Beynəlxalq münasiBƏTLƏr tariXİ XX əsrin əvvəllərində beynəlxalq münasibətlər




Yüklə 461.26 Kb.
səhifə1/7
tarix22.02.2016
ölçüsü461.26 Kb.
  1   2   3   4   5   6   7
BEYNƏLXALQ MÜNASİBƏTLƏR TARİXİ
1. XX əsrin əvvəllərində beynəlxalq münasibətlər
XX əsrin əvvəllərində beynəlxalq münasibətlər dünya siyasətində ABŞ-ın rolunun artması ilə səciyyələnir. Bu dövrdə ABŞ-ın xarici siyasət fəaliyyətində Latın Amerikası mərkəzi yer tuturdu. ABŞ Latın Amerikası regionunda nüfuzunu artırmaq və öz ətrafında region dövlətlərini birləşdirmək siyasəti yürüdürdü. Bu illərdə ABŞ çəkiləcək Panama kanalı üzərində tək ağalıq etmək istəyirdi. O, bu istəyinə 1901-ci ildə İngiltərə ilə imzaladığı müqavilə ilə çatmış oldu. Bu müqaviləyə görə, kanalı ABŞ hökuməti və ya onun istəyinə uyğun olaraq xüsusi şirkətlər tikə bilərdilər.

1902-ci ildə ABŞ kanalın tikintisinə dair konsessiya hüququnu fransız şirkətindən satın aldı. 1903-cü ildə ABŞ və Kolumbiya hökumətləri müqavilə imzaladılar. Müqaviləyə görə, Kolumbiya hökuməti öz ərazisində Sakit okeandan Atlantik okeana qədər ərazidən çəkilən zolağı 99 il müddətinə ABŞ hökumətinə icarəyə verməli idi. Lakin Kolumbiya konqresi bu müqaviləni rədd etdi. Belə olduqda ABŞ Kolumbiyaya təzyiq göstərərək orada dövlət çevrilişi etdi. ABŞ-ın yardımı ilə Panama respublika elan edildi. ABŞ Panama Respublikasının müstəqilliyini tanıyaraq onunla münasibətlər qurdu. Kanal 1914-cü ildə istifadəyə verildi.

XX əsrin əvvəllərində ABŞ-ın nüfuzu Karib dənizi hövzəsi ölkələrində genişləndi. ABŞ hökuməti bu ölkələrin iqtisadi, siyasi və hərbi inkişafı üçün onlara kreditlər ayırdı. ABŞ-ın bu siyasəti “dollar diplomatiyası” adını aldı.

XX ərin əvvəllərində maliyyə və diplomatik yardımlar hesabına Yaponiyanın Uzaq Şərqdə fəallığı artdı. 1904-cü ildə Yaponiya Rusiya ilə müharibəyə başladı. Müharibədə rus hərbi-dəniz donanması darmadağın edildi və Rusiya acınacaqlı məğlubiyyətə uğradı. Rusiyanın məğlubiyyətinin əsas səbəbləri çarizmin çürüklüyündə, iqtisadi, siyasi, hərbi, diplomatik və mənəvi cəhətdən müharibəyə hazır olmamasında idi. Rusiya 1905-ci ildə ABŞ-ın Portsmut şəhərində Yaponiya ilə sülh müqaviləsi imzalamağa məcbur oldu. Müqavilənin şərtlərinə görə, Rusiya Lyaodun yarımadasını, Port-Arturu, Cənubi Mancuriya dəmiryolunu, onunla birlikdə bütün Cənubi Mancuriyanı, Saxalin adasının cənub hissəsini Yaponiyaya verdi və Koreyada Yaponiyanın üstün nüfuzunu qəbul etdi. Beləliklə, Uzaq Şərqdə Rusiyanın nüfuzu xeyli aşağı düşdü.

XX əsrin əvvəllərində beynəlxalq münasibətlərdə mühüm yer tutan məsələlərdən biri də Mərakeş böhranıdır. Afrikanın bölüşdürülməsi nəticəsində Fransa Mərakeşin qərb hissələrinə sahib oldu. Fransa-İtaliya danışıqları nəticəsində Cəbəllütariq boğazı İspaniyaya, Mərakeşin qalan hissəsi isə Fransaya verilməli idi. Almaniya Mərakeşin müstəqilliyini qorumaq adı ilə 1905-ci il martın 31-də Mərakeşin Tancer limanına gəmilərini göndərdi, II Vilhelm Mərakeşin müstəqil olduğunu bildirdi. Mərakeş məsələsinə dair beynəlxalq konfrans 1906-cı ilin əvvəllərində İspaniyanın Alxesiras (Əl-xəsiras) şəhərində keçirildi. Konfransda Almaniyanın iddiaları rədd olundu. Mərakeşin polis orqanlarının yaradılması Fransa və İspaniyaya tapşırıldı. Mərakeş boğazlarına nəzarət Fransa, İngiltərə, Almaniya və İspaniyanın təsiri altına düşdü. Lakin Almaniya bu nəticələrdən razı qalmadı.

2. I Dünya müharibəsi dövründə beynəlxalq münasibətlər
I Dünya müharibəsi dövründə vahid koalisiyada digərinə qarşı döyüşmələrinə baxmayaraq, hər bir düşərgənin daxilində kəskin ziddiyyətlər hökm sürürdü. Antanta cəbhəsində ən kəskin ziddiyyətlər İngiltərə və Rusiya arasında idi. İngiltərə və Fransa müharibənin sonuna qədər Rusiyanın güclü qalmasını istəmirdilər. Güclü Rusiya qənimətin bölüşdürülməsində onlara mane ola bilərdi. Müharibənin strateji proqramı haqqında məsələlərdə də Rusiya ilə müttəfiqləri arasında fikir ayrılığı mövcud idi. İngiltərə və Fransa Qərb cəbhəsini əsas cəbhə hesab edərək Rusiya ordusuna ən xoşagəlməz rollar ayırırdılar.

Müharibənin başlamasından az sonra gələcək qənimətləri bölüşdürmək haqqında məsələ Antanta dövlətlərinin danışıq hədəfi oldu. 1914-cü ildə Rusiya-İngiltərə-Fransa arasında bağlanmış sazişə görə, tərəflər müttəfiqlərinin razılığı olmadan düşmən tərəflə sazişə girməmək öhdəliyini götürürdülər.

1915-ci il fevralında ingilis-fransız gəmiləri Dardanel boğazında yerləşən türk istehkamlarını atəşə tutdular. Bu hərəkət Rusiyanın narahatçılığına səbəb oldu. İngiltərə boğazların qərb sahillərinin Rusiyaya veriləcəyini bildirdi. Türkiyənin Asiya hissəsi də bölüşdürüldü. Lakin Antantanın bu hərbi əməliyyatı uğur qazanmadı. Antanta blokunun hərbi komandanlıqlarının nümayəndələri Şantili, Roma və Peterburqda keçirilmiş konfranslarda 1917-ci il üçün bütün cəbhələrdə razılaşdırılmış strateji planlar hazırlanması haqqında qərar qəbul etdilər.

1914-1916-cı illərdə gedən döyüş əməliyyatları heç bir tərəfə həlledici uğur qazandırmadı. İlk baxışdan Almaniya daha çox ərazi ələ keçirmişdi. Belçika, Fransa, Polşa və Baltikyanı ölkələrin xeyli hissəsi və Belorusiyanın qərb hissəsi tutulmuşdu. Serbiya və Rumıniya orduları tamamilə dağıdılmışdı. Antanta isə yalnız Marna və Türkiyədəki qələbələri ilə kifayətlənirdi. Ona görə də, hər iki tərəf sülh bağlamaq üçün yollar axtarırdılar. İlk sülh təklifini Almaniya etdi. 1915-ci ildə Almaniya diplomatları Rusiyaya seperat sülh təklif etdilər. Rusiya bu təklifi rədd etdi. 1916-cı ildə Almaniya Antanta blokunun bütün dövlətlərinə sülh təklifi ilə müraciət etdi. Lakin 1917-ci ildə Antanta bloku Almaniyanın tam məğlubiyyətinə qədər sülh bağlamayacaqlarını bildirdilər.

1917-ci ilin fevralında Rusiyada burjua demokratik inqilabı, oktyabrında isə sosialist çevrilişləri baş verdi. İngiltərə, Fransa və ABŞ Rusiyanı nüfuz dairələrinə bölmək üçün hərbi müdaxiləyə başladılar. 1918-ci ildə martın 3-də Rusiya ilə Almaniya arasında “Brest-Litovsk” sülh müqaviləsi bağlandı. Rusiyanın demək olar ki, bütün qərb hissəsi Almaniyanın tərkibinə keçdi.

I Dünya müharibəsi davam edən zaman iştirakçı dövlətlər müxtəlif sülh proqramları ilə çıxış edirdilər. Belə proqramlardan biri də ABŞ prezidenti Vudro Vilsonun 1918-ci il yanvarın 18-də irəli sürdüyü 14 maddədən ibarət sülh proqramıdır. Bu proqramda Vilson Almaniyanın təslim olmasını, onun tutduğu əraziləri və müstəmləkələrini boşaltmasını tələb etdi. 1918-ci ilin fevralında Vilson “14 maddə”yə 4 prinsip əlavə etdi. Bu prinsiplərin qayəsini xalqların öz taleyini özlərinin müəyyən etməsi ideyası təşkil edirdi. Vilson bəyan edilmiş prinsiplərdən yararlanmaq istəyən və istiqlalının tanınmasını istəyən xalqlara bəzi şərtlər irəli sürürdü. O göstərirdi ki, azadlığa çıxmaq istəyən xalq siyasi, iqtisadi, təhsil və maliyyə vasitələrinə sahib olmalıdır.



3. I Dünya müharibəsinin siyasi nəticələri
1918-ci il noyabrın 11-də Kompeyn barışığının imzalanması ilə 34 ölkənin iştirak etdiyi Birinci Dünya Müharibəsi başa çatdı. Bu müharibədə 10 mln. nəfər öldürüldü, 20 mln. nəfər yaralandı. Müharibə külli miqdarda xərclərə səbəb oldu.

Müharibə nəticəsində dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər baş verdi. Avstriya-Macarıstan, Osmanlı, Rusiya imperiyaları dağıdıldı və yeni müstəqil dövlətlər meydana gəldi.

Müharibə bütün dövlətlərin iqtisadiyyatına dərin təsir göstərdi, onların iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafını sürətləndirdi. Müharibə bir sıra ölkələrin iqtisadiyyatını dağıdaraq 10 illərlə geri saldı, digər ölkələrin isə yüksək inkişafına və varlanmasına şərait yaratdı.

Sənayecə inkişaf etmiş bütün dövlətlər fəal hərbi əməliyyatlarda iştirak edirdilər. Əmək qabiliyyətli əhali iqtisadiyyatın müxtəlif sahələrində çalışırdı. Avropa və Yaxın Şərq ölkələrinin əksəriyyətinin xalqlarının əməyi məhv edildi. Müharibə bütün döyüşən dövlətlərin iqtisadiyyatına böyük maddi ziyan vurdu. Müharibə nəticəsində 2 dövlət – ABŞYaponiya varlandı. 1914-cü ilə qədər dünya bankirləri hesab olunan və maliyyə zəncirini öz əllərində saxlayan İngiltərə, Fransa və Almaniya müharibə illərində xarici kapitallarının xeyli hissəsini itirdilər.

Müharibə başlanana qədər Avropa dövlətlərinə borclu olan ABŞ müharibənin gedişində İngiltərə, Fransa, İtaliya və digər Avropa dövlətlərinə külli miqdarda borc verərək dünyanın maliyyə mərkəzinə çevrildi.

Dünya müharibəsi müstəmləkə və yarımmüstəmləkə dövlətlərinin iqtisadiyyatında mühüm dəyişikliklər etdi. Müharibə ehtiyaclarının ödənilməsinə xidmət edən Avropa dövlətlərinin müstəmləkələrə və yarımmüstəmləkələrə sənaye malları ixrac etməsi xeyli azaldı. Bunun əvəzində metropoliyalar öz hərbi qüdrətlərinin artırılması üçün müstəmləkə və yarımmüstəmləkələrdə emal və yüngül sənaye sahələrinin qurulmasına şərait yaratdılar. Fabrik və zavodların tikilməsi müstəmləkə və yarımmüstəmləkələrdə kapitalizmin inkişafına təkan verdi. Bu ərazilərdə millətin formalaşması prosesi bir sıra yerlərdə milli-azadlıq hərəkatı başlandı.



4. Versal sistemi, onun xüsusiyyətləri, xarakteri və ziddiyyətləri
Birinci dünya müharibəsinin əsas yekunu Versal sisteminin yaranması hesab olunur. Almaniya və onun müttəfiqləri ilə imzalanan sülh müqavilələri Versal sisteminin əsasını qoydu. Bu müqavilələr Avropada müharibədən sonrakı qüvvələr nisbətini müəyyənləşdirdi.

Versal sisteminin əsas prinsipləri və şərtləri, dövlətlər qarşısında qoyduğu öhdəlik və vəzifələr 1919-cu il iyunun 28-də Parisdə Versal sarayında Almaniya ilə sülh müqaviləsinin imzalanması ilə təsdiq olundu. Versal sülhünün hazırlanması və qəbul edilməsinə 44 dövlət cəlb olunmuşdu. Sülh müqaviləsinin şərtlərinə görə, Almaniya və müttəfiqləri müharibə təqsirkarları elan edildilər. Məğlub dövlətlər vurulan ziyana görə təzminat ödəməli idilər.



Paris sülh müqaviləsinin şərtlərinə görə:

  • Almaniyanın Elzas və Lotaringiya vilayətləri, Saar kömür hövzəsi Fransanın mülkiyyəti elan olundu. Fransa həmçinin Almaniyanın Toqo və Kamerun müstəmləkələrinin bir hissəsini, Suriya və Livanı aldı.

  • Saar kömür mədənləri 15 il müddətinə Millətlər Cəmiyyətinin nəzarətinə verildi. Bu müddət bitdikdən sonra onun taleyi yerli əhalinin sorğusu ilə həll olunmalı idi.

  • İngitərə Toqonun digər hissəsini və Tanqanikanı, Şərqi Akrikadakı alman mülklərini, Fələstini, İraqı aldı.

  • İtaliya Triyesti aldı, Avstriya ilə sərhəd zolağına yiyələndi.

  • Belçika Eyren dairəsini və Malmedi aldı, həmçinin Ruanda və Urundini, Almaniyanın Cənub-Qərbi Afrikadakı müstəmləkələrini ələ keçirdi.

  • Danimarka Şlezviqin şimal hissəsinə sahib oldu.

  • Yaponiya Sakit okeandakı Marşal, Marian və Karolin adalarına sahib oldu.

  • Polşa Poznan, Pomeraniya, Qərbi və Şərqi Prussiya və Sileziyanın yuxarı hissəsinə yiyələndi. Almaniya Poşanın müstəqilliyini tanıyaraq Dansiqdən əl çəkdi. Bu liman Millətlər Cəmiyyətinin himayısi altında azad şəhər elan olundu.

Almaniya ilə sülh müqavilələri imzaladıqdan sonra qalib dövlətlər onun müttəfiqləri ilə müqavilələr imzalamaq işinə başladılar:

  • Avstriya ilə sülh müqaviləsi 1919-cu il sentyabrın 10-da Sen-Jermendə imzalandı. Müqavilənin şərtlərinə görə, Avstriya-Macarıstan imperiyasının mövcudluğuna son qoyuldu. Avstriya Çexoslovakiya və Yuqoslaviyanın müstəqilliyini tanıdı.

  • Bolqarıstanla sülh müqaviləsi 1919-cu il noyabrın 27-də Neyi-Sür-Sendə imzalandı. Bolqarıstan ərazisinin xeyli hissəsini itirdi.

  • Macarıstanla sülh müqaviləsi 1920-ci il iyulun 4-də Versalda Trianon sarayında imzalandı. Macarıstan Yuqoslaviya və Çexoslovakiyanın müstəqilliyini qəbul etdi.

  • Türkiyə ilə sülh müqaviləsi 1920-ci il avqustun 10-da Sevrdə imzalandı. Müqaviləyə görə, Türkiyə ərazisinin 4/5 hissəsini itirdi. Boğazlar bütün ölkələr üçün açıq elan olundu. Bu qaydaya nəzarət etmək üçün boğazlar komissiyası yaradıldı. Sevr müqaviləsi Osmanlı imperiyasının parçalanmasını rəsmiləşdirdi.

Versal sülh müqaviləsinin müddəaları 1919-1920-ci illərdə Almaniyanın keçmiş müttəfiqləri ilə Sen-Jermen, Trianon, Neyn, Sevr və Vaşinqtonda imzalanan digər müqavilə və sazişlərlə tamamlanaraq vahid “Versal sistemi”nin təşkil etdi. Versal sistemi İngilis-fransız-amerikan ağalığı müəyyənləşdi. Lakin bu sistem möhkəm deyildi. Ona daxil olan ölkələr arasında kəskin ziddiyyətlər var idi. Versal sisteminin ağır şərtləri Almaniyada qisasçılıq və şovinist meyllərini, Türkiyədə isə işğallara qarşı türk xalqının milli-azadlıq hərəkatını gücləndirdi.

5. Paris sülh konfransı (1919) və onun qərarları
Antanta dövlətləri qələbə çaldıqdan sonra müharibədən sonrakı dünyanın taleyini müəyyənləşdirmək məqsədilə sülh konfransı çağırmaq qərarına gəldilər. Uzun diplomatik mübahisələrdən sonra konfransın Parisdə çağırılması barədə razılıq əldə edildi.

Almaniya və digər məğlub dövlətlərlə sülh müqaviləsinin hazırlanması üçün 1919-cu il yanvarın 18-də Parisdə Versal sarayında sülh konfransı açıldı. 27 dövlətin iştirak etdiyi konfrans Fransanın baş naziri Klemanso, Böyük Britaniyanın baş naziri Lloyd Corc və ABŞ prezidenti Vudro Vilson tərəfindən idarə olunurdu.

Rəsmi nümayəndə heyətləri 4 kateqoriyaya bölünmüşdü:


  1. Döyüşən və qalib gələn iri dövlətlər: ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Yaponiya. Bu dövlətlər konfransın bütün iclaslarında və komissiyalarda iştirak edirdilər. Onlar ümumi xarakterli maraqlara malik idilər.

  2. Müəyyən xarakterli maraqları olan” döyüşən dövlətlər: Belçika, Braziliya, Böyük Britaniya dominianları, Hindistan, Rumıniya, Portuqaliya, Serbiya, Çexoslovakiya, Yunanıstan və s. Bu dövlətlər yalnız onlara aid olan məsələlər müzakirə edilən iclaslarda iştirak etmək hüququna malik idilər.

  3. Almaniya ilə diplomatik əlaqələri kəsmək vəziyyətində olan dövlətlər: Peru, Boliviya, Ekvador və Uruqvay. Onlar da özlərinə aid məsələlər müzakirə ediləcəyi iclaslarda iştirak edə bilərdilər.

  4. Bitərəf dövlətlər və yeni yaranmış dövlətlər: Onlar ölkələrinə aid məsələ müzakirə ediləndə ya yazılı, ya da şifahi çıxış edə bilərdilər.

Paris sülh konfransının başlıca məqsədi Almaniya və onun müttəfiqləri ilə sülh müqaviləsi bağlamaq idi. Konfransda qalib dövlətlər arasında dünyanı bölmək uğrunda ziddiyyətlər üzə çıxırdı. ABŞ dünya ağalığına, mənəvi rəhbərliyə can atırdı. O, Almaniya və Türkiyədən alınmış ərazilərin yaradılması nəzərdə tutulan Millətlər Cəmiyyətinin nəzarəti altına verilməsini tələb edirdi. ABŞ Millətlər Cəmiyyətini özünə tabe etməyə ümid bəsləyirdi.

1919-cu il iyunun 28-də Sarayevo qətlinin il dönümündə Parisdə Versal sarayında Almaniya ilə sülh müqaviləsi imzalandı. Müqaviləyə görə, Almaniya və onun müttəfiqləri müharibə təqsirkarları elan edildilər. Onlar vurulan ziyana görə təzminat ödəməli idilər.

Paris sülh müqaviləsinin şərtlərinə görə:


  • Almaniyanın Elzas və Lotaringiya vilayətləri, Saar kömür hövzəsi Fransanın mülkiyyəti elan olundu. Fransa həmçinin Almaniyanın Toqo və Kamerun müstəmləkələrinin bir hissəsini, Suriya və Livanı aldı.

  • Saar kömür mədənləri 15 il müddətinə Millətlər Cəmiyyətinin nəzarətinə verildi. Bu müddət bitdikdən sonra onun taleyi yerli əhalinin sorğusu ilə həll olunmalı idi.

  • İngitərə Toqonun digər hissəsini və Tanqanikanı, Şərqi Akrikadakı alman mülklərini, Fələstini, İraqı aldı.

  • İtaliya Triyesti aldı, Avstriya ilə sərhəd zolağına yiyələndi.

  • Belçika Eyren dairəsini və Malmedi aldı, həmçinin Ruanda və Urundini, Almaniyanın Cənub-Qərbi Afrikadakı müstəmləkələrini ələ keçirdi.

  • Danimarka Şlezviqin şimal hissəsinə sahib oldu.

  • Yaponiya Sakit okeandakı Marşal, Marian və Karolin adalarına sahib oldu.

  • Polşa Poznan, Pomeraniya, Qərbi və Şərqi Prussiya və Sileziyanın yuxarı hissəsinə yiyələndi. Almaniya Poşanın müstəqilliyini tanıyaraq Dansiqdən əl çəkdi. Bu liman Millətlər Cəmiyyətinin himayısi altında azad şəhər elan olundu.

6. Millətlər Cəmiyyətinin yaradılması
Paris sülh konfransının ən mühüm nəticələrindən biri də Millətlər Cəmiyyətinin yaradılması oldu. ABŞ prezidenti Vilson Amerikanın dünya siyasətində yerini müəyyən etmək üçün Millətlər Cəmiyyətinin yaradılmasına birinci dərəcəli əhəmiyyət verirdi. Lakin Vilsonun diplomatiyasına 3 qüvvə mane olurdu:

  1. İngiltərə və dominianları Almaniyanın və Türkiyənin miraslarını bölməyə tələsirdilər.

  2. Fransa Almaniyanı tərksilah etməyə, onun hərbi sənayesini bitərəfləşdirməyə və onun üzərində nəzarəti həyata keçirməyə cəhd edirdi.

  3. Kiçik dövlətlər və digərləri öz ərazilərini genişləndirmək üzərində düşünürdülər.

Hələ 1919-cu ilin yanvarında Paris sülh konfransının ilk iclasında ABŞ prezidenti Vilson Millətlər Cəmiyyətinin yaranması məsələsi haqqında müzakirəyə başlamağı təklif etdi. Lakin digər dövlətlər bu məsələni “Onlar Şurası”nın müzakirəsinə verməyi təklif etdilər. “Onlar Şura”sında Vilson Millətlər Cəmiyyətinin yaradılmasını və onu sülh müqaviləsinin şərti kimi qəbul etməyi təklif etdi. Lakin İngiltərə və Fransa bunun əleyhinə çıxdığına görə sülh müqaviləsində Millətlər Cəmiyyəti haqqında heç nə yazılmadı. Bu məsələni xüsusi komissiyaya vermək qərarına gəldilər.

Millətlər Cəmiyyətinin yaradılması məsələsi birinci yerdə durmasına baxmayaraq, çıxış edən dövlət başçılarından heç biri ondan söz açmırdı.Vilson Millətlər Cəmiyyətinin nizamnaməsinin hazırlanması və təsdiq edilməsini təkid etsə də, bu heç bir nəticə vermədi. Vilsonun konfransı tərk etmək haqqında hədəsi hamının həyəcanına səbəb oldu və müəyyən razılığa gəlinməsinə gətirib çıxartdı.

1919-cu il fevralın 13-də Vilson böyük çətinliklərlə mandatlar prinsipini qəbul etdirməyə nail oldu. Bu prinsip heç bir əvəz verilmədən Almaniyadan müstəmləkələrin alınmasını nəzərdə tuturdu. Fransa nümayəndəsi beynəlxalq ordu yaradılmasını irəli sürdü. O, Millətlər Cəmiyyətinin nəzarəti altında hərəkət edəcəkdi. Bununla Fransa Almaniya üzərində öz hərbi üstünlüyünü saxlamaq məqsədini güdürdü. İngiltərə isə iri dövlətlərin blokunun yaradılmasını təklif etdi. Onlar müstəmləkələrdə və təsir dairələrində status kvo-nu saxlamaq barədə üzərlərinə öhdəlik götürməli idilər. Bununla İngiltərə öz müstəmləkələrinin təhlükəsizliyi barədə düşünürdü.

1919-cu il avqustun 14-də Vilson sülh konfransnda təntənəli surətdə Millətlər Cəmiyyətinin nizamnamə layihəsini elan etdi. Konfransın ümumi iclası bu layihəni təsdiq etdi. Beləliklə, konfransın qərarlarına uyğun olaraq Millətlər Cəmiyyəti yaradıldı. Cəmiyyətin əsas məqsədi xalqlar arasında əməkdaşlığı inkişaf etdirmək, sülhü və beynəlxalq təhlükəsizliyi qorumaq idi. Qalib ölkələr müstəmləkə torpaqlarını Millətlər Cəmiyyətinin tətbiq etdiyi mandat sistemi əsasında öz aralarında yenidən bölüşdürdülər. 3 mandat kateqoriyası – A,B,C təsis edildi:



  • Türkiyə və Ərəb ölkələri

  • Mərkəzi Afrika ölkələri

  • Afrika və Okeaniya


7. 1920-ci illərin əvvəllərində beynəlxalq münasibətlərin səciyyəvi cəhətləri
Ziddiyyətlərlə dolu olan Versal müqaviləsi faktiki olaraq müharibə dövründə imzalanmış müttəfiqlik haqqında müqavilələri ləğv etdi. Versal sülh konfransından sonra yaranan ziddiyyətlər yeni problemlər meydana çıxartdı. Bu vəziyyətdən istifadə edən Almaniya hər vasitə ilə Versal sülh müqaviləsinin şərtlərinin həyata keçirilməsinə mane olmağa başladı. Yaxın Şərqdə də siyasi vəziyyət gərginləşməyə başlamışdı.

Belə vəziyyətdə Fransa və İngiltərə bu problemləri həll etmək üçün birləşmək qərarına gəldilər. Təzminat məsələsi və Yaxın Şərq problemini həll etmək məqsədilə konfrans çağırmaq qərara alındı. 1921-ci il fevralın 21-dən martın 14-nə kimi keçirilən I London konfransında təzminat və Yaxın Şərq məsələləri müzakirə edildi. Konfransda Türkiyənin tələbi aşağıdakılardan ibarət idi:



  • Türkiyənin 1913-cü il sərhədlərinin bərpa edilməsi;

  • İzmirin yunanlardan azad edilməsi və türklərə qaytarılması;

  • Boğazlardan sərbəst keçid şəraitində Türkiyənin suverenliyinin və təhlükəsizliyinin təmin edilməsi;

  • Türkiyəyə özünü müdafiə etmək üçün hərbi dəniz donanmasının saxlanılması hüququnun verilməsi.

Martın 3-də İngiltərə və Fransa Almaniyaya bəyannamə təqdim etdilər. Bu bəyannamədə Almaniyadan Versal sülhünün şərtlərinə əməl olunması tələb olunurdu. Əgər Almaniya martın 7-ə qədər şərtləri qəbul etməsəydi, müttəfiqlər Reyn çayının sağ sahilindəki əraziləri tutmalı idilər. Almaniya qoyulan müddətlə razılaşmadığından müttəfiqlər onun bir sıra ərazilərini tutub Almaniyaya qarşı iqtisadi sanksiyalar tətbiq etdilər. Almaniya şərtləri qəbul etməyə məcbur oldu.

Martın 11-də Fransa və İtaliya Türkiyəyə, İngiltərə isə Yunanıstana bəzi təkliflər etdilər:



  • Müttəfiq qoşunları Türkiyədən çıxarılır.

  • Müttəfiqlərin Türkiyədəki beynəlxalq maliyyə nəzarət komissiyasında türklər də iştirak edir.

  • Yunan qoşunları İzmirdə qalmaq şərti ilə burada türk suverenliyi bərpa olunur.

Nə türklər, nə də yunanlar bu şərtləri qəbul etmədi. Konfrans uğursuzluqla nəticələndi. Yunanlar hərbi əməliyyatlara başladılar, türklər isə ruslarla danışıqlara başladılar.

1921-ci il aprelin 29-dan mayın 5-nə qədər keçirilən II London konfransında Almaniyanın təzminat ödəməsi məsələsi müzakirə edildi. Müttəfiqlər Almaniyadan 132 mlrd. qızıl marka təzminat ödəməyi, tərksilah keçirməyi və müharibə canilərini təhvil verməyi tələb etdilər. Almaniya müqavimət göstərsə də, mayın 11-də bütün şərtləri qəbul etdi.

Yunanlar Sakarya döyüşündə türklərə məğlub olduqdan sonra 1921-ci il oktyabrın 20-də Fransa ilə Türkiyə arasında Ankara müqaviləsi imzalandı. Bu müqaviləyə görə, hərbi əməliyyatlar dayandırılır, fransız qoşunları Kilikiyadan çıxarılır, türk dəmir yollarında fransızlar konsessiya alır. Bu müqavilə İngiltərənin böyük narazılığına səbəb oldu. Beləliklə, Versal sistemində ilk çatlar meydana gəldi.

Avropada gərgin beynəlxaq münasibətlər iri dövlətlərdən başqa digər dövlətlər arasında da baş verirdi. Belə ki, Almaniya, Çexoslovakiya, Avstriya, Polşa və Macarıstan arasında da kəskin ziddiyyətlər yarandı. Fransa Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrini Almaniyaya qarşı qoymaq üçün onların ittifaqını yaratmaq qərarına gəldi. 1921-1922-ci illərdə Rumınya, Çexoslovakiya və Yuqoslaviya ayrı-ayrılıqda müqavilələr imzalayaraq Kiçik Antanta” ittifaqı yaratdılar. Bu ittifaqı yaratmaqla Fransa Avropada hegemonluğa nail olmağa və məğlub dövlətlərin Avropadakı iddialarının qarşısını almağa çalışırdı.



8. Vaşinqton konfransı (1921)
İri dövlətlər quruda beynəlxalq münasibətləri tənzimləsələr də, sularda nüfuz dairələri uğrunda mübarizə gedirdi. ABŞ bu sahədə xüsusi fəaliyyət göstərirdi. Bu da səbəbsiz deyildi. Çünki ABŞ dünya müharibəsindən qüdrətli bir dövlət kimi çıxmışdı. Avropanın bir sıra dövlətləri ABŞ-a 11.6 mlrd. dollar borclu idilər. ABŞ-İngiltərə ziddiyyətləri Çində və Latın Amerikasında kəskinləşirdi. Lakin ABŞ qarşıdurmadan qaçaraq İngiltərə ilə əməkdaşlığa üstünlük verirdi. Yaponiyanın Uzaq Şərqdə, Fransanın Avropada hegemonluğa can atması ingilis-amerikan diplomatiyasını yaxınlaşdırırdı.

1921-ci il noyabrın 12-də Vaşinqtonda bu məsələləri həll etmək üçün konfrans açıldı. Konfransda 14 dövlət iştirak edirdi. Konfransda müzakirə edilən Çində siyasət, silahların məhdudlaşdırılması, sularda nüfuz dairələri məsələsi və digər məsələlər üzrə 28 saziş, bəyanat, qətnamə qəbul olundu. Konfransda “dördlər”, “beşlər” və “doqquzlar” müqavilələri imzalandı.

1921-ci il dekabrın 13-də ABŞ, Fransa, İngiltərə və Yaponiya “4 dövlət” müqaviləsini imzaladılar. Tərəflər Sakit okeanda bir-birilərinin hüquqlarına və mülklərinə hörmət edəcəklərini bildirdilər.

1922-ci il fevralın 6-da ABŞ, İngiltərə, Yaponiya, Fransa və İtaliya dəniz silahlarının məhdudlaşdırılması haqqında müqavilə imzaladılar. Bu müqavilə “5 dövlət” müqaviləsi adlandırıldı. Müqaviləyə görə, hərbi donanmanın ölçüsünün nisbəti yuxarıdakı ölkələr üçün müvafiq olaraq 5 : 5 : 3 : 1.75 : 1.75 kimi müəyyənləşdirildi. Bu saziş Sakit okeanda dəniz qüvvələrinin yenidən bölüşdürülməsi məsələsini həll etdi.

Vaşinqton konfransı Çin məsələsinə xüsusi diqqət yetirirdi. Məlum olduğu kimi, Çin Versal müqaviləsini imzalamamışdı. Çin hökuməti ərazisində olan alman mülklərinin özünə deyil, Yaponiyaya verilməsindən narazılıq edirdi. Konfransda Çin nümayəndə heyəti həmin ərazilərin qaytarılmasını tələb etdi. ABŞ Çini müdafiə etməli oldu. Nəticədə Yaponiya Sindaodan və Şandun əyalətlərini Çinə qaytardı.

1922-ci il fevralın 6-da Vaşinqton konfransının iştirakçıları Çində siyasət haqqında müqavilə imzaladılar. Bu müqavilə “9 dövlət” müqaviləsi adını aldı. Müqaviləyə görə, dövlətlər Çinin suverenliyinə hörmət etmək, açıq qapılar və bütün dövlətlərin ticarəti və sənayesi üçün bərabər imkanlar prinsipinə hörmət etmək barədə öhdəlik götürdülər.

Beləliklə, Vaşinqton konfransı sularda beynəlxalq məsələləri həll etməklə Versal sülh müqaviləsini tamamladı. Vaşinqton konfransı beynəlxalq məsələlərdə ABŞ-ın rolunun sürətlə artmağa başladığını göstərdi.

9. Genuya və Haaqa konfransları
Versal-Vaşinqton sistemi dünyada siyasi münasibətləri tənzimləsə də, dünya təsərrüfatını və ticarətini bərpa etmədən dövlətlərarası problemləri həll etmək mümkün deyildi. Ona görə də Avropanın qalib dövlətləri iqtisadi münasibətləri həll etmək üçün yollar axtarmağa başladılar. Müttəfiqlərin Kannda keçirilən iclasında İngiltərənin baş naziri Lloyd Corc iqtisadi konfrans çağırılmasını təklif etdi. Lakin sonradan konfransın gündəliyinə təzminat, borclar və Yaxın Şərq məsələləri daxil edildi.

Genuya konfransı 1922-ci ilin aprelin 10-da San-Corco sarayında 29 dövlətin (İngiltərənin dominianları ilə birlikdə 34 dövlətin) iştirakı ilə keçirildi. İtaliyanın baş naziri Fakt konfransın sədri seçildi. ABŞ nümayəndəsi konfransda müşahidəçi kimi iştirak edirdi. Konfransda 4 komissiya yaradıldı: siyasi, maliyyə, iqtisadi və nəqliyyat komissiyaları. İqtisadi komissiyanın iclasında Fransanın Almaniyaya münasibətdə irəli sürdükləri tələblər rədd edildi. Siyasi komissiyanın iclasında Avropanın və Rusiyanın bərpa edilməsi məsələsi müzakirə edildi.

Konfransda əsas məsələlərdən biri Sovet Rusiyası oldu. Avropa dövlətləri Rusiyadan borcun ödənilməsini tələb etdilər. O isə əlavə kredit və vaxt verilməsi şərti ilə borcları ödəməyə razı olduğunu bildirdi. Konfransın gedişində rus-alman yaxınlaşması baş verdi. Rapolloda iki dövlət arasında müqavilə imzalandı. Müqaviləyə görə, hər iki dövlət hərbi xərcləri, müharibə vaxtı vurulmuş ziyanları ödəməkdən imtina edirdilər. Onlar öz aralarında diplomatik münasibətləri bərpa edir, ticarət və təsərrüfat məsələləri tənzimləyirdilər.

Konfransın gedişində neft məsələsi mühüm yer tutdu. Bakı nefti uğrunda ABŞ, Fransa və Belçika üçlüyünə qarşı İngiltərə mübarizə aparırdı.

Genuya konfransı öz işini iyunun 15-dən iyulun 20-dək keçirilən Haaqa konfransında davam etdirdi. Burada əsas məsələlərdən biri xarici vətəndaşların Rusiyada olan mülklərinin- müəssisə və firmalarının özlərinə qaytarılması idi. Bu, ilk növbədə neft mədənlərinə aid idi. Rusiya bu məsələni həmin şəxslərlə ayrı-ayrılıqda həll etmək təklifini irəli sürdü. Lakin konfrans iştirakçıları bu məsələnin konsessiya formasında həll edilməsini tələb edirdilər. Xüsusi mülkiyyətin qaytarılması tələbi və Rusiyanın iddiaları konfransın işini pozdu. Razılıq qəbul olunmadı.



10. Lozanna konfransı və boğazlar məsələsi
Milli azadlıq mübarizəsinin gedişində qələbə qazanan türklər Qara dəniz boğazlarına dair konfrans çağırılmasını tələb etdilər. 1922-ci il noyabrın 20-dən 1923-cü il iyulun 24-dək İsveçrənin Lozanna şəhərində konfrans keçirildi. Konfransda İngiltərəni Lord Kerzon, Fransanı Puankare, İtaliyanı Mussolini təmsil edirdi. Bundan başqa konfransda Yaponiya, Türkiyə, Yunanıstan, Yuqoslaviya, Bolqarıstan, Rumıniya və müşahidəçi rolunda ABŞ iştirak edirdi.

Konfransda müzakirə olunan əsas məsələlərdən biri Türkiyə məsələsi idi. Bu dövrdə mühüm hadisələr Türkiyə ətrafında cərəyan edirdi. İsmət İnönü başda olmaqla türk nümayəndə heyəti 1913-cü il Türkiyə sərhədlərinin bərpa edilməsini tələb edirdi.

Konfransda Mosul məsələsi də geniş müzakirə obyektinə çevrildi. Əbdülhəmidin varisləri öz mülkləri olan Mosulu ABŞ-a konsessiyaya vermişdilər. İngiltərə isə bu əraziyə öz iddialarını irəli sürürdü. O, Mosula ya özü sahib olmaq, ya da onu Millətlər Cəmiyyətinin müzakirəsinə verməyə çalışırdı. ABŞ isə Mosulu “açıq qapılar” prinsipi ilə həll etməyi təklif etdi.

Konfransda müzakirə olunan əsas məsələ boğazlar məsələsi idi. Türkiyə bütün ərazilərində işğal rejiminin ləğv olunmasını tələb edirdi. 1923-cü ildə Lord Kerzon İngiltərə, Fransa və İtaliya adından boğazlar məsələsinə dair saziş layihəsini türk nümayəndə heyətinə təqdim etdi. Türklər də öz növbəsində şərtlər irəli sürdülər:



  • Türkiyənin suverenliyi təmin olunsun;

  • Sevr müqaviləsi və işğal rejimi ləğv edilsin;

  • Türkiyənin əsas əraziləri özünə qaytarılsın.

Türkiyə ona verilən şərtləri qəbul etmədiyindən konfransı işi pozuldu.

Konfransdan sonra İtaliya və Fransa Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq xətti götürdülər. 1923-cü il aprelin 9-da Lozanna konfransı yenidən işə başladı. Yunanlar türklərdən, türklər isə müttəfiq dövlətlərdən təzminat tələb etməyə başladılar. İngiltərə belə kəskin vəziyyəti görüb kompromis təklif etdi: Türkiyə təzminatdan imtina edir, əvəzində Qarağac ərazisini alırdı. Türklər güzəştə getdiklərini bildirdilər.

Müzakirələrdən sonra 1923-cü ilin iyulun 24-də Lozanna protokolu imzalandı. Protokola görə:


  • Türkiyə Ərəbistan, Sudan, Tripolitaniya, Mesopotamiya, Fələstin, Tripolotamiya, Suriya və başqa əraziləri itirdi. Bununla belə, Türkiyənin əsas əraziləri saxlanıldı.

  • Kipr Türkiyəyə, Dodekanes adaları İtaliyaya, Egey dənizində bir sıra adalar Yunanıstana güzəştə gedildi.

  • Türkiyədə işğal rejimi, beynəlxalq maliyyə nəzarəti, türk ordusu üzərindəki məhdudiyyətlər ləğv edildi.

  • Boğazlar açıq elan edilirdi. İstanbul və Çanakkala boğazları hərbsizləşdirildi. İstanbulda türk nümayəndəsinin sədrliyi ilə beynəlxalq boğazlar komissiyası təsis olundu.

Ermənilərin Türkiyə ərazisində dövlət yaratmaq arzuları puça çıxdı. Uydurma erməni məsələsi Lozannada dəfn edildi. Ümumiyyətlə, Lozanna konfransı qüvvələr nisbətini tənzimlədi, mövcud ziddiyyətləri bir qədər yumşaltdı.

11. Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Paris sülh konfransında iştirakı bu dövrün beynəlxalq münasibətlərində mühüm yer tutdu. Azərbaycanın xarici siyasətinin başlıca məqsədi ölkənin müstəqilliyinin gerçəkləşməsindən ibarət idi. Bu vəzifənin həyata keçirilməsi işinə ölkənin ən nüfuzlu şəxsləri cəlb olundu. Azərbaycan parlamenti Paris sülh konfransında iştirak etmək üçün Parisə tam səlahiyyətli nümayəndə heyəti göndərmək haqqında qərar qəbul etdi. Parlamentin sədri Ə.M.Topçubaşov nümayəndə heyətinə başçı təyin olundu.

Azərbaycan nümayəndə heyəti Parisə yola düşdü və 1919-cu il mayın 28-də İstiqlal günü ABŞ prezidenti Vilson Azərbaycan nümayəndə heyətini qəbul etdi. Vilsona təqdim edilmiş memorandumda Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun 1 illik inkişaf yolu və istiqlal yolunda verdiyi qurbanlardan danışılırdı. Vilsondan Azərbaycanın istiqlalının tanınması, Vilson prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın Millətlər Cəmiyyətinə qəbul olunması, ABŞ-ın Azərbaycana hərbi ləvazimat sahəsində yardım göstərməsi xahiş olunurdu.

Vilson Azərbaycan nümayəndə heyətinə ümidverici bir şey demədi. O, sülh konfransının dünyanı kiçik hissələrə parçalamaq niyyətində olmadığını dedi və bildirdi ki, Azərbaycan məsələsi rus məsələsindən əvvəl həll edilə bilməz. Erməni nümayəndələrinin pozuculuq fəaliyyəti də bu məsələnin müsbət həllinə mane olurdu. Onlar suverenliyin tanınmasından daha çox ərazi-sərhəd məsələsinə əhəmiyyət verir, Qafqazdakı real vəziyyət barədə Avropa və ABŞ ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Erməni təbliğatının əsas hədəfi Osmanlı dövləti və Azərbaycan idi.

Azərbaycan nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən biri “Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh nümayəndəliyinin tələbləri” adlı kitabçası idi. Bu sənəd böyük tirajla fransız və ingilis dillərində çap edilərək yayıldı. Sənəddə Azərbaycanın mənşəyi haqqında məlumat verilir, xanlıqlar, çar Rusiyası dövründə vəziyyət şərh edilir, Azərbaycanın türk yurdu olması göstərilir, Zaqafqaziya Seymi, onun zəifləməsi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında tarixi icmal verilir, bolşeviklərin və ermənilərin təcavüzkar hərəkətləri haqqında danışılırdı.

Azərbaycan nümayəndə heyətinin müttəfiq dövlətlərin nümayəndələrinə Azərbaycanın müstəqilliyinin tanınması barədə cavabsız müraciətlər etdi. Nəhayət, 1920-ci il yanvarın 11-də Lord Kerzonun təklifi ilə Paris konfransının ali şurasında Azərbaycan və Gürcüstanın istiqlalını de-fakto tanımaq haqqında yekdilliklə qərar qəbul olundu. İstiqlalın tanınmasından 3 gün sonra bu tarixi xəbərin sədasını almış Azərbaycan bayram edirdi.

Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında öz missiyasını uğurla başa vurduqdan sonra parlament Fransa, Böyük Britaniya, İtaliya, ABŞ və Polşanın paytaxtlarında fəaliyyət göstərəcək diplomatik nümayəndəliklərin yaradılması haqqında qanun qəbul etdi. Bundan başqa, Azərbaycanın Təbriz, Xoy, Ənzəli, Rəşt, Əhər, Məşhəd, batum, Kiyev, Krım, Aşqabad və başqa yerlərdə konsulluqları fəaliyyət göstərməyə başladı. Bakıda isə Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveç, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya və digər ölkələrin müxtəlif səviyyədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərirdi.



12. Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri (özünüz oxuyun)

13. Azərbaycan Xalq Cümhuriyyətinin qonşu dövlətlərlə münasibətləri
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətində Gürcüstan və Ermənistan özünəməxsus yer tuturdu. İstiqlalını elan etmiş Cənubi Qafqazın 3 dövləti arasında sərhəd məsələsi münaqişəli problemə çevrildi.

Gürcüstanın Borçalıya qoşunlar yeridərək onu özününküləşdirmək cəhdlərinə Azərbaycan hökuməti dərhal reaksiya verdi. Azərbaycan hökuməti Gürcüstana sərhəd məsələsi üzrə Azərbaycan-Gürcüstan komissiyasının yaradılmasını təklif etdi. Təklifi qəbul etməyən Gürcüstan Tiflis quberniyasının qeyd-şərtsiz Gürcüstan ərazisi olduğunu bildirdi.

Gürcüstan hökuməti Azərbaycan, Ermənistan və Quzey Qafqaz Dağlılar Respublikasının nümayəndələrini konfransa dəvət etdi. Konfrans 1919-cu il aprelin 25-də Tiflisdə öz işinə başladı. Azərbaycan nümayəndə heyətinə Fətəli xan Xoyski başçılıq edirdi. Qafqaz konfransında müzakirə olunan əsas məsələlərdən biri ərazi-sərhəd məsələsi idi. Uzun mübahisələrdən sonra aşağıdakı formul qəbul edildi:



  • Konfransın vəzifəsi Güney Qafqaz dövlətlərinin sərhədlərini müəyyən etməkdir.

  • Konfransda yalnız qarışıq əhaliyə malik rayonlar haqqında mübahisəli məsələlər müzakirə edilə bilər.

Bütün mübahisəli məsələlər barədə Qafqaz dövlətlərinin razılığa gəlmələri konfransın böyük uğuru oldu. Denikinin Dağıstana hücumu nəticəsində regionda vəziyyətin kəskin dəyişməsi Qafqaz konfransını öz işini dayandırmağa məcbur etdi. Denikin təhlükəsinə qarşı Azərbaycanla Gürcüstan arasında hərbi müqavilənin imzalanması bu iki ölkə arasında münasibətləri normallaşdırdı. 1920-ci ilin əvvəllərində Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq münasibətləri formalaşırdı.

Müharibə Ermənistan üçün ağır nəticələnməsinə baxmayaraq, İstanbul konfransında erməni nümayəndə heyəti geniş ərazi iddiaları irəli sürürdülər. Ermənilər Antantanın müharibədən qalib çıxmasını toy-bayram kimi qarşıladılar. Azərbaycanın yaxın müttəfiqi olan Türkiyənin müharibədə məğlubiyyəti Ermənistanın Azərbaycana münasibətində böyük dəyişiklik yaratdı. Bundan sonra ermənilərin torpaq iddiaları genişləndi. “Böyük Ermənistan” yaratmaq ideyası Ermənistan Respublikasının rəsmi dövlət siyasətinin əsasını təşkil etməyə başladı. Odur ki, ermənilər qırğınlara başlayaraq “etnik təmizləmə” işinə başladılar.

Ermənistan hökuməti Gürcüstan və Azərbaycanın danışıqlar aparmaq təklifini müxtəlif bəhanələrlə rədd edərək, həm Gürcüstan (Borçalı), həm də Azərbaycanda (Göyçə, Qarabağ, Zəngəzur, Naxçıvan, Şərur) elan edilməmiş müharibəni davam etdirmək xəttini tutdu.

Azərbaycan Xalq Cümhuriyyəti İranla normal münasibətlərin qurulmasında maraqlı idi. İran hökuməti isə Arazın quzeyində Azərbaycan adlı dövlətin yaradılmasından və onun gec-tez Güney Azərbaycana təsir edəcəyindən təşvişə düşərək, Azərbaycan adlı müstəqil dövləti tanımadığını bildirdi.

Bir müddət sonra İranın Azərbaycana münasibətində kəskin dönüş yarandı. İran hökuməti İranla Azərbaycanın vahid dövlət təşkil etməsinin hər iki ölkə üçün məqsədəuyğun olması fikrini irəli sürdü. Azərbaycan bu təklifi kəskin etirazla qarşıladı.

İranla Azərbaycan Xalq Cümhuriyyəti arasında diplomatik danışıqlar 1920-ci il martın 20-də bir sıra sazişlərin qəbulu ilə başa çatdı. Həmin gün iki ölkə arasında dostluq haqqında da müqavilə imzalandı. 1920-ci ilin əvvəllərindən etibarən Azərbaycan Xalq Cümhuriyyəti İranın bir sıra şəhərlərində rəsmi nümayəndəliklər yaratmağa başladı.


Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətində Rusiya ilə münasibətlər xüsusi yer tuturdu. Azərbaycan hökuməti Sovet Rusiyası ilə əlaqələrin yaradılmasını zəruri hesab edirdi. Sovet Rusiyası isə Bakının azad edilməsi və Azərbaycan hökumətinin paytaxta köçməsindən narahat olduğunu gizlətmirdi.

1920-ci ildən Rusiyanın Azərbaycana qarşı təzyiqləri gücləndi. Rusiya Azərbaycan parlamentinə hakimiyyətin təhvili haqqında ultimatium verdi. Həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin sonu, Azərbaycan istiqlalının yenidən itirilməsi və Azərbaycanın yenidən müstəmləkəyə çevrilməsi demək idi. Azərbaycanın şəhər və kəndləri bir-birinin ardınca işğal olundu. Beləliklə, Azərbaycan rus müstəmləkəsinin başqa formasının altına düşdü.



14. 1920-ci illərin əvvəllərində Azərbaycan beynəlxalq münasibətlərdə
Aprel işğalından sonra Mirzə Davud Hüseynov Xalq Xarici İşlər komissarı təyin olundu və 1921-ci ilin dekabrına qədər bu vəzifədə qaldı. Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyi bağlandı. Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Azərbaycan Sovet hökuməti komissarlığın sistemində təmizləmə işinə başladı. Keçmiş peşəkarlar bir-birinin ardınca işdən azad edildilər. XXİK-də işə girmək üçün ərizə verən şəxslərin əksəriyyəti azərbaycanlı deyildi.

İşğaldan dərhal sonra Xalq Xarici İşlər Komissarlığının qarşısında duran əsas vəzifələr müəyyənləşdirildi:



  • Qonşu respublikalar və Avropa dövlətləri ilə siyasi və iqtisadi xarakterli müqavilə və sazişlər bağlamaq;

  • Xarici ölkələrin dövri mətbuatının alınmasını təşkil etmək;

  • Müxtəlif xəritələri və sərhəd xətlərini çəkmək;

  • Avropaya pəncərə açmaq;

  • Qara dənizə çıxış əldə etmək;

  • Avropa ölkələri ilə ticarət etmək;

  • Gürcüstanın bolşevikləşdirilməsi üçün daxili partlayışa səbəb ola biləcək təbliğat aparmaq;

  • Ermənistanda burjua rejiminin yıxılmasını hazırlamaq;

  • İran və Türkiyə ilə mehriban münasibətlər qurmaq;

  • Xarici pasport və viza vermək;

  • Xarici ölkə vətəndaşlarının problemlərini həll etmək;

  • Güney Qafqaz kəndlilərinin etnoqrafik xəritəsini hazırlamaq.

Rusiya hökuməti xarici siyasət fəaliyyəti sahəsində öz təzyiqlərini artıraraq mərkəzləşdirmə yaratmağa başladı. Xüsusi dekretlə xarici nümayəndəliklərin fəaliyyəti məhdudlaşdırıldı. XXİK Azərbaycana xaricilərə viza verilməsi və bir respublikadan digərinə keçmələrini sərtləşdirmək barədə göstəriş verdi. Rusiya Azərbaycanın digər sovet respublikalarında konsulluqlar açmasına da mane olurdu.

RSFSR XKS-nın iclasında Rusiya ilə Azərbaycan arasında viza sistemi ləğv edildi. Qəbul olunan qətnaməyə görə, Rusiya vətəndaşları Azərbaycana gedərkən də RSFSR daxilində olduğu kimi hərəkət edə bilərdilər. 1921-ci dekabrın 30-da Rusiya bütün sovet respublikalarının xarici ölkələrdəki nümayəndəliklərini RSFSR-ə tabe etdirdi.

Aprel işğalından sonra Rusiya hökumətinin atdığı addımlardan biri də Cənubi Qafqaz respublikalarının təsərrüfat həyatını və xarici siyasət fəaliyyətini birləşdirmək, Azərbaycanın xarici ölkələrdəki nümayəndəliklərini ləğv etmək oldu. 1921-ci ilin aprelində Azərbaycan, Gürcüstan və Ermənistanın xarici ticarətinin birləşdirilməsi haqqında qanun qəbul edildi. Beləliklə, Rusiya addım-addım sovet Azərbaycanının formal müstəqilliyini ləğv etmək siyasəti yürüdərək 1922-ci ilin dekabrında ZSFSR yaratdı.

15. 1920-ci illərdə Avropada siyasi vəziyyət
1922-1923-cü illərdə Versal sistemində əsası qoyulan cəbhələşmə meyllərinin əleyhinə gedən mübarizə Millətlər Cəmiyyətinin adı altında aparılırdı. Belə ki, Millətlər Cəmiyyətinin 1922-ci ilin sentyabrında keçirilmiş asambleyasının 14-cü qətnaməsində Millətlər Cəmiyyətinin üzvləri arasında kollektiv təhlükəsizlik müqaviləsinin bağlanması nəzərdə tutulurdu. Bu ideyanı inkişaf etdirmək üçün 1923-cü ildə qarşılıqlı yardım müqaviləsinin layihəsini müzakirə obyektinə çevirdilər. Lakin müqavilə iştirakçıları arasında bir-birinə qarşılıqlı yardım mexanizmi ətrafında kəskin ziddiyyətlər meydana çıxdı. Lakin Rur böhranından sonra və Böyük Britaniya və Fransada yeni siyasi qüvvələrin hakimiyyətə gəlməsilə beynəlxalq vəziyyətdə kəskin dəyişiklik baş verdi.

Fransanın baş naziri Errio Millətlər Cəmiyyətinin əsas fəaliyyəti kimi dünya siyasətinin partsivist cərəyanını formalaşdırmışdır və bunu digər dövlətlərə qəbul etməyi təklif etdi.

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə