Beynəlxalq Şəffaflıq




Yüklə 68.15 Kb.
tarix27.02.2016
ölçüsü68.15 Kb.
Biznes qurumları üçün rüşvət əleyhinə fəaliyyət prinsipləri

"Beynəlxalq Şəffaflıq" təşkilatının maraqlı tərəflərlə birgə təşəbbüsü

Beynəlxalq Şəffaflıq təşkilatı korrupsiyaya qarşı mübarizə aparan qlobal vətəndaş cəmiyyəti qurumudur. 90-dan artıq yerli şöbəmiz və Berlində yerləşən beynəlxalq katibliyimiz vasitəsilə biz korrupsiyanın zərərli təsirləri barəsində ictimaiyyəti məlumatlandırır, korrupsiyaya qarşı təsirli tədbirlərin hazırlanması və həyata keçirilməsi üçün hökumətlər, biznes qurumları və vətəndaş cəmiyyəti ilə birgə çalışırıq.

MÜNDƏRİCAT

Ön söz


Maraqlı tərəflərin iştirakı

1. Giriş


2. Biznes üçün prinsiplər

3. Rüşvət əleyhinə fəaliyyət proqramının hazırlanması

4. Risklərin qiymətləndirilməsi

5. Proqramının əhatə dairəsi

5.1. Maraqların toqquşması

5.2. Rüşvət

5.3. Siyasi xarakterli ödənişlər

5.4. Xeyriyyə və sponsorluq xərcləri

5.5. Asanlaşdırma ödənişləri

5.6. Hədiyyələr, qonaqpərvərlik və digər xərclər

6. Proqramın icrası tələbləri

6.1. Təşkilati məsələlər və səlahiyyətlər

6.2. Biznes münasibətləri

6.3. İnsan qaynaqları

6.4. Təlimlər

6.5. Problemlərin qaldırılması və tövsiyələr

6.6. Kommunikasiya və hesabatların hazırlanması

6.7. Daxili nəzarət və kargüzarlıq

6.8. Monitorinq və icmal

6.9. Dövlət orqanları ilə əməkdaşlıq

6.10. Müstəqil audit

MARAQLI TƏRƏFLƏRİN İŞTİRAKI

Biznes üçün rüşvət əleyhinə fəaliyyət prinsiplərinin bu üçüncü nəşri maraqlı tərəflərin iştirak etdiyi Rəhbər komitənin ekspert rəyləri nəzərə alınmaqla "Beynəlxalq Şəffaflıq" təşkilatı tərəfindən hazırlanıb. Fəaliyyət prinsiplərinin məzmunu Rəhbər komitənin bir qurum olaraq mövqeyini əks etdirir və onun fərdi üzvlərinin məxsusi mövzularda baxışlarını ifadə etməyə bilər.

Fəaliyyət prinsiplərinin ilk nəşri Rəhbər komitənin ozamankı üzvlərinin rəyləri nəzərə alınmaqla hazırlanmış və 2003-cü ildə dərc edilmişdi. Daha sonra həmin prinsiplər yerlərdə sınaqdan keçirilmiş və ictimai müzakirələrə çıxarılmışdı. 2009-cu ildə fəaliyyət prinsiplərinə kiçik düzəlişlər edilmişdi. Bu isə fəaliyyət prinsiplərinin artıq üçüncü nəşridir. Son dəyişikliklər Rəhbər komitənin rəyləri və ictimai müzakirələrin nəticələri nəzərə alınmaqla həyata keçirilib.

RƏHBƏR KOMİTƏNİN ÜZVLƏRİ
Korporativ üzvlər:


  • BP

  • HSBC

  • Norsk Hydro ASA

  • PricewaterhouseCoopers

  • Sanlam

  • SGS

  • Shell International


Qeyri-korporativ üzvlər:


  • The Conference Board

  • European Bank for Reconstruction and Development

  • International Federation of Consulting Engineers

  • International Federation of Inspection Agencies

  • Social Accountability International

  • Supplier Ethical Data Exchange (SEDEX)

  • Trade Union Advisory Committee to the OECD

  • Transparency International (Chair)

  • United Nations Global Compact


Sədr

Cobus de Swardt, Managing Director, Transparency International


Katiblik

Susan Côté-Freeman


1. GİRİŞ

Biznes üçün rüşvət əleyhinə fəaliyyət prinsipləri şirkətlər, qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları da daxil olmaqla maraqlı tərəflərin iştirakı ilə hərtərəfli proses vasitəsilə hazırlanıb. Bu prinsiplərin məqsədi biznes qurumlarının fəaliyyətlərinin hər aspektində rüşvət əleyhinə effektiv yanaşma hazırlamaları üçün onlara yardım göstərməkdir.

Biznes qurumları geniş etik davranış və korporativ məsuliyyət çərçivəsində rüşvət əleyhinə fəaliyyət proqramı hazırlamalı və tətbiq etməlidirlər. Rüşvət əleyhinə fəaliyyət proqramı effektiv şəkildə rüşvət riskinin qarşısını almalıdır. Rüşvət riski müxtəlif biznes sahələrində və fərqli şirkətlərdə öz dərəcələrinə görə dəyişə bilər, amma heç bir biznes qurumu rüşvət riskindən tam azad hesab edilə bilməz. Rüşvət əleyhinə effektiv fəaliyyət proqramı yalnız rüşvət riskini azaltmaqla kifayətlənmir, eyni zamanda biznes qurumlarının reputasiyasını gücləndirir, əməkdaşların öz iş yerinə hörmətini qaldırır, maraqlı tərəflərdə inamı artırır və biznes qurumunun dürüst və məsuliyyətli davranış öhdəliyini dəstəkləyir.

Bu fəaliyyət prinsipləri biznes qurumlarının rüşvət əleyhinə fəaliyyət proqramlarını hazırlaması, standartlara uyğunlaşdırması və gücləndirməsi üçün çərçivə təklif etmək məqsədi daşıyır. Bu prinsiplər rüşvət əleyhinə olduqca yüksək, lakin nail oluna bilinəcək standartları ehtiva edir. Bu prinsiplər həm dövlət məmurları ilə münasibətlərə, həm də özəl şirkətlər arasında münasibətlərə tətbiq edilə bilər.

Rüşvət əleyhinə fəaliyyət prinsipləri ilk dəfə 2003-cü ildə dərc edilib və 2009-cu ildə onlara ilk dəyişikliklər edilib. 2013-cü ilin bu nəşri Rəhbər komitənin də rəyi nəzərə alınmaqla keçirilən dövri icmal prosesinin bir hissəsidir. Dövri icmal prosesinin məqsədi rüşvət əleyhinə dinamik qanunvericiliyin və dəyişən korporativ davranışın fonunda bu prinsiplərin öz aktuallığını saxlamasına nail olmaqdır.

Prinsiplərin başlıca fokusu rüşvət olaraq qalsa da, bu nəşr eyni zamanda risklərin qiymətləndirilməsi, maraqların toqquşması, dövlət orqanları ilə əməkdaşlıq, asanlaşdırma ödənişləri, lobbiçilik, kommunikasiya və hesabatların hazırlanması kimi mövzuları da əhatə edir. Bu mövzuların ələ alınmasında məqsəd həm rüşvət əleyhinə fəaliyyətlərdə onların əhəmiyyətindən, həm də bu prinsiplərin digər aparıcı kodeks və hüquqi mexanizmlərlə, o cümlədən BMT-in Korrupsiyaya qarşı konvensiyası ilə uzlaşdırılması istəyində yaranır.




RÜŞVƏT -- etimadın pozulması və ya hər hansı qanunsuz hərəkətin baş verməsi üçün təklif edilən, söz verilən, alınan və ya istənilən üstünlükdür.


2. BİZNES ÜÇÜN PRİNSİPLƏR

  • Biznes qurumu istər birbaşa, istərsə də dolayı formada rüşvətin bütün formalarını qadağan etməlidir.

  • Biznes qurumu rüşvət əleyhinə fəaliyyət proqramı həyata keçirəcəyinə dair öhdəlik götürməlidir. Bu fəaliyyət proqramı biznes qurumunun rüşvət əleyhinə bütün səylərini, o cümlədən dəyərlərini, davranış məcəlləsini, müfəssəl siyasətini və proseduralarını, risklərin qiymətləndirilməsini, daxili və xarici kommunikasiyalarını, təlim və işçilərə tövsiyələrini, daxili nəzarətini və nəzarət mexanizmlərini, monitorinq və auditi əhatə etməlidir.

Bu prinsiplər İdarə Heyətinin dürüstlük, şəffaflıq və hesabatlılıq kimi təməl dəyərlərə öhdəliyinə əsaslanır.


Biznes qurumları etimad və fərdi hesabatlılığa əsaslanan, rüşvətin dözümlü qarşılanmadığı inkluziv korporativ mədəniyyəti təşviq etməlidirlər.
3. RÜŞVƏT ƏLEYHİNƏ FƏALİYYƏT PROQRAMININ HAZIRLANMASI

3.1. Biznes qurumu onun nəzarəti altında olan bütün fəaliyyətlərdə rüşvətin qarşısını almağa yönələn dəyərləri, siyasətləri və proseduraları müfəssəl və aydın şəkildə əhatə edən proqram hazırlamalıdır.

3.2. Biznes qurumu öz proqramını hazırlayarkən və tətbiq edərkən risklərin davamlı olaraq qiymətləndirilməsinə əsaslanmalıdır.

3.3. Biznes qurumu fəaliyyət göstərdiyi hər bir yurisdiksiyada rüşvət əleyhinə qanunvericiliyin bütün tələblərinə ardıcıl olacaq əməl etməlidir.

3.4. Biznes qurumu öz proqramını hazırlayarkən öz əməkdaşları, həmkarlar ittifaqları və digər maraqlı tərəflərlə məsləhətləşmələr aparmalıdır.

3.5. Biznes qurumu öz proqramının hazırlanması və həyata keçirilməsi üçün səmərəli olan bütün daxili və xarici məsələlərdən, o cümlədən yeni və daha yaxşı təcrübələrdən xəbərdar olmalıdır.



4. RİSKLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ
4.1. Proqram hazırlanarkən biznes qurumunun üzləşdiyi məxsusi risklər, fəaliyyət göstərdiyi şərait və qurumun biznes mədəniyyəti nəzərə alınmalıdır. Bu məxsusi risklərə biznes qurumunun yerləşdiyi ərazidən və biznes sektorundan doğan risklər, eləcə də biznes qurumunun nə dərəcədə böyük və ya kiçik olması, hansı vasitəçi kanallardan istifadə etməsindən yaranan təşkilati risklər də daxildir.
4.2. Risklərin qiymətləndirilməsini həyata keçirmək və ona nəzarət üçün biznes qurumu müvafiq səlahiyyətlər həvalə etməlidir.

5. PROQRAMININ ƏHATƏ DAİRƏSİ
Proqram biznes qurumunun üzləşə biləcəyi bütün əsas rüşvət risklərini hədəfə almalıdır. Ən azı aşağıdakı sahələr proqramda əhatə olunmalıdır.
5.1. Maraqların toqquşması
5.1.1. Biznes qurumu rüşvət riskinə rəvac verəcək bütün mövcud, potensial və ehtimal edilən maraqların toqquşmasını müəyyən etmək, monitorinqini aparmaq və nəzarətdə saxlamaq üçün siyasətlər və proseduralar hazırlamalıdır. Bu siyasətlər və proseduralar direktorlara, digər rəhbərlərə, əməkdaşlara, müqavilə öhdəliyi olan digər tərəflərə (agentlərə, lobbistlərə, vasitəçilərə) eyni dərəcədə şamil edilməlidir.
5.2. Rüşvət
5.2.1. Biznes qurumu istər birbaşa, istərsə də üçüncü tərəflər vasitəsilə baş verməsindən asılı olmayaraq, rüşvətin bütün formalarını qadağan etməlidir.
5.2.2. Biznes qurumu öz əməkdaşlarına həm öz xeyirləri, həm də ailə üzvləri, dostları, tərəfdaşları və ya tanışlarının xeyrinə hər hansı qaydada rüşvət almağı, verməyi və ya təşkil etməyi qadağan etməlidir.
5.3. Siyasi xarakterli ödənişlər
5.3.1. Biznes qurumu, onun əməkdaşları, agentləri, lobbistləri və ya digər vasitəçiləri biznes əməliyyatlarında ədalətsiz üstünlük əldə etmək məqsədilə siyasi partiyalara, təşkilatlara və ya ayrı-ayrı siyasətçilərə siyasi xarakterli birbaşa və ya dolayı ödənişlər etməməlidirlər.
5.3.2. Biznes qurumu siyasi xarakterli bütün qanuni ödənişlərini (siyasi kampaniyalara ayrılan fondlarını) ictimaiyyətə açıqlamalıdır.
5.4. Xeyriyyə və sponsorluq xərcləri
5.4.1. Biznes qurumu öz xeyriyyə və sponsorluq xərclərinin heç bir halda gizli rüşvət forması almasına yol verməməlidir.
5.4.2. Biznes qurumu bütün xeyriyyə və sponsorluq xərclərini ictimaiyyətə açıqlamalıdır.
5.5. Asanlaşdırma ödənişləri
5.5.1. Asanlaşdırma ödənişlərinin1 rüşvətin bir forması olduğunu qəbul edərək biznes qurumu onları qadağan etməlidir.
5.6. Hədiyyələr, qonaqpərvərlik və digər xərclər
5.6.1. Biznes qurumu təqdim etdiyi bütün hədiyyələrin, göstərdiyi qonaqpərvərliyin və çəkdiyi əlaqədar xərclərin tamamilə təmənnasız olmasını təmin etmək üçün məxsusi siyasət və proseduralar hazırlamalıdır. Hədiyyələrin verilməsi və ya alınması, qonaqpərvərlik və digər xərclər biznes əməliyyatlarının nəticələrinə ədalətsiz formada təsir göstərə biləcəyi hallarda biznes qurumu onları qadağan etməlidir.

6. PROQRAMIN İCRASI TƏLƏBLƏRİ
Bu bölmədə göstərilən tələblər biznes qurumunun öz proqramını icra edən zaman qarşılamalı olduğu minimumlardan ibarətdir.
6.1. Təşkilati məsələlər və səlahiyyətlər
6.1.1. Direktorlar şurası və ya digər ekvivalent orqan biznes qurumunun proqramının həyata keçirilməsinə dair aşkar və fəal öhdəlik götürməlidir.
6.1.2. Baş icraçı direktor (CEO) proqramın ardıcıl olaraq həyata keçirilməsini təmin etmək üçün məsuliyyət daşımalıdır.
6.2. Biznes münasibətləri
6.2.1. Ümumi müddəalar
Bu bölmədəki müddəalar bütün biznes qurumlarına şamil olunur.
6.2.1.1. Biznes qurumu nəzarətində olan bütün müəssisələrdə öz fəaliyyət proqramını həyata keçirməlidir.
6.2.1.2. Biznes qurumu onun nəzarətində olmayan, lakin əhəmiyyətli sərmayə yatırdığı və ya biznes münasibətlərində olduğu digər müəssisələrdə oxşar fəaliyyət proqramının hazırlanması və həyata keçirilməsinə nail olmaq üçün öz nüfuzundan istifadə etməlidir.
6.2.1.3. Biznes qurumu nəzarətində olan və ya olmayan müəssisələrlə əməkdaşlıq qurarkən, onlarla birləşərkən, onları satın alarkən və ya onlara əhəmiyyətli sərmayə yatırarkən həmin müəssisələri rüşvət əleyhinə sənədləşdirilmiş, məqsədəuyğun və müvafiq yoxlamadan keçirməlidir.
6.2.1.4. Biznes qurumu rüşvət verən və ya alan, yaxud da belə fəaliyyətlərdə iştirakı ehtimal olunan müəssisələrlə biznes münasibətləri qurmaqdan çəkinməlidir.
6.2.1.5. Biznes qurumu öz tərəfdarları ilə başlıca biznes münasibətlərinin münasib və mütənasib monitorinqini aparmalıdır. Buraya mühasibatlıq və kargüzarlıq sənədlərinin yoxlanması hüququ da daxildir.
6.2.1.6. Biznes qurumu öz fəaliyyət proqramının müvafiq bölmələrinə və ya ekvivalent qaydalara öz biznes tərəfdaşları tərəfindən əməl olunmasını izləməli və sənədləşdirməlidir.
6.2.1.7. Biznes qurumunun fəaliyyət proqramı ilə onun tərəfdaşlarının siyasət və prinsipləri ziddiyyət təşkil edərsə, biznes qurumu öncədən ehtiyat tədbirləri görməlidir. Bu ehtiyat tədbirlərinə tərəfdaş müəssisənin proqramının icrasında nöqsanların düzəldilməsi tələbini və ya sanksiyaların tətbiqini aid etmək olar.
6.2.1.8. Tərəfdaş müəssisə əgər rüşvət əməlləri törədərsə və ya biznes qurumunun proqramı ilə uyğun gəlməyən digər hərəkətlər edərsə, o zaman biznes qurumu müştərək biznes fəaliyyətinə xitam vermək hüququna sahib olmalıdır.
6.2.2. Birgə müəssisələr və konsorsiumlar
6.2.2.1. Birgə müəssisə və ya konsorsiumun fəaliyyət proqramı biznes qurumunun fəaliyyət proqramı ilə uzlaşmadığı hallarda biznes qurumu necə hərəkət edəcəyi ilə bağlı əlavə plana sahib olmalıdır. Məsələn, rüşvət halları baş verən zaman və ya baş vermə ehtimalları zamanı bu plana uyğun olaraq biznes qurumu birgə müəssisə və ya konsorsiumun fəaliyyət proqramının təshihini tələb edə, sanksiyalar tətbiq edə və ya biznes münasibətlərini tərk edə bilər.
6.2.3. Agentlər, lobbistlər və digər vasitəçilər
6.2.3.1. Biznes qurumu agentlər, lobbistlər və digər vasitəçilər vasitəsilə qanunsuz ödənişlər etməməlidir.
6.2.3.2. Biznes qurumu agentlər, lobbistlər və digər vasitəçiləri təyin edən zaman rüşvət əleyhinə sənədləşdirilmiş müvafiq yoxlamalar aparmalıdır.
6.2.3.3. Agentlər, lobbistlər və digər vasitəçilərlə bütün razılaşmalar biznes qurumunun rəhbərliyi ilə öncədən razılaşdırılmalıdır.
6.2.3.4. Agentlər, lobbistlər və digər vasitəçilərə ödənişlər onların göstərdiyi qanuni xidmətlərə müvafiq olmalıdır.
6.2.3.5. Agentlər, lobbistlər və digər vasitəçilər biznes qurumunun fəaliyyət proqramına əməl edəcəkləri barədə müqavilə öhdəliyi götürməlidirlər və onlara bu öhdəliyi izah edən müvafiq sənədlər və tövsiyələr təqdim edilməlidir.
6.2.3.6. Agentlər, lobbistlər və digər vasitəçilər biznes qurumu, auditorlar və ya hökumət tənzimləyicilərinin yoxlamaları üçün müvafiq mühasibatlıq və kargüzarlıq sənədləri tərtib edəcəkləri barədə müqavilə öhdəliyi götürməlidirlər.
6.2.4. Podratçılar və təchizatçılar
6.2.4.1. Biznes qurumu öz satınalmalarını ədalətli və şəffaf formada həyata keçirməlidir.
6.2.4.2. Biznes qurumu öz podratçılarını və təchizatçılarını seçmək üçün mərhələlər müəyyən etməlidir.
6.2.4.3. Biznes qurumu öz podratçıları və təchizatçılarının rüşvət riskini qiymətləndirməli və mütəmadi monitorinqlər aparmalıdır.
6.2.4.4. Biznes qurumu öz fəaliyyət proqramı ilə bağlı podratçı və təchizatçılarını məlumatlandırmalı, eləcə də başlıca podratçı və təchizatçılarının rüşvət əleyhinə siyasətlərini formalaşdırmaq məqsədilə onlarla əməkdaşlıq etməlidir.
6.3. İnsan qaynaqları
6.3.1. Biznes qurumunun insan qaynaqları ilə bağlı fəaliyyəti, o cümlədən işə götürmə, içşilərin vəzifələrinin artırılması, təlimlər, işçilərin fəaliyyətin qiymətləndirilməsi, maddi kompensasiya və işçilərin təqdir edilməsi biznes qurumunun fəaliyyət proqramına dair götürdüyü öhdəlikləri əks etdirməlidir.
6.3.2. Proqrama uyğun olaraq insan qaynaqları siyasəti və təcrübəsi biznes qurumunun əməkdaşları, həmkarlar ittifaqları və digər peşə birlikləri ilə konsultasiya şəraitində hazırlanmalı və həyata keçirilməlidir.
6.3.3. Biznes qurumu rüşvət verməkdən imtina edən əməkdaşının vəzifəsinin aşağı salınmayacağı, cəza və digər neqativ hallarla üzləşməyəcəyinə dair təminat verməlidir (rüşvət verməkdən imtina hətta biznes qurumunun itkilərlə üzləşməsinə səbəb olsa da).
6.3.4. Biznes qurumu öz direktorları və əməkdaşlarının fəaliyyət proqramına məcburi qaydada əməl etmələrini təmin etməli və pozuntulara görə müvafiq sanksiyalar tətbiq etməlidir.
6.4. Təlimlər
6.4.1. Direktorlar, menecerlər, əməkdaşlar və agentlər fəaliyyət proqramı ilə bağlı münasib təlim keçməlidirlər.
6.4.2. Müvafiq hallarda podratçılar və təchizatçılar fəaliyyət proqramı ilə bağlı münasib təlim keçməlidirlər.
6.5. Problemlərin qaldırılması və tövsiyələr
6.5.1. Fəaliyyət proqramının effektiv olması üçün biznes qurumu öz əməkdaşları və digər şəxslərin problemləri zamanında qaldırması və pozuntular barədə məlumat verməsinə şərait yaratmalıdır. Əməkdaşların və digər şəxslərin ehtiyat etmədən və sərbəst şəkildə problemləri qaldırması və pozuntular barədə məlumat verməsi üçün ("whistleblowing") biznes qurumu təhlükəsiz və əlçatan kanallar təşkil etməlidir.
6.5.2. Proqramın icrası ilə bağlı əməkdaşların tövsiyə və məsləhətlər alması üçün bu və digər kanallar təşkil olunmalıdır.
6.6. Kommunikasiya və hesabatların hazırlanması
6.6.1. Biznes qurumu öz fəaliyyət proqramının effektiv daxili və xarici kommunikasiyasını təşkil etməlidir.
6.6.2. Biznes qurumu öz fəaliyyət proqramı və onun icrasını təmin edən menecment sistemi haqqında informasiyanı ictimaiyyətə açıq saxlamalıdır.
6.6.3. Biznes qurumu öz fəaliyyət proqramına dair məsələlərlə bağlı maraqlı tərəflərlə ünsiyyətdə olmalı, onlarla kommunikasiyanı açıq saxlamalıdır.
6.6.4. Biznes qurumu hökumətlərə etdiyi ödənişlərlə bağlı əlavə informasiyanı ayrıca olaraq hər ölkə üzrə ictimaiyyətə açıqlamağa hazır olmalıdır.
6.6.5. Səhmdarlar qarşısında hesabatlılıq və daha geniş təşkilati şəffaflıq naminə biznes qurumu öz alt şirkətləri, filialları, birgə müəssisələri və digər qurumlarının əsas kapitalını açıqlamağa hazır olmalıdır.
6.7. Daxili nəzarət və kargüzarlıq
6.7.1. Biznes qurumu rüşvətin qarşısını almaq üçün öz mühasibatlığı, kargüzarlığı və digər biznes prosesləri üzərində maliyyə və təşkilati nəzarətdən ibarət effektiv daxili nəzarət sistemi yaratmalıdır.
6.7.2. Biznes qurumu öz maliyyə əməliyyatlarını müfəssəl və dəqiq qeydə alan mühasibatlıq sənədlərini hər zaman maliyyə yoxlaması üçün hazır vəziyyətdə saxlamalıdır. Biznes qurumu "qara kassa" saxlamamalıdır.
6.7.3. Biznes qurumu öz daxili nəzarət mexanizmlərini, xüsusən mühasibatlığını və kargüzarlığını, eləcə də bu nəzarət mexanizmlərinin hazırlanması, icrası və effektivliyini mütəmadi olaraq auditdən keçirməlidir.
6.8. Monitorinq və icmal
6.8.1. Fəaliyyət proqramını davamlı qaydada təkmilləşdirmək məqsədilə biznes qurumu şərhlər və rəylər üçün əlaqə mexanizmləri və digər daxili mexanizmlər təsis etməlidir. Biznes qurumunun rəhbərliyi proqramı monitorinq etməli, onun məqsədəuyğunluğu, adekvatlığı və səmərəliliyini dövri olaraq icmal etməli, ona münasib dəyişikliklər etməlidir.
6.8.2. Biznes qurumunun rəhbərliyi proqramın nəticələrinə dair audit komitəsinə, direktorlar şurasına və ya digər ekvivalent quruma mütəmadi olaraq hesabatlar təqdim etməlidir.
6.8.3. Audit komitəsi, direktorlar şurası və ya digər ekvivalent qurum proqramın nə qədər qənaətbəxş olmasını müəyyən etmək üçün kənardan müstəqil qiymətləndirmələr təşkil etməli və onun nəticələrini illik hesabatda səhmdarlara təqdim etməlidir.
6.9. Dövlət orqanları ilə əməkdaşlıq
6.9.1. Korrupsiya və rüşvət halları ilə əlaqədar istintaq və araşdırmalar zamanı biznes qurumu müvafiq dövlət orqanları ilə münasib qaydada əməkdaşlıq etməlidir.
6.10. Müstəqil audit
6.10.1. Uyğun olan məqamlarda biznes qurumu könüllü şəkildə öz fəaliyyət proqramının hazırlanması, icrası və səmərəliliyini müstəqil auditdən keçirməlidir.
6.10.2. Müstəqil audit keçirildikdən sonra biznes qurumu belə bir kənar yoxlamanın keçirildiyini müvafiq audit rəyi ilə birlikdə ictimaiyyətə təqdim etməlidir.

Minnətdarlıq

"Beynəlxalq Şəffaflıq" təşkilatı biznes üçün rüşvət əleyhinə fəaliyyət prinsiplərinin hazırlanması təşəbbüsünə göstərdikləri maliyyə və digər dəstəyə görə Rəhbər komitənin bütün hazırkı və keçmiş üzvlərinə öz minnətdarlığını ifadə edir. Eyni zamanda komitənin keçmiş sədrləri Laurence Cockcroft və Jermyn Brooks-a, eləcə də öz ekspert şərhlərinə görə Peter Wilkinson-a təşəkkürlərimizi bildiririk.



1 Asanlaşdırma ödənişləri -- biznes qurumunun legitim gözləntisi olan rutin və ya zəruri hərəkətlərin baş verməsinə nail olmaq, onları tezləşdirmək və ya asanlaşdırmaq məqsədilə ödənilən kiçik qeyri-rəsmi vəsaitlər.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə