Bakı Dövlət Universiteti tariX fakültəsi Babaşova Turan Əjdər qızı Kurs işi: Alban mənbələri




Yüklə 52.6 Kb.
tarix25.04.2016
ölçüsü52.6 Kb.
Bakı Dövlət Universiteti
TARİX fakültəsi
Babaşova Turan Əjdər qızı

Kurs işi:

Alban mənbələri

Mövzu:

Bakı ─ 2011

Plan:
I Fəsil : Yerli alban mənbələrinin Azərbaycan tarixinin öyrənilməsində rolu.
II Fəsil: Müstəqillik illərində alban mənbələrinin öyrənilməsi.

Giriş

Siyasi və coğrafi anlayış olan Albaniya dövlətinin mövcudluğu həm Azərbaycanın, həm Qafqazın, həm də Yaxın Şərqin tarixində mühüm mərhələ hesab olunur. Azərbaycana və Qafqaz regionuna antik və erkən orta əsrlər mədəniyyətini bəxş edən dövlətlərdən biridir.

B.e.ə. III yüzillikdən – e.VIII yüzilliyinədək mövcud olmuş qədim Alban dövləti Araz çayının şimal hissəsini, indiki Azərbaycan torpaqlarını əhatə etmişdir. Antik müəlliflərdən Strabon, Plini, Ptolemey, Plutarx və digərləri alban tayfaları, onların yaşadıqları ərazilər, şəhərlər və mədəniyyət nümunələri, o cümlədən, onların yadellilərə qarşı mübarizələri haqqında dəyərli məlumatlar vermişlər.

Hər şeydən öncə Albaniya öz yazısı, mədəniyyəti, ədəbiyyatı olan bir dövlət idi. Albaniya ədəbi ənənələrinin yaranması və formalaşmasında aparıcı rol xristian abidələrinə məxsus idi. Bir sözlə, qədim Qafqaz ədəbiyyatı kimi alban ədəbiyyatı da xristian ədəbiyyatı hesab olunurdu. Qeyd olunmalıdır ki, xristian ədəbiyyatı qədim Albaniyada eramızın I-II əsrlərdə meydana gəlməsinə baxmayaraq, Roma və digər dövlətlərdə xristian dini qəbul edildikdən sonra (eramızın IV əsrində) aparıcı və ideoloji vüsət aldı.

Alban ədəbiyyatını formalaşdıran əsas cəhət tarixi və mədəni şərait idi: Arşakilər və ondan sonra hakimiyyətə gəlmiş Mehranilərin xanədanlığı; Albaniyanın qüdrətli müstəqil dövlət kimi tanınması; müstəqil alban kilsəsinin fəaliyyəti dövrü idi.

Albaniya xalqının öz xüsusi dili – alban dili və yazısı olub. Alban ədəbiyyatı kimi alban dilinin formalaşması ölkənin xristianlaşması ilə bağlı idi.

Eramızın V əsrinin əvvəllərində albanların doğma yazısı - əlifbası təkmilləşdirildi. Tariximizin hər səhifəsini saxtalaşdıran alban əlifbasının yaradılmasını Mesrop Maştosun adı ilə bağlayıblar.

Albaniyanın istər tarixi, istərsə də siyasi coğrafiyası haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. F.Məmmədova, K.Əliyev, Q.Qeybullayev, Y.Səfərov, F.Osmanov, İlyas Babayev və s. tarixçilərimiz Albaniya dövləti haqqında tədqiqatlar aparmış və erməni saxtakarlıqları aşkarlamışlar. Onlar haqlı olaraq albanların azərbaycanlıların əcdadı olduğu qənaətinə gəliblər.

Lakin tarixçilərimiz bu gerçəklikləridünyaya çatdırmaqda gecikmişdilər. Çünki həmişə bizə - azərbaycanlılara məxsus olanları öz adlarına çıxartmağa adət etmiş ermənilər, artıq Albaniya dövlətinin də özlərinki olduğu haqda iddia qaldırmışdılar. Buna səbəb albanşünaslığa nisbətən, ermənişünaslığın və gürcüşünaslığın formalaşmış olması idi ki, alban mənbələrinin tədqiqatı ilə də məhz onlar məşğul olurdular. Onların tədqiqatlarının əvvəlcədən planlaşdırılmış nəticəsi isə belə oldu – guya, Albaniya “Böyük Ermənistan”ın tərkib hissəsi olub, “Şərqi Ermənistan” adlandırılıb.

Hazırda tarix elmində Albaniya problemi qalmaqdadır. Buna səbəb dövrümüzə gəlib çatmış alban mənbələrinin erməni dilində olmasıdır. Ümumilikdə isə erməni xalqı qədim Azərbaycan dövləti olan Albaniyaya məxsus bütün tarixi faktları saxtalaşdırmış və öz adlarına yazmışlar.

Bu üsulla ermənilər özlərinə saxta qədim sivilizasiya, mədəniyyət, ədəbiyyat, yazı, əlifba, dövlətçilik ənənələri və tarix yaratmağa çalışırlar...

I Fəsil

Yerli alban mənbələrinin Azərbaycan tarixinin öyrənilməsində rolu

Şimali Azərbaycanın antik və erkən orta əsrlər dövrü albanlarla bağlıdır. Antik və erkən orta əsrlərə aid mənbələrin, Albaniya, Ermənistan və İberiya qarşılıqlı münasibətlərinin tədqiqi, o cümlədən Roma, Bizans və Sasanilər (İran) arasında bağlanmış Qafqaz ölkələri ilə əlaqədar müqavilələrin tədqiqi və öyrənilməsi nəticəsində belə bir qətiyyətli nəticəyə gəlinib ki, Albaniya dövləti e.ə. III yüzillikdən – bizim eranın VIII yüzilliyinədək demək olar ki, eyni hüdudlarda qalmışdır (cüzi istisnalarla).

Bu ərazilər isə indiki müstəqil Azərbaycanın torpaqlarını əhatə edir. Və bu qənaətə də gəlinir ki, azərbaycanlıların əcdadlarından biri olan albanlar eyni bir ərazidə formalaşmış və özlərinə zəngin mədəniyyət qurmuşlar. Deməli Azərbaycanın və Azərbaycan xalqının qədim və orta əsrlər tarixinin öyrənilməsində yerli alban mənbələrinin əhəmiyyəti xüsusilə vacibdir.

Çox təəssüflər olsun ki, özlərinə süni tarix yaratmaq iddiasında olan ermənilər tərəfindən saxtalaşdırılmış bütün alban yazılı mənbələri dövrümüzə yalnız erməni dilində gəlib çatmışdır.

Yerli alban ənənəsinə aid əsərlərdən bizim dövrümüzə qədər gəlib çıxmış aşağıdakı tarixi mənbələri göstərmək olar: Moisey Kalankatuklunun “Albaniya tarixi”, Mxitar Qoşun “Alban salnaməsi”, “Gəncəli Xosrovun əzablı həyatı”, Kirakos Gəncəlinin “Tarix” əsərləri, eləcə də, alban hüquq məcəllələri – kilsə kanonları (V əsr Aquen kilsə məclisi kanonları və 705-ci il Partav (Bərdə) kilsə məclisi kanonları) və dünyəvi qanunlar (Mxitar Qoşun “Qanunnamə”si)
Moisey Kalankatuklunun “Albaniya tarixi” əsəri: Bu kitab Azərbaycanın eramızın I əsrindən X əsrədək tarixini özündə əks etdirən yeganə yerli mənbədir. Burada qədim Azərbaycanın sosial-iqtisadi, siyasi, dini-ideoloji faktorları, mədəniyyəti, tarixi coğrafiyası, habelə azərbaycanlıların etnogenezi problemi öz əksini tapır.

Qədim Azərbaycan etnosu olan alban xalqına məxsus olan bu kitab dövrümüzə erməni dilində gəlib çatmışdır. Sözsüz ki, əsər yerli alban dilində qələmə alınıb. Lakin kitabın üzünü köçürən (erməni dilinə - qrabara) erməni rahibləri erməni katolikoslarının göstərişi ilə kitabın mətnində qəsdən təhriflərə yol vermişlər. Əsəri dilimizə tərcümə edən isə akademik Ziya Bünyadov olmuşdur.

Erməni fitnəkarlığının qurbanlarından olan “Albaniya tarixi” kitabı barəsində mübahisəli fikirlər mövcuddur. “Kitabın dəqiq - əsil müəllifi kimdir?”, “Kitab nə zaman qələmə alınıb?”, “Hansı dövrləri əhatə edir?” və s. kimi suallar Tarix elmində hələ də cavabsız qalıb.

Kitabın müəllifi barəsində 2 fikir mövcuddur. Müəllif ya Moisey Kalankatuklu, ya da Moisey Dasxuranlıdır. Kitabda “Uti vilayətində yerləşən ana yurdum olan böyük Kalankatuk kəndi” cümləsi yazılıb.

Kitabı oxuyarkən məlum olur ki, M.Kalankatuklu (yəni, müəllif) böyük Albaniya hökmdarı Cavanşirin (642-681) müasiridir. Deməli, M.Kalankatuklu VII-VIII əsrlərdə yaşayıb və “Alban tarixi” də VII-VIII əsrlərin məhsuludur. Bəs, o zaman kitabda X əsrə qədərki hadisələr necə göstərilə bilərdi?! Şübhəsiz ki, kitabın davamı – III kitab başqa müəllif tərəfindən qələmə alınıb.

Düşünürəm ki, Moisey Dasxuranlı ya Moisey Kalankatuklunun özüdür, ya da kitabın davamını yazan şəxsdir.

“Albaniya tarixi”ni yazmaqda müəllifin məqsədi Albaniya dövlətinin, alban çarlığının meydana gəlməsi və inkişafı tarixini, onun etnosu, ərazisi, siyasi və mənəvi həyatının, onun çarları – Arşakilərin və Mehranilərin hakimiyyət illərini, alban kilsəsinin yaranma tarixini göstərməkdir. Həmçinin əsərdə alban knyazı Cavanşirin hakimiyyəti dövrü xüsusilə göstərilib. Sasanilərin, Bizansın, Xəzər xaqanlığının və ərəblərin Albaniyanı – Azərbycanı işğal edib öz əyalətlərinə çevirmək istədikləri bir anda öz müdrikliyi, çevikliyi və hərbi istedadı ilə Cavanşir vətənini qorumuş, müstəqil daxili və xarici siyasət yürütmüşdür. Və Azərbaycan tarixinə şanlı səhifələr bəxş etmişdir.

Azərbaycanın qədim tarixinin daha dəqiq öyrənilməsi və aşkarlanması üçün “Albaniya tarixi”nin tədqiqatı böyük əhəmiyyət kəsb edir.

Albaniya mədəniyyətinin XII-XIII əsrlərdə yaşamış ən nüfuzlu şəxsiyyətlərindən sayılan Mxitar Qoş öz əsərləri ilə Tarix elminə zəngin aidələr bəxş etmişdir. Onun yazdığı “Alban xironikası”, “Qanunnamə”, “Gəncəli Xosrovun əzablı həyatı” əsərləri Azərbaycanın orta əsrlər tarixinin öyrənilməsində özünəməxsus yer tutan alban mənbələridir.

O, 1130-cu ildə Gəncə şəhərində doğulmuş və Gəncənin nüfuzlu müəllimlərindən dərs almışdır. Gəncəni “şəhərlərin anası” adlandırmışdı. Mxitar Qoş nəinki Albaniyada, hətta bütün Qafqazda görkəmli hüquqşünas və ilahiyyatçı idi. O zaman üçün kilsə mərasimləri məsələlərində, kilsə qanun-qaydaları, monastr nizamnaməsi məslələrində onun rəyi həlledici sayılırdı.

Mxitar Qoşun “Alban xronikası” əsəri günümüzədək gəlmiş ən qiymətli mənbələrdən biridir. Müəllifin özünün yazdığına görə, bu əsərini o Moisey Dasxuranlı-Kalankatuklunun “Albaniya tarixi” əsərinin davamı olaraq yazmışdır. Lakin əsər yarımçıq qalmışdır.

Əsərdə çox qısa bir zaman kəsiyində - 1130-1162-ci illər ərzində baş vermiş hadisələr öz əksini tapmışdır. Çox uzun bir dövrü əhatə etməsə də, hər halda əsər bu müddətdə Albaniyada – Azərbaycanda baş vermiş bir sıra mühüm hadisələri bizə çatdırır. Xatırladaq ki, bu zaman Azərbaycan Səlcuq dövlətinin işğalı altında idi.

Mxitar Qoş bu əsərində Səlcuq hakimiyyəti dövründə Albaniyada baş vermiş hadisələrlə yanaşı, Albaniya katolikoslarının siyahısını ardıcıllıqla vermişdir. Məhz bu siyahı tarixşünaslığımız üçün çox qiymətlidir. Çünki burada alban kilsəsi yaranandan ta XII əsrə qədərki bütün patriarxların adları qeyd olunub. Bu faktdakı ən önəmli məqam isə siyahının başında “Yerusəlimdən gəlmiş baş yepiskop Yelişedən sonrakı alban patriarxlarının siyahısı”nın yazılmasıdır. Bu mənbə təsdiq edir ki, alban kilsəsinin təməli Yerusəlim şəhəri ilə bağlıdır.

Bir sıra səbəblərdən Mxitar Qoş bu əsərini yarımçıq saxlamış və bu barədə fikirlərini əsərin sonluğunda qeyd etmişdir.

1901-ci ildə F.Alişanın nəşr etdirdiyi erməni dilindəki mətnə və 1958-ci ildə Ç.Dovsetin nəşr etdirdiyi ingilis dilindəki mətnədək M.Qoşun bu salnaməsi dərc olunmamış qalırdı. Ç.Dovset müəllifin 8 nömrəli əlyazmasını 1237 nömrəli əlyazmasının mətnləri tutuşdurmuşdur.

Alban hüquq elminin böyük əhəmiyyətli abidəsi sayılan M.Qoşun “Qanunnamə” əsəri də erməni fitnəkarlığına tuş gəlib. əsərdə o dövrün hüquq normaları, albancəmiyyətinin müxtəlif sinif və təbəqələrinin sosial və hüquqi münasibətləri öz əksini tapıb. M.Qoş bu əsərini Albaniya katolikosu III Stepannosun xahişi ilə yazmışdır. O, “Qanunnamə”ni yazarkən Roma imperiyasının və Albaniya kilsə kanonlarından bəhrələnmişdir. Ən önəmlisi isə M.Qoş bu əsəri albanlar üçün yazıb. Lakin ermənilər sonradan əsərin əlyazmasında olmayan “xayots” sözünü əsərin adına əlavə etmişlər. Orijinal variantı “Datastanaqirk”, yəni “Qanunnamə” olduğu halda, ermənilər onu “Datastanaqirk xayots”, yəni “Erməni qanunnaməsi” etmişlər.

Bu məsələni araşdıran görkəmli alim Ziya Bünyadov belə bir nəticəyə gəlmişdir ki, M.Qoşun “Qanunnamə” əsəri qədim erməni dilində yazılmış alban ədəbiyyatı abidəsidir və onun əsl adı sadəcə “Qanunnamə” olub. Z.Bünyadovun çıxardığı bu nəticəni təqzib edən erməni tarixçisi A.Mnatsakanyan etiraf etməyə məcbur olur və təsdiq edir ki. M.Qoşun əlyazması “Mxitar Qoşun qanunnaməsi” sayılır və bu cür də tanınıb. O, sadəcə olaraq əsəri nəşr edən V.Bastamın əsərin adındakı “erməni” (xayots) sözünü mətnə düzgün olmayaraq sonradan əlavə etməsini təsdiqləyib.

Alban ədəbiyyatının nümayəndələrindən biri də Kirakos Gəncəlidir (1201-1272). O, M.Qoşun şagirdi Vanakanın yanında təhsil almışdır. Kirakos erməni, fars, ərəb və türk dillərini mükəmməl bilirmiş.

Kirakosun “Tarix” əsəri bütün Zaqafqaziya xalqlarının – albanların, ermənilərin və gürcülərin monqol basqını və monqol hökmranlığı dövrünün öyrənilməsində qiymətli mənbədir. 66 fəsildən ibarət olan bu əsərin bütün fəsilləri dövrümüzə çatmayıb. Onlardan 22-si Ermənistana, 18-i Albaniyaya, 7-si isə Gürcüstana həsr edilmişdir. Digər fəsillər isə zaqafqaziyadakı 3 xalqın ümumi dini problemlərinə, Hülakilər dövlətinin siyasi tarixinin bir sıra məsələlərin, onların vergi siyasətinə və Kiçik Asiyanın, Mesopotamiyanın Hülakilər tərəfindən işğalına həsr olunmuşdur.

Kirakos “Tarix” əsərinin Albaniyaya aid fəsillərində mifoloji dövrlərdən tutmuş monqol basqınlarına qədər alban tarixinin icmalını vermişdir. Əsərdə monqol basqınları haqqında Xaçın knyazı Həsən Cəlalın hakimiyyəti dövrü və onun tikdirdiyi Qandzasar kilsəsinin inşası haqqında yazılmış fikirlər olduqca maraqlıdır. Kirakos həm də erməni tarixini, onlar tərəfindən xristian dininin qəbul edilməsindən başlayaraq tatarların gəlişinə qədərki dövrü qısaca şərh edir.

XIII əsrdə yaşamış bu alban müəllifi o dövrdə baş vermiş hadisələri qələmə almaqla, Azərbaycan, eləcə də bütün Zaqafqaziya üçün mühüm əhəmiyyət kəsb edən əsər yazmışdır. Kirakos “Tarix” əsərini yazarkən dini sənədlərə, müqəddəs kitablara, kilsə kanonlarına, rəvayətlərə, Yevsefi Kesariyskinin, Sokrat Sxolastın, Musa Kalankatuklunun və V-VII əsr erməni müəlliflərinin əsərlərinə istinad etmişdir.
II Fəsil

Müstəqillik illərində alban mənbələrinin öyrənilməsi

Tarixi şəraitdən asılı olaraq Azərbaycan tarixşünaslığı müxtəlif adlar altında, müxtəlif səviyyələrdə var olmuşdur. Sovet dövründə Azərbaycanın bir sıra ali məktəblərində tarixşünaslıq kursu “Sovet tarixşünaslığı”, 80-ci illərdən başlayaraq “Azərbaycan tarixşünaslığı” adı altında müstəqil fənn kimi öyrənilməyə başlandı.

Əgər Sovet dövründə marksizm, leninizm metodologiyasına əsaslanan tarixşünaslıq kursu öyrənilirdisə, Azərbaycan müstəqillik əldə etdikdən sonra tarix elmində milli konsepsiya yarandı, Tariximiz yeni aspektdə öyrənilməyə başladı. Nəticədə tarixşünaslıq sahəsində yeni əsərlərin meydana gəlməsinə səbəb oldu. Azərbaycan tarixi ayrı-ayrı mərhələlər üzrə öyrənilməyə başladı.

Qədim və orta əsrlər tarixinin öyrənilməsinə Ziya Bünyadov, Yampoliski, Fəridə Məmmədova, Tofiq Məmmədov, K.Əliyev, M.Şəfili, Q.Qeybullayev və s. tədqiqatçılarımız böyük əmək sərf etmişlər.

Qədim Azərbaycan tarixinin, xüsusən də Albaniya tarixinin öyrənilməsində akademik Ziya Bünyadovun əvəzsiz rolu olmuşdur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda fəal mübariz olan Ziya Bünyadov erməni qəsbkarlarının Azərbaycan torpaqlarına yiyə çıxmaq iddiaları başlanan gündən bu məsələyə öz sərt münasibətini bildirmiş, sanballı məqalələrlə dövrü mətbuatda çıxış etmişdir. O bəzi Azərbaycan ərazilərinin ermənilər tərəfindən tarixən guya onlara məxsus olması kimi bədnam uydurmalarını tarixi dəlillərlə əsaslı surətdə təkzib etmişdir. Z.Bünyadov öz əsərlərində elmi faktlara əsaslanaraq sübut etmişdir ki, qədim və orta əsrlərdə Ermənistanın hazırki ərazisində azərbaycanlıların əcdadları məskun olmuşdur.

Z.Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” monoqrafiyası, ümumiyyətlə, tarix elminə, o cümlədən albanistikaya qiymətli hədiyyədir. Alban, erməni, gürcü, bizans, ərəb, Suriya mənbələrinin dərin təhlilinə əsaslanan müəllif bu əsərdə alban ideologiyasının tarixini – xristianlığın, alban kilsəsinin, onun strukturunun və alban ədəbiyyatının tarixini ilk dəfə olaraq dəqiq işıqlandırmışdır. O bu monoqrafiyada alban kilsəsinin hüquqlarının məhdudlaşdırılıb müstəqilliyinin ləğv edilməsində erməni Qriqorian kilsəsinin oynadığı rolu göstərmişdir.

Z.Bünyadovun bu monoqrafiyasında “VI əsrin sonunda – VII əvvəlində siyasi vəziyyət”, “Azərbaycanın ərəblər tərəfindən işğal edilməsi”, “Azərbaycan əhalisinin islamlaşdırılması və qriqorianlaşması”, “Ərəb-Xəzər müharibələri və Azərbaycan”, “Aranda sosial hərəkatlar” adlı bölmələr çox böyük əhəmiyyətə malikdir.

Z.Bünyadov Albaniya dövləti haqqında son illər arxeoloqların əməyini xüsusi qiymətləndirmişdir. Xüsusən də, tarix elmləri doktoru R.Göyüşovun “Elm” nəşriyyatı tərəfindən çapdan buraxılmış “Qafqaz Albaniyasında xristianlıq (yazılı mənbələr və arxeoloji materiallar)” kitabını qiymətləndirmişdir.

Z.Bünyadov qeyd edir ki, mənbələrdə Ran, Aran, Alvan, ---- Albaniya adlanan bu dövlətin tarixinin bir sıra məsələləri lazımınca öyrənilməmişdir. Bunun başlıca səbəbi yazılı mənbələrin kifayət qədər olmamasıdır. Dövrümüzə erməni dilində gəlib çatmış qədim alban mənbələrinin tərcüməçisi olan (erməni dilindən) Z.Bünyadov bu mənbələrin təhriflərə məruz qalaraq erməni dilinə tərcümə olunduğunu da açıqca söyləmişdir.

Hazırda Z.Bünyadovun əsərləri yeni tədqiqatçılar üçün istiqamətverici yardımçı rolunu oynayır.

Albaniya tarixinin, coğrafiyasının, mədəniyyətinin, mənbələrinin öyrənilməsində albanşünas tədqiqatçı Fəridə Məmmədovanın da zəhməti böyükdür. Onun “Azərbaycanın siyasi tarixi coğrafiyası” monoqrafiyası Albaniya dövlətinin, alban cəmiyyətinin və mədəniyyətinin xristian Zaqafqaziyasının digər xalqları arasında özünə layiqli yer tutduğunu, habelə albanşünaslığın ermənişünaslıqdan və gürcüşünaslıqdan ayrı bir fənn, tarix elminin müstəqil bir sahəsi olduğunu sübut etmək yolunda göstərilən bir cəhddir.

Fəridə Məmmədova Qafqaz Albaniyasından bu günə çatmış mənbələrin – M.Kalankatuklunun “Albaniya tarixi”, M.Qoşun “Alban xronikası”, “Qanunnamə”, Gəncəli Kirakosun “Tarix” və s. öyrənilməsindəki zəhmətləri danılmazdır. O, B.Ulubabyan, Ş.Smbatyan, Q.İvazyan, M.Çamçyan kimi saxtakar erməni tarixçilərinin fikirlərini tənqid etmiş və sübutlarla onların yalan, uydurma olduqlarını bəyan etmişdir. F.Məmmədova öz kitabında adları çəkilən erməni tarixçilərinin fikirlərini, onlar arasındakı ziddiyyətləri açıq şəkildə göstərmişdir.

Müasir dövrümüzədək gəlib çatmış yazılı alban mənbələri ilə yanaşı maddi mənbələr də var. Azərbaycan torpaqlarının hazırda bəzi ərazilərinin işğal altında olması bu abidələrin tədqiqinə mane törədir.

Azərbaycan Respublikasına əsassız ərazi iddiaları irəli sürən erməni millətçiləri işğalçılıq əməllərinə haqq qazandırmaq məqsədilə Qafqaz Albaniyasının xristian kilsəsinə aid olan bütün kilsə, məbəd və monastrları erməni abidələri elan edirlər. Tarixdə əslində heç vaxt mövcud olmamış “Böyük Ermənistan” barəsində əfsanəni şişirdərək təkcə Azərbaycanı deyil, Gürcüstan, İran və Türkiyə ərazilərinin də xeyli hissəsini ermənilərin “tarixi torpaqları” kimi qələmə verirlər.

Əslində isə Azərbaycandakı bütün alban xristian abidələri bizim xalqımızın mədəni irsinə aiddir:

Zərdüşt dini ilə bağlı məbədlər Atropatena ilə yanaşı Albaniyada da mövcud olmuşdur. Tarixi faktlara görə bu məbəd Paytakaran ərazisində yerləşirmiş. Tədqiqatçı alim D.A.Axundovun fikrincə, indiki “Qız qalası” adlandırılan arxaik görkəmli abidə tarixi mənbələrdə adı çəkilən paytakarandakı 7 məşəlli Baqink baş məbədidir. Onun əsası e.ə. qoyulub.

Alban mədəniyyətinümunələrindən olan məşhur Avey məbədi Qazax rayonu ərazisində yüksək Avey dağının zirvəsində yerləşir. Ondan bir qədər aşağıda isə Şişqaya məbədi və süni mağara – Albaniya məbədləri var. Tədqiqatçılar C.Rüstəmov və F.Muradov bu məbədlərin xristianlığın yayıldığı ilk əsrlərə aid Albaniya məbədləri olduğunu aşkarlayıblar.



Nəticə

Azərbaycanın qədim və erkən orta əsrlər tarixi Albaniya dövləti ilə bağlıdır. Azərbaycanın tarixini bilmək üçün alban mənbələri önəmli rol oynayır. Təəssüflər olsun ki, ermənilər bizim tariximizə yiyə çıxmaq üçün alban mənbələrində kütləvi saxtakarlıqlar aparmışlar. Bu yolla onlar özlərinə saxta tarix, dövlətçilik ənənələri, mədəniyyət əldə etmək istəyirlər.

Düşünürəm ki, alban mənbələrinin daha dəqiq öyrənilməsinə ehtiyac var. Bu tək bizim yox, həm də bütün Qafqaz regionunun qərəzsiz tarixinin öyrənilməsində vacib faktordur.

Bir sıra görkəmli tarixçilərimiz bu uğurda əvəzsiz işlər görsələr də, bununla kifayətlənmək olmaz.



Ədəbiyyat


  1. Fəridə Məmmədova, “Azərbaycanın siyasi tarixi və tarixi coğrafiyası”, Bakı-1993.

  2. Z.Bünyadov, “VII-IX əsrlərdə Azərbaycan”, Bakı-1989.

  3. T.Məmmədov, “Albaniya erkən orta əsrlərdə” Bakı-1993.

  4. M.Kalankatuklu, “Albaniya tarixi”, Bakı-2006.

  5. M.Qoş, “Alban salnaməsi”, Bakı-2006.

  6. Z.Bünyadov, “Azərbaycan tarixi”, Bakı-1994.



Bakı─ 2011





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə