Bələdiyyə seçkilərində qadınların rolu




Yüklə 43.83 Kb.
tarix28.04.2016
ölçüsü43.83 Kb.
Bələdiyyə seçkilərində qadınların rolu
Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin sayı dəqiqləşib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bu namizədlər 1718 bələdiyyədə olan 15 min 682 bələdiyyə üzvlüyünə iddialıdırlar. Bələdiyyə üzvlüyünə namizədlərin 16 min 20-si ali təhsilli, 166 nəfər natamam ali, 8938 nəfər orta təhsilli, 6737 nəfər orta ixtisas təhsilli şəxslərdir. Seçkilərdə 6222 nəfər qadının bələdiyyə üzvlüyünə namizəd olaraq qatılıb.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bu seçkilərdə 850 nəfər namizəd irəli sürüb. Təşkilat Şöbəsinin rəhbəri Samir Əsədlinin sözlərinə görə, onlardan 310 nəfəri qeydiyyata alınıb. Qeydə alınan namizədlərin 55 faizi gənclər, 25 faizi qadınlardr.
Yeni Azərbaycan Partiyasının (YAP) irəli sürdüyü 15 min 671 nəfər bələdiyyə üzvlüyünə namizəddən 15 min 637 nəfəri qeydə alınıb. Partiyanın icraçı katibi Əli Əhmədovun verdiyi məlumata görə, namizədlər arasında qadınların və gənclərin hər birinin ortalama göstəricisi 30 faizdir.
Musavat Partiyasının Seçki Qərargahının rəhbəri Gülağa Aslanlının verdiyi məlumata görə, partiya bələdiyyə seçkilərində üç minə yaxın namizəd irəli sürüb. Bu günə kimi partiya xətti ilə 105 namizədin qeydə alınıb. Konkret olaraq neçə qadın və gənc namizədin olduğu dəqiqləşdirilməyib.
Ana Vətən Partiyasının (AVP) mətbuat xidmətinin rəhbəri Babək Hacıyevin məlumatına görə, partiya bələdiyyə seçkilərində 800 nəfərə yaxın namizəd irəli sürüb. Onlardan 412 nəfəri qeydə alınıb. Qeydə alınanların 10 faizinin qadınlar, 30 faizinin isə gənclər təşkil edir.
Milli Quruluş Partiyasının Ali Məclisinin sədri Əjdər Əliyevdən aldığımız məlumata görə, bələdiyyə seçkilərinə 700-ə yaxın namizəd irəli sürülsə də, onlardan 400-dən yuxarı partiya üzvü qeydə alınıb. Namizədliyi qeydiyyata alınan partiya üzvlərinin əksəriyyətinin gənclər oduğunu deyən Ə.Əliyev bildirib ki, təmsil etdiyi partiyanın namizədlərinin 20 faizindən çoxunu qadınlar təşkil edir.
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadənn məlumatına görə, partiyanın irəli sürdüyü 230 namizəddən 220 nəfəri bələdiyyə seçkisində namizəd kimi qeydiyyata alınıb. Qeydə alınan DADP namizədlərindən 32 nəfəri qadınlar, qalanarı isə gənclərdir.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bu günə kimi 115 namizədi qeydiyyata alınıb. Partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucovun sözlərinə görə, həmin namizədlərdən yalnız 38 nəfəri öz partiya mənsubiyyətini göstərib. Qalan 78 namizəd isə öz namizədliyini açıqlamayıb. Partiyanın namizədləri arasında qadınların və gənclərin sayı haqda dəqiq məlumat yoxdur.


Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) namizədlərinin 70 faizindən çoxu gənclərdir. Bu barədə məlumat verən ALDP sədri Fuad Əliyevin sözləinə görə, qalan namizədlərin 20 faizindən çoxu qadınlardır. ALDP-nin maliyə çətinliyi üzündən cəmi 5 namizədini partiya xətti ilə sürdüyünü deyən F.Əliyev bildirib ki, partiya üzvləri əsasən fərdi qaydada namizədliklərini irəli sürüblər. Onun sözlərinə görə, seçki prosesinə start verildiyi andan 635 partiya üzvünün imza vərəqələri götürüb. Onlardan yalnız 420 nəfəri imza vərəqələrini dairə seçki komissiyalarına təqdim edib. Son olaraq isə namizədlərdən 235 nəfəri qeydiyyata alınıb.
Ümid Partiyasının 351 namizədi qeydiyyata alınıb. Partiyanın Ali Məclisinin sədri Ənvər Ağazadənin sözlərinə görə, Umid Partiyasının qeydə alınan namizədlərinin 10 faizini qadınlar, 25 faizini isə gənclər təşkil edir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının baş katibi, partiyanın seçki qərargahının rəhbəri Zöhrab Abdullayev partiya xəttilə 930 namizədin irəli sürüldüyünü deyib. Bundan başqa, partiyanın 90 üzvü müstəqil qaydada seçkiyə qatılıb. Ümumilikdə 300 nəfər qeydiyyata alınıb. Qeydə alınmış namizədlərın neçə nəfərinin qadınlar və gənclər olması hələ dəqiqləşməyib.
Seçki prosesi başlayanda 1510 namizədlə bələdiyyə seçkilərinə qatılacağını bəyan edən Azərbaycan Liberal Demokrat Partiyasının nə qədər namizədinin qeydə alındığı məlum deyil. Bu barədə məlumat verən partiyanın sədr əvəzi Əvəz Temirxan deyib ki, namizədlər müstəqil şəkildə iştirak etdiklərindən bu haqda dəqiq məlumat məlumata malik deyil.

Azərbaycan Demokrat Partiyası (ADP) prosesin başlanğıcında 200 nəfər partiya üzvünün fərdi qaydada namizədliyini irəli sürdüyünü bəyan etmişdi. ADP sədrinin müavini Taliyyət Əliyev bildirib ki, namizədlərin bir çoxu seçknin birinci mərhələsində öz namizədliklərini geri götürüblər. Bu günə kimi partiyanın 50 yaxın namizədinin qeydə alındığını deyən partiya sədri onların arasında qadınların 5 faizdən bir çox olduğunu deyib.

***
Statistika: Azərbaycanda qadınlar kişilərdən 5,4 il çox yaşayır


Azərbaycanlı qadınların gözlənilən uzunömürlülüyü 75,1 il təşkil edir ki, bu göstərici kişilərdə olduğundan 5,4 il çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən verilən məlumatda göstərilir.

Rerspublikadakı qadınların 50,6%-i reproduktiv yaş həddindədir və onlardan hər birinə orta hesabla iki uşaq düşür.

Statistikaya görə, ötən il doğulan uşaqların 46% -ni qızlar təşkil edir. Bir çox hallarda şəhər yerlərində yaşayan valideynlər uşaqlarına Fatimə və Fidan adlarını, kənd yelərində isə Nərmin adını verirlər. Bundan başqa, Arzu, Zəhra, Nuray, Nəzrin, Leyla və Zeynəb adları geniş yayılıb.

Respublikada 28 doğum evi, 317 qadın məsləhətxanası, 590 uşaq poliklinikası və ambulatoriya, 1735 baytar-mama məntəqəsi var.

Ümumilikdə, bu il martın 1-nə Azərbaycan əhalisinin 50,6%-i və ya 4 mln.424 min nəfərini qadınlar təşkil edib. Bununla yanaşı, onların yarısından çoxu şəhər yerlərində yaşayır.

Məşğul əhali hissəsi arasında qadınların payı 49,5% təşkil edir. Orta təhsil məktəblərində müəllimlərin 73%-ni qadınlar təşkil edir. Orta peşə məktəblərində bu göstərici 74%-ə, ali məktəblərdə isə 46%-ə çatır. Azərbaycanda həkimlərin 62%-ni qadınlar təşkil edir.

15 yaşından yuxarı hər min qadından 745-i tam orta təhsilə malikdir. Orta ümumtəhsil məktəbləri şagirdlərinin 47%-i, orta peşə və ali təhsil məktəbləri kontingentinin 69%-i qadınlardan ibarətdir.

DSK həmçinin elmin inkişafında qadınların payının yüksək olduğunu qeyd edir. Belə ki, aspirantların və elmlər doktorlarının 33%-i, elmi işçilərin 59%-i qadınlardan ibarətdir. Son beş ildə elmlər doktoru dərəcəsini alan qadınların sayı 44%, elmlər namizədlərinin sayı is 18% artıb. Azərbaycan Milli Elmlər Akademiyasının 12 müxbir üzvü, eləcə də akademiklərdən 3-ü qadındır.

Son illərdə milli qanunvericilik orqanının deputatları arasında qadınların sayı artıb. Əgər 1990-cı ildə qadın deputatların sayı cəmi 4,3% təşkil edirdisə, indi bu göstərici 11,2%-ə çatıb.

Azərbaycanda dövlət qulluqçularının 29%-i və sahibkarların 15%-ni qadınlar təşkil edir. İdmanla məşğul olanların 21%-i qadınlardır. Ölkədə hər beş ev təsərrüfatından birinə qadın rəhbərlik edir.

Qadınların ictimai həyatda, eləcə də siyasi aləmdə yetərincə təmsil olunması üçün müxtəlif kvota metodları mövcuddur. Bunların arasından seçilmiş bir qrup metod mütəxəssislər tərəfindən daha uğurlu hesab edilir. Məsələn, hökumətlərə tövsiyə olunan kvota metodlarından biri də parlamentdə qadınların minimal təmsilçiliyini artırmaqdır.

Bu təcrübə bir sıra ölkələrdə tətbiq olunur. İtaliya qanunvericiliyinə görə, qadınların parlamentdə təmsilçiliyi 50, Argentinada 30, Braziliyada isə 20 faiz həcmində təmin olunmalıdır. Avropada hesab edirlər ki, bu səpkili kvota metodlarının tətbiq edilməsi qadınların siyasi həyatda təmsilçiliyinin təminatında keçid rolunu oynaya bilər. Bir qrup mütəxəssis isə hesab edir ki, tətbiq edilən bu kvotalar sonda diskriminasiya ilə nəticələnə bilər.


Qadın və vəzifə
Azərbaycan qadınlar və kişilər arasındakı bərabərliyin səviyyəsinə görə, dünyada 61-ci pillədədir. Dünya İqtisadi Forumunun 2008-ci il üçün illik hesabatında bu haqda məlumat verilir. 2007-ci ildə eyni hesabatda 59-cu yeri tutan Azərbaycan, bir il ərzində 61-ci yerə düşüb. Hesabatın reytinq cədvəlinin ilk 10 yerlərini Norveç, Finlandiya, İsveç, İslandiya, Yeni Zelandiya, Filippin, Danimarka, İrlandiya, Niderland və Latviya tutur.

Forumun məlumatına görə, hazırda dünyada qadınlar və kişilər arasında siyasi hüquqlar (14%) və iqtisadi fəaliyyətə (57%) görə bərabərsizliyin aradan qaldırılması çox zəif gedir.

Azərbaycanın qadınlar və kişilər arasındakı bərabərliyin səviyyəsinə görə bu sırada yer alması ölkədə uzun illər ərzində idarəetmə fəaliyyətinin kişilərin əlində cəmləşməsi ilə əlaqədardır.

Son illər bununla bağlı stereotipləri bir qədər sarsıtmaq mümkün olsa da, problem hələ də qalır. Dövlət qurumlarında, idarə və müəssisələrdə kişilər əksəriyyət təşkil edir, eyni zamanda qadınlar kişilərə nisbətən rəhbər vəzifələrdə olduqca az təmsil olunurlar, bu səbəbdən onların qərarların qəbuluna təsiri azdır. Amma cəmiyyətdə qadının rolu, onların inkişafa təsiri danılmaz fakt olaraq qalır.

Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti 2000-ci il martın 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman verib.

Fərmanda bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması, Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə qanunlarda dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar verilib.

Bu fərmandan sonra nazirlik, komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb.

Lakin bu istiqamətdə müəyyən işlər görülsə də, hələ də qadınlar hakimiyyət orqanlarında və rəhbər vəzifələrdə az təmsil olunurlar.

Ekspertlər qadınların idarəetmə strukturlarında az təmsil olunmasını bir neçə səbəblə əlaqələndirirlər. Səbəblər sırasında cəmiyyətdə kişi və qadın işlərinin bölünməsi, qadınlar üçün onları əhatə edən stereotipləri, əxlaq normalarını yarmağın çətin olması və s. yer alır.

Ekspertlər hesab edirlər ki, məcburi qaydalar müəyyən edən belə qanunların qəbulu ilə cəmiyyətdəki stereotipləri yarmaq və qadınların fəallaşdırılması üçün uyğun tədbirlər görmək zəruridir.

Ekspertlər qadınların yüksək vəzifələrdə yer tuta bilməməsinin səbəbini əlverişli şəraitin olmaması ilə əlaqələndirir və hesab edirlər ki, bunun üçün əlverişl şərait və bərabər imkanlar yaradılmayıb.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Trend News-a bildirib ki, Azərbaycanda kişilər praktiki olaraq bütün sahələrdə üstünlük təşkil edirlər, qadınlarımızın qərar qəbul olunmasındakı iştirakı qaneedici səviyyədə deyil. Onun fikrincə, Azərbaycan üçün qeyri-bərabərliyin yaratdığı problemlər xüsusən aktualdır, çünki ənənəvi olaraq burada müəyyən "patriarxal" münasibətlərə meyl var və qadınların işləməsi, siyasətə cəlb olunması əksər hallarda neqativ reaksiyaya səbəb olur.

"Hesab edirik ki, diskriminasiyanın aradan qaldırılması, cəmiyyətdə şəxsiyyətin özünü reallaşdırması, onun sosiallaşması üçün nisbətən bərabər şəraitin yaradılması baxımından siyasi mədəniyyəti artırmaq istiqamətində maarifləndirmə işləri aparılmalıdır", - deyə Komitə rəsmisi vurğulayıb.
***
Dünyada cəmi 192 prezident var, onun da 8-i qadındır.

Azərbaycanda nazir qadın yoxdur

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə 8 milyon 730 min əhalinin 49 faizi kişi, 51 faizi qadındır.

İlkin məlumatlara görə, iqtisadi fəal qadınlar - 2 milyon 82 min, məşğul qadınlar - 1 milyon 963 min, muzdla işləyənlər - 615,1 min, muzdsuz-özü məşğul olanlar - 1 milyon 348 min nəfər təşkil edir.

Dövlət sektorunda - 475,5 min, qeyri-dövlət sektorunda - 1 milyon 487,6 min qadın çalışır.

Kənd təsərrüfatı ilə məşğul olan qadınlar - 838,7 min nəfər, elektroenergetika, qaz və su təchizatı sahəsində - 6,1 min, tikinti sahəsində - 17 min, ticarət - 432,3 min, mehmanxana və restoran sektorunda - 8,4 min, nəqliyyat, rabitədə - 31,9 min, dövlət idarəetmə və müdafiə, məcburi sosial təminat sahəsində - 70,2 min nəfər, təhsildə - 220,1 min, səhiyyə və sosial xidmətlərdə - 136,4 min qadın var.

Toxunulmazlıq hüququ olan -səfirlik, nümayəndəlik və konsulluqlarda 600 vətəndaşdan 20-si qadındır.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsindən bildirilib ki, respublikda qadınların qərar qəbuletmədə və hаkimiyyət оrqаnlаrındа iştirakı getdikcə artmaqdadır. 31 yеrli icrа hаkimiyyəti bаşçıсının müavini qadınlаrdır. O cümlədən, Azərbaycanda parlamentin 125 deputatından 14-ü qadındır, bu isə parlamentin 11%-i deməkdir. Parlament sədrinin 3 müavinindən 1-i, komissiya sədrlərindən biri qadındır.

Konstitusiya Məhkəməsinin sədr müavini, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri və 2 müavini, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri, 4 nazir müavini, хаrici ölkələrdə bir səfir və bir dаimi nümаyəndə, insan hüquqları üzrə müvəkkil (ombudsman), Naxçıvan Muxtar Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) qadındır.

Komitənin məlumatına görə, Azərbaycanda qadınlar təhsil və səhiyyə sahəsində daha çoxdur və müvafiq olaraq 67,9% və 70,2% təşkil edir.

Mərkəzi Seçki Komissiyasının 16 üzvündən 4-ü, 125 Dairə Seçki Komissiyası sədrindən 3-ü qadındır. MSK-larda da qadınlar var, amma onların əksəriyyəti üzvlərdir.

Qadınlar daha çox qeyri-hökumət təşkilatlarında fəallıq nümayiş etdirirlər. Belə ki, ölkədə 90-a yaxın QHT qadın təşkilatı fəaliyyət göstərir.

Azərbaycanda nazir qadın yoxdur. Səksənədək rayon icra hakimiyyəti başçısı arasında da qadın yoxdur.

BMT-nin qadınların vəziyyətini yaxşılaşdırmaq üçün 1991-ci ildə verdiyi tövsiyələrdə qadınlarla bağlı 30 % kvota dövlət orqanlarının demokratikləşdirilməsi üçün minimal göstərici sayılıb.

Norveçdə qadınların hakimiyyət orqanlarında iştirak kvotası azı 30 %, İsveç parlamentində 51% müəyyən olunub.

Bir qrup ekspert kvotanın müəyyən edilməsinin tərəfdarı deyil. Qadınların iştirak kvotalarının müəyyən olunmasını bir çoxları qadınları aşağılayıcı tədbir kimi qiymətləndirir. Onların fikrincə, işə qəbul üçün seçilmə meyarı hansı cinsə mənsubluq deyil, savad, qabiliyyət olmalıdır.

Bu fikirlə razılaşmayan ekspertlər isə hesab edirlər ki, kvotanın qoyulması ilkin dövrlərdə çətinliklər yaratsa da, sonradan istənilən nəticəni verə bilər.

Ombudsman Elmira Süleymanova Trend News-a açıqlamasında qadınların dövlət hakimiyyətində iştirak kvotasının müəyyənləşdirilməsinin tərəfdarı olmadığını bildirib: "Kvotanın əleyhinəyəm. Təsəvvür edin ki, hansısa sahədə bizim peşəkar qadınların sayı çoxdur. Təbii ki, onlar həmin sahədə cox təmsil olunacaqlar. Hansı sahədə peşəkarlar azdırsa, o sahəyə kvota tətbiq edilsə, ora qeyri-peşəkarlar cəlb olunacaq. Biz əksər sahələrdə qadınların çalışmasına maraqlı olmalıyıq".

Dövlət Komitəsinin sədr müavini Qəhrəmanova da kvotanın müəyyənləşməsinin tərəfdarı deyil.

O bildirib ki, demokratik cəmiyyətdə daha çox bərabər imkanlardan danışmaq yerinə düşərdi. Onun fikrincə, əgər gender bərabərliyindən danışırıqsa, kişi və qadınlara bərabər imkanlar yaradılmalı və hakimiyyət orqanlarında kimin təmsil olunacağı cinsi mənsubiyyətə görə deyil, həmin insanın peşə səriştəsinə, əxlaqi keyfiyyətlərinə, dünyagörüşünə, biliklərinə görə müəyyən olunmalıdır.

Azərbaycanda qadınlara qarşı daha çox hüquq-mühafizə orqanlarında diskriminasiya var

Qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ekspertlər hesab edirlər ki, Azərbaycanda qadınlara qarşı daha çox hüquq-mühafizə orqanlarında diskriminasiya var.



Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxili işlər orqanlarında 615 qadın əməkdaş çalışır. Onlardan 219-u zabit, 386-sı sıravi və orta rəis heyətinə daxildi.

Qadın zabitlərdən 80 nəfəri hüquqşünasdı. Onlardan 19-u xidməti fəaliyyətində irəli çəkilərək rəhbər vəzifələrə təyin olunub. Rəhbər vəzifələrdə çalışan qadın əməkdaşların arasında idarə rəisinin müavini, idarə rəisinin köməkçisi, kafedra, poliklinika, şöbə və bölmə rəisləri var.

DİN-dən bildirilib ki, rayonlarda daxili işlər orqanları əməkdaşları sırasında qadınlar çox azdır. Nazirlikdən o da bildirilib ki, əvvəlki illərlə müqayisədə ötən il orqanlara işə götürülən qadınların sayı artıb.

Məhkəmə Hüquq Şurasından isə bildiriblər ki, hakimlərin 12 faizi qadındır. 5 hakim isə məhkəmə və kollegiya sədrləridir.

Vəkillər Kollegiyasının 700-dən artıq üzvündən 105-i qadındır. Onlardan 6-sı hüquq məsləhətxanasının, 1-i isə vəkillər bürosunun sədridir.

Ədliyyə orqanlarında 876 xanım çalışır. Onlardan 88-i vəzifədədir. Vəzifədə olanlar arasında Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbələrinin rəisləri, notariuslar, şöbə rəisləri də var.

Baş Prokurorluqdan isə bu sistemdə çalışan qadınların sayı barədə məlumat verilməyib.

Azərbaycanda "Qadın Hüquqşünaslar" layihəsi üzrə 2007-ci ildə keçirilən monitorinqin nəticəsində qadın hüquqşünasların peşə fəaliyyətinə və ictimai fəallığına mane olan səbəblər müəyyənləşdirilib.

Qadın hüquqşünaslara vəkillik fəaliyyəti ilə məşğul olmağa ciddi əngəl yaradan problemlərdən biri də istintaq təcridxanalarına, müvəqqəti saxlanma yerlərinə müdafiə etdikləri şəxslərlə görüşə gedərkən ortaya çıxır. Qadın hüquqşünaslar bəzən polis idarələrinin və istintaq təcridxanalarının qarşısında uzun müddət gözləməli olurlar. Bu isə qadın vəkillərin ailə problemlərini həll etmələrinə problem yaradır.

Dövlət qulluğuna, müəyyən vəzifələr üzrə vakant yerlərə keçirilən imtahanlarda, müsabiqələrdə qadın hüquqşünasların az sayda təmsil olunmasının ciddi səbəblərindən biri də onların kişilərə nisbətən məlumatsız olmaları ilə bağlıdır.

Mövcud adət-ənənə bir çox hüquqşünas vəzifələrində qadınların çalışmasının qarşısını alır. Polis, gömrük, vergi orqanlarında qadın hüquqşünasların bəzi vəzifələr üzrə işləmələrini çətinləşdirən səbəblərdən biri də adət-ənənələrlə bağlıdır.

Ekspertlər hesab edirlər ki, bu diskriminasiyanın aradan qaldırılması üçün hüquq-mühafizə orqanları strukturun kvotasını hazırlamalı və hər bir strukturda qadınların çalışmasına imkan verilməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirovun sözlərinə görə, Dövlət Komissiyasının fəaliyyəti dövründə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 5 müsabiqə və 4 müsahibə keçirilib.

Bu müsabiqə və müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçən 8109 namizəddən 1772 nəfəri müsabiqələr, 68 nəfəri isə müsahibələr üzrə olmaqla 1840 nəfərini qadınlar (qeydiyyatdan keçmiş namizədlərin ümumi sayının 22,69%-i) təşkil edib.

Müsabiqə və müsahibələrin nəticəsində uğur qazanaraq vakant dövlət qulluğu vəzifəsinə təyin olunanların 115 nəfəri (təyinat alanların 22,33%-i) qadındır.

Sədr müavini kişi namizədlərin qadın namizədlərdən 3,58 dəfə çox olmasını bir neçə faktorla əlaqələndirir.

Birinci faktor - orta statistik azərbaycanlı ailəsində qızlara peşəni adətən valideynlər seçir. Valideynlərin isə seçimi ənənəvi olaraq ya təhsil, ya da səhiyyə sahəsi olur. Buna görə də səhiyyədə və təhsildə çalışanların çoxu qadınlardır.

İkinci faktor - dövlət qulluğunda qadınlar əsasən mühasibatlıq və kargüzarlıq sahələrini əhatə edən vakant dövlət qulluğu vəzifələrinə üstünlük verirlər.

Üçüncü faktor - müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin böyük bir qismi dövlət orqanlarının yerli şöbələrində və tabe təşkilatlarındakı boş yerlər olub.

Komissiya rəsmisinin sözlərinə görə, Bakı, Gəncə və digər böyük şəhərlərdən fərqli olaraq, rayonlarda qadınların ictimai fəallığı aşağı olduğu üçün yerlərdəki vakansiyaları tutmaq məqsədi ilə müraciət edənlərin mütləq əksəriyyətini kişi namizədlər təşkil edib.

Komissiya vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirdiyi müsabiqə və müsahibələr zamanı qadınların daha çox Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (193 namizədin 77,72%-i), Təhsil Nazirliyinə (293 namizədin 45,05%-i), Mədəniyyət və Turizm Nazirliyinə (345 namizədin 39,13%-i), Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (457 namizədin 26,26%-i), Dövlət Miqrasiya Xidmətinə (791 namizədin 21,11%-i), İqtisadi İnkişaf Nazirliyinə (1069 namizədin 13,94%-i) maraq göstərdiyi müəyyən olunub.

Keçirilən 4 müsahibənin nəticələrinə görə, 21 dövlət orqanı üzrə qeydiyyatdan keçmiş 337 namizədin 20,18%-i, yəni 68 nəfəri qadın olub.

Bu dövlət orqanlarının da yalnız ikisində - Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadi İnkişaf nazirliklərində işə düzəlmək üçün daha çox qadın namizəd müraciət edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə qeydə alınan namizədlərin 19,01, İqtisadi İnkişaf Nazirliyi üzrə qeydə alınan namizədlərin isə 26%-ni qadın namizədlər təşkil edib.



Misirov bildirib ki, Azərbaycanda dövlət qulluğuna qəbul sahəsində aparılan vahid dövlət siyasətinə uyğun olaraq heç kim cinsi mənsubiyyətinə görə diskriminasiyaya məruz qalmır. "Dövlət orqanlarında işə qəbul olunmaq üçün Komissiyanın mərkəzləşdirilmiş qaydada və şəffaflıq əsasında keçirdiyi müsabiqə və müsahibələrdə uğur qazanmaq yetərlidir", - o əlavə edib.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə