Beynəlxalq münasiBƏTLƏr tariXİ XX əsrin əvvəllərində beynəlxalq münasibətlər




Yüklə 461.26 Kb.
səhifə2/7
tarix22.02.2016
ölçüsü461.26 Kb.
1   2   3   4   5   6   7
Partsivizm beynəlxalq münasibətlərdə qlobal və hərtərəfli sistem kimi qəbul edilərək bütün ölkələrin bərabərhüquqluluğuna və güc tətbiq olunmamasına əsaslanır. Millətlər Cəmiyyətinin nəzarəti ilə beynəlxalq arbitr kollektiv təhlükəsizlik formalaşdırılır. Effektli tərksilah sistemi təmin olunurdu. Bu ideyaların həyata keçirilməsi üçün beynəlxalq münasibətlərin dinc vasitələrlə həll edilməsi haqqında Cenevrə protokolunun layihəsi hazırlandı. Bu layihəyə əsasən bütün dövlətlər mübahisəli məsələləri həll etmək üçün onu beynəlxalq məhkəmənin daimi orqanına verməyi öz öhdələrinə götürməli idilər. Bu arbitrajdan imtina edən hər bir dövlət işğalçı kimi qəbul olunurdu. Millətlər Cəmiyyətinin şurasında üzvlərinin 2/3 hissəsinin razılığı ilə bu dövlətə qarşı lazımi tədbirlər həyata keçirilməli idi.

1924-1925-ci illərdə bu layihə iri dövlətlər arasında müzakirə obyektinə çevrilmiş oldu. Nəticədə ingilis diplomatiyası onu qəbul etmədi. Böyük Britaniya hökuməti partsifist siyasətini Avropada “bərabər səviyyə” və “qüvvələrin idraki nisbəti” sistemi kimi qəbul edirdi.

Avropada “bərabər səviyyə”li sistemin yaradılmasında və mübahisəli problemlərin nizamlanmasında atılmış ilk addımlar “rus və alman məsələləri”nin həll edilməsi oldu. 1924-cü ildə SSRİ-nin tanınma dövrü başlandı. Sovet ittifaqı ilə ilk rəsmi diplomatik münasibət yaradan Böyük Britaniya Makdonaldın leyborist hökuməti oldu. Bu dövrdə bir sıra dövlətlər SSRİ-ni tanıdılar. Bu tanımaların ardınca SSRİ-nin iqtisadi əlaqələri də genişləndi. Lakin 1930-cu ilin əvvəllərinə qədər SSRİ beynəlxalq münasibətlər inkişafında əsas rol oynamadığı üçün onu Millətlər Cəmiyyətinə qəbul etməmişdilər.

Rur münaqişəsindən sonra Fransanın Böyük Britaniya ilə ziddiyyətləri daha da kəskinləşdi. Hər 2 dövlət bir-birlərinin xarici siyasətini tənqid atəşinə tuturdular. Fransa Reyn və Bavariyada yaranan separatçı hərəkatları müdafiə etməyə başladı. 1923-cü ilin oktyabrında Fransa müstəqil Reyn Respublikasını tanıdı. Almaniyada gərgin ictimai siyasi vəziyyət yarandı. Ölkədə solçu və nasional sosialist təşkilatlarının fəaliyyəti gücləndi. 1923-cü ilin noyabrında Bavariyanın mərkəzi Münhendə A.Hitlerin rəhbərliyi ilə nasional sosialist təşkilatının “pivə qiyamı” adlanan hadisəsi baş verdi. Fransa Rur sənayeçiləri ilə 1923-cü ilin noyabrın 23-də müqavilə imzaladı. İlk baxışdan bu Fransanın qələbəsi olsa da, o, özü də ağır iqtisadi çətinliyə düşmüş oldu. Ağır vəziyyətə düşmüş Almaniya təzminatı ödəməkdən imtina etdi. 1923-cü ilin avqustunda Almaniyanın borcu 1300 bilion markaya çatmışdı.

16. Daues planı
Alman məsələsində konstruktiv dialoqa dönüş Rur böhranının sona çatması və ABŞ iqtisadçısı general Çarls Dauesin rəhbərliyi ilə beynəlxalq komissiyanın yaradılması oldu. Komissiya təzminat məsələsində 2 ekspert komitəsi yaratmaq haqqında qərar qəbul etdi:


  • Birinci komitə alman markasının sabitləşdirilməsi və büdcənin sağlamlaşdırılması ilə məşğul olmalı idi.

  • İkinci komitə Almaniyadan xaricə çıxarılan kapitalı geri qaytarmaq üçün mümkün olan vasitələri araşdırmalı idi.

Ekspertlər komitəsinin iclasları 1924-cü ilin yanvarın 14-dən aprelin 9-a qədər London şəhərində keçirildi. Birinci ekspertlər komitəsinin sədri Daues seçildi. Komitənin başlıca vəzifəsi təzminatla bağlı məsələyə dair tövsiyyələr vermək idi. Müzakirələr nəticəsində belə bir qənaətə gəldilər ki, Almaniyanın təzminat ödəmək qabiliyyətinin bərpası üçün işğal edilmiş ərazilər iqtisadi və maliyyə cəhətdən yenidən ölkəyə birləşdirilməli və Almaniyaya beynəlxalq istiqrazlar verilməlidir. Burada təqdim olunan ekspertlərin məruzəsi “Daues planı” adlandırıldı. Bu plan 3 hissədən ibarət idi:

    1. Ekspertlərin nəticələri və komitənin mövqeləri. Ekspertlərin əsas məqsədi Almaniyaya qarşı cəza tədbirləri tətbiq etmək deyil, borc vermək üçün yollar axtarmaq idi.

    2. Almaniyanın ümumi iqtisadi və maliyyə siyasəti.

    3. Əvvəlki hissələrə dair əlavələr.

Daues planı ilk növbədə Almaniyanın təsərrüfatını bərpa etməklə təzminatın alınmasını irəli sürürdü. Planda Almaniya büdcəsini və markasını sabitləşdirmək üçün Almaniyaya 800 milyon qızıl marka beynəlxalq istiqraz verilməsi nəzərdə tutulurdu. Almaniyanın bütün təsərrüfatı nəzarətə götürülürdü.

Daues planı bir tərəfdən Almaniyanın iqtisadiyyatını bərpa etmək, digər tərəfdən isə onun iqtisadisadiyyatını nəzarətə götürməklə təhlükəli rəqibə çevrilməsinin qarşısını almaq məqsədi güdürdü. Bu plan Avropada sabitləşməyə yönəlmişdi. Bu plan vasitəsilə ABŞ və İngiltərə Fransanın Avropada hegemonluq etmək iddialarının qarşısını almış oldu.

1924-cü il iyulun 16-dan avqustun 16-dək təzminat məsələsinə dair London konfransı keçirildi. Konfransın məqsədi Almaniyanın iqtisadi və maliyyə bütövlüyünü bərpa etmək və ona istiqrazlar verən dövlətlər üçün təminat yaratmaq idi. Konfransın sədri Böyük Britaniyanın baş naziri R.Makdonald idi. Konfransın qərarı ilə Almaniya öz öhdəliklərini yerinə yetirmədikdə ona qarşı qəbul olunan sanksiyalar ancaq Millətlər Cəmiyyətinin razılığı ilə tətbiq edilə bilərdi. Konfrans Rur ərazisindən hərbi hissələrin ən geci 1 il müddətində çıxarılmasını qərara aldı. 1924-cü ilin avqustunda London konfransı öz işini sona çatdıraraq ekspertlər məruzəsini təsdiq etdi.


17. Lokarno sazişləri
Fransa Ruru işğal etdikdən sonra Avropada təhlükəsizlik üçün etibarlı təminat yaradılması məsələsi böyük dövlətlər arasında müzakirə obyektinə çevrildi. Fransanın beynəlxalq mövqeləri getdikcə zəifləyirdi. Onun mövqelərinə təsir edən məsələlərdən biri də Fransanın Suriyada yerli əhaliyə qarşı apardığı hərbi əməliyyatlar idi. 1925-ci ildə Millətlər Cəmiyyətinin Mosul rayonunu İraqa verməsi Türkiyə tərəfindən böyük narazılıqla qarşılandı. Belə bir şəraitdə təminat qərarının imzalanması məsələsi böyük zərurətə çevrildi.

Təminat məsələsinə həsr edilmiş Lokarno konfransı 1925-ci il oktyabrın 5-16-da keçirildi. Konfransda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Polşa və Çexoslovakiya nümayəndələri iştirak edirdi. Konfransın sədri Ostin Çemberlen idi.

Lokarno konfransı aşağıdakı sənədləri qəbul etdi:


  • Konfransın yekun aktı;

  • Almaniya, Belçika, Fransa, Böyük Britaniya və İtaliya arasında təminat müqaviləsi və ya Reyn paktı;

  • Almaniya ilə ayrı-ayrılıqda Belçika, Fransa, Polşa və Çexoslovakiya arasında arbitraj müqaviləsi;

  • Fransa ilə Polşa arasında saziş;

  • Fransa ilə Çexoslovakiya arasında saziş.

Reyn təminat paktını imzalayan dövlətlər Versal sülh müqaviləsi ilə müəyyən olunmuş ərazilərdə status-kvoya hörmət edəcəklərini bildirərək, bir-birlərinə qarşı müharibələrdən imtina etmək və sərhədlərinin toxunulmazlığına dair öhdəlik götürürdülər. İngiltərə və İtaliya arbitraj sazişlərinin təminatçıları oldular. Lokarno sazişləri ilə Almaniya 1926-cı il sentyabrın 10-da Millətlər Cəmiyyətinə üzv qəbul olundu.

Lokarno konfransından sonra böyük dövlətlər, xüsusən də İngiltərə ilə Fransa arasında ziddiyyətlər xeyli kəskinləşdi. Fransanın Avropada hegemonluğunun qarşısını almaq üçün İngiltərə Almaniya və İtaliya ilə əməkdaşlığa başladı. 1925-ci ildə Rapolloda Çemberlen ilə Mussolini arasında saziş imzalandı. 1926-cı ildə İngiltərə ilə İtaliya arasında hərbi borclar məsələsinə dair sazişlər imzalandı. İngiltərənin bu addımına cavab olaraq Fransa Rumınıya ilə müqavilə imzaladı. Fransa və İngiltərə Balkanlarda nüfuz uğrunda mübarizə apararaq 1926-cı ildə Türkiyə ilə ayrı-ayrılıqda dostluq müqavilələri imzaladılar.



18. Yunq planı
1920-ci illərin sonlarından beynəlxalq münasibətlərdə nüfuz dairələrinə, yeni əlverişli bazarlara və ucuz xammal mənbələrinə yiyələnmək uğrunda mübarizə gücləndi. Daues planı ilə Almaniyaya istiqrazların verilməsi, alman markasının sabitləşməsi və sənayesinin texniki cəhətdən yenidən qurulması nəticəsində Almaniyanın maliyyə kapitalının mövqeləri xeyli gücləndi.

Artıq 1927-ci ildə Almaniya məhsullarının ixracı müharibədən əvvəlki səviyyəni ötüb keçdi. Almaniya açıq şəkildə yeni iddialar irəli sürməyə başladı. 1928-ci ildən Almaniyanın Reyn vilayətindən müttəfiq orduların çıxarılması və ödədiyi təzminatın məbləğinin aşağı salınması tələbi Fransada böyük narazılıq törətdi. Bu mübahisələri həll etmək üçün təzminat məsələsini müzakirə etmək qərarına gəldi.

1928-ci ildə təzminat məsələsinə dair ekspertlər komitəsi yaradıldı. Onun tərkibinə Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Belçika, ABŞ və Almaniya dövlətlərinin hər birindən 2 nəfər olmaqla 14 nümayəndə daxil olmuşdu. Komitənin sədri Daues planının müəlliflərindən biri olan ABŞ eksperti Ouen Yunq oldu. Müzakirə nəticəsində Yunq planı ekspertlər tərəfindən qəbul edildi. 1929-cu ildə yekun razılıq əldə edildi: 37 il müddətində Almaniyanın illik ödəyəcəyi təzminatın məbləği 1,9 mlrd. qızıl marka olmalı idi. Almaniyanın aldığı istiqrazların ödənilməsi də bu məbləğə daxil edildi.

Yunq planı 1929-cu ildə Haaqada 12 dövlətin iştirak ilə keçirilən konfransda geniş müzakirə edildi. Konfransın qərarına görə, 1930-cu ilin ortalarınadək müttəfiq qoşunları Reyn ərazisindən çıxarılmalı idi. Protokol imzalanmaqla Yunq planı bəyənildi.

1930-cu ildə keçirilən ikinci Haaqa konfransında Yunq planında təzminatın ödənilməsi qaydası dəyişdirildi. Bu qərara əsasən, bundan sonra təzminat yalnız dəmir yolları və dövlət büdcəsinə gələn gəlir hesabına ödənilməli idi. Almaniyanın təsərrüfat və maliyyə sistemi üzərinə qoyulan nəzarət ləğv edildi. Təzminatın məbləği azaldıldı. Bu dəyişikliklər Versal sisteminə ağır bir zərbə vurdu. Lakin Almaniya yenə də narazı idi. O, Avropada ərazi məsələlərinə yenidən baxmaq tələblərini irəli sürməyə başladı.


19. Brian-Kelloq paktı
1920-ci illərin sonunda dövlətlərarası münasibətlərdə müharibələrdən imtina edilməsi məsələsi ön plana keçmiş oldu. Fransanın xarici işlər naziri Brian 1927-ci ildə ABŞ-a dostluq münasibətlərini bildirərək onunla istənilən qarşılıqlı öhdəlik götürmək və müharibəni qanundankənar elan etmək haqqında saziş bağlamağı təklif etdi.

İyunun 20-də Brian Amerikanın Parisdəki səfirinə “Əbədi dostluq haqqında Fransa-Amerika müqaviləsi”nin layihəsini təqdim etdi. Fransa bu addım ilə frankın dəyərini möhkəmləndirmək, ABŞ qarşısında olan borclarını tənzimləmək və Avropada öz mövqelərini gücləndirmək niyyətində idi.

Amerika diplomatiyası bu təklifdən öz daxili və xarici siyasət məqsədləri üçün bacarıqla istifadə etdi. ABŞ-ın dövlət katibi Kelloq bu müqavilənin yalnız Fransa ilə bağlanmasını mümkünsüz sayaraq bütün başlıca dövlətlərlə belə bir müqavilə imzalamasını təklif etdi. Fransanın ikitərəfli müqavilə bağlamaq əvəzinə ABŞ-ın çoxtərəfli müqavilə bağlamaq təklifi Parisdə narazılıq yaratdı. Belə şəraitdə ingilis-fransız yaxınlaşması üçün addımlar atıldı. Bunu görən ABŞ 1928-ci ildə Lokarno sazişlərini imzalayan dövlətlərə müharibədən imtina etmək haqqında müqavilənin layihəsini göndərdi. Layihə bütün dövlətlər tərəfindən qəbul olundu.
Brian-Kelloq paktının imzalanması mərasimi 1928-ci il avqustun 27-də Parisdə keçirildi. Bu mərasimdə Böyük Britaniya, Belçika, Almaniya, İtaliya, Polşa, Fransa, Çexoslovakiya və Yaponiyanın nümayəndələri iştirak edirdilər. Pakt 3 maddədən ibarət idi:


  1. Tərəflər qarşılıqlı münasibətlərində mübahisə və müharibələrdən imtina edirdilər.

  2. Mübahisələri və münaqişələri dinc yollarla həll etməli idilər.

  3. Bu pakt bütün dövlətlər üçün açıq elan edilirdi.

1929-cu ilin əvvəllərində Brian-Kelloq paktına 44 dövlət qoşuldu. Pakt 1929-cu il iyulun 24-də qüvvəyə mindi.

20. London dəniz konfransı (1930)
1929-1932-ci illərdə dünyanın əsas dövlətlərini iqtisadi böhran bürüdü. Dünya iqtisadi böhranı bütün ölkələrdə həyat səviyyəsinin aşağı düşməsinə və işsizliyin artmasına səbəb oldu. Bu dövrdə işsizlərin sayı 30 milyon nəfərə çatmışdı. Dünya iqtisadi böhranı şəraitində böyük dövlətlər arasında ziddiyətlər kəskin xarakter aldı. I Dünya müharibəsində məğlub olan dövlətlər təzminat ödəməkdən açıq şəkildə imtina edirdilər. Onlar müharibədən sonrakı vəziyyəti öz xeyirlərinə dəyişdirməyə çalışırdılar.

Dünya idisadi böhranı dəniz yollarına sahib olmaq uğrunda gedən mübarizəni kəskinləşdirdi. Vaşinqton konfransı linkornların və zirehli gəmilərin tikintisini məhdudlaşdırırdı. Belə şəraitdə hərbi-dəniz gəmilərinin digər növlərinin tikintisi uğrunda rəqabət gücləndi. Bu sahədə geniş maliyyə imkanları olan ABŞ xüsusi proqramlar həyata keçirirdi. Maliyyə cəhətdən kifayət qədər imkanları olmayan İngiltərə Yaponiya ilə yaxınlaşaraq ABŞ-ın planlarına mane olmağa çalışırdı.

İri dövlətlər arasında yaranan bu ziddiyətləri həll etmək üçün Londonda konfrans çağırıldı. 1931-ci il yanvarın 21-dən aprelin 22-dək davam edən konfransda Vaşinqton konfransında hərbi-dəniz sazişini imzalayan 5 dövlət - ABŞ, Böyük Britaniya, Yaponiya, Fransa və İtaliya iştirak edirdi. Konfransda dəniz məsələsində Fransa-İtaliya arasında baş verən ziddiyyətlər nəticəsində onlar arasında saziş imzalanmadı.

Konfransın qərarları yalnız İngiltərə, ABŞYaponiyaya aid edildi. Bu 3 dövlət öz aralarında hərbi-dəniz gəmilərinin həcminin həddini müəyyənləşdirdilər. Konfransda İngiltərə böyük uğur əldə edə bilmədi. Yaponiya isə İngiltərə və ABŞ arasında olan ziddiyyətlərdən istifadə edərək istəyinə nail oldu. Kreyserlərə dair bölgü 5:5:3 qəbul edildi. Böyük kreyserlərin həcmi ABŞ üçün 18, Böyük Britaniya üçün 15 və Yaponiya üçün 12 müəyyənləşdirildi. London dəniz konfransı 3 dövlət arasında donanma sahəsində münasibətləri tənzimləsə də, onlar arasında xeyli mübahisəli məsələlər qaldı.



21. Pan-Avropa planı
Lokarno konfransından sonra Avropa qitəsi ölkələrinin siyasi birliyinin yaradılması məsələsi aktuallıq kəsb etməyə başladı. Avstriyalı qraf Kuderxove Kalerqi Pan-Avropa ideyasını irəli sürərək Avropanın birləşdirilməsi təklifini irəli sürdü. Onun fikrincə, Avropa dünyaya yayılaraq yeni qlobal mərkəzlər yaratmışdır. Ona görə də o, ABŞ, Rusiya və Şərqi Asiya dövlətlərinə qarşı ittifaq yaratmağı məqsədəuyğun sayırdı. Onun ideyasını fransız siyasətçiləri Errio və Brian bəyəndilər. 1925-ci ildə Errio “Avropa Birləşmiş Ştatları” ideyasını irəli sürdü.

1926-cı ildə Vyanada Brianın rəhbərliyi ilə keçirilən birinci Pan-Avropa konqresinin iştrakçıları dövlətlərin suverenliyini qorumaq şərti ilə onların iqtisadi, gömrük və hərbi əməkdaşlığını qurmağı təklif etdilər. Pan-Avropa ittifaqı və onun dövlətlərinin strukturları olan Federal Şura, Federal Məhkəmə Federal Məclis yaradıldı. Lakin ümumavropa sistemini yaratmaq mümkün olmadı. Brian 1929-cı ildə ümumi bazar yaratmaq təklifləri ilə çıxış etsə də, Avropa dövlətləri bu təklifi də qəbul etmədilər.

Dünya iqdisadi böhranı şəraitində böyük dövlətlər arasında ziddiyətlər daha da kəskinləşdi. Versal-Vaşinqton sisteminin böhran keçirməsi vəziyyəti daha da ağırlaşdırdı. Almaniya, Avstriya, Macarıstan və Bolqarıstan təzminata dair öhdəlikləri yerinə yetirməkdən açıq şəkildə imtina edirdilər. Onlar silahlanma sahəsində də bərabər hüquqları əldə etməyə çalışırdılar.

1930-cu ildə Brian Avropanın 27 ölkəsinə “Avropa federal ittifaqı rejimi yaratmaq” haqqında müraciət etdi. O, böhran əleyhinə mübarizə aparmaq məqsədilə Avropa Komitəsini yaratmağı zəruri sayırdı. Lakin Avropa dövlətləri bu təklifə münasibət bildirmədilər.

1932-ci ildə Bazeldə ikinci Pan-Avropa konqresi keçirildi. Konqres Avropa Partiyasının yaradıldığını elan edərək Avropa Birləşmiş Ştatları yaratmaq naminə siyasi qərarlar qəbul etməyi təklif etdi. Lakin sonda bu qərarlar da kağız üzərində qaldı. Çünki Avropa dövlətləri, xüsusilə də Böyük Britaniya Fransanın Avropada mövqelərinin möhkəmlənməsini istəmirdi.

22. Huver moratoriumu və tərksilah məsələsi
1930-cu illərin əvvəllərində Avropada beynəlxalq münasibətlərdə ön plana çıxan məsələlərdən biri Avstriya-Almaniya gömrük ittifaqının yaradılması oldu. Almaniyanın Versal-Vaşinqton sisteminə əsasən götürdüyü bütün öhdəliklərin əksinə olaraq, Avstriya ilə gömrük ittifaqı bağlaması qalib dövlətlərin etirazına səbəb oldu. Beynəlxalq daimi tribunal bu gömrük ittifaqını ləğv etdi. Buna cavab olaraq, Almaniyada nasional-sosializm, revanşizm və Versal sistemini dağıtmaq meylləri gücləndi.

İqtisadi böhranın təsiri nəticəsində Almaniyanın təzminatı ödəməyə gücü çatmadı. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Huverdən kömək istədi. Huver isə 1 il müddətində bütün təzminat və istiqrazların ödənilməsinin dayandırılması təklifini irəli sürdü. Bu təklif Huver moratoriumu adını aldı.

1931-ci ildə Londonda iri dövlətlərin baş nazirlərinin keçirdiyi konfransda Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaradıldı. Yaradılmış komissiya vəziyyəti araşdıraraq Almaniyanın təzminatı ödəmək iqtidarında olmadığını bildirdi. Ona görə də Huver moratoriumu qüvvəyə mindi. Lakin 1 il keçdikdən sonra Almaniya yenə də təzminatı ödəmək iqtidarında olmadığını bildirdi.

1932-ci ildə Lozannada təzminat məsələsinə dair konfrans çağırıldı. Böyük Britaniya, Fransa, İtaliya və Almaniyanın iştirak etdiyi bu konfransda alman nümayəndələri təzminatın tamamilə ləğv edilməsini xahiş etdilər. İmzalanan yekun pakta əsasən, Almaniyanın bütün ödənişləri ləğv edildi. Lakin ABŞ öz hərbi borclarından imtina etmədiyinə görə bu pakt təsdiq olunmadı. Buna baxmayaraq, Almaniya bu konfransdan sonra təzminatı ödəməkdən qəti şəkildə imtina etdi.

30-cu illərin əvvəllərində Almaniyanın Versal-Vaşinqton sistemini təftiş etmək və sürətlə silahlanmaq cəhdləri beynəlxalq münasibətlərdə tərksilah məsələsini aktuallaşdırdı. 1932-ci il fevralın 2-də Cenevrədə tərksilaha dair beynəlxalq konfrans çağırıldı. Konfransda:


  • ABŞ Millətlər Cəmiyyətini beynəlxalq borclar, təzminat, tərksilah və təhlükəsizlik məsələlərini həll etmək iqtidarında olmadığına görə tənqid edərək quru qüvvələrini azaltmağı təklif etdi.

  • SSRİ tərksilaha dair konvensiya imzalanması fikrini irəli sürdü.

  • Fransa Almaniyaya qarşı Millətlər Cəmiyyətinin ordusunun yaradılmasını və Fransanın təhlükəsizliyinin təmin edilməsini təklif etdi. Lakin İngiltərə Fransanın tələblərini rədd etdi.

  • Yaponiya Versal-Vaşinqton sisteminə yenidən baxılmasını və dəniz konfranslarının qərarlarının dəyişdirilməsini təklif etdi.

  • İtaliya və İngiltərə silahlanma məsələsində Almaniya və Fransaya bərabər hüquqlar verilməsi tələbini irəli sürdü. Bu tələb Fransanın İtaliya və İngiltərə ilə münasibətlərini kəskinləşdirdi.

  • Almaniya isə təzminatın ləğv edilməsini və silahlanmada bərabər imkanlar verilməsini təklif etdi. Lakin bu təklif rədd edildi.

Konfransın 1-ci sessiyası silahları artırmamağa çağıran qətnamənin qəbul edilməsi ilə başa çatdı. Almaniya ona bərabər hüquqlar verməyən qətnamənin qəbul edilməsinə etiraz edərək konfransı tərk etdi. Cenevrə konfransının uğursuzluqla nəticələnməsi beynəlxalq münasibətlərdə ziddiyyətləri daha da kəskinləşdirdi. İndi Almaniya və İtaliya nəinki mənəvi, hətta faktiki bərabərlik tələbləri ilə çıxış etməyə başladılar.

Böyük Britaniyanın təklifi ilə 1932-ci ilin dekabrında Cenevrədə yenidən müşavirə keçirildi. Müşavirədə qəbul olunan qətnamə hamı üçün bərabər təhlükəsizlik sistemində Almaniyaya silahlanma sahəsində bərabər hüquqlar, Fransaya isə təhlükəsizliyini təmin etməyi vəd edirdi. Almaniya diplomatiyası qələbə qazanaraq hərbi siyasi bloklara girmək hüququ qazandı. Fransa isə öz təhlükəsizliyini formal şəkildə olsa da qəbul etdi. Lakin bunlara baxmayaraq, tərksilah məsələsi beynəlxalq münasibətlərdə həll olunmamış problem kimi qalmış oldu.



23. Beynəlxalq gərginliyin yeni mərkəzlərinin yaranması
Versal-Vaşinqton sisteminin ləğvi üçün atılan addımlardan biri də Yaponiyanın silahlanması oldu. Yaponiyanın sürətlə silahlanma yolu tutması Uzaq Şərqdə müharibə ocağının yaranmasına gətirib çıxartdı. 1931-1933-cü illərdə Yaponiya Çinin ərazisi olan Mancuriyanı işğal etdi. Bu hadisə Yaponiya-Çin münasibətlərini kəskinləşdirdi. Çin bu məsələsini müzakirə etmək üçün Millətlər Cəmiyyətinə müraciət etdi. Millətlər Cəmiyyəti Yaponiyanın bu addımını pisləyərək işğal etdiyi ərazilərdən hərbi qüvvələrin çıxarılması haqqında qətnamə qəbul etdi. Lakin iri dövlətlər bu qətnamənin həyata keçirilməsi üçün heç bir addım atmadılar.

1932-ci ildə Yaponiya tutduğu ərazidə Man-Çjou-Qo höküməti yaratdı. 1933-ci ildə isə Millətlər Cəmiyyətindən çıxdığını elan etdi. Yaponiyanın bu addımı Almaniya və İtaliyanın da təcavüzkar addımlar atmasına təsir göstərdi. 1936-cı ildə Almaniya və İtaliya antikomintern paktı bağladılar. Yaponiyanın da bu pakta qoşulması ilə “Berlin-Roma-Tokio üçbucağı” yarandı. Beləliklə, Yaponiyanın təcavüzkar hərəkətləri ilə Uzaq Şərqdə müharibə ocağı meydana gəldi.

1922-ci ildə çevriliş vasitəsilə İtaliyada rəhbərliyinə gələn Benita Mussolino 1927-ci ildən ölkədə “korporativ dövlət” proqramını həyata keçirməyə başladı. O, 1934-cü ildə iqtisadiyyatın bütün sahələrində sahibkarları, həmkarlar ittifaqlarını və bütün zəhmətkeşləri öz sıralarında birləşdirən 22 korporasiya yaratdı. Ölkənin iqtisadiyyatına dövlət nəzarəti gücləndirildi. Maşınqayırma və metallurgiya sənayesinin çəkisi artırıldı. Belə iqtisadi siyasət müharibəyə hazırlaşan İtaliya üçün qanunauyğun proses idi. İtaliya faşizmin dünyaya yayılması və beynəlxalq faktora çevrilməsində əməli addımlar atmış oldu.

1930-cu illərin əvvəllərində Almaniyada hakimiyyət uğrunda gedən mübarizə beynəlxalq münasibətlərə öz təsirini göstərdi. Hitler və onun tərəfdarları nasist diktaturasının yaradılmasını Versal müqaviləsinin buxovlarından xilas olmağın və böhranlardan çıxmağın yeganə yolu hesab edirdilər. Nasist diktaturasının yaradılması ilə Versal-Vaşinqton sistemi iflas etməyə başladı. Almaniyada nasizmin hakimiyyətə gəlməsinin beynəlxalq münasibətlərə təsirini görən ABŞ tərksilaha dair konfrans çağırmağı təklif etdi. Tərksilaha dair Cenevrə konfransında Almaniya bərabər imkanlar hüququ tələb etməyə başladı. Müttəfiqlərlə razılıq əldə olunmadığına görə Almaniya 1933-cü il oktyabrın 14-də Millətlər Cəmiyyətindən çıxdı və konfransı tərk etdi. Bu da Avropada ikinci müharibə ocağının yaranması demək idi.



24. 1930-ci illərin II yarısında beynəlxalq münasibətlərin kəskinləşməsi. İspaniya hadisələri
1930-cu illərdə Almaniya ilə yanaşı olaraq İtaliya da Avropada öz fəaliyyətini genişləndirdi. İtaliyada Mussolini başda olmaqla faşist hökumətinin öz xarici siyasət məqsədlərini elan etməsilə dünyada üçüncü müharibə ocağı yarandı. 1935-ci ildə İtaliyanın Həbəşistana qarşı hərbi müdaxiləyə başlaması beynəlxalq münasibətlərə mənfi təsir etdi. Buna görə də Millətlər Cəmiyyəti İtaliyaya qarşı sanksiyalar tətbiq etdi. Lakin sanksiyalar İtaliya təcavüzünü dayandırmadı. Belə olduqda Millətlər Cəmiyyəti İtaliyaya sanksiya tətbiq etməkdən imtina etdi. Beləliklə, Həbəşistan İtaliya təcavüzünün qurbanı oldu.

Avropada müharibə ocaqlarının meydana gəlməsi digər Avropa dövlətlərinin də silahlanmasına təsir göstərdi. Sürətlə silahlanma xəttinin götürülməsi Avropa dövlətlərini müharibəyə sürükləyirdi. 1935-ci ildə Böyük Britaniya və Fransa Londonda bəyannamə imzalayaraq sürətlə silahlanmanın qarşısının alınmasının zəruri olduğunu bildirdilər. Lakin Almaniya bunu soyuq qarşıladı və Versal sülh müqaviləsində nəzərdə tutulan öhdəliklərindən imtina etdiyini bildirdi.

Avropada faşist təhlükəsinin artdığını görən İngiltərə Almaniyanı bitərəfləşdirməyə çalışırdı. 1935-ci il iyunun 18-də İngiltərə Almaniya ilə dəniz sazişi bağladı. Bu sazişə görə, Almaniya donanmasının gücü İngiltərə donanmasının gücünün 35%-ni təşkil edə bilərdi, sualtı qayıqlarda isə bərabərlik əldə olundu. Bu saziş İngiltərənin Almaniyaya güzəştə getməsini göstərdi.

Müharibə təhlükəsinin artdığı şəraitdə Avropa dövlətlərinin sakitləşdirmə, ABŞ-ın qarışmamaq siyasəti beynəlxalq münasibətləri daha da kəskinləşdirdi. 1936-cı ildə Almaniya Lokarno sazişindən imtina etdiyini rəsmi şəkildə bildirərək Reyn vilayətinə qoşun yeritdi. Almaniyanın bu addımı İngiltərə və Fransa tərəfindən narazılıqla qarşılandı. Lakin narazılıqlara məhəl qoymayan Almaniya sürətlə silahlanmanı davam etdiridi.

30-cu illərdə İspaniya hadisələri beynəlxalq münasibətlərə təsir etdi. 1936-cı ildə general Fransisko Franko Mərakeşdə İspaniyanın respublika quruluşuna qarşı qiyam qaldırdı. Qiyamdan istifadə edən Almaniya və İtaliya Həbəşistana müdaxilə etdilər. Fransa hökuməti bitərəflik haqqında qanun qəbul etdi. Digər Avropa dövlətlərinin də bu məsələyə bitərəf yanaşması dövlətlərarası münasibətləri müharibəyə doğru sürüklədi. Almaniya və İtaliya Həbəşistanın işğal edilməsi və Franko hökumətinin tanınması haqqında saziş imzaladılar. 1936-cı ildə Berlində Almaniya və Yaponiya arasında antikomintern sazişi imzalandı.

1937-ci ildə İtaliya Millətlər Cəmiyyətindən çıxdı. Artıq Almaniya təkcə almanlar yaşayan əraziləri deyil, eyni zamanda keçmiş müstəmləkələrin də ona qaytarılmasını tələb etməyə başladı. Almaniya İngiltərə ilə danışıqlara girərək öz mənafelərinə uyğun razılıq əldə etdi. Bu razılığa görə, Almaniya 6 il müddətinə müstəmləkələr məsələsini qaldırmayacağına razılıq verdi. Əvəzində İngiltərə Almaniyanın Avropadakı bütün hərəkətlərinə münasibətdə bitərəf mövqe tutacağına söz verdi. Bu mövqe Almaniyanın təcavüzkar hərəkətlərini daha da genişləndirmiş oldu.


1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə