BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)




Yüklə 2.06 Mb.
səhifə7/20
tarix22.02.2016
ölçüsü2.06 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   20

Olsun

(Divani)
Məmləkətim, ayağa qalx, yağılardan qisas al,

Qoy hər qızın Tomris olsun, hər oğlun Babək olsun.

Hər ildırım hücumların yağını oda yaxsın,

Hər əsgərin cəbhələri yaran bir şimşək olsun!

Qalibiyyət bayrağını göyə qaldır vüqarla,

Cəngavər igidlərini yola sal iftixarla.

Düşmənlərin anaları ağlasın ahu-zarla,

Bacılarının nəsibi gözdən yaş tökmək olsun!

Xətayilər torpağını talamaq, bölmək olmaz,

Yağılardan öc almamış igidə ölmək olmaz.

Alçaqların qarşısında mərdə əyilmək olmaz,

Şəhidlərin cəsurluğu bizlərə örnək olsun.

Bədnam, nankor, namərd, qonşu üz verdikcə qudurur,

Abırı, həyanı atıb, yalan, böhtan uydurur.

Hələ də axmaq ayılar, itlərə arxa durur,

Istəyir ki, qulluğunda yaltaq, bic köpək olsun.

Axşam – sabah canmıza daraşır parazitlər -

Furaşkalı, əmmaməli xunxar gənələr, bitlər.

Hər tərəfdən üstümüzə hürüşür quduz itlər,

Ayıq olaq, əlimizdə tüfəng, dəyənək olsun.

Hər mömin libaslı iblis türkə “bəradər” olmaz,

Binnətəm, “ser”,“müsyo”,“mujik”türkə bərabər olmaz.

Xalqım, boş sözlərə uyma, döyüşsüz zəfər olmaz,

Hücuma keç, qələbə çal, Haqq sənə kömək olsun!



19.04.1999

Olmaya

(Divani)
Mərd mərd ilə ortaq ola, namərdə tay olmaya,

Bağ salıb, barını dərə, əməyi zay olmaya.

Heç bir kəsin bağçasının gülü vaxtsız solmaya,

Ahı buluda dönməyə, göz yaşı çay olmaya.

Millət, Vətən deyənlərin çoxları xain çıxdı,

Ayı, tülkü əlbir olub, fəndlə pələngi yıxdı.

Qanımızı tökən dazbaş qan içdikcə qanıxdı,

Şənbə gecəsitək gecə, yanvartək ay olmaya.

El qeyrəti çəkənlərin çoxu getdi güdaza,

Satqınlar mənsəbə çatdı xalqa gor qaza-qaza.

Yay- yaya, payız-payıza, qış-qışa, yaz da yaza,

Bənzəməyir. Bizdən küsüb Göy, Günəş, Ay olmaya?

Xalqı ayaqaltı edib naşılar çıxdı taxta,

Taxt-taca layiq olanlar qan qusdu laxta-laxta.

Məzlumların günü qara, bəylərin vədi saxta,

Zorla əldən-ələ keçən taxt - tac, saray olmaya.

El malına göz dikənin el otursun vayına!

Yardımkomlar, əlilkomlar yanmır elin hayına.

Daraşıblar əlillərin, yetimlərin payına,

Binnətəm, nə belə yardım, nə belə pay olmaya!


07.03.1992
Oğul

(Oğlum Arifə)
Hər səhər məktəbə tələs, qalma bir dərsdən, oğul.

Əlaçı ol, dalda qalma, bacar, heç kəsdən, oğul.

Atanı, ananı eşit, müəllimə hötmət et.

Ömrün boyu oxu, öyrən, düşmə həvəsdən, oğul.

Yükün kitab, dəftər olsun, vərdişin dərs oxumaq,

Hər dərdinə çarə tapar, bilsə hər kəs oxumaq.

Sənə şan-şöhrət gətirər, hədər getməz oxumaq,

Hifz eləyər bəd nəzərdən, həm bəd nəfəsdən, oğul.

Öyrənməyə könül verən sevər dəftər - kitabı.

Əziyyətdən uzaq olar, heç vaxt çəkməz əzabı.

Binnət kimi elmi sevən, dürüst bilər hesabı.

Geri qalmaz heç bir zaman qatardan-dəstdən, oğul.


17.09.1993

Qalmayıb

(Mərsiyə-qəsidə)
Ağlamaqdan göz yaşımız olubdur car, qalmayıb,

Əldən gedib qəmxarımız, bizə qəmxar qalmayıb.

Gözlər ağlar, üzlər qəmgin, toylar yasa dönübdür,

Nə çalan var, nə çağıran, nə də mağar qalmayıb.

Ana vətən qan ağlayır, hüznlə yas saxlayır,

Vurulmaqdan sinə qançır, üzdə tutar qalmayıb.

Əzizləri şəhid olan zarımasın, neyləsin?

Xəzan əsib, viran olub, çəmən-gülzar qalmayıb.

Ürək ahlı, sinə dağlı, könül həsrət, yol bağlı,

Bizə tuş olmayan xata, bəla, azar qalmayıb.

Qara şəhər qara geyib, yas saxlayır küçələr,

Qara bayraq asılmamış eyvan, divar qalmayıb.

Aman Allah! Tapılmayır qara parça, qara lent,

Getmədiyim, baxmadığım dükan- bazar qalmayıb.

Toplar, tanklar divan tutub əliyalın şəhərə,

Körpü uçub, yol dağılıb, çəpər, hasar, qalmayıb.

Ölüm saçan silahların qəhqəhəsi susmayır,

Evdən çıxmaq qadağandır, cəlladda ah qalmayıb.

Yezidlərin, faşistlərin, daşnaqların əliylə

Talan olub bağ-bağçalar, parklar, bağlar qalmayıb.

Göydə Günəş qara geyib, zülmət boğur şəhəri,

Sınıb işıq dirəkləri, bircə fənər qalmayıb.

Dünən bizə qardaş deyən nankorların əliylə

Sinəmizə çəkilməmiş hansı dağlar qalmayıb?!

Dalğa- dalğa insanların dalğalanır göz yaşı,

Bizi ağlar qoyan zalım niyə ağlar qalmayıb?

Bər-bəzəkli reklamların qaralıb çılçırağı,

Sarayların sütunları sınıb, tağlar qalmayıb.

Ağlar qalıb, ağı deyir Zeynəb- elin bülbülü,

Inləməyən, sızlamayan bir kaman, tar qalmayıb.

Üç gündür ki, matəm ünü bürüyübdür ölkəni,

Ümüdlərin odu sönüb, səbir, qərar qalmayıb.

Hanı mənim qoç Koroğlum, Cavanşirim, Xətayim?

Babəklərin, Nəbilərin meydanı dar qalmayıb.

Düşmən çıxdı, Binnət, sənin “xilaskarım” dediyin,

Nankorlarda nə sədaqət, nə etibar qalmayıb.



24.01.1990

Ölümmü, qalımmı?
Şəri xeyirindən qat-qat artıqsa,

Ölümmü, qalımmı bu dünyada mən?

Əzabı çoxdursa, rəhmi yoxdursa,

Ölümmü, qalımmı bu dünyada mən?

Ülfəti soyuqsa, eşqi səfasız,

Sevinci kasadsa, dərdi şəfasız,

Düşməni zalımsa, dostu vəfasız

Ölümmü, qalımmı bu dünyada mən?

Fitnəsə, böhtansa, şərsə əməli

Özü müəmmasa, işi gülməli,

Ağıl öyrədirsə alimə dəli

Ölümmü, qalımmı bu dünyada mən?

Hələ zülm edirsə haqsız haqlıya,

Haqdan dərd gəlirsə haqqa bağlıya,

Nə gülə bilirəm, nə də ağlaya

Ölümmü, qalımmı bu dünyada mən?

Ağıllar çaşıbsa, başlar gicdisə,

Bədxahlar şeytandan, cindən bicdisə,

Zaman dönübdürsə, dövran kəcdisə

Ölümmü, qalımmı bu dünyada mən?

Qan tökürsə çərxin qanlı əlləri,

Kəsirsə doğru söz deyən dilləri,

Əsirsə yurduma quzey yelləri,

Ölümmü, qalımmı bu dünyada mən?

Binnnətə lağ edən, a gülməlilər,

Xalqa biganələr, sağkən ölülər,

Mənə ağıl dərsi verən dəlilər,

Ölümmü, qalımmı bu dünyada mən?



03.10.1992

Öldürün məni!
Əgər qanun-qayda, ədalət yoxsa,

Doğruluq, düzgünlük, həqiqət yoxsa,

Etibar, sədaqət, məhəbbət yoxsa,

Öldürün, öldürün, öldürün məni!

Əgər kar edirsə, fələyi ahım,

Haqqım tapdanırsa, yoxsa pənahım,

Qeydimə qalmırsa şahım, Allahım,

Öldürün, öldürün, öldürün məni

Əgər sevincimdən qəmim çoxdursa;

Taleyim, qismətim, bəxtim yoxdursa,

Azad yaşamağa haqqım yoxdursa,

Öldürün, öldürün, öldürün məni!

Əgər haqq- ədalət gəzmək günahsa,

Qanunu – qaydanı pozanlar haqsa,

Mənim savabımdan günahım çoxsa,

Öldürün, öldürün, öldürün məni!

Əgər zülm edirsə haqsız haqlıya;

Qoymursa nə gülə, nə də ağlaya,

Tanrı rəhm etmirsə haqqa bağlıya,

Öldürün, öldürün, öldürün məni!

Əgər məhv edirsə rüşvət qanunu;

İşləmirsə Allah, dövlət qanunu,

Haqsızlıq tökürsə haqqın qanını,

Öldürün, öldürün, öldürün məni!

Əgər fərqi yoxsa yaxşının, pisin;

Insanla şeytanın, qızılla misin,

Felinə uyursa mömin iblisin ,

Öldürün, öldürün, öldürün məni!

Əgər haqqı danan hakim haqdırsa,

Fərman işləmirsə, dərman saxtasa,

Təsəllimiz dözüb, ağlamaqdırsa,

Öldürün, öldürün, öldürün məni!

Əgər BMT bizə kortək baxdısa;

Şəhidlərin qanı nahaq axdısa,

Qisas qiyamətə qalacaqdısa,

Öldürün, öldürün, öldürün məni!

Əgər xar olursa xalqım, Vətənim;

Düşmən əlindəsə çölüm-çəmənim,

Nəyimə gərəkdir bu ömür mənim?

Öldürün, öldürün, öldürün məni!

Əgər yağılardan qisas almasam;

Döyüşüb, vuruşub, zəfər çalmasam,

Binnətəm, qazi ya, qalib olmasam,

Öldürün, öldürün, öldürün məni!



18.09.1992

Öləsən səni

(Həcv)
(Hacı Xaliq Bəşər – bədnam bir dələduz

Öldürün məni” “Göydən zülm yağır hələ”,

Bazara həvəsləndirmə” adlı şeirlərimi öz

imzası ilə “Xural” qəzetində çap etdirib.)
Əgər səndə namus, qeyrət yoxdursa;

Vətənə, millətə hörmət yoxdursa,

Əhdin, etibarın, andın saxtasa,

Öləsən, öləsən, öləsən səni!

Əgər incikdirsə, səndən yad, yaxın;

Qohuma, qonşuya yoxsa pənahın,

Sənə qənim olsun şahın, Allahın,

Öləsən, öləsən, öləsən səni!

Əgər xeyirindən şərin çoxdursa;

Mənliyin, şərəfin, arın yoxdursa,

Sədaqətin, etibarın yoxdursa,

Öləsən, öləsən, öləsən səni!

Əgər vicdanın kar, qəlbin dustaqsa,

Ruhun xəzan vurmuş bəhrəsiz bağsa,

Sənin savabından günahın çoxsa,

Öləsən, öləsən, öləsən səni!

Əgər düşmənsənsə haqqa bağlıya;

Zülm edirsənsə haqqa bağlıya,

Haqq səntək zalımı niyə saxlaya?

Öləsən, öləsən, öləsən səni!

Əgər danırsansa sən vicdanını;

Hər gün pozursansa, oğru, qanunu

Düz olar töksələr sənin qanını

Öləsən, öləsən, öləsən səni!

Əgər itisənsə, gədə, sən pisin,

Sən zayın-zayısan, pisisən, pisin.

Qulusan şeytanın, cinin, iblisin,

Öləsən, öləsən, öləsən səni!

Əgər işin alıb aldatmaqdırsa;

Diplomların, möminliyin saxtasa,

Səndə qəlb buzdursa, nəfəs şaxtasa,

Öləsən, öləsən, öləsən səni!

Əgər harınlaşmış bir quduzsansa;

Insafı, mürvəti, rəhmi azsansa,

Şantajçı, böhtançı, dələduzsansa,

Öləsən, öləsən, öləsən səni!

Əgər xar olursa, xalqın, Vətənin,

Vecinə deyilsə, biqeyrət, sənin,

Nəyinə gərəkdir bu həyat sənin?

Öləsən, öləsən, öləsən səni!

Əgər qəsbkardan qisas almasan,

Fərari, döyüşüb zəfər çalmasan,

Binnətəm, qazi ya qalib, olmasan,

Öləsən, öləsən, öləsən səni!



02.02.2011

Xoş gəlibsiniz
Əziz balarımız, elmə,ürfana

Siz sadiq qalmağa xoş gəlibsiniz.

Qayğıkeş, mehriban müəllimlərdən

Dərs - bilik almağa xoş gəlibsiniz.

Qəvvas dürr çıxarar cumsa dərinə,

Heç zaman güvənməz fərsiz fərinə.

Elmin fəth olmamış zirvələrinə

Yeni yol salmağa xoş gəlibsiniz.

Hünərlə qorudu vətəni Babək

Bilik, hünər olsun yarağınız tək!

Ucalan üçrəngli bayrağımıztək

Hər gün ucalmağa xoş gəlibsiniz.

Siz qorxu bilməyən cavan şir kimi,

Meydandan tülkülər qovan şir kimi.

Döyüş meydanında Cavanşır kimi

Qələbə çalmağa xoşgəlibsiniz.

Binnətəm, həmişə əsgər tək sayıq

Elin keşiyində dayanmalıyıq.

Anamız vətənin adına layiq

Vətəndaş olmağa xoş gəlibsiniz.



01.09.1993
Qıfılbənd
Bir yol bir nəzərlə seyr eləmişəm

Bir oyuncaq-iki üzlü dünyanı.

Bu oyun dünyanın ağ günü on beş,

Qara gününün də on beşdir sanı.

Burda iki şahin hökmü, sözü var,

Şahın hər birinin altı üzü var.

Hər bir şahın iyirmi bir gözü var,

Bu şahların nə əti var, nə qanı.

Bu şahların iki şahənşahı var,

Iki şahənşahın bir Allahı var.

Bu dünyanın sevinci var, ahı var,

Binnət, sevin, qəmə vermə yaxanı.



18.04.1999
Söyüd
Araz qırağında, küləkli gündə,

Mən bir söyüd gördüm çayın üstündə.”

N.Həsənzadə
Bu odlu şeiri neçə il qabaq,

Oxudun, atəşi qanımda qaldı.

Vidalaşıb getdin, a şair, ancaq

O söyüdün dərdi canımda qaldı.

Hər külək əsəndə elə bilirəm,

Sərhəddə-Arazın qırağındayam.

Gözümdə intizar, ürəyimdə qəm.

Çoxdandır Təbrizin sorağındayam.

Görəndə söyüdün üzündə kədər,

Bir yığın dərd salır canıma fikir.

Ay şair, yurdumda bütün söyüdlər

Məftilli söyüdün dərdini çəkir.



21.01.1967

Bazara həvəsləndirmə

(M.Ə.Sabirə nəzirə)



Mənim bağım, baharım!-

Alverdən halı, oğlum!-

Bazar zamanı gəldi,

Dur, get, sat malı, oğlum!

Ey gözüm, ey canım,

Get bazara, cavanım!

Dükan-bazar açıldı,

Tayların tay-tay aldı.

Bazarın qabağında Üç-dörd kisə göy qaldı.

A göy alıb satanım! Get bazara, cavanım!

Oğul, yatma, amandır,

Zaman başqa zamandır. Bir dükanda işləyən,

Bir alverçi kalandır. Dur, a mənim kalanım,

Get bazara, cavanım!

Əlini pula öyrət,

Oxumağa etmə cəhd. Hər nə alsan ucuz al, Baha sat, qazan sərvət. Dur,a yatıb qalanım,

Get bazara. cavanım...


Alverdə var az, zəhmət-

Şəhərlərə səyahət.

Hərədə bir sifət var.

Alverçidə min sifət.

A min sifət olanım!

Get bazara, cavanım!

Allah olsun köməyin!

Baş tutsun hər kələyin!

Ayıq ol,ələ keçmə-

Hədər gedər əməyin.

A bisavad qalanım!

Get bazara, cavanım!

Bazarkomun tap çəmin,-

Pulla onu et təmin.

Çek yazana da pul ver,

Olmasın qəti qəmin.

Qaz vur dolsun qazanın!

Get bazara, cavanım!

Hər ay bir yerə haqq ver,

Onluqları şax-şax ver,

Gələn ayın haqqını

Beş-altı gün qabaq ver.

Dur, başına dolanım!

Get bazara, cavanım!





01.06.1987

Zəfər çalsın ədalət
Xoş gəlib, səfa gəlib harayıma gələnlər,

El oduna yananlar, el dərdini bölənlər,

El üçün çalışanlar, el dərdini bilənlər,

Bizim parytiyamızın budur ülvi qayəsi-

Zəfər çalsın ədalət - “ Ədalət” partiyası!

Rədd olsun qanımızı avtomatla tökənlər!

Yurdumda azad olsun yurd həsrəti çəkənlər!

Qoşulun sıramıza, el qeyrəti çəkənlər,

Od vuraq, külə dönsün haqsızlığın tayası,

Zəfər çalsın ədalət - “ Ədalət ” partiyası!

Karvana sarban olmaz kor, əyri yolla gedən,

Ədalətli şah olmaz öz xalqına zülm edən.

Sülh azadlıq axtaran, çıxma bizim cərgədən.

Qiyamətə qalmasın şəhidlərin qisası,

Zəfər çalsın ədalət - “ Ədalət ” partiyası!

Fitnənin fitilini dazbaş cin alışdırıb,

Iblis daşnaqlar ilə aranı qarışdırıb,

Mələk donuna girib, kürən bizi çaşdırıb,

Xalqın yarısı qaçqın, didərgindir yarısı

Zəfər çalsın ədalət-“ Ədalət” partiyası!

Çağırıb tapşıranda sürünü xallı qurda,

Tülkülər aslanlara tor qurar orda - burda.

Çaqqallar gödən yırtır yenə bu vurhavurda,

Millətin xilas yeri, xilaskarı, xilası

Zəfər çalsın ədalət-“ Ədalət” partiyası!

Barbarların əliylə olubdur bərbad vətən,

Ədalət zəfər çalsa olacaq abad vətən-

Məramı haqsızlıqdan uzaq və azad vətən.

Məhv olsun canilərin cinayət partiyası

Zəfər çalsın ədalət-“ Ədalət” partiyası!

Minlərlə şəhid, itkin, əsir, şikəst, əlil var,

Didərgin, qaçqın, köçkün, dərbədər, dul gəlin var.

Nə Hadi, nə Möcüz var, Nə Sabir, nə Cəlil var.

Xunxarı mədh edənin olmaz abrı-həyası,

Zəfər çalsın ədalət-“ Ədalət” partiyası!

Zırpı turp çıxan deyil, birləşib, güc verməsək

Qarabağ azad olmaz döyüşlərə girməsək.

Zəfər çala bilmərik topa sinə gərməsək,

Yurdumda paydar olsun sülh-azadlıq dünyası!

Zəfər çalsın ədalət-“ Ədalət” partiyası!

Bəsdir talan etdilər ölkənin sərvətini,-

Pambığını, neftini, varını, dövlətini.

Gəlin çəkək vətənin, millətin, qeyrətini,

Binnətəm, olaq yurdun fədaisi, fədası

Zəfər çalsın ədalət-“ Ədalət” partiyası!

02.02.1992



SATİRA VƏ HƏCVLƏR

Hələ

İblisi bəh-bəhlə başa çəkirik,

Daş-qalaq edirik mələyi hələ.

Özümüz-özümüzə zülm eləyirik,

Günahkar sayırıq fələyi hələ.

Haqsızlıq oyaqdır, ədalət yatıb.

Daz cin küpdən çıxıb, aranı qatıb.

Mömin sifətində kafirlər artıb,

Baş tutur biclərin kələyi hələ.

Bəylər də çoxalıb, indi bəylik də.

Səylər də çoxalıb, indi səylik də.

Gədələr hökm edən dərəbəylikdə

Haqqın qandallıdır biləyi hələ.

Çəkdik bəlasını bəlalı əsrin.

Bizə düşdü dərdi, məlalı əsrin.

Yağı zindanında zavallı əsrin

Qalır gözlərində diləyi hələ.

Qananlar danışıb gülmür ürəkdən,

Harınlar doymayır haram yeməkdən.

Ayıra bilməyir unu kəpəkdən,

Ay Binnət, dövranın ələyi hələ.

16.01.1991

Kişilənir

(daxili qafiyə)


Arvadından qorxub, kolda gizlənən də kişilənir.

Etibardan düşüb, hər gün izlənən də kişilənir.

Arsız arvadtək nazlanan, lap gec qanan, lap az qanan,

Evdə, çöldə qapazlanan, dizlənən də kişilənir.

Ölmür yerində bürüşüb,el içində gözdən düşüb.

Danlanmaqdan üzdən düşüb,üzlənən də kişilənir.

Kişilərə tələ qurdu, şər atana şahid durdu.

Atasının qəbri, yurdu, düzlənən də kişilənir.

Binnət kimi zəhmət çəkib,nə bağ salıb, nə yer əkib.

Ömrü boyu minnət çəkib, bizlənən də kişilənir.


13.04.2002
Xeyri yoxdur

(daxili qafiyə)
Xəsisdən pay,arsızdan ar gözləməyin xeyri yoxdur.

Satqın eli satıb, qaçıb, izləməyin xeyri yoxdur.

Görmür kasıb olanları millətin kor kəlamları.

Qabırğası qalınları dizləməyin xeyri yoxdur.

Söndürübdür dazbaş şamı, qaranlıqda qalıb hamı.

Ağzımızın itib tamı, “duz” deməyin xeyri yoxdur.

Belimizdə turp əkilir, sinəmizə dağ çəkilir.

Eybimizi aləm bilir, gizləməyin xeyri yoxdur

Sürümüzə dadandı qurd, viran oldu, dağıldı yurd.

Əgər evdə yoxsa qurud, “əz” deməyin xeyri yoxdur.

Satan satıb Qarabağı, muradına çatıb yağı,

Təpəsi xallı ulağı, bizləməyin xeyri yoxdur

Əldən düşdük yaza-yaza, söz kar etmir utanmaza.

Dil bilməzə,söz qanmaza söz deməyin xeyri yoxdu.

Batır vətən,ölür millət, haqsızlığa dözmür Binnət.

səbr var,nə də taqət, “döz” deməyin xeyri yoxdur.


05.03.1991

Sənə nə?
Baba Pünhan, nə haraydır salmısan,

Aclıq artır, azar artır, sənə nə?!

Parlamentə yalan vədlə seçilib,

Susan susur, yatan yatır, sənə nə?!

Hamı bilir balıq başdan iylənir,

Başa keçən kabinetdə piylənir.

Qaçqın, işsiz, əlil, yetim dilənir,

Ölən ölür, batan batır, sənə nə?!

Sinəmizə dərd dərd üstə qalanır,

Ziyalımız tum satmaqla dolanır.

Sərvətimiz gizli-aşkar talanır,

Alan alır, satan satır, sənə nə?!

Zalım məmurlardan baş açmaz fələk,

Xalqa yalan vədlər kələkdir-kələk.

Məmləkəti ördək, balıq, xərçəngtək,

Hərə bir tərəfə dartır, sənə nə?!

Evdə satılası yox kilim, gəvə,

Bilmirik nə sataq, un alaq evə.

Yubley, bayram konsertiylə hər TV

Hər gün başımızı qatır sən nə?!

Bəylik edir hər tülkü bir dərəyə,

Tor qururlar hər gündə bir fərəyə.

Maaşımız yarım aylıq çörəyə,

Bəzən çatmır, bəzən çatır, sənə nə?!

Yerinə yetməyir yalan vədələr,

Sanma vədəbazlar uzaq gedələr.

Öyrədilmiş-həyasızlar, gədələr,

Kişilərə böhtan atır, sənə nə?!

Pərdədir qurulan qurğu-büsatlar,

Binnəttək dərd çəksən, ürəyin partlar.

Ulağa işləyir çərləmiş atlar,

Hökm edir xallı daz qatır, sənə nə?!



16.04.1991

Dözürük hələ
yaman səbrli,dözümlü xalqıq,

Dözürük vurulan təpiyə hələ.

Aclar oynayırlar əlində yaylıq,

Toxların çaldığı çəpiyə hələ.

Harınlar ölkəni taladı,soydu,

Biclər məmləkəti pis günə qoydu.

Elə bil gözləri kordu,qarovdu,

Məddahlar dağ deyir təpəyə hələ.

Şəhərdə işləmir sexlər,dəzgahlar,

Kənddə susuz qalıb əkinlər,arxlar.

Öz halal varımız on ölkə saxlar,

Yaddan pay umuruq ölkəyə hələ.

Canda ağrımız çox,başda qadamız,

Dünyaya sığmayır saxta ədamız.

Hər gün bir ölkədən gəlir sədamız,

Yolumuz düşməyib Ləkiyə hələ.

Yüz acın içində beş nəfər toxdur,

Aclıqdan,azardan qırılan çoxdur.

Bu dərəbəylikdə nəzarət yoxdur,

Qanuna,qaydaya,çəkiyə hələ.

Dərdi danışdıqca söhbət uzanır,

Su yoxdu,nə işıq,nə də qaz yanır.

Yadlar ölkəmizdən milyon qazanır,

Özümüz həsrətik qəpiyə hələ.

Yeni islahatdan danışır hərə,

Nə dərsə qayğı var,nə şagirdlərə.

Onuncu sinifdə bəzi heyvərə,

Dördü bölə bilmir ikiyə hələ.

Tükənməz sərvətdir,ruzudur Xəzər,

Sərvəti olan da yamaqlı gəzər?!

Pambığımız,ipəyimiz dünyanı bəzər,

Çindən ipək gəlir Şəkiyə hələ.

Binnətəm,çaşmışam bu vurhavurda,

Gün ağlayan yoxdur millətə,yurda.

Möminlər şeytana,qoyunlar qurda,

Toyuqlar inanır tülküyə hələ.



09.03.1991

Qeybətkeşə

(Həcv)
Özün qeybətkeşsən,anan qeybətkeş,

Atan görbagor da qeybətkeş idi.

Nəslində,kökündə kişi olmayıb,

Deyələr: - qurumsaq yaxşı kişiydi.

Sırtıq sifətindən qaçıbdır həya,

Qəlbində yurd salıb paxıllıq,riya.

Quyruq bulayırsan səndən varlıya,

Yaltaqlıq,şırvanmaq tula işidir.

Üzə gülməyin var,dalda deməyin,

Əmək itirənsən,itsin əməyin!

Haram qazancın var,haram yeməyin,

Vərdişin sümsünən it vərdişidir.

Atanı,özünü öyməyin də var,

Yalandan döşünə döyməyin də var.

Özündən gücsüzü söyməyin də var,

Xoxun da uşağa xox gəlişidir.

Səndən yaramayıb nə qohum,nə yad,

Hər əməlin bəddir,sənin, a bədzat.

Səndən şərəflidir şərəfsiz arvad,

Kişiliyə yadsan,adın kişidir.

Bir az təlxəklikdə məharətin var,

Min bəd əməlin var, bəd adətin var.

Binnətəm,min dilin,min sifətin var,

Hələ yazdıqlarım mindən beşidir.



14.11.1980

Nankor

(Həcv)


Tulatək sülənərdin, axşam-sabah dövrəmdə,

A nankor, çibin idin mətbəximdə, süfrəmdə.

Hər məclisdə on dəfə şənimə tost deyərdin,

Səndən olmaz: deyərdin, məni tərifləyərdin.

Həftələrlə, aylarla evimdə qonaq idin,

Nə sözümdən çıxardın, nə üzümə ağ idin.

Yalan, doğru nə desəm, təsdiqlərdin sözümü

Əzbərlərdin şerimi, təriflərdin özümü.

Indi işin rast gedir, məndən uzaq gəzirsən,

Hər sozümə qulp qoyub, mənə ağız büzürsən.

Kimliyin bəlli oldu,a gədə oğlu gədə.

Gədədən gədə törər, kişi olmaz heç vədə.

Nə atan xeyir verib bir kimsəyə,nə də sən,

Atan səndən gədəydi, sən atandan gədəsən.

Qoltuqlarda keçirtdin həyatının çoxunu,

Axtarırsan qohumun varlısını, toxunu.

Bir kasıb qohumunun qapısını açmazsan,

Varlı qohumun səni itlə qovsa qaçmazsan.

Əl tutmağın olmayıb,həmişə əl açmısan,

Gen günümdə itimdin,dar günümdə qaçmısan.

Sən haram yeyə-yeyə haramıya dönmüsən,

Binnətgilə gəlmirsən, günə aya dönmüsən.



20.11.1983

M.S.Qorbaçova

(Məsnəvi)
Büt saydın, baş əydin hər heykəlinə,

Bəşər sadiq sandı səni Leninə.

Marksdan, Lenindən dedin sitatlar,

Bir deyil, beş deyil saysızdır faktlar.

Başına cəm olmuş dostlarınla sən,

Böyük salonlarda təmtəraqla, şən.

Avazla oxudun beynəlmiləli,

Pak kommunist saydı səni çox dəli.

Elə qrimləndin, maskalandın ki,

Üzdə el oduna elə yandın ki,

Böyük alimlər də sənə inandı,

Dedilər: - «Pozulmaz ilqarı, andı»

Hansı elə getdin rəhbərtək, ərklə,

Xalq qarşısına çıxdı duzla, çörəklə.

Qəlbində dağıtmaq, qırmaq məqsədin,

Ölkəni yenidən qurmaq istədin.

Xalqlar arasında çaxnaşma saldın,

Tökdüyün qanlara baxıb, zövq aldın.

Hər yerdə danışdın xalqın adından,

Sözlərin «sülh» oldu, əməllərin «qan».

Çox günahsız qanlar tökdü əllərin,

Sənə qənim olsun bəd əməllərin!

Milləti-millətin üstünə saldın,

Neçə dürlü-dürlü mükafat aldın.

Gərək çəkiləsən dara, çarmıxa,

Hələ yaşayırsan ev yıxa-yıxa!

Indi hamı bilir, hamı bilir sən

Bir mələk donuna girmiş iblissən!



16.02.1990
1   2   3   4   5   6   7   8   9   10   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə