Beynəlxalq münasiBƏTLƏr tariXİ XX əsrin əvvəllərində beynəlxalq münasibətlər




Yüklə 461.26 Kb.
səhifə6/7
tarix22.02.2016
ölçüsü461.26 Kb.
1   2   3   4   5   6   7

59. II Dünya müharibəsindən sonra xarici siyasət doktrinalarının meydana gəlməsi (60, 61 və 62-ci suallar birlikdə,amma qısaca)

60. Bandunq konfransı
1950-ci illərin ortalarında Asiya və Afrikada bir sıra yeni müstəqil dövlətlər yarandı. Bu dövlətlərin xarici siyasəti və diplomatik fəaliyyəti beynəlxalq münasibətlərdə özünəməxsus yer tutmağa başladı.

1947-ci ildə Dehlidə 26 ölkənin nümayəndələrindən ibarət keçirilən müşavirə Asiya ölkələrini əməkdaşlığa çağırırdı. Bu ölkələr bloklara qoşulmamaq xətti götürdülər. Həmin məqsədlə 1955-ci il aprelin 18-də Bandunq şəhərində konfrans çağırıldı. Konfrans İndoneziya prezidentinin nitqi ilə öz işinə başladı. O qeyd etdi ki, Asiya və Afrika yalnız birliyi saxlamaqla çiçəklənə bilər. Bu konfransda Türkiyə, Birma, Hindistan, İndoneziya, Pakistan, Seylon, Əfqanıstan, Kamboca, ÇXR, Misir, Mərakeş, Qızıl Sahil, İran, İraq, Yaponiya, İordaniya, Lais, Livan, Liberiya, Liviya, Nepal, Filippin, Səudiyyə Ərəbistanı, Sudan, Suriya, Tailand, VDR, Yəmən və Cənubi Vyetnam nümayəndə heyətləri iştirak edirdilər.

İlk dəfə olaraq keçmiş müstəmləkəçi dövlətlər öz maraqlarını əks etdirən məsələləri həll etmək üçün toplaşmışdılar. Bu, Bandunq konfransına xüsusi əhəmiyyət verdi. Konfransda dünyada baş verən dəyişiklikləri nəzərə alaraq müstəmləkəçiliyi tamamilə ləğv etmək fikirləri irəli sürüldü.

Konfrans iştirakçıları siyasi, iqtisadi və mədəni məsələlər üzrə komitələr təsis etdilər. Gündəliyə aşağıdakı məsələlər daxil olundu:



  1. iqtisadi əməkdaşlıq;

  2. mədəni əməkdaşlıq;

  3. insan hüquqları və özünütəyinetməyə dair hüquqlar;

  4. asılı xalqların problemi;

  5. beynəlxalq sülh və əməkdaşlıq.

Yekdilliklə qəbul olunan son bəyannamədə konfrans Asiya və Afrika ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafına və bu məqsədlə bir-birinə köməklik göstərməyə çağırdı. Konfransda qəbul olunan “Ümumdünya sülh və əməkdaşlığa yardım etmək haqqında qətnamə” xüsusi əhəmiyyət kəsb edirdi. Bu qətnamə müstəmləkəçiliyə son qoymaq qətiyyətini ifadə etdi və hərbi blokları pislədi.


61. Bonn və Paris müqavilələri
1952-ci il mayın 26-da ABŞ, İngiltərə, Fransa və AFR nümayəndələri Bonnda ümumi müqavilə - “AFR və üç dövlət arasında münasibətlərə dair müqavilə” imzaladılar. Bu müqavilə işğal statusunun ləğvini qanuniləşdirdi. Ali ittifaq komissiyası buraxıldı. Üç dövlət və AFR arasında beynəlxalq münasibətlər bərpa olundu. Müqaviləyə görə:

  • Qərbi Almaniyaya daxili və xarici siyasət məsələlərinin həllində tam səlahiyyət verildi.

  • AFR-in Avropa ordusunda iştirakı nəzərdə tutulurdu.

  • ABŞ, İngiltərə və Fransa çevriliş məqsədilə AFR-ə və Qərbi Berlinə hücum zamanı Qərbi Almaniyada fövqəladə vəziyyət elan etmək hüququ aldılar.

  • Hər bir komandana təhlükənin aradan qaldırılması üçün silah işlətmək hüququ verildi.

  • ABŞ, İngiltərə və Fransa sülhün bərqərar edilməsi və Almaniyanın birləşdirilməsinə qədər öz ordularını Qərbi Almaniyada saxlamaq hüququnu aldılar. AFR hökuməti öz ərazisində bu orduları saxlamaq üçün çəkilən xərclərin 50%-ni ödəməli idi.

1952-ci il mayın 27-də Fransa, AFR, İtaliya, Belçika, Niderland və Lüksemburqun xarici işlər nazirləri Parisdə “Avropa Müdafiə Birliyinin təsis edilməsi haqqında müqavilə” imzaladılar. Müqaviləyə əsasən, Avropa Müdafiə Birliyi təsis olundu. Bu birlik NATO çərçivəsində və onunla sıx əməkdaşlıqla fəaliyyət göstərir. Yaradılan Avropa ordusuna Fransa 14, AFR və İtaliya hərəsi 12, Belçika, Niderland və Lüksemburq birlikdə 5 diviziya ayırmalı idi.

1954-cü il oktyabrın 23-də Paris müqavilələri imzalandı. Paris müqavilələrinin ən vacib sənədləri aşağıdakılardır:



  • AFR-də təcavüzkar rejimin başa çatması barədə sənəd;

  • AFR və üç dövlət arasında AFR ərazisində xarici hərbi qüvvələr və onların heyətinin hüquqlarına və vəzifələrinə dair münasibətlər haqqında sənəd;

  • Müharibə və təcavüz nəticəsində yaranmış məsələlərin tənzimlənməsi, Berlində və AFR ərazisində xarici hərbi qüvvələrin yerləşdirilməsi haqqında;

  • 1948-ci il Brüssel müqaviləsinin genişlənməsi və yenidən baxılması və Şimali Atlantika müqaviləsinin təşkili və s. haqqında sənədlər. (1955-ci ildə AFR NATO-ya qəbul edildi)



62. Eyzenhauer doktrinası
1952-ci ildə prezident seçkilərində qalib gələn respublikaçıların nümayəndəsi Duayt Eyzenhauer Sovet İttifaqına qarşı “zor işlətmək” xəttini daha da genişləndirdi. 1957-ci il yanvarın 5-də Eyzenhauer Yaxın və Orta Şərq ölkələrində ABŞ-ın siyasəti haqqında xüsusi məktubla konqresə müraciət etdi. Eyzenhauerin bu məktubu Sovet İttifaqının və beynəlxalq kommunizmin təcavüzünə qarşı yönəldilmişdi. Bu rayonda böhranlı vəziyyətin olduğunu, həmin dövrdə dünya neft ehtiyatlarının 2/3 hissəsinin burada yerləşməsini, Yaxın Şərqin Avropa, Asiya və Afrika arasında qapı rolu oynamasını və üç səmavi dinin yarandığı yer olduğunu qiymətləndirən Eyzenhauer Yaxın və Orta Şərqdə ABŞ hərbi qüvvələrini tətbiq etməyə icazə verilməsini konqresdən xahiş etdi. Yaxın və Orta Şərq ölkələri ilə hərbi, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan bu doktrina onların təhlükəsizliyini qoruyurdu. Burada təcavüzün qarşısını almaq üçün qüvvə tətbiq edilməsi də əsaslandırıldı.

Eyzenhauerin müraciəti sovet hökuməti tərəfindən ABŞ-ın Yaxın və Orta Şərq ölkələri üzərində hökmranlığının yaradılması proqramının elan edilməsi kimi qəbul olundu. Sovet İttifaqı bu proqramın əleyhinə çıxdı. 1957-ci ildə Qahirədə keçirilmiş müşavirədə Misir, Səudiyyə Ərəbistanı, İordaniya və Suriya bu doktrinanı rədd etdilər. Bundan fərqli olaraq, Livan, İraq, İran, Türkiyə, İsrail Eyzenhauer doktrinasını dəstəklədilər. Livanın razılığından sonra 1958-ci ildə amerikan hökuməti bu ərazidə ABŞ qoşunlarını yerləşdirdi.



63. Avropada təhlükəsizlik və əməkdaşlıq problemləri. ATƏT-in yaranması
1960-cı illərdə Avropda beynəlxalq münasibətlərdə gərginlik getdikcə zəifləməyə başlayırdı. SSRİ ilə ABŞ arasında, NATO ilə Varşava Müqaviləsi Təşkilatı (VMT) arasında qüvvələr nisbətində tarazlığın yaranmağa başlaması, böyük dövlətlərin əməkdaşlığa üstünlük verməsi və SSRİ ilə Qərbi Avropa ölkələri arasında iqtisadi əlaqələrin inkişafı beynəlxalq münasibətlərə müsbət təsir göstərdi. Bu meyllər Avropada təhlükəsizliyin təmin olunmasına kömək edirdi. Lakin Qərb və Şərq ölkələrinin Avropada təhlükəsizliyin təmin olunması yollarına münasibət fərqli idi. Belə ki, həm SSRİ, həm də Qərb çalışırdı ki, bu məsələ ilə əlaqədar yalnız öz təkliflərini və proqamlarını həyata keçirsinlər.

1966-cı ildə VMT-nin Siyasi Məsləhət Komitəsinin Buxarest sessiyasında Avropada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi haqqında bəyanat qəbul edildi. Bəyanatda Avropa dövlətləri arasında əlaqələrin dinc yanaşı yaşamaq prinsipləri əsasında inkişaf etdirilməsi, Avropada hərbi gərginliyi aradan qaldırmaq üçün NATO-nun və VMT-nin eyni vaxtda ləğvi, nüvə silahı olmayan zonalar yaradılması və Avropada təhlükəsizlik və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Ümumavropa müşavirəsinin çağırılmsı təklifləri irəli sürüldü. 1969-cu ildə Praqada sosialist ölkələrinin xarici işlər nazirlərinin yığıncağında müşavirənin Helsinkidə keçirilməsi haqqında təkliflər irəli sürüldü.



Qərbi Avropa dövlətlərinin inteqrasiyası bu dövrün beynəxalq münasibətlərinə böyük təsir göstərdi. 1961- ci ildə Avropa İqtisadi Birliyi (AİB) ölkələri vahid gömrük tariflərinə keçdilər. 1962-ci ildə AİB-in Brüsseldə keçirilən konfransında vahid aqrar siyasətə dair bir sıra qəralar qəbul edildi. 1967-ci ildə Avropa Kömür və Polad birlyinin, Avroatomun və AİB-in rəhəbər orqanları birləşdirildi. Üçüncü ölkələrə münasibətdə vahid tariflər müəyyənləşdirildi. Belə iqtisadi inteqrasiya 70-ci illərdə baş vermiş böhrandan çıxmağı daha da asanlaşdırdı.

1962-ci ildə ABŞ Qərbi Avropadakı müttəfiqlərinə Atlantika azad ticarət zonası yaratmağı təklif etdi. Bu birlikdə hakim mövqe ABŞ-a məxsus olmalı idi. 1967-ci ildə ABŞ-la AİB arasında gömrüklərin 35% ixtisarı haqqında saziş imzalandı.




64. 1960-cı illərdə beynəlxalq münasibətlərdə tərksilah problemi
1960-cı illərdə beynəlxalq aləmdə tərksilah uğrunda mübarizə genişləndi. Bu mübarizədə dövlətlərin və beynəlxalq təşkilatların fəaliyyəti artdı. Çünki müharibələrin qarşısını almaq üçün tərksilah məsələsi böyük əhəmiyyətə malik idi. Hələ 1959-cu ildə SSRİ və İngiltərə tərəfindən ümumi və tam tərksilaha dair irəli sürülən təkliflər BMT Baş Məclisində müzakirə edildi. 1959-cu ildə tərksilah üzrə “10-lar komitəsi” yaradıldı. 1961-ci ildə “10-lar komitəsi”nin tərkibinə 8 azad olmuş ölkənin nümayəndəsi də daxil edildi.

Tərksilah məsələsində əsas istiqamətlərdən biri nüvə silahlarının sınaqlarının dayandırılması məsələsi idi. SSRİ nüvə sınaqlarının tamamilə dayandırılmasını təklif etdi. 1963-cü ildə SSRİ havada, kosmosda və suda nüvə silahlarının dayandırılması haqqında müqavilə imzalamağı təklif etdi. SSRİ, ABŞ və İngiltərə arasında Moskvada aparılan danışıqlar avqustun 5-də havada, kosmosda və suda nüvə silahlarının dayandırılması haqqında müqavilə ilə başa çatdı. “Soyuq müharibə”nin buzlağında “ilk çat” 1963-cü ildə ABŞ, İngiltərə və SSRİ rəhbərliyi arasında atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınağının qadağan edilməsi ilə bağlı müqavilə imzalanması hesab olunur.

1961-ci ildə BMT Baş Məclisi kosmosdan dinc məqsədlə istifadə sahəsində beynəlxalq əməkdaşlığa çağıran qətnamə qəbul etdi. 1963-cü ildə isə BMT kosmosa nüvə silahının çıxarılmasını qadağan edən qətnamə qəbul etdi. 1967-ci ildə SSRİ, ABŞ və İngiltərə arasında kosmik fəzanın tədqiqi və ondan istifadə sahəsində dövlətlərin fəaliyyət prisipləri haqqında müqavilə imzalandı. Müasir dövrdə bu müqaviləyə 100-dən çox dövlət qoşulmuşdur.

Tərksilah məsələsində digər bir istiqamət nüvə silahının yayılmaması məsələsi idi. 1965-ci ildə BMT Baş Məclisində bütün dövlətləri nüvə silahının yayılmaması haqqında müqavilə bağlamağa çağıran qətnamə qəbul edildi. 1968-ci ildə nüvə silahının yayılmaması haqqında müqavilə SSRİ, ABŞ və İngiltərə arasında imzalandı. Fransa, Çin, Pakistan, CAR, İsrail, Hindistan və bir sıra ərəb ölkələri bu müqaviləyə qoşulmadılar.



65. Helsinki müşavirəsi
1960-cı illərin sonu 70-ci illərin əvvəllərində sosialist və kapitalist ölkələri arasında münasibətlərin yaxşılaşması, NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında hərbi-strateji tarazlığın yaranması beynəlxalq aləmdə “soyuq müharibə”dən gərginliyin zəiflədilməsinə doğru dönüş yaratmış oldu.

1970-ci ildə SSRİ-AFR, AFR-Polşa arasında müqavilələrin imzanlanması, 1971-ci ildə SSRİ, ABŞ, İngiltərə və Fransa arasında Qərbi Berlinə dair dördtərəfli sazişin bağlanması, 1972-ci ildə AFR və ADR arasında münasibətlərin normallaşması haqqında müqavilənin bağlanması gərginliyin zəiflədilməsinə güclü təkan verdi. Bu da Ümümavropa müşavirəsinin hazırlanması və çağırılmasına şərait yaratdı.

1969-cu ildə Vyanada təhlükəsizlik və əməkdaşlıq uğrunda Ümumavropa qeyri-hökümət konfansı keçirildi. Konfransda Avropanın 26 ölkəsinin və 23 beynəlxalq ictimai təşkilatı təmsil edən 300 nümayəndə iştirak edirdi. Onlar Ümumavropa təhlükəsizlik sisteminin yaradılması üçün Helsinkidə müşavirənin çağırılmasını müdadifə etdilər.

1972-ci ildə NATO ölkələri Ümumavopra müşavirəsini hazırlamaq üçün məslətələşmələrdə iştirak etməyi qərara aldılar. Çoxtərəfli məsləhətləşmələrdən sonra 1973-cü ildə “Mavi kitab” adı almış yekun tövsiyələri razılaşdırıldı. Bu yekun tövsiyələr müşavirənin təşkili, gündəliyi, iştirakçıların tərkibi, yeri və vaxtı, maliyyələşdirilmə qaydalarını tənzimləyirdi. Müşavirənin gündəliyinə dörd məsələ salınmışdır:



  1. Avropada təhlükəsizlik məsələləri;

  2. İqtisadiyyat, elm-texnika və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlıq məsələləri;

  3. Humanitar və digər sahələrdə əməkdaşlıq problemləri;

  4. Müşavirədən sonra Ümumavropa prosesinin inkişaf istiqamətləri.

1973-cü il iyulun 3-də Helsinkidə Avropada təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə aparılan müşavirənin birinci mərhələsi başladı. İyulun 7-nə qədər davam edən bu mərhələdə 35 dövlətin nümayəndələri iştirak edirdi.

Ümumavropa müşavirəsinin ikinci mərhələsi 1973-1975-ci illərdə Cenevrədə oldu. Burada əsas müzakirə obyektlərindən biri sərhədlərin toxunulmazlığı məsələsi oldu.

1975-ci il iyulun 19-da müşavirənin üçüncü mərhələsinin Helsinkidə keçirilməsi qərara alındı. 1975-ci il avqustun 1-də Helsinkidə Ümumavropa müşavirəsinin iştirakçıları onun yekun aktını imzaladılar. Bu yekun akta görə müşavirə iştirakçıları 10 əsas prinsipi rəhbər tutmalı idilər:


  1. Suveren bərabərlik prinsipi;

  2. Zor işlətməmək prinsipi;

  3. Sərhədlərin toxunulmazlığı prinipi;

  4. Dövlətlərin ərazi bütövlüyü prinsipi;

  5. Mübahisənin dinc yolla həll olunması prinsipi;

  6. Bir-birinin daxili işlərinə qarışmamaq;

  7. İnsan hüquqlarına və əsas azadlıqlarına hörmət;

  8. Bərabərlik və xalqların öz müqəddəratını təyin etmək hüquq;

  9. Dövlətlər arasında əməkdaşlıq;

  10. Beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi.

66. 1970-80-ci illərdə tərksilah problemi
70-ci illərdə dünya siyasətinin mərkəzi problemlərindən biri tərksilah məsələsi idi. Tərksilah uğrunda mübarizədə başlıca istiqamət nüvə silahlarının məhdudlaşdırılması və ixtisarı idi. Bundan başqa, tərksilah uğrunda mübarizədə – nüvə silahının yayılmaması, nüvə silahı olmayan zonaların yaradılması, kütləvi qırğın silahı kimi kimyəvi və bioloji silahların ləğvi, adi silahların ləğvi uğrunda mübarizə böyük əhəmiyyətə malik idi.

1971-ci ildə SSRİ-ABŞ, 1976-cı ildə SSRİ-Fransa, 1977-ci ildə isə SSRİ-İngiltərə arasında təsadüfi nüvə müharibəsinin qarşısının alınması haqqında sazişlər imzalandı. 1975 və 1976-cı illərdə BMT Baş Məclisində nüvə sınaqlarının dayandırılmasının zəruriliyini təsdiq edən qətnamələr qəbul edildi. 1973-cü ildə Vyanada NATO və BMT üzvü olan ölkələr arasında Avropada adi silahların və silahlı qüvvələrin ixtisarına dair danışıqlar başlandı. İxtisar zonası AFR, Benilüks ölkələri, ADR, Polşa və Çexoslavakiya ərazilərini əhatə etməli idi.



80-cı illərin əvvəlindən başlayaraq ABŞ başda olmaqla Qərb dövlətlərində silahlanma prosesi gücləndi. 1982-ci ildə Cenevrədə SSRİ ilə ABŞ arasında SHS-nın məhdudlaşdırılması və ixtisarına dair danışıqlar başlandı. Lakin razılıq əldə olunmadı.

1982-ci ildə SSRİ BMT Baş Məclisinə “Nüvə silahlarının tamamilə qadağan edilməsinə dair müqavilənin əsas müddəaları” adlı lahiyə təqdim etdi. 1985-ci ildə SSRİ nüvə sınaqlarını dayandırdığını bildirdi. ABŞ isə nüvə sınaqlarını davam etdirdi.

Tərksilah uğrunda mübarizədə nüvə silahının yayılmaması böyük əhəmiyyətə malik idi. Lakin İsrail, CAR, Pakistan kimi ölkələr nüvə silahı hazırlamaq planlarını gizlətmirdilər. 1985-ci ildə Sakit okeanın cənubunda yerləşən 13 dövlət Sakit okeanın cənubunun nüvəsiz zona elan edilməsi haqqında müqavilə imzaladı.

1983-cü ildə ABŞ-da “Strateji müdafiə təşəbbüsü” adlı (“Ulduz müharibələri”) proqram irəli sürüldü. Bu proqram ABŞ ərazisini düşmənin ballistik raketlərindən qorumaq üçün geniş miqyaslı kosmik bazalı raketdən müdafiə sisteminin yaradılmasını nəzərdə tuturdu. Bundan başqa tərksilaha dair Sovet-Amerika danışıqları, 1985-ci ildə Cenevrədə, 1986-cı ildə Reykyavikdə, 1987-ci ildə Vaşinqtonda keçirildi. 1991-ci ildə Moskvada SSRİ ilə ABŞ arasında strateji hücum silahlarının ixtisarı haqqında müqavilə imzalandı. Bu müqavilə beynəlxalq sabitliyin təmin olunması, həm də nüvə münaqişəsi ehtimalının azalması üçün böyük əhəmiyyətə malik idi.

Hindistan-Pakistan arasında nüvə müharibəsi baş verərsə, onun təsir edə biləcəyi ərazi sahələri:

Tapdı: Ramil Qasımov

67. Dünya sosializm sistemi beynəlxalq münasibətlərdə
Dünya sosializm sisteminin formalaşması tarixində 1949-cu ildə yaradılmış Qarşılıqlı İqtisadi Yardım Şurası (QİYŞ), 1955-ci ilin bağlanmış Varşava Müqaviləsi Təşilatının (VMT) çox böyük rolu olmuşdur. Bu təşkilatlara Avropada Yuqoslaviyadan başqa bütün sosialist ölkələri daxil idi. Bu ölkələr “dünya sosializm birliyi” (DSB) adlandırıldı. Sonradan Monqolustan, Vyetnam və Kuba da bu təşkilatlara daxil oldu. QİYŞ xətti ilə həmin ölkələrdə iqtisadi və elmi- texniki, VMT xətti ilə hərbi-siyasi əməkdaşlıq həyata keçirilirdi. Beləliklə, dünya kapitalizm sisteminə qarşı duran dünya sosializm sistemi təşəkkül tapmış oldu.

Dünya sosializm sistemində əsas rol oynayan dövlət SSRİ idi. Sosialist ölkələri arasında dostluq və əməkdaşlıq məsələlərini həll etmək üçün aparıcı rol SSRİ-yə məxsus idi.

Sovet rəhbərliyinin daxili və xarici siyasəti dünya sosializm sisteminin daxilində ziddiyətlərin baş verməsinə də səbəb oldu. 1950-ci illərin sonunda SSRİ-nin Yuqoslaviya ilə münasibətləri yenidən pisləşdi. Albaniya və Çinlə uzun müddət davam edən münasibətlər müharibə vəziyyətinə gəlib çıxdı. 1969-cu ilin mart və avqustunda Sovet-Çin sərhədindəki Damanski adasında insan tələfatı ilə nəticələnən hərbi toqquşmanı buna misal göstərmək olar.

Dünya kommunist hərəkatında hökmranlıq edən Sovet İttifaqı kommunist partiyası və kommunist fəhlə partiyası nümayəndələri vaxtaşırı keçirilən beynəlxalq (1957, 1960, 1969) və regional müşavirələrdə qəbul olunmuş sənədlər vasitəsilə öz ideyalarını onlara təlqin edirdilər.



Dünya sosializm sisteminin inkişaf mərhələləri

Dünya sosializm sisteminin tarixində ilk mərhələ təşəkkül mərhələsidir (1944-45-ci ildən 1950-ci illərin ortalarına qədər) Bu dövrdə Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri arasında dostluq, əməkdaşlıq və yardım haqqında sənədlər imzalandı.

1950-ci ilin ortalarından 1970-ci illərin ortalarına qədər davam edən dövr yüksəliş mərhələsi kimi qeyd olunur. 1971-ci ildə Buxarestdə QİYŞ ölkələrinin əməkdaşlığına dair kompleks proqram qəbul edilmişdir.

Bu dövrdə Çində də vəziyyət ürək açan deyildi. Yerli Çin hökümətinin siyasəti nəticəsində - “böyük sıçrayış siyasəti” (1960-cı illərdə), “mədəni inqilab” (1966-1976) nəticəsində bu ölkədə 121 mln. insan əziyyət çəkmişdi və onun 21 mln. məhv edilmişdir.

1970-ci ilin ortalarından 1980-ci ilin ortalarına qədər olan dövr tənəzzül mərhələsi kimi qəbul olunur. Çünki bu dövrdə sosializm sisteminə rəhbərlik edən SSRİ-nin özünün də iqtisadi vəziyyəti pisləşmişdi.

Dünya sosializm sistemi ölkələri arasında beynəlxalq münasibətlər

1970-80-ci illərdə sosializm sisteminə daxil olan ölkələrin xarici siyasəti başlıca olaraq onların beynəlxalq aləmdə mövqelərinin qorunmasına yönəldilmişdi. Daha çox öz aralarında əməkdaşlıq edən sosialist ölkələri qərb dövlətlərinin təzyiqlərinə müqavimət göstərməyə çalışırdılar. Qeyd etdiyimiz kimi sosialist ölkələrinin iqtisadi əməkdaşlığını QİYŞ, hərbi-siyasi əməkdaşlığını VMT təşkilatı tənzimləyirdi. 1974-cü ilin fevralında dostluq və əməkdaşlıq haqqında Sovet- Kuba bəyyanaməsi, 1975-ci ildə SSRİ-ADR, 1978-ci ildə SSRİ Vyetnam arasında əməkdaşlıq müqavilələri imzalandı. Lakin bu münasibətlərdə hakim mövqe SSRİ-yə aid idi.

SSRİ-nin Polşa, Çexoslovakiya və ADR ilə bağlanmış müqavilələrində onların sərhədlərinin toxunulmazlığını vəd verən maddələr daxil edilmişdi. Bu müqavilələr xarici hərbi müdaxiləyə qarşı qarşılıqlı yardım məsələsini də nəzərdə tuturdu.

1976-cı ildə siyasi məsləhət komitəsinin orqanı kimi xarici işlər nazirləri komitəsi yaradıldı. 1985-ci ildə VMT-nin fəaliyyət müddətinin artırılması haqqında protokol imzalandı. Lakin müəyyən səbəblərə görə 1980-cı ilin ortalarından etibarən sosialist ölkələri arasında iqtisadi əlaqələr sürətlə zəifləndi. Sosialist ölkələrinin iqtisadiyyatı Qərb dövlətlərinin sürətlə silahlanmasına davam gətirmək iqtidarına olmadılar.



68. Elmi texniki inqilab (ETİ) və dəyişmiş kapitalizm
ETT-nin və onun nailiyyətlərinin istehsalatda tətbiq olunmasının, inkişafının sürətlənməsini həvəsləndirən çox mühüm səbəblərindən biri müharibədən sonrakı yeni beynəlxalq və daxili rəqabət şəraitində istehsalın mənfəətinin dönməz yüksəlişini təmin etmək olmuşdur. “Soyuq müharibə” dövründə ABŞ və SSRİ-nin imperiya ambisiyalarının və hərbi blokların uzunmüddətli qarşıdurmasının da böyük rolu olmuşdur. Onlar yeni növ kütləvi qırğın silahları yaratmağa və onları təkmilləşdirməyə diqqəti artırmışdılar. Rəqabət və yarış kosmosa keçirilmişdi. Kapitalist ölkələrindən fərqli olaraq SSRİ ETİ-nin nailiyyətlərini daha çox hərbi sahədə tətbiq etmişdi.

ETİ nəticəsində təbiətşünaslıq elmləri sırasında biologiyanın yeri yüksəlmişdir. Biotexnologiyanın yüksəlişi sayəsində gen mühəndisliyi inkişaf etmişdir. ETİ kosmosun fəth edilməsinin gerçəkləşməsinə imkan vermişdir. Bu da ölkələrarası əlaqələr üçün geniş imkanlar yaratmışdır. ETİ kapitalizm cəmiyyətinin sosial strukturunda köklü dəyişiklər yaratdı. Siniflər və sosial təbəqələr arasında sədlər demək olar ki, silindi.

ETİ-nin müsbət keyfiyyətləri ilə yanaşı, çox mənfi nəticələri də vardır. Amerika futuroloqları D.Neysbit və R.Eburden göstərirlər ki, “texnologiyalar inkişaf etdikcə biz ümid edirik ki, bütün problemlərimizi həll edirik. Lakin bununla biz özümüzü tələyə salırıq”.

ETİ bəşəriyyəti məhv olmaq təhlükəsi qarşısında qoyan dəhşətli kütləvi qırğın silahlarının yaradılmasına, psixoloji, əsəb və digər infeksion xəstəliklərin yayılmasına səbəb olmuşdur. ETİ-nin nəticəsində şəhər əhalisi ilə kənd əhalisi arasında nisbət kəskin surətdə dəyişmiş, urbanizasiya (şəhərləşmə) artmışdır. O, bir sıra qlobal problemlər (müharibə təhlükəsi, ekoloji terror, ərzaq çatışmamazlığı və b.) yaratmışdır.

ETİ kapitalizm cəmiyyətinin sosial məzmun və mahiyyətində, sosial strukturunda, ideya və nəzəriyyələrində dəyişikliklər yaratdı. Qərb alimləri “dövlət kapitalizmi”, “ümumi xeyirxah dövlət”, “postsənaye cəmiyyəti” nəzəriyyələrini irəli sürdülər.

Dəyişmiş kapitalizmin ən mühüm cəhətlərindən biri liberalizm, sosial-demokratiya və mühafizəkarlıq ideyaları arasında çuğlaşmanın baş verməsidir. Postsənaye cəmiyyətləri bərqərar olmuş ölkələrdə ideyaca müxtəlif istiqamətli cərəyanlar arasında geniş razılıq əldə olunmuşdu. Bu keyfiyyətlər tam şəkildə sosializmin Skandinaviya modelinin həyata keçirildiyi Danimarka, Norveç və İsveçdə özünü göstərməkdədir.

Avropa sosial-demokratiyası Qərb və Şərq arasında gərginliyin aradan götürülməsinə nail olunmasında, Helsinki prosesinin genişləndirilməsində mühüm rol oynamışdır. Əksinə, sosializm ideyalarına əsaslanan iqtisadiyyat yeni şəraitə uyğunlaşmadığına görə XX əsrin 80-ci illərində böhran qarşısında qalaraq vəziyyətdən çıxış yolu tapa bilməmişdir. Bu da SSRİ-nin və dünya sosializm sisteminin dağılması ilə nəticələnmişdi.



69. Beynəlxalq aləmdə mərkəzəqaçma meyllərinin güclənməsi
XX əsrin ikinci yarısı iqtisadi və siyasi inteqrasiyanın güclənməsi ilə səciyyələnir. O, ilk növbədə çoxlu beynəlxalq, dövlətlərarası və qeyri-hökumət təşkilatlarının yaranmasında özünü göstərir. II Dünya müharibəsindən sonra BMT, NATO, BVF (Beynəlxalq Valyuta Fondu), Dünya Bankı, Avropa İttifaqı, QİYŞ və başqa təşkilatlar yaradılmışdı.

Beynəlxalq təşkilatlar arasında BMT-nin müstəsna yeri vardır. Əgər yaranarkən BMT-nin 51 üzvü var idisə, indi onların sayı 200-ə qədərdir. BMT-nin Baş Qərargahı Nyu-York şəhərindədir.

Beynəlxalq təşkilatlardan biri də ATƏT-dir. 1975-ci ildə Helsinkidə ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) yaradılmışdır. 1994-cü ildə Budapeşt sammitində o, ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) adlandırılmışdır. Bu təşkilat 1986-cı ildə Stokholm, 1989-cu ildə Vyana, 1990-cı ildə Kopenhagen, Budapeşt, Lissabon və İstanbul sammitlərinin sənədləri əsasında daha da inkişaf etdirilmişdir. ATƏT-ə 53 dövlət daxildir.

Dünya siyasətində mərkəzəqaçma meyli iqtisadi inteqrasiya, iqtisadiyyatın beynəlmiləlləşdirilməsi prosesində də özünü göstərir. Beynəlləşdirilmənin formalarından biri də milli təsərrüfatların dövlətlərarası inteqrasiyasıdır. İnteqrasiya prosesinin inkişafında ümumdünya və regional təşkilatlar mühüm rol oynayırlar: NATO, Avropa İttifaqı, Amerika dövlətləri təşkilatı, Neft çıxaran ölkələr təşkilatı (OPEK), Afrika Birliyi Təşkilatı, “İslam Konfransı” təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (EKO), Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu, ATƏT, “Böyük səkkizlər” birliyi, Cənub-Şərqi və Asiya dövlətləri assosiasiyası (ASEAN), Asiya inkişaf bankı və s.

1994-cü ildə Ümumdünya Ticarət təşkilatı yaradılmışdır. Onun işində dünyanın 150 ölkəsi iştirak edir. O, dünya ticarətinin 90%-nə nəzarət edir. 1975-ci ildə yaranmış “Böyük yeddilər” (ABŞ, Kanada, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya) 1997-ci ildə Rusiyanın qoşulması ilə “Böyük səkkizlər” adlanmağa başladı.

Beynəlxalq inteqrasiyanın ən inkişaf etmiş formalarından biri Avropa Birliyidir. Onun əsası 1951-ci ildə Avropa Kömür və Polad Birliyinin yaradılması ilə qoyulmuşdur. 1957-ci ildə Qərbi Avropada atom enerjisi üzrə Avropa Birliyi (Avratom) yaradıldı. Elə həmin ildə bu təşkilat Avropa İqtisadi Birliyi adı ilə rəsmən formalaşdı. Onun yaranması haqqında müqavilə 1957-ci ildə Romada imzalandı. 1993-cü ildən AİB Avropa İttifaqı adlanmağa başladı. 1993-cü ilin yanvarından etibarən Avropa İttifaqında vahid daxili bazar fəaliyyətə başlamışdır.

1993-cü ilin noyabrından etibarən AİB-in 12 ölkənin imzaladığı Maastrix müqaviləsi qüvvəyə minmişdir. Müqaviləyə görə, Avropa İttifaqı vahid xarici siyasəti, vətəndaşlığı və valyutası olan siyasi ittifaqa çevrilməli idi.

Avropa İttifaqı 15 ölkənin siyasi və iqtisadi inteqrasiyasıdır. Avropa İttifaqının əsasında “Vahid Avropa” ideyası dayanır. Artıq 2002-ci ildən Avropanın 12 ölkəsində vahid pul – avro işləməkdədir.

İnteqrasiya prosesi dünya təsərrüfatının 3 başlıca mərkəzi – ABŞ, Qərbi Avropa və Yaponiya arasında kəskin rəqabəti ilə müşayiət olunur. İndi ən çox iqtisadi, elmi və texniki inkişafa yer verilir. Ölkənin qüdrəti bununla ölçülür.

Dünyada böyük iqtisadi və siyasi qüvvəyə malik olan Çin də sürətlə inkişaf etməkdədir. İndi Çin, Honkonq, Tayvan, Sinqapur daxil olmaqla “Böyük Çin” yaratmaq prosesi gedir. Bu dövlətlərin ixracat potensialı Yaponiyanı ötüb keçib.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə