"Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamə




Yüklə 92.51 Kb.
tarix24.04.2016
ölçüsü92.51 Kb.
"Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamə
"Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında" Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 14 aprel 2000-ci il

859-IQ


Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında

ƏSASNAMƏ

Maddə 1. Azərbaycan Respublikası Konstitusiyasının 143-cü maddəsinə və "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən bələdiyyələr öz fəaliyyətini daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirirlər.

Maddə 2. Bələdiyyələr öz səlahiyyətləri müddətində daimi və başqa komissiyalar yarada bilərlər.

Bələdiyyələr yerli büdcə, yeri sosial və yerli iqtisadi məsələlər, yerli ekologiya və onların fəaliyyətinə aid hüquq məsələləri ilə bağlı bu Əsasnamənin 22-ci maddəsində göstərilən daimi komissiyalar formalaşdıra bilərlər.

Bələdiyyələr onların səlahiyyətlərinə aid edilən yerli məsələlərlə bağlı zərurət olduqda başqa komissiyalar yarada bilərlər.

Maddə 3. Bələdiyyələrin daimi və başqa komissiyalarının əsas vəzifələri "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir.

Maddə 4. Bələdiyyələrin daimi və başqa komissiyaları öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və digər normativ-hüquqi aktlarını, bu Əsasnaməni, bələdiyyələrin nizamnamələrini, habelə müvafiq bələdiyyələrin qərarlarını rəhbər tuturlar.

Bələdiyyələrin komissiyaları öz fəaliyyətində müvafiq bələdiyyə ərazisində yaşayan vətəndaşların mənafe ümumiliyini əsas götürürlər.



Maddə 5. Bələdiyyələr işlərinin həcmini, maliyyə vəziyyətini və ehtiyaclarını nəzərə alaraq

müvafiq sayda daimi və başqa komissiyaları yaradırlar.

Bələdiyyələrin daimi komissiyaları bələdiyyələrin səlahiyyət müddəti ərzində səlahiyyətlidirlər. Bələdiyyələrin başqa komissiyalarının səlahiyyət müddəti bələdiyyə tərəfindən müəyyən edilir və bələdiyyələrin səlahiyyət müddətindən çox ola bilməz.

Bələdiyyələr lazım olduqda yeni komissiyalar yarada, mövcud olan komissiyaları ləğv edə və komissiyaların tərkibində dəyişikliklər edə bilərlər.

Bələdiyyələrin daimi və başqa komissiyalarının fəaliyyəti fikir müxtəlifliyi, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi, ictimai rəyi nəzərə almaqla komissiya üzvlərinin təşəbbüskarlığı prinsipləri əsasında həyata keçirilir.

Maddə 6. Bələdiyyələrin daimi və başqa komissiyalarının say tərkibi bələdiyyə tərəfindən müəyyən edilir. Daimi və başqa komissiyaların tərkibi azı üç bələdiyyə üzvüdən ibarət olmalıdır.

Bələdiyyələrin daimi və başqa komissiyalarının tərkibinə daxil olan şəxslər bələdiyyələrin iclaslarında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə seçilir. Daimi və başqa komissiyalarının tərkibinin seçilməsi bələdiyyənin qərarı ilə rəsmiləşdirilir.

Daimi və başqa komissiyalar öz tərkibindən sədr, lazım gəldikdə isə müavin də seçirlər.

Bələdiyyə üzvü bir neçə daimi və başqa komissiyaların üzvü ola bilər.

Bələdiyyə üzvü bir daimi və başqa komissiyanın sədri ola bilər.

Maddə 7. Daimi komissiyalar onların iclaslarında təsdiq olunmuş plana müvafiq olaraq fəaliyyət göstərirlər.

Daimi komissiyalar bələdiyyəyə ildə azı bir dəfə öz işi barədə hesabat verirlər.

Daimi komissiyaların iclasları ayda azı bir dəfə komissiyanın sədri tərəfindən çağırılır.

Daimi və başqa komissiyaların iclaslarında həmin komissiyanın üzvü olmayan bələdiyyə üzvləri və mütəxəssislər məşvərətçi səslə iştirak edə, təkliflər verə bilərlər. Daimi və başqa komissiyalar səyyar iclasları da keçirə bilərlər.



Maddə 8. Daimi və başqa komissiyaların iclasları onların üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.

Bələdiyyə sədrinin tələbi ilə bələdiyyələrin daimi və başqa komissiyalarının növbədənkənar iclası çağırıla bilər.

Daimi və başqa komissiyanın iclası haqqında komissiya üzvü iclas gününə azı 2 gün qalmış xəbərdar edilməlidir.

Daimi və başqa komissiyaların üzvləri hər hansı səbəbdən iştirak edə bilməyəcəyi barədə komissiya sədrinə əvvəlcədən məlumat verməlidir.



Maddə 9. Daimi və başqa komissiyaların iclaslarında baxılan bütün məsələlər barəsində qərarlar komissiyanın iclasında iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir.

Bu Əsasnaməyə müvafiq olaraq bir neçə daimi və başqa komissiyaların birgə iclası keçirildikdə, qərarlar hər bir komissiya üzvlərinin iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul olunur.



Maddə 10. Daimi və başqa komissiyalar öz səlahiyyətlərinə aid məsələlər barəsində bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərlərinin məruzələrini öz iclaslarında dinləyə bilərlər. Daimi və başqa komissiyalar öz səlahiyyətlərinə aid məsələlər barəsində bələdiyyənin icra aparatına tapşırıq vermək hüququna malikdirlər.

Daimi və başqa komissiyaların təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini bələdiyyənin icra aparatı həyata keçirir.



Maddə 11. Daimi və başqa komissiyalar bələdiyyələrin müzakirəsinə çıxarılan məsələlər üzrə öz məruzəçilərini təyin edirlər.

Daimi və başqa komissiyaların birgə hazırladıqları məsələlər üzrə komissiyalar birgə məruzə və əlavə məruzələrlə çıxış edə bilər və ya öz rəy və təkliflərini ayrıca təqdim edə bilərlər.



Maddə 12. Daimi və başqa komissiyalar bələdiyyə müəssisə, idarə və təşkilatlarına bələdiyyənin səlahiyyətinə aid məsələlər barəsində sorğu ilə müraciət edə bilərlər.

Maddə 13. Daimi komissiyalar onların müzakirəsinə verilmiş məsələlərin başqa daimi komissiyaların da səlahiyyətinə aid olduğunu müəyyən etdikdə, yaxud başqa daimi komissiyaların həmin məsələlərə dair rəy verməsində zərurət olduqda, bu barədə bələdiyyənin sədrinə təklif verə bilərlər.

Daimi komissiyalar digər daimi komissiyaların nəzərdən keçirəcəkləri məsələlərin hazırlanmasında həmin komissiyaların müraciəti ilə öz səlahiyyətlərinə aid məsələlər üzrə iştirak edə bilər.

Daimi komissiyalar nəzərdə keçirdikləri məsələlər barəsində digər daimi komissiyaların rəyini ala bilərlər.

Maddə 14. Bir və ya bir neçə daimi və başqa komissiyaların səlahiyyətlərinə aid məsələlərin müzakirəsi məqsədi ilə komissiyaların özlərinin təşəbbüsü, habelə bələdiyyənin tapşırığı ilə daimi və başqa komissiyalar birgə iclaslar keçirə bilərlər. Komissiyaların birgə iclasında sədrlik edən komissiyaların üzvləri tərəfindən seçilir.

Maddə 15. Daimi və başqa komissiyalar bələdiyyələrin iclaslarında onların səlahiyyətlərinə aid məsələlər üzrə bələdiyyələrin tabeliyində olan müəssisə, idarə və təşkilatların, habelə bələdiyyənin vəzifəli şəxslərin məlumatlarını dinləmək barədə təklif verə bilərlər.

Maddə 16. Daimi və başqa komissiyalarının iclaslarına həmin daimi komissiyaların tərkibinə daxil olmayan bələdiyyə üzvləri, bələdiyyənin tabeliyində olan müəssisələrin, idarə və təşkilatların nümayəndələri, mütəxəssislər və alimlər (ekspertlər) dəvət oluna bilərlər.

Maddə 17. Daimi və başqa komissiyaların sədri komissiyanın işinə rəhbərlik edir, komissiyanın iclasının vaxtını təyin edir, bələdiyyənin icra aparatı ilə birlikdə komissiyanın işini təşkil edir, komissiya üzvlərini zəruri sənədlər və materiallarla təmin edir, ayrı-ayrı komissiya üzvlərinə tapşırıqlar verir, komissiyanın işini başqa komissiyaların işi ilə əlaqələndirir, iclaslar üçün lazımi materialların hazırlanmasını təşkil edir, bələdiyyənin tabeliyində olan müəssisələrin, idarə və təşkilatların nümayəndələri, mütəxəssisləri və alimləri (ekspertləri) komissiyanın iclaslarında iştirak etmək üçün dəvət edir, komissiyanın iclaslarında sədrlik edir, daimi komissiyanın iş planının yerinə yetirilməsinə nəzarət edir.

Daimi və başqa komissiyaların sədri komissiyanın iclasında iştirak edə bilmədikdə onun vəzifələrini sədrin müavini, sədrin müavini seçilməyən komissiyalarda isə bələdiyyənin sədrinin tapşırığına əsasən komissiyaların üzvlərindən biri icra edir.



Maddə 18. Daimi və başqa komissiyaların üzvü onların fəaliyyətində iştirak etməyə, qərarlarının həyata keçirilməsinə kömək etməyə və tapşırıqlarını yerinə yetirməyə borcludur.

Maddə 19. Daimi və başqa komissiyaların üzvünün komissiyalarda baxılan bütün məsələlər üzrə həlledici səs hüququ vardır. Onun daimi və başqa komissiyalarda nəzərdən keçirilmək üçün məsələlər təklif etmək, həmin məsələlərin hazırlanması və müzakirəsində iştirak etmək, müzakirə olunan məsələlərlə əlaqədar bələdiyyələrin tabeliyində olan müəssisə, idarə və təşkilatların, habelə bələdiyyənin vəzifəli şəxslərini dinləmək barədə təkliflər vermək hüququ vardır.

Daimi və başqa komissiyaların hər bir üzvünə komissiyaların müzakirəsinə verilən məsələlər barəsində sənədlər və digər materiallar təqdim olunmalıdır.

Komissiya üzvü komissiyanın qəbul etdiyi qərarla razı olmadıqda xüsusi rəylə çıxış edə bilər. Həmin rəy müvafiq qərara əlavə olunur.

Maddə 20. Daimi və başqa komissiyaların iclasları protokollaşdırılır. Daimi və başqa komissiyaların qərar, rəy və protokollarını onların sədri imzalayır. Daimi və başqa komissiyaların birgə qəbul etdikləri qərarları, onların birgə hazırladıqları rəyləri və birgə iclaslarının protokollarını müvafiq komissiyaların sədrləri imzalayırlar.

Maddə 21. Daimi və başqa komissiyalar öz fəaliyyətləri haqqında ictimaiyyətə mütəmadi olaraq məlumat verirlər. Daimi və başqa komissiyaların iclaslarında kütləvi informasiya vasitələrinin nümayəndələri sərbəst iştirak edə bilərlər.

Maddə 22. Bələdiyyələr aşağıdakı daimi komissiyalar yarada bilərlər:

1) Yerli büdcə məsələləri daimi komissiyası:

yerli vergilərə və ödənişlərə, yerli büdcəyə aid qərar layihələrini hazırlayır və ya təqdim olunmuş qərar layihələrinə dair rəy verir;

yerli büdcəyə nəzarətlə bağlı məsələlərlə baxır və bələdiyyəyə təkliflər verir;

yerli büdcə layihəsinə dair başqa daimi komissiyaların təkliflərinə baxır və bu təkliflər barəsində rəy hazırlayır;

yerli büdcənin icrası ilə bağlı hesabatlara dair rəy hazırlayır;

bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

2) Yerli sosial məsələlər daimi komissiyası:

yerli sosial müdafiə və sosial inkişaf, o cümlədən əmək, məşğulluq, sosial təminat və digər yerli sosial məsələlər də daxil olmaqla, proqramların layihələrini, arayışlar, qərar layihələri hazırlayır və ya təqdim olunmuş yerli sosial müdafiə və sosial inkişaf proqramların layihələrinə və digər qərar layihələrinə dair rəy verir;

bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

3 ) Yerli ekologiya məsələləri daimi komissiyası:

yerli ekoloji proqramların layihələrini, arayışlar, qərar layihələri hazırlayır və ya təqdim olunmuş yerli ekoloji proqramları layihələrinə və qərar layihələrinə dair rəy verir;

bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

4) Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası:

yerli iqtisadi inkişaf proqramları layihələrini (o cümlədən bələdiyyə mülkiyyətinin (bələdiyyə torpaqları da daxil olmaqla) səmərəli istifadəsi, bələdiyyələrin təsərrüfat fəaliyyətinin təşkili də daxil olmaqla), arayışlar, qərar layihələrini hazırlayır və ya təqdim olunmuş yerli iqtisadi inkişaf proqramların layihələrinə və qərar layihələrinə dair rəy verir;

bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

5) Hüquq məsələləri daimi komissiyası:

bələdiyyənin qərar layihələrinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunvericiliyinə uyğunluğu haqqında, bələdiyyə üzvlərinin səlahiyyətlərinin itirilməsi və ya onlara xitam verilməsi məsələlərinə, yerli rəy sorğusuna çıxarılan məsələlərə dair rəy verir;

bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlayır.

QANUNUN TƏHLİLİ
Azərbaycanda yerli özünüidarənin hüquqi əsaslari, o cümlədən bələdiyyələrin daimi və digər komissiyaları haqqında normativ-hüquqi baza Azərbaycan Respublikasının Konstitusiyası (maddə 143), “Bələdiyyələrin Statusu haqqında” Azərbaycan Respublikasının Qanunu(maddə17) və digər qanunvericilik aktlarında təsbit olunmuşdur.

Azərbaycanda yerli özünüidarə orqanlarının institusional inkişafı istiqamətində iki beşillik dövr üzrə əldə olunmuş təcrübə bu sahədə həllini gözləyən xeyli problemlərin olduğunu göstərir. Hələ ki, mövcud qanunvericilikdə bələdiyyə strukturlarının səlahiyyətləri ilə bağlı qüvvədə olan mexanizmlər bələdiyyələrin dövrün tələblərinə müvafiq səviyyədə fəaliyyətinə cavab vermir. Həm kadr potensialı, həm də maddi resursların çatışmazlığı yerliözünüidarə qurumlarının yerli əhəmiyyətli problemlərin qarşısında aciz duruma düşməsinə səbəb olur ki, bu da bələdiyyə-əhali münasibətlərinə, onun nüfuzuna öz mənfi təsirini göstərir. Bələdiyyələrin fəaliyyətində, xüsusən də qərar qəbulu ərəfəsində daimi və başqa komissiyalarının rolu mühüm əhəmiyyət kəsb edir.

Bələdiyyə komissiyalarının vəzifə və yaradılma prinsipləri bələdiyyə qanunverciliyində təsbit olunsa da araşdırma və müşahidələr göstərir ki, bələdiyyə komissiyalarının fəaliyyəti qənaətbəxş deyil və bələdiyyə fəaliyyətində real olaraq nəzərə çarpmır. Bunun əsas səbəblərindən biri komissiyaların yaradılma və formalaşdırılma prosedurunda olan çatışmamazlıqlardır. Eyni zamanda, komissiya üzvlərinin məsuliyyəti barəsində heç bir öhdəliyin olmaması da komissiyanın fəaliyyətinə qeyri-ciddi münasibət formalaşdırır və komissiyaların formal olaraq fəaliyyət göstərməsinə səbəb olur.

Bələdiyyələrin daimi və başqa komisiyaları haqqında danışdıqda əvvəla, onu qeyd etmək lazımdır ki, başqa komissiyalar dedikdə qeyri-müəyyən təsəvvür yaranır ki, bu da ən azı münasib hüquqi terminologiya baxımından uyğun deyildir. Əgər söhbət müvəqqəti komissiyalardan (müvafiq sahəni araşdıranda belə qənaətə gəlmək olur) gedirsə onda “başqa” sözü “müvəqqəti” sözü ilə əvəz olunsa, bu məntiqi baxımdan da daha uyğun olardı.

Apardığımız araşdırmaların nəticəsində bir sıra boşluqlara rast gəldik ki, bu bəndlərə aydınlığın gətirilməsi və ya dəyişikliyin olması gələcəkdə bələdiyyələrin daimi və başqa komissiyalarının işinin effektivliyini artıra bilər.

Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikasının Qanunu və Bələdiyyələrin Daimi və Başqa Komissiyaları Haqqında Əsasnaməyə görə bələdiyyələr öz səlahiyyətləri müddətində daimi və başqa komissiyalar yarada bilərlər (Maddə 2). Əsasnaməyə görə bələdiyyələrdəki daimi və başqa komissiyaların say tərkibi bələdiyyə tərəfindən müəyyən olunur (Maddə 6), tərkibi ən azı üç bələdiyyə üzvündən ibarət fəaliyyət göstərir.

Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamənin 2-ci maddəsində qeyd olunub ki, “Bələdiyyələr öz səlahiyyətləri müddətində daimi və başqa komissiyalar yarada bilərlər”. Bunun konkret öhdəlik deyil, tövsiyyə şəklində verilməsi bəzi bələdiyyələrdə komissiyaların formalaşdırılmasında formalizmə səbəb olur. Daha yaxşı olardı ki, bələdiyyənin daimi komissiyalarının yaradılması konkret öhdəlik kimi bələdiyyənin qarşısına qoyulsun. Çünki, bələdiyyə siyasətinin formalaşdırılması müvafiq komissiyaların fəaliyyətinin nəticəsi olaraq ortaya qoyulmalıdır. Fəaliyyət istiqamətlərinin formalaşdırılması, yerli strategiyanın qurulması və digər yerli özünüidarəetmənin prinsipial məsələləri məhz daimi komissiyaların əsas fəaliyyət istiqamətləri olmalıdır.

Bələdiyyənin başqa komissiyalarının yaradılması isə tövsiyyə xarakterli ola bilər. Bu, bələdiyyənin ərazi hüdudlarında olan vəziyyətdən, maliyyədən və digər amillərdən asılı olaraq tənzimlənə bilər.

Yuxarıda qeyd etdiklərimizi əsas tutaraq, hesab edirik ki, daimi komissiyaların yaradılmasının imperativliyini təmin etmək üçün həmin bənddə:-“...daimi komissiyalar yaratmalı, zərurət olduqda başqa müvəqqəti komissiyalar yarada bilərlər.” kimi ifadə olunsa daha məqsədəuyğun olardı.

Bələdiyyələrin Daimi və Başqa Komissiyaları Haqqında Əsasnamənın 6-cı maddəsində qeyd olunur ki, daimi və başqa komissiyalar ən azı üç bələdiyyə üzvündən ibarət olmalıdır. Qanunvericilikdə komissiyaların səs hüquqlu üzvlərinin bələdiyyə üzvlərindən başqa digər şəxslərin ola bilməsi haqqında konkret olaraq məhdudiyyət qoyulmasa da 6-cı maddəyə əsasən indiyə qədər olan təcrübədə heç bir bələdiyyə komissiyasının tərkibində bələdiyyə üzvündən başqa digər nümayəndələrin təmsilçiliyinə rast gəlinməyib.

Bir çox hallarda bələdiyyə komissiyaları yalnız formal baxımdan mövcuddurlar, xüsusilə kənd bələdiyyələrində komissiyaların fəaliyyətində ciddi durğunluq müşahidə olunmaqdadır. Təsadüfi deyildir ki, son vaxtlar yerli özünüidarə sahəsində mövcud qanunvericilik aktlarına bir sıra əlavə və düzəlişlər edilsə də, bələdiyyələrin daimi və başqa komissiyaları barədə qaydalar 2000-ci ildən bəri necə qəbul olunubsa elə də qalıb. Bu isə həmin qaydaların mütəhərrik olmadığına, formal olaraq mövcudluğuna dəlalət edir. Həmçinin, bu qənaətə gəlmək olar ki, komissiyalar real işləmədiyi üçün qurumun fəaliyyətindəki nöqsanlar üzə çıxmır və daha mütəşəkkil təşkil üçün də heç bir dəyişikliyə əsas görülmür.

Elə bu maddədə həmçinin qeyd olunur ki, bələdiyyələr yerli büdcə, yerli sosial və yerli iqtisadi məsələlər, yerli ekologiya və onların fəaliyyətinə aid hüquq məsələləri ilə bağlı Bələdiyyələrin daimi və başqa komisiyaları haqqında Əsasnamənin 22-ci maddəsində göstərilən daimi komissiyalar (Yerli büdcə məsələləri daimi komissiyası, Yerli sosial məsələlər daimi komissiyası, Yerli ekologiya məsələləri daimi komissiyası, Yerli iqtisadi inkişaf məsələləri daimi komissiyası və Hüquq məsələləri daimi komissiyası) yarada bilər. Komissiyaların yaradılması bələdiyyələrə tövsiyyə xarakterli olsa da bu maddədə artıq yaradıla biləcək daimi komissiyaların istiqamətlərinin konkret adlandırılmasına rast gəlirik ki, bu da özlüyündə Əsasnamənin 2-ci maddəsi ilə 22-ci maddəsi arasında məntiqi zidiyyət təşkil edir. Həmçinin, bu maddə bələdiyyələrin daimi komissiyalarının yaradılmasında seçim imkanlarını məhdudlaşdırır, onlara konkret istiqamətlər təyin etməklə sanki qəlibə salınmış forma verir. Bu maddəyə istinadən belə nəticəyə gəlmək olur ki, bələdiyyələrin digər istiqamətdə və adda, ümumiyyətlə isə 5-dən artıq daimi komissiya yaratmaq səlahiyyəti yoxdur.

Qanunvericilikdə bələdiyyə sədrinin və müavinin (hansıki bələdiyyədən məvacib alır və daimi iş yeri bələdiyyə sayılır) daimi komissiya sədri olmaq səlahiyyəti ilə bağlı konkret heç bir müddəaya rast gəlinməsə də hesab edirik ki, bununla bağlı dəqiq yanaşma olmalıdır. Azərbaycanın bir neçə böyük bələdiyyələrində daimi komissiyalar ödənişli fəaliyyət göstərir və komissiya sədr və üzvləri bələdiyyə büdcəsindən məvacib alırlar. Belə olan halda bələdiyyə sədri və müavini bələdiyyə büdcəsindən bir neçə vəzifəyə görə məvacib alır. Həmçinin, bələdiyyə sədr və müavinin kifayət qədər vəzifə öhdəlikləri, bələdiyyə üzvü olaraq seçiciləri qarşısında məsuliyyətləri vardır ki, əlavə olaraq daimi komissiyanın işini yönləndirmək fiziki baxımdan da effektiv görünmür.

Komissiyanın yaradılması bələdiyyənin maliyyə vəziyyətindən (Əsasnamə, maddə 5.) və digər şərtlərdən asılı olaraq verilir. Əgər söhbət daimi komissiyadan gedirsə birmənalı olaraq struktur formalaşdırılmalı, komissiyyada təmsilçiliyin ödənişli əsaslarla aparılması dəqiq müəyyənləşdirilməlidir

Bundan başqa, bələdiyyələrin daimi və başqa komisiyaları haqqında Əsasnamənin 5-ci maddəsində maliyyə vəziyyəti ilə bağlı qeyd olunsa da, komissiya üzvlərinin daimi iş yerlərinin bələdiyyə olması ilə bağlı qanunvericilikdə heç bir müddəa yoxdur. Maliyyə vəziyyətinə isə aydınlıq gətirilmir ki, maliyyə inzibati xərcləri qarşılamaq üçün lazımdır, yoxsa adminstrativ xərcləri ödəmək üçün?. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq komissiyaların yaradılmasının maliyyədən asılılığına aydınlıq gətirilməsinin vacib olduğunu düşünürük.

Maddə 8-də (Bələdiyyələrin daimi və komisiyaları haqqında Əsasnamə) qeyd olunur ki, daimi və başqa komissiyaların üzvləri hər hansı səbəbdən iclasda iştirak edə bilməyəcəyi barədə komissiya sədrinə əvvəlcədən məlumat verməlidir. Həmçinin, Maddə 18-də (Əsasnamə) qeyd olunur ki, daimi və başqa komissiyaların üzvləri onların fəaliyyətində iştirak etməyə, qərarlarının həyata keçirilməsinə kömək etməyə və tapşırıqlarını yerinə yetirməyə borcludur. Ancaq, komissiya üzvünün iclaslarda iştirak və vəzifələrin icrası ilə bağlı konkret məsuliyyəti göstərilməyib deyə onların iclas və tədbirlərdə iştiraka davamiyyəti də qənaətbəxş deyildir. Müvafiq sənədlərdə komissiya üzvlərinin səlahiyyəti ilə yanaşı məsuliyyəti də göstərilməlidir. Çünki, komissiya üzvlərinin komissiya iclas və fəaliyyətlərində iştirakçılığı effektiv fəaliyyətə birbaşa təsir göstərir və komissiyanın nə dərəcədə real və ya formal fəaliyyət göstərdiyinin indiqatorlarından biridir.

Bələdiyyə üzvünün statusu haqqında qanunun 13-cü maddəsində göstərilir ki, Əmək haqqını bələdiyyədən alan bələdiyyə üzvünün əsas iş yeri bələdiyyə hesab olunur. Deməli, komissiya sədri məvacib almırsa əsas iş yeri başqa müəssisə hesab olunmur və onun müvafiq istiqamətdə bələdiyyənin siyasətini formalaşdırmaq üçün vaxtını və enerjisini sərf etməyi sual altında qalır. Ümumiyyətlə, komissiya üzvlərinin məvacibsiz işləməsi komissiyanın işində effektivliyin olmamasına səbəb olur. Ona görə də heç olmasa komissiya sədrinin məvacibli işləməsi (daimi əsaslarla iş) mütləq hala keçməlidir və qanunvericilikdə öz əksini tapmalıdır.

Bələdiyyələrin daimi və başqa komisiyaları haqqında Əsasnamənin 16-cı maddəsində qeyd olunur ki, komissiyaların fəaliyyətinə müxtəlif ekspertlər, mütəxəsislər və s. cəlb oluna bilər. Ancaq onlar məşvərətçi səslə iştirak edib təkliflər verə bilərlər. Lakin, burada mütəxəssislərin cəlb olunmasının konkret mexanizmləri; ödənişli və ya könüllü əsasda iştirakı məsələsi də boşluq təşkil edir, təklif edirik ki, mütəxəssislərin komissiyaların işinə cəlb olunmasının hər iki halını özündə ehtiva edən müddəa qanunvericilikdə əlavə düzəliş olaraq əks olunsa bu boşluq aradan qalxar. Əldə olunan təcrübə bunu deməyə əsas verir ki, bələdiyyə komissiyalarının müvafiq sahəyə uyğun mütəxəsislərdən təşkil olunması daha effektlidir. Komissiyanın sədri bələdiyyə üzvündən seçilir və o daimi əsaslarla bələdiyyədə işləyir. Komissiyanın üzvləri isə müvafiq sahəyə uyğun mütəxəsis, bələdiyyə qulluqçusu və ekspertlərdən təşkil olunarsa, daha səmərəli nəticə əldə etməyə imkan yaratmış olar. Bələdiyyələrin daimi və başqa komissiyalarının ixtisaslaşmış peşəkar kadrlarla daha yaxşı təmin olunması və işin keyfiyyətinin yüksəldilməsi üçün komissiyalardakı fəaliyyətin könüllülük prinsipindən tədricən ödənişli sistemə keçirilməsi onlarda məsuliyyətin artmasına xidmət etmiş olacaq. Yenə də xarici ölkələrin təcrübəsinə müraciət etsək, təklif olunan formanın nə qədər səmərəli olmasına bir daha əmin ola bilərik. Məs., İsveçrənin Saint-Gallen bələdiyyəsinin daimi komissiyalarında təmsil olunan bələdiyyə üzvləri buna görə maaş almırlarsa, vaxtaşırı meydana çıxan müxtəlif problemlərin həlli məqsədilə yaradılan müvəqqəti komissiyaların yalnız sədri bələdiyyə şurasının üzvü olmaqla digər üzvlər kənar mütəxəssislərdən təşkil olunur və onların hamısı ödənişli əsaslarla fəaliyyət göstərirlər. Niderland Krallığının Vageningen şəhər şurasında isə, şəhər merinin təyin etdiyi Məsləhət Şurası (onlar bələdiyyə üzvləri deyil, professional və hormətli şəxslərdə təşkil olunur) yerli bələdiyyə məclisi və eyni zamanda mer qaşısında hesabatlı olmaqla daimi komissiya funksiyasını həyata keçirir, lazım olduqda müvəqqəti komissiyaların yaradılması, onların tərkibi, ödənişli və ya könüllü əsasda olması və s. barədə bələdiyyə şurası qarşısında məsələ qaldırır və əgər təklif olunan tərkib təsdiq edilirsə, həmin müvəqqəti komissiya fəaliyyətə başlayır.

Rusiya Federasiyasının “Yerli Özünüidarə Haqqında” Qanununda daimi və müvəqqəti komissiyaların yaradılması şəhər, rayon, qəsəbə və kənd bələdiyyə şuralarının səlahiyyət dairəsinə şamil edilir. Müvafiq bələdiyyə şuraları öz daimi komissiyalarını səlahiyyət müddətinə aid dövr üzrə yaratmaqla şura iclaslarına çıxarılacaq məsələlərin layihəsini hazırlamağı, qanunla müəyyən edilmiş normalara uyğunluğu və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmək sahəsindəki təkliflər verməyi həvalə edirlər. Həmçinin, müvafiq şuralar müvəqqəti komissiyalar da yarada bilərlər ki, həm daimi, həm də müvəqqəti komissiyalar onları formalaşdıran orqan, yəni şura qarşısında hesabatlıdırlar. Bundan başqa, şuralar daimi və müvəqqəti əsasda deputat qrup, klub və digər könüllü birlikləri yaratmaq səlahiyyətinə malikdirlər. Rusiyada bələdiyyə şuralarının iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.1

Həmçinin, təkcə bələdiyyə üzvləri deyil, hər hansı bir problemin aradan qaldırılması üçün yaradılan müvəqqəti komissiyaya dəvət olunacaq mütəxəssislərlə xidmət müqaviləsi bağlana, əməyin hansı əsasda qarşılığı və vaxt müddəti konkret olaraq müəyyənləşdirilə bilər. Belə olan halda, onların müqavilə əsasında işləmələri daha məqsədəuyğundur ki, bu zaman tərəflərin məsuliyyəti konkretləşdiriləcək. O zaman bələdiyyə sədri, bələdiyyənin icra aparatı komissiyların işinə daha tələbkarlıqla yanaşa və hesabat tələb edə biləcəklər. Komissiyaların təşkili və işində artıq maliyyə əməliyyatları qabardığı üçün audit yoxlamasında ciddiyə alınacaq və bu da komissiya üzvlərinin, eyni zamanda bələdiyyə sədri və bələdiyyənin icra aparatının da məsuliyyətini artıracaqdır.

Digər tərəfdən bələdiyyələrin daimi komissiyaları onların əhatə sahəsi, əhalisi, mandatlı üzvlərin sayı və s. asılı olaraq fərqli sayda təşkil edildiyindən burada da xaotik bir uyğunsuzluq hiss olunur. Məsələyə bir qədər təcrübi yanaşsaq, bir sıra kənd bələdiyyə üzvlərinin say tərkibi (orta-9 nəfər) və ixtisas yönümü daimi komissiyaların formalaşdırılmasının Əsasnamədə göstərilən istiqamətləri ilə uyğunsuzluğunu görərik. Belə ki, elə kənd bələdiyyələri var ki, orada komissiyanin prioritetinə uyğun olan ixtisas sahibi yoxdur. Bu halda, müvafiq komissiyalarda keyfiyyətli işdən danışmağa dəyməz. Həmin sahəyə peşəkar kadr, mütəxəssis cəlbi səmərəli iş əmsalının yüksəlməsinə gətirib çıxarar.

6-cı maddədə qeyd olunan “bir bələdiyyə üzvü bir neçə komissiyanın üzvü ola bilər” maddəsinə müvafiq dəyişikliklər edilməklə bir bələdiyyə üzvünün yalnız bir daimi və başqa komissiyada təmsilçiliyi normaya salınmalıdır. Diqqət etsək, hazırda komissiya üzvünün daimi iş yeri bələdiyyə deyil, belə olan halda O bir neçə komissiyanın üzvlüyündə və həm də daimi iş yerində təmsil olunmalıdır. Bu isə real deyildir. Daha yaxşı olardı ki, komissiya üzvlərinin tərkibi müxtəlif statuslu olsun, yəni mütəxəsislərin, ekspertlərin, icma nümayəndələrinin və bələdiyyə qulluqçularının da təmsil olunduğu bir qurum halına gətirilsin. Komissiyanın sədri isə daimi iş yeri bələdiyyə sayılan bələdiyyə üzvü olsun. Belə olan halda təklif olunan komissiya üzvlərinin ödənişli işə keçməsi prosesində də heç bir problem yaşanmaz. Bir bələdiyyə üzvü yalnız bir vəzifəyə görə bələdiyyə büdcəsindən məvacib alar. Eyni zamanda bir mütəxəsis bir neçə bələdiyyənin müvafiq komissiyasında xidmət göstərməklə bələdiyyənin inkişafına peşəkar töhfəsi verə bilər.

Türkiyə Cümhuriyyətinin 5272 saylı Bələdiyyə Qanununda bələdiyyə komissiyalarının yaradılmasının məqsədi (amacı;2) belə göstərilir; - yerli özünüidarəetmə fəaliyyətində nöqsanların aradan qaldırılması, bələdiyyələrin müvafiq sahədəki yerli strategiyasını müəyyənləşdirmək, qərar qəbulu prosesi öncəsi düzgun, tərəfsiz və ədalətli nəticəyə əsaslanan təkliflə bələdiyyə məclisinə rəy verməkdir.

Hazırki təcrübədə bələdiyyələrdə eyni funksiyanı həyata keçirən həm komissiya, həm də şöbələrin fəaliyyətini müşahidə edirik. Baxmayaraq ki, bir çox hallarda komissiyalarla şöbənin fəaliyyətində konkret səlahiyyətlər müəyyənləşdirilməmişdir. Əgər belə hesab eləsək ki, komissiyaların müəyyən etdiyi strategiyanı şöbələr icra edir, bir çox hallarda eyni adda komissiya və şöbənin yalnız birinin fəaliyyət göstərdiyinin şahidi oluruq. Onda belə sual ortaya çıxır ki, komissiya yoxdursa şöbə hansı strategiyanı icra edir və ya əksinə, komissiya var və müəyyən fəaliyyət strategiyası müəyyən edirsə onu hansı şöbə həyata keçirir? Bununla bağlı qanunvericilikdə mücərrəd ifadələrdən konkret təyinatlı müddəalara üstünlük verilməli, səlahiyyət zənciri ardıcıllıqla müəyyənləşdirilməli və fəaliyyətin icrasına aiddiyatı orqanlar əlaqəli fəaliyyət göstərməlidir.

Qanunvericilkdə bələdiyyə qərarlarının komissyaların rəyinə əsaslanması, komissiyaların fəaliyyətinə və gəldikləri yekun nəticəyə istinadı ilə bağlı heç bir öhdəlik yoxdur. Bu da müvafiq qurumların öhdəliklərinin nizamsız bölgüsünü ortaya çıxarır. Belə ki, komissiyanın rəyi mütləq və ya digər formada bələdiyyə qərarlarının qəbulunda öz əksini tapmırsa deməli komissiyaların formal qurum olduğunu və fəaliyyətlərinin nəticələrinin heç bir əhəmiyyət daşımadığını ortaya qoyur.

Həmçinin, heç bir sənəddə bələdiyyənin icra aparatının komissiyanın rəy və tövsiyyələrini nəzərə almadığı təqdirdə hansı məsuliyyət daşıdığı haqqında dəqiq bilgi verilmir. Bütün bunlar bələdiyyə fəaliyyətində komissiyanın işinə qeyri-ciddi münasibətin formalaşmasına gətirib çıxarır.

Yuxarıdakıları nəzərə alaraq qeyd etmək istəyirik ki, bələdiyyə qərarlarının qəbul edilməsində müvafiq komissiyaların rəyi, yekun nəticənin qərarda əksi barədə Əsasnamədə əlavə və düzəlişlərə ehtiyac vardır.



Beləliklə, bələdiyyə komissiyalarının fəaliyyətinin daha səmərəli təşkili üçün qanunvericiliyə aşağıdakı istiqamətdə əlavə və dəyişiklikləri təklif etmək olar:

NƏTİCƏLƏR


  1. “Başqa komissiyalar” anlayışı mücərrəd ifadə olduğundan və Əsasnamədə komissiyaların mahiyyət meyarlarının dürüstləşdirilməsi məqsədilə “başqa” sözü “müvəqqəti” sözü ilə əvəz edilsin;

  2. Bələdiyyələrin daimi və başqa komisiyaları haqqında Əsasnamədə və digər sənədlərdə bələdiyyənin daimi komissiya yaratmaqla bağlı səlahiyyəti tövsiyyə deyil öhdəlik kimi qoyulsun;

  3. Bələdiyyə sədrinin daimi komissiya sədri ola bilmək səlahiyyəti məhdudlaşdırılsın;

  4. Bələdiyyə komissiyalarının səs hüquqlu üzvlərinin statusu dəyişdirilsin, səs hüquqlu üzv kimi bələdiyyə qulluqçuları, mütəxəsislər, ekspertlər komissiyanın işinə cəlb olunsun;

  5. Bir bələdiyyə üzvünün yalnız bir daimi komissiyada təmsilçiliyi öhdəlik kimi qeyd olunsun;

  6. Komissiya üzvlərinin məsuliyyəti və öhdəlikləri dəqiq müəyyən olunsun;

  7. Komissiyanın sədrinin daimi iş yeri bələdiyyə sayılsın;

  8. Əsasnamənin 16-cı maddəsinə daimi və müvəqqəti komissiyalara dəvət edilən mütəxəssislərin, alim və expertlərin bələdiyyələrin maliyyə imkanlarından asılı olaraq iki formada - ödənişli və ya könüllü əsasda cəlbi qanunamüvafiq hesab edilsin;

  9. Bələdiyyə orqanları arasında vəzifə və öhdəlik üzrə səlahiyyətlərin bir-birini təkrarlamaması məqsədilə müvafiq daimi komissiyaların icra strukturları ilə paralel funksiyaları vahid sistemdə təşkil edilsin;

  10. Bələdiyyə fəaliyyətində Komissiyaların qərarlarına rəsmi istinadı özündə əks etdirən maddə əlavə olunsun.

  11. Komissiyaların qərar, rəy və təkliflərinə məsuliyyətsiz yanaşma hallarında bələdiyyə və bələdiyyənin icra aparatının öhdəlikləri müəyyən edilsin.



1 О.Е.Кутафин, В.И.Фадеев- Мунисипальное Право-Москва-2004

2 Hulusu Şenturk-Belediyye İç ve Dış Denetim-Ankara-2003





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə