Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər




Yüklə 1.44 Mb.
səhifə5/26
tarix27.02.2016
ölçüsü1.44 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   26

“ - Bizim də Savityarın əzəmət və cəlalını qazanacağımıza ümidlə. Dualarımıza rövnəq verməsi ümidi ilə. Hədsiz şövqlə, tam ağıl və düşüncə ilə, məişət və rifahdan bizə düşən payı Savityardan istəyirik.”

Bu ayin eyni şəkildə axşamlar günəş qürub edən zaman yoxsuldan tutmuş varlıya qədər - kahinlər, cəngavərlər və şahzadələr - bütün ariya ailələrinin evində keçirilmişdir. Hətta bə`zi hind tayfaları bu mərasimi sübh və axşamdan əlavə günorta vaxtı keçirmişlər.

Veda ardıcıllarının əqidəsinə görə, onların müqəddəs kitabdan günəş barəsində oxuduqları yuxarıda qeyd olunan ayə onun xüsusi ayinini nəzərə almaqla günəş üçün daha artıq həyat, parlaqlıq və nur mənşəyi olmaqla yanaşı, onların özlərinə də qüvvət və firanvanlıq gətirir. Vedaya e`tiqad bəsləyənlərin digər mə`budları barəsində də buna bənzər ayələr vardır. Veda adlanan məcmuələrdə dini nəğmələr şəklində yazılmış bu dualar veda ayininin müqəddəs və dini kitablarının tərkib hissəsidir. Gördüyünüz kimi bu ayinin adı da həmin ayə və kitabların adından götürülmüşdür. Bu müqəddimədən sonra bu ayinin araşdırılmasında mühüm rolu olan iki prinsipi şərh edirik:

1. Bu ayinin Allah və varlıq aləminin mənşəyi barəsindəki baxışları;

2. Veda ayininin müqəddəs kitablarının xüsusiyyətləri və mühtəvası.

Veda dininin əsası çoxallahlıq üzərində qurulub. Demək olar ki, dinin ardıcılları təbiətdə olan bütün varlıqların hər biri üçün ayrıca rəbb və allahın olduğuna inanmışlar. Bu hesabla belə allahların sayı-hesabı yoxdur.

Veda ayinindəki çoxallahlığın xüsusiyyətlərindən biri də bə`zi allahların digərlərinə nisbətən müəyyən imtiyaz və üstünlüklərə malik olmasıdır. Hətta, müxtəlif dövrlərdə allahlardan bə`ziləri öz e`tibar və dəyərini itirmişlər. Çoxallahlığın digər xüsusiyyəti də budur ki, allahlardan bə`ziləri kollektiv şəkildə müəyyən bir təbii varlığın xüsusi rəbbi rolunu ifa edirlər. Bu ayinin daha bir xüsusiyyəti də təkallahlıq və tovhid e`tiqadı ilə yanaşı çoxallahlığa inamdır.

İndi isə vedalıların Allah və varlıq aləminin mənşəyi barədə təfəkkürlərini daha dəqiq öyrənmək məqsədilə yuxarıda qeyd olunan üç xüsusiyyətdən hər birini ətraflı şəkildə izah edirik.

1. Çoxallahlıq:

Veda ayinində tanrıların sayı və növü o dərəcədə çoxdur ki, din tarixi ilə məşğul olan mütəxəssis və sosioloqların əksəriyyəti mövzunu daha yaxşı öyrənmək üçün onların bölgüsünü aparmışlar. Bu bölgülərin birində veda allahları əvvəlcə iki dəstəyə - fərdi və kollektiv hissəyə, fərdi allahlar da öz növbəsində aşağıdakı üç dəstəyə bölünürlər:

1. Səmavi allahlar: Diyavs, Varuna, Mitra, Suriya və s.

2. Səma ilə yer arasındakı bərzəxdə olan allahlar: İndra, Rudra və s.

3. Yer allahları: Pritvi, Aqni, Soma və s.

Kollektiv allahlar da aşağıdakı üç dəstəyə bölünürlər:

1. Adityalar;

2. Marutlar;

3. Vasular.

Bu allahlardan bə`ziləri daha artıq əhəmiyyətə malikdir və aşağıda onların hər birinin şərhi verilir:

1-1. Əmr verən allahlar - Mitra və Varuna.

Veda ayinində ən qədim və ən uzaq keçmişə malik allahlardan biri də səmavi mə`bud “Diyavs”dır. O, öz həyat yoldaşı olan yer allahı “Pritvi” ilə birləşərək səma-yer cütünü təşkil edir. Zaman keçdikcə bu mə`bud öz əhəmiyyətini itirmiş, yer və səma hökmdarı məqamından təkcə səmavi varlıqlara, işıqlıq, gündüz və s. kimi səmavi varlıqlara hakim olmaq dərəcəsinə düşmüşdür. Diyavs öz məqamını itirdikdən sonra “Varuna”, yaxud “Vişva-darışna” adlı (mə`nası - “hər yerdə zahir olan” deməkdir) digər bir mə`bud onun yerini tutmuşdur. Bu allah işləri nizam-intizama salan, tənzimləyən və nizamlayan ilahədir. Onların əqidəsinə görə dünyadakı bütün qüvvələr hər bir yerdə və hər bir zamanda onun əmrlərinə tabedir, təbiət qanunları onun iradəsindən asılıdır. Veda ardıcılları inanırlar ki, Varuna dünyanı və fiziki şeyləri puç edib dağıdan mə`budlardan qoruyur, digər tərəfdən də insanları əxlaqi qayda-qanunlara riayətə məcbur edir. O, günahkarları faş edir və haqqla batil arasında mühakimə yürüdür. Onun gizli xəfiyyələri hər bir yerdə insanların əməl və rəftarlarına, davranışlarına nəzarət edirlər. Kimsə günah edərsə Varunanın qarşısında ahu-zar etməli və ondan əfv diləməlidir.

Onların inancına görə vəfadarlıq, himayədarlıq və əhd-peyman allahı olan Mitra təbiət aləminin idarəçiliyində Varunanın şəriki və həmkarıdır. Varunanın malik olduğu fövqəladə qüvvə “maya” (sehr və cadu) adlandırılır. Varuna mayanın köməyi ilə öz səmavi taxtına söykənərək yeri ölçür, gündüzü işıqlandırır, günəşə nur verir. Axşam yaxınlaşdıqda günəşin üzünə niqab salır. O, hər bir şeydən agah, qüdrətli və hakimdir; heç nə ondan gizlin qalmayacaqdır.

1-2. Müharibə, tufan və yağış allahı – İndra.

Veda ardıcıllarının e`tiqadına görə İndra müharibə və döyüş allahıdır. Çünki o, Hindistanın fəthində və bu ölkənin şimal bölgələrində məskunlaşmaqda ariyalılara yaxından kömək göstərmişdir. Bu mə`budun ixtiyarında ildırım kimi bir silah vardır. O, eyni zamanda tufan və yağış allahı da hesab olunur. Bundan əlavə sərvət, xüsusi ilə müharibə qənimətləri bəxş etmək, güc-qüvvət, eləcə də uzunömürlülük, səadət və xoşbəxtlik müjdəsini gətirən kimi də məşhurlaşmışdır.

1-3. Od-alov allahı – Aqni.

Aqni bu bölgüdə yer allahları sırasında olsa da, o bütün varlığı qət edən bir allahdır. Səmada günəşin yanında məhsuldarlıq, xeyir-bərəkət, insanlar, heyvanlar və torpağın mənşəyi olduğuna görə sitayiş olunur. Bu allah, eləcə də yerlə səma arasında ildırım və şimşək surətində müxtəlif buludlardan çoxlu qığılcımlar yaradır və bununla da insanlara allahların xəbərdarlıqlarını çatdırır. Aqni yerdə də bütün ariyalıların evlərinə gedib-gəlir və onların həyatlarının bütün sahələrinə nəzarət edir.

Aqni, bundan başqa təmizləyici və saflaşdırıcı rolunu yerinə yetirir və şeytanların, əzazil ruhların, cadugərlərin əleyhinə güclü bir qüvvə kimi insanları onlardan qoruyur. O da digər allahlar kimi veda ardıcıllarının ondan umduğu xeyir-bərəkət göndərir. Ondan mal-dövlət, sərvət, xoşbəxtlik, uzunömrülülük, çoxlu qəhrəman oğul övladları və s. ne`mətlər bəxş etməsini də diləyirlər.

2. Kollektiv mə`budlar;

Veda ayinində bu allahların özləri də üç qrupa bölünürlər:

1. Vasular; (ne`mət, sağlamlıq və firavanlıq bəxş edən mə`budlar). Onların sayı səkkiz olmaqla aşağıdakılardan ibarətdir:

Od, torpaq, külək, hava, səma, ay, günəş və ulduzlar. Vedalıların e`tiqadına görə üzərində Aqninin yerləşdiyi yer, həyatın əsası olan küləyin də fəza, əqlin əsas iqamətgahı olan səma və əbədi həyatın əsası olan ulduzların sintezi ümumilikdə təbii həyatın əsasını təşkil edirlər. Əslində bu səkkiz ünsür varlıq, ne`mət və firavanlıq allahları sayılırlar.

2. Marutlar; Marutların sayı mə`lum olmasada kollektiv, mütəşəkkil bir-biri ilə qardaş, yaşıd və həmrəy, birlikdə böyümüş tə`siri bağışlayırlar. Marutların ildırımla bağlılıqları var və günəş kimi parlaqdırlar. Onlar ildırıma bağlılıqlarına və müharibələrdə İndraya kömək etdiklərinə görə onun səmimi dostları sayılırlar. “Marut” sözünün leksik mə`nası bir o qədər də aydın deyildir. “Mar” ölmək, “ut” şəkilçisi isə ola bilər ki, əbədilik və ölməzlik mə`nasını ifadə edir.

3. Aditiyalar; Bu allahların sayının 6, 8 və bə`zən də 12 olması məsələsində fikir ayrılığı var. Adityalar səmadadırlar və təbiət ünsürləri üzərində hökmranlıq edirlər. “Aditya” ilahəsinin övladları, yə`ni mə`budlar anasının övladları olan onlar parlaqlıq, paklıq, varlıq aləmini idarə etmək kimi sifətləri daşıyırlar.

Qeyd olunanlar elə “Varuna”nın da malik olduğu sifətlərdir. Bu sifətlərin ortaqlığı Adityaların Varuna ilə əlaqəli olmasının bir sübutudur.

3. Monoteizm.

Son Veda nəğmələrində digər allahları öz kölgəsi altına alan, vahid və müstəqil bir şəkildə təzahür edən vahid allah təqdim olunur. Yaradıcılıq və dünyanı xəlq etmək kimi xüsusiyyətlər ona aid olunur. Bu yeganə mə`bud “Vişvakarma”, yaxud “Puruşa” adlandırılır. “Vişva” hər bir şey, “Karma” isə yaradan mə`nasını verir. Bu iki söz birlikdə bütün məxluqatı yaradan mə`nasını ifadə edir. Vişvakarma hər bir şeyi görən, yeri-göyü və ayı yaradan, dünyanı nizamlayan, bütün canlı varlıqları və insan qövmlərini idarə edəndir.

Bu mətləblər Veda ayininin iki əsas – çoxallahlıq və təkallahlıq üzərində qurulduğunu göstərir. Diqqətəlayiq məqam budur ki, prinsipcə Veda ayini tovhid, monoteizm, varlığın yeganə yaradıcısına inama əsaslanır. E`tiraf etmək lazımdır ki, bu ayinin ardıcılları tərəfindən tək tanrı üçün müxtəlif sahə və aspektlərdə sadalanan çoxsaylı simvol və atributlarda hədsiz dərəcədə mübaliğəyə yol verilmişdir. Bu isə ilk baxışda hər bir tədqiqatçıda belə bir fikir yaradır ki, təsəvvürə sığmayan bu xüsusiyyətlər tədricən veda ardıcıllarında bu atributların hər birinin müstəqil tə`sir qüvvəsinə inanaraq və nəticədə bu allahlara sitayiş edərək ehtiyaclarını onlardan diləmək kimi azğın fikirlərin yaranmasına səbəb olmuşdur.

1. Veda ayini Hindistana ilk dəfə kim tərəfindən yayılmışdır?

2. Ən mühüm Veda allahlarının adlarını sadalayın.

3. Hansı Veda allahları başqa allahlardan daha üstün sayılır?

Aqni-hutra mərasimini izah edin.

“Maya”nı izah edin.

Müəllimin istiqamətləndirməsi ilə, əqaid dərsinin tovhid və şirk məsələləri ilə və bu dərsdə öyrəndiyiniz bəhslərə diqqət yetirməklə vedalıların müşrik olub-olmamasını araşdırın.

MÜQƏDDƏS KİTABLAR - VEDA

Veda dinində “Veda” adlanan dörd müqəddəs kitab vardır. Hind-ariya xalqlarının ən qədim sənədləri olan, ariyalıların Hindistana köçməsi, orada yaşamaları, tarixi keçmişləri, mədəniyyətləri, yaşayış tərzləri, ticarət və məşğuliyyətləri, əxlaq, ədəb, ictimai və fərdi həyat tərzlərinin şərh edildiyi bu kitablar onların dini və e`tiqad qayda-qanunları sayılır.

Vedalıların tarixi ən azı miladdan 1200 il əvvələ gedib çıxır. Bu kitablar əvvəllər kahinlər vasitəsilə ustad-şagird üslubunda və şifahi surətdə sonrakı nəsillərə ötürülürdü. Qədim hindlilərin inancına görə, veda nəğmələri onları hərf, söz və kitab çərçivəsinə salmaqdan daha müqəddəsdirlər. Belə ki, o kitab halına salınarsa öz zati bərəkət və fəzilətlərinin yarısını itirəcəkdir. Amma vedalar nəhayət, miladdan əvvəl altıncı əsrdə yazı halına salındı.

“Veda” sözü bilmək mə`nasını verir, bu söz xüsusi ali elm və mə`rifət mə`nasında işlədilir. Vedaya “Apaverşiya”, yə`ni “fövqəl-insan” da demişlər. Hindusların əqidəsinə görə bu nəğmələr heç bir məxluq, şair təfəkkürünün məhsulu deyil və onlar yalnız qeyri-adi bir varlıqdan, vəhydən qaynaqlanır. Buna görə də vedaları “nazil olma” mə`nasında işlənən, ilahi feyzdən qaynaqlanaraq qədim hind şəxsiyyətlərinin qəlbinə süzülən və onların varlıqlarının ayrılmaz bir hissəsinə çevrilən “Səruti” mətnlərinin bir hissəsi hesab edirlər. Buna görə də hinduslar veda məcmuəsinin heç bir şəxs tərəfindən qələmə alınmadığına inanırlar. Tarixi sənədlər də bu müqəddəs kitabların kimlər tərəfindən yazıldığına aydınlıq gətirmir. Dörd veda kitabı aşağıdakılardan ibarətdir:

1. Riqveda:

Bu kitab vedaların ən məşhur, ən mühüm və ən əhatəli hissəsi sayılır və qədimilik baxımından da sonrakı üç kitabdan irəlidir. Riqvedada mə`budların tə`rif və mədhinə həsr olunmuş 1017 nəğmə vardır. Bu nəğmələr ehtiyacların istənilməsi üçün yalvarışla oxunur. Bu nəğmələr Veda allahları arasında hamısından daha çox İndra, sonra Aqni və daha sonra isə Varunaya ünvanlanıb.

Bu kitabların yazılmasından 3000 il keçməsinə baxmayaraq, hinduslar indinin özündə də onun nəğmələrini sübh və axşam çağları, toy mərasimlərində xeyir-dua məqsədi ilə oxuyurlar. Onların təfəkkür tərzi ilə tanış olmaq üçün burada həmin nəğmələrdən bə`zilərini heç şərh və izahsız nümunə seçmişik. İndraya xitab olunan ilk nəğmədə belə deyilir:

“Ey İndra, bizim düşmənlərimizin hamısını qov!

İstər çox güclü qərb fatehləri olsun və istərsə də şərqin müzəffərləri!

Ey qəhrəman, şimal və cənub düşmənlərimizi uzaqlaşdır,

Sənin sayəndə şad və xürrəm yaşaya bilməmizdən ötrü!

O gün nə gün olacaqdır?

Elə insanlar ki, onların əkinləri arpa ilə doludur.

Yetişmiş taxılları biçirlər və xırmana aparırlar.

Belə isə o insanların yeməklərini cücərt.

Elə bir yerdə cücərt ki, yeri pərəstiş üçün hazırlamayıblar.

İndra xilas etməkdə güclü və kömək etməkdə bağışlayandır!

O hər bir şeyin sahibidir, nə qədər bağışlayan və mehribandır!

Bəlkə düşmənlərimizi pərən-pərən salıb əmin-amanlığı bizə hədiyyə etsin!

Bəlkə biz qaçan güclülərin ağası olaq.

Bəlkə müqəddəs pənahında onun lütfündən bəhrələnək.

Onun bərəkətli şəfqətindən faydalanaq.

Bizi qüdrətli və gözəl saxlayan İndra!

Bizə qarşı ürəklərində kin bəsləyənləri bayıra at və bizi qoru!”

İkinci nümunə yaradılış nəğməsi adlanır. Onun məzmunundan tovhid və təkallahlığa meyllə yanaşı, veda dininin xüsusiyyətlərindən olan çoxallahlığa e`tiqad da mə`lum olur. Eyni zamanda, xilqət aləmi və yaradılışın forması barəsində şəkk və tərəddüd də nəzərə çarpır:

“Nə varlıq var idi, nə də ki, yoxluq.

Nə parlaq səma görünürdü, nə də səmanın geniş tavanı yuxarıda döşənmişdi.

Onların hamısını nə örtürdü? Nə onları gizlədirdi?

Ucsuz-bucaqsız su çalası idimi?

Dərin və çatılmaz sular?

O zaman ölüm, əbədilik də yox idi.

Gecə-gündüzdən bir nişanə də yox idi.

Yeganə vücud təklikdə nəfəs çəkirdi.

Ondan başqa hələ bir şeyin vücudu yox idi.

Zülmət idi, qaranlığı qaranlıq bürümüşdü.

Bunların hamısı su idi və əlamətsiz.

O yeganə vücud təbiəti yandırıcı istiliyin içindən yardı.

Əvvəlcə eşq göründü, sonra əqlin mənşəyi əyan oldu.

Sonra toxumlar səpildi və qüdrətli güclər qalxdılar.

Təbiət altda, qüdrət və iradə isə yuxarıda.

Bu sirlərdən agah olan kimdir?

Burada kimdir ki, aşkar edib haradan olduğunu desin?

Bu rəngarəng yaradılış haradan qaynaqlanır?

Allahlar özləri bir qədər gec varlıq libasını əyinlərinə geydilər.

Kim bilir bu böyük yaradılışın mənşəyi haradandır?

Ən yüksək səmalarda olan ən ali görəndir.”

Bu nəğməyə uyğun olaraq, allahların mövcudluğu və varlıq aləmi təbiətin yaradılışından sonra ilə əlaqələndirilir. Təbiət haqda onun xaliqinə sual verir və xaliqə fərd qismində müraciət edir. Eyni zamanda, Riqvedanın başqa bir nəğməsində oxuyuruq:

“Bəxş edənin həyat və qüvvə sayəsi əbədidir...

O kəs ki, ucqar dağlar, dənizlər və çayların varlığı ondandır.

O kəs ki, səma onun qüdrət nahiyəsidir.

Öz qurbanlarımızla ona hörmət etdiyimiz o Allah kimdir?

O kəs ki, yeganə və bütün allahların fövqündə olan Allahdır...

Əql sahibləri vahid Allaha müxtəlif adlar qoyurlar.

Onu Aqni, Mitra və Varuna adlandırırlar.

2. Yacurveda:

Vedaların ikinci müqəddəs kitabı olan Yacurveda nisbətən az əhəmiyyətə malikdir. Çünki, Riqveda nəğmələrinin bir çoxunun məzmunu bu kitabda da əks olunmuşdur. Bu kitab nəsr formasında yazılan və adətən qurbanlıq mərasimlərində istifadə edilən zikr və virdlərdən ibarətdir.

3. Samaveda:

Bu, allahlara ibadət və onlarla razi-niyaz etmək üçün lazım olan dua və nəğmələrdən təşkil olunmuş vedaların üçüncü müqəddəs kitabıdır. Bu nəğmələrin əksəriyyəti Riqvedadan götürüldüyündən, ayrıca dəyər daşımır.

4. Asarvaveda:

Bu vedanın dördüncü və sonuncu kitabıdır. Məzmun baxımından yerdə qalan üç kitabla müqayisədə daha fərqli üsluba malikdir. Çünki, bu kitab sehr və cadugərlik məsələlərində Əhrimən qüvvələrinə qələbə çalmaq məqsədi ilə yazılmış müxtəlif mətn, zikr və nəğmələr toplusundan ibarətdir.

Bu dörd vedadan hər biri öz növbəsində iki müstəqil hissəyə bölünür:

1. Samhita;

2. Brahmana.

“Samhita” dedikdə, müxtəlif mərasimlərdə, xüsusilə qurbanlıq mərasimlərində veda kahinləri tərəfindən oxunan nəğmələr toplusu nəzərdə tutulur. Qurbanlıq mərasimlərində adətən əsas aparıcı kahin olan brahma əvvəlcə Asarvavedadan bir parçanı oxuyur, sonra “huteri” adlı başqa kahin Riqvedadan müəyyən nəğmələri ifa edir. Bundan sonra üçüncü kahin, yə`ni “ədqateri” Samavedadan bə`zi nəğmələri əzbərdən deyir, daha sonra isə dördüncü kahin “adhuvariyu” camaatın qurbanlıq məqsədi ilə gətirdiyi hədiyyələri pak və əbədi atəşə qurban edərək Yacurvedadan bir sıra zikrləri oxuyur və beləliklə də ibadət mərasimi sona çatır.

Brahmana veda kahinlərinin dua və qurbanlıq mərasiminin keçirilməsi ilə əlaqədar vedalara yazmış olduqları şərh və bəhslər toplusudur.

Dini göstəriş və hökmlər, dini başçıların borc və vəzifələrinin bəyan olunması, hökmlərin, duaların, qurbanlıq mərasimində oxunan nəğmələrin mə`naları Brahmanın bəhslərinin mühüm hissəsini təşkil edir. Bu məsələlər hekayə, simvol və ya əfsanələr şəklində bəyan olunmuşdur.

Brahmana iki ümumi hissədən ibarətdir:

1. Aranyaka;

2. Upanişad.

Aranyakalar meşə kitabları adı ilə məşhurdur və ucqar meşələrə asketik həyat tərzi keçirməkdən ötrü pənah aparan tərki-dünya şəxslər üçün yazılmışdır.

Bu kimi təcrid olunmuş şəxslər tənha həyat sürdükləri mühitlərdə dini vəzifələrini yerinə yetirmək üçün kifayət qədər vəsaitə malik olmadıqlarından batini həqiqətlərə diqqət yetirmiş və daha çox psixoloji vəziyyətlərinə nəzarət üzərində işləmişlər. Sonralar asketik həyat tərzi keçirmək və daxili aləmə diqqətin əhəmiyyəti barədə düşüncələr vedaya inananların dua mərasimində elə böyük tə`sir göstərmişdir ki, bu məsələ tədricən qurbanlıq mərasiminə alternativ olaraq batini qurbanlıq adı ilə məşhurlaşmışdır. Əvvəllər müqəddəs od olan qurbanlığın məqamı bu hadisələrdən sonra öz yerini insan bədəninə vermiş və get-gedə insanın bədəni də mehrab və qurbangaha çevrilmişdir.

Upanişadlar vedaların son hissələri hesab olunur. Buna görə də onlara vedanta, yə`ni vedanın sonu da aid olunur. Aranyakaların, qələmə alınmasından sonra upanişadlar maddi aləmdən uzaqlaşıb xüsusi mə`nəvi həyat üslubunu seçərək nəfsini saflaşdıranlar üçün yazılmışdır.

Aranyaka və Upanişadın yazılması veda ayini üçün nəticə e`tibarı ilə brahman dininin formalaşmasına gətirib çıxaran başlanğıc idi. Bu dəyişikliyin mühüm xüsusiyyətlərindən biri kimi ruhani başçıların və kahinlərin mə`nəviyyatın yüksəldilməsi, allahlarla əlaqə və sitayiş məsələlərində rollarının azalması, brahmanların nisbi olaraq mə`budların yerinə keçməsini qeyd etmək olar.

Gələn iki dərsdə brahman dinini təhlil və şərh etməklə yanaşı, veda ayinindəki əsaslı dəyişiklikləri, bu ayinin xüsusiyyətlərini, ibadi və ideoloji səciyyələrini və upanişadların məzmununu aydınlaşdıracağıq.

1. Veda nə deməkdir?

2. Nə üçün vedalara “səruti” deyilir?

3. Riqvedanın nəğmələrinə əsasən veda ayininin monoteist din olmasını isbat etmək olarmı?

4. Yacurvedanın məzmunu nədir?

5. Samhita mövzusu nədən ibarətdir?

6. Aranyaka hansı mövzulara həsr olunub?

7. Nə üçün upanişada vedanta deyilir?

Veda ayininin digər ibtidai dinlərlə ortaq və fərqli cəhətlərindən bir neçəsini izah edin.

Miladdan əvvəl 8-9-cu əsrlərdə brahmanlar (veda ayininin ruhaniləri) veda ayinində çox dərin dəyişikliklər etdilər. Bu dəyişikliklər əsasən həmin ayinin iki əsas aspektində baş vermişdi:

Birincisi ideologiya sahəsində idi, bu ayinin ardıcılları özlərini xilas etmək və tanrılarının güclənməsi üçün çoxsaylı allahlara sitayişdən, onların hüzurunda qurbanlıq kəsməkdən üz döndərərək bütün əşyaların vəhdətinə inam yaratmağa meyl etdilər. İkinci dəyişiklik isə dinin ictimai yönümü baxımından baş verdi. Onlar bu ayin ardıcılları arasında sinfi quruluş formalaşdırmağa başladılar. Bu quruluşda brahmanlar ən yüksək ictimai mövqeyə sahib oldular.

Bu dəyişikliklərdən sonra veda dövrünün klassik anlayışı öz yerini brahman ayininə verdi və bu cərəyan rəsmi olaraq öz çiçəklənmə dövrünü başladı. Brahman ayinində müqəddəs veda kitablarının öz əvvəlki e`tibar və dəyərini saxlamasına baxmayaraq, əsas me`yar brahman və upanişad kitabları idi. Buna əsasən brahman ayinini üç əsas istiqamətdə araşdırmalıyıq:

1. İdeoloji dəyişikliklər;

2. İctimai proseslər;

3. Müqəddəs kitablar.

Bu dərsdə veda ayininin ideoloji dəyişikliklərdən bəhs olunacaq, qalan iki istiqaməti gələn dərsdə tədqiq edəcəyik.

Brahmanların veda ayinində yaratdıqları ən mühüm ideoloji dəyişiklik onların nicat və qurtuluş anlayışına verdikləri yeni tə`rif idi.

Veda ayininin tə`rifinə uyğun olaraq insanların nicat və qurtuluşu mə`budların, xüsusilə atəş allahı olan Aqninin razılığını əldə etməklə müyəssər olur. Bu da qurbanlıq mərasiminin təşkil olunması ilə mümkündür. Yeni tə`rifin müddəalarına görə isə brahmanlar nicat və qurtuluşun aləmin həqiqət və ruhuna qovuşmaqla, brahmanları tanımaqla müyəssər ola biləcəyi fikrindədirlər. Buna əsasən veda dinində zahiri və əyani olaraq keçirilən qurbanlıq mərasimi brahmanizmdə öz yerini batini mərasimə verdi.

Brahman ayininin əsas ideoloji prinsipləri aşağıdakılardır:

1. Brahmana e`tiqad;

2. Atmənə e`tiqad;

3. Karma;

4. Tənasüx;

5. Mukşa (nicat yolu).

Brahman, yaxud brahma veda ayini baxımından varlıq aləminin özü, həqiqəti, zatı, başlanğıcı və sonudur. O, əbədi və həmişəlikdir, hər yerdə vardır, onun vücudunda səma və yer, maddi və ya qeyri-maddi olmasından asılı olmayaraq dünyanın bütün varlıqları əhatə olunmuşdur.

Upanişadda brahman belə təqdim olunur: “ - Odur fənaya uğramayan əbədi allah! Elmli, hər yerdə olan və dünyanın gözətçisi! Odur varlıq aləminin hökm verəni!”

Başqa bir yerdə isə belə deyilir: “ - O vahid və sonu olmayan fərd aləmi yuxudan oyatdı.” “ - Əslində dünyanın əvvəlində brahman idi. Onun dörd tərəfdən heç birində ucu-bucağı yoxdur; ruhu sonsuz bir zatdır ki, doğulmamışdır və ağlın gücü ilə dərk oluna bilməz. O, göyün, kainatın ruhu idi və dünya fənaya uğradığı vaxtda yalnız o qalacaqdır. O, aləmi sonsuz göylərdə oyatdı və o sıx yığılmış xəyal toplusudur, xəyal da odur və nəticədə hər şey ona qovuşub yox olur. Odur şəfəq saçan parlaq günəşin kütləsində yanar bir od, tüstüsüz alov kimi nur ələyir! Onun hərarəti ilə qidalar mə`dəyə gedir. Buna görə onu atəşdə, qəlbdə hazır, günəşin daxilində mövcud adlandırırlar.”

Upanişadın başqa bir yerində brahmanın xüsusiyyətləri barədə deyilir: “ - O həm sabitdir, həm də səyyar, həm uzaqdır, həm də yaxın... O şimalda, cənubda hər bir yerdədir. Bütün çaylar okeanlardan qaynaqlanıb yenidən ona qayıtdığı kimi, hər bir şey brahmandan yaranır və ona qayıdır.”

Atmən təkcə insanın düşünüb-daşınan ruhu, zehni-düşüncəsi deyil (brahmanın simvolu), eynilə brahmanın özüdür. Bu əqidəyə əsasən brahma ilə atmən arasında ortaq şəxsiyyət və tam vəhdət vardır. Bütün nəfslər - insani nəfs və ya heyvanların, həşəratın və bitkilərin ruhu, hər canlı varlığın nəfsi olmasından asılı olmayaraq – özlərinin bütün formaları ilə birgə başqa bir şey deyil, məhz brahmanın özündən ibarətdir.

Upanişad bu barədə belə deyir: “ - Brahmanın zühur və təcəllisi, hər bir şeyin ruhu məhz sənin ruhundur” . Sonra deyilir: “ - Onun yerlərdə, sularda, odda, havada, zəif küləkdə, səmada, günəşdə, fələkin dörd bir tərəfində, ulduzlarda və ayda, zülmətdə və nurda olan hər bir şeylə birgə, eyni zamanda hər bir şeydən fərqlidir... O kəs ki, daxildən hər bir şeyin ixtiyarını ələ alıbdır. O sənin ruhundur. Əbədi və batini bir nəzarətçi. O kəs ki, tənəffüsdə, danışıqda, gözdə, qulaqda, beyində, dəridə və idrakda yeri vardır və bununla belə, özü idrakdan deyildir. O görünməyən göz, eşidilməyən qulaq, düşüncənin zatına yol tapmadığı bir mütəfəkkir, fəhmin əlinin yetmədiyi başa düşəndir. Bütün bunlarla belə, gözə görünməz, eşidilməz və dərk olunmazdır... O sənin ruhundur: batini və daimi bir nəzarətçi!”

Bu ifadələrdən belə mə`lum olur ki, atmən-brahman dini nöqteyi-nəzərdən bütün varlıqların müştərək ruhu sayılır. Ruh dedikdə, göz önündə insan ruhu canlansa da, diqqət yetirmək lazımdır ki, su, od, hava, səma, günəş və s. barəsində də həmin ifadə, yə`ni “sənin ruhun” sözü işlədilmişdir.

Başqa sözlə, brahman ayinində insanlar üçün xüsusi bir ruh nəzərdə tutulmuşdur və ona atmən deyilir. Həmçinin bu dində atmənlə tam vəhdətdə olan kainatın ruhu, və ya “dünyanın canı” da mövcuddur. Upanişadlarda sonuncu mə`na sanskrit dilində “tet tom isi” kimi verilmişdir ki, bu da “sən odsan” deməkdir.

Atmən ilə brahman arasında müəyyən mə`nada ayrılmaz birlik vardır və onun müddəalarına görə bu iki varlıq müqəddəs nəfs və əbədi həqiqətdən ibarətdir. Brahman-atmən yozumu bu vəhdətin isbatı ola bilər. Upanişadda yuxarıdakı ifadə barədə belə oxuyuruq:

1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə