BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)




Yüklə 2.06 Mb.
səhifə2/20
tarix22.02.2016
ölçüsü2.06 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   20

Kim çəkəcək?
Nə yaman günə qaldıq, nə yaman günə, Allah!

Ehtiyac qapımızı kəsdirir axşam-sabah.

Hanı ədalət divan, hanı ədalətli şah?

Nə vaxtadək qansızlar qanımızı içəcək?

Bu elin, bu millətin dərdini kim çəkəcək?

Yurdumuz əldən gedir, hər yanda alver gedir,

Başsızlar düşünməyir, Vətən gedir, yer gedir

Məmur da alver edir, muzdur da alver edir.

Kotanı kim sazlayıb, torpağı kim əkəcək?

Bu elin, bu millətin dərdini kim çəkəcək?

Kənddə nə dənimiz var, nə də dəyirmanımız,

Nə dəmirçixanamız, nə də ki, xırmanımız.

Yad ellərdə neft tapır, yüzlərlə Fərmanımız,

Bizə kim neft tapacaq, bizə kim yol çəkəcək?

Bu elin, bu millətin dərdini kim çəkəcək?

Kürsülərdən deyirlər; “göruləsi iş çoxdur”

Hara getsən rəislər deyir; – Bizdə iş yoxdur.

Fəhlə, kəndli, ziyalı ac, əmr verənlər toxdur

Nə şorumuz var yeyək, nə ayranımız içək,

Bu elin, bu millətin dərdini kim çəkəcək?

Milləti əldən salıb hər gün artan bahalıq

Onmin manata qalxıb üç manatlıq ət, balıq.

Qış girib, nə qaloş var, nə pambıqlı arxalıq.

Başımızda papaq yox, əllərimizdə əlcək,

Bu elin, bu millətin dərdini kim çəkəcək?

Pullular gur yerlərdə sex açır, dükan açır,

Pulsuzlar ya dilənir, ya yad ellərə qaçır,

Nə odun var, nə də qaz, hamı sətəlcəm-qançır.

Qənd ala bilmirik ki, barı qaynar su içək,

Bu elin, bu millətin dərdini kim çəkəcək?

El hərraca qoyulub, alan, satan bilinmir,

Milləti oda salıb, qırıb-çatan bilinmir,

Doğru kimdi, oğru kim, ara qatan bilinmir.

Satqını kim tapacaq, sadiqi kim seçəcək?

Bu elin, bu millətin dərdini kim çəkəcək?

Millət vəkillərinin maaşı tez-tez artır,

Ziyalının qazancı çörəyə güclə çatır,

Binnətəm, el malını hərə bir yana dartır,

Nə vaxtacan olacaq bu soyhasoy, çəkhaçək?

Bu elin, bu millətin dərdini kim çəkəcək?

Ay Allah, bu millətin dərdinə bir əncam çək!

19.11.1992

Şəhidlər
(Mərsiyə)

Zarımaqdan daha bizdə qalmayıb can, şəhidlər,

Göynəməkdən, sızlamaqdan olduq giryan, şəhidlər.

Analarımız ağlamaqdan düşdü haldan, şəhidlər,
Bacılarımız üzün etdi qana qəltan,şəhidlər.
Tuş oldunuz quzeydən bəd əsən qara yellərə,
Sizləri şəhid elədi qənim olan ellərə.
Qərq elədi gözümüzdən axan qanlı sellərə,
Qalmışıq ah-vaylı,yaslı,dili nalan,şəhidlər.
Tankla, pulemyotla çıxdı yağılar qarşımıza.
Qar yerinə güllə yağdı Yanvarda başımıza.
Sinəmizə döyə-döyə qərq olduq yaşımıza,
Ərşə çıxır ahu-nalə, fəryad, fəğan, şəhidlər.

Günahınız nəydi sizi yağı qana bələdi,

Üstünüzdən tankla keçdi, qaçanı güllələdi.

Tutduğunun qol-qıçını qırıb, əlil elədi,

Qanlı Kərbəlaya döndü küçə, meydan, şəhidlər?!

Çoxunuz cavan öldünüz, yetmədiniz ərsiyə,

Dustağam qəm zindanında mən, yazıram «Həbsiyyə».

Ana-bacılar ağlayır, oxuyuram mərsiyə,

Gözümüzdən yaş yerinə car olur qan, şəhidlər.

Ataların hönkürtüsü sinələri dağlayır,

Analar qara geyinir, qara örpək bağlayır.

Bir həftədir millətimiz yas tutur, qan ağlayır,

Qara bayraqlar asılıb hər eyvandan, Şəhidlər.

Bizə vurulan yaralar ölənədək sağalmaz,

Qəddarlıqla, zülm etməklə sitəmkar zəfər çalmaz.

«Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz»

Alınacaq qisasımız yağılardan, şəhidlər.

Ağı deyir, nalə çəkir qız-gəlinlər səhərdən,

Baş əyirik qəbrinizə, boğuluruq qəhərdən.

Zəfər çalıb, xalis tuncdan, qranitdən, mərmərdən,

Sizə abidə qoyacaq Azərbaycan, şəhidlər.

27.01.1990

Azərbaycan
«Bilinməyir yaşın sənin

Nələr çəkmiş başın sənin»

S. Vurğun

Çox gəzmişəm diyar-diyar,

Hər diyarda övladım var.

Qoynun bizə olacaq dar,

Heç bilmirəm nə vaxtacan?

Azərbaycan, Azərbaycan.

Xəstə gördüm yüz yaşında,

Həsrət-hicran savaşında,

Vətən sevdası başında,

Qəriblikdə verirdi can,

Azərbaycan, Azərbaycan.

Gənclər gördüm tunc biləkli,

Fil qüvvətli, şir ürəkli,

Pak arzulu, xoş diləkli,

Uzaq düşmüş qucağından,

Azərbaycan, Azərbaycan.

Ana gördüm qəlbi ahlı,

Yad ellərdə-yad pənahlı.

Dedi yanıqlı-yanıqlı:

«Həsrət məndə qoymadı can»,

Azərbaycan, Azərbaycan.

Alagözlü qızlar gördüm,

Dərdli, ağlar-sızlar gördüm,

Qaçqın pənahsızlar gördüm,

Yaş yerinə töküldü qan.

Azərbaycan, Azərbaycan.

Çaylar keçdim, dağlar gördüm,

Talan olmuş, bağlar gördüm,

Bağbanını ağlar gördüm,

Yaş axırdı yanağından,

Azərbaycan, Azərbaycan.

Körpə gördüm süd nəfəsli,

El həsrətli, el həvəsli,

Tuti dilli, bülbül səsli,

Od umurdu ocağından,

Azərbaycan, Azərbaycan.


Güneyi Quzeyə həsrət,
Bu tayı o taya həsrət,
O tayı bu taya həsrət
Qalacaqdır haçanacan
Azərbaycan, Azərbaycan?
Qəribdir, təqsiri nədir?
Fərmanların Tümendədir.
Hərəsi bir yad kənddədir.
Neft tapır yad torpağından,
Azərbaycan, Azərbaycan.

Övladların didərgindi,

Yad qoltuqlarda min-mindi.

Barı, çağır gəlib indi,

Yağılara qusdtursun qan,

Azərbaycan, Azərbaycan.

Yada qaldı ata mülkü,

Bizə qaldı hicran yükü,

Özümüzü özümünkü,

Etdi qərib, ağlar-giryan,

Azərbaycan, Azərbaycan.
Atayanlar,Balayanlar,
Xətayanlar,bəlayanlar,
Bizi oda qalayanlar
Biz yandıqca dedilər:-Yan!
Azərbaycan,Azərbaycan.
Ağır işdə xəstə elədi,
Canımıza qəsd elədi,
Haqqımızı kəsdi,yedi
Levon-heyvan,İvan-“çurban”
Azərbaycan,Azərbaycan.

«Get, sabah gəl» deyə-deyə,

Qoymadılar vəzifəyə,

Nə də qara fəhləliyə,

Yad ellərdə olduq çoban,

Azərbaycan, Azərbaycan.

Kimi gördüm, çoxdur dərdi,

Əkdi, səpdi, yadlar dərdi.

Övladların dərbədərdi,

Yadına sal, onları an,

Azərbaycan, Azərbaycan.
20.04.1993 (Krasnovodsk)
Qarabağdadır
Məni gəzmə Bakıda, nə də Tovuzda, qardaş,

Ürəyimdə qəm-kədər, gözlərimdə qanlı yaş,

Huşum özümdən uzaq, halı pərişan, çaş-baş,

Sərsəritək gəzirəm, fikrim düzdə-dağdadır,

Səhərə çox var, sübhüm, danım Qarabağdadır.

Hər yanda baş qaldırıb dostbazlar, dəstəbazlar,

Hər tində dükan açır müftəxorlar, işbazlar.

Məmur, sahibkar olur, xoruzbazlar, quşbazlar,

Bəylik edən tülkülər cəbhədən uzaqdadır,

Mərd yarasından axan qanım Qarabağdadır.

Cəbhələrdə can verir Xətai qeyrətlilər,

Silaha sarılıbdır Həcərtək ismətlilər.

Hələ sərvət toplayır pullular-dövlətlillər,

Qeyrətlilər cəbhədə, arsız yol azmaqdadır,

Şərafətim, şöhrətim, şanım Qarabağdadır.

Yağılar Xocalıma, Laçınıma od vurub,

Kəndlərimi dağıdıb, bəndlərimi uçurub.

Məktəbi viran edib, məscidə mina qurub,

Hələ satqın, fərari qənimət yığmaqdadır,

Qızıl mədənim, gövhər kanım Qarabağdadır.

Saraylarım dağılıb, evlərim viran olub,

Mərdlərim şəhid olub, qızlarım saçın yolub.

Bağım-bağçam talanıb, çiçəyim-gülüm solub,

Nə qartalım zirvədə, nə bülbülüm bağdadır,

Ağlar nənəm Natəvan xanım Qarabağdadır.

Ordadır gələcəyim, səadətim, həyatım,

Qarabağdır, Qarabağ, ürək oyan bayatım.

Ordadır çahargahım, segahım, muğamatım,

Toplar susdura bilməz, çalıb-çağırmaqdadır,

Üzeyirim, Bülbülüm, Xanım Qarabağdadır.


Bilmirəm hardan endi bu fəlakət,bu zülm,
Xar oldu ayaqlarda-soldu Xarı bülbülüm.
Xəzan vurdu, saraldı otum, çiçəyim, gülüm.
Yadların qanlı əli hələ balda,yağdadır,
Qaymağım,yağım,balım,şanım Qarabağdadır.

Cıdır düzü yas tutur, Şuşa yağılardadır,

Vaqifin şair ruhu nigarandır, dardadır

Qədir yanıb qovrulur, haqq - ədalət hardadır?

Binnətəm, çoxdan gözüm göydə, üzüm haqdadır,

Bakıda can verirəm, canım Qarabağdadır.



26.05.1992

Yazıram elin dərdini
Qanlı göz yaşımı mürəkkəb edib,

Beş ildir yazıram elin dərdini.

Min-min şəhid olmuş igidlərimin,

Min-min ər gözləyən gəlin dərdini.

Əsir düşüb min-min gəlinim, qızım,

Beş ildir gözümdə qalıb murazım.

Beş ildir xəzandan seçilmir yazım,

Bir gündə çəkirik ilin dərdini.

Satqınlar satdılar, azğınlar aldı,

Ağdamım, Xocalım xaraba qaldı.

Füzuli dedikcə ahım ucaldı,

Dərdim ötdü Füzulinin dərdini.

Yadlar at oynadır Cıdır düzündə,

Əsgəranda, Xankəndinin özündə.

Anaların əli qalıb üzündə,

Hər qız çəkir yüz min filin dərdini.

Hərə bir partiya yığıb başına,

Qardaş qənim olub öz qardaşına.

Baxan yoxdur Kəlbəcərin yaşına,

Görən yoxdur Cəbrayılın dərdini.

Büküb qəddimizi kədər, qəm, fikir,

Kim satıb, satılıb, açılmır bu sirr?

Şuşada üç uçmuş pyedistal çəkir,

Güllələnmiş üç heykəlin dərdini.

Qaçqınlar qırılır çadırda, vallah!

Milləti qırdırdı dazbaş – zalım şah!

Böyüklü, kiçikli götürək silah,

Çəkək məmləkətin gəlin dərdini.

Vaxtsız xəzan vurub, güllərim solub.

El dərdi ilk dərdim, ilk qəmim olub

Binnət elə sevib, elə vurulub,

Məcnun çəkib bir gözəlin dərdini.


23.07.1993
Dərdimiz bir deyil ki...
Bəsdir bəs, tayfalara, nəsillərə bölündük,

Küçələrə bölündük, tirələrə bölündük,

Bölgələrə bölündük, ölkələrə bölündük.

qədər bölmək olar, nə qədər bir milləti?!

Neçə yerə, neçə yol bölərlər məmləkəti?!

Aman Allah! Hər dəfə bölündükcə kiçildik,

Kiçildikcə saralmış zəmi kimi biçildik,

Biçildikcə xar olduq, seçkin düşdük-seçildik,

Biçənlər də biz olduq, bəzən biçilənlər də.

Başsız başçılar saldı yazıq xalqı bu dərdə


Dərdimiz bir deyil ki,danışmayaq,dinməyək,
Saysız dərdlərimiz var, bilmirik kimə deyək.
Kimə ərizə yazıb,kimdən kömək diləyək?
Şikayət etmək-çətin,qəbula düşmək-çətin,
Oduna yanan yoxdur bu zavallı millətin.

Hər qarış torpağından qızıl, gümüş, mis çıxan,

Istisuyu, sirabı, nefti sel kimi axan,

Varına, sərvətinə yadlar həsədlə baxan,

Ölkənin də qocası-qarısı dilənərmi?!

Yarısı qaçqın düşüb, yarısı dilənərmi?!

Xudayarlar həmişə salıb nifaq, ədavət,
Pozulubdur qanunlar, xar olubdur ədalət.
Turpu çıxardammarıq olmasa bizdə vəhdət.
Araba da tərpənməz, hərə çəksə bir yana,
Arabamız məhv olar—qalarıq yana-yana.
Hələ fitnə törədir, daz div meydan sulayır,
Hələ şirlər tordadır, qurdun-qurdu ulayır.
Hələ yaltaq tulalar qurda quyruq bulayır.
Dərə-xəlvət, tülkü-bəy, tüğyan edir cinayət,
Hələ qapazaltıdır demokratiya, hürriyyət.

Hələ də həqiqətin çəkilir üstə pərdə,

Ziyalara zülmətlər divan tutur tinlərdə.

Pıçıltıyla danışır çoxu xeyirdə-şərdə.

Cəsuslar dəyişirlər hər gün maskanı, cildi,

Nə iyirminci ildir, nə də otuz yeddinci ildi.

Hamı deyir: «Birləşək», hərə bir yana çəkir,

Biri İrana çəkir, biri Turana çəkir.

Çoxu yalan vəd verib, əlini Qurana çəkir.

Bilmirik ki, inanaq yalana, ya Qurana,

Millət həsrət qalıbdır xalqa arxa durana.

Haqqını alammırsan torba sal, millət, dilən!

Yardım um, sadağa al, götürüb minnət, dilən!

Dərdlərini yazmaqdan çərlədi Binnət Dilən!

Sabirlər nə qazandı, mən nə qazanasıyam,

Vətənimin yolunda şam kimi yanasıyam.


24.04.1991

Bu xalqın
Işlərimiz çətin olub çətindən,

Dilənir, əl açır hərə bir tindən,

Adam yerə girir xəcalətindən,

Kömək, yardım umanı çox bu xalqın.

Ümidi yox, gümanı yox bu xalqın.

Zalımların artıb gücü, fürsəti,

Unudublar insanlığı, mürvəti.

Zəlil eləyiblər yazıq milləti,

Yanıb odda qalanı çox bu xalqın.

Bir qeydinə qalanı yox bu xalqın.

Bu millətin, ya rəbb, nədir günahı?!

Çoxdur düşmənləri, yoxdur pənahı.

Kasıb çörək üçün tapmır beş şahı,

Milyonçusu, kalanı çox bu xalqın,

Xalqı yada salanı yox bu xalqın.

Çoxdur əmr verən, göstəriş verən,

Yoxdur bir ustaya sifariş verən.

Işsiz qalmır yaltaq, məddah, işverən.

Mədhiyyəçi olanı çox bu xalqın,

Bir millətçi olanı yox bu xalqın.

Kasıb pencər, şor - mor alır bazardan,

Ayda bir yolunu salır bazardan.

Qızdırmadan, sətəlcəmdən, azardan

Saralanı, solanı çox bu xalqın,

Qançır, vərəm olanı çox bu xalqın.

Hərbikomlar haqqı danıb büsbütün,


Əsgər edir ancaq oğlunu lütün,

Qarabağda kef-damaqdadır Ərtün,


Çadırlarda qalanı çox bu xalqın.
Qaçqın, köçkün olanı çox bu xalqın.

Bəsdir, çox inlədi qəlbimin simi,

Binnətəm, göynətdi dərdim içimi.

Heyif bir xilaskar sərkərdə kimi,

Hücum təbli çalanı yox bu xalqın,

Qisasını alanı yox bu xalqın.



03.02.1991

Nicat ver, Allahımız

(daxili qafiyə)

Bir dərdliyik hamımız, möhnətdəyik hamımız,

Zülmətdəyik hamımız, açılmır sabahımız.

Gecə uzanır yaman, ərşə çıxır ah, aman,

Daz uddurur bizə qan, yoxdur bir pənahımız.

Nə qanun var, nə qayda, su yoxdur arxda, çayda,

Yanır, kül olur yayda bostanımız, bağımız.

Qazan xörəyə həsrət, nə yağ yoxdur, nə də ət,

Qalıb çörəyə həsrət süfrəmiz, tabağımız.

Başçı olur naşımız, bəla çəkir başımız,

Dağılır dam-daşımız, yıxılır çardağımız.

Daş yağdırır göyümüz, qan ağlayır gözümüz,

Eşidilmir sözümüz, ərşə çıxır ahımız.

Boşalıb çuvalımız, satmağa yox malımız,

Darğadır dəllalımız, koxadır dəbbağımız.

Bal umur həkimimiz, yal umur yaltağımız,

Pul umur hakimimiz, çul umur məddahımız.

Nazir rəisi soyur, rəis müdiri soyur,

Müdir muzduru soyur-soyuluruq hamımız.

Tamadadır artistlər, işsizdir mühəndislər,

Artıb cinlər, iblislər, çoxalıb günahımız.

Binnəti dərd alıbdır, küçələrə salıbdır,

Kafirlərə qalıbdır cənnət Qarabağımız.

Nicat ver, Allahımız!


Rəhm elə, ey şahımız!

28.02.1990

Çadır şəhərində
Hər gün çadır şəhərinə xəyalımın güzarı var,

Hər bir çadır şəhərinin öz günü, öz rüzgarı var.

Orda nə kənd cah-calalı, nə də şəhər hay-küyü var,

Hər qaçqının öz qayğısı, öz dərdi, öz azarı var.

Üzlər qəmli, baxışlar lal, kar sükutdan küsür xəyal,

Hər ürəkdə qüssə-məlal, hər qəlbin öz əsrarı var.

Bu şəhərdə küçələr dar, səkilər yox, evlər soyuq,

Qaçqınların komasının nə damı, nə divarı var.

Təhnəsi boş, süfrəsi boş qaçqınların, köçkünlərin,

Torbasında bircə günlük nə arpa var, nə darı var.

Üstü çadır,altı çamır,göydən yağan üstə damır,
Yardımkom qeydinə qalmır,sübhədək ahu-zarı var.

Evi qəm-qüssə anbarı, hasarı kədər hasarı,

Nə bağı, nə tarlası var, nə mülkü var,nə varı var.

Qışda donur, yayda yanır, dərd odunda alovlanır,

Nə ümidi, nə gümanı, nə səbri, nə qərarı var.

Ömür sürür ac-yalavac, ayaqyalın, başıaçıq,

Nə başında papağı var, nə əynində paltarı var.

Soyuqda, şaxtada, qarda sökük, cırıq çadırlarda,

Binnət, qaçqın qalıb darda, nə dostu, nə qəmxarı var.

30.03.1992

Qarabağ getdi bada
Ələnsin gözümə torpaq! Qarabağ getdi bada,

Soltan bəyi hardan tapaq? Qarabağ getdi bada.

Minlərlə övladımız əsir-yesir, şəhid olub,

Qalmışam bəs niyə mən sağ? Qarabağ getdi bada.

Qarabağlı Bakımızda şadlıq evləri tikir,

Alıbdır şəhərdə mülk, bağ, Qarabağ getdi bada.

Qaçqına, köçkünə evlər tikirik, yol çəkirik,

Veririk hamısına torpaq, Qarabağ getdi bada.

Oxuyub-çalmağa yaman qarışıbdır başımız,

Oynayır qızlarmız çılpaq, Qarabağ getdi bada.

Vaqonda, çadırda çoxdan qırılır qaçqınımız,

Şuşada kef edir Arsaq, Qarabağ getdi bada.

Gecə gündüz oxuyuruq Qarabağ şikəstəsi,

Həsrətik Xankəndə ancaq, Qarabağ getdi bada.

ATƏTdən, BMT-dən biz niyə yardım umuruq,

Özümüz güclə almasaq, Qarabağ getdi bada.

Binnətəm, yaraşıqdır ən uca bayraq Bakıya,

Xankəndə sancmasaq bayraq, Qarabağ getdi bada.



09.05.1992

Duraq elin keşiyində
A didərgin Vətən oğlu, acıyıram halına mən?

Niyə yardım diləyirsən, pay umursan yadlardan sən?

Vaqonlarda, çadırlarda, yataqxana küncündəsən,

Özündən xəbərin varmı, bilirsənmi nə gündəsən?!

Nə vaxtadək ondan-bundan,yardım-kömək umacaqsan?

Nə vaxtadək haqsızlığa sən dözüb, göz yumacaqsan?

Anan-bacın əsirlikdə, sən Bakıda səfil-səryən,

Oğlun-qızın dilənçidir, yığılmayır küçələrdən.

əvvəlki ev-eşiyin, nə əvvəlki dövranın var,

Yazda səni dolu döyür, qışda yağır başına qar.

Axşamadək küçələrdə boyun büküb iş gəzirsən,

Yerin-yurdun yada qalıb, sən şəhərdə «dinc» gəzirsən.

Gah muzdursan, gah hambalsan, gah da səfil-sərgərdansan:

Kəndin yerlə-yeksan olub, bilirsənmi sən hardansan?

Çırağın, ocağın sönüb, suyun axmır, otun bitmir,

Əsir düşmüş qardaşına əlin çatmır, ünün yetmir.

Harayını kar qulaqlar eşitməyir neçə ildi,

Lal məmurlar əhvalını nə soruşdu, nə də bildi.

Yardımları yeyə-yeyə yardımkomlar sığmır yola,

Çox tüksüzlər tükləndilər,qacqınları yola-yola.

Sən ATƏT-dən, BMT-dən umma kömək, yardım-filan,

Neçə ildir eşidirsən ancaq bol vəd, şirin yalan.

Bilirsənmi danışıqla donuz çıxmaz darılıqdan,

Bilirsənmi səndən qorxmaz ermənilər görməsə qan?

Neçə ildir ermənilər ov ovlayır ovlağında,

Qürrələnib,kef edirlər allı-güllü yaylağında.

Dağıdıblar məzarını şəhid olmuş qardaşının,

Ayaqaltı eləyiblər qardaşının baş daşını.

Qaçanda hərmədə qalan,başsız papaq təhqir olub,

Əcdadların üz qoyduğu ulu torpaq təhqir olub.

Bilirsənmi sən içdiyin bulaqlardan yadlar içir,

Bilirsənmi məhəlləni yadlar əkir,yadlar biçir?

Nə vaxtadək vaqonlarda,çadırlarda qalacaqsan?

Səni qaçqın,xar edəndən nə vaxt qisas alacaqsan?

Silah götür, partizan ol, dağa-daşa, çöllərə düş.

Yağıları yandırıb yax, Babək kimi dillərə düş.

Soltan bəytək hünər göstər, alqışlayım hünərini,

Sən qalib ol, öpək sənin zəfər çalan əllərini.

Gəl, qardaşım, silahlanaq, duraq elin keşiyində,

Xoşbəxt olsun hər didərgin öz evində-eşiyində.

ATƏT – filan boş söhbətdir, kömək umma heç bir kəsdən,

Çoxları bu atəşkəsi uzadırlar, Binnət, qəsdən.



26.07.1992

On iki ildir
Nə könlüm açılır, nə üzüm gülür,

Nə təbim çağlayır, on iki ildir.

Göylərdən üstümə kədər tökülür,

Qəlbim qan ağlayır, on iki ildir.

Yazsam dərdlərimi, alovlanaraq,

Qələm nalə çəkər, alışar varaq.

Hara qaçıramsa, taleyimə bax,

Dərd məni haqlayır, on iki ildir.

Aldı silahımı sərkərdəm - zalım,

Qoymadı yağıdan, yaddan öc alım.

Hardasan, ağ atlım, hər an Xocalım,

Səni soraqlayır, on iki ildir.

Sönüb bir şəhərin odu-ocağı,

Dağılmış evlərin yanmır çırağı.

İnsafı unudub qan içən yağı,

Sinəmi dağlayır, on iki ildir.

Yadlar at oynadır Cıdır düzündə,

Bacımın murazı qaldı gözündə.

Ehtiyac içində, Çadır düzündə,

Anam yas saxlayır, on iki ildir.

Binnətəm, olmuşam köz, görə-görə,

Haqqım tapdalanır göz görə-görə.

BMT yağıya üz görə-görə,

Əlimi bağlayır, on iki ildir.



25.02.2002
Tovuza gəl
Qarlı qış sovuşub, bahar gələndə-

Göylərdən torpağa nur töküləndə,

Açanda gözünü nərgiz, bənövşə,

Üzünə güləndə çəmən, çöl, meşə.

Dərələr, təpələr əlvan geyəndə,

Hər quş öz dilində nəğmə deyəndə,

Çən-çisək çəkilib, duman itəndə.

Dağda kəklik, bağda bülbül ötəndə,

Tələs qaranquşdan, durnadan əvvəl

Tovuz tamaşalı obamıza gəl.

Başından düşəndə dağın ağ şalı,

Ağappaq geyəndə alça, albalı,

Çiçəkdən çiçəyə qonanda arı,

Güllər qımışanda günəşə sarı,

Qızılgül, itburnu qönçələnəndə,

Çisəkdən çəmənə şeh çilənəndə,

Iydənin çiçəyi şaxı əyəndə,

Quzqulaq, qulançar özəkləyəndə,

Yemliyin şehindən islananda əl

Çıxım pişvazına, sən Tovuzuma gəl.

Qarı əriyəndə yamacın, yalın,

Zirvədən gələndə qıyı qartalın,

Sınanda bulağın gözünün buzu,

Göy otun üstünə çıxanda quzu,

Səhərlər Ağdağın mehi əsəndə,

Göylər ayazıyıb, yağış kəsəndə,

Çiçəklər jalədən sırğa taxanda,

Günəş gülümsəyib yerə baxanda

Bizim yerlər olur hər yerdən gözəl,

Bizim abad, gözəl, şən Tovuza gəl.

Tovuza çatmamış saxla maşını,

Bu müqəddəs yurda əy öz başını.

Gözəldir baharı-yazı Tovuzun,

Şirindir söhbəti,sözü Tovuzun.


Bizə istər yayda,istər yazda gəl,

Toya şana gəlsən, sən payızda gəl.

Eşitmək istəsən şirin avazı,

Dinləmək istəsən aşığı,sazı,

Bizim sazlı-sözlü obamıza gəl,

Bizim toylu-şanlı şen Tovuza gəl.

Yaz gələ bilməsən yayda gəl, barı,

Birgə qarşılayaq gəl, son baharı.

Gəl lalə, qızılgül pardaqlananda,

Səba çiçəkləri varaqlayanda.

Gözəllər gəzməyə düzə çıxanda,

Boyotu, şehtökən dizə çıxanda,

Yal- yamac özünə bəzək vuranda,

Hər quş öz zövqüncə yuva quranda,

Gözəllər özünə bəzək vuranda,

A Binnəti heyran eləyən, gözəl,

Mənim kimi vurul, sən Tovuza gəl.
01.06.2006


Şəhidlər Xiyabanında
(20 yanvar 2007-də Şəhidlər xiyabanında

oxudum. TV-də göstərdilər)
Zəvvar, asta yeri, bu Xiyabanda,

Şəhid olmuş, nakam insanlar yatır.

20 yanvarda boğulub qanda

Murazı gözündə qalanlar yatır.

Yalın əlləriylə tankı əyləyən,

«Mən ölüm, millətim yaşasın»,- deyən.

Canını Vətənə sipər eləyən,

100 güllə yarası alanlar yatır.

Çıxdı küçələrdə qan dizə kimi,

Deşdi sinəmizi qəm nizə kimi.

Burda İlham kimi, Fərizə kimi,

Əhdinə vəfalı olanlar yatır.

Xalqıma elə dağ çəkib qansızlar,

Ölənədək gözlərimdən qan sızlar

Burda Salatıntək qəhrəman qızlar,

Ülvi Çingiz kimi oğlanlar yatır

Məzarlar al geyib gülüstan kimi,

Şəhidlər uyuyur qəhrəman kimi.

Burda Şah İsmayıl, Cavad Xan kimi,

Tarixdə əbədi qalanlar yatır.

Hər bura gələndə car olur yaşım,

Hər şəhid qəbrinə əyilir başım.

Burda oğlum, qızım, bacım, qardaşım-

El üçün, xalq üçün yananlar yatır.

Başını uca tut, Vətən, fəxr elə,

Binnət, sən də öyün bu gündən belə.

Bu müqəddəs yerdə ölümlərilə

Ölümə qələbə çalanlar yatır,

Tarixdə əbədi qalanlar yatır.

19.01.2007

Bakı
Gəl balamtək öpüm, bağrıma basım,

Anamtək qayğıkeş, mehriban Bakı.

Gündüzü günəşli, axşamı aylı,

Gecəsi işıqlı-çıraqban Bakı.

Öpür ayağını aşiqin Xəzər,

Adın nəğmə kimi dillərdə gəzər.

Nə sənin tayın var, nə sənə bənzər

Sən həm ixtiyarsan, həm cavan, Bakı.

Görübsən ağrılı fəsillər, illər

Əsibdir üstündən çox qara yellər.

İki gözü kimi qoruyub ellər,

Səni hər yağıdan, hər yaddan, Bakı.

İsçəri şəhərdə küçələr, evlər

Tarixə şahiddir. Qocaman şəhər.

Darıyır saçını xəzri hər səhər,

Hər axşam, hər gecə-hər zaman, Bakı.

20 yanvarda, çıxmaz yadımdan,

Oldu igidlərin qanına qəltan.

Cəsursan, həmişə alovdan-oddan

Şir kimi çıxmısan qəhrəman, Bakı.

Səni qəlbi sanır azad Vətənim,

Binnətəm, başına dolanım sənin.

Ziyarətgahımdır, pirimdir mənim

Dağüstü parkdakı Xiyaban, Bakı.


22.01.2007
1   2   3   4   5   6   7   8   9   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə