BİNNƏt eloğlu elin dəRDİ, HƏSRƏTİ (şeirlər və poemalar)




Yüklə 2.06 Mb.
səhifə13/20
tarix22.02.2016
ölçüsü2.06 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

Üstə
Sənə bircə kəlmə acı söz desəm,

Gülüm, bir şillə vur ağzımın üstə.

Dilimdən dara çək xətrinə dəysəm,

Ya xətrinə dəyən sözümün üstə.

Sənin kimi dosta, yara, qonağa,

Sinəm payəndazdır, sərim sadağa.

Gəl duraq üz-üzə, qabaq-qabağa

Qoy o gül üzünü, üzümün üstə.

Dilimin əzbəri, a boyu bəstə,

Həsrətin Binnəti eləyər xəstə.

Mən səni saxlaram gözümün üstə,

Desən:-Başını qoy dizimin üstə.



18.04.1964

...Bir gözəllə
Könül açan bağ-bağçaya, çəmənə,

Gələndə də bir gözəllə gələsən.

Bəxtinə yar ola, gərdiş, zəmanə,

Güləndə də bir gözəllə güləsən.

Çəkməyəsən Vətən, yar həsrətini,

Çəkəsən dünyanın hər ləzzətini.

Eşqin, məhəbbətin səadətini

Böləndə də bir gözəllə böləsən.

Yayda köç edəsən sərin yaylağa-

Yaylaq səfasından ilham almağa.

Əl üşüdən, diş göynədən bulağa

Enəndə də bir gözəllə enəsən.

Üstünə yağmaya həsrətin qarı,

Bir an olmayasan elindən ayrı.

Könlündən kədəri, dərdi, qubarı

Siləndə də bir gözəllə siləsən.

Sevəsən gözəlin əlasını da,

Naz edib, canını almasını da.

Ay Binnət,həyatın mənasını da

Biləndə də bir gözələ biləsən.



01.02.2012
Tovuz

Yaradan nə gözəl yaradıb səni,


Heyrandır hüsnünə baxanlar,Tovuz.
Yaxşı ad qazanar,şan-şöhrət tapar
Qoynundan səfərə çıxanlar,Tovuz.
Tanrı üst yanını dağ eləyibdir,
Alt yanını bağça bağ eləyibdir.
Hər yerdə üzünü ağ eləyibdir
Gah Mirzə,gah Əkbər,gah Xanlar,Tovuz.

Saz-söz meydanında sınağın olur,


Ağır toyun-şanın,yığnağın olur.
Aylarla ən əziz qonağın olur
Sənə qəlbi,könlü yaxınlar,Tovuz.
Qızın yolçuları yoldan eləyir,
Oğlun məclis qurub,mehman eləyir.
Pirinə sığınıb, şəfa diləyir
Qəlbini qəm-qüssə sıxanlar,Tovuz.
Torpağın Binnətə candan əzizdir,

Suyun abi həyatdır, havan təmizdir.

Qənirədir, Qəzənfərdir, Ramizdir

Yolunda çıraq tək yananlar Tovuz.



23.11.2000
Hələ var

Tezdir,qocalıqdan gileylənmə çox,


Lalə yanağının alı hələ var.
Gülzar həsrət çəkir gül üzarına,
Hüsnünün gülüstan halı hələ var.
A bizim ellərin yorğun maralı,
Həsrətin çəkənlər solu,saralı.
Cavanlar gəzsə də, səndən aralı,
Sənə məftunların çalı hələ var.
Vaxtdan gileylənib, qınama yaşı,
Allah gözəl verib sənə göz-qaşı.
Ala gözlərinin xumar baxışı,
Əhməri ləbinin balı hələ var.
Gözəlin hər yaşda əzizdir xətri,
Sənə layiq ola şeirin hər sətri.
İsti qucağının çəmənzar ətri,
Bəyaz buxağının xalı hələ var.

Söhbətin şirindir,sözün məzəli,


Səni gözəl edib Haqqın öz əli.
Sənə rast olalı olmayıb dəli,
Nə yaxşı Binnətin ağlı hələ var.

12.06.1987

Vətəndaş olaq
Zalım ağzımıza daş basır hələ,

Istəyir dinməyək,susaq,daş olaq.


Bədxah nadanlığa sürüyür bizi,

Çalışır bilməyək,danabaş olaq.

Danışığı böhtan,sözü yalandır,

Dili ilan dili,özü ilandır.

İlan oğlu ilan bizi çalandır,

İlanın başına gəlin daş salaq.

Binnətəm,xunxarlar susayıb qana,

Yağı yaranıblar Azərbaycana.

Qaçıb gizlənməsin hərə bir yana,
Gəlin,bu vətənə vətəndaş olaq!

14.03.1990
Dərdə bax dərdə

Ahım sənə çatmaz,kardır qulağın,


Ay fələk,halıma yerdə bax,yerdə.

Bəşərin qəlbinə çəkdiyin dağa

Toyda yox,şanda yox,şərdə bax,şərdə.

Bir fərq qoymayırsan yaxşıya,pisə,

Qızılı bərabər tutursan misə.
Mələk səcdə qılır divə,iblisə.

Namərdə baş əyən mərdə bax,mərdə.

Mənlə elədiyin gizli döyüşdü,

Dərdimi yazmaqdan əlim üyüşdü.

Bicə şeş-beş,mənə iki-bir düşdü,

Düzəltdiyin zərə,nərdə bax,nərdə.

Oğrular mərmərdən saraylar yapır,
Doğrular çörəyə güclə pul tapır,
Tox acı, ac toxu quduztək qapır,

Düçar olduğumuz dərdə bax,dərdə.

Nə şərə yarıyır, nədə ki, xeyrə
Özündən böyüyə pay verə - verə,

Yaltağın aldığı, rütbəyə, yerə,

Mülkünə, sürdüyü “Ford”a bax, “Ford”a

Halımızdan halı olanlar azdır,

Nadanlar coxalıb,qananlar azdır.

Millətin oduna yananlar azdır,

Başsız başçılara bir də bax,bir də.

Cahil başa keçir,alimə yer yox,

Maarifə,məktəbə,təlimə yer yox.
Yaşamağa yer yox,ölümə yer yox,
Yağılara qalan yurda bax, yurda.

Qanımı axıdıb yaşımı silən,

Gözümü çıxarıb, üzümə gülən,

Dünən düşmən, bu gün dost kimi gələn

Neftimə susayan lorda bax,lorda.

Elə başçı oldu bambılı, səmə,

Namərdlər mərdlərə qurdu məhkəmə.

Qaçqınlar çəkdiyi zülmə, sitəmə

Baş çək çadırlara, orda bax, orda

Tülkü həccə gedir, mömindir guya,

Nə ola toyuqlar hiyləni duya.

Dəyişib donunu, qoyun-quzuya

Çobanlıq eləyən qurda bax,qurda.

Binnətə çəkirlər dağı dağ üstdən,

Gözü açılmayır dumandan,sisdən.

Ayıra bilməyir yaxşını pisdən

Müfəttişlik edir, “xər”də bax, “xər”də

18 may 1992

Dünya
Zülmünü səpməyə şum axtarırsan,
Qoş əzab cütünü,ək məni,dünya!

Mənimtək cəfakeş çətin taparsan,

Sına, sınağına çək məni, dünya!

Haqsız işlərinə şahidsən özün,

Qəsdinə durursan doğrunun, düzün.
Yanaram qoynunda ocağın, közün

Demərəm: – Qırağa çək məni, dünya.

Yox et aramızdan fitnəni, feli,

Bir kimsə olmasın səndən gileyli.

Zülmün alovunda yandırma eli,

Yandırırsan, yandır tək məni,dünya!

İmanı, Müşfiqi gizlədin harda,

Daşqına dağ basdın daş zindanlarda.

Yerindən, yurdundan şaxtada, qarda

Didərgin elədin Bəhməni,dünya.

Səndən gileylidir, görsən hər kimi,

Gəzirəm dərdindən dərdəcər kimi.


Binnətəm, odunda səməndər kimi

Yanıram,söndürməz şeh məni dünya.



26.08.1972
Dünyanın
Yaxşı günü şadlıq, sevinc, fərəhdi,
Yaman günü ahuzardı dünyanın.
Məzlumlar becərdi, zalımlar yedi,
Zəlilər qanını sordu dünyanın.
Haqq göyə çəkilib, ədalət ərşə,
Kimi kədər çəkir, kimi də nəşə.
Oğrular, quldurlar qoyulur işə,
Sürüyə çobandı qurdu dünyanın.
Rüşvətsiz, bəxşişsiz bir iş düzəlmir,
Pulgir, müfəttişsiz bir iş düzəlmir.
Düzgün işləyənin işi düz gəlmir,
Ədalət gəzəni xardı dünyanın.
Hər kəsə böyükdür özünün dərdi,
Həyat kimə sevinc, kimə kədərdi.
Hamı can deyərdi, can eşidərdi,
Qayğısız günləri vardı dünyanın.
Ara qarışıbdır, işlər düz getmir,
Şah gədəni, gədə şahı eşitmir.
Fəryadı, fəğanı, ahı eşitmir
Elə bil qulağı kardı dünyanın.
Gül-çiçək açılmır bu necə yazdır?
Borandır,şaxtadır,qardır,ayazdır.
Yüz il daş daşısa,zəhmət yormazdı,
Binnəti dərdləri yordu dünyanın.
27.04.1989
RÜBAİLƏR

(Ömər Xəyyama parodiyalar,

nəzirələr, bənzətmələr)
1. Bu dünya bir qonaq evidir,hərə

Bu qonaq evində qalar bir kərə.

Bu mehmanxanada ikinci dəfə

Yer yoxdur nə şaha,nə də nökərə

2. İnləyən ney deyil,səsimdir mənim,

Naləli bülbüllə bəhsimdir mənim.

Yetiş hər arzuna,hər istəyinə,

dərd rəva görsən, bəsimdir mənim.

3. Yalqızam,sirdaşım-kədər,qəm,ələm,

Bir vərəq kağızdır,bir qara qələm.

Hicran xəstəsiyəm,nə baş çəkirsən,

Nə məndə taqət var yanına gələm.

4. Arxanca uçmağa şahpərim yoxdur,

Nə varım,nə pulum,nə zərim yoxdur.

Mən səni görəli elə sərməstəm,

Özümün-özümdən xəbərim yoxdur.

5. Nə mey düşündürür, nə məzə məni,

Gündə bir dərd tapır təptəzə məni.

Dərdimə loğmanlar çarə tapmadı,

Göstərməyin hər dərdbilməzə məni.

6. Gülü budağından dərib qoxuma,

Zərifdir,incədir gülə toxunma.

Sağ ikən qeydimə qalmadın mənim,

Öləndə üstümdə ağı oxuma.

7. Əzabxana dünya,qəmxana dünya,

Binnəti doydurdun sən cana, dünya.

Nadana var-dövlət,taxt-tac,verirsən,

Dərd - bəla verirsən qanana,dünya.

8. Qalmayıb Süleyman mülkü dünyaya,

İnanma hiyləgər,tülkü dünyaya.

Bilsəydi bu dünya əzabxanadır,

Çoxları gəlməzdi bil ki,dünyaya.

9. Sevgilim, heyranam, məftunam sənə,

Ilham ver həm səhər, həm axşam mənə.

Mən sənin hüsnünün pərvanəsiyəm,

Nə çıraq lazımdır, nə də şam mənə.

10. Hər namə, hər şeir qəlbin səsidir,

Hər nəğmə könüllər təranəsidir.

Eşqsiz, məhəbbətsiz, duyğusuz ürək

Soyuq viranələr viranəsidir.

11. Ulaq çəkə bilməz filin yükünü,

Şir bircə zərbəylə əzər tülkünü.

Yüz nadan yığılsa, anlamaz, duymaz,

Coşqun bir şairin qəlbindəkini.

12. Dünya müəmmadır, tilsimdir, sirdir,

Onun əzabına dözənlər şirdir.

Halım pərişandır, əzizim, sənsiz

Sevincim birdirsə, qəmim minbirdir.

13. Xəstənin fəryadı əridər daşı,

Dərmanı saxtasa, həkimi naşı...

Ədalət,azadlıq, birlik gəzirəm,

Tapmıram, car olur gözümün yaşı.

14. Meyvəli ağaca atarlar daşı,

Bilməz qiymətini gövhərin naşı.

Inanma hər dostun etibarına,

Pul üçün öldürər qardaş-qardaşı.

15. Dövran çox aşığın qırdı sazını,

Qoydu gözlərində şirin arzunu.

Yazıya- pozu yox, demiş atalar,

Pozmaq olmaz fələk yazan yazını.

16. Sevənlər dözərlər hicran dağına,

Eşqin əzabına, yar fərağına.

Bir qüssə, bir nisgil, bir həsrət çatmaz

Sevən aşiqlərin ayrılığına.

17. Döz, ey taleyindən gileylənən kəs,

Etdiyin ah - nalə əbəsdir- əbəs.

Fələyə çatsa da ahın, fəryadın,

Kor bəxtin yatıbsa, səni eşitməz.

18. Binnət, düzlük gəzmə, bilmirsən məgər,

Hər yerdə güc, rüşvət qanunu əyər.

Qara daş sındırar büllur güldanı,

Dəmir çəkic ilə əzilər gövhər.

19. Eşqindir ağlımı alt-üst eləyən,

Baxışındır məni sərməst eləyən.

Sənin vüsalındır davam-dərmanım,

A məni sağalmaz xəstə eləyən.

20. Hər şey əfsanədir eşq olan yerdə,

Eşqdən yaranıb bu göy də, yer də.

Bir dəfə düşmüşəm eşqin oduna,

Hazıram düşməyə o, oda bir də.

21. Məni sevməsə də, sevsə də canan,

Onsuz yaşamaram həyatda bir an.

Bu fani dünyadan ölüb gedərdim,

Onu sevməyimdir məni yaşadan.

22. Məndən uzaqlarda olsa da canan,

Qəlbimdədir onun məkanı hər an.

Özünü unudar, yolunu azar,

Sevən sevdiyini unutmaz bir an.

23. Eşq oduna düşən yanar Kərəmtək,

Quru bir budaqdır, sevgisiz ürək.

Əsil eşq, məhəbbət yarımçıq olmaz,

Ya eşqə fəda ol, ya eşqdən əl çək.

24. Hardasan, canımı aldı intizar?

Sənsiz bu gen dünya mənə oldu dar.

Gəl qurtar həsrətin zülmündən məni,

Hicrana nə səbrim, nə də tabım var.

25. Simsiz bir kamandr sevgisiz ürək,

Söndürəmməz eşqin odunu fələk.

Ya yarın eşqiylə bir hünər göstər,

Ya da aşiqlikdən bir yolluq əl çək.

26. Evim cənnət olur hər sən gələndə,

Sən də şad olursan, əzizim, mən də.

Sanıram dünyanın ən xoşbəxtiyəm,

Hər sənə qovuşub, deyib-güləndə.

27. Hoqqabaz fələyin fitnəsi, feli,

Kimi xəstə etdi, kimi də dəli.

Sirli, müəmmalı qoca dünyanın,

Nə sonu bilinir, nə də əvvəli.

28. Dilimi ağzımda dustaq etmişəm,

Ona danışmağı yasaq etmişəm.

Üzü bər-bəzəkli, qarı dünyaya,

Aldanıb, könlümü müştaq etmişəm.

29. Ölüm çox ucuzdur, həyat bahadır,

Dünyanın qarnı ac, ağzı kahadır.

Udar, yer üzündən yox edər səni,

Cahan adam udan bir əjdahadır.

30. Həsədimi çəkən riyakar divlər,

Yanıma dost kimi gəlib-gedirlər.

Evimdə üzümə gülürlər. Çöldə

Hamıya haqqımda qeybət edirlər.

31. Yeyib öz süfrəmin töküntüsünü,

Qənimət saymıram yad tikəsini.

Bu gün yaltaqlanıb, qab yalayanlar,

Sabah qabsız qoyar qab yiyəsini.

32. Dünyaya gələli səadət gəzdik

Ağ gün, firavanlıq, var-dövlət gəzdik.

Bilsəydik bu dünya əzabxanadır

Bu dərdli dünyaya qəti gəlməzdik.

33. Ağlaya-ağlaya gəldik cahana,

Ağlaşma yeriymiş bu əzabxana.

Ağlaya-ağlaya yola salarlar

Bir gün Binnəti də məzaristana.

34. Tez-tez gəl, yerin var gözümün üstə,

Dara çək bir yersiz sözümün üstə.

Barı, son nəfəsdə izin ver gəlim,

Baş qoyum, can verim dizinin üstə.

35. Ölüm şərbətini içəcək hamı,

Bu fani dünyadan köçəcək hamı.

Sonu xarabadır, hər bir sarayın

Sönəcək ocağı, keçəcək şamı.

36. Həsrətindir məni eləyən xəstə,

Hicrindir dərd qoyan dərdimin üstə.

Ilk görüşə vədə verdin, gəlmədin,

Barı, son görüşə gəl son nəfəsdə.

37. Etibarsız dünyada yoxdur vəfadan nişan,

Hiyləgər bir afətdir, geyinibdir zərnişan.

Inanma bu ilqarsız, sədaqətsiz cahana,

Inansan aldadacaq, olacaqsan pərişan.

38. Fələk İblislə əlbirdir, qəzadır, şərdir işi,

Zillət üstə zillət yağır, tərsdir çərxin gərdişi.

Fələk edir, İblis edir nə edirsə insana,

Fələkdən küs, İblisdən küs, bəxtindən küsən kişi.

39. Sirri bilinməyən hələ göylərdir,

Derik:-göydən yağan qəzadır, şərdir.

Nahaq qınayırıq yazıq göyləri

Hər şəri törədən bədxah bəşərdir.

40. Böyük məna olsa deyilən sözdə,

Hamıya xoş gələr bərbəzəksiz də.

Məclisdə az danış, yaxşı söz danış,

Bəd sözü ağzında dustaq et, gizdə.

41. Ala bilmək olmaz hər şeyi zərlə,

Hər qisası almaq olmaz xəncərlə.

Çalış həm elmli, həm qüdrətli ol

Dağ yarar birləşsə ağıl hünərlə.

42. Bilmirsə xəstənin nədir azarı,

O həkim sağalda bilməz naçarı.

Bilikdir, elmdir kamalın tacı,

Hər qıfılı açar, elmin açarı.

43. Elmə yox, nüfuza edirlər hörmət,

Zər, zor dərgahında xardır ədalət.

Hörmətin, sərvətin, rütbən yoxdursa

Bədxah hakimlərdən umma mərhəmət.

44. Qanun var, çoxu ona məhəl qoymayır fəqət,

Qanunu iflic edər qərəzkar hakim, rüşvət.

Bu fitnə, şər yuvası-bədxah dünyada bəzən,

Suçlu haqlı sayılır, suçsuz çəkir əziyyət.

45. Harda ki, hakim haqqı danır, qanun xəstədir,

Yoxdur düzlük, həqiqət, ədalət can üstədir.

Harda ki, qanunlara hakimlər etmir əməl,

Orda canilər- azad, suçsuzlar məhbəsdədir.

46. Ehtiyac, kasıbçılıq puç etdi ömrümüzü,

Bizi yandırdı-yaxdı haqsızlıq odu - közü.

Tamahın kor əlləri yapışıb yaxamızdan,

Səfalət girdabından, Allah, hifz elə bizi!

47. Min günaha batmışıq, düçarıq zəlalətə,

Təzədən başlamışıq duaya, ibadətə.

Ədalətsiz dünyada layiq olur çox zaman,

Canilər bəraətə, günahsızlar zillətə.

48. O ləbləri şəkər, yanağı lalə,

Sevgi məbədinə gəlməyib hələ.

Yoxdursa yanında bir qəmküsarın,

Tələsmə, badəni götürmə ələ.

49. O dəhanı şəkər, ləbi mey-məzə,

Mərhəmət eləyib, gəlibdir bizə.

Şənlənək, fürsəti verməyək bada

Sübhə kimi yuxu haramdır bizə.

50. Yol tapa bilməyib öz evinizə,

Içib, yenə sərxoş gəlibsən bizə.

Arvadın, uşağın yoxsul daxmada,

Yaşayır ac-susuz can üzə-üzə.

51. Qurandır ən kamil, müqəddəs kitab,

Onda hər suala tapılar cavab.

Onu inkar edən babi, kafirdir,

Öyrənən, öyrədən qazanar savab.

52. Ya Rəbb! Gözdə qoyma diləyimizi,

Çəkmə imtahana heç şeylə bizi!

Nə qədər mülkündə qonağıq, rəhm et,

Lütfünlə sevindir ürəyimizi.

53. İftiradır, sərvi boylu yar olmaz,

Belə bəd əndama məhəl qoyulmaz.

Xəyyam, öz həddi var şişirtmənin də,

Hər yalan bədii təyin sayılmaz.

54. Mən də çox düşündüm bir neçə müddət,

Necədir cəhənnəm, necədir cənnət.

Dərk edə bilmədim mən bu dünyanı,

O dünya necədir bilmərəm, əlbət.

55. Gəlsən, yollarına xalı döşərəm,

Ən gözəl çiçəyi, gülü döşərəm.

Getsən, fərağına dözə bilmərəm,

«Yar-yar», deyə-deyə çölə düşərəm.

56. Getmə, məni candan edər həsrətin,

Yağdırar üstümə kədər həsrətin.

Göynədə-göynədə yun kimi çırpar,

Məni pambıq kimi didər həsrətin.

57. Əsil sevən sadiq olar əhdinə,

Dözər hər əzaba, zülmə çətinə.

Gülüm, hər sınaqdan üzü ağ çıxan,

Aşiqi qonaq et ləbin şəhdinə.

58. Bəlkə sən pərisən, a boyu bəstəm,

Xumar baxşını görəli məstəm.

Sözümü bilmirəm dilim dolaşır,

Özümü bilmirəm elə sərməstəm.

59. Ruhumun ləbindən düşübdür neyi,

Qəlbimin canında qalmayıb heyi.

Sənin həsrətinlə ağlayan gözüm,

Görmək istəməyir daha heç şeyi.

60. Nə tez çıxıb getdi həmsöhbətlərim,

Heyf, boşa çıxdı bütün cəhdlərim.

Çap edə bilmədim yazdıqlarımı,

On kitab olardı yetmiş dəftərim.

61. Çoxdan ayrı düşüb can-cananından-

Sevimli dilbərim gedib yanımdan.

Mən ona həsrətli qalandan bəri,

Elə bil ayrılıb ruhum canımdan.

62. Yazdım yaxşıların yaxşılığından,

Bezdim paxılların paxıllığından.

Hər dövrün şairi gileyləndiribdir,

Yaman məmurların, yamanlığından.

63. O qədər mənasız şeir yazan var-

Sənətin yolunu çaşıb- azan var.

Həmişə yaltaqlar yaxşı yaşayır,

Çox vaxt mükafatı məddah qazanar.

64. Yaşadıq dünyada biz boş xəyalla,

Şirin duyğu ilə, acı məlalla.

Niyə gəldik bura, getdik buradan?

Bir cavab tapmadıq biz bu suala.

65. Çox gülmə aşiqə, ey əqli çaşıq,

Məhəbbət mülkünə odur yaraşıq.

Duyğusuz kərpicdir, daşdır, kəsəkdir,

Kim ki, sevməyirsə, deyilsə aşiq.

66. Ey könül evinin, yaraşığı gəl,

Artsın mənzilimin nur-işığı gəl.

Əzrail qapının ağzını kəsib,

Yol tap, yanıma gəl əcəldən əvvəl.

67. Vəslinə ümidim azalır hər gün,

Həsrətin canımı alacaq bir gün.

Sənə məhəbbətim yaşadır məni,

Peşiman deyiləm sevdiyim üçün.

68. Hüsnünə vurulmuş bir aşiqəm mən,

Sənə məhəbbətim artır gün-gündən.

Ən gözəl büt kimi sevirəm səni,

Məni duymasan da, sevməsən də sən.

69. Güldən ətirlidir canan dodağı,

Güldən də gözəldir canan yanağı.

Şirindir şəkərdən, şərbətdən, baldan,

Camın dodağından canan dodağı.

70. Ey ilham pərisi, tək qoyma məni,

Könlüm, gözüm, ruhum tərk etməz səni.

Gəlişin könlümə sevinc gətirir,

Gedişin qəlbimə yığır qüssəni.

71. Meyxor, meyi çox da tərifləmə sən,

Mey şirin olammaz canan ləbindən.

Bir canan busəsi azdıra bilər,

Alimi yolundan, mömini dindən.

72. Mey içib yolunu baş-ayaq gedən,

Nə meydən dəm vurma, nə sürahidən.

Canından əzizdir əsil sevənə,

Bir sürahi boylu min sürahidən.

73. Axsın meyi, sınsın meyin şüşəsi,

Məyus eləməsin bu hal heç kəsi.

Aşiqi sərxoşdan sərxoş eləyər,

Bir xumar gözlünün nazı, işvəsi.

74. Bilirəm hər şeyin heçdir axırı,

Camın, sürahinin puçdur axırı.

Yüz il mey içsə də, şərbət içsə də,

Silinməz məkrli qəlbin paxırı.

75. Saqi, məndən uzaq dalandır meyi,

Mənə təklif etmə amandır, meyi.

Məni sərxoş edib bir xumar gözlü,

Gözüm ondan başqa görmür heç nəyi.

76. Bizi sehrləyib sehrkar aləm,

Bir günü sevincdir, beş günü ələm.

Biz bu vəfasıza niyə uymuşuq?

Xəyala dalmışam əlimdə qələm.

77. Saqi, uzaq elə məndən badəni,

Gözüm yaxşı görsün mina gərdəni.

O xumar gözlünün süzgün baxışı,

Qoy hamıdan sərxoş eləsin məni.

78. Xəyyam, cəhənnəmlik sayılır sərxoş,

Bu fikir doğrudur qalx məndən soruş.

Həddən çox içənlər cəhənnəmlikdir,

Tez köçər dünyadan, yurdu qalar boş.

79. Xəyyam, cəhənnəmlik deyil sevənlər,

Çox qələt eləyib onu deyənlər.

Bil ki zahiddən də daha mömündür,

Eşqin məbədinə boyun əyənlər.

80. Deyirəm:- İçməyin heç vaxt şərabı,

Sındırın şərabı saxlayın qabı.

Mən yaxşı bilirəm, badəpərəstin,

Başda ağlı olmaz, ayaqda tabı.

81. Mey içən Bəhramın qəsri boş qaldı,

Yerində nə kərpic, nə də daş qaldı.

Şah indi, o qədər şərab içdi ki,

Başında nə ağıl, nə də huş qaldı.

82. Çox içmə, qədəhi əlindən burax,

Mey dolu kuzəni, camı sındıraq...

Adam ol, adamlar sırasında dur,

Nə olar ağıllı məsləhətə bax.

83. Sındır içi meylə dolu bardağı,

Meyə həsrət qalsın camın dodağı.

Dağıt meyxananın divarlarını,

Tökülsün tavanı, uçsun çardağı.

84. Ağılsız başlara gələr çox əngəl,

Fikirləş bir işi görməzdən əvvəl.

Bir az kef çəkməyə çəmənzara sən,

Ürək dostun ilə, ayıq başla gəl.

85. Bir yar, bir sazəndə, bir də çəmənlik,

Olduqca çox gözəl olar bu şənlik...

Məclisdə bir az çox içilsə şərab,

Dostlar arasında düşər düşmənlik.

86. Zahidin nə işi var meyxanədə?

O, kafir sayılır nuş etsə badə.

Qılsın namazını gündə beş dəfə,

Məscidmi qəhətdir ona dünyada?

87. Çəməndə rastına çıxsa bir canan,

Dayan xidmətində başınan, cannan.

Mey içib, söz atıb, ona sataşma,

Əgər əsər varsa səndə vicdandan.

88. Meyxanada meyxor, saqi və meydir,

Sızlayan kamandır, inləyən neydir.

Bir Vətən, bir canan, bir can şirindir,

Bir də öz ailən, qalan boş şeydir.

89. Yaxşılıq, yamanlıq törədən bizik,

Biri-birimizə öyrədən bizik.

Günahkar saymayaq fələyi, bəxti,

Günah edən bizik, şər edən bizik.

90. Içmə ki, içməyən kəsin üzü ağdır,

Günahdan, küfrdən, şərdən uzaqdır.

Bəhanə etmə ki, qəmdən içirsən

Guya içsən qəmin azalacaqdır?

91. Əcəlin oxundan qorumaz sipər,

Bir anın içində can əldən gedər.

Sağ ikən, dövlətin, qüdrətin varsa,

Məzluma kömək et, səxavət göstər.

92. Oğul, qiyamətlidir vaxtın anı da,

Çalış bir anın da getməsin bada.

Uyma oyunlara, əyləncələrə,

Hədər ömür sürmə sən bu dünyada.

93. Əlindən düşməyir camı şərabın,

O qədər içmisən qalmayıb tabın...

Elə çox içmə ki, səndən bezsinlər,

Utanmaz, üzünə bağlansın qapın.

94. Bu misra qalıbdır Ömər Xəyyamdan,

«Xoşdur bir damla mey iki cahandan».

O qədər içmə ki,axırda səni,

Çölə tullasınlar, tutub yaxandan.

95. Meyin fərmanına, boyun əyən kəs,

Kölə olma meyə, ondan uzaq gəz.

Keflənib dalanda, doqqazda yatan,

Sərxoşlar bir qədəh şəraba dəyməz.

96. Deyin gəlsin saqi, əlində küzə,

Gəzsin qədəhlərə mey süzə-süzə.

A dostlar, az içək bu şər abını

Kənardan baxanlar gülməsin bizə.

97. Meylə qarşılama sübhü, axşamı,

Meypərəstlik rüsvay edər adamı.

Mey çox ev dağıdıb, qəlblər sındırıb,

Sən də dağıt meyi, sındır bu camı.

98. Amandır bəzənib çıxma bazara,

Səni sevənləri salma azara.

Həsəddən çiçəklər saralar, solar,

Gülüm, ətrin, sayən düşsə gülzara.

99. Eşqə düşdüm, əldən gedir can, ana,

Vurulmuşam bir can alan canana.

Əsil sevgi belə olar, cananı

Göz görə, qəlb sevə, canı can ana.

100. Hara getdin, harda qaldın, gözəlim?

Sənsiz mənim öz yaxamdır, öz əlim.

Həsrətin qəddimi elə əyib ki,

Inanmıram bundan sonar düzəlim.

101. Dostlar, danışdığım öz dastanımdır,

Düz sözüm, söhbətim, düz dastanımdır.

Neylirəm bağçanı, gülüstanı mən,

Yarın qoynu bağçam, gülüstanımdır.

102. Bircə an yanında olmağım mənim,

De, neylədi sənə, a yağım, mənim.

Nazın qılınc çəkir, qəmzən oxlayır,

Çətindir salamat qalmağım mənim.

103. Sənsiz qanadları qırılmış quşam,

Kədərə həmdəməm, qəmə yoldaşam.

Halıma meyxorlar, nadanlar gülür,

Hüsnünü görəli elə sərxoşam.

104. Tutsaq da dünyanı ikiəlli biz,

Üzüllər axırda ondan əlimiz.

Bu fani dünyada gəldi-gedərik,

Torpağın altıdır son mənzilimiz.

105. Gəzmədi dünyanı doyunca heç kim,

Nə səyyah, nə dərviş, nə qul, nə hakim.

Dünya tamaşadır, mən tamaşaçı,

Baxdım gah sevindim, gah da qəm çəkdim.

106. Gecə yarı canan dedi:- Yıxıl, yat

Əl çək bu yazmaqdan, bir az ol rahat…

Kədərdir, qüssədir, qəmdir, cəfadır,

Sevgisiz, sevincsiz keçən hər saat.

107. Xəyyam öz dövründən elədi giley,

Dedi:- Yar şirindir bir də şirin mey.

Şərab iç, əlindən buraxma camı,

Bir cam meyə dəyməz , dünyada heç şey.

108. Mən də gileyliyəm öz zamanəmdən,

Möhnətdən,məlaldan,dərdən, aləmdən.

Bəlkə yaradıbdır yaradan bizi,

Torpaqdan, sudan yox, qüssədən, qəmdən.

109. Saqi, şərab vermə, su ver, təşnəyəm,

Canansız elə bil daş qəfəsdəyəm.

Onun məhəbbəti yaşadır məni,

Onsuz bu dünyada heçəm, heç nəyəm.

110. Saqi, bahar çağı girəndə bağa,

Toxunma çiçəyə, gülə, yarpağa.

Tapdama otları, asta qədəm bas,

Dahilər, xaqanlar yatan torpağa.

111. Hər dünyaya gələn bir gün köçəcək,

Üstündən karvanlar gəlib-keçəcək.

Şərab içən də var, içməyən də var,

Əcəl şərbətini hamı içəcək.

112. Müsəlman sövq edir islamiyyətə,

Babi meyl eləyir meyə, işrətə.

Deyir ki, boş sözdür, cəhənnəm, cənnət,

Qorxma cəhənəmdən, uyma cənnətə.

113. Dünyada qalacaq dünyanın varı,

Bağları bəhəri, dağların qarı.

Gözün kimi qoru, sev Vətənini,

Ananı, atanı, övladı, yarı.

114. Dünya nə yasxana deyil, ağlayaq,

Nə toyxana deyil, çalaq-oynayaq.

Nə xanagah deyil ibadət edək,

Nə də meyxanadır, içək məst olaq.

115. Içsəm, sərxoş edər üzümün suyu,

Xəcalətdən gedər üzümün suyu.

Ağlımı, abrımı əlimdən alar,

Şərməndə olaram mən ömrüm boyu

116. Çoxunun əqlini şərab alıbdır,

Dəli-divanətək düzə salıbdır.

Meyxanada meyxor, mey, kuzə vardı,

Meyxor ölüb, meylə, kuzə qalıbdır.

117. Mey içib evini yandıran axmaq,

De, sənə nə verdi yanğına baxmaq?

Nə canın qədrini bilər, nə camın,

Mey içib, qədəhi sındıran axmaq.

118. Şərab şər suyudur. Bu zatı şərdən,

Çox içsən ağlını çıxarar sərdən.

«Mənəm-mənəm» deyən çox cahangiri,

Şərabın kəməndi salıb yəhərdən.

119. Meyi zərrə-zərrə, damla-damla iç,

Əhli-keflə içmə, əhli-halla iç.

Amandır, özünü urvatsız etmə,

Nə badəpərəstlə, nə avamla iç.

120. Tənqid ediləsi səhvimiz çoxdur,

Eldə yüz nəfərdən üç-dördü toxdur.

Riyakar məddahlar, yaltaqlar artıb,

Bu günün Cəlili, Sabiri yoxdur.

121. Gördüm haqsızlığı, düşdüm həvəsdən,

Kədərdən sərxoşam, qəmdən sərməstəm.

Rüşvətxor, haramxor, mey içir məstdir,

Mənsə göz yaşımı içirəm, məstəm.

122. Naz etməyi nazlı cananlar bilər,

Eşq nədir, Kərəmtək yananlar bilər.

Him-cimi, eyhamı arif olanlar,

Qananın qədrini qananlar bilər.

123. Amandır, yaxanı qəmdən uzaq et,

Bir qədəh şərabla kefini çağ et.

Bir qədəhdən artıq içmə. Kuzənin,

ağzını bərk bağla, meyi dustaq et.

124. A Binnət, nəzmə çək öz bildiyini,

Hər kəs söyləyəcək öz bildiyini

Et nə bacarırsan,sənli ya sənsiz

Fələk eləyəcək öz bildiyini.

125. Fələyin işinə qarışma hədər,

Sıxar ovucunda səni, mum edər.

Görmədinmi fələk öz Vətənindən

Minlərlə adamı etdi dərbədər?!

126. Ilahi! Keçmədi bir günüm qəmsiz,

Barı etmə məni qərib, Vətənsiz.

Bir günahım varsa, keç günahımdan

Qul xatasız olmaz, ağa Kərəmsiz.

127. Allahım! Rəhmansan, adilsən, haqsan,

Nə olar mənə də rəhm ilə baxsan?

Məni bu dünyaya sən gətiribsən,

Bir gün də uqbaya apracaqsan.

128. Ya Rəbbim! Olmasa sənin iradən,

Heç zaman bir günah eləmərəm mən.

Qoyma haqq yolundan azmağa məni,

Qadirsən, hər şeyi görən, bilənsən.

129. Tanrı, uzaq edə məni günahdan,

Sual verəm, cavab alam Allahdan.

Sonumuzu torpaq edəcəkdirsə,

Bəs niyə yaratdı bizi torpaqdan?!

130. Qəbri itdi-batdı quduz xanların,

Xain çıxanların, ev yıxanların.

Qapısı bağlandı, ocağı söndü,

Elinə, xalqına xor baxanların.

131. Can alanlar içində bir dənəsən, bir dənə,

Canımı qurban verdim, istəyirsən bir də nə ?

Gülüm, səndən heç zaman usanmaram, dönmərəm,

Mürğü-ruhumu möhtac eləsən də bir dənə.

132. Kitabxanadan çox var meyxanamız,

Çoxdur sərxoşumuz və divanəmiz.

Nə olar biraz da yazaq, yaradaq

Ancaq mey içməyə gəlməmişik biz.

133. Gördük vəfasını dünyanın biz də,

Dərdimiz batində, şadlığmız üzdə.

Azadlıq, xoşbəxtlik, səadət gəzdik.

Qaldı diləyimiz ürəyimizdə.

134. Təvəqqe edirəm, ey adil hakim ,

Düz de, suçlu kimdir, gunahsızdır kim.

Bəzən pis hakimin hökmüylə əfsus.

Suçlu azad olur, suçsuz müttəhim.

135. Mən meyi sevmədim, cananı sevdim.

“Canan ləbi meydən şirindir”,- dedim.

Bir xumar gözlüyə, şirin sözlüyə

Rast olub, əlimdən dincliyi verdim.

136. Xoşdur kaman səsi, tarın avazı,

Bir kamil aşıq da dindirsə sazı...

Bir-birini sevən oğlanın, qızın

Bir ola amalı, əhdi, murazı.

137. Günah iş görməkdir fasiqin işi,

Günaha meyl etməz mömin ər-kişi,

Hər günahkarı da, günahsızı da

Taxtından salacaq çərxin gərdişi.

138. Uyduq cah-calala, sərvətə, yurda,

Qaldı cah-calal da, sərvət də, yurd da.

Dünya bir füsunkar mehmanxanadır,

Biz də beş-on günlük qonağıq burda.

139. Aparıb ağlımı hüsnünün şoxu,

Giryan gözlərimdən qaçıbdır yuxu .

Gözümdə qalacaq arzum, murazım,

Məni öldürəcək nazının oxu.

140. Xəyyam, bir damla mey xoş olmaz Tusdan,

Təxti-Keyqubaddan, mülkü-Kavusdan.

Çox evlər dağıdıb şərab şəriylə ,

Çox ana, çox ata çıxmayıb yasdan.

141. Girmə meyxananya, meyl etmə meyə,

Mey içib, özünü rüsvay etməyə...

Cəhd etmə mal kimi yeyib-yatmağa,

Nə də əyyaş kimi şərab içməyə.

142. Könül, gözün aydın, yar gəldi bizə!

Bir şənlik gətirdi məclisimizə.

Bir gün tərk edəcək canı canımız.

Canı fəda edək candan əzizə.

143. Ey saqi, uzaq et, məndən şərabı,

Könlüm üstün tutmaz qəmdən şərabı.

Fani dünya adlı bu qəmxanada

Bir həmdəmim yoxdur qəmdən savayı.

144. Böyük xosbəxtlikdir sevib-sevilmək,

Xoşbəxtdir sevənlər Leyli-Məcnuntək,

Yaşadım məhəbbət şələsi altda,

Axır əlif qəddim əyildi nuntək.

145. Vaxt keçdi, ümidi kəsdim vüsaldan,

Gedib cavanlığım, düşmüşəm haldan.

Məni gözü yaşlı ayırdı fələk

O, dili şəkərdən, ləbləri baldan.

146. İlahi, adının xatirinə sən

Qurtar xalqımızı xatadan, şərdən.

Mənə nə dərd versən özün bilərsən,

Elimi, obamı salma nəzərdən.

147. Dərd çəkdim, bilmədi dərdimi bir kəs,

Ay Binnət dərdsizlər dərd nədi bilməz,

Danışma dərdini dərd bilməzlərə,

Dərdini deməyə bir dərd bilən gəz.

148. Ey səba, xoş səda, xoş xəbər gətir,

Bağçalar bar versin, çəmənlər ətir,

Şadlıqdan, sevincdən yazam yazanda,

Qələmim yazmaya qəmdən bir sətir.

149. Elə baxma, a gözəllər-gözəli,

Alarsan ağlımlı, edərsən dəli,

Gülüşün mat edib balı, şəkəri,

Söhbətin şirindir, sözün məzəli.

150. Qalmadı canımda taqət, məhbubəm,

Hicran xəstəsiyəm, üzür məni qəm,

Sənsiz elə dərdli, elə qəmliyəm,

Halımı yazmağa acizdir qələm.

151. Hardasan, ahımdan alışıb dilim?

Dərdimi yazanda yandı qələmim.

Gedibsən, qoyubsan qəm pəncəsində,

Imkanım yoxdur ki, yanına gəlim.

152. Ruhu şad eyləyən, gülgün piyalə,

Səni çox axtardım gəlmədin ələ.

Sabaha az qalıb, üzüm haqdadır,

Barı rəhm eliyə, sevgilim gələ.

153. Dərdimi danışsam dodağım yanar,

Ah çəksəm ahımdan otağım yanar,

Necə ərz eləyim sənə halımı?

Əhvalımı yazsam varağım yanar.

154. Didir ürəyimi parçalayaraq

Əzizim, sənsizlik, intizar, fərağ.

Halımı yazmağa başlayan kimi,

Dərdimə dözməyib alışdı varaq.

155. Ölüm şərəflidir kölə olmaqdan,

Zülmə dözüb, zəlalətdə qalmaqdan.

Bir gün azad olmaq daha yaxşıdı,

Ömrü boyu əsarətdə qalmaqdan.

156 Günüm dərdlə keçdi, gecəm kədərlə,

Sabahım, axşamım qəmlə, qəhərlə.

Ömrün əvvəlindən sonuna qədər

Fələk məzələnir dərd çəkənlərlə.

157. Həyatda hərəyə bir qismət paymış,

Kimə ağ gün, kimə məşəqqət paymış.

Aldandıq füsünkar bər-bəzəyinə,

Sən demə, bu dünya əzabxanaymış.

158. Kim ki, şəhid olur azadlıq üçün

Adı əbədidir, şöhrəti üstün.

Vətənin yolunda şəhid olanlar

Sevilər, hörmətlə anılar hər gün.

159. Çoxlarına verdim mən bu sualı:

“Kimə qalacaqdır dünyanın malı?”

Dedilər:- Dünyadan şirinlik umma,

Zəqqumdur şəkəri, zəhərdir balı.

160. Ay fəndgir, hiyləgər, sehrkar dünya,

Mehri az, rəhmi az, sitəmkar dünya,

Sənə könül verdim, sevdim, vuruldum,

Gözümün yaşını etdin car, dünya.


Müxtəlif illərdə yazdığım rübilərin yarısı.


1   ...   9   10   11   12   13   14   15   16   ...   20


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə