Beynəlxalq münasiBƏTLƏr tariXİ XX əsrin əvvəllərində beynəlxalq münasibətlər




Yüklə 461.26 Kb.
səhifə3/7
tarix22.02.2016
ölçüsü461.26 Kb.
1   2   3   4   5   6   7

25. II Dünya müharibəsi ərəfəsində beynəlxalq münasibətlər
1938-ci ilin əvvəlində Avropa müharibə astanasında idi. Bu dövrdə faşist dövlətləri işğalçı planlarını həyata keçirməyə başladılar. Almaniya “Vahid xalq, vahid dövlət, vahid fürer” şüarı altında bütün almanlar yaşayan torpaqları birləşdirmək uğrunda mübarizəyə başladı. İlk hədəf Hitlerin vətəni olan Avstriya oldu. Almanlar Avstriya sərhədlərini keçdilər. Avstriyanın müstəqilliyinə son qoyuldu. Avstriyanın müstəqilliyi məsələsinə dair plebisist keçirildi. Plebisistin nəticəsinə görə, Avstriya əhalisinin əksəriyyəti Almaniyaya birləşmək qərarını qəbul etdi. Beləliklə, 1938-ci il martın 13-də Avstriya dinc yolla Almaniya imperiyasının tərkibinə qatıldı. Avstriyanın anşlüsü Avropa dövlətləri tərəfindən birmənalı qarşılanmadı. İtaliya onu bəyəndi, İngiltərə və Fransa isə ona etiraz etdi. Lakin sonradan sakitləşərək bunu qəbul etməyə məcbur oldular.

Həbəşistan, İspaniya və Avstriyanın ardınca Çexoslovakiya gəlirdi. Almaniya Çexoslovakiyanın almanlar yaşayan Sudet vilayətini özünə birləşdirməyə çalışırdı. 1938-ci il sentyabrın 29-30-da Münhendə Almaniya, Böyük Britaniya, Fransa və İtaliya nümayəndə heyətlərinin konfransı keçirildi. Konfransda Hitler, Çemberlen, Daladye və Mussolini iştirak edirdilər. Münhen sövdələşməsinə görə, Çexoslovakiyanın almanlar yaşayan bütün sərhəd rayonları Almaniyaya verildi. Maraqlıdır ki, Çexoslovakiya konfransa dəvət olunmamışdı. Sudet vilayətini birləşdirdikdən sonra Almaniya bütün Çexoslovakiyanı işğal etdi.

1939-cu il mayın 22-də Almaniya-İtaliya arasında qarşılıqlı yardım haqqında müqavilə imzalandı. Bu müqavilə “Polad pakt” adlanırdı. İtaliya Albaniyanı da işğal etdi.

Almaniyanın təcavüzkarlıq hərəkətlərinə qarşı Fransanın Avropa dövlətlərini birləşdirmək cəhdləri heç bir nəticə vermədi. 1939-cu ilin mart-avqust aylarında keçirilən ingilis-fransız-sovet danışıqları uğursuzluqla nəticələndi. Çünki danışıq aparan tərəflər eyni zamanda seperat şəkildə Almaniya ilə də danışıqlar aparmağa cəhd edirdilər.

1939-cu ilin mayında Yaponiya Monqolustana hücum etdi. SSRİ-nin yardımı nəticəsində bu hücumun qarşısı alınmış oldu. Belə bir gərgin şəraitdə Almaniya SSRİ-yə hücum etməmək haqqında müqavilə imzalamağı təklif etdi. 1939-cu il avqustunda SSRİ ilə Almaniya arasında iqtisadi və ticarət yardımı haqqında saziş, 10 il müddətində bir-birlərinə hücum etməmək haqqında pakt və əlavə gizli protokollar imzaladılar. Müqaviləni Almaniyanın xarici işlər naziri Ribbentrop və SSRİ Xalq Xarici işər komissarı Molotov imzaladılar. Molotov-Ribbentrop adını almış bu müqaviləyə görə, tərəflər bir-birlərinə qarşı hər cür zorakılıqdan, təcavüzkarlıq hərəkətlərindən və hücum etməkdən imtina edirdilər. SSRİ ilə Almaniya gizli protokollara görə, Polşanı və ətraf əraziləri öz nüfuz dairələrinə bölürdülər. Bu sənədlər Almaniya və SSRİ-nin işğalçı hücumlarına əsas vermiş oldu.

Beləliklə, dövlətlərin siyasəti, beynəlxalq münasibətlərin kəskin və ziddiyyətli inkişaf meylləri nəticəsində dünya müharibə astanasında idi.



26. Montre konfransı (boğazlarla bağlı)
30-cu illərdə beynəlxalq münasibətlərdə boğazlar məsələsi kəskin müzakirə obyektinə çevrildi. Bu dövrdə Avropada beynəlxalq münasibətlər Türkiyənin xeyrinə cərəyan etməyə başladı. İngiltərə Türkiyə ilə yaxınlaşmağa çalışırdı. 1935-ci ildə İngiltərə Türkiyə, Yunanıstan və Yuqoslaviya ilə “Centelmen sazişi” bağladı. Bu sazişlərə görə, Aralıq dənizində İtaliya təcavüzləri baş verərdisə, tərəflər bir-birlərinə yardım göstərməli idilər.

1936-cı ildə türk hökuməti Lozanna konvensiyasını imzalayan dövlətlərə boğazlar məsələsinə yenidən baxmağı təklif etdi. Türk hökuməti İngiltərə, SSRİ, Fransa, İtaliya, Rumıniya, Yunanıstan, Yuqoslaviya, Bolqarıstan və Yaponiyadan müsbət cavab aldı.

1936-cı il iyunun 22-dən iyulun 20-dək İsveçrənin Montre şəhərində 9 dövlətin iştirakı ilə konfrans keçirildi. Konfransda yalnız İtaliya nümayəndə heyəti iştirak etmədi. Boğazların hərbsizləşdirilməsi məsələsi konfransda etiraz doğurmadı. Dövlətlər türk təkliflərinə prinsipcə razı oldular. Lakin 2 məsələ mübahisələr doğurdu:


  1. Qara dəniz dövlətlərinin hərbi gəmilərinin boğazlardan keçməsi haqqında;

  2. Başqa dövlətlərin dövlətlərin hərbi donanmasının Qara dənizə buraxılması haqqında.

1936-cı il iyulun 20-də Montredə boğazlara dair yeni konvensiya imzalandı. Konvesiyaya görə:

  • Boğazlar zonasında Türkiyənin suveren hüquqları tamamilə bərpa olundu.

  • Boğazlardan keçməyə nəzarət və müşahidə hüququ Türkiyəyə verildi.

  • Türkiyə boğazlar zonasında silahlı qüvvələr saxlaya və onları möhkəmləndirə bilərdi.

  • Bütün ölkələrin ticarət gəmiləri boğazlardan sərbəst keçmək hüququ aldılar.

  • Qara dəniz dövlətlərinin hərbi gəmiləri də bu hüquqdan istifadə edə bilərdi. Lakin qeyri-Qara dəniz dövlətlərinin hərb gəmiləri üçün ciddi məhdudiyyətlər müəyyənləşdirildi. Bu dövlətlər Qara dənizə yüngül suüstü gəmilər, kiçik hərbi və köməkçi gəmilər keçirə bilərdilər. Bu gəmilər Qara dənizdə yalnız 21 gün qala bilərdi.

  • Türkiyə müharibədə iştirak etmədiyi təqdirdə istənilən ölkənin hərbi gəmiləri üçün boğazları bağlaya bilərdi. Türkiyə müharibədə iştirak edərdisə, türk hökuməti qaydanı özü müəyyənləşdirə bilərdi.

Almaniya və İtaliya bu konvensiyanya qarşı çıxdılar, lakin sonradan İtaliya Balkanlar məsələsində Türkiyə ilə razılığa gəldiyindən 1938-ci ildə bu konvensiyaya imza atdı.

27. Molotov-Ribbentrop paktı (özünüz tapın)

28. II Dünya müharibəsinin başlanması və səbəbləri
II Dünya müharibəsi ərəfəsində böyük dövlətlərin hər birinin strategiyası, müttəfiq seçmələri və vəzifələri bir sıra amillərlə şərtlənirdi. Həmin amillər iqtisadi, siyasi, hərbi və hətta ideoloji sahələri əhatə edirdi. Almaniya, İtaliya və Yaponiya koalisiyasının strategiyasının əsasını geopolitik məqsədlər təşkil edirdi. Onlar dünyanın siyasi, iqtisadi və geopolitik məkanını dəyişdirməyə çalışır və onu bölmək uğrunda mübarizə aparır, “yeni qaydalar” yaratmaq naminə total müharibəyə başlamışdılar. Dünyada mövcud status-kvonun saxlanılmasının tərəfdarı olan Böyük Britaniya, Fransa və ABŞ bu bloka qarşı durmuşdu. SSRİ-nin mövqeyi ikili xarakter daşıyırdı. O, Avropada sərhədlərin köklü dəyişdirilməsinin əleyhinə olsa da, Şərqi Avropada öz nüfuzunu və kommunist ideologiyasını yaymağa çalışırdı.

Deməli, müharibənin başlanmasının əsas səbəbləri dünyanı yenidən bölmək, əlverişli bazarları və ucuz xammal mənbələrini ələ keçirmək uğrunda böyük dövlətlər arasında gedən mübarizənin kəskinləşməsi idi.

İkinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri:


  1. Birinci dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt olması;

  2. Avropanın mərkəzində, Almaniyada qisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi;

  3. Hitler “reyx”inin irqçilik, “dəyərsiz xalqları” əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları;

  4. Qərb dövlətlərinin, xüsusən İngiltərə və Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri;

  5. İri dövlətlərin, o cümlədən ABŞ-ın “qarışmamaq” mövqeyi tutmaları;

  6. ABŞ başda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri;

  7. Sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİ ilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri;

  8. SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması;

  9. 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və s.

Xarakterinə görə bu müharibə ədalətsiz və işğalçı müharibə idi. Fransa mövqe müharibəsinə hazırlaşaraq ölkənin şimalında güclü müdafiə xətti- majino xətti yaratmışdı. İngiltərə və ABŞ da müdafiə xarakterli müharibə aparmağa hazırlaşırdılar. Almaniyanın hərbi strategiyasının əsasını “ildırımsürətli müharibə” təşkil edirdi. Bu plana əsasən, hərbi əməliyyat apararkən ordunun bütün növlərindən istifadə olunmalı idi.

İkinci dünya müharibəsi tarixini 3 mərhələyə bölmək olar:



  • Müharibənin ilk mərhələsi (1939-cu il sentyabr-1942-ci il iyun)

  • Müharibənin gedişində əsaslı dönüş (1942-ci il iyun-1944-cü il yanvar)

  • Müharibənin başa çatması (1944-cü il yanvar-1945-ci il sentyabr)

29. Almaniyanın işğalçı planları
Sərhəd münaqişəsindən bəhanə kimi istifadə edən Almaniya əvvəldən hazırladığı “Vays” (ağ) planına əsasən, 1939-cu il sentyabrın 1-də Polşaya hücum etdi. Buna cavab olaraq sentyabrın 3-də Böyük Britaniya və Fransa Almaniyaya müharibə elan etdilər. Lakin onlar mövqe müharibəsinə üstünlük verdiklərinə görə hərbi əməliyyatlara başlamadılar. 1939-cu ilin sentyabrından 1940-cı ilin mayına qədər “qəribə müharibə” getdi.

Polşanı məğlub etdikdən sonra Almaniya müharibənin aparılması üçün əlverişli şərait qazanmaqdan ötrü Böyük Britaniya və Fransaya onlara qarşı düşmənçilik niyyətində olmadığını elan edərək hərbi əməliyyatları dayandırmağı təklif etdi. Lakin İngiltərə və Fransa bu təkliflərin onların əleyhinə olduğunu başa düşərək imtina etdilər və almanlara qarşı müharibəni Skandinaviya və Balkanlarda aparmağı qərara aldılar. ABŞ özünü bitərəf elan etdi.

1940-cı ilin aprelində Almaniya “Vezer yubunq” (Vezer təlimləri) adlı hərbi planına uyğun olaraq, DanimarkaNorveçin üzərinə hücum etdi. Almaniya Danimarka və Norveçə ultimatium verərək bildirdi ki, onun sülhməramlı qüvvələrinin sərhəddən keçməsinə maneçilik etməsin. Danimarka tez razılaşdı, Norveç hökumətinin başçısı isə İngiltərəyə qaçdı. İngiltərə və Norveç silahlı qüvvələri müqavimət göstərsələr də, alman hücumlarının qarşısını ala bilmədilər.

1940-cı il mayın 10-da Almaniya “Qelb” (sarı) hərbi planına görə, BelçikaNiderland üzərinə hücum etdi. Niderland hökuməti ölkəni tərk etdi, ordusu məğlub oldu. Belçika ordusu da ingilislərin köməyindən məhrum olduqlarına görə təslim oldular.

Almaniya “Rot” (qırmızı) hərbi planına əsasən, iyunun 10-da Fransaya hücum etdi. Almanlar Majino xəttini Strasburq şəhərinin cənubundan yararaq fransız ordusunu mühasirəyə aldılar. Fransa hökuməti Vişi şəhərinə köçdü. Almanlar Parisə daxil oldular. Fransa hökumətinə başçılıq edən Peten Almaniya ilə münasibətləri yaxşılaşdırmaq siyasəti yürütməyə başladı. İyunun 22-də Kompeyn meşəsində məşhur vaqonda fransızlar təslim olmaq aktına imza atdılar. Müqaviləyə əsasən, Fransanın 2/3 hissəsi işğal zonası elan olunurdu. Fransız və ingilislərin qalan orduları Şelbunq yarımadasından gəmilər vasitəsilə ölkədən qaçdılar. Lakin general Şarl de Qoll fransız xalqının almanlara qarşı mübarizəsini davam etdirirdi, onlar “Azad Fransa” təşkilatı yaratdılar.

Almaniya 1940-cı ilin avqustunda “Zeyerlovya” (dəniz şiri) hərbi planına əsasən, Böyük Britaniyaya hücum etməyə hazırlaşdı. İlk növbədə o, “qartal” hərbi planı əsasında Britaniya adalarını bombalamağa başladı. Bu tədbir 1941-ci ilin mayına qədər davam etmişdi. Lakin heç bir uğur əldə edə bilməyən almanlar hərbi əməliyyatları dayandırdılar.

Almaniya hələ 1940-cı ilin ikinci yarısından SSRİ-yə hücum planı hazırlamağa başlamışdı. Ona simvolik olaraq “Barbarossa” adı verilmişdi. “İldırım sürətli müharibə” adlanan bu plana görə, 1941-ci ilin payızına qədər SSRİ diz çökdürülməli idi.

1940-cı il sentyabrın 27-də Almaniya, Yaponiya və İtaliya hərbi pakt- “Üçlər paktı” imzaladılar. Bu pakta görə, tərəflər bir-birlərinə hərtərəfli yardım göstərməli idilər. 1940-cı ilin noyabrında Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya ardıcıl olaraq pakta qoşuldular.


30. SSRİ-nin işğalçı fəaliyyəti. Sovet-fin müharibəsi (özünüz genişləndirin)

1939-cu il sentyabrın 17-də SSRİ Polşa sərhədlərini Şərqdən keçərək Qərbi Ukrayna və Qərbi Belorusiyanı tutdu. Sentyabrın 28-də SSRİ ilə Almaniya arasında “Sərhədlər və dostluq” haqqında müqavilələr imzalandı.

1939-cu il noyabrın 30-da SSRİ Finlandiyaya müharibə elan etdi. 1940-cı ildə Moskvada sovet-fin müqaviləsi imzalandı. Kareliya bərxəzi, Ladoqa gölünün şimal və qərb sahilləri və bir sıra adalar SSRİ-yə verildi. Bu qarətə görə SSRİ Millətlər Cəmiyyətindən qovuldu. 1940-cı ilin avqustunda Litva, Latviya və Estoniya SSRİ-nin tərkibinə qatıldı. 1940-cı ilin iyununda Bessarabiya SSRİ-yə birləşdirildi, Moldoviya Respublikası yarandı. 1939-1941-ci illərdə SSRİ ordusunu 3 dəfə artırdı.

31. Antihitler koalisiyasının yaradılması
Almaniyanın Avropadakı hərbi uğurları və Yaponiyanın Asiyadakı təcavüzkarlığı qüvvələr nisbətini dəyişdirdi. Fransanın məğlub olması ilə əsas müttəfiqini itirən Böyük Britaniya ABŞ-la əməkdaşlıq etməyə başladı. İngiltərə ABŞ-la əməkdaşlıq yolunu seçdi. 1940-cı il sentyabrın 2-də ABŞ-la İngiltərə arasında imzalanan sazişə görə, ABŞ İngiltərəyə 50 gəmi, Baham, Yamayka, Antil və s. adalarını hərbi-dəniz və hava bazaları yaratmaq üçün 99 il müddətinə icarəyə verdi.

Hərbi əməliyyatların aparıldığı bir zamanda 1940-cı ildə Berlində sovet-alman danışıqları keçirildi. Almaniya SSRİ-yə “Üçlər paktı”na daxil olmağı təklif etdi. Paktın redaksiyasında Almaniya Avropa və Mərkəzi Afrikada, İtaliya Avropa, şimal və şimal-şərqi Afrikada, Yaponiya Şərqi Asiyada, SSRİ isə Hindistanda, Hind okeanı sahillərində nüfuz dairəsi yaratmalı idi. Lakin SSRİ boğazlar, Ön Asiya və Şimali Saxalina aid şərtləri irəli sürdüyünə görə, onlar arasında razılıq əldə olunmadı.

1941-ci il martın 25-də Yuqoslaviya Almaniyaya qoşulmaq haqqında saziş imzaladı. Lakin Yuqoslaviyada çevriliş baş verdiyindən bu sazişin şərtlərini yerinə yetirmədi. Ona görə də Almaniya Yuqoslaviya və Yunanıstana hücum edərək onları işğal etdi.

Balkan kompaniyasının sonuncu döyüşü ingilis ordularının tutduğu Krit adası uğrunda əməliyyat oldu. Almaniya Kriti ələ keçirdikdən sonra Aralıq dənizinin şərq hissəsinə nəzarət etməyə başladı. Bu kompaniyalardan sonra Avropada 3 dövlət- İsveç, İsveçrə və İrlandiya bitərəf qalmış oldu.

Almaniya artıq onun üçün böyük maneəyə çevrilən SSRİ-yə qarşı hərbi əməliyyatlara başladı. 1941-ci il iyunun 22-də Almaniya öz müttəfiqləri ilə birlikdə SSRİ-yə qarşı müharibəyə girdi. İngiltərə SSRİ-ni müdafiə edəcəyini, ABŞ müharibədə ona yardım göstərəcəyini bəyan etdilər. U.Çörçill deyirdi: “Hitlerə qarşı hətta şeytanın özü ilə ittifaqa girməyə hazıram”. Moskvada SSRİ ilə Böyük Britaniya arasında “Almaniyaya qarşı birgə hərəkət etmək haqqında” saziş imzalandı.

1941-ci il avqustun 14-də Nyufaundlend adasında Ardcentiya şəhərində Böyük Britaniya ilə ABŞ arasında “Atlantika Xartiyası”nın imzalanması antihitler koalisiyasının yaradılmasında mühüm rol oynadı. Onlar hər hansı ərazi-sərhəd dəyişikliklərinə imkan verməyəcəklərini bildirdilər. SSRİ də bu xartiyaya qoşuldu. Artıq 1942-ci il yanvarın 1-də 26 dövlət “Atlantika xartiyası”na qoşulmuşdu.

SSRİ, İngiltərə və ABŞ münasibətlərinin yaxşılaşdırılmasında Moskvada keçirilən konfransın böyük əhəmiyyəti oldu. 1941-ci il noyabrında ABŞ, SSRİ və İngiltərə arasında SSRİ-yə silah verilməsini nəzərdə tutan “Lend-Liz” sazişi imzalandı.

Antihitler koalisiyasına daxil olan ölkələr arasında münasibətlərin möhkəmləndirilməsində Moskva, Kasablanka, Vaşinqton, Kvebek, Qahirə, Tehran, Yalta və Potsdam konfranslarının çox böyük əhəmiyyəti olmuşdur. Bunların arasında Tehran, Yalta və Potsdam konfransları müstəsna əhəmiyyətə malikdirlər.

Beləliklə, faşizm əleyhinə kapitalist və sosialist sistemlərinin vahid koalisiyası - antihitler koalisiyası yaradıldı. Müharibənin sonu üçün koalisiyanın sıralarında 50 dövlət iştirak edirdi.

32. II Dünya müharibəsində sovet-alman cəbhəsinin açılması (özünüz oxuyun)

33. II Dünya müharibəsi dövründə beynəlxalq konfranslar
İkinci dünya müharibəsi dövründə Moskva, Kasablanka, Vaşinqton, Kvebek, Qahirə, Tehran, Krım və Potsdamda beynəlxalq konfranslar keçirilmişdir.

ABŞ, İngiltərə və SSRİ nümayəndələrinin Moskvada (1943) keçirilən konfransında müharibənin müddətinin qısaldılması və ikinci cəbhənin açılması, müttəfiq dövlətlər arasında ümumi təhlükəsizlik haqqında bəyannamənin imzalanması, Almaniya, İtaliya və Avstriyanın taleyi və digər məsələlər müzakirə edildi. Konfransda müharibədən sonra dövlətlərin əməkdaşlıq etməsi barədə qərar qəbul edildi.

Ruzvelt və Çerçilin Kasablankada (1943) keçirilən görüşündə müzakirə edilən əsas məsələ müttəfiqlərin hərbi əməliyyatlarının perspektivləri barədə idi. Konfransda Fransanı antihitler koalisiyasına cəlb etmək, Türkiyəni Almaniya bloku ölkələrinə qarşı müharibəyə qoşmaq məsələsi, müstəmləkələrin müharibədən sonrakı taleyi, Sakit okeanda müharibə və s. məsələlər müzakirə edildi. Müzakirələr nəticəsində bəyannamə qəbul olundu. Bəyannamədə tərəflərin birgə fəaliyyəti və hücum kampaniyasının planlaşdırılması, faşist bloku ölkələrinin danışıqsız təslim olması prinsipi irəli sürüldü.

Kvadrat” şərti adı altında Kvebekdə (1943) keçirilən konfransda ABŞ, İngiltərə və Çin və yüksək hərbi-siyasi xadimlər iştirak etdilər. Konfransın əsas məsələsi 1944-cü ildə Şimali Fransaya müttəfiq ordularının çıxarılması idi. ABŞ və İngiltərə rəhbərləri atom bombasının yaradılması haqqında gizli saziş imzaladılar.

Uzaq Şərqdə müharibə aparılması ilə bağlı məsələləri müzakirə etməkdən ötrü Qahirədə (1943) Ruzvelt, Çerçil və Çan Kay-Şi başda olmaqla nümayəndə heyətləri görüşdülər. Üç dövlətin Qahirə bəyannaməsi elan edildi. Üç dövlətin məqsədi müharibənin gedişində Yaponiyanın işğal etdiyi Sakit okean adalarından onu məhrum etmək idi.

Evrika” şərti adı altında Stalin, Ruzvelt və Çerçilin iştirakı ilə Tehranda (1943) keçirilən konfransında Almaniyaya qarşı Avropada ikinci cəbhənin açılması, müharibədən sonra beynəlxalq əlaqələr müzakirə olunmuşdu. Müttəfiqlər ikinci cəbhənin açılması məsələsi ilə bağlı müxtəlif fikirlər irəli sürdülər. Nəticədə ikinci cəbhəni 1944-cü ilin mayında “Overvold” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi.

Arqonavt” şərti adı altında Yaltada keçirilən Krım (1945) konfransında müharibədən sonra Almaniyanın yenidən qurulması, beynəlxalq əlaqələr, SSRİ-nin Yaponiyaya qarşı müharibəyə qatılması məsələləri müzakirə olunmuşdu. Konfransda “Almaniyanın danışıqsız təslim olması” haqqında hazırlanan sənəddə göstərilirdi ki, Almaniya işğal zonalarına bölünməli idi. Şərq işğal zonasını sovet, şimal-qərb zonasını ingilis, cənub-qərb zonasını amerikan qoşunları tutmalı idi. Konfransda SSRİ Avropada müharibə qurtardıqdan 2-3 ay sonra Yaponiyaya müharibə elan edəcəyi barədə öhdəlik götürdü.

Terminal” şərti adı altında Stalin, Trumen və Çerçilin {konfransın gedişində Çerçili Ettli əvəz etdi} iştirakı ilə keçirilən Potsdam (1945) konfransında Avropanın sərhədlərinin müəyyən olunması, Almaniya məsələsi, müharibə cinayətkarlarının cəzalandırılması, beynəlxalq sülh və təhlükəsizlik təşkilatlarının (BMT) yaradılması və digər vacib məsələlər müzakirə olunmuşdu. Konfransda əsas yeri Almaniya məsələsi tutdu. Müttəfiq dövlətlər Almaniyaya münasibətdə demilitarizasiya, demokratikləşdirilmə və denasifikasiya prinsiplərini qəbul etdilər. Konfransda müharibə canilərinin siyahısının elan edilməsi, törətdikləri cinayətə görə cavab vermələri barədə qərar qəbul edildi.



34. Tehran konfransı. İkinci cəbhənin açılması
İkinci dünya müharibəsinin gedişində diplomatik mübarizədə Tehran konfransı xüsusi yer tutur. Tehran konfransı 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək Stalin, RuzveltÇerçilin iştirakı ilə keçirildi. Konfransda dövlət başçıları ikinci cəbhənin açılması və müharibənin aparılması məsələlərini müzakirə etdilər. Bu, müttəfiqlər arasında ən kəskin məsələlərdən biri idi. Məsələnin müzakirəsi müttəfiqlər arasında fikir müxtəlifliyini göstərdi. Çerçilin ikinci cəbhənin Aralıq dənizindən və Balkanlardan, Ruzvelt və Stalin isə Avropanın şimalından açılmağı təklif edirdilər. Lakin Çerçil planı həyata keçmədi, ikinci cəbhəni 1944-cü ilin mayında “Overvold” adı altında Fransanın şimalında açmaq barədə qərar verildi.

Müttəfiq dövlətlər Türkiyənin antihitler koalisiyası tərəfindən müharibəyə qoşulmasına dair tədbir görəcəkləri barədə razılığa gəldilər. Stalin Yaponiyanın bitərəflik haqqında sovet-yapon müqaviləsini pozmasını əsas götürərək Almaniya məğlub edildikdən sonra Yaponiyaya müharibə elan ediləcəyini bildirdi.

Konfransda Almaniyanın taleyi məsələsi müzakirə edildi. Üç dövlət başçısı Almaniyadan bir daha yeni müharibə törənməməsi üçün tədbirlər görəcəklərini bildirdilər. Ruzvelt Almaniyanı 5 dövlətə bölməyi təklif edirdi. Çerçil bu təklifi bəyəndi.

Konfransda Polşa haqqında məsələ də müzakirə olundu. Polşa dövlətinin sərhədlərini Kerzon xətti ilə Oder çayı boyunca ədalətli və tarixi həll etmək barədə qərar qəbul edildi.

Tehran konfransı müttəfiq dövlətlərin müharibənin tezliklə qurtarmasına yönəldilən birgə səylərini nümayiş etdirdi. Konfransın böyük tarixi əhəmiyyəti oldu. O, faşist blokunun böhranının dərinləşdirilməsində mühüm rol oynadı.

35. Krım konfransı
Krım konfransı 1945-ci il fevralın 4-11-də “Arqonavt” şərti adı altında Yaltada keçirilən konfransında müharibədən sonra Almaniyanın yenidən qurulması, beynəlxalq əlaqələr, Polşa, Yuqoslaviya məsələləri, SSRİ-nin Yaponiyaya qarşı müharibəyə qatılması məsələləri müzakirə olunmuşdu.

Konfransda Almaniya ilə bağlı məsələdə danışıqsız təslim olmanın şərtləri razılaşdırıldı. “Almaniyanın danışıqsız təslim olması” haqqında hazırlanan sənəddə göstərilirdi ki, Almaniya işğal zonalarına bölünməli idi. Şərq işğal zonasını sovet, şimal-qərb zonasını ingilis, cənub-qərb zonasını amerikan qoşunları tutmalı idi. Almaniya üçün nəzarət şurası yaradılmalı idi. O, işğal zonalarında fəaliyyəti əlaqələndirməli, hərbi, siyasi və iqtisadi məsələləri həll etməli idi. Nəzarət şurasında qərarlar yekdilliklə qəbul olunurdu.



Təzminatın alınması məsələsi də müzakirə edildi. Almaniya təzminatı 3 formada – milli sərvətlərinin alınması və hərbi potensialının ləğv edilməsi; cari məhsullarının alınması; alman işçi əməyindən istifadə olunması yolu ilə ödəməli idi.

Krım konfransında Polşa məsələsi də müzakirə edildi. Üç dövlət başçısı Polşanın şərq sərhədlərinin Kerzon xətti boyunca getməsi və ona torpaqlar verilməsi barədə qəti qərar qəbul etdilər.

Konfrans Yuqoslaviya haqqında məsələni müzakirə edərək yuqoslav hökumətinin yaradılmasını sürətləndirməyi zəruri hesab etdi.

Konfransda SSRİ Avropada müharibə qurtardıqdan 2-3 ay sonra Yaponiyaya müharibə elan edəcəyi barədə öhdəlik götürdü.

Krım konfransının böyük əhəmiyyəti oldu:


  • O, antihitler koalisiyasında olan yekdilliyi nümayiş etdirdi;

  • Müharibədən sonrakı dünyanın demokratik quruluşuna dair proqramı işləyib hazırladı;

  • Gələcəkdə dövlətlər arasında məsləhətləşmələrin vacibliyini göstərdi.

36. Cenevrə konfransı. Beynəlxalq münasibətlərdə tərksilah məsələsi (bax: 22-ci sualın 2-ci hissəsinə)

37. Almaniyada nasistlərin hakimiyyətə gəlməsinin beynəlxalq münasibətlərə təsiri
1930-cu illərin əvvəllərində Almaniyada hakimiyyət uğrunda gedən mübarizə beynəlxalq münasibətlərə öz təsirini göstərdi. Hitler və onun tərəfdarları nasist diktaturasının yaradılmasını Versal müqaviləsinin buxovlarından xilas olmağın və böhranlardan çıxmağın yeganə yolu hesab edirdilər. 1933-cü il yanvarın 30-da reyxskansler təyin edilən Hitler demokratik azadlıqları ləğv etməyə və siyasi rəqiblərinə qarşı açıq terrora başladı.

Beləliklə, Almaniyada terrorçu, avtoritar nasist diktaturası bərqərar oldu. Cəmiyyətdə nasist partiyası rəhbər qüvvəyə çevrildi. Sərt mərkəzləşmə yarandı. Hitlerin gördüyü tədbirlər sahəsində 1935-ci ildə Almaniya böhrandan xilas oldu. Almaniyada daxili vəziyyətin sabitləşməsinə baxmayaraq, zorakılıq kütləvi hal almışdı. Antisemitizm dövlət siyasətinə çevrildi. 1933-cü ildə yəhudilərə məxsus müəssisələrin boykot edilməsinə başlanıldı.

Almaniyada nasizmin hakimiyyətə gəlməsinin beynəlxalq münasibətlərə təsirini görən ABŞ tərksilaha dair konfrans çağırmağı təklif etdi. Tərksilaha dair Cenevrə konfransında Almaniya bərabər imkanlar hüququ tələb etməyə başladı. Müttəfiqlərlə razılıq əldə olunmadığına görə Almaniya 1933-cü il oktyabrın 14-də Millətlər Cəmiyyətindən çıxdı və konfransı tərk etdi. Bu da Avropada ikinci müharibənin ocağının yaranması demək idi.

30-cu illərdə faşizm dünyada da yayılmağa başladı. Beləliklə, faşizm nüfuzlu siyasi qüvvə olaraq beynəlxalq faktora çevrildi. Faşizmin beynəlxalq siyasi amilə çevrilməsi Avropada liberal-demokratizm və totalitar sosializm qüvvələrini narahat etməyə bilməzdi.

Hakimiyyətə gələn faşist qüvvələri dünyanı yeni müharibəyə sürükləməyə başladılar. 1933-cü ildə Hitler iri dövlətlərdən əlindən alınmış müstəmləkələri geri qaytarmağı tələb etdi. Almaniya ciddi surətdə silahlanmağa başladı. İri dövlətlərin etirazlarına baxmayaraq, Hitler 1935-ci ildə ümumi hərbi mükəlləfiyyəti bərpa etdi. Hərbi hava və dəniz donanması qurmağa başladı. Alman silahlı qüvvələri hərbsizləşdirilmiş Reyn zonasına daxil oldular. Hitler 1935-ci ildə Saar vilayətini, 1936-cı ildə Reyn zonasını özünə birləşdirdi. 1933-1936-cı illərdə Almaniya öz hərəkəti ilə Versal sülhünün şərtlərini pozmağa başladı.

Almaniya “Vahid xalq, vahid dövlət, vahid fürer” şüarı altında bütün almanlar yaşayan torpaqları birləşdirmək uğrunda mübarizəyə başladı. İlk hədəf Hitlerin vətəni olan Avstriya oldu. 1938-ci ildə Avstriya dinc yolla (anşlyus) Almaniyaya birləşdirildi. Hitler 1938-ci il sentyabrın 29-da Münhen sazişi ilə Çexoslovakiyanın almanlar yaşayan Sudet vilayətini aldı.

Almaniya üçün Versal sülhünün şərtlərini yumşaltmaq, onun silahlanmasına göz yummaq, İtaliyada faşistlərin, Almaniyada nasistlərin hakimiyyətə gəlmələrinə məhəl qoymamaq, İspaniya hadisələrində, Avstriyaya qarşı anşlyus siyasətini həyata keçirilməsində qarışmamaq xətti, Münhendə güzəştə getmə diplomatiyası, təcavüzkar faşizmə qarşı liberal-demokratların və sosializm qüvvələrinin vahid cəbhəsini yaratmaq imkanlarından istifadə etməmək faşist-militarist dövlətlərinin yeni dünya müharibəsi törətmək yolunu asanlaşdırdı.

1939-cu il sentyabrın 1-də Almaniya Polşa üzərinə hücuma keçdi. Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Beləliklə, İkinci dünya müharibəsi başlandı.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə