AZƏrbaycanşÜnasliğin aktual problemləRİ Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 87-ci




Yüklə 7.97 Mb.
səhifə41/62
tarix22.02.2016
ölçüsü7.97 Mb.
1   ...   37   38   39   40   41   42   43   44   ...   62

Hər ay Krım vilayətinin Sevastopol şəhər dövlət radio verilişlərində yarım saat Azərbaycan dilində proqram səsləndirilir. Bu müddət ərzində Azərbaycan musiqisi, mədəniyyəti, həqiqətləri barəsində əhatəli məlumat verilir, klassik muğamlarımız səsləndirilir.Azərbaycan-Qobustan proqramının aparıcısı və mü- əllifi həmyerlimiz Həbib Əliyev, rus dilinə tərcüməçisi isə Leyli Kərimovadır.
Azərbaycan-Qobustan proqramı hər dəfə Ü.Hacıbəyovun məşhur “Koroğlu” operasının üverturası ilə başlanır. Artıq neçə illərdir ki, Sevastopol şəhərində hər evə Azərbaycan musiqisinin sədaları yayılır, ölkəmiz haqqında əsl həqiqətlər barəsində məlumatlar verilir, ermənilərin haqqımızda yaydıqları yalan və böhtanların qarşısı alınır.

Azərbaycanın keçmiş tarixi, klassiklərimiz, adət-ənənələrimiz, müasir alimlərimizin yaradıcılığı və Ukrayna—Azərbaycan dostluq əlaqələri barəsində verilişlər Azərbaycan-Qobustan proqramıının əsasını təşkil edir. Bir sözlə, Azərbaycanın milli-mənəvi dəyərlərini olduğu kimi Krım vilayətinin sakinlərinə çatdırılır[10].


2009- cu ilin mayında Azərbaycan və Latviya kinematoqrafçıları birgə film çəkmək barədə razılığa gəldilər.Komediya janrında çəkiləcək filmdə Azərbaycan və Latviya aktyorları iştirak edəcək. Filmin prodüseri və ssenari müəllifi Bakıya gələrək, azərbaycanlı həmkarları ilə danışıqlar aparıb və filmin çəkiləcəyi ərazilərdə olub. Filmin çəkilişlərinin həm Latviya həm də Azərbaycanda aparılması nəzərdə tutulub. Aktyor qrupu da hər iki ölkənin incəsənət ustalarından ibarət olacaq. Layihə Latviyanın məşhur rejissoru Aya Bleyə tapşırılıb. Qeyd etmək lazımdır ki, bu müştərək filmin hazırlanması kinometoqrafiya sahəsində Azərbaycan – Latviya mədəni əlaqələrinin inkişafına böyük töhfə verəcəkdir.

Beləliklə, müasir mərhələdə Azərbaycanın Şərqi Avropa ölkələri ilə beynəlxalq mədəni əlaqələrinin inkişafında, xalqlarımızın biri-birinə daha da yaxınlaşmasında kino, televiziya və radio əhəmiyyətli və əvəzsiz rol oynayır. Qeyd etmək lazımdır ki, Azərbaycan və Şərqi Avropa kino xadimlərinin, radio və televiziya işçilərinin qarşılıqlı əlaqə və təcrübə mübadiləsinin artması bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar açmışdır.


ƏDƏBİYYAT

  1. «Dronqo» Bakıdadır// Bizim əsr, 2002-ci il 18 yanvar

  2. Qardaşlar” serialı Azərbaycanın əməkdar artisti Fuad Osmanovu Rusiyanın ən populyar aktyorlarından birinə çeviribhttp://kultaz.com/2008/05/30/ azerbaycanli-aktyoru-indi-butun-rusiya-taniyir/

  3. «Hökmdarın taleyi» filminin Moskvada və Sankt-Peterburqda təqdimatı uğurla keçmişdir//Azərbaycan, 2008, 30 may

  4. «Sarı gəlin» - Bir Azərbaycan kinosu// http://www.qeribler.com/forum/72-2547-1

  5. Anapada«Kinoşok» XVI MDB, Latviya, Litva və Estoniya ölkələrinin XVI açıq kinofestivalı keçirilir// http://www.kinozal.az/site/? name=news&lang = 1&news_id=226

  6. «Qala» filmi festivalda nümayiş etdirilib//Kaspii,2008, 23 sentyabr

  7. Beynəlxalq müsabiqənin münsiflər heyətində azərbaycanlı rejissor da olacaq http://ria. Az /medeniyyet/2810.html.

  8. Азербайджан мог бы стать лидером по производству кинофиль­мов среди тюркоязычных стран//Зер­ка­ло, 2007, 2 октября
  9. «Şərq-Qərb» kinofestivalı bitdi, kinomuzun problemləri isə yox//Bizim yol, 2008, 10 iyul


  10. Ukraynadakı Azərbaycan radiosu iki ölkə arasında dostluq körpüsüdür// Xalq, 2006, 6 dekabr

РЕЗЮМЕ

На современном этапе в международных культурных связях а Азербайджана со странами Восточной Европы специфическое место занимает кино, телевидение и радио. Сотрудничество в области кино, телевидение и радио сыграет своеобразную роль в культурных взаимоотношениях между странами Восточной Европы и Азербайджаном, и имеют большие потенциальные возможности для дальнейшего развития. Работники азербайджанского радио и телевидения расширили контакты и обмен опытом радио и телевидения с коллегами стран Восточной Европы.



SUMMARY

At the present stage in the international cultural connections and Azerbaijan with the countries of the East Europe the specific place occupies cinema, TV and radio. Cooperation in the field of cinema, TV and radio will play an original role in cultural mutual relations between the countries of the East Europe and Azerbaijan, and have greater potential opportunities for the further development. Workers of the Azerbaijan radio and TV have expanded contacts and an exchange of experience of radio and TV to colleagues of the countries of the East Europe.




Məmmədov İsmayıl
MÜASİR MƏTBUAT DİLİNİN LEKSİK-SEMANTİK MƏNZƏRƏSİ
“Bu dil ağzımızda annemin sütüdür”

(Yahya Kamal)

Müxtəlif tarixi dövrlərdə insan toplumları arasında fikir və hislərin ən mükəmməl, səsli mübadilə vasitəsi olan dil çevik bir linqvo-psixoloji hadisə kimi ətrafdan və insanın daxili aləmində baş verən hadisələrlə (xüsusilə bu və ya digər konkret dilin işləndiyi cəmiyyətin ictimai, siyasi-iqtisadi, elmi-mədəni həyatında) bağlı özünü göstərən dəyişmələr, yeniləşmələr cəmiyyətin bütün üzvləri ilə birbaşa təmasda olduğu üçün onun müxtəlif səviyyələrində də öz əksini tapır. Lakin ayrı-ayrılıqda müəyyən dəyişmələrin baş verməsi hələ heç də bütövlükdə dilin dəyişməsi demək deyildir, çünki bu dəyişmələrin hər biri ilk əvvəl nitqdə (müxtəlif üsluba aid olan tekstlərdə) meydana çıxır və müəyyən müddət keçdikdən sonra ümumi dil faktına çevrilir və ictimai dəyər qazanaraq ümumxalq dilində işlənmək hüququ qazanır. Bu surəcin dilin ümumi strukturunu zədələmədən, yumşaq getməsində bütövlükdə yazılı və şifahi ədəbi dilin, xüsusilə çağdaş mətbuatın həlledici rolu vardır. Çünki mətbuat fərd, cəmiyyət və dil arasında hər gün istifadə olunan bir körpüdür.

Azərbaycan ədəbi dilinin funksional üslubları sistemində mətbuat və digər informasiya vasitləriiin xüsusi yeri və özünə xas xüsusiyyətləri vardır. Başqa üslub nümunələrilə müqayisədə tarixən formalaşması o qədər də uzaq olmayan mətbuatımız fəaliyyət göstərdiyi qısa müddət kəsiyində həm özünün dil-nitq əlamətlərini, deyim biçimini müəyyənləşdirmiş, həm də ədəbi dilin inkişafında, saflaşmasında, yeni-yeni ifadə vasitələrinin ümumi dil faktına çevrilməsində əvəzsiz xidmətlər göstərmişdir: "Əkinçi" qəzetinin on doqquzuncu yüzillikdə ümumi dil quruculuğundakı xidmətləri buna parlaq örnəkdir.

Mətbuat üslubunun, xüsusilə gündəlik çap olunan qəzetlərin dil və üslubunun bədii, elmi, rəsmi dil materiallarından ən önəmli fərqi onun cəmiyyət üzvlərilə fəal əlaqədə, təmasda olmasıdır. Gündəlik çap olunan mətbuat dünyada baş verən müxtəlif hadisələr barədə insanlara dərhal məlumatvermə vəzifəsi kimi çox çətin və faydalı bir işin öhdəsindən gəlməklə yanaşı, yeni-yeni anlayışların, münasibətlərin, siyasi-ictimai, elmi qurumların adlarını yaratmaq, dilimizin daxili imkanlarını üzə çıxarmaq, yersiz alınmaların dilimizin lüğət tərkibinə yol tapması kimi təhlükəli tendensiyanın qarşısını almaq sahəsində də xidmət göstərməlidir.

Çağdaş Azərbaycan mətbuatının dilimizin lüğət tərkibinin zənginləş­mə­sində, yeni ifadə formalarının yaranmasında, ümumxalq dilində işlənən leksik vahidlərin mətbuat dilinə gətirilməsində, sintaktik və morfoloji üsulla yeni sözlərin yaradılmasında xidmətlərini danmaq olmaz. Ədəbi dil üslublarının aydın cizgilərlə bir-birindən ayrılmasında və kütləviləşməsində, qrammatik normalaşmadakı sabitliyin qorunub möhkəmlənməsində və milliləşməsində də mətbuatın xüsusi rolu vardır. Mətbuat dövrün mənzərəsini əks etdirən söz, termin, sabit və sərbəst birləşmələri özündə əks etdirən ensiklopedik lüğətə bənzəyir. Azərbaycanda on doqquzuncu yüzilliyin yetmişinci illərindən başlayaraq dilimizə qondarma yolla gətirilmiş kəlmələrin mətbuat səhifələrində şüurlu surətdə milliləşdirmə prosesi başlanmışdı: 1) qədim türk sözlərinin yenidən fəallaşdırılması; 2) dialekt sözlərinin ədəbi dilə gətirilməsi; 3) mövcud modellər əsasında yeni sözlərin yaradılması: nümunə-örnək, ənənə-gələnək, nömrə-say, köhnə-əski, qədim-ulu, nəsil-uruğ, mü­haribə-savaş, hadisə-olay, etiqad-tapınma, inşaat-tikinti, tormoz-əyləc, reallıq-gerçəklik, neqativ-pis, yaramaz, situasiya-şərait, mühit, qlobal problem-bö­yük çətinlik, ideal vaxt-əlverişli vaxt, nümayiş etdirilmə-göstərilmə və s.

Bu milliləşdirmə prosesi indi təəssüf ki, ardıcıl, sistemli şəkildə davam etdirilmir.

Gerçəkliyin ayrı-ayrı elementlərinin dildə sözlər, söz birləşmələri vasitəsilə ifadə olunması, adlandırılması motivli və motivsiz olur. Dilin lüğət tərkibinə yenicə yol tapmış, söz motivlidirsə, onun ümümxalq tərəfindən anlaşılmasında, heç bir çətinlik olmur, sözün daxili forması şəffaf olduqda anlayışın mahiyyəti barədə ilkin məlumatı verir (tanıq sözünün, tanımaq felindən törəndiyi kimi). Bu cəhət mətbuatda işlənən yeni söz və ifadələrin seçilməsində nəzərə alınmalıdır.

Mətbuat səhifələrində yeni anlayışların, terminlərin dilin daxili imkanları hesabına sabit və sərbəst birləşmələrlə təsviri yolla ifadəsi lüğət tərkibinin özünəməxsus zənginləşmə yollarındandır: təmas xətti, etiraz aksiyası, kütləvi aksiya, birmənalı, enerji dəhlizi, Laçın dəhlizi, özünü senzor düşüncəsi, qarşılıqlı anlaşma, leqion qrupu, sərhəd məntəqəsi, prezident iqamətgahı, qaçaqmalçılıq, gömrük idarəsinin terminalı, güc strukturu, gerçək barış, uzaqbaşı, sayılan rejissor, göy cızıqlı maşın, soyqırım, vitse spiker, dövlətlərin yetkililəri, hakim komanda, yeni azərbaycanlılar, sülh konsepsiyası, hərbi kontinget, yeraltı, yerüstü sərvətlər, Qafqazın gözü, baxış bucağı, bir araya gəlmək, vətəndaş həmrəyliyi işçi qrupu, gömrük rüsumları, mənzil sertifikatı, humanitar yardım, sosial xidmət, beynəlxalq terrorçu, insiativ qrupu, media mənsubları, miqrasiya mütəxəssisi, reablitasiya məsələsi, müqəssirçilik qərarı, özəlləşdirmə payları, imtiyazlı təbəqə, yuxarı eşalon, çoxsaylı, sözügedən, işbirliyi, partiyalarüstü qurum, rejimdaxili gərginlik, aydınlıq gətirmək və s.

Mətbuatımızda ümumxalq dilində işlənən, yaxud unudulmuş ədəbi dildə istifadə edilməyən türk mənşəli sözlərin fəallaşması hadisəsi müşahidə olunur, bu gedişat yersiz işlənən alınma sözləri sıradan çıxarır dilin soluxmuş rəngini özünə qaytarır: sonuc, önəm, sınır, səngimə, eşcinsəl, başqan, dəstəkləmək, qarşıdurma, soydaş, işbirliyi, toplantı, fikirdaş, partiyadaş, çiyindaş. sıcaq, açıqlama, genəşmək, genəş, genəşçi, yetgin, sonuclamaq, qınaq, yağı, tutarqa, unutqanlıq, zaman-zaman, təkləmək, yetərincə, sorğu, qopma, seçim, suç, suçlandırmaq, gündəm, görsəniş, çözüm, yön, örrən, çağ, bağlaşma, ödül, gerçək, bilgi, bilgili, toparlamaq, görkəzmə, qaçqın, köçgün, öncül, güney, anayasa, anlaşma, çaba, savaş, cizgi, durum, yabancı.

Rus dilinə ikinci ana dili (?) kimi baxan və bu dilin ifadə imkanlarını daha zəngin sayan, onu mükəmməl bilməkdə iddialı olan bəzi insanlar (yazar, alim) bir çox söz və ifadələri Azərbaycanca nitqlərinə qatır, nəticədə hər iki dilin süni qatışığından anormal cümlələr yaranır, dilimizin gözəlliyinə ləkə düşür. Belə süni deyimlərə yenə rus dilindən hərfi tərcümə olunmuş linqvistik fonu olmayan dilimizə darışmış bir sıra bic ifadələri, cümlələləri də əlavə etmək olar: tərk etdi, baş tutdu, deyək ki, belə deyək ki, keçid almaq, düşünürük ki... Belə ifadələr də Azərbaycan dilini korlayır, onu qayda-qanunları ilə uyuşmur.

Doğru deyiblər ki, bir millətə ediləcək ən böyük sui-qəsd onun dili ilə oynamaqdır. Sabit olmayan, yerli-yersiz müdaxil edilən dillərə ölümsüz əsərlər əmanət etmək olmaz. Cəmiyyətin bütün üzvlərinin malı olun, tarixin uzaq qatlarından zəmanəmizə babalardan miras kimi gəlib çıxmış dilə xor baxmaq, ona ləkə vurmaq mənəvi cinayətdir.

Konfusidən tələbələri soruşur ki, ölkədəki işlərin yoluna qoyulması səlahiyyəti sizə verilsə, nədən başlayardınız? “Sözlərin düzgün söylənməsinə çalışardım” cavabını verir. Dilə nə üçün belə əhəmiyyət verməsini soruşduqda o, cavab verir ki: - Əgər sözlər doğru söylənməsə, ağızdan çıxan sözlər anlatılmaq istənilən sözlər olmayacaq. Belə olduqda edilməsi lazım olan alınmaz, nəticədə əxlaq və sənət soysuzlaşar. Sonra ədalətsizlik başlayar, xalq nə edəcəyini bilməməyin çarəsizliyi içində qalar.

Mətbuatımızın dilində müşahidə olunan ən təhlükəli tendensiya mənası geniş oxucu kütləsinə aydın olmayan, yalnız dar bir sahənin mütəxəssislərinin başa düşdüyü çox saylı söz - terminlərin başqa dillərdən olduğu kimi alınmasıdır. Belə sözlərin dilimizin lüğət tərkibinə gətirilməsində əksər halda ehtiyacın olmadığı aydınca hiss olunur. Bir çox mətbuat işçiləri alınma səzləri saf-çürük etmədən bu və ya digər sözün, yaxud ifadənin dilimizdə qarşılığının olub-olmamasının fərqinə varmadan, sanki özlərinin "intellektual səviyyələrini" nümayiş etdirmək xatirinə işlədirlər: demarş, ştrix, faktor, kommunikasiya, kurasiya, skandal, neqativ, impuls, transfer, ambisiya, aksiya, super market, vitrin, təhəddid, tarif, insident, rezyume, fiasko, konflikt, presedent, analoq, unikal, ajiotaj, cüzi, infrastruktur, formirovka, dominant, zənn, eks, inteqrasiya, kompramat, passiv, situasiya, optimal variait, təkzib etmək, musaj, adekvat, ironiya, hotel, skeptik, təbəə, qrimas (görkəm), diversiya, restrukturizasiya, postsovet, provayder, sayt, antiqlobalist, moralist sinerkizm, prezentasiya, matç, liqa, klip, montaj, kompapiya, müsafir, verbovka, razborka, məxfi, intensivləşdirmək, spiker, raund, pressinq, anklav, akkord, koorupsiya, kanonik, transformasiya, dizayn, tusovka, meqafon, preventiv və s.

Müasir Azərbaycan dilinə müxtəlif münasibət və əlaqələrin nəticəsində kənardan, başqa xalqların dilindən gətirilən söz, yaxud anlayışlar ilk dəfə mətbuat səhifələrində gözə dəyməyə başlayır, sonradan gəlmə sözlər tədricən ədəbi dilə, onun müxtəlif üslublarına, ümumxalq dilinə yayılır. Müxtəlif mənbələrdə, rəsmi sənədlərdə, əcnəbi dilli mətbuatda rast gəlinən səzlərin doğma dilimizdə qarşılığı axtarılmadan azacıq fonetik dəyişiklik edilərək olduğu kimi lüğət tərkibinə gətirilməsi çox təhlükəli haldır. Belə sözlərin dilimizdə qarşılığı olmadığı halda həmin anlayışlar kalka üsulu ilə tərcümə olunmalı, yaxud dilin daxili imkanlarından istifadə edib sintaktik yolla yeni sözlər yaradılmasına cəhd olunmalıdır.

Müstəqilliyimizi qazandıqdan sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, zənginləşməsi, milliləşməsi üçün dövlət səviyyəsində beynəlxalq tələblərə cavab verən bütün hüquqi bazalar yaradılmışdır. Dilimizin dövlət dili və rəsmi dil kimi bütün fəaliyyət sahələrində başqa dillərlə bərabər hüquqda işlənməsi haqda qanunlar qəbul olunmuşdur. İndi bircə şey qalır: ana dilini sevənlər – sıravi vətəndaşlar, ziyalılar, yazıçılar, qəzetçilər, dilçilər məsuliyyət hissini artırsın, işlətdiyi hər sözə şüurlu yanaşsın, dili ürəkdən sevsin, onun təmizliyini, saflığını qorusun.

Dil millətin milli şüuru, hafizəsidir. Dünyanın harasında yaşamasından asılı olmayaraq insanın milli mənsubiyyətini qoruyub saxlayan onun ana dilidir. Milli birliyimizi yaşadan, bu dili qorumaq, sevmək, ona qayğı göstərmək hər birimizin müqəddəs borcudur.


Məmmədova Almaz
«KURRİKULUM» AZƏRBAYCAN TƏHSİL SİSTEMİNİN MODERNLƏŞDİRİLMƏSİNİN MÜHÜM İSTİQAMƏTLƏRİNDƏN BİRİ KİMİ
Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən

indi gənclərimizə nəyi və necə öyrətməyimizdən

asılı olacaqdır.

Heydər Əliyev
Dünya ölkələrinin təhsil sistemlərinin inteqrasiyası, təhsildə ən mütərəqqi ideyaların və yeniliklərin həyata keçirilməsi, indiki qloballaşma dövründə böyük əhəmiyyət kəsb edir. Təhsilin beynəlmiləlləşməsi qloballaşma proseslərinin tərkib hissəsidir. Təhsil sistemimizin qabaqcıl dünya dövlətlərinin təhsil sitemlərinə inteqrasiya olunması, sınaqdan keçmiş təcrübəni təhlil etmək, onların dəyərli cəhətlərini öyrənib, milli-mənəvi xüsusiyyətləri nəzərə almaqla həyata keçirmək tələb olunur. Bu sahədə aparılan təhsilin konseptual problemlərindən biri də «Kurrikulum Azərbaycan Təhsil sisteminin modernləşdirilməsinin istiqamət­lərindən biri kimi» mövzusudur. Biz, məqalədə bu problemə qismən də olsa nəzər salmaq istəyirik.

Modernləşmə «müasirlik» deməkdir. Ümumilikdə modernizasiya – müa­sirləşmə, yeniləşmə və təkmilləşmədir. Deməli, təhsilin və təlimin səmərəsinin, key­fiyyətinin artırılması, təlim prosesində yeniliklərin tətbiq edilməsi demokratikləşdirmə və humanistləşmə prinsiplərinə əsaslanır. Azərbaycanın təhsil sisteminin beynəlxalq sistemə müvəffəqiyyətlə qoşulması üçün həmin prinsiplər əsasında yanaşmalara üstünlük verilməlidir. Bu prinsiplər əsasında təhsilin məz­munu yeniləşdirilməlidir. Yeni tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasından başlanmalı və təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmlənməsi ilə nəticələnməlidir.

Təhsildə modernləşdirməni, ilk növbədə cəmiyyətdə gedən proseslər müəyyən edir. Müstəqilliyini möhkəmləndirən respublikamızda baş verən ictimai-siyasi dəyişikliklər təhsildə də modernləşməni tələb edir. Hazırda təhsilin məzmunca modernləşməsi prosesinin əsasını şəxsiyyətyönümlülük təşkil edir. Təhsilin modernləşməsi strategiyası müasir gəncliyə elmi-texniki biliklər vermək, praktik-vərdişlər mənimsətmək bacarıqları və bu kimi vəzifələri irəli sürür.

Təhsil sahəsində zəruri islahatların, modernləşmə istiqamətlərinin düzgün müəyyənləşdirilməsi üçün, birinci növbədə, fundamental tədqiqatlar genişlən­dirilməli, elmi idrakın formalaşdırılmasında xüsusi yeri olan öyrənmə və öyrətmə proseslərinin (təhsil prosesinin metodologiyasının) elmi, pedaqoji-psixoloji əsasları dərindən təhlil edilməli, onlar arasındakı münasibətlərin xarakterik xüsusiyyətləri araşdırılmalıdır (1).

Hər bir bəşər övladının təlimdən və biliklərdən əldə etdiyi məhz idrakdır. İdrak insanın tərbiyəsində, kamilləşməsində çox mühüm bir amildir. İdrak hər bir hərəkətin və əməlin meyarıdır. İslamda buyrulur ki, hər bir hərəkət, hər bir əməl idraka və biliyə əsaslanmalıdır, idrakla başlamalı, idrakla da qurtarmalıdır. İdraka əsaslanmayan heç bir hərəkət yoxdur. Əks təqdirdə, həmin hərəkətin meyarı və dəyəri yoxdur. Elmin dəyəri onun müsbət tərəfi ilə bağlıdır, belə ki, elm elə bir nurdur ki, onun işığında insanlara öz yollarını axtarıb tapmaq müyəssər olur … (7) Xalqımız müstəqilliyini əldə etdikdən sonra dünyaya inteqrasiya, hər bir sahəyə müasir yanaşmalar, baxışlar yeni islahatların zəruriliyini irəli sürdü. Ümumi təhsildə islahatlar yeni cəmiyyətin qurulması üçün hər şeyi məktəbdən başladı. Yeni cəmiyyət köhnə məktədlərlə qurula bilməz. Dünyada gedən proseslər cəmiyyətin tempinə cavab verməlidir. Çox böyük dəyişikliklər olduğu üçün, bu şəxsiyyətin formalaşmasını tələb edir. Hər şey dəyişdiyi üçün təhsil sistemimiz də sözsüz dəyişməli, ona cavab verməlidir. 3-4 il ərzində 1200 məktəb tikildi, köhnələri bərpa olundu.

Artıq dünya praktikası öyrənilmiş və tətbiq olunmağa başlanmışdır. Təhsilin məzmunu müəyyənləşdirilmiş, məzmuna görə metodlar, üsullar müəyyən edilmişdir. İslahatlar aparılanda təhsilin məzmunundan başlanır. Təhsilin məzmunu isə təsvir olunan adlar, bilik, bacarıq və vərdişlərdir. Bu bir sənəd kimi məzmun fənlərin qarşısında duran vəzifələri müəyyən edir. Hər fənnin dixilinə müraciət olunur. Məzmunda olan mövzular hamıya gərəkdirmi? Məcburidirmi? Fənlər bacarıqların formalaşmasında vasitə rolunu oynayır. Öyrənənlərə həyati bacarıqlar verməlidir. Təhsilin məzmunu isə bu kontekstdə əvvəlcədən xüsusi olaraq seçilmiş və təhsil alanlar (öyrənənlər) tərəfindən mənimsənilən bilik, bacarıq və vərdişlərin həcmini müəyyənləşdirir. Təlimin şəxsə, onun inkişafına istiqamətlənmiş tipində təhsilin məzmununa olan münasibət dəyişir. Bu halda təhsil öyrənənə biliyin verilməsindən daha çox onun təhsillilik səviyyəsinin yüksəldilməsinə, kamil insan kimi formalaşmasına, özünü özündə tapmasına istiqamətlənir. Deməli, təhsilin məzmunu öyrənənin fəaliyyətinin məhsulu kimi çıxış edir, onun atributuna çevrilir və nəticədə bacarıqların formalaşmasına şərait yaradır. Təhsilin məzmunu ilə fəaliyyət arasında münasibətlərin tənzimlənməsi problemi, birinci növbədə, təlim-tərbiyə prosesində idraki fəaliyyətlərin inkişafına imkan yaradan yeni təhsil şəraitinin, ən başlıcası, nəticəyönümlü təhsil standartlarının hazırlanmasını tələb edir.

Nəticəyönümlü təhsil standartları hazırlamaq üçün yeni məzmunla yanaşı, yeni anlayışların meydana gəlməsi zərurəti də yaranır. «Kurrikulum» məhz belə anlayışlardan biridir. Dünyada kurrikulumun bir əsrə qədər tarixi olsa da, standartların hazırlanması keçən əsrin 80-ci illərinə təsadüf edir, nisbətən yenidir. Standartların hazırlanması çətin, lakin vacib məsələdir. Təhsil standartları («standart» anlayışı norma, nümunə, ölçü mənasında işlədilir) dedikdə, şəxsiyyətin və təhsil sisteminin real imkanlarını nəzərə alan və dövlət təhsil normaları kimi qəbul edilən əsas parametrlər sistemi başa düşülür.

Azərbaycan Respublikasında təhsilin məzmununa verilən tələblər gələcəyin vətəndaşının formalaşması ilə bağlı əsas məqsədlərə əsasən müəyyən olunur. Əgər dəqiq standartlar hazırlanarsa, onda təhsilin məzmununda çox şey dəyişər.

Bütün bunların nəticəsi olaraq milli mənəvi və ümumbəşəri dəyərləri, beynəlxalq təcrübəni, yeni informasiya və texnologiyaları, millətin gələcək inkişaf perspektivlərini nəzərə alan, fundamentallığı, konseptuallığı, milliliyi, şəxsiyyət­yönümlülüyü və nəticəyönümlülüyü ilə seçilən «Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurrikulum)» yaradıldı (2). Hazırda bu proq­ramın tələblərinə uyğun olaraq Azərbaycanda təhsilin məzmunu yenidən qurulur. Müasir pedaqoji yanaşmalar əsasında aparılan bu prosesin əsası 1999-cu ildə «İslahat Proqramı»nın qəbul edilməsi ilə qoyulmuşdur (3). Əsas məq­­səd yeni mil­li təhsil sisteminin yaradılmasıdır. Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurrikulum)» çərçivə sənədi qəbul olunmuşdur. Tələbyönümlülük, nəticəyönümlülük, şagirdyönümlülük ümumi təhsilin müasir məzmununun didaktik əsasını təşkil edir. Yeni çərçivə sənədi bu prinsiplərin üzərində qurulur (2).

Sənəd öz məzmununda ümumi təhsil üzrə təlim nəticələrini və mənzum standartlarını, ümumi təhsilin hər bir pilləsində (ibtidai, əsas, orta) tədris olunan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, şagird nailiyyətlərinin qiymətləndirilməsi, fənn kurrikulumlarının strukturunu əhatə edir. Bu mənada həmin sənəd ümumi təhsil üzrə bütün istiqamətlərdəki fəaliyyətlərin əsasını təşkil edir, onun elmi-nəzəri, metodoloji, texnoloji və metodik problemlərini özündə göstərir. O cümlədən, dərslərə ayrılan vaxtın, şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinin müəyyən olunmasında da, ilk növbədə, şagird marağı ön planda saxlanılmış, ona xüsusi önəm verilmişdir. Şagirdin potensial imkanlarının nəzərə alınması, inkişaf etdirilməsi və real həyati bacarıqlara çevrilməsi zəruri şərt kimi diqqət mərkəzində saxlanılmışdır.

Yeni Kurrikulumda orta ümumtəhsil pilləsində aşağıdakı fənlər üzrə baza təhsili almaq nəzərdə tutulur. Ana dili, Azərbaycan dili, Ədəbiyyat, Xarici dillər, Riyaziyyat, İnformatika, Azərbaycan tarixi, Fizika, Kimya, Biologiya, Coğrafiya, Fiziki tərbiyə, Çağırışaqədər hazırlıq. Fənn kurrikulumlarının məzmununda mühəm aparıcı istiqamətlər aşağıdakılardır:


  • fənnin əhəmiyyəti və səciyyəvi xusüsiyyətləri;

  • əsas və orta təhsil pilləsində fənnin öyrənilməsi məqsədləri;

  • fənnin ümumi təlim nəticələri;

  • fənnin məzmun xətləri;

  • siniflərdə məzmun xətləri üzrə təlim nəticələri və məzmun standartları;

  • fənnin təlim strategiyası (tədrisə verilən müasir tələblər, təlimin əsas forma və üsulları);

  • fənn kurrikulumunun və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri (5).

Milli kurrikulum aşağıdakı funksiyaların reallaşdırılmasına xidmət edir:



  • ümumi təhsilin pillələri, bu pillələrdə tədris olunan fənlər arasında əlaqələri və ardıcıllığın təmin edilməsi.

  • fənlərin məzmununun cəmiyyətin təlabatına uyğun daim təkmilləşdirilməsi və yeniləşdirilməsi;

  • təlim texnologiyalarının çevikliyi və interaktivliyinin təmin olunması;

  • nəticəyönümlü fənn kurrikulumlarının hazırlanıb tətbiq olunması;

  • təlim mühitinin, təhsil fəaliyyətinin səmərəliliyinin, təlimin inkişafetdirici və qabaqlayıcı xarakterinin, bilik, bacarıq və vərdişlərin təhsil pillələri üzrə konsentrik əsasında müəyyənləşdirilməsinin təmin olunması;

  • şagird nailiyyətlərinin obyektiv qiymətləndirilməsi və stimul­laş­dı­rıl­masının təmin edilməsi (4).

Fənn Kurrikulumlarında inteqrasiya ayrıca bir bölmə olaraq nəzərdə tutulmuşdur. Yeni fənn kurrikulumlarının həyata keçirilməsində inteqrasiyanın mühüm rolu vardır. İnteqrasiya şagirdlərin təfəkküründə inkişafı və özünüinkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir. İnteqrasiya təlim prosesini təkmilləşdirir, fənlər arasında qarşılıqlı əlaqə və asılılığı dərinləşdirməyə xidmət edir. Şagirdlər öyrəndikləri bilik və bacarıqlar arasında qarşılıqlı əlaqəni başa düşür və onlardan şəxsi və ictimai problemlərin həllində istifadə edirlər.

Haqqında yazdığımız problemin həlli, sözsüz, məqalə həcmində təhlili mümkün deyil. Danışdığımız məsələlər Azərbaycan təhsilinin ən müasir hesab edilən problemlərindəndir. Kurrikulum ümumtəhsil məktəblərində tədrisin ef­fektivliyinin artırılmasına şərait yaradan şəxsiyyətyönümlü, nəticəyönümlü kon­septual sənəddir.. Bu gün əsas vəzifə həmin sənədləri diqqətlə öyrənməkdən, onla­rın tətbiqi üzrə yeni səmərəli iş sistemi yaratmaqdan ibarətdir. Təhsil müəssisələri, müəllimlər, məktəb rəhbərləri, valideynlər öz imkanlarını səfərbər etməli, bu isti­qamətdə fəaliyyət göstərməlidirlər. Çünki, bu problem «Azərbaycanşünaslığın ak­tu­al problemlərindəndir».

Kurrikulum elə bir sənəddir ki, şagirdyönümlü, nəticəyönümlüdür, təhsilin konseptual sənədidir. Fənn kurrikulumları nəticəyönümlü xarakterə malikdir. Bu xüsusiyyət onu əvvəlki proqramlardan fərqləndirir. Kurrikulum, ümumtəhsil mək­təblərində tədrisin yenidən qurulmasında istiqamətləndirici əhəmiyyətə malik olacaq.

1   ...   37   38   39   40   41   42   43   44   ...   62


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə