BÜTÖv azərbaycan uğrunda mübariZƏ HƏyatimin mənasidir




Yüklə 216.37 Kb.
səhifə3/3
tarix22.02.2016
ölçüsü216.37 Kb.
1   2   3

ARTIRMA

"Mirmöhsün bəy 1992-ni xatırlayaraq bildirdi ki, ...prezident Əbülfəz Elçibəylə görüşdüyümüz zaman neçə illər qabaq mənə dediyi bu sözləri xatırlatdım ki, Kreml hakimiyyətinin Azərbaycan neftçisini işlədərək qazandığı 5 manatdan ona 5 qəpik verdiyindən şikayətlənirdiniz, ancaq indi müstəqil dövlət olan Azərbaycanda da neftçi yenə qəpik-quruş alır. Əbülfəz bəy tapşırdı ki, gedin, neftçilərimizin əməkhaqqını nə qədər mümkündürsə artırın. Məhz bu göstəriş və neftdən gələn gəlirin HALAL xərclənməsi sayəsində neft-qaz sənayesi işçilərinin əməkhaqqı Azərbaycan tarixində heç vaxt görünməyən səviyyədə artırıldı. Tutuşdurmaqçün deyim ki. Əbülfəz Elçibəyin prezident kimi maaşı 50 min rubldu. Ancaq neftçilərin orta əməkhaqqı 40-50 min rubl arasındaydı. Şirkətin (Azərbaycan Dövlət Neft Şirkətinin - Ə.T.) prezidenti və mən 62 min manat alırdıq. Dəniz neftçilərinin gəlirisə bizimkindən də yüksəkdi, çünki onlarçün çoxlu güzəşt əmsalları da nəzərdə tutulmuşdu. Biz Sabit bəyin prezident olduğu 1 ildən az müddətdə neft-qaz sənayesi işçilərindən ötrü 1.268 mənzil tikdirərək onlara pulsuz təhvil verdik. Bütün bunlara görə neftçilər fədakarlıqla işləyirdilər və iqtidara dərin rəğbət bəsləyirdilər (bu rəğbət indiyədək dəyişməz qalır)". (Ə.Tahirzadə. "Elçi Bəy" kitabı, Bakı, 1999, 182-ci səh.).



Bəli, orta təbəqəni formalaşdırırsan və o, cəmiyyətdə bir dəngə, müvazinət yaradır - qoymur ki, üsyanlar, fırtınalar baş versin. Varlılar yuxarıdan yoxsulları tam soyub əzmək istəyəndə bu orta sinif ona imkan vermir. Və nəhayət, o, inhisara qarşı mübarizədə çox gərəkli vasitədir. Həmin mübarizənin binası bugündən qoyulmalıdır. Amerikada inhisara qarşı böyük qanunlar verirlər, çünki vaxtilə elə inhisarlar yaranıb ki, indi onu dağıtmaq çox çətindir. Amma bizdə inhisar hələ yaranmayıb - onun çox kövrək cücərtiləri, bir də yoxsul təbəqə var.

Orta təbəqəni yaratmaqla həm inhisarın qabağını alırsan, həm də aşağı təbəqədə təşəbbüskara şərait yaradırsan, o da fəaliyyətini gücləndirir, keçir orta təbəqəyə. Bu, başqa mühüm sosial problemdir.

Orta təbəqənin meydana gəlməsi bu gün də cəmiyyətdə əsas problemlərdəndir. Bu problem həll edildikdən sonra keçirsən peşələr üzrə təbəqələr arasındakı münasibətləri nizamlamağa. Məsələn, müəllimlər həkimlərə bir cür, həkimlər hakimlərə, prokurorlara başqa cür baxır. Bu münasibəti aradan götürmək gərəkdir.

Bu sosial-iqtisadi problemin həllindən ötrü hökmən böyük islahatlar lazımdır. Biz buna başladıq maarif islahatından, yəni müəllimlərin, məktəblərin vəziyyətini yaxşılaşdırmağa və s. çalışdıq. Bu sahədə durum yaxşılaşmayacaqsa cəmiyyət normallıqdan çıxacaq. Belə cəmiyyətin evi yıxılıb. İkinci isə həkimlərə, səhiyyəyə keçəcəkdik. Ola bilsin səhiyyə pullu da olsun, pulsuz da olsun - ölkənin var-dövləti artdıqca xüsusi xəstəxanalar yaradılır, ayrı-ayrı səhiyyə xidməti ocaqları yaradılır. Onların genişlənməsinə icazə verəcəksən ki, dövlətin himayəsində xüsusi özəlləşdirmə sistemi genişlənsin, səhiyyədə özəl sektor yaransın.

Başqa olduqca önəmli bir sosial problem onunla şərtlənir ki, insanlar azad danışmaq istəyir. Onun həlli üçünsə mətbuat azad edilməli və azad partiyalar yaradılmalıdır. Bilən bilir ki, müstəqil partiyaların hamısı bizim vaxtımızda qeydə alınıb. Elə partiyalar və ictimai cəmiyyətlər var ki, biz qeydiyyata almışıq, indisə qeydiyyatdan çıxarırlar, ləğv edirlər. Məsələn, İslam Partiyası bizim vaxımızda qeydə alınmışdı, ancaq görün indi nə günə düşdü. Bizim dövrümüzdə qeydiyyatdan keçmiş Azərbaycan Demokrat Partiyası indi yenidən qeydiyyatdan keçirilmir. Xeyriyyə cəmiyyətlərinin çoxuna damğa vuraraq ləğv etdilər, bilə-bilə iflasa uğratdılar, çünki inhisar yuxarıdakıların əlindədir.

Götürək başqa sahələrdəki sosial məsələləri. Məsələn, hüquq sistemini. Biz hakimlərin seçkisini keçirməyə hazırlaşırdıq və bu, hüquq sistemində ciddi islahat olacaqdı. Prokurorluqda da islahatlar gözlənilirdi - baş prokurorluq ləğv ediləcəkdi, çünki ona ehtiyac yoxdur. Baş prokurorluq insanları istədiyi kimi əzmək, tutmaq, yaxud buraxmaq orqanına çevrilməməlidir. Prokuror nədir - dövlət ittihamçısı. Deməli, vəkillə onun hüququ bərabərdir, onunkundan artıq ola bilməz. Ancaq bizdə prokurorlar az qala məhkəmələrə öz iradələrini qəbul etdirirlər. Onu ya tam götürməyi, ya da bir şöbə kimi Ədliyyə Nazirliyinə tabe etməyi düşünürdük. Ancaq hüquq sistemində keçirdiyimiz ən ciddi islahat həbsxanaları Ədliyyə Nazirliyinə tabe etdirmək oldu.

Deyəsən, bu, keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr içərisində ilk təşəbbüsdü?



Doğrudur. Bundan sonra sərhəd qoşunlarını MTN-in tabeliyindən çıxardıq, çünki onun MTN-ə dəxli yoxdur - ordu qüvvəsidir, qoy sərhədləri qorusun.

Bax, bütün bunlar ictimai münasibətlərə təsir edən olduqca əhəmiyyətli sosial amillərdir. Məsələn, baş prokurorluğun olması bu gün də Azərbaycana bir bəladır.

Bəy, bütün bu dediklərinizi həyata keçirməkçün nəsə başlanmışdımı?



Bununçün islahatlar hazırlanırdı. Onların da gerçəkləşməsi üçün Milli Məclisdə çoxlu qanunlar qəbul edilməliydi.

Bu məsələ haradasa müzakirə olunmuşdu?



Prezident Aparatında buna dair proqram hazırlanırdı. Məsələn, məmurlar haqqında qanunu Əli Kərimovla bir qrup hüquqşünas hazırlayıb. O, yarımçıq qaldı. Bəlkə də qurtarıb, bilmirəm. Hər halda, çox ciddi iş gedirdi.

Sosial problemlər içərisində insanların sosial psixologiyasıyla məşğul olmaq mühüm yer tutur. Məsələn, Sovet dövründə belə fikirləşirdilər ki, niyə filankəsin iki maşını var? Sizin yadınızdadır - biz hakimiyyətə gələndə haqqımızda yazdılar ki, bəylərin əynində cırıq paltarları vardı, hakimiyyətə gələndən sonra ikidüymə pencək geyməyə başlayıblar, artıq "Mersedes"də otururlar və s. Bu, qüsurlu sosial psixologiyaya örnəkdir. Yəni prezident, baş nazir, yaxud başqa bir dövlət adamı avtobusdamı getməliydi? Cəmiyyətə bunu öyrətmək lazımdır.

Camaat inana bilmirdi ki, dünən gördüyü bir fəhlə, yaxud adi kasıb balası birdən-birə hansısa çox məsul vəzifəyə gəlsin, çünki öyrənmişdilər ki, milyonerlərin, prokurorların, raykomların, bir sözlə, pulluların uşaqları vəzifədə otura bilər. Camaat buna alışa bilmirdi...



Bəli, mən sizinlə tamamilə razıyam. Təsəvvür edin ki, heç kəs inanmırdı ki, adamı işə rüşvətsiz qoysunlar. Çoxlu adamlar, məsələn, baş nazirdən, nazirdən, yaxud onu vəzifəyə qoymuş hər hansı başqa şəxsdən soruşurdu ki, bəs bu vəzifənin haqqı nə qədərdir? Biləndə ki iş rüşvətsiz düzələcək, deyirdilər ki, haqqını götürməsəniz işim baş tutmayacaq - yəqin məni bir-iki aylığa götürürsünüz, sonra çıxaracaqsınız. Biz çalışırdıq ki, beyinlərdən bu psixologiyanı götürək; bundan ötrüsə həyatda inandırıcı nümunələr göstərmək lazımdı.

Biz hamıdan öncə icra başçılarını rüşvətsiz qoyduq, ancaq bunun həqiqətən belə olduğunu onlar ha desəydi də xalq inanmırdı. Sonra icra başçılarından da vəzifəyə qoyduqlarından rüşvət almamağı tələb etdik. Minlərcə adamın özü vəzifəyə qoyulandan sonra inandı ki, yox, balam, bunlar doğrudan da almırlar. Bu inam kütlənin arasında yayılmağa başladı. Görürdülər ki, direktor qoyulub - pul verməyib, müdir qoyulub - ondan rüşvət almayıblar. Bax, Sovet dövründən qalmış bu sosial psixologiyanı məhv etmək hakimiyyətimizin başlıca məqsədlərindən birinə çevrilmişdi.

Tez-tez soruşurdular ki, niyə bir adamın iki maşını var? Bunu həzm edə bilmirdilər. Dəfələrlə cavab verirdim ki, məsələn, Amerikada xüsusi təyyarəsi, vertolyotu, gəmiləri, katerləri olan adamlar var. Nə olub Amerikaya? Amerika dağılır? Türkiyədə özəl zavodları, fabrikləri olan milyarderlər var. Nə olub, Türkiyə dağılır?

Yəni insanlara bu psixologiyanı aşılamaq lazımdı ki, dövlət sənə varlanmağa şərait yaradacaq; təşəbbüskarsansa buyur, bacarığını göstər, sən də dövlətli ol. Yox, deyəcəksənsə ki mənə elə o köhnə maaşdan verin, gedim yatım, bunda sövdəmiz baş tutmayacaq. Bu psixologiyanı təlqin edə bilmirdik ki, dövlət xalqa çörək verməz - onun özü çörəyi qazanıb yeməlidir. Dövlət sənə çörək bişirəndir? Dövlət xalqdan aldığı vergiləri onun ehtiyaclarına sərf etməlidir. Məsələn, deyək ki, böyük bir sanatoriyanın, xəstəxananın tikilməsi ayrı-ayrı adamların imkanı xaricindədir. Dövlət aldığı verginin hesabına onları tikir, verir ki, buyurun, istifadə edin. Buna hələlik yalnız dövlətin gücü çatar, gələcəkdəsə, əlbəttə, xüsusi xəstəxanalar tikiləcək.

Yeri gəlmişkən, Bəy, sosial psixologiyamızla bağlı bir məsələyə də toxunmaq istəyirəm. Siz o vaxt kənd təsərrüfatı müşavirəsindəki çıxışınızda demişdiniz ki, pambıq yığılıb, məhsul yetişib; istəyirsiniz yığın, istəyirsiniz yığmayın. Allah verib bu bərəkəti sizə, niyə yığmamalısınız? Bu işi camaatın öz öhdəsinə buraxmağınızı indi də bir çoxları qınayır ki, prezident niyə zor etmədi?



Düzdür. Ancaq mən o zaman zor edə bilməzdim. Yəni şagirdləri aparıb tarlada ac-susuz saxlamaqla yığdırılan pambıqdan pambıq olmaz. İməciliklə dövlət qurulmaz. Kütləni aparıb işlətməklə məhsul olmaz. Hərənin öz işi var. Kəndçi pambığı becərib, belləyib, qoy özü də yığsın. Sonra da getsin, dövlətdən əməyinin pulunu alsın. Biz o zaman belə də etdik. Ola bilər ki, onda 10 min tona yaxın pambıq batdı. Fikir verin, indi istəyirlər zorla yığdırsınlar, ancaq bizdən 3 qat az yığıblar. Bunların ağlı gedib sovet dövrünə - hərbi polis diktaturasıdır, küçədən, yeməkxanadan camaatı zorla, döyə-döyə aparacaqsan pambıq tarlasına. Bu, qul əməyiydi. Bizsə qul tərbiyə etmək istəmirdik. Əksinə, milləti qul olmaqdan qurtarmağa çalışırdıq. Buna görə də eybi yoxdur - bu gün dövlət 10 min ton pambıq zərərinə düşə bilər, amma bununla o, normal sosial münasibətlər formalaşdırar. Azad şagird pambığa getməyərək oturub dərsini oxuyacaq, azad müəllim gündəlik dərsini deyəcək. Hərə öz işini görəndə kəndçi də pambığı özü yığmalı olacaq, əməyinin də qədrini biləcək. Müəllimin nə işi var pambıq yığmaqda, taxıl yığmaqda?

Əməyi düzgün qiymətləndirmək lazımdır. Biz öncə səhv edərək pambığa az pul qoyduq - sovet dövründəkinə nisbətən iki qat az. Amma pambığın müəyyən hissəsi yığılandan sonra başa düşdük ki, camaatın marağı azdır. Sonra 1 kilosunun yığım qiymətini 3 qat artırdıq, maraq çoxaldı. Amma artıq gecdi - payız bizi yaxaladı. Deməli, artımı əvvəlcədən eləməliydik. O zaman Pənah bəylə danışdıq ki, pulun qiyməti dəyişilə bilər, gəl dollarla hesablayaq ki, 1 ton pambığın qiyməti, məsələn, 50 dollar olsun; camaat haqqın dəyişmədiyini görəndə (onda inflyasiya gedirdi) pambığı daha həvəslə yığacaq.

O zaman müəyyən nailiyyət əldə etdik, amma bir çox yerlərdə maaşları verə bilmədik, yubatdıq, bəzi yerlərdə də pulu alıb qoydular ciblərinə, camaata vermədilər. Bunların hamısını tənzimləyə bilmədik - tənzimləyici, nəzarətedici aparatımız yoxdu. İkinci ildə onu hökmən yaradacaqdıq.

Biz hakimiyyətə gələndə Azərbaycandan yığılan taxıl onun cəmi 3 ayını görürdü. Biz obiri il əkin əkdik, yayda yığanda 6 ayını görəcəkdi.

"Özəlləşdirmənin qaydası var..."

Bizim dövrümüzdə bol məhsul olmuşdu...



Bəli, üzümüzə gələn ilsə 3 ay da artıracaqdıq - taxılımız ölkənin 9 aylıq ehtiyacını görəcəkdi. Üçüncü ildəsə Azərbaycan özü-özünü taxılla təmin edəcəkdi. Bu gərək mərhələ-mərhələ olsun - birdən-birə bunların hamısı mümkün deyil. İstəyirdik ki, kənd təsərrüfatını özəlləşdirək. Biz onu niyə yubatdıq? Özəlləşdirmənin qaydası var. Torpağın özəlləşdirilməsi üçün əsas şərt nədir? Sən kolxozları və sovxozları ləğv edir və özəl təsərrüfata keçirsənsə başlanğıcda özəl təsərrüfatçının onu işlətməyə heç bir imkanı yoxdur. Bəs nə etməli? Birinci, böyük bank yaratmaq, pul yığmaq lazımdır ki, kredit verə bilsin, istənilən adam oradan kredit götürsün. Digər tərəfdən, böyük texniki baza yaradılmalıdır. Yəni özəl təsərrüfatçının traktor, gübrə və b. zəruri şeylərə ehtiyacını ödəmək imkanı olmalıdır. Biz məhz bunların hamısından sonra islahata başlamaq istəyirdik. Baxın, bunlar islahata gediblər, ancaq ortada heç nə yoxdur, çünki hazırlıqsızdır.

Yazıq camaat torpağı geri qaytarmaq istəyir...



Bu cür olmaz. Torpaq islahatını Avropada yüz yerdə keçiriblər; onların dərsləri var, o dərslərdən öyrənilməlidir. Onun şərtləri var - torpağı götürürsənsə gəl, məsələn, beş illiyə kreditini götür, traktorunu götür, gübrəni götür, apar, torpağı ək, becər. Sonra bu qədər dövlətə verəcəksən, qalanını da bazara çıxaracaqsan - bunun kimsəyə dəxli yoxdur. Amma bazara hökmən məhsul çıxarmalısan, yoxsa torpağı götürməyin nə mənası?

Bəli, məhsul yarat, qazan. 3-5 ildən sonra da dövlətin kreditini qaytarıb verəcəksən, vəssəlam. 5 illik möhlət çox böyük güzəştdir. Onu adətən 2-3 il müəyyənləşdirirlər. Biz 5 il nəzərdə tutmuşduq.

Torpağı xalqa vermək istəyirdiniz. Bəs sənaye müəssisələrinin özəlləşdirilməsi necə aparılacaqdı?



Sənaye müəssisələrinin özəlləşdirilməsini indi tamam səhv aparırlar. Bunun dünyada gözəl nümunələri var. Birinci məişət xidməti sahələri - kiçik obyektlər (ayaqqabı dükanı, bərbərxana və b.) özəlləşdirilir. Bunların yiyələri kasıb adamlardır. Oradan başlayırlar müstəqil təsərrüfatı idarə etməyə. İndiyə qədər onun köşkünü yuxarıdan hansısa bir məmur idarə edirdi, indisə özü idarə edir, bilir qazancı nədir, çıxarı nə. Bəlkə gecə də işləyəcək - özü bilər. Orada əlinə bir az maya gəlir, qazanır.

Bundan sonra orta səviyyəli dövlət mülkiyyəti özəlləşdirilir ki, onu kasıblar ala bilsin, varlıların, yuxarıda oturan rüşvətxorların əlinə keçməsin. Məhz buna görə biz öncə evləri özəlləşdirdik, xüsusiləşdirdik, sonra taksilərin özəlləşdirilməsi haqqında qanun çıxardıq, daha sonra da keçəcəkdik avtobusların, marşrutların özəlləşdirilməsinə (filan yoldan filan yola qədər).

Özəlləşdirmə aşağıdan olmalıdır ki, yoxsul, yaxud azca pullu insanlar nisbətən varlansınlar, işdə fəallaşsınlar. Onların mülkiyyəti almaq qabiliyyəti olmalıdır ki, o, başqasının əlinə keçməsin. Bundan sonra orta təbəqə yaranır və iri müəssisələrin özəlləşdirilməsi mərhələsi başlayır. Amma elə böyük müəssisələr (məsələn, ağır sənaye, neft sənayesi müəssisələri) var ki, onları tam özəlləşdirmək mümkün deyil, yoxsa dağılıb gedər, buna görə də onların ən azı 20-25 faizi dövlətin əlində qalmalıdır. Neft maşınqayırmasını necə özəlləşdirəsən? Bu mümkün deyil axı - özəlləşdirib kimə verəcəksən? Gərək orta təbəqə yarana, sonra o, müəyyən qədər şərik ola bilər.

Səhmdar cəmiyyətlər də.



Bəli, səhmdar cəmiyyətlər də dövlətlə şərik ola bilər, amma səhmdar cəmiyyətə 49 faiz verilməli, dövlətə 51 faiz qalmalıdır.

"Həyatımın ən ləzzətli anları testə görə sadə vətəndaşların bitməz-tükənməz təşəkkürlərini eşidərkən olub"

Bəy, bizim hakimiyyət dövründə elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində hansı islahatlar aparılmış və hansıları aparmaq nəzərdə tutulmuşdu? Ümumiyyətlə, bunlarda hansı nailiyyətlər qazanılmışdı?



Özüm o zaman gördüm və duydum ki, Sovet imperiyası dağılanda ən çox zərər çəkən elm, təhsil və mədəniyyət oldu. Hər bir hökumət özünü qorumaqla - hərbi qüvvə yaratmaqla, daha nə bilim nəylə məşğuldu. Amma elm, təhsil, mədəniyyət buraxılıb başlı-başına.

Bir də səhiyyə.



Bəli, səhiyyə də. Bu sahələr keçmiş sovet sistemiylə qurulub. Demirəm ki, onlar çox yüksək səviyyədəydi, yaxşıydı, ancaq dağılırdı. Niyə dağılırdı? Birincisi, artıq dövlətin bu sahələrə nəzarəti itirdi. Buna da çoxlu səbəblər tapmaq olar, məsələn, Azərbaycanda müharibə gedir, hərbiyə hədsiz pul xərclənir, ona görə də elm, təhsil və mədəniyyətə az vəsait qoyulur. Bu, dövlətin uduzmasıdır.

Mən bildim ki, Sibirdə Akademiya artıq dağılır; bu Akademiya SSRİ-də ikinciydi. Saxlaya bilmirdilər. Nəinki Sibirdən, hətta Moskvanın özündən alimlər çıxıb gedirdilər, çünki bu alimlər keçmişdəki kimi 100 manata işləmək istəmirdilər. Ona görə də Moskvanın tibb elmləri namizədi gedib Amerikada masacçı işləyirdi, çünki Amerikanın masacçısı Moskvanın elmlər namizədindən çox pul alır.

Vəziyyət bu cürdü - insanlar daha 100 manata, 1000 manata işləməyi bacarmırdılar, işləyə bilməzdilər. Və bu şəraitdə hökmən mədəni dəyərlər itəcək, dağılacaqdı. Onları qorumaqçün islahatlara başlamaq lazımdı. Bəs biz bununçün nə etdik? Hər şeydən öncə, təhsildə islahat apardıq. Bunda Siz özünüz də yaxından iştirak etdiniz, ona görə vəziyyəti gözəl bilirsiniz. Bu islahatın nəticəsində təhsilimizi nəinki məhv olmağa qoymadıq, əksinə, onu xeyli inkişaf etdirdik.

İlk addım kimi təhsil qanunu qəbul edildi.



Həmin təhsil qanunundan məqsəd keçid dövründə təhsili dağılmaqdan saxlamaq, tənəzzülün qarşısını almaqdı. Bu, bir hissəydi.

İkinci mərhələdə təhsilimiz milliləşməliydi. Bununçün də gərək yeni dərsliklər buraxılaydı.

Başqa sözlə, təhsilin məzmunu dəyişməliydi.



Bəli. Əvvəllər buraxılmış kitablardan istifadə etmək olmazdı. "Moskvam, Qızıl meydanım" oxuyan şagird deyəcək ki, Moskva bizim qanımızı töküb, indi yenə Moskva əzbərləyək?! Köhnə məzmunu dəyişdirməkçün hökmən yeni dərsliklər yazılmalı və nəşr edilməliydi. Bunlar da çoxlu pul tələb edirdi. Ümumilikdə təhsilə sanballı vəsait qoyulmalıydı. Siz özünüz deyirsiniz ki, bir ildə 80-dən artıq dərslik hazırladıq.

Bəli. 7 humanitar fənn üzrə yeni proqramlar və onların əsasında 60-dan çox bütünlüklə yeni dərslik yazdırdıq, ümumən götürdükdə isə bir ildə 90-a yaxın yeni dərslik hazırlatdıq. Amma bu işi görməyə pulu məhz Siz vermişdiniz. Yadınızdan çıxmayıbsa mən təhsil nazirinin müavini kimi şəxsən Sizə iki dəfə müraciət edib bir dəfə 50 milyon, ikinci dəfəsə 60 milyon - üst-üstə 110 milyon manat faizsiz kredit aldım və bu vəsaitlə həm dərslikləri yazdırdıq, həm yeni və güclü "Öyrətmən" nəşriyyatını meydana qoyduq, həm də dərsliklərin nəşrindən ötrü kağız aldıq, maddi-texniki baza yaratdıq. Bütün bunlar şəxsən Azərbaycan prezidentinin, yəni Sizin təhsilə ürək yandırmanızın sayəsində mümkün oldu. Özü də, Siz həmin pulu verəndə, ilahi, dövlət nə qədər ehtiyac içindəydi! Bəy, bunu da Sizə xatırlatmaq istərdim ki, yeni proqram və dərsliklərin, xüsusən "Azərbaycan tarixi"nin yazılmasının gedişiylə daim şəxsən maraqlanır, bir tarixçi kimi də öz tövsiyələrinizi bizdən əsirgəmirdiniz...



Axı bu, dövlətin ən mühüm işiydi! O, bu işi hökmən görməliydi. Siz də sağ olun ki, bizi tələsdirdiniz.

Nə olsun ki? Biz tələsdik və tələsdirdik, ancaq bizdən sonra təhsilə yağı malı kimi yanaşdılar. İndi maarif sistemi ağlar gündədir. İstər orta, istər ali məktəblərdə dərs keçilmir, onların hamısında rüşvət epidemiya kimi yayılıb. Hətta özəl məktəblər də rüşvət mənbəyinə dönüb, onlar kommersiya ocağına çevrilib. Yadınızdadırsa özəl məktəblər ilk dəfə bizim dövrümüzdə qeydə alındı. Onlardan birinin rektoru bu yaxınlarda mənə deyir ki, sizin vaxtınızda qeydiyyatdan elə asan keçdim ki - nazir müavini Ədalət Rəhimli məndən qara qəpik də almadı - bu haqda onun yanında heç söz açmaq da olmazdı, ancaq BUNLAR məni soğan kimi soyublar, yenə də istəyirlər, daha gücüm çatmır, borc almalıyam...

Yadınızdadırmı, Bəy, 1996-nın mayında Kələkidə mənə dediniz ki, Prezident fondunda mənim 10 milyon dollar pulum vardı. Bilsəydim ki, belə işləyəcəksiniz, o pulu verərdim sizə?

Bilsəydim ki, qəpik-qəpik yığdığımız həmin pulun aqibəti belə qurtaracaq, o 10 milyon dolları təhsil, mədəniyyət, elm və səhiyyə işçilərinə paylayardım ki, gedin, problemlərinizi həll edin.

Ümumiyyətlə, təhsillə məşğul olmağı mən ən savab işlərdən sayıram. Türkiyədəki çıxışlarımın birində demişdim ki, mən bu gün prezident olmasaydım milli eyitim bakanı - maarif naziri olardım.

Atatürk də belə demişdi.



Bəli, əsas məsələ budur - maarifi olmayan ölkədə heç şeydən danışmağa dəyməz.

Bəy, sözünüzün qüvvəti, mən 1993-də Türkiyədə olarkən dövlətin büdcəsiylə maraqlandım və yaxşı mənada heyrətə gəldim - 64 trilyon lirə (onda 1 dollar 9 min lirəydi) təhsilə ayrılmışdı, 43 trilyon lirə ölkənin müdafiəsinə. Deməli, Türkiyə dövləti təhsili hətta müdafiədən də üstün tuturmuş!



Əlbəttə, millətin gələcəyini düşünən dövlət məhz belə də etməlidir.

Biz də əslində bu yolu tutmuşduq. Təhsil qanununa əsasən, bu sahəyə dövlət əməlli-başlı yardım etməli, pedaqoji işçilərin maaşı xeyli artırılmalı, müəllimin dərs yükünə aid saatların sayı azaldılmalı, eyni zamanda, şagirdlərin sayı çox olan siniflər bölünməliydi və s.



Nə yaxşı ki, bunlar yadınızda qalıb. Ancaq yəqin onu da unutmamısınız ki, biz müəllimlərə neçə-neçə başqa imtiyazlar da verdik. Məsələn, onlarçün taksidən savayı bütün nəqliyyatı pulsuz etdik.

Gördük ki, qanunda nəzərdə tutulanları ödəməyə büdcədə pul çatmır, onun yarısını ayırdıq. Dedik ki, yarısını da 6 aydan sonra verəcəyik. Parlamentdə də bu cür razılaşdıq.

İndi nə həmin təhsil qanunundan bir şey qalıb, nə də o imtiyazlardan.



Biz təhsilin strateji əhəmiyyətini və müəllim şəxsiyyətinin cəmiyyətdəki rolunun önəmliliyini sələflərimizdən də, xələflərimizdən də yaxşı dərk edirdik, çünki özümüz bu mühitin yetişdirməsiyik, ona görə də düşünürdük ki, müəllimi maddi və mənəvi baxımdan elə dəstəkləmək lazımdır ki, hətta dövlətin cibinin boşalması hesabına da olsa gərək onun cəmiyyətdəki nüfuzu nəinki itməsin, əksinə, daim yüksəlsin ki, o, millət balalarına ürəklə dərs keçsin, savad öyrətsin. Məqsədimizin ana xətlərindən biri buydu.

Tətbiq etdiyimiz yeniliklərin gerçəkləşməsi bizə hədsiz maddi-mənəvi-psixoloji çətinliklər bahasına başa gəlsə də dövlətin və xalqın mənafeyini üstün tutaraq onlardan geri çəkilmirdik. Məsələn, ən mühüm yeniliklərimizdən biri olan testlə qəbul imtahanlarının tətbiqini götürək.

Test imtahanlarını meydana çıxarmaq sadə məsələ deyildi. Onun mühüm bir ictimai-sosial təyinatı vardı - qəbul imtahanlarında rüşvətin qabağını almaq və "ali məktəbə yalnız biliyin gücünə qəbul olunmaq mümkündür" psixologiyasını Azərbaycan vətəndaşına aşılamaq.

"Kimin arxası, pulu varsa tələbə olacaq, kimin yoxudursa bayırda qalacaq" əminliyi millət balalarının oxumağa, savadlanmağa həvəsini öldürür, millətə sağalmaz zərbə vurur. Biz savaddan başqa bütün imtiyazları aradan qaldırdıq və test imtahanlarını birbaşa prezidentin nəzarətinə keçirdik. Burada hər hansı saxtakarlıq etmək mümkün deyildi - belə bir şey olsaydı, deməli, onu mən etməliydim.

Bizim nazirlikdəki bir çox işçilərin uşağı kəsilmişdi.



Prezident Aparatında da eyni vəziyyətdi. Amma həbsxanada olan Vaqif Hüseynovun qızı ali məktəbə daxil olmuşdu. Özləri də inanmırdılar. Sonra atası demişdi ki, onun qəbul olmasının sevinci mənə bəsdir - fikirləşirdim ki, onu Moskvada aparıb oxudacağam, amma bir qəpik də xərc çəkmədən özü girib oxuyur.

Deməli, biz öz biliyinə inam psixologiyasını bərqərar etdik. Bununla da cəmiyyətdə müəyyən dərəcədə sosial rahatlıq, ahəngdarlıq yaratmağa nail olduq. Adamlar eşidəndə ki Prezident Aparatında yüksək vəzifəli şəxslərdən birinin qardaşı, birinin uşağı məktəbə girə bilmədi, bu, on minlərcə insanı cəmiyyətdə ədalətin mövcudluğuna inandırdı. Düzdür, sovet rejiminin yetişdirməsi olan hələ xeyli adam birdən-birə bu gerçəkliyi həzm edə bilmir, bizi Don Kixot sayırdı, hətta ağlımıza şübhə edənlər də vardı. Ancaq biz heç nəyə fikir vermədən cəmiyyətə sübut etmək istəyirdik ki, seçdiyimiz yol yalnız onun rifahına aparır.

Ədalət bəy, tam səmimiyyətlə deyirəm - həyatımın ən ləzzətli anları testə görə sadə vətəndaşların bitməz-tükənməz təşəkkürlərini eşidərkən olub. Axı tələbə vaxtımda da, universitetdə müəllim işləyəndə də (yeri gəlmişkən, onda da məni rüşvət almadığıma görə qınayanlar vardı) ali məktəblərdəki rüşvətxorluğun xalqa necə sağalmaz yaralar vurduğunu görüb içimdə qovrulur, onu aradan götürmək yollarını düşünürdüm. Tale elə gətirdi ki, bu bəlanı yox etmək şərəfi özümə nəsib oldu; mən bundan rus qoşunlarını Azərbaycandan çıxarmağım qədər qürur duyuram!

Bəy, gülməlimi, ya ağlamalımı bir şey söyləyəcəyəm Sizə. Ali məktəb müəllimləri testdən sonra rüşvət almaqdan məhrum oldular və bundan açıq-aşkar narazı qaldılar; buna görə də onlar bizim iqtidarı bəyənmirdilər. Hətta belə fikir yayılmışdı ki, Elçibəy iqtidarını ali məktəb müəllimlərinin qarğışı yıxdı.



Nəhayət, nə oldu? Həmin müəllimlərin də, valideynlərin də (hətta uşağı məktəbə qəbul olunmayanların da) çoxu razı qaldı ki, əşi, qabaq gedib ona-buna yalvarırdıq, uşağın girib-girməyəcəyini də bilmirdik. İndi dəqiq bilirik ki, yalvarmaqdan bir şey çıxmayacaq. Canımız da rahatdır - uşaq bizim yanımızda, biz də uşağın yanında gözükölgəli deyilik. Qoy getsin, oxuyub qiymətini alsın.

Burada başqa bir psixoloji amil də var - sən uşağını pulla qoyurdun, tutaq ki, universitetə, mənimsə pulum yoxdur; uşağım üzümə qabarır ki, sənin pulun olsaydı mən də gedib oxuyardım, halbuki savadsızın biri girdi, mən qaldım küçədə. Yəni haqq-ədalət bərpa olunanda insanlar əvvəl-əvvəl ona etiraz etsələr də tezliklə ona alışırlar.

Bəli, haqq-ədalət öz yerini çətinliklə tapır, tapandan sonrasa cəmiyyət rahatlanır. Biz təhsili bunun üstündə qurmağa çalışırdıq. Ancaq, çox təəəssüf ki, qoyub getdiyimiz test indi məhv edilir, rüşvətin mərkəzləşdirilmiş mexanizminə çevrilir; testdən qabaq əsas rüşvət rektorlara və onlardan yuxarılara çatırdısa ortada institut müəlliminə də bir şey düşürdü, bizdən sonrakı - indiki testdəsə rüşvət yalnız hakimiyyətin yüksək zirvəsində dayanan bir neçə şəxsin əlində cəmləşir.

Biz testin tətbiqindən sonra ali məktəb müəllimlərinin vəziyyətini yaxşılaşdırmaqçün müəyyən tədbirlər gördük. Ancaq elmi işçilərin, Akademiya əməkdaşlarının maaşları hələ çox azdı, onların dolanışığına çatmırdı.

Alimlərdən xaricə gedənlər çoxalmışdı.



Alimlərdən gedənlər də vardı - maaşları tələbatlarını ödəmirdi. Ancaq biz Akademiyaya dair ayrıca islahat hazırlamışdıq. Birinci variantı Prezident Aparatı işləmişdi, ikincini mənim xahişimlə Akademiyanın prezidenti Eldar Salayev hazırlatmışdı. İstəyirdik ki, Akademiyada yığıncaq keçirək, hər iki layihəni yan-yana qoyaq, ortaq nöqtələrini tapaq, nə xeyirdirsə onu qəbul edək, həmin proqramı həyata keçirək.

Amma camaat arasında, hətta mətbuatda da yayırdılar ki, bəylər Akademiyanı dağıtmağa çalışırlar.



Qətiyyən elə deyildi. Biz əsaslı islahat keçirmək istəyirdik. Mən söz vermişdim ki, Azərbaycanda "müxbir üzv" sözü götürüləcək. Dünya akademiyalarında müxbir üzvlük yoxdur, bu, sovet elm sisteminin təzahürüdür. Biz nəzərdə tutmuşduq ki, bütün müxbir üzvlərimizi (onlar 100-ə yaxındı) akademik edəcəyik, onları çox yüksək maaşla və hər birini şəxsi maşınla təmin edəcəyik. Xarici ölkələrdən kitab və başqa ədəbiyyat almaqçün də hər akademikə maaşdan əlavə ildə 200-300 dollar pul verəcəkdik. Bir də alimlərin ev məsələsini həll etməyi düşünürdük. Bütün Azərbaycan bilir ki, bizə qədər alimlər Akademiyanın yataqxanasında 10 illərlə yaşayıblar.

Mənim özüm 10 il yaşamışam.



Özü də ailəylə. Biz həmin vaxt birinci dəfə, səhv etmirəmsə, 40-dan artıq alim ailəsinə pulsuz ev verdik.

Bəli, diplomatlar üçün tikilmiş evi verdiniz onlara.



Mübahisə edənlərə dedik ki, tələsməyin, təzə bina tikirik, sizin hamınızı həmin evə köçürəcəyik. Yataqxanada bir alim ailəsi də qalmayacaq. (Orada yalnız subay aspirantlar yaşayacaqdı). Bunların hamısı göz qabağındadır.

Amma onlar bizdən sonra orada qaldılar.



Bizdən sonra bu proses davam etmədi. Bu tədbirlərdən məqsədimiz Akademiya sistemini qorumaqdı.

Halbuki bizim dövrdə baş nazir olmuş Əli Məsimov kimi yüksək səviyyəli bir siyasi xadim və elmi mütəxəssis də bu gün həmin yataqxanada yaşamağa məcburdur.



Bəli, bu, çox ibrətamiz faktdır.

Mənim Akademiyayla bağlı bir planım da vardı - Əlyazmalar İnstitutuna ayrıca bina tikdirmək. Bununçün pul axtardıq, tapandan sonra yeri müəyyənləşdirmək üstündə çalışdıq. Rəhmətlik Cahangir Qəhrəmanovun vaxtında düşünürdük ki, bu binanı indiki "Azərbaycan" nəşriyyatının arxasında - dağın döşündə, hərbçilər yaşayan binalardan bu tərəfdə tikək, çünki onun altı başdan-başa daşdır. Daşlar doğranacaq, əlyazmalar aşağıda yerləşdiriləcəkdi ki, quru saxlansın. Ev uçur, yanır, amma o yer yanmır.

Ermənilərin Əlyazmalar İnstitutu - Matenadaran da elədir.



Bəli, əlyazmalar bütün dünyada elə qorunur.

Nəysə, mən getdim, institutun yerini də müəyyənləşdirdim, pulunu da hazırladım. Tikintinin layihəsini yaratmaq üstündə baş sındırırdıq ki, hakimiyyətimizi devirdilər. Payızda o işə başlayasıydıq.

Bu tədbirlərdən məqsəd milli elmimizi qurmaqdı.

Biz mədəniyyəti də unutmamışdıq. Məsələn, Azərbaycanda böyük orkestr var. Moskvada orkestr dağıldı - hamısı çıxdı getdi xaricə. Mən dedim ki, bizim orkestr dağılmamalıdır. Cəmi 4 nəfər xaricə getdi, onlar da başqa millətlərdəndir. Qalanların hamısının maaşını artırdım. Səhnəyə layiqli çıxmaqçün paltarlar alınmasına pul buraxdım. Dedim ki, səhnə paltarlarını 3-4 dəst tikdirin, hansında istəyirlər çıxsınlar.

Bir sıra mədəniyyət xadimləri heç bir partiyada olmadıqlarına, partiya mahnıları oxumadıqlarına görə onlara fəxri adlar vermirdilər: Qədir Rüstəmov, Flora Kərimova, Alim Qasımov, Səkinə İsmayılova, Afaq Bəşirqızı və b. Bunlar elə yüksək şəxsiyyətli sənətkarlardır ki, medaldan, ordendən, addan ötrü heç vaxt heç bir qapını döyməzlər, buna rüşvətlə nail olmağısa ağıllarına belə gətirməzlər. Əslində onlar maddi baxımdan imkanlı deyillər. Bu böyük sənətkarların ən dəyərli sərvəti xalq sevgisiydi - onları hamımız sevirdik. Ancaq onları fəxri ada layiq görmürdülər. Hakimiyyətimiz dövründə onlardan savayı universitetin, başqa ali məktəblərin təhsildə neçə illər külüng çalmış müəllimlərinə, ölkənin həqiqətən dəyərli alimlərinə əməkdar elm xadimi adı verdim. Onların adını saymaq istəmirəm - deməsinlər ki, minnət qoyur. Çox qəribədir ki, ömrü boyu partiyayçün oxuyan və nə bilim hansı yollarla ad alanlar bunlara nifrət edirdilər; səbəbi buydu ki, biz pulumuzu verib almışdıq, bunlar havayı aldılar.

Mədəniyyət birxətli yox, çoxsahəlidir. Onun bütün sahələrinə az-çox maliyyə yardımı ayırmaq, dövlət qayğısı göstərmək istəyirdik. Məsələn, tək bir misal çəkim - xarici ölkə nəşrlərini əldə etməkdən ötrü M.F.Axundov adına Dövlət Kitabxanasına Prezident fondundan 5 min ABŞ dolları vəsait ayırmışdıq.

Biz Azərbaycan tarixinin yazılmasını tələb etdik. Artıq ciddi söhbətlər gedirdi ki, Azərbaycan tarixi yenidən yazılacaq.

Orta məktəblərçün yazıldı, Bəy.



Bir də ümumi Azərbaycan mədəniyyətinin araşdırılması problemini qoymuşduq. Təkcə Quzey Azərbaycan yox, Bütöv Azərbaycan ədəbiyyatı, Bütöv Azərbaycan mədəniyyəti kompleks halda öyrənilməliydi, bütövlükdə tədqiq edilməliydi. Bununla bərabər, ümumi türk mədəniyyəti öyrənilməliydi. Biz üzümüzü Avropaya tutsaq da Asiya mədəniyyətini və türk mədəniyyətini öyrənməliydik.

Mədəniyyətə yeni baxış lazımdı ki, o, dövlətin əlində təzyiq, yaxud təbliğat alətinə çevrilməsin. Mən bütün yubileylərdə iştirak etmişəm. Qara Qarayevin yubileyini, Fikrət Əmirovun konsertlərini və b. keçirdik. Hansında görmüsünüz ki, bir adam durub desin ki, yubileyləri təşkil etdiyinə, özü də şəxsən burada iştirak etdiyinə görə prezidentimizə təşəkkür edirik?

Filarmoniyada olarkən mən, dövlət katibi Pənah Hüseynov, humanitar məsələlər üzrə müşavir Rafiq İsmayılov keçdik otağa, mən mədəniyyət xadimlərimizin hamısına dedim ki, Prezident fondunda 10 milyon dollar var və bunu ancaq elm, mədəniyyət, təhsil və səhiyyəyə xərcləyəcəyəm. Pənah bəy də dedi ki, yalnız Bəy yox, biz də əlimizdən gələn köməyi Mədəniyyət Nazirliyinə edəcəyik. Onlar da "çox sağ olun, bundan çox razıyıq" dedilər. Sonra P.Bülbüloğlu muzeylərin qorunmasıyla bağlı nəsə yazıb gətirdi, ona da vəsait verdik.

ARTIRMALAR

I. Azərbaycan mədəniyyət, incəsənət və mətbuatını inkişaf etdirmək məqsədiylə Azərbaycan prezidenti Əbülfəz ELÇİBƏY aşağıda adları çəkilənlərə Prezident fondundan birdəfəlik yardım ayırmışdır:

Azərbaycan Ensiklopediyası - 5 milyon rubl, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri - 3 milyon rubl, "Qobustan" toplusu - 0,5 milyon rubl, "Ədəbiyyat qəzeti" - 0,5 milyon rubl, Azərbaycan Dövlət Milli Dram Teatrı - 4 milyon rubl, Azərbaycan Dövlət Opera və Balet Teatrı - 4 milyon rubl, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı - 3 milyon rubl, Gənc Tamaşaçılar Teatrı - 2 milyon rubl, "Yuğ" Dövlət Teatrı - 0,5 milyon rubl, Marionet Teatrı - 0,5 milyon rubl, Azərbaycan Dövlət Kukla Teatrı - 0,5 milyon rubl, "Türkologiya" jurnalı - 0,5 milyon rubl, Bakı Xoreoqrafiya məktəbi - 1 milyon rubl, respublikada yaşayan milli azlıqların, azsaylı xalqların və etnik qrupların mədəniyyətini inkişaf etdirməkçün - 5 milyon rubl = 30 milyon rubl ("Azərbaycan" qəzeti, 31.03.1993).

II. "İqtisadi islahatlar dövründə mədəniyyət və incəsənətə dövlət himayəsi haqqında" Azərbaycan Respublikasının prezidenti Əbülfəz ELÇİBƏYİN 16 aprel 1993 tarixli sərəncamından

"Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1. Mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcıların qonorarının artırılması və yaradıcılıq ittifaqları xətti ilə mədəniyyət, ədəbiyyat və incəsənət işçilərinə, yazıçılara verilən qonorardan gəlir vergisindən başqa digər ödənclər tutulmaması məsələlərini nəzərdən keçirib müvafiq qərar qəbul etsin;

2. Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" ədəbi-bədii jurnalının maliyyələşdirilməsinə dövlət yardımı məsələsini həll etsin;

3. Azərkinovideo İstehsalat Birliyinə birdəfəlik maliyyə yardımı göstərilməsi məsələsini həll etsin;

4. Yaradıcılıq ittifaqlarının xətti ilə xarici ölkələrə qastrollara, sərgi açmağa, beynəlxalq festivallara, müsabiqələrdə iştirak etməyə gedən sənət kollektivlərinin və ayrı-ayrı fərdlərin yol xərclərinə dövlət hesabına 50 faiz güzəşt tətbiq olunması məsələsini həll etsin;

5. Müvafiq yaradıcılıq ittifaqlarına və peşəkar yaradıcı işçilərə qanunvericiliklə müəyyən edilmiş qaydada onların yerli icra hakimiyyəti orqanlarından icarəyə götürülmüş sərgi salonları, rəssam, memar və heykəltaraş emalatxanalarına görə ödənilən kommunal, rabitə, enerji xərcləri üzrə güzəştlər nəzərdə tutsun;

6. Tarixi, milli mədəni obyekt və abidələrin, muzey əhəmiyyətli sənət nümunələrinin qeyri-qanuni yolla alqı-satqısının, mənimsənilməsinin, xaricə aparılmasının qarşısını almaq üçün müvafiq tədbirlər hazırlayıb həyata keçirilməsini təmin etsin".

Yeri gəlmişkən, bizim vaxtımızda muzeylərdən bir dənə də əsər gedə bilməzdi - gözlərini çıxarardıq. Gedibsə gəlib desinlər. Bizdən sonrasa 100-ədək əsər satdılar. Kim satdı, hara satdı - səsi də çıxmır, hamı susur.

İncəsənət muzeyindən sənət əsərlərinin oğurlanmasını bizim dövrümüzə aid etmək istəyirdilər. "Avrasiya" qəzetində belə yazılar getmişdi.



Qətiyyən doğru deyil. Bütün oğurluqlar bizdən sonra olub. Mən əsərlərin hamısını nəzarətə götürtmüş, onları bir-bir siyahıya aldırtmışdım. Hətta muzeydən 3 dənə gözəl sənət əsəri olan tablo aparıb Prezident iqamətgahına qoydurmuşdum ki, xaricdən gələn qonaqlar onu görsünlər. Onlardan biri Səttar Bəhlulzadənin çəkdiyi rəsmdi. Onların hamısı orada sənəddə, kağızdadır. Özü də onlara çox diqqətlə qulluq edilirdi - əskiylə silinə bilməzdi, yalnız muzeyin işçiləri vaxtlı-vaxtında gəlib yoxlayır, baxırdılar. Mən hətta həmin işçilərə demişdim ki, otağın havası onlara zərər verirsə götürüb aparın. Qoy bizim dövrdə oğurlanan bircə əsərin adını desinlər, mən cavabını verim. Onların hamısı bizdən sonranın işidir, kimlərin oğurladığı da bəllidir, amma heç kim danışmaq istəmir, hamısı susur. Bir nəfər də Polad Bülbüloğlundan hesabat istəmir, onu məsuliyyətə çəkmir, çünki, görünür, burada hökumətin də əli var, ona görə gizlədirlər. Bu, cinayətdir - dövlət cinayəti! Azərbaycan mədəniyyətini hərraca qoyublar. Buyurub bizim dövrümüzdə uçurulan, dağıdılan bir mədəniyyət abidəsi tapıb göstərsinlər. Amma bu 4 ildə neçə-neçə mədəniyyət abidəsi darmadağın edilib.

Bütöv muzeylər yox edildi.



Nə qədər ürəkağrıdan olsa da, təəssüf ki, belədir...

Bəs səhiyyədə hansı irəliləyişlərimiz oldu, Bəy?



Səhiyyədə islahat hazırladıq, amma həyata keçirə bilmədik. Bu sahədə ciddi nailiyyətlərimiz olmadı. Sadəcə, bizim səhiyyə nazirimiz vicdanla çalışırdı. O da, onun müavinləri də gecə-gündüz cəbhə bölgələrini gəzir, əsgərlərlə, yaralılarla yaxından maraqlanırdılar. Qospitallarımız yaxşı işləyirdi. Mənim özüm bir neçə xəstəxanada oldum, həkimlərlə görüşdüm - keçmiş sovet rəhbərləri kimi yox; dedim nə lazımdırsa yazın verin, biz həll edək. Şikayətləri olanda da qısa vaxtda yerinə yetirirdik, gənc həkimləri işlə təmin etməyə çalışırdıq.

Ümumiyyətlə, Bəy, bir prezident kimi görülən işlərdən razısınız, ya yox?



İnsanın öz işindən razı qalmasını düzgün saymıram.

Söhbət şəxsən Sizdən yox, bütün hakimiyyətin gördüyü işdən gedir.



Bütün hakimiyyətin gördüyü işdən də eləcə. "İşimizdən razıyıq" desək bizi ağıllı adam saymazlar.

Ümumi götürdükdə biz özümüzdən əvvəlki və sonrakı hakimiyyətlərdən yüksək səviyyədə işləmişik. Bundan razıyam. Amma özümüzdən razı olmadığım çoxlu sahələr var. İslahatları, qanunvericiliyi sürətləndirmək olardı. Bir sıra islahatları inqilabi metodlarla aparmaq olardı, biz buna getmədik, yubandırdıq. Nəzərdə tutmuşduq ki, islahatları 4-5 ilə keçirəcəyik.
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə