Bunun səbəbini bilmirəm. Hesab edirəm ki, hər bir siyasətçinin sevənləri olduğu kimi, sevməyənləri də olur




Yüklə 16.44 Kb.
tarix25.04.2016
ölçüsü16.44 Kb.
Milli Qvardiyanın keçmiş zabitlərindən biri, 1993-cü il 4 iyun qıyamı zamanı Gəncədə keçirilən uğursuz əməliyyatın iştirakçılarından olmuş Əzizağa Süleymanov həmin günlərdə baş verənlərlə bağlı xatirələrini yazıb. Moderator.az-da yayımlanan silsilə məqalələrində Ə.Süleymanov təkcə gördüklərini yazmaqla kifayətlənməyib, eyni zamanda bir sıra iddialar da irəli sürüb.

Bu iddialardan ən diqqətçəkəni Ə.Süleymanovun Gəncə əməliyyatının uğursuzluğuna görə məsuliyyəti Milli Təhlükəsizlik nazirinin o vaxtkı birinci müavini Sülhəddin Əkbərin üzərinə qoymağa cəhd etməsidir.

Xatırlatmaq yerinə düşər ki, Ə.Süleymanov son illərdə davamlı olaraq S.Əkbəri hədəfə alır və Gəncədəki uğursuzluğu onunla bağlamağa çalışır.

Lakin S.Əkbər bu ittihamlara heç vaxt cavab verməyib. Bunu nəzərə alan əməkdaşımız S.Əkbərlə əlaqə saxlayıb və Ə.Süleymanovun növbəti açıqlamalarına onun münasibətini soruşub. Keçmiş nazir müavini Ə.Süleymanovun bir neçə ildir belə əsassız açıqlamalar verdiyini xatırladıb.

“Bunun səbəbini bilmirəm. Hesab edirəm ki, hər bir siyasətçinin sevənləri olduğu kimi, sevməyənləri də olur...

O hadisələrin üstündən artıq 21 il ötür və istintaq materiallarında bütün bu suallara cavab var. Lakin əfsuslar olsun ki, Azərbaycanda siyasi şərait iyun hadisələrinin obyektiv araşdırılmasına imkan verməyib. Düşünürəm ki, indi hər hansı bir subyektiv fikrin heç bir əhəmiyyəti yoxdur.”

Həqiqətən də, 4 iyun qiyamından sonra yaranan siyasi şəraitdə həmin hadisələrin obyektiv araşdırılması mümkün deyildi və indi də mümkün deyil. Lakin bəzi məlum həqiqətlər var ki, onların heç bir araşdırma, istintaq təkzib etmək iqtidarında deyil. Bu həqiqətlərdən biri də Sülhəddin Əkbərin istər iyun hadisələrindən əvvəl, istərsə də Gəncədə Sürət Hüseynovun silahlı dəstəsi tərəfindən əsir götürülkdükdən sonra özünü ləyaqətlə aparmış tək-tək vəzifəlilərdən biri olmasıdır. Bunun şahidləri yetərincədir.

Bu baxımdan, Əzizağa Süleymanovun – Milli Qvardiyanın sıradan bir zabitinin iddiaları heç nəyi dəyişmək iqtidarında deyil. Lakin bəzi məsələlərə toxunmaq yerinə düşər.

Əzizağa Süleymanovun - 4 iyunda xüsusi missiya ilə Gəncəyə göndərilmiş Milli Qvardiya zabitinin qorxaqlıq göstərərək verilmiş əmri yerinə yetirməməsi və Sürətçilərə təslim olmasının üzərində xüsusi dayanmağa ehtiyac yoxdur, nədən ki, o, istər vəzifəsinin ranqına, istərsə də şəxsi durumuna görə elə bir mühüm fiqur olmayıb. Baxmayaraq ki, üzərindən 20 il keçəndən sonra özünü qəhrəman kimi göstərməyə cəhd edir. Ona görə də Ə.Süleymanovun özünün həmin hadisələrdəki davranışları haqda danışmayacağıq. Lakin S.Əkbərlə bağlı bəzi məsələləri xatırlatmaq yerinə düşər.

Əvvəla, istintaq materialları da təsdiq edir ki, S.Əkbər son ana qədər Gəncədə hazırlanan əməliyyatlardan xəbərsiz olub. Bu məsələyə həsr olunmuş iki müşavirədə - Müdafiə və Milli Təhlükəsizlik nazirliklərində keçirilən müşavirələrdə iştirak etməyib. MTN-də keçirilən müşavirə bitdikdən sonra ondan xəbər tutub. Bu sual hələ də açıq qalır ki, kim və hansı məqsədlə MTN başçısının birinci müavini və bu nazirliyin faktiki rəhbərini Gəncə əməliyyatından uzaqda tutub...

İkincisi, Gəncə əməliyyatına siyasi rəhbərliyi baş nazir Pənah Hüseyn (Burda da sual çıxır ki, niyə Ali Baş Komandan yox, baş nazir-red), hərbi rəhbərliyi müdafiə naziri Dadaş Rzayev etdiyi halda uğursuzluğun məsuliyyətini hansı məntiqlə Sülhəddin Əkbər daşıya bilər?

Üçüncüsü, bu da sirr deyil və istintaq materialları ilə də sübut olunur ki, Sülhəddin Əkbər Sürət Hüseynovun həbsinin qatı tərəfdarlarından olub və bir neçə dəfə bu barədə məsələ qaldırıb. Hətta Sürət Hüseynovu evindən çıxıb 709 saylı hərbi hissəyə gedərkən saxlayıb, sonra buraxan MTN əməkdaşı Elxan Gözəlovu bu xəyanətinə görə vəzifəsindən çıxarıb barəsində cinayət işi açdırması üstündə daha sonra S.Əkbərin özünü vəzifə səlahiyyətlərini aşmaqda ittiham ediblər. Yeri gəlmişkən, həmin bu Elxan Gözəlovun Mütəllibovçu olduğu məlum olub. Elə Əzizağa Süleymanovun özünün də bu əqidəyə qulluq etdiyi haqda məlumatlar var...

Dürdüncüsü və ən əsası, Sülhəddin Əkbər və digər dövlət rəhbərləri məhz Əzizağa Süleymanovun qorxaqlığı, bəlkə də xəyanətinə görə Sürət Hüseynovun silahlıları tərəfindən əsir götürülüb.

Bu zabit özü də etiraf edir ki, Milli Qvardiyanın qərargah rəisi Taryel Nəsirovun rəhbərliyi ilə Gəncəyə göndərilmiş 151 nəfərlik dəstə Sürət Hüseynova təslim olduğuna görə iyunun 4-də onun rəhbərliyi altında 70 nəfərlik dəstə Gəncədəki dövlət rəhbərlərini qorumaq üçün Prezidentin şəxsi tapşırığı ilə bu şəhərə göndərilib.

Sitat: “4 iyun 1993 cü il tarixində səhər saat 12 radələrində çox həyacanlı bir xəbər verildi. Milli Qvardiyanın şəxsi heyəti başda Milli Qvardiyanın qərargah rəisi Taryel Nəsirov olmaqla Surət Hüseynovun silahlı dəstəsinə müqavimətsiz təslim olublar. Təcili Gəncəyə yeni qüvvə göndərmək lazımdır...

Milli Qvardiyanın komandanı Tahir Məmmədov mənə dedi ki, ölkə prezidentinin şəxsi göstərişi əsasında sən bir dəstə qvardiyaçı ilə Gəncəyə getməlisən. Gəncə şəhərində Surət Hüseynov qvardiya komananlığı ilə bərabər bir neçə dövlət rəhbərliyində olan adamları həbs etdirib. Onları azadetmə əməliyyatına sən rəhbərlik etməlisən. Bu, prezidentin şəxsi tapşırığıdır. Gəncədə vəziyyət həddindən artıq ağırdı. Məcburam özüm də ora gedim. Mən indi vertolyotla Gəncəyə gedirəm, sən isə 70 nəfər qvardiyaçı götür hava limanına apar...”

Əzizağa Süleymanov bu tapşırıqla Gəncəyə uçur, lakin Prezidentin əmrini yerinə yetirmək əvəzinə 1 güllə belə atmadan müəmmalı şəkildə Sürət Hüseynova təslim olur. “Qəhrəmanımız” təslim olması səhnəsini belə təsvir edir:

“Surətçilərə yaxınlaşıb silahlı dəstələrinin önündə dayanmışdım. Üstümdə yalnız bir tapança var idi, o da görünmürdü. Danışıq hardasa 40-45 dəqiqədən çox çəkmişdi. Bu zaman məni mühafizə edən qvardiyaçıların nəzarəti getdikcə zəifləyirdi...

Birdən gördüm ki, məni mühasirəyə aldılar. Başı söhbətə qarışan mühafizəçilərim heç nə edə bilməmişdilər. Artıq gec idi...”

Qısası, Prezidentin xüsusi tapşırığı ilə dövlət rəhbərlərini xilas etmək üçün 70 nəfərlik dəstəsi ilə Gəncəyə yollanan “qəhrəmanımız” onları belə “xilas edir”, sakitcə özü də təslim olur. İndi isə özünün “qəhrəmanlıqları” haqda əfsanələr uydurur.



CƏLAL


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə