Ç ı x ı ş l a r nitql ə r b ə yanatla r m ə ktubla r m ü sahib ə l ə r




Yüklə 2.04 Mb.
səhifə1/27
tarix21.02.2016
ölçüsü2.04 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   27


Ç ı x ı ş l a r

n i t q l ə r

b ə y a n a t l a r

m ə k t u b l a r

m ü s a h i b ə l ə r

AZƏRNƏŞR


BAKI-1997



MÜSTƏQİLLİYİMİZ

ƏBƏDİDİR

ü ç ü n c ü k i t a b

dekabr, 1994 - iyun, 1995

AZƏRNƏŞR


BAKI-1997

Buraxılışına məsul


RAMİZ MEHDİYEV,

HİDAYƏT ORUCOV


ƏLİYEV HEYDƏR

Ə 56 Müstəqilliyimiz əbədidir. B., Azərnəşr, 1997. 488 səh.
Kitaba Azərbaycan Respublikasının Prezidenti

Heydər Əlirza oğlu Əliyevin 1994-cü il dekabr ayının

əvvəllərindən 1995-ci il iyunun əvvəllərinə qədərki

dövrü əhatə edən çıxış və nitqləri, müraciət və bəyanatları,

müsahibə və məktubları daxil edilmişdir. Materiallarda

Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması

və daha da möhkəmləndirilməsi, milli dövlət quruculuğu

prosesi, uğurlu daxili və xarici siyasət xətti, eyni zamanda

ölkə rəhbərinin Azərbaycan xalqının tərəqqisi və aydın

sabahı naminə yorulmaz siyasi fəaliyyətinin, zəngin və

mənalı həyatının tarixi məqamları əks olunmuşdur.

Ə elansız BBK 32



İSBN 5-552-01734

C Azərnəşr, 1997


AZƏRBAYCAN DÖVLƏT TELERADİO

VERİLİŞLƏRİ ŞİRKƏTİNİN VƏ BMT-nin

BEYNƏLXALQ UŞAQ FONDU - YUNİSEF

TƏŞKİLATININ BİRGƏ TƏŞKİL ETDİYİ

"UŞAQLAR DÜNYANIN SEVİNCİDİR"

XEYRİYYƏ TELEMARAFONU

MÜNASİBƏTİLƏ TELEVİZİYA

STUDİYASINDA UŞAQLARLA

GÖRÜŞDƏ ÇIXIŞ
11 dekabr 1994-cü il
Əziz uşaqlar, əziz balalarımız!

Mən sizi - Azərbaycan Respublikasının bütün uşaqlarını bu gün münasibətilə, Birləşmiş Millətlər Təşkilatı YUNİSEF fondunun təşəbbüsü ilə bu xeyriyyə telemarafonunun keçirilməsi münasibətilə ürəkdən təbrik edirəm və hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram.

Siz - Azərbaycanın övladları, bizim əziz balalarımız, Azərbaycanın gələcəyisiniz. Sizin bugünkü həyatınız, yaşayışınız, təhsiliniz, böyüməyiniz Azərbaycan dövlətinin daim qayğısı altındadır. Mən bu gün bildirmək istəyirəm ki, Azərbaycan Respublikasında uşaqlar respublikamızın son illərdə düşdüyü ağır, bəlalı, əzab-əziyyətli günlər içində yaşayaraq, eyni zamanda öz valideynlərinin, onlara qayğı göstərən insanların, təşkilatların, xeyriyyə cəmiyyətlərinin köməyi ilə dərs keçirlər, tərbiyə alırlar, böyüyürlər və inkişaf edirlər. Mən əminəm ki, bu ağır, çətin dövrdə dünyaya gəlib böyüyən uşaqlar cəsarətli, mətin, vətənpərvər olacaqlar. Azərbaycanın xoşbəxt gələcəyi naminə həm təhsil alıb böyüyəcəklər, həm də gələcəkdə cəmiyyətdə öz yerlərini tutacaqlar. Azərbaycanın gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur.

Azərbaycan dövlətinin uşaqlar haqqında siyasəti məhz bundan ibarətdir. Dövlətin qayğısı ilə hər bir vətəndaşın, hər bir təşkilatın qayğısı, hər bir cəmiyyətin qayğısı, xeyriyyəçilik edən hər bir adamın qayğısı birləşməlidir, qovuşmalıdır. Biz uşaqlarımızı yaxşı tərbiyə etməliyik, yaxşı şəraitdə yaşatmalıyıq. Uşaqlarımıza təhsil verməliyik. Onları gələcək üçün hazırlamalıyıq.

Biz xoşbəxtik, ona görə ki, Azərbaycan xalqının əsrlər boyu böyük insanları, istedadlı adamları olubdur. Bu gün bu insanlar, istedadlı adamlar Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizə aparanlardır, respublikamızın müstəqilliyini təmin edən adamlardır. Azərbaycanın böyük tarixi keçmişi olduğu kimi böyük də gələcəyi vardır. Azərbaycanın keçmişində və son illərində nə qədər əzab-əziyyətli mərhələlər, dövrlər olubsa, gələcəyində də o qədər xoşbəxt günlər olacaqdır.

Əziz balalar, sizi xoşbəxt günlər gözləyir. Ona görə də bu günlərin əzab-əziyyətini dözümlə keçib getməlisiniz. Çünki siz gələcəkdə xoşbəxt yaşayacaqsınız. Mən buna tam əminəm. Ona görə əminəm ki, Azərbaycan müstəqil dövlət kimi öz addımlarını inamla atır. İndi ölkəmiz müharibə şəraitindədir, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində ağır vəziyyətə düşübdür. Respublikamızın ərazisinin bir qismi işğal olunubdur. İşğal olunmuş torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, ağır şəraitdə yaşayır. Bu müharibədə biz şəhidlər vermişik. Şəhidlərimizin arasında uşaqlar da var, körpə balalarımız da var. Bunların hamısı həyatımızın faciəsidir, erməni işğalçılarının, düşmənlərin Azərbaycan xalqına qarşı amansız və çox yırtıcı hərəkətlərinin nəticəsidir. Odur ki, bu illərdə bizim uşaqlarımız da, körpələrimiz də həlak olubdur. Qaçqın ailələrinin, o cümlədən uşaqların həyatı ağır və çətindir. Bütün bunlar hamısı Azərbaycanın son illərdəki həyatının reallığıdır, gerçəkliyidir. Ancaq belə bir şəraitdə də bizim uşaqlar böyük nikbinliklə yaşayırlar, təhsil alırlar, mahnı oxuyurlar, rəqs edirlər, şənlənirlər və gələcəyə ümidlə baxırlar.

Əziz balalarım, mən bu gün sizə demək istəyirəm ki, bu ümidiniz əsaslıdır. Çünki, bir də deyirəm, Azərbaycanın bu günü nə qədər çətin və ağırdırsa, gələcəyi bir o qədər işıqlı, o qədər də xoşbəxt və gözəldir. Sizi gələcəkdə gözəl həyat gözləyir. Bu gözəl həyatı yaratmaq sizə nəsib olacaq, bunları siz etməlisiniz. Siz oxuyub, təhsil alıb özünüzü cəmiyyətdə işləmək, xalqa xidmət etmək üçün hazırlamalı, düşünməlisiniz ki, Azərbaycanın müstəqilliyini gələcəkdə siz irəli aparacaqsınız, Azərbaycanın gələcəyini siz təmin edəcəksiniz. Sizin hamınızı qucaqlayıram, öpürəm, bütün Azərbaycan uşaqlarını bağrıma basıram, öpürəm və hamınıza xoşbəxt həyat, şən günlər, sağlamlıq arzulayıram. Əminəm ki, gələcəyiniz xoşbəxt olacaqdır. Sizi bir daha təbrik edirəm.

Hamını, bütün Azərbaycan vətəndaşlarını uşaqlara, bizim körpələrə, balalarımıza, gənclərimizə kömək etməyə, yardım göstərməyə dəvət edirəm. Xüsusən qaçqın ailələrinə müraciət edirəm. Mən bilirəm ki, qaçqın ailələrində çoxlu uşaq var. Onların valideynlərinə müraciət edirəm. Sizin üçün nə qədər çətin olsa da, uşaqlarınıza yaxşı baxın, onlara qayğı göstərin. Uşaqlar bizim gələcəyimizdir.

Mən şəhid ailələrinə müraciət edirəm. Sizin dərdiniz, qəminiz bütün Azərbaycanın dərdidir. Şəhidlərin balaları bizim doğma balalarımızdır. Dövlət həm şəhid ailələrinə, həm də şəhidlərin balalarına daim qayğı göstərib və qayğı göstərəcəkdir. Buna əmin ola bilərsiniz. Biz şəhid ailələrini, şəhid balalarını heç vaxt yalqız qoymayacağıq. Buna tam arxayın ola bilərsiniz.

Mən Azərbaycan Respublikasının bütün idarələrinə, təşkilatlarına, nazirliklərinə, birliklərə, konsernlərə müraciət edirəm. Uşaqların yaşaması üçün, inkişaf etməsi üçün bu telemarafon vasitəsilə yaranmış fonda hərə öz payını verməlidir. Bütün bu xeyriyyə işləri, şübhəsiz ki, heç vaxt unudulmayacaqdır. Mən əminəm ki, hər bir imkanlı adam, hər bir xeyirxah insan, hər bir imkanlı iş adamı bu nəcib işdən kənarda qalmayacaq, buna münasibətini göstərəcəkdir. Hamımızın qayğısı, bu telemarafonun məqsədi də yalnız və yalnız uşaqlara, xüsusən şəhid uşaqlarına, xəstə uşaqlara, müharibə nəticəsində yaralanmış, əlil olmuş uşaqlara, qaçqın uşaqlarına, ağır vəziyyətdə yaşayan ailələrin uşaqlarına yardım etməkdir. Bu, bizim ümummilli, ümumxalq borcumuzdur.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, hər bir vətənpərvər vətəndaş, elini, obasını, vətənini, torpağını sevən hər bir insan bu çağırışa qoşulacaq, bizim bu xeyirxah işə öz münasibətini göstərəcək, uşaqlarımızın bu gününə və gələcəyinə, onların yaşamasına, inkişaf etməsinə, müalicə olunmasına və firavan həyat sürməsinə kömək edəcəkdir. Buna tam əminəm və güman edirəm ki, mənim bu səsimə Azərbaycanda çoxları səs verəcək və uşaqların hamısını bərabər qucaqlayacağıq. Onlara birlikdə qayğı göstərəcəyik. Onların yaşamasına, xoşbəxt həyatına öz münasibətimizi birlikdə göstərəcəyik.

Bu tədbir münasibətilə hamını bir daha təbrik edirəm. BMT-nin YUNİSEF təşkilatının bu təşəbbüsünü bəyənirəm və ona minnətdarlığımı bildirirəm. YUNİSEF-ə müraciət edərək demək istəyirəm ki, bu təşkilat gərək Azərbaycan Respublikasının ağır şəraitdə yaşamasını, uşaqların çətin vəziyyətdə olmasını bütün dünyaya çatdırsın, bildirsin. Dünya bilməlidir ki, Azərbaycan xalqı indi ağır, əziyyətli vəziyyətdə yaşayır, ancaq öz milli mənliyini qoruyur və qoruyacaq, öz torpaqlarının və öz taleyinin sahibidir və sahibi olacaqdır. Müstəqil Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək, dünya birliyində öz yerini tutacaqdır. Müstəqil Azərbaycan gələcəyə ümidlə gedəcəkdir. Bizim ümidimiz, gələcəyimiz bizim uşaqlarımızdır, balalarımızdır. Sizi bir daha təbrik edirəm.

Əziz balalarım, sizə öz sevgimi, məhəbbətimi bildirirəm. Sizi bağrıma basıram, öpürəm. Sağ olun, xoşbəxt olun. Bütün Azərbaycan uşaqlarını təbrik edirəm.

MƏRAKEŞƏ - İSLAM KONFRANSI

TƏŞKİLATININ KASABLANKA ZİRVƏ

TOPLANTISINA YOLA DÜŞƏRKƏN BİNƏ

HAVA LİMANINDA JURNALİSTLƏRƏ

MÜSAHİBƏ
12 dekabr 1994-cü il
Şübhəsiz ki, hər bir Zirvə toplantısı böyük əhəmiyyətə malikdir. Əlbəttə, ATƏM-in Budapeşt Zirvə toplantısının başqa bir istiqaməti, başqa bir məqsədi vardı. Mən oradakı çıxışlarımda da qeyd etdim, sonra müsahibələrimdə də dedim ki, təkcə Avropada yox, ümumiyyətlə, bütün dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin möhkəmlənməsi üçün ATƏM böyük bir təşkilatdır. Ona görə də Budapeşt Zirvə toplantısının ümumdünya əhəmiyyəti var. ATƏM-in bu Zirvə toplantısı xüsusən Azərbaycan üçün çox əhəmiyyətli oldu. Orada respublikamızın vəziyyəti ilə əlaqədar, Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar qətnamə qəbul edildi və mən əminəm ki, bu qətnamə yaxın vaxtlarda ardıcıl surətdə həyata keçiriləcəkdir.

İndi isə Mərakeşdə İslam Konfransı Təşkilatının Zirvə toplantısı olacaqdır. Bu toplantı da çox böyük əhəmiyyət kəsb edir. Çünki İslam Konfransı Təşkilatının 25 illiyi qeyd ediləcəkdir. Şübhəsiz ki, bu təşkilat yaradılarkən onun üzvləri indiki qədər olmayıbdır. Ancaq bu təşəbbüs İslam ölkələrinin, İslam dünyasının həmrəyliyini və dünyada gedən proseslərin inkişafını təmin etmək üçün çox mühüm bir addım idi. 25 il müddətində İslam Konfransı Təşkilatı böyük bir yol keçibdir, şübhəsiz ki, onun böyük xidmətləri olubdur. O, dünyada sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi üçün öz töhfələrini verib, öz səylərini göstərib. Bu təşkilata da bizim çox böyük hörmətimiz var.

Mən Mərakeş məliki II Həsən cənablarının dəvətini çox böyük məmnuniyyət, hissi ilə qəbul edərək bu Zirvə toplantısına gedirəm. İslam ölkələri dünyanın böyük bir hissəsini təşkil edirlər. Onların bir milyard nəfərdən artıq əhalisi var. İslam Konfransı Təşkilatı bu ölkələrin ümumi potensialından istifadə edərək həm ümumbəşəri proseslərdə iştirak edir, həm də İslam ölkələrinə məxsus spesifik problemlərin həll olunmasına çalışır. Mən şəxsən hesab edirəm ki, hər bir belə regional təşkilat əhəmiyyətlidir və bu kimi təşkilatların hamısı öz səylərini nəhayət, birləşdirə bilsələr, dünyada sülh daimi olar, əmin-amanlıq, təhlükəsizlik təmin edilə bilər. Ona görə də mən bu Zirvə toplantısına həvəslə gedirəm və şübhəsiz ki, bu toplantıdan çox şey gözləyirəm. Bir də ona görə ki, İslam Konfransı Təşkilatı öz əvvəlki toplantısında da qətnamə qəbul edərək Ermənistanın Azərbaycana təcavüzünü pisləyib, bu barədə beynəlxalq təşkilatlara müraciətlər edibdir. Biz indi də belə bir qətnamənin qəbul olunmasını gözləyirik.

Bildiyiniz kimi, İslam Konfransı Təşkilatına 52 dövlət daxildir. Bu dövlətlərin başçıları ilə müstəqil Azərbaycanın bilavasitə əlaqələr yaratması baxımından qarşıdakı konfrans əlverişli fürsətdir. Bizim belə əlaqələrə ehtiyacımız var. Çünki Azərbaycanı bütün dünyada tanıtmaq üçün və Azərbaycanın indiki vəziyyətini bütün dünyaya aşkar etmək üçün hələ çox işlər görmək lazımdır. Daxilimizdə bəziləri belə hesab edirlər ki, həyatımızı, Ermənistanın Azərbaycana təcavüzü məsələsini çoxları elə bizim kimi bilir. Amma əslində belə deyildir. Mənə məlumdur və mən bir çox ölkələrdə olarkən siz də müşahidə etmisiniz ki, respublikamızın başına gələn bəlaları çox yerlərdə ya bilmirlər, ya da onun nə qədər dərin, ümumdünya təhlükəsizliyi üçün, xüsusən Azərbaycanın bu günü və gələcəyi üçün təhlükəli olduğunu dərk edə bilmirlər. Ona görə də qarşıdakı toplantıda biz bu məsələləri açıqlayacağıq və eyni zamanda İslam ölkələrinin başçıları ilə ikitərəfli görüşlərdə də mən bu barədə geniş söhbətlər aparacağam. Bu ikitərəfli görüşlərin Azərbaycan Respublikasının həmin ölkələrlə iqtisadi əlaqələrinin də yaranması və inkişaf etməsi üçün əhəmiyyəti var. Məhz bunlara görə mən bu səfəri çox mühüm bir səfər hesab edirəm. Görək, səfərimiz nə kimi nəticələr verəcəkdir.



İSLAM KONFRANSI TƏŞKİLATININ ÜZVÜ

OLAN ÖLKƏLƏRİN DÖVLƏT VƏ

HÖKUMƏT BAŞÇILARININ KASABLANKA

ZİRVƏ TOPLANTISINA GEDƏRKƏN

İSTANBULUN ATATÜRK HAVA

LİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ
12 dekabr 1994-cü il

Mən Mərakeşin Kasablanka şəhərinə gedirəm. Bildiyiniz kimi, orada İKT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısı keçiriləcəkdir. İKT 25 ildir ki, fəaliyyət göstərir. Təşkilatın yubileyinə təsadüf edən bu toplantı çox faydalı olacaq, orada İslam aləmindən 52 dövlətin başçıları iştirak edəcəklər, onlardan biri də Azərbaycandır. Azərbaycan bu təşkilata müstəqillik qazanandan sonra daxil olmuşdur. İlk dəfədir ki, Azərbaycanın dövlət başçısı İKT-nin Zirvə toplantısında iştirak edir. Ona görə də mən bu toplantını Azərbaycan üçün çox əhəmiyyətli hesab edirəm.

ATƏM-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Budapeşt Zirvə toplantısında Avropada və dünyada təhlükəsizliyi təmin etmək üçün Avropanın gələcək taleyində mühüm rol oynayacaq məsələlər müzakirə olundu. Mən Budapeşt Zirvə toplantısından çox məmnunam. Orada Ermənistanın Azərbaycana təcavüzünün qarşısının alınması üçün bir qətnamə qəbul edildi. Bildiyiniz kimi, bu gün düz yeddi aydır ki, Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılaşma əldə olunub. Həmin müddətdə atəşkəs davam edir. Doğrudur, atəşkəs bizim üçün faydalıdır. Ancaq bu, problemin həll olunması demək deyildir. Biz atəşkəsdən Böyük Sülh Sazişinin əldə olunması üçün istifadə etmək istəyirik. Sülh sazişinin əldə edilməsi üçün isə bizim bir sıra şərtlərimiz vardır: Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərimizdən çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalı, bir milyondan çox azərbaycanlı qaçqın öz yerlərinə qaytarılmalıdır.

Budapeşt Zirvə toplantısı bizim üçün ona görə faydalıdır ki, orada ilk dəfə ATƏM çərçivəsində çoxmillətli sülhü mühafizə qüvvələrinin yaradılması barədə mühüm qətnamə qəbul edildi. Doğrudur, bu, heç də asanlıqla başa gəlmədi. Çünki Ermənistan Respublikası belə bir qətnamənin qəbul olunmasını istəmirdi. Bilirsiniz ki, Ermənistan münaqişə zonasına yalnız rus əsgərlərinin gəlməsini istəyir. Lakin biz çox çalışdıq, burada sizin qarşınızda bir daha deyə bilərəm ki, bu qətnamənin qəbul olunmasında Türkiyə Respublikası rəhbərlərinin də çox böyük xidmətləri oldu. Biz çox ciddi əməkdaşlıq etdik, bərabər çalışdıq.

... Mən Budapeştdə Türkiyənin baş naziri xanım Tansu Çillərlə və Türkiyənin digər yüksək vəzifəli şəxsləri ilə görüşdüm. Sonra xanım Tansu Çillərlə bərabər ABŞ prezidenti Bill Klintonla görüşdük. Beləliklə, Budapeştdə bizim üçün çox mühüm olan bir qətnamə qəbul edildi. Hazırda bizim əsas işimiz bu qətnamənin həyata keçirilməsinə nail olmaqdır. İndi bizim bölgəyə artıq heç kəs tək bir ölkənin əsgərlərini gətirə bilməz. Qəbul olunmuş qətnaməyə əsasən bu bölgəyə çoxmillətli sülhməramlı qüvvələr gələcək. Siz yəqin ki, bütün bunları bilirsiniz. Türk mətbuatı sözsüz ki, bu barədə geniş materiallar dərc edib, televiziya verilişlər verib. Belə hesab edirəm ki, bütün bunları mənim dilimdən eşitməyiniz də lazımdır.

... Bayaq dediyim kimi, mən indi Kasablankaya, İKT-nin Zirvə toplantısına gedirəm. Biz bütün dünyada sülhün, təhlükəsizliyin təmin olunmasında İKT üzvü olan dövlətlərin rolunun artırılmasına tərəfdarıq. Bildiyimə görə, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl də bu Zirvə toplantısında iştirak edəcək. Biz orada da bir sıra işlər görəcəyik.



S u a l: Çeçenistandakı vəziyyət Azərbaycan üçün təhlükə yaratmaz ki?

C a v a b: Mən sizə dedim ki, Budapeştdə Azərbaycana çoxmillətli sülhməramlı qüvvələrin gəlməsi barədə qətnamə qəbul olunmuşdur. İndi bir ölkənin silahlı qüvvələri Azərbaycana gələ bilməz. Ona görə də mən Azərbaycana hansısa tək bir ölkənin silahlı qüvvələrinin gəlməsindən heç də narahat deyiləm. İkincisi də ki, Azərbaycan müstəqil bir dövlətdir. Çeçenistan isə müstəqil dövlət deyil, Rusiyanın tərkibində olan bir respublikadır. Burada çox böyük fərq var. Digər tərəfdən, Çeçenistan hələlik dünyanın heç bir dövləti tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Rusiyada belə muxtar respublikalar çoxdur: Tatarıstan, Başqırdıstan, Şimali Osetiya və digərləri. Bunlar hamısı Rusiyanın tərkibindədir.

KASABLANKA ZİRVƏ TOPLANTISINDA GÖRÜŞLƏR
13 dekabr 1994-cü il
KÜVEYT ƏMİRİ CABİR ƏHMƏD SABAH İLƏ

SÖHBƏTDƏN
Azərbaycan ilə Küveyt coğrafi baxımdan bir-birinə çox yaxındır. Bizim ulu babalarımız arasında tarixən çox sıx əlaqələr olub. Doğrudur, sonrakı dövrlərdə bu əlaqələr müəyyən qədər kəsilib. Ancaq indi Azərbaycan müstəqil dövlətdir və öz tarixi keçmişini, qədim dostları ilə əlaqələrini bərpa edir.

Azərbaycanda Küveyt səfirliyinin açılması çox zəruridir. Doğrudur, sizin ölkədə belə səfirlik açmağa bizim hələlik imkanımız yoxdur. Ancaq Küveytin Azərbaycanda səfiri olsa, bu, həm sizin, həm də bizim ölkə üçün çox faydalı olar.

Bildiyiniz kimi, ölkələrimizin iqtisadiyyatında da bir-birinə bənzərlik çoxdur. Siz böyük neft ölkəsisiniz. Azərbaycan da neft ölkəsi hesab edilir. Doğrudur, bizdə neft hasilatının tarixi Küveytdəkindən çox qədimdir. Məsələn, Azərbaycanda 170 ildir ki, neft hasil olunur. Ancaq sizdəki neft yataqları daha zəngindir və siz ildə bizdən xeyli çox neft istehsal edirsiniz. Neft hasilatında sizin də, bizim də böyük təcrübəmiz var. Yəqin eşitmisiniz ki, biz 45 ildən artıqdır ki, Xəzər dənizindən də neft çıxarırıq. Bu ilin sentyabr ayında Azərbaycan Respublikası ilə xarici ölkələrin nüfuzlu neft şirkətləri arasında böyük bir müqavilə imzalandı. Bu müqaviləyə əsasən biz həmin şirkətlərlə 30 il müddətində əməkdaşlıq edəcək və Xəzər dənizindən nefti birgə çıxaracağıq.

Son illərdə Küveytdə baş verən hadisələrə münasibətimizə gəlincə, onu bildirmək istəyirəm ki, ölkənizin başına gələn bəlalar bizə məlumdur. Biz bunu öz dərdimiz kimi qəbul etmişik, İraqın sizin ölkəyə hücumunu, təcavüzünü həmişə pisləmişik, bu gün də pisləyirik. Azərbaycan dövləti sizin ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin olunmasına tərəfdardır. Çünki beynəlxalq hüquq normaları bunu tələb edir və ədalət naminə heç bir dövlət belə hallarla razılaşa bilməz.

Siz bilirsiniz ki, altı ildir Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalıb. Azərbaycan müsəlman ölkəsidir. Biz hələ islam dini yaranandan islam dünyasının bir hissəsiyik. Ölkəmiz Sovet İttifaqının tərkibində olanda da biz dinimizi, inamımızı, etiqadımızı itirməmişik. Hörmətli Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 ildir ki, Azərbaycanda dini rəhbərdir. Onu da deyim ki, Ermənistanın Azərbaycana təcavüzü əslində müsəlman dünyasına edilən təcavüzdür. Altı il bundan əvvəl başlayan bu təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizindən çoxu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Həmin torpaqlarda bütün müsəlman abidələri, qəbirlər, Qurani-Kərimin nüsxələri hamısı dağıdılıb, yandırılıb. Bizim 1 milyondan artıq vətəndaşımız - müsəlmanlar qaçqın düşüblər. Onlar çox ağır vəziyyətdədirlər, çadırlarda yaşayırlar. Həmin qaçqınların saxlanması üçün bizim köməyə böyük ehtiyacımız var. Əgər sizin ölkə bizim bu müsəlmanlara, qaçqınlara kömək etsə, buna görə sizə çox minnətdar olardıq.

Bildiyiniz kimi, İslam Konfransı Təşkilatının bu Zirvə toplantısında Ermənistanın Azərbaycana təcavüzünün pislənməsi haqqında bir qətnamə hazırlanıb. Mən güman edirəm ki, siz bu qətnamənin qəbul olunmasına tərəfdar çıxacaqsınız. Bir daha demək istəyirəm ki, biz sizi özümüzə qardaş ölkə hesab edirik. Biz Küveytlə dostluq, qardaşlıq əlaqələri yaratmaq və onu inkişaf etdirmək istəyirik. Hesab edirəm ki, bu görüşdə həmin əlaqələrin əsası qoyulur.



BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN

ƏMİRİ ŞEYX ZAHİD İBN SULTAN

ƏL-NƏHYAN İLƏ SÖHBƏTDƏN
Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi və inkişaf etməsi çox vacibdir. Ona görə də bu görüşdən məmnun olduğumu bildirirəm. Bir daha bəyan edirəm ki, Ermənistanın Azərbaycana təcavüzünün nəticələrini sülh yolu ilə aradan qaldırmaq üçün bütün səylərdən istifadə olunacaq. Altı il davam edən bu müharibə nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və həmin ərazilərdən bir milyondan artıq azərbaycanlı qaçqın düşüb, oradan bütün müsəlmanlar öz torpaqlarından qovulub, həmin ərazilər tamamilə viran edilib. Qaçqınlar hazırda respublikanın başqa yerlərində çətin şəraitdə yaşayırlar.

Doğrudur, indi atəş dayandırılıb. Biz atəşin kəsilməsi barədə Ermənistanla saziş əldə etmişik. Ancaq Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlardan çıxmırlar. Məsələnin həll olunması üçün bir tərəfdən Rusiya, digər tərəfdən də ATƏM vasitəçilik edir. Bir neçə gün bundan əvvəl Budapeştdə ATƏM-in Zirvə toplantısı keçirildi və orada bizim bölgəyə beynəlxalq sülhü mühafizə qüvvələrinin göndərilməsi barədə qətnamə qəbul olundu. Lakin həmin qüvvələr hələ toplanmayıb. Onlar gərək toplansın, sonra biz Böyük Sülh Sazişi əldə edək. Bu sazişdə gərək Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından tamamilə çıxarılması və qaçqınların öz yerlərinə qayıtması məsələsi öz əksini tapsın. Bütün bunlardan ötrü isə həmin beynəlxalq sülhü mühafizə qüvvələri bizim bölgəyə gəlməlidir.

Bilirsiniz ki, Ermənistanın ərazisində Rusiyanın çox böyük hərbi qüvvələri var. Bu qüvvələr Ermənistana çox kömək edir. Azərbaycan müstəqil dövlətdir. Bizim ərazimizdə heç bir başqa ölkənin qoşunu yoxdur. Ona görə də biz çoxmillətli beynəlxalq sülhü mühafizə qüvvələrinin bölgəyə gəlməsinə razı olmuşuq. Biz istəyirik ki, onlar işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistan silahlı qüvvələrinin çıxarılmasına kömək etsinlər. Mən sizə bir daha bildirmək istəyirəm ki, indi Azərbaycan çox çətin vəziyyətdədir. Çadırlarda yaşayan qaçqınların bir çoxu xəstəliklərə tutulub, yemək-içmək çatmır. Azərbaycan blokada şəraitindədir. Ona görə də bizə sizin köməyiniz çox lazımdır. Cənab əmir, mən Sizə məktub göndərmişəm, Sizi Azərbaycana rəsmi səfərə dəvət etmişəm. Bu gün Sizi bir daha Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Müsəlman ölkələrinin Azərbaycana yardımına gəlincə onu deyə bilərəm ki, qonşu müsəlman ölkələrindən Türkiyə və İran azərbaycanlı qaçqınlara kömək edir. Səudiyyə Ərəbistanı da qaçqınlarımızın saxlanılması üçün müəyyən yardım göstərir. Pakistan da kömək edir. Onlar qaçqınların yaşadığı yerlərə, çadır şəhərciklərinə gəlib müəyyən maddi yardım göstərirlər. Amma başqa ölkələrdən hələ bir kömək görməmişik. Hərbi sahədə bizə heç kim kömək göstərmir, Ermənistana isə Rusiya kömək edir. Bizim silah almağa, ordumuzu saxlamağa pulumuz yoxdur. Ermənistan da elə bundan istifadə edərək gəlib torpaqlarımızı işğal edib. Amma biz müsəlmanlar, azərbaycanlılar o qədər də aciz deyilik. Kasablanka Zirvə toplantısında Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə qəbul olunacaq.

Ermənistanın təcavüzünü pisləmək haqqında bu qətnaməni Sizin müdafiə edəcəyinizə əminəm. Zirvə toplantısında müsəlman dövlətlərinin Azərbaycana iqtisadi və humanitar yardımı barədə də qətnamə qəbul ediləcək. Güman edirəm ki, Siz bu qətnaməni də dəstəkləyəcəksiniz.

Ölkəniz zəngindir və Siz uzun illərdir ki, bu dövlətin başında dayanırsınız. Ona görə də mən əminəm ki, Siz bu məsələlərdə bizə kömək göstərəcəksiniz. Amma onu da bildirməliyəm ki, bu məsələdə gecikmək olmaz. Çünki ola bilər ki, bizim vəziyyətimiz daha da çətinləşsin. Doğrudur, bizim də sizin kimi neftimiz var. Biz Qərbin nüfuzlu neft şirkətləri ilə müqavilə bağlamışıq və onlarla əməkdaşlıq edəcəyik. Amma bu, öz səmərəsini bir neçə ildən sonra verəcək. Siz bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. Ancaq indi bizim neftimiz azdır. Sizin isə neftiniz çoxdur. Bizi sıxışdırmaq istəyirlər. Amma biz öz müstəqilliyimizi qoruyacağıq. Siz bir müsəlman kimi, böyük bir insan kimi, böyük bir şeyx kimi gərək Azərbaycandakı müsəlman qaçqınlarının vəziyyəti haqqında düşünəsiniz. Axı, onlar yollarda, küçələrdə yaşayırlar. Ona görə də mən istəyirəm ki, Siz ölkəmizə gələsiniz və müsəlmanların necə yaşadığını özünüz görəsiniz. Azərbaycan Qafqazda yeganə müstəqil müsəlman dövlətidir. Biz möhkəm dayanmışıq, öz müstəqilliyimizi qoruyub saxlayacağıq. Ancaq biz Ermənistanın təcavüzünün qarşısını almasaq, torpaqlarımızı azad etməsək ölkəmizin, müsəlmanların vəziyyəti daha da ağırlaşacaq.

  1   2   3   4   5   6   7   8   9   ...   27


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə