımızı alır. Bilin ki, bunlar fəaliyyətimizin daim mərkəzində duran məsələlərdir.

Burada Larisa Kondraşova çıxış etdi. Hörmətli Larisa Kondraşova, mən sizin çıxışınızı da böyük diqqətlə dinlədim. Şadam ki, Azərbaycanda beynəlmiləl ənənələr qorunub saxlanmışdır. On illər, yüz illər ərzində təşəkkül tapmış nə varsa, hamısını qoruyub saxlamaq üçün hər şey edirik. Siz burada çalışmısınız, bu gün də çalışırsınız. Özü də tək siz yox, bizdə olan çoxsaylı bütün rusdilli əhali də. Biz hər şey etmişik və edəcəyik ki, milliyyətindən, dilindən və dini etiqadından asılı olmayaraq, Azərbaycanın hər bir vətəndaşı ölkəmizin bərabər-hüquqlu vətəndaşı olsun, respublikamızın bütün nemətlərindən istifadə etsin. Elə siz özünüz də bu sahədə bizim bütün tədbirlərimizi görürsünüz. Buna görə də siz və sizin simanızda Azərbaycanın bütün rusdilli əhalisi əmin ola bilərsiniz ki, biz bu ənənələri qoruyacaq, artıracaq və möhkəmləndirəcəyik.

O ki qaldı Rusiya ilə münasibətlərimizə, biz iki yüz il birlikdə yaşamışıq. Odur ki, Azərbaycan Respublikası öz müstəqilliyini və suverenliyini qoruyub saxlayaraq çalışır və çalışacaqdır ki, Rusiya ilə Azərbaycan arasında, rus xalqı ilə Azərbaycan xalqı arasında dostluq münasibətləri inkişaf etsin və möhkəmlənsin. Mən bunun üçün hər şey edirəm. Rusiya rəhbərliyi ilə, o cümlədən də Rusiya prezidenti Boris Yeltsinlə, baş nazir Viktor Çernomırdinlə və digər rəhbərlərlə mənim yaxşı əlaqələrim və qarşılıqlı münasibətlərim var. Biz bunu həm onların tərəfindən, həm də öz tərəfimizdən, əvvəla, ölkələrimizin, xalqlarımızın mənafeləri naminə, digər tərəfdən isə on illər, yüz illər ərzində həqiqətən yaranmış olan nə varsa, hamısının saxlanması və möhkəmlənməsi naminə edirik. Buna görə də siz və rusdilli əhalinin hamısı burada özünüzü tamamilə azad və arxayın, bərabər hüquqlu hiss edə bilərsiniz.

Düzdür, indi sərhədi bağlamışlar və bu, qohum-əqrəba, tanışlar ilə ünsiyyət saxlamaq imkanını bir az çətinləşdirmişdir. Mən belə düşünürəm ki, bu, müvəqqəti haldır. Biz bu maneələrin aradan qaldırılması üçün bütün tədbirləri görəcəyik. Hər halda Azərbaycan neftçilərinin kollektivi, ümumiyyətlə, bütün Azərbaycan cəmiyyəti həmişə beynəlmiləl, çoxmillətli olmuşdur. Bu, bizim şərəfimizdir, biz bu ənənəni saxlayırıq və saxlayacaq, möhkəmləndirəcəyik. Mən sizin çıxışınızı dinləməyə şadam. Şadam ki, siz Azərbaycan xalqına, respublikamıza belə hörmətlə yanaşırsınız. Sağ olun.

Hörmətli bacılar və qardaşlar! Bir daha deyirəm ki, bugünkü hadisə əlamətdar hadisədir. Həyatımızın bu ağır dövründə onun çox böyük əhəmiyyəti var. Belə hadisələr onu göstərir ki, Azərbaycan xalqın imkanları böyükdür, Azərbaycan Respublikasının imkanları genişdir. Məqsədimiz və vəzifəmiz də ondan ibarət olmalıdır ki, bu imkanlardan səmərəli istifadə edək. Cəmiyyətimizdə buna mane olmaq, aranı qarışdırmaq istəyən adamlar da var, gördüyümüz bu işlərə ləkə yaxmaq istəyən adamlar da var. Amma mən əminəm ki, onlar respublikamızın, xalqımızın ümummilli həmrəyliyinə, vətəndaş həmrəyliyinə, dostluğuna və qardaşlığına heç bir xələl gətirə bilməzlər. Onlar xırda-xuruş işlər görürlər. Lakin bilməlidirlər ki, onların əməlləri öz şəxsi məqsədləri üçün heç bir nəticə verməyəcəkdir. Bunlar o adamlardır ki, dövlət çevrilişi etmək istəyirdilər. Onlar aradan çıxıb qaçdılar. Bəziləri həbs olunub, ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Bunlar o adamlardır ki, vəzifə davası, hakimiyyət davası edirlər, heç bir şeyə qadir olmadan, heç bir imkanları olmadan gəlib Azərbaycan xalqını yeni bəlalara salmaq istəyirlər. Onlar da heç nəyə nail ola bilməyəcəklər.

Şübhəsiz ki, biz azad və demokratik cəmiyyətdə yaşayırıq. Azərbaycanda demokratik prinsiplərin hamısı bərqərar olubdur, hər bir insana azadlıq verilibdir, adamlar öz sözlərini açıq-aydın deyə bilər, öz istəklərini deyə bilərlər. Söz azadlığı, din azadlığı, vicdan azadlığı, mətbuat azadlığı - bu azadlıqların hamısı Azərbaycanda var. Bu, hamıya verilib, bunun üçün hamıya şərait yaradılıbdır. Lakin bunların hamısından mədəni, səviyyəli şəkildə, həm də Azərbaycan xalqını indiki ağır vəziyyətdən çıxarmaq üçün istifadə etmək lazımdır. Amma o şəxslər ki, aranı qarışdırmaq, işlərimizə mane olmaq istəyirlər, onlar heç nəyə nail ola bilməyəcəklər. Bu gün buraya toplaşan adamlar onlara imkan verməyəcəklər. Bizim qanunlarımız onlara imkan verməyəcəkdir.

Siz çıxışlarımzda dediniz ki, prezident kimi mənim xarici və daxili siyasətimi bəyənirsiniz. Çox sağ olun! Dediniz ki, siz məni dəstəkləyirsiniz, mənə dayaqsınız. Çox sağ olun! Onu bilin ki, mən də sizə dayağam, sizin arxanızda durmuşam və həmişə sizinləyəm, həmişə xalqlayam, həmişə sizin mənafeyinizin keşiyində durmuşam. Mən ancaq və ancaq bu məqsədə, bu vəzifəyə xidmət edirəm. Bundan sonra da xalqıma, Vətənimə, sizə sadiq olacaq və bu yolla gedəcəyəm. Siz buna tam əmin ola bilərsiniz.

Sizi bir daha ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayır və əmin olduğumu bildirmək istəyirəm ki, bu yeni sənaye müəssisəsi uğurla işləyəcək, Azərbaycan iqtisadiyyatına gündən-günə fayda gətirəcəkdir. Sağ olun.

1   ...   6   7   8   9   10   11   12   13   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə