Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər




Yüklə 1.44 Mb.
səhifə8/26
tarix27.02.2016
ölçüsü1.44 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

Həmin dövrə qədər firavan, sakit və sağlam həyat sürən, heç bir əzab-əziyyət və məşəqqət görməyən, əzabın dadını dadmayan şahzadə bu səhnələri gördükdə həyatda yeni-yeni reallıqları, varlıq aləminin yeni-yeni təsvirləri gözü önündə canlanmışdır. O, artıq başa düşmüşdür ki, həyat əzab-əziyyətlərlə qarışmışdır; cavanlığın, şadlığın sonu qocalıq və ölümdür; yalnız zahidlik və təfəkkürlə bu qədər əzab-əziyyətlərdən xilas olmaq mümkündür. Bu zaman onda dərin psixoloji dəyişikliklər baş vermişdir. O, ailəsi və övladından, taxt-tacından və imarətdən əl çəkib zahidlik və rahiblik yolunu seçmək qərarına gəlmişdir. Buna görə də başını qırxmış, rahiblərə məxsus olan paltar geyinmişdir. Qədim hind kitablarından birində Buddadan belə nəql olunur: “ - Qara saçlarıma dən düşmədiyi gənclik dövrümün gözəllik və qüdrətinə, məndən ayrıldıqlarına görə matəmə bürünərək ağlayan valideyn və qohumlarımın istəklərinə, xahişlərinə baxmayaraq saçlarımı qırxaraq əynimə sarı köynək geyinib pərişan və sərgərdan öz yurd yuvamdan çıxdım.”

Siddharhta öz seyr-süluk və həqiqətlərin kəşf olunması dövrünü insani əzab-əziyyətlərə cavab axtarmaqla başladı. Bu məqsədlə brahmanların qurtuluş üçün ən məqbul metodunu tətbiq etdi. Başqa sözlə, insanların varlıq aləmi ilə əlaqəsi barədə dərin düşüncələrə qərq oldu. Bu məqsədlə dağdakı bir mağarada yaşayan 2 brahman filosof və yoqa qoşuldu. Ancaq, onların tə’limlərinin əsasları da onun ruhundakı yanğını söndürüb onun suallarına münasib bir cavab tapa bilmədi. Buna görə də asketizmlə məşğul olmağa başladı. Bu elə caynizm ardıcıllarının nicat və qurtuluş üçün tövsiyə etdikləri yol idi. O, altı il ciddi şəkildə zahidlik və asketizmlə məşğul oldu və bu müddət ərzində hər gününü bir neçə küncüd, düyü və ya bir meyvə ilə keçinirdi. Bu vaxt ərzində o qədər zəifləyib arıqlamışdı ki, bir dəri və bir sümükdən başqa ondan bir şey qalmamışdı. Siddharhta bu dövrdəki fiziki vəziyyətini belə təsvir edir:

“ - Günümü bir meyvə ilə keçirdiyim dövrdə bədənim son dərəcə zəifləmişdi. Əllərim və ayaqlarım nazik çubuğa, fəqərə sütunlarım bir-birinə dolaşmış iplərə oxşayırdı; arıq qabırğalarım dərimin altında titrəyirdi. Gözlərim dərin bir quyunun dibindən işıldayan iki ulduza bənzəyirdi. Bədənimin və başımın dərisi istidən qurumuş balqabaq qabığı kimi qırışmıdı...”

O, bu qədər məşəqqət və asketizmə dözməsinə baxmayaraq, istədiyi nəticəni ala bilmədi. Siddharhtanın özü bu barədə deyir:

“ - İnsan üçün dözülməz olan bu qədər məşəqqətlərə baxmayaraq, yenə də həqiqətin dərkindən ibarət olan son məqsədimə və ali məqamıma çata bilmirəm. Nə edim? Bəlkə məqsədə çatmaq üçün başqa bir yolla getmək lazımdır?”

Bir gün Siddharhta zəiflik və aclıqdan huşunu itirir. Onunla olan brahmanlar onun öldüyünə əmin olurlar. Lakin, bir müddətdən sonra ayılır, sürünə-sürünə özünü bir arxa çatdıraraq bir qurtum su içir və yenidən canı bədəninə qayıdır. Bu hadisədən sonra özünə xitabən deyir:

“ - Belə nəfsani əziyyət və cismin tərk olunması son nəticədə məni məqsədə çatdırmadı. Artıq cismimin ruhumu daşımağa taqəti yoxdur, ona azacıq yeməklə qüvvə verməliyəm.”

Buna görə də dilənçi bir kasası götürərək və yemək dilənmək üçün yola düşür. Onunla yoldaş olan rahiblər bu vəziyyəti gördükdə onun yoldan azdığını, nəfsani istəklərə giriftar olduğunu təsəvvür edərək ondan ayrılırlar. Siddharhta bu mərhələdə dərin düşüncələrdən sonra belə bir nəticəyə gəlir ki, nicat və qurtuluşa çatmaq yolunda ən böyük sədd, maneə və insanın bütün bədbəxtliklərinin səbəbi onun nəfsani istəkləridir. İnsanı kamal və qurtuluş yolundan uğursuzluğa, məğlubiyyətlərə sapdıran da bu meyllər və həvayi-nəfsdir. Buna görə də nəfsani istəklərdən azad olmaq üçün mütləq təslimçilik və razılığa üz tutmalı, insanın nəzərində şadlıq və kədər, əzab-əziyyət və ləzzət eyni olmalıdır. O, bu həqiqəti tapdıqdan sonra artıq öz məqsədinə çatdığını, fəna mənzilinə - nirvanaya nail olduğunu hiss edir. Bundan sonra onu “budda”, yə’ni “elm nuru ilə parlayan” adlandırdılar və bu ad onun, bünövrəsini qoyduğu məktəb və dində də qalmışdır.

Budda həqiqət axtarışları dövrünü dörd prinsip əsasında və həqiqət prinsipləri adı ilə təqdim etmişdir:

Birincisi, hər bir varlıq və vücud dərd və əzab-əziyyətlə çuğlaşıb. İkincisi, bütün əzab-əziyyətlərin səbəbi nəfsani istəklərə və həvayi-həvəslərə yönəlməkdir. Bu tələbat isə zatən heç vaxt tə’min olunmaz. Üçüncüsü, bu meylləri və nəfsani arzuları yatırtmaqla bütün ağrı-acılara məlhəm qoyulacaqdır. Dördüncüsü, istəkləri neytrallaşdırmaq, əzab-əziyyətlərə son qoymaq üçün mö’tədil bir yol seçmək lazımdır (Nə sırf təfəkkür və düşüncə, nə də tam asketizm və rahiblik yolu).

Bu mö`tədil mövqenin özü də səkkiz ünsür və ya mərhələdən ibarətdir:

Düzgün iman, düzgün düşüncə, düzgün danışıq, düzgün əməl, düzgün yaşayış, düzgün sə’y, düzgün diqqət, düzgün müraqibə.

Budda bu barədə belə deyir: “ - Mənim bu dörd müqəddəs və kamil həqiqətin hər biri barədə bilik və görüşlərim kamilləşən kimi nə asimanlarda, nə də yerdə ondan irəliyə gedilməyən üstün bir elmə yiyələndiyimə əmin oldum. İndi azadlıq mənim qəlbimdə kök salaraq möhkəmlənib. Bu mənim yekun vücudumdur. Mən yenidən dünyaya gəlməyəcəyəm.”

Beləliklə, Budda tənasüx (samsara) və davamlı doğumlardan fərqli bir şey olan həqiqəti kəşf etdiyinə əmin oldu. Buna görə də o, özünü əzab-əziyyətlərdən, vəhşətlərdən xilas olmuş görür və nirvanaya qovuşmuş sayırdı.

Bundan sonra Budda öz ayinini təbliğ etmək və camaatı ona də’vət etmək qərarına gəlir. Bu din ədalətsizlik və brahmanın sinfi quruluşu rədd etdiyindən caynizmin dözülməz asketizminə də icazə verilmədiyindən, digər tərəfdən tənasüx problemini həll etdiyi iddiasında olduğundan Hindistan cəmiyyəti tərəfindən geniş müdafiə olunaraq sür’ətlə yayıldı. Budda o dövrdə tezliklə öz ətrafında çoxlu ardıcıl toplaya bildi. Əvvəllər şagirdləri moizəsinə qulaq asmaq üçün ətrafına toplaşırdılar. Bir müddətdən sonra isə uzaq məntəqələrdə yaşayan camaat da onun moizələrini eşitmək istədiklərinə görə o, öz şagirdlərini moizə üçün müxtəlif məntəqələrə göndərməyə başladı. Yavaş-yavaş onun ardıcılları və müridlərinin sayı artmağa başladı; Budda onlar üçün “singə” adlanan monastırlar açdı. Bu monastırlarda nizam-intizam yaratmaq üçün bir sıra qanunlar müəyyən edildi və hamı bu qanunlar qarşısında bərabər idi. Həmin qanunlar aşağıdakılardan ibarət olmuşdur:

Sarı paltar geymək, saçı və saqqalı qırxmaq, əlinə dilənçi kasası almaq, müəyyən bir saatda sükuta qərq olmaq (meditasiya), müraqibə və təfəkkürlə məşğul olmaq, aşağıdakı məzmunda olan bir zikri təkrarlamaq: “ - Mən Buddaya qovuşuram və haqq şəriət olan dharmaya iman gətirmişəm, haqq şəriətə sığınıram və singəlin pənahında dinclik axtarıram.”

Bu qaydalardan əlavə aşağıdakı on prinsipə də riayət olunmalı idi:

1. Canlıları öldürməkdən çəkinmək;

2. İnsanın ona əta olunmayan malı ələ keçirməkdən çəkinməsi;

3. Həyasızlıq və pozğunluqdan uzaq olmaq;

4. Vərh də yakaylay epau okvau$

5. Sərxoşluqdan və şərab içməkdən uzaq olmaq;

6. Çox yeməkdən və qarınqululuqdan imtina etmək;

7. Rəqs, musiqi və kef məclislərinə tamaşa etməkdən çəkinmək;

8. Zinət əşyaları və ətirdən istifadədən, bəzənməkdən uzaq olmaq;

9. Yumşaq yataqlarda yatmamaq;

10. Pul (qızıl və gümüş) qəbul etməmək.

Bu on prinsip buddizmin fundamental əsasları hesab olunur. Budda dininə inanan hər bir şəxs onlara dərindən inanmağa və riayət etməyə borcludur. Əgər qanunları pozarsa və bu prinsiplərin ziddinə iş görərsə, günahlarının yuyulması üçün öz dindaşları, monastır rahiblərinin iştirakı ilə ayda iki dəfə keçirilən yığıncaqda günahlarını e`tiraf etməlidir. Bu metodun xristianlıqla nə qədər oxşar olduğunu görürük. Bu ayin zaman baxımından xristianlıqdan əvvəl yarandığına görə buddizmin onun tə’sirinə düşdüyünü iddia etmək olmaz. Bəlkə də demək olar ki, xristianlığı bürümüş təhriflərdən biri də buddizm dinində mövcud olan və sonradan xristianlığa keçən “günahların e`tirafı”dır.

Bu dərsin əvvəlində qeyd olunduğu kimi, Budda ilə caynizm dinləri arasında müəyyən oxşarlıqlar vardır. Belə ki, nicat və qurtuluş, tənasüxdən və ardıcıl doğumlardan xilas olmaq hər iki dinin məramlarındandır. Brahmanizmdə zülmkar kasta sinifli cəmiyyətindən xilas olmaq da bu iki dinin oxşar xüsusiyyətlərindən sayılır. Bundan əlavə, hər iki din bir sıra göstəriş, ideoloji prinsiplər və əxlaqi normalarda müəyyən oxşarlıqlara malikdir. Ancaq, bu iki dinin arasındakı əsaslı fərq rəftar üslubu və bu rəftarların me’yar və sərhədlərdədir. Nümunə kimi qeyd etmək olar ki, caynizm tam və ağrılı asketizm üzərində qurulmuşdur. Bə’zən bu asketizm ölüncəyə qədər davam etməli; onlar bütün cinsi və instinktual ehtiyaclardan çəkinməlidirlər. Bu ayində nəfsani şəhvət və instinktlər insani dəyərlərə zidd hal kimi qiymətləndirildiyi halda buddizmdə ən mühüm məsələ dünyəvi ləzzətlərdə və maddi işlərdə ifratçılıqdan çəkinməkdir. Bu ayində çox çətin asketizm də tövsiyə olunmamışdır və bunun müqabilində hər bir işdə mö’tədillik məsləhət görülür. Yə’ni, caynizm ayininin əksinə olaraq, burada cinsi ehtiraslar mütləq şəkildə qadağan olunmur, yalnız fahişəlik, zinakarlıq yasaqlanaraq ondan çəkindirilir. Buddizmdəki bu liberallıq və mö`tədillik onun sür’ətlə genişlənib inkişafına səbəb oldu. Cəmiyyətin bütün təbəqələrindən olan insanlar bu dini qəbul edərək “singələrin” - Budda monastırlarının inkişafı və genişlənməsi üçün külli miqdarda vəsaitlərini böyük həvəslə hədiyyə və nəzir kimi təqdim edirdilər. Caynizm buddizmdən bir əsr öncə meydana gəlməsinə baxmayaraq, özünə çoxsaylı tərəfdar toplaya bilməmişdi. Belə ki, bu gün həmin dinin ardıcıllarının sayı 12-13 milyon nəfərdən artıq deyil.

Nəhayət Budda 35 il moizədən və öz ayinini təbliğ etdikdən sonra 80 yaşında öldü. Buddizm mənbələrində qeyd olunur ki, o, ölümündən qabaq öz ardıcıllarına etdiyi axırıncı tövsiyəsində demişdir:

“ - İndi ey qardaşlar, agah olun ki, hər bir mürəkkəb varlığın yoxluq və fənaya uğraması qəti və mütləqdir; sə’y və zəhmətlə öz xilasınızı tapın.”

1. Budda nicat və qurtuluşa çatmaq üçün hansı yolları keçdi?

2. Buddaya görə insanların əzab-əziyyətlərinin əsas amili nədir?

3. Budda əzab-əziyyətdən və möhnətdən xilas olmaq üçün hansı yolu təklif edir?

4. Budda və caynizm arasında hansı oxşar və fərqli xüsusiyyətlər var?

Keçən dərsdə qeyd olundu ki, buddizm əqidə və tə’limlərinin əsasları həyati çətinliklərə, ondan xilas olma yollarına aiddir. Bu dərsdə bir daha həmin məsələni araşdırırıq.

Buddanın özü tənasüxdən, ardıcıl doğulmalardan xilas olmaq, dünyəvi əzab-əziyyətlərdən qurtarmaq üçün uzun-uzadı və üzücü asketizmə üz tutmuş, qurtuluş mərhələsinə nail olduqdan sonra öz ayinini təbliğ edib yaymağa başlamışdır. O, bütün zəhmət və sə`ylərini insanın əzab-əziyyətlərinin səbəbini və bundan qurtuluş yollarını öz ardıcıllarına açıqlayıb izah etməyə çalışırdı. Buna görə də buddizm tə’limlərinə hakim olan ruh, kəlami və fəlsəfi olmaqdan daha çox psixoloji və əxlaqidir.

Buddanın tə’lim verdiyi ilk qrup əvvəl ondan ayrılan, lakin nirvanaya qovuşduqdan sonra Buddaya qoşularaq onun şagird və müridlərindən olan 5 rahib olmuşdur. Budda onlara xitab edərək deyərdi: “ - Qulaqlarınızı açıb eşidin ey rahiblər! Ölümdən xilas yolu tapılmışdır. Bunu mən sizə öyrədəcəyəm.” Sonra dörd ali həqiqəti onlar üçün şərh etmişdir. Bu dörd ali həqiqət əslində onun dəfələrlə ardıcıllarına izah etmiş olduğu buddizmin əsas ideoloji prinsiplərini təşkil edirdi. O, rahiblərə müraciətində bu dörd prinsipi belə bəyan edir:

1. “Ey rahiblər! Ümumbəşəri əzab-əziyyətin ali həqiqəti budur: doğulmaq doğrudan da əzabdır, qocalıq əzabdır, xəstəlik əzabdır, ölüm əzabdır, xoşagəlməz şeylərlə birgə olmaq əzabdır, xoşa gələn şeylərdən uzaqlaşmaq əzabdır, arzulara çatmamaq əzabdır. Bir sözlə - dünyaya bağlılıq əzabdır.”

2. “Ey rahiblər! Əzabların mənşəyinin ali həqiqəti budur: əzabların mənşəyi ikinci dəfə doğulmaqla nəticələnir, şəhvət, arzu və meylləri yaradan; hər bir yerdə arzularına nail olmaq və xoş güzərana çatmaq istəyən nəfsani istəklərdir. Nəfsin həmin o arzuları bunlardır: şəhvət yanğısı, varlıq yanğısı və hakimiyyət yanğısı.”

3. “Ey rahiblər! Əzablardan xilas olmağın ali həqiqəti budur: əzablardan xilas olmaq elə nəfsani arzulardan xilas olmaq deməkdir. Onu tərk etmək, ondan üz döndərmək, ondan azad olmaq və ondan qırılmaqdır. Ondan elə ayrılmaq lazımdır ki, heç bir əsər-əlamət qalmasın.”

4. “Ey rahiblər! Budur ali həqiqət, budur əzab-əziyyətdən qurtuluşa aparan yol! O yol əslində həmin səkkiz yoldur...” (Səkkiz yol barədə keçən dərslərdə qısaca bəhs olunub, növbəti dərsdə onlar haqda ətraflı mə`lumat veriləcək).

Buddanın əqidəsinə görə, insan həyatında əzab-əziyyət və qəm-qüssə şadlıqdan daha çoxdur. Hətta Buddanın “ - Doğulub dünyaya gəlməsəydim daha yaxşı olardı” dediyi dərəcədə çoxdur. O, inanırdı ki, insanların öz əzizlərini itirməyin dərd-qəminə görə axıtdıqları göz yaşları dörd okeanın sularından daha çoxdur. Ancaq, bir gün şagirdlərdən biri onun bu qəbil tə’limlərindən “ - Mənə elə gəlir ki, qəm-qüssədən qurtarmaq üçün intihar etmək lazımdır” - qənaətinə gəldikdə Budda bu nəzəriyyəni qətiyyətlə rədd edərək cavab vermişdir: “ - Özünü öldürmək faydasızdır; çünki ruh bu dünyada paklaşmasa, hökmən sonrakı tənasüxlərdə yenidən doğulacaq və sonrakı həyatda məşəqqəti davam edəcəkdir.” Buna görə də o, əzab-əziyyətdən qurtarmağın yeganə yolunu daxili və ruhi paklaşmada görürdü. Belə olan halda insanın şadlıq, asayiş sahilinə çatmasını mümkün hesab edirdi.

Buddistlərin müqəddəs kitabı “Damapada” qəm-qüssənin, dünyaya bağlılıq və asılılığın əsas amili hesab olunmaqla asılılıqlardan yaxa qurtarmağın mütləq sevincin rəhni olduğu göstərilir. “ - Qəm-qüssə də, qorxu da sevinc və şadlıqdan yaranır. Hər kəs şadlıqlardan xilas ola bilsə, qəm-qüssənin əsarətində olmasa qorxu nədən yaranar?”, “ - Dünyaya yuxulardakı bir köpük və ilğım kimi bax; ölüm mələyi dünyaya belə bir nəzərlə baxan şəxsi görməz”, “ - O kəsi həqiqi brahman hesab edirəm ki, samsaranın və əhrimənin kələ-kötürlü yolunu keçmiş olsun, bu dünyanı, onun əbəs işlərini adlayıb sonuna çatsın və onun sahilinə qədəm qoysun. İstək və meyllərin əsarətindən xilas olub diqqət məqamına çatsın; şəkk-şübhədən azad olsun, varlıq əsarətindən qurtarsın və ruhi sakitlitk qazansın.” Bunun ardınca deyilir: “ - Əsil şadlıqda hər bir düşmənçilikdən uzaq asayişdəyik. Bu düşmənçilik dünyasında kin-küdurətli camaatın arasında kinimiz yoxdur. Əsil şadlıq və asayişdəyik; xəstələr arasında sağlamıq, xəstəliklər içrə heç bir xəstəliyimiz yoxdur. Əsil şadlıqda və asayişdəyik; əzab-əziyyət çəkənlərin qəm-qüssəsindən azadıq, əzab çəkənlərin arasında heç bir kədərimiz yoxdur. Şadlıq və sevincə heç bir bağlılıqları olmayan mütləq şadlıqla həyat sürə bilər...”

Budda insanın əsas çətinliklərinin fəlsəfi və nəzəri bəhslərdə deyil, idrak və hisslərdə görür. O deyir: “ - İnsan bütün sə’y və bacarığını istəklərinə, şəhvət və ehtiraslarını dərk edib onlara hakim kəsilmək üçün sərf etməlidir. Çünki insanın həqiqi xeyir və mənfəəti də bu işlərdədir.” Bu barədə deyir: “ - Mən nə haqda danışmışam? Mən bədbəxtlik və ehtiyac barədə danışmışam. Bədbəxtliyin mənşəyini izah etmişəm. Nikbətli aqibət barəsində danışmışam, eləcə də ümumbəşəri bədbəxtlik, nikbət və yoxsulluğa son qoyan iman barədə izah vermişəm. Nə üçün məhz bu məsələləri önə çəkmişəm? Çünki fayda yalnız bunlardadır. Bunlar dinin əsas bünövrələridir, insanı dərd, əzab və məşəqqətlərdən nicat və mütləq ağıl və nirvana yoluna yönəldər.” Sonra deyir: “ - Mən aləmin qədimliyi, dünyanın əzəli olması barədə izah, varlığın məhdud və ya qeyri-məhdud olması haqda heç bir şərh verməmiş, ruhla cismin vəhdəti, kamal mərhələsinə çatdıqdan sonra onun əbədi qalması barədə heç bir şey deməmişəm. Kamil insanın ölümdən sonra qalması və ya məhvi barədə söhbət açmamışam. Çünki bu kimi bəhslər dinin əsası deyildir.”

Bu məsələləri qaldırmaqla Budda əslində öz e’tiqad və təfəkkürünün əsas prinsiplərini təqdim etmişdir. O, öz əqidəsinə görə dinin əsaslarına aid etmədiyi mövzu və bəhslərdən yan keçərək onlara heç bir münasibət bildirməmişdir. Buna görə də əzab-əziyyətdən xilas olaraq kamal və qurtuluşa çatmaq üçün Buddanın təklif etdiyi yol və metod da - yuxarıda göstərilən mövzu və məsələləri öyrəndikdən sonra - nəfsin təmizlənməsi, bütün maddi-şəhvani-nəfsi istəklərdən çəkinməyə əsaslanır.

Əlbəttə, Budda bütün bu məsələlərdə ədalətə riayət olunmasını əsas şərt hesab edir (bu bəhs sonrakı dərsdə araşdırılacaq). Onun fikrincə, fəlsəfi bəhslərlə məşğul olmaq əbəs və bihudə bir işdir, onlardan mümkün qədər çəkinmək lazımdır. Onun ayini də bu kimi məsələlərdə bitərəf mövqe tutur. Buddanın hindlilərin diqqət və maraq göstərdikləri bə’zi e’tiqadlara, o cümlədən mə’budlara e’tiqad, mə’budlar üçün qurbanlıq kəsmək, razi-niyaz edib onların qarşısında ibadət etmək kimi məsələlərə diqqət yetirməyib susması təəssübkeş hindusların Buddanı dinsizlikdə ittiham etməsinə səbəb oldu. Bununla belə, onun doğrudan da allaha və mə’budlara inanmaması, yaxud imanlı bir şəxs olması namə`lumdur.

İzah edilməli olan məqam budur ki, bə`zi dinşünaslar, o cümlədən Radha Krişnan ümumiyyətlə Buddanın kamil bir dinin əsasını qoymaq fikrində olmadığını; onun qəlbini narahat edən məsələnin yalnız insanların qarşılaşdıqları çətinliklər, əzab-əziyyət və bunlardan çıxış yolu olması qənaətindədirlər. Buna görə də zahidlik, dünyəvi bağlılıqlardan çəkinmə, nəfslə mübarizə və düşüncəyə əsaslanan bir ayin yaratmışdır. Sonralar ardıcıllarının çoxalması və inkişaf edib genişlənməsi nəticəsində müasir buddistlərin mə’bədi sayılan “təfəkkür və müraqibə” monastırları tikilmiş, bu ayinə bə’zi əxlaq normaları və prinsiplər əlavə edilmiş və tədricən müəyyən bir din formasını almışdır. Bu baxımdan, böyük dinlərdə araşdırılan dinlərin mövqelərinin açıqlandığı bir çox məsələlərdən Budda ayinində bəhs olunmur. Buddizmdə allaha, ölümdən sonrakı dünyaya inanıb-inanmamaq, istəklərin vahid allahdan, yaxud çoxsaylı mə’budlardan dilənməsi, razi-niyaz etmək və s. məsələlərdən sükutla keçmişdir. Hətta, Buddanın söylədiyi söz və yozumu onun qeyd olunan məqamlara riayət etməməsini xatırladır. Misal olaraq onun öz çıxışlarının birində Allahı görmədiyi halda onun barəsində danışan şəxsi məsxərəyə qoyduğunu göstərmək olar. Budda elə insanları öz mə’şuqunun eşqində qərq olan, amma onun kim olduğunu bilməyən bir aşiqə bənzədir. Məhz bu kimi ifadələrə görə müasirləri olan brahmanlar onu dinsizlik və mürtədlikdə ittiham etmişlər. Əlbəttə, Buddanın qeyd etdiyi tə’birləri irfani baxımdan əsaslandırmaq olar. Çünki, müsəlman ariflər də öz kəlamlarında bu kimi ifadələrdən istifadə etmişlər. Ancaq, bilmək lazımdır ki, İslam irfanı ilə buddizmin fərqi yuxarıdakı məsələ barədə İslam irfanının “haqqın görünməsi”ndən söz olaraq Allahı çağıran, ancaq, Onu şühud etməyən şəxsi etdiyi halda buddizm bu məsələnin üstündən sükutla keçmiş və Tanrı barədə danışmağı öz səlahiyyəti çərçivəsində bilməmişdir.

Digər tərəfdən, buddizmin allah məsələsinə diqqət yetirməməsi əvvəla, Buddanın ardıcıllarının ondan sonra bu məsələ barədə dərindən düşünmələrinə və allaha qovuşmaq üçün yol axtarmaqlarına səbəb oldu. Bu arada onlardan bir qrupu Buddanın ümumiyyətlə insan deyil, fövqəlinsan olması nəzəriyyəsinə meyl etdi. Buna görə də ona ilahi sifətlər aid edib sitayiş predmetinə çevirdilər. Bu e’tiqada əsasən Budda qədim varlıq, mütləq bilik, mütləq elm, mə’budların və bəşəriyyətin xilaskarı kimi təqdim olunurdu. Müasir buddist mə’bədlərində Buddanın çoxsaylı heykəlləri sair şərq dinlərində, o cümlədən hinduizmdə mövcud olan mə’budları, bütləri əvəz etmiş və onun ardıcılları öz dini rituallarını həmin heykəllərin qarşısında yerinə yetirirlər.

Karma və samsara qanunu da buddizmin ideoloji prinsiplərindəndir. Bu iki prinsip əslində brahman ayinindən götürülmüş sonradan müəyyən dəyişikliklər və əlavələr edilmişdir.

Buddanın e’tiqadına görə, insan hansı təbəqə və hansı sinifdən olmasına baxmayaraq, öz ruhunda və nəfsində elə dəyişikliklər yarada bilər ki, həyatının keçmiş dövrlərindəki çirkin əməl və günahların aqibətindən xilas olsun. Bu prinsipə əsasən, insan öz nəfsani istəklərinə və ehtiraslarına tamamilə qələbə çalıb “ərhət” (kamil insan) mərhələsinə çatarsa, karma qanunu onun üçün tə’sirini itirəcəkdir. Artıq o, bundan sonra ardıcıl doğumlar nəticəsində kastanın dörd təbəqəsi arasında enib-yüksəlməyə məhkum olmayacaqdır. Həyat və əbədiyyətə meyilli olan, öz maddi bağlılıqlarına sadiq qalan şəxslər isə öldükdən sonra öz nəfslərini kamilləşdirmək üçün yenidən dünya həyatına nazil olmağa məcbur olacaqlar.

Digər bir prinsip olan samsara (tənasüx) əsasən ruh bir cismdən digər bir cismə keçə bilər. Əlbəttə, bu yozum Buddanın nəzərincə zehni və mə’nəvi anlayışa bənzəyir. Buddist kitablarının birində deyilir: “Sultan Milində həkim Nagsinədən soruşur: - Birinci cismdən ikinci cismə heç bir şey varid olmadan, yenidən doğulub həyat sürmək mümkündürmü?

Həkim cavab verir: - Bəli.

Şah deyir: - Misal göstər.

Həkim deyir: - Kimsə şamı başqa bir şamın işığında yandırdıqda, birinci şamın işığı ikinci şamın cisminə keçirmi?

Şah deyir: - Xeyir.

Həkim deyir: - Həyatın yeniləşməsi də buna bənzəyir.

Həkim başqa bir misal göstərib deyir: -Müəllim öz şagirdinə bir şey öyrətdikdə, elm və kəlam onun cismindən şagirdin cisminə varid olurmu?

Şah deyir: - Xeyir.

Sonra həkim izah edərək deyir: - Yenidən doğulma da eynilə müəllimin dilindən şagirdin yaddaşına keçən zehni bir anlayış kimidir; bu halda müəllimin ruhu və cisminin maddəsi şagirdə nəql olunmur.”

Eyni zamanda Budda inanırdı ki, insanın ruhu və nəfsi maddi asılılıqlardan qurtarıb fəna mərhələsinə və nirvanaya çatdıqda, ruh və cismindən heç bir şey qalmır ki, ölümdən sonra insanın cismindən başqasının cisminə keçə bilsin.

“Nirvana” sanskrit dilində şamın və çırağın sönməsi kimi “sönmüş” mə’nasında işlənən sözdür. Buddizm inanclarına görə insan öz nəfsani istəklərini, dünyəvi asılılıqlarını söndürməklə dünyanın əzab-əziyyətindən və yeni doğulmalardan yaxa qurtarıb fəna mərhələsinə nail olur. Bu mərhələ buddizmdə son səadət və qurtuluş kimi təqdim olunmuşdur.

1. Budda əzab-əziyyətdən qurtarmaq üçün intiharı düzgün yol hesab edirdimi? Nə üçün?

2. Buddanın fikrincə insan şadlığa nə zaman nail ola bilər?

3. Buddanın allah barədə fikri nədir?

4. Buddanın ardıcılları ölümündən sonra onu hansı məqamda görürdülər?

Buddanın dörd ali həqiqətini qısaca bəyan edin.

Keçən dərslərdə buddizmin əsas məqsəd və məqamı insanı dünyanın qəm-qüssə, əzab-əziyyətlərindən xilas etmək olduğunu öyrəndik. Sonra bəyan etdik ki, Budda bu məqsədə çatmaq üçün dörd həqiqəti çıxış yolu kimi təqdim etmişdir. Bu dörd həqiqətin ortaq xüsusiyyəti vücud baxımından insanın varlıq aləminə bağlılığı onun bütün əzab-əziyyətlərinin əsas amili olmasındadır. Bu baxımdan buddizmin varlıq aləmi haqdakı baxışları müəyyən mə`nada bədbinlik və pessimizmlə qarışmışdır. Belə ki, bu ayinin əxlaqi tövsiyələrinin çoxu arzuların tərk edilməsi, istək və meyillərin cilovlanmasına dəlalət edir. Bu ayinin tə`lim və göstərişlərinin mənfi, məhrumedici xarakterinə baxmayaraq, müsbət yönlü tövsiyələr də gözə çarpır. Belə ki, bir sıra müsbət əxlaqi keyfiyyət və dəyər nəzərə alınmış, onların yerinə yetirilməsi tövsiyə olunmuşdur.

Buddanın ən mühüm əxlaqi norması eyş-işrəti tərk etmək və ehtirasdan, şəhvətdən çəkinməkdir. Belə ki, bu qəbildən olan işlər insanın sonsuz əzab-əziyyətlərinin əsas amili sayılmışdır. Buddanın özü bu barədə belə demişdir:

“Həyatda üzləşdiyimiz əzab-əziyyətlər şəhvətpərəstliyin və ləzzət axtarmağın zəruri nəticəsidir. Buna görə də, nəfsi bu buxovlardan tamamilə azad etmək və bu hissi özündən təmizləmək lazımdır. Başqa sözlə, həyacan və narahtılığa səbəb olan istənilən meyl və istəklərin tərk edilməsi vacibdir.”

Bilmək lazımdır ki, buddizm tə`limlərinin ehtirasların tərk olunması, ləzzət və şəhvətlərdən çəkinməyə aid olan hissəsinə böyük ilahi dinlər və əxlaqi məktəblərin çoxunda da diqqət yetirilmiş, kamillik və səadətə nail olmaq üçün onların tərk olunması tövsiyə edilmişdir. Ancaq, buddizmin başqa dinlərdən fərqi bu əxlaq məktəbinin həmin məsələdə ifrata varması, qadın, övlad, sərvət, elm və s. kimi digər bağlılıqlar da bəyənilməmiş, məzəmmət olunmuşdur. Bu işlər insanı məşğul etdiyindən, onların yoxluğu qəm-qüssəsinə səbəb olduğundan, bununla da səadət və xoşbəxtliyə çatmasına mane olduğundan və nəticədə sonu görünməyən ardıcıl ölüm və doğum dolanbacına düşməyə məcbur etdiyi üçün Budda onların tərk olunmasını əmr etmişdir.

1   ...   4   5   6   7   8   9   10   11   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə