Bu gün uğurlu dini-elmi məktəblər aşağıdakı xüsusiyyətlərinə görə qiymətləndirilirlər




Yüklə 1.44 Mb.
səhifə3/26
tarix27.02.2016
ölçüsü1.44 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   26

Qeyd etmək lazımdır ki, göy cisimləri səhra ərəblərinin həyatında yüksək əhəmiyyətə malik idi. Onlar ay, günəş və ulduzlardan, yolun və istiqamətin tə`yin olunmasında istifadə edirdilər. Bu məsələlər də göy cisimlərinə həddən artıq diqqət yetirilməsinə və nəticədə tədricən onlara məhəbbət göstərmələrinə səbəb oldu. Zaman keçdikcə bu iş göy cisimlərinin müqəddəs sanılmasına və onlara pərəstiş olunması ilə yekunlaşdı nəticədə belə bir e`tiqad yarandı ki, səmavi cisimlər ruha, əsraramiz qüvvəyə malikdir, insanların həyatında birbaşa tə’yinedici rol oynayır. Ulduzların bəxt ulduzları və günlərin də yaxşı və pis günlərə bölünməsi də bu fikirlərdən doğmuşdur.

Beləliklə bütün əşyalarda, təbii varlıq və hadisələrdə ruhun varlığına inanmaq, div, pəri və s. qorxulu surətlərə və xəyali varlıqlara e’tiqad bəsləmək, onların səhralarda, meşələrdə, xarabalıqlarda olmasını zənn etmək, bu kimi varlıqların xariqul’adə və son dərəcə böyük qüdrətə malik olmasını təsəvvür etmək bütünlüklə animizm təfəkkürünün məhsuludur. Qədim xalq ədəbiyyatında div, pəri və s. qeyri-adi varlıqlar haqda çoxlu hekayələrin mövcud olması keçmişdə belə bir e’tiqad və fikrin geniş yayılmasının aşkar sübutudur. Hal-hazırda da bə’zi cəmiyyətlərdə bu kimi inanclar istər rəsmi, istərsə də qeyri-rəsmi şəkildə animizm tərzi-təfəkkürünün tə`sirləri kimi müşahidə olunmaqdadır.

1. “Fetiş” sözünün mə’nası nədir?

2. Fetişin neçə növü vardır?

3. Animizmi izah edin.

4. Animistlərin ruh barəsində düşüncələri nədir?

5. Animizmdə e`tiqad bəslənən tənasüx məsələsini şərh edin.

6. Animizmlə fetişizm arasındakı fərqlər nədən ibarətdir?

7. Animiz ilə fetişizmin ortaq xüsusiyyətləri hansılardır?

Qur’ani-Kərimin Ən’am-101, Cin-7, Ə’raf-194, Zuxruf-15 və 19, Səba-40 və Yasin surəsinin 61-ci və digər şərif ayələrindən istifadə etməklə animizmin müxtəlif formalarını ayırd edərək, onları qruplaşdırın və Qur’anın bu ayinlər barəsindəki nəzərini bəyan edin.

Totempərəstlik də qədim bir e’tiqadi cərəyandır; bu dinin ardıcıllarına hələ də Amerika, Avstraliya və Afrikanın yarımvəhşi qəbilələri arasında rast gəlmək olur. Əslində totem sözü Şimali Amerikanın yerli əhalisi ilə bağlıdır. Sosioloqlar totemizm sözünü e’tiqadi baxımdan Şimali Amerikanın yerli əhalisi ilə oxşar olan dünyanın sair nöqtələrindəki yerli əhalinin əqidəsini bəyan edərkən işlədirlər.

Totem dedikdə hər hansı bir qəbilə tərəfindən pərəstiş olunub müqəddəs sayılan bitki, heyvan və ya başqa bir şey nəzərdə tutulur. İbtidai insanlar müəyyən bir əşyanı və ya heyvanı (daha çox heyvanlar və quşları), özləri üçün totem kimi seçir və ona pərəstiş edirdilər. Onlar inanırdılar ki, ulu babalarının ruhu o quş, yaxud heyvanın cisminə keçib. Bu ruh ölümdən sonra həmin quş, yaxud heyvan surətində qəbilənin ətrafında gəzməyə başlamış və onları himayə etməkdən əlavə, həmin qəbilənin sağlamlıq və xeyir-bərəkətinə də səbəb olur. Yerli əhali totem kimi qəbul etdikləri həmin varlığı həqiqətdə özlərinin ulu babası və soyları hesab edirlər. Qəbilənin hər bir üzvü öz nəslinin davam gətirib həyat sürməsində totemin istisnasız rolu olduğunu zənn edir, onun ətinin yeyilməsini özlərinə və başqalarına qadağan edirdilər.

Totem kimi qəbul olunan həmin heyvanın, yaxud quşun nəsli davam etdiyindən, onlar belə güman edirdilər ki, qəbilənin ulu babası əbədi olaraq totemin simasında diri qalacaqdır. Deməli, totemizm həqiqətdə qəbilənin ulu əcədadına pərəstiş etmək, başqa sözlə desək, o cəmiyyətin müştərək ruhu formasına düşmüş bir varlığa sitayiş etmək deməkdir.

Qəbilə üzvləri xüsusi ibadət mərasimləri təşkil edərək totemin hərəkət, səs və rəftarını təqlid etməyə çalışır, bununla da qəbilənin ulu əcdadına itaət və məhəbbətlərini izhar etmək istəyirlər.

Totemizmin əsas prinsipləri aşağıdakılardır:

Totem; mana; tabu.

a) Totem:

Mə`lum olduğu kimi, totem müqəddəs bir varlıqdır ki, camış, qartal, tutuquşu, kenquru, qırğı və ağac qurdu kimi heyvan, çay kolu kimi bitki, nadir hallarda yağış və hər hansı predmetlərdən biri ola bilər; yerli əhali bu kimi varlıqları özlərinin ulu babası hesab edərək onu müqəddəs sanmış və onlara pərəstiş etmişlər. Məsələn, qartalı özünə totem seçən hər bir qəbilə qartalın bütün növlərini müqəddəs sayaraq sitayiş edirdilər.

Totem qəbilə üzvlərinin milli simvolu, tayfa nişanəsi, bayraq və gerb surətində olmuş, qəbilə üzvlərinin bir-birinə bağlılıq və birlik amili sayılmışdır. Bu simvollar müxtəlif qəbilələri bir-birindən ayırmaqda seçilməkdə yeganə amil hesab olunur. Hər bir qəbilə üzvü adətən toteminin heykəlini və ya şəklini evinin qapısında yaxud meydanlarda həkk etdirir, öz bədəninin müxtəlif nahiyəsinə dərinin üzərinə döydürür, bə`zi vaxtlarda hətta ölən şəxslərin cənazəsi üzərində də çəkirdilər. Qəbilə üzvlərindən bə`ziləri çalışırlar ki, öz zahiri quruluşlarını da totemin şəklinə salsın. Misal üçün qəbilənin totemi quş olarsa, onlar öz başlarına, sinələrinə və bədənlərinə o quşun lələklərini yapışdırırdılar; totemi buynuzlu heyvanlardan olan qəbilə üzvləri isə ona tabe olaraq öz başlarına buynuz vururdular.

b) Mana: (Mana)

Mana qeyri-müəyyən və mistik həyat qüvvəsi ilə hər yerdə pərakəndə vəziyyətdə dolaşan, canlı və ya cansız, müqəddəs və qeyri-müqəddəsliyindən asılı olmayaraq, məxluqat arasında mövcud olan əfsanəvi bir varlıqdır.

“Mana” kəlməsinin kökü şimali-şərqi Avstraliyanın Malineziya adalarında yaşayan xalqların dilindən götürülmüşdür. Manaya e`tiqad bəsləmək dünyanın bir çox nöqtələrində yaşayan xalqlar arasında müşahidə olunduğundan, sosioloqlar “mana” kəlməsini mistik qüvvənin varlığından başa düşülən elmi ifadə kimi işlədirlər. Hər bir yerdə mana ilə əlaqədar xüsusi qayda-qanunlar və adət-ən`ənələr mövcud olmasına baxmayaraq, bu əqidənin ardıcıllarının hamısı müştərək fikirdədirlər; onların inancına görə hər bir varlıqda namə`lum və mistik bir qüdrət vardır ki, qeyri-təbiidir, onun fəaliyyətləri mananın təbii həyat qüvvəsinin fövqündədir, müəyyən şəxslərin vasitəsilə, yaxud diri və hərəkətdə olan şeylərin vücudunda zahir olur. Onun belə bir xüsusiyyəti vardır ki, cansız əşyalardan canlılara, bir şəxsdən başqa bir şəxsə və ya müəyyən şəxslərdən cansız əşyalara keçə bilir.

Səhra və çöllərdə yaşayan qəbilələr çox qüdrətli nəzərə çarpan hər bir şəxs, yaxud heyvan qarşısında özlərinin acizliklərini hiss etdikləri üçün onların mana qüvvəsinə malik olduğunu zənn etmişlər. Buna görə də bu qüvvənin qarşısında özlərini qorumaq, gündəlik fəaliyyətlərində ondan kömək istəmək, yaxud öz fiziki qüvvələrini artırmaq üçün ona müqəddəs bir varlıq kimi yanaşmış və onlara sitayişolunma dərəcəsinə qədər xüsusi diqqət yetirmişlər.

v) Tabu: (Taboo)

Totemizm kimi ibtidai dinlərin ardıcılları arasında sirli və gizli qüvvəyə malik olan, fövqəl-təbii gücdən əlavə qüvvənin mövcudluğuna, ondan uzaq olmağın gərəkliliyinə inanc da yayılmışdı. Hər kəs bu əşyalara yaxınlaşsa başına böyük bəlalar gələcəyi gözlənilirdi. Buna görə də həmin qəbilələr qorxularından bu kimi əşyalardan çəkinər və ona əl vurmazdılar. Çünki onlara əl vurmaqla qeybdən gələn cəzalara düçar olacaqlarına inanırdılar. Əşyaların daxilində olan bu gizli və sirli qüvvəyə terminologiyada “tabu” deyilir. Tabu Sakit okeanın cənub qərbində yerləşən Aloneziya arxipelaqında yaşayan yerli əhalinin işlətdiyi xüsusi bir sözdür. Bu e`tiqadın oxşarı, yaxud eynilə özü dünyanın digər ölkələrində olan qədim dinlər arasında da müşahidə olunduğundan, etnoqraflar tabu ifadəsini bütün oxşar e`tiqadlar üçün də istifadə edirlər.

Səhra və çöllərdə yaşayan qəbilələrin əksəriyyətində tayfa başçısı tabunun bariz nümunələrindən hesab olunur. O, qəbiləyə rəhbərlik etmək qüdrətinə malik olana qədər qəbilə üzvləri onun elə bir qeybi, sirli qüdrətə malik olduğuna inanırdılar ki, hətta onun bədəninə, paltarına və yaxud vəsaitlərinə, xalça-palazına, ayağının izinə əl vurmağı belə təhlükəli hesab edirdilər. Belə güman edirdilər ki, bu günahlar törədənlərin həyatına qeybdən təhlükələr yaradacaq. Buna görə də, günahın kəffarəsi kimi yaxşı iş görmək lazımdır.

Bu qəbilələrdə tabuların sayı-hesabı yoxdur. Cənazə, ovçu, balıqçı, əsgər, uşaq, həddi-büluğa çatmaqda olan qız və ya oğlan, hətta bə`zi işlər, o cümlədən müəyyən sözləri demək, yaxud bə`zi məkanlara daxil olmaq da tabu sayılır və onlardan uzaq gəzmək vacib hesab edilirdi.

“Tabu” sözü totemizm ayininin xüsusi əməl və qaydaları barəsində də işlədilir. Bu qayda və əməllərin iki növü var:

1. Ləğv edilmiş;

2. Lazımi əməllər.

Əməllərin bu şəkildə bölgüsü bir növ İslam dininin vacib və haramlar təsnifatına bənzəyir. Totemizm ayinində ləğv edilmiş ədəb və əməllərin ən mühümü aşağıdakılardır:

Qəbilənin totemi hesab olunan heyvanları öldürmək, ətini yemək, totem əşya və bitkilərə hörmətsizlik etmək, hətta onlara toxunmaq və baxmaq. Misal üçün, totemi inək olan qəbilələr onun ətini yeməkdən çəkinməlidir. Amma qəbilə üzvləri xüsusi ayin və mərasimlər keçirərkən öz totemlərinə qovuşmaq üçün təntənəli ritualla onun ətindən yemələri kimi xüsusi hallar istisna olunur.

Ləğv olunan inkari əməllərdən biri də toteməri bir olmayan qəbilənin qızları ilə evlənməkdir. Dini bayram sayılan günlərdə işləmək, yaxud bir şey yemək də eyni qayda ilə haram sayılırdı.

İndi isə Avstraliyanın bə`zi primitiv qəbilələri arasında geniş yayılmış totemist mərasimlərinin bir nümunəsini şərh edirik:

Bu qəbilələrin insanları təzə həddi-büluğa çatmış bir şəxsi üzvlüyə, yaxud qəbiləyə və totemist dəstəyə qəbul etmək istəsələr, əvvəlcə onu müəyyən bir müddət tərki-dünya həyat sürməyə, qadınlarla və hələlik totemizm ayinini qəbul etməyən şəxslərlə görüşməkdən çəkinməyə vadar edirlər. Belə hallarda onun meşələrdə özünə sığınacaq seçməsi daha məqsədəuyğun hesab olunur. Bu halda xörəklərin əksəriyyəti ona haram sayılır, halal olanlar da ya xüsusi şəxslər vasitəsilə onun ağzına qoyulmalı, yaxud özü acından ölməyin qarşısını alacaq miqdarda yeməlidir.

Təzə həddi-büluğa çatmış oğlan uşağı məşəqqətli ruhi məşğələlərlə müşaiyət olunan bu ağır dövrü keçdikdən sonra pak, xalis və mə`nəvi bir halda asketik həyat tərzindən çıxır və bundan sonra dini mərasimlərdə iştirak etməyə icazə alır.

“İntişiyuma” əslində totemizmin ən əsas ayini kimi qeyd olunan mərasimlərdəndir. Bu ayin ilk baharda və yağışlar yağmağa başlayan zaman təntənəli və böyük bir bayram kimi keçirilir. Mərasimdə qəbilənin bütün üzvləri daşlı, kələ-kötür bir yamaca yığılır, tam çılpaq halda oynayıb rəqs etməyə, var gücləri ilə ayaqlarını döyəcləməyə və atılıb-düşməyə başlayırlar. Onlar müəyyən mahnılar oxuyur və həmin halda güllərin tozlarını havaya səpirlər. Onların inancına görə bu əməl əkin-səpinin bərəkətinin çoxalmasına, onların nəslinin artmasına səbəb olur. Bu mərasimi yerinə yetirdikdən sonra qəbilənin bütün üzvləri totem sandıqları müqəddəs heyvanın ətini yemək üçün bir yerə yığışır və bununla da, öz ulu babalarının ruhu hesab etdikləri totem ilə birləşməyi mümkün sayırlar. Qəbilə üzvləri bu mərasimlə öz ulu babalarına qarşı olan sədaqət, vəfadarlıq və həmrəyliklərini nümayiş etdirirlər.

Qeyd olunan mətləblərdən belə bir nəticəyə gəlirik ki, totemizmdə qəbilənin ulu babası qəbilə üzvlərinin əsli vücudu və kökü hesab olunur. Qəbilənin ulu babası öldükdən sonra ruhunun qəbilənin totemi şəklində zühur etdiyinə görə, o da müqəddəsləşdirilərək sitayiş olunur. Ancaq, məşhur sosioloq Emil Durkim bu fikirdədir ki, totemistlər totemə pərəstiş və onun fövqəladə qüdrətinə inanmaqla yanaşı bütün dünyada tə`siri olan yeganə yaradan və yox edən qüvvəyə də e`tiqad bəsləyirlər. Totemlər bütün bu qüdrətlərdən məhrumdurlar. Dünya səviyyəli bu qüdrətli güc totemlərdə də təcəssüm olunmasına baxmayaraq, dünyanın bütün başqa varlıqlarında mövcuddur. Əlbəttə, varlıqlardan heç biri ilə eyni deyil, bu qüvvə əzəli və əbədi olmuş, totemlərin yaranmasından əvvəl və onlardan sonra da mövcud olmuşdur.

Müxtəlif xalqların tarix və ədəbiyyatından qalmış əsərlər aşkar şəkildə göstərir ki, totemizm ayinin təxminən dünyanın hər yerində qədim tayfa və millətlərin böyük əksəriyyətində olduğunu göstərir.

Dünya xalqlarının şifahi və yazılı ədəbiyyatının müasir dövrə gəlib çatmış dastan, nağıl, atalar sözləri uzaq keçmişdə totemə e`tiqadın geniş yayılmasına dəlalət edir. Bu mənbələrdən biri kimi romalıların əfsanəvi dastanlarını və Yupiterin hekayəsini göstərmək olar. Məşhur nəzəriyyəyə görə, öz sevgilisinin diqqətini cəlb etmək üçün o özünü qu quşu formasına salmışdır. Bu hadisə göstərir ki, latınların əsil əcdadı sayılan Ariya qəbilələrindən biri qu quşunu özünə totem seçmişdir. Sonralar, tədricən bu quş ilahiləşdirilmiş və nəticə e`tibarı ilə Yupiter hekayəsi formasına düşmüşdür. Firdovsinin “Şahnamə” əsərində də bu e`tiqadın müxtəlif yönlərini tapmaq olar. Bu əsərdə İranın müxtəlif tayfa və köçəri xalqlarının bayraqları haqda deyir: “ - İran şahının ordusunda xidmət edən hər bir qəbilənin bayrağında müxtəlif rəngli bir ulduz, yaxud heyvanın təsviri var idi. Bu bayraqlar hər bir tayfanın düşərgə saldığı yerlərdə yüksək bir nöqtədə dalğalanırdı. Onların üzərində ayın, ulduzun, canavarın, əjdahanın, filin və s. heyvanlar təsvir olunmuşdu.”

Eyni zamanda demək olar ki, hal-hazırda da müəyyən şəhər və ölkələrin simvolu kimi tanınan bə`zi rəsmlər, o cümlədən Almaniya və Amerikada qartal, Tailandda fil, Yaponiyada günəş, Şri-Lankada şir və s.-də totemlərə e`tiqadların qədim dövrlərdən mirasıdır. Bundan başqa, dünyanın müxtəlif yerlərində, eləcə də Avstraliyada, Amerika qitəsinin şimal və mərkəz bölgələrində, bə`zi Afrika ölkələrində totemizmə inanan, qədim dövrdə mövcud olan e`tiqadlardan bir çoxunun mədəniyyət və düşüncələrində qaldığı çoxsaylı primitiv qəbilələr həyat sürürlər. Hindistanda inəyə vəsfolunmaz hörmət və müqəddəsləşdirmə şübhəsiz ki, totemizm düşüncəsinin bariz nümunələrindəndir. Bir çox avam kütlələr və hətta bə`zi müsəlmanlar da ağaclardan, daşlardan və s.-dən kömək ummaq, onlara ehtiram göstərmək kimi hallar da gözə çarpır. Bu sahədə daha ətraflı və çoxsaylı nümunələri müasir dünya xalqlarının mövcud adət-ən`ənələrini araşdırmaq və totemist təfəkkürünü adət-ən`ənələrlə tutuşdurmaqla qalıqlarını müşahidə edərək, uyğun olduğunu görmək olar.

1. Tabunun neçə növü vardır?

Totemin tə`rifini deyin.

Totemizmin əsaslarını izah edin.

Totemizm ayinində haram olan şeylərdən bə`zilərini izah edin.

Müasir dövrdə totemizmin simvollarından sayılan bir neçə nümunə göstərin.

“Zümər” surəsinin 5-ci ayəsindən istifadə etməklə, totemistlərin qəbilənin bütü və totemi barədəki nəzərini şərh edin.

İbtidai dinlərin müxtəlif fərqlərlə yanaşı, çoxlu ortaq cəhətləri də vardır. Bu ortaq cəhətlər bütövlükdə bütün ibtidai dinlərin vahid bir ideologiya və eyni mənbədən qaynaqlanmasını göstərir. İbtidai icma və qəbilələrin dünyanın müxtəlif nöqtələrində dağınıq şəkildə yaşamalarına görə, əlifba və yazışmaların olmadığı bir şəraitdə onların mədəniyyət, e`tiqad və adət-ən`ənələri yalnız şifahi şəkildə söylənilərək sinədən-sinəyə keçməklə sonrakı nəsillərə ötürülmüşdür. Keçən dərslərdə qeyd olunduğu kimi, səmavi elçilər tərəfindən təkallahlıq ayininin əsası olan - Allah Təalanın əbədi və əzəli kimi qiymətləndirilməsi bütün dinlərdə oxşar və eyni şəkildə nəzərə çarpır. Buna görədə, belə nəticə almaq olar ki, ilahiyyatçıların ümumbəşəri dinlərdəki e`tiqadların hamısının əsas və kökünün tovhid, təkallahlılıq olması fikrinin doğruluğu barədə nəticəyə gəlmək olar. Amma zaman keçdikcə dini məsələlərin qavranış və şərhinə nöqsanlı bəşəri duyğu və ambissiyaların müdaxiləsi və eyni zamanda öz mənfəətlərini güdənlərin, dünyapərəstlərin dini əqidələri təhrif edərək onlarda dəyişikliklər aparması nəticəsində təkallahlılıq təhrifə mə`ruz qalmış və ağlasığmaz, şirkə qarışmış formaya düşmüşdür.

Bu müqəddimə ilə ibtidai dinlərin müştərək xüsusiyyətlərini bəyan edərək onların ortaq cəhətlərini ayrı-ayrılıqda araşdırırıq.

İbtidai icma və qəbilələrlə əlaqədar aparılan ilkin araşdırmalar göstərir ki, onların özəl bir məkan, yaxud müəyyən bir əşya barədə xüsusi əqidə, məramları olmuş və bu kimi münasibətlər tədricən müqəddəsləşdirilərərək xüsusi ehtirama layiq olmuşdur. Bu ehtiram hissi onlara qarşı ehtiyatlı rəftar və müdafiə, digər adi şəxs və əşyalara münasibətdən təmamilə fərqli şəkildə təzahür etmişdir . Güman etmək olar ki, bu cür müqəddəslik və ehtiramın kökündə müqəddəs şeylərin fövqəl-təbii qüvvəyə malik olması, xeyir və yaxşılıq, yaxud şər və pislik mənşəyi ola bilmələrinə dair e`tiqad dayanır. Nəticədə, bu əşyaların hörmətini saxlamaq iki şeyə görə ola bilərdi: ya onların şərr və qəzəblərindən amanda qalmaq, yaxud da onların xeyir-bərəkət və mərhəmətlərindən bəhrələnmək.

Bütün ibtidai qəbilələr müəyyən mə`nada qeybi və mə`nəvi qüvvəyə, bu qüvvənin bütün əşyalarda olduğuna və hər bir yerdə tapıla biləcəyinə, fövqəladə həyati tə`sirlərinə inanırdılar. İbtidai insanlar bütün işlərində bu fövqəl-təbii qüvvədən kömək diləyirdilər.

İbtidai cəmiyyətlərdə yaşayan insanlar baş verən hadisələrin düzgün və real qavrama, məntiqi təhlil imkanına malik olmadıqlarından, ətraflarında cərəyan edən prosesləri anlamaqda aciz qaldıqlarından özlərini xatircəm etmək, işlərin axarını xəyali olaraq öz xeyirlərinə yönəltmək üçün bir sıra xurafatçı işlərə, o cümlədən cadugərlik və sehrkarlığa əl atırdılar.

Əlbəttə unutmaq olmaz ki, sehr və caduya müraciət əslində onların fövqəl- təbii qüvvələrə e`tiqad bəsləməsinin, öz ətraflarında baş verən hadisələrdə onların müəyyən tə`sirlərinə inandıqlarının in`ikası idi. Başqa sözlə desək, sehr və cadu müqəddəs ruhlar və mana ilə əlaqə yaratmaqla əzazil ruhların şərrinin dəf edilməsində, o ruhların onlara hakim kəsilməsinin qarşısını almaqda, bu müqəddəs ruhlardan düşmənlərə qalib gəlib onları məğlub etməkdə, eləcə də əleyhdarlarının sehr və cadularının xoşagəlməz tə`sirlərini neytrallaşdırmaqda istifadə üçün bir vasitə idi. Sehr və caduya qarşı dərin inam hissi cadugərlik və sehrbazlığın geniş yayılmasına və bu təbəqənin cəmiyyətdə mühüm mövqeyə çıxmalarına səbəb olurdu.

Cəmiyyətdə sehrkar və cadugərlər iki dəstəyə bölünürdü: onlardan bir qrupunun fəaliyyəti camaatın xeyrinə və sosial vəziyyətlərini yaxşılaşdırmağa xidmət edirdi. Sehrkar həkimlər də belələrindəndir. Onlar xüsusi ictimai mövqeyə malik idilər və öz sehr, caduları ilə xəstələrə şəfa verməyə çalışırdılar. Bu cadugərlər xəstəliyi xəbis və şər ruhların bə`zi bəd əməllərinin mənfi tə`sirləri kimi qələmə verirdilər. Falçılar, gələcəkdən xəbər verənlər, tilsim işləri ilə məşğul olanlar və s. həmin dəstədən hesab olunurdular. Digər bir dəstə isə sehr, cadu ilə camaata zərər yetirən cadugərlər idi və onların işi ölüm, xəstəlik, çətinlik, quraqlıq və s. problemlər yaratmaqdan ibarət idi.

Keçən dərsdə tabu barədə müfəssəl bəhs olundu. Burada qeyd ediləsi məqam bundan ibarətdir ki, tabuya e`tiqad sırf totemizm ayini üçün xarakterik deyildir, bu e`tiqad bütün ibtidai dinlərdə müxtəlif adlarla, müxtəlif formalarda və müəyyən mə`nada oxşar tərzdə mövcud olmuşdur.

Qısa şəkildə izah etmək istəsək, tabu bütün qəbilə üzvlərinin totemə, ruha və onların müqəddəs və möhtərəm saydıqları hər bir şeyə hörmət və çərçivənin gözlənilməsinə deyilir.

Tabuya hörmət və ehtirama riayət vacib olduğundan, ibtidai icmaların üzvləri bu qaydalardan çıxaraq onları pozan hər bir şəxsi çirkli və nəcasət sayırdılar. Doğuş, ölüm, qan tökmək, tabuya toxunmaq, qana bulaşmaq və s. işlər insanın murdarlanmasına səbəb olurdu. Onların nəzərində bu kimi işlər qəbilə üzvlərinin həyatında və hətta bütün canlılar üçün xoşagəlməz dolaşıq vəziyyətlərin yaranmasına səbəb ola bilərdi. Buna görə də onlar öz ruhlarını paklaşdırmaq üçün xüsusi ritual və mərasimlər keçirirdilər. Belə rituallardan oruc tutmaq, baş qırxdırmaq, dırnaq tutmaq, bədəni yerə çırpmaq, tüstünün qarşısında dayanmaq, odun içində qaçmaq, suyun üstündən tullanmaq, qanla bədəni yumaq, yaxud bədənin hər hansı bir üzvünü yaralamaq və s.-ni qeyd etmək olar. Adətən bu əməllər xüsusi dua və zikrlərin müşayiəti ilə icra olunurdu.

Daş dövründə yaşamış ibtidai qəbilələr, eləcə də müasir dövrdə həmin əqidələrlə uyğun həyat sürən insanlar varlıq aləminin bütün ünsürlərini diri və canlı hesab edirlər. Onların e`tiqadına görə bütün əşyalar və cansız varlıqlar insanlara və yaxud əşyalara tə`sir göstərə biləcək gizli bir ruha malikdirlər. Bu ruhlarda insanların ruhuna bənzər xüsusiyyətlər, duyğu, hisslər olduğu üçün iradə və qüdrətlərilə bütün aləmi əhatə edə bilər və bu zaman həddindən artıq təhlükəli və zərərli olurlar. Müvafiq olaraq, insanlar da onları razı salıb sevindirə bilsələr, həyatda xeyir-bərəkət, firavanlıq, rahatlıq və uğur əldə edə bilərlər. Bu ruhların razılığını qazanmağın yolu qarşısında sədaqət, vəfadarlıq və dərin ehtiram hissini izhar etməkdir.

İbtidai icmalar arasında əşyaların və cansız varlıqların ruha malik olma əqidəsi o qədər inkişaf etmişdi ki, hətta onlardan bə`ziləri dağ, daş, dəniz və s.-nin də erkək və dişi cinsinə mənsub olduğuna inanmış və onların izdivacından, vüsalından başqa dağ, daş və dənizlərin yarandığını güman etmişlər.

Yuxarıda qeyd etdik ki, ibtidai icmalar hər bir şeyin ruh və canının olmasına inanırdılar. Bilmək lazımdır ki, gedən proseslər arasında daha çox tə`sirli, bərəkətli, həyat və varlığın rövnəqvericisi olanlar, ibtidai insanların həyatlarının asılı olduqları fenomenlər diqqəti özünə daha artıq cəlb edirdi. Belə ki, bu fenomenlərə qarşı münasibətdə sırf ehtiram və müqəddəslikdən daha irəli gedərək onlara sitayiş etməyə başlayırdılar. İbtidai insanların məişət şəraiti və yaşadıqları mühitin coğrafi mövqeyi barədə aparılan araşdırmalarda sübuta yetirilmişdir ki, hər bir bölgədə varlıq simvolları və təbii fenomenlər camaatın məişət vəziyyətinə, onların ətrafındakı təbii şəraitə mütənasib olaraq müqəddəslik və ehtirama layiq görülmüşdür. Belə ki, onlar üçün daha artıq həyati dəyərə malik olan hər bir təzahürə daha çox pərəstiş və hörmət olunurdu. Misal üçün, Avropanın şimalındakı meşə zolaqlarında ağaclar müqəddəs sanılır və onlara sitayiş edilirdi. Çünki, yerli camaatın ehtiyac və güzaranı ağacları kəsib satmaqla tə`min olunurdu. Onlar böyük gövdəli və uzun ömürlü ağacları qırarkən dodaqlarının altında sanki bağışlanmalarına zəmanət verəcək xüsusi duaları züm-zümə edirdilər. Buna əks olan hallar da var idi. Torpağın və əkinin məhsuldarlığı yalnız yağışdan asılı olan quraqlıq səhra sakinləri daha çox səmaya və buluda ehtiram qoyurdular.

Bunun ən yaxşı sübutu müxtəlif məntəqələrdə yaşayan insanların səmavi ruhların razılığını əldə etmək və yağış istəmək məqsədi ilə keçirdikləri ibadət mərasimləridir.

Müasir dövrdə də svilizasiyalı xalqlar və səmavi dinlərin ardıcılları arasında belə əqidə və ideyalar üçün zəminələr müəyyən qədər nəzərə çarpır. Necə ki, neçə əsr bundan əvvəl insanların əsas qida rasionunu təşkil edən çörək və buğda indinin özündə də təkallahlı din ardıcılları arasında ilahinin digər ne`mətlərlə müqayisədə daha çox ehtirama malikdir. Onu murdarlamaq, ayaq altına salmaq, zibillə birlikdə atmaq və s. işlər günah sayılır. Əgər yolun kənarında bir tikə çörək görərlərsə, dərhal onu yerdən götürərək öpür və əldəyməz bir yerə qoyurlar.

Cahiliyyət dövründə ərəblər bütləri bə`zən xurmadan düzəldirdilər. Çünki, bu məhsul bolluğuna görə ərəblərin ən əsas qida maddəsi hesab olunurdu. Ərəblər xurmanı bütə çevirməklə, ona sitayiş və müqəddəsləşməsinə zəmin yaradırdılar.

Əvvəldə qeyd olunduğu kimi, ibtidai insanlar müxtəlif şəkil, hal və formaları olan qeybi qüvvələrin mövcudluğuna inanırdılar. Onların fikrincə, bu qüvvələr firavanlığın, bol ne`mətlərin mənşəyi və təbiət aləminin müqəddəratına hakimdirlər. Bu əqidənin sahibləri sehr və cadudan istifadə etməklə həmin namə`lum qüvvələrin rəğbətini qazanmaq, onlardan öz mənafelərinin tə`mini üçün istifadə etmək istəyirdilər. Bu məsələ ibtidai insanların heç vəchlə qalib gəlinməsi mümkün olmayan bir çox təbii hadisələr qarşısında aciz qalıb məğlubiyyətləri ilə barışmalarına, varlıq aləmində əlyetməz, dünya işlərinin çoxunu idarə edən bir, yaxud çoxlu sayda böyük qüdrətlərin varlığına inanmalarına səbəb olmuşdur.

İbtidai insanlar bu güc və ya güclərin razılığını cəlb etmək, öz məqsədlərinə çatmaq üçün onların qarşısında öz acizliklərini izhar etmiş, təmənna və yalvarışla, hədiyyə və qurbanlıq verməklə bu fövqəl-təbii gücləri razı salmağa çalışmışlar. İndinin özündə də, müxtəlif şəkillərdə qurbanlıq mərasiminin keçirilməsinin bütün ibtidai dinlərdə, eləcə də böyük ilahi və qeyri-ilahi dinlərin çoxunda xüsusi bir ayin kimi yayılmasının şahidiyik. Müxtəlif dinlərdə mövcud olan qurbanlıq mərasiminin əsas fərqlərini üç mövqedən araşdırmaq olar:

1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə