Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər




Yüklə 1.44 Mb.
səhifə9/26
tarix27.02.2016
ölçüsü1.44 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

Bu barədə Buddanın həyatından bir əhvalat nəql olunur: “Bir gün öz övladını itirdiyinə görə ah-nalə edən, göz yaşları axıdan bir qoca qarı Buddanın yanına gəlir. Budda bir qədər ona baxır, sakitlik və soyuqqanlılıqla soruşur: - Bu şəhərdə neçə nəfər yaşayır? Qadın ona cavab verir. Onda Budda deyir: - Ey ana! Bu şəhərin bütün sakinlərinin sənin övladların olmasını istəyirsənmi? Qadın cavab verir: - Əlbəttə ki, istərdim. Budda cavab verir: - Sənin bu qədər övladın olsa, gərək hər gün onlardan bir neçəsini itirdiyinə görə qəm-qüssəyə batasan. Çünki, hər gün bu şəhər əhalisindən neçə nəfər ölür. Qarı fikrə gedir, sonra Budda ona deyir: - Yüz nəfər yaxın, əziz adamı olan onlardan ayrıldıqda da yüz dəfə qəm-qüssə çəkməlidir. Əzizlərinin sayı doxsan nəfər olsa, doxsan dəfə, bircə əzizi olan şəxs yalnız bir dəfə ayrılıq əzabını çəkər. Nəhayət, həmin şəxs qohum-əqrəba məhəbbətini qəlbindən silsə ümumiyyətlə əzab-əziyyətdən xilas olacaqdır.”

Buddanın fikrincə, çəkiniləsi xoşagəlməz işlər həddindən artıqdır. Ancaq, onların hamısı on məsələdə toplanmışdır. Bunlara “onluq zəncirlər” deyilir. Bu zəncirlər insanın səadət və qurtuluşa nail olması yolunda maneədirlər. Onları tam qətiyyət və iradə ilə qırıb atmaq lazımdır. Həmin on zəncir aşağıdakılardır:

1. Nəfsi sevmək;

2. Şəkk-şübhə;

3. Dini ayinlərdə adətlərə inam və rəsmiyyətçilik;

4. Şəhvət;

5. Qəzəb;

6. Yenidən doğulma və ideal vəziyyətdə tənasüx arzusu;

7. Yenidən doğulub mücərrədlər aləmində yaşamaq arzusu;

8. Təkəbbür və qürur;

9. Xudbinlik və eqoizm;

10. Cəhalət və nadanlıq.

Öz nəfsini bu zəncirlərdən xilas edə bilən kimsə əslində ozünü hər arzu, təmənna, aludəçilik və asılılıq əsarətindən təmizləyib mütləq sakitlik və asayişə nail olar.

Budda bu məqama çatmaq üçün səkkiz mərhələdən ibarət olan seyr-süluk üslubunu təqdim edir:

1. Düzgün iman; Burada dördlük təşkil edən ana həqiqətə tam iman və öz həyatını ona uyğun qurmağa əzm və iradə göstərmək nəzərdə tutulur;

2. Düzgün düşüncə; Burada cismani şəhvətlərin tərk olunması məsələsində dönməz əqidə, başqalarına qarşı həqiqi məhəbbət bəsləmək, canlılara əzab-əziyyət verməmək və bədbəxtliyə səbəb olduğuna görə arzuları tərk etmək başa düşülür;

3-4. Düzgün danışıq və Düzgün rəftar; Burada əbəs və yersiz sözlərdən çəkinmək, xoşagəlməz əməlləri tərk etmək nəzərdə tutulur. Buna əsasən, insan bütün yaranmışları sevməli, sədaqətli dostluğu ilə öz rəftar və sözlərində onlara məhəbbətini göstərməlidir;

5. Düzgün yaşayış; Yə’ni hər bir şəxsin müəyyən bir məşğuliyyəti, peşəsi olmalı, öz enerjisini və vaxtını ona sərf etməlidir. Əlbəttə, bu peşə və məşğuliyyət buddizmin əsas prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. Məsələn, qəssablıq birinci əxlaqi prinsipə, yə’ni canlıları öldürməmək əqidəsi ilə uyğun gəlmir və ona görə də tərk edilməlidir;

6. Düzgün sə’y; Hər bir şəxs haqqı batildən, zərərli istəkləri faydalı məqsədlərdən ayırd etmək, xoşagəlməz meylləri bəyənilən bağlılıqlardan seçmək üçün öz fiziki və əqli gücünü işlətməlidir;

7. Düzgün düşüncə; Hər bir şəxs öz təfəkkür və düşüncə qüvvəsini davamlı müsbət vərdişlərə öyrətməli, sutkanın müəyyən saatlarını ali-insani məqsədlər barəsində düşüncə üçün ayırmalıdır;

8. Düzgün müraqibə. Bu son mərhələdir və onun əsnasında bu yolu gedən şəxs Buddanın öyrətdiyi həqiqətlər ətrafında davamlı təmərküz və müraqibə yolu ilə (dörd həqiqət) ərhət (kamil insan) adlanan məqama çatır. Bu halda salik və rahib tam fənalığa və mütləq paklığa (nirvanaya) nail olur.

Bura qədər bəyan olunanlar buddizmin əxlaq və davranış tə`limlərinin mənfi, məhrumedici xarakterli prinsipləri idi. On üçüncü dərsdə qeyd olunan on ideoloji prinsip isə bu ayinin mənfi xüsusiyyətlərinə aiddir. Ancaq bu dində müsbət əxlaq normaları da nəzərdə tutularaq tə`kid olunmuşdur. Bu xüsusiyyətlərdən biri də ərhət məqamına çatmağın əlamət və sifətlərindən sayılan yaranmışlara mərhəmət və hamıya qarşı xeyirxahlıq hissidir. Bu məqama nail olan şəxs xoş məram, daxili saflıq və pak qəlblə bütün insanlar üçün xeyir və yaxşılıq istəməlidir. Budda bu barədə belə deyir:

“Hamı səhra heyvanları kimi dolanmalı, kərkədan tək evsiş-eşiksiz, əhli-əyalsız yaşamaqla ömrünü nəfsini təkmilləşdirmək yolunda sona çatdırmalıdır. Lakin, eyni zamanda şəfqət və mərhəmət kimi bəyənilən sifətləri özündə tərbiyə etməli, ömrünü məxluqata xidmət və yaxşılığa həsr etməlidir. Elm öyrənib öyrətmək, gözəl nəsihətlərlə insanları nicat və qurtuluş yoluna yönəldib rəhbərlik etməli və öz körpəsinə mehriban olan bir ana kimi bütün insanlara qarşı mehriban olmalıdır. Ana öz körpəsini qorumaq üçün öz canını belə fəda etməyə hazır olduğu kimi, o da öz batinini insanlara qarşı o qədər məhəbbət və xeyirxahlıqla doldurmalıdır ki, yaranmışların nicatı üçün öz maddi canını əsirgəməməlidir. Hər yerdə, hər nəyi varsa pak və səfalı qəlblə, aludəlikdən, xudbinliklərdən uzaq olmaqla onlara məhəbbət göstərməlidir.”

Buddizmi qəbul edən hər bir şəxs bu məhəbbət və şəfqətin bu mərtəbəsinə çatmaq üçün öz qəlbini başqalarına qarşı kindən tamamilə təmizləməli, digərlərinə münasibətdə kin-küdurət tozunun onun qəlbinə hakim kəsilməsinə heç bir vəchlə imkan verməməlidir. Belə ki, hətta kimsə onu söysə, yaxud ona qarşı hörmətsizlik etsə belə narahat olmamalıdır. Çünki insan qəlbində “filankəs məni təhqir etdi, məni döydü, mənim malımı oğurladı, yaxud mənə zülm etdi” kimi fikirləri təlqin etsə, tədricən ürəkdə kin-küdurət tozu, pası qəlbə qalib gələr. Bu vaxt belə fikirlərin batini aləmdən təmizlənməsi, silinməsi çox çətin, bə’zən də qeyri-mümkün olar. İnsan yalnız intiqam almaq fikrinə düşər və belə olan halda da əxlaq normalarının ziddinə hərəkət etmiş olar. Buna görə də Budda öz ardıcıllarına başqalarının onlara qarşı etdiyi pislikləri hətta xəyallarından belə keçirməməyi tövsiyə etmişdir, o ki qala intiqam almağı. Buddanın həyatı barədə başqa bir hekayətdə deyilir:

“ - Bir gün Puna adlı şagirdi onun yanına gələrək və ondan meşədə yaşayan vəhşiləşmiş bir qövmə tə’lim-tərbiyə vermək üçün icazə istədi. Budda onun iman və dözümünün nə dərəcədə ciddi olduğunu yoxlamaq üçün dedi:

“ - Ey Puna, onlar çox kobud, yırtıcı xislətli və əzazildir. Sənə qəzəbləndikdə nalayiq sözlər işlədəcəklər. Bu barədə fikirləşmisənmi?” Puna dedi: “ - Qorxusu yoxdur, ey mənim ustadım! Mən öz qəlbimdə onları mehriban və yaxşı insanlar hesab edəcəyəm. Çünki söysələr də, dillə incitsələr də, mənə cismani əzab-əziyyətləri çatmayıb, daşla, çomaqla məni döyməmişlər.” Budda dedi: “ - Bu qorxu-hürküsüz qəbilə səni daşla, çomaqla döysə necə?” Puna cavab verdi: “ - Yenə də öz-özümə deyəcəyəm ki, onlar mehriban və pak qəlbli insanlardır, çünki məni xəncər və qılıncla qətlə yetirmək istəmirlər.” Budda dedi: “ - Əgər bu işi görsələr nə edəcəksən?” Puna dedi: “ - Öz-özümə deyəcəyəm ki, onlar mənə qarşı çox mehriban və xeyirxahdırlar. Çünki həqiqətdə məni bu alçaq təbiətli cismdən xilas edərək azacıq bir əzabla varlığın əzabından qurtarmışlar.” Budda bu cavabı eşitdikdə belə dedi: “ - Çox gözəl dedin ey Puna! Malik olduğun bu səbr və dözümlülük ne’məti ilə get, çalış, özün xilas olduğun kimi başqalarına da nicat ver...”

Buddanın çıxışlarından birində ona istinadən söyüş barəsində belə nəql olunur: “ - Əgər kimsə öz axmaqlığı ucbatından mənə qarşı səhv bir addım atmış olsa, bu işin müqabilində onu öz sədaqətli məhəbbətimin kölgəsinə alacağam. Mənə qarşı pisliyii artırdıqca, mən də öz yaxşılıqlarımı artıracağam.”

Buddistlərin müqəddəs kitablarından olan Damapadanın nəğmələrindən birində oxuyuruq: “ - Qoy insan öz qəzəbinə məhəbbətlə üstün gəlsin, qoy o pisliklərə yaxşılıqla qələbə çalsın, qoy o tamahkar insanın qarşısında əliaçıq, yalançının müqabilində isə düz danışan olsun.” Başqa bir yerdə isə belə deyilir: “ - Heç vaxt nifrəti nifrətlə aradan qaldırmaq olmaz. Nifrət yalnız mehr-məhəbbətlə aradan gedər.”

Yuxarıdakı cümlələrdən belə nəticə alınır ki, Budda ayininin başqalarına qarşı əxlaq və davranış normalarının əsası tam sülh və qeydsiz-şərtsiz məhəbbət üzərində qurulub. Bu ayində kobud hərəkət hər bir halda qadağandır. Bu baxımdan da buddizmlə xristianlıq arasında çox oxşarlıq vardır.

Bu ayində şəxsi əxlaqın əsasını nəfsin alçaldılması, bütün nəfsani istək və meyllərin, maddiyyat və dünyaya marağın itirilməsi təşkil edir. Buddizm bütün əxlaq və davranış prinsiplərində mö`tədil və loyal yol seçməyə çalışmasına baxmayaraq bu cəhətdən də onunla sufi firqələri arasında oxşar xüsusiyyətlər var. Qeyd etmək lazımdır ki, buddizm nəfsin təmizlənməsi, son qurtuluş məqamına nail olmaq üçün uzun illər boyu monastırlarda mümkün olan düşüncə və müraqibə ilə bütün nəfsani və dünyəvi asılılıqları qırmaq tə’kid etdiyi halda, bu ayinin öz ardıcıllarına mö’tədil mövqe seçməyi tövsiyə etdiyini necə demək olar?! Bu mö’tədilliyin yeri ifrat və təfrit arasında hardadır? Buddizm özünü caynizmdə gördüyümüz üzücü və çətin asketizm, zahidlikdə ifrata varma ilə qeydsiz-şərtsiz azadlıqda təfrit arasında yerləşən mö’tədil mövqeli hesab etdiyinə görə bu tənqid öz yerində qalır.

Əvvəla, inkar etmək olmaz ki, buddizm həmin dövr Hindistan cəmiyyətində brahmanizm və caynizmin yaratdığı ifrata və təfritə varılan ayinlərindən uzaqlaşaraq daha mö`tədil yol təqdim etmişdir. Buddizmdə tövsiyə olunan asketizmlə caynizmdəki asketizm arasında müqayisə aparsaq, buddizm zahidanə göstərişlərinin ifratçılıqdan uzaq olduğunu, bu dində brahmanizmin təbəqələşmə ilə bağlı tələbkarlığının olmadığını aydın şəkildə görərik. Qeyd olunduğu kimi, brahmanizmdə hər şeydən əvvəl insan təkrar doğulmaların dövri sistemində heç vaxt sinfi quruluşdan çıxa bilməz, yalnız insan yaxşı əməl sahibi olduqda daha yüksək təbəqələrə keçə bilər. Əks təqdirdə daha aşağıda olan təbəqələrə süqut edəcəkdir. Buddizm isə yenidən doğulmalardan tamamilə xilas olmaq üçün müəyyən bir yol təqdim etmiş və əsasən sinfi ziddiyyətləri rədd etmişdir. İkincisi, brahmanizmdə hər bir təbəqənin əxlaqi prinsipləri fərqlidir və hər bir təbəqənin özünəməxsus əxlaq normaları vardır. Bir təbəqədə çirkin, xoşagəlməz və haram sayılan bir işin digər bir təbəqə üçün yaxşı, yolverilən sayılması mümkündür. Buddizmdə isə nisbətən mö’tədil və asan bir yol təklif edilmişdir.

Digər məqam bundan ibarətdir ki, buddizmi İslam məktəbinin əxlaq normaları və davranışları ilə müqayisə etmək istəsək, şübhəsiz İslam qanunlarının mö’tədil və məntiqəuyğunluğunu, buddizmin əxlaq-rəftar prinsiplərindəki fanatizmi təsdiqləyəcəyik. Çünki, İslam dini insanın istər maddi, istərsə də mə’nəvi - bütün ehtiyaclarını haqlı sayaraq bütün hallarda loyal və mö’tədil yol seçməyi şərt qoymuşdur. Misal üçün: İslam zahidliyi dünyadan əl çəkmək və tərkidünyalıq demək deyil, maddi və dünyəvi istəklərin cilovlanması, nəzarət altına alınması deməkdir. Bu mövzu barədə “İslam əxlaqı” dərsində daha ətraflı öyrənəcəksiniz.

1. Budda hamıya qarşı sevgi və məhəbbət bəsləmək barədə nəyi tövsiyə edir?

Buddizm nöqteyi-nəzərindən qurtuluş yolundakı maneələri izah edin.

Buddizmdə qurtuluşa nail olmağın səkkiz əsas prinsipini izah edin.

İslam əxlaqına diqqət yetirmək və müəllimin köməyi ilə, buddizmin me’yarları doğrudan da onun iddia etdiyi kimi mö’tədil olub-olmadığını müəyyənləşdirin.

Keçən dərslərdə öyrəndik ki, buddizmin Allah və mə’budlarla əlaqədar aydın, konkret bir ideoloji mövqeyi olmamış və bu barədə öz ardıcıllarına xüsusi bir göstəriş verməmişdir. Eləcə də qeyd olundu ki, buddizm brahmanizm sinfi quruluşuna və brahmanların xüsusi mövqeyinə qarşı mənfi mövqe tutmaqla onların digər e’tiqadlarına qarşı çıxmış, hətta brahman mə’budlarına e’tiqadı, onların qarşısında pərəstiş və sitayişindən uzaqlaşmışdır.

Buddanın ardıcılları bunları tə`lim edirdilər. İlk növbədə hər bir fərd nicat və qurtuluş üçün yalnız özünə arxalanmalıdır və başqalarından, hətta mə’budlardan heç bir kömək olmayacaq. İkincisi, nicat və qurtuluşa nail olmağın yeganə yolu zahidlik, təfəkkür və müraqibədir. Üçüncüsü, bə’zi əməllərin yerinə yetirilməsi, o cümlədən canlıları öldürülməsi qadağandır. Buna əsasən buddistlər brahmanların qurban kəsmək, mə’budlardan hacət diləmək və s. kimi ən mühüm ibadət ayinlərindən uzaqlaşmışlar.

Budda ayinində ibadət və sitayiş ilk növbədə “üç pənah” adlanan sadə və birbaşa təsdiq əsasında qurulmuşdur. Hər bir buddist ayırdığı müəyyən vaxtlarda diqqətini cəmləşdirərək bu üç cümləni təkrar edir: “ - Mən Buddaya pənah gətirirəm! Mən haqq şəriətə pənah gətirirəm! Mən sangəhə (Budda mə’bədinə) pənah gətirirəm!” Əlbəttə, Buddanın öz e’tiqadına görə Buddaya pənah aparmaq bu ayinə e’tiqadı olub həmin sözləri təkrar edən hər şəxsə nicat veriləcəyi demək deyil. Pənah aparmaq dedikdə məqsəd, Buddanın tə’limlərinə tam və kamil diqqət yetirməkdir. Çünki Buddanın yekun məqsədi də şagird və ardıcıllarının səadət və qurtuluşa nail olmaq üçün sə’y göstərib düşünməsi, meditasiya ilə məşğul olmaları olmuşdur. Belə bir şəraitdə, adi buddistlərin çətinlik və problemlərdən xilas olmaq üçün Buddanın özünə arxalanıb e`timad etməyin gərəkliyi barədə düşüncələrə sahib olmaları mümkün olurdu. Tarixi tədqiqatlar da Buddanın öz ardıcılları arasında xüsusi mövqe, şəxsiyyət və məqam sahibi olduğunu, mürid və ardıcıllarının rəğbətinin onu ilahiləşdirib sitayiş etmək dərəcəsinə çatdığını göstərir. Hətta belə bir e’tiqad da yaranmışdı ki, brahman mə’budları Buddanın mərhəmət və lütfünə çatmaq üçün yerə nazil olmuşlar.

Buddizmin müqəddəs kitablarından nəql olunan aşağıdakı cümlələr və ifadələr deyilənləri aydın şəkildə açıqlayır: “ - Düşüncəli və kamil nurani şəxs olan Buddada heç bir sapma yox idi.”, “ - O misilsiz bir insan, xoşxasiyyət və mehriban bir varlıq idi; elə yüksək amalları, bu dərəcədə böyük sə`yləri var idi ki, ...”, “ - Dünya padşahlarının padşahı və qalib bir fateh idi.”, “ - Allah İndraya oxşar və insanların ən fəzilətlisi idi”, “ - Səmavi varlıqlar Brahmanın (brahmanların mə’budu) başçılığı ilə şəhərə gedib ona sitayiş etmişlər ki, bəlkə onun (Buddanın) lütfünə nail olsunlar”, “ - Həm mə’budlar, həm də insanlar ona zaman hüdudlarından aşan yeganə əzəmətli şəxs kimi sitayiş edirlər”, “ -Dünyada bütün mə’budları ilə bir yerdə sənə bərabər heç bir kimsə yoxdur”.

Buddanın şagirdləri onu sadə ardıcıllarına beləcə təqdim etdikcə Buddanın özü tədricən Allahın alternativinə çevrildi. Bu gün bütün mə’bədlərdə, hətta buddistlərin evlərində qoyulan büt və heykəllər, eləcə də bu ayinə e’tiqad bəsləyən hər bir şəxsin öz dini mərasimini Buddanın heykəllərinin qarşısında yerinə yetirməsi, əslində ona pənah aparıb ondan hacət diləməsi bu e’tiqadın bariz nümunəsidir.

Buddistlərin dini mərasimləri buddist rahiblərin hər gün səhər və axşam “Puca” adlanan dua mərasimini yerinə yetirmək üçün mə’bədlərdə bir yerə toplaşaraq və “üç pənah” zikrini təkrarlamaqla həyata keçirilir. Daha sonra dini nəğmələr oxunur, mə’bəd şamla işıqlandırılır, havanı təmizləmək və ətirləndirmək üçün buxurlardan istifadə edilir. Onlar hər ayda iki dəfə - ayın çıxdığı ilk gündə və ayın ortasında (14-cü gecə) oruc tuturlar. Camaat bu iki gündə rahiblərin moizələrini, dua və zikrlərini dinləmək üçün mə’bədlərə gəlirlər. Bu mərasimdə bə’zi dini nəğmələr oxunur, rahiblər Budda ayini və hökmləri barəsində camaata moizə edib yol göstərirlər. Mərasim qurtardıqdan sonra kişilər gecəni mə’bəddə keçirə bilərlər, amma qadınlar öz evlərinə qayıtmalıdırlar. Mühüm mərasimlərdən biri hesab olunan “Puca” xüsusi münasibətlərdə qeyd olunur. “Vesak” mərasimi ayın 14-cü günü keçirilir. Buddanın doğum, nirvanaya qovuşmasının, eləcə də vəfatının ildönümü olan bu gün camaat bayram edir, monastırların və mə’bədlərin ətrafı işıqlandırılır, hər yerdə canlanma müşahidə olunur, Buddanın həyatı və onun ayini ilə əlaqədar xüsusi tədbirlər keçirilir.

Budda rahibləri arasında geniş yayılmış başqa bir mərasim rahiblərin istirahət və guşənişinlik dövrü olan yağışlar mövsümündə keçirilir. Həmin mərasim ilk yağışın yağması ilə başlanır. Bu ə’ənələrinin digər bir hissəsini təşkil edən gündəlik ibadətlər çoxsaylı buddistlərin iştirakı ilə mə’bədlərdə keçirilir. Bu ibadətlər Buddanın heykəllərinə tə’zim, çələng qoyma və mə’bədin ətirlənməsindən ibarətdir.

Buddistlərin digər bir ayini də ruhlara pərəstiş etməkdir. Bu məqsədlə inşa edilmiş “ruhlar adı” ilə məşhur olan kiçik ibadətgahlarda ruhlara tə’zim edilir. Onların inancına görə bu ruhlar yerin, təbiətin, yaxud ata-babaların ruhlarıdır. Ancaq, ruhun nirvanaya qovuşduqdan sonra tam fənalıq mərhələsinə çataraq istənilən mövcudluq formasını itirməsinə inanılan buddizmdə ruhların necə hörmət, tə`zim və sitayişə layiq görüldüyü o qədər də aydın deyildir.

Bütün bunlarla yanaşı buddist adət-ən’ənələrinin ümumi təhlilindən belə nəticə çıxır ki, bu ayin sitayiş, ibadət insandan daha yüksəkdə olan əbədi və əzəli bir həqiqətlə mə’nəvi əlaqədəki boşluqları doldura bilməmişdir. Buna görə də, bu ayinin ardıcılları bu boşluğu doldurmaq üçün ətraflarında gördükləri və mə`lumatları olduğu digər din və ayinlərdən bəhrələnməyə, öz emosional ehtiyaclarını tə’min etməyə çalışmışlar. Buna görə də buddizm hazırkı formaya düşmüşdür. Mə’budlara e’tiqad brahman ayinindən götürüldüyü kimi, ruhlara ehtiram da güman ki, animizmdən və bəlkə də brahmanizmdən əxz olunmuşdur.

Buddizmdə ən həssas və ən mühüm mə’nəvi əməl buddizmin səkkiz yönlü yolunun yeddi və səkkizinci mərhələsini təşkil edən düşüncə və meditasiyadır. Budda mə’bədləri əsas e’tibarı ilə həmin məqsədləri həyata keçirmək üçün tikilmişlər. Bu mə’bədlərdə nəzərdə tutulan xəlvət və sakit məkanlar rahiblər üçün həyatın bütün iztirab və səs-küylərindən uzaq olmaqla şəxsi həyatları, həyatın əzab-əziyyətləri, ondan xilas olma yolları barədə düşünərək qurtuluşa (nirvanaya) nail olmaq üçün, asketizm və meditasiya ilə məşğul olmaları üçün təhlükəsiz bir yerdir. Bu baxımdan Budda “Sangəh” mə’bədləri inzibati idarə quruluşuna malik olmaqla onlarda çox ciddi və ağır qanunlar hakimdir. Bu mə’bədlərə daxil olub sangəhə üzv olmaq istəyən hər şəxs aşağıdakı suallara cavab verməlidir: “ - Səndə cüzam, qotur, çiban, xora, vərəm, ürək keçmə və s. xəstəlikləri varmı? Azad bir insansanmı? Heç bir borcun yoxdurmu? Hakimiyyətə xidmət etmirsənmi? Ata və anan bu işə razıdırmı? 20 yaşın tamam olubmu? Sədəqə toplamaq üçün əldə tutduğun kasa və rahiblik üçün əyninə geyindiyin əbanın vəziyyəti münasibdirmi?...”

Qəbul olunan şəxs sangəhə daxil olduqdan sonra geniş inzibati nizamnaməyə riayət etməlidir. Bu məsələdə yol verilən qanun pozuntuları həmin şəxsin cəzalandırılmasına, hətta mə’bəddən çıxarılmasına səbəb olur. Rahib “dörd səbəbdən məğlub edilmiş” sayılır və onun rahiblikdən kənarlaşdırılması barədə qəti hökm verilir:

1. Cinsi əlaqədə olmaq;

2. Oğurluq;

3. Qəsdən törədilən qətl; (Başqalarında ölüm və intihara səbəb olan vəsvəsə yaratmağa da şamil olunur).

4. Yalandan elmli şəxs iddiasında olmaq.

Bundan əlavə digər on üç qanun və normaya da riayət edilmədikdə ruhani rəhbərliyin rəsmi iclası keçirilərək qanunu pozmuş rahib bir aylıq kənarlaşdırılma formasında cəzalandırılır. “Otuzluq” təşkil edən qanunlar pozulduqda isə tövbə edilməsi tələb olunur və rahiblik əbası, rahibə verilən dərviş kasası və palaz onun əlindən alınır. Digər bir qanun da 99-lardır. Bu qanunlar pozulduqda tövbə edilməsi tələb olunur. O cümlədən, nalayiq sözlər danışmaq, insanları təfriqəyə, ikitirəliyə təhrik etmək və s. bu qəbildəndir. Burada başqa qanunlar da mövcuddur ki, onları pozduqda qanun pozucusu kollektiv qarşısında öz səhvini e’tiraf etməlidir. Rahiblər üçün sangəhdən çıxdıqdan sonra riayət etmələri tələb olunan bir çox qanunlar qoyulmuşdur. Bu qanunlar pozulduğu təqdirdə rahiblər davamlı əzab-əziyyətə düçar olacaq, qurtuluş mənzilindən uzaqlaşacaqlar. Bu qanunlar aşağıdakılara şamil olunur:

Münasib paltarlar geymək, bədənin müvazinətini saxlamaq, baxışlarını aşağı dikmək, ucadan gülməmək, səs-küy salmamaq, əli-ayağı yellətməmək və s.

Sarı rəngli əba geymək, başın və üzün tüklərini qırxmaq, dilənçi kasası gəzdirmək də sangəhdəki adətlərdəndir. Rahiblər hər gün axşam günəş batanda öz dilənçi kasalarını əllərinə alıb buddistlərin evlərinə gedir, düyü və digər qida məhsulları alırlar. Qayıtdıqdan sonra bunları bir yerə toplayır və onlardan bir öynəlik günorta xörəyi hazırlayırlar. Adətən gün ərzində həmin bir öynəlik yeməklə kifayətlənirlər. Günortadan qeyri vaxtlarda Budda rahiblərinin birdən artıq dilənçi kasası, alt paltarı, dərviş əbası, iynə-sap və bir üzqırxan ülgücdən əlavə əşyalara malik olmağa haqları yoxdur. Hətta dini kitablar və qeydlər də onların şəxsi mülkiyyəti sayılmır və sangəhin ümumi malı hesab olunur.

Burada Budda rahiblərinin monastırı, mə’bəd və ondan xaricdə riayət etməli olduqları bə’zi adət, norma və qayda-qanunlarla tanış olduq. Qeyd etmək lazımdır ki, bütün bu qayda-qanunlara riayət etmək nirvanaya qovuşmağa zəmanət üçündür. Təbiidir ki, bu qədər ağır və üzücü qayda-qanunlar buddistlərin hamısı üçün nəzərdə tutulmamışdır və bu ayinin adi ardıcıllarının daha yüngül vəzifələri vardır. Bu vəzifələrdən bə’ziləri aşağıdakılardan ibarətdir:

Ruhani aparatına hədiyyələr vermək – gəzib dolaşan rahiblərin kasasına bir neçə düyü dənəsi tökməkdən tutmuş rahibə paltar tikilişi üçün bir parça və ya paltarın özünü verməyə qədər, mə’bəd və monastır tikmək, tə’yin olunmuş vaxtlarda dua mərasimlərində iştirak etmək və s. vəzifələr.

Diqqətəlayiq məqam bundan ibarətdir ki, buddizmin sıravi ardıcılları bu kimi vəzifələri yerinə yetirmələrinə baxmayaraq, nicat və qurtuluşa və ya nirvanaya nail olmurlar. Onlar yalnız özlərini daha layiqli bir məqama, mərhələyə yüksəldə bilər və yeni həyatda, yenidən doğulmalarda mə’nəviyyat və qurtuluşa olan şövq baxımdan daha yüksək və ali bir mövqeyə çata bilərlər. Belə olan halda rahiblər cərgəsinə qoşulmaq və qurtuluş yolunu qət etməyə daha artıq hazır ola bilərlər.

Buddistlərin ən mühüm və ən kamil müqəddəs kitabı “3 səbət” mə`nasını daşıyan “Teripitaka”dır. Bu 3 səbət aşağıdakılardır:

1. Nizam-intizam səbəti; Buddizmi təzə qəbul edən şəxslərə, yaxud rahiblərə və yüksək səviyyəli buddistlərə aid qanunların icrasına nəzarət edir (bu qanun və normaların bə`zilərinə toxunuldu);

2. Tə`lim səbəti - Buddanın tə`lim və polemikalarından təşkil olunub;

3. Hekayələr səbəti.

Bu bölmədə buddizmin nəzəri bəhsləri, mürəkkəb və zərif psixoloji məqamları verilmişdir. Bu səbət əslində tə’lim səbətinin icmal və şərhidir. Burada hekayə və təmsillərdən istifadə yolu ilə Buddanın nəzəriyyə və e’tiqadlarının şərhi verilir. Buddanın nəzəriyyə və e’tiqadlarından ibarət olan tə’lim səbətinin özü də Buddanın xütbə və çıxışlarının həcminə müvafiq olaraq genişdən yığcama doğru ardıcıllıqla verilmiş və asketizmə, buddizmlə brahmanizm arasında əlaqə, səbəb-nəticə silsiləsi, sinfi quruluş barədə Buddanın fikirləri, dinin digər əsaslarının araşdırıldığı beş məcmuədən ibarətdir.

Bu üç səbətdən başqa buddistlərin “Athakatha” deyərək hörmət bəslədiyi bu səbətlər barəsində digər təfsirlər məcmuəsi də qalmışdır.

1. Buddizmin ilk ibadət ayini hansı olmuşdur?

2. “Sangəh”in mə`nası nədir?

3. Buddizmin ən mühüm mə’nəvi əməli hansıdır?

4. Ruhlar evi hansı məqsədlə yaradılmışdır?

Buddizmin ən mühüm müqəddəs kitablarının adlarını sadalayın.

Buddizm ayini genişləndikdən sonra onun yayılmağa başladığı birinci yüzillikdə Buddanın tə`limlərinin prinsip və əsaslarının izah, qənaət və dəyərləndirmə forması ətrafında Buddanın şagirdləri arasında kəskin fikir ayrılığı yarandı. Bu təfriqə və ixtilaf son nəticədə Budda ardıcıllarının parçalanmasına və iki əsas firqənin yaranmasına səbəb oldu. Qeyd olunan firqələrin yaranmasına iki mühüm və əsas amil səbəb olmuşdur:

1. Buddanın bir çox ideoloji məsələlərdə, o cümlədən Allaha və ya mə’budlara inanıb-inanmamaq, Allaha sitayiş etməyin zəruri olub-olmamasında, ölümdən sonrakı həyatı barədə aydın, şəffaf mövqe seçməməsi qarşıya çıxan ixtilafların ilkin səbəbi idi. Tədqiqatlar insan cəmiyyətinin, o cümlədən qədim Hindistan cəmiyyətinin Buddadan çox əsrlər öncə Allaha, fövqəl-təbii həqiqətlərə və ölümdən sonrakı həyata e’tiqad bəslədiyini, daim axirətə müəyyən mə`nada ümidli olduğunu, onların həyatında mə`buda və ya mə`budlara ehtiyacın mövcudluğunu göstərir. Buna əsasən demək olar ki, həmin dövrdə yaşayan insanlar yaranmaqda olan yeni ayində (buddizmdə) qeyd olunan məsələlərə mövqe birdirilməsini gözləmişlər. Buddanın şagirdləri əksər hallarda brahmanizmin kasta sinfi quruluşundan mə`yus olduqlarına, eləcə də ardıcıl doğulmalar, tənasüxlərdən keçirdikləri iztirab və təşvişlərə görə bu ayinə meyl göstərmiş, digər ideoloji prinsiplər onlar üçün o qədər də şəkk-şübhə və narahatlıq yaratmamışdır. Məhz bu səbəbə görə Buddanın şagirdləri və onun canişinləri brahman ayinində (qədim hinduizmdə) mövcud olan bir çox ideoloji əsas və elementləri buddizmə əlavə etmişlər. Belə ki, həmin ideologiyaları Buddanın yeni tə`limlərinə zidd hesab etmirdilər.

1   ...   5   6   7   8   9   10   11   12   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə