Азяр­бай­ъан Мил­ли Елм­ляр Ака­де­ми­йа­сы Фял­ся­фя, Сосиолоэийа вя Щц­гу­г Инс­ти­ту­ту




Yüklə 3.72 Mb.
səhifə2/31
tarix11.03.2016
ölçüsü3.72 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   31

VƏ AZƏRBAYCANDA İCTİMAİ ELMLƏRİN İNKİŞAFI

MƏDƏNİYYƏTLƏRİN DİALOQU KONTEKSTİNDƏ
Açar sözlər:qloballaşma, elmi əməkdaşlıq, ictimai elmlər, mədəniyyətlərin dialoqu, modernləşmə ideologiyası, fənlərarası tədqiqatlar, innovasiyalar, verifikasiya.

Ключевые слова: глобализация, научное сотрудничество, общественные науки, диалог культур, идеология модернизации, междисциплинарные исследования, инновации, верификация.

Key words: globalization, scientific cooperation, social sciences, dialogue of cultures, ideology of modernization, interdisciplinary researches, innovation, verification.
Qloballaşma dövründə mədəniyyətlərin dialoqu yalnız müasir dövrün tələbi deyil, həm də geniş tədqiqat obyektidir. Həmçinin nəzərə almaq lazımdır ki, onun təhlili üçün yalnız ənənəvi surətdə təşkil edilmiş və müxtəlif fənlərə qəti surətdə ayrılmış elmin və ya bir ölkə daxilində alimlərin səylərinin olması kifayət deyil. Əlbəttə, biz filosof-etiklərin, linqvistlərin və ya so­sioloqların bu problemin tədqiqində əldə etdikləri nailiyyətlərin əhəmiyyətini inkar etmirik, fəqət onlar kifayət edəcək dərəcədə deyil, çünki bu problem fənlərarası və hətta fənlərüstü problemdir. Məsələ yalnız onda deyildir ki, müxtəlif mədəniyyətlərdə dialoq müxtəlif cür başa düşülür və ya alimlərin əməkdaşlığı olmadan mədəniyyətlərin dialoqu mümkün deyildir, ictimai elmlərsiz bu və ya digər milli mədəniyyəti anlamaq olmaz. İş burasındadır ki, ictimai elmlərin inkişafı, beynəlxalq elmi əməkdaşlıq, fənlərarası tədqiqatlar olmadan müasir dövrün və mə­dəniyyətin ən mühüm problemlərini dərk etmək mümkün deyil.

Beynəlxalq elmi əməkdaşlıq və yeni metodologiyaların köməyilə ictimai elmlərin inkişaf etdirilməsi bu gün dialoqun mənasını başa düşmək və əhəmiyyətini izah etmək üçün zəruridir və bundan başqa, yalnız müasir dövrün tələblərinə uyğun inkişaf etmiş ictimai elm mükalimənin nəinki indiki zamanda, hətta gələcəkdə də bərqərar edilməsinə imkan yaradır.

Beləliklə, bir tərəfdən alimlərin əməkdaşlığı elə bu əməkdaşlığın özünün əhəmiyyətinin dərk edilməsinə xidmət edir, yəni ki, alimlər dialoqa müsbət münasibəti cəmiyyətə ötürməlidirlər, digər tərəfdən isə dialoq və mükalimə yalnız elmin özünün deyil, həm də əməkdaşlığı ardınca meydana gələn, hazırda elmlə getdikcə daha çox vahid bir proses təşkil edən elmi əməyin təşkilati, siyasi-ideoloji formalarının inkişafına kömək edir.

Son iki il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları həm Bakıda, həm də MDB ölkələrində keçirilmiş bir neçə beynəlxalq konfransda fəal iştirak etmişlər. İnstitutumuz Ukrayna, Rusiya, Qazaxıstan, Əlcəzair və b. ölkələrin fəlsəfə institutları ilə əməkdaşlığa dair müqavilə imzalamışdır. Bundan başqa, bu məqalənin müəllifi həm vətəndə, həm də xarici ölkələrdə fənlərarası araşdırmaların və beynəlxalq elmi əlaqələrin vacib olduğu haqda dəfələrlə çıxış etmişdir. Bu çıxışlar müxtəlif konfransların materiallarında dərc olunub (1). Fəlsəfənin aktuallığı problemlərinin fəlsəfənin metodologiya, milli ideologiya, tarix, siyasət, etika və sosiologiya və s. ilə qarşılıqlı əlaqəsi nöqteyi-nəzərindən təhlil edilməyə təşəbbüsün göstərildiyi «Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında (Bakı, «Təknur», 2009-cu il) adlı monoqrafiya da məhz bu məsələnin bəzi aspektlərinə həsr olunub. Vurğulamaq lazımdır ki, bu problemlərin dərk edilməsində Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri akademik R.Mehdiyevin əsərlərinin böyük metodoloji rolu olub. Məhz buna görə də alimlər üçün maraqlı və əhəmiyyətli təcrübə toplanıb. Məqalədə bu problemin özünün çox geniş və əhəmiyyətli olduğunu nəzərə alaraq onun üç aspekti üzərində dayanmaq istərdik:

a) ölkənin müasirləşdirilməsi kontekstində Azərbaycanda müasirləşdirmə ideologiyası, ictimai elmlərin modernləşdirilməsinin yol və təmayülləri;

b) beynəlxalq elmi əməkdaşlıq və səmərəlilik;

c) ictimai elmlərdə fənlərarası tədqiqatlar və dialoq fəlsəfəsi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin başladığı Azərbaycanın müasir­ləşdirilməsi prosesi tədricən elmlərin və müasirləşmə ideologiyasının (onu bilik siyasəti də adlandırmaq olar) inkişafını nəzərdə tutan sosiomədəni modernləşmə mərhələsinə keçir. Azər­baycanın ümummilli lideri Heydər Əliyev Azərbaycanda elmin və azərbaycançılıq ideo­logiyasının inkişafına xüsusi diqqət yetirirdi. Müasir şəraitdə onun yolunu Azərbaycan Prezidenti davam etdirir. Təbiidir ki, siyasətdə sabitlik və iqtisadi uğurlar dəyişikliklərin edilməsində elmin inkişafına xüsusi diqqət yetirilməsi üçün baza yaradır. Azərbaycan Prezidentinin «2009-2015-ci illərdə elmin inkişafının milli strategiyası haqqında» 4 may 2009-cu il tarixli fərmanı ölkə alim­lərini bu məsələləri həll etməyə yönəldir. Fikrimizcə, millətimizin mentalitetini, ənənələrini və tə­şək­kül tarixini nəzərə alaraq, milli ideologiyada dövlətçilik və dövlət müstəqilliyi, milli mə­də­niyyət və əxlaq, mənəviyyat kimi dəyərlərlə yanaşı milli elmin də öz yerini tutması çox vacibdir. Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri akademik R.Meh­diyevin əsərləri göstərir ki, müasir metodologiyaların, qarşılıqlı əlaqələrin dərki və izahı vasitəsilə ictimai elmləri, fəlsəfəni də müasirləşdirmək lazımdır (2). O, məqaləsində tamamilə düzgün olaraq qeyd edir ki, ölkənin dinamik inkiaşfında bir çox şeylər ölkənin gələcəyini görənlərlə qərarların qəbul edilməsi və yerinə yetrilməsi üçün məsul olanlar arasındakı əlaqələrdən asılıdır (2).



Əsas etibarilə aydındır ki, ölkənin müasirləşdirilməsi elmin, o cümlədən vətəndaşların şüuruna onu dəyişdirərək, müasirləşdirərək, daim dəyişən həyat şəraitində yaşamağı öyrədərək təsir edən və ya edə bilən, ictimai elmin müəyyən islahatını tələb edən mürəkkəb, çətin bir prosesdir (3). Müasir dövrün əsas xüsusiyyəti daimi dəyişkənlikdən və külli miqdarda risklərin olmasından ibarətdir. Yalnız ictimai elmlər, əgər onlarda müasir dövrün tələbləri əks olunursa, mədəniyyətə, şüura və tərbiyəyə təsir etmək gücünə malikdir, amma bir şərtlə ki, bütün bunlar müasirliyi milli adət və ənənələrlə birləşdirə bilsin. İctimai elmlərin inkişafı ilə əlaqədar olaraq, onların köməyilə müasir dövrün tələblərinə uyğunlaşaraq, milli ideologiya çox cəhətdən inkişaf edəcək. M.Fukonun («Arxeoloqiə znaniə», 1972) əsərindən sonra etiraf etmək lazımdır ki, bilik və elm bəşər mədəniyyətinin nəinki bir hissəsidir, hətta məhz bunların özləri bu mədəniyyəti fəal surətdə formalaşdırır və «qururlar».

Lakin hər halda müasir şəraitdə elmə yetirilən diqqət ona Sovet İttifaqı şəraitində və ya müstəqilliyimizin ilk illərində verilən diqqətdən fərqlidir. Təəssüf ki, bir çox alimlər diqqətin keçmiş illərdə formalaşmış stereotiplərə uyğun olaraq göstəriləcəyini gözləyirlər. O zaman yetirilən diqqət maliyyələşdirmənin artması, elmi işçilərin sayının çoxalması, tədqiqatlarda müəyyən nəzarətsizliyin olması, məlumatların qapalı olması və s. ilə bağlı idi. Sovet elminin bir sıra xüsusiyyətlərinin sadalanmasını davam etdirmək də olardı, lakin iş onlarda deyil. Artıq indi təsdiq etmək olar ki, müasir şəraitdə elmə yetirilən diqqət əsaslı surətdə başqa cür olmalıdır və bu, iqtidarın yox, müasir elmdə meydana çıxmış trendin tələbidir və əgər biz elmimizin və bütün elm – ideologiya (cəmiyyətdə elmin surəti) – mədəniyyət silsiləsinin müasirləşdirilməsini istəyiriksə, buna tabe olmalıyıq. Bu (trend), birincisi, elmi işlərin maliyyələşdirilməsinin variantlığı və onun əhəmiyyətinin artmasından ibarətdir. Bu planda Azərbaycanda Elmin İnkişafına Yardım Fondunun açılması beynəlxalq proseslərlə bağlıdır, lakin variantlığa doğru istiqamətdə hərəkət elmin lazım olmaması ilə deyil, elm adı altında görülən işlərin heç də hamısının gərəkli olmadığı ilə bağlıdır. Müxtəlif maliyyələşdirmə mənbələri alimlər və cürbəcür strukturlar, yəni qərarların qəbulu və icrası üçün məsul olan, başqa sözlə, elmi həyata yaxınlaşdıranlar arasında əlaqələri genişləndirir. İkincisi, elmi əməyin keyfiyyətinin ölçülməsi lazımdır. Bu məsələlərə maraq bizim ölkədə də gözə çarpır. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA), o cümlədən bizim Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda və reytinqli jurnallarda daha çox məqalə dərc etmək tələb olunur. Fəqət iş yalnız əsərlərin dərc edilməsində deyil, həm də ondadır ki, hesabat və əməyin nəticələrinin verifikasiyası (verification - yoxlama) mədəniyyəti aşılanmalıdır və bu nəticələr indi artıq bilavasitə alimin özünün tədqiqat mədəniyyəti ilə, onun öz işinin nəticələri üçün yalnız üfüqi yox, həm də şaquli məsuliyyətlə bağlıdır. Hesabatda həmçinin prioritetlər üzərində ciddi surətdə düşünmək lazımdır. Azərbaycan üçün mühüm məqam ondan ibarətdir ki, elmin bəzi istiqamətləri üzrə araşdırmaların nəticələrini yoxlaya bilən mütəxəssislər yoxdur, halbuki tədqiqatların özləri gərəklidir. Bu halda beynəlxalq layihələrdə müstəqil və ya şərikli iştirak etmək əhəmiyyət kəsb edir. Beynəlxalq qrantlar üzrə layihələrdə iştirak təcrübəmiz göstərir ki, bu, mütəxəssislərin çatışmadığı sahələrin inkişafı üçün kifayət etməyə də bilər. Lakin hesabat mədəniyyətinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq elmi qloballaşma, elmin beynəlxalq elmi həyata qovuşması proseslərini fəallaşdırmaq və eyni zamanda elmin inkişafında prioritet istiqamətlər dairəsini müəyyən etmək lazımdır. Bu prioritetlər elmimiz tərəfindən dünya elmində gedən proses və təmayüllərin dərki və izahından xaric hazırlana bilməz. Etiraf etmək lazımdır ki, son bir-iki ildə ölkəmizdə AMEA sistemində hesabat mədəniyyətinin möhkəmləndirilməsi üzrə bəzi addımlar atılıb, lakin onlar daha çox nəzarət və ölkə daxilində informasiya mübadiləsi ilə bağlıdır. Belə ki, məsələn, Elmlər Akademiyasının hesabatlarında ölkənin elmi elitasının, Bakı Dövlət Universitetinin (BDU) nümayəndələri və əksinə, BDU-nun hesabatlarında AMEA-nın elitası iştirak edir. Bu tədbirlər inkişaf etdirilməlidir, dissertasiya müdafiəsi sisteminin yenidən mənalandırılması üzrə də çox iş görmək lazımdır.

Tədqiqatçılarda hesabat mədəniyyəti və vərdişinin yaradılmasında bir çox şeylər hesabat qarşısında qoyulan tələblərin sərtləşdirilməsi ilə bağlıdır. Lakin təəssüf ki, hesabat heç də həmişə tədqiqatın keyfiyyəti, bu və ya digər işə sərf edilmiş vaxtla bağlı olmur. Bütün həyatı boyu yalnız bir mövzu üzərində işləməkdə, elmdəki fədakarlığının onların işinə tələbat yaratdığını düşünməkdə və s. haqlı olduqlarına əmin olan alimlər az deyil. Bir çoxları həmçinin əmindir ki, əbədi aktual olan mövzular vardır və məlum dərəcədə tam anlanılmır ki, aktuallıq heç də tədqiqatın keyfiyyətinə bəraət qazandırmır.

Biz institutumuzda əbədi mövzular prinsipindən imtina etməyə çalışırıq. Bu məqsədlə klaster araşdırmaları həyata keçirməyə təşəbbüs göstərilir: bu zaman Orta əsrlər fəlsəfəsi üzrə mütəxəssis işə özünün əsas tədqiqat mövzusu ilə qonşu problemlər qrupunu da cəlb etməyə çalışır. Məsələn, Bakıda professor Aida İmanquliyevanın 70 illiyinə həsr olunmuş «Şərq və Qərb: ümumi mənəvi dəyərlər, elmi-mədəni əlaqələr» mövzusunda İbn əl-Ərəbi Beynəlxalq simpoziumu elə məhz bu cür sxem üzrə təşkil olunmuşdu. Konfransda Azərbaycandan və dünyanın bir çox ölkələrindən olan tanınmış alimlər, müxtəlif fənlərin nümayəndələri iştirak edirdi. Onların gəldikləri nəticələr isə yalnız fəlsəfə tarixi sahəsində deyil, həm də fəlsəfə, şərqşünaslıq, filologiya və sair sahələrdəki tədqiqatlara müəyyən təsir göstərdi (4). Klaster tədqiqatlarına aid bu cür misalları çox göstərə bilərik, lakin onların sayı daha da çox olmalıdır. Qeyd etmək lazımdır ki, bu cür ararşdırmalar xüsusi təşkiletmə tərzini, alimlər üçün müxtəlif maliyyələşdirmə mənbələrinin axtarışı zərurətini, müxtəlif elmlərin nümayəndələrinin dəvət olunmasını tələb edir.

Lakin onu da nəzərə almaq lazımdır ki, getdikcə modernləşdirilən elmi olan və sürətlə müasirləşdirilən ölkə tədricən alimlərin iş şəraitini də uyğun olaraq dəyişdirməli, əməyin variantlı ödənişini ehtiyatla tətbiq etməlidir, çünki beynəlxalq elmdə qrantlar uğrunda çox böyük rəqabət gedir, özü də tədqiqat barəsində ərizə verməyə can atan alimlərin sayı araşdırma aparmaq üçün vəsait almış alimlərin sayından dəfələrlə çoxdur. Və əgər inkişaf etmiş ölkələrin alimləri üçün ərizələrinə rədd cavabı almaq dövlət səviyyəsində problem yaratmırsa, bizim üçün hələ də siyasi cəhətdən tələb olunan, ölkənin özünü mühafizə etməsi, inkişafı və müasirləşdirilməsi üçün lazım olan mövzulara tələbat vardır. Tez bir zamanda həll edilməsi mümkün olmayan dilemma göz qabağındadır, yəni elmin dövlət maliyyələşdirilməsini qorumaq və artırmaq lazımdır, lakin öz ölkəmizdə alternativ maliyyələşdirmə mənbələrini də (o cümlədən, qeyri-dövlət mənbələrini) hazırlamaq gərəkdir.


Beynəlxalq elmi əməkdaşlıq və səmərəlilik
Əsas etibarilə, əlbəttə, aydındır ki, Azərbaycan elmində, o cümlədən ictimai elmdə elmi araşdırmaları maliyyələşdirən beynəlxalq təşkilatların köməyinə bel bağlamaq, bir çox alimlərimizin əsərlərinin reytinqli beynəlxalq jurnallarda dərc ediləcəyinə ümid bəsləmək hələlik çətindir. Lakin bu məqsədlərdən imtina etmək də olmaz, çünki qloballaşma proseslərinin təhlili göstərir ki, başqa dövlətlər kimi Azərbaycan da bilik, informasiya cəmiyyətinə doğru gedir. Bu məqsədlərə nail olmaq üçün elmi texnologiyaları, innovasiyaları inkişaf etdirmək və hər şeydən əvvəl cəmiyyətdə elmə xüsusi münasibət və onun üçün xüsusi mühit yaratmaq lazımdır. Bu problemlər çox cəhətdən bütün dünya üçün ümumidir, hərçənd onların lokal cəhətləri və özəl xüsusiyyətləri də vardır. Onlar hər bir konkret ölkədə onun adət-ənənələri, idarəetmə mədəniyyəti və s. ilə əlaqədar olaraq cəmiyyətdə elmə hörmət iqliminin, ab-havasının yaradılması xüsusiyyət­ləri ilə bağlıdır. Dünyada elm, texnologiya və innovasiyalar beynəlxalq elmi əməkdaşlıq olmasa inkişaf edə bilməz, lakin bu da çox vacibdir ki, beynəlxalq ictimai əməkdaşlıq ictimai elmlərə hər bir konkret ölkədə elmə hörmət ab-havasını yaratmağa (ola bilsin, yeni səviyyədə bərpa etməyə) imkan verir.

Etiraf etmək lazımdır ki, marksizm ideologiyası hökmranlığının dağılması ictimai və humanitar elmlərin Azərbaycanda böhrana düşməsinə səbəb oldu, onlar cəmiyyətdəki proseslərə təsir qüvvəsini itirdilər. Elmə (o cümlədən, ictimai elmə) etimadın qaytarılması çətin, müəyyən bilik siyasəti və ideologiyası tələb edən məsələdir, lakin onun həlli yenə də alimlərin beynəlxalq elmi əməkdaşlıqda iştirakından keçir. Nəzərə alsaq ki, bizim ictimai elmlərin bu sahədə böyük iş təcrübəsi yoxdur, bu onların qarşısında duran ciddi tələbdir. Bir məqsəd olaraq bilik, informasiya cəmiyyəti tələblərə müəyyən cavabların verilməsi zərurəti ilə bağlıdır, lakin bundan əvvəl həmin tələblər dərk edilməlidir. Hakim elita bu tələbi anlayır, fəqət bu, tələb səviyyəsində ictimai elmdə dərk olunmalıdır. Hər şeydən əvvəl anlamağa, sonra isə anlatmağa çalışmaq lazımdır ki, elmə münasibət və etimad elmi tədqiqatların keyfiyyətindən asılıdır. Bu gün keyfiyyətli ictimai elmə aparan yol beynəlxalq əməkdaşlıq və fənlərarası araşdırmalar sahəsindən keçir. Fənlərarası tədqiqatlar probleminə daha ətraflı bir qədər sonra müraciət edəcəyik. Burada isə beynəlxalq əməkdaşlığa qoşulmaq özlüyündə bu və ya digər sahədə araşdırmaların ən mühüm keyfiyyət göstəricilərindən biridir. Bizə uzun müddət elə gəlirdi ki, elmi təbiyyat elmlərindəki vəziyyət müəyyən edir. Lakin indi müəyyən dərəcədə bu müddəanı dəqiqləşdirmək lazım gəlir, çünki humanitar və ictimai elmlər milli özünüdərk və mədəniyyətin təşəkkülü və inkişafı ilə sıx bağlıdır və əgər ictimai elm cəmiyyətdə elmin müsbət surətini yaratmırsa, onda yalnız bütövlükdə elm yox, həm də mədəniyyət ciddi problemlərə məruz qalmağa başlayır. Bu məqalədə biz mədəniyyət problemlərini təhlil etmək niyyətində deyilik, amma bununla belə, marağımız çərçivəsində qeyd etmək istərdik ki, mədəniyyət həddindən artıq mürəkkəb, olduqca çoxtərkibli fenomendir. Və bu və ya digər sosium çərçivəsində elmi mədəniyyətə və alim etikasına tələbatın itirilməsi nəticəsiz qala bilməz.



Beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi elmə və ya daha dəqiq desək, öz tezis və fərziyyələrinin verifikasiyasına və reverifikasyiasına (re-verification – təkrar yoxlama) çalışan müasir elmə olan marağı, tələbatı bərpa edir. Lakin bu prosesin uğurla inkişaf etməsi üçün aşağıdakı cəhətlərə ciddi surətdə diqqət yetirmək lazımdır: birincisi, bu cür əməkdaşlıqda iştirak etməyə qadir tədqiqatçılar seçilməlidir, yaxşılarından yaxşılarını seçməyi öyrənmək gərəkdir. İkincisi, beynəlxalq, eləcə də ayrı-ayrı ölkələrdəki elmi mühitdən xəbərdar olmağı və onların xü­susiyyətlərini anlamağı təşviq etmək lazımdır. Üçüncüsü, Azərbaycan alimlərinə dil maneə­lərini dəf etməkdə kömək göstərilməlidir. Dördüncüsü, cəmiyyətdə elmin və elm adamlarının pozitiv və uğurlu simasının formalaşdırılmasına kömək etmək məqsədilə alimlərin nailiyyətlərini təbliğ etmək gərəkdir. Əgər biz elmdəki vəziyyəti müasirləşdirmək istəyiriksə, bu məsələləri həll etmək lazımdır. Bu yöndə əlbəttə ki, Azərbaycan Respublikası Prezidentinin ölkənin gənc alimlərinin Qərbin elmi mərkəzlərinə təhsil almağa göndərilməsi haqqındakı qərarının düzgün olduğunu etiraf etməmək olmaz. Lakin bu da vacibdir ki, ölkədə elm bir institut kimi yox olmasın, bunun üçün isə alimlərimizin dünya elmində tam dəyərli iştirak etməsinə nəyin mane olduğunu müzakirə etmək lazımdır. Əlbəttə, bizə rusdilli aləmin elmindəki vəziyyət qismən məlumdur, lakin ingilisdilli elmdə işlərin nə yerdə olduğu barədə yalnız bəzi məlumatlarımız var. Qeyd edək ki, hər şeydən əvvəl, oxşar problemləri Rusiya və Ukrayna ictimai elmində yaşayırlar, buna görə də onların bu sahədə təcrübəsini öyrənmək faydalı olardı. Təəssüf ki, bizim gənc alimlərimiz Rusiya, Qa­zaxıstan, Ukrayna alimlərinin işləri ilə, demək olar ki, tanış deyillər. Skeptiklər deyə bilər ki, bu ölkələrdəki ictimai elmlər dünyada heç də aparıcı olan elm deyil. Lakin iş hansı elmin dünyada liderlik etdiyi barədə mübahisədə deyil, məsələ bundadır ki, bu ölkələrin akademik elmi institutları, mərkəzləri ilə birlikdə aparılan iş əməkdaşlıq coğrafiyasının genişləndirilməsinin əsasını qoymalıdır və qoya bilər. Keçmişdə bizim bu cür əməkdaşlıq üzrə bir qədər təcrübəmiz olub. Hələ ki, birgə məcmuələrin nəşrini, birgə konfransların keçirilməsini qeyd etməklə ki­fayətlənək. Bu kontekstdə həmin işlərin təşkilində Heydər Əliyev Fondunun göstərdiyi böyük köməyi vurğulamaq istərdik. Fəqət həmin işləri mütləq genişləndirmək lazımdır, özü də yalnız kəmiyyətcə yox, bununla bərabər yeni əməkdaşlıq formalarını da axtarmaq gərəkdir. Elmi əməkdaşlıq yalnız o genişlənən zaman baş verir, yəni onu daima zənginləşdirmək və geniş­ləndirmək lazımdır. Məsələn, bizim əməkdaşlıq üzrə perspektiv planlarımızda Rusiya və Ukrayna filosoflarının iştirakı ilə elmin fəlsəfəsi, fənlərarası əməkdaşlıq metodologiyası problemləri üzrə beynəlxalq elmi seminarların keçirilməsi vardır. Həmçinin fəlsəfə tarixi üzrə müəyyən nailiyyətlər əldə etmiş Qazaxıstan filosofları ilə də əməkdaşlığa dair saziş əldə edilmişdir. Qeyd etmək lazımdır ki, çoxtərəfli əməkdaşlıq ikitərəfli əməkdaşlıqdan heç də az perspektivli deyil, həm də ki, bir sıra hallarda təşəbbüs bizim tərəfimizdən irəli sürülə bilərdi. Əlbəttə, bu seminarlarda başqa ölkələrdən olan alimlərin iştirakı da təqdir edilməlidir. Seminarlar əsərlərinin beynəlxalq jurnallarda dərc olunduğu alimlərlə bu sahədə kifayət qədər təcrübəyə malik olmayan alimlər arasında əməkdaşlığın uğurlu formasıdır.

Bütün yuxarıda deyilənlər ikinci bəndə – müxtəlif ölkələrdə tədqiqat mühiti barəsində biliklərə malik olmaq və onu anlamaq, başa düşmək – keçməyə imkan verir. Biz bütövlükdə nəinki Avropada, hətta Rusiyada da elmi mühitin xüsusiyyətləri ilə yaxşı tanış deyilik. Biz həmçinin birgə tədqiqatların aparılmasına hələ də qrant tərtib edə bilmirik. Bizim iki müştərək qrantımız Belarusda təsdiq edilib, lakin bu, kifayət deyil. Onu da qeyd edək ki, bizim mütəxəssislərin tez-tez yalnız vaxt çatışmazlığı üzündən birgə layihələrdə iştirak etməkdən imtina etməsi beynəlxalq əməkdaşlığın yaradılmasının heç də ən yaxşı üsulu deyil. Rusiya, Ukraynanın populyar elmi jurnallarında yazılar dərc etdirmək bizim alimlərə bu ölkələrdə elmi mühiti daha yaxşı öyrənmək imkanı verir və eyni zamanda bu, nəşr olunmuş əsərlərin dünyada nəzərə çarpacağına şans yaranır. Məsələn, Rusiyanın «Вопросы философии», «Философские науки», «Век глобализации» və digər bu kimi məşhur jurnallarında dərc olunmuş məqalələr fəlsəfə aləmində izlənilir, onların redaksiya heyətində digər ölkələrdən olan məşhur filosoflar iştirak edir və s. Onu da vurğulamaq istərdik ki, bizim ölkədə də bu cür jurnalların yaradılmasına fəal surətdə kömək etmək, tanınmış məşhur alimləri əməkdaşlığa cəlb etmək və s. vacibdir. Hazırda bizdə bu sahədə Azərbaycan Respublikası Prezident Adminstrasiyasının rəhbəri akademik R.Mehdiyevin zamanca son əsərlərindən sonra bir çox işlər görülür, lakin görüləsi işlər daha çoxdur. Hələlik isə onu qeyd edək ki, bizim alimlər çox vaxt məqaləni necə tərtibata salmağın, onun tanınmış jurnallarda dərc olunması üçün necə hazırlamağın və s. lazım olduğunu bilmirlər. Və ya, məsələn, bəzi Rusiya, Ukrayna jurnallarında belə bir fikir yaranıb ki, Azərbaycan müəllifləri yalnız özlərinin fəlsəfə tarixi üzrə mövzulara toxunmalıdırlar. Biz bu təsəvvürü dağıtmalıyıq.

Bildirilmiş üçüncü bənd üzrə qeyd etmək istərdik ki, elmin inkişafı, beynəlxalq elmi əməkdaşlıq üçün dil maneələrini aradan qaldırmaq lazımdır. Demək olar ki, bütün alimlər əmindirlər ki, ölkədə rus dilinə mükəmməl yiyələnmiş alimlərin olmasından faydalanmaq lazımdır, lakin başqa və hər şeydən əvvəl ingilis dilini bilən alimlərin də meydana çıxması gərəkdir. Diqqəti ona cəlb etmək istərdik ki, dünyada Çin alimlərinin uğurları bu ölkədə onlarda Çin ingilisdilli elmi ədəbiyyatın inkişaf etməsindən başlandı. Əlbəttə, alimləri bu istiqamətdə həvəsləndirən bütöv bir proqram işlənib hazırlanmalıdır. Lakin proqramın hazırlanacağını və yerinə yetiriləcəyini gözləmək lazım deyil, alimlərimizin ən yaxşı əsərlərini ingilis, rus dillərinə tərcümə etmək lazımdır. Eyni zamanda müasir xarici mütəxəssislərin əsərlərini Azərbaycan dilinə çevirmək zəruridir. Əlbəttə, əsərlərin tərcüməsi çətin başa gələn işdir, fəqət başqa bir yol yoxdur. Müəllifin ingilisdilli «Today and Tomorrow. Azerbaijan in Focus» elmi-ictimai jurnalının təşkili işində təcrübəsi var və demək lazımdır ki, «elm aləmindən uzaq olan» naşirlər bir qayda olaraq bu cür jurnallara qoyulmuş sərmayənin tez bir zamanda qaytarılmasını gözləyir, halbuki onun yaradılması, təsirinin genişləndirilməsi və s. üçün çox zəhmət, səbr tələb edən və davamlı iş görmək lazımdır. Qeyd etmək istərdik ki, jurnalın bəzi uğurları var idi və belə uğurlardan biri də onun məhz bizim kontekstdə fənlərarası səciyyə daşıması idi, yəni o nə sırf fəlsəfi, nə də tarixi bölmələri üzrə deyil, müəlliflərdən ictimaiyyatşünaslar arasında fənlərarası əməkdaşlıq təcrübəsini tələb edən mövzular üzrə tərtib olunmuşdu.

Və nəhayət, Azərbaycan elminin inkişafı problemlərinin tədqiqi, Azərbaycan elminin ən mühüm inkişaf yollarından biri kimi beynəlxalq elmi əməkdaşlıqda iştirak məsələlərində təbliğat haqqında. Ümumiyyətlə, elmin təbliği məsələlərinə ciddi surətdə diqqət ayırmaq lazımdır. Akademik, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri R.Mehdiyevin əsərlərinin təhlili bu məsələlərin dərk olunmasının ən azı üç istiqamətini qısaca və dürüst ifadə etməyə imkan verir: birincisi, cəmiyyətdə elm və təhsilə, biliklərə hörməti bərpa etmək lazımdır. Etiraf etməliyik ki, bazar iqtisadiyyatı cəmiyyətində bu cür mühiti bərpa etmək qeyri-bazar iqtisadiyyatı cəmiyyətində olduğundan daha çətindir və onun yaradılmasında alim kol­lektivlərinin, hökumət orqanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı zəruridir. Bunda yalnız alimlər deyil, həm də ölkə vətəndaşları maraqlıdır. İkincisi, təbliğat ancaq daxilə, yəni özümüzə, böyüməkdə olan nəslə yox, həm də xaricə istiqamətlənmiş olmalıdır. Çalışmaq lazımdır ki, dünyanın müxtəlif elmi mərkəzlərində ölkəmizin elmi tədqiqatlara ciddi diqqət yetirməsi barəsində informasiya yayılsın. Beynəlxalq konfranslarda iştirak etməklə kifayətlənməmək və dünya şöhrətli alimləri bizim elmi institutlarımızla əməkdaşlığa dəvət etmək lazımdır. Üçüncüsü, milli ideologiyanın inkişafı ayrılmaz surətdə elmlə, aparılan bilik siyasəti ilə bağlı olmalıdır.


İctimai elmlərdə fənlərarası tədqiqatlar və dialoq fəlsəfəsi

Son zamanlar AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda fənlərarası araşdırmaların metodologiyasına ciddi maraq nəzərə çarpır. Qeyd edək ki, biz mart ayının sonunda bu məsələlərə həsr olunmuş ikigünlük seminar keçirdik. Filosoflarımızın əsərlərinin monitorinqi onu göstərir ki, bu cür tədqiqatlarda bir neçə istiqamət vardır: birincisi, ictimai elmlərin nəticələrinin informasiyalaşması və ya yoxlanılıb təsdiqlənməsi prosesi başlanıb. Bir halda ki, xarici jurnallarda yazı dərc etmək tələb olunur, deməli, ideya və tədqiqatların sınanılması, yoxlanılıb təsdiqlənməsinin zəruri olduğu dərk edilir. İkincisi, etika, bioetika, elmin idarə olunması, elmin fəlsəfəsi və mədəniyyət problemlərinə davamlı maraq yaranıb. Üçüncüsü, milli ideologiya və liderlik, vətəndaşlıq və milli identiklik (eyniyyət) problemləri alimlərdə maraq doğurur. Dördüncüsü, dialoqun fəlsəfəsi mövzusu ictimaiyyatşünas alimlərin diqqətini özünə cəlb edir. Beşincisi, intellektual mülkiyyət məsələləri maraq oyadır (5). Fənlərarası araşdırmalara, mükalimə fəlsəfəsinə və onlar arasındakı əlaqələrə maraq, əlbəttə, qloballaşma və modernləşmə prosesləri ilə oyadılıb, lakin etiraf edək ki, kiçik bir məqalədə bütün bu məsələləri tamamilə aydınlaşdırmaq mümkün deyil. Buna görə də biz bu məsələlərin bəzi konturları üzərində dayanacağıq (6,7).

İnternet, sosioloji tədqiqatlar, statistik materiallar alimlərə müxtəlif elmi sahələrdən informasiya almağa imkan verir. Lakin aydın olur ki, sayı getdikcə artan elə mövzular var ki, onları ictimai elmlərin köhnə bölgüsü çərçivəsində təhlil etmək mümkün deyil. Məsələn, biz mədəniyyətlərin dialoqu haqqında fikir yürüdürük, başqaları isə sivilizasiyaların mükaliməsi haqqında. Lakin bunların mənası, mahiyyəti bir elmin, bir fənnin anlayışları və istilahları vasitəsilə ifadə edilməsi mümkün olmayan mürəkkəb məfhumlardır. Onlara yalnız bir çox elmlərin (fəlsəfə, sosiologiya, tarix, politologiya, coğrafiya, iqtisadiyyatın və s.) qarşılıqlı əlaqəsi daxilində tərif vermək, müəyyən etmək olar. Və yaxud, məsələn, bizim üçün ağrılı olduğu qədər də çox əhəmiyyətli olan Dağlıq Qarabağ münaqişəsi problemi bir çox tarixi problemlərə maraq oyatdı. Amma tarixi ədaləti dəqiqləşdirmək və sübut etmək üçün konkret tarixi demoqrafik və sosioloji məlumatlarla, iqtisadi tarix, konfliktologiya, siyasətin fəlsəfəsi, hüquq elmi ilə birləşdirmək lazımdır. Biz hələ arxeologiyanı və s. demirik. Əlbəttə, tarixçi, hüquqşünas və ya filosof nadir hallarda bütün bu məsələlər üzrə mütəxəssis ola bilər (bu cür alimlər həmişə az olur, tədqiqatlar isə çox olmalıdır). Buna görə də, yəqin ki, belə bir əks - tezisi təsdiq etmək lazımdır ki, yalnız tarix, fəlsəfə, politologiya və ya sosiologiya ilə bağlı tədqiqatlar başqa elmlərin məlumatları və nəticələri ilə təkrarən yoxlanılmalıdır. Bu məsələlər özünün metodoloji izahını akademik, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «İctimai və humanitar elmlər: zaman kontekstində baxış» adlı məqaləsində tapıb.

Məlumat və nəticələrin yoxlanıla bilən olması ictimai elmlərin inkişafı üçün vacibdir. Elə məhz bu səbəbdən də fənlərarası araşdırmaların metodologiyası mövzusu ictimaiyyatşünaslar üçün əhəmiyyət kəsb edir. Filosoflar üçün bu cür müəyyənləşdirmə başqa elmlərin nümayəndələri üçün olduğundan daha adi işdir, lakin artıq bu mütəxəssislərin də onların problematikası üçün digər elmlərin bilavasitə əhəmiyyəti olan nəticələrinə diqqət yetirməli olduğu vaxt çatıb.

Fənlərarası tədqiqatlara zərurətin olması yalnız nəzəri-metodoloji məsələlərin dərk edilməsi, fəlsəfənin bu araşdırmalarda rolunun axtarışı deyil, həm də tədqiqatların təşkili və maliyyələşdirilməsi sahələri qarşısında da tələblər qoyur. Bu cür araşdırmalar daha baha başa gəlir və onlar üçün maliyyələşdirməni müxtəlif mənbələrdən axtarmaq daha səmərəli olardı. Məsələn, yuxarıda qeyd etdiyimiz seminarı keçirməkdə bizə Elmin İnkişafı Fondu kömək etdi ki, bu da fənlərarası tədqiqatlara marağın və tələbatın yalnız fəlsəfə çərçivəsində qalmayıb, ondan kənara çıxdığını göstərir. Biz güman edirik ki, onlara olan maraq beynəlxalq elmi fondlar tərəfindən də dəstəklənə bilər. Həqiqətən, bu cür tədqiqatlar nəinki bizim ictimaiyyatşünaslarımızın, hətta başqa ölkələrdən olan alimlərin də iştirakını nəzərdə tutur. Sosioloq, hüquqşünas, iqtisadiyyatçı və filosof qrupları yalnız beynəlxalq səviyyəli problemlərin dərk olunması üzrə deyil, həm də lokal xarakterli problemlər üzrə də daha sıx əməkdaşlıq etməlidirlər. Bu kontekstdə müxtəlif elm mütəxəssisləri arasında, elmdəki mütəxəssislər və idarəetmə işçiləri arasında, müxtəlif ölkələrin fondları və s. arasında qarşılıqlı əlaqələr yeni tədqiqat və təhlil obyektinə çevrilir.

Bütün yuxarıda deyilənlər son zamanlar mühüm araşdırmalar sahəsinə çevrilmiş etika, bioetika, elmin fəlsəfəsi problemlərinə keçməyə imkan verir (8). Etiraf etmək lazımdır ki, bu sahədəki bəzi nailiyyətlər fənlərarası tədqiqatların inkişafına kömək edə bilər. Məsələn, müxtəlif elmlərin nümayəndələri arasında əməkdaşlıq, müxtəlif mənbələrdən maliyyələşdirmə, texnologiyaların tətbiq olunması hüdudları və s. bu kimi məsələlər nəinki aşkar etik aspektə malikdir, hətta hər şeydən əvvəl etik aspekt dərk olunduqda həll edilə bilərlər. Azərbaycanda tətbiqi etika məsələləri bioetikanın təşəkkül tapdığı dövrdə fəal surətdə işlənməyə başlandı. Əlbəttə, bioetika problemlərinə maraq onunla bağlıdır ki, bizim alim, filosof, tibb işçilərimiz başa düşürlər ki, müasir dövr alim, filosof və tibb işçilərimizin təkbaşına həll edə bilmədiyi problemləri irəli sürür. Məsələn, həkim və pasient arasında qarşılıqlı münasibətlər necə olmalıdır, həkimin konkret insan qarşısında məsuliyyətinin sərhəd xətti haradan keçir və ya bazar iqtisadiyatı şəraitində həkim və tibbi bürokratiya, həkim və farmakologiya təşkilatları və s. arasında qarşılıqlı münasibətlərdə hansı etik mülahizələr nəzərə alınmalıdır? Lakin bioetika ilə yanaşı son vaxtlar pedaqogikada, böyükməkdə olan nəslin tərbiyəsi nəzəriyyəsində fəlsəfə, etika, psixologiya, təlim və tərbiyə fəlsəfəsinin qovuşuğunda fənlərarası tədqiqatların zəruri olduğunun fəal surətdə dərk olunması prosesi gedir. Etiraf etmək lazımdır ki, bizim pedaqoqlar çox vaxt belə hesab edirlər ki, onların özləri, hər bir ayrıca pedaqoq-alim psixologiya, fəlsəfə və s. sahələrdə müstəqil surətdə biliklərə yiyələnə bilər. Bizcə, bütün bu biliklərin əhəmiyyətinə rəğmən, elmlərin qovuşuğunun aktual məsələlərini dərk edən alimlərdən ibarət kollektivlər yaradaraq fənlərarası araşdırmalar aparmaq lazımdır. Bu halda pedaqoqun biliyi, onun təsir qüvvəsi praktikada psixoloqlar, etika üzrə mütəxəssislər və s. tərəfindən yoxlanılır. Və əksinə, əgər etika mütəxəssisinin nəticələri məktəbdə sınaqdan keçməsə, pedaqoqlar tərəfindən yoxlanılmasa və s. o, tərbiyə məsələləri ilə necə məşğul ola bilər?

Bizim elmimizdə həmçinin milli ideologiya, liderlik, vətəndaşlıq və milli identiklik (eyniyyət) problemlərinə ciddi marağın olduğu gözə çarpır. Bu mövzu və problemlərdən hər biri fənlərarası tədqiqatlar tələb edir, çünki ayrıca bir alimin bilikləri beynəlxalq elmi ideyalar bazarında rəqabət apara biləcək əsər yaratmaq üçün kifayət etmir. Məsələn, ideologiya problemləri tarix, iqtisadiyyat, siyasət, sosiologiya və fəlsəfə məsələləri ilə sıx bağlıdır. Bu tezis liderlik, vətəndaşlıq və ya identiklik problemlərinə də tətbiq oluna bilər. Dövrümüz liderlik, vətəndaşlıq və identiklik barəsində təsəvvürləri ciddi surətdə dəyişdirir, onlar hüquq, psixologiya, əxlaq və ya ədəbiyyat çərçivəsindən çox uzağa çıxır. Bu gün siyasi, iqtisadi, mənəvi vətəndaşlıq anlayışlarını işlətməyə məcbur oluruq. Etiraf etməliyik ki, Azərbaycanda ideologiya, miqrasiya, diaspor məsələləri ilə ciddi surətdə məşğul olurlar. Lakin ədəbiyyatda bu sahənin fənlərarası araşdırmalar nöqteyi-nəzərilə müəlliflər kollektivi tərəfindən tədqiq edildiyi işlər, demək olar ki, azdır. Həm də ki, söhbət müxtəlif fənlərdən olan müəlliflərin təsadüfi toplusundan getmir, bu cür kitablar çoxdur, söhbət müxtəlif sahələrdən olan həmfikirlərin həqiqi kollektivindən gedir. Bunu da qeyd etmək istərdik ki, uzun müddət etika, etikanın tətbiqi məsələləri ilə məşğul olan bu məqalənin müəllifi aşkar edib ki, bu problemlərin bir çoxu öz növbəsində nəzəri və tətbiqi etikanın problemləri ilə kəsişir, bu isə tədqiqatların psixoloq, filosof, hüquqşünas və b. iştirakı ilə aparılması zərurətini yaradır. İdeologiya, vətəndaşlıq, identiklik və s. məsələlərə dəqiq və əsaslandırılmış cavab tapmadan gənclər arasında vətənpərvərliyin, tolerantlığın və humanizmin tərbiyəsi məsələləri ilə məşğul çətin olar.

Dialoq fəlsəfəsi problemləri nisbətən yaxın zamanlardan elmi araşdırma mövzusu olub. Etiraf etmək lazımdır ki, bu məsələlər ilk növbədə Heydər Əliyev Fondunun keçirdiyi konfranslarda müzakirə edilib. Bir dəfə İnstitutumuzda keçirdiyimiz seminarların birində elmlər doktorlarından biri ucadan dedi ki, münaqişədə mükaliməyə nail olmaq çətindir. Biz həqiqətən başa düşdük ki, münaqişədə dialoq yaratmaq mümkün deyil, lakin bu o demək deyil ki, dialoq nəzəriyyəsində hər şey aydındır. Fəlsəfədə dialoq həm söhbət kimi, həm dil kommunikasiyası vasitəsi kimi, həm də həqiqətə aparan yol kimi başa düşülür. Lakin əgər biz Platon dialoqlarını xatırlasaq, onda etiraf etməli olacağıq ki, mükalimədə Sokrat qədər nüfuzlu bir kimsə (avtoritet) iştirak edə bilər və ya dialoq avtoritetin iştirakı olmadan keçə bilər. Əslində bu o deməkdir ki, dialoq ya avtoritetin monoloquna aparan yoldur, ya da ki, başa düşməyi və ona bələd olmağı nəzərdə tutur. Bizcə, fəlsəfədə, kulturologiyada, ola bilsin, linqvistikada ayrıca bir mövzu olan dialoq problemi müasir Azərbaycan fəlsəfəsi üçün ən mühüm problemə çevrilir. Axı mədəniy­yətlərin dialoqunun mənası kommunikativliyin (ünsiyyət yaratmağın) mədəniyyətin ən mühüm funksiyası olduğunu dərk etməkdən ibarətdir. Avropanın inteqrasiya və anlama problemləri, fənlərarası tədqiqatların təşkili və s. onunla sıx bağlıdır. Axı alim fənlərarası araşdırmalarda məlumatlarının, nəticələrinin təxminən avtoritetlərin olmadığı mükaliməyə hazır olmalıdır.

Etiraf etmək lazımdır ki, fənlərarası araşdırmalar ölkədə intellektual mülkiyyət problemini aktuallaşdırır. Bu məsələyə maraq fənlərarası tədqiqatlar çərçivəsində beynəlxalq elmi əməkdaşlıq şəraitində əsasən əhəmiyyətli dərəcədə artmalıdır. Bu təbiidir, belə ki, müxtəlif elm sahələrindən olan alimlərdən təşkil olunmuş mikrokollektivlərdə tədqiqat işlərinin aparılması, çox vaxt birgə məqalələrin dərc edilməsi nəyin kimə məxsus olduğu haqda məsələni kəskinləşdirir, biz hələ birgə tədqiqatın bu və ya digər ayrıca hissəsinin haqqının ödənilməsində maliyyə üstünlükləri probleminin ortaya çıxa biləcəyini demirik. Lakin biz hələlik bu sahədə tədqiqatların və dərc olunmuş əsərlərin sayının ciddi surətdə artdığını təsdiq edə bilmərik. Çox güman ki, bu cür araşdırmaların canlanması ən yaxın da olsa, amma yenə də gələcəyin işidir.

Qloballaşma şəraitində dünyada mülkiyyət hüququ probleminin müxtəlif şərhləri gözə çarpır. Problemin, görünür, hələlik hüquqi aspektinin olduğu ölkəmizdən fərqli olaraq, bu problemi yalnız hüquqi məsələ kimi yox, həm də internetin, elmin inkişafı şəraitində informasiyanın qorunması məsələsi kimi nəzərdən keçirirlər. Güman etmək lazımdır ki, informasiyanın qorunub saxlanması, elmin inkişafı və onun yolundakı maneələrin dəf edilməsi məsələlərinə etinasızlıq bu və ya digər ölkələrdə inkişafı ləngidəcək. Aydındır ki, bu problemin fəlsəfi, sosioloji, mədəni aspektləri vardır.

Sonda qeyd etmək istərdik ki, beynəlxalq elmi əməkdaşlıq, fənlərarası tədqiqatlar elmimizin inkişafına kömək edə bilər, lakin əslində onlar dialoqa münasibətin dəyişməsinə imkan yaradır. Amma bunun üçün bu işdə təcrubəni dərk etmək və yenidən mənalandırmaq lazımdır.

1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə