BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)




Yüklə 2.06 Mb.
səhifə17/20
tarix22.02.2016
ölçüsü2.06 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   20

QARABAĞIN QANLI, QƏMLİ,

ŞANLI GÜNLƏRİ
Qanlı günlər
On ildən çox Qarabağın torpağı qanla sulandı,

Yağıların tapdağında daş çatladı, torpaq yandı.

Neçə-neçə abad şəhər, yüzlərlə kənd viran oldu.

Bir milyondan artıq insan qaçqın, ağlar-giryan oldu.

Bomba yağdı, mərmi yağdı dolu kimi başımıza,

Elimizə, obamıza, dağımıza, daşımıza.

Öz elindən qaçqın düşdü başı açıq, ayaqyalın,

Qarlı qışda yüz minlərlə qarı, qoca, uşaq, qadın.

Neçə -neçə qız, gəlinlər özünü qayadan atdı.

Yüzlərlə qız, gəlin ömrü əsirlikdə sona çatdı.

Güllə yağdı beşikdəki körpələrin üstünə də,

Natəvanın, Üzeyirin, Bülbülün tunc büstünə də.

Toplar, tanklar alt-üst etdi məsçidləri, məktəbləri,

Mədəniyyət evlərini, muzeyləri, məbədləri.

Özü yandı, evi yandı Bağanesdə çox ailənin,

Şəhid, əlil, qazı oldu çox igidi Əvlibəylinin.

“Mərmi” yağdı gecə-gündüz Öysüzlüyə, Cırdaxana,

Çox mərdləri şəhid oldu, Tovuz qaldı yana-yana.

Harayına çatmadılar, dağıldı Ağdərə, Ağdam,

Ümidlərin odu söndü, itdi inam , getdi güman.

Meşə yandı, tarla yandı, şəhər yandı, kənd talandı.

Laçından laçınlar köçdü, yuvası oda qalandı.

Körpülərin beli sındı, yol dağıldı, çay tutuldu.

Mərmi, barıt tüstüsündən göydə günəş, ay tutuldu.

Barsız qaldı, məhbəs oldu orda məhsul anbarları,

Zəmiləri əkdi-biçdi rus, erməni bombaları.

366-cı rus batalyonunun qurdları

26 fevralda – qarlı qışda, gecə yarı

“Hayestan” itləri ilə Xocalıya hücum etdi,

Bu qatillər əlbir olub, qanlı faciə törətdi.

Hər tərəfdən həmlə etdi toplar, tanklar, təyyarələr,

İnsan qanına bələndi geniş çöllər, gen dərələr

Bəşəriyyəti sarsıtdı bu ağrılı mənzərələr.

Şəhidlərə yas saxladı yerlər, göylər, səyyarələr.

300-dən çox uşaq, qadın Tətik meşəsinə qaçdı.

BTrlər qaçanlara hər tərəfdən atəş açdı.

Çox az adam xilas oldu, qovhaqovda, qaçhaqaçda,

Çoxu ayazda, şaxtada həlak oldu dağda-daşda.

İşgəncəylə öldürdülər orda ələ keçənləri,

Belə işgəncə görməyib bəşər yaranandan bəri.

Soyundurub ayağını onda əsir olanları,

Döyə-döyə apardılar qarda, Xankəndinə sarı.

Çoxunu tanka bağlayıb sürüdülər üzü üstə,

Çoxlarını soyundurub uzatdılar buzun üstə.

Üstlərinə buz yığdılar qalaq-qalaq,

Təzə yağmış qar səpdilər tabaq-tabaq,

Qazan-qazan su tökdülər, dondurdular.

Xalqlar bilsin ermənilər nə insafsız,

Nə mürvətsiz qatildirlər, yam-yamdırlar, quldurdular!

Avtomatın qundağıyla ələ keçmiş əsgərləri

Qazıb yerə basdırdılar döyə-döyə, diri-diri.

İşgəncəylə öldürdülər ələ keçən hər əsiri

Benzin töküb yandırdılar çoxlarını diri-diri.

Çoxlarını təpikləyib, söyə-söyə öldürdülər,

Armaturla, sümbə ilə döyə-döyə öldürdülər.

Çoxlarını sinəsinə xaç çəkdilər süngü ilə,

Çoxlarına məzarını qazdırdılar öz əliylə,

Çoxlarını yarıuçuq tövlələrə doldurdular.

Hər yanına küləş yığıb, hər tərəfdən od vurdular.

Tikanlı məftil bağlayıb çoxlarının qollarına,

Zəhərli benzin vurdular şpris ilə damarına.

Çoxlarını gündə 5 yol döydülər, ac saxladılar,

Çoxlarının ayağını döşəməyə mıxladılar.

Çoxlarının ürəyini, öfkəsini,

Ciyərini, böyrəyini diri-diri çıxartdılar,

Fransada, Amerikada baha qiymətə satdılar.

Çoxunu üst-üstə yıxıb, üstündə ocaq çatdılar,

Çoxlarını diri-diri yanar ocağa atdılar.

Çoxunu sıraya düzüb, canlı nişangah etdilər,

Çoxunu yerə uzadıb, üstündən tankla getdilər.

Çox ananın sinəsinə xaç çəkdilər, dağ basdılar.

Çox uşağı, ağsaqqalı tank lüləsindən asdılar.

Körpələri süngü ilə öldürdülər bətnlərdə,

Körpəsiylə birgə öldü süngülənmiş gəlinlər də.

Ata-ana qabağında kəsdilər oğlun başını,

Qardaşın gözü önündə yandırdılar qardaşını,

Orda “Qarabağ” deyənin dibindən kəsildi dili,

Ordan qaçmaq istəyənin baltalandı qılçı, əli.

Müqavimət göstərənin kəsirdilər qulağını,

Üzüyünü verməyənin kəsirdilər barmağını.

Əlil, əsir zabitlərin gözlərini oyurdular,

Başlarının dərisini xəncər ilə soyurdular.

Qız-gəlinin dodağına,

Sinəsinə, buxağına,

Zabitlərin döyülməkdən

Qançır olmuş yanağına

Qızmış dəmir, yanar kömür,

Odlu siqar basırdılar.

Zabitləri yerə yıxıb, başlarını kəsirdilər,

Ermənilər belə kafir dinsizdilər, iblisdilər.

Kəsik başları göndərdi İravana Serj Ohanyan,

Mükafat, mülk, rütbə verdi bu cəllada Ermənistan.

Aman Allah, bu qədər də dərd olarmı, qəm olarmı?

Bir millətə bu qədər də işgəncə, sitəm olarmı?

Hanı böyük Soltan bəylə, Abbasqulu bəy Şadlinski,

Millətə yiyə duralar, dağılmaya elin mülkü.

Hanı Mirzə Adıgözəl bəy? Bir-bir yaza bu dərdləri,

Hanı Zakir həcv eləyə bu məsləksiz mürtədləri?

Çox əzablar lövhəsini bilirəm zəif çəkmişəm,

Görmədiyim olanları qəlbimlə duyub çəkmişəm.

O illərdə tariximizin hər sətri qanla yazıldı. Neçə satqın əsgər,zabit-Vətənə xain olanlar

Vuruşmamış rütbə aldı, medal aldı

Göz yaşımla yuya-yuya hər misranı, hər kəlməni

Öz qəlbimin saf qanıyla yaratmışam bu lövhəni

Qarabağa qovuşmamış heç kim gülər görməz məni.
Qəmli günlər
Hələ tapdaq altındadır Qarabağın dağı, düzü,

Davam edir ityanların yurdumuza təcavüzü

Hələ orda qırmamışıq azğınların ayağını.

Atmamışıq Xankəndindən kafirlərin bayrağını,

Yad ayaqlar tapdağında tapdalanır torpağımız-

Çəmənimiz, çiçəyimiz, örüşümüz, otlağımız.

Hələ axır anaların, bacıların göz yaşları,

Kədər sarır sifətləri, intizarlı baxışları.

Dul gəlinlər yas saxlayır öz gəlinlik otağında,

Qan quruyur çiçəklərin ləçəyində, yarpağında.

Baxışlar-lal, gözlər-dolğun, dərd yurd salır çöhrələrdə,

Gözəllərin gül üzünü qəm bürüyür pərdə-pərdə.

Hələ qandan durulmayıb Tərtər, Xaçın, Qarqar çayı,

İtkin, əsir düşənlərin bilinməyir səhih sayı.

İtkin, əsir soraqlayır intizarla hələ çoxu,

Həsrət, ağlar qalanların gözlərindən qaçıb yuxu.

Hələ hicran niskili var yurd həsrətli ürəklərdə,

Barıt, tüstü qoxusu var çəmənlərdə, çiçəklərdə.

Hələ çatma körpülərin düzəlməyir sınmış beli,

Yolları bərbad eləyir qışın qarı, yazın seli.

Hələ mərmi yarası var ağacların gövdəsində,

Qəlpələr var, yaralar var əlillərin sinəsində.

Hələ göynəyir, sızlayır Kəlbəcərin bulaqları.

Köks ötürüb, həsrət ilə baxırıq Qırxqıza sarı,

Mühakimə olunmayıb işğalçılar, qarətçilər-

Qana həris azğın, quduz daşnaqpərəst millətçilər,

Qanlı soyqırımı etmiş Xocalının qatilləri.

Kəsməmişik yurdumuza uzanan murdar əlləri.

Hələ kəndlər, qəsəbələr,

Neçə-neçə abad şəhər

Viranədir, xarabadır, kol-kos basıb həyətləri,

Talanır sahibsiz qalan o yerlərin sərvətləri.

Məscidlərin, məktəblərin,

Klubların, məbədlərin,

Xaraba qalmış evlərin

Qapısını, bacasını küləklər açır bağlayır,

Viran olmuş o yerlərin obaları qan ağlayır.

Neçə ildir o yerlərə bir yol tapıb, gedən yoxdur,

O yerlərdən gələn yoxdur.

Ancaq Şuşa həsrətiylə,

Didərginlik möhnətiylə

Xiffət çəkib, ölən çoxdur.

Hələ xarabaxanadır abad qəsəbələr, kəndlər

Yaraşıqlı imarətlər, sarmaşıqlı aynəbəndlər.

Öz evinə qayıtmayıb, elindən uzaq düşənlər,

Rədd olmayıb torpağımdan, elimdən azğın düşmənlər.

Hələ təxribat törədir oğrun-oğrun sarsaqyanlar,

Xain, xəbis, nankor, namərd- zındıqyanlar, napakyanlar

Kəsib qızıl palıdları Fransaya göndərirlər.

Parisdən gələn pulları top-tüfəngə döndərirlər,

Qızılını, Turşsuyunu hələ satıb Kəlbəcərin,

Ciblərini doldururlar daşnaqpərəst Lobbilərin.

Hələ bütün ermənilər rusun yaltaq tulasıdır.

Hamısı, oğru, dələduz, aravuran çalasıdır.

Hələ də saxlayanlar var oğul, qardaş, ər yasını,

Yağılardan almamışıq şəhidlərin qisasını.

Çəmənlərə, zəmilərə hələ tez-tez od vurulur,

Atəşkəsdir, snayperlə əsgərlərimiz şəhid olur.

Hələ bədnam “eş”lər, “xoz”lar tez-tez pozur atəşkəsi,

Hürküdür azad quşları mərmi səsi, güllə səsi...

Daşnaqları lənətləyir göydə mələk, yerdə insan.

Utanmayır əməlindən namərd, nankor Ermənistan.

Hələ bizim torpaqlarda yad keçirir manevrlər

Ağır tanklar tapdağında inildəyir doğma yerlər.

Hələ Ramil əzab çəkir Macarıstan zindanında,

Xalqımızın qeyrəti var onun təmiz vicdanında

Çox Ramillər Xankəndində, İravanda məhbəsdədir

Deyən, soran, bilən yoxdur ,ölüb, qalıb, ya xəstədir.

Mətbəxsiz, hamamsız evdir çox qaçqına yataqxana

Hələ qalır 1 otaqda 4 uşaqla, ata, ana.

Qaçqınlarçün böyük-böyük qəsəbələr salır dövlət

Göz oxşayır hər qəsəbə, aynabəndli hər imarət

Qaçqınlar öz kəndlərində qayıtmaq istəyir, fəqət,

Onlara daha əzizdir öz qurduğu doğma həyət;

Öz içdiyi sərin bulaq,

Öz əliylə saldığı bağ,

Öz obası- öz oymağı

Öz yaylağı, öz oylağı...

Əlillərə rahat, geniş, işıqlı evlər tikilir,

Önündə fantan qurulur, həyətində gül əkilir...

Qarabağdan uzaqlarda yol çəkir, körpü salırıq

Üzdəniraq şoulara tamaşadan “zövq alırıq”...

Hərdən gülüb, sevinsək də hələ çoxdu dərdlərimiz,

Minalarla hasarlanıb cəbhəyanı kəndlərimiz...

Hələ yerinə yetirilmir BET nin qətnaməsi,

Çatmayır kar qulaqlara xalqımızın gur, haqq səsi.

Hələ gedir barışıqçün əhəmiyyətsiz danışıqlar,

Hamı bilir darılıqdan donuz çıxmaz danışıqla.

Hələ qahmar çıxanlar var bizdən torpaq umanlara

Göz yumurlar haqqı danan vasitəçi olanlara.

Neçə ildir sammitlərdə ATƏT-də boş söhbət gedir.

Vasitəçi riyakarlar bizdən güzəşt tələb edir.

Bu bədxahlar danışanda qəzəbimdən yanır sinəm.

Məlul, məhzun ürəyimdə ağı deyir, hıçqırır qəm.

Bədənim lərzəyə düşür hiddətimdən, qəzəbimdən

Elə bil ki, qulağıma tanış səslər gəlir bu dəm...

Qara geymiş gəlinlər də,

Güllə dəymiş əlillər də,

Qocalar da, cavanlar da haray çəkib, deyir ki, mən

Bu oymağın, bu oylağın, bu yaylağın sahibiyəm,

Xan qızının nəvəsiyəm, Qarabağın sahibiyəm.

Niyə bizə dəllal olur rus, fransız, amerikanlı?

Niyə bir yol soruşmurlar bu yurdun sahibi hanı?

Niyə bir yol qaçqınların halından olmurlar halı?

Danışırlar üzəvarı, ikibaşlı, müəmmalı.

Bu araçı ziyakarlar gəlir-gedir nə umurlar?

Niyə bu kor yapalaqlar həqiqətə göz yumurlar?

Guya onlar bilməyirlər bu torpaqlar kiminkidir?

Hamı bilir işğal olmuş ərazilər bizimkidir.

Bizimkidir bu diyarın sərvəti, dövləti, malı

Bu ölkəyə sahib bizik qazanmışıq istiqlalı.

Eşitsin kar ermənilər, rus, fransız, amerikalı

Azad,firavan olacaq xalqımızın istiqbalı.
Şanlı günlər
Hər gecənin bir gündüzü, hər qışın bir baharı var,

Hər ölkənin qəhrəmanı, sahibi, xilaskarı var.

Qisas yerdə, igid darda, şir qəfəsdə qala bilməz,

Laçınların yuvasını qarğa, quzğun ala bilməz,

Bu gün-sabah bu qisası yağılardan alacağıq,

Bizdən torpaq umanları pərən-pərən salacağıq.

Hər davanın sonu sülhdür, bu dava da bitəcəkdir.

Yurd həsrətli nisgillilər muradına yetəcəkdir.

Çəkiləcək qara bulud yurdumuzun səmasından,

Əl çəkəcək azğın, xain daşnaqlar xam xülyasından.

Axtarıb, məhv edəcəyik basdırılmış minaları.

Söküb, təzdən tikəcəyik dağıdılmış binaları.

Ayrı düşmüş həsrətlilər bir-birinə qovuşacaq.

Könüldən qəm, gözdən nisgil, üzdən kədər sovuşacaq.

Didərginlər qayıdacaq öz evinə- ocağına,

Tapıb itkin düşənini basacaqdır qucağına.

Möcüzələr, xarüqələr yaradacaq qadir əllər.

Çıl-çıraqban olacaqdır abad kəndlər, qəsəbələr.

Kənddən-kəndə enli, rahat asvald yollar çəkəcəyik,

Yollar boyu cərgə-cərgə cökə, çinar əkəcəyik,

Daha uca qurulacaq məscidlərin minarəsi,

Yayılacaq gündə beş yol obalara azan səsi.

Şırıl-şırıl axacaqdır buz dodaqlı bulaqlar da,

Yenə azad gəzəcəkdir ceyran, cüyür oylaqlarda.

Yayılacaq ağ sürülər, yenə yaşıl yamaclara,

Daha həsrət qalmayacaq bağban bara, çoban qara.

Çırmalayıb qollarını ot biçənlər yenə hər yaz,

Biçənəyə çıxacaqlar əllərində yaba, dəryaz.

Yenə aşıb-daşacaqdır elimizin xırmanları,

Ağzınacan dolacaqdır böyük taxıl anbarları.

Gədiklərin yaxasında binələr də şenləşəcək.

Öz yurduna qayıdanlar “Oxay”,- deyib, sevinəcək.

Kənddən-kəndə, evdən-evə gediş-gəliş çoxalacaq,

Ayrılıq, intizar, həsrət, kədər, möhnət yox olacaq.

Payız vaxtı həyətlərdə toy mağarı qurulacaq,

Dəbdəbəylə nişanlı qız-oğul toyu vurulacaq.

Mən əminəm xalqımızın son döyüşdə zəfərinə.

Güvənirəm ordumuzun hər qəhrəman əsgərinə.

Düşmən üstə sınayacaq mərdlərimiz yarağını

Ayaqaltı edəcəklər Ermənistan bayrağını.

Yağı üstə yağdıracaq qorumuzu, odumuzu,

Bağrımıza basacağıq zəfər çalmış ordumuzu.

Yerlər-göylər qurtaracaq barıt-tüstü qoxusundan,

Hürküb, uzaq düşməyəcək quşlar doğma yuvasından.

Soyunacaq oğlu ölmüş analar yas paltarını,

Tapacaqdır itkin düşmüş dost-dostunu, yar-yarını.

Ölkəmizdə bir dənə də qalmayacaq çadır düzü,

Yaylağımız olacaqdır yenə yayda Cıdır düzü.

Didərginlər qayıdacaq öz evinə, obasına,

Qovuşacaq itkin düşmüş uşaqlar da anasına.

Əzab çəkmiş əsirlər də qurtaracaq əsarətdən,

Bir nişanə qalmayacaq nə hicrandan, nə həsrətdən.

Yenə bulaqlar başında kef məclisi qurulacaq,

Durğun göllər, dəli çaylar ayna kimi durulacaq.

Hər eyvandan ucalacaq muğamat, tar, kaman səsi,

Qarabağa yayılaca Qarabağın şikəstəsi.

Mənzillərə boylanacaq sarmaşıqlar, yasəmənlər,

Yenə ətrini yayacaq bağ-bağçalar, göy çəmənlər.

Yenə abad qurulacaq Vaqifin də məqbərəsi,

Bizə fərəh gətirəcək qalibiyyət təntənəsi.

Bağçalarda xoş avazla ötəcək sarı bülbüllər,

Çəmənləri bəzəyəcək ecazkar xarı bülbüllər.

Döşdə kəklik, çöldə turac yenə dil-dil ötəcəkdir.

Ehtiyac, intizar, həsrət ilim-ilim itəcəkdir.

Yenə çalıb, oxuyacaq Kəlbəcərin aşıqları,

Mağaralarda məclislərin gurlaşacaq işıqları.

Yenə toy-bayram olacaq Zəngilanda, Qubadlıda,

Sevinəcək, şadlanacaq Xocavənd də, Cəbrayıl da.

Füzulidə xanəndələr bülbül kimi ötəcəklər,

Unudacaq niskilini dərdli, kədərli ürəklər.

Çəmənlərə çıxacaqdır Qarabağın gözəlləri,

Könülləri oxşayacaq Natavanın qəzəlləri.

Susuzlar su içəcəklər yenə İsa bulağından,

Qədirin səsi gələcək Qırxqız, Şuşa yaylağından.

Səmamızı bəzəyəcək zəfər atəşfəşanlığı,

Dillərdə dastan olacaq mərdlərin qəhrəmanlığı.

Xalqımızın çöhrəsində yenə sevinc güləcəkdir,

Son döyüşdə Azərbaycan mütləq qalib gələcəkdir.

Hamı əllərində güllər küçələrə çıxacaqdır,

Paraddan keçən mərdlərin əllərini sıxacaqdır.

Təntənəli, dəbdəbəli zəfər himni yazılacaq,

Marşlarımız, şüarlarımız yerə-göyə səs salacaq.

Qalibiyyət bayrağımız Xankəndində yüksələcək

Yurdumuza aylar-illər bir – birindən xoş gələcək.



18-24. Fevral.2009-il

Şəhidlərimiz-İgidlərimiz
Kəndimizin Qarabağ döyüşlərində qəhrəmancasına

döyüşüb, şəhid olan igidlərinə ithaf.

Ən şərəfli qəhrəman azadlıq uğrunda

Vuruşan qəhrəmandır,

El yolunda ya şəhid,ya da qalib olandır.

Binnət
Proloq
Vətən qəhrəmanların adı ilə tanınır,

Qəhrəmanlar hər eldə hörmət ilə anılır.

Hər millət fəxr eləyir hər vaxt qəhrəmanıyla,

öyünür ad-sanıyla.

Qəhrəmanların adı tarixə yaraşıqdır,

Qəhrəmanlar Vətənə ən vəfalı aşiqdir.

Qəhrəmansız Vətən yox, Vətənsiz də qəhrəman,

Əsil qəhrəmanları az-az yetirir zaman.

Qəhrəmanlar Vətənə əsil vətəndaş olur.

Qəhrəmanlar Vətəndə heykəlləşir, daş olur.

O heykələ-o daşa baş əyirlər hörmətlə,

Qəhrəmanlara layiq sevgiylə, məhəbbətlə.

Onlar Vətən yolunda yandı səməndər kimi,

Yaşadı, sevdi, öldü qəhrəman əsgər kimi.

Şanlı qəhrəmanları çoxdur millətimizin.

Həmişə keşiyində

Durublar, duracaqlar onlar dövlətimizin

Elimizin qəhrəman mərdləri hər cəbhədə

Şücaət göstəriblər, danışılır hələ də.

Şan-şöhrətə layiqdir hər bir qəhrəmanımız,

Onlardan qəhrəmanlıq dərsi olaq hamımız!
Son zəng
Mayın iyirmi beşi. Doxsan ikinci ildi,

Məzunların məktəblə ayrılıq dəmi gəldi.

Məktəbin həyətində musiqili şənlik var,

Məzunlar yaxasında «Məzun» yazılmış lentlə,

əllərində buketlə,

Sinif rəhbərlərinin yanında dayanıblar.

Bu gün orta məktəbin «son zəng»i çalınacaq,

şadyanalıq olacaq.

Bu mərasimə ciddi hazırlaşıb məktəb də,

Valideynlər, müəllimlər əyləşib baş tərəfdə.

Əvvəl Vətənimizin dövlət himni çalınır.

Sonra da Şəhidlərin Xatirəsi anılır.

Bir dəqiqə sükutla, hörmətlə, ehtiramla.

Tədbir davam eləyir xüsusi proqramla,

Tarix müəllimi Bəkir,

Növbə ilə söz verir.

Kənd ağsaqqallarına, məktəbin müdirinə,

sinif rəhbərlərinə.

Əvvəl məktəb müdiri danışır çox aramla;

-Hörmətli valideynlər, əziz müəllimlərimiz,

Bizim gələcəyimiz-məsum şagirdlərimiz!

Həm xoş, həm də çox ağır vaxtda yığışmışıq biz,

Bir-birinə qarışıb dərdimiz, sevincimiz.

Xoşdur-məktəbimizi əla qurtaran çoxdur,

Xoşdur-məktəbimizdə sinifdə qalan yoxdur.

Ağırdır-gənclərimiz Şəhid olur hələ də,

Ağırdır-dözülməzdir vəziyyət cəbhələrdə.

Bu çətin imtahana hazır deyil yurdumuz,

Təzə-təzə yaranır hələ bizim ordumuz,

Yeni müstəqil olub Xalqımız, Vətənimiz,

Gərək gözümüz kimi qoruyaq Vətəni biz,

Ya Şəhid, ya da qalib olmalıyıq hamımız.

Qiyamətə qalmaya gərək intiqamımız!

Düşmənlər silahlanıb topla, tankla, «qrad»la,

Biz döyüşə getsək də, tüfənglə, avtomatla,

Əminəm, yağılardan biz qisas alacağıq.

Son döyüşdə sizinlə qələbə çalacağıq,

Valideynlər, müəllimlər, şagirdlər əl çaldılar,

onu alqışladılar.

Mübariz müəllimə gül, çiçək bağışladılar,

Sonra Osman, Qəməndər, Rauf müəllim danışdı.

Mərasim kəndimizin hörmətli, ağsaqqalı,

El dərdli, el qayğılı-

Mətilər Hüseyinin nitqiylə yekunlaşdı.

O müdrik təəssübkeşə aparıcı söz verdi.

O da gənc məzunlara üzünü tutub dedi:

-Uğur olsun mehriban, əziz balalarımız!

Sevinirik həmişə sizdə hünər olanda.

Sizsiniz ümidimiz, arxamız, pənahımız,

Torpağı yağı almaz, oğul çəpər olanda.

Bu şərəfli, şanlı yurd Xətayilər yurdudu,

Bu yurdun hər igidi basılmaz bir ordudu.

Babalar bu torpağı qeyrət ilə qorudu,

Ana əsir alınmaz övlad sipər olanda.

Gedin əli silahlı sayıq sərhədçi olun;

Bu müqəddəs Vətənə sadiq xidmətçi olun,

Yerdə, suda, havada ayıq keşikçi olun,

Hamıdan öndə olun el səfərbər olanda.

Vətənin Tomris qızı, Cavad xan oğlu olun;

Bu torpaqdan güc alın, bu yurda bağlı olun,

Qalibiyyət müjdəli, zəfər bayraqlı olun,

Şagird qəhrəman olar Vətənpərvər olanda.

Alınmaz qala olun, keçilməz səngər olun,

Bir əldə misri qılınc, birində sipər olun.

Gedin sərkərdə olun, lap adi əsgər olun,

Yüz sərkərdəyə dəyər əsgər, əsgər olanda.

Döyüşlərə girməsək, şanlı zəfər çalınmaz,

Yumruq kimi birləşsək, yurdumuz parçalanmaz.

Yurdun bir qarışı da, bir daşı da alınmaz,

Əl-əsgər, sinə-sipər, ürək səngər olanda.

Amandı! Yurdumuzu yadlar viran etməsin!

Yad tankları torpağı didim-didim didməsin.

Mərd analar, gəlinlər, qızlar əsir getməsin,

Kişi şərəfsiz olar qadın əsir olanda.

Şöhrət, mənsəb qulları aralığı qatdılar,

Satqınlar həm özünü, həm də eli satdılar.

“Millətim” deyə-deyə milləti aldatdılar,

Millət zəlil-xar olar, naşı rəhbər olanda.

Koroğlu nərənizlə dağa-daşa səs salın,

Şimşək kimi şığıyın, yağıdan qisas alın.

Təlimdə fəal olun, döyüşdə zəfər çalın,

Öpüm mərd əlinizi siz müzəffər olanda.

Siz hünər meydanında imtahan verin ancaq,

Bilin ki, hər cəbhədə cəsur zəfər çalacaq.

Satqınlar, fərarilər ağır cəza alacaq,

Ata-ana sevinməz övlad bifər olanda.

Gedin, həkim, müəllim, zabit, mühəndis olun,

Işini əla bilən bir mütəxəssis olun.

Hamınız qalib olun, kədərsiz, qəmsiz olun!

Al günəş salamlasın sizi səhər olanda!

Başınıza gül səpək siz qələbə çalanda!

Mərasimdə olanlar onu alqışladılar,

Ən ətirli buketi ona bağışladılar,

Sonra son zəng çalındı.



Şəhidlərin anım günü
Bu gün iyirmi yanvar. doxsan dördüncü ildi,

Məktəbin həyətində yenə də izdiham var.

Amma nə çal-çağır var, nə də sevinən indi,

Əllərdə qərənfillər,

Könüllərdə qəm, kədər

Şəhidləri anmaqçün bura gəlib adamlar.

Məktəbin qabağında indi qara mərmərdən,

Xatirə lövhəsi var.

Üstündə şəhidlərin hamısının əksi var,

Bu lövhəyə hörmətlə təzim edir insanlar.

Lövhənin qənşərinə qərənfillər düzülür,

Üzlərdən kədər yağır, gözlərdən yaş süzülür,

Yenə Vətənimizin dövlət himni çalınır,

Yenə də Şəhidlərin xatirəsi anılır.

Növbəylə müəllimlər, valideynlər danışır,

Qara geymiş analar, dul gəlinlər danışır.

Oğulu Şəhid olmuş,

Nəvəsi yetim qalmış oğulsuzlar danışır,

Qardaşı, nişanlısı itmiş qızlar danışır.

Duruşlardan iztirab,

Baxışlardan qəm yağır,

Burda danışmaq ağır,

Susmaq çətindən-çətin.

Sındırıblar millətin

Qürurunu, şəstini,

Qamətini, qəddini.

Danışan dərdliləri boğur qəhər, hıçqırıq,

Gözdə yaş, dildə nalə ara vermir bir qırıq.

Həm kövrək, həm mülayim,

Müdir-Mübarız müəllim.

Mikrofonu götürür,

Dərindən köks ötürür.

Onu boğur hıçqırıq

Danışır qırıq-qırıq:

-Hörmətli valideynlər, müəllim-lər, şagird-lər!

Xalqı, eli, yolun-da şəhid olur igid-lər.

Vətən yolund-a fəda oldu şəhidlərimiz,

On-ların xati-rinə yığıl-mışıq bura biz,

Əziz bala-larımız,

Bizim baba –ları- mız...

Tamamlaya bilmədi müdir son cümləsini,

Göz yaşları, hıçqırıq boğdu onun səsini.

Bilirəm deyiləsi çox sözü vardı onun,

Qəlbindən keçənləri, mən yazım,agah olun.

Yəqin belə deyərdi:

-Əziz balalarımız,

Bizə miras qoyubdur ulu babalarımız,

Səfalı, bərəkətli, bol nemətli bir ölkə,

Var-dövlətli bir ölkə, çox sərvətli bir ölkə.

şərafətli bir ölkə.

Igidlərə xas olan; namus, qeyrət, dəyanət,

yurda, yara məhəbbət,

yağıya, yada nifrət.

Bizim qoçaq, ağıllı, müdrik babalarımız

Qılıncla qarşılayıb azğın, quduz düşməni,

Baxışından tanıyıb ayaq altı eşəni,

bəd xəyala düşəni,

Sevməyiblər: Namərdi, kəmfürsəti, nankoru,

Riyakarı, yaltağı, bəhaxı, haramxoru,

Əyriliyi, bicliyi,

Xəyanəti, pisliyi...

Seviblər: ədaləti, insafı, mərhəməti,

Mərdlərdə səxavəti, dözümü, dəyanəti,

Qadınlarda isməti, ərinə sədaqəti.

Bizim bol səxavətli, mərhəmətli babalar

Qəribə, kimsəsizə mərhəmət göstəriblər.

Qonaq adıyla gələn, tanışa da, yada da

səxavət göstəriblər.

Ən yaxşı otağını,

Təmiz yatacağını,

Ən ləziz xörəyini qonağına veriblər.

Bizim cəsur, əyilməz, mərd, qəhrəman babalar

Arxa çevirməyiblər düşmənlərə heç zaman.

Mərd olublar, düşməni vurmayıblar arxadan,

Nə də düşməndən yara almayıblar arxadan.

Qaçmayıblar düşmənin qabağından davada,

Heç vaxt əyilməyiblər nə yağıya, nə yada.

Göz kimi qoruyublar yurdun hər qarışını,

Candan əziz tutublar torpağını, daşını.

Xəyanət etməyiblər dosta, yara, Vətənə,

Canı fəda ediblər dosta, yara, Vətənə.

Haqqı danmayıbdılar diri soyulsalar da,

Soyuq məzara diri-diri qoyulsalar da,

Ana Vətənimizə düşmən basqın edəndə,

düşmən üstə gedəndə

Canını səngər, sipər, əlini yaraq edib.

Bir şəhid köynəyini özlərnə bayraq edib,

Altında bir müzəffər ordutək birləşiblər,

Vətən dərdi çəkəndə,

Millət dərdi çəkəndə,

Bəd gündə birləşiblər, onlar Cəlilləşiblər...

Qəhrəman babalarla öyündük, bəsdir daha,

Kim çıxaracaq bizi, bu gecədən sabaha?

Bu günün öz Tomrisi, yoxsa öz Xətayisi

Yağılardan qorumaz

Qəhrəman Cavanşirin, Həzinin adı bizi...

Çox öyünüb deyirik:- İgidlər övladıyıq,

El yolunda ölərik, biz Vətənə bağıyıq.

(Çoxlarımız da Aslan, Tərlan, Şahin adlıyıq)

Demirik öyünməkdə, gop etməkdə ustayıq

Babəkin özü, oğlu öldü Vətən yolunda.

Bu gün papaqlılar var fil gücü var qolunda

Boynu tirdən yoğundur, didərgindir, qaçqındır,

fəraridir, satqındır.

Çoxlarının da adı Nəbidir, Cavadxandır

Mehdidir, Cavidandır.

Bərk ayaqda qaçıbdır düşmənin qabağından,

Behişt Kəlbəcərindən, cənnət Qarabağından

Biri-birindən gözəl Ağdamdan, Zəngilandan,

Şuşadan, Füzulidən, Laçından, Cəbrayıldan,

Dağılmış Xocalıdan,

Satılmış Qubadlıdan.

Bu “igid qaçqınların”,

Satılmış satqınların

Nənə-babalarının,

Ata-analarının,

Bəzisinin yarının,

Körpə balalarının

Köhnə, təzə məzarı,

Evi, yurdu gülzarı

Yad tapdağı altdadır,

Özü yad qoltuqdadır.

Çoxu bilmir atası, anası harda qalıb,

balası harda qalıb.

Ancaq yaxşı bilirlər;

Şəhid qardaşlarının,

Şəhid bacılarının, şəkli divarda qalıb,

Boş papağı hərmədə, atı tövlədə qalıb,

tüfəngi yerdə qalıb.

Bu “qoçaqlar” qaçıblar cəbhədən uzaqlara,

uzaq yad diyarlara-

Saratova, Tulaya,

Piterə, Moskvaya.

Dığaların əlindən qaçıb can qurtarmağı,

qoltuğa sığınmağı

Koroğluluq sanıblar.

Cəbhədən qaçanları falaqqaya salasan,

ayağına döyəsən.

Iki əllə yapışıb yaxasından, deyəsən:

A papağı hərmədə, tüfəngi yerdə qalan,

Nə vaxtsa maraqlanıb,

Babasının qəbrini səndən soruşsa balan,

Hansı qəbristanlığa apararaq balanı-

səndən xəbər alanı

Göstərəcəksən ona hansı qəbir daşını?

Budur babanın qəbri:- deyərək övladına,

Hansı qəbrin üstünə tökəcəksən yaşını?

Tüfəngini, atını, boş qalmış papağını,

Evini, elatını, elini, torpağını

sənə kim qaytaracaq?

Igid öz torpağını,

Atını, papağını özü qaytarar ancaq.

Məndən inciməsinlər qoca, xəstə, əlil, şil-

Silah tuta bilməyən,

Tüfəng ata bilməyən məcburi didərginlər.

Gözümün düşmənidir fərari didərginlər;

Əldə silah qaçanlar,

Düşmənə yol açanlar,

Yurdu kənd-kənd satanlar,

Kəndi ev-ev satanlar,

Düşmənə yox, gülləni

Yoldaşına atanlar.

Hərəsi bir yol ilə,

Tanışlıqla, pul ilə cəbhədən yayınanlar,

Öz kəndinə top atıb,

Camaatı aldadıb,

“Erməni gəlir”-deyib yalan, şayiə yayanlar,

Xalqı kənddən, şəhərdən qorxudub, çıxaranlar,

Sahibsiz mənzilləri quldur kimi soyanlar,

Qənimət toplamağı qəhrəmanlıq sayanlar,

Boşaldıb dükanları,

Sexləri, anbarları evinə daşıyanlar,

Bakıda mersedes, mülk, Mərdəkanda bağ alıb,

şah kimi yaşayanlar...

Hərbi xidmətdən qaçıb qaçqın olmayanlar da,

Igidlikdən dəm vurur, öyünür orda-burda.

Kimisi “bron” alıb,

Ya da pul verib qalıb.

Kimisi kababxana,

Kimisi qəssabxana, kimisi dükan açıb.

Kimisi Saratovda,

Voloqdada, Xarkovda bazarda lövbər salıb,

Kimisi silahını səngərdə qoyub qaçıb,

Tombovda, Samarada,

Allah bilir harada

Ya donuz damı tikir, ya da donuz otarır,

Yer əkir, tövlə tikir, yada donuz otarır...

XXX


Döyüşdən yayınsa da fərarilər, qorxaqlar

Elə arxa olublar qəhrəmanlar, qoçaqlar.

Bu günün Babəkləri, Cavanşirləri də var,

Tülküləri meydandan qovan şirləri də var.

Bu günün qəhrəmanı Çingizdi, Salatındı

Elin ağır günündə qəhrəmanlar tanındı.

Bizim kəndimizin də neçə qəhrəmanı var:

Baş çavuş Rafaeli, mərd mayor Rizvanı var;

Mərd Arazı, Niyazı, Aydını, Elmanı var,

Fədakar Sadəddini, İsmaylı, Fərmanı var.

Hamı deyir ki onlar bir birinin bəhsinə,

Könüllü yollanıblar Qarabağ cəhbəsinə.

Bütün vuruşmalarda kəndimizin hər mərdi

böyük hünər göstərdi,

Qorxu nədir bilmədi, düşməndən çəkinmədi,

Göydən dolutək yağan-

Bombadan, qumbaradan, güllədən pəsinmədi.

Onlar sinələrini yurda sipər etdilər,

Tüfənglə, tapançayla, yalın əllə getdilər

Tankın, topun üstünə,

Pulemyotun üstünə.

Bölmə komandiriydi cəsur polis Rəfael,

Dostlara pənah idi, düşmənlərə əzrail.

Vətənin dar günündə o silahla sarıldı,

Hər döyüşə girəndə düşmən bağrı yarıldı.

Şirtək hücuma keçdi, qurdlardan qisas aldı,

Şuşa-Laçın yolunda mərdliklə şəhid oldu.
Sadəddin Əlibəylidə başından yaralandı,

Elman da, Füzulidə döşündən yara aldı.

Ikisi də neçə ay qospitalda yatdılar,

Sağalan kimi dərhal cəbhəyə qayıtdılar.

Hər ikisi bir neçə düşmən tankı vurdular,

Qanlı vuruşmalarda saysız dığa qırdılar

Igid qonşularından geri qalmadı Fərman,

Əmoğlu Araz, Niyaz, eloğlu mayor Rizvan.

Yağıların üstünə aslan kimi getdilər,

Yurdumuza göz tikən yadları məhv etdilər.

Hər döyüşdə düşməni pərən-pərən saldılar,

Hərəsi bir cəbhədə fəqət, şəhid oldular.

Onları mədh etməyə çatmaz mənim hünərim

Nə də onlara layiq olmaz mərsiyələrim.

Onlara layiq əla mədhi və mərsiyəni

Yaza bilərdi ancaq böyük şair Xaqani.

Şəhidlərə bir neçə mərsiyə yazsam da mən,

Nə edim, mədhiyyə,mədh yazmaq gəlmir əlimdən...

-Dərdinizə şərikəm iki itkin atası,

Araz, Niyaz anası-

Fərhad əmi, Tamara bibi dərdiniz çoxdur

Itənlər qayıdacaq, igidə zaval yoxdur.

Fərhad əmi kövrəldi,

Əlimdən tutub dedi:

- Çox təsəlli verirsən sağ ol, əmioğlu bizə

Bilirsən ki, təsəlli çarədir dərdimizə.

Gözləməkdən yorulduq, görünmür Araz, Niyaz

Halımı ərz eləyim sən onu şeirlə yaz:

O dedi, mən də yazdım .

-Baharım xəzana döndü,

Güllərim saraldı ,getdi.

Cəfadan bülbülüm öldü,

Qönçəmi xar aldı ,getdi.

Gözləyirəm sökülmür dan,

Günüm-ax-vay, gecəm-fəğan,

Əsdi boran, qopdu tufan,

Çırağım qaraldı, getdi.

Quzeyim qarsız quzeydi,

Günüyim günsüz güneydi,

Gülşənimi dolu döydü,

Bağımı qar aldı, getdi.

Bayramım matəmə döndü,

Yanvarım dərd-qəmə döndü.

Ocağımda odum söndü,

Dərd canımı aldı, getdi.
Dostdan- dostu, yardan yarı

Qan içənlər saldı ayrı.

Sarı iblisin tankları

Sinəmdən yol saldı, getdi.

Ala bilsəm qisasımı,

Soyunnam qəm libasımı,

Laçınların yuvasını

Yapalaq sar aldı, getdi.

A Binnət, bu necə işdi,

Oğullarım itkin düşdü?

Həyatım ah-vayla keçdi,

Göz yaşım car oldu ,getdi...

- A Mikayıl, Məhruzə,

Daş yanıb külə dönər,

Dağ dözməz dərdinizə,

Xoşbəxtlik diləyirəm sizin məsum ailəyə

Sizin nəvələrnizə- Röyala, Röyaləyə!

Hamımızın dərdidir sizin çəkdiyiniz dərd.

Bir oğul böyütdünüz vətənpərvər, cəsur, mərd,

Qəhrəmanlıq göstərdi oğlunuz hər cəbhədə

Onun şücaətindən danışılır hələ də.

Belə oğlan atası, anası çəkərmi dərd?

Oğlunuzla fəxr edir ölkə, bölgə, bizim kənd.

Məhruzə dedi:-Qardaş,

O qalib olaydı kaş!

Xalqım zəfər çalmasa, yaralarım sağalmaz,

Bu şəhid anasının əhvalını öyrən, yaz:

O dedi mən də yazdım:

Gülə-gülə yola saldım,

Yaş tökə-tökə gəzirəm.

Şəhid oldu, qəddimi qəm,

Dərd bükə-bükə gəzirəm.

Ömrüm keçir sükut ilə,

Min dərdim var gəlməz dilə.

Sinəm üstə qəm cütüylə

Yas əkə-əkə gəzirəm.

Gecəm-kədər, gündüzüm-qəm,

Dərdim-hədsiz, sevincim-kəm,

Dilimdə-ah, gözümdə-nəm,

Ah çəkə-çəkə gəzirəm.

Sızlayıram yana-yana,

Ağlayar oğulsuz ana.

Hər gün evdən qəbiristana

Yol çəkə-çəkə gəzirəm.

Binnət, çarə yox dərdimə,

Nə mənə nə həmdərdimə,

Mən hələ oğul dərdinə

Ev tikə-tikə gəzirəm...

– A şəhid anaları-

Göyçək, Tamam, Firəngiz, Dilbər, sizin hərəniz,

Bir igid böyütdünüz, cəbhəyə göndərdiniz.

Belə oldu onlara sizin son öyüdünüz:

“Vətən yolunda şəhid, ya da qalib olun siz,

Zəfər çalın, sizlərə halal olsun südümüz!

Sizinlə fəxr eləsin millətimiz, elimiz”

-Hamınızın önündə baş əyirəm, bacılar!

Sizintək anaların öyünməyə haqqı var...

Hüseyn qardaş, sənin də dərdin çəkilməz dərddi.

Bircə oğlun var idi, öldü, eli göynətdi.

O yeddi bacısının pənahı, ümidiydi.

Onu görənlər deyir:-Çox cəsur igidiydi.

Deyirlər:- Hər döyüşə hamıdan öndə gedib,

Ayaza, Niyaza da cəbhədə kömək edib,

Deyirlər:- Çox düşməni öz qanına bələyib.

Ona pusqu qurublar,

Ürəyindən vurublar.

Deyirlər son nəfəsdə;-Vətən yaşasın!-deyib.

1   ...   12   13   14   15   16   17   18   19   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə